Aзяр Cəfərov azərbaycanda diNLƏr və MƏZHƏBLƏr biR Ümumi DİN İŞIĞinda bakı -2011



Yüklə 0,7 Mb.
səhifə1/9
tarix02.10.2017
ölçüsü0,7 Mb.
#2948
  1   2   3   4   5   6   7   8   9


Aзяр Cəfərov


AZƏRBAYCANDA DİNLƏR VƏ MƏZHƏBLƏR BİR

ÜMUMİ DİN İŞIĞINDA

Bakı -2011

Elmi redaktor:

Robert Mobili (Alban-Udi kilsəsi)







Məsləhətçilər:

Ramil Əliyev (Krişna Şüuru cəmiyyəti)



Şahlar Quliyev (“Nehemiya” əllincilər xristian icması)



Dilarə Əliyeva (xilaskar Evangelik- Lüteran icması)


Azər Cəfərov. Azərbaycanda dinlər və məzhəblər Bir ümumi din işığında. Bakı, «Тящсил» НПМ, 2011, 184 сящ.

Azer Jafarov. Religions and confessions in Azerbaijan in the light of One common Faith – Baku, 2011.
Kitabda ilahiyyat, elmi ateizm və dinşünaslığın əsasları təh­lil edilmiş, “Bir Ümumi Din” konsepsiyasına əsaslanan müasir dinşünaslığın prinsipləri irəli sürülmüşdür.Dinlərin mövcud təsnifat sistemi təhlil edilmiş, Azərbaycanda fəaliyyət göstərən din­lər və məzhəblər haqqında ətraflı məlumat verilmişdir. Kitabda həmçinin Bir Ümumi Din konsepsiyası açıqlanmış, onun “tole­rantlıq” anlayışından daha yüksəkdə durduğu və bu konsepsiyanın dövlət və cəmiyyət tərəfindən qəbulunun vacibliyi vurğulan­mışdır.

© «Тящсил» НПМ, 2011.



MÜQƏDDİMƏ
Bu prinsiplər və qanunlar, bu möhkəm bərqərar olmuş və qüdrətli sistemlər, bir Mənbədən gəlmişdir və bir İşığın şüalarıdır. Onların birinin digərindən fərqlənməsi onların bəyan edildikləri dövrün müxtəlif tələblərinə görədir.

Həzrət Bəhaullah


İnsanların ruhani həya­tın­da əsrlər boyu Din qədər böyük rol oynamış amil tap­maq mümkün deyildir. Din, insan həyatını yaradıldığı gün­dən Əbədi Olana bağlayaraq, ona yüksək məna vermişdir. Daş dövründən tutmuş müasir informatika əsrinə kimi, dərin dəyişikliklərə və metamorfoza məruz qalsa da, o, insan ru­hun­da və dünya mədəniyyətinin daxilində yaşamaqda davam etmişdir. Misir piramidalarının və Babil himnlərinin, Bibliya və Parfenonun, Qurani – Kərim və Avestanın, Qot stilində tikilmiş vitrajların və rus ikonalarının, Nəsimi və Dostoyev­ski­nin yaradıcılığının, Platon, əl-Biruni, Farabi və Lev Tols­toyun düşüncələrinin, Maraği və Baxın musiqisinin, Martin Lüter, Əbdül-Bəha və Şovqi Əfəndinin, Qandi və Xomeyninin sosial ideyalarının əsası Dindədir. Din bir çox tarixi hərə­katlarda həl­ledici impuls olmuşdur. Asiyada Buddizmin və antik dünyada Xristianlığın yayılması, İslam furuatları, Avro­pada Reforma­siya, İranda babilər hərəkatı və yeni dövrdə Bəhailiyin ortaya çıxması, bəşəriyyətin həyatında əsil dönüş nöqtəsi olmuşdur. Etika və metafizika, incəsənət və təbiət­şünaslıq öz yaradılışına görə Dinə borcludurlar: incəsənət ayin kimi dünyaya gəlmiş, elm və fəlsəfə dünyaya dini baxışı dərk etmək cəhdi kimi yaranmış, mənəviyyat, hüquq, ailə Dinin göstərişlərinə əsaslan­mışdır. Din keçmişdə olduğu kimi, bu gün də istənilən mədəniyyətə daxili vəhdət gətirən təməl rolunda çıxış edir. Tanınmış rus alimi V.İ.Vernadskiy hələ keçən əsrin 20-ci illərində aşağıdakıları söyləmişdir: “Elm də insan şəxsiyyətinin bütün başqa təzahürləri kimi Dindən törəmişdir”.

İstənilən cəmiyyətdə Dinə münasibət bir mənalı deyildir. İnsanlar çox qədimdən Dinin nə olması sualına cavab verməyə çalışmışlar. Müasir dövrdə bəziləri onun tərəqqiyə zidd oldu­ğunu sayır, digərləri isə əksinə, onu tərəqqinin və bütövlükdə sivilizasiyanın əsası hesab edirlər. İnkar olunmaz həqiqətdir ki, Din Yerdə mövcud olmuş mədəniyyətlərin əsasını təşkil etmişdir. Dünya xalqlarının tarixi sübut edir ki, Böyük Dinlər hər zaman sivilizasiya prosesinin əsas hərəkətetdirici qüvvəsi kimi çıxış etmiş, cəmiyyətin və fərdin ruhani aləmini, əxlaqi-mənəvi dəyərlərini formalaşdırmışdır.

Həzrət Əbdül-Bəha buyurur:

Din – iman toplusu, adətlər yığını deyildir; din Allahın təlimidir, elə bir təlim ki, bəşər həyatının əsas təməlini təşkil edir, çünki o yüksək düşüncələr törədir, xasiyyəti təkmilləşdirir və insanın əbədi şərəfi üçün təməl qoyur”.

Din hər bir əsrdə xeyirxahlıq tərbiyə etmiş, şəri pisləmiş və həqiqəti görmək istəyənlərin nəzərinə indiyədək görün­məmiş imkanların mənzərəsini açmışdır. Xarakterin nəcibləş­dirilməsi və insanlararası münasibətlərin ahəngdar edilməsi baxımından Din bütün tarix boyunca həyata məna verən əsas qüvvə olmuşdur. Din ictimai şüurun ən ali formasıdır. O, insanın mənəvi həyatının substansiyası və əsasıdır. O, mə­dəniy­yəti qidalandırır və ona məna verir. Dinin məsləhəti ilə düşü­nən insan qəlbi dünyanın onun üzərinə qoyduğu məh­dudiyyəti aşmaq və öz potensialını açmaq üçün ilham almışdır. Uca Ədalət Evinin “Bir ümumi din” kitabında deyilir:

Bütün tarix boyu din fərdin və cəmiyyətin ruhani in­ki­şafının əsas hərəkət­ver­icisi olmuşdur. Minilliklər boyu İlahinin göstərişlərinə cavab verən insanlar musi­qidə, memarlıqda və başqa incəsənət növlərində heyrə­tamiz nailiyyətlər qazanmağa ilhamlanmışlar.Dünyada baş­qa elə bir güc insanlarda mü­qayisə olunan qəhrəma­n­lıq, fə­dakarlıq və pəhrizkarlıq keyfiyyətlərini üzə çıxarmağa qabil deyil. Sosial sahədə, dindən çıxan mənəvi prinsiplər dəfələrlə universal qanunlar kodeksinə çevrilərək insani münasibətləri tənzimləmiş və kamilləşdirmişdir”.

Bu gün müasir cəmiyyətdə mənəviyyatın sarsılması, ailə ənənələrinin zəifləməsi, hədsiz varlanma və yoxsulluğun qütbləşməsi, cinayətkarlığın, HİV\AİDS və digər qorxunc xəstəliklərin, narkomaniya və əxlaqsızlığın yayılması dini dəyərlərin ictimai, siyasi, iqtisadi münasibətlər sistemindən sıxışdırılıb çıxarılması ilə əlaqədardır.

Ötən 80-90 ildə dinsizləşmənin törətdiyi ictimai-psixoloji mühit, son illər isə din adı altında mövhumatlar və xurafatlar toplusundan ibarət “ilahi biliklərin” insanlara təqdim olunması geniş hal almışdır. Dinə dönüş adı altında orta əsrlərin ictimai, iqtisadi, sosial qaydaların bərpasına çağırışlar eşidilməkdədir. Dinin ruhani və əxlaqi əsasları kənara atılaraq, onun zahiri cəhətləri, geyim qaydaları, mərasim və ayinləri, dövrünü keçir­miş sosial qanunları ön plana çəkilir və məhz bu məsə­lələrin “Din” olması vətəndaşların düşüncəsinə aşılanır. Bu da Azər­baycan xalqını tərəqqi yolu ilə deyil, əksinə, tənəzzül yolu ilə aparmağa xidmət edir.

B


u gün dini dözümsüzlük, fanatizm, və onun təzahürü ki­mi ortaya çıxan terrorizm bir xəstəlik kimi dəhşətli nəticələrlə bəşəriyyəti bürüməkdədir. Vaxtilə İnsanlığa ziyan vuran irqi, siyasi, etnik təəssübkeşliklərə münasibətdə olduğu kimi, din­lərarası bu böhrana bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi yanaşılmalıdır. Bundan ötrü mövcud dinlər və dini məzhəblər ilk növbədə özlərində cəsarət tapıb uzaq keçmişdən miras qalan ətalətə batmış köhnə ilahiyyat sistemlərindən kənara çıxmalı, dini liderlər səmimiyyətlə o faktı etiraf etməlidirlər ki, Allah birdir və mədəniyyətdəki təzahürlərinə və insan şərhlərinə, həmçinin ayin, mərasim, qanunlarında və digər zahiri cəhətlərindəki fərqlərə baxmayaraq, Din də birdir. Məhz bu həqiqətin dərk edilməsi XIX əsrin sonlarında dünya miqyasında insanları dinlərarası hərəkata başlamağa ruhlan­dırmış və sonrakı yüz illiyin məşəqqətindən keçirərək onu sax­lamışdı. Allahın nazil etdiyi böyük dinlərdən heç birinin səla­hiyyətliliyini şübhə altına almadan, Dinin bir olması prinsipi, onların reallığa da­vamlı uyğunluğunu təmin etmək poten­si­alına malikdir. Bə­şə­riyyətin bu­­­gün­ki reallığı isə dün­­yanın böyük dinlərinin bir-birilə münasi­bət­lərində fundamental dəyi­şik­liklər etməsini tələb edir. Həzrət Bəhaullah xəbərdarlıq edir:

Ey Yer kürəsinin əda­vət aparan xalqları və insan­ları! Öz nəzərlərinizi birliyə tərəf çevirin və qoy onun işığı sizi nurlandırsın. Bir yerə yığılın, aranızda çəkişmələrə səbəb olan nə varsa, Allah xatirinə onu məhv etməyə çalışın. Ey insanlar, oyanın! İnam qüdrəti ilə silahlanaraq sizin aranızda didişmələr salan təsəvvürlərinizin mənasız bütlərini sındırın. Sizin Mərhəmətli Rəbbiniz istəyir ki, dünyada olan bütün insanlar vahid ruh və vahid bədən kimi olsunlar”.

XX əsrin Bəşəriyyətə mirası budur ki, o, dünya xalqlarını, özlərini vahid insan nəslinin üzvləri kimi görməyə və yer kürəsinin bütün insanların Ümumi Evi olduğunu anlamağa məcbur etdi. Həmin əsrdə Dünyanı lərzəyə gətirən davamlı mü­naqişələrə və zorakılıqlara baxmayaraq, nə vaxtsa insan tə­biətinin ayrılmaz xüsusiyyəti kimi təsəvvür olunan dini, irqi, milli təəssübkeşliklər artıq hər yerdə geriyə çəkilməkdədir. Faciə burasındadır ki, mövcudluğunun səbəbi məhz qardaşlıq və sülh olan dinlər çox vaxt bu yolda çox çətin aşılan ma­ne­ələrə çevrilirlər. Lakin formalaşmaqda olan Qlobal Təfəkkürün təsiri altında XX əsrdə onlar da öz mövqelərini nəzərdən keçirməyə və zaman-zaman əldən verməyə məcbur olmuşlar. Nəticədə xalqların tərbiyələndirilməsi mühafizəkar və fanatik ruhanilərin, “din xadimlərinin”əlindən çıxmağa başlamışdır. İndi liberal ideyaların hətta ən mühafizəkar dini və teokratik dairələrə daxil olmasına heç nə mane ola bilmir.

Artıq XIX əsrin sonları və XX əsrin başlanğıcında dini təəssübkeşliyin də digər təəssübkeşliklər kimi geri çəkilməsi müşahidə olunurdu. 1893-cü ildə Çikaqoda keçirilən Ümum­dünya Sərgisi məşhur “Dinlərin Parlamenti”nin yaranmasına səbəb oldu. Parlamentdə xristian məzhəbləri, İslam, Buddizm, Hinduizm, Konfuziaçılıq, Caynizm, Zərdüşti və Bəhai dininin ardıcılları təmsil olunmuşdu. Din sahəsində nüfuzlu tədqi­qat­çıların fikrincə, bu toplantı “dünya tarixində bərabəri olma­yan”, misilsiz bir toplantı idi. Parlament, onun təşkilatçısının sözlərinə görə, “dünyanı kor-koranə dini təəssübkeşlikdən, dözümsüzlükdən azad etmişdi”. Beləliklə, bu dövrdən etibarən bu cür müxtəlif növ dinlərarası hərəkatlar kök atmağa və çiçəklənməyə başladı. Müxtəlif dillərdə ədəbiyyat geniş icti­maiyyətə böyük dinlərin prinsiplərini təqdim edir, dünyanın bir çox ölkələrində ali təhsil müəssisələri dinləri müqayisəli öyrənmək üçün akademik proqramlar hazırlayıb tətbiq edirdi. Əlbəttə, dünyanın əsas dini cərəyanlarının sosial qanunları və ibadət formaları arasında geniş fərqlər açıqca görünürdü. Min illər ərzində İlahi Vəhylərin ardıcıl olaraq həmişə inkişafda olan sivilizasiyanın dəyişən tələblərinə ünvanlandıqları nəzərə alınarsa, bu, çətin ki, başqa cür ola bilərdi. Bununla belə, getdikcə insanlar daha çox bu fikrə gəlirdilər ki, bütün dinlərin əsasında duran həqiqət mahiyyətcə birdir və araşdırmalar dinlərin Vahid Mənbədən qaynaqlandığını və ruhani əsaslarının bir olmasını göstərirdi. Bu isə dinlərarası hərəkatın yeni inkişaf mərhələsinə qalxmasına kömək etməyə bilməzdi.

1993-cü ildə Çikaqoda, sonra isə 1999-cu ildə Cənubi Afrikada dünya dinlərinin nü­mayəndələrinin iştirakı ilə “Dün­ya Dinlərinin Parlamenti” növ­bəti dəfə toplanır. Bu görüş 1893-cü il Çikaqo toplantısının bir əsrlik yubileyinə həsr olunsa da, Parlamentdə Dinlərarası mü­na­sibətlərlə bağlı geniş prob­lem­lər nəzərdən keçirilmişdi. Cənubi Afrika toplantısından bir il sonra Dünyanın dini liderlərinin 2000-ci il Nyu-York sammitində dinlərarası münasibətlərin dərinləşdirilməsinin zəruriliyi bir daha təsdiq olundu. Göründüyü kimi, dinlərarası hərəkatın böyüyüb genişlənməsində, şübhəsiz ki, əsas amil müasir reallıqların təsiri altında dünya dinlərinin mühafizəkar mövqelərdən geri çəkilb, dinlərarası dialoq və əməkdaşlığa çan atması olsa da, dinlərin Əzəli Birliyini sübuta yetirən baxışların və akademik araşdırmaların da burada rolu kifayət qədər idi.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da Dinlər­arası hərəkata son illər həm dövlətin, həm də müxtəlif dini icmaların böyük həssaslıqla yanaşması öz bəhrəsini vermək­dədir. Lakin bu gün bu sahədə daha çox işlərin görülməsi tələb olunur. Çünki İslam, müxtəlif Xristian, Yəhudi, Bəhai, Krişna Şüuru dini icmalarının bir araya gəlib, dostluq və əməkdaşlıq istiqamətində konkret addımlar atmaq istəyi Azərbaycan cəmiyyətinin ənənəvi baxışlı insanları tərəfindən bir mənalı şəkildə qarşılanmır. Söhbət burada dinlərarası hərəkatın inkar edilməsindən deyil, onun “ən­ənə­vi” dinlərlə (İslam, Rus pro­voslav, yəhudi) məhdudlaşdırıl­masından gedir. Halbuki dinlər­arası hərəkatın fəlsəfəsi bu məsələyə daha geniş aspektdə yanaşılmasını tələb edir. Bu sahədə dinşünaslığın köməyi ilə maarifləndirmə işlərinin aparılmasına daha çox ehtiyac vardır. Lakin bu gün Azərbaycanda müasir dinşünaslığın dinlərarası əməkdaşlıq və dostluğa xidmət edən konsepsiya irəli sürmək imkanında olması şübhə doğurur. İlahiyyat elmlərinin arxa­sınca addımlayan, “son həqiqət”ə iddia edən dini təlimlərin müstəsnalığa olan iddiasını bəzən açıq, bəzən isə örtülü şəkildə dəstəkləyən bu təlim bu cür məsul missiyanın öhdəsindən gəlmək iqtidarında deyildir. Halbuki bu günün reallıqları müasir dinşünaslıqdan dar məqsədlərə xidmət edən dini dünyagörüşlərdən uzaq olub, Bəşəriyyətin Birliyi və Dinlərin Əzəli Birliyi konsep­siyasına xidmət etməyi tələb edir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu kitabçada müəlliflərin əsas məqsədi Azərbaycanda mövcud dinlərin teoloji əsaslarını Dinlərin Əzəli BirliyiBir Ümumi Din priz­masından keçirməklə, onların bir İlahi Mənbədən olmasını göstərməkdır. Eyni zamanda Azərbaycanda mövcud dinlər və dini məzhəblərin Müqəddəs Yazılarına və digər obyektiv mənbələrə istinadən onlar haqda düzgün məlumat vermək və uzun illər bu məsələdə mövcud olmuş məlumat­sızlığa son qoymaqdır.

Müəlliflər əmindirlər ki, Azərbaycan xalqının birliyi onun mövcudluğunun, milli təhlükəsizliyinin və tərəqqisinin yeganə şərtidir. Dinlər və dini məzhəblər arasında mövcud ayrılma və yadlaşmanın aradan götürülməsi, onlar arasında Bir Ümumi Din konsepsiyası əsasında əməkdaşlıq və birliyin yaradılması Azər­baycan xalqının milli birliyinin əsaslarından biridir.

Həzrət Əbdül-Bəha yazır: “Bütün dinlərdə həqiqət birdir və onun vasitəsi ilə bəşəriyyətin birliyi mümkündür. O zaman ki, insanlar həqiqəti axtarmağa başladılar, aşkar edəcəklər ki, birləşmişlər”.

Azərbaycanda vətəndaş cəmiyyəti ildən - ilə möh­kəm­lənməkdədir. Bununla əlaqədar müxtəlif dini əqidəli insanlar arasında, həmçinin onların cəmiyyət və dövlətlə qarşılıqlı müna­sibətlərində normal sivil münasibətlərin yaradılması aktuallıq kəsb edir. Azərbaycanda vicdan azadlığı prinsipinin əsas götürülməsi bu problemlərin həllinin əsasını təşkil edir. Ən ümumi şəkildə vicdan azadlığı prinsipi insanın sərbəst əqidə və dini etiqad forması seçmək və onu insanlara və bütövlükdə cəmiyyətə ziyan vurmadan hərəkət və davranışda göstərmək hüququnun tanınmasıdır. Buradan belə görünür ki, vicdan azadlığının tanınması insanın ruhani azad­lığının tanınması deməkdir. Bu insan varlığının elə bir hissə­sidir ki, heç bir şəxsin, bütövlükdə cəmiyyətin və dövlətin ora müdaxilə etməyə ixtiyarı yoxdur. Vicdan azadlığı prinsipinin reallaşdırılması müxtəlif əqidəli və dini etiqadlı insanlar, həmçinin dövlət və cəmiyyətin müxtəlif əqidəli insanlarla qarşılıqlı münasibətində tolerantlıq (dözümlülük) prinsipinin tətbiqini tələb edir. Bundan ötrü etiqad azadlığının təminatçısı olan aşağıdakı prinsiplərin gözlənilməsi tələb olunur:



  • Dinə münasibətindən asılı olmayaraq, vətəndaşların hüquq bərabərliyi;

  • Dini və ateist birliklərin dövlətdən ayrı olması;

  • Dövlət təhsil sisteminin dünyəviliyi;

  • Dini birliklərin qanun qarşısında bərabərliyi;

  • Əqidə azadlıqlarının reallaşdırılmasını və onların pozul­masına görə məsuliyyətləri təyin edən xüsusi qanun­veri­cilik aktların mövcudluğu.

Yalnız bu prinsipləri gözləmək və Bir Ümumi Din kon­sepsiyası əsasında dinlərin və dini məzhəblərin qarşılıqlı mü­nasi­bətlərini, həmçinin onların dövlət və cəmiyyətlə sivil müna­sibətlərini yaratmaqla Azərbaycan cəmiyyətində həqiqi birlik və harmonik münasibətlər formalaşdırmaq mümkündür.
I FƏSİL. DİN ÜÇ TƏLİMİN PREDMETİ KİMİ
Dini fanatizm və nifrət dünyanı yandıran oddur

və onun şiddətini heç kəs söndürə bilməz.

Ancaq İlahi Qüdrətin Əli bəşəriyyəti bu

viranedici bəladan qurtara bilər...”
Həzrət Bəhaullah
§ 1. Cəmiyyətdə ilahiyyat, ateizm və dinşünaslığın rolu
Dini tədqiq edən təlimlərin ma­hiyyəti və onların müasir cə­miy­yətdə rolunu nəzərdən keçirək. Bu bizə nə üçün lazımdır? Əvvəla, Din - fərdin və insan cəmiyyətinin “daxili” həyatının ayrılmaz hissə­sidir və dinsiz cəmiyyətlər əvvəl-axır ağır mənəvi, sosial, iqtisadi, hətta siyasi problemlərlə üzləşməli olurlar;

İkinci, Dinin kimin tərəfindən öyrənilməsinin və hansı formada təqdim edilməsinin həm adi vətəndaş, həm də dövlət üçün böyük əhəmiyyəti vardır. Ona görə də Dini tədqiq edib, onu fərdlərə, dövlət və cəmiyyətə təqdim edən təlimlərin üzə­rində bir qədər ətraflı dayanaq.

Dinin tədqiqi ilə üç əsas təlim məşğul olur: ilahiyyat, ateizm və dinşünaslıq. Bununla da Din üç təlimin predmeti hesab olunur. Hər üç təlimin tədqiqat obyekti eyni olsa da, Din və onun formalarına münasibətdə, tədqiqat üsullarında, əldə etdikləri biliklərin təqdimat formasında oxşar və fərqli cəhətlərə malikdirlər. Bunlar aşağıdakılardan ibarətdir:


  • hər üç təlim Dini tədqiq etməyə, dini məzhəblərin teoloji əsaslarını müqayisəli şəkildə öyrənməyə çalışır;

  • hər üç təlimin Din və onun müxtəlif formalarına mü­nasibəti, əldə etdikləri nəticələr və nəhayət onların fərd­lərə və dövlətə verdiyi biliklərin xarakteri bir-birindən əsaslı şəkildə fərqlənir;

  • ilahiyyat və ateizm müxtəlif cəmiyyətlərdə ictimai şüurun forması, və cəmiyyətin dünyagörüşü formasında çıxış et­diyi halda, Dinşünaslıq müasir dövrdə elmi təlim olaraq qalır və onun dövlət və cəmiyyətə təsiri zəifdir.

Müasir dövrdə hər üç təlim dövlətin siyasi və ideoloji təməlindən, o cümlədən cəmiyyətin Dinə münasibətindən asılı olaraq ictimai şüurun elementi kimi çıxış etməyə, fərd və dövlətin Din və onun müxtəlif formaları ilə bağlı baxışlarına hakim olmağa, Dinə münasibətdə fəaliyyətini istiqamətlən­dirməyə çalışırlar.

Kommunist təmayüllü dövlətlərdə, məsələn, keçmiş So­vet­lər İttifaqında, ateizm dövlətin rəsmi ideologiyası hesab olunurdu. Bu tip dövlətlərdə ilahiyyatın bir təlim kimi cəmiy­yətə, ayrı-ayrı fərdlərə çıxışı ya qadağan idi, ya da dövlətin nəzarəti altında hakim ideologiyanın məqsədlərinə uyğun şəkildə çərçivəyə salınmışdı. Dinşünaslıq isə elmi ateizmin əlavəsinə çevrilərək, onun məqsəd və vəzifələrinə xidmət edirdi.

Teokratik rejimlərdə (dini dövlətlərdə) ilahiyyatçılıq, yəni hakim dinin ilahiyyat sistemi aparıcı mövqedədir. Bu cür döv­lətlərdə ateizmin hər hansı bir formada təzahürünə, həmçinin başqa dinlərin ilahiyyatçılığının ölkə vətəndaşları arasında yayılmasına yaxşı halda yol verilmir, pis halda isə təqib olunur. Məsələn, İranda Bəhai dini ardıcıllarının vətəndaş hüquqla­rından məhrum edilməsi, Səudiyyə Ərəbistanında ateizmin və başqa dinlərin təbliğinə qadağalar buna nümunədir.

Qərbin demokratik açıq cəmiyyətlərində hər üç təlim bə­rabər hüquqludur. Fəaliyyətləri üçün azad və bərabər imkanlara malikdirlər. Bununla belə, bu cəmiyyətlərdə cavan dini məz­həb­lərin (əllincilər, adventistlər, Yahova şahidləri, Krişnaizm və s.) ilahiyyat sistemləri və həmçinin dinlərə “neytral mövqedən” yanaşmağa çalışan Dinşünaslıq ortodoksal dinləri (katolisizm, pravoslavlıq, lüteranlıq) sıxışdırmağa, cə­miy­yətdə aparıcı mövqe tutmağa, dövlətin və vətəndaşların Din və onun müxtəlif formalarına münasibətini formalaşdırmağa çalışırlar.

XIX əsrdə dünyanın bir sıra ölkələrində dinlərarası hərəkatın geniş vüsət alması Din və dini məzhəbləri elmi əsas­larla müqayisəli şəkildə öyrənən təlimin – Dünşünaslığın bir elm kimi formalaşmasında əhəmiyyətli rol oynadı. Dinşünas­lığın ilahiyyat sistemləri və ateizmlə müqayisədə son dövrün hadisəsi olması və onun hazırda dinə münasibətdə cəmiyyətdə baxışların formalaşmasında rolunun azlığına baxmayaraq, yaxın gələcəkdə qloballşmaqda olan insan cəmiyyətini onsuz təsəvvür etmək mümkün olmayacaqdır.

Tarixə nəzər yetirsək görərik ki, ilahiyyatçılıq və ateiz­min cəmiyyətdə tutduğu mövqe tarixin müxtəlif mərhələlərində fərqlidir. Bu, Ruhaniyyət və Maddiyatın “münasibətindən” asılı olmuşdur. Ayrı-ayrı dövrlərdə gah dini həyatın, gah da dün­yəviliyin cəmiyyətdə üstün mövqe əldə etməsi müşahidə edil­miş­dir. Zaman-zaman insan cəmiyyətinin dindən uzaqlaşması, əvvəlcə azadfikirlilik, sonra da materializm və ateizmin ictimai düşüncə formasında üzə çıxması, maddi dəyərlərin hakim olduğu həyat tərzinə üstünlük verilməsi, dini dəyərlərin unudulması, əxlaq və mənəviyyatın aşağı düşməsi, sonra isə dini hakimiyyətin sarsılması, səhnədən getməsi baş verirdi. Və yaxud əksinə, Allahdan yeni Dinin nazil olması ilə insanların yenidən Dinə qayıtması və ya ənənəvi dinlər daxilində “reformasiya” hərəkatının və təriqətçiliyin baş qaldırması, Dinin cəmiyyətdə yenidən hakim mövqe əldə etməsi və buna oxşar digər proseslərin səbəbi insanları qədim vaxtlardan düşündürmüşdür. Son 200 ildə bəşəriyyətin materializm və ateizmə gönüş etməsi, bütövlükdə dindən sürətlə uzaqlaşması, lakin XX əsrin sonlarında - XXI əsrin əvvəllərində yenidən Dinə maraq göstərməsi buna bariz nümunədir. Bu məsələ üzərində bir qədər ətraflı dayanaq.

Qədim dünyada Din min illər ərzində insan cəmiyyətinin ayrılmaz hissəsi olmuşdur. Dinin insanların qəlbinə həkk olunduğu, gündəlik həyatın dini qanunlara tabe edildiyi və ilahiyyatın dövlət­lərin yeganə ideologiyası olduğu qədim cəmiyyətlərdə ateizm və ona yaxın baxışların açıq ifadəsindən söhbət gedə bilməzdi. Bu dövrdə meydana çıxan azadfikirlilik və ateizmdə din birbaşa inkar edilmirdi. Hətta demokratiya və materializmin vətəni Qədim Yunanıstanda Zevs və digər allahlardan ibarət panteonun inkar edilməsi və ya onların həqiqiliyinin şübhə altına alınması qeyri-mümkün idi. Bu işə cəsarət etmiş şəxs həyatı ilə fidalaşmalı olurdu. Qədim yunan filosofu Sokratın kafirlikdə ittiham olunaraq, Areopaqus qarşısında mühakimə edilməsi və zəhərlə ölümə məh­kum edilməsi faktı bunu təsdiq edir. Antik dövrdə allahları, ayinləri və ya sadəcə xalq inanclarını inkar edən hər bir kəsi ateist adlandırırdılar. Onları təqib edir və öldürürdülər. Allahlara inamı şübhə altına almaq mövcud quruluşa qəsd kimi qəbul edilirdi. Platon ateizmi “ən böyük şər”, özbaşınalığın və mənəviyyatsızlığın mənbəyi adlandırmışdı.

Qədim Dünyada Din və onun qanunları toxunulmaz, ruhanilərin və dini təsisatların cəmiyyət və hökmdarlar üzərində nüfuzu sarsılmaz idi. Dini hakimiyyəti sarsıtmaq cəhdləri öncədən uğursuzluğa məhkum idi. Miladdan əvvəl XIV əsrdə Misir fironu IV Amenhotepin –Exnatonun (baxmayaraq ki, bütün Misir fironları kimi o da canlı allah hesab olunurdu) ölkədə min illər ərzində mövcud olmuş çoxallahlığı ləğv edib, tək Günəş allahı Atona etiqadı bərqərar etmək cəhdi, qədim Misir cəmiyyətində təsvirəgəlməz sarsıntılar törədərək, kahinlərin və sadə insanların müqaviməti ilə qarşılaşmış və uğursuzluqla nəticələnmişdi. Exnatonun bu cəhdini dünya tarixində dini təsisatların mütləq hakimiyyətinə qarşı yönəlmiş ilk “reformasiya” hərəkatı kimi qiymətləndirmək də olar.

Qədim Yunanıstan və Romada bir qədər fərqli proseslər baş verirdi. Bu cəmiyyətlərdə kölə istehsal üsulunun törətdiyi iqtisadi və ictimai böhranlar din və mənəviyyata da sirayət edirdi. Allahlar panteonu ətrafında formalaşmış mifoloji təsəvvürlər və yanlış baxışlar sistemi insan təfəkkürünün Allah və Kainatla bağlı ortaya qoyduğu suallara cavab vermək iqtidarında olmaması, kahinlərin ciddi müqavimətinə baxmayaraq, azadfikirliliyin inkişafına güclü təkan verirdi. Bu cəmiyyətlərdə antik ateizmin, yəni dinin fəlsəfi tənqidinin əsası qoyulurdu. Təbiətin fövqəltəbii qüvvənin iştirakı olmadan dialektik inkişafı ideyasını irəli sürən Heraklitin (b.e.ə.540-480), dünyada hər şeyin, o cümlədən insan ruhunun da atomlardan ibarət olduğunu, buna görə də ruhun ölməzliyini inkar edən Demokrit (b.e.ə.460-370) və Epikürün (b.e.ə.341-270) baxışları belə idi. Lukresi Kar (b.e.ə.99-55) “Şeylərin təbiəti haqqında” poemasında dünyanın allahların iştirakı olmadan təbii yolla meydana gəldiyini qətiyyətlə iqrar edirdi. Bununla da, ortada həqiqi Dinin olmaması səbəbindən, insan idrakının ortaya qoyduğu suallar cavabsız qalır və ateizmin inkişafı üçün əlverişli zəmin yaranırdı. Antik dünyanın mütəfəkkirləri öz idrakı axtarışları ilə ateizmin materialist fəlsəfə ilə qırılmaz əlaqəsini təmin edirdilər.

Qərb ölkələrində Orta Əsrlər və İntibah dövründə Xristian ilahiyyatı (katolisizm) hakim mövqedə, azadfikirlilik və ateizmin müxtəlif formaları isə örtülü formada ona qarşı müxalif mövqedə olmuşdur. Qərbdə həmin dövrlərdə antik dövrün filosoflarından əxs olunmuş materializm, ateizm və ona yaxın baxışlar, hakim ilahiyyatla uyğun gəlməyən adi azadfikirlilik, hətta hakim dinin daxilində zaman-zaman ortaya çıxan təriqətçilik meyilləri kilsə və cəmiyyət tərəfindən təqib olunurdu; XII-XIII əsrlərdə mənəvi “Allah dünyasını” maddi “şeytan dünyasına” qarşı qoyan və katolik kilsəsini “şeytan qüvvəsi” adlandıran, Allahın üçlük vəhdətini, məhşəri, cəhənnəmi, kilsə mərasim və ayinlərini, xaça, ikonolara, müqəddəs cəsədlərə sitayişi rədd edən, papa hakimiyyətini qəbul etməyən albiqoyçular hərəkatının yayıldığı Cənubi Fransaya səlib yürüşlərinin təşkil edilməsi, şəhər və kəndlərin dağıdılması, insanların kütləvi şəkildə məhv edilməsi, kilsənin fitfası ilə XIII-XIV əsrlərdə demək olar ki, bütün Avropa ölkələrini bürümüş yəhudi talanları və qırğınları təriqətçiliyə, bidət təzahürlərinə və yabançı dinlərə dini dözümsüzlük ilə əlaqədar idi. Bu dövrlər üçün dünyanı dindən asılı olmadan tədqiq etmək hüququnu elan edən – azad­fikirliliyin təqib edilməsi də səciyyəvi idi; Dünyanı vahid, maddi, əbədi və sonsuz hesab edən intibah dövrünün mütəfəkkiri Cordano Buruno (1548-1600) tonqalda yandırıl­mış, eksperimental-nəzəri təbiətşünaslığın əsasını qoymuş Qalileo Qaliley (1564-1642) bir müddət həbsxanada saxlan­mışdır. Bir neçə yüz il ərzində on minlərlə insan bu cür tə­qiblərə məruz qalmış, onlardan bəziləri tonqalda yandırıl­mışdı. Dini təsisatların şiddətli müqavimətinə baxmayaraq, yalnız elmlərin əsaslı şəkildə ilahiyyatın təsir dairəsindən uzaqlaşıb materializm mövqeyinə keçməsindən, xüsusən də XIX əsrdə Darvinizmin təbiət elmlərində bərqərarından və Qərb cəmiyyətində baş verən ictimai dəyişikliklərdən sonra materializm və ateizm hakim mövqeni ələ alaraq Din və onunla bağlı olan ilahiyyat sistemlərini cəmiyyətin həyatından çıxarmağa başladı. Bu proses 1789-cu il Fransa inqilabından sonra həyata keçirilən sekulyarizasiya, dinin dövlətdən və təhsilin dindən ayrılması nəticəsində daha sürətlə inkişaf etdi. XIX və XX əsrlər ərzində sekulyarizasiya xristian dünyasının hər yerinə yayılaraq insanların ictimai və məişət həyatını əsaslı şəkildə dünyəviləşdirdi. Artıq XX əsrin ilk dövrlərində Qərbdə çox insanlar üçün əsrlərlə əsas hidayət mərkəzi funksiyasını daşımış dini hakimiyyət və onun ideoloji təməli olan ilahiyyat sadəcə olaraq çökmüş və aradan qalxmışdı.

İslam Şərqində hakim ilahiyyat sisteminə qarşı çoxsaylı müxalif baxışlar sistemi, hürrəmilik, hürufilik, qərmətilik, işraqilik və s. zaman-zaman ortaya çıxsa da, onlar ateizmə de­yil, İslam daxilində təriqətçilik anlayışına və yaxud azadfikir­liliyə daha yaxın olmuşlar. İslam Şərqində XX əsrə kimi azadfikirlilik ayrı-ayrı düşüncə sahiblərinin, əsasən də filo­sofların (Mənsur əl-Həllac, X əsr; Eynəlqüzat Miyanəçi, XII əsr; Şihabəddin Sührəvərdi, XII əsr; İbn-Rəşd, XII; Fəzlullah Nəimi və İmadəddin Nəsimi, XIV əsr və b.) baxışlarında sezilsə də, Allahın varlığını inkar edən ateizm dünyagörüşü Qərbdə olduğu kimi açıq formada, ictimai baxışlar sistemində, fəlsəfi məktəblər və ya ictimai düşüncənin başqa formalarında müşahidə olunmamışdır. Bu uzun dövr ərzində İslamın insanların düşüncəsinə hakim kəsilməsi, Allah, Kainat, İnsan və digər məsələlərlə bağlı ortaya çıxmış suallara İslamın bir müddət cavab vermək imkanında olması, nəticədə dünyəvi elmlərin və sekulyarizasiyanın cəmiyyətdə özünə yer tapma­ması ilə əlaqədar idi. Orta əsrlər Avropasında olduğu kimi, burada da dini təsisatların və ruhanilərin bidətə, azadfikirliliyə və yadfikirliliyə dözümsüzlüyü mövsud idi. Allahın cisim və əşyalarda, insan və digər canlılarda təzahür etməsi haqqında panteist nəzəriyyənin müəllifi Eynəlqüzat Miyanəçi (1099-1131) bidətdə ittiham olunaraq edam olunmuş, eyni tale işraqiliq fəlsəfəsinin banisi Şihabəddin Sührəvərdinin (1154-1191) və Mənsur əl-Həllacın (858-922) qismətinə düşmüşdür. Mənsur əl-Həllac Allahın insanda və digər məxluqatda təcəlli etdiyini iddia edən hüluliyyə etiqadda ittiham edilərək əvvəlcə çarmıxa çəkilmiş, sonra cəsədi yandırılaraq külü Dəclə çayına atılmışdır. XIV əsrdə hürufilik nəzəriyyəsinin daşıyıcıları Fəzlullah Nəimi (1340-1401) və İmadəddin Nəsimi (1369-1417) “kafir” və “dinsiz” elan olunmuş, birinci şaqqalanmış, ikincisinin dərisi diri-diri soyulmuşdur. Yalnız XIX-XX əsrdə qlobal proseslərin, ilk növbədə Bəşəriyyətin ümumi tərəqqi­sinin təsiri altında İslam Şərqində də sekulyarizasiya ictimai fikirdə özünə yer eləməyə başladı. Türkiyədə Mustafa Kamal Atatürkün “türk millətini mədəni dünyada layiq olduğu mövqeyə yüksəltmək” üçün irəli sürdüyü sarsılmaz təməllərdən biri də dünyəvilik prinsipi idi ki, bu prinsip əsasında dövlət dinə münasibətdə son dərəcə sərt mövqe tutur, dini zəmində hər cür təşkilatlanma cəhdlərinin qarşısını qətiyyətlə alır, təri­qətlərin fəaliyyətini qadağan edir, təkkə və zaviyələri bağladır, dini təhsilə icazə vermir, şəriət məhkəmələrini mülki məh­kəmələrlə əvəz edirdi.

Bəşər tarixinin son yüzilliklərində (XVIII əsrdən etiba­rən) Dinin cəmiyyət həyatının müxtəlif sahələrindən sıxışdırılıb çıxarılması, materializm və onun “yol yoldaşı” olan ateizmin insanların düşüncəsinə hakim kəsilməsi son dövrün hadisəsi deyildir. Bəşəriyyətin müxtəlif tarixi dövrlərində bu hal tez-tez müşahidə edilmişdir. Müxtəlif dinlərin Müqəddəs Yazılarında da insan cəmiyyətlərində baş verən bu cür hallarla bağlı kifa­yət qədər məlumat vardır; daşqın ərəfəsində Nuhun yaşa­dığı cəmiyyətdə törədilən cinayətlər, allahsızlıq təzahürləri və əxlaqsızlıqlar və ya Lotun Sodom və Homorra şəhərlərində rast olduğu hadisələr (Tövrət), Hud və Salehin (Qurani-Kərim) ad və səmud qəbilələrində üzləşdikləri –bütpərəstlik halları və digər təsvir edilən hekayətlər qədim cəmiyyətlərdə dindən uzaqlaşmanın, dinsizləşmənin, maddi və mənəvi “bütlərin” Həqiqi Dini əvəz etməsinə əyani sübutdur. Allahın zaman-zaman yolunu azmış İsrail xalqını haqqın yoluna qaytarmaqdan ötrü nəbilər göndərməsi Tövrətin əsas süjet xəttini təşkil edir. Cahiliyyət dövründən əvvəl ərəblərin tövhid-əhli olmasına, ulu babaları İbrahim və İsmail peyğəmbərin dininə itaət etməsinə və sonradan çoxallahlılığa, maddiyat və əxlaqsızlığa yuvarlan­malarına dair Qurani-Kərimdə kifayət qədər dəlillər vardır.

İnsan cəmiyyətinin ayrı-ayrı dövrlərində dindən uzaqlaş­manın və ateizmin geniş yer almasının dərin ictimai, psixoloji və ən əsası isə ruhani səbəbləri vardır. Bu səbəbləri insan cəmiyyətində və Dinin tarixində və dini təlimlərin özündə axtarmaq lazımdır. Şübhəsiz ki, Allah insanı xəlq etmiş və ona Allaha ibadət etmək, Onun tərəfindən göndərilmiş Peyğəm­bərləri tanımaq və bu İlahi Zühurların çatdırdığı ilahi qanunları qəbul etmək qabiliyyətini vermişdir. Bu özünü Allahın bəşəriy­yətlə bağladığı Əhddə öz əksini tapmışdır. Bu haqda Qurani-Kərimdə deyilir:

Biz dedik: “Buradan yer üzünə enin! Mənim tərəfimdən sizə doğru bir yol göstərən gəldiyi zaman Mənim yol göstərə­nimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar”.

Lakin insanlar, Müqəddəs Kitablardakı konsepsiyaya görə, hər dəfə əhdlərindən dönmüş, dünyaya nə üçün gətiril­diklərini unutmuş, maddi və mənəvi bütləri Allaha şərik qoş­muşlar. Bu işdə ruhanilərin xüsusi rolu olmuşdur. İlahi Zühur­ların –Peyğəmbərlərin nazil etdiyi Dini təlimlərin saflığı ardıcılları, ilk növbədə ilahiyyat elmlərini öz nəzarətləri altına almış ruhanilər tərəfindən zaman - zaman təhrif olunmuşdur.

Hər dinin zahiri, maddi cəhətləri - yaranma, yüksəlmə və tənəzzül mərhələlərindən keçir. Vaxt keçdikcə insanlar dinin ruhani, mənəvi-əxlaqi məsələlərlə bağlı hissəsini unudub, onun zahiri, maddi cəhətlərindən (ayin, mərasim və digər sosial qanunlar və s.) möhkəm yapışır, onları mütləq həqiqətlərə çevirirlər. Lakin insan cəmiyyəti bir yerdə durmur, o daim inkişafdadır. Biliklər artdıqca və ictimai-iqtisadi münasibətlər təkmilləşdikcə və mürəkkəbləşdikcə insanların dünyagörüşü dəyişir və kamilləşir. Bu zaman inkişaf etmiş insan cəmiyyəti dinin dondurulmuş sosial qanunlarına sığmır, sosial, siyasi və iqtisadi proseslərin idarəedilməsi və tənzimlənməsi yeni qay­dalar tələb edir, fərd isə onun ruhunu və düşüncəsini narahat edən suallara cavab tapa bilmir. Xurafat və mövhumatlar yükü altında əyilmiş din ictimai tərəqqiyə, sosial-iqtisadi dəyi­şik­liklərə, idrakın inkişafına açıq-aşkar əngələ çevrilir. Nəticədə elmi ədəbiyyatlarda “antiklerikalizm” adı altında tanınan – siyasi və mənəvi həyatın, elmin, mədəniyyətin və təhsilin dinin və dini təsisatların hakimiyyətindən azad edilməsinə yönəlmiş ictimai hərəkatlar və ona bənzər hadisələr baş verir ki, bu da fərdlərin və bütövlükdə cəmiyyətin dindən uzaqlaşmasına, nəticədə isə ruhaniyyətin aşağı düşməsinə, ateizmin cəmiy­yətdə hakim mövqe əldə etməsinə, “maddi və mənəvi büt­pərəstliyin” yaranmasına gətirib çıxarır.

Müqəddəs Yazılarda qeyd edildiyi kimi, Din və cəmiy­yətin tənəzzül mərhələsi yüksək həddə çatanda Allah yerə Yeni Din və Yeni Peyğəmbər göndərir, insanların ürəyinə yeni inam toxumu atılır, unudulmuş ruhani prinsiplər yenidən bərpa edilir, inkişaf etmiş yeni cəmiyyətin tələblərinə uyğun qanun və hökmlər elan edilir və bununla da növbəti yüksəliş başlayır. Həzrət Krişna buyurur:

Din tənəzzülə uğradıqda, dinsizliksə artaraq üstünlük təşkil etdikdə, Mən Özüm nazil oluram...Möminləri xilas, cinayətkarları məhv, dini prinsipləri bərpa etmək üçün Mən hər minillikdən-minilliyə zühur edirəm”.

Lakin bu mərhələdə də dövrün din xadimləri köhnə ilahiyyat təlimlərini əllərində silah edərək, yeni Peyğəmbərə və Dinə qarşı amansız mübarizəyə qalxmış, bəzən Allah Elçilərinə olmazın zülmlər etmiş və qətlə yetirmişlər. Əgər biz Peyğəm­bərliklər tarixini nəzərdən keçirsək, Nuh peyğəmbərdən tutmuş Həzrət Bəhaullaha kimi bu cür dramatik hadisələrin şahidi olarıq. Bu haqda Həzrət Bəhaullah yazır:

Bütün tarix boyu insanların əbədi qurtuluş dənizinin sahillərinə çatmasına əngəl törədənlər zamanın din alimləri olmuşlar. Xalqı idarə etmək cilovu bu sinfin əlində olmuşdur. Onların bəziləri ya hakimiyyət hərisliyindən, ya biliksizlik üzündən xalqı daim haqdan uzaq saxlamışlar.Onların izni və fitvaları ilə Allahın hər bir Peyğəmbəri şəhidlik şərbətini içərək uca İzzət Üfüqünə uçmuşdur. Onlara zamanın hökmdarları və əsrin din xadimləri tərəfindən nə zülmlər edilməmişdir?..

Bu gün biz sekulyar cəmiyyətdə yaşayırıq. Bu proses Avropada başlamış və dünyanın qalan yerlərinə yayılmışdır. Onun nəticəsi olaraq, cəmiyyətdə dinin mövqeyi əsaslı şəkildə dəyişmişdir. Müasir cəmiyyət dini rəmzlərdən və ehkamlardan azad elmi dəyərlərə əsaslanan öz dünyagörüşünü formalaşdır­mağa meyillidir. Sekulyar münasibətlər və baxışlar dinin bilavasitə təsirindən azaddır. Bu müasir cəmiyyətin vacib sahələrinə, onun təsisatlarına, qanunvericilik, icra və məhkəmə sistemlərinə aiddir, hansı ki, din təfərindən qanuniləşdirilməyə ehtiyac duymurlar. Bu həmçinin təbiətşünaslıq və texniki, so­sial və humanitar elmlərə, incəsənət və bütövlükdə mədəniy­yətə də aiddir. Bununla yanaşı cəmiyyətin birləşdirici qüvvəsi, onun “ümumi sintezi” rolunda çıxış edən dinin özü də cəmiyyətin bir əlavəsinə çevrilmişdir. İndi o, incəsənət, elm, fəlsəfə və s. ilə bir sırada durur. Sekulyarizasiya təkcə ictimai həyatın müxtəlif sahələrində deyil, fərdi insanların düşüncə, davranış və həyat-tərzlərində də baş verir.

Bütün bu deyilənlərə baxmayaraq, sekulyarizasiya dön­məz proses deyildir və onun genişlənməsi dinin tamamailə insan cəmiyyətindən sıxışdırılıb çıxarılması ilə sona çatma­yacaqdır. Artıq bu gün dünyanın müxtəlif guşələrində dinsizli­yin törətdiyi fəsadların aradan qaldılımasından ötrü dinin dirçəldilməsi çağırışları eşidilməkdədir. Lakin belə bir sual ortaya çıxır: dinlərin artıq dövrünü başa vurmuş, müasir insan cəmiyyətinin ölçülərinə uyğun gəlməyən orta əsrlər və ya on­dan da qədim qanun-qaydalarından ibarət “örtüyü” yenidən insan cəmiyyətinə qaytarılması onu tənəzzül və dağılmadan, mənəvi düşkünlükdən xilas edə bilərmi? Beləliklə, ilahiyyat və ateizmin mübarizə tarixi dinlərin böhran və ya tənəzzül mərhə­ləsində dünyəvilik və ateizmin qələbəsi ilə başa çatmış, ateizm ictimai şüurun forması kimi cəmiyyətdə sərbəst mövcudluq hüququ almış, insanların düşüncəsinə hakim kəsilmişdir.

Əvvəlki təlimlərlə müqayisədə dinşünaslığın tarixi bir qədər cavandır. Ona görə də onun həm cəmiyyətə, həm də əvvəlki təlimlərə (İlahiyyat və ateizmə) təsiri zəifdir. Bu haqda bir qədər sonra. Hər üç təlimi indi də ayrı-ayrılıqda nəzərdən keçirək.



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə