Azərbaycanda yaşayan xalqlarin folklorunda ortaq motiv və SÜjetləR



Yüklə 42,93 Kb.
tarix21.10.2017
ölçüsü42,93 Kb.

Bəxtiyar Tuncay (Azərbaycan)

Mənsur Rəhbəri (İran)
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN FOLKLORUNDA ORTAQ MOTIV VƏ SÜJETLƏR
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/picture_of_azimzade.jpg/300px-picture_of_azimzade.jpg

XX əsrin 60-cı illərində Kanadada əhalinin etnik, mədəni, dini, irqi müxtəlifliyi ilə bağlı ölkənin vəziyyətini əks etdirən termin kimi meydana gəlmiş “multikulturalizm” anlayışı dövrün ictimai-siyasi və mədəni tələbatını əks etdirən geniş prosesləri əhatə etməkdədir. Multikulturalizm Kanadanın «dövlət təsisatları tərəfindən 1971-ci ildə tanınmış, ölkənin çoxtərkibli əhalisinin mədəni assimilyasiyası siyasətinin iflasını bir növ rəsmiləşdirmişdir». Sonrakı illərdə digər Qərb ölkələrində də qəbul edilən «multikulturalizm modeli mədəni fərqliliyin müxtəlif formalarının "assimilyasiyasız inteqrasiya" şəklində qanuniləşdirməsini nəzərdə tutur. Bu halda mədəni özünəməxsusluğunu, həyat tərzini, özəl xüsusiyyətlərini, adət-ənənələrini saxlamaq hüququ olan müxtəlif etnomədəni, dini və s. icmalar bir dövlətin hüdudlarında birgə yaşayır. Lakin multikulturalizm eyni zamanda mədəni rəngarəngliyin sosial mexanizmlər vasitəsi ilə nəzarətdə saxlamaq və tənzimlənmək üsuludur. Yel universitetinin politologiya və fəlsəfə professoru Seyla Benhəbib mədəni plüralizm vəziyyətini radikal və ya mozaik multikulturalizm termini ilə müəyyənləşdirir. Onun şərhində mozaik multikulturalizm mozaikanı təşkil edən elementlər kimi öz eyniliyini və sərhədlərini vahid siyasi təsisat tərkibində qoruyub saxlayan icmaların varlığını bildirir» (1. 10).

Alimin fikrincə, «adları çəkilən sosial tənzimləyicilər həmin mədəni modelin gerçək yaşamaq qabiliyyətini təmin edir. Bu halda mozaika sahəsini yaradan mədəniyyət və submədəniyyətlərin donuq, statik qurum deyil, artmaq və dəyişilmək proqramına malik varlıq olması şərti mühüm rol oynayır» (2. 8).

Multikulturalizmin hazırda sosial elmlərdə qəbul olunmuş təfsirinin demoqrafik, ideoloji və siyasi kimi üç səviyyəsini fərqləndirən A.İ.Kuropyatnik yazır ki, «demoqrafik səviyyənin mahiyyəti milli icmaların demoqrafik, etnomədəni göstəricilərinin endogen (miqrasiya) və ekzogen (immiqrasiya) amillərin təsiri altında baş verən dəyişiklikləri təsvir etməkdən ibarətdir. Bu halda multikulturalizm immiqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası siyasəti kimi dərk edilir. İdeoloji səviyyə çərçivəsində milli ideologiyaların müddəaları müzakirə edilir. Siyasi səviyyə multikulturalizm prinsiplərinin mədəni-milli azlıqların hüquqlarının ideologiya, siyasət kimi əyani tətbiqinə, onlara sosial dəstək proqramların gerçəkləşdirilməsinə yönəlmişdir. Bu halda multikulturalizm dövlət və onun tərkibində olan milli-mədəni azlıqlar arasında münasibətlərin ahəngdarlığına, habelə bu azlıqların daxilində münasibətlərin nizamlanmasına yönəlmiş siyasi proqram kimi çıxış edir» (3. 46).

Maraqlıdır ki, Avropa və Amerikanın qabaqcıl dövlətlərinin XX əsrdə gəlib çıxdıqları mədəni fərqliliyin müxtəlif formalarının "assimilyasiyasız inteqrasiya"sı fikri Şərqdə, o cümlədən minillərdir ki, tətbiq edilir və bunun ən gözəl örnəyi Azərbaycanda çox qədim zamanlardan yaşamaqda olan müxtəlif azsaylı xalqların özünəməxsus milli folklorudur.

Fikrimizi ölkəmizdə yaşayan iki qafqazdilli xalqın – avar və udinlərin milli folklor nümunələri əsasında aydınlaşdırmağa çalışaq. İlk öncə qeyd edək ki, bu xalqların hər biri çox qədim zamanlardan bu yerlərin sakinidirlər, bütün həyatları boyu bölgənin aparıcı xalqı olan Azərbaycan türkləri ilə yanaşı yaşamışlar və daim sözügedən ərazidə mövcud olmuş dövlət quruluşlarında birgə təmsil olunmuşlar. Bu baxımdan Manna və Qafqaz Albaniyası dövlətlərinin adını ilk sırada qeyd etmək lazımdır.

Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar. Bunlardan ən çoxsaylısı avarlardır ki, Onların bir qismi Dağıstanda, bir qismi isə Azərbaycanda, əsasən Balakən və Zaqatala rayonlarında məskundurlar. Hazırda Dağıstanın ən çoxsaylı xalqı hesab olunurlar. Azərbaycanın isə sayca altıncı etnik qrupudur. Dilləri İber-Qafqaz dillərinin Nax-Dağıstan qrupuna daxildir. Antropoloji cəhətdən subavropoid irqinin kafkasion tipinə aiddirlər, kəllə quruluşlarına, saç və gözlərinin rənginə görə avropoid irqinin Aralıq dənizi qrupunun kaspi (oğuz) tipinə aid olan Azərbaycan türklərindən fərqlənirlər. Ümumi saylarının 500-600 min civarında olduğu bildirilir. “Avar” adı onlara kənardan verilmiş addır. Özlərini “tsolb” adlandırırlar. Tarixi mənbələr də onları məhz bu adla, daha doğrusu, bir qədər təhrif edilmiş “çilb” və ya “silv”şəklində, qədim Albaniyanın xalqlarından biri kimi qeydə almışdır (4. 3).

Kənardan verilən “avar” adına görə onları çox zaman VI-VIII əsrlədə mövcud olan və Şərqi Avropanın böyük bir hissəsini hakimiyyəti altına alan Böyük Türk-Avar Xaqanlığını quran avar türkləri ilə qarışdırırlar. Həqiqət isə bundan ibarətdir ki, tsolbavarların türk avarlarla heç bir etnik və dil qohumluğu yoxdur. Görünür, tsolblar (çilblər, silvlər) bir zamanlar Avropanın bir çox xalqları kimi Avar Xaqanlığının təbəələri olmuş və ya da əsgər kimi türk-avar ordusunda xidmət etmiş və bu üzdən “avar” adı yanlış olaraq onlara da şamil edilmişdir.

Avarların bir-birini anlamayacaq dərəcədə iki fərqli dialektdə danışdıqları qəbul edilsə də, əslində bunlar qohum dillər olmasına rəğmən, fərqli iki dildir. Məsələ isə ondadır ki, XX əsrin 30-cu illərində Stalinin birbaşa göstərişi ilə “andiyalı” və ya “andok” kimi tanınan tamam başqa bir Dağıstan xalqının etnik kimliyi inkar edilməyə və həmin dövrdən etibarən bu xalq avar kimi qələmə verilməyə başlanmışdır. Sözügedən xalqın adı Dağıstanda axan iki Göysu adlı çaydan birinin adında əbədiləşmişdir – Andiyskoye Koysu. Maraqlıdır ki, bu çaylardan biri andiyalıların (andokların) adı ilə qoşa çəkilsə də, ikinci eyniadlı hidronimdə avarların adı əbədiləşmişdir – Avarskoye Koysu.

E.ə. IX-VII əsrlərə aid Aşşur mənbələrində Dağıstanın adı andiyalıların adından törəmə olan “Andiya” kimi çəkilməkdə və onun Manna dövlətinin əyaləylətindən biri olduğu qeyd edilməkdədir. Həmin əyalətlə qonşu olan başqa bir Manna əyaləti isə “Durdukka” adlanmaqdadır ki, bu da durdzuk adının Aşşur dilindəki təhrifindən başqa bir şey deyil. Avarlar bu günə qədər onlarla qonşuluqda yaşayan çeçenləri “durdzuk” deyə adlandırırlar. Yeri gəlmişkən, qeyd edək ki, eyni mənbələrdə qonşuluqda yerləşən digər bir Manna vilayətinin adı “Mazamua” kimi çəkilir ki, bu toponimlə Mazımçay hidronimi arasındakı eyniliyi görməmək mümkün deyil (4. 3-4).

Avar xalqının folkloru Azərbaycan türklərinin folklor nümunələri ilə bir sıra ortaq cəhətlərlə sahib olsa da, onun özünəməxsus özəllikləri də az deyil. «Bu cəhətlər daha çox xalqın iradəsini əks etdirən xalq dastalarında, toy, dəfn kimi mərasimlərdə, mərasim və mövsüm nəğmələrində, milli adət - ənənələrdə özünü göstərir» (5. 6).

Asiyyat Tinayeva yazır ki, «yazın ilk günlərində avarlar əkinçiliklə bağlı olan Ots bay bayramını keçirirlər. Bundan başqa yaz aylarında Rohi bog mərasimi, gül bayramı keçirilir. Avarlar arasında geniş yayılan yağıs və gün istəmə mərasimi uşaqların və böyüklərin həvəslə keçirdiyi mərasimdir. Yagış istəmə mərasimində burcah və gün istəmə mərasimində maxara bişirilir və hər kəsə verilirdi. Sulu 7 burcah (əriştə) yagış damlalarını, sac üstündə bişirilən saçaqlı maxara isə günəşi xatırladır. Avar toy adətlərinin özünəməxsusluğuna gəldikdə isə onu deyə bilərik ki, nişan mərasimi keçirilmir, elçilikdən az sonra toy mərasimi keçirilir, evlənəcək olan oğlan üçün mütləq ayrı ev tikilir, onun təsərrüfatı ayrılırdı» (5. 6-7).

Alimin sözlərinə görə, «avar xalq dastanlarını el arasında yetişən xalq ozanları təmbur çalaraq söylərdilər. “Xoçbar”, “Baxtika”, “Kamalil Başir” kimi xalq dastanları Dağıstanda olduğu kimi bu bölgədə də dillər əzbəridir. “Xoçbar” dastanında xalq qəhrəmanı Xoçbarın zülmkar xana ölüm anında belə boyun əymədiyini, “Kamalil Başir” dastanında gözəlliyi dillərdə dastan olan Kamalın oğlu Başirin gözəlliyinin başına bəla olmasından, atası tərəfindən öldürülməsindən danışılır. Bu dastanlardan biri olan “Baxtika”da göstərilən baş qəhrəman Baxtika Avar xanı Umaxan Avarın bacısıdır. Qarabağ xanı İbrahimxəlil xanla müttəfiq olan Umaxan çox gənc olan bacısını yaşlı xana ərə verir. Baxtika qardaşına üsyan etsə də bunun heç bir faydasının olmaması, ər evinə getməyə məcbur qaldığından çəkdiyi iztirablar dastanda öz əksini tapmışdır» (5. 7).

Asiyyat Tinayeva bildirir ki, «avar xalq ədəbiyyatı mövzu və məzmun baxımından rəngarəng olsa da, Azərbaycan folklor nümunələri ilə bir sıra ortaq cəhətlərə malikdir. Şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda əmələ gəlməsini göstərir. Azərbaycanın zəngin folkloruna daxil olan nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbiməsəllər tarix boyu burada yaşayan xalqların şifahi söz sənətinə güclü təsir göstərmişdir. Qodu-qodu ilə bağlı olan nəğmələrin ilk iki sətri Azərbaycan dilindədir:

Qordi, qordi, qordina,

Qordi salam vardina.

Bir çox atalar sözləri və zərbi-məsəllər (Məsələn: Bir əldə iki qarpız tutmazlar), Molla Nəsrəddinlə bağlı olan lətifələr də buna əyani misal ola bilər» (5. 6).

Qeyd edilən motiv və süjetlərdən bizim üçün ən diqqətçəkicisi «Qodu-qodu» mərasimidir. Elçin Aslan bu mərasimlə bağlı qeyd edir ki, “Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy-maq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa,get-gedə ilkin önəmini itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli, sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”, sonra yenidən “dirildirdilər”” (6. 55).



Tədqiqatlar bu mərasimin köklərinin Eneolit və Erkən Tunc dövrü ilə bağlı olduğunu söyləməyə əsas verir. Belə ki, Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri müxtəlif insan fiqurları ilə bağlı olmuşdur. Şumerlərin «Bilqamıs» dastanının məzmunundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə də sonrakı dövrdə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya qurban vermişlər: 

“Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.

Sonra taxtadan böyük bir masa da çıxartdı.

Əqiqdən qayrılmış qabı balla doldurdu.

Lacivərddən düzəlmiş qabı yağla doldurdu.

Masanı bəzəyərək Utu üçün apardı” (7. 66).

Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal, yağ kimi yeməli şeylər apardığı kimi, Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş. Qeydə alınmış “Qodu-Qodu” nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq doğurmaqdadır: 

“Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir,

Qoymayın ağlamağa” (8. 47). 

5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, Azərbaycan türkləri də 20ci əsrin 
ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər. 

Qafqaz Albaniyasının qafqazdilli xalqlarndan danışarkən, udinlərin üzərində xüsusi durmağa çox böyük ehtitac var. Şərqi Qafqazda qədim xalqlardan biri olan və özlərini “udi” adlandıran udinlər Oğuz şəhərində, eləcə də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Onlara Rusiya, Gürcüstan (Oktomberi kəndi), Qazaxıstan, Ukrayna və başqa olkələrdə də rast gəlmək mümkübdür. Udinlər udin dilində danışırlar, dinləri xristianlıqdır. (4. 4).

Udinlər də ölkəmizdə yaşayan digər azsaylı xalqlar kimi öz dillərini və zəngin folklorlarını qoruyub saxlaya bilmişlər. Bu baxımdan baramaçılıqla bağlı mötiv və süjetlər həm folklorşünaslıq, həm də etnoqrafiya elmləri baxımından çox böyük önəm daşımaqdadır. Onlardan bir neçəsini gözdən keçirək:

«Pərəkələ xurutul makan biti deyənə muçanaki xuptun boxsa, qonçiöotun paysa. Pərəkəl bakala kala şamtun bokosa. Motoxun oşal xurutulxa nu taxain te vədinal nextun. “Ya oyənki xərux sunsunaxun hetərtun seseney.” Motoxun oşa xurutulxo pərəkəl bakala bakunux tağalatun» (İpəkqurduna qarışqa düşməməsi üçün südlü sıyıq bişirib, qonşulara paylayardılar. Kümxanada şam yandırardılar. Əgər qarışqalar yеnə gеtməsəydilər, o halda dеyərdilər: «Biz gördük ki, itlər bir-birini nеcə didirdilər». Bundan sonra qarışqalar kümxananı tərk еtməli idilər) (9. 182; 10. 26).

«Pərəkəl cənləinşakala vədine amdarxon sun-suna bosteni göyinxoy sil, orux yal kerəs hikənesa tastun tene bakonuy. Tə vədine pəkələn bar tene tadoniy» (İpəkqurdunun canlanması dövründə adamlar bir-birinə bostan bitkilərinin toxumunu, od və başqa şеylər vеrə bilməzdi. Yoxsa, barama məhsul vеrməzdi) (9. 181; 10. 26).

Belə hesab edilir ki, ölkəmizdə ipəkçiliyə V-VI əsrlərdən başlanmışdır. Amma bu təsərrüfat sahəsi sonrakı dövrlərdə tədricən Azərbaycanın bütün bölgələrində, o cümlədən Qafqaz Albaniyasında geniş yayılmışdır. M. Kağankatlı özünün "Alban tarixi" adlı əsərində bu barədə məlumat verir (11. 5). Mingəçevirdən arxeoloji qazıntılar zamanı zərif toxunmuş parça qalıqları, ipək, yun və pambıq ipinin nümunələri tapılmışdır (12. 86). Bütün bunlar Azərbaycanda qədimdən ipək, yun və pambıq sapından və parçalardan istifadə edildiyini bir daha təsdiq edir.

Bu təsərrüfat sahəsi Azərbaycan folklorunda da dərin izlər qoymuşdur. Təkcə aşağıdakı tapmacaları xatırlatmaq yerinə düşər:

Araba geder, izi yox,

Odun yanar, közü yox (Barama).

Atası bir aylıqdı,

Oğlu bazara gedir (Barama).

Atası yasma xoca,

Anası yapma xatın (Barama).

Biz biz idik,

Yüz qız idik,

Bizi üzdüler,

İpe düzdüler (Barama).

Qırğm geldi qırıldıq,

Şükür Allaha, dirildik (Barama qurdu).

Bir quşum var alaca,

Geder qonar ağaca,

Özüne bir ev tiker,

Ne qapı qoyar, ne baca (Barama qurdu).

Nedendi ha nedendi,

Bağrım başı zedendi,

Ot otlar qoyun kimi,



Su içmez bu nedendi? (Barama qurdu) (13).

Qaynaqça

  1. Multikulturalizm fenomeni. «Mədəniyyət dünyası». Elmi-nəzəri məcmuə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, XXV buraxılış, Bakı, 2013, səh. 10-15.

  2. Бенхабиб С. Притязания культуры. Равенство и разнообразие в глобальную эру. – М., Логос, 2003.

  3. Куропятник А.И. Мультикультурализм: проблемы социальной стабильности полиэтнических обществ. – СПб., Изд-во СПбГУ, 2000.

  4. Şahverdiyev B. Qafqaz Albaniyasının əski qafqazdilli sakinlərindən çilb (avar), miqb (saxur) və udinlər barədə bəzi qeydlər // Azsaylı xalqların folkloru I kitab Bakı, Elm və təhsil, 2014, səh. 3-5.

  5. Taniyeva A. Avar folkloru // Azsaylı xalqların folkloru I kitab Bakı, Elm və təhsil, 2014, səh. 6-7.

  6. Elçin Aslanov. El-oba oyunu, xalq tamaşası. B., “İşıq”, 1984.

  7.  Bilqamıs dastan. B., “Gənclik”, 1985.

  8. Nəğmələr, inanclar, alqışlar. B., “Yazıçı”, 1986.

  9. Azərbaycan folkloru antologiyası. XIII cild. Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən folkloru. Bakı, “Səda”, 2005.

  10. Azsaylı xalqların folkloru. Bakı, Folklor İnstitutu, 2014.

  11. М.Каганкатваци. История Агван, кн. I, гл. 5, СПб., 1861.

  12. Vahidov R.M. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961.

  13. Tapmacalar. http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10839,tapmacalarpdf.pdf?0



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə