5
Qoca başı üzərində dolaşan ölüm kölgəsini özündən kənar edib yaddaşının
xoş xatirələrini pıçıldayırdı:
Şəhərin düz mərkəzində «Mərkəz» mehmanxanası salınmışdı. Bəzəkli
nömrələri olan bu mehmanxana elektriklə işıqlandırılırdı, Malakan küçəsində
yerləşən «Kazino»da qalmaq üçün heç bir əziyyət çəkmək, get-gələ düşmək lazım
deyildi. Mehmanxanadakı 23—95 nömrəli telefona zəng vurub yer sifariş vermək
olardı. Hər cür şəraiti olan birinci dərəcəli «Metropol»un da öz gözəlliyi vardı. Hər
qarışında qızıl neft qaynayan şəhər bollu, bərəkətli idi. Ürəyin istəyəni tapa
bilərdin. Adamlar da səmimi, mehriban idi. Hələ o bəd ayaqlar gəlməmişdi,
şəhərimiz xoşbəxtlik, var-dövlət içində alışıb-yanırdı. Olkinski küçəsində
Axundovun məşhur Manufaktura-qalenteriya mağazası vardı. Burda həmişə
istənilən rəngdə yaraşıqlı ipək və yun paltarlar, qadın geyimləri satılardı. «Rəfiyev
qardaşları»nın Milyutin küçəsindəki mağazasında da hər şey olardı. Əvvəlcədən
47—48 nömrəli telefona zəng vurub alacağın malın orada olub-olmadığını da
öyrənə bilərdin. Elə həmin Milyutin küçəsində yerləşən musiqi mağazasında
qrammafon, potefon, pianino, müxtəlif alətlər satılırdı. Qızılı neftli şəhərimizdən
Vətənimizin hər yerinə — Gəncəyə, Yevlaxa, Şamxora, Tovuza, Xaçmaza,
Mingəçevirə qatarlar işlərdi. Amma qoymadılar. İnsan qanına susamışlar gəlib
işimizi yarımçıq kəsdilər, minlərlə günahsızın qanını axıtdılar...
Qocanın həyəcan və əsəbdən sinəsi aramsız halda qalxıb-enirdi..
Otaqdakılar hələ də bir şey anlaya bilmirdilər. Əgər qoca öz cavanlıq
dövründən — yetmiş il, səksən il əvvəlki Bakıdan danışırdısa, onda çox təəccüblü
idi: Bakı o zaman doğrudanmı belə gözəl, varlı-dövlətli şəhər olmuşdu?
Nəvələrindən biri bayaqkı hadisəni xatırladı: — Baba, o dediyin 3—32 kimin
telefonu idi, kimə zəng vurmaq lazım idi.
Qoca gözlərini məchul bir nöqtəyə dikmiş halda dedi:
— Azad hökumətimizin Baş naziri Nəsibbəy Yusifbəylinin.
— Bəs 6—10 kimin telefonu idi?
— Hərbi nazir Səməd bəy Mehmandarovun.
Nəvəsi bir qədər fikirləşəndən sonra babasının az əvvəl həyəcan içində
dediyi birinci telefon nömrəsini xatırlayıb soruşdu:
— Baba, bəs 55—10 kimin telefonu idi?
Qoca bu suala cavab verə bilmədi. Çalışıb bir söz demək istədisə də
bacarmadı. Ölüm yatağında çırpına-çırpına qaldı. Gözləri qaranlıqlaşdığından hər
yanı zülmət içərisində görürdü. İndi ona işıqlı görünən heç nə qalmamışdı. Ölüm
qapıları astaca açılıb onu qaranlıq dünyaya dartıb aparırdı.
Babasını torpağa basdırandan çox sonralar da nəvəsi bir sirri öyrənə
bilmirdi: görən babam 55—10-na kimə zəng etmək istəyirdi? 55—10 axı kimin
telefonu olub?
6
ĠLK «TƏHLÜKƏ»
Novxanı kəndinə xoş qədəmli bahar gəlirdi.
Kəndin hörmətli adamlarından olan axund Hacı Molla Ələkbərin evində iki
övlad böyüyürdü: oğlu Məhəmməd Əmin və qızı Şəhrəbanu.
Adlı-sanlı axund ömür-gün yoldaşı Zal qızı Ziynətlə sakit həyat yaşayır,
övladlarını böyüdürdülər. Oğluna yaxşı təhsil verib bilik adamı etmək axundun ən
böyük arzusu idi. Oğlunun oxumağa olan həvəsi də onu sevindirirdi. Quranı
mükəmməl oxuya bilən Məhəmməd Əminin dərin zəkası axundun diqqətindən
yayınmırdı. Axund fikirləşirdi ki, indi zəmanə çox pisdir, şəhərin hər yerində
hökumət əleyhinə söhbətlər danışılır, kimlərinsə gizli işlər gördüyünü deyirlər.
Oğlunun belə işlərdən uzaq olub başqa yolla getməyini istəyirdi axund. Hələlik
oğlunun hərəkəti, davranışı onun ürəyincə idi.
Bir gün qəribə hadisə baş verdi və axund bu söhbətdən çox narahat oldu.
...Günəşli bir yaz günündə Məhəmməd Əmin doğma kəndi Novxanını gəzib
dolaşırdı. Qəfildən həyətlərin birindən kiminsə kədərli-kədərli oxuduğunu eşitdi:
— Gəl, ey gözü vətəndə qalan Hüseynqulu xan,
Sülaləsini nəzərdən salan Hüseynqulu xan.
Eşitdiyi bu kədərli el oxuması içərisində qəribə maraq oyatdı. Ayaqları
sanki yerə mıxlanmışdı, gedə bilmirdi. Əslinə qalanda heç getmək də istəmirdi.
Ürəyinə axıb-dolan, əhvalını başqalaşdıran belə qəmli oxumanın hardan baş alıb-
gəldiyini bilmək istəyirdi. Qəribə idi, iki misralıq mahnıda nə böyük ağrı vardı! Bu
iki misra qovulmuş, yurdundan ayrı düşmüş bir adamı çağırırdı. İnilti, şikayətlə
dolu bu səs Hüseynqulu xanı səsləyirdi. Kim idi Hüseynqulu xan? Bəs mahnının
ardını niyə oxumurdular?
Əyilib həyətə baxdı. Adını bilmədiyi, amma hərdən kəndin aralığında
gördüyü nurani qoca yer əkirdi. Yorulduğundan belə söykənib dayanmışdı və arada
kədərli avazla oxuyurdu.
— Gəl, ey gözü vətəndə qalan Hüseynqulu xan...
Qəlbinin lap dərinliyindən alovlanıb üzə çıxan maraq hissini boğub saxlaya
bilmirdi. Qocaya yaxınlaşıb bu sirli oxumanın hardan baş alıb gəldiyini, niyə bu
qədər ürəkparçalayan olduğunu bilmək istəyirdi. Bilmək istəyirdi ki, bu axı kimin
ağrısıdır, bir şəxsin faciəsi, yoxsa çoxluğun dərdidir? Və nəhayət, qoca bu mahnını
hardan eşidib, kimdən öyrənib?
Keçib həyətə girdi. Qoca səs eşidib geri döndü. Gördü ki, qarşısında
yaraşıqlı bir oğlan uşağı dayanıb..
Məhəmməd Əmin qocanı görəndə özünü tamam itirdi. Gözlərindən yaş
axan qocanın baxışları, sifətinin görünüşü, geyimi bayaq oxuduğu mahnının özü
kimi kədərli idi.
7
Qoca oğlanın bu qəfil gəlişindən çaşan kimi oldu. Kirli ətəyi ilə gözlərini
silib narazı halda soruşdu:
— Kimsən? Nə istəyirsən?
— Axund Hacı Ələkbərin oğluyam. Elə gəldim ki...
Dili dolaşdı. Gəlişinin məqsədini açıb deməyə çəkindi. Özündən çox-çox
yaşlı olan bu adamdan birdən-birə hər şeyi soruşmaq düzgün olmazdı.
Sifətində hələ izləri qalan bayaqkı kədər ifadəsini yığışdırıb sakit halda
gülümsündü:
— Hə, allah saxlasın, Axund necədir?
Bayaqkı həyəcanı çəkilib getmiş halda «Yaxşıdır» dedi.
Qoca həyəti əkməyindən, bu ilin bol məhsullu olacağından danışdı. Yaşı
yüzdən çox olan qoca qıvraq idi, əlini işdən ayırmamışdı hələ.
Nəhayət, cəsarətə gəlib qocadan soruşdu: — Baba, siz bayaq kədərli-kədərli
nəsə oxuyurdunuz. Bilmək istəyirəm ki, o Hüseynqulu xan kimdir elə?
Bu sualdan qocanın sifəti tutqunlaşdı və zorla üzünə qonmuş təbəssüm
ifadəsi yoxa çıxdı. Gözlərində yenə bayaqkı ağrı kölgəsi dolaşmağa başladı. Bir
müddət sakit dayanıb dillənmədi. Sonra astadan dedi:
— Belə şeyləri bilməyin hələ tezdir...
Qoca üzünü yana çevirib işinə başladı. Orda dayanmağın faydasız olduğunu
bilib evə qayıtdı. Yol boyu maraq içində düşünürdü: Bu Hüseynqulu xan kimdir
axı? Niyə onun adına qoşulan mahnını oxuduqca qoca ağlayırdı? Burda nə isə
qəribə sirr var.
Axşam atası evə gələn kimi Hüseynqulu xanın kimliyini soruşdu. Axund
oğlunun qəfil sualından çaşıb qaldı. Sonra oğluna üz tutdu:
Yenə nə eşitmisən?
Oğlu maraq dolu gözlərini atasına dikmişdi və onun həsrətində olduğu bir
sirri açıb danışacağını gözləyirdi. Amma axund susurdu. Öz aləmində,
düşüncəsində idi. Dünyanın əksər elmlərini öyrənib, sirrindən agah olan axund
qəribə narahatlıq hissinə bürünmüşdü. Oğlunun bu marağında qorxulu bir şey
olmasa da içərisində təlaş keçirirdi. Oğlu gözlərini ondan çəkmirdi.
Axund həmin günü oğluna heç nə demədi.
Oğlu min fikir içində yuxuya getdi, sabahı günü yenə yolunu həmin yerdən
saldı. Qoca həyətin lap qurtaracaq küncündə əyləşib özünün dərdi, qayğısıyla
düşünürdü. Kənardan bir oğlan uşağının həyətə girib ona sarı gəldiyini gördü.
Məsafə azaldıqca oğlanın sifəti ona tanış gəlirdi. Nəhayət, tanıdı: Bu ki, axundun
oğludu. Belə gəlməkdə xeyir ola?
Oğlan gəlib salam verdi, qocanın halını soruşdu. Sonra birbaşa mətləbə
keçdi:
— Bilmək istəyirəm ki, Hüseynqulu xan kimdir və niyə dünən onun haqda
oxuyanda ağlayırdın?
Dostları ilə paylaş: |