Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə29/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

SSENARİ MÜƏLLİFİ (script writer) Kinofilmin, teleradio verilişlərinin ədəbi ssenarisini yazan müəllif.


SSENARİST, KİNOSSENARİST (film script writer) – Bax: S s e n a r i m ü ə l l i f i.

STANDART (standard) – 1) Yaradıcılıq və davranış sahəsində müəyyənləşdirilmiş norma, ölçü, əndazə; 2) Qəti müəyyən edilmiş, başqalarını onunla müqayisə etmək üçün birtipli nümunə. S. sözü bəzən yaradıcılıqda mənfi çalarda da işlənir. Bir-birinə oxşayan, şablon, orijinallıqdan məhrum.

STANDARTLARI DƏYİŞMƏ BLOKU (standard converter) – PAL, SECAM, NTSC sistemlərini bir-birlərinə çevirmək üçün istifadə edilən qurğu.

STANİSLAVSKİ SİSTEMİ (Stanislavsky system) – TV və R tamaşalarında teatrdangəlmə yaradıcılıq üsulu; görkəmli rus rejissoru K.S.Stanislavskinin işləyib hazırladığı səhnə yaradıcılığı nəzəriyyəsi və metodologiyasının şərti adı. Bu sistemin ən mühüm estetik tələbi əsl bədii həqiqət axtarışıdır. Stanislavskiyə görə, teatr həyatın mexaniki surətini deyil, onun inikasını yaradır, həyat hadisələrinin sintezini nümayiş etdirməklə şüura və hissə təsir göstərir. Teatrın əsas məqsədi «insan ruhunun həyatını» yaratmaqdan ibarətdir. Bundan ötrü aktyor səhnədə həqiqi hisslər, fikirlərlə yaşamalıdır. Bu isə psixotexnika üsullarını («məqsəd», «diqqət», «iş», «ana xətt», «təsəvvür», «emosional yaddaş», «temp», «ritm» və s.) öyrənmək yolu ilə əldə edilir. Stanislavski səhnədə daxilən yaşama prosesinə böyük əhəmiyyət vermiş, lakin aktyorun zahiri texnikasını, duyğularını ifadə etmək bacarığını da yüksək qiymətləndirmişdir. S.s.-nə görə aktyor güclü və məlahətli səsə, aydın tələffüzə, yaxşı plastikaya, çevik bədən hərəkətlərinə malik olmalıdır. İlk radio və teletamaşalarda S.s.-nə üstünlük verilirdi.

STASİONAR (stationar) – Sabit, dəyişməz; daim, həmişə bir yerdə olan; daimi yeri olan, bir yerə bənd edilmiş kamera.

STATİK (static) – Donuq, tərpənməz, hərəkətsiz; tarazlıq və sükut halında nəzərdən keçirilən.

STATİST (super/extra) – Teatrda, teletamaşa və kinoda ikinci dərəcəli, sözsüz rolları oynayan, kütləvi səhnələrdə iştirak edən aktyor.

STATUS (status) – Telekompaniyanın, yaxud filmə (verilişə) aid olan hər kəsin (aktyor, aparıcı, müəllif və s.) hüquqi vəziyyəti.

STENOQRAFİYA (stenography/shorthand) – Danışılan sözləri xüsusi işarələr və ixtisarların köməyi ilə cəld yazma üsulu.

STENOQRAM (stenogramme/shorthand report/record) – Məruzənin, nitqin və s. stenoqrafik yazısı.

STEREO... (stereo)Hərfi mənada: bərk, fəza. Mürəkəb sözlərin mənaya görə ilk tərkib hissəsi. Məs., stereotip, stereometriya, stereoyazı və s.

STEREOBAZA (stereo base) – İkiborulu TV kameralarının obyektivlərinin mərkəzləri arasındakı məsafə. Birobyektivli təkborulu kamera hallarında obyektivlərin yarıları arasındakı məsafə.

STEREOEFFEKT (stereoimpression) – Obyektin iki müstəvi perspektiv təsvirinə baxmaqla onun həcmli (fəzavi) qavranışı. Bunun üçün hər göz yalnız bir təsviri görməlidir: təsvirlər gözdən elə məsafədə yerləşdirilməlidir ki, eyniadlı nöqtələrə müvafiq baxış şüaları kəsişsin; şəkillər miqyasca bir-birindən 16%-dək fərqlənə bilər. Birbaşa, əks və sıfır S.-lər olur; 2) Çoxkanallı yayım sistemlərindəki təkrar səs sahəsinin dinləyicidə ilkin sahə olması barədə süni təəssürat yaranması. S.-in əlamətləri: səs mənbəyinin təkan daxilində lokallaşması (qalması), səslənmənin şəffaflığı (ansamblın səslənməsi fonunda musiqi alətlərinin səsinin ayrı-ayrılıqda mənimsənilməsi və s.) və əhatəliliyi (diapazon genişliyi).

STEREOFONİK RADİOVERİLİŞ (stereo broadcasting) – Dinləyicidə səsin tonu, tembri və gurluğu ilə yanaşı, səs mənbələrinin yeri haqqında da təsəvvür yaradan proqramların radio ilə verilişi. Bu cür verilişdə səslənmə təbii xarakter alır. Adətən, S.r. ultraqısa dalğa diapazonunda aparılır. S.r. proqramı iki kanal ilə verildikdə daşıyıcı tezlik vericidə tezliyə görə kompleks stereofonik siqnalla modulyasiya edilir.

STEREOFONİK SƏSYAZMA (stereophonic recording) – Fonoqramın yazılma vaxtı səs mənbələrinin yerləşmə istiqaməti haqqında assosiativ informasiya verən səsyazma növü. Belə yazının səsləndirilməsində daha çox təbiilik olur. Bu cür effekt yazmanın müxtəlif mövqelərdə yerləşən mikrofonlarla aparılması və yazının müxtəlif nöqtələrdə yerləşdirilmiş reproduktorlarla (onların sayı kanalların sayına bərabərdir) səsləndirilməsi nəticəsində alınır. Genişformatlı kinoda kanalların sayı çox (beş), stereofonik məişət aparatlarında (maqnitofon, elektrofon, qəbuledici və s.) isə adətən, az (iki) götürülür.

STEREOFONİK YAZI (stereo recording) ­– Siqnalların iki kanaldan bir cığıra növbəli yazılışı. Hər iki kanal eyni zamanda 44,1 kHs tezliklə növbələnir.

STEREOFONİYA (stereophonic(y)) – Səs mənbələrinin fəzada paylanması effektini saxlamaqla səsin elektroakustik cihazlarla ötürülməsi və ya yenidən səsləndirilməsi. Səs mənbələri fəzada paylandıqda insanın eşitmə aparatı onların müxtəlif yerdə olduğunu təyin edir (məs., orkestrdə musiqi alətlərinin yerini müəyyənləşdirir). Adi radioqəbuledici və kinofilmi müşayiət edən səsucaldan səsi yalnız bir istiqamətdə şüalandırır və radiotranslyasiya zamanı real hadisəyə uyğun fəza effekti yaranmır. S. verilişlərin təbiiliyini artırır. Məs., orkestrin səsini və musiqi alətlərinin yerləşməsini təbii vermək üçün üç mikrofon üfüqi müstəvidə (qulaq mənbəyin şaquli müstəvidə yerləşməsinə az həssasdır) orkestrin düzülüşü boyunca bir-birindən müxtəlif məsafədə qoyulur. Hər mikrofona gücləndirici qoşulur və siqnal səsucaldana ötürülür.

STEREOKİNO (stereocinema) – Ekranda təsvir olunan obyektləri həcmli kimi qavramaq illüziyası yaratmağa imkan verən kinematoqraf növü. S.-nu çox vaxt həcmli və ya üçölçülü kino da adlandırırlar. Təbii şəraitdə insanın hər gözü həcmli cismi öz rakurs bucağı altında görür və bir gözün tor təbəqəsində əks olunan təsvir o biri gözdə əks olunan təsvirdən fərqli alınır. Film ayrı-ayrı iki nöqtədən çəkildiyi üçün S. vasitələri tamaşaçıya ekrandakı eyni obyekti hər gözlə ayrılıqda görməyə imkan verir. Bunun üçün film stereoskopik üsulla çəkilir və stereoskopik kinoproyeksiya aparatları ilə də nümayiş etdirilir.

STEREOKOPİK KİNOFİLM (stereoscopic film) – Xüsusi qurğular vasitəsilə nümayiş etdirilən və tamaşaçının əhatəli mənimsədiyi təsvir məkanının genişliyini təmin edən kinofilm. Bax: S t e r e o k i n o.

STEREOPROYEKTOR (stereoprojector) – Stereofotoqram: metrik cihaz. Adətən, 3 dərəcəyədək meyl bucağına malik aerofotoşəkillərə əsasən topoqrafik xəritənin tərtibində işlədilir. Yer səthinin modeli S.-da çevrilmiş (dəyişdirilmiş) şüaların proyeksiyası prinsipinə əsasən alınır.

STEREOSKOPİK TELEVİZİYA (stereoscopic television) – Tamaşaçıda təsvirlərin müşahidəsi zamanı dərinlik və geniş həcm təəssüratı yaradan TV sistemləri. Həcmilik təəssüratı görmənin binokulyarlıq xassəsinə əsaslanır. Odur ki, S.t.-da eyni bir obyektin təsviri bir-birindən müəyyən məsafədə yerləşmiş elə iki mövqedən (verilişin bazisi) verilir ki, nəticədə obyektin stereocütünü təşkil edən iki təsvir alınır. Qəbul zamanı tamaşaçıya stereocütün təsvirləri gözlərə ayrı-ayrılıqda (sol gözə sol təsvir, sağ gözə isə sağ təsvir) təsir edir.

STEREOTİP (stereo type) – 1) Qəlibləşmiş nümunə, surət, forma, şablon, trafaret; dəyişmədən təkrarlanan; 2) Yüksək çap üsulunda çap formasının (yığılış və klişe) surəti; qalınlığı 2 mm-dən 25,1 mm-dək olan lövhələr şəklində hazırlanır.

STƏNDAP (standup) – Görüntüyə sənədlilik xarakteri vermək və tamaşaçını inandırmaq məqsədi ilə reportyorun hadisə yerində kadra çıxaraq informasiya verməsi. Məs., haradasa arxa planda toplantı keçirilir, yaxud qəza baş verib, mitinq gedir, tamaşaçıların qarşısına çıxan reportyor isə bu hadisələrin cərəyan etdiyi nöqtədə dayanaraq nə baş verdiyi barədə danışır. S. jurnalistin seçdiyi yaradıcılıq forması kimi mühüm funksiya daşıyır və daha çox deyilənləri əks etdirən videosıra olmadıqda, mövzuya məkan reallığı vermək lüzumu yarandıqda, süjetin bir hissəsindən başqa hissəsinə plastik keçidə ehtiyac duyulduqda, yaxud reportyorun mövcud şəraitə «müdaxilə etməsi», nəyi isə tamaşaçıya göstərməsi lazım gəldikdə istifadə olunur.

STİL (style) – Etimologiyasına görə, latınca mum sürtülmüş taxtada yazı yazmaq üçün şiş uclu çubuq deməkdir. Hər hansı sənət sahəsinə məxsus səciyyəvi cəhətlərin məcmusu və hər hansı bir işi özünəməxsus vasitələrlə həyata keçirmək mənasında işlədilir.

Bax: Ü s l u b.



STİLİST (stylist) – Gözəl yazı və redaktə üslubu, gözəl qələmi olan adam; efir materiallarının dili üzərində işləyən fərd.

STİMUL (stimulus/incentive) – Hərəkətverici amil, bir işə sövq edən həvəsləndirici səbəb; bir şeyin inkişafı üçün əlverişli şərait; maddi maraq, həvəsləndirmə.

STOP-KADR (still frame) – 1) Ekranda kadrın dayandırılması (yazma rejimindən çıxarma, dayanma, videobaşlığı dondurma); yaxud hər hansı təsviri, epizodu vurğulamaq məqsədi ilə əvvəlcədən seçilmiş bir kadrın xüsusi effektlə bir neçə saniyə donuq (foto kimi) vəziyyətdə saxlanması; 2) Elektron montaj effekti.

"STOP» ÜSULU (stop method) – Hər hansı bir əşyanın gözlənilmədən peyda olmasını, yaxud yoxa çıxmasını göstərmək üçün istifadə olunan tryuk kinoçəkilişi üsulu. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, çəkilişin gedişində kamera dayandırılır, kadra zəruri dəyişikliklər edilir və kinoçəkiliş davam etdirilir. Bu zaman kamera və ətrafdakı əşyalar hərəkətsiz qalmalıdır. S.u.-nu istənilən kinoçəkiliş aparatı ilə gerçəkləşdirmək mümkündür.

STRES (stress) – Gözlənilməz gərgin şəraitin yaratdığı emosional vəziyyət. Çətin, xüsusi məsuliyyət tələb edən şəraitdə müxtəlif fiziki və zehni gərginlik halında iş görmək zərurəti.

STROBOSKOPİK EFFEKT (stroboscopic effect) – Kinoproyeksiya zamanı bəzən müşahidə olunan və məlum şəraitdə nəqliyyat maşınları çarxlarının, yaxud mexanizmlərin dişlərinin hərlənməsinin dayanması, ya da əks istiqamətdə hərlənməsi ilə ifadə olunan təzahür.

STRUKTUR (strukture) – Nəyinsə tərkib hissələrinin mütənasib şəkildə, əlaqəli düzümü, yerləşməsi; sistemin təşkilinin ünsürləri arasındakı sabit qarşılıqlı əlaqələrin, bu əlaqələrin qanunlarının vəhdəti kimi çıxış edən quruluşu və daxili forması. S. real mövcud obyektlərin və sistemlərin ayrılmaz atributudur.

STUDİYA (studio house) – 1) Müxtəlif verilişlərin çəkilməsi üçün nəzərdə tutulan və akustik cəhətdən hazırlanmış yer; foto, tamaşa və kino çəkilişləri aparmaq, radio və TV stansiyasında verilişləri efirə vermək üçün xüsusi avadanlıqla təchiz olunmuş qapalı məkan. Səsli yayımda böyük, orta və kiçik konsert (musiqi) S.-ları, mətn oxumaq üçün ayrıca diktor S.-sı, həmçinin ədəbi-dram S.-ları olur. Ədəbi-dram S.-ları, adətən, əsas S. bloklarından ibarət olur. TV yayımı S.-ları böyük, orta və kiçik S.-lara bölünür.

STUDİYA-APARAT OTAĞI (studio apparatus room) – Səs (nitq) studiyasının akustika xarakteristikalı otağı. SAO-da səs rejissorunun pultu, studiya maqnitofonları və yoxlama səsucaldanları qurulur. Səs rejissorunun pultuna müxtəlif siqnal mənbələri – studiyadakı mikrofonlar, maqnitofonlar, birləşdirici xətlər, reverberatorlar və s. qoşulur.

STUDİYADANKƏNAR ÇƏKİLİŞLƏR (field pick up) – Teleistehsal zamanı studiyadan kənarda açıq məkan (natura) və qapalı məkanda (pavilyon) aparılan çəkilişlər. S.ç.-ini iki tipə ayırmaq mümkündür: xəbər proqramları üçün material istehsalı (xəbərlərin elektron üsulla toplanması və ya videojurnalistika – VJ) və bitkin proqram, yaxud onların seqmentlərinin (bölmələrinin) yaradılması (studiyadankənar videoistehsal – SVİ). Ayrılıqda hər tip naturada çəkilmiş materialla, başqa yerdə çəkilib toplanmış materialın birləşdirilməsini nəzərdə tutur.

STUDİYANIN TEXNİKİ HEYƏTİ (studio team) – Canlı yayım, yaxud videoyazılış zamanı texniki proseslərə nəzarət edən və bu işə cavabdeh olan işçilər qrupu.

SUALTI KİNOÇƏKİLİŞ (undersea shooting/pick up) – Xüsusi kinoçəkiliş növlərindən biri. Suya buraxılan kinoçəkiliş aparatı obyektivinin birinci linzasının ön səthi ilə su mühiti arasında hava boşluğu olmalıdır. Həmin hava boşluğu hava – şüşə bölgü sərhəddini təmin etmək üçün zəruridir. Kinoçəkiliş obyektivi də bu bölgüyə görə nəzərdə tutulub. Su – şüşə bölgü sərhəddi olduqda isə kinolentdə sudakı obyektin kəskin təsvirini almaq mümkün olmayacaq.

SUALTI TELEVİZİYA (undersea TV) – Müxtəlif dəniz-okean tədqiqatları zamanı tətbiq olunan TV sistemi. Bu cür tədqiqatlara batan gəmilərin və müxtəlif əşyaların axtarışı, sahil ərazilərində dəniz dibi şelfinin çəkilişi, sualtı flora və faunanın öyrənilməsi, tikilən və istismarda olan sualtı qurğulara nəzarət və s. daxildir.

SUBLİMASİYA (sublimation)Hərfi mənada: yüksəlmə, qalxma. 1) Bərk maddənin qızdırıldıqda ərimədən (maye halına düşmədən) qaz halına keçməsi, buxarlanması; 2) Ekran əsərində (eləcə də səhnədə) obrazın mahiyyətinin üzə çıxmasına xidmət edən forma-məzmun şəkildəyişməsi. Audiovizuallıq şəraitində S. effekti xüsusi əhəmiyyət kəsb edir. TV-də S. "qaynar" təsvir və "soyuq" (nitq) vasitələrin sintezindən istifadə edərək tamaşaçını duyğulandırmaqla onun şüuruna təsir etmək mənasında işlədilir.

SUBTİTR (subtitre) – Alt yazı. Adətən, iki təyinatı var: 1) əcnəbi dildə olan, yaxud qavranılması çətin dialoq, danışıq tərcümə edilərək tele və ya kino təsvirin aşağı hissəsində yazılır; 2) kadrda danışan adamın kimliyi, yaxud hər hansı təsvirin özəllikləri ekranda alt yazı ilə əks etdirilir.

SUBTRAKTİV RƏNG NƏZƏRİYYƏSİ (subtractive color theory)Rənglərin, piqmentlərin, boyaq maddələrinin, boyaqların və s. əvəzlənməsi haqqında nəzəriyyə. Al qırmızı, göyümtül-yaşıl və sarı rənglər əsas subtraktiv rənglər sayılır. Telequruluşçunun S.r.n.-ni bilməsi vacibdir.

SUBTRAKTİV RƏNG SİNTEZLƏRİ (subtractive color synthesis) – Bax: S u b t r a k t i v r ə n g n ə z ə r i y y ə s i.

SUBYEKTİVİZM (subjectivism) – Gerçəkliyə obyektiv yanaşmanı nəzərə almayan, təbiət və cəmiyyətin obyektiv qanunlarını inkar edən dünyagörüşü; reallığa və obyektivliyə əsaslanmayan yanaşma tərzi. Jurnalistikada S. fakt və hadisəni qeyri-obyektiv, qərəzli işıqlandırmanın bir növ fəlsəfi-ideoloji əsasıdır.

SUBYEKTİVLİK (subjectivity) – Ayrıca adamın (subyektin) hər hansı məsələyə baxış bucağını, zövq, maraq və meylini ifadə edən münasibət; birtərəflilik, qərəzlilik, obyektiv olmayan.

SUFLYOR (souffler/prompter) – Nəyi isə xəlvətcə demək; tamaşa və məşqlərin gedişini pyesin mətni üzrə izləyən və ehtiyac olduqda aktyora rolun mətnini sezilmədən xatırladan adam.

SUPER... (super) – Çox yaxşı, yüksək, əla və s. mənalarda işlənən sözönü.

SUPERKARDEOİD YÖNƏLMƏ DİAQRAMLI MİKROFONLAR (super cardioid microphones) – Frontal, yəni ön həssaslığı bir az da yüksək olan mikrofon. Bunlar itiyönümlü mikrofon sayılır və bir qayda olaraq, birbaşa mikrofon önündəki, əsasən çox iti bucaq altındakı səslərə həssasdır. Çox vaxt belə mikrofonları uzun və nazik çubuq kimi hazırladıqlarından, onları «lüləmikrofon» adlandırırlar.

SUPERKREMNİKON (supercremnicon) – Çoxqələvili fotokatodda təsvirin köçürülməsi bölməsinə və silisiumlu diod hədəfinə malik olan ötürücü boru. Bu boruda fotokatodla şüalandırılan fotoelektronlar təsvirin köçürülməsi bölməsində 5-10 kV gərginliklə sürətləndirilir və silisium hədəfdə fokuslaşdırılır.

SUPERMEN (superman) ­– 1) Fövqəlbəşər; insanlar üzərində güman etdiyi üstünlüyünə əmin olan adam; 2) Filmlərin – komikslərin, detektivlərin və s. məğlubedilməz, hər şeyə qadir olan, qarşısıalınmaz qəhrəmanı.

SUPER PAUZA (super still) – Təsvirin "səs zolaqları olmadan pauza" rejimində göstərilməsi. Xüsusi elektron sxemlərin və əlavə başlıqların köməyi ilə əldə olunur.

SUPERSTANSİYA (superstation) – Peyk rabitəsi və kabel sistemindən istifadə edərək ümummilli miqyasda yayım apara bilən müstəqil stansiya. Yerli stansiyalarla iri yayım şəbəkələri arasında orta mövqe tutan belə S. XX əsrin 70-ci illərinin axırlarında ABŞ-da meydana gəlmişdir.

SUPERVAYZER (superviser) – Qərb TV-lərində kollektivin xüsusi təlim almış üzvü. S. kollektiv üzvlərinə işin texnologiyasını öyrədir, kollektivdə işi təşkil edir, hər bir müstəqil üzvün öz bacarıq və imkanlarını maksimum həyata keçirməsinə şərait yaradır.

SUPER VHS (S-VHS) – Teleyayım üçün videoyazı biçimi. Özündən əvvəlki biçim (format) olan VHS-lə müqayisədə daha üstün parametrləri var.

SUPERVİZOR (supervisor) – Hesablayıcı sistemin çoxproqramlı iş rejiminin təşkili üçün idarəedici proqram və ya proqramlar kompleksi.

SUYUMŞALDAN MADDƏLƏR (water mitigatery substances) – Kinolentin aşkarlanması prosesində suyun kimyəvi təmizlənməsi üçün kalsium və maqnezium duzlarının yaratdığı müvəqqəti və daimi codluğun aradan qaldırılması məqsədi ilə tətbiq edilən maddələr. Çox vaxt sönmüş əhəngdən, sodadan, ammiakın, boraksın su ilə qarışığından, natrium ionlarını kalsium, yaxud maqnezium ionlarına dəyişməyə qadir olan müxtəlif natrium-alüminium silikatlarından S.m. kimi istifadə olunur.

SÜJET (plot/topic/subject) – 1) TV-də müxtəlif janrlarda çəkilmiş sənədli və bitkin görüntülərin ümumi adı; bədii əsərdə iştirak edən surətlərin xarakterlərini açıb göstərən və əsərin əsas konflikti ilə bağlı olan əhvalat, tarixçə; mövzu, məzmun; əsərin daxili, intellektual və emosional konstruksiyası. S.-in strukturuna üç komponent – başlanğıc, şərhsonluq daxildir; 2) Sənət əsərlərində obyektiv varlığın bütün ziddiyyət və mürəkkəbliyi ilə qarşılıqlı əlaqədə təsvir olunan hadisələrinin məcmusu. S.-də əsas həyat konfliktləri əks olunur. Ədəbi süjetdən fərqli olaraq jurnalistika (o cümlədən radio və telejurnalistika) S.-i çoxşaxəli deyil, "yığcam"dır. Jurnalistikada S. dedikdə faktların, hadisələrin, fikirlərin, hiss-həyəcanların davamiyyəti başa düşülür. İnsanların xarakterləri, taleləri, ictimai ziddiyyətləri, münaqişələr də burada açılır. Bir qayda olaraq, jurnalistika S.-ində hadisələrin inkişafı bir-biri ilə sıx bağlı olur, kulminasiya və problemlər düyününün açılması isə az qala ən inkişaf etmiş hissəyə çevrilir. S. hadisənin və ya təzahürün mexaniki surəti, predmetin quruluşunun səthi inikası deyil, o, yaradıcılıq prosesinin nəticəsi kimi meydana çıxır və müəllifin izlədiyi sosial məqsədə uyğun şəkildə qurulur.

SÜJETİN DRAMATURGİYASI (plot drama) – Bax: T ə h k i y ə n i n d r a m a t u r g i y a s ı.

SÜNİ İNTELLEKT (artifical intelligence) – Kompüterin insana məxsus düşüncə-informasiya funksiyalarını təqlid etmək və bunun imkanlarını genişləndirmək qabiliyyəti. Süni intellekt istiqamətində müasir robot texnikası və virtual aləmlərin çoxvariantlı modelləşdirilməsi, eləcə də geniş miqyaslı prosesləşdirmə əsasında müxtəlif informasiya vəzifələrini həll etmək üçün zəruri olan nəhəng məlumat ehtiyatına malik gücləndirilmiş paralel kompüterləşdirmə sistemləri inkişaf etməkdədir.

SÜRƏTLİ BAXIŞ (browse) – Stop-kadrların, qrafika sisteminin qeyri-xətti sistemin blokuna daxil edilmiş, əvvəlcədən göstərilən təsvirlərin işıqlandırılması (azaldılmış ölçüdə) ilə təmin edən proses. S.b. vasitəsilə videokliplərin və stop-kadrların seçilməsi asanlaşdırılır.

SÜRƏTLİ KİNOÇƏKİLİŞ (rapid shooting) – Kinoproyeksiyanın qəbul olunmuş standart sürətindən yüksək tezliklə yerinə yetirilən kinoçəkiliş (8 mm üçün 16-18 kadr/s və 16 mm-lik filmlər üçün 24 kadr/s.).

SÜRTÜNMƏLƏR (frictions/rubbing)Təzyiqin, sürtünmənin, sınmanın və s. emulsiya təbəqəsinə ilkin mexaniki təsiri nəticəsində aşkarlama zamanı kinotəsvirdə təbəqənin kiçik sahələrinin qaralması şəklində əmələ gələn qüsurlar.

Ş

ŞAXŞAX (rattle/ratchel/drill/trinket) – Kinoçəkilişdə, xüsusilə də səsli filmlərin çəkilişlərində istifadə edilən və həncama ilə birləşdirilmiş iki taxta parçasından ibarət sadə qurğu.

ŞANTAJ (blackmail) – Müəyyən məqsədlə rüsvayedici məlumatların açıqlanması, yaxud bu tip materialların mətbuatda, TV-də açıqlanacağı ilə bağlı kiməsə hədə-qorxu gəlmək.

ŞARJ (cartoon/grotesque/caricature/jest) – Elə bir bədii obrazdır ki, burada, təsvir olunan şəxsin və ya hadisənin ayrı-ayrı cəhətləri xüsusi olaraq nəzərə çarpdırılır, kəskinləşdirilir və karikatura şəklində dəyişdirilir. Ş. təsviri incəsənətdə daha geniş yayılmışdır. Təsvir olunan hadisənin mahiyyətindən və sənətkarın ona münasibətindən asılı olaraq Ş. satirik və yumoristik ola bilər.

ŞEDEVR (masterpiece) – Sənət incisi. Sənətkarlıq baxımından yetkin və ən yüksək bədii göstəriciləri olan əsər (film, veriliş və s.). Ş. bütün parametrlərinə görə mükəmməl əsər sayılır.

ŞƏBƏKƏ (network) – Yayım siqnallarının verilmə vasitələrinin məcmusu. Rəngarəng şəbəkə tipləri müvafiq terminoloji əlamətə malikdir: radioşəbəkə; TV şəbəkəsi; KTV şəbəkəsi; peyk rabitə şəbəkəsi; ümumi istifadə şəbəkəsi; regional TV şəbəkəsi və s. Həqiqi mənada Ş. anlayışı öz aralarında bilavasitə əlaqəli olan rele zəncirlərinin köməyi ilə planlaşdırılan informasiyanın sinxron translyasiyası üçün birləşmiş yayım stansiyaları, yaxud kabel sistemləri qrupuna aiddir.

ŞƏBƏKƏDƏNKƏNAR TELEVİZİYA (nonnetwork television) – Şəbəkəyə daxil olmayan, məsələn, müəssisələrdə ixtisaslaşdırılmış, yaxud təhsil müəssisələrində təhsil yönümlü müstəqil yerli TV.

ŞƏBƏKƏ İDENTİFİKATORU (network ID) – Mövcud axının hansı şəbəkəyə (provayderə – yayıcıya) məxsus olduğunu müəyyənləşdirən vasitə.

ŞƏFFAFLIQ (transparency) – 1) Fotoqrafik qaralmaların öz üzərinə düşən işığı buraxması xassəsi; 2) Kino və TV menecmentinə (o cümlədən maliyyələşmə sisteminə) verilən tələblərdən biri.

ŞƏFFAF MÜHİTDƏ OPTİK MÜXTƏLİFLİKLƏRİN KİNOÇƏKİLİŞİ (transparent optical variety shooting) – Adi gözlə görünməyən proseslərin, məsələn, müxtəlif cisimlərin havada sürətli hərəkəti zamanı yaranan havanın sıxılmasını və boşalmasını görməyə imkan verən çəkiliş növü. Bu qəbildən olan kinoçəkiliş bir neçə üsulla aparıla bilər: kölgə üsulu, işıq axınının diafraqmaya salınması ilə kölgə üsulu, interferensiya üsulu və s. Bütün bu üsullar mühitin sıxlığının dəyişməsi zamanı sınma dərəcəsinin dəyişmə təzahürünə əsaslanır.

ŞƏFFAF TRANSFORMASİYA (transparent transformation) – Kameraların yerləşməsi ilə bağlı optik sxemin texniki dillə ifadəsi. Yəni müstəvidə birbaşa perspektivi obyektə yönəldilmiş bir kamera çəkir, əks perspektivi isə yaxınlıqda bir-birinə şəffaf mövqedə yerləşən iki obyektiv (iki kamera) təsvir edə bilər, obyekt onların arasında (qarşılıqlı yönəlmiş şəkildə) aydın görünür. Ş.t.-da daha bir mühüm məqam – iki təsvirin canlandırılmasının (əks-perspektivdə) zamanca sinxron baş verməsidir.

ŞƏRH (commentary) – KİV sistemində geniş ictimai maraq kəsb edən aktual siyasi olayların, sosial-mədəni, elm, idman hadisələrinin, çıxış və sənədlərin mahiyyətini aydınlaşdıran operativ təhlil (məs., siyasi Ş., elmi Ş., idman Ş.-i və s.) TV şərhi – kadrda aktual mövzuda analitik çıxışın növlərindən biri.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə