Aзяр Cəfərov azərbaycanda diNLƏr və MƏZHƏBLƏr biR Ümumi DİN İŞIĞinda bakı -2011



Yüklə 0,7 Mb.
səhifə7/9
tarix02.10.2017
ölçüsü0,7 Mb.
#2948
1   2   3   4   5   6   7   8   9

Təşkilatı. Dünyada 900 milyon katolik vardır ki, bunlar da bütün xristianların 48%-ni təşkil edir. Amerikada Latın Amerikası ölkələri (Braziliya, Argentina, Meksika, Peru, Kolumbiya və s.), Avropada İtaliya, İspaniya, İrlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya, Polşa, Fransa, Xorvatiya, Litva, həmçinin Vatikan, Asiyada Filippin katolik ölkələri hesab olunur. ABŞ, Kanada, Almaniya və digər bir sıra ölkələrdə katoliklər əhalinin müəyyən hissəsini təşkil edir.

Katolisizm – dünyada ən iri və ən mərkəzləşdirilmiş xristian məzhəbidir. Katoliklər Roma-katolik kilsəsi adlanan və vahid mərkəzdən idarə olunan təşkilatda (kilsədə) birləşmişlər. Bu mər­kəz Vatikanda yerləşsə də, onu ənənəvi olaraq Roma kuriyası adlandırırlar. Vahid kilsə, struktur baxımdan milli katolik kil­sələrdən ibarətdir. Milli katolik kilsələr Roma kuriyasına tabedirlər. Vahid kilsənin başında Roma Papası adlanan ruhani lider (mütləq monarx) durur. Papanın tam titulu aşağıdakı kimidir: Romanın yepiskopu, Həzrət İsa Məsihin canişini, həvarilər knyazının (yəni həvari Peterin) varisi, dünya kilsəsinin ali pontifiki, Qərbin patriarxı, İtaliyanın baş ruhanisi, Roma əyalətinin arxiyepiskopu və mitropoliti, şəhər-dövlət Vatikanın monarxı, Allah qullarının qulu. Papa kardinallar toplantısı (konklav) tərəfindən tutduğu vəzifəyə səsvermə (səslərin 2\3-i və əlavə 1 səs) yolu ilə ömürlük seçilir. Roma katolik kilsəsinin tarixi ərzində 283 papa olmuşdur. Birinci Papa İsa Məsihin həvarisi və canişini Peter hesab olunur. Roma papası eyni vaxtda şəhər-dövlət Vatikanın başçısı (monarxı) hesab olunur.

Vatikan dövlətinin konstitusiyasına uyğun olaraq, dövlətin Ali qanunvericilik, İcra və məhkəmə hakimiyyəti Papaya məx­susdur. Vatikan dövləti Roma şəhərinin Mərkəzində yerləşmişdir. Sahəsi 44 hektardır. Onun öz himni, bayrağı, gerbi, hərbiləşdirilmiş qvardiyası, poçtu, teleqrafı və digər atributları, həmçinin dünyanın 100 ölkəsi ilə diplomatik əlaqəsi vardır. O, radio, televiziya, kino, mətbuat kimi kütləvi informasiya vasitələrinə malikdir. Onun dünyanın müxtəlif yerlərində universitetləri, məktəbləri, xəstə­xanaları və xeyriyyə müəssisələri vardır. Vatikan dövləti bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmuşdur. Onun YUNESKO, MAQATE və Avropa Şurası və digər qurumlarda nümayəndələri vardır. Bütün bunlar Vatikana yalnız dindarlara deyil, eyni zamanda bütövlükdə cəmiyyətin müxtəlif sahələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək imkanı verir.

Vatikan uniyançılıq (lat.union – ittifaq) hərəkatına, yəni katolik kilsəsi ilə ittifaq (uniya) bağlamış, Roma papasının Ali hakimiyyətinə tabe olan, katolisizmin ehkamlarını qəbul edən, öz ənənəvi ibadət və ayin praktikasını saxlayan bir sıra xristian məzhəblərinə (maronit, erməni, kopt və s.) rəhbərlik edir.

Azərbaycanda Roma katolik kilsəsinin missiyası XIX əsrdən fəaliyyət göstərir. 1999-cu ildə Azərbaycanda katolik icması qey­diy­yatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nüma­yən­dələri ilə görüşmüşdür. 2003-cü ilin aprel ayında Roma patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbər­ləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul olunmuşdur.

Teoloji əsasları. Katolisizm dini təliminin teololi əsaslarını üç qata bölmək mümkündür:


  • antik xristianlıq;

  • pravoslav-katolik;

  • katolik

Yuxarıda qeyd edildiyi kimi, antik xristianlıq dövründə bu dinin doqquz əsas təlimi formalaşmışdır. Bu doqquz təlimdən səkkizi katolisizmə daxil olmuşdur. Bunlar aşağıdakılardır:

  • Bibliya haqqında təlim;

  • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında;

  • Ruh haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci zühuru (gəlişi) haqqında təlim;

  • İsa Məsihin ikinci zühuru (gəlişi) haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim;

Katolisizmə daxil olmayan doqquzuncu təlim – axirət həyatı haqqında təlimdir. Axirət həyatı haqqında katolisizmdə fərqli baxış formalaşmışdır.

Pravoslavlıq bölməsində qeyd edildi ki, Pravoslavlıq-katolisizm qatında beş təlim var ki, onlar həm pravoslavlıqda, həm də katolisizmdə qəbul edilmişdir. Bunlar aşağıdakılardır:



  • ruhanilərin vasitəçiliyi haqqında təlim;

  • tövbə haqqında təlim;

  • xilasolmanın əsas amilləri haqqında təlim;

  • dini təlimin mənbələri haqqında təlim;

  • sıravi möminlərin Bibliyaya münasibəti haqında təlim;

  • müqəddəslərə ehtiram haqqında təlim;

  • xaçın müqəddəsləşdirilməsi haqqında təlim.

Sırf katolisizmə məxsus qatların sayı səkkizdir.Bunlar aşağıdakılardır:

  • Allah – Müqəddəs Ruhun nəşət etməsi haqda təlim;

  • Axirət həyatı haqqında təlim;

  • Ruhanilərin nigaha münasibəti haqqında təlim;

  • Müqəddəs Rəvayətin tərkibi haqqında təlim;

  • Çörək və şərabdadma ayini haqqında təlim;

  • Allahanası Məryəmə etiqat haqqında təlim;

  • Papanın ali hakimiyyəti haqqında təlim;

  • Papanın qüsursuzluğu haqqında təlim.

Allah – Müqəddəs Ruhun nəşət etməsi haqda təlim (xüsusi qat). Əgər pravoslavlıqda Allah-Müqəddəs Ruhun yalnız Allah-Atadan nəşət etməsi deyilirsə, katoliklər əmindirlər ki, Allah-Müqəddəs Ruh həm Allah-Ata, həm də Allah-Oğuldan nəşət edir.

Axirət həyatı haqqında təlim (xüsusi qat). Katolisizm təliminə görə, axirət həyatında Cənnət və Cəhənnəmdən başqa, Məhşər deyilən yer də vardır. Cəhənnəmə qatı günahkarların ruhu, Cənnətə müqəddəslərin ruhu, Məşhərə isə qalan insanların ruhu düşür. Məhşər Cəhənnəmin bir forması olub, insanlar orada müvəqqəti qalırlar. Məhşərdə qalma vaxtı insanın sağlığında etdiyi günahların sayından və onların ağırlığından asılıdır. Onlar üçün təyin olunmuş vaxt ərzində Məhşərdə qaldıqdan sonra, günahlardan təmizlənmiş ruhlar Cənnətə göndərilir. Ruhların Məhşərdə qalma müddətini həm möminlərin özü (hələ sağ ikən), həm də onların yaxınları qısalda bilərlər. Möminlərin özləri gələcəkdə Məhşərdə qalma müddətlərini indulgensiya (lat.“mərhəmət”) əldə etməklə qısalda bilərlər. İndulgensiya Roma papasının öz dəsti-xətti ilə imzaladığı sənəd olub, orada şəxsin günahlarının bir hissəsindən azad olma hüququ verilir. Elə indulgesiya sənədləri də var ki, o fərdi Məhşər əzabından tamam azad edir. Katolik kilsəsi bu sənədləri satmaq və bağışlamaq hüququna malikdir. Orta əsrlərdə indulgensiyanı həm satır, həm də bağışlayırdılar. Bizim dövrdə indulgensiyanı daha satmır, lakin nadir hallarda bağışlayırlar.Mərhumun qohumları və dostları onun ruhunun Məşhərdə qalma müddətini dualar vasitəsilə qısalda bilərlər. Qohum və əzizləri bundan ötrü həm özləri dualar oxumalı, həm də kilsələrdə təziyyələr sifariş etməlidirlər.

Ruhanilərin nigaha münasibəti haqqında təlim (xüsusi qat). Katolik kilsəsində keşişlərin sayı dünya üzrə 400 min nəfərdir. Katolik kilsəsinin təliminə uyğun olaraq, bütün təbəqələrdən olan katolik ruhanilərin nigaha girmək hüquqları yoxdur. Bu qanun “selibat” adlanır (lat. “ismətlilik”). Pravoslavlıqdan fərqli olaraq, katolisizmdə diakonlar ruhani şəxslər hesab olunmurlar. Bununla belə diakonlar da selibat qanununu gözləməlidirlər.Selibat qanunu IV əsrdən tətbiq olunur. 1965-ci ilə kimi o dəyişilməz qalmışdır.Lakin katolik kilsəsinin XXI Ümumdünya məclisində (1961-1965) bəzi evli kişilərin diakon rütbəsinə keçməsinə icazə verilmişdir. Bu yeni qanun yalnız ruhanilərin çatışmadığı ölkələrdə tətbiq olunur.

Müqəddəs Rəvayətin tərkibi haqqında təlim (xüsusi qat). Bu təlimə görə, Müqəddəs Rəvayətin tərkibinə pravoslavlıqda olduğu kimi, ümumdünya kilsə məclislərinin qərarları, “kilsə atalarının” əsərləri və keçmiş ibadət kitabları daxildir. Lakin katolik kilsəsi daha iki qrup sənədləri Müqəddəs Rəvayətə daxil etmişdir:

  1. Bütün katolik kilsə məclislərinin qərarları;

  2. Roma papasının rəsmi müraciətləri.

Beləliklə, pravoslavlıq kilsəsində Müqəddəs Rəvayət bağlanmış hesab olunursa, katolik kilsəsində Müqəddəs Rəvayət həmişə açıqdır və yeni sənədlərlə daim zənginləşir.

Çörək və şərabdadma ayini haqqında təlim (xüsusi qat). Pravoslavlıqda olduğu kimi katolisizmdə də, həmin ayin priçaşeniye və ya yevxaristiye adlanır. Təlimin əsas ideyası – çevrilmədir, yəni ayin zamanı çörək Məsihin bədəninə, şərab Mə­sihin qanına çevrilir. Lakin pravoslavlıqdan fərqli olaraq katolisizmdə priçaşeniye zamanı ruhanilərlə sıravi möminlərin bərabərliyi qəbul olunmur. Bu o deməkdir ki, bu ayini icra edən ruhanilər priçaşeniyanın iki növündən (bədən və qan), sıravi möminlər isə yalnız bir növündən (yalnız Məsihin bədənindən) istifadə edirlər. Pravoslavlıqda kvaslı çörəkdən, katolik təlimində mayasız çörəkdən istifadə olunur. Yaş məsələsinə gəldikdə isə pravoslavlıqdan fərqli olaraq katolisizmdə südəmər uşaqların priçaşeniya ayinində iştirakı qəbul olunmur. İştirak həddi 7 yaşından götürülür.

Allahanası Məryəmə etiqad haqqında təlim (xüsusi qat). Katolisizm üçün Allahanası –Məryəm anaya yüksək etiqad səciy­yəvidir. 1854-cü ildə Məryəm ananın günahsız hamiləliyi, 1950-ci ildə isə Allahanasının göyə cismani yüksəlməsi haqqında ehkam qəbul edilmişdir. Bununla əlaqədar 1954-cü ildə, “göylər krali­çası”na həsr olunmuş xüsusi bayram da təsis edilmişdir.

Papanın ali hakimiyyəti haqqında təlim (xüsusi təlim). Ka­tolik təlimi öyrədir ki, papa təkcə katoliklərin deyil, bütün xris­tianların başçısıdır. Bu təlimdə papanın üç əsas titulunun olduğu göstərilir:

  • həvari Peterin canişi;

  • İsa Məsihin vikarisi;

  • Allahla insan arasında birinci vasitəçi

İsa Məsih bütün xristianlar üzərində hakimiyyəti həvari Peterə vermişdir. “Vikariy”, “müavin”, “canişin” mənasında işlədilir. Papa, İsa Məsihin vikarisi kimi, bu gün təkcə xristianların başçısı vəzifəsini tutmur, O həmçinin İsa Məsihin fikir və iradəsini insanlara çatdırır. Pravoslavlıqda olduğu kimi, katolisizimdə də ruha­nilər Allahla insanlar arasında vasitəçi hesab olunurlar. Bu­nunla belə, pravoslavlıqdan fərqli olaraq, bir nəfərin, yəni Roma papasının Allahla insanlar arasında vasitəçiliyi daha çox qabar­dılmışdır. Papanın hakimiyyəti kilsə məclislərinin hakimiyyətindən yüksəkdə durur. Ona görə də məclislərin bütün qərarları papa tərəfindən təsdiq edilməlidir.

Papanın qüsursuzluğu haqqında təlim (xüsusi qat). I Vatikan Məclisinin 1870-ci ildə qəbul etdiyi ehkam əsasında Roma papası qüsursuz hesab olunur. Papanın qüsursuzluğunun iki cəhəti vardır:

1.Papa yalnız iki məsələdə qüsursuz hesab olunur: din və mənəviyyat. Qalan məsələlərdə onun səhvə yol verməsi mümkün hesab olunur;

2. Papa moizələrində (söhbətlərində) və ya yazılarında qüsursuzdur, davranışında və əməllərində qüsursuz deyildir. Bu o deməkdir ki, Onun dediyi və ya yazdığı sözlər tənqid oluna bilməz, lakin onun ayrı-ayrı hərəkətlərinə irad tutmaq olar.
Protestantlıq
Xristianlıq daxilində geniş yayılmış dini məzhəblərdən biri də Protestantlıqdır. Protestantlıq Lüteranlıq və lüteranlığın təsiri altında yaranmış dini məzhəb və təriqətləri əhatə edir. Bu dini məzhəb və təriqətləri çox vaxt “protestant dinlər və ya məzhəblər” adlandırırlar. Bu məz­həbləri başqa xristianlardan fərqləndirən ümumi cəhət onların təlimləri daxilində ilk dəfə lüteranlar tərəfindən formalaşdırılmış təlimin olmasıdır. Hazırda dünyada ardıcıllarının sayı 450 milyon nəfər olan 28 protestant təmayüllü məzhəb vardır. Protestant məzhəbləri ilkin və sonrakı olmaqla iki qrupa bölünür. İlkin protestant məzhəblərinə XVI əsrdə yaranmış üç məzhəb aid edilir:


  • Lüteranlıq (XVI əsrin birinci yarısında Almaniyada yaranıb);

  • Kalvinizm (XVI əsrin 30-40-cı illərində İsveçrədə yaranıb);

  • Anqlikanlıq (XVI əsrin 30-70-ci illərində İngiltərədə yaranıb).

Protestantlığa aid edilən qalan məzhəb, cərəyan və təri­qətlər sonrakı dövrlərə aid edilir. Protestant kilsələrinin təşəb­büsü ilə 1948-ci ildə xristianlığın müxtəlif məzhəblərini birləş­dirən Ümumdünya Kilsələr Şurası – ekumençilik hərəkatının rəhbər orqanı yaradılmışdır. Bu bölmədə biz yalnız Azərbay­canda fəaliyyət göstərən protestant məzhəblərini nəzərdən keçirəcəyik.
Lüteranlıq
Tarixi məlumat. Lüteranlığın yananma tarixi dəqiq məlumdur. Bu, 31 oktyabr 1517 –ci ildə baş vermişdir. Həmin gün AlmaniyanınVittenberq şəhərində katolik kilsəsinin baş keşişi Martin Lüter (1483-1546) katolik kilsəsinə qarşı “95 tezis” adlı sənədi öz kilsəsinin qapısına yapışdırır. Həmin sənəddə Martin Lüter katolik kilsəsini tənqid edərək, kilsə islahatı təşəbbüsü ilə çıxış edir. Həmin tezislərdə Martin Lüter papalığın və katolik ruhaniliyin etiqada və vicdana nəzarət etməkdə Allahla insanlar arasında vasitəçilik hüququna malik olmaları iddialarına qarşı çıxırdı. O, göstərirdi ki, insan öz ruhunu yalnız Allahın bilavasitə ona bəxş etdiyi öz şəxsi etiqadı vasitəsi ilə xilas edə bilər.

Bu Reformasiya Hərəkatının başlanması idi. Martin Lüter və onun tərəfdarları İncil (Yevangeliya) üzərində yeni kilsənin əsasını qoyduqlarını (onun adı öz başlanğıcını buradan götürüb – “Yevangel”) bəyan edirlər. İlkin xristian Kilsəsi prinsiplərini bərpa etmək şüarı altında ruhaniliyin silki imtiyazının ləğv edilməsi, rahibliyin və Roma kuriyasının, yəni baha başa gələn bütün kilsə iyerarxiyalarının aradan qaldırılması tələbləri irəli sürülürdü. Katolik iyerarxiyası ilə birlikdə papanın dekret və məktublarının, dini məclis qərarlarının da (“ Müqəddəs Rəvayətlər”) nüfuzu rədd edilirdi. İlk əvvəl yevangel imanı alman şəhərlərində və ayrı-ayrı knyazlıq torpaqlarında yayılır. 1530-cu ildə Auqsburq şəhərinin reyxstağında Martin Lüterin ən yaxın silahdaşı Filip Melanxton tərəfindən hazırlanmış və Martin Lüter tərəfindən bəyənilmiş yeni məzhəbin dini təlimlərini rəsmən formalaşdıran müddəalardan ibarət sənəd oxunur. Bu sənəd tarixə “Auqsburq məzhəbi” adlı sənəd kimi daxil olmuşdur. Belə bir sənədin ortaya çıxması Lüteranlığın katolisizmdən rəsmən ayrıldığını göstərirdi. Papanın yeni təlimi aradan qaldırmağa yönəlmiş bütün cəhdləri boşa çıxır. 25 sentyabr 1555-ci ildə Auqsburq şəhərində tərəflər arasında razılaşma əldə edilir. Bağlanmış müqavilə əsasında Lüteranlıq izin verilmiş, qanuni din elan edilir. Bu müqaviləyə Avropada dini dözümlülüklə bağlı qəbul olunmuş ilk sənəd kimi də baxmaq mümkündür.

Reformasiya hərəkatının düşmənləri Martin Lüterin tərəf­darlarını “lüteranlar”, hərəkatın tərəfdarları isə özlərini “məsihçilər” və “yevangelistlər” adlandırırdılar. Martin Lüter sağlığında yeni dini istiqamətin öz adı ilə adlandırılmasınının əleyhinə olmuşdur. Yalnız Reformasiya hərəkatının başlanmasından 100 il sonra, XVII əsrdə “lüteranlar” adı lüteranların özləri tərəfindən rəsmən qəbul edilmişdir.

Təşkilatı. Dünyada 75 mln. lüteran və 192 lüteran kilsəsi vardır. 59 kilsə Ümumdünya Lüteran Federasiyasına (ÜLF) daxil­dir. ÜLF lüteran kilsələrinin beynəlxalq təşkilatıdır. Onun qərargahı Cenevrə şəhərində yerləşmişdir. Lakin bu qurumun qərarları kilsələr üçün tövsiyə xarakteri daşıyır. Lüteranlar altı ölkədə əhali­nin böyük əksəriyyətini təşkil edir: İslandiya, Danimarka, Norveç, İsveç, Finlandiya və Estoniya. Rusiyada iki Lüteran kilsəsi fəaliyyət göstərir: Yevangelist – Lüteran kilsə (YLK) və İnqriya Yevangelist-Lüteran kilsəsi (İYLK). İnqriya şimal müharibəsi zamanı (XVIII əsr) Rusiyanın İsveçdən ayırdığı ərazidir. İndi İnqriyaya Sankt-Peterburq və onu əhatə edən ərazilər daxildir. Hazırda YLK öz sıralarında 120 min, İYLK isə 10 min nəfər mömini birləşdirir.

Azərbaycana Lüteranlıq XIX əsrin ortalarında daxil olmağa başlamışdır. Lüteranların ilk nəsli alman mənşəli mühacirlər olmuşdur. Alman məskənlərinin ləğv edilməsi ilə bu məzhəbin tərəfdarlarının sayı azalmışdır. Bakının mərkəzi küçələrinin birində vaxtilə Lüteran kilsəsi ucaldılmışdır ki, bu kilsə hazırda da möminlərin həftədə bir gün 2 saat ərzində xidmətindədir. Müasir Azərbaycanda məzhəbin rəsmi adı “Xilaskar Yevangelik-Lüteran kilsəsi” olub, Bakı və Sumqayıtda kiçik icmalar şəklində təmsil olunmuşlar.



Teoloji əsasları. Lüteranlığın teoloji əsasları bir neçə tarixi sənədə Martin Lüterin “95 tezis” (1517), “Qısa Katexizis”, “Böyük Katexizis”, “Şmalkalden məqalələri” və Filip Melanxtonun “Auqsburq məzhəbi” sənədinə (1530) əsaslanır. Lüteranlığın teoloji əsaslarını da pravoslavlıq və katolisizmdə olduğu kimi üç qata ayırmaq mümkündür. Birinci qat antik xristianlıq qatıdır. Bu qata antik xristianların formalaşdırdığı bütün doqquz əsas dini təlim daxildir:

  • Bibliya haqqında təlim;

  • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim (bu təlim pravoslavlıq və katolisizmdə olduğu kimi müqəddəslərə ehtiramın bir hissəsinə çevrilmişdir);

  • Ruh haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim.

Lakin qeyd etmək lazımdır ki, Lüteranlıqda axirət həyatı, ruhun neçənci gün Cənnət və ya Cəhənnəmə düşməsi haqda baxışlar pravoslavlıq və katolisizmdən fərqlənir. Pravoslavlar hesab edir ki, Allah bu qərarı insanın ölümündən 40 gün sonra qəbul edir, katoliklər bu qərarın həmin gün qəbul olunduğunu düşünürlər. Lüteranlıq təliminə görə Allah tərəfindən belə bir qərarın qəbul olunduğu vaxt insanlara məlum deyildir.

İkinci qat – katolik qatdır. Bu qatda yalnız iki dini təlim var­dır: birincisi, Müqəddəs Ruhun təkcə Allah-Atadan deyil, Allah -Oğuldan da nəşət etməsi; ikincisi, xaçın müqəddəsləşdirilməsi.

Üçüncü qat – xüsusi Lüteran qatdır. Lüteranlıq dini təlimində xüsusi qata o dini təlimlər daxil edilmişdir ki, onlar nə antik-xristianlıq (V əsr), nə də katolisizmdə yoxdur. Bu təlimlər lüteran din xadimləri, ilk növbədə Martin Lüter tərəfindən işlənmişdir. Lakin Martin Lüterdən başlayaraq, bizim günlərin ruhanilərinə kimi, lüteran din xadimləri lüteranlığa həvarilərin dini təliminə qayıdış kimi baxırlar.

Lüteranlığın xüsusi teoloji qatında 7 əsas dini təlim ayırmaq mümkündür:

ümumi ruhanilik haqqında təlim;


  • tək imanla bəraət qazanmaq haqqında təlim;;

  • dini təlimin yeganə mənbəyi haqqında təlim;

  • çörək və şərabdadma ayini haqqında təlim;

  • müqəddəslərə ehtiram haqqında təlim;

  • əlqoyma haqqında təlim.

Bu təlimlərin bəziləri (xüsusən də birinci dördü) sonralar yaranmış xristian məzhəbləri tərəfindən qəbul edilmişdir. Məhz bu məzhəblər protestant məzhəbləri adlandırılmışlar. Lakin həmin dini təlimlər xristianlığın inkişafı prosesində ilk dəfə məhz lüteranlar tərəfindən əsaslandırıldığına görə onlar Lüteranlığın xüsusi teoloji qatına aid edilmişlər.

Xüsusi qatın birinci beş təlimi pravoslavlıq və katolisizimdəki pravoslavlıq-katolik qatın beş təlimi ilə ziddiyyət təşkil edir. Bunları nəzərdən keçirək.



Ümumi ruhanilik haqqında təlim (xüsusi qat). Bu təlim ruhanilərin vasitəçiliyi haqda pravoslavlıq-katolik təlimi ilə ziddiyyət təşkil edir. Pravoslav-katolik təlimində, yuxarıda qeyd edildiyi kimi, əsas ideya ondan ibarətdir ki, ruhanilər və sıravi möminlər Allahla münasibətdə qeyri-bərabər vəziyyətdədirlər: ruhanilər ən yüksək – ruhaniyyət məqamında (yəni Allahla bilavasitə rabitədə), sıravi möminlər isə aşağı – qeyri-ruhaniyyət məqamdadırlar (yəni Allahla bilavasitə deyil, ruhanilərin vasitəçiliyi ilə rabitədədirlər).

Ümumi ruhanilik haqda Lüteran təliminin əsas ideyası odur ki, ruhanilər və sıravi möminlər Allahla bərabər hüquqlu rabitədədirlər, yəni hər ikisi ruhaniyyət məqamdadırlar. Bu səbəbdən, ruhani vəzifənin alınması ilə bağlı ayin lüteranlıqda, pravoslavlıq və katolisizmdə olduğu kimi “ruhanilik” adlanmır. Pravoslavlar və katoliklər hesab edirlər ki, ayin zamanı insan qeyri-ruhani məqamdan ruhani məqama qədəm qoyur. Lakin lüteranların əqidəsinə görə, istənilən mömin vəftizolunma anında ruhani məqama qədəm qoyur. Ona görə həmin ayini onlar “əlqoyma” (yepiskop əlini ruhani təbəqəyə qoşulmaq istəyən şəxsin başına qoyur) adlandırırlar.



Tək imanla bəraət qazanmaq haqqında təlim (xüsusi qat). Bu təlim xilasolmanın iki amili haqqında pravoslav-katolik təlimi ilə ziddiyyət təşkil edir. Pravoslav-katolik təlimə görə, Allaha inam və xeyirxah işlər xilasolmanın amilləridir. Bu zaman xeyirxah işlər içərisindən ruhani xeyirxah işlərə daha çox üstünlük verilir. Bunlar aşağıdakılardır: kilsə ibadətlərində, tövbə, priçaseniyada iştirak və s.

Xilasolmanın yeganə amili haqqında lüteran təliminin əsas ideyası ondan ibarətdir ki, insanları yeganə amil – Allaha inam xilas edir. Ona görə də Lüteran kilsə terminologiyasında “xilas­olmaya” sinonim kimi “bəraət qazanma” anlayışından istifadə olunur. Xilasolmanın yeganə amil olması ideyası, adətən, belə ifadə olunur: “insan tək imanla bəraət qazanır”. Bu anlayış xeyirxah işlərin görülməsini inkar etmir. Sadəcə, ona Allaha inamın zəruri davamı kimi baxılır, yəni Allaha həqiqi inam varsa, xeyirxah işlər özü-özlüyündə yaranacaqdır. İnsan həyatında xeyirxah işlərin olub – olmaması, onun ruhunda Allaha inamın olub-olmamasını göstərir. İnam özünü təkcə Allaha (məhəbbət, heyrət, qorxu və s.) və fövqəltəbii dünyaya (Cənnət həyatının intizarından doğan se­vinc, İblis və murdar ruhlara nifrət) yönəlmiş hisslərdə və ayinlərin səylə icrasında deyil, insanların xeyirxah işlərində də göstərir. Allaha inam dar mənada dərk ediləndə - o, Allaha inamın nəticəsidir, geniş mənada dərk ediləndə isə o Allaha inamın bir hissəsidir.



Dini təlimin yeganə mənbəyi haqqında təlim (xüsusi qat). Bu təlim dini təlimin iki mənbəyi haqqında pravoslavlıq-katolik təlimi ilə ziddiyyət təşkil edir. Həm pravoslavlıq, həm də katolisizimdə Bibliya və Müqəddəs Rəvayət xristian dini təliminin mənbəyi kimi götürülür. Lakin Lüteranlıq bu cür yanaşmanı inkar edir. Bu dini təlimə görə, Bibliyadan başqa dini təlimin başqa mənbələri yoxdur və ola da bilməz.

Sıravi möminlərin Bibliyaya münasibəti haqqında təlim (xüsusi qat). Bu təlim pravoslavlıq və katolisizmdəki eyni təlimlə ziddiyyət təşkil edir. XVI əsrdə Lüteranlıq yarananda həm pravoslavlıq, həm də katolisizmdə hələ də sıravi möminlərə Bibliyanı oxumaq və ona şərh vermək qadağan idi. Lüteranlığın təsiri altında hər iki məzhəb möminlərə Bibliyanı oxumaq icazəsini verməli olur. Lakin oxuduqlarını şərh etmək qadağası indi də qalmaqdadır. Lüteranlıq nəinki sıravi möminlərə Bibliyanı oxumaq icazəsini vermişdir, bunu onlara hətta vacibat etmişdir. Lüteranlıq möminlərə oxuduqları Bibliya mətnlərini şərh etmək hüququnu da vermişdir.

Müqəddəslərə ehtiram haqqında təlim (xüsusi qat). Bu təlim pravoslavlıq və katolisizmdəki eyni təlimlə ziddiyyət təşkil edir. Pravoslavlar və katoliklər hesab edir ki, müqəddəslərə ehtiram onların şərəfinə ucadılmış kilsə və taxtın adının çəkilməsi ilə bitməməlidir. Müqəddəslərə mütləq müraciət olunmalı, onların şəkilləri və ikonaları qarşısında şamlar yandırılmalıdır. Lüteranların əqidəsinə görə, müqəddəslərə ehtiram onların şərəfinə ucaldılmış məbədlərin adının çəkilməsi ilə bitməlidir. Dua və müraciətlər yalnız Allaha yönəlməlidir. İkonalara gəldikdə isə, lüteranlar onları qəbul etmirlər, yəni müqəddəslərin ikonalarını rədd edirlər.

Çörək və şərabdadma ayini (priçaşeniye) haqqında təlim (xüsusi qat). Pravoslavlıq və katolisizmdə priçaşeniya ayini bir-birindən fərqlənir. Lüteran təlimi onların hər ikisi ilə ziddiyyət təşkil edir. Lüteranlıq çörək və şərabın İsa Məsihin bədəninə və qanına çevrilməsi ideyasını inkar edir. Bu təlimə görə, çörək və şərabdadma ayinində İsa Məsihin yalnız iştirakından söhbət gedə bilər. Bununla belə, Lüteranlıq pravoslavlığın o təlimi ilə razıdır ki, sıravi möminlər və ruhanilər priçaşeniya məsələsində bərabərdirlər. Eyni zamanda katolisizmin o təlimi ilə razıdırlar ki, priçaşeniyada mayasız çörəkdən istifadə olunmalıdır. Priçaşeniya məshsürtmə ayinindən sonra 13-14 yaşından etibarən həyata keçirilməlidir.

Əlqoyma ayini haqqında təlim (xüsusi qat). Bu təlim XX əsrin ikinci yarısında yaranmışdır. Bu təlimin Lüteranlıqda mahiyyəti ondan ibarətdir ki, əlqoymanı tək kişilər deyil, qadınlar da həyata keçirə bilər. Lakin bu təlimlə bütün Lüteran kilsələri razı deyildir.
Baptizm
Tarixi məlumat. İlk baptist icmasının əsası 1609-cu ildə Hollandiyanın Amster­dam şəhərində İngiltərədən mühacirət etmiş kalvinistlər tərəfindən qoyulmuşdur. Baptist icmasını yaradan və onun ilk rəhbəri Con Smit olmuşdur. Üç il sonra, 1612-ci ildə İngiltərədə ikinci baptist icması yaradılır. Məhz İngiltərədə bu yeni məzhəbin dini təlimləri və ayinləri formalaşır. Məhz bu ölkədə onlar özlərini baptist (“baptist” yunan dilində “vəftiz edən”) adlandırmağa başla­mışlar. Yarandığı vaxtdan baptizmdə iki istiqamət fərqlənmişdir: ümumi baptistlər və xüsusi baptistlər. Onları bir-birindən “günah­lardan təmizlənmə” anlayışına münasibət ayırır. Ümumi baptistlər hesab edir ki, İsa Məsih bütün insanları, xüsusi baptistlər isə İsa Məsihin bəşəriyyətin yalnız seçilmiş hissəsini günahlardan təmizləmişdir.

Con Smitin icması ümumi baptistlərə aid idi. İlk xüsusi baptistlər icması 1638-ci ildə İngiltərənin Sosvork şəhərində, bir il sonra 1639-cu ildə ABŞ-da yaradılmışdır. XVIII əsrin sonlarından etibarən, bir sıra Avropa ölkələrində, xüsusən də ən iri baptist kilsəsinin təşəkkül tapdığı ABŞ-da, bu məzhəbin coşğun inkişafı başlayır.

Rusiyada ilk baptistlər icmasının əsası 1863-cü il Tiflis şəhərində mühacir almanlar tərəfindən qoyulur. Bu icma xüsusi baptistlərdən ibarət idi. XIX əsrin 60-cı illərində xüsusi baptist icmaları Cənubi və Şimali Qafqaz və Ukraynada yaranır. Həmin əsrin 70-ci illərinin sonunda Sankt-Peterburqda ümumi baptist icmasının əsası qoyulur. Ümumi baptistlər 1884-cü ildə “Rus baptistləri İttifaqında”, xüsusi baptistlər isə 1909-cu ildə “Yevangel xristianları İttifaqında” birləşirlər. 1944-cü ilin oktyabrında SSRİ daxilində bütün baptist və yevangel xristian­lar vahid qurumda “Yevangel xristian-baptistlər İttifaqı”nda (YXB) birləşirlər. “Günahlardan təmizlənmə” məsələsində yevangel xristianlar və baptistlər arasında bir müddət anlayış fərqi qorunub saxlanılır. Lakin sonralar bütün icmalar İsa Məshin günahı ümumi təmizləməsi fikrinə gəlirlər. Bu müddəa yevangel xristian baptistlərin 43-cü qurultayında (1985) öz ümumi təsdiqini tapır.

Təşkilatı. Baptistlər ən böyük protestant məzhəbidir. Təqribi hesablamalara görə dünyada baptistlərin ümumi sayı 100 milyon nəfərə qədərdir. Baptist icmalarının 80%-i Amerika Birləşmiş Ştatlarındadır. Dünya üzrə əksər milli baptist kilsə­ləri “Baptistlərin ümumdünya İttifaqında” birləşmişdir. İttifa­qın mərkəzi – Ümumdünya Şurası – Vaşinqtonda yerləş­mişdir. Ümumdünya Şurasının qərarları tövsiyə xarakteri daşıyır. Ona görə də bütün milli baptist dini təşkilatları tam müstəqil hesab olunurlar.

SSRİ –nin dağılması ilə YXB İttifaqı öz fəaliyyətini dayandırmışdır. Lakin 1996-cı ildə 10 ölkənin – Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Orta Asiyanın baptist kilsələri “Yevangel xristian – baptistlər İttifaqının Avro-Asiya Federasiyasında” birləşirlər.

Azərbaycana baptist məzhəbi “Yevangel xristian baptist icması” və müxtəlif adda başqa icmalarla təmsil olunmuşdur.

Teoloji əsasları. Baptist dini təlimində teoloji qatların sayı üçdür. Birinci qat antik dövrün xristianları tərəfindən formalaşdırılmış qatdır. Bu qata daxildir:


  • Bibliya haqqında təlim;

  • Fövqəltəbiii qüvvələr (Üçlük, mələklər, şeytanlar – murdar ruhlar) haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim;

  • Ruh haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim.

Baptist dini təlimində ikinci teoloji qat protestantlıq (lüteranlıq) qatıdır. Bu qatda lüteranlıqdan dörd təlim qalmışdır:

  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

Üçuncü qat spesifik, baptistlərə məxsus qatdır ki, bura baptistlərə məxsus üç dini təlim daxildir:

  • vəftiz haqqında təlim;

  • Allah haqqında təlim;

  • çörəkbölmə haqqında təlim.

Vəftiz haqqında təlim (xüsusi qat). Bu təlimin əsas ideyası vəftiz olunmanın üç vacib şərtindən ibarətdir:

Birinci vacib şərt, uşaqların vəftiz olunması qəbul edilmir. Yalnız yaşlılar vəftiz oluna bilərlər. Bəzi ölkələrdə bu 18 yaş, Rusiya və Azərbaycanda 16 yaşdan götürülür.

İkinci vacib şərt, yalnız könüllü razılıq vermiş şəxs, vəftiz oluna bilər. Bu şərti baptistlər “imanın şüurlu qəbulu” adlandırırlar.

Üçüncü vacib şərt, vəftiz olunmaqdan ötrü şəxsin imanlı olmasıdır. Çünki vəftiz imanlı olmayan şəxsi möminə çevirmir. Vəftiz olunmaqdan ötrü öncədən imanlı olmaq gərəkdir. Vəftiz həm də möminin dini təşkilata, yəni icmaya rəsmən qəbul edilməsi deməkdir.

Vəftiz ya təbii su mənbələrində (göl, çay, su anbarı), ya da xüsusi hovuzlarda həyata keçirilə bilər. Vəftiz olunan adamın bədəni bütünlüklə suyun altına salınır, sonra sudan çıxardılır. Bunun rəmzi mənası odur ki, o indiyə qədər özü üçün yaşadığı həyatının üstündən suyun içinə bütünlüklə girməklə xətt çəkir. Bu həm də Məsihin çarmıxa çəkilməsinin, öldürülməsinin, basdırıl­masının və təzədən dirilməsinin rəmzidir.

Allah haqqında təlim (xüsusi qat). Allah haqqında xüsusi baptist təlimi Üçlük haqqında ümumxristian təliminə əlavədir. Üçlüyü qəbul edən bütün xristianlar, eyni zamanda üç mahiyyətli Allahın ruh və Hər yerdə Var olmasını da qəbul edirlər. Lakin baptistlər bu iki xassəni başqa xristian məzhəblərindən fərqli şəkildə izah edirlər. Pravoslav, katolik, lüteran və digər xristian məzhəblərindən fərqli olaraq, baptistlər hesab edir ki, Allah-Ata yalnız ruhani mahiyyətə malikdir və O, insanlara heç vaxt insan qiyafəsində görünməyib. Allah-Oğulu (insan qiyafəsində) və Allah-Müqəddəs Ruhu (göyərçin qiyafəsində) fiziki bədəndə təsvir etməyin mümkünlüyünü inkar etməyən baptistlər Allah-Atanın is­tənilən təsvirinə qəti şəkildə etiraz edirlər. Pravoslavlar və kato­liklərdə Allah-Atanın ikonalarda təsviri verilirsə, baptist kilsə­lərində və dini kitablarda bu cür təsvirləri görmək mümkün deyildir.

Başqa dini məzhəblərdə Allah ruhani mahiyyət kimi qəbul edilsə də müəyyən məkana bağlı kimi təsvir edilir, lakin baptistlərə görə Allah hər yerdədir, yəni Hər yerdə Varolandır.



Çörəkbölmə haqqında təlim (xüsusi qat). Baptistlər çörək və çaxırdadma ayinini həm “Rəbbin Axşamı”, həm də “çörəkbölmə” adlandırırlar. Lakin şifahi ünsiyyətdə onlar çox vaxt “çörəkbölmə” terminindən də istifadə edirlər.

Matta Müjdəsi 26-cı fəsildə İsa Məsihin həvariləri birgə keçirdiyi vida şam məclisindən söhbət açılır. Həmin fəsildə bir hadisə var ki, xristian məzhəbləri onu müxtəlif cür yozurlar. “Onlar yemək yedikləri vaxt, İsa çörək götürdü, şükran duası edib onu parçaladı, şagirdlərə verib dedi:Alın yeyin. Bu Mənim bədə­nimdir. Bir kasa götürüb şükr etdi və onlara verərək dedi: “Bun­dan hamınız için, çünki bu, Mənim qanım, günahların bağış­lanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır” (Matta, 26, 26-28). Luka Müjdəsində İsa Məsihin sözlərinə çox əhəmiyyətli əlavələr vardır. Əvvəlcə içində şərab olan kasanı, sonra çörəyi həvarilərinə uzadaraq, O, buyurur “...bunu, Məni yada salmaq üçün edin..” (Luka 22:19).

Bütün xristianlar Luka Müjdəsindəki sözlərə çörək və şərabdadma ayinin keçirilməsinə göstəriş kimi qəbul edirlər. Lakin Məsihin, “çörək – Onun bədəni, şərab Onun qanıdır” sözlərini necə anlamaq olar? Pravoslavlara və katoliklərə görə bu sözlər “çevrilməyə” işarədir, yəni ayin zamanı çörək Məsihin bədəninə, şərab isə Məsihin Qanına çevrilir. Lüteranlara görə isə bu sözlər “iştiraketməni” göstərir, yəni ayin zamanı çörəkdə Məsihin bədəni, şərabda Məsihin qanı iştirak edir.

Baptistlərin irəli sürdüyü üçüncü versiyada isə “yadasalma” ideyası irəli sürülür, yəni çörəyi dadarkən möminlər Məsihin bədənini, şərabı dadarkən Məsihin qanını xatırlamalıdırlar. Baptistlər çörəkbölmə ayinini ildə 13 dəfə, hər ayın birinci həftəsi və pasxa ərəfəsi çümə axşamları icra edirlər.


Yeddinci günün adventistləri
Tarixi məlumat. Adventizm XIX əsrin 30-40-cı illərində ABŞ –da yaran­mışdır. O, baptizmdən ilk iri ayrılma hesab olunur. Adventizmin banisi keçmiş baptist keşişi Vilyam Miller (1782-1849) Bibliya­nın tədqiqi əsasında 1831-ci ildə belə bir nəticəyə gəlir ki, İsa Məsihin ikinci zühuru və Dünyanın Sonu tezliklə baş verəcəkdir. O bildirirdi ki, özü ilə bacarmır və səmadan gələn səs ona rahatlıq vermir. O səs deyir: “get və dünyaya çatdır”. 1832-ci ildə o yaz­mışdır: “ Bu haqda dəlillər hər tərəfdən daxil olur...Budur Xilaskar gəlməkdədir!” Bundan əlavə, o hesab edirdi ki, İsa Məsihin zühuru və Dünyanın Sonu hadisəsi, konkret vaxtda, yəni 21 mart 1843-cü ildə baş verməlidir. Vilyam Miller araşdırmalar nəticəsində gəldiyi nəticəni 1831-ci ilin yayında Nyu-York ştatının Aşağı Xempton şəhərciyində baptistlərin toplantısında bəyan edir. Lakin vaxtın tamam olması və zühurun baş verməməsi Vilyam Millerin ardıcılları arasında narahatçılığa səbəb olur.

Bundan sonra Vilyam Millerin sədaqətli ardıcıllarından biri Yelena Uayt (1827-1915) möminlərə (dünyanın bütün adventistləri onu gələcəkdən xəbər verən dahi öncəgörən hesab edir) izah edir ki, Vilyam Miller əsas məsələdə haqlıdır, yəni İsa Məsih tezliklə gələcək, lakin o, ikinci dərəcəli məsələdə yanılmışdır, - insanlar Onun ikinci zühurunun vaxtını bilə bilməzlər. Keşiş Ceyms Uaytın həyat yoldaşı olan Yelena Uayt din xadimi deyildi. Lakin bununla belə, XIX əsrin 40-cı illərinin adventistləri Onu özlərinin qeyd-şərtsiz ruhani rəhbəri hesab edirdilər.Yelena Uayt ardıcıllarına Allahdan aldığı görmələr vasitəsilə ruhani həqiqətlər aşkarladığını söyləyir və Öz görmələrini çoxsaylı əsərlərində təsvir edirdi. Onun görmələri adventistlər tərəfindən Bibliyanın həqiqi şərhinə rəhbərlik kimi qəbul edilirdi. Y.Uayt bu ruhani vergi ilə 1844-cü ildən 1915-ci ilə kimi 70 il ərzində xidmət etmiş, Onun vasitəsilə Allahdan 2000-ə qədər görmələr alınmışdır. Y.Uayt 80 kitabın, 200 traktat və kitabçanın, 4600 məqalənin müəllifidir.

1863-cü ildə Betl-Krik şəhərində ABŞ adventistlərinin birinci qurultayı keçirilir. Həmin qurultayda onlar öz məzhəblərinin adını-“Yeddinci günün adventistləri” (YGA) adını, nizamnaməsini, ehkamlarını qəbul edirlər. “Yeddinci günün adventistləri” adı ad­ventistlərin həftənin şənbə adlanan yeddinci gününə xüsusi əhəmiyyət verməsini özündə əks etdirirdi. Qurultay başa çatdıqdan sonra ABŞ adventistləri öz təlimlərini dünya xalqlarına çatdır­maqdan ötrü Avropa, Asiya və Afrika ölkələrinə müəllimlər göndərirlər.

Rusiyada YGA birinci icması Berdebulat (Krım) kəndində 1886-cı il iyulun axırında təşkil olunur. Bu icmanın təşkilatçıları Lui Konradi (ABŞ-dan gəlmiş keşiş) və Qerxard Perk (alman mənşəli Rusiya vətəndaşı) idi. Azərbaycan ərazisində də ilk adventist icması XIX əsrin sonlarında yaranmışdır. Bu icmanın da 1886-cı ildə yaradıldığı güman edilir.



Təşkilatı. Yeddinci günün adventistləri, katoliklər və yahova şahidləri kimi təşkilatı baxımdan dünya miqyasında birləşmişlər. Onların Beynəlxalq təşkilatı “Yeddinci Gün Adventistlərinin Ümumdünya Kilsəsi”, onun mərkəzi isə Yeddinci Gün Adventist­lərinin Baş Konfransı adlanır. Güman edilir ki, dünyada 13 milyon nəfərə qədər adventist vardır. Adventist icmaları 206 ölkədə mövcuddur. Adventistlər 4598 ibtidai, 1153 orta məktəbə, 95 kollec və universitetə, həmçinin 3283 radiostansiyaya və 1681 telekanala nəzarət edirlər.

Adventist icmaları keçmiş SSRİ ərazisində 1933-1947 və 1960-1985-ci illər ərzində təşkilatlanmamış şəkildə fəaliyyət göstərmişlər. Buna səbəb sovet hakimiyyətinin qoyduğu qadağalar idi. Yalnız 1985-ci ildə Adventistlərin Tula konfransında ölkə müqyasında məzhəbin Ali qurumu formalaşdırılır. Yeddinci Gün adventistlərinin 1990-cı ildə keçirilən Beynəlxalq qurultayında SSRİ YGA kilsəsinə dünya divizionu statusu verilir. Sovet divi­zionu o zaman beş uniondan ibarət idi: Rusiya, Baltikyanı, Ukrayna, Moldova və Cənub. SSRİ dağıldıqdan sonra YGA təşkilatında dəyişikliklər baş verdi. Belə ki, 1994-cü ildən Rusiyada iki union təşkil edilib: Qərbi-Rusiya və Şərqi-Rusiya. Hər iki union Avro-Aziya diviziona daxildir. Bu divizionun tərkibində Ukrayna, Moldovo və həmçinin Belarus və Cənubi Qafqaz (o cümlədən Azərbaycan) missiyaları da vardır. Missiya uniondan onunla fərq­lənir ki, onun rəhbərliyi seçilmir, təyin edilir. Güman edilir ki, Rusiyada adventistlərin sayı 60 min nəfər, Azərbaycanda isə təqribən 600 nəfərdir. Respublikamızda yeddinci günün adven­tistləri Bakı, Gəncə, Naxçıvan məntəqələrində icma və kiçik qruplar şəklində təmsil olunmuşlar.



Teoloji əsasları. Adventist dini təliminin əsas müddəalarını üç teoloji qata bölmək mümkündür. Birinci teoloji qata – adventistləri başqa xristian məzhəbləri ilə birləşdirən antik xristian qata aşağıdakı təlimlər daxildir:

  • Bibliya haqqında təlim;

  • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, murdar ruhlar) haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim.

Qeyd edək ki, fövqəltəbii varlıqlar haqqında təlimdə, təşəkkül tapmış ənənəyə uyğun olaraq, adventistlər İblisin xidmətçilərini ifadə etməkdən ötrü nadir hallarda “şeytan”, “murdar ruh” anlayışlarından istifadə edirlər, onlar tərəfindən çox vaxt “yıxılmış mələklər”, “İblisin mələkləri” və s. ifadələrdən istifadə olunur.

Adventislər təlimində ikinci qat protestantlıq qatıdır. Bu qat onları digər protestant məzhəbləri ilə birləşdirir. Bu qata aşağıdakı təlimlər daxildir:



  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

Üçüncü qat xüsusi adventist təlimlərindən ibarət qatdır. Bu qata daxil olan təlimlər Vilyam Miller, Yelena Uayt və digər tanınmış adventist din xadimləri tərəfindən işlənmişdir. Bu təlimlərin ümumi sayı yeddidir:

  • İsa Məsihin ikinci gəlişi (zühuru) haqqında təlim;

  • vəftiz haqqında təlim;

  • ruh haqqında təlim;

  • axirət həyatı haqqında təlim;

  • şənbə haqqında təlim;

  • sanitar islahatı haqqında təlim;

  • Rəbbin süfrəsi haqqında təlim;

  • İctimai xidmət haqqında təlim.

İsa Məsihin ikinci gəlişi (zühuru) haqqında təlim (xüsusi qat). Başqa xristian məzhəblərindən fərqli olaraq, adventizmdə İsa Məsihin ikinci gəlişi və ya zühuru haqqında fərqli baxışlar vardır. Pravoslav, katolik, lüteran və başqa xristian məzhəbləri hesab edir ki, İkinci Zühurun baş verəcəyi zaman bəlli deyil, nəinki Gəlişin baş verəcəyi il, ay gün və ya saat. Onun hətta tezliklə və ya milyon ildən sonra baş verəcəyi insanlar üçün Allahın yanında saxlanılan sirrdir. Adventistlər İsa Məsihin gəlişinin baş verəcəyi gün və saatın insanlar üçün qapalı olması fikri ilə razılaşsalar da, onlar əmindirlər ki, insan cəmiyyəti özünün “son günlərini”, yəni “axır-zamanı” yaşamaqdadır. Dün­yada baş verən proseslər bəşəriyyətin son günlərinə yaxın­laşmasından xəbər verir. Başqa sözlə, adventistlərin əqidəsincə, İsa Məsihin İkinci Zühuru tezliklə baş verməlidir. Təlimin xüsusiyyətindən irəli gələrək, məzhəbin adının birinci hissəsi yaranmışdır. “Adventus” latınca “Zühur” deməkdir.

Vəftiz haqqında təlim (xüsusi qat). Bu təlim bir çox cəhətlərinə görə baptizm təlimi ilə üst-üstə düşür: 1) iman şüurlu şəkildə qəbul edilməlidir; 2) yalnız mömin şəxs vəftiz oluna bilər; 3) vəftiz suya tam batırılmaqla həyata keçirilir. Lakin baptistlər vəftiz üçün yaş həddini 16 -18 yaşından götürürlərsə, adventistlər yeniyetmələrin (12 yaşından) vəftiz olunmasını mümkün hesab edirlər. Bu xüsusiyyət bu təlimi xüsusi adventist qatı kimi ayırmağa imkan verir. Baptistlərdə olduğu kimi, burada da vəftizi həyata keçirməkdən ötrü təbii su mənbələrindən və ya bundan ötrü xüsusi hovuzlardan istifadə olunur.

Ruh haqqında təlim (xüsusi qat). Bu təlim bir çox xristian məzhəblərində ruh haqqında mövcud təlimə alternativdir. Əgər pravoslavlıq, katolisizm, lüteranlıq, baptizm və digər məzhəb­lərdə ruh bədəndən ayrı sərbəst substansiya hesab olunursa, adventistlər əmindirlər ki, ruh bədəndən asılıdır və bədənsiz mövcud ola bilməz. Əgər başqa məzhəblərdə ruh ölməz hesab olunursa, adventistlər inanırlar ki, bədənlə birgə ruh da ölür. Ruh və bədən Dirilmə Günü bir vaxtda diriləcəklər.

Axirət həyatı haqqında təlim (xüsusi qat). Adventizmdə axirət həyatı haqqında təlim digər xristian məzhəblərinin analoji təlimindən kəskin şəkildə fərqlənir və özünün orjinallığı ilə seçilir. Onu dörd hissəyə bölmək olar:

Təlimin birinci hissəsində söhbət axirət həyatının baş­lanma vaxtından gedir. Başqa xristian məzhəblərində axirət həyatının Adəm və Həvvanın oğlu Avelin (Habilin) ölümü ilə başladığını düşünürlər. Avel (Habil) ilk bəşər övladıdır ki, ölmüş (qardaşı tərəfindən öldürülmüş) və ruhunu Allaha təslim etmişdir (yəni ruhu bədənindən ayrılmışdır). Adventizm təliminə görə axirət həyatı yalnız İsa Məsihin ikinci zühuru ilə başlayacaqdır.

Təlimin ikinci hissəsində söhbət axirət həyatının hissə­lərindən gedir. Əksər xristianlar (pravoslavlar, lüteranlar, bap­tistlər, əllincilər və s.) əmindirlər ki, axirət həyatı iki hissəyə bölünür: Cənnət və Cəhənnəm. Katoliklərin əqidəsinə görə bu iki hissə arasında hətta üçüncü hissə, Məhşər (Əraf) deyilən hissə də vardır. Adventistlərə görə axirət həyatında yalnız Cənnət vardır. “Cəhənnəm”ə gəldikdə bu sözün mənası ivrit dilində “şeol” və ya yunanca “qades” , qəbir deməkdir. Lakin bu o demək deyildir ki, Allah hamını Cənnətdə yerləş­dirəcəkdir. Əlbəttə, Allah günahkarları cəzalandıracaqdır. Əgər Cəhənnəm yoxdursa, bu cəzalandırma necə baş verəcək? Bu sualın cavabı təlimin dördüncü hissəsindədir.

Təlimin üçüncü hissəsində söhbət möminləri gözləyən mükafatdan gedir. İsa Məsihin İkinci zühuru zamanı əvvəlki zamanlarda ölmüş möminlər dirildiləcək, Məsihin yolunu göz­ləyən dirilər isə ölümdən azad ediləcək. Əvvəlcə bütün mö­minlər səmaya qaldırılacaq və onlar orada min il ərzində Səma Cənnətində xoşbəxtlik içində olacaqlar. Sonra cənnət xoş­bəxtliyi Yerdə - Yer Cənnətində əbədi davam edəcək.



Təlimin dördüncü hissəsində İblis, onun mələkləri və islah olunmaz günahkarları gözləyən cəzadan söhbət açılır. Onlar əvvəlcə min il ərzində boş və kimsəsiz Yerdə məhbus ediləcək, sonra isə məhv ediləcəklər. İsa Məsihin ikinci zühuruna kimi ölmüş günahkarlar ayağa qaldırılmayacaqlar, qalan günahkarlar isə zühur anında öləcəklər. Min ildən sonra bütün günahkarlar dirildiləcək və onlara əbədi həyata layiq olmadıqları elan ediləcək. Onlar ikinci dəfə, lakin bu dəfə əbədi olaraq öləcəklər.

Şənbə haqqında təlim (xüsusi qat). Adventist təliminə görə şənbə Allahla ünsiyyət günüdür. Həmin gün işləmək Al­lah qarşısında böyük günah hesab olunur. Bu qat adventist təlimini Yəhudi təliminə yaxınlaşdırır. Başqa xristian məzhəb­lərində bu qat yoxdur.

Sanitar islahatı haqqında təlim (xüsusi qat). Bu təlimi Yelena Uayt işləmişdir. Bu təlim çərçivəsində adventistlərə fəal fiziki işlə məşğul olmaq, təmiz havada olmaq, tez-tez yuyunmaq, narkotik maddələrdən, tütün və alkoqollu içkilərdən istifadə etməmək tövsiyə olunur, qəhvə, pulcuqsuz balıq və donuz ətindən istifadəyə icazə verilmir. Dindarlardan bir desyatin torpaq sahəsi (və ya gəlirlərinin onda birini kilsənin xeyrinə) ayırmaq və faydalı əmək fəaliyyəti ilə məşğul olmaq tələb olunur.

Rəbbin süfrəsi haqqında təlim (xüsusi qat). Bu xüsusi ayin olub, bəzi xristian məzhəbləri onu “priçaşeniye”, bəziləri isə “çörəkbölmə” adlandırırlar. Bu ayinin əsas ideyası, yeddinci günün adventistlərində, baptistlərdə olduğu kimi, yada salmadır. Bununla belə adventistlərdə bu ayinin keçirilməsinin özünəməxsus cəhətləri vardır: birincisi, adventistlər şərab yerinə üzüm şirəsindən istifadə edirlər; ikincisi, adventistlərdə çörək və şirədadma mərasimi baptistlərdə olduğu kimi ildə 13 dəfə deyil, 4 dəfə həyata keçirilir; üçüncüsü, adventistlərdə çörək və şirədadma ayinindən əvvəl ayaqlar yuyulur. Bəzən möminlər ehtiram və məhəbbət ifadəsi olaraq bir birilərinin ayaqlarını yuyurlar.

İctimai xidmət haqqında təlim. Digər xristian məzhəbləri kimi adventistlər də ictimai xidmətə böyük diqqət yetirirlər. Bu özünü iki istiqamətdə göstərir: birincisi, xeyriyyəçilikdə (kimsəsizlərə yardım göstərilməsi, pulsuz yeməkxanaların və xəstəxanaların təşkili və s). Hazırda planet üzrə adventistlərin nəzarəti altında 7 tibbi mərkəz, 700 xəstəxana və klinika fəa­liyyət göstərir; ikincisi, dünyanın bir çox ölkələrində adven­tistlər, kənd təsərrüfatı fermaları, kooperativlər, kənd təsərrüfatı mütəxəssislərini hazırlamaqdan ötrü kurslar təşkil etməklə yaşadıqları ölkələrin ərzaq problemlərinə kömək etməyə çalışırlar.

Əllincilər
Əllincilər” termini altında bir sıra xristian dini təriqətləri an­laşılır. Bu təriqətlər arasında bəzən kəskin fərqlərin olmasına baxma­ya­raq, onları bir ümumi inam birləşdirir ki, “hər bir mömin su ilə vəftiz olunmaqla yanaşı, Müqəddəs Ruhla da vəftiz olmalıdır”. Bu da həmin təriqətləri “əllincilər” xristian dini məzhəbində birləşdirməyə imkan verir.Məzhəbin möminləri özlərini “Pentikostçular” adlandırırlar, bu da yunan dilindən tərcümədə “Əllinci gün” deməkdir.

Tarixi məlumat. Əllincilik XIX əsrin sonlarında ABŞ-da baptizm daxilində ikinci böyük ayrılma nəticəsində yaranmışdır (yada salaq ki, baptizm daxilində birinci parçalanmadan adventizm ortaya çıxmışdır). Tenessi ştatında 1896-cı ildə keşiş Spellinqin başçılıq etdiyi baptist icmalarının birində sürəkli və gərgin dualardan sonra möminlər, özlərinə də məlum olmayan dildə, anlaşılmayan sözlər söyləyirlər. Onlar bunu Müqədəs Ruhla vəftizin möcüzəsi kimi qəbul edirlər. Çünki oxşar hadisə İsa Məsihin həvariləri ilə yəhudilərin “əllinci gün” bayramında baş vermişdi. Yəhudilər həmin gün Tövrətin Musa peyğəmbərə nazil olmasının ildönümünü qeyd edirlər. Həvarilərin möcüzəsi baş verən zaman yəhudilərin əllinci günü ilə Məsihin dirilməsindən keçən əllinci gün üst-üstə düşübmüş. İncildə bu hadisə aşağıdakı kimi təsvir olunmuşdur:

PENTİKOST günü gəldikdə, onların hamısı bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi göydən bir səs gəldi və oturduqları evin hər tərəfini doldurdu. Və atəşdənmiş kimi bölünən dillər onlara görünüb hər birinin üzərinə qondular. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq başqa-başqa dillərdə danışmağa başladılar” (Həvarilərin əməlləri, 2:1-4)

Spellinqin icmasındakı “möcüzə” xəbəri ölkəyə yayılır və əllincilər hərəkatının əsasını qoyur. Əllinciliyin tarixi formal olaraq 1 yanvar 1901-ci ildən başlayır. Həmin gün Tonekedəki (Kanzas) Bibliya məktəbində dua məclislərinin birində keşiş Parxemin şagirdlərindən biri Aqnessa Ozman “üçüncü xeyir- duanı” alaraq, çin dilində danışmağa başlayır. Aqnessanın ardınca məktəbin qalan şagirdləri də “xarici dillərdə” danışmağa başlayırlar. Bu hadisədən sonra Parxem öz şagirdləri ilə birlikdə ABŞ-ın cənub ştatlarında əllinciliyi təbliğ etməyə başlayır. Parxemin şagirdlərindən biri qara dərili C.Seymur Los-Ancelesdə üç il ərzində fasiləsiz dua məc­lisləri təşkil edərək, minlərlə insanı hərəkata cəlb edir. Bu insanların çoxu təkcə ABŞ-da deyil, Skandinaviya ölkələrində, İngiltərə, Hindistan və Çilidə əllincilər kilsələrini yaradırlar.

Keçmiş SSRİ ərazisində ilk əllincilər icması 1921-ci ildə İ.Y.Voronayev tərəfindən Odessa şəhərində yaradılıb. Sonrakı illər bütün ölkə ərazisində belə icmaların əsası qoyulur. XX əsrin 30-cu illərində ölkə miqyasında dini icmalara qarşı təqib kampaniyası əllinciləri də qeyri-leqal fəaliyyətə keçməyə məcbur edir. 1944-cü ildə əllincilər və baptist icmaları “yevangelist məsihçiləri-baptistlər İttifaqında” birləşirlər. Əllincilər icmalarının baptist birliklərinə daxil olması onlara leqal fəaliyyət göstərmək imkanı yaradır. 1990-cı ildə sərt sovet rejiminin zəifləməsi və dini icmaların açıq fəaliyyətinə icazə verilməsi əllincilərə baptist birliklərindən çıxmaq və sərbəst fəaliyyət göstərmək imkanı verir.



Təşkilatı. Təqribi hesablamalara görə hazırda dünyada əllincilərin ümumi sayı 55 milyondur. Əllincilər mütəmadi olaraq hər 2-3 ildən bir beynəlxalq konfranslarını keçirirlər. Əllincilərin vahid mərkəzi yoxdur və onlar çoxlu qrup və cərəyanlara bölün­müşlər. Bunlardan ən böyükləri ABŞ-dadır (“Allah kilsəsi”, “Allahın məclisi”, “Birləşmiş əllincilər kilsəsi” və s.). Ayrı-ayrı öl­kələrdə əllincilər icmaları ittifaqlarda birləşmişlər. Məsələn, Rusiyada əllincilərin iki ittifaqı mövcuddur: “Rusiya yevangelist-əllinci məsihçilərin Rusiya İttifaqı” və “Yevangelist-əllinci məsihçilərin Rusiya İttifaqı”. Hər bir İttifaqa 1000 icma daxildir.

Azərbaycanda da əllincilər müxtəlif adlar altında yaradılmış icmalarda birləşmişlər. Onlardan ən tanınmışları “Şərqdə ulduz”, “Nehemiya”, “Mədh kilsəsi”, “Yeni həyat”, “Diri daşlar”, “Rəbbin cəmiyyəti”dir.



Teoloji əsasları. Əllincilərin dini təlimində dörd teoloji qat müşahidə edilir. Birinci qat – antik xristian qatıdır. Bu qatda antik dövr xristianlarının formalaşdırdığı bütün doqquz dini təlim vardır. Bunlar aşağıdakılardır:

  • Bibliya haqqında təlim;

  • Fövqəltəbii varlıqlar (Üçlük, mələklər, şeytanlar) haqqında təlim;

  • Peyğəmbərlər haqqında təlim;

  • Ruh haqqında təlim;

  • Axirət həyatı haqqında təlim;

  • İsa Məsihin təbiəti haqqında təlim;

  • İsa Məsihin birinci gəlişi haqqında təlim;

  • İsa Məsihin ikinci gəlişi haqqında təlim;

  • Günahların satın alınması haqqında təlim.

Əllincilik təlimində ikinci qat – protestantlıq (lüteranlıq) qatıdır. Bu qatda lüteranlıqdan qalma dörd dini təlim vardır:

  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi və onu şərh etmək hüququ haqqında təlim.

Üçüncü qat baptist qatıdır ki, ora baptistlərə məxsus üç dini təlim daxil olmuşdur:

  • vəftiz haqqında təlim;

  • Allah haqqında təlim;

  • Çörəkbölmə haqqında təlim.

Buradan görünür ki, baptistlərə məxsus bütün dini təlimlər əllincilərdə də vardır. Lakin əllincilərdə digər protestant cərəyan­larında müşahidə edilməyən, yalnız onlara məxsus olan iki təlim vardır. Bu təlim əllincilikdə xüsusi teoloji qat əmələ gətirir. Bunlar aşağıdakılardır:

  • Müqəddəs Ruhun bədənə daxil olması haqqında təlim;

  • Müqəddəs Ruhun ənamları haqqında təlim.

Müqəddəs Ruhun bədənə daxil olması haqqında təlim (xüsusi qat). Müqəddəs Ruhun bədənə daxil olması haqqında təlimin əsas ideyası aşağıdakılardan ibarətdir: hər bir mömin öz bədəninə Müqəddəs Ruhu daxil edə bilər və etməlidir. Bundan ötrü o, sadəcə əllinci gün İsa Məsihin həvariləri etdiyi kimi şövq və inadla dualar oxumalıdır. Müqəddəs Ruhun həyatda ilk dəfə bədənə daxil olmasını əllincilər Müqəddəs Ruhla vəftiz olunma adlandırırlar. Beləliklə, əllincilər hesab edir ki, möminlər öz xilaslarından ötrü iki cür vəftizdən – su vəftizindən (onu Yəhya vəftizi də adlandırırlar) və Müqəddəs Ruhla vəftiz olunmadan keçməlidirlər. Su vəftizi gününü (iman gətirdiyi gün) insanlar, Müqəddəs Ruhla vəftizin gün və anını Allah müəyyən edir. İnsanlar isə inadla dualar oxumalı və Müqəddəs Ruhdan onlara daxil olmalarını xahiş etməlidirlər. Müqəddəs Ruhla vəftiz fərdin xilasından ötrü vacib ayinlərdən biri hesab olunur. Ona görə də əllincilərin dini baxışlarına görə Müqəddəs Ruhun həyatda azı bir dəfə insana daxil olması xilasolmanın əsas şərtidir. Lakin mömin Müqəddəs Ruhun onun bədəninə daxil olub və ya olmadığını necə müəyyən edə bilər? Bu suala əllincilərə məxsus ikinci xüsusi təlim cavab verir.

Müqəddəs Ruhun ənamları haqqında təlim (xüsusi qat). Bu təlimin əsas ideyasına görə, möminin bədəninə daxil olmuş Müqəddəs Ruh öz ənamlarını onun bədəninə qoyur. Bu ənam­lar eyni zamanda Müqəddəs Ruhun bədənə daxil olmasına sübut kimi qiymətləndirilir. Bu ənamlar aşağıdakılardır (I.Korinflilərə 12:8-10):

  • hikmət və bilik;

  • iman;

  • şəfavericilik;

  • möcüzələr yaratmaq məharəti;

  • peyğəmbərlik;

  • ruhları ayırd etmək məharəti;

  • müxtəlif dillərdə danışmaq;

  • dilləri izah etmək məharəti.

Bu ənamlar içərisində başqa dillərdə danışmaq (qlos­solaliya) daha əhəmiyyətlisi (arzuolunanı) hesab olunur. Başqa dillərdə danışmaq dedikdə nə anlaşılır? Əllincilərin nəzərincə, bu Yerdə analoqu olmayan və yalnız Allahla söhbət etməkdən ötrü bir neçə saat gərgin və inadlı duaların nəticəsi kimi möminin qeyri-ixtiyari çıxardığı səslər Allahın ona verdiyi möcüzəli psixi vəziyyətdir. Möminin ekstaz halında danışdıq­larının Yerdəki hansısa dillərə uyğun olması fikirləri də vardır.

Müqəddəs Ruhun möminin bədəninə qoyduğu əhə­miyyətli ənamlardan biri də peyğəmbərlikdir. “Peyğəmbərlik” adı altında ilk növbədə gələcəkdən xəbərvermə qabiliyyəti anlaşılır. Lakin bununla onun qabiliyyəti bitmir. Bu ənamı almış kəs keçmiş və indiki dövrün hadisələrini izah edir, insanların gizli qüsurlarını üzə çıxarır.

Şəfavericilik ənamı almış mömin o kəsdir ki, dərman və digər müalicə üsullarından istifadə etmədən, yalnız duaların köməyi ilə xəstələri sağaldır.

Müqəddəs Ruhun möminin bədəninə qoyduğu digər ənam dilləri izah etmək məharətidir. Bu ənamı qazanmış kəs çətinlik çəkmədən möminlərin ekstaz halında danışdığı “xarici dilləri” və gördükləri “görüntüləri” izah edir.


Yahova şahidləri
Tarixi məlumat. Yahova şahidləri dini məzhəbi XIX əsrin 70-80-ci illərində ABŞ-da yaranmışdır. Bir çox xristian məzhəbləri ayrılmalar (məsələn, lüteranlıq – katolisizmdən, baptizm – kalvinizmdən, adventistlər və əllincilər basptizmdən) yarandığı halda, Yahova şahidləri məzhəbi belə yaran­mamış­dır. Bu məzhəbə o zaman ABŞ-da mövcud xristian məzhə­blərinə ümidlərini itirmiş insanlar qoşul­muşdu. Onun əsası Çarlz Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. O, öz dini ideyalarını ilk dəfə 1874-cü ildə nəşrdən çıxmış “Allahın qayıtmasının məq­səd və qaydası” adlı kitabçasında şərh etmişdir. Rasselin ətrafına ardıcıl­larından ibarət bir qrup toplanaraq, özlərini “Bibliya tədqi­qatçıları” dərnəyi adlandırırlar. Rassel 1884-cü ildə öz dini təşkilatını Pittsburq (Pensilvaniya ştatı) şəhərində “Keşikçi qülləsi, Bibliya və kitabçalar cəmiyyəti” adı ilə qeydiyyatdan keçirir. Rassel bu cəmiyyətin ilk prezidenti olur. İkinci prezident İosif Ruterfordun zamanında, 1931-ci ildə cəmiyyətin adı dəyişdirilərək, “Yahova şahidləri cəmiyyəti” adlandırılır. Hazırda məzhəb bu ad altında tanınır.

Keçmiş SSRİ ərazisində ilk Yahova şahidləri icması 1927-ci ildə təşkil olunmuşdur. İkinci dünya müharibəsi ərəfəsində Yahova şahidləri icmaları əsasən Ukrayna, Belorus, Moldovo, Baltikyanı respublikalarda cəmləşmişdi. Müharibədən sonra bu məzhəbin ardıcıllarına qarşı geniş təqib kampaniyası aparılır. Onlar ölkə ucqarlarına sürgün olunurlar. Nəticədə yuxarıda adı çəkilən əra­zilərlə yanaşı Rusiyanın Avropa hissəsində, Qazaxıstan, Sibir və Uzaq Şərqdə və hətta Kamçatka yarımadası və Saxalin adasında Yahova şahidləri icmaları yaranır. Əgər 1946-cı ildə bütün SSRİ ərazisində Yahova şahidlərinin toplantılarına 8633 nəfər gəlirdisə, 1956-cı ildə onların sayı artıq 17 min nəfərdən çox idi. Cəmiyyət 1989-cu ildən açıq fəaliyyətə keçmişdir.



Təşkilatı. Cəmiyyət üzvlərinin məlumatına görə dünyada Yahova şahidləri cəmiyyəti üzvlərinin sayı 14 milyondan çoxdur. Dünyanın 230 ölkəsində bu məzhəbin ardıcılları yaşayır.

Yahova şahidləri icmaları beynəlxalq miqyasda vahid dini təşkilatda birləşmişlər. Bu təşkilat “Yahova şahidlərinin Beynəlxalq cəmiyyəti” adlanır. Onun Ali orqanı – “Rəhbərlik Şurası” Nyu-Yorkda, Bruklində yerləşmişdir. Rəhbərlik şurası dünya üzrə Yahova şahidləri icmalarına “Keşikçi Qülləsi” və “Oyanın!” jurnalları vasitəsilə rəhbərlik edir. “Keşikçi qülləsi” 125 (20 milyon tiraj), “Oyanın!” (13 milyon tiraj) 80 dildə nəşr olunur. Rəhbərlik Şurasının qərarları möminlər üçün qanun hesab olunur.

Ayrı-ayrı ölkələrdə icmalara “Rəhbərlik Komitəsi” başçılıq edir. Komitəyə sədr rəhbərlik edir. Sədr icmalarda seçki yolu ilə deyil, ali təsisat tərəfindən təyin edilir.

Teoloji əsasları. Yahova şahidləri dini təlimini dörd teoloji qata bölmək mümkündür. Birinci qat – antik xristian qatıdır. Digər xristian məzhəblərindən fərqli olaraq, Yahova şahidləri məzhə­bində antik xristian qatından az təlim qalmışdır. Bu məzhəbdə xristianlığın təməlini təşkil edən Üçlük, ruhun ölməzliyi, axirət həyatının Cənnət və Cəhənnəmə bölünməsi, İsa Məsihin Allah-İnsan olması, İsa Məsihin fiziki bədəndə ikinci zühuru və Onun qeyri-müəyyən vaxtda gəlməsi ideyası inkar edilir. Bununla belə, Yahova şahidləri digər xristianlar kimi Bibliyanı yeganə Müqəddəs Kitab hesab edir, mələklər və iblislərin (Yahova şahidləri yeganə xristian məzhəbidir ki, İblisin adını böyük həriflərlə yazırlar) mövcudluğunu, peyğəmbərlər haqqında təlimi təsdiq edir, İsa Məsihin birinci zühuruna və Onun qurbanlıq quzutək bəşəriyyəti günahlardan təmizləməsinə inanırlar.

Yahova şahidləri təlimində ikinci teoloji qat – protestant qa­tıdır. Yahova şahidləri özlərini protestantlığa aid etməsələr də, onun izlərini təlimlərində görmək mümkündür. Bunlar aşağıdakılardır:



  • ümumi ruhanilik haqqında təlim;

  • tək imanla bəraət qazanmaq haqqında təlim;

  • Bibliyanın dini təlimin yeganə mənbəyi olması haqqında təlim;

  • Bibliyanı oxumaq vəzifəsi.

Lakin sonuncuda Bibliyanı şərh etmək hüququ hamıya deyil, şahidlərin səma sinfinə, yəni “Rəhbərlik Şurasına” verilmişdir.

Yahova şahidləri dini təlimində üçüncü teoloji qat – adventist qatıdır. Bura aşağıdakılar daxildir:



  • yeniyetmələrin vəftiz olunmasının mümkünlüyü;

  • Ruh haqqında təlim (ruh bədəndən ayrı mövcud ola bilməz və o bədənlə birgə ölür);

Yahova şahidləri dini təlimində başqa xristian məzhəb­lərində müşahidə edilməyən təlimlər vardır ki, onlar dördüncü – xüsusi teoloji qatı əmələ gətirir. Bunlar aşağıdakılardır:

    • Allah haqqında təlim;

    • İsa Məsih haqqında təlim;

    • İsa Məsihin ikinci gəlişi (zühuru) haqqında təlim;

    • Armagedon haqqında təlim;

    • Axirət həyatı haqqında təlim;

    • Rəbbin süfrəsi haqqında təlim;

    • 1914-cü il haqqında təlim.

Allah haqqında təlim (xüsusi qat). Bu təlimin əsas ideyası – Üçlüyün inkarıdır. Allah təkdir və O, vahid Ruhi Şəxsiyyət kimi mövcuddur. Başqa xristian məzhəblərinin Allah-Ata adlandırdıqları məbud – Tək vahid Allahdır. Allah Xaliq və dünyanın hökmdarıdır. “Müqəddəs Ruh” və ya “Allahın Ruhu” ifadələri Vahid Allahın başqa hissələrini deyil, Tək Allahın gücünü göstərir. İsa Məsihə gəldikdə isə O Allah deyildir. Bəs onda O kimdir? Bu xüsusi təlim olub, onun haqqında bir qədər sonra.

Allaha Onun adı ilə müraciət edilməlidir. Onun adı – Yahovadır. Baptistlər kimi Yahova şahidləri də Allahı bədənsiz hesab edirlər və O heç vaxt insan qiyafəsində insanların yanına gəlməmişdir. Ona görə də Onun təsviri yoxdur və ola da bilməz.



İsa Məsih haqqında təlim (xüsusi qat). Öz təbiətinə görə İsa Məsih nə Allah, nə Allah-İnsan, nə də İnsandır. Əgər O Allah və ya insan deyilsə, bəs onda O, kimdir və ya nədir? O – mələkdir. Lakin O sıravi mələk deyildir. İsa Məsih - ən Ali mələkdir. Bütün mələklər Allahın xəlq etdikləridir. Ona görə də İsa Məsihi Allahın oğlu adlandırmaq olar. Lakin Allah-Oğul adlandırmaq olmaz. İsa Məsihin ikinci adı Söz (başqa xristian məzhəbləri də bunu qəbul edir), üçüncü adı – Mikayıldır. 1914-cü ildə İsa Məsih Yahovadan “səma sultanı” titulunu almış və Yahovanın göstərişi ilə İblisi və şeytanları göydən Yerə qovmuşdur. Onlar indi orada yaşayır və fitnə-fəsad törətməklə məşğuldurlar.

Möminlər İsa Məsihə ehtiram göstərməlidirlər, amma bu ehtiram həddi aşmamalıdır. İsa Məsihlə bağlı moizə və söhbətlərdə Onun haqqında hörmətlə danışılmalıdır. Onun adı dualarda səsləndirilməlidir. Lakin İsa Məsihə yalvarmaq və Ondan kömək istəmək olmaz. Yalnız Yahovaya dua etmək və Ondan kömək diləmək lazımdır.

Yahova şahidləri bütün xristianların İsa Məsihin şərəfinə qeyd etdikləri Milad, Pasxa və digər bayramları və çarmıxa və ikonaya ehtiramı bütpərəstlik adətləri hesab edirlər. Bunu onunla əsaslandırırlar ki, Bibliyada onlar haqqında göstərişlər yoxdur.

İsa Məsihin ikinci iştirakı haqqında təlim (xüsusi qat). Bu təlimin qayəsi odur ki, İsa Məsihin insanlarla birinci rabitəsini Onun Gəlişi və ya Zühuru adlandırmaq mümkündür. Onun insanlarla ikinci rabitəsini Gəliş və ya Zühur adlandırmaq düzgün deyildir, bu yalnız “iştirak” adlandırıla bilər. Çünki zühur – eyni zamanda həm fiziki, həm də ruhani rabitədir, iştirak isə yalnız ruhani rabitədir. Yahova şahidlərinin nəzə­rincə, başqa xristian məzhəbləri İsa Məsihin İkinci Zühurunu yanlış olaraq gözləyirlər. Bu hadisə baş verməyəcəkdir. İsa Məsihin İkinci iştirakına gəldikdə isə o artıq 1914-cü ildə başlamışdır. İsa Məsih ruhani iştirak etdiyinə görə gözə­gö­rünməzdir. Yerdə xristian qaydalarının bərqərar olması Onun ruhani iştirakının ifadəsidir. “Xristian qaydalarının bərqərar olması” dedikdə isə Yahova şahidlərinin Beynəlxalq cəmiy­yə­ti­nin mövcudluğu başa düşülür.

Başqa dini məzhəblərin “Dünyanın axırı” adlandırdığı hadisəni, Yahova şahidləri “cisimlər sisteminin axırı” adlan­dırırlar. İsa Məsihin İkinci iştirakının başlanğıcı ilə “cisimlər sisteminin axırı”nın başlanğıcı arasında “hazırlıq dövrü” adlanan zaman kəsiyi keçməlidir. Hazırlıq dövrünün sonunu Yahova şahidləri “Son günlər” adlandırırlar. Biz məhz indi həmin dövrü, yəni “son günlər”i yaşayırıq.



Armagedon haqqında təlim (xüsusi qat). Bu təlimə görə cisimlərin bu sisteminin sonu işıq qüvvələri ilə zülmət qüv­vələri arasında Müqəddəs Müharibə - Armagedon nəticəsində gələcək. Armagedon dövrünü Yahavo şahidləri “Böyük hüzn zamanı” adlandırırlar. İşıq qüvvələri – Məsih və mələklər, zül­mət qüvvələri – İblis, şeytanlar və kafirlərdir. Bu müharibədə zülmət qüvvələri məğlub ediləcəklər. Kafirlər həmin an məhv ediləcək. İblis və şeytanlar əsir ediləcək və 1000 il ərzində Dibsiz Cəhənnəm quyusuna salınacaq və sonra məhv ediləcəklər.

“Armagedon” sözünün tərcüməsi yoxdur. Bu söz Bibliyada yalnız bir yerdə işlədilmişdir: “Və onları, ibranicə Har Megidon adlanan yerə topladılar...” (Vəhy 16:16). Armegedon nə vaxt baş verəcək? Cavab: Tezliklə. Lakin onun günü və saatını Yahovadan başqa heç kim bilmir. Son illərə kimi deyilirdi ki, 1914-cü il ətrafında doğulmuş insanların həyatı ərzində bu hadisə baş verəcəkdir.



Axirət həyatı haqqında təlim (xüsusi qat). Bir çox cəhətlərinə görə Yahova şahidlərinin axirət həyatı haqqında baxışları ad­ventistlərə uyğun gəlir. Lakin o bütövlükdə orjinallığı ilə seçilir. Bu təlimin birinci hissəsində, adventistlərin təlimində olduğu kimi, söhbət axirət həyatının başlanması vaxtından gedir. Adventistlər təlimində axirət həyatı İsa Məsihin ikinci zühuru ilə başlayacaq, Yahova şahidləri təlimində isə o, 1918-ci ildə başlamışdır, amma hələ tam gücü ilə işə düşməmişdir. İsa Məsih 1918-ci ildə görkəmli möminləri diriltmiş və onları Özünün səma səltənətində yerləş­dirmişdir. İsa Məsihin səma səltənətində 144 min seçilmişin yerləşdiriləcəyi gözlənilir. Bu rəqəm Bibliyadan götürülmüşdür. Orada deyilir ki, “İsrail oğullarının bütün qəbilələrindən yüz qırx dörd min nəfər möhürlənmişdi” (Vəhy 7:4). Bu seçilmişlər İsa Məsihin rəhbərlik etdiyi mükəmməl səma hökumətinin üzvləridir. Hökumət üzvlərinin çoxu artıq öz yerlərini tutmuşdur. Bəziləri isə hələ yerdədirlər.

Təlimin ikinci hissəsində, adventistlər təlimində olduğu kimi, Cəhənnəmin mövcudluğu inkar edilir. Yahova təliminə görə Cənnət iki səviyyədə olacaq: Səma və Yer. Səma Cənnəti artıq fəaliyyətdədir və orada Yahova qarşısında xüsusi xidmətləri olmuş möminlər yerləşdirilmişdir. Yer Cənnəti Armagedondan sonra yaradılacaq. Bu tədricən baş verəcəkdir. Ora qalan möminlər köçürüləcəklər. Səma Cənnətinin sakinlərini, Yahova şahidləri, “kiçik sürü” və ya möminlərin “səma sinfi” adlandırırlar. Səma sürüsü Məsihin 144 min mömindən ibarət “Nazirlər Kabineti”dir. Yer Cənnətinin sakinlərini “böyük sürü” və möminlərin “yer sinfi” adlandırırlar. Bunlar gələcək birləşmiş Səma-Yer səltənətinin sıravi vətəndaşlarıdır. Əgər Səma Cənnətində sakin olanların sayı məhduddursa (144 min nəfər), Yer Cənnətində bu məhdudiyyətlər yoxdur. Bütün Yer kürəsinin sakinləri Yer cənnətinə daxil ola bilər. Bundan ötrü onlar Yahova şahidlərinin dini təlimini qəbul etməli və ona uyğun həyat-tərzi sürməlidirlər.

Təlimin üçüncü hissəsində, adventistlərdə olduğu kimi, axirət həyatında möminləri gözləyən mükafatdan danışılır. Əgər təlimin ikinci hissəsinə uyğun olaraq, möminlər iki yerə bölünürsə, demək onları gözləyən mükafat da fərqlidir. Kiçik sürünün nüma­yən­dələrinin böyük hissəsi 1918-ci ildə dirilib, qalanları öldükdən dərhal sonra diriləcək. Kiçik sürünün bütün nümayəndələri səma səltənətində həzzlər içində əbədi yaşayır. Böyük sürünün nüma­yəndələri mömin həyatlarına görə mükafatı Armagedon hadisə­sindən sonra alacaqlar. Əvvəl ölmüşlər diriləcək, Armagedondan sağ çıxmışlar ölümdən azad ediləcək, onların bədənləri təzələnəcək. İsa Məsih ölüləri dirildəcək. Böyük sürünün bütün nümayəndələri yerdə əbədi həzzlər içində yaşayacaq.

Təlimin dördüncü hissəsində, adventistlərin təlimində olduğu kimi, tövbə etməmiş günahkarların və kafirlərin cəzalandırıl­masın­dan danışılır. Bu kateqoriyadan olan insanların, əvvəllər ölmüş hissəsi dirildilməyəcək, qalanları isə Armagedon zamanı məhv ediləcək.

Bu təlimdə beşinci hissə də vardır. Söhbət burada, obyektiv səbəblərdən Yahova şahidləri təlimi haqqında eşitməmiş insanların dirildilməsindən gedir. Onlar ilk dəfə həyatlarında haqq sözü eşidəcəklər. Onların bir hissəsi Yahova şahidləri təlimini qəbul etmədiyinə görə məhv ediləcək, qalanları isə böyük sürüyə qoşularaq əbədi həzzlər içində yaşayacaqlar.

Rəbbin süfrəsi haqqında təlim (xüsusi qat). Yahova şahid­lərində Rəbbin süfrəsi təkcə ayin deyil, həm də bayramdır. Yahova şahidləri onu ildə bir dəfə, 14 Nisanda (yəhudi pasxasının birinci günü) icra edirlər. Bu, Yahova şahidlərinin keçirdiyi yeganə bay­ramdır. Burada məqsəd, baptistlərdə olduğu kimi, xatırlama ide­yasıdır. Başqa xristian məzhəblərinin “çörək və şərabdadma” ad­lan­dırdığı bu ayin Yahova şahidləri təlimində tamamilə dəyişdiril­mişdir. Belə ki, çörək və şərabdan yalnız “məsh olunmuşlar” (səma sinfinin nümayəndələri) dada bilər. Qalanları isə onu ayin zamanı əldən-ələ ötürməlidirlər.

1914-cü il haqqında təlim (xüsusi qat). Yahova şahidlərinin təliminə görə dünyanı sarsıtmış 1914-cü il bəşəriyyətin taleyində dönüş ili olmuşdur. Həmin ildə aşağıdakı hadisələr baş vermişdir:

1. İsa Məsih İblisi və şeytanları göydən Yerə qovmuşdur;

2. İsa Məsih Yahovadan “Səma sultanı” titulu almışdır;

3. Yerdə İsa Məsihin ikinci iştirakı başlamışdır

Yahova şahidləri təlimində bu müddəalar Bibliya mətnlərinin təhlili əsasında çıxarılmışdır. Bunların məntiqi ardıcıllığı aşa­ğıdakılardır:

Birincisi, Zəburda (109:1) deyilir ki, Rəbb, yəni İsa Məsihin səma hökmranlığı, Onun səmaya çəkilmə anından başlanır. O, bir müddət Allahın sağ tərəfində əyləşib, Rəbbin düşmənlərinin məhv ediləcəyi zamanın gəlişini gözləyəcək. İbranilərə Məktubda da (10:12-13) İsa Məsihin Allahın sağ tərəfində oturduğu və düşmənlərin məhv ediləcəyi zamanı gözləməsi təsdiq edilir.

İkincisi, “Gözlənilən zaman” İsa Məsihin edam anından deyil, Yerusəlim məbədinin babillilər tərəfindən dağıdıldığı ildən, yəni b.e.ə.607-ci ildən götürülür. Hökmdarlar Kitabı (3) 11-ci surə 36-cı ayədə Yahova Yerusəlim şəhəri haqqında deyir ki, “ ......Mənim adımım orada qalmasından ötrü seçdim”.

Üçüncüsü, Daniel peyğəmbər demişdir ki, Yerusəlimin məhvi “yeddi zaman” davam edəcək (Daniel, 4:20).

Dördüncüsü, Vəhy Kitabında (Vəhy 12:6,14) deyilir ki, “üç yarım zaman” 1260 günə bərabərdir. Demək, Daniyel peyğəmbərin dediyi “yeddi zaman” 2520 gündür (ildir). Beləliklə, b.e.ə.607-ci ilin üzərinə 2520 ili əlavə etdikdə, biz 1914-cü ili əldə edirik.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə