Azərbaycanin neftli-qazli əraziLƏRİNİn geomorfologiyasi və stratiqrafiyasi



Yüklə 37,53 Kb.
tarix29.01.2018
ölçüsü37,53 Kb.
#22802

AZƏRBAYCANIN NEFTLİ-QAZLI ƏRAZİLƏRİNİN GEOMORFOLOGİYASI VƏ STRATİQRAFİYASI

Azərbaycan ərazisində aşağıdakı xarakterik geomorfoloji elementlər ayrılır: 1. Böyük Qafqazın cənub-şərq batımı; 2. Kür-Araz ovalığı; 3. Kiçik Qafqaz dağlıq sistemi; 4. Naxçıvan Dağlıq sistemi; 5. Talış dağlıq sistemi; 6. Xəzərin Qərb akvatorial hissəsi (Orta və Cənubi Xəzər); Böyük Qafqazın cənub-şərq batımında aşağıdakı geomorfoloji elementlər ayrılır: 1. Mərkəzi hissə; 2. Cənub yamac; 3. Şərq hissə; 4. Cənubi-şərq davamı; Böyük Qafqazın mərkəzi hissəsi yüksək dağlıq silsilələrindən təşkil olunmuşdur. Şərq istiqamətdə getdikcə dağ silsilələrinin yüksəklikləri azalır. Sitalçay və Yaşma çaylarından keçərək, yüksəkliklər düzənliyə çevrilirlər. Mərkəzi hissədə ən böyük dağ Bazardüzü hesab olunur (4460 m). Şərq istiqamətə getdikcə Babadağ, Dibrar, Gədi və s. dağları misal göstərmək olar.

Böyük Qafqazın şimal yamacında mövcud olan dağlıq sistemləri şərqdə özünü davam etdirir və bu dağlıq sistemlərin içərisində Şahdağ, Mıxtökən, Kilit, Beşbarmaq və s. misal göstərmək olar. Şimal yamacdan şərqə doğru keçdikcə yüksəkliklər azalaraq düzənliyə çevrilir və Xəzər dənizinə açılır. Böyük Qafqazın cənub yamacında isə Niyaldağ-Şamaxı dağlıq silsilələri ayrılır. Bu dağlıq silsilələri Niyaldağ və Lahıc dağları ilə müşahidə olunur. Cənub yamacdan şərq istiqamətdə Qobustan və Abşeron əraziləri qeydə alınır. Qobustanda yüksəklik 200 m, Abşeronda isə 400-100 m-ə yüksəklik qeydə alınır. Yuxarıda qeyd etdiyimiz yüksəkliklərdən əlavə, Qobustan və Abşeronda palçıq vulkanlarının əmələ gətirdikləri təpəciklər də müşahidə olunur. Belə yüksəkliklərə misal olaraq Otman, Bozdağ, Lökbatan, Qoturtəpə, Torağay və s. misal göstərmək olar. Yuxarıda qeyd etdiyimiz yüksəkliklər çay dərələri vasitəsi ilə kəsilmişlər, bu çaylara Alazan-Əyriçay, Türyan çay, Pirsəhhət çay, Qozluçay və s. misal göstərmək olar. Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağlar arasında yerləşir. Şimal-qərb və cənub-şərq istiqamətində öz ölçülərini genişləndirir. Kür ovalığında Qarabağ, Mil, Muğan düzənlikləri qeyd olunur. Kiçik Qafqaz dağlıq sistemi şimal-qərb və cənub-şərq istiqamətində uzanaraq çoxlu sayda dağ silsilələri ilə mürəkkəbləşmişdir. Bu dağ silsilələrinə Murovdağ, Şahdağ, Kəpəz və Zəngəzur dağlıq sistemləri aiddir. Talış dağlıq sistemi Azərbaycanın cənub-şərq qurtaracağında yerləşir. Bir neçə yüksəkliklərlə xarakterizə olunur. Bunlar Qızyurdu, Gömrükgöy və digər yüksəkliklərə ayrılır. Bu yüksəkliklər həmçinin çay dərələri ilə mürəkkəbləşmişlər. Naxçıvan dağlıq sistemi Kiçik Qafqazın cənub-qərb hissəsində yerləşir və əsasən dağ silsilələrindən ibarətdir. Burada Şərur dağlıq sistemi və Ordubad sinklinoriumu ayrılır. Cənub-qərbdən Araz çayı boyunca ovalıq qeydə alınır. Azərbaycan ərazisinin 35000 km2 sahəsini Xəzər dənizi hövzəsi təşkil edir. Burada suyun dərinliyi şərq istiqamətə getdikcə 100-150 m-ə qədər artır. Dəniz dibinin relyefi çox da hamar deyildir.
Azərbaycanın neftli-qazlı ərazilərinin stratiqrafiyası

Azərbaycanın neftli-qazlı ərazilərində vulkanogen, vulkanogen-çökmə, çökmə və metomorfik süxurlar geniş yayılmışdır. Bu süxurların yaş diapazonu müxtəlifdir. Neftli-qazlı ərazilərin bünövrə səthi maqmatik, metomorfik komplekslərdən ibarətdir. Neftli-qazlı ərazilərin stratiqrafik bölgüsü əsasən Yura yaşlı çöküntülərlə başlayır. Lakin bəzi sahələrdə (Şamxorçay, Əsrikçay) Trias və daha qədim yaşlı komplekslərin varlığı müşhidə olunmuşdur. Bu kəsilişlər Dzirul massivinin kəsilişinə çox bənzəyir. Bu o deməkdir ki, strtiqrafik kəsiliş bəzi ərazilərdə Paleozoy yaşlı hesab oluna bilər. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqazın kəsilişlərindəki fərq Kiçik Qafqazda və Naxçıvanda kəsilişin Paleozoy yaşlı süxurlarla başlamasıdır.



Naxçıvanın stratiqrafik kəsilişi. Naxçıvanın stratiqrafik kəsilişi Paleozoy yaşlı çöküntülərlə başlayır. Burada Devon, Karbon və Perm sisteminin çöküntüləri geniş iştirak edir.

Devon sistemi hər üç şöbəsi ilə kəsilişdə qeydə alınmışdır. Alt Devon əhəngdaşlı, argillit və kvarsitdən ibarətdir. Qalınlıq 1400 m-dir. Orta Devon əhəngdaşlarından, gilli şistlərdən və qumdaşlarından ibarətdir. Qalınlıq 1200 m-dir. Üst Devon əhəngdaşlarından, bitumlu şistlərdən, diabazlardan ibarətdir. Qalınlıq 1000 m-dir.

Daş kömür sistemi üç şöbə ilə iştirak edir. Orta şöbə kəsilişdə iştirak etmir. Alt və üst şöbə əhəngdaşı, mergel və qumdaşlarından, şistlərdən, diabaz laylarının növbələşməsindən ibarətdir. Qalınlıq 400 m-dir.

Perm sistemi iki şöbə ilə iştirak edir. Burada da kəsiliş əhəngdaşlarından, qumdaşlarından, mergellərin növbələşməsindən ibarətdir. Qalınlıq 500 m-dir.

Trias sisteminin çöküntüləri də əsasən Naxçıvan blokunda qeydə alınıb və hər üç şöbə kəsilişdə iştirak edir. Əsasən əhəngdaşlarından ibarətdir. Qalınlıq 1000 m-dir.

Kiçik Qafqazın stratiqrafik kəsilişi. Kiçik Qafqazda kəsiliş Yura sisteminin çöküntüləri ilə başlayır. Yura sisteminin çöküntüləri həm Naxçıvanda, həm də Kiçik Qafqazda Toar və Aalen mərtəbəsi ilə başlayır. Toar və Aalen mərtəbələri qumlu gillərdən, konqlameratlardan və gilli şistlərdən ibarətdir. Naxçıvan blokunda Toar və Aalen mərtəbələri effuziv süxurlardan ibarətdir. Kəsilişin üst hissəsində qalınlığı 60 m-ə çatan kvarslı qumdaşlarına rast gəlinir. Naxçıvanda bu mərtəbələrin ümümi qalınlığı 210 m-ə çatır. Orta Yura Bayos və Bat mərtəbələri ilə başıayır. Bayos mərtəbəsi Kiçik Qafqazda tuflu brekçiyalarla, vulkanik brekçiyalarla və tuflu qumdaşları ilə müşayət olunur. Qalınlıq 3200 m-dir. Naxçıvanda isə Bayos mərtəbəsi əhəngdaşı, qumdaşı, gil və tuflu qumdaşlarından ibarətdir. Qalınlıq 60 m-dir. Bat mərtəbəsi Kiçik Qafqazda tuflu qumdaşlarından, tuflu brekçiyalardan, tuflu konqlameratlardan və porfiritlərdən ibarətdir. Qalınlıq 2600 m-dir. Naxçıvan blokunda isə Bat mərtəbəsi mergel və gillərdən ibarətdir. Qalınlıq 50 m-ə qədərdir. Üst Yura çöküntüləri Kiçik Qafqazda bütün mərtəbələri ilə təmsil olunur. Naxçıvan blokunda isə yalnız Kellovey mərtəbəsi iştirak edir. Kiçik Qafqazda Kellovey, Oksford mərtəbələri qumdaşlarından, alevrolitlərdən, tuflu qumdaşlarından, tuflu brekçiyalardan və əhəngdaşlarından ibarətdir. Qalınlıq 510 m-dir. Naxçıvan blokunda isə Kellovey mərtəbəsi qumdaşlarından, əhəngdaşlarından, mergellərdən ibarətdir. Qalınlıq 140 m-dir. Luzitan mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından, dolomitlərdən ibarətdir. Qalınlıq 200 m-dir. Kimmeric mərtəbəsi Kiçik Qafqazda porfiritlərdən, tuflardan, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1000 m-dir. Titon mərtəbəsi karbonatlı süxurlardan ibarətdir. Qalınlıq 250 m-dir.

Təbaşir sistemi. Təbaşir sistemi kəsilişdə hər iki şöbəsi ilə iştirak edir. Alt Təbaşir Valanjin-Hoteriv mərtəbələri Kiçik Qafqazda vulkanogen süxurlardan və ara-sıra əhəngdaşlarından ibarətdir. Qalınlıq 270 m-dir. Naxçıvan blokunda bu mərtəbəyə rast gəlinmir. Barrem mərtəbəsi karbonatlı süxurlardan təşkil olunmuşdur. Qalınlıq 250 m-dir. Naxçıvan blokunda bu mərtəbə rast gəlinmir. Apt mərtəbəsi mergel, gil və qumdaşlarının növbələşməsindən ibarətdir. Qalınlıq 300 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir. Alb mərtəbəsi ilə Alt Təbaşir sistemi başa çatır. Kiçik Qafqazda bu mərtəbə litoloji tərkibcə gillərdən, mergellərdən, argillitlərdən, qumdaşlarından və vulkanogen çökmə süxurlardan ibarətdir. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir. Üst Təbaşir sistemi Senoman mərtəbəsi ilə başlayır. Bu mərtəbə Kiçik Qafqazda qumdaşlarından, əhəngdaşlarından, alevritlərdən və tuflu qumdaşlarından ibarətdir. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə konqlameratlardan, qumdaşlarından ibarətdir. Qalınlıq 90 m-dir. Turon mərtəbəsi Kiçik Qafqazda mergellərdən, əhəngdaşlarından, qumdaşlarından, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1000 m-dir. Naxçıvan blokunda bu mərtəbə tuflardan, qumdaşlarından, qumdaşlarından, tuflu konqlameratlardan ibarətdir. Qalınlıq 340 m-dir. Konyak mərtəbəsi Kiçik Qafqazda konqlameratlardan, qumdaşlarından, mergellərdən, porfirit və tuffobrekçiyalardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda bu mərtəbə əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 50 m-dir. Santon mərtəbəsi Kiçik Qafqazda effuziv törəmələrdən, əhəngdaşlarından, mergellərdən, tuflu qumdaşlarından, tuflu konqlameratlardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvan blokunda əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 200 m-dir. Kampan mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından, mergellərdən və gillərdən ibarətdir. Qalınlıq 500 m-dir. Naxçıvan blokunda bu mərtəbə qumdaşlarının, gillərin və argillitlərin növbələşməsindən ibarətdir. Qalınlıq 270 m-dir. Maastrixt mərtəbəsi Kiçik Qafqazda pelitamorf əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 200 m-dir. Naxçıvan blokunda bu mərtəbə qumdaşlarından təşkil olunub. Qalınlıq 145 m-dir. Danimarka mərtəbəsi Kiçik Qafqazda əhəngdaşlarından təşkil olunmuşdur. Qalınlıq 80 m-dir. Naxçıvan blokunda bu mərtəbə iştirak etmir.

Paleogen sistemi. Bu sistem paleosen ilə başlayır. Kiçik Qafqazda bu sistem mergelli gillərdən ibarətdir. Qalınlıq 90 m-dir. Naxçıvan ərazisində isə paleosen çöküntülərinə rast gəlinmir. Eosen Kiçik Qafqazda mergelli gillərdən, qumdaşlarından və əhəngdaşlarından təşkil olunmuşdur. Kəsilişdə vulkanogen süxurlar geniş yayılmışdır. Qalınlıq 2500 m-dir. Naxçıvanda isə vulkanogen-çökmə mənşəli süxurlardan ibarətdir. Qalınlıq 3500 m-dir. Oliqosen-alt Miosen (Maykop seriyası) bu çöküntülər Kür çökəkliyində gilli-qumlu törəmələrdən ibarətdir. Kəsilişdə həmçinin bitumlu şistlər də iştirak edir. Qalınlıq 3500 m-dir. Naxçıvanda tuflu qumdaşlarından, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 1500 m-dir.

Neogen sistemi. Orta Miosen Kür çökəkliyində konqlameratlardan, qumdaşlarından və gilli qumların növbələşməsindən ibarətdir. Naxçıvanda qumlu əhəngdaşlarından, alevrolitlərdən, konqlameratlardan, mergellərdən təşkil olunmuşdur. Qalınlıq 250 m-dir. Üst Miosen Kür çökəkliyində gilli-qumlu süxurlardan təşkil olunmuşdur. Kəsilişin üst hissəsində əhəngdaşları da iştirak edir. Qalınlıq 800 m-dir. Naxçıvanda isə gilli-qumlu və evaporit süxurlardan təşkil olunmuşdur. Qalınlıq 2000 m-dir. Pont mərtəbəsi son zamanlar üst Miosenə aid edilir. Kür çökəkliyində əsasən gilli süxurlardan təşkil olunmuşdur. Qalınlıq 700 m-dir. Naxçıvanda andezit və bazalt tərkibli süxurlardan ibarətdir. Qalınlıq 800 m-dir. Ağçaqil mərtəbəsi Kür çökəkliyində gillərdən, əhəngdaşlarından, vulkanogen süxurlardan, qumdaşlarından təşkil olunmuşdur. Qalınlıq 1200 m-dir. Naxçıvanda isə bu çöküntülər iştirak etmir. Abşeron mərtəbəsi Kür çökəkliyində qumdaşlarından, əhəngdaşlarından, gillərdən ibarətdir. Qalınlıq 1600 m-dir. Naxçıvanda bu çöküntülər iştirak etmir.

IV dövr çöküntüləri müxtəlif litoloji tərkibli çöküntülərdən təşkil olunmuşdur. Qalınlıq 1500- 1600 m-dir.



Böyük Qafqazın stratiqrafiyası. Böyük Qafqazın cənub-şərq və cənub yamacında geoloji kəsiliş Yura dövründən başlayaraq IV dövrə qədər böyük diapazonda qeyd olunur. Kəsilişdə Yuranın hər üç şöbəsi iştirak edir. Alt Yura sistemi Toar və Domer mərtəbələri ilə başlayır. Bu mərtəbə gilli şistlərdən, qumdaşlarından və ara-sıra diabaz laylarından təşkil olunmuşdur. Qalınlıq 800 m-dir. Toar mərtəbəsi əsasən gilli şistlərdən ibarət olub, qumdaşı layları ilə səciyyələnir. Qalınlıq 750 m-dir. Orta Yura Aalen, Bayos və Bat mərtəbələri ilə iştirak edir. Aalen mərtəbəsi gilli şistlərdən ibarətdir. Qalınlıq 2800 m-dir. Bayos mərtəbəsi qumdaşlarından və ara-sıra gilli şistlərin növbələşməsindən ibarətdir. Qalınlıq 1000 m-dir. Bat mərtəbəsi Bayos mərtəbəsi üzərinə uyğun yataraq gilli şistlərin, alevritlərin və qumdaşlarının növbələşməsi ilə xarakterizə olunur. Qalınlıq 500 m-dir. Üst Yura özünün beş mərtəbəsindən üçünün iştirakı ilə səciyyələnir (Kellovey, Oksford, Luzitan). Luzitan mərtəbəsi 200 m qalınlıqlı zoogen mənşəli çöküntülərdən təşkil olunmuşdur. Kimmeric mərtəbəsi əsasən əhəngdaşlarından ibarət olub, gilli şistlərdən, qumdaşlarından, alevritlərdən təşkil olunmuşdur. Qalınlıq 400 m-dir. Titon mərtəbəsi çöküntüləri əsasən iki litofasial xüsusiyyətlərə malik olan çöküntülərdən ibarətdir. Qalınlıq 800 m-dir.

Təbaşir sistemi. Bu sistemə aid olan kəsilişdə alt və üst şöbələr iştirak edir. Alt şöbə Valanjin, Hoteriv, Barrem, Apt və Alb ilə müşayət olunur. Valanjin mərtəbəsi əsasən baş zonada və cənub yamacda qumdaşlarından, gillərin, əhəngdaşlarının növbələşməsindən ibarətdir. Qalınlıq 1500 m-dir. Hoteriv mərtəbəsi əsasən cənub-şərq yamacda tünd boz rəngli gillərin mergellərlə, əhəngdaşı laycıqları ilə növbələşməsindən ibarətdir. Şahdağ zonasında əsasən orqanogen mənşəli əhəngdaşlarına, qumdaşlarına, gillərə rast gəlinir. Qalınlıq 600 m-dir. Barrem mərtəbəsi Böyük Qafqazın cənub-şərq batımında laylı gillərin mergellərlə, qumdaşı və əhəngdaşları ilə növbələşməsindən ibarətdir. Qalınlıq 1000 m-dir. Apt mərtəbəsi gilli, mergelli qumdaşlarının rəngli konqlameratlarla növbələşməsindən ibarətdir. Qalınlıq 230 m-dir. Alb mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında əsasən iki hissədən ibarət kəsilişdə rast gəlinir. Alb mərtəbəsinin üst hissəsi müxtəlif rəngli gillərin, qumdaşlarının və qara gilli şistlərin növbələşməsindən ibarətdir. Kəsilişin üst hissəsi isə əsasən qumdaşlarının gilli şistlərlə növbələşməsindən ibarətdir. Cənub yamacda Alb mərtəbəsi tuflardan, tuflu brekçiyalardan ibarətdir. Qalınlıq 200 m-dir. Üst Təbaşir demək olar ki, bütün mərtəbələri ilə Böyük Qafqazın kəsilişində iştirak edir. Kəsiliş Senoman mərtəbəsi ilə başlayır. Bu mərtəbə Böyük Qafqazın cənub-şərq yamacında qonur və boz gillərin mergellər, əhəngdaşları ilə növbələşməsindən ibarətdir. Cənub yamacda isə qırmızı rəngli şistlərin, əhəngdaşlarının, gillərin, qumdaşlarının qarışığı iştirak edir. Qalınlıq 400 m-dir. Turon mərtəbəsi –bu çöküntülər əsasən Böyük Qafqazın cənub-şərq yamacında əhəngdaşları, mergellər, tünd boz rəngli qumdaşlarından ibarətdir. Cənub yamacda isə əsasən qırmızı rəngli əhəngdaşları ilə qumdaşlarının növbələşməsi qeyd olunur. Qalınlıq 150 m-dir. Konyak mərtəbəsi çöküntüləri mergelli gillərin yaşıl və qırmızı çalarları ilə rast gəlinir. Bəzən konqlameratlara, mikrorqanizmlərə və qumdaşılı əhəngdaşlarına rast gəlinir. Cənub yamacda pelitamorf əhəngdaşlarına və qumdaşlarına rast gəlinir. Qalınlıq 100 m-dir. Santon mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında əhəngdaşlarının, qumdaşlarının, mergellərin və gillərin növbələşməsindən ibarətdir. Cənub yamacda isə qırmızı pelitamorf əhəngdaşlarının gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 700 m-dir. Kampan mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacda geniş yayılmışdır, əsasən gillərin qumlu mergellərlə növbələşməsindən ibarətdir. Şahdağ zonasında bu mərtəbə qayma konqlameratları ilə müşahidə olunur. Cənub yamacında isə qırmızı pelitamorf əhəngdaşlarının gillərlə növbələşməsinə rast gəlinir. Qalınlıq 500 m-dir. Maastrixt mərtəbəsi- bu çöküntülər Böyük Qafqazın cənub-şərqində qumdaşlı əhəngdaşlarının mergellərlə, gillərlə növbələşməsindən ibarətdir. Qalınlıq 400 m-dir. Cənub yamacda çöküntülərin karbonatlığı gözəçarpacaq dərəcədə artır. Danimarka mərtəbəsi Böyük Qafqazın cənub-şərq yamacında daha az müşahidə edilir. Əsasən mergellər, qumdaşları və mikroorqanizmlərdən təşkil olunmuşdur. Paleosenə aid olan Sumqayıt lay dəstəsi Böyük Qafqazın cənub-şərqində qırmızımtıl gillərin qum, qumdaşları, konqlameratlarla növbələşməsindən ibarətdir. Eosenə aid olan Qoun lay dəstəsi Sumqayıt lay dəstəsindən fərqli olaraq üç şöbə ilə iştirak edir, əsasən boz, açıq boz mergelli gillərin qumdaşları və alevritlərlə növbələşməsindən ibarətdir. Qalınlıq 1200 m-dir. Talış silsiləsində alt və orta Eosen bazaltlardan, tuflu brekçiyalardan və tuflu qumdaşlardan təşkil olunmuşdur. Oliqosen-alt Miosen (Maykop seriyası) çöküntüləri əsasən Kür-Qabırrı ərazisində, Talış dağlarının şimal-şərq yamacında geniş yayılmışdır. Tərkibcə gilli qumdaşlarının bitumlu şistlərlə növbələşməsindən ibarətdir. Talış dağlarının mərkəzi hissəsində tuflu süxurların iştirakı da görünür. Orta Miosen çöküntüləri əsasən Abşeron yarımadasında, Qobustanda və Talış dağlarında iştirak edirlər. Bu çöküntülər əsasən mergellərdən, kiçik qalınlıqlı gillərdən, qumdaşı və alevrolitlərin qarışığından ibarətdir. Üst Miosen (Sarmat və Meotis mərtəbəsi) –üst Miosen çöküntüləri əhəngdaşları, balıqulaqları, konqlamerat və yanar şistlərin növbələşməsindən ibarətdir. Bu çöküntülər Aşağı Kür çökəkliyində gilli litofasiya ilə, Kür-Qabırrı çaylar arası çökəklikdə qum, qumdaşının olması ilə xarakterizə edilir. Üst Miosen çöküntülərinin qalınlığı 1200-2000 m arasında dəyişir. Son zamanlar üst Miosenə aid edilən Pont mərtəbəsi çöküntüləri Böyük Qafqazın kəsilişində əsasən gillərdən ibarətdir. Şamaxı-Qobustan ərazisində Pont əsasən əhəngdaşlarından təşkil olunmuşdur. Aşağı Kür çökəkliyində isə gilli litofasiya ilə təmsil olunur. Kür-Qabırrı çaylararası ərazidə Pont mərtəbəsi çöküntüləri qum, qumdaşı, konqlameratların gillərlə növbələşməsindən ibarətdir. Alt Pliosen yaşlı çöküntülər məhsuldar qatla xarakterizə olunur. Məhsuldar qat çöküntüləri Abşeron çökəkliyində, Aşağı Kür çökəkliyində, Şamaxı-Qobustan neftli-qazlı rayonlarında və Xəzər dənizi ərazisində çox geniş yayılmışdır və əsasən qumlarla gillərin növbələşməsindən ibarətdir. Azərbaycanın qərb hissəsində və Xəzəryanı-Quba ərazisində gil və qumlarda əlavə konqlameratlar da iştirak edir. Məhsuldar qatın qalınlığı 800-4000 m arasında dəyişir. Üst Pliosen çöküntüləri Ağcaqıl, Abşeron mərtəbələri ilə xarakterizə olunur. Ağcaqıl mərtəbəsi Xəzəryanı-Quba, Abşeron, Şamaxı-Qobustan və Cənubi Xəzər çökəkliyində geniş yayılmışdır. əsasən tünd boz, nazik laylı gillərin, qum və qumdaşlarının qarışığından ibarətdir. Abşeron mərtəbəsi əsasən əhəngdaşları, qumdaşları, konqlameratlar və s. çöküntülərin növbələşməsindən ibarətdir.
Yüklə 37,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə