Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   2   3   4   5   6   7   8   9   ...   101


 
 
ÖN SÖZ 
 
Yenicə  qədəm  qoyduğumuz  XXI  əsrin,  üçüncü  minilliyin  ilk  ilinin  ay  və  günlərinin  zirvəsindən 
artıq tarixə qovuşmuş XX əsrə nəzər salarkən bir daha əmin oluruq ki, həmin əsr istər nailiyyətləri, istərsə 
də  məhrumiyyətləri  ilə  bəşəriyyətin  həyatında  nə  dərəcədə  fövqəladə  rol  oynamışdır.  Belə  ki,  başa 
vurduğumuz  yüzillik  bəşəriyyətin  yaddaşına  həm  sürətli  elmi-texniki  tərəqqi,  imperiyaların  süqutu  ilə 
yeni  suveren  dövlətlərin  yaranması,  demokratiyanın  inkişafı,  sülh,  sabitlik  və  əmin-amanlıq  naminə 
göstərilən səylərlə, həm də iki dünya müharibəsində tökülmüş saysız-hesabsız nahaq qanlarla, uzun illər 
davam  etmiş  "soyuq  müharibə"nin  doğurduğu  gərginliklə,  kütləvi  qırğın  silahlarının  yaradılması  və 
yayılması nəticəsində Yer üzündə həyatın mövcudluğu üçün təhlükə ilə möhkəm həkk olunmuşdur. 
Azərbaycan  xalqının  da  taleyində  XX  yüzilliyin  ayrı  yeri  var.  Yeni  dünya  ilə  ayaqlaşması 
baxımından bu əsr xalqımızın həyatında böyük nailiyyətlərlə zəngindir. Ən yaxın keçmişə nəzər salarkən 
yüzilliklərin  və  hətta  minilliklərin qovuşuğunda  çalxantılı  zamanının  dalğaları  qoynunda  bütün  əzəməti 
ilə yeni bir Azərbaycan gözlər önündə canlanır. 
Yeni minilliyin və yeni yüzilliyin ilk ili isə Azərbaycan xalqının həyatında bir də onunla əlamətdar 
sayılır ki, bu il ölkəmizin tarixinin ən yeni mərhələsinin başlandığı dövrün - dövlət müstəqilliyinin on yaşı 
tamam  olur.  On  il  bundan  əvvəl  -  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  xalqı  "Azərbaycan 
Respublikasının  dövlət  müstəqilliyi  haqqında"  Konstitusiya  Aktının  qəbul  olunması  ilə  öz  tarixinin  ən 
yeni çağına qədəm qoydu. Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin 
bəxş  elədiyi  imkanlar  nəticəsində  xalqımız  XX  yüzillikdə  artıq  ikinci  dəfə  idi  ki,  müstəqillik  bayrağını 
qaldırırdı.  Bu,  siyasi  tariximizin  XX  əsrdəki  ikinci  parlaq  səhifəsi  idi.  Çoxları  elə  güman  edirdilər  ki, 
sovetləşmə  xalqları  milli  mənlik  duyğusundan  məhrum  etmiş,  onlara  şanlı  tarixi  keçmişlərini  unutdura 
bilmişdir.  Lakin  1920-ci  ildə  mövcud  tarixi  şəraitin  doğurduğu  qarışıqlıqlar  içərisində  itirilən  milli 
dövlətçiliyin  əsrin  sonlarında  yenidən  bərpası  xalqımızın  varlığında  milli  azadlıq  ruhunun  hər  zaman 
yaşadığından xəbər verirdi. Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü 
başlandı. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibi oldu. Artıq on ildir ki, Azərbaycan 
müstəqil dövlət kimi yaşayır. 
Tarixi  baxımdan  böyük  bir  müddət  olmayan  bu  zaman  kəsiyi  yaşanmış  sarsıntılar  və  problemlər, 
əldə edilmiş nailiyyətlər və uğurlar, həyata keçirilmiş işlər baxımından bir neçə onillik, bəlkə də bir əsrlik 
yola  bərabər  sayıla  bilər.  Bunu  şərtləndirən  əsas  amillərdən  biri  onunla  bağlıdır  ki,  müstəqilliyin  əldə 
edilməsi ilə ölkə adətən qat-qat daha ağır və mürəkkəb problemlə - müstəqilliyin qorunması problemi ilə 
üzləşir. Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında da dövlət müstəqilliyinin 
möhkəmləndirilməsi,  demokratik,  hüquqi  dövlət  qurulması,  respublikanın  ərazi  bütövlüyünün  bərpası, 
Dağlıq  Qarabağ  probleminin  milli  maraqlara  uyğun  həlli,  ölkə  əhalisinin  təhlükəsizliyinin  və  rifahının 
təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar isə ardıcıl, məqsədyönlü, düşünülmüş 
daxili və xarici siyasətin həyata keçirilməsini tələb edirdi. 
Keçilmiş  on  illik  müddətə  nəzər  salarkən  ölkəmizin  müstəqil  inkişaf  dövrünün  bu  mühüm 
vəzifələrin yerinə yetirilməsi baxımından üç əsas mərhələyə bölündüyünü açıq-aşkar görmək olar. Birinci 
mərhələ  1991-  1993,  ikinci  mərhələ  1993-1995-ci  illəri,  üçüncü  mərhələ isə  1995-ci  ildən  sonrakı  illəri 
əhatə edir. 
1991-1993-cü  illəri  əhatə  edən  birinci  mərhələ  Azərbaycanın  müstəqil  dövlətçilik  maraqları  ilə 
üst-üstə  düşməyən,  bir  çox  hallarda  isə  onlara  zidd  olan  qeyri-ardıcıl,  səriştəsiz  siyasətin  aparılması, 
hakimiyyət  uğrunda  kəskin  çəkişmələr,  silahlı  mübarizə  ilə,  özbaşınalıq  və  anarxiyanın  hökm  sürməsi, 
iqtisadiyyatın dağıdılması, ölkənin maddi sərvətlərinin vəhşicəsinə talan edilməsi ilə səciyyələnir. Həmin 
dövrdə hakimiyyətdə təmsil olunan qüvvələrin yeritdiyi siyasətin məqsəd və məramları müxtəlif olsa da, 
son  nəticədə  Azərbaycanın  müstəqilliyi  üçün  eyni  dərəcədə  təhlükəli  idi.  Əgər  Mütəllibov  hakimiyyəti 
ziddiyyətli  daxili  və  xarici  siyasət  yeridərək  dövlət  idarəçiliyini  Moskvanın  diktəsi  ilə  aparmağa  və  hər 
şeyi SSRİ-nin bərpa olunmasına tabe etməyə çalışırdısa, 1992-ci ilin may-iyun aylarında hakimiyyəti ələ 
keçirmiş  Cəbhə-Müsavat  birliyi  beynəlxalq  siyasətin  obyektiv  reallıqlarına,  Azərbaycan  xalqının 
maraqlarına zidd, məqsəd və məramı aydın olmayan, dövlət üçün xüsusi təhlükə törədən siyasət yeridirdi. 
Həmin mərhələ bütövlükdə Azərbaycanın müstəqillik tarixinin  ən ziddiyyətli, ziyanlı və təhlükəli dövrü 
hesab  edilə  bilər.  1991-1993-cü  illərdə  Azərbaycanın  səriştəsiz  rəhbərliyinin  ayrı-ayrı  qrupların  və 
şəxslərin  mənafeyinə  xidmət  edən  siyasəti  müstəqil  Azərbaycan  dövlətinə  elə  ağır  zərbələr  vurdu  ki, 



 
onların neqativ nəticələrinin aradan qaldırılması sonrakı illərdə çox böyük və gərgin iş görülməsini tələb 
etdi. Bəzi nəticələr isə indiyə qədər də öz mənfi təsirini bu və ya digər şəkildə göstərir. 
Müstəqil  dövlətçilik  tariximizin  ikinci  mərhələsi  1993-cü  ilin  iyununda  xalqın  təkidli  tələbi  ilə 
ölkədə  hakimiyyət  dəyişikliyinin  baş  verməsi  ilə  başlanır.  Bu  mərhələdə  ilk  növbədə  hakimiyyət 
vakuumu  aradan  qaldırıldı,  vətəndaş  müharibəsi  təhlükəsinin  qarşısı  alındı,  ayrı-ayrı  şəxslərə  və  siyasi 
qruplaşmalara  xidmət  edən  silahlı  birləşmələr  ləğv  edilməyə  başlandı,  Azərbaycan  dövlətçiliyinə,  onun 
müstəqilliyinə,  ərazi  bütövlüyünə  qəsdlər  edən  cinayətkar  ünsürlər  cəmiyyətdən  təcrid  edilərək 
cəzalandırıldı.  Milli  Ordunun  formalaşdırılması,  torpaqlarımızın  müdafiə  olunması  ilə  bağlı 
təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sayəsində cəbhədəki vəziyyətdə kəskin dönüş əldə edildi və 
nəticədə  1994-cü  ilin  mayında  Ermənistan-Azərbaycan  müharibəsində  ölkəmiz  üçün  həyati  əhəmiyyət 
kəsb  edən  atəşkəsə  nail  olundu.  Azərbaycanla  qonşu  dövlətlər  arasında  yaranmış  gərginlik  aradan 
qaldırıldı  və  ölkəmizin  xarici  dövlətlərlə  münasibətləri  normal  məcraya  salındı.  Müharibənin 
dayandırılması,  daxili  vəziyyətin  nizama  salınması,  ictimai-siyasi  sabitliyin  bərqərar  edilməsi 
Azərbaycanın müstəqil dövlət kimi yaşaması və sonrakı inkişafı üçün möhkəm zəmin yaratdı, beynəlxalq 
aləmdə ölkəmizə inam və marağın artmasına səbəb oldu. Belə bir şəraitdə "Əsrin müqaviləsi" adlandırılan 
ilk neft kontraktlarının imzalanması, ölkə həyatının bütün sahələrində köklü dəyişikliklərin və islahatların 
həyata keçirilməsi üçün işlər başlandı. Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət 
quruculuğu  prosesi  böyük  vüsət  aldı.  Bunun  isə  əsasını  müstəqil  Azərbaycanın  1995-ci  ilin  noyabrında 
qəbul etdiyi ilk Konstitusiyası və parlament seçkiləri təşkil etdi. Ölkəmizdə zorakılıq, silah işlətmək yolu 
ilə  hakimiyyətə  gəlmək  praktikasına  birdəfəlik  son  qoyuldu.  1993-1995-ci  illər  müstəqil  Azərbaycan 
Respublikasının  bütün  sahələr  üzrə  intensiv  inkişafının  möhkəm  təməlini  qoyan  bir  mərhələ  kimi 
tariximizə daxil oldu. 
Müstəqillik  tariximizin  ən  məhsuldar  dövrü  1996-cı  ildən  bu  günə  qədər  davam  edən  üçüncü 
mərhələsidir. Müstəqil dövlətimizin daxili və xarici siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, 
Azərbaycanda  dövlət  quruculuğu  prosesinin  uğurla  aparılması,  bazar  iqtisadiyyatına  keçid  yolunda 
görülən  məqsədyönlü  tədbirlər  nəticəsində  ölkədə  makroiqtisadi  sabitliyin  təmin  olunması,  istehsalda 
artım  meyllərinin  güclənməsi,  ölkəmizin  milli  maraqlarını  qorumağa  qadir  olan  ordunun  yaranıb 
möhkəmlənməsi,  dünyanın  bütün  dövlətləri  ilə  bərabərhüquqlu,  faydalı  əlaqələrin  qurulub  inkişaf 
etdirilməsi,  əhalinin  sosial  müdafiəsinin  yaxşılaşdırılması  üçün  təsirli  tədbirlərin  həyata  keçirilməsi, 
demokratik  vətəndaş  cəmiyyətinin  bərqərar  edilməsi  yolunda  ciddi  addımların  atılması  və  təcrübəli 
siyasətçi  və  dövlət  xadimi  Prezident  Heydər  Əliyevin  müdrik  rəhbərliyi  ilə  ölkəmizin  müstəqil  inkişaf 
yolunda əldə edilmiş digər nailiyyətlər bu mərhələnin başlıca göstəriciləridir. Diqqətinizə təqdim olunan 
bu kitabda geniş və hərtərəfli şərh olunan həmin nailiyyətlər bir vaxtlar idealda, indi isə gerçəkdə var olan 
müstəqil  Azərbaycanın  sabahına,  müstəqilliyimizin  "sarsılmaz,  dönməz,  əbədi"  xarakter  aldığına  inamı 
daha da gücləndirir. 
Həmin nailiyyətlər isə ilk növbədə ona görə əldə edilmişdir ki, XX əsrin sonunda Azərbaycan xalqı 
öz  müstəqil  dövlətini  yenidən  bərpa  edə  bilmişdir  və  xoşbəxtlikdən  bu  dövlətin  başında,  onun 
idarəçiliyinin  sükanı  arxasında  məhz  Heydər  Əliyev  kimi  dahi  şəxsiyyət  və  böyük  dövlət  xadimi 
durmuşdur.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  yeni  əsr  və  üçüncü  minillik 
münasibətilə  Azərbaycan  xalqına  müraciətində:  "XX  əsrdə  Azərbaycan  xalqının  ən  böyük  nailiyyəti, 
şübhəsiz  ki,  müstəqil  Azərbaycan  dövlətinin  yaradılmasıdır",  -  deyərkən  məhz  bu  başlıca  amilin  XXI 
əsrdə  xalqımızın  xoşbəxt  gələcəyinin  təmin  olunmasında  mühüm  rol  oynayacağını  bir  daha  nəzərə 
çatdırmağı  vacib  bilmişdir.  Müraciətin  ardınca  isə  "Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin 
onuncu ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanı və 
bu münasibətlə bağlı tədbirlər planının təsdiq edilməsi bir daha göstərdi ki, dövlət başçımız bu məsələnin 
əhəmiyyətini  olduqca  yüksək  qiymətləndirərək  Azərbaycanın  dövlət  müstəqilliyinin  onillik  yubileyinin 
ölkəmizin ictimai-siyasi həyatında böyük, əlamətdar hadisə olduğunu vurğulamaqla yanaşı, Azərbaycan 
Respublikasının  on  il  ərzində  keçdiyi  müstəqil  inkişaf  yolunda  əldə  etdiyi  nailiyyətlərin  təhlili  və 
təbliğinə də xüsusi diqqət yetirir. 
Azərbaycan  Respublikasının  onuncu  ildönümünə  həsr  olunmuş  yubiley  nəşri  -  "Azərbaycan 
Respublikası 1991-2001" kitabı da çapa hazırlanarkən məhz həmin çox xeyirxah, eyni zamanda olduqca 
önəmli  bir  məqsədə  nail  olmaq  nəzərdə  tutulmuşdur.  Bu  məqsəd  isə  ondan  ibarətdir  ki,  ilk  əvvəl 
Vətənimizin qədim tarixi, zəngin dövlətçilik ənənələri, milli- mənəvi dəyərləri, ədəbiyyatı və incəsənəti, 
elmi,  təhsili  və  sair  barədə  oxucuya  ümumi  şəkildə  yığcam  -  ensiklopedik  xarakterli  məlumat  verməklə 
onun bu sahədəki bilgilərini bir daha təsəvvüründə canlandırmasına kömək etmək, bunun ardınca isə son 
10 ildə -  müstəqilliyimiz dövründə keçdiyimiz tarixi yolun, xüsusən 1993-cü ildən sonra əldə etdiyimiz 
uğurların  təhlili  və  ümumiləşdirilməsi  əsasında  respublikamızın  bütün  sahələrdə  nail  olduğu  indiki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə