Azərbaycan xalq cümhuriYYƏTİ DÖVRÜNDƏ XƏZƏRDƏ HƏRBİ DƏNİZÇİLİK ƏMƏLİyyatlari



Yüklə 109,11 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü109,11 Kb.
#31279


“Hәrbi bilik”. - 2009. - №2. S. 78-90.

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ 

XƏZƏRDƏ HƏRBİ DƏNİZÇİLİK ƏMƏLİYYATLARI

1918-ci  ilin  baharı  Azərbaycan  dövlətçiliyinin  çoxəsrlik  tarixində  böyük  əhəmiyyəti  olan  siyasi

hadisələrlə  yadda  qalmışdır.  Mayın  28-də  Azərbaycan  Respublikasının  müstəqilliyi  elan  olunmuşdur.  Bu,

bütövlükdə  müsəlman  Şərqində  ilk  parlamentli  respublika  idi.  Milli  Şuranın  "Azərbaycanın  müstəqilliyi

haqqında  aktı"nda  qeyd  olunmuşdur  ki,  Azərbaycan  Respublikası  "beynəlxalq  ictimaiyyətin  bütün  üzvləri,

xüsusilə  yaxın  xalqlar  və  dövlətlərlə  mehriban  qonşuluq  münasibətləri  yaratmağa  çalışır;  daxili  siyasət

sahəsində  "öz  sərhədləri  hüdudunda  yaşayan  bütün  vətəndaşlara  onların  milliyyətindən,  dini  baxışlarından,

sosial vəziyyətindən və  cinsindən asılı  olmayaraq hamıya  vətəndaşlıq  və  siyasi hüquqlar  verməyi  vəd  edir".  [1.

86]  Bununla  da  Azərbaycan  Respublikası  milli  dövlətçiliyini  bərpa  edərək  Qərbi  Avropa  ölkələrinin

siyasi-hüquqi  sahədə  qazandıqları  zəngin  təcrübəyə  və  şəxsiyyət  hüquqlarına,  xalqın  öz  müqəddəratını  təyin

etmək hüququna əsaslanaraq fəaliyyət göstərmişdir.

Azərbaycan  Respublikası  öz  fəaliyyətinə  başladığı  dövrdə  hərbi-siyasi  şərait,  Antantanın,  Üçlər  İttifaqı

ölkələrinin  və  Sovet  Rusiyasının  qarşılıqlı  təsirindən  Xəzər  bölgəsində  yaranmış  geosiyasi  rəqabət  özünəməxsus

mürəkkəbliyi  və  gərginliyi  ilə  fərqlənirdi.  1918-1920-ci  illərdə  Avrasiyanın  ən  mühüm  geosiyasi  vəziyyətini

dəyişdirən  amillərdən  birinə  çevrilmiş  Xəzər  bölgəsinin  qlobal  hərbi-siyasi  hadisələrini  və  dünya  ölkələrinin

hərbi-strateji inkişafına bunların əsaslı təsirgöstərmə hallarını bu məqalədə açıqlamaq istəyirik.

1917-ci  il  Fevral  inqilabı  Rusiya  imperiyasını  kökündən  silkələyən  ən  böyük  sosial-siyasi  kataklizm

olmuşdur. Bu, Oktyabr bolşevik çevrilişindən sonra keçmiş  nəhəng imperiyanın ərazisində vətəndaş  müharibəsinə

gətirib çıxarmışdır. Bu hadisələr öz növbəsində uzaq bölgələrdə, о cümlədən Azərbaycanda öz təsirini göstərməyə

bilməzdi. Hər iki bloka düşmən kəsilən hərbi-siyasi amilin - Sovet Rusiyası amilinin ortaya çıxması şəraitində Orta

Şərqdə  Xəzər  bölgəsində  öz  nəzarətini  yaratmaq  uğrunda  geosiyasi  mübarizə  daha  da  güclənmiş  və  yeni  vüsət

almışdır. Bu geosiyasi mübarizədə məqsədə çatmaq üçün Qafqazın ən böyük sənaye mərkəzi olan Bakı bir növ açar

rolu  oynayırdı,  müharibə  ərəfəsində  Bakı  Rusiya  imperiyası  neftinin  dörddә  üç,  dünya  neftinin  15  faizini

verirdi. [2. 79]

Xəzər  dənizinin  ən  böyük  limanı sayılan Bakını tutmaq  Xəzər  dənizinin  bütün  akvatoriyasını tam  nəzarət

altına  almaq  üçün  geniş  imkanlar  açırdı.  Həm  də  Bakıda  onlarla  neftayırma  zavodu  və  digər  böyük  sənaye

müəssisələri yerləşmişdi. Şimali Qafqazla Cənubi Qafqazı birləşdirən əsas magistral yolların - dəmir yolunun, şose

və  torpaq  yollarının  Azərbaycan  ərazisindən  keçməsi  Xəzər  hərbi  donanmasının  Bakıda  yerləşdirilməsi  üçün

mühüm hərbi-strateji amil hesab edilirdi. Bu bölgənin işğal olunması nəinki Qafqazın, hətta Rusiyanın cənubunun

bütün təsərrüfatı, iqtisadi həyatı üçün çox ciddi təhlükə yaradırdı.

"Bakı  elә  bir  gözәldir  ki,  hәr  bir  xarici  sәrgüzәşt  axtaran  onu  öz  doğma  evimizdәn  oğurlamaq

istәyir"  -  həmin  dövrdə  keçmiş  RSFSR-in  xarici  işlər  üzrə  xalq  komissarı  Q.V.  Çiçerin  belə  bir  ifadə  ilə  neft

şəhərinin  beynəlxalq  əhəmiyyətini  obrazlı xarakterizə  etmişdir.  [3.3]  Onun  siyasi  əleyhdarı general  A.İ.  Denikin

xüsusilə qeyd etmişdir ki, "Bakı nefti daha çox Avropa və Asiya siyasətçilərinin ağıl və diqqətlərini möhkəm cəlb

etmişdir.  Yazdan  etibarən  (1918-ci  il  -  müəllif)  çox  kəskin  yarışlar  başlamış  və  "müharibə  sahəsində  qovhaqov

düşmüş"  və  son  məqsəd  naminə  Bakını  tutmaq  üçün  ingilislәr  Ənzәlidәn,  Nuru  paşa  Azәrbaycandan  vә

almanlar  isә  Gürcüstandan  yürüş  etmişlәr".  [4.  139]  Buna  ən  çox  1918-ci  ilin  yazında  yaranmış  hərbi-siyasi

şərait imkan vermişdir. Bu fonda Cənubi Qafqazda Rusiyanın mövqeyi əsaslı şəkildə zəifləmişdir. Nəticədə Rusiya

özünün  keçmiş  ordu  hissələrini  Qafqaz  cəbhəsindən  çıxarmış,  3  mart  1918-ci  ildə  Brest-Litovskda  alman-sovet

müqaviləsi  bağlandıqdan  sonra  bölgədə  milli  azadlıq  hərəkatı  daha  da  güclənmişdir.  Bir  tərəfdə  Almaniya  və

Türkiyə, digər tərəfdə isə İngiltərə  və  başqaları bir-birinə  qarşı mübarizə  aparırdılar.  Onlardan  hər  biri  Bakıda  və

Xəzər hövzəsində möhkəmlənmək uğrunda qızğın mübarizə aparır və uzaq geosiyasi məqsədlərini güdürdülər.

Belə  bir  faktı  qeyd  etmək  lazımdır  ki,  hәtta  bir  hәrbi  bloka  daxil  olan  Almaniya  vә  Türkiyәnin

mәnafelәri bu bölgәdә eyni deyildi və onların qarşılıqlı əlaqələrində açıq rəqabət elementləri müşahidə olunurdu.

[5. 35-59]

Türkiyənin  hərbi  komandanlığı  tərəfindən  Xəzər  dənizi  sahillərinə  çıxmaq  üçün  Vladiqafqazı  və  Bakını

tutmaq  planlaşdırılırdı  ki,  bu  da  Qafqazın  bütün  müsəlman  xalqlarını  və  Türküstanı  birləşdirməyə  geniş  imkan

verirdi. Bu dövrdə  şəraitin  özünəməxsus  müxtəlifliyi  ondan  ibarət  idi  ki,  müttəfiqlərdən  Almaniya  öz  növbəsində

Türkiyənin Xəzər dənizinə çıxmaq və onun qərb sahillərini, Bakını tutmaq planına  çox qısqanclıqla yanaşırdı.  Bu

onunla  əlaqədar  idi  ki,  Bakını tutmaq  Almaniya  ordusu  komandanlığının  strateji  planlarına  daxil  edilmiş  və  baş

qərargah  rəisi  E.  Lüdendorfun  şahidliyinə  görə  bu  məqsədlə  1918-ci  ilin  yayında  "Bakıya  hücum  hazırlığı  üçün

süvari  briqadası və  bir  neçə  tabor  göndərilmişdi".[5.  220]  Almanların  bu  bölgədə  planı bununla  məhdudlaşmırdı,

çünki  onlar  Bakını  tutduqdan  sonra  öz  qüvvələrini  İranın  şimalında  ingilislər  tərəfindən  nəzarət  edilən  Ənzəli

limanına göndərməyi, sonra İraqa və Bəsrə rayonuna soxulmaqla İran körfəzinə çıxarmağı nəzərdə tuturdular. Bu da

Orta Şərqdə İngiltərənin mövqelərinə güclü zərbə endirmək demək idi. [6. 59]




1918-ci  il  may  ayının  sonlarında  Gürcüstanda  möhkəmlənmək  almanlara  müyəssər  olmuşdu,  lakin

qüvvələrin  çatışmazlığı  ucbatından  Qafqazda  və  Qərb  cəbhələrində  vəziyyətin  kəskinləşməsi  almanlara  öz

planlarını həyata keçirmək imkanı verməmişdi. Belə ki, onlar bu dövrdə öz qüvvələrini Güney Qafqaza gətirməyə

(iki  diviziya  vә  bir  neçә  alay)  və  Bakıya  hücum  əməliyyatında  iştirak  etməyə  çatdıra  bilmədilər.  Biz  ordunun

gətirilməsini başa  çatdırana qədər "Nuru Bakını tutdu, — deyə Lüdendorf təəssüflənirdi, — Bolqarıstanda davam

edən sonrakı hadisələr bu hərbi hissələri Rumıniyaya göndərməyə məcbur etdi". [7. 130]

Sözügedən  mərhələdə  Almaniya  və  Türkiyənin  əsas  rəqibi  kimi  bölgədə  İngiltərə  çıxış  edirdi.  Qara

dənizdən  Xəzər  dənizinədək  olan  "Batum-Bakı  dəmiryol  xətti  üzərində  "türk-alman"  hökmranlığının  yaranması,

beləliklə də "Xəzər dənizi sahillərində həddindən artıq qiymətli Bakı neft mədənlərinin, Qafqaz sıra dağlarının təbii

sərvətlərinin,  külli  miqdarda  taxıl  ehtiyatının  və  pambığın  müttəfiqlərin  əlinə  keçirilməsi"  imkanları  haqqında

fikirlər  Britaniya  hökumətini  qorxuya  salmışdı.  [8.  26]  Qeyd  etmək  lazımdır  ki,  Birinci  Dünya  müharibәsi



illәrindә Bakı neft sәnayesinә qoyulmuş kapital yığımının 60 faizi İngiltәrәnin payına düşürdü. [9. 5]

İngiltərə  XVIII  əsrdə  Xəzər  dənizi  hövzəsində  möhkəmlənməyə  cəhd  etmişdi.  Bu  barədə  Londonun



"Tayms" qəzeti xatırlatmışdır: "Xəzər elə bir qovuşuqdur ki, bütün ən mühüm ticarət yollan buradan keçir. Əgər

biz  bu  mühüm  dənizə  indi  birbaşa  diqqət  yetirməyə  başlamışıqsa,  bu  о  demək  deyil  ki,  onun  ticarət  və  siyasi

əhəmiyyəti  haqqında  əvvəllər  biz  heç  nə  bilmirdik.  Bu  barədə  biz  çoxdan  bilirdik.  Xəzər  ən  qədimdən  etibarən

Britaniyanın maraq dairəsində olmuşdur". [10]

İngiltərənin  əvvəlki  planlarının  Xəzər  bölgəsində  həyata  keçirilməsi  üçün  Rusiyada  baş  verən  hadisələr,

vətəndaş müharibəsinin törədilməsi və Qafqazda milli hərəkatın geniş vüsət alması real imkanlar yaratmışdı.  Belə

ki, 23 dekabr 1917-ci ildә Parisdә İngiltәrә vә Fransa arasında bağlanmış  müqavilәnin  gizli  şәrtlәrinә  görә

Rusiya  "hәrәkәt  zona"larına  bölünmüşdür.  İngiltərənin  payına  Don,  Qafqaz,  Türküstan  düşmüşdür.  [11.  38]

İngiltərə  kabineti  Bakıya  və  Xəzər  bölgəsinə  "böyük  hərbi,  siyasi  və  iqtisadi  əhəmiyyətə"  malik  olduğuna  görə

xüsusi diqqət yetirirdi. Artıq 1917-ci ilin dekabrında İngiltərə kabineti Bakıya və Güney Qafqaza müdaxiləçi ordu

göndərmək barədə qərar qəbul etmişdi. [12. 50]

Öz  növbəsində  Britaniyanın  Hindistandakı  və  Orta  Asiyadakı  ordusunun  ali  komandanlığı  Bakının

hərbi-strateji,  siyasi  və  iqtisadi  cəhətdən  əhəmiyyətini  xüsusi  qeyd  edərək  onu  Mərkəzi  Asiyaya  və  Yaxın  Şərqə

açılan qapıların açarı kimi qiymətləndirmişdir. Habelə hər vəchlə səy göstərmişdir ki, Almaniya və Türkiyə orduları

Bakı  neftinə  və  ümumiyyətlə,  Xəzərin  qərb  sahillərinə  yaxın  buraxılmasın.  Şimali  İranda  yerləşən  Britaniya

ordusunun  keçmiş  komandanı  general-mayor  Layonel  Denstervil  öz  xatirələrində  yazmışdır:  "Bizim  planımız

Xəzər  dənizi  üzərində  üstünlüyə  nail  olmaq  idi,  ancaq  biz  bu  məqsədə  yalnız  Bakını işğal  etməklə  çata  bilərdik,

deməli,  şəhəri  başqalarının  işğalından  müdafiə  etmək  vacib  sayılırdı  (Türkiyә  ordusu  nәzәrdә  tutulurdu  -

müәllif). Bakının əhəmiyyəti çox böyükdür və onu ələ keçirmək üçün göstərilən hər bir cəhd özünü doğruldar". [13.

123]


1918-ci  ilin  əvvəllərində  ingilislər  tərəfindən  Bağdadda  sözügedən  planın  həyata  keçirilməsi  üçün  xüsusi

məxfi  şəraitdə  çox  da  böyük  olmayan,  ancaq  seçmə  dəstələr,  41  ədəd  "Ford"  markalı  minik  və  yarımyük

avtomobilinə  mindirilmiş  hərbi  ekspedisiya  hazırlanmışdı.  Bu  dəstə  əvvəllər  Hindistanda  birinci  piyada

briqadasının komandiri vəzifəsində xidmət etmiş rəhbərin adı ilə "Denstervil Forsez" adlandırılmışdı.

İngilislər  1918-ci  ilin  yayında  Şimali  İranın  Ənzəli  limanını  tutaraq  güclü  şəkildə  hazırlaşırdılar.  Əgər

Bakıda  bolşeviklərin  əleyhdarı  olan  sağ  eser-menşevik-daşnak  bloku  çevriliş  edə  bilsəydi,  (Denstervil  onlarla



daim  әlaqә  saxlayırdı),  onda  öz  qoşunlarını  buraya  çıxarmalı idilər.  Sonralar  ingilis  generalı yazırdı:  "Bakı ilə

mənim  əlaqəm,  demək  olar  ki,  hər  gün  kuryer  vasitəsilə  qaydaya  salınmışdı.  Bizim  dostumuz  olan

sosialist-inqilabçılar,  mənə  elə  gəlir  ki,  yaxın  vaxt  ərzində  dövlət  çevrilişi  etmək,  yəni  bolşevik  hakimiyyətini

devirmək,  Bakıda  yeni  idarə  forması yaratmaq  və  ingilisləri  köməyə  çağırmaq  imkanına  malikdirlər".  [13.  159]

İngilis  generalı ilə  eyni  zamanda  erməni  milli  şurasının  nümayəndələri  də  əlaqə  yaratmışdılar.  Onlar  1918-ci  ilin

yayında həm Bakıya hücum edən türk-azərbaycanlı Qafqaz İslam Ordusu, həm də alman ordusunun komandanlığı

ilə danışıqlar aparmaq üçün vəziyyəti yoxlayırdılar. [14. 123]

1918-ci  ilin  yaz  və  yayında  Bakıda  fəaliyyət  sahəsini  daha  da  genişləndirmiş  Britaniya  kəşfiyyatçıları  -



konsul  A.  Mak-Donell,  R.  Tiq-Cons,  Stoks,  Klaterbak,  Roulinqson  və  başqaları  Bakı  Soveti  Xalq

Komissarlığında  müxalif  siyasi  qüvvələrlə  əlaqə  saxlayırdılar.  [15.  37;  35.  216-234]  1918-ci  il  iyun  ayının

ortalarında  Bakıda  Xəzər  hərbi  donanmasının  iştirakı ilə  çevriliş  etmək  cəhdini  ingilis  konsulu  Mak-Donell  gizli

müdafiə etmişdi. Lakin dənizçilər sui-qəsdçilərə kömək etməmiş  və çevriliş cəhdi müvəffəqiyyətsizliyə uğramışdı.

[16. 41]

1918-ci  ilin  yayında  ingilislər  Xəzər  dənizi  üzərində  öz  nəzarətini  ya ratmaq  üçün  fəaliyyətlərini

gücləndirirdilər ki, bu da Xəzər bölgəsində onların hərbi-strateji planlarında xüsusi yer tuturdu. Britaniyanın hәrbi

naziri A. Milner 1918-ci ilin iyununda Mesopotamiyadakı ingilis ordusunun komandanlığına məlumat vermişdi ki,

"Əlahəzrətin  hökuməti  Xəzər  üzərində  daimi  nəzarətin  saxlanmasına  mühüm  əhəmiyyət  verir".  [17.  83]  Həm  də

ingilislər belə hesab edirdi ki, "dəniz üzərində nəzarət kimə məxsusdursa, о da Bakıya sahib olmalıdır". [13. 126] L.

Denstervil və U. Mallesonun hərbi ekspedisiyasının qarşısında qoyulan əsas tapşırıq da bununla əlaqədardır. Odur

ki, onlar Xəzər dənizinin ən böyük limanlarını - Ənzəli, Bakı və Krasnovodsku (indiki Türkmənbaşını) işğal etməli

və  bütövlükdə  Xəzər  donanmasını  ələ  keçirməli  idilər.  [18.  114-115]  Birincisi,  bu  imkan  verərdi  ki,  onların




barışmaz  rəqibi  olan  Almaniya  və  Türkiyənin  Yaxın  və  Orta  Şərqdə  mövqeyi  əsaslı şəkildə  zəifləsin,  türk-alman

ordusunun İranın qərbindən keçməsinin və Xəzər vilayətləri  vasitəsilə Xorasana və Hindistana yürüşlər etməsinin

qarşısı  alınsın.  İkincisi,  Şərqdəki  müstəmləkələrinə  So vet  Rusiyasından  gözlənilən  real  inqilabi  bolşevik

təhlükəsinin qarşısı alınardı. Və nəhayət, üçüncüsü, Xəzər dənizi üzərində nəzarətin yaradılması ingilislərə imkan

verərdi ki, öz qoşunlarının cinahlarını Güney Qafqazda və Türküstanda təmin etsin və beləliklə də Şimali Qafqazda

ağqvardiyaçı  general  Denikinin  və  Uralda  admiral  Kolçakın  ordusu  ilə  əlaqə  yaratsın,  onların  Volqa  çayının

mənsəbində  birləşməsini  təmin  etsin  və  bu  yolla  Rusiyanın  bütün  cənub  tərəfinin  mərkəzi  rayonlarla  əlaqəsini

kəssin. [2. 84]

Sovet  Rusiyası  Bakıya  və  bütövlükdə  Xəzər  dənizi  bölgəsinə  çox  mühüm  əhəmiyyət  verirdi.  Sovet

hökumәtinin  başçısı  V.  İ.  Lenin  1918-ci  il  mart  ayının  ikinci  yarısında  Kremldə  Amerikanın  Qırmızı  Xaç

Cəmiyyətinin Rusiyadakı hərbi missiya rəhbəri polkovnik R. Robinski ilə söhbətində qeyd etmişdir: "Rusiya Sovet

Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir ? Bu, neft, işıq və enerjidir". [19]

Bu dövrdə Azərbaycanın Xəzəryanı qəzalarına nəzarət edən və Bakı quberniyasını RSFSR-in tərkib hissəsi

elan  edən  Bakı  Soveti  Xalq  Komissarlığına  hərtərəfli,  о  cümlədən  hərbi  yardım  göstərilməsi  yolu  ilə  bolşevik

hökuməti gələcəkdə Güney Qafqazı bütövlükdə öz təsiri altına almaq üçün Bakını əməliyyat meydanına çevirməyi

planlaşdırmışdır.  Sovet  hökuməti  bu  bölgəyə  böyük  əhəmiyyət  verərək  Xəzər  dənizində  öz  hərbi  donanmasının

təhlükəsizliyini  gücləndirmək  və  təmin  etmək  məqsədilə  bir  sıra  təcili  tədbirlər  görmüşdür.  V.  Lenin  Xalq

Komissarlığına göndərdiyi teleqramda qeyd etmişdir ki, "Cənub və Xəzər uğrunda mübarizə gedir". O, təkidlə tələb

edirdi ki, Xəzər dənizinə sualtı qayıqlar və minadaşıyanlar göndərsinlər. [20. 41]

Bu  dövrdə  Həştərxanda  yerləşən  sovet  donanması  yalnız  Xəzər  dənizinin  şimal  akvatoriyasına  nəzarət

edirdi. Bolşeviklərlə eserlər arasında gedən siyasi mübarizə Həştərxan və Xəzər donanmasının hesabına hərbi-dəniz

qüvvələrini  gücləndirməyə  imkan  vermirdi.  Həm  də  hərbi-siyasi  vəziyyətin  mürəkkəbləşməsi  Cənub  və  Şərq

cəbhələrində  ağqvardiyaçıların  fəallaşması  və  Qızıl  Ordunun  müvəffəqiyyətsizliyi  ilə  əlaqədar  idi.  Bu  da  həmin

dövrdə Sovet hökumətinin Güney Qafqazda yeganə müttəfiqi olan Bakı Kommunasına 1918-ci ilin yayında kifayət

qədər səmərəli yardım göstərməyə imkan verməmişdi.

F.  Xoyskinin  rəhbərlik  etdiyi  milli  hökumətin  əsas  səyi  ölkənin  bütün  ərazisində,  xüsusilə  onun  paytaxtı

olan Bakıda suverenliyin qurulmasına yönəldilmişdi. Burada Azərbaycan Respublikasının və Türkiyənin maraqları

tamamilə üst-üstə düşürdü ki, bu da 4 iyun 1918-ci ildə Batumi şəhərində bağlanmış sülh və dostluq müqaviləsində

öz əksini tapmışdı. Müqaviləyə görə Türkiyə yeni yaranmış respublikaya hərtərəfli kömək göstərməyi, hətta həmin

müqavilənin  4  maddəsinə  əsasən  lazım  gəldikdə  hərbi  yardım  etməyi  də  öz  öhdəsinə  götürmüşdü.  [21.  39]  Bu

tapşırığın  yerinə  yetirilməsi  yalnız  1918-ci  ilin  iyun  ayında  general-leytenant  Nuru  paşanın  komandanlığı  altında

Gəncə şəhərində birləşmiş  türk-azərbaycanlı Qafqaz İslam Ordusu yaradıldıqdan sonra mümkün olmuşdur.  Bakını

ələ keçirdikdən sonra türk ordusunun komandanlığı gələcəkdə Xəzər dənizinin qərb sahili boyunca Şimali Qafqaza

doğru hərəkət etməyi planlaşdırmışdı. [22. 79]

Bu dövrdə türklərin müttəfiqi olan almanlar belə bir plan təklif etmişdilər ki, öz hərbi hissələrinin köməyi

ilə 1918-ci ilin iyun-iyul aylarında Bakıya hücum edən türk birləşmələrinin arxa cəbhəsini təmin etsinlər. Əgər bu

plan  həyata  keçirilərsə,  onda  almanlar  Zaqafqaziyada  mühüm  strateji  əhəmiyyəti  olan  dəmiryol  üzərində  öz

nəzarətini yaratmağı nəzərdə tutmuşdular. Lakin türklər öz müttəfiqlərinin planını duymuş və rədd cavabı vermişlər.

Belə bir məlumatı onların nəzərinə çatdırmışlar ki, Bakını ələ keçirmək üçün türklərin kifayət qədər ordusu vardır.

[7. 125]

Almanlara  Bakı  ətrafında  türklərin  uğursuzluğa  uğrayacağına  gizli  ümid  etməkdən  başqa  heç  nə

qalmamışdı. Tiflisdəki baş konsul qraf F. Fon Şulenburq Berlinə göndərdiyi 1918-ci il 4 iyul tarixli məlumatında

qeyd  edir di  ki,  türklərin,  ümumiyyətlə,  Bakını ala  bilməsi  "təəccüb  doğurur,  ehtimal  ki,  bu  arzu  olaraq  qalacaq,

onlar orada qəti məğlubiyyətə uğrayacaqlar". Alman diplomatı belə hesab edirdi ki, "əgər biz bolşeviklərlə sevimli

bir üsul vasitəsilə razılaşa  bilsək, onda Bakının neft mənbələri və oradakı bütün ehtiyatlar tamamilə bizim əlimizə

keçə  bilərdi.  Əgər  bolşeviklər  gözlədiyimizin  əksinə  olaraq  şəhəri  tərk  etməyə  məcbur  olsalar,  elə  həmin  vaxt

bütövlükdə  şəhəri  yandıracaqlar  ki,  nə  türklər,  nə  də  biz  neft  ehtiyatından  istifadə  edə  bilək".  [7.  126]  Sonrakı

hadisələr göstərdi ki, alman diplomatının ehtiyat etməsi əsassız imiş.  Çünki Bakı bolşevikləri sonuncu qəti tədbirə

əl atmadılar.

Həmin  vaxt  1918-ci  ilin  iyun-iyul  ayları  ərzində  Kürdəmir,  Qaraməryəm,  Müsüslü  və  Göyçay  ətrafında

Qafqaz  İslam  Ordusu  ilə  Tiflis  istiqamətində  hərəkət  edən  şəxsi  heyətin  70  faizi  erməni  millətindin  olan  Qaf qaz

Qızıl  Ordusu  arasında  çox  güclü  döyüşlər  aparılmışdı.  Bu  döyüşlərdə  Qafqaz  İslam  Ordusunun  böyük

müvəffəqiyyəti nəticəsində Qafqaz Qızıl Ordusu Bakıya geri oturdulmuşdu.

Qafqaz  Qızıl Ordusunun  cəbhələrdə  düçar  olduğu  müvəffəqiyyətsizliklər  Bakıda  hakimiyyət  dəyişikliyinə

gətirib çıxarmışdı və beləliklə avqustun 1-də hakimiyyət sağ eser, menşevik və daşnaklardan formalaşmış koalisiya

hökumətinin  -  "Sentrokaspi  diktaturası,  Fəhlə  və  Əsgər  Deputatları  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsinin

Rəyasət Heyətinin əlinə keçmişdi". Koalisiya hökuməti şəhəri mühasirəyə almış Qafqaz İslam Ordusundan müdafiə

etmək məqsədilə əvvəlcə olan rəsmi danışıqlara görə ingilisləri dəvət etmişdi.

Artıq avqustun 4-də ingilis ordusunun Ənzəlidən gələn 150 nəfərlik ilk dəstəsi şəhərə çıxarılmış, avqustun

6-da isə buraya yeni 130 nəfər əsgər və zabit, həmçinin 2 zirehli maşın gətirilmişdi. Avqustun 17-də isə "Prezident



Krüger"  paroxodunda  general  Denstervil  öz  qərargahı  ilə  birgə  Bakıya  gəlmişdir.  Bütövlükdə  Bakıya  ingilis

dəstələrinin  tərkibində  Gent  və  Şimali  Stafford  alayları,  Varvik  vә  Uoçer  taborları,  digər  hərbi  hissələr,  о

cümlədən cəmi mindən  bir  az  çox  süngü,  16  top  və  bir  neçə  zirehli  maşın gətirilmişdi.  Habelə  kommodor  D.  T.

Norris  180  nəfər  matros  və  bir  neçə  4  düyümlü  topla  Denstervilə  köməyə  gəlmişdi.  [2.  88]  Böyük  Britaniya

Krallığının  hərbi-dəniz  qüvvələrinin  Xəzər  dənizində  təyin  olunmuş  kommodoru  Norris  Bakıya  gələn  kimi  bəyan

etmişdi  ki,  ingilis  dəniz  komandanlığı  "Həştərxanda  toplanmış  "qırmızı"  qüvvələrə  qarşı  aparılan  əməliyyatların

məsuliyyətini və Ural cəbhəsinin dənizlə düzgün təmin olunmasını öz üzərinə götürür". [23. 139]

Eyni  zamanda  Aşqabad  eser  hökumәtinin  başçısı Funtikovun  dәvәti  ilә  başqa  bir  ingilis  hərbi  dəstəsi

general U. Mallesonun komandanlığı altında 1918-ci ilin avqustunda Xəzəryanı vilayəti işğal etmişdi. 

19 avqust 1918-ci ildə yerli eser hökumətinin razılığı ilə imzalanmış sazişə görə, Krasnovodsk limanı üzərində tam

nəzarət və burada olan bütün gəmilər ingilislərin əlinə keçməli idi. [24. 334]

Bununla belə Qafqaz islam Ordusu tərəfindən 1918-ci il iyulun 30-dan sentyabrın ortalarına qədər Bakının

mühasirəsi davam etmişdi. Həm də Xəzər hərbi donanması gəmilərinin dənizdən türk ordularına atəş açmaq imkanı

türk  komandanlığını  çox  həyəcanlandırırdı.  [5.  103]  İngilislərin  şəhəri  müdafiə  etmək  cəhdləri  heç  bir  nəticə

verməmişdi.  "Sentrokaspi diktaturası"nın daşnak nəzarəti  altında olan erməni  millətinin  nümayəndələrindən  təşkil

edilmiş ordu hissələri heç də güclü hərbi potensiala malik deyildi. Buna baxmayaraq ermәni hәrbi hissәlәri dinc



azәrbaycanlı әhali arasında azğınlıq edir, terror vә qarәtlә mәşğul olurdular. Dinc azәrbaycanlı әhali isә öz

növbәsindә xilasedicini - Qafqaz İslam Ordusunu gözlәyirdi. 

İngilislərin Port-Petrovskda yerləşmiş müttəfiqi, kazak qoşun çavuşu L. Biçeraxov Denstervilə kömək üçün

yalnız  10  top  və  500  nəfər  terek  kazakı göndərmişdir.  [22.  147]  Yalnız  yüksək  hərbi  təlimə  və  dözüm  hesabına

ingilis ordusunun döyüşən hissələri bir ay ərzində şəhərin müdafiəsini saxlaya bilmişdi.

Belə  bir  faktı  da  qeyd  etmək  kifayətdir  ki,  ordu  komandanlığının  verdiyi  məlumata  görə,  şəhərin

girəcəyində  gedən  döyüşlərdə  ingilis  hərbi  hissələrinin  tərkibindən  180  nəfər  həlak  olmuş,  yaralanmış  və  itkin

düşmüşdür. Bu, şəxsi heyətin 20 faizini təşkil edirdi. [13. 276]

Lakin  aydın  idi  ki,  bu  qüvvə  şəhəri  müdafiə  etmək  qüdrətində  deyildi.  Bunu  hətta  ingilis  ordusunun  ali

komandanlığı  da  yaxşı  bilirdi.  Belə  ki,  Denstervilin  adına  Hərbi  Nazirliyin  göndərdiyi  6  iyul  1918-ci  il  tarixli

teleqrama  əsasən  tapşırıq  verilmişdi  ki,  əgər  türklərin  Bakını tutmaq  təhlükəsi  yaranarsa,  onda  neft  kəməri,  neft

anbarları  və  neft  vuran  avadanlıqlar  dağıdılsın,  ancaq  neft  buruqlarına  dəyilməsin.  Çünki  burada  ingilis  neft

şirkətlərinin  uzunmüddətli  marağı  qalmaqdaydı.  [17.  82]  İngilislər  belə  bir  mühüm  amili  də  nəzərə  alırdılar  ki,

dünya müharibəsində Türkiyə tez bir vaxtda məğlub olacaq və daha yerlilərin, hətta etibarsız "müttəfiqləri"nin də

qanının tökülməsini istəmirdilər. "Sentrokaspi diktaturası"nın mane olmasına, Denstervili qəfil və təhlükəli hücum

etməkdə günahlandırmasına, ingilislərin şəhəri tərk etməsi təqdirində Xəzər hərbi donanmasının gəmilərindən atəş

açmaqla  hədələməsinə  baxmayaraq,  ingilis  generalı  öz  ordu sunu  Bakıdan  geriyə  -  Ənzəliyə  aparmaq  üçün

hazırlaşmağa başlamışdı [13. 248-254]

Sentyabrın  əvvəllərində  Bakının  həndəvərində  yaranmış  vəziyyət  şəhər  müdafiəçilərinin  xeyrinə  deyildi.

Qafqaz  İslam  Ordusu  uzunsürən  və  qanlı  döyüşlər  nəticəsində  ingilisləri  şəhər  ətrafından  sıxışdıraraq  (həlledici

hücuma  hazırlaşmaq  üçün  burada  40  topla  10  min  nəfərlik  natamam  5-ci  və  15-ci  türk  diviziyalarının  hissələri

cəmləşdirilmişdi)  sentyabrın  14-də  səhər  tezdən  ilkin  artilleriya  atəşindən  sonra  şəhərə  hücuma  başlamışdı.  [25.

254-255;  26.  351-352]  Bir  gün  ərzində  türk  ordusu  tərəfindən  "Qurd  qapısı"  deyilən  yer  alınmış  və  şəhərə  yol

açılmışdı.  Sentyabrın  14-də  axşam  saat  11:30  radələrində  ingilislər  dörd  nəqliyyat  gəmisində  dənizlə  Bakıdan

Ənzəliyə  tələsik  təxliyə  olunmuşdular.  Onların  dalınca  "Sentrokaspi  diktaturası"nın  hökuməti  öz  ordusunun

qalıqları  ilə  birgə  qaçmışdı.  Yeri  gəlmişkən,  ingilis  polkovniki  Roudlinson  nəqliyyat  gəmisində  Bakı  artilleriya

parkının ən yaxşı toplarını da aparmışdı. [27. 100]

Sentyabr ayının 15-də Qafqaz İslam Ordusu şəhərə daxil olmuşdu.  Sentyabrın 17-də isə  Azərbaycan  milli

hökuməti  Gəncədən  buraya  köçmüşdü. Hәrbi  nazir  Ənvәr  paşanın  komandan  Хәlil  paşaya göndәrdiyi  tәbrik



teleqramında Xəzər dənizi sahillərində yerləşmiş "Böyük Turan İmperiyası"nın ən mühüm şəhərinin - Bakının ələ

keçirilməsi münasibətilə öz böyük sevincini qeyd etmişdir. [28. 127]

Türkiyə  ordusu  Bakını  tutduqdan  sonra  hücumlarmı  Xəzər  dənizinin  sahili  boyunca  davam  etdirərək

Dağıstana  çatmışdı.  1918-ci  il  oktyabr  ayının  6-da  S.  İzzәt  paşanın  komandanlığı  altında  15-ci  türk  diviziyası

Dərbəndi ələ keçirmiş və bu əməliyyat zamanı türk ordusu tərəfindən A. Biçeraxovun ordusuna yardım göstərməyə

cəhd edən Xəzər hərbi donanmasının iki hərbi gəmisi atəşə tutulmuş  və sahildən uzaqlaşdırılmışdı.  Noyabrın 8-də

Türkiyə  ordusu  Port-Petrovskdan  L.  Biçeraxovun  ordusunu  sıxışdırıb  çıxarmış  və  onun  ordusu  dənizlə  İranın

şimalında yerləşən ingilislərin yanına qaçmışdı [5, 144-155].

Lakin  Birinci  Dünya  müharibəsində  məğlub  olmuş  Türkiyə  30  oktyabr  1918-ci  il  tarixli  Mudros

müqaviləsinin  şərtlərinə  görə  öz  ordusunu  tezliklə  Qafqaz-Xəzər  bölgəsindən,  həmçinin  Azərbaycandan  da

çıxarmalı  idi.  Başda  Şimali  İrandakı  ingilis  ordularının  komandanı  general-mayor  V.  M.  Tomson  olmaqla

noyabrın  17-də  səhər  saat  10-da  yenidən  Bakıya  üç  silahlı  hərbi  gəminin  müşayiəti  ilə  Ənzəlidən  17  nəqliyyat

gəmisində  39  piyada  briqadasının  hissələri  (ümumilikdә  1000  nәfәr  ingilis,  800  nәfәr  hind  әsgәri  vә  zabiti)

gəlmişdi.

İngilis  generalı Bakıya  yola  düşməzdən  əvvəl  bu  dövrdə  müttəfiq  dövlətlərin  Azərbaycan  Respublikasına



münasibətini  açıqlayaraq  bəyanatla  çıxış  etmişdir.  Həmin  bəyanatda  xüsusilə  qeyd  olunmuşdur  ki,  "Bakı  neft

sənayesi  ilə  birgə  işğal  olunacaq,  ancaq  ölkənin  qalan  bütün  ərazisi  Azərbaycan  hökumətinin  və  onun  ordusunun

nəzarəti  altında  qalacaq"  və  "Azərbaycan  Paris  sülh  konfransının  millətlərin  öz  müqəddəratını  təyin  etmək

prinsipləri  üzrə  müzakirəsindən  çıxarılmayacaqdır".  Bəyanatda  həmçinin  qeyd  olunmuşdur  ki,  Bakıya  ingilis

orduları ilə birlikdə L. Biçeraxovun hissələri də daxil olacaq, silahlı ermənilər isə buraya buraxılmayacaq. [28. 33]

Britaniyanın Azərbaycanı işğal etməsinə müttəfiqlik  ekspedisiyası donu  geydirilmişdi. Belə  bir  faktı qeyd

etmək  kifayətdir  ki,  "Prezident  Krüger"  flaqman  gəmisində  dörd  dövlətin  -  Britaniya,  Rusiya,  Fransa  və  ABŞ-ın

bayraqları  dalğalanırdı.  Doğrudur,  burada  ABŞ  və  Fransa  orduları  yox  idi,  ilk  birinci  iki  dövlətin  yalnız

nümayəndələri vardı. [29. 72]

Artıq görünürdü ki, V. M. Tomson ilk bəyanatlarında birmənalı qeyd etmişdi ki, müttəfiq orduları "Rusiya

torpaqlarında"dır  və  Qafqaza  gəlmişlər  ki,  "Rusiyanın  Qara  dənizlə  Xəzər  dənizi  arasında  yerləşən  bu

torpaqlarından ümumi təhlükəni uzaqlaşdırsınlar". [3. 19 noyabr 1918]

İngilis  generalının  müraciətində  qeyd  olunurdu:  "Bu  ərazi  ilə  əlaqədar  olan  bütün  məsələlərin  həlli

barəsində qəti qərar qarşıda gələn sülh konfransında qəbul ediləcəkdir". [3. 24 noyabr 1918]

İngilislər öz ordularının Xəzər dənizi bölgəsində gücləndirilməsinə xüsusi diqqət  yönəltmişdilər.  Təsadüfi

deyil  ki,  U.  Çerçillin  hərbi  nazir  kimi  ilk  imza  etdiyi  sәnәdlәrdәn  biri  14  fevral  1919-cu  ildә  imperiya



qәrargahının  rәisi  Henri  Vilsona  göndәrdiyi  qeyddәn  ibarәt  idi.  Həmin  qeyddə  hərbi  nazir  məlumat  verməyi

tələb  edirdi  ki,  "hazırda  Bakı-Batumi  dəmir  yol  xəttini  əldə  saxlayan  ingilis  silahlı  qüvvələrinin  həqiqi  rolu  və

həmçinin Xəzər dənizi sahillərinə nəzarət  edən ingilis hərbi-dəniz qüvvələrinin vəziyyəti  necədir? Onlar özlərinin

iştirakı ilə  general  Denikinin  ordularına  hansı səviyyədə  yardım  göstərirlər?"  Artıq  sonrakı gün  -  fevralın  15-də

hərbi  nazir  Baş  Qərargahdan  öz  sorğusuna  25  səhifəlik  "Hərbi  nöqteyi-nəzərdən  müttəfiqlərin  Rusiyada  siyasəti

haqqında qeydləri" şəklində cavab almışdır. [12. 87] 1919-cu ilin yazında yalnız Bakıda ingilis hərbi kontingentinin

tərkibində 3,5 minə yaxın ingilis əsgər və zabiti olduğu halda, həmin ilin yayında ingilis ordusunun şəxsi heyətinin

ümumi sayı 5 minə çatdırılmışdı. [30. 128]

Bakını  tutmaqla  Xəzər  bölgəsində  ingilislərin  mövqeyi  xeyli  dərəcədə  möhkəmlənmişdi.  Bakının  neft

məhsullarını və  əsas  sənaye  obyektlərini,  həmçinin  Xəzər  hərbi  və  ticarət  donanmasının  147  gəmisini  "Britaniya

neft  müdiriyyətinə"  tabe  etdirərək,  Xəzər  dənizində  öz  hərbi-dəniz  donanmasını  yaratmaq  üçün  təcili  tədbirlər

görməyə  başlamışdı.  Lakin  onlar  ilk  mərhələdə  böyük  çətinliklərlə  üzləşməli  oldular.  İş  onda  idi  ki,  bir  sıra

gəmilərin,  xüsusilə  "Ərdəhan"  və  "Qars"  gəmilərinin  əsasən  ruslardan  komplektləşdirilmiş  komanda  heyəti  həm

ingilislərə,  həm  də  ağqvardiyaçılara  düşmən  kimi  baxırdı.  26  fevral  1919-cu  ildə  Xəzər  dənizinin  qərb

sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gәmilәrdәn

"Ərdәhan" vә "Qars" pis vәziyyәtdәdir". Artıq iş о yerə çatdırılmışdı ki, 1918-ci ilin əvvəllərində bu gəmilərin

matrosları  Bakı  kommunistləri  vasitəsilə  Həştərxandakı  sovet  komandanlığına  bir  neçə  dəfə  xahişlə  müraciət

etmişdi:  "Sovet  hakimiyyətinə  qayıtmaq  üçün  onların  təhlükəsizliyi  təmin  edilsin".  [16.  93  -  349]  "Qara  dəniz

ordusu"nun baş  komandanı general ser C.  F.  Milnin  1918-1920-ci  illərdə  öz  komandanlığı altında  olan  ordunun

Qafqaz  və  Xəzər  ətrafındakı  əməliyyatları  haqqında  məruzəsində  qeyd  olunduğu  kimi,  həmçinin  1921-ci  ilin

yanvarında İngiltərə hökumətinin "London qəzet"inin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri

heyəti  (iki  kanoner  -  "Ərdәhan"  vә  Qars"  gәmilәri,  hәmçinin  bir  neçә  yardımçı  gәmi)  "bolşevizmə  meyil

etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. [29. 72 - 73]

Beləliklə,  matrosların  "Qars"  və  "Ərdəhan"  gəmilərini  qaçırmağa  göstərdikləri  hər  iki  cəhdi  ingilislər

zərərsizləşdirmişlər.  Nargin  adası  rayonundan  "Qars"  gəmisinə  atəş  açılsa  da  torpeda  gəmidən  yan  keçmişdir.

İngilislər tərəfindən bir çox matros həbs edilmiş, gəmilərin heyəti isə buraxılmışdı. [31. 138] Bu faktı nəzərə alaraq,

Xəzər  dənizində  layiqli  hərbi-dəniz  qüvvələri  yaratmaq  üçün  ingilislər  1919-cu  ilin  əvvəllərində  Qara  dənizdən

Xəzər dənizinə dəmir yolu vasitəsilə torpeda aparatları ilə silahlanmış, həmçinin gəmilərin sahildəki atəş mövqeyini

gücləndirən toplarla təmin olunmuş 13 qırıcı kater göndərmişdir. [16. 6] 1919-cu il yanvarın 

13-də  Port-Petrovsk  şəhərini  tutduqdan  sonra  ingilislər  Çeçen  adasında  (Dağıstan  sahillərində)  öz  hərbi-dəniz

aviasiya bazasını təşkil etmişdi. [32. 78-79]

Artıq  1919-cu  ilin  yazında  ingilislər  sovet  kəşfiyyatının  məlumatına  görə,  Xəzər  dənizində  100-120  mm

çaplı 45  ədəd  topla  silahlanmış  18  böyük  hərbi-dəniz  vahidinə  (5  yardımçı  kreyser  vә  4  kanoner  qayığı  daxil



olmaqla) malik idilər. [32 156]

İngilislər  Bakı-Krasnovodsk-Ənzəli  üçbucağı  üzərində  nəzarət  yaradaraq  Xəzər  akvatoriyasında  özlərinin

bütün hərbi strateji üstünlükləri ilə bərabər tam hökmranlığını təmin etməyə ümid bəsləyirdilər.

İngilis donanmasının əsas tapşırığı onun komandanı kommodor D. T. Norris tərəfindən müəyyən edilmişdi.

О yazırdı: "Biz Xəzər dənizinin şimal hissəsində yerləşən bolşevik qüvvələrinin, yerli bolşevizm təzahürlərinin və

dənizdən bolşeviklərin çıxmasının qarşısını alırıq". [33. 161]

İngilislər 1919-cu ilin birinci yarısında dəniz vasitəsilə Denikin və Kolçakın ağqvardiyaçı ordularını güclü

şəkildə  silahlandırır,  neft  məhsulları  ilə  təmin  edirdi.  Bundan  başqa  general  Milnin  məlumatına  görə  "Britaniya

ordusunun iştirakı həm də faydalı bir məqsədə - könüllü ordu ilə Qafqaz respublikalarının orduları arasında hərbi

əməliyyatların qarşısının alınmasına xidmət göstərirdi". [29. 73]

1918-ci ilin axırlarında ingilislərin Azərbaycan Respublikasına  münasibətində böyük siyasi dəyişikliklərin



olması özünü göstərmişdi. 1918-ci il dekabrın 7-də bütün siyasi partiya və təşkilatların, milli azlıqda qalan xalqların

nümayəndələrinin təmsil olunduğu Azərbaycan Parlamentinin açılışından və dekabrın 26-da F. Xoyskinin başçılığı

ilə  yeni  Nazirlər  Kabineti  yaradıldıqdan  sonra,  dekabrın  28-də  general  Tomson  yeni  bəyanatla  çıxış  edərək

Azərbaycanın  koalisyon  hökumətini  tam  müdafiə  etdiyini,  "Azərbaycan  hüdudlarında  yeganə  qanuni  yerli

hakimiyyətin olduğu"nu bildirmişdi. [34. 29 dekabr 1918] 22 yanvar 1919-cu ildə müttəfiqlərin Cənubi Qafqazdakı

birləşmiş  ordusunun  baş  komandanı general  Milnin  Azərbaycan  hökumətini  tanımağını bir  daha  təsdiq  etmiş  və

bununla əlaqədar qeyd etmişdir ki, "Zaqafqaziya dövlәtlәrinin daxili işlәrinә heç bir müdaxilә olmayacaqdır".

[34.  24  yanvar  1919]  Fevralın  axırlarında  "Qafqaz-Kaspi  hökuməti"nin,  L.  Biçeraxovun  orduları  Bakıdan

çıxarılmış,  erməni  ordularının  qalıqları  ləğv  edilmiş,  5  aprel  1919-cu  ildə  isə  Azərbaycan  ordusu  Bakıya

buraxmışdı.

Beləliklə, 1919-cu ilin əvvəllərində Xəzər bölgəsinə nəzarət etmək uğrunda İngiltərə, Almaniya, Türkiyə və

Rusiya arasında gedən kəskin geosiyasi rəqabət bölgədə İngiltərənin mövqeyinin güclənməsi ilə nəticələnmişdi. Bu

amillər Azərbaycan Respublikası üçün müsbət nəticə doğurmuşdu. Həmçinin onu ağ - qırmızı Rusiya təcavüzündən

müdafiə edərək,  ölkənin  müdafiə  qabiliyyətini  artırmaq, о  cümlədən  hərbi-dəniz  qüvvələrini  möhkəmlətmək üçün

bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsinə geniş imkanlar verirdi.

ƏDƏBİYYAT

1. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: Azərnəşr, 1993

2.  Дарабади  П.  Г.,  Алиев  Н.  А.  Геополитическое  соперничество  в  Каспийском  регионе  и

Азербайджан / С древнейших времен до конца XX века/. Баку: АВВМУ, 2001

3. "Заря Востока" (Тифлис). 3 март 1925 (газета)

4. Деникин А. И. Очерки русской смуты. Москва, 1991

5. Людендорф Э. Мои воспоминания о войне 1914-1918 г. Москва, 1924, т. 2

6. Yüceer N. Birinci dünya savaşında Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı. Ankara, 1996

7. Пипия Г. В. Германский империализм в Закавказье в 1910-1918 г. Москва: Наука, 1978

8.

 Юсифзаде



 С.

 З.


 Первая

 Азербайджанская

 Республика:  история,  события,  факты

англо-азербайджанских отношений.Баку: Маариф, 1998

9. Suny R.G. The Baku Commune. 1917-1918, Prinston, 1972

10. The Times. 29 September 1918 (newspaper)

11. Гражданская война и военная интервенция в СССР // Энциклопедия. Москва: Воениздат, 1983

12. Волков Ф. Д. Тайны Уайтхолла и Даунинг-стрит. М.: Наука, 1980

13.  Генерал-майор  Денстервиль.  Британский  империализм  в  Баку  и  Персии.  1917-1918  г.  Тифлис:

"Советский Кавказ", 1925

14.  Дарабади  П.  Г.  Военно-политическая  борьба  за  Баку  и Каспий  в  1918-1920  г.  //  Возрождение  -

XXI век. 1999, №21-22

15. Михайлов Я. Л. К вопросу о подготовке английской интервенции в Азербайджане в 1918 году //

Известия АН Азерб.ССР /Серия истории, философии и права/. 1979, №2

16.  Военные  моряки  в  борьбе  за  власть  Советов  в  Азербайджане  и  Прикаспии.  1918  -  1920  г.

//Сборник документов. Баку: Элм, 1971

17.  Лавров  С.  В.  Политика  Англии  на Кавказе  и Средней  Азии  в  1917-1921  г.  //  Вопросы  истории.

1979, № 5

18. Мирошников Л. И. Английская экспансия в Иране. 1914-1920 г. Москва, 1961

19. "Правда". 21 апрел 1989 (газета)

20. Ленин В. И. Военная переписка (1917-1920 гг.). Москва, 1943

21. Rəsulzadə M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990

22. Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье. Москва:Воениздат, 1960

23. Багров В. Н., Морозов Ю. В., Семин Г. И. Приказываю самым срочным порядком. Москва, 1991

24. Иностранная военная интервенция и гражданская война в Средней Азии и Казахстане. Алма-Ата,

1963, т. I

25. Дудшувейт Е. Ф.Турция в годы первой мировой войны. 1914-1918 гг. Москва: МГУ, 1966

26. Süleymanov М. Qafqaz islam Ordusu və Azərbaycan. Bakı: Hərbi nəşriyyat, 1999

27. Озаровский Н. Ю. Энзелийская операция 18 мая 1920 г. // Морской Сборник. 1941, №2

28. Раевский А. Английская интервенция и мусаватское правительство. Баку, 1927

29. "Dialoq" (Moskva). 1993. №2 (jurnal)

30. "Возрождение" - XXI век. 1999, №21, 22 (журнал)

31. Дарабади П. Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку:

Элм, 1991

32.  Директивы  Главного  командования  Красной  Армии  (1917  -  1920  г.)  //  Сборник  документов.

Москва: Воениздат, 1969




33.  Селяничев  А.К.  В.И.  Ленин  и  становление  Советского  Военно-Морского  Флота.  Москва:

Воениздат, 1979

34. "Azərbaycan" (qəzet)

35. Mac Donell A.R. And Nothing Long. London, 1979



XARİCİ ORDULARDA

"BULL" ZİREHLİ MAŞINI

Amerikanın  "Seredayn"  vә  "Aydiel  innoveyşns"  şirkәtlәri  mina  vә  әldәqayırma  partladıcı

qurğulara,  kumulyativ  döyüş  sursatına  qarşı  yüksәk  müdafiә  qabiliyyәtinә  malik  olan  "Bull"  zirehli

maşınını  hazırlamışlar.  Avtomobildәn  daha  tәhlükәli  yerlәrdә  vә  şәhәr  şәraitindә  aparılan  döyüş

әmәliyyatlarında şәxsi heyәtin,  hәmçinin  yük,  yanacaq  vә  sair  materialların daşınması  üçün  istifadә  etmәk

mümkündür.

ABŞ Müdafiә Nazirliyindәn vә bir sıra idarәlәrdәn yeni zirehli maşını almaq imkanları öyrәnilir.

"ZARUBEJNOYE VOYENNOE OBOZRENİYE" JURNALI, №5, 2008-ci il

Yüklə 109,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə