8
Qoca heyranlıqla oğlana baxdı və neçə illərin ona ərməğan etdiyi adam
tanımaq səriştəsinə arxalanıb dedi: «Yox bu oğlanda nəsə var».
Qoca oğlanın sözünü yerə salıb qəlbinə dəymək istəmədi...
Məhəmməd Əminin hələ yaşının az vaxtlarında həmin qocadan və az sonra
müxtəlif mənbələrdən öyrəndiyi sərt həqiqətlər aşağıdakılar idi...
Müstəmləkə Bakı. XIX əsrin əvvəllərində Bakı çar Rusiyası tərəfindən işğal
olundu. Pyotrun ən böyük arzusunu sələfləri yerinə yetirdilər. Xəzər dənizi
üzərində hökmranlığa sahib oldular. Bakı camaatı müstəmləkə siyasətinə asanlıqla
boyun əymədi. Müqavimət hərəkatına qoşulub qəhrəmanlıqlar göstərdi. Dəfələrlə
güclü düşmən həmləsinə məruz qalan bakılılar mərdlikdə sinə gərib dözürdülər.
Xəyanətkar düşmən gəncəlilərin, başda Cavad xan olmaqla göstərdiyi
qəhrəmanlıqdan sonra bakılıların igidliyinin şahidi oldu. İnsan qanına susamış bu
cəlladlar şəhərə girəcəkləri günü səbirsizliklə gözləyirdilər. Başçılarını (Sisyanovu)
öldürən bu camaatdan mütləq o qanın əvəzini çıxacaqdılar. Gəncədəki dərsi
bakılılara da vermək lazım idi. Qoy birdəfəlik zülm çəkib sakit otursunlar. Qan
hərisli canavarlar Gəncədə qadınları, uşaqları məscidə yığıb hamısını qılıncdan
keçirmişdilər. Anaların ağ saçlarını qan gölməçəsində qırmızı rəngə boyamışdılar.
Dilsiz-ağızsız körpələrin imdad diləmək ümidi ilə onlara uzanan balaca toppuş
əllərini kəsmişdilər. Vəhşiliyin hər üzünü sınaqdan çıxarmış bu «şimallılar» indi
Bakı üzərinə ayaq almışdılar. Qorxulu düşmən yavaş-yavaş şəhərə girir, evlərə
ölüm nəfəsi saçır, adamları qanlı zəncirlə müstəmləkə əsarətinə bənd edirdi.
Şəhər əhalisi təslim olmur, son nəfəsə kimi döyüşmək istəyirdi.
Düşmən qüvvətli, həm də çox idi. Bir sürü ac yalquzağın qarşısında
köməksiz insan nə edə bilər ki? Ac yalquzaq ona qüvvət verəcək, həmişəlik yağlı
tikəsinə çevriləcək zəif ovundan əl çəkərmi? Hansı çətinlik bahasına olsa da,
qarşısındakı ovdan heç zaman imtina edib yan keçməz! Köməksiz ov indi onun
qanlı pəncəsində çırpınırdı. Yox, bu tikəsini nəyin bahasına olursa-olsun əlində
saxlayacaqdı!
Əllərinə keçən fürsəti boşuna buraxmadılar. Şəhərdə güclü qırğın başladı,
qan su yerinə axdı. Vuran qolları kəsdilər. Xalqın yaddaşına qanlı hadisələr həkk
etdilər.
Amma xalq bütövlükdə qırılmamışdı, adətini, ənənəsini yaşadanları,
ölənlərin pak ruhlarını yad edib yas saxlayanları qalmışdı. Dərdini ucadan danışa
bilməyən adamlar pıçıltı ilə başlarına gələn faciələri bir-birinə söyləyirdilər. Qisas,
intiqam hissinin bir gün gəlib yetişəcəyinə inamlarını itirməmişdilər. O gün
gələcəkdi, mütləq gələcəkdi!
Baş verən bu dəhşətlərdən az sonra xalq yavaş-yavaş başı üzərindəki qorxu
qılıncını kənarlaşdırmağa çalışırdı. Bu hələ gizli, zəif bir tərpəniş idi. İlk baxışdan
hiss olunmayan bu hərəkətə bir istiqamət, təkan vermək lazım idi.
* * *
9
XX əsr Bakıda siyasi coşğunluq, inqilabi mübarizənin ən qızğın dövrü kimi
qarşılandı. Çar istibdadı və mövcud qayda-qanun əleyhinə Bakının hər nöqtəsindən
etiraz məşəli alovlanırdı. İstismarın hər formasına məruz qalmış xalq çar üsul-
idarəsindən, sıxıntı, boğuntu mühitindən hər yolla uzaqlaşmağa çalışırdı.
Yeni əsr köhnənin yerinə gələndə onun on altı yaşı vardı. Qaynayan Bakı
mühiti, gördükləri, eşitdikləri, oxuduqları onu belə qənaətə gətirmişdi: Xalqın
taleyindən keçib-gedən XIX əsr camaata əsarət, kölə vəziyyətində yaşamaqdan
başqa heç nə gətirməyib. Cəhalət, savadsızlıq, avamlıq, siyasi şüurca yetkin
olmamaq xalqın düçar olduğu dəhşətli bəlalar idi. İndi bu xəstəlikləri sağaltmaq,
hansı vasitə ilə olursa-olsun müstəmləkə çirkabından təmizləmək lazım idi.
Təzə əsr girəndə o müəyyən təhsil alıb bilik qazanmışdı. Öncə savada
yiyələnmiş, sonra məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci
rus-müsəlman məktəbində, bir müddət də Bakı Texniki məktəbdə oxumuşdu.
Lakin onu ən çox siyasi mübarizə, xalqı qəflət yuxusundan oyadıb, düçar olduğu
xəstəliyi anlatmaq istəyi maraqlandırırdı. Bu işdə ilk fəaliyyət addımı təşkilat
yaradıb müəyyən adamları dövrəsinə yığmaqda görürdü.
Dünyanın birinci neft mərkəzi sayılan Bakıda çoxlu inqilabçılar, çar
əleyhdarları toplaşmışdı. Onlar fəhlələr arasında geniş təbliğat işləri aparır,
adamları tətilə, əmək haqqını artırmaq, iş saatını azaltmaq tələbi ilə çıxışlar etməyə
çağırırdılar. Camaatı çar əleyhinə, monarxiya üsul-idarəsini devirməyə
hazırlayırdılar. Hələlik təbliğatda yayılan bəyannamələr daha çox fəhlələrin
yaşayışı, dolanışığı ilə bağlı tələblərə üstünlük verirdilər.
Bakıda ilk ən güclü etiraz tətili səkkiz il əvvəl olmuşdu. Həmin etiraz
tətilində fəhlələrdən biri özünü saxlaya bilməyib ağacla polisi vurmuşdu. Sonra
fəhlələri «sakitləşdirmişdilər».
XX əsrin ilk ili idi. Bakının havasından belə siyasi mübarizə iyi gəlirdi.
İmperiya və monarxiya zülmü ilə barışmayanlar çar Rusiyasının əksər
əyalətlərindən bu şəhərə toplaşıb dayaq yerləri yaradırdılar.
...1902-ci ildə on səkkiz yaşlı Məhəmməd Əmin Rəsulzadə ilk siyasi
təşkilatını — «Müsəlman gənclik təşkilatı»nı yaratdı. Bu bir əsrə yaxın
müstəmləkə rejimi altında inildəyən xalqın ağrılarını sağaltmağa çalışan ilk siyasi
təşkilat idi. O vaxta kimi də mövcud üsul-idarəyə etiraz edənlər monarxiya qaydası
ilə barışmayıb müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Daha çox qəzet
yazıları və ədəbi əsərlərlə xalqı əsarətdən xilas etməyə çalışan çoxlu şəxsiyyətlər
olmuşdu. Lakin vahid proqramlı, işıqlı məqsədə xidmət edən geniş formalı bir
təşkilat yaratmaq hünərini ilk dəfə on səkkiz yaşlı Məhəmməd Əmin Rəsulzadə
göstərdi.
Sonralar, lap sonralar qocalıb yaşa dolanda ömrünün on səkkizinci ilindəki
o mühüm hadisəni belə xatırlayacaqdı:
«— O cümlədən mənim təşkil etdiyim, üzvləri müxtəlif rus litseylərində və
digər orta məktəblərdə oxuyan azərbaycanlı türk tələbələrdən ibarət gizli bir
Dostları ilə paylaş: |