Azərbaycanin kosmonavtika tariXİNDƏn zöhrə Fərəcova Elə arzular var ki, yaşı olmur. Onlar sanki insanla birlikdə gəlir bu dünyaya. Bəşər övladlarının



Yüklə 145,2 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü145,2 Kb.
#55212


“EL”.-2010.-84-cü nəşr.-S.38-44.

AZƏRBAYCANIN KOSMONAVTİKA

TARİXİNDƏN

Zöhrə Fərəcova

Elə  arzular  var  ki,  yaşı  olmur.  Onlar  sanki  insanla  birlikdə  gəlir  bu  dünyaya.  Bəşər  övladlarının

göylərə  uçmaq,  onun  ənginliklərini  yaxından  seyr  etmək  istəkləri  də  hər  zaman  beləcə  olub.  Sadəcə,  ona

çatmağın  yolunu  qərinələr,  əsrlər  boyu  tapa  bilməyiblər.  Əl-çatmaz  Göylər  insanlara  həmişə  müəmma

görünüb.  Zaman-zaman  mavi  səmaya,  Günəşə,  Aya,  ulduzlara  tamaşa  edə-edə,  oralar-da  nələr  olduğunu

düşünə-düşünə istəklərini, qorxularını, həyəcanlarını nağıllara, əfsanələrə çeviriblər.

Bəşər  övladları  bir  gün  göylərin  ucalığına  qalxacaqlarına,  əllərinin  ulduzlara,  Aya  yetəcəyinə  inanıblar.

Belə yaranıb "Uçan xalça"lar, "Simurq Quşu"lar haqqında nağıllar, əfsanələr... Səmalara can atmaq istəyi bəlkə də

insan ruhunun azadlığından doğur. Ona görə arzularımıza da quş qanadlı deyirik...

Əsrlərdən-əsrlərə  adladıqca  bu  həvəs  -  kainatı  öyrənmək  həvəsi  insanları  axtarışlara  sövq  edib.  Beləcə

bəşəriyyətin böyük kəşfləri yaranıb. Və nəhayət, bir gün bəşər övladları bu istəklərinə də yetiblər. Axır ki, göylərin

dərin  qatlarına  qalxmağın  yolunu  tapıblar.  Bütün  bunlara  görə  mütəxəssislər  kosmonavtikanın  başlanğıc  tarixini

söyləməkdə  çətinlik  çəkirlər.  Məlum  olan  budur:  səmalara  qanadlanmaq,  oranı  yaxından  seyr  etmək  irqindən,

dilindən, inkişafından asılı olmayaraq, bütün insanların düşüncələrində, maraqlarında olub. Sonra bu, adi maraqdan

mürəkkəb  elmi  axtarışlara  keçib.  Nəhayət,  nailiyyətlər  də  əldə  olunmağa  başlayıb.  Nikolay  Kopernik  heliosentrik

sistem  haqqında  təsəvvürlər  verib,  Cordano  Bruno  sferanın  hərəkətsiz  ulduzlardan  təşkil  olunduğunu  göstərib,

Qalileo  Qaliley  teleskopla  ilk  dəfə  Aya  baxıb,  İohann  Kepler  planetlərin  hərəkət  qanunlarını  açıb,  İsaak  Nyuton

ümumdünya cazibə qanununu verib, Mixail Lomonosov Venerada atmosferin olduğunu qeyd edib.

Bunların hər biri kosmonavtika tarixinə xidmət, bu sahədə irəliyə doğru atılan addımlar idi. Ancaq kosmik

aləmə yol tapmaq, onun sirlərinə vaqif olmaq bəşər övladları üçün hələ də can atılan, amma əl yetməyən arzu idi...

KOSMİK ERANIN BAŞ LANĞICI

Hər bir dövrdə arzulansa da, onun sevincini, qürurunu yaşamaq XX əsrin ikinci yarısında yaşayanlara nəsib

oldu.  XX  əsr  bəşəriyyət  tarixinə  kosmos  əsri  kimi  yazıldı.  İlk  dəfə  1957-ci  ilin  4  oktyabrında  sovet  alimlərinin

hazırladıqları süni peyk kosmosa çıxarıldı. Bununla da kosmik eranın başlanğıcı qoyuldu. Amma əsl bayram bəşər

övladının  kosmosa  yol  açması idi.  Bu  tarixi  hadisə  1961-ci  ilin  12  aprelində  baş  verdi.  Kosmosa  ilk  uçan  insan

sovet vətəndaşı Yuri Qaqarin oldu. O gündən etibarən təqvimlərə yeni bayram əlavə olundu. Həmin gün - 12 aprel

Ümumdünya aviasiya və kosmonavtika günü kimi qeyd edilməyə başlandı. 

kosmonavtika salnaməsində azərbaycan

Azərbaycan  kosmonavtika  salnaməsinə  özünün  ilk  səhifələrini  hələ  1932-ci  ildə  yazdı.  O  il  Moskvada

fəaliyyət  göstərən  "Reaktiv  hərəkəti  öyrənmə  qrupu"nun  Bakı filialı  yaradıldı,  iştirakçılar  tanınmış  rus  ixtiraçısı

Konstantin  Siolkovski  ilə  yazışmalar  apardılar,  onunla  görüşərək  dəyərli  məsləhətlər  aldılar.  Milli  Aerokosmik

Agentliyin baş direktoru, texnika elmləri doktoru Alçin Şirinzadə qeyd edir ki, sonralar həmin qrupun buraxdığı ilk

sovet  raketi  moskvalı həmkarların  tövsiyəsi  ilə  bakılı ixtiraçılar  tərəfindən  yerli  neft  məhsullarından  hazırlanmış

qatılaşmış benzinlə işlədildi. Həmin dövrdə Azərbaycan öz Milli Aerokosmik Agentliyini yaratmağa hələ müvəffəq

olmamışdı.  XX  əsrin  70-ci  illəri  idi.  Keçmiş  Sovetlər  Birliyi  məkanında  kosmonavtika  sahəsində  mühüm

nailiyyətlər əldə olunmuşdu. Artıq ilk kosmonavtlar dəstəsi formalaşmış, Yerin və Yerətrafı fəzanın tədqiqi ilə bağlı

çoxsaylı  müşahidələr  aparılmışdı.  Nəticədə  yerin  təbii  ehtiyatlarının  və  ətraf  mühitin  vəziyyətinin  kosmik

vasitələrlə  daha  operativ  və  qlobal  miqyasda  öyrənilməsi  məsələləri  ön  plana  çəkilmişdi.  Həmin  dövrdə

kosmonavtika  sahəsində  əldə  edilmiş  nəticələrin  ümumiləşdirilməsi,  elmi-texniki  əməkdaşlığın  beynəlxalq

miqyasda  genişləndirilməsi,  perspektiv  tədqiqat  istiqamətlərinin  müəyyənləşdirilməsi  məsələlərinin  müzakirəsinə

həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresinin keçirilməsi nəzərdə tutuldu. 1973-cü ilin

oktyabrında  konqres  ulu  öndərimiz  Heydər  Əliyevin  təşəbbüsü  və  təşkilatçılığı  ilə  Bakıda  keçirildi.  Konqresin

Azərbaycanda  keçirilməsi,  Heydər  Əliyevin  geniş  məruzə  ilə  çıxış  etməsi  Milli  Aerokosmik  Agentliyin

yaradılmasında, bu günədək fəaliyyət göstərməsi və inkişaf etdirilməsində tarixi hadisə kimi xatırlanır.

1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun müvafiq qərarı ilə Azərbaycan

SSR Elmlər Akademiyasının tabeliyində "Kaspi" Elmi Mərkəzi (indiki MAKA) yaradıldı.

kosmonavtika tariximiz

Agentlik  yarandığı  ilk  gündən  məqsədyönlü  tədbirlər  həyata  keçirilməyə  başlandı.  Respublikamızın  ali




məktəblərində  MAKA-nın  elmi-tədqiqat  istiqamətlərini  əhatə  edən  müxtəlif  ixtisaslar  üzrə  müştərək  kafedralar

açıldı,  eyni  zamanda  gənc  mütəxəssislər  xüsusi  təcrübə  keçmək  və  ya  aspiranturada  təhsil  almaq  üçün  Sovetlər

Birliyinin  ən  nüfuzlu  elmi  mərkəzlərinə,  tədris  müəssisələrinə  göndərildi.  MAKA-nın  beynəlxalq  əlaqələrinin

genişlənməsi  sahəsində  ildən-ilə  daha  çox  işlər  həyata  keçirildi.  1977-ci  ildən  başlayaraq,  Azərbaycan

mütəxəssisləri 10-dan artıq keçmiş sosialist ölkəsini təmsil edən "İnterkosmos" təşkilatının  fəaliyyəti  çərçivəsində

keçirilən beynəlxalq tədbirlərdə iştirak etdi, hazırladıqları cihazların iş qabiliyyətini real şəraitdə nümayiş etdirdilər.

Həmin  dövrdən  sonra  MAKA-nın  fəaliyyət  dairəsi  SSRİ  miqyasında  daha  da  genişləndi.  Bir  sıra  nüfuzlu

təşkilatların  sifarişi  ilə  MAKA-da  müxtəlif  təyinatlı  məlumat-ölçü  sistemləri  yaradılaraq  istismara  verildi.

MAKA-nın  mütəxəssisləri  tərəfindən  hazırlanan  rentgen  teleskopunun  15  il  ərzində  "Salyut-Mir"  orbital

kompleksində fəaliyyət göstərməsi bu gün də MAKA tarixinin ən yaddaqalan hadisəsi kimi xatırlanır. Ümumilikdə

isə  1977-1991-ci  illər  ərzində  MAKA-nın  əməkdaşları  keçmiş  Sovetlər  Birliyinin  30-dan  artıq  nazirlik  və

birliklərinin sifarişi ilə 60-a qədər elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirdilər.

MAKA-nın  xarici  əlaqələr  istiqamətində  fəaliyyəti  uğurla  davam  etdirildi.  Orta  Asiya  və  Yaxın  Şərq

ölkələrinin  kosmik  təşkilatları  ilə  yeni  əlaqələr  yaradıldı,  bir  sıra  müasir  texnologiyalar  əldə  olundu,  gənc

mütəxəssislər  xarici  ölkələrin  kosmik  elm  və  texnologiyalar  mərkəzlərində  treninq  kurslarında  iştirak  etdilər,

beynəlxalq layihələr həyata keçirdilər.



maka müstəqillik illərində

1991-ci  ildə  Azərbaycan  öz  müstəqilliyinə  qovuşduqdan  sonra  onun  iqtisadiyyatında  bir  sıra  geriləmələr

oldu.  Bəzi  sahələrdə  işlər  qismən,  bəzilərində  hətta  tamamilə  dayandırıldı.  Səbəb  məlum  idi:  keçmiş  SSRİ

rəhbərliyi  bilərəkdən  ölkə  iqtisadiyyatını  elə  qurmuşdu  ki,  Sovetlər  məkanına  daxil  olan  on  beş  respublikanın

hamısı  bir-birindən  asılı vəziyyətdə  olsun.  Odur  ki  respublikaların  hər  biri  öz  müstəqilliyini  əldə  edəndən  sonra

iqtisadi  problemlərlə  üzləşdi.  O  illərdə  bir  tərəfdən  də  Ermənistanla  münaqişə  şəraitində  yaşayan  müstəqil

Azərbaycan dövləti üçün çox ağır oldu. Həmin çətin vaxtlarda MAKA-nın da fəaliyyətində problemlər yarandı.

Sovet  hakimiyyəti  dövründə  bu  sahədə  uğurlar  az  olmamışdı.  MAKA-nın  SSRİ  Ümumi  Maşınqayırma

Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərdiyi  1985-1991-ci  illərdə  öz  dövrünün  ən  yeni  dəzgah  və  avadanlıqları,

hesablama texnikası vasitələri, optik-elektron qurğular, bort-çəkiliş sistemləri üçün əlavə bloklar əldə etmiş, alim və

mütəxəssislərimiz  aviasiya  vasitələrindən  istifadə  etməklə  peykaltı  eksperimentlərin  aparılması  üçün  geniş

imkanlara  malik  olmuşdular.  Bununla  belə  müstəqillik  dövrünün  ilk  illərində,  keçid  mərhələsində  xarici

əlaqələrimiz zəiflədi, yeni cihaz və avadanlıqlar əldə etmək imkanı olmadı.

Çox  keçmədi  ki,  respublikanın  başqa  sahələrində  olduğu  kimi  aerokosmik  sahədə  də  canlanma  başladı.

Problemlərin  aradan  qaldırılması  üçün  planlar  həyata  keçirildi.  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq

fərmanı ilə MAKA 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildi. Bundan sonra bu sahəyə diqqət

artırıldı.  MAKA-nın  fəaliyyət  dairəsinin  genişlənməsi,  milli  kadrların  hazırlanması,  xarici  əlaqələrin  qurulması

istiqamətində  ardıcıl işlər  görülməyə  başlanıldı.  Bir  sıra  aparat-proqram  vasitələri,  kompüter  sistemləri  və  digər

avadanlıqlar əldə edildi, agentliyin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata

keçirildi.  Artıq  2007-ci  ildən  təşkilatda  Kosmik  Məlumatların  Qəbuledici  Kompleksi  fəaliyyət  göstərir.  Bu  da

operativ  kosmik  məlumatlar  əsasında  bir  sıra  iqtisadı,  elmi  və  dövlət  əhəmiyyətli  məsələləri  həll  etməyə  imkan

verir.  Bu  kompleksin  istismara  verilməsi  ilə  MAKA-nın işində  müəyyən  dönüş  yarandı.  Rusiya  Federasiyasından

alınan  həmin  kompleks  müasir  texnologiyalar  bazasında  fəaliyyət  göstərir.  Ancaq  mütəxəssislər  ən  müasir

texnologiyaları tətbiq etməklə həmin stansiyanın imkanlarını daha da genişləndirir, onun fəaliyyətini səmərəli təşkil

etmək istiqamətində əlavə tədbirlər həyata keçirirlər.

Azərbaycan  Milli  Aerokosmik  Agentliyinin  baş  direktoru  Alçin  Şirinzadə  onu  da  qeyd  edir  ki,  müasir

dövrdə  kosmik  fəaliyyətin  dünya  siyasətində  və  iqtisadiyyatındakı rolu  durmadan  artır,  qloballaşma  proseslərinin

əhatə  dairəsi  genişlənir.  Elmin,  texnikanın,  informasiya  və  kommunikasiya  texnologiyalarının  sürətli  inkişafı

respublikamızın iqtisadiyyatında kosmik texnologiyalardan daha geniş istifadə edilməsini ön plana çəkir.

Azərbaycanın  dünya  elmi  məkanına  sürətlə  nüfuz  etdiyi  dövrdə  maddi-texniki  bazanın  gücləndirilməsi,

kompüter-texnika  bazasının  yeniləşdirilməsi,  kosmik  texnologiyaların  inkişafı  üçün  zəruri  olan  proqram-aparat

komplekslərinin əldə edilməsi zərurətə çevrilir.



KOSMİK ORBİTDƏ AZƏRBAYCAN PEYKİ

İqtisadiyyatımızın  sürətlə  inkişaf  etdiyi  müasir  dövrdə  Azərbaycan  ərazisi  ilə  nəql  edilən  karbohidrogen

ehtiyatlarının həcmi artır, yeni enerji və kommunikasiya şəbəkələri  qurulur. Bu isə yerüstü infrastrukturun müasir

səviyyədə  yenilənməsini,  eləcə  də  operativ  kosmik  məlumatların  əldə  olunmasını,  yeni  texnologiyalar  əsasında

dövlət əhəmiyyətli strateji obyektlərin müşahidə sisteminin işlənilməsini tələb edir.

Qonşu  dövlətlə  münaqişə  şəraitində  yaşayan  Azərbaycan  üçün  sərhədlərin  etibarlı  mühafizəsi,  dövlətin

təhlükəsizliyinə  və  ərazi  bütövlüyünün  qorunmasına  xidmət  edən  digər  tədbirlər  də  operativ  kosmik  məlumatlar

əsasında öz həllini gözləyir.

Alçin  Şirinzadənin  fikrincə,  coğrafi  mövqeyi  ilə  seysmik  aktiv  zonada  yerləşən,  təbii-iqlim

xüsusiyyətlərinin  rəngarəngliyi  və  fövqəladə  hadisələrin  tez-tez  baş  verməsi  ilə  xarakterik  olan  Azərbaycan  üçün

kənd  təsərrüfatı  və  torpaqlardan  istifadə  məsələlərinin  həlli,  Yer  təkinin,  meşə  və  su  ehtiyatlarının



qiymətləndirilməsi,  bir  sözlə,  insan-təbiət  qarşılıqlı münasibətlərini  müəyyənləşdirən  ekoloji  problemlərin  tədqiqi

və məlumatların təxirəsalınmaz şəkildə istehlakçılara çatdırılması ancaq ölkəmizə məxsus kosmik sistemin fəaliyyət

göstərməsi ilə səmərəli nəticələr verə bilər.

Mütəxəssis hesab edir  ki,  ölkəmizə  məxsus  ilk  süni  kosmik  peykin  orbitə  çıxarılması üçün  zəruri  hazırlıq

işləri  aparılmalı,  kosmik  infrastrukturun  müvafiq  obyektləri  yaradılmalı  və  bir  sıra  təşkilati  məsələlər  həll

edilməlidir: "İqtisadiyyatın qloballaşdığı indiki dövrdə peykini orbitə çıxaran və onun imkanlarından bəhrələnən hər

bir  ölkə  özünü  daha  qüdrətli  hesab  edir,  yeni  texnologiyaların  mənimsənilməsində  irəliyə  doğru  addımlayır.

MAKA-nın  Müdafiə  Sənayesi  Nazirliyinin  tabeliyində  fəaliyyət  göstərdiyi  ilk  gündən  bu  məsələ  diqqət

mərkəzindədir. 2007-ci ilin əvvəlində hökumətin və geniş elmi ictimaiyyətin müzakirəsinə təqdim edilmiş "Kosmik

fəaliyyət  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  layihəsində,  həmçinin  "Azərbaycan  Respublikasının

2008-2025-ci illər üçün kosmik fəaliyyət konsepsiyası"nda bunlar ətraflı şəkildə öz əksini tapmışdır. Bu məsələnin

həlli  ilə  əlaqədar  imzalanmış  "Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması və  telekommunikasiya

peyklərinin  orbitə  çıxarılması  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  4  noyabr  2008-ci  il  tarixli

Sərəncamının icrası üçün respublikamızın bir sıra nazirliklərinin iştirakı ilə tədbirlər planı hazırlanmış, müzakirələr

aparılmışdır".

Həmin tədbirlər planına əsasən, 2011-ci ildə Azərbaycanın ilk telekommunikasiya peyki geostasionar orbitə

çıxarılmalı, sonrakı dövrdə ikinci peykin buraxılması üçün hazırlıq işləri həyata keçirilmək, Avropanın və ABŞ-ın

nüfuzlu elmi mərkəzlərində müvafiq ixtisaslar üzrə kadrlar hazırlanmalı, kosmik məlumatların qəbulu və sistemin

idarə edilməsi üçün yerüstü infrastruktur şəbəkəsi yaradılmalıdır. Tədbirlər planında kosmik sənayenin yaradılması

və  telekommunikasiya  peyklərinin  istismarı  ilə  əlaqədar  lazım  olan  cihaz  və  avadanlıqların,  həmçinin  ehtiyat

hissələrin  ilk  dövrlərdə  digər  xarici  ölkələrdən  alınması  planlaşdırılsa  da,  sonralar  respublikamızın  istehsal

imkanlarından, eləcə də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin və MAKA-nın texniki bazasından istifadə

etmək nəzərdə tutulub.

Alçin  Şirinzadə  onu  da  bildirir  ki,  Azərbaycanın  öz  peykini  orbitdə  yerləşdirməsi  kosmik  məlumatlardan

müstəqil  istifadə  prosedurlarında  mövcud  olan  məhdudiyyətləri  aradan  qaldıracaq,  eyni  zamanda,  elmi-texniki

potensialımızın  imkanları  daha  geniş  məkanda  nümayiş  etdiriləcək,  bir  sözlə,  dünya  kosmik  infrastrukturuna

inteqrasiya  prosesində  möhtəşəm  nailiyyət  qazanılacaq:  "Həll  ediləcək  məsələlərin  arsenalı  olduqca  geniş,

arzularımız  isə  daha  böyükdür.  Ümid  edirik  ki,  yaxın  zamanlarda  respublikamız  özünün  ilk  peyklərini

müvəffəqiyyətlə orbitə çıxaracaq, onların imkanlarından həm dövlətimiz, həm də vətəndaşlarımız bəhrələnəcək, ən

müasir kosmik texnologiyalar təşkilatımızın həyatına daha geniş yol açacaqdır. Qazanacağımız uğurlu nəticələr isə

respublika elminin, təbii ki, həm də iqtisadiyyatının daha da sürətlə inkişaf etdirilməsinə öz töhfələrini verəcəkdir".

yenə də bir bayram...

Aprel  ayıdır.  Sovet  kosmonavtı Yuri  Qaqarinin  kosmosa  ilk  uçuşu  ilə  tarixliləşən  12  aprel  -  "Beynəlxalq

Aviasiya  və  Kosmonavtika  günü"  yenə  bayram  edilir.  Bəşər  övladları  əsrlərdən  bəri  arzuladıqlarının  o  zaman  -

1961-ci  ilin  12  aprelində  gerçəkliyə  çevirdildiyini  unutmurlar.  Bu  hadisə  yalnız  XX  əsrin  deyil,  o  vaxta  qədərki

bütün tarixi dövrlərdə yaşamış insanların göylərin sirrinə bələd olmaq istəklərinin yekunudur. Ancaq kosmik aləm

bizə öz sirlərini tam açmayıb. Kosmonavtlar hər uçuşlarında yeni bir kəşflə geri dönürlər.

Azərbaycanda da bu bayram yarandığı ilk günlərdən qeyd edilməkdədir. Ancaq arzularımız daha böyükdür.

Yaxın  illərdə  müstəqil  Azərbaycanın kosmonavtika  tarixində  əlamətdar  bir  hadisə  baş  verəcəyi  arzusundayıq.  İlk



azərbaycanlı kosmonavtın bizi kosmik fəzadan salamlayacağı günü gözləyirik!

Yüklə 145,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə