Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə11/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

FİLMİN SƏS EFFEKTLƏRİ(film sound effect) – Həyatdakı bütün səslərin köməyi ilə ekranda zəngin və gerçək səs mühiti yaratmağa xidmət edən ifadə vasitəsi. F.s.e. obrazlı ümumiləşdirmə yaratmağa kömək edir, təsvirə geniş poetik məna verir. F.s.e. çox vaxt qəhrəmanların nitqi, musiqi ilə sıx əlaqədar olur və təsvirdən ayrılmayan vahid səs kütləsi yaradır. Filmlərdə səs effektlərinə xüsusi əhəmiyyət verilir. Səs effektləri obrazlı – ümumiləşdirilmiş, bəzən rəmzi mənada səslənir. Bəzən F.s.e. sanki ayrıca partiyaya çevrilərək özünün səs obrazları vasitələri ilə filmin ümumi ideyasını ifadə edir.

FİLMİN YOXLAMA NÜSXƏSİ (test copy) – Film nüsxələrinin kütləvi çapı üçün kinostudiyada neqativdən hazırlanan etalon. Filmin yoxlama nüsxəsini, bir qayda olaraq, nümunə kimi, kinooperator və səs operatoru təsdiq edir.

FİLM KANALI (film channel) – Kinolentin kadr, yaxud ekspozisiya pəncərəsinə nisbətən vəziyyətin fiksələnməsini təmin edən lentuzadan mexanizmin qovşağı. Bütün film kanalları novçadan (kadr pəncərəli) ibarətdir. Lent qırıq-qırıq həmin novçadan keçir.

FİLMLƏRİN ÇOXAPARATLI ÜSUL İLƏ ÇƏKİLİŞLƏRİ (multicamera shooting/shot) – Əsasən TV filmlərinin və teatr tamaşalarının istehsalında tətbiq olunan üsul. Bu çəkilişlərdə tərkibində təsvirə TV nəzarət qurğusu olan bir neçə kinoçəkiliş aparatının TV nəzarət ekranları rejissor pultunda qurulur, kinoçəkiliş aparatları pavilyonda dekorasiyanın daxilində müxtəlif nöqtələrdən müxtəlif miqyaslı təsvirlərin çəkilişlərini aparmaq üçün yerləşdirilir.

Rejissor öz pultunun arxasında əyləşib məşqlərdə əvvəlcədən təsdiq olunmuş ardıcıllıqla, çəkilişi dayandırmadan, istənilən aparatı işə salmaqla səhnələrin ümumi, orta və iri planlarının çəkilişini aparır. Təcrübə göstərir ki, çoxaparatlı çəkiliş üsulunun bacarıqla tətbiq edilməsi çəkiliş qrupunun gündəlik əmək məhsuldarlığını bir neçə dəfə artırmaq imkanı yaradır.



FİLMOQRAFİYA (filmography) – Arayış xarakterli işlərdə filmlərin siyahıya alınması üsullarını və prinsiplərini öyrənən elm sahəsi. Annotasiya olunan, tematik, xronoloji F. növləri mövcuddur. F.-lar sorğu-məlumat kitabçaları şəklində tərtib olunur.

FİLMOLOGİYA (filmology) – Müxtəlif humanitar və təbiət elmləri (ilk növbədə, fiziologiya və qavrayış psixologiyası, eləcə də sosiologiyanın) metodikalarının cəmlənməsi nəticəsində formalaşmış elm sahəsi. F. müxtəlif fəlsəfi və estetik mövqedə olan dünya alimlərini birləşdirir.

FİLMOTEKA (film library) – Kinofilmlərin toplanması, saxlanması, texniki cəhətdən işlənməsi, eləcə də öyrənilməsi və yayılması ilə məşğul olan müəssisə.

FİLM-TAMAŞA (film-play) – Kino sənəti vasitələrindən istifadə etməklə teatr tamaşasının ekranlaşdırılması. Çəkiliş zamanı hadisələr səhnədən kinostudiya pavilyonlarına və naturaya keçirilir. F.t.-lar montajla, planlara bölüşdürülməklə çəkilir. Bu da aktyor ifasının teatrdan fərqli texnikasını tələb edir. F.t.-lar teatr incəsənətinin nailiyyətlərini təbliğ edir və teatr yaradıcılığının nümunələrini geniş tamaşaçı auditoriyalarına çatdırır.

FİLTR (filter) – 1) Müəyyən qisim tezlikləri keçirən, digərlərinin isə keçməsinə mane olan elektrik şəbəkəsi. Bax: İ ş ı q f i l t r l ə r i.

FİLTR TƏBƏQƏSİ (filter layer) – Rəngli kinolentin iki işığahəssas təbəqəsi arasında yerləşən, işıq filtri rolunu yerinə yetirən nazik təbəqə.

FİNAL (final/denounment) – Musiqi, dram əsərinin və ya teatr tamaşasının sonuncu hissəsi. F. sonluqla uyğun gəlməyə də bilər, çünki çox vaxt nəinki bütün əsərin, həm də operanın, baletin, dram əsərinin ayrıca bir pərdəsinin, şəklinin sonuncu səhnəsi F. adlanır.

FİRMA ÜSLUBU (firm style) – Şirkətin reklam müraciətlərində daimi istifadə olunan bədii və mətn elementləri (konstant).

FM (frequency modulation) – Bax: T e z l i k m o d u l y a s i y a s ı.

FM DALĞASI (FMFrequency Modulation) – TM; şüalandırıcı ilə antenanın mərkəzi arasında məsafə. FM-də dalğanın eni və daşıyıcı siqnalın tezliyi sabitdir.

FOKUS (focal) – Optik sistemin baş oxuna paralel istiqamətdə düşən işıq şüalarının həmin sistemdən keçdikdən sonra cəmləşdiyi nöqtə, hər optik sistemin iki qabaqarxa fokusu olur. TV-də və kinoda təsvirin keyfiyyətli alınması, ilk növbədə, dəqiq fokus nöqtəsi tapılmasından asılıdır.

FOKUS-QRUP (focus-group) – Tədqiqatçıların bu və ya digər informasiya verilişlərinə reaksiyanı rəy sorğusu ilə öyrənmək üçün seçdiyi auditoriyanın bir hissəsi. F.-q.-dan sonra isə kontent-təhlil keçirilir.

FOKUS MƏSAFƏSİ (focal length) – Optik sistemin baş (əsas) nöqtəsindən onun baş fokusuna qədər olan məsafə. Linzanın, yaxud optik güzgünün F.m. onun optik mərkəzindən baş fokusunadək olan məsafədir. Linzanın və ümumiyyətlə, optik sistemin iki ­– qabaqarxa F.m. olur. Cisim və xəyal fazalarının sındırma əmsallarından asılı olaraq bu məsafələr bir-birinə bərabər, yaxud fərqli ola bilər. Optik sistemin işıq qüvvəsi, böyütmə dərəcəsi və s. F.m.-ndən asılıdır. Bax: O b y e k t i v i n f o k u s m ə s a f ə s i.

FOKUS MƏSAFƏSİNİN DƏYİŞDİRİLMƏSİ (focal distance travelling) – Fasiləsiz, uzunmüddətli plan çəkilişi zamanı kameranın obyektə tərəf, ya da obyektdən həqiqi, yaxud güman edilən hərəkəti. Canlı hərəkətin çəkiliş zamanı, adətən, hərəkətsiz kamerada fokus məsafəsinin variyoobyektivinin dəyişdirilməsi hesabına əldə olunur.

FOKUSUN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ (focus definition) – Hər hansı məsafədən kameranın obyektivinə salınmış təsvirdəki yayğınlığın, qeyri-müəyyənliyin aradan qaldırılması. Fokusun tez müəyyənləşdirilməsi refleksə çevrilir. Əvvəlcə, ən kəskin görüntünü götürür, sonra görüntüdə «yayğınlıq» gördükcə onu düzəltməyə çalışır. F.m. iki üsulla: əllə (zumdan istifadə) və avtomatik üsulla gerçəkləşdirilir.

FON (backgraund/hum) – 1) Bəzən teleradio verilişlərini, kinofilmlərin nümayişini müşayiət edən kənar səs effektləri; 2) Səsin ucalıq səviyyəsinin vahidi.

FON İŞIĞI (backgraund light) – Çəkiliş prosesində zaman və ovqatı bildirmək üçün istifadə edilən işıq. F.i. bütövlükdə işıqqurmanın ən mühüm dəyişən tərkib hissələrindən biridir. Onun köməyi ilə çəkilən səhnənin zamanını və ovqatını seyrçiyə yetirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür. F.i.-nı əks işıqla eyniləşdirmək olmaz; işıq çəkiliş obyektini, fon işığı isə arxa planı işıqlandırır.

FON MUSİQİSİ (background music) – Videoaparatda səsin (danışığın) dublyajı (əvəz edilməsi) zamanı materiala əlavə olunan səs effektləri.

FONOQRAF (phonograph/ phono record) – Səsi yazmaq və səsləndirmək üçün cihaz; səsyazan.

FONOQRAM (phonogram/scanning) – Sonradan səsləndirilməsi nəzərdə tutulan səs siqnallarının yazılışı; səsin (nitqin, musiqinin və ya şərti siqnalın) qramplastinkada, maqnit lentində, kinoplyonkada yazılması; audiolentə – diskə yazma.

FONOQRAMIN YERLƏŞDİRİLMƏSİ ÜÇÜN MAQNİTOFON (layback recorder) – Səs siqnallarının videolentə xüsusi effekt siqnalları və eyni zamanda mikşerlə yazılmasını təmin edən qurğu.

FONOTEKA (phono library/archieve) – 1) Müxtəlif (bəzən nadir) musiqi yazıları anbarının xüsusi şəraitdə saxlandığı yer. F.-lar, həmçinin məlumat-öyrədici xarakterli müxtəlif vəzifələri və tarixi sənədlər funksiyasını da yerinə yetirir; 2) Fonoqramların, səs yazılarının, lentlərin toplusu, arxivi.

FORMA (form) – 1) Bədii əsərin, sənətin mövcud növünün təsviri-ifadə vasitələrinin köməyi ilə bədii məzmunu ifadə etmək üçün yaradılan struktur, xarici çərçivə, forma. F. məzmunun əsərdə necə və hansı vasitələrlə təcəssüm etdiyini göstərir. F.-nın əsərin məzmunundan asılılığı bunda ifadə olunur ki, məzmundan kənarda forma mövcud deyildir. Sənətkarın F. axtarışlarının məzmundan təcrid edilməsi F.-nı mənadan məhrum edir və məntiqi olaraq formalizmə gətirib çıxarır. Hər sənət növünün özünəməxsus forması var: rəssamlıqda – kolorit, rəng; qrafikada – rəsm; musiqidə – melodiya və s. Amma bununla yanaşı, incəsənətin müxtəlif növləri üçün ümumi olan forma ünsürləri də mövcuddur. Kompozisiya, süjet, fabula və s. bu qəbildəndir; 2) Əşyanın xarici görünüşü, şəkli, biçim, şablon, nümunə; 3) Tip, quruluş, təşkilat sistemi; struktur.

FORMALİZM (formalism) – Estetika və incəsənətdə bədii əsərlərin ideya məzmununu inkar edən, yalnız onların formasına əhəmiyyət verən idealist cərəyan və bədii metod. Kinoda – kadrların montajının göstərilməsinə dəlalət edir.

FORMAT (format) – TV verilişlərinin daimi əlamətlərinin məcmusu. F. (lat. forma – forma verirəm sözündən) çap formalarının xətti ölçülərinin – uzunluğunun, eninin, kağız vərəqi hündürlüyünün, kitab səhifələrinin, sütunların, zolaqların, eləcə də fotokinoməhsulların, telekadrların və s. müəyyənləşdirilməsi zamanı işlədilir. Lakin terminin əlavə – informasiyanın növü, tipi, xarakteri, təqdimat forması kimi mənaları da var. Bu mənada termin, informasiyanın ötürülməsinin həm texniki vasitələrinin, həm də janr xüsusiyyətlərinin təsnifatı zamanı işlədilir. Konseptual planda formalı qaydaların tərəfdarları F.-ların strukturlaşdırma imkanlarını vurğulayarkən informasiya sistemlərinin qalan tərkib hissələrini onlardan asılı hesab etməyə meyllidirlər. Formalizmin əleyhdarları F.-ların rolunu yalnız onların informasiyanın məzmunu, məqsədi və vəzifəsi, mənbəyi və ünvanı ilə sistemli əlaqədə öyrənməyi təklif edirlər. Bu cür yanaşma üsulu jurnalistlərin informasiya fəaliyyətinin səmərəsini yüksəldir, rəngarəng şəraitdə və vəziyyətlərdə prosesin yaşa görə sosial-mədəni və etnodemoqrafik məqamları nəzərə alınmaqla onun auditoriyaya ayrı-ayrı deyil, bütün ehtimal olunan təsir amillərini üzə çıxarmağa kömək edir.

FORMATLARIN QOVUŞMASI (melting of formats) – Reklam kliplərindən daxil olan və konsyumerizm psixologiyasını formalaşdıran bayağı obrazların və motivlərin köməyi ilə janr əlamətlərinə görə müxtəlif TV proqramlarının birləşməsi. Tədqiqatçılar F.q.-nı TV imiclərinin yenidən qurulması prosesləri ilə izah edirlər.

FORMULA (formula) – İnformasiyanın mass-media kanalları ilə verilməsinin struktur quruluşu. F. standart süjetlərin, iştirak edən şəxslərin və onların münasibətlərinin təkrar toplusunu nəzərdə tutur.

FORUM (forum) – Geniş ictimai-siyasi çıxışlar üçün tribuna; çoxlu təşkilat nümayəndələrinin iştirakı ilə izdihamlı yığıncaq, məclis.

FOTOELEKTRİK DƏYİŞDİRİCİ (photoelectric converter) – Təsvirə müvafiq elektrik siqnalının formalaşdırılması üçün nəzərdə tutulan qurğu. F.d.-nin əsas xassələri dəyişdirmə, həssaslıq, spektral və həlledicilik qabiliyyətidir.

FOTOQRAFİK İŞIQ HƏSSASLIĞI (photo(light) sensitivity) – Fotoqrafik materialın işığın və sonrakı aşkarlamanın təsiri altında qaralma xassəsi. Müəyyən sıxlığın qaralması üçün nə qədər az ekspozisiya tələb edilərsə, kinolent bir o qədər həssas hesab olunur.

FOTOLAMPALAR (flashgun) – Foto və kino çəkilişləri zamanı işıqlandırma üçün nəzərdə tutulan közərmə lampaları. Ani və güclü işıq verən F. qısa müddətdə işlənir.

FOTOMONTAJ (photomontage) – Ümumi mövzuya aid olan bir sıra fotoşəkillərin (və ya onların hissələrinin) bir şəkildə birləşdirilməsi; bu yolla tərtib olunmuş plakat, reklam, illüstrasiya və s.

FOTOTELEQRAF İŞİ (flood projection) – Orijinalla fotoelement arasında qurulan, diafraqmanın köməyi ilə gerçəkləşdirilən proses.

FOYE (foyer/crash room) – Teatrda, kinoda və s. yerlərdə tamaşaçıların film, tamaşa, konsert başlanmazdan əvvəl və fasilə zamanı ayaqüstü toplanması üçün yer.

FRAQMENT (fragment) – Verilişin, filmin, mətnin, musiqi əsərinin bir parçası; lentin müəyyən kəsiyində (parçasında) göstərilən, filmin şəklinin, səhnəsinin, yaxud epizodunun bir hissəsi.

FRAZA (phrase) – 1) Nitqin bitmiş vahidi – cümlə; 2) Bitmiş musiqi ifadəsi, bir melodiya.

FRONTALLIQ (frontality) – TV kadrı məkanını təşkil edərkən meydana çıxan faktiki şəffaflıq problemi; birinci plan fiqurlarının qabarıqlıq-çöküklük sistemi və 180 dərəcə şaquli-üfüqi hərlənməsi nəticəsində bəzi təhriflər və səpmələr müşahidə olunur.

FRONTOPROYEKSİYA (fronto projection) – Ön planın kinoçəkilişinin, kinotəsvirin proyeksiya olunduğu fonla – kinoekranla eyni zamanda yerinə yetirildiyi kombinasiyalı kinoçəkiliş qaydası. Yaxşı inikas etdirən ağ (yaxud xüsusi) ekrandan istifadə olunur. Kinoproyekt ekranda kinoçəkiliş üçün kifayət qədər parlaqlıq yaratmalıdır.

FULL-SERVİS (full service) – Tam xidmət. Reklam sahəsində reklamın bütün növləri üzrə xidmət göstərən agentliklərə aid edilir.

FUNKSİYA (function) – Teleradio istehsalının əsas anlayışlarından biri. Yaradıcı və texniki qrupun, ayrı-ayrı strukturların, istehsal ünsürlərinin fəaliyyət dairəsi, rolu, vəzifəsi.

FUTLYAR (case) – Daşınan teleradio avadanlığını (kamera, ştativ, mikrofon və s.) xarab olmaqdan, zədələnməkdən və s. qorumaq üçün istifadə olunan qutu, qab və ya xüsusi parça örtük.

G

GECƏ ALDANIŞI (night illusion/phantom) – Fon işığını tənzimləmək, nəzarətdə saxlamaq yolu ilə yaradılan aldanış-effekt. Hadisənin binanın içərisində baş verdiyi hallarda belə, gecə səhnəsinin qaranlıq arxa planı olmalıdır. Gündüz səhnələrinin arxa planı isə parlaq işıqlandırılmalıdır. İstər gündüz, istərsə də gecə səhnələri çəkiləndə arxa planın işıqlanma dərəcəsi əsas işığın minimal səviyyəsində olmalıdır. Ancaq gecə işığında daha çox kölgəli sahələr olur.

GECƏ SƏHNƏLƏRİNİN GÜNDÜZ ÇƏKİLİŞİ (night scene daytime shooting) – Gündüz çağı «gecə»nin çəkilişi. Bu növ çəkiliş qara-ağ lentlə işləyərkən iki əsas şərtin yerinə yetirilməsini tələb edir: qırmızı işıq filtrindən istifadəni və obyektivi lazımi qədər açıq saxlamamağı.

GENİŞBUCAQLI OBYEKTİV (wide aperture lens) – Fokus məsafəsi istifadə edilən təsvir sahəsinin diametrindən xeyli kiçik olan obyektiv. Obyektivlərin uzun fokuslu, normal və genişbucaqlı növlərə bölünməsi tamamilə şərtidir və ciddi qəbul edilməməlidir.

GENİŞEKRANLI KİNO (wide screen/anamorphic cinema) – Nümayişində adi ekran əvəzinə enli (tərəflərinin nisbəti 1:1,66-1:2,35) ekrandan istifadə edilən kino növü. Ekran ölçülərinin (stereofonik səslənmə ilə birlikdə) artması kino sənətinin təsvir imkanlarını genişləndirir, tamaşaçıya təsiri gücləndirir. Anamorfot kadrlı, kaşetlənmiş kadrlı, «Texniskop» sistemli və s. G.k. sistemləri mövcuddur. Anamorfot kadrlı G.k. sistemi – kinoçəkmə və kinoproyeksiya aparatlarında anamorfot optikadan istifadəyə əsaslanır. Həmin sistemin köməyi ilə kino çəkilişi zamanı təsvir üfüqi istiqamətdə, adətən, 2 dəfə «sıxılır», kino proyeksiyalandıqda isə sıxılmış təsvirin həqiqi ölçüləri bərpa olunur.

GENİŞFORMATLI KİNO (wide aspect cinema) – Çəkilişində və nümayiş etdirilməsində 50-70 mm-lik kinoplyonkalardan istifadə olunan kino növü. Praktiki olaraq XX əsrin 50-ci illərindən tətbiq olunmağa başlanmışdır. G.k. kinematoqrafiyanın inkişafında ekranda təsvir sahəsinin xeyli böyüməsi və keyfiyyətinin yaxşılaşması ilə xarakterizə olunan yeni mərhələ açmışdır. G.k.-da eni adi lent enindən 2 dəfə artıq olan kino lenti, stereofonik 6 kanallı səs sistemi tətbiq edilir, daha mükəmməl genişbucaqlı optikadan istifadə olunur.

GENİŞFORMATLI KİNOFİLM (wide screen film) – 70 mm-lik kinolentə çəkilmiş film. Hazırda bu növ lentə nadir hallarda film çəkilir.

GENİŞ YAYIM (broadcasting) – TV yaranana qədər bu sözlə radioyayımı, radioproqramların translyasiyasını nəzərdə tuturdular. TV-nin və digər ən yeni elektron rabitə vasitələrinin inkişafı G.y. termininin semantik tutumunu genişləndirdi. "Brodkastinq" termininə həm səsli, həm də vizual radio, yəni TV də aid edilməyə başladı. ABŞ KİV-lərinin dilinə aid lüğətdə (1992) "brodkastinq" anlayışı "elektromaqnit enerjisi vasitəsilə geniş əhali kütləsinə informasiya verilməsi prosesi" kimi izah edilir. Semiotik cərəyan nöqteyi-nəzərindən genişyayımlı kodlar sıxyayımlı kodlardan sadəliyi, informasiyanın işarə həcminin məhdudluğu, anonimliyi və neytrallığı, kütləvi psixologiyaya yönəldilməsi ilə fərqlənir.

GENİŞ ZOLAQLI SERVİS BLOKU (broadband service unit) – Kabel TV-si şəbəkəsi abonentinin evində qurulan blok.

GERÇƏKLİK (reality) – Real aləm, təbiət və mövcud ictimai münasibətlərin məcmusu; estetik hisslərin, təsəvvürlərin, anlayışların, mülahizələrin və nəzəriyyələrin əsas mənbəyi; incəsənətdə inikas obyektidir.

GƏZƏRGİ SÜJET (migratory subject) – Bədii (eləcə də sənədli) kinofilmlərdə bu və ya başqa formada təkrarlanan, lakin oxşar dramaturji struktura malik olan süjet; bir filmdəki süjet xəttinin eyni ilə başqa ekran əsərlərində də təkrarlanması. G.s.-i bədii priyom, təkrarlanan rejissor gedişi, yaxud forma, dramaturji struktur kimi də səciyyələndirmək olar.

GƏZƏYƏN MASKA (migratory mask) – Kinoda quraşdırma səhnələrin çəkilişinin mürəkkəb qaydalarından biri. Bu zaman aktyorun, yaxud hər hansı hərəkət edən obyektin qeyri-şəffaf silueti xüsusi maska lentində aktyor epizodunun neqativi ilə eyni zamanda çəkilir. İkinci ekspozisiya zamanı birinci ekspozisiya vaxtı çəkilmiş aktyorların təsvirində G.m.-nın müdafi hərəkəti sayəsində fonun əlaməti qalmır. G.m. ilə çoxlu sayda çəkiliş qaydaları mövcuddur.

GİRİŞ RAKORDU (leader tape) – İstifadə üçün yararlı olmayan, kasetin əvvəlində videolenti qoruyan qalın, şəffaf lent.

GİZLİ KAMERA (candid camera) – 1) Sənədli filmdə (bəzən verilişdə) təbiiliyə nail olmaq məqsədi ilə hadisənin və ya müsahibin kameranın hiss edilmədiyi şəraitdə çəkilməsi; 2) Vacib və mühüm şəraitin başqa variantlarda işıqlandırılması mümkün olmadıqda tətbiq edilən üsul. Burada söhbət sənədləşdirilməsi və birbaşa ifşası mümkün olmayan cinayət hadisələri və irimiqyaslı maxinasiyalardan gedir. Jurnalistlər G.k.-dan yalnız çıxılmaz şəraitlərdə istifadə edirlər. G.k.-nın tətbiqi özlüyündə məqsəd, yaxud material üzərində işin dramaturji forması ola bilməz. Bir çox ölkələrdə qəbul olunmuş qanuna görə, G.k. ilə çəkilmiş görüntüdən və gizli mikrofonla yazılmış lentdən istifadə şəxsiyyətin toxunulmazlığı prinsipinə xələl gətirə bilməz; 3) Amerikanın XX əsrin 60-cı illərində Avropada geniş yayılan sənədli TV seriyası. Bu serialların çəkilişi zamanı gizli kameralardan və mikrofonlardan istifadə edilirdi.

GİZLİ MİKROFON (candid microphone) – Bax: G i z l i k a m e r a.

GİZLİ REKLAM (candid advertisement) – Reklam məqsədi güdən, lakin reklam kimi açıq elan olunmayan görüntülər, ayrıca süjet, subtitr və s.

GORHER (gorher) – Kompüterdə menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi üsullarından biri. G. protokolu və onun proqram təminatı informasiyanın harada yerləşməsini bilmədən istifadəçiyə informasiya resursları ilə işləməyə imkan verir.

GÖRÜNMƏ (vision) – Obyektin, yaxud hadisənin qavrayışında saxtalıq anını ifadə edən anlayış. G.-nin iki mənbəyi var. Bir tərəfdən, hadisə səviyyəsində olan predmet, yaxud prosesin obyektiv xassələrinin məcmusu, digər tərəfdən, bu xassələrin subyekt tərəfindən izahı üsulu, yaxud onlar haqqında məlumatın alınması prosesində dəyişdirilməsidir.

GÖRÜNMƏZ ŞÜALARDA KİNOÇƏKİLİŞ (invisible ray shooting) – Spektrin görünməz şüalarının (ultrabənövşəyi, infraqırmızı, qamma-şüaların, rentgen şüalarının və s.) fotoqrafik təsirinə əsaslanan kinoçəkiliş üsulları. Bu üsullarla çəkilişlər obyektlərin adi gözlə, yaxud adi kinoçəkilişlə üzə çıxarılması mümkün olmayan detallarını, rənglərini və materiallarını aşkar etməyə imkan verir.

GÖRÜNTÜNÜN SÜNİ DƏYİŞKƏNLİYİ (solarisation) – Videotəsvirin xüsusi effektlərlə açıq rənglərin əksəriyyət təşkil etdiyi romantik bir şəkildə verilməsi.

GÖRÜNTÜ YADDAŞI (camera memory/camera eye) – Bax: E ş i t m ə y a d d a ş ı.

GÖY KARANDAŞ, GÖY QƏLƏM (blue pencil, blue penciling) – Çap, yaxud yayım proqramları üçün nəzərdə tutulan mətnlərin dəyişdirilməsinin, çıxarılmasının, ixtisarının rəmzi işarəsi. Demokratik mətbuatda redaktorların, yaxud prodüserlərin mətnə müdaxiləsinə yalnız onu yaxşılaşdırmaq məqsədi ilə yol verilir, amma həmin düzəlişlər senzor özbaşınalığına çevrilməməlidir.

GÖZÜN ADAPTASİYASI (eye adaptation) – Görmə qabiliyyətinin müxtəlif parlaqlıqlı əşyaları müşahidə etməyə uyğunlaşması. İnsan gözü müxtəlif işıqlanma şəraitində «işləməli» və bir-birindən parlaqlığına görə kəskin fərqlənən əşyaları ayırd etməli olur.

GÜCLƏNDİRİCİ (booster) – TV siqnallarını gücləndirərək təsvirin və səsin daha keyfiyyətli alınmasını təmin edən qurğu.

GÜCLƏNDİRİCİNİN TEZLİK XARAKTERİSTİKASI (booster frequency characteristics) – Gücləndiricinin qüvvətləndirmə əmsalının gücləndirilən sinusiodal siqnalın tezliyindən asılılığı.

GÜCLƏNDİRMƏNİN AVTOMATİK TƏNZİMLƏNMƏSİ (auto boost) – Giriş siqnalının intensivliyinin əhəmiyyətli dərəcədə dəyişdiyi hallarda çıxış siqnalının verilmiş hüdudlarda avtomatik saxlanılması.

GÜNDÜZ TELESERİALI (daytime serial) – Müəyyən kateqoriya tamaşaçılar üçün gündüz saatlarında verilən seriyalı TV filmləri. Bu filmlər sırasında "sabun operaları" əsas yer tutur.

GÜNDÜZ TV PROQRAMLARI (daytime television) – Yalnız gündüz vaxtı göstərilən teleproqramlar. Bir qayda olaraq, bu proqramlara «sabun operaları» və tədris filmləri daxildir.

GÜNƏŞ TIXACI (sun hood) – Təsvirin əmələ gəlməsində iştirak etməyən əlavə lazımsız şüalardan qorumaq üçün obyektivə bərkidilən qurğu. Silindr, konus, ya da içərisi qara kəsilmiş piramida şəklində hazırlanır. Təsvir sahəsini kənar işıqlanmadan qoruyan və çətir vəzifəsini görən bu tıxaclar təsvirin keyfiyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdırır.

GÜNLÜKLƏR (caps) – Kino çəkilişləri zamanı gərəksiz işıqdan qaçmaq, yaxud çəkiliş obyektini birbaşa günəş şüasından qorumaq üçün istifadə edilən işıqkeçirməyən tənəkələr – metal lövhələr. Müxtəlif ölçülü belə tənəkələrin xüsusi tutacağı da olur. G.-i çəkiliş meydançasının bir hissəsinə kölgə salmaq üçün döşəmə dayaqlarına və başqa avadanlığa bərkidəndə bu tutqaclar köməyə çatır.

GÜZGÜLƏNMƏ, YAXUD İNİKAS (mirror effect) – Şüa axınının hamar, cilalanmış səthdən inikası. Düzgün inikas qanunlarına tabe olan güzgülü səth müstəvisindən inikas edən şüa axınları öz formasını saxlayır (cəmləşən, dağılan), yaxud paralel şəkildə qalır. Diffuz əksdən fərqli olaraq sırf güzgü inikasının xüsusiyyəti ondadır ki, bu zaman biz güzgünün səthini deyil, şüaları güzgüdən inikas edən işıqlanan cismi görürük. Buna görə də güzgülü səthin parlaqlığı güzgünün işıqlanmasından deyil, işıqlandıran mənbənin parlaqlığından asılı olur.


H

HAKER (hacker) – Kompüterdə dağıdıcı proqramlar hazırlayaraq informasiya sistemlərini və ya şəbəkələri sıradan çıxarmaq məqsədi güdən fərd.

HALOGENLİ (KVARS) LAMPA (quartz lamp) – Həm közərən volfram naqilinə, həm də kvars şüşədən hazırlanmış kolbasına halogen doldurulan işıq cihazı. Halogen volfram naqilin əriyib buxarlanmasının qarşısını alaraq volfram hissəciklərinin kolbanın dibinə çökməsinə imkan vermir. Bu çöküntü işığın rəng temperaturuna təsir edir. Halogenli volfram lampaları sənaye standartına əsasən buraxılır. Peşəkar işıq cihazlarının çoxu H.l. ilə təchiz edilir.

HAMI ÜÇÜN KANAL (acces channel) – ABŞ-da FRK-nın müəyyən etdiyi qaydalara görə, ictimai sahələr, hökumət və təhsil müəssisələri üçün nəzərdə tutulan KTV kanalı.

HARMONİK SİQNAL (harmonic signal) – Dəyişməyən, maksimum amplitud və tezliyə malik arasıkəsilməz sinusoidal dalğa prosesi.

HARMONİYA (harmony) – Kino, TV və radionun ifadə vasitələrinin uyumu, uyarlığı, ahəngdarlığı. Təzahür və proseslərin daxili və zahiri nizamı, uyğunluğu, bütövlüyü. Predmet və hadisələrin ayrı-ayrı tərəflərinin mütənasibliyi, ahəngdarlığı; müxtəlifliyin daxili spesifik vəhdəti. İncəsənətdə – harmoniya bədii əsərin bütün komponentlərinin qarşılıqlı üzvi əlaqəsidir. E s t e t i k a d a – gözəlliyin ən mühüm əlamətlərindən biri olub, estetik obyektlərin məzmun və formasının uyğunluğu və bütövlüyünü xarakterizə edir. T e l e v i z i y a və r a d i o s ə n ə t i n d ə – bədii formanın təşkili prinsipi kimi sənətkarın estetik idealından, onun həyat həqiqətinə sədaqətindən asılıdır. M u s i q i d ə – əsas ifadə vasitələrindən biri olub, musiqi tonlarının qanunauyğun şəkildə həmahəng birləşməsinə və bu ardıcıllıqdakı qarşılıqlı əlaqəyə əsaslanır. H.-ya təkcə bir tonallıq daxilində həmahəngliklərin qarşılıqlı əlaqəsi deyil, tonallıqların qarşılıqlı nisbəti də daxildir. H. çoxsəsli musiqidə (homofoniya, polifoniya) səslərin hərəkət prosesi zamanı yaranır.

HƏQİQİ SƏS (real sound/voice) – Mənbəyi ya ekrandan eşidilən, ya da kadrarxası şərhin əksinə olan şəraitdən bilinən səs.

HƏQİQİ TƏSVİR (real image) – Təsvir məkanında kəsişən qarşılıqlı şüa axınlarının əmələ gətirdiyi görüntü. Xəyali təsvirdən fərqli olaraq H.t. həmişə ekrana gətirilə bilər. Əşyaların H.t.-lərini kinoçəkiliş və proyeksiya aparatlarının obyektivləri yarada bilir.

HƏLLEDİCİ SÖZ (keyword) – İnformasiya mətnindən eyniləşdirilmək üçün semantik əsas kimi seçilən söz və ya söz birləşməsi. Həlledici sözlərin indeks funksiyalarından kompüter proqramlaşdırılmasının dilində və müxtəlif mətnlərin kontent-analizlərində kod deskriptorları kimi istifadə olunur.

HƏRƏKƏT (development) – 1) Ekranda, səhnədə hadisələrin və şəraitin vizual inkişafı; personajların öz aralarında və ətraf şəraitlə qarşılıqlı münasibəti; 2) Gerçəkliyin verilişdə doğru, düzgün inikası; həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.

HƏRƏKƏTLƏ BÖYÜTMƏ (dollying in) – Telekameranın təsviri böyütməsi; hər hansı predmetin xırda, yaxud orta plandan iri plana gətirilməsi.

HƏRƏKƏTLİ ÇƏKİLİŞ (dollying) – Eyni çəkiliş daxilində (zamanında) kameranın müxtəlif yerdəyişmələri.

HƏVƏSKAR (amateur) – Hər hansı sənət sahəsində peşəkar olmayan, könlü istəyəndən-istəyənə yaradıcılıqla məşğul olan şəxs. Məs., həvəskar operator, həvəskar bəstəkar, kino həvəskarı və s.

HİBRİD MONTAJ (hybrid editing) – Müxtəlif formatlara malik videomaqnitafonların bir-birinə calanması yolu ilə yaradılmış montaj komplekti. Məs., VHS və BETACAM tipli maqnitofonların bir pulta qoşularaq materialın (səs və təsvirin) birindən digərinə yazılmasını təmin edən (köçürülməsi, montajı) sistem H.m.-a nümunə ola bilər. H.m. istehsalat ehtiyaclarını ödəmək üçün yaradılır.

HİPERAKTİVLİK (hyperactivity) – teleekranda reklam kliplərinin göstərilmə tezliyiinin artması. H. mütləq qiymətlərin artırılması ilə müşayiət edilir və heç də həmişə dəyərlərin qiymətlənməsi baxımından reklam sifarişçisinin və telekanalın xeyrinə olmur.

HİPERFOKAL MƏSAFƏ (SONSUZLUĞUN BAŞLANĞICI) (hyperfocal distance) – Obyektivin sonsuzluğa qurulması zamanı hələ də kəskin təsvir edilən, obyektivə ən yaxın plana qədər olan məsafə.

HİPERMƏTN (hypertext)Bu və ya başqa sənədə, həmin sənədin bir hissəsinə, başqa sənədlərə, qeyri-mətn təbiətli digər mənbələrə (səs, görüntü, video) istinad edən mətn, həmçinin bu cür mətni oxumaq, istinadlara nəzarət etmək, şəkillərin təsvirini əks etdirmək, səs və videoəlavələri yenidən səsləndirmək imkanına malik olan sistem. Bu sistemdə qeyri-mətn komponentli H. h i p e r m e d i a adlanır. Əslində, informasiyanın H. şəklində təsvir olunmasına əsaslanan Ümumdünya hörümçək torunun (WWW) son məqsədi şəbəkə resurslarını (fayllar, mətnlər, verilənlər bazası, proqram-serverlər) ümumi bir şəkildə birləşdirilib, vahid Ümumdünya H.-i yaratmaqdır.

HOLLİVUD ÜSLUBU (Hollywood style) – Amerika kino sənətinin mərkəzinə çevrilmiş Hollivudun istehsal və yaradıcılıq üslubunun məcmusu. ABŞ kinematoqrafiyasının başlıca xüsusiyyətlərini («kino ulduzları» sistemi, standart kinodramaturgiya, filmlərin axın istehsalı) özündə əks etdirən sistem.

HOLOQRAFİYA (holography) – Dalğaların interferensiyasına əsasən, obyektin həcmli xəyalının alınma üsulu. Bu ideyanın texnikada tətbiqi lazerlərin kəşfindən sonra meydana çıxmışdır. Adi fotoşəkilçəkmədə obyektdən əks olunan işıq dalğalarının yalnız intensivliyi (yəni amplitudu) fiksə edilir. Həm amplitud, həm də faza münasibətlərinin yazıldığı holoqram adi fotoşəkil çəkməyə nisbətən obyekt haqqında daha tam məlumat verdi.

HOLOQRAM (hologram) – İşığa həssas lövhədə yazılmış interferensiya mənzərəsi. Mikroskopla baxdıqda H. rəngli və qara zolaqların növbələşən sistemi kimi görünür. H.-ı alındığı şüa ilə işıqlandırdıqda həqiqi xəyalı görmək olur. Fotoşəkildən fərqli olaraq H.-da neqativ və pozitiv eynidir, informasiya tutumu isə xeyli böyükdür.

HÜDUD TEZLİKLƏRİ (limit frequency) – Spektri məhdud olan harmonik siqnalların maksimal və minimal tezlikləri.

X

XAOS (chaos) – Tam qarışıqlıq, nizamsızlıq, hərc-mərclik, qaydasızlıq, sistemsizlik, dərəbəylik.

XARAKTER (nature/character) – 1) Şəxsiyyətin ictimai həyat şəraiti və tərbiyə təsiri ilə formalaşan mühüm, əsas fərdi xüsusiyyətlərinin məcmusu. Bu fərdi xüsusiyyətlər insanın iradi fəallığında, ətraf aləmə, həmçinin öz-özünə münasibətində ifadə olunur və onun psixoloji simasına müəyyənlik verir; 2) İncəsənətdə, o cümlədən EE-də insanın sabit, mühüm psixi xüsusiyyətlərinin məcmusunun bədii cəhətdən təcəssüm etdirilməsi. Bu xüsusiyyətlər insan üçün müxtəlif şəraitdə, onun digər adamlara münasibətində, həyat hadisələrini qiymətləndirməsində, fərdi hərəkət tərzində təzahür edir; 3) Xasiyyət; hər hansı bir adamın hərəkət və davranışında təzahür edən psixi xüsusiyyətlərin məcmusu. Ədəbi əsərlərdə, teleradio tamaşalarında ruhi, mənəvi xüsusiyyətləri qabarıq şəkildə fərqləndirilən insan surəti. X. surətin ətrafındakı adamlara, mühitə, tarixi şəraitə münasibətinin göstərilməsi yolu ilə yaradılır. Sənətkarın fikirləri, əsasən xarakterlər vasitəsilə ifadə edilir, əsərin forma və məzmun özünəməxsusluğunu şərtləndirir. Sənətin ayrı-ayrı tarixi inkişaf mərhələlərindəki cərəyanların özünəməxsus insan X.-i konsepsiya olmuşdur.

XARAKTERİSTİKA (characteristic/response) – Xasiyyət, huy, cizgi, əlamət, xüsusiyyət, xarakter; gerçəklik predmet və hadisələrinin, insan xarakterlərinin fərqləndirici əlamətlərinin, xassələrinin, məziyyətlərinin və nöqsanlarının məcmusu. Obraz müəllifin verdiyi və qəhrəmanın portretini, davranışını, müəyyən vəziyyət və şəraiti əks etdirən X.-sından, qəhrəmanın özünün, onun fərdi xüsusiyyətini aşkara çıxaran nitqin xarakteristikasından yaranır. Musiqi xarakteristikası – obrazın xarici dinamikası və ya daxili inkişafını ifadə edən melodiyaların, ritmlərin, harmoniyaların müxtəlif birləşmələrindən əmələ gəlir. Teatr və TV tamaşasında xarakteristika rolun mətnindən, həmçinin bu rolun rejissor, aktyor tərəfindən yaradıcı surətdə ifa olunmasından, onun səhnədə təcəssüm etdirilməsindən doğur (aktyorun oyunu, qrim, paltar və s.). Kinoda xarakteristika, bir tərəfdən, elə teatrdakı amillərlə (ssenarinin mətni, bu mətnin şərhi və s.), digər tərəfdən isə spesifik vasitələrlə: müxtəlif planların birləşməsi ilə, hərəkət, zaman və məkan hüdudunu genişləndirməyə imkan verən montajın, müxtəlif rakursların tükənməz imkanları ilə müəyyən edilir.

XATIRLATMA ANONSLARI (back announcement) – Uzun çəkən proqramların gedişində radionu yenicə açmış dinləyicilər üçün verilişdə olmuş və olacaqları xatırladan anons.

XƏBƏR (news) – Ölkədə və dünyada baş verən, ilk növbədə, ən mühüm hadisələr haqqında yeni məlumat, yenilik; yeni olan, ictimai əhəmiyyət kəsb edən fakt və hadisə, yeniliyin cazibə və mahiyyətini ifadə etmək, aktual hadisə barədə mətbuat, TV və radioda verilən operativ məlumat. İngiliscə "news" sözü müxtəlif rabitə informasiya kanalları ilə xəbərlərin toplanması, işlənməsi və yayılması ilə məşğul olan jurnalistlərin peşə əlamətini bildirən əksər terminlərin məntiqi əsasıdır. Bu söz xəbərlərin müxtəlif tiplərini səciyyələndirən terminoloji ifadələrdə də hakimdir – son xəbərlər, xarici ölkələrdən xəbərlər; təcili xəbərlər və s. xəbərlər anlayışı ilə bağlı terminlər dairəsi informasiyanın texniki vasitələri inkişaf etdikcə və bütövlükdə dünyanın müasir ictimai həyatında informasiya mühitinin rolu artdıqca daha da genişlənir.

XƏBƏR BİZNES KİMİ (news as a business) – ABŞ-da və KİV-lərin bazar münasibətlərinə tabe olduğu, xəbərlərin sərfəli məhsula çevrildiyi ölkələrdə geniş yayılmış konsepsiya. Bu cür xəbərlərin gəlirli olması onların sensasiyalığı və təzəliyi ilə şərtlənir.

XƏBƏRLƏR XİDMƏTİ (news service) – Xəbər toplanması və onların kütləvi mətbuat orqanlarında yayılması ilə məşğul olan struktur. Xarakterlərinə görə bu cür xidmətlər xəbər agentliklərinə bənzəyirlər. Lakin miqyaslarına görə onlar öz informasiyaları ilə ayrı-ayrı rayonları, nəşriyyat, yaxud yayım sistemlərini təchiz etməklə bir qədər məhdud fəaliyyət göstərirlər.

XƏBƏRLƏRİN SEÇİLMƏSİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ (news selection) – Proqrama daxil ediləcək xəbərlərin yenilik, təzəlik, gərəklilik, qeyri-adilik, maraqlılıq, əhəmiyyətlilik və s. meyarlara görə seçilməsi.

XƏBƏRLƏRİN SƏHNƏLƏŞDİRİLMƏSİ (news staging) – Teleekranda saxtalaşdırılmış hadisələrin təsvirinə gətirib çıxaran xəbərlərin süni montajı üsullarını səciyyələndirmək üçün tətbiq edilən uyğunsuz forma.

XƏBƏR PRODÜSERİ (the news producer) – Xəbər proqramının məzmununa, süjetlərin düzümünə, mətnə, videotəsvirə, fotomateriallara, xronometraja, bir sözlə, buraxılışda hər şeyə cavabdeh olan şəxs. Məhz X.p. süjeti hansı formada (şifahi, kadrarxası mətnlə, təsvirlə, sinxron, reportaj, səs effektləri ilə və s.) veriləcəyini müəyyən edir. Buraxılışın ümumi planının tutulması, qrafikadan istifadə, kadrların yerləşdirilməsi, süjetlərin ssenari planını təsdiq etmək və s. məsələlərlə məşğul olan X.p., özü də reportyora, yaxud nyusrayterə tapşırılmamış, amma təcili efirə gedəcək süjetlər yazır.

XƏRCLƏR (expenditures) – Filmin və ya mürəkkəb kompozisiyalı verilişin çəkilişi üçün sərf olunan, həmçinin bu məqsədlə əldə olunan mallara (iş və xidmətlərə) görə nağd və hesaba köçürmə formasında verilən vəsait.

XƏRCLƏRİN SMETASI (expenditure estimate) – Bax: F i l m i n i s t e h s a l ı ü ç ü n s m e t a.

XƏTTİ BÖYÜTMƏ (linear magnification) – Əşyanın öz təsvirindən neçə dəfə böyük (yaxud kiçik) olduğunu göstərən rəqəm. Bax: T ə s v i r i n m i q y a s ı.

XƏTTİ MONTAJ (linear editing) – Təsvirlərin yalnız bir xətt boyunca və yalnız ardıcıl düzülməsini şərtləndirən montaj üsulu. X.m. zamanı montaj olunmuş hazır materiala hansısa kadrı əlavə etmək, yaxud oradan nəyi isə çıxarmaq üçün təsvir bütünlüklə (yaxud qismən) yenidən köçürülüb işlənməlidir. Qeyri-xətti montajda belə geniş əməliyyata ehtiyac qalmır. Bax: Q e y r i - x ə t t i m o n t a j.

XƏTTİ PERSPEKTİV (linear perspective) – Perspektivli qısalan xətlərin – yolların, evlərin, teleqraf dirəklərinin, dəmiryol relslərinin və s. kadrdakı vəziyyəti ilə yaradılan əhatəlik və ənginlik duyğusu. Kadrın dərinliklərinə gedib çıxan paralel yerləşdirilmiş xətlər arasındakı məsafənin qısaldılması qonşu əşyaların əhatəliyini yaxşı çatdırır, birləşmə nöqtəsinin vəziyyəti isə üfüqün rakursunu və hündürlüyünü müəyyənləşdirir.

XİDMƏT ZONASI (service zone/area) – Fərdi qəbul şəraitinin dövlət texniki standartları və normalarının tələblərinə cavab verdiyi ərazi hüdudları.

XOST (chost) – Şəbəkəyə qoşulan və müxtəlif xidmətlər göstərən kompüter. İnternetdə hər kompüterin öz unikal ş ə b ə k ə ü n v a n ı olur. Bu ünvanın həcminin hər biri 8 bitdən ibarət olan 4 hissə təşkil edir.

XROMATİK ABERRASİYA (chromatic aberration) – Qeyri-monoxromatik işıqdan istifadə zamanı əmələ gələn spesifik təsvir təhrifləri. X.a. təsvirin geniş spektrli dalğa uzunluqlu işıq dəstələri vasitəsilə formalaşdırılması zamanı əmələ gəlir.

XROMATİK RƏNG (chromatic color) – Qırmızı, sarı, yaşıl, göy və bunların müxtəlif rəng çalarları. İşıq dalğalarının müxtəlif birləşmə və təsirləri bütün X.r.-ləri fərqləndirən rəng tonu, açıqlıq doyumluluq xüsusiyyətlərini şərtləndirir.

XRONİKA (news item/news reel) – 1) Baş verən hadisələrin EE-də xronoloji ardıcıllıqla əks etdirilməsi; 2) Dövri mətbuatda, TVR-də, sənədli kinoda və s. cari hadisələr haqqında qısa məlumat, informasiya; 3) Ölkədə və dünyada baş vermiş hadisələrə həsr olunmuş sənədli film.

XRONOLOGİYA (chronicle) – Tarixi hadisələrin vaxt ardıcıllığı ilə yazılışı; hadisələrin baş verdiyi, yaxud sənədlərin yazıldığı vaxtın müəyyən ardıcıllıqla izlənməsi.

XRONOMETRAJ (timing/time keeping/time study) – Kinoda, radio və TV-də istehsal proseslərinin (çəkiliş, montaj) və efir vaxtının vaxta görə tənzimlənməsi; hazır filmin, verilişlərin, süjetlərin müddəti.

XÜSUSİ KİNOÇƏKİLİŞLƏR (special shootings) – Adi çəkilişdən fərqlənən kinoçəkiliş üsulları və qaydaları; X.k.-ə kadr-kadr, yavaşıdılmış sentrofer (müəyyən və bərabər vaxt intervalı ilə kinoçəkilişlər), sürətləndirilmiş və yüksək sürətli, qeydiyyatlı, ölçülü, böyük uzaqlıqdan çəkiliş (teleçəkiliş), makrokinoçəkiliş (kiçik obyektlərin iri miqyaslı çəkilişi), mikrokinoçəkiliş və s. daxildir.

İ

İCARƏ (lease) Müəyyən şərtlər əsasında çəkiliş, yaxud montaj avadanlığının müvəqqəti istifadəyə verilməsi və ya alınması.

İCARƏYƏ GÖTÜRÜLMÜŞ KANAL (leased channel) – İctimai rabitə vasitəsi şərti ilə əvvəlcədən elan olunan qiymətlərə görə icarəyə verilən kabel yayım sistemi kanalı.

İCMAL (review/comment) – 1) Qısa məlumat, bir məsələnin ümumi şəkildə qısaca şərhi; 2) TV və qəzetlərdə günün (ayın, həftənin) siyasi hadisələrini ümumi şəkildə xülasə edən çıxış, məqalə, yazı.

İCMALÇI (reviewer/commentator) – EE-də müntəzəm icmal verən şəxs; icmal yazan jurnalist, icmal müəllifi.

İCMA YAYIMI (community broadcasting) – Yerli xəbərlərə, sosial-mədəni problemlərə üstünlük verilməklə qeyri-kommersiya yolu ilə həyata keçirilən kommunikativ icmaçılıq ruhunda radio və TV işinə aid termin. Bu spesifikanı qorumaq məqsədi ilə dünyanın müxtəlif ölkələrində (xüsusən inkişaf etməkdə olan) kommunikativ icmaçılıq tərəfdarları öz prinsiplərini KİV-in bütünlüklə kommersiyalaşdırılması və onların informasiyanın gəlirli məhsula çevrilməsi kimi standart Qərb modelinə qarşı qoyurlar.

İCRAÇI PRODÜSER (executive producer) – Filmin istehsalına görə məsuliyyət daşıyan adam. Özü çəkilişlərdə nadir hallarda iştirak edir. Əksər hallarda bir neçə quruluşa eyni zamanda nəzarət edir və filmə dair işgüzar məsələlərlə məşğul olur. TV-də: konkret gün ərzində xəbər buraxılışlarının bütün cəhətlərinə cavabdeh olan şəxs. Çox vaxt məhz İ.p. müəyyən edir ki, reportyorlar nə çəkəcək və efirə hansı süjetlər gedəcək. İşin təşkilinə və ssenari planının tərkibinə də o cavabdeh olur. İ.p., həmçinin xəbər rejissorunun işini görür. O, xüsusi buraxılışların hazırlanması, yaxud xəbərlərin seçilməsi, cədvəlin tutulması, işə adam qəbul etmə və işdən çıxarma ilə məşğul olur. Kiçik studiyaların çoxunda İ.p.-in funksiyalarını xəbər rejissoru, yaxud prodüsser yerinə yetirir.

İCTİMAİ (public) – İnsan cəmiyyətinə aid olan; cəmiyyətdə insanların həyat və münasibəti ilə bağlı olan, cəmiyyətdə cərəyan edən, törəyən, cəmiyyətin həyatına aid olan; hamıya, bütün cəmiyyətə məxsus olan; kollektiv, ümumi, ellik.

İCTİMAİ BAXIŞ (public hearing) – Hər hansı ekran əsərinə kütləvi – mütəxəssislərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baxış.

İCTİMAİ JURNALİSTİKA (publis journalism) – Ölkə vətəndaşları ilə birlikdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını birgə axtarıb tapmaq. Bu məqsədlə qəzet, radiostansiya və TV kanalları müzakirələr və təkliflər üçün geniş meydan açır. Əsasən Qərbdə yayılmış İ.j.-ya münasibət birmənalı deyil. Çünki İ.j. jurnalistikanın cəmiyyətdəki rolu barədə mövcud təsəvvürlərdən kənara çıxır.

İCTİMAİ RƏY (public opinion) – Sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və ayrı-ayrı şəxsiyyətlərin fəaliyyətinə insanların münasibətini (gizli və ya açıq şəkildə) təsbit edən qeyri-rəsmi kütləvi şüurun mövcudluq üsulu. İ.r-də insanların həyat hadisələrinə, partiyaların, təsisatların fəaliyyətinə münasibəti əksini tapır. İ.r. tövsiyə və tələblər formasında ifadə olunur, bu və ya digər sosial institutun fəaliyyətini, ayrıca adamın və qrupun davranışını bəyənmək və yaxud ifşa etmək şəklində təzahür edir. TV-də və KİV-in başqa sahələrində seçki kampaniyaları ərəfəsində təbliğat üsulu kimi istifadə edilir.

İCTİMAİ RƏY SORĞUSU (public opinion poll) – Əhatə dairəsinin əsas statistik öyrənilmə forması, radio və TV-nin auditoriyaya təsirinin məzmunu və nəticələri. Sorğuların köməyi ilə kontent-təhlillər aparılır, seçki kompaniyalarında və digər ictimai məqsədlərə görə KİV-dən istifadə etməklə elektron-informasiya biznesinin səmərəsinin artırılması taktikası və strategiyası işlənib-hazırlanır.

İCTİMAİ TELEVİZİYA (pubic television) – Yayımı ölkənin bütün ərazisinə yayılan, verilişlərində bütün cəmiyyətin və onun ayrı-ayrı sosial təbəqələrinin mənafeyini, eləcə də mövcud fikir və əqidə plüralizmini əks etdirən, universallıq, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan, heç kəsdən, heç bir siyasi qüvvədən və heç bir maliyyə qurumundan asılı olmayan müstəqil TV. Demokratik (kollegial) idarəetmə üsuluna malik İ.t. tamaşaçılardan yığılan abonent pulu hesabına maliyyələşir. Lakin dövlət büdcəsi, yaxud qarışıq maliyyə sistemi ilə işləyən İ.t.-lar da mövcuddur. Əmlak maliyyələşmə və idarəçilik formalarına görə bir-birindən fərqlənən Amerika, Bi-Bi-Si və Skandinaviya modelləri mövcuddur. İ.t. xalqı maarifləndirən, cəmiyyətdə demokratiya və fikir plüralizmini inkişaf etdirən, milli və bəşəri dəyərləri yaşadan mühüm təsisat hesab olunur.

İCTİMAİ YAYIM (public broadcasting) – Özünün dəqiq yayım prinsipləri olan, dövlətin də qismən maliyyələşdirdiyi, ancaq yaranmasına, məzmununa heç cür qarışa bilməyəcəyi yayım. Bax: İ c t i m a i t e l e v i z i y a.

İDEAL (ideal) – 1) Ən yüksək məqsəd; qayə, amal; 2) Bir şeyin ən gözəl, ən yaxşı, ən mükəmməl nümunəsi.

İDEOLOGİYA (ideology) – İctimai şüurun müxtəlif formalarında: fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar, baxışlar sistemi; məfkurə. İ.-da insanların gerçəkliyə və bir-birinə münasibəti, sosial problemlər və konfliktlər dərk edilir və qiymətləndirilir, həmçinin mövcud ictimai münasibətlərin dəyişdirilməsinə yönəldilmiş sosial fəaliyyətin məqsədi (proqramı) əksini tapır. İ. üstqurumun tərkib hissəsi olub, nəticə etibarilə iqtisadi münasibətləri əks etdirir.

İDEYA (idea/concept/notion) – 1) İnsanın şüurunda gerçəkliyi əks etdirən anlayışların, təsəvvürlərin və dünyagörüşünün məcmusu, insanın onlara münasibəti və yanaşmasının əsas prinsipi; 2) Yeni veriliş, yaxud film yaratmaq barədə layihə (fikir); 3) Dünyagörüşün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə.

İFADƏLİ HƏRƏKƏT LƏR (expressive motion) – İnsanın xarici aləmin cisim və hadisələrinə, başqa adamlara bəslədiyi münasibət, keçirdiyi hissləri ifadə edən hərəkətlər. Üzün, əl və qolların müxtəlif hərəkətləri, həmçinin nitqin ahəngi adamın keçirdiyi rəngarəng hissləri ifadə edir. Müxtəlif psixi (xüsusən emosional) hallarda üzə çıxan və onların xarici ifadəsi olan bu hərəkətlər mimikada (üzün ifadəli hərəkətləri), pantomimikada (bədən hərəkətləri) və vokal mimikada (səsin ahəngi və tembrində) təzahür edir.

İFADƏLİ QİRAƏT (elocution) – Ədəbi qiraət normalarına riayət edib, ucadan (əzbər və ya kitabdan) oxu üsulu ilə mətnin ideya-obraz məzmununu vermək; sözü bədii şəkildə ifadə etmək məharəti.

İXTİSASLAŞMIŞ KİV (specialized mass-media) – İstehsalı (yayımı) üçün xüsusi qaydalar müəyyən edilmiş və konkret mövzu sahələri olan kütləvi informasiya vasitələri.

İKİQAT EKSPOZİSİYA (double exposition) – Kinolentin eyni bir sahəsinin iki dəfə ekspozisiya edilməsi. Əvvəlcə kinolentin hansısa bir kəsiyində ümumi kinoçəkiliş aparılır, sonra isə bir sıra həvəskar kinoçəkiliş aparatlarında olan əksinə sarıma dəstəyinin köməyi ilə lentin həmin parçası ötürücü bobinə sarınır və çəkiliş təkrarən lentin həmin kəsiyinə aparılır. İ.e. müxtəlif vaxtlarda və ayrı-ayrı yerlərdə baş verən iki hadisəni müqayisə üçün eyni zamanda göstərməyin arzu edildiyi hallarda bədii üsul kimi tətbiq edilir.

İKİNCİ İŞIQ MƏNBƏYİ (auxiliary illumination) – İşıqlanmadan asılı olmayaraq işıq şüalandıran birinci mənbədən fərqli olaraq inikas edən, yaxud ondan keçən işıqla işıqlanan istənilən işıqlı cismin şərti adı. İşıqsalanlar, işıq əksetdiricilər İ.i.m.-nə nümunə ola bilər.

İKİ PROYEKSİYA SİSTEMİ (double projection) – Biri səs, digəri isə təsviri materialların verilməsi və onların birləşdirilməsi üçün iki proyektordan istifadə sistemi.

İKİSƏMTLİ MİKROFONLAR (double sided microphones) – Yan tərəfdən deyil, yalnız öndən və arxadan gələn səslərə həssas olan mikrofonlar. Bax: M i k r o f o n u n y ö n ə l m ə d i a q r a m ı.

İKİTƏRƏFLİ RABİTƏ XƏTTİ (two-way) – Birtərəfli formadan fərqli olaraq informasiyanın alınması (şəbəkə radiosu və TV-si ilə) telefon qovşaqları, KTV, İnternet və digər İSM ilə qarşılıqlı fəal ünsiyyət imkanını nəzərdə tutur.

İKONA (icon/sacred image) – Xristian dinində Allahın, yaxud övliyaların təsvirləri olan şəkil.

İKONOQRAFİYA (iconography) – Müəyyən süjetin və ya üzün, insan sifətinə aid təsvirin sistemli öyrənilməsi, onların mənasının, rəmzinin və atributlarının izahı.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə