12
Amma içərisindən keçən bir istəyi - camaatı elmli, oxumuş görmək
arzusunu təbliğ edib hamıya çatdırmaq istəyirdi. Elə bu niyyətlə «Müxəmməs» adlı
bir şer yazdı. Şerdə elmdən danışır, dünyada hər şeyin onunla bağlandığını izah
edirdi. Elmsiz tərəqqi, inkişaf da mümkün deyil. Elmə sahib olmadan düşdüyün qul
əsarətindən xilas yolunu tapa bilməzsən. Elmin hünəri, bacarığı ilə bağlı qapıları
açıb, qaranlıqları işıqlandırmaq olar.
Yazdığı şeri böyük ümidlə Tiflisə — «Şərqi-Rus» qəzetinə göndərdi. Yenə
həyəcan və səbirsizliklə dolu günlər başlandı. İlk yazısını az əvvəl çap etmiş qəzet
şerinə də işıq tutacaqdımı? Əslində onu ən çox narahat edən şerdə xalqa çatdırmaq
istədiyi «elmdən qaçma, onu öyrən» fikri idi. Təşkilatında çalışan türk dostlarını
həm də həvəsləndirmək, apardıqları təbliğat işində onlara dayaq duran qüvvələrin
olduğunu bildirmək istəyirdi. Deməli, on səkkiz, on doqquz yaşında əsarət
zəncirindən açılıb qurtarmaq istəyənlər tək deyil, xalqın ağrıları üçün yananlar
çoxdur...
«Müxəmməs» şerinin qəzetdə çap olunacağını gözləyirdi... Günləri həyəcan
içində yaşayırdı. İlk məqaləsinin işıq üzü görməyi ona qol-qanad vermişdi. İndi
ikinci yazısının sorağında idi.
Baharın ən gözəl çağı olan bərli-bəzəkli may ayının ortalarında poçta gedib
«Şərqi-Rus» qəzetinin gəlib-gəlmədiyini soruşdu. Növbəti nömrəni alıb elə
oradaca səhifələri gözdən keçirdi. İlk səhifədə teleqraf xəbərləri verilmişdi.
«Tiflisski listok» qəzetindən alınmış Qafqaz xəbərlərinin ardı çap olunmuşdu.
Qəzetin üçüncü səhifəsində isə on doqquzuncu nömrədən davam edən bir yazı
verilib. Yazıda həmişəki ağrı təsvir olunub: dövləti aliyə Rusiya qanunu ilə
müsəlman ruhani sinfinə girən şəxs gərəkdir ki, Rusiyada təlim almış olsunlar.
...Bəs bizə molla kim, qəravət kim edəcəkdir!
Üçüncü səhifənin ikinci sütununda onun «Müxəmməs» şeri çap olunmuşdu.
«Şərqi-Rus»un 18 may tarixli 20-ci nömrəsi də yaddaşına xoş xatirə kimi həkk
olundu.
Ömrünün sonrakı kəşməkeşli illərində də az şer yazmadı. İçərisindən axıb
gələn bu qəlb ağrılarının heç birində bütün şerlərə məxsus «gül, bülbül, bulud,
yağış» sözlərini işlətmədi. Ürəyinin odu ilə isinmiş xoş avazlı misralardan yalnız
xalqın ağrısı qopdu, dərdi eşidildi. Ömrünü bütövlükdə həsr etdiyi azadlıq yanğısı
bu şerlərin mayası oldu. Qocalıb yaşa dolanda alınmış vətənindən uzaq düşüb,
doğma yurdundan, istəkli balalarından tənha yaşayanda qəlbinin iniltisi və
ömründən ötüb getmiş günlərin həsrəti ilə sonuncu şerini yazanda da hər istəyinin
fövqündə tutduğu, azadlıqdan, istiqlaliyyətdən söz açdı. Bunlar sonralar, çox
sonralar oldu.
Hələlik 1903-cü ildir. Bakıda az sonra təlatümə gələcək coşğun bir dənizin
zəif çırpıntıları hiss olunur. Gizli təşkilatlar fəaliyyətdədir, siyasi coşğunluq hər
yanda alovlanır. Çarı devirib yıxmaqdan ötrü müxtəlif üsullarla təbliğatlar aparır.
13
Məmməd Əminin fəaliyyət dairəsi getdikcə genişlənir. Dostları ilə çoxlu
mütaliələr edir, inqilabi ruhlu yazılar oxuyur, mübarizə yolunda qətiyyətli olurdu.
1903-cü il Bakısının yadında qalan hadisələrindən biri Bibi-heybətdən
başlanan tətil idi. Hələ aprelin 18-də qatarda Bakıya Balaxanıdan çoxlu fəhlələr
gəlib toplaşmışdı: 15 minə kimi adam sakitcə gəzişib dağılışmışdı. Bu qarşıdan
gələn nümayişin xəbərdarlığı idi.
Mayın 1-də 20 mindən çox adamın iştirakı ilə etiraz nümayişi keçirildi. Saat
12-də Tağıyev teatrının və Parapetin yanında çoxlu adamlar toplaşmışdı. Əllərində
çarın karikaturalarını tutmuş adamlar inqilabi mahnılar oxuyurdular....
Bu, Bakıda əzilənlərin ən güclü etiraz səsi idi. Getdikcə alovlanan
fəaliyyətinin ilk coşğunluq dövrünü Məmməd Əmin Rəsulzadə belə danışarmış:
....Evimizin küçəyə ayrıca bir qapısı açılan otağında arxadaşlarımla
toplanardıq. Otaqdakı kitabxanadan faydalanır, türkcə çalışır, çarlıq əleyhinə
danışır və hürriyyət məsələlərini müzakirə edirdik. Yazı və bəyannamələr yazar və
onları yayardıq. Bu yazılar sonradan qəzet halına düşdü. Xoşuma gələn «hümmətül
ical taklauc cibal»dakı «hümmət» sözünü bu qəzetə ad seçdim. İstibdad
əleyhindəki bu çalışmalarımda bir milliyyətçilik yox idisə də, milliyyətçiliyə və
istiqlalçılığa doğru gedən bir istibdad düşmənliyi vardı.
Çarlıq əleyhinə olan fikirlərimi ehtiva edən «Hümmət» bir dəfə atamın əlinə
keçir. Yazımı tanıyır. Məni sorğu-suala çəkdi. Ona «bu bir yazıdır, sadəcə
oxunmaq üçün yazdım, bomba da ola bilərdi və o zaman lazım olan yerlərə
atardım» dedim. Gözləmədiyi bu cavab atamı çox hiddətləndirdi. Buna
baxmayaraq, üzərində çox durmadı. Məni inandığım bir yolda öz fikirlərimlə baş-
başa buraxdı... ».
Başçılıq etdiyi Hümmət təşkilatına sonradan yolları başqalaşan Nəriman
Nərimanov, Məşədi Əzizbəyov və qeyriləri daxil idi. Təşkilatın «Hümmət» adı ilə
bir qəzeti də çıxırdı. Sonradan həmin qəzet «Təkamül» adı ilə çıxmağa başladı.
«Hümmət» təşkilatının fəhlələr arasında təsiri getdikcə artırdı. Bu da şübhəsiz ki,
Bakıda o zaman fəaliyyət göstərən, amma prinsip etibarilə bir-birinə düşmən olan
bolşevik və menşeviklərin diqqətini cəlb edirdi.
1903-cü ildən fikir ayrılığına başlayan bu qruplar mübarizə üsuluna və
taktikalarına görə bir-birindən fərqlənirdilər. Menşeviklər də çarizmi devirmək
istəyir və respublika üsul-idarəsini qurmağa çalışırdılar. Yeni qurulacaq sistemdə
burjuaziyanı inkar etmir, zorakılıqdan uzaqlaşır, aşağıdan yuxarıya əsaslanan bir
seçki yolu ilə demokratiyanı üstün tuturdular.
Bolşeviklərin yolu isə başqa idi. Marksizmin xəyalpərvər bərabərlik
nəzəriyyəsi ilə zəhərlənmiş bu adamlar mövcud şəraiti, qanun-qaydanı, hər hansı
bir zümrə ilə əlaqəyə girməyi qəbul etmir, yalnız proletar sinfinin hegemonluğunu
təbliğ edirdilər. Onların fikrincə hakimiyyətə gələcək yeganə qüvvə proletariatdır.
Çünki proletariatın zəncirdən başqa itirməyə heç nəyi yoxdur.
Dostları ilə paylaş: |