Azərbaycan türk əDƏBİyyatinin son vəZİYYƏTİ I



Yüklə 39,54 Kb.
tarix26.09.2017
ölçüsü39,54 Kb.
#2196
növüYazı

www.cafarcabbarli.org



AZƏRBAYCAN TÜRK ƏDƏBİYYATININ SON VƏZİYYƏTİ

I
Dünən hər bir şeyimiz vardır, deyə düşünülürkən bu gün hər bir şeyimizin natamam olduğunu qeyd etmək nə qədər acı olsa da, hər halda, bir həqiqətdir.

Son illərin yenilikləri bütün əski gedişi cığırından çıxardığı kimi, xüsusilə, əski ədəbiyyatı da büsbütün təməlindən sarsıtdı.

Bu vaxtadək yazıçılarımızın fikir və mövzusunu təşkil edən cəhalət, maarifsizlik, qumarbazlıq, qatillik və sairə ilə mübarizə və ümumən, bu kimi mövzular olduqca yersiz, vaxtsız və bayağı bir hala gəldi, artıq elə yazılann fikirləri çox irəliləmiş mühit üçün mənasız və gülünc görünür.

Digər tərəfdən əski şeir üsulları və şəkilləri, daha doğrusu bir qəzəl ya bir qəsidənin sözləri dalqabaq yerləşdirilməklə təkrarı, deyil ki, yalnız oxucuları, bəlkə şairlərin özlərini belə usandırmış oldu. Çünki bu əsərlər bir şairin, ya bir ədibin bilavasitə, həyatdan aldığı təsıratm bilaixtiyar yaratdığı əsərlər olmayıb, ancaq keçmişlərin həyati tədqiq ilə yazdiqlanmn həyatdan aldiqlan və qeyd etdikləri təbii təəssüratını birər süni və çox vaxt çox kobud təqlidi olurdu ki, bu əsərlər də kopiyadan kopiya olduqları üçün, hər halda, əslindən zəif olurlardı.

Həyatımızın ölgün və durğun dövrlərində bu kimi yapma, cansız və duyğusuz əsərlər, bəlkə də bir çoxlarını əyləndirə bilərdi. Fəqət indi artıq bütün fikirlərin az-çox yüksəldiyi, duyğuların incəldiyi bir dövrdə belə əsərlərin kimsəyə zövq aldırmayacağı təbiidir.

Xüsusilə, son zamanlarda Türkiyə ədəbiyyatının az-çox yeni bir şəkil ilə mühitimizə soxulması boyanı daha da qatılaşdırmış oldu.

Əski ədəbiyyatın əsaslarına Hadi və Sabir tərəfindən endirilmiş baltalar da, öz ağırlığını duydurmaya bilməzdi. Hər tərəfdən qəzəl və qəsidələrə sərzənişlər yağdırılmağa başladı.

Bunun üzərinə əsərlərinin kimsə tərəfindən təqdir edilmədiyini görən yazıçılar, ədiblər, şairlər ya yeni həyata uyğun, canlı və yüksək əsərlər yaratmalı, ya da istər-istəməz susmalı idilər. Başqa bir yol yox idi. Məəttəəssüfanə, bunlar ikinci yolu təqib edib susdular.

Beləliklə, ədəbiyyatımızm əski telləri qırıldiı. Yeni tellər, yeni pərdələr isə hənuz tərənnümə başlamadılar. Bunun da səbəbi gediləcək yolların bəlli olmamasıdır.

Gənclik özünü Şərq klassizmi ilə Qərb realizmi arasında görüncə birdən-birə şaşırdı.

Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatının noyeklasizmindən sonra keçirdiyi dövrləri, məktəbləri təkrarmı edəcək, yoxsa hamısını bir tərəfə buraxıb birdən-birə realizmə keçəcəkdir? Bunun üzərinə ortaya bir məktəb məsələsi atıldı. Azərbaycan türk ədəbiyyatı hansı bir məktəbi təqib edəcəkdir?
II
Keçən sayda Azərbaycan türk ədəbiyyatının bu son günlərində araya bir məktəb məsələsi atıldığı və ədəbiyyatımızın hansi məktəbi təqib edəcəyi ətrafında bir çox fikirlər söyləndiyini qeyd etmişdik.

Bir çoxları inandırmaq istəyirlər ki, müəyyən ədəbi dövrlərin məktəblərinin hər bir millət içində müntəzimən təkərrürü sarsılmaz, təbii və tarixi bir qanundur. Qərb ədəbiyyatı realizm məktəbinə varınca klassizm, noyeklassizm, romantizm və ilaxır dövrlər keçirdiyi və bu dövrləri bütün ayrı-ayrı xalqlardan təkrar etdiyi kimi bizdə də eynilə təkərrür etməsi qaçılmaz bir şeydir.

Ədəbiyyatımız, hal-hazırda yeni klassizm dövrünü bitirmiş, daha doğrusu bitirmək üzrədir. Ona görə də biz sıra etibarilə nə qədər irəli getmək istərsək, ya gedəcək olursaq, yenə heç olmasa, romantizm dövrünü keçirməliyik. Fəqət burada bir şey unudulur ki, o da indiki mədəniyyətin vücuda gətirdiyi asanlıqdır.

Keçmişdə bir məktəbin bir ölkədə məhv olduğu sırada başqa bir ölkədə yenidən başlaması, aradakı münasibətin çətinliyindən bir ölkədəki ədəbiyyatdan o biri ölkənin xəbəri olmamasından irəli gəlirdi. Halbuki, bu gün o çətinlik yox. Bu gün Romada çıxan bir əsəri yarın Gəncədə oxumaq və onun açdığı yenilikləri mənimsəmək mümkündür. Zatən Şekspirin heçdən bir ingilis ədəbiyyatı yaratdığı, həm də bu ədəbiyyat İstanbul fəthindən sonra Yunan ədəbiyyatının dəniz yolu açılınca bilavasitə İngiltərəyə nəqli təriqilə olduğu bəllidir. Digər tərəfdən həmişə hər yerdə ədəbiyyat mühit və həyat ilə bərabər yaşamış, mühitin fikir və fəlsəfəsi tərzi-təfəkkür və təyişi ədəbiyyata təsirsiz olmamışdır. Bu gün biz yunan klassik ədəbiyyatını götürüb o zamankı Yunanıstan həyatı ilə qiyas etmiş olursaq, mühitinin dini, ictimai və siyasi fikirlərini əks etdirdiyini görmüş oluruq. O zaman yunanlar özlərini əski mövhum qəhrəmanlara oxşatmağa çalışır, allahlar şərəfinə bir çox əsatir və əfsanələr yaradır və ümumən, əsatir və əfsanəvi bir həyat sürürlərdi ki, bu da Yunan klassik ədəbiyyatında tamamilə təzahür etmişdir.

Fransa, İngiltərə ədəbiyyatına da baxmış olursaq, hər zamanda öz mühitinin ruhunu, həyatını təsvir etmiş olduğunu görürük. Fransa ədəbiyyatının bədənpərvazlığı əfsanəvi dövrləri vaxtının parlitlər sevən salon cəmiyyətinin tərzi-təfəkkür və təyişindən heç də ayrılmayır. Eynilə protestantlıq ilə katolizmin çalışması və bir çox yeni kəşfiyyatlar dövrünə təsadüf edən Şekspir ədəbiyyatı da yenə öz mühitinin ictimai-siyasi, dini və ilaxır həyatın təsviridir ki, burada mühiti düşündürən və maraqlandıran bir çox məsələlərdə özünə cavab bulunmuş olur. Başqa dürlü olmaz idi də. Ədəbiyyat cəmiyyətin bir güzgüsü kimi tələqqi edilirsə, onun bütün maddi və mənəvi həyatını doğrudan-doğruya təs­vir etməlidir.

Beləliklə, hər bir ölkənin ədəbiyyatı hər bir vaxt öz mühitinin bir güzgüsü olmuşkən, onun bütün maddi və mənəvi həyatını əks etdirmişkən, yalnız bizim ədəbiyyatımız başqa bir cərəyanla getmiş, öz mühitinin güzgüsü olmamışdır. Fəqət bu, yenə də mühitimiz ədəbiyyatımıza büsbütün təsir edəməmişdir demək deyildir.

Adətən, bir cəmiyyət nə qədər qüvvətli, mənəviyyat və məhdudiyyətcə nə qədər zəngin və yüksək olursa, onun yaratdığı ədəbiyyat da o nisbətdə zəngin və qüvvətli olur. Tərsinə olaraq, bir dövrün ədəbiy­yatı nə qədər zəngin, qüvvətli və yaxud sönük və ölgün olursa, cəmiy­yətin də eyni nisbətdə yüksək və ya sönük olduğu kəsdirilə bilər. Bunun üzərinə biz Azərbaycanın siyasi və ictimai tarixi ilə ədəbiyyat tarixini tutuşduracaq olursaq, bir-birinə çox uyğun və mütənasib yollar ilə getdiyini görmüş oluruq. Ərəblik, farslıq hökmranlığına dözmüş Şirvanşahlar və xanlıqlar dövrü görmüş Azərbaycanın siyasi tarixi bir çox parlaq və sönük yarpaqlara malik olduğu kimi yaxın əsrlərdə ən parlaq dövrünü təşkil edən Şirvanşahlar zamanında belə bütün mühiti fars mədəniyyətinin təsiri altında bulunmuşdur. Xüsusilə, Şirvanşah­lar İran sarayı tərəfindən təyin edilir, İrana xərac verir və bütün saray İran sarayının təqlid ilə ona oxşar həyat sürürdü. Fars lisanı və ümumən, mədəniyyəti də hökmüran bir mövqe tuturdu. İştə belə çılpaq bir mühitin də səmərəsi olmaq üzrə xaqanilər, nizamilər meydana çıxdılar ki, hər ikisinin sonsuz ədəbi bir iqtidara malik olduğuna, fars ədəbiyyatının içində belə hakim bir mövqe tutduqlarına baxmayaraq, yenə həyat ümumiyyəsilə fars ədəbiyyatı, lisanı və ümumən, mədəniyyətinin təsiri altında bulunmuş, əsərlərini də farsca yazmışlardır. Azərbaycandakı bu dövrün istər siyasi, istərsə, ədəbiyyat tarixi o qədər maraqlı, eyni zamanda o qədər çalpaşıqdır ki, bunu ətraflıca təhlil etmək bir neçə cümlənin işi deyildir.

Sonralar əsl mərkəzdə İran mədəniyyəti sustlaşır, zəifləşirkən belə Azərbaycanda da mədəni hakimiyyət ilə bərabər siyasi hakimiyyətin də sustaolmasına baxmayaraq, mühit yenə əski İran mədəni həyatını təqlidə davam etdiyi kimi, ədəbiyyat da artıq əski İran klassik ədəbiyyatının kor-koranə bir təqlidçisi olur və həmin vəziyyəti öz sönüklüyü ilə, durğunluğu ilə əks etdirir. Beləliklə, həyat İran həyatının təqlidi olduğu kimi, ədəbiyyat da büsbütün İran əski ədəbiyyatının təqlidi olur.

Yalnız burada bir cəhət vardır ki, o da son vaxtlardakı ədəbiyyat Azərbaycandakı təqlidi həyatın təqlidlərini təqlid əvəzinə, onun əsl təqlidini bir orijinal kimi təsvir əvəzinə, tərsinə olaraq, İran ədəbiyyatının İran həyatını əks edən ədəbiyyatı təqlid etmiş və beləliklə də ümumi ədəbiyyat cərəyanında bir yapmalıq üz göstərmişdir.

Getdikcə Azərbaycanda İranın mədəni hakimiyyəti sustaldıqca si­yasi hakimiyyəti də sustalır, siyasi hakimiyyət süqut edib Azərbaycanda İrandan ayrılmaq cərəyanı artdıqca mədəni təsir də xəfifləşib, ədəbiyyatın da türkcələşməsi cərəyanı qüvvətlənir.

Nadir şah və Ağaməmməd şahın əsgəri qüvvələri artıq Azərbaycanı büsbütün təslim etdirəmədiyi kimi fars mədəniyyətinin və xüsusilə ədəbiyyatının yapma parlaqlığı da Azərbaycan ədəbiyyatını büsbütün təslim etdirəmir və bu dövrün nəticəsi olaraq Vaqif və başqa bu kimi şairlər yetişirlər.

Getdikcə İranın mənəvi təsiri artır ki, bu təsir xəfif bir şəkildə olsa da, hər halda son vaxtlaradək davam edərək gəlmişdir.

Məqsədimiz ədəbiyyatımızın son vəziyyəti olduğundan yuxarıdakı cəhətlərdə təfsilata vurulmayıb, ümumiyyət etibarilə, götürürsək, son zamanlar Azərbaycan türk ədəbiyyatı başlıca olaraq üç təsirin sıxıntısı altında olmuşdur.
III
Keçən saylarda biz son Azərbaycan türk ədəbiyyatının başlıca olaraq üç təsirin sıxıntısı altında bulunduğunu göstərmişdik.

Bunlardan birincisi, dediyimiz kimi, farsca yazılmış ədəbiyyat olmuşdur ki, bütün Qərb üçün Yunan və Roma klassizmi ilk mənbə olduğu kimi, Azərbaycan türk ədəbiyyatı üçün də farsca yazılmış ədə­biyyat bir təqlid mənbəyi olmuşdur. Biz "fars ədəbiyyatı" deyil, farsca yazılmış ədəbiyyatı deyirik.

Çünki bu gün fars dilində gördüyümüz ədəbiyyat ayrıca farsların deyildir. Onun sarsılmaz bir sütununu Cəlaləddin Rumi kimi böyük türk şair və filosoflarının farsca yazdığı "məsnəvi"lər təşkil etdiyi kimi, eynilə ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar da, fəqət əsərləri deyil ki, fars ədəbiyyatına təqlid etməmiş, bəlkə bütün orijinal olub ən qüvvətli fars yazıçılarının ən qüvvətli əsərlərilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq, təqlid mənbəyi edəcək və etmiş olan Nizami, Xaqani kimi Azərbaycan türk ədibləri də vardır ki, bunları unutmaq olmaz. Bu gün bir Azərbaycan türk şairinin farsca yazdığı: "Han ey, dili-brətbin, öz didə nəzər kon, han, eyvani-mədainra ayineyi-ibrət dan" kimi əsərlərinə ən qüvvətli fars şairlərinin nə qədər çalışsalar da, bu vaxtadək nəzirə belə yazmadıqları göz önündədir.

Fəqət, ümumiyyətlə, fars ədəbiyyatında türk ünsürlərini və onların əhəmiyyətlərini araşdırıb bulmaq və göstərmək mövzumuza daxil olduğundan bu cəhətlərin hər halda ədəbiyyat tarixçilərimiz tərəfindən aydınlaşdırılacağını ümid ilə keçirik.

Hər halda ədəbiyyatın beynəlxalq yürüşü cəhətincə əksərən ümumi bir mənbədən və çox vaxt Hindistandan əsas alıb da, Qərbə və Şərqə doğru Bizans və İran vasitəsilə yayılan səyyar mövzular əski Yunan və sonra da Roma ədəbiyyatında başqa bir şəklə salınıb, Qərb ədəbiyyatı üçün bir mənbə olduğu kimi, İran-fars ədəbiyyatında da tam başqa bir şəklə salınıb, tam başqa şəkildə götürülmüş və bu da ötədən bəri Azərbaycan türk ədəbiyyatı üçün bir təqlid mərkəzi olmuşdur. Bu mühit içində Nizaminin yaratdığı romanlar və bir neçə bu kimi əsərlərdən başqa adətən bir-birini təkrar edən və nəhayət, xüsusilə, Füzulidən sonra çox bayağı mədhiyyələr, bu kimi yazılardan başqa bir şey yaradılmamış və son günədək bu qəzəllər, qəsidələr bir-birini təkrar ilə getdikcə zəifləşərək davam etmişlərdir.

Onu da unutmamalıdır ki, bu ədəbiyyat əksərən cəmiyyətin yüksək və ziyalı təbəqəsinə aid olub, xalq ilə qətiyyən əlaqəsi olmamışdır. Bu ədəbiyyat ilə yan-yanaşı olaraq o, yəni adi xalq özü üçün ayrı bir ədəbiyyat yaratmış və öz ruhundan doğmuş, onun ruhunu və mənəviyyatını təsvir edən, ruhunu, zövqünü oxşayan bu doğma yavrusunu can kimi qucub onunla yaşamışdır. Sarayları mədh edən, qaş-gözləri tərif edən bu yapma, cansız, duyğusuz, qeyri-təbii ədəbiyyat onun 4 telli sazına uymamış, o öz yaratdığı kərəmlərilə, qəriblərilə, tapdıqları ilə gün keçirmiş, onların kədərlərinə ağlayaraq, qələbələrinə sevinərək, son zamanlaradək gəlmişdir. İnsafən, etiraf edilirsə, Azərbaycan türk ədəbiyyatının ən parlaq səhifəsini bu adi xalqın bir sövq-təbii ilə yaratdığı bu adi xalq ədəbiyyatı təşkil edir.

Azərbaycan türk ədəbiyyatına digər bir təsir icra edən də rus ədəbiyyatıdır. Bu məsələyə keçmədən orasını qeyd etməliyik ki, Azər­baycan türk ədəbiyyatı əsasən 3 deyil, 2 təsir altında olmuşdur. Bunlardan biri, xüsusilə, müxtəsər söylədiyimiz İran və ümumən, Şərq ədəbiyyatı, digəri isə 19-cu əsrin ortalarından özünü hiss etdirməyə başlamış Qərb ədəbiyyatıdır. Həmin Qərb ədəbiyyatı Azərbaycana iki yol ilə təsir etmiş ki, bunlardan biri Rusiya, 2-cisi isə Türkiyədir. Ədə­biyyat vaxtilə bir mənbədən çıxıb. Qərbdə bir, Şərqdə isə başqa bir şəklə necə düşmüşsə, eynilə Qərb ədəbiyyatı da Rusiyada bir şəkildə, Türkiyədə başqa bir şəkildə almmış və həmin ədəbiyyatın bu iki dairədə bağışladığı təsir də başqa-başqa olmuşdur. Ruslar bu ədəbiyyatı alıb ona əsaslanaraq, rus həyatında qüvvətli bir ədəbiyyat yaratmış və hətta orijinallar ilə rəqabət edə biləcək, bəlkə də ara-sıra orijinallarından daha qüvvətli orijinallar yarada bilmiş və sonra da qəti bir mənlik alıb, Qərb ilə umuz-umuza yürüyə bilmişlərdir. Türklər isə Avropaya daha yaxın, daha əlaqədə olduqlarına baxmayaraq, çox zaman, hətta irəli gedirlərsə, demək olar ki, son zamanlaradək belə, məəttəəssüfanə, buna müvəffəq olmamış, ədəbiyyatları da Şərq ilə Qərbin mütəqabil təsirləri altında qahb başqa bir hal almışdır. Beləliklə, Qərb ədə­biyyatı Rusiyada başqa, Türkiyədə isə başqa bir şəklə taxınıb, biri əvvəl, biri də sonra Azərbaycana təsir icra etdikləri üçün və təsirləri də başqa-başqa olduğu üçün bunları ayrı-ayrı mənbələr kimi götürür və təsir mənbəyini 2 deyil, 3 nöqtədən qeyd edirik. Beləliklə, rus ədəbiyyatının təsirinə gəlincə, Azərbaycanda Rusiya çarlığının siyasi hakimiyyəti yerləşincə onu mütəaqib Rusiya ədəbiyyatı da Azərbay­canda hiss edilməyə və az-çox qüvvətli varlığı və bir dürlü yeni şəkildə hökmranlıq mövqei tutmaya başlayır. Rusiya çarlığının siyasi təsiri öz mühitində bir taqım ziyahlar qrupu yetişdirir ki, bunları əski dərəbəylik ədəbiyyatı əyləndirmədiyi kimi, xalqla da çox az təmasda bulunduqlarından, daha doğrusu məna bir dürlü başqalaşıb xalqa yüksəkdən baxdıqları və get-gedə onu büsbütün anlamamağa başladıqları üçün onun yaratdığı xalq ədəbiyyatına da qiymət vermir, ondan zövq almırlar.

Bunlar artıq yetişdikləri mühitə uyğun bir ədəbiyyat arayırlar ki, bu da olsa-olsa rus ədəbiyyatı ola bilərdi. Get-gedə bu dairə artdıqca rus ədəbiyyatının da nüfuz dairəsi genişlənir və bu yeni ehtiyac üzərinə yeni şəkildə bir türk ədəbiyyatı meydana çıxır.

Onu da qeyd etməlidir ki, bu mühit bəzən xalqı çox gözəl tanıyan və onun həyatına yaxşı bələd olan yazıçılar da yetişdirir ki, belələrindən də başlıcası olmaq üzrə Mirzə Fətəli Axundzadə göstərilmişdir.

Fəqət Mirzə Fətəli nə qədər rus ədəbiyyatı və mühiti təsirində olsa da, bununla bərabər yenə öz mənliyini itirməmiş və öz ədəbi istedadının qüvvətilə təqlidçi olmaqdan daha artıq bir yaradıcılığı üçün ancaq ümumi və əsas bir şəkil almış və həmin əsasda böyük bir sənətkar məharətilə öz həyatımızdan yaratdığı əsərləri üçün istifadə etmişdir. Ona görə də bizim, xüsusilə, teatr ədəbiyyatımızın yaranmasına ilk addımı atan o olduğuna və bu cəhətcə bizdə ilk yazıçı olduğuna baxmayaraq, yazılarında orijinal bir yazıçı olmaq üzrə qüvvətli ədəbi bir varlıq ərz etmişdir. Əsərləri az-çox uzaq bir keçmişin məhsulu oldu­ğuna, fikir və fəlsəfə etibarilə indiki zaman üçün əhəmiyyətini qeyb etdiyinə baxmayaraq, bir çox yazıları bu gün belə öz dərin psixoloji və bədii əhəmiyyətlərini saxlamışlardır. Onun bir çox mövzuları bu gün belə öz bəkarətini saxlamış, bir çox tipləri də xalqımızın çox gözəl bildiyi və tanıdığı tiplərdir. Qəribədir ki, Mirzə Fətəli nisbətən uzaq keçmişdə yazdığına və başladığı üsulda ilk yazıçı olduğuna baxmayaraq, bir çox əsərlərində mahir və qəti bir realist olmuş və bu cəhətcə o zamanın rus ədəbiyyatında deyil ki, təqlidçi olmamış, deyil ki, umuz-umuza getmiş, hətta qısa irəliləmək təlaşı da göstərmişdir. Bunlar hamısı Mirzə Fətəlinin nə qədər böyük ədəbi dühayə malik olduğunu çox açıq göstərir zənnindəyik. Yalnız burası vardır ki, Mirzə Fətəli öz əsər­lərində zamanının iqtiza etməsi və ya vəzifəsinin tələb etməsi üzərindəmi, hər halda çarizmin mənfəətini gözləmiş və yazılarının çoxunda çar hakimiyyətinin güclənməsinə, möhkəmlənməsinə, əhalınin çar qanunlarından çıxmamasına çalışmışdır. Bunu əhalininmi, ya çarizminmi mənafeyi nöqteyi-nəzərindən yapması da başqa bir mübahisədir ki, hələlik biz bunu bir tərəfə buraxırıq. Mirzə Fətəli üzərində bu qədər durduğumuz, ondan sonrakı aşağıda adlarını göstərəcəyimiz bir taqım yazıçılarımızın onun təsiri altında bulunduğu və ona təqlid etdiyi üçündür. Bitmədi.







Yüklə 39,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə