Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə25/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

RUBRİKA (rubric/heading/column) Qəzet, jurnal səhifələrində, teleradio verilişlərində hər hansı bölmənin sərlövhəsi, başlığı, ümumi adı.





"RUS MATRYOŞKASI" METODU ("Russian dolls" method) – İSP sahəsində hipermətn informasiya əməliyyatlarının yaradılması qaydası. Belə bir üsulun tətbiqi imkanı, adi KİV-in "xəttiliyi" ilə müqayisədə hiperfəallıq keyfiyyətinə malik yeni elektron mətbuatın üstünlüklərindən biridir, hərçənd bu, onların hüquqi cəhətdən eyniləşdirilməsində çətinliklər də yaradır.

S

SABUN OPERASI (soap opera) – 1) Film qəhrəmanlarının həyatından uzun-uzadı, ləng bir tərzdə, amma ardıcıl söhbət açan, çoxlu epizodlardan ibarət radio, yaxud TV serialı. S.o. müvafiq seriallarla uzun müddət ərzində gündəlik ünsiyyət, tamaşaçılarda iştirak effekti yaradır və auditoriyanın diqqətini süjetlərdə toxunulan bütün həyati problemlərə cəlb edir. Bu janrın adı sponsor firmalarının buraxdığı yeni sabun, yuyucu toz və buna bənzər məhsul növlərini almağı təkidlə məsləhət görən reklamlardan sonra formalaşmışdır; 2) Kinematoqrafiya və TV sənətində son illərin populyar faktına çevrilmiş çoxseriyalı filmlərə – seriallara verilmiş qeyri-rəsmi ad – janr. Ekranda göstərilən «Santa-Barbara», «Lovizna», «Varlılar da ağlayırlar» və s. tipli 100-300-500 seriyalı telefilmlərin gerçəkliyi əks etdirmə, eləcə də məzmun və sənətkarlıq cəhətdən bəsitliyini nəzərdə tutan istehzalı ifadə. Türkiyə türkcəsində bu filmlərə verilən «pəmbə filmlər», rus dilindəki «mılnaya opera» adı da eyni məzmun kəsb edir.

SAHƏ (depth of focus) – Kamera linzasının təmiz dolğun təsviri təmin edə bildiyi dərinlik və genişlik.

SAUND-BAYT (sound-byte) – Televerilişlərdə videosüjeti müşayiət edən səs frazası. Dəyəri artdığına görə belə frazalara ekran vaxtı az ayrıldığı üçün bu termin, həm də söz frazalarını son dərəcə lakonik və ekspressiv ifadə etmək məharətini bildirir. Tanınmış jurnalistlərin, ekran və estrada ulduzlarının, siyasi kompaniya iştirakçılarının sərt ifadələrini də S.-b. adlandırırlar. Daha parlaq S.-b.-lar namizədlərə, yaxud yeni məhsullara həsr olunan reklam çarxlarının özəyinə çevrilir ki, bu da həm siyasi, həm də ticarət reklamlarına səmərəli kömək edən qanadlı ifadələr kimi dəyərləndirilir.

SAZLAMA (tuning) – Çəkiliş, montaj, videoyazılış sistemində prosesin daha böyük səmərəliliyinə nail olmaq üçün parametrlərin nizamlanması. Bu iş elektron-informasiya texnikasını sazlayan qurğu (tuner) vasitəsilə aparılır. Kommunikologiyada S. dedikdə TV kanalları və proqramları üçün vasitə nəzərdə tutula bilər. Onlarla yaxşı münasibətdə olmaq, onların "tonuna" ahəngdar şəkildə uyğunlaşmaq və KİV-dən asılı yaşamaq – bəzən bu, S. ətaləti, yaxud "sazlama davranışı" adlanır.

SEANS (seance/show/performance) – Bir işin icrasının (filmin, tamaşanın nümayişi) arasıkəsilmədən davam etdiyi müddət, vaxt; film nümayişinin davam etdiyi konkret müddət.

SEKAM (SECAMSystem En Couleur a Memoire) – Fransada yaradılmış, əsasən Şərqi Avropa və keçmiş SSRİ məkanında tətbiq edilən müasir rəngli TV sistemlərindən biri. Bu sistemdə 819 sətir, 50 Hs standartı istifadə edilir. Sətirlər qırmızı, sarı və mavi, sarı rəng siqnalları ilə işlənir.

SELEKTİVLİK (selective(ness)) – Radioqəbuledici aparatın başqa radiostansiyalardan gələn siqnallar arasından lazımi radiostansiyanın siqnalını ayırmaq qabiliyyəti.

SEMANTİKA (semantics) – 1) Sözün, ifadənin, qrammatik formanın mənası; 2) Məna.

SEMİOTİKA (semiotics) – 1) Kino, TV və radionun işarələrə əsaslanan dil sistemi; 2) İşarələr sistemi haqqında təlim; işarələr sisteminin müxtəlif xüsusiyyətlərini öyrənən elmi nəzəriyyələr kompleksinin ümumi adı; ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları bunlardır: a) məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası; b) ünsiyyət funksiyası, yəni DT və oxucu tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi; v) fəaliyyətə, hərəkətə sövq etmə, emosional təsir və s. Bu funksiyalardan birinin həyata keçirilməsi işarə sisteminin müəyyən daxili təşkilini, yəni onların birləşdirilməsinin müxtəlif işarələrini və qanunlarını nəzərdə tutur.

SEMİOTİK CƏRƏYAN (semiotic) – Kommunikativistika informasiya proseslərini üç istiqamətdə tədqiq edir: 1) Semantika – işarələrlə denotat, yaxud referent (haqqında söhbət gedən dildənkənar gerçəkliyin göstərilən predmeti) arasında münasibətlər; 2) Sintaktika – işarələrin işarələrə olan münasibəti; 3) Praqmatika – işarələrlə onların təfsirçiləri arasındakı münasibətlər. Mətnlərin birmənalı təfsiri ilə təbliğat-işarə sistemləri əsasında inkişaf edən müxtəlif növ sosial-siyasi, yaxud mədəni-ideoloji tendensiyaların təsiri altında manipulyasiyalarla və yalançı izahlarla bağlı olan çoxmənalı təfsiri arasındakı fərq də bu planda açılır.

SEMİOTİK MÜHARİBƏ (semiotic warfare) – Semiotik cərəyan ideyalarına görə, daim informasiya kommunikasiyalarının gedişində baş verən sözlərin, mətnlərin və diskursların məna dəyişmələrinin mübarizəsi. Bu, kütləvi mətbuatın və auditoriyanın informasiya fəaliyyətində təkcə mənalara deyil, həm də onların izahına nisbi xarakter verir.

SEMİOZİS (semioasis) – Ekran müstəvisinin əlamətlərinin nəzərdən keçirilməsi, qavrayışda bu və ya digər müstəvinin seçilməsi ilə əvvəlcədən müəyyənləşən məkan obrazı. Hələ canlandırılmazdan əvvəl formalar texnologiyaya aid olur. Amma buna baxmayaraq, artıq bu səviyyədə də məkanın müəyyən «obrazı» üçün xarakterik olan S. aydın nəzərə çarpır. Teleekranda canlandırılan «gerçəklik obrazı» hamı üçün ümumi əhəmiyyət daşıyır.

SENSASİYA (sensation) Çox güclü təsir, gurultu, həyəcan; çox böyük təsir oyadan hadisə, xəbər; DT-lərin diqqətini daha çox cəlb etmək üçün hər hansı hadisə və məlumat haqqında qeyri-adi, təlatümlü təəssürat yaratmaq. Bəzən S. baş vermiş hadisənin mahiyyətindən çox, onun EE təqdimatında özünü göstərir.

SENSASİYA DOĞURAN XƏBƏR (sensational news) – Adamlarda güclü hisslər doğuran və həmin hisslərin xarakterindən asılı olaraq (iftixar, yaxud qəzəb) xoş və ya bəd təəssürat oyadan informasiya. Bu, KİV-ə diqqətin cəlb olunmasına və auditoriyanın genişlənməsinə kömək etdiyinə görə telekompaniyalar öz reportajlarına az və ya çox dərəcədə sensasiya doğuran xəbərlər daxil etməyə çalışırlar.

SENSİBİLİZASİYA (sensitization) – Kinolentin emulsiya təbəqəsinin işığa həssaslığının artması və genişlənməsi.

SENSİTOMETRİK NƏZARƏT (sensitometric control) – Neqativlə birlikdə xüsusi cihazda – sensitometrdə ekspozisiya edilən həmin növ kinolentin bir kəsiyinin aşkarlandığı nəzarət üsulu. Lentin bu kəsiyinə – sensitoqrama görə neqativin aşkarlanma dərəcəsini xarakterizə edən təzadlıq (kontrastlıq), yaxud qamma əmsalının miqdarını təyin etmək mümkündür. Kinolenti maşınla emal edərkən, zamana görə aşkarlama qaydasından istifadə olunduğu üçün S.n. üsulu müntəzəm həyata keçirilir.

SENSOR (sensor) – 1) Həssas element, qəbuledici; 2) Ötürücü; 3) İşıq siqnallarını dəyişdirən, təsvir siqnallarını formalaşdıran fotoelektron dəyişdirici.

SENZOR (censor) – Mətbuat (TV və radio) üzərində dövlət nəzarətini – senzuranı həyata keçirən şəxs.

SENZURA (censorship) – Rəsmi hakimiyyətin (dünyəvi, yaxud dini hakimiyyətin) çap məhsullarının məzmunu, nəşri və yayılması üzərində, teatr tamaşalarının, kino əsərlərinin (ifası, göstərilməsi), bədii sənət nümunələrinin, R və TV verilişlərinin (ifası, göstərilməsi), bəzən isə hətta şəxsi yazışmanın məzmunu üzərində nəzarət sistemi. İlkin S. və sonrakı (cəzalandırıcı) S. mövcuddur. S. avtoritar rejimlərə xasdır, lakin söz azadlığının mövcud olduğu demokratik cəmiyyətlərdə fövqəladə hallarda S.-ya əl atırlar.

SERİAL (serial) – Vahid fabulalı çoxseriyalı telefilm. Qərbin bir sıra ölkələrində bu cür məhsullara həm yerli, həm də xarici müəlliflərin klassik əsərlərinin ekranlaşdırılması aiddir: "Forsaytlar haqqında Saqa", "Hərb və sülh" və s. kimi filmlər S. silsiləsinə aiddir.

SERİAL-FİLM (serial film) – Üç və ya daha çox seriyadan ibarət bədii, elmi-kütləvi və s. xarakterli filmlər.

SERİYA (series) – 1) Bir-birinə eynilə oxşar və ya hər hansı ümumi əlamətə malik olan şeylər sırası; hər hansı bir işin, hərəkətin ardıcıl sırası; 2) Böyük kinofilmin bütün seans vaxtı nümayiş etdirilən müstəqil hissəsi; hər bir buraxılışı bitmiş epizoddan ibarət film. S.-da əsas aktyor heyəti dəyişməz qalır.

SERVER (server) – Lokal kompüter şəbəkəsi sistemində şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirən mexanizm. Hər bir S. həm ayrıca, həm də işçi stansiya tərkibində ola bilər. Resurs kimi aparat komponenti (disk, printer, modem, skayner və s.) proqram, fayl, verilənlər bazası, hətta kompüter də ola bilər. Buradan da S. ilə bağlı bir sıra terminlər meydana gəlmişdir: fayl server, printer serveri, çap serveri və s. bu qəbildəndir.

SERVİS PROQRAMLAR (service programs) – Kompüterlə işləyən istifadəçiyə əlavə xidmətlər göstərmək və əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün verilən proqramlar.

SEYRƏK İŞIQLANMA (low light) – Düşən işıq axınının istiqamətini izləməyin mümkün olmadığı işıqlanma. Məs., tutqun havada gün işığı ilə işıqlanma, inikas etdirən böyük səthlərin əks etdirdiyi işıqla işıqlandırma və s. S.i.-da aydın bilinən kölgələr olmur, əşya bayağı görünür və obyektin ayrı-ayrı səthləri yalnız ton fərqi ilə verilir.

SEYTRAFER (site breaker/saythreyker) – Kinoçəkiliş aparatını müəyyən müddətə avtomatik işə salan və dayandıran cihaz. Adi halda S. kadr-kadr çəkilişi yerinə yetirir. S. həmçinin çəkiliş məqamında istifadə edilən işıq cihazlarını da eyni zamanda avtomatik yandıra və söndürə bilir.

SƏFƏRBƏREDİCİ İNFORMASİYA (mobilizing information) – İnformasiyanın bu tipinə rabitənin kütləvi vasitələrinin yaydığı və geniş auditoriyada ovqat yaratmağa qabil olan, yaxud informasiyanın mahiyyətinə, onun yaradıcılarının və yayıcılarının maraqlarına və baxışlarına uyğun gəlməyən hərəkətlərə təhrik edən xəbərlər aid edilir.

SƏHİFƏLƏMƏ (agenda setting) – 1) İri həcmli və mozaika tipli verilişlərin müəyyən kompozisiyada birləşdirilməsi; 2) Elektron montajın işlək effektlərindən biri. Bax: D ü z ü m.

SƏHNƏ (act) – 1) Teatr tamaşasının ayrıca bir parçası; şəkil, məclis; 2) Ekranda, tamaşada, filmdə, şəkildə təsvir olunan bir parça, ayrıca epizod. Məs., filmdən bir səhnə və s.

SƏMƏRƏLİ KODLAŞDIRMA (data compression coding) – Rəqəmli axının ixtisarı ilə kodlaşdırma.

SƏNƏD (document) – Hər hansı bir faktı, yaxud hüququ təsdiq edən rəsmi kağız; jurnalistin konkret faktla bağlı müraciət etdiyi və etibarlı sayılan informasiya mənbələrindən (vasitələrindən) biri; qanunla nəzərdə tutulmuş formada tərtib edilmiş və hüquqi əhəmiyyətli faktları (şəxsin doğulmasını, təhsil almasını, əmək stajını və s.) təsdiq edən yazılı akt.

SƏNƏDLİ FİLM (documentary film) – Gerçək həyatdan alınan hər hansı bir hadisəni öz təbii çevrəsi və axını içində, ya da buna ən yaxın şəkildə sonradan qurulmuş hadisə çərçivəsində canlandırıb müəyyən məqsədlə əks etdirən kino növü.

SƏNƏDLİ KİNO (documentary film/cinema) – Real həyati fakt və hadisələr üzərində qurulan kino sənəti növü. Bədii filmlərdən fərqli olaraq S.k. əsərləri olmuş hadisələrin kino çəkilişi materialları əsasında yaradılır. S.k.-nun kinoxronika və kinopublisistika kimi növləri var. S.k.-nun yaranması bilavasitə kinematoqrafiya ilə bağlıdır.

SƏNƏDLİ MƏLUMAT (documentary information) – Həyatın dinamik axarından qoparılmış hissə, müəllifin düşüncəsi ilə məhdudlaşdırılmış, lakin bu düşüncədən kənarda davam edən hissə.

SƏRHƏDSİZ TELEVİZİYA (Television without frontiers) – TV verilişlərinin beynəlxalq müqavilələr (razılaşmalar) əsasında başqa ölkə(lər)nin ərazisində yayımlanması. 1988-ci ilin əvvəlində Avropa parlamentinin hazırladığı və ümumi bazarın iştirakçısı olan bütün ölkələrə teleproqramlardan istifadə etməyə imkan verən proqram. Yalnız ABŞ-dan proqramların idxalını məhdudlaşdırır.

SƏRHƏDYANI TELEVİZİYA VƏ RADİO YAYIMLARI (broadcasting frontiers) – Xidmət zonasına digər dövlətin və ya dövlətlərin ərazisi daxil olan TV və radio yayımları.

SƏRT İŞIQ (hard light) – Kəskin cizgilənmiş kölgə verən yönəldici işıq. S.i. ona xas olan səmtlənmə və kəskin işıq-kölgə keyfiyyətləri tutum effektinin yaranmasına, yəni insan fiqurunun və əşyaların üçölçülü təbiətinin üzə çıxarılmasına imkan verir. Yönəldici işıq cihazları ilə yanaşı, seyrək (süzgün) işıq cihazları da var.

SƏRT YENİLİKLƏR (hard news) – Hər hansı hadisə ilə bağlı verilən rəylərin spesifik ədəbi forması. Bu forma üçün hadisədə güclü yenilik elementi və yüksək operativlik ("bu dəqiqə baş verdi"; "bax bu dəqiqə filan hadisə baş verir" və s.) əlamətləri xasdır.

SƏS (sound) – 1) Elastik mühit zərrəciklərinin mexaniki titrəyişinin doğurduğu psixo-fizioloji duyğu; səs titrəyişinə 20...20000 Hs intervalında tezlik sahəsi müvafiqdir; 2) 20 Hs-dən aşağı tezlikli titrəyişlər, infrasəs; 3) 20 Hs-dən yuxarı tezlikli titrəyişlər isə ultrasəs adlanır.

SƏSBOĞAN (sonic/sound absorver/ sound take off) – TV təsvirində səs effektlərinin eşidilməsini azaltmağa imkan verən qurğu. S. təsvir siqnallarının formalaşdırılması, gücləndirilməsi və ötürülməsi prosesində yaranan səs effektləri ilə yanaşı, təsvirin keyfiyyətinə təsir göstərən qüsurların və maneələrin azaldılmasına da kömək edir.

SƏS CIĞIRI (audio track) – Hər hansı bir daşıyıcıda (kinolentdə, videolentdə, qrammofon valında, maqnit lentində, diskdə, silindrdə, naqildə və s.) fonoqramın olduğu yer. Lentlərdə S.c. daşıyıcının oxuna paralel bir və ya bir neçə sırada yerləşir. Silindrlərdə, disklərdə və sonsuz (həlqəyə yapışdırılmış) lentlərdə səs cığırı spiral şəklində olur. Səs cığırı, həmçinin, ayrı-ayrı paralel kəsiklərdən də ibarət ola bilər (sətri yazılış).

SƏS DALĞASI (sound wave) – Havada yayıla bilən uzununa elastik dalğa.

SƏS DÜZÜMÜ (sound line) – Musiqidə işlənən bütün səslərin, yaxud hər hansı melodiya, məqam, musiqi sistemi, musiqi alətlərinin pillələrlə (yuxarı və ya aşağı) ardıcıl düzülüşü.

SƏS EFFEKTLƏRİ (sound effects) – Danışığa (nitqə) və musiqiyə aid olmayan səs; Studiyada çəkiliş zamanı çox vaxt nəzərdə tutulan çəkiliş yerinin təbii küylərini yamsılamaqdan ötrü istifadə olunan səs. Studiyada guya bürkülü yay günü, şəhərkənarı evin şüşəbəndində baş verən bir səhnə çəkilirsə, S.e.-nin köməyi ilə fonoqrama, məsələn, quşların cəh-cəhini artırmaq mümkündür. Studiyadankənar çəkilişdə belə səs fonu çəkiliş yerində təbii olaraq iştirak etdiyindən, interküy kimi yazılacaq. Hadisənin kadr arxasında qalan inkişafı haqqında təsəvvür yaratmaq üçün həm pavilyon, həm də natura çəkilişlərində S.e.-ndən geniş istifadə edilir. Kamera qarşısında səhnələşdirilməsi mürəkkəb olan partlayışları, avtomobil qəzalarını, raket uçuşlarını və digər həmin miqyaslı olayları kadrarxası S.e.-nin köməyi ilə canlandırmaq mümkündür.

SƏS FONU (ambient noise) – Studiyadakı səs effektlərinin səviyyəsi ilə müəyyən edilən fon. Studiya şəraitindəki səs effektlərinin səviyyəsi adi yaşayış evlərindən xeyli az, yəni 20...30 dB-dən çox olmamalıdır. Kənar səs effektləri studiyaya döşəmənin, tavanın və divarların səskeçiriciliyinə görə daxil olur. Aparat-studiya komplekslərinin (ASK) düzgün planlaşdırılması studiyalarda S.f.-nun səviyyəsinin aşağı salınmasına kömək edir.

SƏSGÜCLƏNDİRƏN (sound amplifires/accoustic arrangement) – Səsin ətraf məkana yayılması üçün elektroakustik qurğu. S.-in tərkib hissələri bunlardır: başlıq, akustik tərtibatpassiv elektrik qurğuları (filterlər, transformatorlar, nizamlayıcılar).

S.-in başlığında səs tezlikləri siqnalları elektrik formadan akustik formaya çevrilir. Akustik tərtibat (akustik ekran; qapalı, açıq, yaxud fazainvers qutu; rupor) səsin yayımı effektini artırır.



SƏSGÜCLƏNDİRİCİ QURĞU (reproducing amplifier) – Göstərilmə-yazma başlığına bərkidilən gücləndirici. S.q.-nun köməyi ilə yazının təhrifinin qarşısı alınır, təsvir korreksiya olunur.

SƏSİN BİRLƏŞDİRİLMƏSİ (sound on sound) – Proqramın səs sırasının tam təmin edilməsi məqsədi ilə nəzərdə tutulan səslərin bir xətdə cəmləşdirilməsi. Bir yerə cəmləşdirilən səs siqnallarının nisbi eşidilmə dərəcəsi, adətən, onların sözü gedən səhnə və ya videosıradakı nisbi əhəmiyyəti ilə müəyyənləşdirilir. Montajçı üst-üstə yazılan səs qaynaqlarını düzgün sezdirməli, onların nisbi səviyyəsinin ayrılıqda hər birinin lazımi dərəcəyə uyğun gəlməsinə çalışmalıdır. Səs fonu olaraq düşünülmüş interküy və ya musiqi kadrarxası mətnin eşidilməsinə mane olmamalıdır. Digər tərəfdən, musiqi gərgin dramatik səhnədə ön plana çıxaraq, interküyü və digər səs elementlərini üstələyə bilər. Beləliklə, səsin cəmləşdirilib birləşdirilməsi yekun fonoqramda səs sırası elementlərindən hansının birinci, hansının ikinci və hansının üçüncü planda eşidiləcəyini qiymətləndirib dəqiqləşdirməlidir.

SƏSİN DİSPERSİYASI (sound dispersion) – Bax: D i s p e r s i y a.

SƏSİN GURLUĞU (audio density) – Verilmiş səsin eşidilmə duyğusunu xarakterizə edən kəmiyyət. S.g. səs təzyiqindən, tezlikdən və rəqsin formasından asılıdır. Forması dəyişməyən sabit tezlikli rəqsdə S.g. səs tezliyi ilə düz mütənasibdir.

SƏSİN KİNOKORREKSİYASI (sound correction) – Səs yazısındakı çox ciddi əngəllər üzərində əlavə iş görməklə fonoqramın səslənmə keyfiyyətinin daha da yaxşılaşdırılması. Bu proses nisbətən geniş yayılmış iki üsulla – süzgəcdən keçirməqrafik korreksiya yolu ilə aparılır. Səs süzgəcləri səs siqnalı diapazonunun yuxarı və aşağı hissələrini kəsib atmağa, qrafik korreksiya isə səs siqnalını öncə eyni olan tezlik zolaqları seriyasına bölməyə imkan verir.

SƏS İNTENSİVLİYİ (sound intensity) – Səs dalğasının yayılma istiqamətinə perpendikulyar olan sahə vahidindən bir saniyədə keçən enerjinin miqdarı. Səsin intensivliyi hər kvadrat metrə görə vattla (Vt/m2) ölçülür.

SƏSİN VURULMASI (audio dubbing) – Montaj vaxtı yığılmış hazır videomaterialın (təsvirin) üzərinə mətnin, musiqinin və səs effektlərinin əlavə edilməsi.

SƏS İZOLYASİYASI (sonic isolation) – Səs dalğalarının yayılmasının qarşısını almaq üçün dalğaların yayıldığı yerlərdə səsudan materiallardan maneələr qoyulması.

SƏS QAPANIB SAXLANMASI (mute) – Səsin ani kəsilməsi. Ümumiyyətlə, uzaqdan idarə edilən cihazlarda rast gəlinir və bu hadisəyə müvafiq düymə təkrar basıldıqda səs qayıdır.

SƏSLƏNDİRMƏ (voice over recording) – 1) Təsvirlə səsin birləşdirilməsi; səsin təsvirin üstünə yazılması; 2) Filmin təsvir hissəsi üçün mürəkkəb fonoqramın alınması üsulu. Səsin kinoçəkilişlə eyni zamanda yazıldığı sinxron səsyazmadan fərqli olaraq, S. dedikdə, filmin artıq çəkilmiş (sonradan səsləndirmə), yaxud əksinə, hələ çəkilməmiş (ilkin səsləndirmə) fraqmentinə səsin yazılışı başa düşülür. S. dedikdə, daha geniş mənada, həmçinin diktor mətninin yazılışı, üzərinə əlavə edilmək üsulu ilə yazılış, işçi, fonoqram kimi yazılış, musiqi yazılışı və s. anlaşılır.

SƏSLİ EKSPLİKASİYA (sound/audio explication) – Filmin səsləndirilməsi ilə bağlı bütün işləri müəyyənləşdirən quruluş ssenarisinin tərkib hissəsi; S.e. musiqinin ilkin və sonrakı yazılışı, fonoteka materialının və təbii səslərin hazırlığı, səsin montajı və yenidən yazılışı üçün bir növ təlimatdır.

SƏSLİ KİNO (talkie/talking pictures) – Təsvirləri səslə (nitq, musiqi və s.) müşayiət olunan kinofilmlərin istehsalı və nümayişi. Hələ kinematoqrafın yarandığı ilk dövrlərdə təsvirin səslə birləşdirilməsi (sinxronlaşdırılması) cəhdləri olmuşdur. Bu məqsədlə musiqi müşayiətindən istifadə olunur, film personajlarının nitqini və mahnıları sinxron səsləndirmək üçün aktyorlar cəlb edilirdi. Geniş tamaşaçı kütləsi üçün buraxılan səsli kinofilmlərdə səs müşayiəti təkcə 35 mm-lik deyil, həm də 16 mm-lik ensiz lentə çəkilən kinofilmlər üçün zəruridir. XX əsrin 70-ci illərinədək kinematoqrafiyada səsin təkkanallı yazılışından istifadə olunurdu. Kinematoqrafın yeni növlərinin meydana çıxması ilə əlaqədar səsin yazılışı və səsləndirilməsi üçün 4, 8 və 12 kanallı səs sistemlərindən istifadə etməklə stereofonik səs də geniş yayılıb.

SƏS LOKASİYASI (sound location) – Obyektin ətrafında yaranan səs sahəsinə (passiv lokasiya) və ya xüsusi qurğuların yaratdığı səsin həmin obyektdən əks olunmasına görə (aktiv lokasiya) obyekt yerinin müəyyən edilməsi. A k t i v S.l.-nda impulslu və arasıkəsilməz səs mənbələrindən istifadə olunur.

SƏS MİKŞERİ (audio mixer/sound mixer) – 1) Səs müşayiəti siqnalının formalaşdırılması məqsədi ilə bir neçə mənbədən alınan səs siqnallarının birləşdirilməsi üçün qurğu; 2) Səs rejissorunun pultu; mikşer pultu. S.m. müxtəlif girişlərə gələn bir neçə səs siqnalını birləşdirərək çıxışda bir siqnala çevirir. Məsələn, hərənin öz mikrofonuna danışdığı bir neçə adamdan müsahibə götürərkən hər mikrofonu mikşerə birləşdirmək mümkündür. Bu mikşer bütün siqnalları bir siqnala çevirərək çıxışa vahid siqnal göndərəcək (bir kanalda) və həmin siqnalı videolentdəki bir kanala yazmaq mümkün olacaq. Səsi tənzimləməyin üsullarına görə aktivpassiv S.m. mövcuddur.

SƏS MONTAJI (audio editing) – Montaj texnologiyası baxımından fonoqramın təmiz və təhrifsiz səslənməsini təmin etmək üçün səsyazmanın keyfiyyətinin tənzimlənməsi prosesi. Estetik tələblər baxımından fonoqram montaj edilmiş materialın ovqat və ritminə, deməli, proqramı izləyən seyrçilərin təəssüratına önəmli təsir göstərir. Montaj zamanı fonoqramın hazırlanmasında üç mərhələni qeyd etmək olar: s ə s s ı r a s ı e l e m e n t l ə r i n i n s e ç i l m ə s i, o n l a r ı n a r d ı c ı l y e r l ə ş d i r i l m ə s i v ə b i r l ə ş d i r i l i b i ş l ə n m ə s i.

SƏS MONTAJININ DƏQİQLİYİ (audio editing accuracy) – Bəzi videoaparatlarda mövcud olan audio tənzimləmə sistemi. Bu sistemin tərkibinə audiosiqnal montajının yüksək dəqiqliyini təmin edən, eləcə də audio və videosiqnallar arasında parçalanmanı aradan qaldıran xüsusi proqram daxildir.

SƏS MÜQAVİMƏTİ (sound resistance) – Sahə tranzistorunun fəal kanalının səs effektləri. S.m. dedikdə elə fəal müqavimət başa düşülür ki, ideal, yəni səs salmayan cihazın girişinə qoşulduqda istilik fluktuasiyaları nəticəsində real cihazdakına bərabər olan səs cərəyanı yaradır.

SƏS MÜŞAYİƏTİ (audio-follow) – Təsvirin hər hansı səslə (fonoqramlar, musiqi, mətn və ya yardımçı səslərlə) müşayiət edilməsi.

SƏS NÖVLƏRİ (sound types) – Veriliş quruluşçusunun məqsədinə və veriliş kompozisiyasına, estetikasına görə proqrama daxil edilən hər hansı akustik komponent. Teleistehsalda səs sırasının ən çox yayılan dörd növü bunlardır: mətn, təbii səs (interküy), musiqi səs effektləri.

SƏS OPTİKASI (acoustooptics) – Akustikanın bir bölməsi; səsin xəyalını, səs şüalarını, səs enerjisinin konsentrasiyasını idarə edən qurğu və üsulları öyrənir. Səsin və işığın fiziki təbiəti müxtəlif, sınma və qayıtma qanunları isə eynidir.

SƏS SAHƏSİ (acoustic space) – Fəzanın səs dalğaları yayılan hissəsi. Azad səs sahəsində səs dalğalarını əks etdirən qoruyucu səthlərin təsiri hissedilməz dərəcədə olur; diffuz (qarışıq) səs sahələrində isə hər bir nöqtədə sahə vahidinə düşən səs gücü bütün istiqamətlərdə eyni olur. S.s. anlayışı ölçüləri səs dalğaları uzunluğunun tərtibində və ya ondan böyük olan sahə üçün tətbiq edilir. S.s. səs enerjisinin sıxlığı və səsin intensivliyi ilə xarakterizə olunur.

SƏS SƏVİYYƏSİ (audio level) – Səsin müəyyən olunmuş səviyyəyə uyğunluğu. S.s.-nin tənzimlənməsi üçün iki üsul mövcuddur: avtomatikəllə (mexaniki); 1) Avtomatik (auto) – səsin giriş səviyyəsinin məhdudlaşdırıcısının köməyi ilə avtomatik nizamlanır; 2) Əllə nizamlama (manuel) – düymə bu istiqamətdə olan potansiometrin köməyi ilə hər iki səs kanalının yazma səviyyələrini ayrı-ayrılıqda nizamlayır.

SƏS SƏVİYYƏSİNİ NİZAMLAMA DÜYMƏLƏRİ (audio level control knobs) – Yazma anında səs-1 və səs-2 kanallarına yazılan səs səviyyələrinin nizamlanması. Səsləndirmə anında da səs səviyyələri yenə ayrı-ayrı nizamlanır.

SƏS SİSTEMİ (audio system) – Musiqi səslərinin yüksəklik dərəcəsinə görə təşkili.

SƏS TEZLİYİ (audio frequency) – Adi şəraitdə qulaqla eşidilən vibrasiya, tezlik.

SƏS TEZLİYİ DİAPAZONU (audio frequency band) – Müəyyən edilmiş normaya görə 16 Hs-dən 20 kHs-ə qədər olan tezliklər.

SƏS TEZLİYİNİN DİAPAZONU (audio frequency responce) – Amplitud Tezlik Xarakteristikasının (ATX) müəyyən qeyri-bərabərliyi zamanı audio, yaxud videoaparatın səs tezliyinin ənənəvi iş diapazonu.

SƏSTƏMİZLƏYİCİ (noise reduction) – Lentin səs kanalındakı xışıltıları yox edən sistem.

SƏS TƏZYİQİ (sound pressure) – Səs tezlikli elastik dalğaların yayıldığı mühitdə yaratdığı təzyiq; səs dalğasının keçdiyi məqamdakı təzyiqin ani qiyməti ilə həmin nöqtədəki statik (atmosfer) təzyiqi arasındakı fərq.

SƏS SÜRƏTİ (sound speed/audio frequency) – Dalğaların səs sahəsində müəyyən sürətlə yayılması. Adətən, S.s. anlayışı s=331... T/273 formulu ilə müəyyənləşir. Bu formulda T-Kelvin şkalası ilə temperaturu bildirir.

SƏS ŞİDDƏTİ (sound intensity) – Bax: S ə s i n i n t e n s i v l i y i.

SƏS TƏQLİDİ (sound imitation) – Təbii səs effektlərinin və səsin təqlidi, təkrarı. Yalnız xüsusi tapşırıqdan irəli gələn müstəsna hallarda S.t. bu və ya digər dərəcədə özünün təmiz şəklinə yaxınlaşır (ona çevrilmir, məhz yaxınlaşır, çünki çevrildikdə daha musiqi, incəsənət olmazdı).

SƏS UCALIĞI (loudness) – Səsin insanın eşitmə orqanı ilə subyektiv təyin edilən keyfiyyəti. S.u. tezlikdən asılıdır: tezlik yüksəldikcə S.u. artır. Mürəkkəb S.u. əsas tonun tezliyi ilə təyin edilir. Kiçik tezlik hüdudunda S.u. səsin gurluğundan və tembrindən asılıdır.

SƏSYAZMA (sound recording) – Səs dalğalarının sonradan səsləndirilməsi üçün qrammofon valı, kino lenti və s. informasiya daşıyıcısına yazılması; səs daşıyıcısının müxtəlif sahələrində fiziki hal və ya formanın dəyişilməsinə əsaslanır. Əsas sistemləri mexaniki səsyazma, maqnit yazısıfotoqrafik yazmadır.

SƏSYAZMA DÜYMƏSİ (audio rec level) – Giriş səsinin səviyyəsinə iki istiqamətdə nəzarət olunmasını həyata keçirən düymə. Bax: S ə s s ə v i y y ə s i.

SƏSYAZMA SINAQLARI VƏ SƏS YAZISININ YOXLANILMASI (recording tests and controlling) – Studiyadankənar şəraitdə gerçəkləşdirilən hər hansı səsyazmaya çəkilişdən öncə sınaq yazılışının aparılması və çəkiliş prosesində fonoqram keyfiyyətinin yoxlanılması proseduru. Çəkilişdən öncə sınaq yazılışından, volyumetrdən, həm də qulaqlıqlardan yararlanmaqla çəkiliş prosesində səs keyfiyyətinə nəzarətdən başqa, yazılan fonoqramın da keyfiyyətini müntəzəm şəkildə yoxlamaq yaddan çıxarılmamalıdır.

SƏS YÜKSƏKLİYİ (loudness) – Avtomatik bas yüksəldicisi musiqinin aşağı səviyyəsini yüksəldir, insan qulağına uyğun olan bas – incə səs səviyyəsini avtomatik olaraq nizamlayır. S.y. alçaq səslərdə akustik nizamlamalar edilməsinə imkan yaradır.

SƏTİRLƏR (lines) – 1) Ekranda təsviri meydana gətirən xətlərdən hər biri. Müəyyən olunmuş standartlara görə, mövcud sistemlərə (PAL, SEKAM, NTSİ) və televizor cihazlarına uyğun olaraq ekranda xətlərin sayı Avropada 625, Amerikada 525, Fransada 819 və bəzi ölkələrin TV-lərində 405-dir. Yeni sistem olan yüksək həssaslıqlı televizorlarda (HDTV) isə bu say 1125-dir. 625 sətir olanlarda təsvir saniyədə 25 dəfə, 525 sətir olanlarda isə 30 dəfə işlənməli olur; 2) Videoya bağlanan başqa bir videonun təsvirlərini ala bilmək üçün seçilən vəziyyət.

SƏVİYYƏNİN AVTOMATİK TƏNZİMLƏNMƏSİ (automatic level controlALC) – İşıqlandırma şəraitinin istənilən dəyişikliyi zamanı fasiləsiz çəkiliş aparmağa imkan verən TV kameralarının funksiyası.

SƏVİYYƏLƏRİN AVTOMATİK TƏNZİMLƏYİCİLƏRİ (SAT) (automatic level controller) – Siqnalın giriş səviyyəsindən asılı olaraq veriliş əmsalı dəyişən dördqütblülər. Bunlardan yayım kanallarının istiqamətlərinin və bölmələrinin cərəyan üzrə həddindən artıq yüklənməsindən və həddindən çox hərəkətə gəlməsindən (həddən çox modulyasiya) siqnalların və nitq verilişlərinin səlisliyinin orta gücünün artmasından müdafiə, kənar səslərin və maneələrin azaldılması üçün istifadə edilir. Avtomatik tənzimləyicilər, məsələn, TV kameralarında müşahidə obyektlərində ümumi işıqlanmanın kəskin dəyişməsi ilə əlaqədar siqnalların amplitudlarındakı böyük fərqlərin kompensasiyası, videorejissor pultlarında rejissorun kombinə edilmiş təsvirlər yaratdığı məqamda müxtəlif siqnal mənbələrindən tam TV siqnalları ilə iş zamanı tətbiq edilir.

SƏYYAR ELEKTRİK STANSİYASI (mobile electric station) – Aqreqat və avadanlığı nəqliyyat vasitələrində yerləşdirilmiş elektrik (adətən, istilik, bəzən atom) stansiyası. S.e.s. elektrik enerjisinə müvəqqəti ehtiyac olan yerlərdə, elektrik xətlərindən uzaqda yerləşən məntəqələrdə, həmçinin ehtiyat elektrik mənbəyi kimi tədqiq olunur.

SƏYYAR KİNO QURĞUSU (mobile film projector) – Əsasən ensiz plyonkalı (16 mm-lik) kinofilmləri stasionar kino qurğusu olmayan kiçik tamaşa zallarında nümayiş etdirmək üçün istifadə olunan yığcam qurğu.

SƏYYAR PRODÜSER (field producers) – Böyük teleşirkətlərdə reportyorların çəkdikləri süjetlərin texniki tərəfləri ilə məşğul olan şəxs. S.p. hadisə yerlərinə gedən, yaxud informasiya toplayan reportyorlarla birlikdə obyektlərdə olur, lazımi texniki köməkliyi göstərir. S.p. reportyorların ssenari planının təsdiqində də iştirak edir.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə