“GEO strategiya”.-2014.-№ 5(23).-S.3-7.
AZƏRBAYCANDA ETNOQRAFİYANIN MÜASİR VƏZİYYƏTİ
VƏ ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ HAQQINDA
Əliağa Məmmədli
Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya Institutunun şöbə müdiri
Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. Bu elm sahəsindən bir az
xəbəri olanlar bilirlər ki, ən bəsit tərifə əsasən bu elm xalqları, onların adət və ənənələrini, mədəniyyətini öyrənir.
Lakin eyni zamanda qeyd etmək lazımdır ki, hazırda etnoqrafiya haqqında Azərbaycan cəmiyyətində, onun müxtəlif
təbəqələrində kifayət qədər bilik yoxdur. Bəzən məşhur "Qafqaz əsiri" komediyasındakı Şurikin düşdüyü vəziyyəti
Azərbaycan etnoqrafları da yaşamalı olurlar. Xatırladım ki, о filındə Şurik mehmanxanada yer alarkən xidmətçinin
"Ezamiyyətin məqsədi?" sualına cavab verir ki, "Etnoqrafik ekspedisiya". Xəbərdar olduğunu göstərmək üçün
xidmətçi qeyd edir, "Hə, neft axtarırsınız?".
Belə bir vəziyyət sovet dövründə də mövcud idi, təəssüflər olsun ki, indi də davam edir. Hələ də etnoqrafiyanın
arxeologiya, epiqrafika, numizmatika kimi tarix elminin yardımçı fənləri kimi qəbulu Azərbaycanın ali
məktəblərində, Elmlər Akademiyasında, hətta bu mötəbər qurumun Arxeologiya və Etnoqrafiya İnstitutunda hökm
sürür. Belə yanaşma isə müasir etnoqrafiyanın ictimai, humanitar elmlər sistemində rolunu və yerini əks etdirmir.
Son illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə arxeologiyanın inkişafı üçün böyük vəsait
ayrılmışdır və ayrılmaqda davam edir. Bu strateji baxımdan dəyərli yanaşma şübhəsiz həm elmi, həm də siyasi
baxımdan çox böyük əhəmiyyətə malikdir. Lakin, etnoqrafik tədqiqatlar ən azı arxeoloji tədqiqatlar qədər vacib
olduğu bir şəraitdə etnoqrafiyaya dövlət tərəfindən diqqət qənaətbəxş hesab oluna bilməz.
Etnosların, о cümlədən Azərbaycan türklərinin hərtərəfli etnoqrafik tədqiqinin əsas üsulları ekspedisiyalar,
ezamiyyətlər vasitəsilə araşdırmalar aparılması, çöl materiallarının toplanmasıdır.
Bu materiallar olmadan etnoqrafik tədqiqatların aparılması qeyri-mümkündür. Müxtəlif ölkələrin etnoloji
mərkəzlərində uzunmüddətli ezamiyyətlər, ekspedisiyalar olmadan ümumiyyətlə araşdırma aparmaq qeyri-
mümkündür. Lakin, müqayisə etdikdə Azərbaycanda etnoqrafik ekspedisiyalar həm sayma, həm də aparılan
tədqiqatların miqyasına görə arxeoloji ekspedisiyalardan çox geri qalır.
Bəs, etnoqrafiyanın vacibliyi, millət, dövlət üçün əhəmiyyəti nədən ibarətdir? Nə üçün bu elm sahəsinin
inkişafına xüsusi diqqətin zəruriliyi ön plana çıxmalıdır? Bu baxımdan etnoqrafiya haqqında əsaslandırılımış
bilgilərin cəmiyyətə çatdırılmasını vacib və əhəmiyyətli hesab edirik. Belə ki, qloballaşma şəraitində sayından asılı
olmayaraq hər bir xalqın mədəniyyətinin qorunub saxlanılması həm etnoqrafiya elminin, həm do hər bir dövlətin ən
aktual vəzifələrindən birinə çevrilmişdir. Bundan əlavə Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik
əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən
biri də ölkədə mövcud olan etnoslar arası qarşılıqlı əlaqələr sisteminin tədqiqi və dünyada təbliği vacib məsələlərdən
biridir. Sirr deyil ki, Azərbaycanın
[səh. 3-4]
etnik baxımdan zəngin olan əhalisinin formalaşması uzun müddətli
tarixi dövrü əhatə edib və burada dərin inteqrasiya olunmuş Azərbaycan xalqı adı altında etno-mədəni birlik təşəkkül
tapıb. Bundan başqa son illərin təcrübəsi göstərir ki, etnoslararası münasibətlərlə bağlı problemlər bir çox ölkələrin
"baş ağrısına" çevrilmişdir. Bütün bunlar etnik problemlər sahəsində dövlət siyasətinin strateji və taktiki
istiqamətlərinin işlənməsini zəruri edir. Bu isə öz növbəsində etnik problemlərlə birbaşa məşğul olan etnoqrafiyanın
vacibliyini vurğulayır.
Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Etnosun
psixologiyasında, davranış qaydalarında, qida mədəniyyətində, sənətkarlıq nümunələrində və onların hazırlanma
üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun
keçdiyi tarixi yol əks olunur. Sadalanan etnik əlamətlər isə etnoqrafiyanın əsas tədqiqat predmetləridir ki, onları
araşdırmadan xalqın etnogenezini, tarixini dərindən öyrənmək qeyri-mümkündür. Etnik əlamətləri tədqiq etmədən
xalqın, cəmiyyətin bugünkü həyatının müxtəlif sahələrini, о cümlədən siyasətdə, sosial sahədə, müasir mədəniyyətdə
baş verən prosesləri izah etmək çətindir. Bunları araşdırmadan Azərbaycanın inkışaf perspektivlərini düzgün
müəyyən etmək olmaz. Qeyd olunanlar etnoqrafiyanın nə qədər strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiq
edir.
Yaranmış vəziyyətdə şübhəsiz etnoqrafların da günahı az deyil. Azərbaycanda etnoqrafiyanın inkişaf
strategiyasının olmaması tədqiqat mövzularının sistemləşdirilməsi, onların aktuallıq əsasında sıralanmasına demək
olar ki, imkan vermir. Universitetlərdə, xüsusilə Bakı Dövlət Universitetində, etnoqraflar hazırlanmaması, sovet
dövründə təcrübə toplamaq məqsədi ilə gənc etnoqrafların Moskva, Sankt-Peterburq və başqa elmi mərkəzlərə
uzunmüddətli ezam edilməsi praktikasından imtina edilməsi Azərbaycan etnoqrafiyasının kadr potensialının
zəifləməsinə səbəb olmuşdur. Uzun illər davam edən belə vəziyyət Azərbaycan etnoqrafiyasının faktiki tənəzzülünə
gətirib çıxarmışdır. Şübhəsiz burada bizə irad tuta bilərlər ki, bəs son illərdə nəşr olunan monoqrafiyalar,
fundamental əsərlər necə olsun? Bu əsərləri çox yüksək dəyərləndirərək eyni zamanda qeyd etməliyik ki, bunlar
arasında müasir etnoloji nəzəriyyələrə əsaslanan, təsvirçilikdən daha çox təhlilə üstünlük verən, müasir
etnoqrafiyanın problemlərini araşdıran tədqiqatlar çox azdır. Bundan əlavə son illərdə etnoqrafiyaya gələn yeni
kadrların elmi hazırlıq səviyyəsinin qənaətbəxş olmaması onlara verilən tədqiqat mövzularının darlığı Azərbaycanda
bu elmin tənəzzülü haqqında qənaətə gəlməyə əsas verir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan etnoqraflar qarşısında həm nəzəri plyuralizm baxımından, həm
müxtəlif mövzuların seçimi baxımından, həm beynəlxalq elmi əlaqələrin genişlənməsi baxımından böyük imkanlar
açılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu imkanlardan yetərincə istifadə olunmur. Şübhəsiz Azərbaycan
etnoqrafiyası zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif
sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır [4]. Lakin, bununla yanaşı, aydındır ki, sürətlə
inkişaf edən, yeni-yeni nəzəriyyələrdən bəhrələnən, başqa elmlərlə six əlaqədə olan müasir etnoqrafiya yeniliklər
tələb edir.
Müasir etnoqrafiyanın vəzifələri son illərdə alimlər arasında geniş diskussiya mövzusuna çevrilmişdir [2].
Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" [3] əsərində Arxeologiya və Etnoqrafiya İnstitutu qarşısında duran vəzifələr haqqında söz açaraq qeyd edir ki,
"İnstitutun fəaliyyətində konseptual yanaşmalar tələb olunur. Son dövr nəsrlərində isə belə yanaşmalar müşahidə
edilmir. Ötən illər ərzində etnologiya, antropologiya və etnopsixologiyaya dair fundamental tədqiqatlar
aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmamağı və eləcə də müvafiq
ixtisaslı kadrların yoxluğudur".
Xüsusilə etnoqrafiya elminin problemlərinə toxunaraq akademik Mehdiyev qeyd edir ki, Avropada, Rusiyada
mədəni antropologiya, sosial antropologiya, etnologiya
[səh. 4-5]
sahələrində yeni-yeni əsərlərin nəşr olunduğu bir
dövrdə "bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir". Bu səbəbdən "Azərbaycanda da
belə əsərlərə ehtiyac vardır", bunun üçün də "etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və
diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənilməsində rasional tərzdə faydalanmaq lazımdır".
Göründüyü kimi, Azərbaycan etnoqrafları qarşısında qoyulan vəzifələr siyasi və elmi baxımdan çox aktualdır.
Və bu vəzifələri yerinə yetirmək üçün nə etmək lazımdır? Ənənəvi olan ”Nə etməli?" sualına biz necə cavab
verməliyik?
İlk növbədə əsas məsələ kimi müasir etnoqrafiyanın başlıca problemlərinin nədən ibarət olmasını
müəyyənləşdirmək lazımdır. Etiraf etmək lazımdır ki, bu suala cavab hələ də diskussiyalar mövzusudur. Lakin
intensiv axtarışlar bir sıra sualların qoyuluşuna əsas verir və məhz bu suallarda müasir etnoqrafiyanın aktual
problemləri yığcam şəkildə təzahür olunur. Belə məsələlərdən bəzilərinə diqqət yetirək.
Etnoloqlar qarşısında duran aktual məsələlərdən biri şübhəsiz müasir dünyanın etnik mənzərəsi və bunun ayrı-
ayrı insanlar və ümumiyyətlə etnik toplumlar tərəfindən qavranmasıdır. Sirr deyil ki, insanların ətraf mühiti
qavramasına təsir edən amillərdən biri etnik mənsubiyyətdir. Bu baxımdan dünyada gedən proseslər (mədəni,
iqtisadi, siyasi və s.) müxtəlif etnoslar tərəfindən müxtəlif cür dərk edilir. Və bu dərk edilmədən asılı olaraq qeyd
olunan dəyişikliklərə uyğunlaşma prosesi baş verir. Bu uyğunlaşmanın qanunauyğunluqları nədən ibarətdir? Qeyd
olunan müxtəliflik nədən ibarətdir, azərbaycanlılar tərəfindən dünyanın çoxçeşidli etnik, mədəni mənzərəsinı
qavramasında xüsusiyyətlər nədən ibarətdir kimi suallara cavabların axtarışları yəqin ki, Azərbaycan etnoqraflarının
prioritet vəzifələrindən olmalıdır.
Etnoqrafiya qarşısında duran mühüm suallardan biri də insanların təsəvvürlərində onları əhatə edən mühitin
mənasını müəyyənləşdirməkdir. Hər bir etnos onu əhatə edən təbiət obyektlərinə, əşyalara müxtəlif mənalar verir.
Bəzən eyni əşyalar ayrı-ayrı etnoslar üçün müxtəlif məna daşıyır. Bu oxşarlıqların və fərqlərin nədən ibarət
olmasının müəyyənləşdirilməsi ümumiyyətlə etnosun xüsusiyyətlərinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət
kəsb edir. Bundan başqa, sürətlə dəyişən, qloballaşan dünyada bizi əhatə edən hər bir əşyanın mənası dəyişir, bu
dəyişmələr etnoslararası münasibətlərə necə təsir edir və onların hansı istiqamətdə yönəlməsini şərtləndirir? Aydındır
ki, qeyd olunan suala cavab axtarışı etnoqrafların qarşısında duran vəzifələrdəndir.
Müasir etnoqrafiyada maraqlı və aktual suallardan biri də etnik ənənələrlə bağlıdır. Etnik ənənələrin çərçivələri
qloballaşan dünyada nə dərəcədə çevikdir? Etnos üzvlərinin şüurunda hər bir şəraitdə dəyişməz qalanlar nədir, nədən
imtina olunur, və nələr dəyişikliyə məruz qalır? Etnik mədəniyyətdə belə elementlər var ki, onlar bütün etnik
mədəniyyəti, xüsusilə intensiv ictimai proseslər şəraitində, möhkəmliyini təmin edir və s.
Yuxanda təqdim olunan suallar müasir etnoqrafiyanın qarşısında duran sualların yalnız bir qismidir. Qeyd etmək
lazımdır ki, bu sualların sayı gündən-günə artır. Belə olan vəziyyətdə etnoqrafiyanın predmetinin
dəqiqləşdirilməsinin aktuallığı daha da artır.
XIX əsrdən formalaşıb inkişaf edən etnoqrafiya xalqın həyat fəaliyyətində tarixən formalaşan xüsusiyyətlərini
tədqiq edir. Elmi ənənəyə uyğun olaraq etnoqrafiya xalqların etnogenezini, məskunlaşmanı, maddi mədəniyyətini,
mərasim, adət, inamlarını, qohumluq sistemlərini, sosial və siyasi quruluşunu, davranış qaydalarını, tərbiyə
sistemlərini, mədəni cizgilərinin dinamikasını, psixoloji xüsusiyyətlərini, ətraf mühitə uyğunlaşma sistemlərini,
dəyərlərini, başqa xalqlarla ünsiyyətin xüsusiyyətlərini, iqtisadi davranışlarını, ənənələrinin formalaşmasını və
inkişafım, demoqrafiyasını və b. məsələləri tədqiq edir. Şübhəsiz bu siyahını davam etdirmək olar. Lakin,
sadalananlar da etnoqrafiyanın predmet sahəsinin çox geniş olduğunu təsdiq edir. Bu sahəyə azərbaycanlılarda və
ölkənin başqa etnoslarında baş verən müasir sosial dəyişikliklərin etnik xüsusiyyətləri, etnik qruplarda sosial
yerdəyişmələrin templəri, miqrasiya proseslərinin etnomədəni xüsusiyyətləri, ailədaxili münasibətlərin etnik
spesifikası, sosial qruplarda müasir və ənənəvi mədəniyyətin qarşılıqlı münasibəti, siyasi həyatda və sosial
davranışda, modemləşmə proseslərində ənənəviliyin rolu, mədəniyyətlər arası qarşılıqlı təsir, etnik şüur, avto və
geterostereotiplər, etnosdaxili həmrəylik, etnik maraqlar və etnoslararası ünsiyyətə qurulmamari, tolerantlıq və
dözümsüzlük, millətçilik problemləri, etnoslararası münaqişələrin sosial və sosial- psixoloji əsaslan və s. daxildir.
Bu tədqiqat istiqamətlərindən hər biri müasir Azərbaycan cəmiyyətinin formalaşma prosesində sosial-psixoloji
və tarixi-mədəni xüsusiyyətlərin aşkar edilməsi üçün və Azərbaycanın sosial-iqtısadi v. ə mədəni inkişafı
perspektivləri konteksti baxımından həm ‘ elmi, həm də böyük praktik əhəmiyyətə malikdir. Belə ki, son illərin
tədqiqatları belə bir qənaət üçün əsas yaradır ki, hər bir xalqın keçdiyi tarixi yol müəyyən sosiomədəni sistemlə,
etnik psixologiya ilə, tarix boyu dayanıqlı dəyərlər sistemi ilə əlaqədardır. Hər bir xalqın təcrübəsi bu xalqın
təkrarolunmaz tarixi simasının fərdi cizgilərini formalaşdırır.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın da qarşısında inkişaf yollarının seçimi məsələsi durur. Bu şəraitdə
müasir Azərbaycan etnosunun sosiomədəni və psixoloji səciyyələrinin tədqiqinin nəticələri əsasında ictimai inkişaf
modellərinin işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan göstəricilərin zəif öyrənilməsi çox zaman
Azərbaycan etnosuna aid arqumentsiz və sübutsuz sosial-etnik səciyyələrin meydana gəlməsini şərtləndirir və bu da
öz növbəsində spekulyativ sosial eksperimentlərin təşkili üçün zəmin yaradır. Şübhəsiz, belə olan şəraitdə etnoqrafik
tədqiqatlara sosial sifariş artmalıdır və fənnin
[səh. 5-6]
institusional təşkili və tədqiqat istiqamətləri indikindən xeyli
genişlənməlidir.
Müxtəlif xalqların etnomədəni xüsusiyyətlərinin tədqiqi göstərir ki, onların bir çox nailiyyətləri, xüsusilə sosial-
iqtisadi inkişafda, informasiya texnologiyalarının mənimsənilməsində, həyat fəaliyyətinin təşkilinin müasir
formalarının və vasitələrinin xalqın sosiomədəni və etnopsixoloji xüsusiyyətlərinə uyğunluğu ilə müəyyənləşir. Bu
kontekstdə "Azərbaycanlıların ənənəvi dəyərlər sistemində əmək fəaliyyəti anlayışı", "Ənənəvi və müasir tərbiyə və
təhsil sistemi və onların Azərbaycan mentalitetində yeri", "Azərbaycanlıların həyat fəaliyyətində şəxslər arası
münasibətlər sistemi" və s. kimi tədqiqat mövzularının işlənilməsi xüsusilə aktualdır.
Müasir etnoqrafik tədqiqatlar əhalinin müxtəlif yaş və sosial qruplarında davranış qaydalarının və ünsiyyət
formalarının dəyişməsini izləməyə və təhlil etməyə imkan yaradır. Beta ki, son illərdə sosiomədəni və siyasi-iqtisadi
amillərin təsiri altında gənclərin, orta və yaşlı nəslin ənənəvi davranışında belə dəyişikliklər baş vermişdir ki, onlar
sosionormativ mədəniyyətin dayanıqlı elementlərlə münaqişəyə girirlər.
Perspektivdə Azərbaycanda etnoqrafik tədqiqatlara cəlb olunmuş mövzuların əhatə dairəsi həm elmi baxımdan,
həm də ki, ölkə inkişafının sosiomədəni, siyasi və iqtisadi konseptual əsaslarının işlənib hazırlanması kontekstində
genişlənməlidir. Bu mövzular arasında etnos və dövlətin qarşılıqlı təsiri probleminin tədqiqi də böyük maraq kəsb
edir. Bəzi alimlər hətta etnosla siyasi sistemin qarşılıqlı münasibətlərini müstəqil tədqiqat sahəsi - siyasi
etnososiologiya kimi fərqləndirməyi təklif edirlər [5, 23]. Siyasi mədəniyyətin sosial-siyasi qaydaları, siyasi
dəyərləri, hakimiyyətə yiyələnməyin yolları haqqında təsəvvürlər, siyasi davranış kimi mühüm elementləri bir çox
hallarda mədəni irslə müəyyənləşir.
Belə tədqiqatların predmeti kimi azərbaycanlıların hakimiyyət haqqında ənənəvi təsəvvürləri, insanlar arasında
hakimiyyətlə bağlı münasibətlər. avtoritarizmin və demokratiyanın etnik xüsusiyyətləri, azərbaycanlıların ənənəvi və
müasir təsəvvüründə yerli özünüidarəetmə çıxış edə bilər.
Etnoqrafik tədqiqatların obyekti kimi Azərbaycanın son onilliklərdə rastlaşdığı problemlər də durmalıdır. Belə
ki, erməni təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkünlərin
etnomədəni adaptasiya məsələsi aktual problemlərdən biridir. Təbii-iqlim, siyasi, iqtisadi və b. amillərin təsiri altında
qaçqın və məcburi köçkünlər ənənəvi təsərrüfat vərdişlərini, ənənəvi dünya qavramasını, şəxslərarası və qruplararası
ünsiyyət formalarını yeni yaşayış mühitin uyğunlaşdırmalıdırlar.
Etnoqrafik tədqiqatların əsas istiqamətlərindən biri də Azərbaycanda müasir etnik proseslər, etnik qrupların
öyrənilməsi ilə bağlıdır. Bu sahədə bir neçə istiqamətdə iş aparılmalıdır. Müasir etnoqrafik üsullarla müasir dövrün,
şəhərlərin etnososial durumu, müasir etnoslararası münasibətlər, etnik qrupların etnomədəni inkişafı, etnoslararası
münasibətlərin perspektivləri ilə bağlı tədqiqatlar aparılmalıdır. Bu baxımdan, milli azlıqların kompakt yaşadığı
bölgələrə ekspedisiyaların təşkil olunmasına ehtiyac var. Belə ki, materialların, informasiyaların toplanması daimi
xarakter almalıdır. Müasir həyat çox dinamik templə davam edir. Proseslər çox sürətlə gedir. Etnoslararası
münasibətlərdə, etnik mədəniyyətin inkişafında, etnososial proseslərdə baş verənləri mütləq izləmək, araşdırmaq
lazımdır. Bu sahədə idarəetmə orqanlarına, ictimai təşkilatlara məhz peşəkar-etnoqraflar tərəfindən verilən tövsiyələr
çox önəmlidir. Belə yanaşma, qeyd olunan sahədə yaranan müəyyən problemlərin aradan qaldırılmasına çox böyük
kömək edə bilər.
Hazırda etnoqrafik araşdırmalar yalnız ölkə daxilində məhdudlaşdırılır. Amma etnoqraflar araşdırmaların daha
geniş ərazilərdə aparılmasına ehtiyac olduğunu düşünürlər. Azərbaycan türklərinin böyük hissəsinin İranda
yaşadığını, Şərqi Anadoluda xeyli azərbaycanlıların olduğunu, Şimali İraqda İraq türkmənləri kimi tanınan, amma
faktiki olaraq Azərbaycan türklərinin yaşadığı məlumdur. Həmin ərazilərdə də tədqiqatlar aparmaq zərurəti var.
Etnoqrafik tədqiqatlar sahəsində ən böyük və ağrılı problemlərdən biri də kadr çatışmazlığı məsələsidir.
Etnoqrafiyanın peşəkar cəhətdən tədrisi həblik Azərbaycan universitetlərində istənilən səviyyədə deyil. Çox təəssüf
ki, akademiyaya bu sahədə tədqiqat aparmaq arzusu ilə gələn gənclər əsaslı biliklərə malik olmurlar və sözsüz ki, bu
insanlar elmi əsər yazmaq əvəzinə 1-2 il elmin əsaslarını öyrənməli olurlar. İkincisi doktoranturada, dissertanturada
tədqiqat işlərini aparan və müəyyən dərəcədə ümidlər verən tədqiqatçılar təəssüf ki, sonradan çox zaman başqa, daha
gəlirli yerlərə işləməyə gedirlər.
Azərbaycan etnoqrafiyasının problemlərinə, keçdiyi şərəfli yola, bu gün rastlaşdığı çətinliklərə nəzər saldıqdan
sonra belə bir nəticəyə gəlmək olar ki, bu elmin inkişafı üçün təcili tədbirlər görmək lazımdır. Belə olmasa yaxın
zamanlarda Azərbaycanda etnoqrafiyanın mövcud olması sual altında olacaq. Bu tədbirlər, zənnimizcə, bir neçə
istiqamətdə həyata keçirilməlidir.
Uzun illər etnoqrafiyanın arxeologiya ilə birlikdə bir elmi təşkilatda olması obyektiv səbəblərdən irəli gəlirdi.
Azərbaycanda, Sovet İttifaqının başqa müttəfiq respublikalarında olduğu kimi, keçən əsrin 20-30-cu illərində elmi
müəssisələr qurularkən yaxın, "qohum" olan elmi fənləri bir təşkilatda birləşdirilməsi müxtəlif səbəblərdən zəruri idi.
Bu səbəblər arasında kadrların azlığı, elmi fənlərin predmetlərinin tam müəyyənləşdirilməməsi, zəruri vəsaitin
çatışmamağı və s. Lakin sonralar bu səbəblərdən bir çoxunun aradan qalxmasına baxmayaraq etnoqrafiya
arxeologiya ilə bir qurumda qalmaqda davam edirdi. Belə bir vəziyyətin qalmasının səbəblərindən biri və ola bilsin
əsası ondan ibarət idi | ki, etnoqrafiya arxeologiya və bəzi başqa fənlər kimi tarix elmlərinə daxil edilirdi. Və hətta
köməkçi bir vasitə kimi təqdim olunurdu. Bu isə etnoqrafiyanın ikinci dərəcəli bir fənn kimi elmi ictimaiyyət,
[səh.
6-7]
dövlət və ümumiyyətlə cəmiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdur. Etnoqrafiyanın ictimai və
humanitar elmlər sistemində yerinə və roluna nəzər saldıqda isə belə baxışın tamamilə yanlış olduğu üzə çıxır.
İlk növbədə qeyd etmək lazımdır ki, arxeologiya keçmişdə insan fəaliyyətinin maddi qalıqları əsasında tarixi
öyrənən bir elmdir [7, 8]. Şübhəsiz əksər alimlər tərəfindən qəbul olunmuş bu cür tərif arxeologiyanı tarixi öyrənmək
üçün bir vacib vasitə kimi təqdim edir. Təsadüfi deyil ki, elmlərin təsnifatında arxeologiya tarix elmləri bölməsinə
daxil edilir [1]. Arxeologiyadan fərqli olaraq etnoqrafiya qısa olaraq sosial birlik olan etnosları, onların bir sosial
varlıq kimi təşəkkülünü, onların özünə məxsus mədəniyyətlərini, davranış qaydalarının, ünsiyyət formalarını və s.
öyrənir [6, 5]. Məhz bu səbəbdən müasir elmdə hökm sürən əsas yanaşmalara görə etnoqrafiya antropoloji elmlərə
aid edilir və onun predmeti etnosların sadəcə tarixindən daha genişdir [1].
Etnoqrafiya ilə arxeologiya arasında fərqlərə tezis formasında olsa da diqqəti cəlb etməyimizin məqsədi bu
elmlərin predmetlərinin, araşdırma üsullarının, metodoloji əsaslarının fərqli olmasını vurğulamaqdır. Belə olan halda
etnoqrafiyanın və arxeologiyanın bir elm kimi təşkil olunmaları. elmi institutların strukturlarının formalaşdırılması
da müvafiq formada fərqli olmalıdır. Hal-hazırda bu iki elmi fənnin bir təşkilatda cəmləşdirilməsi, zənnimizcə, həm
etnoqrafiyanın, həm arxeologiyanın müasir tələblərlə inkişafına maneələr törədir.
Belə olan halda ilk növbədə etnoqrafiyanın təşkilatlanması, yəni Elmlər Akademiyasının nəzdində müstəqil bir
qurumun yaradılması haqqında düşünməliyik. Bununla yanaşı etnoqrafiyanın müasir tələblərə uyğun Azərbaycan
üçün strategiyasını işləyib hazırlamalıyıq. Qəti surətdə universitetlərdə, xüsusilə Bakı Dövlət Universitetində,
etnoqrafiyanın tədrisinə diqqəti artırmaq lazımdır. Sovet dövründə uğurla tətbiq olunan oxumaq və ya ixtisas
artırmaq üçün xarici universitetlərə və elmi mərkəzlərə gənc, istedadlı kadrların göndərilməsi təcrübəsini bərpa
etməyə böyük ehtiyac var. Dövlətin dəstəyi ilə xarici dillərdən etnoqrafiya üzrə klassik ədəbiyyatı, fundamental
nəzəri əsərləri, ali məktəblər üçün dərslikləri Azərbaycan dilinə tərcüməsinin təşkili vacib məsələlərdən biridir.
Şübhəsiz təcili təkliflər siyahısını artırmaq da olar, lakin bir məsələni nəzərdə saxlamaq lazımdır ki, etnoqrafiyanın
problemlərini bu gün həll etməyə başlamasaq, sabah artıq bu sahədəki problemlərimiz dəfələrlə artacaq.
QEYDLƏR
1.
"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 mart2012-ci il tarixli, 65 nömrəli qərarı -
http://edu.gov.az/Lipload/file/
əmr-
no641-23.04.12.pdf
2.
Kərimov E.Ə. XXI əsr və Azərbaycan etnoqrafiyasının bəzi problemləri//"Respublika" qəzeti, 19 yanvar 2000;
Kərimov E.Ə. Azərbaycan etnoqrafiyasının dünəni, bu günü və sabahı//" Azərbaycan qəzeti, 4 aprel 2010
3.
Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı, 2010
4.
Мамедли А.Э. Советская действительность в этнографических исследованиях азербайджанских ученых//
Etnoqrafiyadan etnologiyaya doğru: Azərbaycanda müasir etnoloji araşdırmalar. Məqalələr toplusu. Bakı, 2013
5.
Тишков B.A., Шабаев Ю.П. Этнополитология: политические функции этничности: Учебник для вузов.
Москва, 2011.
6.
Этнология. Учебник для ВУЗов. Москва, 1994.
7.
Янин В. Л. Археология. Учебник для ВУЗов. Москва, 2006.
Açar sözlər: elm, etnoqrafiya, etnos, mədəniyyət, perspektivlər
Ключевые слова: наука, этнография, этнос, культура, перспективы
Key words: science, ethnography, ethnos, culture, perspectives
А.Э. Мамедли
Современное положение и основные направления развития этнографии в Азербайджане
В ряду гуманитарных научных дисциплин особое место занимает этнография. Наиболее простое и широко
распространенное определение предмета этой науки заключается в том, что она изучает специфические особенности
народов, их традиций, обычаев и в целом культуры. Однако с сожалением следует констатировать, что в
азербайджанском обществе представления об этнографии носят достаточно поверхностный характер. Перспективы
этнографических исследований в Азербайджане во многом обусловлены процессами социально-экономического и
культурного развития страны и ролью в нем этнических особенностей современного азербайджанского общества.
Возможно, одним из необходимых условий развития этнографии в Азербайджане должно стать решение вопроса о
создании отдельного академического института.
A.E. Mammadli
Modem state and key directions of development of ethnography in Azerbaijan
Ethnography occupies a particular place among humanitarian scientific disciplines. The simplest, widest spread definition
of the subject of this science is that it deals with specific peculiarities of nations, their traditions, customs and culture on the
whole. However, it has to be stated with regret that the notions of ethnography in the Azerbaijani society are rather superficial.
Perspectives of ethnographic research works in Azerbaijan are caused, to a significant extent, by processes of the country’s
socioeconomic and cultural development and the role of ethnical peculiarities of modem Azerbaijani society in it. Probably, one
of the necessary conditions of development of ethnography in Azerbaijan should become settlement of the matter on
establishment of a separate academic institute.
[səh. 7]
Dostları ilə paylaş: |