Azərbaycanda mövcud olan kvaliFİkasiya standartlarinin təHLİLİ


Əlavə təhsildə peşə standartları



Yüklə 303,92 Kb.
səhifə9/12
tarix01.09.2018
ölçüsü303,92 Kb.
#66306
1   ...   4   5   6   7   8   9   10   11   12

Əlavə təhsildə peşə standartları


DİOS layihəsi çərçivəsində hazırlanan bütün peşə standartları gələcəyə istiqamətlənmiş səriştələri müəyyən edir ki, bu da əlavə təhsil üçün zəmin yaradır. Sözügedən standartlar qeyri-formal və informal təlimləri əhatə edən təlim yollarını, habelə əvvəlki təlimin tanınmasını əks etdirdiyi üçün onlardan əlavə təhsil və təlimdə istifadə oluna bilər. Yuxarida qeyd edildiyi kimi, əlavə təhsilin nəticələri üzrə tələbləri müəyyən etmək məqsədilə daha çox peşə standartının hazırlanmasına ehtiyac vardır. Əlavə təhsil ilə bağlı mövcud qanunvericilikdə qeyd edildiyi kimi, özəl qurumların nümayəndələri əlavə təhsilin kurikulumlarının hazırlaması və təsdiq edilməsi prosesində iştirak edir. İştirakın effektiv yollarından biri peşə standartlarının hazırlanmasından keçir ki, bu da modul tipli kurikulumların hazırlanması prosesi üçüm məlumat mənbəyi ola bilər.

Qeyd etmək istərdik ki, dövlət məşğulluq xidmətləri tərəfindən tətbiq ediləcək qısamüddətli təlim kursları üçün 35 təlim modulunun hazırlanması zamanı peşə standartlarından istifadə edilmişdir.


    1. Əsas nəticələr


Ömür boyu təhsil üçün kvalifikasiya standartları qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmalıdır. Onlar AzKÇ sənədi ilə əlaqələndirilməlidir ki, burada əlavə təhsil kvalifikasiyaları 3-8-ci səviyyələr üzrə müəyyən edilir. Əlavə təhsil üzrə hazırkı standart ilk peşə-ixtisas təhsili sistemini aydın şəkildə əhatə etmir. Burada həmçinin, əlavə təhsilin istiqamətləri ümumi şəkildə təsvir edilir və ümumi təlim nəticələri əks olunmur. Əlavə təhsilin formal formaları üzrə ixtisas kurikulumları təhsil pillələri üzrə müvafiq kurikulumlara uyğun olaraq hazırlanmalıdır. Kvalifikasiyaların müqayisəsini təmin etmək məqsədilə əlavə təhsilin müxtəlif növləri üzrə qiymətləndirmə meyarlarının müəyyən edilməsinə ehtiyac vardır.

Nəticə və tövsiyələr


Təhsil standartlarının və kurikulumların müasir əmək bazarının tələblərinə uyğun dəyişdirilməsi və təkmilləşdirilməsi istiqamətində səylər göstərilməkdədir. Yeni təhsil strategiyasının və AzKÇ sənədinin tələblərinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən yeni təhsil standartlarına və kurikulumlara təlim nəticələri və modul əsaslı yanaşma tətbiq edilməkdədir. Nazirlik təhsildə keyfiyyətin təmin edilməsində bütün maraqlı tərəflərin cəlb olunması ilə hazırlanan kvalifikasiya standartlarının vacib rolunu anlayır və onların hazırlanmasını nəzərdən keçirir.

Təhsilin hər bir pilləsi üzrə mövcud standartların struktur və məzmununda boşluqlar və təkrarlanma halları mövcuddur. Həmçinin, kvalifikasiyaların müxtəlif səviyyələri arasında əlaqə və AzKÇ sənədində əks olunan təsvirlərə uyğunluq zəifdir. Mövcud kvalifikasiya standartları və kurikulumlarının həm strukturunda, həm də məzmununda dəyişiklərin edilməsi zəruridir. Tövsiyə olunur ki, gələcəkdə təhsilin dövlət standartları təhsilin idarə edilməsi, maddi-texniki və tədris bazası, infrastrukturu kimi təşkilati məsələlərə istiqamətləndirilsin, təlim prosesinin nəticələrinin qiymətləndirilməsi, təsbit edilməsi və sertifikatlaşdırılması kimi kvalifikasiya tələblərinin əks olunduğu ayrıca kvalifikasiya standartları hazırlansın. Kvalifikasiya standartlarının hazırlanması üçün hüquqi bazanın yaradılması məqsədi ilə qanunverciliyə müvafiq dəyişikliklər edilməlidir. Bunun mümkün yollarından biri “Təhsil haqqında” Qanuna və dövlət təhsil standartlarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına kvalifikasiya standartları ilə bağlı qeydin edilməsidir. 2015-ci ilin aprel ayında dövlət təhsil standartlarının planlaşdırılan növbəti yenilənməsi zamanı sözügedən dəyişikliyi etmək olar.

Eyni zamanda, təlim vahidlərinə əsaslanan, Avropa Kredit Transfer Sistemi və Peşə Təhsili üzrə Avropa Kredit Sistemi ilə əlaqələndirilmiş milli kredit sisteminin yaradılması və AzKÇ-yə inteqrasiya edilməsi tövsiyə olunur. Kvalifikasiyalar və modul kurrikulumların hazırlanmasına dəstək vermək üçün kvalifikasiyaların reyestrindən əlavə, təlim vahidlərinin bazası da yaradılmalıdır.

Formal təhsildən kənarda (qeyri-formal və informal təhsil yolu ilə) əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi, kreditlərin verilməsi və beləliklə də kvalifikasiya sənədi vermək məqsədi ilə səriştələrin tanınmasını təmin etmək üçün kredit sisteminin tətbiqini tənzimləyən qaydalarda təlim nəticələrinə əsaslanan yanaşmanın nəzərdə tutulmasına ehtiyac var.

Qiymətləndirmədə bitərəfliyi təmin etmək və özünü-qiymətləndirmə hallarına yol verməmək məqsədilə müstəqil təşkilat və ekspertlər tərəfindən keyfiyyətin kənar təminatı tədbirləri həyata keçirilməlidir. Təhsil Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrinin onun özü tərəfindən akkreditasiya edilməsini təsbit edən hazırkı qanunvericilik keyfiyyət təminatı məqsədlərinə tam olaraq xidmət etmir. “Təhsil haqqında” Qanuna, Təhsil müəssisələrinin akkreditasiyası qaydalarına və Kvalifikasiya Çərçivəsi layihəsinə müvafiq dəyişiklər edilməlidir.

Ümumi orta və tam orta təhsil standartları cəmiyyətin tələblərinin əks etdirilməsi və müvafiq təhsil müəssisələri ilə məsləhətləşmələr vasitəsi ilə daha yüksək təhsil pillələri ilə əlaqələrin təmin edilməsi baxımından təkmilləşdirilməlidir.

İlk peşə-ixtisas təhsili və əlavə təhsil üzrə standartlar son illərdə donor layihələrinin dəstəyi ilə Təhsil, Əmək və əhalinin sosial müdafiəsi nazirlikləri və Təhsil Problemləri İnstitutu tərəfindən təkmilləşdirilmişdir. Peşə standartları əsasında ilk peşə-ixtisas təhsili üzrə 56 standart və kurikulum, həmçinin əlavə təhsil üzrə 63 kvalifikasiya standartı hazırlanmışdır.

Lakin qeyd edilən sahədə nəzərəçarpan problemlər hələ də qalmaqdadır. Vətəndaş cəmiyyəti və biznes strukturları kimi maraqlı tərəflərin təhsil sistemi qarşısındakı tələblərinin daha dolğun şəkildə təmin edilməsi üçün onlarla daha möhkəm və institusionallaşdırılmış əlaqələrin qurulmasına ehtiyac var. Təhsilalanlara kvalifikasiya (ixtisas) seçimində yardım etmək üçün karyera məsləhətləri və peşəyönümü işinin gücləndirilməsi zəruridir. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması nəzərdə tutulmuşdur.

Orta ixtisas təhsili üçün də kvalifikasiya standartları hazırlanmalıdır. Təhsil Nazirliyi ilk peşə və orta ixitsas təhsili bazasında peşə təhsili komplekslərinin yaradılmasını planlaşdırır. Buna görə də bu təhsil səviyyələri üçün standartlar eyni strukturda olmalıdır.

Avropa Ali Təhsil Sahəsi üzrə Kvalifikasiya Çərçivəsinin tələblərinə cavab vermək üçün bir çox məsələlər həll edilməlidir. 2001-2002-ci illərdə 6 universitet muxtariyyət əldə etmişdir. Gözlənilir ki, universitetlər tədricən muxtariyyət əldə edəcəklər.

Təhsil Nazirliyi 2013-cü ildə Akkreditasiya və lisenziyalaşdırma şöbəsinin fəaliyyətini dayandırmış, Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin tərkibində Lisenziyalaşdırma və akkreditasiya sektoru yaratmışdır. Nazirlik xarici keyfiyyət təminatı prosesini bu yaxınlarda yenidən başlamışdır və müvafiq ekspertləri cəlb etməklə bütün universitetlərin kənar qiymətləndirməsini həyata keçirməyi planlaşdırır. Ali təhsildə keyfiyyətin təminatı üçün Nazirlər Kabinetinin qərarı ilə müstəqil qurumun yaradılması nəzərdə tutulur.

Ali təhsil kvalifikasiyaları üçün ölkə üzrə ümumi standartlara və onların bütün universitetlər tərəfindən həyata keçirilməsini təmin edən prosedurlara ehtiyac var. Universitetlər kvalifikasiya standartları əsasında fənlər üzrə məzmun standartlarının hazırlanmasını təşkil edə bilərlər. Kurikulumlar əmək bazarının və ictimaiyyətin tələblərini əks etdirən standartlar əsasında hazırlanmalıdır. Hər bir kafedrada biznes qurumların da nümayəndələrinin cəlb olunduğu məşvərət şuraları olmalıdır.

Əlavə təhsil sahəsi, əsasən, tənzimlənmədən kənarda qalmışdır. “Təhsil haqqında” Qanunda hər bir təhsil müəssisəsinin təhsil fəaliyyəti göstərmək üçün Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalı olduğu göstərilsə də bu tələbin digər hüquqi formalarda qeydiyyata alınmış təhsil fəaliyyəti göstərən təşkilatlara aid edilib-edilməməsi aydın deyil. Sertifikatlaşdırma üzrə mövcud təcrübələr təhsilverənlər arasında dəyişir. Qeyri formal təhsil və təlim verən bir çox müəssisələr kənar keyfiyyət təminatı olmayan sertifikatlar təqdim edirlər. Azərsun Akademiyanın Daxili İşlər Nazirliyi tərəfindən lisenziyalaşdırılmış bir institut kimi mühafizəçilər üçün sertifikatlar təqdim etməsi onu göstərir ki, hazırda yaşlıların təhsilinin böyük bir hissəsi AzKÇ-nin hazırlanmasının əsasını təşkil edən “Təhsil haqqında” Qanunda nəzərdə tutulan tələblərdən kənara çıxır.

Əlavə təhsil üzrə diplom və sertifikatlar sisteminin yaradılmasının ilk mərhələsi müxtəlif sektorlar üçün müvafiq qayda və prosedurların müəyyən edilməsindən ibarətdir. DIOS layihəsi tərəfindən işlənmiş əlavə təhsil üzrə kvalifikasiya standartlarının hazırlanması metodologiyası və 63 kvalifikasiya standartı müəyyən edilmiş ehtiyaclar əsasında sistemli yanaşmanın tətbiqi üçün ilk addımdır. Bu kvalifikasiya standartları üçün səviyyələr ISCO 08-ə (Beynəlxalq Əmək Təşkilatı tərəfindən hazırlanmış Peşələrin Beynəlxalq Standart təsnifatı – 2008-ci il versiyası) əsaslanır, lakin AzKÇ qəbul olunduqdan sonra ona uyğunlaşdırılmalıdır. Bu məsələ təkcə Təhsil Nazirliyi tərəfindən həll edilə bilən bir məsələ deyil, müvafiq sektorlardan olan digər qurumların da davamlı peşə təhsili ilə bağlı mövqeləri nəzərə alınmalıdır. Təlimdən əvvəl qəbul yoxlaması prosedurlarının formalaşdırılması üçün kvalifikasiya standartları və qiymətləndirmə vahidlərindən istifadə etməklə analitik yoxlama alətlərinin hazırlanması faydalı olar. Bu, təlimin vaxtını azalda və onu bütöv kurikuluma deyil, verilməli olan xüsusi səriştələrə hədəfləndirməyə yardım edə bilər.

Əlavə təhsil üzrə kvalifikasiya standartlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyi və digər tərəfdaşlarla əməkdaşlıq şəraitində hazırlanması tövsiyə olunur. Əlavə təhsil kvalifikasiyalarının ümumi təhsil kvalifikasiyaları ilə keçidini təmin etmək üçün təlim vahidlərinə həcm kreditləri tətbiq edilə bilər.

Müxtəlif təşkilatların və maraqlı tərəflərin təhsilin pillələri üzrə kvalifikasiya standartlarının hazırlanması, yenilənməsi, tətbiq edilməsi sahəsində rol və vəzifələrinin bölgüsü üzrə tövsiyələr Əlavə 1-də daha konkret şəkildə verilmişdir. Əlavə 1-də verilmiş cədvəllərin təhslili əsasında maraqlı tərəflərlə aparılan müzakirələr nəticəsində AzKÇ-nin standartlarla zənginləşdirilməsi üzrə tövsiyələr hazırlanmış (Əlavə 2) və konkret tədbirlər üçün vaxt çərçivəsi müəyyən edilmişdir (Əlavə 3).



Yüklə 303,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə