Azərbaycanin əDƏBİyyat elmi MÜhaciRƏTDƏ nebiyev, Bekir azerbaycan/azerbaijan/ азербайджан özet



Yüklə 97,91 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü97,91 Kb.
#37868


1079

AZƏRBAYCANIN ƏDƏBİYYAT ELMİ MÜHACİRƏTDƏ

NEBİYEV,  Bekir 

AZERBAYCAN/AZERBAIJAN/

АЗЕРБАЙДЖАН

ÖZET

Azərbaycanlı mühacirlərin çox zəngin, ədəbi, elmi, publisist irsi var. Bu 

xəzinədə Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Mehmet Əmin Rəsulzadə, 

Səməd Ağa oğlu, Mirzə Bala Mehmetzadə, Əlimərdan bəy Topçubaşov, 

Ceyhun  Hacıbəyli,  Əhməd  Cəfəroğlu,  Əbdülvahab  Yurdsevər,  Almas 

İldırım, Banin  (Ümmülbanu), Mehmet Sadiq Aran və digər önəmli simaların 

əsərləri bulunur.  Onların hələ indi-indi, imkan düşdükcə İstanbuldan və 

Ankaradan, Tehrandan və Təbrizdən, Parisdən və Berlindən tapılıb bizə 

ulaşan kitabları, jurnal və qəzet kəsikləri, məktubları, nadir əlyazmalarından 

parçalar, şəxsi arşivlərindən bəzi yar paqlar mühacirətdəki alimlə rimizin 

yaradıcılığının  mövzu  və  problem  vüsətindən  xəbər  verməkdədir.  

Mühacir alimlərin Azərbaycan dili, ədəbiyyatı, kültürü, folklor və et noq-

rafiyası  ilə  bağlı  çoxsaylı  araşdırmaları  milli  ədəbiyyatşünaslıq  elminin 

gəlişməsində özəl bir mərhələ təşkil edir və hazırda Azərbaycan mühacirət 

ədəbiyyatşünaslığı adı altında öyrənilir. 

Konqrenin  Ədəbiyyat  elmlərinin  problemləri  bölməsində  söylənməsi 

nəzərdə  tutulan  tebliğimizdə  Ə.Hüseynzadə  və  Ə.  Ağaoğlunun  dəyərli 

elmi irsi, özəlliklə Ə. Cəfəroğlunun Azərbay can folkloruna həsr edilmiş 

sanballı  məqalələri,  eləcə  də  C.  Hacıbəylinin  «Qarabağ  dialekti  və 

folkloru» monoqrafiyası, M. Ə. Rəsulzadənin «Azər bay can şairi Nizami» 

kitabı geniş təhlil olunur.

Anahtar Kelimeler: Azərbaycan, əlm, ədəbiyyat, mühacirat, tankid.

ABSTRACT 

Azerbaijani Literature in Emigration

Azerbaijani emigrants left behind rich cultural, scientific and literary 

heritage. There are works of Ali-bey Husein-zadeh, Ahmed Agha-oghlu, 



1080

Mammad Amin Rasul-zadeh, Samad Agha-oghlu, Mirza Bala Mammad-

zadeh,  Alimardan  bey  Topchubashov,  Jeyhun  Hajibeyli,  Ahmed  Jafar-

oghlu,  Abdulvahab  Yurdsever,  Almas  Ildirim,  Banin  (Ummulbanu), 

Mammad Sadiq Aran and others among this treasure. Their books, letters, 

rare fragments of authentic manuscripts, personal files and archives, extracts 

from  papers  and  journals  are  only  just  coming  up  to  us  from  Istanbul, 

Ankara, Tehran, Tabriz, Paris or Berlin. All of these show the amplitude of 

problems and themes in works of our emigrant scientists. 

Researches  of  emigrant  scientists  on  language,  literature,  culture, 

folklore and ethnography of Azerbaijan form a special stage in development 

of  study  of  literature  and  now  are  investigated  by  the  name  ‘Emigrant 

literature study’. 

In the work, which is going to be presented on ‘Literature study problems’ 

part  of  the  congress,  we  analyze  scientific  heritage  of A.Husein-zadeh 

and A.Agha-oghlu; monumental articles of A.Jafar-oghlu on Azerbaijani 

folklore;  J.Hajibeyli’s  monograph  –  ‘Karabakh  dialect  and  folklore’; 

M.A.Rasul-zadeh’s book – ‘Azerbaijani poet Nizami’.



Key Words: Azerbaijan, science, literature, emigration, criticism.

-----


Tarix  səhnəsinə  çıxıb  ictimai  hadisələr  burulğanına  qatılan  bir  çox 

xalqların  taleyinə  mühacirlik  payı  düşmüşdür. Azərbaycan  xalqı  da  bu 

baxımdan istisna deyildir. Xarici qəsbkarların ölkəmizə aramsız hücumları 

nəticəsində hələ orta əsrlərdən üzü bəri bir çox ailələr, bəzən isə bütöv 

kəndlərin sakinləri, o cümlədən də  daha çox sənətkarlar, ziyalılar zaman-

zaman  uzaq-yaxın  ölkələrə  köçürülmüşlər.  XIX  əsrdə  və  XX  əsrin 

əvvəllərində isə qələm və istedad sahibləri rus çarizminin müstəmləkəçilik 

siyasətinə, getdikcə şiddətlənən ictimai-siyasi təzyiqlərə, özəlliklə də sovet 

rejiminə etiraz əlaməti olaraq özləri ölkəni tərk edib xaricə getmişdilər. 

Rusiyada 1905-ci il inqilabının məğlubiyyətindən sonrakı irtica illərində 

gedənlər, 1920-ci ilin aprelindəki keşməkeşlər zamanı Azərbaycanı tərk 

edənlər, 30-cu illərin fəlakətləri vaxtı «NKVD»-nin əlindən baş götürüb 

qaçanlar, faşizmə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına 

qədəm basmağı yasaq edildiyi üçün davadan sonra xaricdə qalanlar, şahlıq 

rejiminin təqibindən tərki-vətən olanlar, onların övladları, nəvə-nəticələri 

hazırda  ölkəmizdən  uzaqlarda  – Asiya, Avropa, Afrika, Amerika,  hətta 

Avstraliya qitələrində mühacirətdə yaşayırlar. 



1081

Taleyin  amansız  olaylarında  mühacirlərimizin  bir  qismi  arxasız, 

imkansız, tavanasız qalıb məhv olmuş, həyatın mürəkkəb çaxnaşmalarından 

salamat çıxanların da üzləri həmişə qəm buludlu, gözləri vətən həsrətli 

olmuşdur. Lakin həmvətənlərimizi bir cəhət həmişə birləşdirmişdir: onlar 

məskun olduqları ölkələrdə Azərbaycan milli, ədəbi, mədəni, ümumiyyətlə, 

ictimai-siyasi fikrini yorulmaq bilmədən təmsil və təbliğ etmiş, çalışmışlar 

ki,  Sovet  imperiyası  məngənəsindəki  ölkəmizin  dərdi,  odu  həmişə  o 

yerlərdə rəsmi dairələrin və ictimaiyyətin diqqət mərkəzində olsun.

Uzun  müddətdən  bəri  qardaş  Türkiyədə,  Azərbaycan  müstəqillik 

əldə  etdikdən  sonra  isə Amerika, Almaniya,  Fransa,  Polşa,  Danimarka, 

Özbəkistan,  Qazaxıstan,  Rusiya,  Ukrayna,  Estoniya  və  bir  sıra  digər 

ölkələrdə  ocaq,  mərkəz,  dərnək,  birlik  kimi  müxtəlif  adlar  altında 

Azərbaycanlı mühacir təşkilatları fəaliyyət göstərməkdədirlər.

Mühacirlərimizin  çox  geniş,  maraqlı,  sanballı  ədəbi,  elmi,  publisist 

irsi  mövcuddur.  Onların  arasında  Əlibəy  Hüseynzadə,  Əhməd Ağaoğlu, 

Məmməd Əmin Rəsulzadə, Səməd Ağa oğlu, Mirzə Bala Məmmədzadə, 

Əlimərdan  bəy  Topçubaşov,  Ceyhun  Hacıbəyli,  Əhməd  Cəfəroğlu, 

Əbdülvahab Yurdsevər, Almas İldırım, Banin (Ümmülbanu), Məhəmməd 

Sadiq Aran,  Hüseyn  Camal  Yanar,  Teymur Atəşli,  Musa  Zəyəm,  Nağı 

Şeyxzamanlı,  İbrahim Arslan,  Əli Azərtəkin  və  onlarca  digər  görkəmli  

simalar vardır. Beləliklə də xaricdə məskunlaşan həmyerlilərimiz aşağı-

yuxarı 100 il ərzində həmin ölkələrin siyasi, iqtisadi, mədəni həyatında 

fəal iştirak etmiş, həm də ədəbiyyat elmimizi təbliğ və inkişaf etdirmişlər. 

Onların  hələ  indi-indi,  imkan  düşdükcə  İstanbuldan  və  Ankaradan, 

Tehrandan və Təbrizdən, Parisdən və Berlindən tapılıb bizə çatan kitabları, 

jurnal və qəzet kəsikləri, məktubları, nadir əlyazmalarından parçalar, şəxsi 

arxivlərindən bəzi yarpaqlar mühacirətdəki elmi təfəkkür sahiblə rimizin 

böyük  yaradıcılıq  vüsətindən  xəbər  verməkdədir.  Mühacir  alimlərin 

Azərbaycan dili, ədəbiyyatı, incəsənəti, folklor və etnoqrafiyası ilə bağlı 

çoxsaylı araşdırmaları milli ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir 

mərhələ təşkil edir və hazırda Azərbaycan mühacirət ədəbiyyatşünaslığı adı 

altında öyrənilir. Azərbaycan siyasi mühacirətinin ədəbi-elmi fəaliyyətində 

əsas məqsəd, bir tərəfdən, tariximiz, ədəbiyyat və mədəniyyətimizlə bağlı 

sovet  elminin  uydurmalarını  aradan  qaldırmaq,  qeyri-obyektiv,  yanlış 

mülahizələrini təkzib etmək idisə, digər tərəfdən, qədim tariximizi, zəngin 

ədəbi-mədəni  irsimizi  xaricdə  təbliğ  etməklə  millətimiz  barədə  düzgün 

təsəvvür yaratmaq, onun müstəqil dövlət qurmağa və istiqlala qovuşmağa 

layiq olduğunu beynəlxalq ictimaiyyətə sübut etmək olmuşdur. Beləliklə, 

mühacirətimizin siyasi fəaliyyəti kimi, kulturoloji fəaliyyəti də Azərbaycan 

istiqlalı ideyasına xidmət edirdi» (Cabbarlı, 2003; 27).



1082

Azərbaycan mühacirətinin zəngin və çoxşaxəli ədəbiyyatşünaslıq irsinin 

mühüm bir qismini şifahi söz sənətimizə – folklora dair araşdırmalar təşkil 

edir.  Bu  sahədə  əslən  Gəncədən  olan  həmyerlimiz,  İstanbul,  Berlin  və 

Breslau  universitetlərində  türkoloji  təhsil  almış,  «Türkiyə  türkolojisinin 

qurucularından  biri»  kimi  şərəfləndirilən  dünya  şöhrətli  alim,  professor 

Ə.  Cəfəroğlunun  fəaliyyəti  xüsusilə  diqqətəlayiqdir.  Azərbaycan  və 

bütövlükdə  türk  xalqları  folklorunun  müxtəlif  problemlərini  yüksək 

elmi  səriştə  və  peşəkar  intuisiya  ilə  araşdıran  alimin  bayatı,  sayaçı 

türküsü, dastan kimi folklor janrları və aşıq ədəbiyyatı ilə bağlı sanballı 

məqalələri bugün də öz elmi aktuallığını qoruyub saxlayır. Onun «Azəri 

xalq ədəbiyyatında Aşıq Qərib dastanı», «XVI əsr azəri saz şairlərindən 

Tufarqanlı Abbas», «Cahan ədəbiyyatında türk qopuzu», «Hüdud boyu saz 

şairlərindən  Qurbani  və  şeirləri»  əsərləri  bu  qəbildəndir.  Ümumiyyətlə, 

Ə. Cəfəroğlunun folklorşünaslıq irsi bu gün Azərbaycan folklor  elminin 

dövriyyəsində olan və onun inkişafını şərtləndirən ən etibarlı örnəklərdən 

biridir.

Təbii  ki,  «Kitabi-Dədə  Qorqud»  kimi  möhtəşəm  sənət  abidəsi  də 

mühacirət  ədəbi-elmi  fikrinin  diqqətindən  kənarda  qala  bilməzdi. 

Özəlliklə, bu epos sovetlər birliyində «xalqa zidd mahiyyətli bir əsər» kimi 

qadağan edildiyi, əgər belə demək mümkünsə, repressiyaya məruz qaldığı 

dövrdə  mühacir  ziyalılarımız  onun  tədqiqi  və  təbliği  ilə  ardıcıl  məşğul 

olmuşlar.  M.  Ə.  Rəsulzadənin  «Dədə  Qorqud  dastanları»  məqaləsində, 

«İslam-türk ensiklopediyası» üçün yazdığı «Azərbaycan etnoqrafiyası» oçerkində, 

M. B. Məhəmmədzadənin «Dədə Qorqud», H. Bayqaranın «Dədə Qorqud 

dastanlarına dair notlar» və s. yazılarında bu abidənin türk etno-mədəni 

sistemində yeri, Azərbaycan ədəbi dilinin, ədəbiyyatının inkişafındakı rolu 

araşdırılmış, eyni zamanda, Stalin rejimi dövründə dastanla bağlı inzibati 

qadağalar dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdır.

Əli  bəy  Hüseynzadə  və  Əhməd  bəy Ağayevin  məqalələrində  ardıcıl 

inikasını  tapmış  türkçülük,  islamçılıq  qənaətləri  o  zaman  imperialist 

dairələrinin müstəmləkəçilik iddialarına qarşı Şərqdə gedən milli-azadlıq 

mübarizəsi  ilə  səsləşirdi.  Bolşevik  mətbuatının  cidd-cəhlə  yaydığı 

sosializm  ideyalarına  Ə. Ağayevin  münasibəti  birmənalı  idi.  Onun  qəti 

qənaətinə görə bizdə sosializm «yüz il yox, yüzlərcə illər» müddətində də 

baş tutan iş deyil.

Bununla belə, dövrün digər qabaqcıl azərbaycanlı mütəfəkkirləri kimi 

Ə. Hüseynzadə və Ə. Ağayev də mütərəqqi Qərb və Rusiya mədəniyyəti 

ilə təmasda olub onlardan faydalanmağı vacib hesab edir, Avropa və rus 



1083

ədəbiyyatlarının ən məşhur nümayəndələrinin əsərlərini tərcümə və təbliğ 

edirdilər. 1909-cu ildə İstanbula köçdükdən sonra Ə. Ağayev «Ağaoğlu» 

soyadını  qəbul  etmiş,  «Tərcümani-həqiqət»  qəzetini  çıxarmışdır.  Onun 

ədəbi və jurnalistik fəaliyyətində türkçülüyün təbliği ön plana keçmişdir. 

Türkiyə  respublika  elan  edildikdən  sonra  Ə. Ağaoğlunun  elmi-publisist 

yaradıcılığında xüsusi yer verdiyi hüquq və siyasət məsələlərinə dair bir 

sıra kitabları nəşr olunur. S. Ə.Şirvaninin «Əsərləri külliyyatı»na, V. Şekspirin 

«Otello» faciəsinə, M. Qorkinin yaradıcılığına dair məqalələri isə onun 

ədəbiyyat elmi sahəsində fəaliyyətindən maraqlı nümunələrdir.

Məlum  olduğu  kimi,  məşhur  azərbaycançı  Ceyhun  bəy  Hacıbəyli 

1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan 

nümayəndə  heyətinin  tərkibində  Versal  sülh  konqresinin  işində  iştirak 

etmək  üçün  Fransaya  getmişdi.  1920-ci  ilin  baharında  Bakıda,  bütün 

Azərbaycanda baş vermiş faciəli hadisələrlə əlaqədar olaraq o da vətənə 

qayıda  bilməmiş,  ömrünün  sonuna  qədər  Parisdə  yaşamalı  olmuşdur. 

1925-ci ildə C. Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Parisin 

«Femina teatrı»nda Ü.Hacıbəylinin «Arşın mal alan» operettası tamaşaya 

qoyulmuşdur.

Ceyhun bəyin 1993-cü ildə Bakıda nəşr edilmiş «Seçilmiş əsərləri» (rus 

dilində) kitabındakı məqalələri mövzusu və problemlərin vacibliyi etibarilə 

bu  gün  də  öz  aktuallığını  saxlamaqdadır.  Onun  «Qarabağ  dialekti  və 

folkloru» monoqrafiyası Yaxın Şərqi, Azərbaycanı, onun ayrılmaz parçası 

olan Qarabağın adət və ənənələrini, dilimizi öyrənmək istəyən avropalılar 

üçün zəngin bir xəzinədir. Burada xalq ədəbiyyatımız və  dialektlərimizlə 

əlaqədar  elə  səciyyəvi,  ümumiləşdirilmiş  məlumatlar  təqdim  olunur 

ki,  həmin  məlumatlar  o  vaxtadək  nəinki  Fransada  və  Rusiyada,  hətta 

Azərbaycanın özündə də bu cür sistemli şəkildə nəşr edilməmişdi.

Əsər  otuz  üç  kiçik  bölmədən  ibarətdir.  Bu  bölmələrdə  xalq  arasında 

dolaşan  bayatılar,  alqışlar,  qarğışlar,  yalvarışlar,  hədə-qorxular,  andlar, 

oxşamalar, beşik nəğmələri, ağılar, müraciət formaları, zarafatlar, məzəli 

deyimlər və i.a. toplanıb təsnif edilmişdir. 

Mühacirət  ədəbi-elmi  fikri  XI-XII  yüzilliklər  farsdilli  Azərbaycan 

poeziyasını: Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani 

Şirvani  kimi  klassiklərin  yaradıcılığını  milli  ədəbiyyat  tariximizin 

qiymətli  faktları  kimi  dəyərləndirir  və  bu  zaman  dil  amilindən  çox, 

əsərin məzmununun milli qənaətlərimizə cavab verməsini vacib sayırdı. 

Bu  baxımdan  M.  Ə.  Rəsulzadənin  «Azərbaycan  şairi  Nizami»  (1950) 




1084

monoqrafiyası öz sanbalı və siqləti ilə seçilir.

Azərbaycanda  milli  qurtuluş  hərəkatının  ən  görkəmli  xadimlərindən 

və  ilk  Demokratik  Cümhuriyyətimizin  banilərindən  biri  kimi 

tanınan  M.  Ə.  Rəsulzadə  həm  də  məşhur  publisist  və  alim  idi.  Onun 

yaradıcılığının baş mövzusu Azərbaycandır. Yəni M. Ə. Rəsulzadə məqalə 

və kitablarının başlığına çıxarıb-çıxarmamasından asılı olmayaraq, bütün 

əsərlərində Azərbaycanın tarixini, siyasi coğrafiyasını, dilini, ədəbiyyatını, 

ədəbi-mədəni  əlaqələrini,  xalqımızın  mənəvi  gücünü,  azadlıq  eşqini, 

istiqlal əzmini tədqiq etmişdir. Bu mənada onun sayı-hesabı hələ dəqiq 

müəyyənləşdirilməmiş, bir yerə toplanıb tam halda nəşr olunmamış  irsini 

«Azərbaycannamə» kimi şərəfləndirmək ədalətli olardı. Hələ «Azərbaycan 

cümhuriyyəti» kitabında o, «Ədəbi və milli intibah» adlı xüsusi fəsildə 

«Koroğlu», «Əsli və Kərəm», «Aşıq  Qərib» kimi folklor örnəklərimizin xalq 

ruhundan xəbər verən dastanlar olub Azərbaycanda geniş yayıldığından, 

Füzuli irsinin ölməzliyindən bəhs etmiş və belə bir fikri əsaslandırmışdır 

ki,  bu  böyük  sənət  duhasının  yaradıcılığı  sayəsində  «Azərbaycan  türk 

ədəbiyyatı müstəqil bir cərəyan halına düşmüşdür». Alim XX əsrdə bir 

tərəfdən türk, digər tərəfdən də rus ədəbiyyatından təsirlənən Hadi, Sabir, 

Cavid, Cavad, Səhhət kimi sənətkarların yaradıcılığını fərqləndirmişdir. 

C.Məmmədquluzadənin  «Anamın  kitabı»,  S.  S.  Axundovun  «Laçın 

yuvası», H. Cavidin «Peyğəmbər» dramları, Ə. Cavadın «Nədən yarandın?» 

şeiri kitabda nisbətən geniş təhlil olunmuşdur. H.Cavidin əsərlərinin dili 

alimin çox xoşuna gəlmiş, xüsusən, «Səyavuş»da o, türk şeirinin gözəllik 

sirlərini «bilən bir sənətkarın ifadə parlaqlığını» görmüşdür.

M. Ə. Rəsulzadənin fikrincə, bolşevik dövründən əvvəlki yazıçılardan 

sovet  idarəsi  altında  ən  böyük  müvəffəqiyyət  C.  Cabbarlıya  nəsib 

olmuşdu. Dramaturqu ancaq kollektivçilik ruhunun təmsilçisi hesab edən 

tənqidçilərdən fərqli olaraq, M. Ə. Rəsulzadə bu istedadlı sənətkarın öz 

pyeslərinə verdiyi adlarda bir fərdiyyətçilik mübəlliği kimi çıxış etdiyini 

söyləyir və fikrini sübut etmək üçün oxucuları onun əsərlərinin adlarına 

bu baxımdan xüsusi diqqət verməyə çağırırdı. S.Vurğunun Stalini idealizə 

edən bəzi şeirlər yazdığını göstərməklə yanaşı alim onun «Vaqif» mənzum 

dramını «Azərbaycan səhnəsinin Azərbaycan vətənpərvərliyinə rəvac verən 

ən uğurlu əsəri» adlandırmışdır. S.Vurğunun şairlik qüdrəti haqqında aydın 

təsəvvür oyatmaq üçün «Çağdaş Azərbaycan ədəbiyyatı» əsərində «Vaqif» 

pyesindən  Qacarla  Vaqifin  məşhur  dialoqu    tam  şəkildə  nümunə  kimi 

verilmişdir («Aha, baş əyməyir hüzurumda bu…»). Çağdaş Azərbaycan 

ədəbiyyatı barədə mülahizələrini yekunlaşdıran alim iqtibas kimi gətirdiyi 



1085

nümunələr əsasında belə düzgün bir nəticəyə gəlmişdi ki, hər cür senzor 

maneələrinə  və  partiya  orqanlarının  çox  sərt  nəzarətinə  baxmayaraq 

«qırmızı  istilanın  kommunizm  ölkəsində  milli  hissi  öldürdüyünə  dair 

söylənən bədbin hökmlər mübaliğəlidir. Bu hiss yaşayır, çarpışır və millətin 

ruhunu əks etdirən aynada – onun ədəbiyyatında öz əksini tapır».

M.  Ə.  Rəsulzadənin  ədəbiyyatşünaslıq  sahəsində  ən  sanballı  əsəri 

«Azərbaycan  şairi  Nizami»  monoqrafiyasıdır.  Bu  kitab  şairin  əsərlərini 

və onun ətrafında aparılmış tədqiqatları orijinalında, yəni farsca oxuyan, 

yüksək elmi səviyyəyə və incə bədii zövqə malik olan bir alimin çoxillik 

araşdırmalarının məhsuludur. Dörd fəsildən ibarət kitab Nizami Gəncəvinin 

dövrü, mühiti, həyatı, yaradıcılığı, ədəbi sələflərinə münasibəti, sənətdə 

xələflərinin  şairə  münasibəti,  «Xəmsə»nin  bədii  xüsusiyyətləri,  Nizami 

ədəbi məktəbi və s. haqqında sanballı monoqrafiyadır.

Müqəddimədə müəllif Nizaminin irsi və onun yaradıcılıq taleyi ilə bu və 

ya digər dərəcədə bağlı olan bir sıra çox vacib problemləri işıqlandırmışdır. 

Bunlardan biri Şərq mədəniyyətinə türklərin, Azərbaycan xalqının verdiyi 

qiymətli töhfə məsələsidir. O, belə bir fikri əsaslandırır ki, Şərq aləmində 

bəzi hallarda islam mədəniyyəti adı altında birləşdirilən elm, ədəbiyyat, 

incəsənət,  xüsusən  poeziya  əsərlərinin  yaranmasında  ərəblərlə  bərabər, 

onlar qədər, bəzi sahələrdə hətta onlardan da artıq türklərin və farsların 

xidmətləri vardır. Bu sahədə adları bir qayda olaraq həmişə birinci çəkilən 

görkəmli  sənət  korifeyləri  arasında  fars  Ə.Firdovsi,  özbək  Ə.Nəvai  ilə 

yanaşı azərbaycanlı N. Gəncəvinin də şərəfli adı xüsusi əzəmətlə səslənir. 

Şairin əsərlərindən aldığı çoxsaylı faktlar və onların elmi təhlili əsasında 

müəllif dönə-dönə təkrar edir ki, Nizami qəlbi türk sevgisi, Qafqaz şəraiti 

ilə bağlı olan, yurdunun tarixi müqəddəratından və ölkəsinin özünəməxsus 

gözəlliklərindən nəşət edən bir Azərbaycan şairidir.

Nizaminin  şəxsiyyəti  məsələsi  bütün  əsər  boyu  müəllifin  diqqət 

mərkəzindədir. Lakin kitabın birinci fəslində Nizaminin tərcümeyi-halına 

dair müxtəlif mənbələrdən toplanmış faktları, eləcə də şairin Azərbaycan 

hökmdarları ilə münasibətlərinə dair onun özünün «Xəmsə»də yazdıqları 

əsasında tədqiqatçı bu böyük söz ustadının şəxsiyyətini bugünün oxucusu 

üçün daha da doğmalaşdırır, vüqarı, əyilməzliyi, mənəvi ucalığı barədə 

təsəvvürləri zənginləşdirir. Bu zəmində Nizaminin dünya ədəbiyaytında 

mövqeyi məsələsinin qoyuluşu bizə daha inandırıcı görünür. Azərbaycan, 

İran və Hindistanın görkəmli söz ustalarından gətirilən etiraflar bir daha 

təsdiq edir ki, «aşiqanə məsnəvilər yazmaqda… heç kim şeyx həzrətlərinin 

(Nizaminin)  səviyyəsinə  yüksələ  bilməmişdir.  Nizaminin  izilə  getmək 

və onun xırmanından qalan başaqları toplamaq məqsədilə Əmir Xosrov 




1086

Dəhləvi  kimi  bəzi  şairlər  «Xəmsə»  yazmışlarsa  da,  əsərlərinin  yalnız 

adlarını ustadınkına bənzədə bilmişlər».

Monoqrafiyanın ən geniş fəsillərindən biri «Xəmsə»dəki məsnəvilərin 

onların  yazılış  tarixinə  uyğun  bir  ardıcıllıqla  təhlilinə  həsr  olunmuşdur. 

«Sirlər xəzinəsi»ndəki bütün «məqalə»lərin ideyasını yığcam şərh edən alim 

onları müşayiət edən hekayələri də açıqlayır. Bizim zəmanəmizdə dərslik 

və müntəxəbatlarda tanınan adlarla desək, «Kərpickəsən qoca ilə cavanın 

dastanı», «Sultan Səncər və qarı», «Ənuşirəvanla bayquşların söhbəti» kimi 

mənzum  hekayələrin  məzmununu  açır.  Bütövlükdə  «Sirlər  xəzinəsi»ni 

təlqinçi, tərbiyəvi əsər adlandırır, insan əxlaqını kamilləşdirməyə xidmət 

baxımından çox yüksək qiymətləndirir. 

«Xəmsə»nin  ikinci  əsəri  olan  «Xosrov  və  Şirin»dən  bəhs  edərkən 

M.Ə.Rəsulzadə əvvəlcə onun janrını müəyyən etmiş və məsnəvini haqlı 

olaraq mənzum roman adlandırmışdır. Qədim Şərqdə Xosrov və Şirinin 

məhəbbət  macərasına  dair  ayrı-ayrı  epizodların  qələmə  alındığı  ədəbi 

məxəzləri  yada  salan  alim  belə  hesab  edir  ki,  Nizami  bu  hekayəti  tam 

şəkildə nəzmə çəkən ilk şairdir və onun əsərinin məziyyəti qəhrəmanların 

daxili aləmini, psixologiyasını dərindən əks etdirməsindədir. M. Ə. Rəsulzadə 

«Xəmsə»nin  digər  nümunələri  kimi  «Xosrov  və  Şirin»  romanının  da 

məzmununu yığcam şəkildə öz əsərində vermişdir və bizim qənaətimizə 

görə  haqlı  iş  görmüşdür.  Eyni  üsuldan  müəllif  «Yeddi  gözəl»  və 

«İsgəndərnamə» haqqında bölmələrdə də istifadə etmiş, bilavasitə həmin 

əsərlərin konkret məzmunundan çıxış edərək onların təhlilini vermişdir.

«İsgəndərnamə»nin təhlilində M. Ə. Rəsulzadə bu əsərin «Xəmsə»nin 

digər nümunələrindən fərqləndirən özünəməxsusluğu üzərində dayanaraq 

nizamişünaslıq elmi üçün yeni olan bir xüsusiyyəti aşkarlayır. Alim göstərir 

ki, bu əsər müəyyən tarixi şəxsiyyət və hadisələr haqqında yazıldığına, 

epik vüsətinə baxmayaraq, onda dərin bir lirizm var. İsgəndərin hər bir 

hərbi və siyasi qələbəsi eyni zamanda bir eşq macərası ilə süsləndirilir. 

Beləliklə,  əsərdə  «İsgəndər  bir  imperator,  peyğəmbər,  filosof  olduğu 

qədər də bir aşiqdir». Alim Nizami «Xəmsə»sini müəyyən mövzular üzrə 

araşdırır,  şairin  farslar  və  fars  mədəniyyəti,  türkçülük  aləmi  və  türklər, 

Qafqaz torpağı haqqında mülahizələrini, eləcə də bəşəriyyətin zərif cinsi 

olan qadın haqqında fikirlərini təhlil edib ümumiləşdirir. Məsnəvilərdən 

gətirdiyi  faktlar  əsasında  sübut  edir  ki,  Nizami  «türk»  kəlməsilə  öz 

əsərlərində gözəl, mərd, qəhrəman, ağıllı kimi keyfiyyətləri ifadə etmişdir. 

Bu keyfiyyətləri Nizami özünün qadın qəhrəmanlarında da görmüş və dönə-

dönə təqdir etmişdi. Xosrovun cənazəsi yanında özünü həlak etmiş Şirin 

haqqında şairin bu sözləri çox ibrətamizdir: «Afərin Şirinə və onun şirin 




1087

ölümünə, can verib, can almağına!» M.Ə.Rəsulzadənin fikrincə, Nizami 

bu sözləri türk ənənələrindən, Qafqaz şəraitindən ilham alaraq yazmışdır. 

M. Ə. Rəsulzadənin Nizami haqqında kitabı mühacirət ədəbi fikrinin, 

özəlliklə nizamişünaslığın ən dəyərli uğurlarından biri, bəlkə də birincisi 

olub XX əsrin ikinci yarısından etibarən Azərbaycanda ədəbiyyat elminin 

inkişafına ciddi kömək etmişdir.

Anadilli  poeziyamızın  Həsənoğlu,  Qazi  Bürhanəddin,  Nəsimi, 

Xətai,  Füzuli  kimi  klassiklərinin  yaradıcılığı  haqqında  da  mühacirət 

ədəbiyyatşünaslığının maraqlı qənaətləri vardır. Mühacir alimlər XV əsrin 

sonu – XVI əsrin əvvəllərini anadilli poeziyamızın ən parlaq dövrü kimi 

təqdim edir, onun qısa bir zamanda çiçəklənməsini ayrıca vurğulayırdılar. 

Ə. Yurdsevərə görə, Səfəvilərin Azərbaycan dilini dövlət dili elan etməsi 

XVI  əsrdə  bu  dildə  yaranmış    ədəbiyyatı  ən  kamil  inkişaf  səviyyəsinə 

çatdırmışdı. Hələ 1923-cü ildə M. Ə. Rəsulzadə İstanbulda işıq üzü görmüş 

«Azərbaycan  Cümhuriyyəti»  əsərində  Füzulini  «bütün  türklüyün  dahi 

şairi» kimi səciy yələndirir və qeyd edirdi ki, «Hafiz divanı farslar üçün nə 

isə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur». 

Molla  Pənah  Vaqifi  modern  Azərbaycan  ədəbiyyatının  banisi  sayan 

Ə.Cəfər oğlu  onun  ədəbiyyatımıza  gətirdiyi  yenilikləri,  lirikasının  ana 

motivlərini belə səciyyələndirir: «Şeirlərində şəklən əski klassik ədəbiyyata 

bağlı  qalmaqla  bərabər,  ifadə,  mövzu,  hətta  təbir  və  kəlmə  xəzinəsi 

baxımından da tamamilə azəri xalqının ruhuna sadiq qalmışdır. Dili sadə 

və xalq dili idi. Şeirə yerli dialekt ünsürləri daxil etməkdə heç bir mənfilik 

görməmişdir.  Və  bu  baxımdan  azəri  poeziyasının  gəlişməsində,  realist 

şüurun  ilk  örnəklərini  verməkdə  müvəffəq  olmuş  və  bu  üzdən  Vaqifin 

ədəbi yaradıcılıq qabiliyyəti milli Azərbaycan ədəbiyyatı inkişafının qəti 

bir mərhələsini təşkil etmişdir. Həyatı olduğu kimi, qadını isə həyat nəşəsi 

olaraq  qəbul  etmək,  Vaqifin  ədəbiyyata  gətirmək  istədiyi  əsas  realizm 

ünsürləri idi. Eşq, insan gözəlliyi, təbiət təsvirləri Vaqifdə ana motivlər 

olaraq keçir» (Cəfəroğlu, 1954: 40).

Digər  mühacir  alim  Ə.Yurdsevər  «Azərbaycan  ədəbiyyatında  Vidadi 

və  Vaqifin  yaradıcılığı»  əsərində  XVIII  əsri  ədəbi-mədəni  həyatımızın 

dönüş  nöqtəsi  kimi  qiymətləndirir. Yurdsevərin  təqdimində də Vaqif  öz 

dövrünün yeni şeir üslubunu yaradan, şeirləri həm forma, həm də məzmun 

baxımından milli mahiyyət daşıyan sənətkardır.

Mühacirət ədəbi-elmi fikri XIX əsr ədəbiyyatını modern Azərbaycan 

ədəbiyyatının növbəti inkişaf mərhələsi kimi araşdırır və bu əsrdə ədəbi 




1088

prosesin  aparıcı  meyli  kimi  realizm  ədəbi  cərəyanının  formalaşmağa 

başlamasını vurğulayırdı. M. B. Mə həm mədzadənin «Fətəli Axundzadə», 

«Mirzə Fətəli və Puşkin», Ə. Yurdsevərin «Mirzə Fətəli Axundzadənin həyatı 

və əsərləri», «Qasım bəy Zakir», «19-cu əsr Azərbaycanındakı modern və 

realist ədəbi cərəyanlar», «Abbasqulu ağa Bakıxanov», Ə. Cəfəroğlunun 

«Mirzə  Fətəli Axundzadə»,  «Böyük  azəri  türkçüsü  Mirzə  Fətəli»  və  s. 

araşdırmalarında  XIX  əsr  ədəbiyyatının  çeşidli  problemləri  tədqiqat 

predmetinə çevrilir. Bu əsrdə təzə ədəbiyyatın ilk görkəmli nümayəndələri 

kimi A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və Mirzə Şəfi Vazehin ədəbi 

fəaliy yətinin əhəmiyyətini qeyd edən mühacirət elmi Qasım bəy Zakiri 

Vaqif yaradıcılığında erkən inkişaf mərhələsini keçirən realizmin mahir 

davamçısı  sayır,  satiranın  böyük  ustadı  kimi  dəyərləndirirdi.  Mühacirət 

ədəbiyyat elminin  M. F. Axundzadənin bədii yaradıcılığı, ədəbi-tənqidi 

və fəlsəfi görüşləri barədə araşdırmalarını isə cəsarətlə axundovşünaslıqda 

xüsusi bir mərhələ kimi qiymətləndirmək olar.

  «Azərbaycan  dram  ədəbiyyatı»  əsərində  C.Məmmədquluzadənin 

əsərlərindən xüsusi bəhs edən Ə.Yurdsevər «Ölülər»lə yanaşı, «Anamın 

kitabı» pyesinin üzərində də ətraflı dayanır. Mühacir alimin fikrincə, Mirzə 

Cəlil «Anamın kitabı»nda Azərbaycanın qurtuluşu, hürriyyət və istiqlala 

qovuşması üçün sinif, partiya, zümrə və kültür fərqinə varmadan bütün 

vətən  övladlarının  birliyi  ideyasını  təbliğ  etmişdir»  (Yurdsevər,  1950; 

27).

Mühacirət  ədəbiyyatşünaslığı  sovet  Azərbaycanındakı  ədəbi  prosesi 



də  daim  diqqət  mərkəzində  saxlamışdır.  M.Ə.Rəsulzadənin  «Çağdaş 

Azərbaycan ədəbiyyatı», M. B. Məhəmmədzadənin «Azəri ədəbiyyatının 

dünəni və bugünü», «Cəfər Cabbarlı», S.Təkinərin «Sovet Azərbaycanında 

tənqidlərə hədəf olan bəzi şeirlər üzərində incələmələr», «Azərbaycan sovet 

ədəbiyyatında müqavimət hərəkatının milli xarakteri», Ə. Cəfəroğlunun 

«Şəkilcə milliyyətçi sovet türk ədəbiyyatı», «Sovetlər Birliyi türkolojisi 

araşdırmalarındakı rus kültür üstünlüyü davası» və s. məqalələr mühacir 

ədəbiyyatşünasların sovet dövrü Azərbaycan ədəbiyyatına obyektiv elmi 

meyarlarla yanaşdıqlarını göstərir.

Buraya  qədər  söylənənlər  mühacir  ziyalılarımızın  milli  ədəbiyyat 

elminin  inkişafında  mühüm  rol  oynadıqlarını  təsdiq  edir.  Lakin  təəssüf 

ki,  sovet  dövründə  məlum  qadağalarla  əlaqədar  olaraq,  onların  zəngin 

ədəbi-elmi irsi Vətəndə yayıla bilməmiş, həmin irsin yaradıcıları isə «xalq 

düşməni», «vətən xaini» kimi böhtanlarla təhqir və ittiham olunmuşlar. 

Mühacirət  irsinin  vətənə  qayıdışı  yalnız  Azərbaycan  Respublikasının 

Dövlət  müstəqilliyinin  bərpasından  sonra  mümkün  olmuş,  həmin 

irsin nəşri, tədqiqi və təbliği yönündə bir sıra mühüm işlər görülmüş və 



1089

hazırda da görülməkdədir. Bugün mühacirət ədəbiyyat elmi Azərbaycan 

ədəbi-nəzəri fikrinin ayrılmaz tərkib hissəsi kimi elmi dövriyyəyə daxil 

olmuşdur.

Milli  ədəbiyyat  elminin  inkişafında  siyasi  mühacirlərimizlə  yanaşı, 

xarici  ölkələrdə  yaşayan  digər  soydaşlarımızın  da  xidmətləri  vardır. 

Onlardan biri London Universitetinin professoru Turxan Gənceyidir. Əslən 

Gəncədən olan Turxan bəy 1925-ci ildə Təbrizdə anadan olmuş, İstanbul 

Universitetində ali filoloji təhsil almışdır. Türk və İran filologiyası üzrə 

nüfuzlu  mütəxəssis  olan  T.  Gənceyi  Neapol  Frankfurt-Mayn,  Hamburq 

universitetlərində Şərq xalqları ədəbiyyatlarından mühazirələr oxumuşdur. 

Alimin Orxon-Yenisey abidələri, «Divani-lüğatit türk», Əlişir Nəvai, Şah 

İsmayıl  Xətai  yaradıcılığı  barədə  araşdırmaları  maraqla  qarşılanmışdır. 

Ulu babaları əslən Azərbaycandan olan tanınmış Türkiyə alimləri prof. Əli 

Yavuz Akpınarın və Nizaməddin Onkun ədəbiyaytşünaslıq fəaliyyətləri də 

əksər türk ölkələrində elmi ictimaiyyətə yaxşı məlumdur. Uzun illərdən 

bəri İzmir Egey Universitetində kürsu başkanlığı yapan Əli Yavuz Akpınar, 

Federal Almaniyada çalışan Nizaməddin Onk Azərbaycan ədəbiyyatının 

müxtəlif problemləri ilə bağlı çoxsaylı araşdırmaların müəllifləridir. Məhz 

bu  sahədəki  səmərəli  fəaliyyətlərinə  görə  onların  ikisi  də  Azərbaycan 

Yazıçılar Birliyinin fəxri üzvü seçilmişlər.

Biz xaricdə yaşayan soydaşlarımızın milli ədəbiyyatşünaslıq elmimizin 

inkişafındakı xidmətlərindən ən ümumi şəkildə bəhs etdik. Sovet dövründə, 

bütün ideoloji basqılara baxmayaraq, Azərbaycanda da ədəbiyyatşünaslıq 

sahəsində  görkəmli  alimlər  fəaliyyət  göstərmişlər.  Onlar  da  çox  böyük 

ictimai,  siyasi,  inzibati  təzyiqlərə  məruz  qalıblar.  Məşhur  ədəbiyyat 

tənqidçisi və nasir Seyid Hüseyni, folklorçu alim Vəli Xuluflunu, ədəbiyyat 

tarixçisi  Əmin Abidi  bolşeviklər  qurşuna  düzmüşlər.  Klassiklərin  nadir 

əlyazmalarını  min  bir  məşəqqətlə  toplayıb  göz  bəbəyi  kimi  qoruyan, 

araşdırıb  təhlil  və  nəşr  edən  Salman  Mümtaz  dahi  Hüseyn  Cavid  kimi 

Sibirin buzlu cəhənnəmində həlak olmuşdur. Fəlsəfə akademiki, ədəbiyyat 

tənqidçisi  Heydər Hüseynov rejimə protest əlaməti olaraq şah damarını 

kəsib həyatla vidalaşmışdır. 

Məşhur ədəbiyyatşünas alimlər: akad. M.A. Dadaşzadə, akad. H.Araslı, 

akad.  M.İbrahimov,  prof.  M.Rəfili,  prof.  Ə.Sultanlı,  prof.  Mir  Cəlal 

Paşayev,  prof.  M.Təhmasib,  prof.  M.  Quluzadə  daim  nəzarət  altında 

olmuşlar. Məlum səbəblər üzündən onlar heç də həmişə düşündüklərini, 

ürəklərindən  keçənləri  yazıb  nəşr  etdirə  bilməmişlər.  Məsələn,  onlar 

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal 

olunduğunu  yaxşı  bilsələr  də  heç  vaxt  bu  tarixi  həqiqəti  öz  əsərlərində 




1090

açıb-ağartmamışlar. Bolşevik-daşnak qoşunlarının 1920-ci ildə on minlərlə 

insanın günahsız qanını axıtmaqla ölkəmizi zor gücünə sovetləşdirdiklərini 

yaza bilməmişlər. 

Bununla  belə,  yenə  də  vaxtilə  bolşeviklərin  güllələdikləri  böyük 

alim  Firidun  bəy  Köçərlidən  sonra  ilk  Azərbaycan  ədəbiyyatı  tarixini 

onlar  yaratmışlar.  Alman  faşistləri  ikinci  dünya  savaşında  Avropa 

paytaxtlarındakı  mədəniyyət  abidələrini  dağıdaraq  soldat  çəkmələri  ilə 

onları  tapdaladığı  bir  vaxtda  paytaxtımız  Bakı  şəhərində  alimlərimiz  

iki sanballı cilddə ilk sistemli Azərbaycan ədəbiyyatı tarixini yazıb nəşr 

etdirmişlər. Gəncəli Nizaminin 800 illik yubileyini hazırlayıb çox geniş 

miqyasda keçirmişlər. Dövlət müstəqilliyini əldə etdikdən sonra onlar dahi 

Məhəmməd Füzulinin 500 illik, «Kitabi-Dədə Qorqud» eposunun 1300 

illik yubileyləri münasibəti ilə 100-ə yaxın kitab hazırlayıb dünya işığına 

çıxarmışlar. 

Nə yazıq ki, mühacirətdə doğma yurd həsrəti ilə dünyasını dəyişənlər, 

Sovetlər birliyinin buzlu cəhənnəmləri olan Uralda, Sibirdə, Uzaq Şərqdə 

çürüyənlər bunları görmədilər. Onlar görmədilər ki, bu gün Azərbaycanın 

mühacir  alimləri  də,  ölkəmizin  həqiqi  azadlığa  qovuşmuş  araşdırıcıları 

da bir araya gəlib elmimizin vaxtı çatmış problemlərini birlikdə araşdırır, 

müzakirə  edir,  ümumiləşdirir,  ba  sahədə  gələcək  yeni  uğurların  əsasını 

qoyurlar. 



KAYNAKÇA

1. Cabbarlı, N., (2003), Mühacirət və klassik ədəbi irs. Bakı: Elm, 23.

2.  Cəfəroğlu,  Ə.,  (1954),  «Modern Azərbaycan  ədəbiyyatına  toplu  bir 

baxış», Azərbaycan yurd bilgisi. İstanbul, sayı 37, 40.



3. Yurdsevər, Ə., (1950), Azərbaycan dram ədəbiyyatı. Ankara, 27.

Yüklə 97,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə