Azərbaycanda mövcud olan kvaliFİkasiya standartlarinin təHLİLİ


Ümumi orta təhsilinin kvalifikasiya standartı və kurikulumları



Yüklə 303,92 Kb.
səhifə5/12
tarix01.09.2018
ölçüsü303,92 Kb.
#66306
1   2   3   4   5   6   7   8   9   ...   12

Ümumi orta təhsilinin kvalifikasiya standartı və kurikulumları


Ümumi orta təhsilin kurikulumuna 18 fənn daxildir: ibtidai təhsil üzrə 10 fənn və bundan əlavə 8 fənn. Onlar təhsilin 5-9-cu siniflərini əhatə edir. Kurikulumun strukturu ibtidai təhsildə olduğu kimidir: ümumi təlim nəticələri və məzmun xətləri üzrə təlim nəticələri. İbtidai təhsildən fərqli olaraq, ümumi orta təhsil kvalifikasiya (ümumi orta təhsil haqqında şəhadətnamə) verir ki, bu da əmək bazarında aşağı səviyyəli işlərdə çalışmağa və ya ilk peşə-ixtisas təhsili və subbakalavr pillələri üzrə təhsili davam etdirməyə imkan verir.
    1. Tam orta təhsilinin kvalifikasiya standartı və kurikulumları


Tam orta təhsil səviyyəsinin kurikulumları ibtidai və ümumi orta təhsil səviyyələrində olduğu kimi, eyni struktura malikdir. Onlar iki illik müddət üzrə 15 fənni əhatə edir. Tam orta təhsili bitirənlər təhsilini ilk peşə ixtisas təhsili, subbakalavr və bakalavr səviyyələrində davam etdirmək imkanı verən attestatla təmin olunurlar. Tam orta təhsil müəssisələrinin məzunları əmək bazarına, adətən, aşağı-ixtisaslı işlərlə daxil olurlar.
    1. Əsas nəticələr, o cümlədən mövcud kvalifikasiya növləri üzrə diskriptorların AzKÇ tələblərinə cavab vermək üçün necə dəyişdirilməli olduğunun qiymətləndirilməsi


Mövcud standartlarda bir sıra boşluqlar vardır. Ümumi təhsil pilləsi standartının bütün məzmun xətləri təhsilin təklif tərəfi ilə bağlıdır. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin standartda müəyyən edilməsinə baxmayaraq, cəmiyyətin və iqtisadiyyatın onlara tələbatı burada əks olunmamışdır. Ümumi təhsilin mövcud kurikulumu hər hansı təmayülləşməyə imkan vermir. Onlar bütün sahələr üçün bərabər səviyyədə tətbiq olunur. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları) təlim nəticələrini, təhsilverənlərin keyfiyyət göstəricilərini, onların bilik və bacarıqlarına dair tələbləri, qiymətləndirmə və monitorinq prinsiplərini əhatə edir. Lakin onlar təlim nəticələri üçün qiymətləndirmə meyarlarını, irəliləmə imkanlarını, keyfiyyətə təminat tədbirlərini və kvalifikasiya standartları üçün digər zəruri tələbləri əks etdirmir.

Bütün bu tələblər ayrıca sənədlərdə (Nazirlər Kabinetinin qərarları, Təhsil nazirinin əmrləri) sistemsiz şəkildə müəyyən olunur. Bunun səbəblərindən biri çevikliyin təmin edilməsidir. Belə ki, Nazilər Kabinetinin qərarları ilə təsdiq olunan normativ sənədlər ilə müqayisədə qanunlara hər hansı dəyişiklərin edilməsi daha çox vaxt və səy tələb edir. Nazirlik tərəfindən təsdiq olunan normativ sənədlərə dəyişikliklərin edilməsi isə daha az vaxt tələb edir. Lakin şəffaflığın və effektivliyin təmin edilməsi baxımından kvalifikasiyaların strukturuna inteqrasiyalı yanaşma tələb olunur.

AzKÇ-nin tələlərinə cavab vermək üçün standartlar alternativ təhsilalma yollarını, o cümlədən “Təhsil haqqında” Qanana uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması vasitəsilə kvalifikasiyaların əldə edilməsi sxemlərini əks etdirməlidir. Eyni zamanda, bilik və bacarıq tələbləri əvəzinə təhsilverənlərin kvalifikasiya və təcrübə tələblərinin göstərilməsi də vacibdir.

Təlim nəticələri üzrə qiymətləndirmə meyarları, tanınma, o cümlədən qiymətləndirmə və sertifikatlaşdırma, keyfiyyətə təminat tədbirləri, həcm krediti, irəliləmə imkanları və alternativ yollar kurikulumlarda əks etdirilməlidir.

Müxtəlif səviyyələr arasında keçidi təmin etmək məqsədilə ilk peşə-ixtisas təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin və universitetlərin birgə iştirakı ilə təlim nəticələrini əks etdirən kurikulumlar hazırlanmalıdır. Onlar ümumi təhsil ilə bağlı tələbatlarını kvalifikasiya standartlarında əks etdirməlidir. Kurikulumlar üçün mürəkkəblik səviyyələrinin və ya kateqoriyaların tətbiq edilməsi bir seçim ola bilər. Məsələn, ümumi orta təhsil müəssiələrinin yuxarı sinif şagirdləri təhsilini ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirmək istədikləri halda Azərbaycan dili üçün 2-ci kateqoriyanı, subbakalavr və ya bakalavr dərəcəsi əldə etmək istədikləri halda isə 3-cü kateqoriyanı seçə bilərlər. Bu halda, 1-ci kateqoriya gündəlik sadə ünsiyyətə, 2-ci kateqoriya texniki təhsilə xidmət edəcək, 3-cü kateqoriya isə daha akademik olacaqdır. Bu yanaşma ümumi təhsilin bütün fənləri üzrə tətbiq oluna bilər. Bunu etmək mümkün olmadığı halda isə, əsas fənlər, hazırda olduğu kimi, hamı üçün eyni şəkildə tədris edilə və təmayülləşmə imkanı vermək üçün əlavə kurslar keçilə bilər. Bu, orta təhsildə effektivliyin əldə edilməsinə xidmət etməklə yanaşı, formal təhsilin digər pillələri üçün də faydalı olacaqdır.

Mövcud standartlar təlim nəticələrini əks etdirir ki, bu da şagirdlərin təkcə onların öyrəndikləri məsələlər üzrə deyil, həmçinin, əldə etdikləri bilikləri real həyatda tətbiq etmək bacarığı əsasında yoxlanmasını təmin edir. Lakin bu, təklif əsaslı təhsildən tələb əsaslı təhsilə keçid üçün kifayət etmir. AzKÇ-nin əsas tələblərindən biri təhsil ilə əmək bazarı arasında əlaqənin inkişaf etdirilməsidir. Bu səbəbdən, bütün maraqlı tərəflərin, o cümlədən dövlətin, təsərrüfat subyektlərinin, valideynlərin və təhsilverənlərin tələbatının əks olunması üçün ümumi təhsilin kvalifikasiya standartlarının ictimai dinləmələr yolu ilə hazırlanması daha məqsədəuyğundur. Mövcud qanunvericilik bu cür yanaşmanın tətbiqinə imkan verir.


  1. İlk peşə-ixtisas və orta ixtisas təhsilində kvalifiaksiya standartları və kurikulumlar

    1. İlk peşə-ixtisas və orta ixtisas təhsili pillələrinin kvalifikasiya standartları və kurikulumları


İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum) Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 77 nömrəli qərarı ilə, Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı isə Nazilər Kabinetinin 23 aprel 2010-cu il tarixli 76 saylı qərarı ilə təsdiq edilmişdir. Onların hər iksi 5 il müddətinə qüvvədədir.

Sözügedən qərarda göstərilir ki, ilk peşə-ixtisas təhsilinin dövlət standartı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla fərdin, cəmiyyətin və dövlətin tələbatına uyğun elmi-pedaqoji prinsiplər əsasında hazırlanmışdır. İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartının məqsədi əmək bazarının ehtiyaclarına uyğun olaraq ümumi orta və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin etməkdir.

Həm ilk peşə-ixtisas təhsili, həm də orta ixtisas təhsili pilləsinin standartı, ümumtəhsil standartında olduğu kimi, eyni struktura malikdir. Yəni onlar təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinini əhatə edir. İlk peşə-ixtisas təhsili pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi təsdiq edilmiş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.

Həm ilk peşə-ixtisas təhsili, həm də orta ixtisas təhsilinin məzmunu və təşkili ilə bağlı ümumi tələblər aşağıdakı istiqamətləri əhatə edir:

təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;

öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik, müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;

təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını lazımınca ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;

cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;

təhsilalanlarda yüksək intellektual səviyyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;

tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək, təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.

İlk peşə-ixtisas təhsili standartlarında bunlardan əlavə iki tələb də mövcuddur:

təhsilalanları müstəqil həyata hazırlamaq, onlara seçdikləri peşələri mükəmməl öyrətmək, milli və beynəlxalq əmək bazarında rəqabət aparmaq xüsusiyyətlərinə malik olmalarına nail olmaq;

təhsilalanlarda ünsiyyət mədəniyyəti, müstəqil surətdə bilik və bacarıqlar qazanmaq və praktiki işdə tətbiq etmək qabiliyyəti, təşkilatçılıq, tədqiqatçılıq və birgə fəaliyyət vərdişləri formalaşdırmaq.

Orta ixtisas təhsilinin dövlət standartı və proqramı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və orta ixtisas təhsili sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla, vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur.

Anlayışlardan da göründüyü kimi, ilk peşə-ixtisas təhsili pilləsinin standartı və kurikulumu cəmiyyətin və dövlətin ehtiyacları əsasında hazırlandığı halda, subbakalavr pilləsinin standartı yalnız ümumi dövlət tələblərini nəzərə alır.

Standarta əsasən, orta ixtisas təhsili üzrə təhsil proqramlarının müvafiq ixtisaslar üzrə ümumi təhsil və ali təhsil proqramlarına uyğunluğu təmin edilir. Təhsilin müxtəlif səviyyələri arasında əlaqəni təmin edən bu cür yanaşma ilk peşə-ixtisas təhsili standartında mövcud deyildir.

Nə ilk peşə-ixtisas təhsili pilləsinin standartında, nə də orta ixtisas təhsili pilləsinin standartında təsərrüfat subyektləri ilə əməkdaşlıq çərçivəsi müəyyən olunmamışdır ki, bu da hazırda peşə təhsili sisteminin təklifə əsaslandığını göstərir.

İlk peşə-ixtisas təhsilində olduğu kimi, orta ixtisas təhsilində də ümumi orta təhsil bazasından daxil olan şagirdlərin tam orta təhsil almaları təmin edilir. Dövlət standartlarına əsasən, subbakalavr səviyyəsində təhsil əyani, qiyabi, distant və sərbəst (eksternat) formada təşkil oluna bilər.

Orta ixtisas təhsili pilləsinin standartında təhsilverənlər ilə bağlı bir neçə keyfiyyət göstəricisi təsvir olunur və Nazirlər Kabinetinin təsdiq etdiyi attestasiya qaydalarına istinad edilir. İndiyə qədər təsvir edilən digər standartlardan fərqli olaraq, burada təhsilalanların bilik və bacarıq səviyyəsi əks olunmamışdır; əvəzində, qiymətləndirmə prinsip və metodlarını təsvir edilmişdir. Məzunun ümumi və peşə kompetensiyalarına qoyulan tələblər müvafiq təhsil standartı əsasında ixtisaslar üzrə yeni hazırlanmış təhsil proqramlarında əks olunmuşdur.

İlk peşə-ixtisas təhsili pilləsində təhsil alan şagirdlərin bilik və bacarıqlarının səviyyəsi müvafiq fənn üzrə təsdiq olunmuş təlim nəticələri və məzmun standartları vasitəsilə müəyyən olunur. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyələrini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələblərə cavab verir:

fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;

təhsilin nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına zəmin yaradılması;

təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;

keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması;

təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin edilməsi;

təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması;

işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun ixtisasın artırılması və təkmilləşdirilməsi;

gələcək peşənin mənasının və sosial əhəmiyyətinin dərk edilməsi;

peşə fəaliyyətini həyata keçirmək üçün nümunəvi metodlar və üsulların seçilməsi, onların nəticələrinin və keyfiyyətinin qiymətləndirilməsi;

müasir texnika, texnologiya və informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə edilməsi.

Mövcud standartlara uyğun olaraq, ilk peşə-ixtisas təhsili proqramları (kurikulumları) aşağıdakıları əhatə edir:

ilk peşə-ixtisas təhsili pilləsi üzrə təlim nəticələri və məzmun standartları;

ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər;

ilk peşə-ixtisas təhsili pilləsində həftəlik dərs yükü və dərsdənkənar məşğələ saatlarının miqdarı;

ilk peşə-ixtisas təhsili sistemində pedaqoji prosesin təşkili;

ilk peşə-ixtisas təhsilində təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması;           

ilk peşə-ixtisas təhsili üzrə nümunəvi tədris planları.

Strukturu ümumi təhsilin kurikulumu ilə müqayisə etdikdə biz ilk peşə-ixtisas təhsili üçün xarakterik olan nümunəvi təlim planı istisna olmaqla, eyni strukturu görə bilərik. Orta təhsildə baza təlim planları və proqramları Təhsil Nazirliyi tərəfindən təsdiq edildiyi halda, ilk peşə-ixtisas təhsili müəssisələri peşə ixtisasları üzrə təlimlərin təşkili zamanı istənilən təlim metodlarından istifadə etməkdə sərbəstdir.

İlk peşə-ixtisas təhsilində pedaqoji prosesin təşkili, təhsil nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi ümumi təhsil pilləsində olduğu kimidir. Ümumi təhsildən fərqli olaraq, ilk peşə-ixtisas təhsilinin ixtisaslaşma verdiyini nəzərə alsaq, bu iki müxtəlif təhsil pilləsi üçün təlim və qiymətləndirmə üzrə eyni yanaşmanın tətbiqi cəmiyyətin, iqtisadiyyatın və dövlətin təhsil sistemindən tələblərinin qarşılanması baxımından arzuolunan nəticələri təmin edə bilməz. Praktiki bacarıqların qiymətləndirilməsi fərqli qiymətləndirmə forması və metodları tələb edir. İlk peşə-ixtisas təhsili standartında təhsilalanların təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi üçün müstəqil ekspertlərin (müəssisələrdən) cəlb edilməsi üçün hər hansı çərçivə nəzərdə tutulmamışdır. Qeyd etmək lazımdır ki, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələr sırasındadır.

Mövcud standarta əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsilverənlər ümumtəhsil müəssislərinin müəllimləri ilə eyni keyfiyyət göstəricilərinə və əlavə olaraq aşağıdakı göstəricilərə malik olmalıdırlar:

müvafiq peşə-ixtisas sahəsi üzrə azı 3 il istehsalat və ya pedaqoji təcrübə;

müəllimlərin əsasən ali, istehsalat təlim ustalarının isə ali və ya orta ixtisas təhsilinə malik olmaqla yanaşı, ixtisas dərəcələrinin təhsilalanlar üçün nəzərdə tutulmuş ixtisas dərəcəsindən yuxarı olması;

innovativ təlim metodlarından, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarığı;

təsisçi tərəfindən yeni təyin edilmiş məktəb rəhbərlərinin və pedaqoji təhsili olmayan mühəndis-texnoloqların işə qəbul edildikdən sonra 3 ay müddətində icbari surətdə pedaqogika, psixologiya və metodika üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram (kurikulum) üzrə kurs keçməsi;

peşə-ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının peşələrinə uyğun 3 ildən bir müəssisə və təşkilatlarda yeni texnika və texnologiyalar üzrə istehsalat təcrübəsi keçməsi.

Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli 178 nömrəli qərarı ilə ilk peşə-ixtisas təhsili pilləsi üzrə 216 ixtisas qrupu daxilində 712 ixtisas təsdiq edilmişdir. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən qeyd edilən ixtisas qrupları üzrə milli kurikulumlar hazırlanır və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təlim nəticələri əsasında yeni kurikulumların hazırlanması istiqamətində işlər aparılır.

Təhsil Problemləri İnstitutu tərəfindən mövcud standartlara uyğun olaraq müxtəlif ixtisas qrupları üçün 40 pilot kurikulum, beynəlxalq təşkilatların dəstəyi ilə isə əlavə 16 kurikulum hazırlanmışdır. Belə ki, Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilk peşə təhsilinin möhkəmləndirilməsi üzrə Tvinninq layihəsi çərçivəsində (Kənd təsərrüfatı sahəsində ilk peşə-ixtisas təhsili üzrə Almaniya-Azərbaycan Tvinninq Əməkdaşlığı) kənd təsərrüfatı üzrə 7 kurikulum, “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası vəAzərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində Aİ-nin dəstəyi ilə British Council təşkilatının rəhbərlik etdiyi konsorsium tərəfindən turizm və qonaqpərvərlik sektoru üzrə 5 kurikulum, Təhsil Nazirliyinin metodologiyası əsasında UNESCO-nun dəstəyi ilə 2 kurikulum (Otel administratoru və Kompüter operatoru) və World Vision təşkilatının dəstəyi ilə 2 kurikulum (Təmirçi-çilingər və elektrik qaynaqçısı) hazırlanmışdır.

Təhsil Problemləri İnstitutunun istifadə etdiyi metodologiyaya uyğun olaraq hazırlanmış 44 kurikulum aşağıdakı struktura malikdir:

ümumi orta təhsil bazasında həyata keçirilən ilk peşə-ixtisas təhsili üçün nümunəvi tədris planı (dərs yükü);

tam orta təhsil bazasında həyata keçirilən ilk peşə-ixtisas təhsili üçün nümunəvi tədris planı (dərs yükü);

ixtisasların təsnifatı ilə əlaqə (kodlaşma);

ixtisas qrupu;

ixtisas;

əhatə olunan iqtisadi fəaliyyət növləri;

vəzifələr;

peşə səriştələri (bilik, bacarıq və səriştələr);

qəbul tələbləri;

təhsilin müddəti;

imtahan (ilk peşə-ixtisas təhsili şagirdlərinin attestasiyası qaydalarına, o cümlədən yekun qiymətləndirmə qaydalarına istinad);

peşə üzrə xüsusi tələblər;

əhatə olunan modullar;

ixtisasın modul strukturu (təhsil müddəti üzrə);

baza modullar və təlim nəticələri.

Kurikulumların hər modulunda bir neçə təlim nəticəsi qeyd edilir. Sonuncularda, həmçinin, bir sıra fəaliyyətlər (standartlar) də əks olunmuşdur. Hər bir təlim nəticəsi və tapşırıq üzrə tədris saatlarının ümumi miqdarı, o cümlədən nəzəri dərslər və praktiki məşğələlər müəyyən olunur.

Kurikulumlarda təlim nəticələrinin qiymətləndirməsi məqsədilə qiymətləndirmə vərəqələri hazırlanmışdır. Vərəqələrdə “Bəli” (təhsilalan tapşırığı yerinə yetirə bildiyi təqdirdə işarələnir) və “Xeyr” (təhsilalan tapşırığı yerinə yetirə bilmədiyi təqdirdə işarələnir) cavablarının göstərildiyi bir neçə praktiki tapşırıq, eləcə də qeydlər və 4 cavab variantının olduğu qapalı test sualları qeyd olunur. Həm praktiki, həm də nəzəri tapşırıqlar qiymətləndirməni aparan şəxs tərəfindən imzalanır və tarix qoyulur.

Məsələn, moda dizayneri üçün kurikuluma aşağıdakı modullar daxildir: (A) Moda üslubunun seçilməsi; (B) Geyim komponentlərinin yaradılması; (C) Paltarın eskizinin çəkilməsi; (D) Paltarın strukturunun yaradılması; (E) Paltarın hissələrinin ölçülməsi; (F) Paltarın hazırlanması; (G) Profilaktik tədbirlərin görülməsi, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət edilməsi.

A modulu 3 təlim nəticəsini əhatə edir: (A1) Təyinatı üzrə moda üslubunun seçilməsi; (A2) Fəsil və materialların texniki xüsusiyyətləri əsasında moda üslubunun seçilməsi; (A3) Cins və yaş amilləri üzrə moda üslubunun seçilməsi. Birinci təlim nəticəsi 63 saat ərzində əldə edilir – 7 saat nəzəri dərslər üçün və 56 saat praktiki məşğələlər üçün. Tədris saatlarının bölgüsü aşağıdakı kimidir:


Təlim nəticəsi üzrə fəaliyyətlər (standartlar) (A1)

Tədrisin məzmunu (nəzəri biliklər)

Dərs saatları (nəzəri)

Tədrisin məzmunu (praktiki bacarıqlar)

Dərs saatları (praktiki məşğələlər)

Resurslar

A1.1. Geyim ilə bağlı tələbləri və təsnifatları bilir və nümunələr üzrə biliklər nümayiş etdirməklə şərhlər verir

Geyimin tarixi, geyim ilə bağlı tələblər, geyimin təsnifatı

4

Geyim nümunələrinin göstərilməsi, geyimə olan tələblər və paltarların təsnifatı barədə şərhlərin verilməsi

21

Vərəqələr, geyim nümunələri, geim mağazaları
Mündəricat

A1.2. Geyimin təyinatı və təyinat üzrə modelin seçilməsi qaydaları barədə məlumatlıdır, təyinat üzrə geyim modelini seçir

Geyimin tarixi, geyim ilə bağlı tələblər, geyimin təsnifatı

3

Geyimin təyinatı üzrə modelin seçilməsi qaydalarına uyğun olaraq paltarın modelinin seçilməsi

35

Təlim nəticəsinin (A1) qiymətləndirilməsi üçün praktiki tapşırıqlar aşağıdakılardan ibarətdir:

geyimin təsnifatına uyğun olaraq gündəlik geyimlərin seçilməsi və nümayiş etdirilməsi;

geyimin təsnifatına uyğun olaraq idman geyimlərinin seçilməsi və nümayiş etdirilməsi;

geyimin təsnifatına uyğun olaraq rəsmi geyimlərin seçilməsi və nümayiş etdirilməsi;

geyimin təyinatina uyğun olaraq idman geyimləri üçün modelin seçilməsi.

Yuxarıdakı nümunədən göründüyü kimi, uğurlu təhsilalan peşə ilə bağlı nəzəri və praktiki biliklərə malik olur; işlə bağlı geniş bilikləri şərh edir və əlaqələndirir, onları yeni vəziyyətlərdə istifadə edir; verilmiş vaxt çərçivəsində əsas vəzifə tapşırıqlarını yerinə yetirir; işin məzmununda müvafiq dəyişiklərə təşəbbüs göstərir, onları hazırlayır, uyğunlaşdırır, müvafiq planlara uyğun olaraq işi effektiv və səmərəli şəkildə təşkil edir. Bu və digər diskriptorlar AzKÇ-nin 3-cü səviyyəsindən götürülmüşdür. Bütün digər kurikulumlarda olan təlim nəticələri də AzKÇ-nin 3-cü səviyyəli diskriptorlarına uyğundur. Bütün ixtisaslar üzrə diskriptorlara xarici dil və İKT daxildir ki, buna da çərçivə layihəsinin 4-cü səviyyədən olan diskriptorunda rast gəlinmir. Lakin 3-illik peşə təhsili ilk peşə-ixtisas təhsili haqqında diplomla yanaşı, tam orta təhsil haqqında attestat1 da verir ki, bu da AzKÇ-nin 4-cü səviyyəsinə uyğundur.

İlk peşə-ixtisas təhsili kurikulumlarında, həmçinin, ümumi fənlər (nitq mədəniyyəti, gənclərin çağırışaqədərki hazırlığı, İKT, xarici dil, peşə üzrə hesablama əməliyyatları, Azərbaycan qanunvericiliyinin əsasları, fiziki tərbiyə, bazar iqtisadiyyatı və sahibkarlığın əsasları və s.) üzrə proqramlar (kurikulumlar), ilk peşə-ixtisas təhsili sistemində pedaqoji prosesin təşkili və ilk peşə-ixtisas təhsilində təlim nəticələrinin monitorinqi və qiymətləndirilməsi əhatə edilir.

Şagirdlərin təlim nailiyyətlərinin qiymətləndirilməsi İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartına uyğun olaraq həyata keçirilir və qiymətləndirmənin ənənəvi formalarından fərqli olaraq (sinifdəki şagirdlərin nailiyyətlərinin müqayisə edilməsi), burada əsas diqqət səriştələrə yönəldilir. Lakin mövcud standartlar kimi, pilot kurikulumda da müstəqil ekspertlər tərəfindən bitərəf qiymətləndirmənin aparılması üçün heç bir çərçivə müəyyən edilməmişdir.

Aİ-nin Tvinninq layihəsi çərçivəsində Təhsil Problemləri İnstitutu ilə birgə hazırlanmış kurikulumlar peşə təhsili standartları adlanır. Onlar nazirlik (Təhsil Problemləri İnstitutu) tərəfindən hazırlanmış pilot kurikulumlar ilə müqayisədə eyni struktura malikdir, o cümlədən, ümumi fənlər də eynidir. Lakin onlar arasında əhəmiyyətli fərqlər də mövcuddur. Belə ki, onlar ixtisas qrupları üzrə deyil, ayrıca ixtisaslar / peşələr üzrə hazırlanmışdır. Burada peşə üzrə səriştələr Avropa Kvalifikasiya Çərçivəsi ilə əlaqələndirilmişdir. Eyni zamanda, imtahan ilə bağlı bölmədə təhsil standartlarına istinad edilmir, əvəzində imtahanın təşkili məsələləri əks etdirilir. Burada qeyd olunur ki, tədris ilinin sonunda yazılı və şifahi buraxılış imtahanı təşkil edilir. Yazılı və şifahi hissədən ibarət buraxılış imtahanı tədrisin ümumi məzmunu əhatə edir və daha çox praktik yönümlü olur. Burada həmçinin, imtahanın müvafiq sahə üzrə ixtisaslaşmış biznes nümayəndələrinin də daxil olduğu komissiya tərəfindən götürüldüyü qeyd olunur.

Digər fərq isə tədris planı ilə bağlıdır ki, burada tədrisin 50%-nin məktəbdə və 50%-nin istehsalat müəssisəsində həyata keçirilməsi təklif olunur. Layihə tərəfindən hazırlanmış bütün kurikulumlarda nəzəri dərslər tədris saatlarının ən az hissəsini təşkil edir. Praktiki məşğələlər üçün saatlar bundan çox, istehsalat təcrübəsi isə daha artıq müəyyən edilir.

Layihə çərçivəsində hazırlanmış standartlarda praktiki qiymətləndirmə, yazılı yoxlama sualları, pedaqoji prosesinin təşkili, eləcə də təlim nəticələrinin monitorinqi və qiymətləndirilməsi əhatə olunmamışdır. Əvəzində, layihə tərəfindən Modul tipli təhsil proqramlarının (kurikulum) tətbiqi ilə bağlı tədris prosesinin təşkili qaydaları (təlimat) hazırlanmışdır. Sənəddə nəzəri məşğələlərin, praktiki çalışmaların və təcrübələrin təşkili, pedaqoji prosesin həyata keçirilməsi, müəssisələr ilə əməkdaşlıq, həftəlik dərs yükü, eləcə də təhsilalanların bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi üçün təlimatlar əks olunur. Layihə çərçivəsində təcrübə keçmək üçün müqavilə nümunəsi, təcrübə prosesi üçün yoxalma vərəqəsi və təcrübə keçən şəxslər üçün qiymətləndirmə forması hazırlanmışdır.

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsi çərçivəsində hazırlanmış kurikulumlar peşə bacarıqları üzrə müxtəlif modulları əhatə edir ki, onların da hər biri aşağıdakı struktura malikdir:

səviyyə;

kredit dəyəri;

qəbul şərtləri;

modul haqqında məlumat;

təlimin nəticələri;

icra meyarları (hər bir təlim nəticəsi üzrə);

açıqlama2; və

tələb olunan sübutlar.

Eyni zamanda, bəzi modullarda köməkçi qeydlər də verilmişdir ki, burada təqribi təhsil müddəti, məqsəd, məzmun / kontekst, Sübutların yığılması sahəsində yanaşmalar, qiymətləndirmə prosedurları, tanınma, istinadlar və xüsusi ehtiyaclar qeyd olunur.

Nazirlər Kabinetinin 19 yanvar 2010-cu il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na uyğun olaraq, sözügedən təhsil pilləsində 156 ixtisas var. Təhsil Nayirliyində yaradılan və Təhsil Problemləri İnstitutunun mütəxəssislərinin də daxil olduğu işçi qrupları tərəfindən qeyd edilən ixtisaslar üzrə milli kurikulumlar hazırlanmış və nazirlik tərəfindən təsdiq edilmişdir.

İlk peşə-ixtisas təhsili pilləsinin kurikulumları kimi, subbakalavr təhsili pilləsinin müxtəlif ixtisaslar üzrə təhsil proqramları (kurikulumları) da məzmun standartları, fənlər, həftəlik dərs yükü, dərsdənkənar məşğələ saatlarını əhatə edir. Təhsil proqramlarının strukturu aşağıdakı kimi müəyyən olunur:

ümumi müddəalar;

məzunların ixtisas xarakteristikaları və səriştəliliyi;

təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər;

maddi-texniki, tədris bazası və kadr potensialı;

tədris prosesinin forma və metodları;

yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə.

Həm ilk peşə-ixtisas təhsili, həm də orta ixtisas təhsili pilləsi üçün standartlarda təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi üzrə bölmə var. Lakin onun məzmunu tamamilə fərqlənir. Belə ki, ilk peşə-ixtisas təhsili standartının bu bölməsində ümumi təlim nəticələrini əhatə edildiyi halda, orta ixtisas təhsili pilləsinin standartında təlim nəticələri barədə heç bir qeyd yoxdur. Əvəzində, sonuncu təhsilalanların biliyinin qiymətləndirilməsi prinsiplərini əks etdirir. İlk peşə-ixtisas təhsili pilləsinin standartından fərqli olaraq, subbakalavr təhsili pilləsinin standartında müxtəlif ixtisaslar üzrə təlim nəticələri də əks olunmamışdır. Subbakalavr təhsili məzunları üçün təlim nəticələri müxtəlif ixtisaslar üzrə hazırlanmış təhsil proqramlarında verilmişdir.

Orta ixtisas təhsili pilləsində üç fənn bölümü nəzərdə tutulur: (i) humanitar fənlər; (ii) ümumtəhsil fənləri (ümumi orta təhsil bazasından təhsil alanlar üçün); və (iii) ixtisasın peşə hazırlığı fənləri.

Tam orta təhsil bazasından təhsilalanların ümumi auditoriya saatlarının 20-25 faizi — humanitar, 75-80 faizi isə peşə hazırlığı fənlərinin tədrisinə ayrılır.

Ümumi orta təhsil bazasından təhsilalanların ümumtəhsil fənlərinin həcmi ümumi saatların 3040 faizini təşkil edir.

Humanitar fənn bölümünə məcburi fənlər kimi “Azərbaycan tarixi”, “Azərbaycan dili” (xarici dildə təhsil alanlar üçün), “Xarici dil” fənləri daxildir.

Orta ixtisas təhsili üzrə təhsil proqramlarının bütün fənn bölümlərinə seçmə fənlər daxildir. Proqramlarda seçmə fənlərə ayrılan saatın həcmi ümumi saat həcminin 15-20 faizini təşkil edir. Həmin fənlər təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

Mövcud standartlara əsasən, orta ixtisas təhsili pilləsində təkrar orta ixtisas təhsili alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir.

Orta ixtisas təhsili müəssisələrində tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil olunur. Subbakalavr təhsil pilləsi üzrə bir tədris ilinin müddəti 40 həftədən ibarət olduğu halda, bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət 8-20 həftədir.

Orta ixtisas təhsilində kredit sisteminin tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Avropa Kredit Transfer Sistemində öyrənmə (təlim) nəticələri iş həcminin qiymətləndirilməsi və kreditlərin müəyyən edilməsi üçün əsas sayılsa da, “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda belə bir qeyd yoxdur.

Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;

auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);

təcrübələrdə iştirak etməsi;

laboratoriya işlərini yerinə yetirməsi;

kurs işini və layihələrini hazırlaması və müdafiəsi;

imtahanlara hazırlığı və imtahanları verməsi;

buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.

Hazırda təhsil müəssisələrində tədris olunan subbakalavr hazırlığı üzrə 115 ixtisas üzrə Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş təhsil proqramları aşağıdakıları əhatə edir:

İxtisasların təsnifatı ilə əlaqə (kodlaşma);

İxtisasın adı;

Ümumi müddəlar;

Əyani və qiyabi formalar üzrə təhsil müddəti;

Məzunun ixtisas xarakteristikası və kompetensiyasına (ümumi və peşə kompetensiyalarına) qoyulan tələblər;

Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər:


  • Məzunun peşə fəaliyyətinin xarakteristikası;

  • Ümumi fənlər bölümü üzrə tədris planı (dərs saatları);

  • İxtisas üzrə fənn bölümləri. Humanitar və ixtisasın peşə hazırlığı fənn bölümləri, həmçinin təcrübələr və yekun attestasiya üzrə təlim nəticələrini (bilik və bacarıqları) və fənlər üzrə kreditlərin sayını əhatə eddir;

Maddi-texniki, tədris bazası və kadr potensialı;

Tədris prosesinin forma və metodları;

Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə. Burada ümumi tələblər müəyyən edilir, attestasiyanın təşkili və keçirilməsi qaydalarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirildiyi qeyd olunur.

Göründüyü kimi, orta ixtisas təhsili kurikulumları ilk peşə-ixtisas təhsili kurikulumları ilə oxşar struktura malikdir. Mühüm fərqlər orta ixtisas fənləri üzrə kredit həcminin müəyyən olunması və qiymətləndirmə nümunələrinin müəyyən olunmamasıdır.



    1. Yüklə 303,92 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə