“Azercell” və “Azpetrol” şirkətləri inhisardırmı



Yüklə 12,92 Kb.
tarix01.11.2017
ölçüsü12,92 Kb.
#7707

Azercell” və “Azpetrol” şirkətləri inhisardırmı?
Ölkə iqtisadiyyatındakı inhisarçılığın qarşısını almaq məqsədilə mövcud qanunvericilik aktlarının bazasında vahid Antiinhisar Məcəlləsi hazırlanıb. Həmin sənədin yaxın günlərdə parlamentə təqdim olunacağı gözlənilir. Qeyd edək ki, Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, "Anti-inhisar fəaliyyəti haqqında", "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir.
Azərbaycanda inhisar fəaliyyəti ilə bağlı qanunvericilik nəzərdən keçirildikdə hansısa ciddi qüsurların olduğunu söyləmək çətindir. Hətta ölkədə təbii inhisarlar haqqında qanun da mövcuddur. Amma ümumi müşahidələrimiz göstərir ki, ölkədə hələ də de-fakto olaraq inhisar anlayışına dünyada klassik sayıla biləcək yanaşma hakimdir. Maraqlı cəhət odur ki, istər inhisarçılıq fəaliyyətinə görə ittiham edilən şirkətlərin rəhbərləri, istərsə də ittiham edənlər məsləyə sadəcə bazar payı prizmasından yanaşırlar.
Artıq yeni iqtisadiyyatla birlikdə inhisar anlayışı da dəyişməkdədir. “Microsoft”un məşhur məhkəməsi yeni iqtisadiyyatda inhisarların yerinin nə olduğu mövzusunda maraqlı müzakirələrin də ortaya çıxmasına səbəb olmuşdu. Hər iki tərəfdən dünyanın nüfuzlu iqtisadçılarının məhkəmə prosesində iştirakı isə bu müzakirələri daha zövqlü bir hala gətirmişdi. İnhisarlaşmanın yeni iqtisadiyyatda qaçılmaz bir proses olduğu və yeni iqtisadın özünə xas istehsal şərtlərinin inhisarlaşmanı qaçılmaz hala gətirdiyi bilinməkdədir. Bir yanaşmada, inhisarlaşmanın köhnə və yeni iqtisadla bağlı müzakirələrdən ayrı tutulmasının zəruriliyi, məşru (legitim) olmayan inhisarçı meyllərə dövlətin müdaxilə etməsinin lazım gəldiyi irəli sürülür. Digər bir yanaşmada isə, qanuni və iqtisadi platformalarda legitimlik məfhumunun özü də mübahisələrə açıq hala gətirilir.
Klassik yanaşma ilə problemin içindən çıxmaq mümkün deyil. Məsələn, “Microsoft”un bir inhisar kimi marjinal maliyyət və marjinal hasilatın kəsişdiyi nöqtəyə uyğun gələn inhisar qiymətini tətbiq etmək əvəzinə, bunun altında bir “limit” qiymət tətbiq etdiyi qeyd olunurdu. Amma bu “limit” qiymət, marjinal maliyyət qiymətləndirməsinin də çox üzərində idi. Elə isə “Microsoft” inhisar sayılmalı idi, yoxsa yox? Hadisəyə artıq yeni yanaşma tələb olunurdu. “Sherman Anti-Trust Act”in vətəni ABŞ-da artıq hər kəs anlamağa başlamışdı ki, inhisar hadisəsinə qiymət və bazar payı prizmasından yanaşma problemin həllində yetərli deyil.
Azərbaycanda inhisarçılıqda ittiham edilən şirkətlərdən biri “Azpetrol”dur. Bir neçə ay əvvəl “Azpetrol”un prezidentinin “apa.az” saytındakı müsahibəsi diqqətimizi cəlb etmişdi. Şirkət prezidentinin inhisar məsələsinə yanaşması maraqlı idi:
“Ümumiyyətlə, inhisarçılıq bir termin olaraq mövcud bazarda hökmran mövqeyi tutan, istehlakçıya və ya bazara qiymət diktə edən subyektlərə aiddir. Ölkəmizdə yanacaq sürtgü materiallarının topdan və ya pərakəndə satış qiymətləri dövlət tərəfindən müəyyənləşdirilir. Belə olan təqdirdə bizim qiymətləri tənzimləmək imkanlarımız məhduddur. Bundan əlavə, yanacaqdoldurma məntəqələrinin (YDM) sayına gəldikdə isə “Azpetrol” rəsmi statistikaya görə, ölkəmizdə fəaliyyət göstərən YDM-lərin cəmi 9 faizini təşkil edir. Amma paradoks ondan ibarətdir ki, bazarın cəmi 9 faizini əhatə edən şirkət ümumi yanacaq satışının 50 faizdən çoxunu həyata keçirir. Bu da öz növbəsində “Azpetrol”un şəffaflığı və müştərilərin bizə olan etibarının əlamətidir. Odur ki, hər hansı inhisarla əlaqədar iddiaları mən ciddi qəbul etmirəm.”
İnhisarçılıqda ittiham edilən şirkətlərdən biri də “Azercell”dir. Bir şirkət rəsmisi onların təbii inhisar olduğunu bəyan etmişdi. Daha sonra isə, rabitə və informasiya texnologiyaları naziri keçirdiyi bir mətbuat konfransında ““Azercell” inhisarçıdır, amma heç bir günahı yoxdur. “Telekommunikasiya haqqında” qanun qüvvəyə mindikdən sonra mobil danışıq sahəsində ədalətli rəqabət mühiti yaranacaqdır.” şəklindəki açıqlamaları mətbuatda yer aldı. Qeyd edək ki, iyun ayında həmin qanun da qəbul edildi. Lakin problemimiz qanundan çox, hadisəyə yanaşma tərzimizdədir.
“Azpetrol” nümunəsində qiymətlər dövlət tərəfindən müəyyənləşdirildiyi üçün şirkətin inhisar olub-olmadığına qərar vermək məqsədilə qiymət təhlillərinin aparılmasının (Lerner indeksinin tapılması, marjinal maliyyət və marjinal hasilat analizləri kimi) heç bir anlamı qalmır. “Azercell” isə təbii inhisar olduğundan bu təhlillər böyük ehtimalla “Microsoft” hadisəsində olduğu kimi nəticəsiz qalacaq.
Azərbaycanda inhisarla bağlı yanaşmalardakı ən böyük qüsur bu problemin əsasən bazar payı prizmasından ələ alınmasında axtarılmalıdır. Sadəcə bazar payı ilə bağlı təhlillərin aparılması (N firma təmərküzləşmə indeksinin və ya Herfindahl-Hirschman indeksinin hesablanması kimi) artıq kifayət eləmir. Əgər doğrudan da bir şirkət biznes fəaliyyətini daha mükəmməl quraraq bazarda üstünlüyü ələ keçirirsə, onu nədəsə günahlandırmaq iqtisadi məntiqə sığmaz. “Microsoft”un məhkəməsi bizə bir şeyi aydınlaşdırdı ki, bir şirkət bazar payının yüksək olmasına görə deyil, bu üstünlüyünü bazardakı sağlam rəqabəti əngəlləyib əngəlləmədiyinə görə inhisarçılıqda ittiham edilə bilər. Məsələn, xatırlayırsınızsa bir vaxtlar “Bakcell” danışıq qiymətlərini “Azercell”ə müqayisədə çox aşağı salmışdı. “Azercell” qiymət rəqabətinə girməmək üçün (qeyd edək ki, şirkətlər üçün ən ağır rəqabət şəkli qiymət rəqabəti sayılır) “Bakcell”ə təzyiqləri artırdı, həmin şəbəkədən öz şəbəkəsinə daxil olan zəngləri əngəllədi. Bu təzyiqlər “Azercell” üçün müsbət nəticə verdi və rəqabəti qiymət müstəvisindən xidmət müstəvisinə keçirməyi bacardı. Yeni antiinhisar anlayışı da məhz bu cür davranışlara qarşıdır.
Qısası, Antiinhisar Siyasəti Departamentinə çox iş düşür. İki gündən bir şirkətlərin bazardakı paylarını göstərən siyahılar hazırlayıb cəmiyyətə təqdim etməklə məsələ yekunlaşmır. Departament inhisar kimi təqdim olunan şirkətlərin bazardakı üstün mövqelərini sağlam rəqabət şərtlərində qazanıb-qazanmadıqlarını, bu üstün mövqelərindən istifadə edərək sağlam rəqabəti əngəlləyib-əngəlləmədiklərini araşdırıb ortaya qoymalı və əgər belə hallar varsa zəruri tədbirləri görmək üçün fəaliyyətə keçməlidir.
“Azercell” və “Azpetrol” şirkətlərinə sağlam qiymət Azərbaycan bazarına yeni bir nəfəs gətirər, belə böyük və diqqətdə olan şirkətlərin timsalında ya onların inhisarçı olması, yaxud da rəqabətdə üstünlük qazanması aydınlaşaraq, cəmiyyətə yaxşı bir mesaj olardı...

13 oktyabr 2005, Cümə axşamı
"Gündəlik Azərbaycan" qəzeti

Yüklə 12,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə