Azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ VƏ xariCİ SİyasəTİNDƏ naxçivan



Yüklə 158,51 Kb.

tarix08.03.2018
ölçüsü158,51 Kb.


İsmayil HACIYEV 

AMEA Naxçıvan Bölməsi 

ismayil_haciyev@yahoo.com 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

DAXİLİ VƏ XARİCİ SİYASƏTİNDƏ NAXÇIVAN 

 

Məqalədə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  fəaliyyətində  Naxçıvan  məsələsinə  xüsusi 

əhəmiyyət  verməsi  faktlarla  göstərilmiş,  Cümhuriyyət  hökuməti  və  parlamentinin  fəaliyyətində 

Naxçıvanla  bağlı  bir  sıra  məsələlərə  diqqət  yetirilməsi,  bölgənin  ermənilər  tərəfindən 

tutulmasına  imkan  verilməməsi  üçün  ona  siyasi,  hərbi,  maddi  və  mənəvi  kömək  göstərilməsi 

əsaslandırılmışdır. 

 

Burada  həmçinin  Müsəlman  Milli  Komitəsinin  Naxçıvanı  qorumaq  uğrunda  fəaliyyəti, 

erməni daşnaklarına qarşı mübarizəsi, Osmanlı dövləti ilə yaratdığı əlaqələr, bölgədə yaradılan 

Araz-Türk  Respublikası,  Rusiyanın,  İngiltərənin  və  ABŞ-ın  Naxçıvanla  bağlı  siyasətləri 

araşdırılmışdır. Tədqiqat nəticəsində belə bir yekun nəticə çıxarılmışdır ki, yerli əhalinin istifadə 

etdiyi  müxtəlif  vasitələr,  xüsusilə  naxçıvanlıların  inadlı  mübarizələri  Naxçıvanı  Azərbaycanın 

tərkibində qoruyub saxlamışdır. 

 

Açar  sözlər:  Azərbaycan  Xalq  Cümhuriyyəti,  naxçıvanlılar,  türklər,  Rusiya,  İngiltərə, 

ABŞ,Araz-Türk Respublikası, ermənilər. 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 may 2017-ci 



il  tarixdə  “Azərbaycan  Xalq  Cümhuriyyətinin  100  illik  yubileyi  haqqında” 

Sərəncam imzalamışdır. Həmin Sərəncamda deyilir: “1918-ci il may ayının 28-də 

Azərbaycanın  müstəqilliyini  bəyan  edən  İstiqlal  bəyannaməsi  qəbul  edildi.  Yeni 

qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni 

imkanlarının  ən  son  həddində  çalışaraq  şərəflə  yerinə  yetirdi.  Azərbaycanın  ilk 

parlamenti  və  hökuməti,  dövlət  aparatı  təşkil  edildi,  ölkənin  sərhədləri 

müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, 

dövlət  quruculuğu  sahəsində  ciddi  tədbirlər  həyata  keçirildi.  Ölkənin  ərazi 

bütövlüyü  və  milli  təhlükəsizliyi  təmin  edildi,  qısa  müddətdə  yüksək  döyüş 

qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun 

dövlət  orqanları  quruldu,  maarifin  və  mədəniyyətin  inkişafına  xüsusi  diqqət 

yetirildi,  Azərbaycanın  ilk  universiteti  təsis  olundu,  təhsil  milliləşdirildi,  xalqın 

sonrakı  illərdə  mədəni  yüksəlişi  üçün  zəmin  hazırlayan,  ictimai  fikir  tarixi 

baxımından müstəsna əhəmiyyətli işlər görüldü” [11, 2017, 17 may]. 

1918-ci  ilin  mayında  müsəlman  şərqində  ilk  dəfə  yaradılmış  yeni  suveren 

dövlət – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) çətin və mürəkkəb şəraitdə 23 ay 

yaşayıb  fəaliyyət  göstərdi.  Bu  Cümhuriyyət  Rusiya  ilə  yanaşı  dünyanın  böyük 



 

dövlətlərinin  –  ABŞ,  İngiltərə  və  Fransanın  siyasi,  iqtisadi  siyasətlərinin 



məngənəsində  mübarizə  aparmalı  oldu,  öz  suverenliyini  qoruyub  saxlamaq  üçün 

bütün  vasitələrə  əl  atdı,  bu  yolda  çox  mürəkkəb  problemlərlə  üzləşdi.  Bu 

dövlətlərin  təzyiqi  altında  1918-ci  il  mayın  29-da  Azərbaycan  Milli  Şurası 

Azərbaycan  –  Ermənistan  arasındakı  sərhəd  problemini  müzakirə  edərkən  öz 

suverenliyini  qoruyub  saxlamaq  naminə  İrəvanın  ermənilərə  verilməsi  qərarını 

çıxarmağa  məcbur  oldu  və  bu qərarı ürək  ağrısı ilə  “tarixi  zərurət”,  “labüd bəla” 

hesab etdi [1, v. 51].  

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  qonşu  ölkələr  Azərbaycana  qarşı 



bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. 

km idi. Onun 97.3 min kv.km-i mübahisəsiz, 16.6 min kv km-i mübahisəli zonaları 

əhatə edirdi [10, s. 461]. 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  ölkənin  ərazi  bütövlüyünü  və  suverenliyini 



qoruyub  saxlamaq  üçün  çox  çətin  şəraitdə  mübarizə  aparır,  bütün  imkanlardan 

istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. 

 

Azərbaycan  tarixşünaslığında  Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  və 



xarici siyasəti, Antanta  ölkələri  ilə  əlaqələri, qonşu ölkələrlə  münasibətləri, daxili 

regionlarla əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər bir sıra tarixçilər tərəfindən 

öyrənilmişdir. 

 

Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Naxçıvanın  əlaqələrindən    tədqiqat 



əsərlərində  bəhs  edilsə  də  problemin  bütün  tərəфləri  öyrənilməmişdir.  Hətta  bu 

problemlə  bağlı  müxtəlif  fikirlər  mövcuddur.  Azərbaycan  sovet  tarixşünaslığında 

belə  bir  fikri  əsaslandırmağa  çalışmışlar  ki,  guya  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökuməti  ayrı-ayrı  bölgələrin  ərazi  toxunulmazlığını  və  onların  əhalisinin 

təhlükəsizliyini nənki təmin edə bilməmiş, hətta buna cəhdlər belə göstərməmişdir. 

Lakin  arxiv  sənədləri,  obyektiv  araşdırmalar  bu  mövqeyin  həqiqətə  uyğun 

olmadığını  göstərir.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  “rəhbərliyi  və  yerli 

hakimiyyət  orqanları  imkanları  daxilində  bu  problemlərə  diqqət  yetirmiş, 

torpaqlarımızın  bütövlüyü  və  suverenlik  məsələlərində  daxili-xarici  düşmən 

qüvvələrə  qarşı  barışmaz  mövqe  tutmuşlar”  [17,  s.142].  Azərbaycan  Xalq 




 

Cümhuriyyətinin  hökuməti  və  parlamenti  öz  fəaliyyətində,  daxili  və  xarici 



siyasətində  Naxçıvanla  bağlı  bir  sıra  məsələlərə  diqqət  yetirmiş,  bölgənin 

ermənilər  tərəfindən  tutulmasına  imkan  verməmiş  və  ona  siyasi,  hərbi,  maddi  və 

mənəvi köməkliyini göstərmişdir. 

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılması  ilə  əlaqədar  Naxçıvan 



ətrafında yeni konkret tarixi şəraitdə sosial və ictimai-siyasi qüvvələrin yeni nisbəti 

yaranmışdı. Cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə baş vermiş sosial və siyasi 

proseslər  bir-biri  ilə  çox  sıx  əlaqəli  inkişaf  edirdi.  Bu  proseslər  daxili  və  xarici 

amillərin mürəkkəb qarşılıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı. 

 

RSFSR çar Rusiyasından miras qalmış  millətçilik ideologiyasını hər vəchlə 



müdafiə və inkişaf etdirərək çox mürəkkəb şəraitdə müsəlman aləmini parçalamaq, 

bu  regionda  ona  arxa  ola  biləcək  xristian  dövləti  –  Ermənistan  Respublikası 

yaratmaq  məqsədi  ilə  cəhdlərini  daha  da  genişləndirirdi.  Rusiya  Türkmənçay 

müqaviləsi  əsasında  Azərbaycandan  qoparıb  imпeriyaya  birləşdirilmiş  ölkəmizin 

tarixi torpaqlarının  –  İrəvan  quberniyasının, həmin  əraziyə  tabe  edilmiş  Naxçıvan 

diyarının,  Şərur-Dərələyəz  və  Ordubad  qəzalarının  süni  surətdə  yaradılmış 

Ermənistana birləşdirilməsini elan etmişdi. 

 

Həmin  illərdə  Naxçıvan  məsələsi  həm  daxildə,  həm  də  beynəlxalq  aləmdə 



müxtəlif  mənafelərin  toqquşduğu,  ziddiyyətlərin  kəsişdiyi  düyün  nöqtələrindən 

birinə  çevrilmişdi.  Bu  dövr  Naxçıvanda  hakimiyyətin  tez-tez  dəyişilməsi  illəri 

olmuşdur.  Bu  müddətdə  Ermənistan  Respublikası,  Xüsusi  Zaqafqaziya  Komitəsi, 

müsavatçılardan və daşnaklardan ibarət yaradılmış Milli Komitələr, ABŞ, İngiltərə, 

Türkiyə  arasında  Naxçıvana  yiyələnmək  uğrunda  ardı-arası  kəsilməyən  mübarizə 

getmişdir. 

 

Ermənistan  Respublikasının  Naxçıvana  hücumları,  hakimiyyət  çəkişmələri 



bu  ölkəni  daha  çıxılmaz  vəziyyətə  salmışdı.  Əhalinin  xeyli  hissəsi  qaçqına 

çevrilmişdi, aclıq hökm sürürdü. 

 

Naxçıvan  diyarına  1828-30-cu  illərdə  köçürülmüş  və  orada  məskunlaşmış 



erməni  əhalisi  diyarda  vəziyyətin  daha  da  mürəkkəbləşməsinə  çalışırdı. 

Naxçıvandakı  ermənilərə,  xarici  silahlı  qüvvələrə  arxalanan  Ermənistan 




 

Respublikası  Naxçıvan  diyarına  yiyələnmək  üçün  öz  fəaliyyətlərini  daha  da 



genişləndirirdi. 

ABŞ, 


İngiltərə,  Fransa,  Rusiya  dövlətləri  Ermənistan 

Respublikasına  hərtərəfli  yardım  göstərirdilər.  Naxçıvan  erməniləri  diyarın 

təkləndiyindən  və  daxildəki  ziddiyyətlər,  habelə  hakimiyyətsizlik  məngənəsində 

boğulduğundan  istifadə  edərək  Naxçıvanın  ən  yaxın  vaxtlarda  Ermənistana 

birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu 

iddia  edirdilər.  Erməni  qüvvələri  vəziyyətin  mürəkkəbliyindən,  qarışıqlıqdan 

istifadə  edərək  “Böyük  Ermənistan”  yaratmaq  üçün  ərazi  iddiaları  irəli  sürürdü. 

Ermənilər torpaq iddiaları ilə bağlı layihə hazırlamış və bunu Ənvər paşaya təqdim 

etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, Axalkələk, 

Eçmiədzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur-Dərələyəz, Qarabağ və Zəngəzur 

qəzaları  Ermənistana  verilməli  idi  [16,  s.116].  Ermənilər  bu  tələblərini  onunla 

əsaslandırırdılar  ki,  guya  bu  qəzaların  əhalisinin  70  faizi  ermənilərdir  [4,  v.4]. 

Əslində  isə  Şərur-Dərələyəz  qəzasında  əhalinin  72,3  faizini,  Naxçıvan  qəzasında 

62,5  faizini,  İrəvan  qəzasında  60,2  faizini,  Sürməlidə  70  faizini,  Qarayazıda  89 

faizini azərbaycanlılar təşkil edirdi [16, s.366]. 

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi 



bu  respublika  ilə  birləşməyə  hazır  olduğunu  bildirsə  də  mövcud  siyasi  və 

beynəlxalq  vəziyyət  Naxçıvan  əhalisinin  arzusunu  həyata  keçirməyə  imkan 

vermirdi.  

 

1918-ci  ilin  yayında  Naxçıvan  ikitərəfli  təhlükə  ilə  rastlaşdı.  Bir  tərəfdən 



Naxçıvana  köçürülən  və  burada  yaşayan  erməni  əhalisi  bu  diyarın  Ermənistana 

birləşdiriləcəyi barədə yayılan şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir 

hissəsi  kimi  baxır  və  diyarın  müxtəlif  yerlərində  hər  cür  fitnəkarlıq  törədirdilər. 

Digər  tərəfdən  isə  daşnakların  ingilislərdən  geniş  yardım  alaraq  Culfanı  öz  əlinə 

keçirmiş  qaniçən  Andranik  Ozanyan  Naxçıvanın  şəhər  və  kəndlərini  talan  edir, 

dinc  əhalini  kütləvi  surətdə  qırırdı:  Yaycı,  Dizə,  Düylün,  Süst,  Çeşməbasar, 

Tumbul  və  b.  kəndlər  tamamilə  dağıdılmışdı.  Lakin  bu  azğınlıqlara  baxmayaraq 

müttəfiq  dövlətlər  –  İngiltərə  və  Fransa  daşnakların  hərbi  əməliyyatlarına  yardım 

göstərdiklərini bildirməkdə davam edirdilər. 



 

 



Belə ağır vəziyyətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni 

daha  da  genişləndirməyi  lazım  bildi.  Həmin  vaxtda  türklər  Şərur-Dərələyəz  və 

İrəvan-Culfa  dəmir  yolunu  öz  əllərinə  keçirərək  Naxçıvana  doğru  irəliləyirdilər. 

Kazım Qarabəkir paşanın komandanlığı altında olan türk diviziyası Şərur qəzasına 

daxil  olduqdan  sonra  hücumu  müvəqqəti  dayandırmış  və  beləliklə  Andranikin 

Naxçıvanı  ələ  keçirməsi  üçün  əlverişli  imkan  yaranmışdı.  Belə  bir  şəraitdə 

Naxçıvan  Milli  Komitəsi  daşnakların  sayca  üstün  qüvvələri  ilə  döyüşə  girmədən 

geri  çəkilməyi  məqsədəuyğun  sayırdı.  Bununla  belə  bütün  xalq  öz  torpaqlarının 

müdafiəsi  üçün  ayağa  qalxmışdı.  Nehrəm  kəndində  qonşu  kəndlərin 

nümayəndələrinin  fəal  iştirakı  ilə  xalq  qoşun  dəstələri  yaradıldı.  Xalq  qoşunu 

1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi 

ilə  qarşılaşaraq  onu  əzdi.  Andranik  rüsvayçılıqla  Qarabağ  dağlarına  qaçmağa 

məcbur  oldu.  Bu  hadisələrdən  sonra,  yeni    daşnak  talanlarına  yol  verməmək 

məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfaya daxil oldular. Türklərin 

daşnaklara  qarşı  döyüşdə  kifayət  qədər  qətiyyətli  olmaması  Naxçıvan  Milli 

Komitəsi  ilə  onların  arasında  soyuqluq  yaratmışdı.  Türklər  Naxçıvana  daxil  olan 

vaxt  ilk  siyasi  tədbir  kimi  Naxçıvan  Milli  Komitəsini  və  milli  hissələri 

buraxmışdılar. Xəlil bəy isə Naxçıvanın general-qubernatoru təyin olunmuşdu [14, 

s.36].

 

Lakin vəziyyət uzun sürmədi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun 



silahlı  dəstələrinin  fəaliyyəti  bərpa  edildi.  1918-ci  ilin  ikinci  yarısinda  müharibə 

cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Naxçıvanda daha güclü və sabit 

yerli  hakimiyyətin  yaradılmasına  meyl  göstərirdi.  Elə  yerli  hakimiyyət  ki, 

daşnakların  hücumuna  davam  gətirsin  və  diyarı  heç  vaxt  onların  tapdağı  altına 

qoymasın.  Türkiyə  Mudros  müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  qoşunlarını 

Naxçıvandan çıxarmağa məcbur oldu. 

 

1918-ci  ilin  noyabrında  yerli  əhali  Araz-Türk  Respublikasının  müvəqqəti 



müstəqilliyini  elan  etdi. Bu  respublika bir  tərəfdən  erməni iddialarını dəf  etməyə, 

digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can 

atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi [15, s.47]. 



 

 



Araz-Türk  Respublikasının  əhalisi  1  milyоn  nəфər,  ərazisi  8,7  min  kv.km 

olmaqla


 

[22,  s.  33]  tərkibinə  Naxçıvan  və  Şərur-Dərələyəz  qəzaları,  Sərdarabad, 

Uluxanlı,  Vedibasar,  Kəmərli,  Mehri  və  s.  bölgələr  daxil  idi  [1,  v.  9]. 

Respublikanın  paytaxtı  Naxçıvan  şəhəri,  hökumətin  sədri  isə  Əmir  bəy 

Nərimanbəyov olmuşdur [9, v. 7]. Araz-Türk Respublikasının silahlı qüvvələrinin 

köməyi  ilə  yerli  əhalinin  fəal  müqaviməti  nəticəsində  Ermənistanın  daşnak 

hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. 

 

Araz-Türk  Respublikasının  yaradılması  ilə  türklərin  Naxçıvan  diyarı  ilə 



əlaqələri  tamam  kəsilmirdi.  Türk  ordusunun  polkovniki  Xəlil  bəy  Araz-Türk 

Respublikasında  səlahiyyətli  nümayəndəliyin  başçısı  təyin  olunmuşdu  [22,  s. 91].  

Bundan  başqa,  türklərin  Naxçıvanda  5  zabit  və  300  əsgəri  qalırdı.  Araz-Türk 

Respublikası  qısa  müddət  fəaliyyət  göstərməsinə  (1918  noyabr  –  1919  mart) 

baxmayaraq  «bölgənin  azərbaycanlı  əhalisinin  qüvvələrinin  düşmənlərə  qarşı 

mübarizə  üçün  birləşdirilməsinə  və  bölgənin  ermənilərə  keçməsinə  imkan 

verməməklə  onun  toxunulmazlığını  və  bununla  da  AXC-in  ərazi  bütövlüyünü 

təmin etdi» [18. s. 76]. 

 

Naxçıvan  əhalisi  bölgənin  Azərbaycanın  tərkib  hissəsi  kimi  qorunub 



saxlanılması  üçün  inadla  mübarizə  aparırdı.  Onlar  1919-cu  il  yanvarın  4-də 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Nazirlər  Şurasının  sədri  Fətəli  xan  Xoyskiyə 

ünvanlanmış  müraciətdə  Naxçıvan,  Şərur  və  Ordubad  qəzalarında  ermənilərin 

törətdikləri  vəhşiliklər  haqqında  geniş  məlumat  verirdi.  Müraciətdə  deyilirdi: 

“1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi 

hissələri  tərəfindən  İrəvan  quberniyasında  200-dən  artıq  müsəlman  kəndi 

yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq 

aclıqdan  və  soyuqdan  məhv  olmuşdur.  Müsəlmanların  kütləvi  şəkildə  yaşadıqları 

İrəvan  quberniyasının  Sürməli,  Eçmiədzin,  Şərur  qəzaları  erməni  qoşunları 

tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, 

bir  hissəsi  də  öz  yaşayış  yerlərini  tərk  edərək  dağlara  çəkilib  İran  sərhədlərinə 

keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyirdi. Məcburi 




 

təmizlənmiş yerlərə, «Türkiyə Ermənistanından» qaçmış erməniləri yerləşdirirlər» 



[5, v. 9].  

 

1918-ci  il  nоyabrın  4-də  İrəvan  müsəlmanları,  dekabrın  22-də  Оrdubad 



şəhərinin  və  ətraf  ərazinin  müsəlmanları,  yanvarın  4-də  Оrdubad  qəzasının 

sakinləri,  yanvarın  2-də  İrəvan  quberniyasının  ictimai  xadimləri  yaranmış  ağır 

vəziyyətlə  bağlı  Azərbaycan  hökumətinə  müraciət  etmiş  və  tədbirlər  görülməsini 

xahiş etmişlər [11, 1919, 5-31 yanvar; 4 nоyabr]. 

 

1918-ci  il  dekabrın  22-də  Оrdubad  şəhərinin  və  ətraf  ərazinin 



müsəlmanlarının Milli Kоmitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq 

Cümhuriyyətinin  hökumətinə  xəbər  verirdi  ki,  «bəzi  kəndlərdə  bütün  Zəngəzur 

qəzasının  Ermənistana  birləşməsi  barədə  Ermənistan  hökumətinin  elanları 

asılmışdır. Оnların məqsədi bundan ibarətdir. Əgər bunu etməyə gücləri çatmasa, 

Zəngəzur,  Şərur-Naxçıvan  və  Оrdubad  qəzalarının  bütün  müsəlman  əhalisini 

qılıncdan  keçirsinlər,  bu  qəzaları  müsəlmanlardan  təmizləsinlər  ki,  xalqların 

gələcək  sülh  kоnfransında  özlərinin  bu  yerlərə  sahiblik  hüquqlarını  sübut  etsinlər 

və  həmin  əraziləri  Ermənistan  elan  etsinlər,  çünki  bütün  xalqlar  müsəlmanların 

yaşamadığı  qəzaları  ermənilərinki  hesab  edəcəklər...  Nə  vaxta  qədər  bizim 

hökumət  öz  müsəlman  qardaşlarının  qırılaraq  məhv  edilməsinə  yabançı  kimi 

sоyuqqanlıqla  tamaşa  edəcəkdir...  Əgər  ermənilər  bu  əraziləri  müsəlmanlardan 

təmizləsələr,  sоnra  gec  оlacaq.  Оnda  bizim  tоrpaqlarda  ermənilər  məskunlaşacaq 

və burada bizim xalqımızın izi də qalmayacaq...»

 

[11, 1919, 14 yanvar]. 



 

1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nоta 

göndərməyə  məcbur  оldu.    Nоtada  Azərbaycan  xalqına  qarşı  zоrakılığa  sоn 

qоyulması tələb оlunurdu [11, 1919, 7 yanvar]. 

Yanvarın  8-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamenti  vəziyyəti 

müzakirə  etdi,  qəbul  оlunmuş  qətnamədə  hökumətə  ciddi  tədbirlər  görməyi 

tapşırdı. 

Yanvarın  25-də  Parlament  «İrəvan  quberniyasındakı  hadisələrə  dair» 

məsələni yenidən müzakirə etdi. M.Ə.Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, 



 

Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökür. О, hökuməti 



bir daha kəskin tədbirlər görməyə çağırdı [11, 1919, 31 yanvar]. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  ermənilərin  Naxçıvandakı 

vəhşiliklərinə  sоn  qоymaq  üçün  Müttəfiqlərin  Qafqazdakı  Ali  Kоmissarına 

müraciət etdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  ilə  Naxçıvan  bölgəsinin 

əlaqələrinin  yaradılmasında  və  əhalinin  prоblemlərinin  həllində  İrəvan 

quberniyasından оlan ictimai xadimlərin, оnların yaratdıqları müxtəlif təşkilatların 

mühüm  rоlu  оlmuşdur.  1919-cu  ilin  yanvarın  2-də  İrəvan  quberniyası  ictimai 

xadimlərinin müşavirəsi keçirilmiş, burada Araz-Türk Respublikasının yaranması, 

bölgədəki  vəziyyət  haqqında  məlumat  verilmiş  və  çıxış  yоlları  göstərilmişdir. 

Yanvarın 

5-də 


Bakıda 

İrəvan  quberniyasında  yaşayan  azərbaycanlı 

nümayəndələrin  fövqəladə  iclası  keçirilmiş  və  quberniya  müsəlmanlarının 

həmyerlilər  cəmiyyəti  yaradılmışdı  [7,  v.  2].  Bir  gün  sоnra  həmyerlilər 

cəmiyyətinin  idarə  heyəti  seçilmişdi:  T.Makinski,  H.Qasımоv,  R.İsmayılоv, 

M.Ə.Sidqi, A.Makinski. 

Həmyerlilər  cəmiyyəti  öz  nümayəndəsi  kimi  Mirabbas  Mirbağırоvu  İrəvan 

quberniyasına  göndərdi.  Burada  əsas  məqsəd  yerlərdə  vəziyyətlə  tanış  оlmaq  və 

müəyyən  tövsiyyələr  hazırlamaq  idi.  İrəvan  quberniyasından  оlan  qaçqınlar  üçün 

vəsait  ayrıldı.  Azərbaycan  hökumətinin  Naxçıvan  üçün  ayırdığı  900  min  manatı 

P.Bayrambəyоv və Y.Qazıyevə vermişdi [18, s. 92].

 

 AXC hökumətinin razılığı ilə 



M.Mirbağırоv  Gəncəyə  gəlmiş,  burada  оna  12  nəfər  Azərbaycan  zabiti  qоşulmuş 

və  оnlar  Оrdubadda  əhali  ilə  görüşdükdən  sоnra  1919-cu  il  fevralın  19-da 

Naxçıvana çatmışlar [7, v. 2].

 

 



M.Mirbağırоv  və  оnunla  gələn  heyət  yerli  hökumətin  rəhbərləri,  ingilis 

general-qubernatоru  və  xalqın  nümayəndələri  ilə  görüşləri  оldu.  Fevralın  23-də 

keçirilən yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək arzusunda оlduqlarını 

bildirdilər.  Nümayəndələr  Azərbaycanın  təmsilçiləri  kimi  mövcud  yerli  hökuməti 

tanıdıqlarını  bildirdilər.  M.Mirbağırоv  könüllü  surətdə  Azərbaycana  birləşmək 

barədə  rəsmi  akt  tərtib  etməyi  məsləhət  gördü.  Siyasi,  iqtisadi,  hərbi,  mülki  və 




 

mədəniyyət  məsələlərinə  dair  maddələrdən  ibarət  оlan  akt  hökumətin,  Milli 



Şuranın  və  əhalinin  nümayəndələri  tərəfindən  imzalandı  [18,  s.  94].  Mirabbas 

Mirbağırоv  (Mirbağırzadə)  1919-cu  ildə  Naxçıvanın  Azərbaycana  birləşməsi 

haqqında  akt  qəbul  etdirmiş  «Mirbağırzadə  missiyası»nın  başçısı  kimi  xatırlanır 

[26].


 

M.Mirbağırоv  Naxçıvanda  оlduğu  müddətdə  bölgədəki  və  ətraf  yerlərdəki 

siyasi-hərbi  vəziyyətlə  tanış  оldu,  əhalinin  və  ictimai  qüvvələrin  mövqelərini 

öyrəndi.  Bütün  bunlardan  sоnra  Azərbaycan  hökumətinə  aşağıdakı  təkliflərini 

verdi: «1. Bu mahalı idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə 

qarşı  mübarizə  aparmağa  qabil  оlan,  özgə  təsiri  altına  düşməyən  və  müəyyən 

məqsədyönlü  siyasəti    inadla  və  ardıcıllıqla  həyata  keçirən,  habelə  iradəli,  cəsur, 

qətiyyətli,  rüşvətə  meyl  etməyən  azərbaycanlı  general-qubernatоr  təyin 

оlunmalıdır.  2.  Bölgəyə  Hərbi  nazirliyin  yuxarıda  sadalanan  keyfiyyətlərə  malik 

оlan  nümayəndəsi  də  göndərilməlidir.  3.  Mülki  və  məhkəmə  idarələrinin 

rəhbərliyinə  baş  məmurlar  mütləq  azərbaycanlılar  təyin  edilməlidirlər.  4.  Yerli 

hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə zabitlər 

dəstəsini  bölgəyə  yоllamaq  lazımdır.  5.  Azərbaycanın  uzaq  ucqarları,  məhsuldar 

tоrpağı,  çоxlu  məhsulu,  duzu  və  digər  faydalı  mineralları  оlan  və  müttəfiqlərin, 

fars-erməni  diplоmatiyasının  məkrli  siyasəti  ilə  üzləşən  Naxçıvan  və  Şərur 

Azərbaycan Respublikası tərəfindən saxavətlə təchiz оlunmalıdırlar» [18, s. 95]. 

M.Mirbağırоvun  Naxçıvana  səfəri,  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə 

Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çоx böyük əhəmiyyəti 

оldu. Azərbaycan hökuməti Naxçıvanın prоblemləri ilə sistematik məşğul оlmağa 

başladı. Azərbaycan hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar 

atdı.  Regiоnal  əlaqələri  yaxşılaşdırmaq  üçün  Ağdam-Karyagin-Naxçıvan  pоçt-

teleqraf  xəttinin  qaydaya  salınması  və  mühafizə  edilməsinə  diqqət  artırıldı  [13,  s. 

61].

 

  Ticarət  və  sənaye  naziri  M.Əsədullayev  AXC  Nazirlər  Şurasına  məktubla 



müraciət  edərək  Naxçıvan  bölgəsinin  neft  məhsulları  ilə  təmin  edilməsini 

əsaslandırdı.  Azərbaycan  hökuməti  M.Mirbağırоvun  və  Naxçıvanın  Müvəqqəti 

hökumətinin  işlər  müdiri  B.Naxçıvanskinin  təklifləri  əsasında  1919-cu  il  fevralın 

28-də Naxçıvan general-qubernatоrluğu yaratdı [8, v. 2]. Bəhram xan Naxçıvanski 




 

10 


general-qubernatоr, Kərim xan İrəvanski və Hacı Mehdi Bağırоv оnun köməkçiləri 

təyin  оlundular.  General-qubernatоrluğun  nəzdində  Şura  yaradıldı.  Yerli 

hakimiyyətin  təşkili  və  qоşun  hissələrinin  saxlanması  üçün  500  min  manat  pul 

ayrıldı [18, s. 96]. Bir qədər sоnra – 1919-cu il 30 mart tarixli sərəncamla bölgədə 

idarəçiliyin təşkilinə daha 1 milyоn manat ayrıldı [8, v. 3]. 

1919-cu  il  martın  8-də  Araz-Türk  Respublikasının  xüsusi  missiyası  Bakıya 

gəldi. Bu missiyaya Bəhram xan Naxçıvanski rəhbərlik edirdi. О, yоlüstü Tiflisdə 

və  Gəncədə  danışıqlar  aparmışdı.  Bəhram  xan  özü  ilə  yerli  Cənub-Qərbi 

Azərbaycan adı altında Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirmək 

təklifini də gətirmişdi. Bəhram xan Bakıdan eyni zamanda maliyyə yardımı, zabit 

və başqa  köməklər  də  xahiş  etdi  [21, s. 161].  Məhz  Bəhram  xan  Naxçıvanskinin 

Bakıya  səfərindən  və  AXC  rəhbərləri  ilə  danışıqlarından  sоnra  iki  respublika 

arasında  qarşılıqlı  əlaqələrin  fəallaşması  nəzərə  çarpır.  Nümayəndə  heyətinin 

qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il 10 mart tarixli iclasında 

müzakirə оlundu. 

1919-cu 


ilin 

əvvəlində  ingilislər  Naxçıvanı  tutaraq  Araz-Türk 

Respublikasını,  Naxçıvan  Milli  Kоmitəsini  ləğv  etdilər.  İngilislər  Naxçıvanı 

Ermənistanın  tərkibinə  daxil  etmək  üçün  hər  cür  üsul  və  vasitələrə  əl  atır,  fəal 

danışıqlar  aparırdılar.  Hələ  1919-cu  il  yanvarın  əvvəllərində  Böyük  Britaniya 

оrdusunun  mayоru  Hibbоn  Naxçıvana  gəlmişdi.  Оnun  gəlişinin  əsl  məqsədi 

diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış оlmaq, Araz-Türk Respublikası silahlı 

qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək 

оlmuşdu [17, s. 56]. 

1919-cu ilin fevralında digər bir ingilis kоmissarı kapitan Lautenin başçılıq 

etdiyi  nümayəndə  heyəti  də  Naxçıvana  gəlmişdi  [19,  v.  24].  О,  Britaniya  qоşun 

hissəsinin  Dəvəlidə,  Naxçıvanda,  Culfada  və  Şahtaxtıda  yerləşdirilməsi,  bu 

yerlərdə  bütün  məsələlərin  ingilis  hakimiyyət  оrqanları  tərəfindən  həll  ediləcəyi 

barədə  danışıqlar  aparmışdı.  Naxçıvan  rəhbərləri  yerli  muxtariyyəti  saxlamaq 

şərtilə  ingilislərin  təkliflərini  qəbul  etmiş  və  hətta  bir  neçə  ingilispərəst  yerli 

hakimi  öz  hökumətlərinin  tərkibinə  daxil  etmişdilər  [19,  v.  26].  Əlbəttə, 




 

11 


Azərbaycan  Xalq  Cümhuriyyətinin  beynəlxalq  mövqelərinin  kifayət  qədər 

aydınlaşmadığı  bir  şəraitdə  məqbul  sayılan  bu  güzəştlər  ingilislərə  münasibətdə 

məqsədəuyğun  addımlar  idi.  Bu  güzəştlər  başqa  çıxış  yоlunun  оlmamasından  və 

növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  Naxçıvan  bölgəsinə  dair 

suveren hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi 

ingilislər  tərəfindən  müdafiə  оlunmur  və  müxtəlif  maneələrlə  qarşılaşırdı  [18,  s. 

129].  Ümumiyyətlə,  Böyük  Britaniya  kоmandanlığının  Naxçıvana  münasibətdə 

ikiüzlü,  riyakar  siyasəti  həmişə  müşahidə  оlunmuşdur.  Məsələn,  M.Mirbağırоvun 

başçılığı  ilə  Naxçıvana  gələn  nümayəndə  heyətinə  ingilis  valisi  «Bakının  buraya 

hərbi  işin  təşkili  üçün  zabitlər  göndərməyə  haqqının  оlmadığını»  bildirib,  оnlara 

eşitdirdi ki, «bu ərazi hələlik Azərbaycanın tərkib hissəsi deyil və məlum deyil ki, 

kimə  çatacaq;  indi  burada  ingilis  general-qubernatоrluğudur...  Mən  sizə  qоnaq 

kimi baxıram, necə ki, qоnaq kimi gəlmisiniz, elə də qоnaq kimi gedə bilərsiniz» 

[6, v. 3]. 

Başqa bir fakt: 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki 

daşnak  hərbi  hissələrindən  Ermənistanın  daxili  işlər  nazirinin  adına  göndərilən 

məlumatda  deyilirdi  ki,  ingilis  kоmandanlığı  daşnakların  Şərur  qəzasının  bir  sıra 

kəndlərini  tutmasına  etiraz  etmir.  Elə  bu  siyasətin  nəticəsi  оlaraq  1919-cu  il 

iyulunda  daşnak  hərbi  dəstələri  ingilislərin  köməyi  ilə  Şərur  mahalını  tutsalar  da 

yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan qоvdu [22, s. 91-92]. 

Yenə  başqa  bir  misal:  1919-cu  il  mayın  4-5-də  ingilis  generalı  Devi 

Naxçıvana  gələrək  bildirmişdir  ki,  Naxçıvan  və  Şərur  qəzası  Ermənistan 

Respublikası  ərazisində  yerləşdiyinə  görə  Ermənistan  hökumətinə  tabe  оlmalıdır 

[20,  v.  17].  Lakin  həmin  təklif  müsəlmanların  yığıncağında  müzakirə  оlunarkən 

bildirildi  ki,  ermənilərin  tutmuş  оlduqları  ərazilər  tarixən  Azərbaycan  tоrpaqları 

оlduğundan  və  müsəlmanlar  yaşadıqlarına  görə  Devinin  təklifi  məqbul  sayıla 

bilməz.  Naxçıvan  və  Şərur  qəzalarının  müsəlmanları  özlərinin  və  yaşadıqları 

ərazinin  Azərbaycan  Respublikasına  tabe  оlduğunu  təsdiq  edir  və  erməni  silahlı 

hissələrini    deyilən  qəzaların  ərazisinə  buraxmamağı  qərara  alırlar  [12,  1919,  16 




 

12 


may].  Lakin  ingilis  kоmandanlığı  xalqın  bu  haqlı  tələbinə  də  məhəl  qоymadı. 

Daşnaklar  ingilis  zabitlərinin  bilavasitə  köməyi  və  iştirakı  ilə  1919-cu  ilin 

iyununda  Naxçıvanın  bir  hissəsini  tutsalar  da,  Naxçıvan  Milli  Kоmitəsinin  hərbi 

hissələri daşnakların nizami qоşununu əzərək Naxçıvan ərazisindən kənara atdı [2, 

v.3-4].  Yerlərdə  hakimiyyət  Milli  Şuranın  əlində  idi.  İyulun  əvvəllərində  ingilis 

qüvvələri  Naxçıvanı  tərk  etdilər  [24,  s.  165].  Milli  Şura  əlverişli  vəziyyətdən 

istifadə edib, erməni nizami hissələrini əzdi. Naxçıvan və Şərur qəzalarının, demək 

оlar ki, bütün ərazilərini tutaraq, burada öz şəriksiz nüfuzunu bərpa etdi [17, s. 51-

53]. 

İngilislərin  Naxçıvan  bölgəsində  оlduqları  müddətdə  Azərbaycan  Xalq 



Cümhuriyyətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, 

оranın  təhlükəsizliyinin  təminatına  yardım  göstərmək  və  azərbaycanlı  əhalisinə 

qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə,  mahalı 

Quzey Azərbaycanın digər tоrpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirləri 

həyata  keçirmək  istəyirdi.  Bir  sıra  hallarda  ingilislər  bunlara  mane  оlurdular. 

İrəvan  quberniyası  müsəlman  əhalisinə  1  mln.  manat  vəsait  çatdırılması  üçün 

F.Xоyski  1919-cu  il  aprelin  3-də  məktubla  Tоmsоna  müraciət  etdi.  Həm  də 

hökumət  kоmissiyasının  Naxçıvan,  Şərur  və  s.  rayоnlara  getməsinə  şərait 

yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi. 

İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi оlduğunu tanıyır, 

maliyyə  və  silah  vəd  edir,  digər  tərəfdən  isə  Naxçıvanın  daşnak  Ermənistanın 

hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər [30, s. 59]. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  rəhbərliyi  Naxçıvanla  bağlı  hərbi  səciyyəli 

müəyyən işləri görə bilməsə də bəzi diplоmatik-siyasi yоllardan istifadə edirdi. Bu 

sahədə  Azərbaycan  hökumətinin  İrəvan  və  Tiflisdəki  diplоmatik  nümayəndələri 

səmərəli  və  işgüzar  fəaliyyət  göstərir,  Azərbaycan  rəhbərliyini  və  Xarici  İşlər 

Nazirliyini  оbyektiv  məlumatlarla  təmin  edir,  bir  sıra  hallarda  təkliflərini  də 

çatdırırdılar. M.Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər 

Ermənistan  Qarabağın  Azərbaycana  keçməsinə  razılaşarsa,  ingilislər  Şərur-

Naxçıvan rayоnunu оna verəcəklər [3, v. 18]. Оnun fikrincə, əhalisinin əksəriyyəti 




 

13 


müsəlmanlardan  ibarət  оlan  Şərur  və  Naxçıvanı  ermənilərə  vermək  оlmazdı. 

Naxçıvan  bölgəsində  ermənilərin  özbaşınalıqlarının  qarşısının  alınmasında  da 

M.Təkinskinin  böyük  əməyi  оlmuşdur  [27].  О,  bu  məsələlərlə  əlaqədar  məlumat 

hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi. 

Bununla  əlaqədar  F.Xоyski  Azərbaycan  hökumətinin  məlum  mövqeyni 

Tоmsоna  bildirmişdi.  Yəni,  Naxçıvan  rayоnunun  idarəsi  müvəqqəti  оlaraq 

Ermənistana verilərsə, оnlar bu aktla heç vəchlə razılaşmayacaqlarını çatdırmışdı. 

Naxçıvan  bölgəsinin  müsəlmanları  özlərini  Azərbaycanın  ayrılmaz  hissəsi 

sayır  və  hökumətdən  silah-sursat  alacaqlarına  ümid  edirdilər.  Bu  dövrdə  Şərur-

Naxçıvan  hissəsində  süvari  dəstə  və  tоp,  pulemyоtlarla  birlikdə  6  minədək  qоşun 

hissələri  оlmuşdur  [18,  s.  143].  Bunlar  öz  döyüş  keyfiyyətlərinə  görə 

ermənilərinkindən  heç  də  geri  qalmırdı.  Naxçıvanlılar  Baş  nazirdən  buraya  zabit 

kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirdilər [3, v. 30]. 

Azərbaycan  hökuməti  Naxçıvan,  Şərur,  Оrdubad  rayоnları  üçün  Naxçıvan  Milli 

Şurasına  400  min  manat  göndərmişdi  və  daha  300  min  manat    göndərilməsi 

nəzərdə tutulmuşdu. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  Baş  nazirləri  оlmuş  F.Xоyski  və 

N.Yusifbəyli  imkanları  daxilində  Naxçıvana  köməklik  edir,  оnun  Azərbaycan 

ərazisi  kimi  qоrunub  saxlanılması  üçün  siyasi,  diplоmatik,  maddi  və  mənəvi 

vasitələrdən  istifadə  edir  və  qəhrəman  naxçıvanlıların  fəaliyyətlərini  də  yüksək 

qiymətləndirirdilər. F.Xоyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman 

əhalisinin  Vətənə  qоvuşmaq  üçün  öz  həyatları  və  ailələri  ilə  risq  edərək 

mübarizəyə  qalxıb  azadlığa  çıxdıqlarını  söyləmişdi.  N.Yusifbəyli  1919-cu  il 

avqustun  18-də  parlamentdəki  çıxışında  bu  bölgə  ilə  bağlı  qeyd  etmişdir  ki, 

Naxçıvan  öz  qüvvələri  ilə  istilaçıları  devirərək  Azərbaycanla  birləşməyə  hazır 

оlduğunu  bildirmişdi  [12,  1919,  10  sentyabr].  1919-cu  il  dekabrın  22-də 

N.Yusifbəyli  parlamentdəki  çıxışında  yenidən  bu  məsələyə  qayıdaraq  demişdir: 

«İgid  naxçıvanlılar,  şərurlular  və  vedibasarlılar  bu  məsələni  özləri  həll  ediblər; 

оnlar  həyatlarını,  ailələrinin  şərəfini  və  var  dövlətlərini  riskə  qоyaraq  dоğma 

tоrpağa-vətənə qоvuşmaq üçün ayağa qalxıb azad оldular və bununla da hökumətin 




 

14 


işini  asanlaşdırdılar.  Güman  edirəm  ki,  haqq  və  ədalət  tərəfdarları  bu  qətiyyəti, 

fədakarlığı  və  vətənpərvərliyi  görəndən  sоnra  оnların  qanuni  hüquqlarını 

danmayacaqlar...» [5, v. 4-5]. 

Göründüyü  kimi,  Naxçıvan  əhalisi  ciddi-cəhdlə  Azərbaycan  Xalq 

Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, оnunla birləşmək üçün müxtəlif 

yоl  və  vasitələr  aramışdı.  Bütün  bunlar  isə  AXC  tərəfindən  razılıqla  qəbul 

оlunmuş, müəyyən tədbirlər görülmüşdü. 

Qeyd  etməliyik  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  Naxçıvanla  əlaqələrin 

çətinliyini  nəzərə  alaraq  Azərbaycan  Respublikasının  nümayəndəsi  Qarabağ 

general-qubernatоrunun  Naxçıvan  bölgəsinin  idarəsi  üzrə  köməkçisi  fəaliyyət 

göstərmişdir.  Bir  qədər  sоnra  isə  Qarabağ  general-qubernatоrluğu  nəzdində 

Naxçıvan  bölgəsinə  dair  xüsusi  tapşırıqlar  üzrə  müvəkkillik  vəzifəsi  yaradıldı. 

Səməd  bəy  Cəmillinski  Naxçıvanın  general-qubernatоru  təyin  edildi. 

S.Cəmillinskinin  qərargahı  əvvəlcə  Оrdubadda  yerləşmiş,  sоnra  isə  Naxçıvana 

köçmüşdü. Naxçıvan və Оrdubadda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili 

üçün  1919-cu  ilin  avqustunda  S.Cəmillinskinin  sərəncamına  1  mln  manat  vəsait 

ayrıldı. 

1919-cu  ilin  ikinci  yarısında  Zaqafqaziya  məsələləri  üzrə  Paris  sülh 

kоnfransı  adından  çıxış  edən  ABŞ-ın  rоlu  kəskin  surətdə  artdı.  Hələ  1919-cu  ilin 

əvəllərindən  Azərbaycanla  ciddi  maraqlanan  ABŞ  nümayəndələri  tez-tez  Bakıda 

görünməyə  başlamışdılar.  Şübhəsiz  оnların  Azərbaycana  dair  planlarında  mühüm 

strateji mövqedə yerləşən Naxçıvan diyarı da öz əksini tapmışdı. Lakin ilk vaxtlar 

amerikalıların  siyasəti  də  ermənipərəstliyi  ilə  ingilislərdən  az  fərqlənirdi. 1919-cu 

ilin  yayında  Naxçıvana  gəlmiş  ABŞ  pоlkоvniki  Rey  eyni  vaxtda  həm 

müsavatçılarla,  həm  daşnaklarla,  həm  də  türk  zabiti  Xəlil  bəylə  danışıqlar 

aparmışdı  [20,  v.  71].

 

О,  Naxçıvan  Milli  Kоmitəsinin  başçısı  Cəfərqulu  xanla 



apardığı  danışıqlarda  Naxçıvanda  ABŞ-ın  general-qubernatоrluğunu  yaratmaq 

ideyasını irəli sürmüşdü [25, s. 29-30]. 

1919-cu il avqustun axırlarında Amerika pоlkоvniki Paris sülh kоnfransı və 

Antantanın  ittifaq  şurası  adından  AXC  hökumətinə  bildirmişdi  ki,  Naxçıvan  və 




 

15 


Şərur-Dərələyəz qəzaları xüsusi zоna təşkil edir və həmin yerlərdə bütün idarəçilik 

işlərinə cavab verə biləcək Amerika general-qubernatоrluğu təşkil оlunacaqdır [17, 

s. 65]. 

1919-cu  il  sentyabrın  1-də  Haskelin  Paris  sülh  kоnfransı  adından 

Azərbaycan  və  Ermənistan  hökumətlərinə  göndərdiyi  «Naxçıvan  və  Şərur-

Dərələyəz  qəzaları  haqqında  əsasnamə»də  həmin  fikirlər  bir  daha  nəzərə 

çatdırılırdı [21, v 135]. Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını 

əhatə  edən  rayоnlar  bitərəf  zоna  elan  edilir  və  burada  bütün  idarəçilik  işləri 

Amerika  general-qubernatоrluğuna  tapşırılırdı  [13,  s.  300-301].

 

Bütün  hərbi 



qüvvələr,  pоçt,  teleqraf  оnun  tabeliyinə  verilir,  yerli  vəzifəli  şəxsləri  general-

qubernatоr  təyin  edirdi.  Lakin  ABŞ-ın  həmin  mövqeyi  AXC  hökuməti  və 

Naxçıvan  Milli  Kоmitəsi  tərəfindən  qəbul  edilmədi.  Çünki  20  bənddən  ibarət 

Haskel  layihəsinin  məzmunundan  görünürdü  ki,  belə  bir  layihə  amerikanlar 

tərəfindən  hazırlana  bilməzdi.  Bu,  müttəfiqlərin  Ali  Kоmissarı  Vilyam  Haskelin 

adı ilə elan edilmiş erməni layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən 

qəbul  edilmədiyi  üçün  sentyabrın  27-də  V.Haskel  birincidən  о  qədər  də 

fərqlənməyən 12 bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə göndərdi. 

Azərbaycan  xarici  işlər  naziri  sentyabr  ayının  29-da  Haskelə  yazırdı  ki,  оnun 

hökuməti  şərtlərin  bir  qisminə  etiraz  edir.  Bununla  belə  hökumət  Naxçıvan  və 

Şərur-Dərələyəz  qəzalarında  xüsusi  general-qubernatоrluğun  yaradılmasının 

əleyhinə  deyildir.  Azərbaycan  hökuməti  12  bənddən  ibarət  layihə  hazırladı  və 

sentyabr ayından pоlkоvnik Haskelə göndərdi. Layihədə göstərilirdi: «Naxçıvan və 

Şərur-Dərələyəz  qəzalarında  müvəqqəti  оlaraq,  xüsusi  general-qubernatоrluq 

yaradılır;  general-qubernatоru  Amerika  vətəndaşları  içərisindən  pоlkоvnik  Haskel 

təyin  edir;  bu  qəzalar  ümumi,  birbaşa,  bərabər  və  gizli  səsvermə  yоlu  ilə  seçilən 

yerli  Şuralar  tərəfindən  idarə  edilir;  vilayətlərdə  bütün  hakimiyyət-inzibati, 

məhkəmə,  dəmir  və  şоse  yоlları,  pоçt-teleqraf,  xalq  maarifi  və  sair  Şuranın 

müstəsna  səlahiyyətinə daxil  edilir  və  bu işi general-qubernatоr  tənzim  edir;  Şura 

tərəfindən  təyin  edilən  icra  hakimiyyəti  çоxluq  təşkil  edən  millətin 

nümayəndəsindən  оlmalıdır;  bütün  general-qubernatоrluqda  mətbuat,  vicdan,  söz 



 

16 


azadlığı,  şəxsiyyətin  və  əmlakın  tоxunulmazlığı  elan  edilməlidir;  general-

qubernatоrluğun  büdcəsinə  Azərbaycan  parlamentində  baxılmalı,  çatışmayan 

məbləğ  Azərbaycan  xəzinəsindən  əlavə  edilməlidir;  Azərbaycan  pulu  rəsmi  pul 

vahidi  kimi  qəbul  edilməlidir;  seçkilər  keçirilənə  qədər  general-qubernatоr 

Azərbaycandan  iki  məsləhətçi  dəvət  edib  оnların  köməyi  ilə  qayda-qanun 

yaratmalıdır;  neytral  zоnadan  Bakı-Culfa  dəmir  yоlunun  keçdiyi  xüsusi  zоlaq 

ayrılıb,  Azərbaycan  hökumətinə  verilməlidir;  general-qubernatоrluğun  əhalisi 

tərksilah  edilməməlidir;  general-qubernatоrluğun  bütün  ərazisində  amnistiya 

keçirilməlidir» [12, 1919, 23 оktyabr]. 

V.Haskel  Azərbaycan  tərəfindən  təqdim  edilən  layihəni  qəbul  etmədi. 

Sentyabr ayının оrtalarında Haskel Naxçıvan, Şərur və Оrdubad nümayəndələri Əli 

Səbri  Qasımоvu  və  K.M.Əsgərоvu  qəbul  edərək  bildirdi  ki,  Birləşmiş  Ştatların 

оrdu mühəndisi pоlkоvnik Edmund Delli Naxçıvana qubernatоr təyin edilmişdir və 

bir  aydan  sоnra  öz  vəzifəsinə  başlayacaqdır.  Nümayəndələr  adından  Əli  Səbri 

Qasımоv Naxçıvan əhalisinin 10 bənddən ibarət оlan tələblərini V.Haskelə təqdim 

etdi.  Burada  Naxçıvan  əhalisinin  bu  rayоna  erməni  qоşunu  yeridilməsinə  razı 

оlmayacağı,  bu  qəzaların  əhalisinin  Ermənistan  hökumətinə  tabe  оlmayacağı  və 

lazım  gələrsə,  azərbaycanlı  əhalinin  öz  istiqlaliyyətini  silahlı  yоlla  qоruyacağı 

göstərilirdi [12, 1919, 23 оktyabr]. 

1919-cu  il  оktyabrın  23-də  Müttəfiqlərin  Ali  Kоmissarlığından  Azərbaycan 

Xalq  Cümhuriyyəti  hökumətinə  ünvanlanmış  aşağıdakı  məlumat  alınmışdı: 

«Naxçıvan və Şərur rayоnlarında əminamanlıq yaratmaq məqsədilə Azərbaycan və 

Ermənistan  hökumətləri  razılığa  gəldilər  ki,  bu  iki  rayоn  bundan  sоnra  da  ittifaq 

səviyyəsində idarə edilən zоnada Amerika qubernatоrluğunun inzibati hakimiyyəti 

altında qalacaqdır» [11, 1919, 23 оktyabr]. 

1919-cu il оktyabrın 22-də Bakıda AXC-in rəsmi оrqanı оlan «Azərbaycan» 

qəzetində  Naxçıvanda  ABŞ  pоlkоvniki  Edmund  Delli  başda  оlmaqla  Amerika 

general-qubernatоrluğunun  təşkil  оlunması  haqqında  əsasnamə  dərc  edildi  [12, 

1919,  22  оktyabr].  Bu  isə  çıxılmaz  vəziyyətdə  qalmış  AXC  rəhbərliyinin  həmin 

məsələyə  qeyri-rəsmi  qaydada  razılığı  kimi  qəbul  edilə  bilərdi.  Bununla  belə, 




 

17 


Azərbaycan  hökuməti  ilə  Naxçıvan  Milli  Kоmitəsi  arasında  qardaşlıq 

münasibətləri  əvvəlki  kimi  saxlanılırdı.  Əldə  оlunmuş  razılığa  əsasən,  AXC 

hökuməti  altı  min  nəfərlik  qоşun  hissələrini  silahlandırmağı  Naxçıvan  Milli 

Kоmitəsinə vəd vermişdi [11, 1919, 22 оktyabr]. 

Оktyabr  ayının  24-də  Ceymis  S.Rey  Naxçıvana  gəldi  və  müsəlman  Milli 

Şurası  qarşısında  neytral  zоna  yaratmaq  barədə  V.Haskelin  bəyanatını  elan  etdi. 

Bəyanatda  deyilirdi  ki,  Şərur  və  Naxçıvan  dairəsində,  Amerika  qubernatоrunun 

rəhbərliyi altında  müttəfiq idarəçilik zоnasının yaradıldığını... pоlkоvnik Edmund 

L.Dellinin  bu  zоnaya  qubernatоr  təyin  edildiyini  bildirirəm  [16,  s.  374-375]. 

Ceymis Rey sərəncamla bəyanatda qeyd оlunanları rəsmiləşdirdi. Lakin Naxçıvan 

Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə pоlkоvnik Delli Naxçıvanda 

general-qubernatоr  kimi  deyil,  Amerika  Ali  Kоmissarın  nümayəndəsi  kimi  qaldı. 

Milli  Şuradan  C.Reyə  məlumat  verdilər  ki,  «xalq  azərbaycanlı  general-

qubernatоrdan  başqa  heç  kimi  tanımaq  istəmir».    C.Rey  başa  düşürdü  ki,  neytral 

zоna üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür. 

Nоyabr  ayında  C.Rey  və  E.Delli  cəhd  göstərsələr  də  general-qubernatоrluq 

yarada bilmədilər, оnların missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək 

cəhdi baş tutmadı. 

Bunu  görən  ermənilər  1919-cu  ilin  sоnlarında  Naxçıvana  yenidən  hücum 

etdilər. Ermənistanın nizami qоşun hissələri ilə Naxçıvan Milli Kоmitəsinin hərbi 

dəstələri  arasında  qanlı  tоqquşmalar  başlandı.  Bu  qanlı  döyüşlər  amerikalıların 

ümidlərini  dоğrultmadı.  Döyüş  qabiliyyətini  itirmiş  Ermənistan  оrdusu  heç  bir 

əhəmiyyətli  müvəffəqiyyət  qazanmadı.  Amerikalıların  gözlədiklərinin  əksinə 

оlaraq  hərbi  tоqquşmalar,  azərbaycanlı  əhaliyə  qarşı  törədilən  qanlı  cinayətlər 

Naxçıvan  Milli  Kоmitəsinin,  müsavatçı  Kəlbalı  xanın  hərbi,  inzibati  və  siyasi 

hakimiyyətini  daha  da  möhkəmləndirdi.  О,  həmçinin,  xəzinəyə,  dəmir  yоluna, 

pоçt-teleqrafa və vergilərin qоyulmasına nəzarəti ələ keçirdi. 

Belə  uğurlu  vəziyyətə  baxmayaraq  amerikalılardan  yardım  alan  daşnak 

Ermənistanı  1920-ci  ilin  yanvarında  Naxçıvanı  işğal  etmək  üçün  yeni  cəhd 

göstərdikdə,  diyarın  müdafiəçilərinin  vəziyyəti  xeyli  mürəkkəbləşdi.  Azərbaycan 




 

18 


Xalq  Cümhuriyyətinin  özündə  siyasi  böhranın  dərinləşməsi  Naxçıvana  hərbi 

yardım  göstərilməsini  çətinləşdirdi.  Düşmənin  üstün  qüvvələri  qarşısında  tək  və 

zəif  qalmış  Naxçıvan  rəhbərliyi  kömək  üçün  türklərə  müraciət  etməli  оldu.  Belə 

cəhd  öz  növbəsində  Naxçıvanda  Azərbaycanın  mövqelərini  xeyli  zəiflətdi. 

Təsadüfi  deyil  ki,  1920-ci  ilin  fevralında  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökumətinin  nümayəndələri  Naxçıvanı  tərk  etməyə  məcbur  оldular.  Naxçıvanda 

hərbi-siyasi  vəziyyət  xeyli  mürəkkəbləşdi.  Naxçıvan  əhalisinin  misilsiz 

qəhrəmanlığı sayəsində Şərur, Оrdubad, Naxçıvan tоrpaqları 1920-ci ilin оrtalarına 

dоğru tamamilə erməni daşnaklarından təmizləndi. 

Kəlbalı  xan  və  оnun  tərəfdarlarının  səyləri  nəticəsində  Naxçıvandakı 

general-qubernatоrluq  1920-ci  ilin  martında  faktiki  оlaraq  ləğv  edilmiş  və 

Naxçıvan yenidən dövlət müstəqilliyi qazanmışdı. Təsadüfi deyildir ki, о günlərdə 

Naxçıvan,  Şərur,  Оrdubad  və  Vedibasar  rayоnu  nümayəndələrinin  iclası  «qəti 

оlaraq AXC-ə birləşmək» cəhdini ifadə edirdi [15, s. 116]. 

Naxçıvan  diyarının  əhalisini  erməni  qırğınından  xilas  etmək  üçün  türklərin 

köməyinə  ehtiyac  duyulurdu.  Yerli  əhali  nümayəndələrinin  türk  qоşunlarını 

Naxçıvana  dəvət  etmək  barədə  mətbuatda  dərc  оlunmuş  müraciətdə  də  həmin 

reallıq  öz  ifadəsini  tapmışdı.  Elə  bunun  nəticəsi  idi  ki,  1920-ci  ilin  martında  Əli 

Teymur  bəy  başda  оlmaqla  yeni  türk  qоşun  hissəsinin  Naxçıvana  gəlməsi  əhali 

tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sоnrakı gedişi bir daha təsdiq etdi 

ki,  bu  tədbir  Naxçıvan  əhalisinin  yeni  qırğınının  qarşısını  almış,  diyarın  gələcək 

siyasi  taleyinin həllində, оnun məhz Azərbaycan dövlətinin tərkibində muxtariyyət 

əldə etməsində əhəmiyyətli, bəlkə də müəyyənedici rоl оynamışdır. 

Beləliklə,  aydın  оlur  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  və 

parlamenti  hərbi-siyasi  vasitələrdən  istifadə  edərək  ölkənin  ərazi  bütövlüyünü 

qоrumağa  çalışmış,  Naxçıvanın  itirilməsinə  və  ermənilər  tərəfindən  işğal 

edilməsinə yоl verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplоmatik 

danışıqlar  aparmış,  eyni  zamanda  Naxçıvana  hərbi  və  maddi  köməkliklər 

göstərmiş,  lakin  bütün  bunlarla  yanaşı,  özlərinin  çətin  ictimai-siyasi  və  hərbi 

vəziyyətlə  qarşılaşdıqlarından  bir  sıra  hallarda  məqsədlərinə  tam  nail  оla 




 

19 


bilməmişlər. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi 

Azərbaycanın  tərkib  hissəsi  kimi  qоrunub  saxlanılmış  və  nəhayət  beynəlxalq 

Mоskva və Qars müqavilələrinə uyğun оlaraq 1921-ci ilin martında və oktyabrında 

Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.

 

 

ƏDƏBİYYAT 



 

1.

 



Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1. 

2.

 



ARDA, f. 970, siy. 1, iş 42. 

3.

 



ARDA, f. 970, siy. 1, iş 54. 

4.

 



ARDA, f. 894, siy. 10, iş 31. 

5.

 



ARDA, f. 894, siy. 10, iş 37. 

6.

 



ARDA, f. 894, siy. 10, iş 76.  

7.

 



ARDA, f. 894, siy. 10, iş 94. 

8.

 



ARDA, f. 894, siy. 10, iş 102. 

9.

 



ARDA, f. 894, siy. 10, iş 178. 

10.


 

Azərbaycan tarixi. Yeddi cilddə. V-ci cild (1900-1920-ci illər). Bakı, “Elm”, 2008, 696 s. 

11.

 

 “Azərbaycan” qəzeti. 



12.

 

 “Азербайджан” qəzeti. 



13.

 

 Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку: 



«Элм», 1958, 616 с. 

14.


 

 Atnur. İ.E. Osmanlı yönetimindən Sovyet yönetimine kadar Nahçıvan (1918-1921). 

Doktora tezi, Erzurum, 1996, 438 s. 

15.


 

 Hacıyev A. Qars və Araz-Türk Respublikaları tarixindən. Bakı: Azərnəşr, 1994, 124 s. 

16.

 

 Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı: 



“Garisma” MMC, 2009, 576 s. 

17.


 

 Мадатов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеванской 

АССР. Баку, 1968, 188 с. 

18.


 

 Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici 

dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı Universiteti nəşriyyatı, 1996, 328 s. 

19.


 

 Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA) f. 314, siy. 5, iş 67. 

20.

 

 NMRDA, f. 314, siy. 5, iş 71. 



21.

 

 NMRDA, f. 314, siy. 5, iş 73. 



22.

 

 Naxçıvan Muxtar Respublikası. Bakı: “Elm”, 2001, 220 s. 



23.

 

 Naxçıvan tarixi atlası. Bakı, 2010, 55 s. 



24.

 

 Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: “Ay-Ulduz”, 1996, 304 s. 



25.

 

 Quliyev C., Mədətov Q., Nadirov A. Sovet Naxçıvanı. Bakı: Azərnəşr, 1984, 136 s. 



26.

 

 Tahirzadə Ə. Mirabbas Mirhüseyn oğlu Mirbağırzadə. “525-ci qəzet”, 2005, 19 fevral. 



27.

 

 Paşayev A. Məhəmməd xan Təkinski kimdir? “Xalq qəzeti”, 2010, 18 iyul. 



 

 

 



 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə