Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə33/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

VİDEOTEXNİKA (video arrangement) Səsi və görüntünü maqnit lentində videoyazıya almaq onu nümayiş etdirmək üçün texniki vasitə(lər).


VİDEOTEKA (video-picture library) – Verilişlərin, filmlərin, arxiv materiallarının, müxtəlif videoyazıların xüsusi şəraitdə (temperatur, rütubət və s.) saxlandığı və xüsusi mühafizə sisteminə malik olan otaq (bina), məkan.

VİDEOTEKST (videotex) – İnteraktiv videoqrafiya sistemi. Teletekstlə müqayisədə daha geniş imkanlara malikdir. İstifadəçiyə həmin məqamda lazım olan informasiyanı almağa imkan verir. V. telefon rabitə kanalı ilə müxtəlif bankların göstəricilərinə yol tapa bilir və televizor ekranında hüdudsuz həcmdə informasiya alır. Bax: V i d e o m ə t n.

VİDEOTRAKT (video path) – Ümumi halda ilkin, aralıq və sonluq videogücləndiricilərdən ibarət olan proses. Rəqəmli sistemlərdə V. sonluq gücləndiricisi əvəzinə analoq-rəqəmli dəyişdirici ("gərginlik-kod" dəyişdiricisi) ilə qurtarır. İlkin videogücləndirici ötürücü borudan gələn siqnalları gücləndirir, onların spektrini və dinamik diapazonunu formalaşdırır. Aralıq gücləndiricidə sönən və sinxronlaşdırıcı impulslar qarışması ilə bütöv TV siqnalı formalaşır.

VİDEOYAZI (carting) – 1) Videomaqnitofon qurğusunun köməyi ilə ekranda göstərilmək və səsləndirilmək üçün təsvirin və səsin maqnit lentinə, yaxud optik diskə yazılışı. 2) Verilişin, çıxışın studiyada və studiyadankənar şəraitdə maqnitofon lentinə yazılması.

VİDEOYAZI APARAT OTAĞI (video production room) – Tərkibinə videomaqnitofonların daxil olduğu videoyazı aparat otaqları təyinatına və postların sayına görə fərqlənir. İki videomaqnitofon bir post təşkil edir. V.a.o.-dakı postların sayı ikidən altıya çatır. Kiçik yayım həcmli TV mərkəzlərində belə otaqlardan TV proqramlarının yazılışı, canlandırılması və elektron montajı üçün istifadə olunur.

VİDİKON (vidicon) – Elektrikkeçirici hədəfi fotomüqavimətdən ibarət olan TV borusu. Təsvirdən (əşyadan) gələn işıq şüalarının təsiri altında V.-un hədəfində (fotokatodda) elektrik yükləri toplanır: hədəfin müxtəlif sahələrinin müqaviməti dəyişir, elektrik siqnallarına çevrilir və təsvirin ayrı-ayrı hissələrinin parlaqlıq bölgüsü dəqiq təkrar olunur. Bu, elektrik yükləri maqnit və elektrostatik sahələrin formalaşdırdığı və meyl etdirdiyi elektron seli ilə hesablanır.

VİDİKON SİQNAL LÖVHƏSİ (vidicon signal shield) – Daxili fotoeffektdən istifadə edən fotoelektrik dəyişdiricilərdən biri. Ötürücü TV borularından olan vidikon, eləcə də onun sonrakı növləri – plyumbikon, kremnikon və s. dəyişdiricilərində enerji cəmlənməsi gerçəkləşir ki, bunun da nəticəsində onlar böyük həssaslığa malik olur. Siqnal lövhəsi V.-un tərkib hissələrindən olub, təsvirin çıxış siqnalının götürüldüyü həlqəvari elektroda birləşdirilir.

VİRTUAL (virtual) – Mümkün olan, müəyyən şəraitdə üzə çıxa bilən, yaxud çıxmalı olan gerçəklik.

VİRTUAL ALƏM (virtual world) – Kompüter qurğularının ekranlarında modelləşdirilən uydurma sahələr, təzahürlər, gerçəklik prosesləri. Bu cür modellərin köməyi ilə müxtəlif həyat şəraitinin mümkün variantları və şəhərsalma, kommunikasiya xətlərinin çəkilişi, istehsalat, ticarət, təhsil, elm, təbabət və KİV də daxil olmaqla ictimai-mədəni fəaliyyətin digər sahələrinə aid layihələr uydurulur.

VİRTUAL REALLIQ (virtual reality) – Kompüterin köməyi ilə yaradılmış süni aləm. Stereokopik TV gerçəklik effektini gücləndirir. "Skafandr" (Datasuit), "Dəbilqə" (Eyephone) və "Əlcək" (Datagloves) tipli xüsusi vasitələrin köməyi ilə istifadəçi xüsusi "virtual aləm"ə düşə və orada hərəkət edə bilər.

VİRTUOZ (virtuoso) – 1) Sənətinin ustası olan, öz işinin incəliklərini bilən ifaçı; musiqi əsərini sərbəst, bədii və texniki cəhətdən bənzərsiz ifa edən ustad sənətkar; 2) Öz işində yüksək zirvəyə qalxmış sənətkar. V. ifaçının repertuarına səs və instrumental müşayiət üçün yazılmış əsərlər daxil olur.

VİTRAJ (stained-glass panel) – Şüşə və şəffaf materiallardan düzəldilən ornamentli və ya süjetli dekorativ kompozisiya. V. kiçik şüşə parçalarından düzəldilir, qurğuşun, polad və yaxud plastik kütlədən hazırlanan lentlə birləşdirilir.

VİZUAL (visual) – Adicə baxmaqla, yaxud optik cihazlar vasitəsilə görmə; TV-nin görüntü tərəfi.

VİZUAL AXTARIŞ FUNKSİYASI (samera search) – Yazılış zamanında yenicə çəkilmiş kadrları kamerada operativ nəzərdən keçirməyə və sonra videoçəkilişi davam etdirməyə imkan verən funksiya.

VİZUAL QƏRƏZLİLİK (visual bias) – Müxtəlif səbəb və məqsədlərə görə TV verilişlərində gerçəkliyin birtərəfli işıqlandırılması. Səbəblərdən biri – effektli videogörüntü texnikasına aludəlikdir. Lakin ideoloji səpkili səbəblər də istisna edilmir. Bu terminin tərkibinə daxil olan "bias" sözü radiotexnikada gərginliyi dəf etməyi, informatikada faktların danılmasını göstərirsə o, ictimai-siyasi leksikada – qərəzliliyə və bilərəkdən yanlış rəyə işarədir. Bütövlükdə V.q. ifadəsində informasiyanın obyektivliyi prinsiplərinin pozulması əks olunur.

VİZUALLAŞDIRMA (development) – Fiziki təzahürün və ya prosesin tamaşaçının görə biləcəyi formada təqdimi. Bax: V i z u a l.

VİZUALLIQ (visuality) – Görünən; hadisəni, faktı tamaşaçıya ekran vasitəsilə göstərmək; əyaniliyi (sənədliliyi) təmin etmək.

VİZUAL MƏKAN (visual space) – Çap-ədəbiyyat informasiya əlaqələri sistemini bildirən termin. Qutenberq erasının qurtardığını iddia edən nəzəriyyəyə görə bu əlaqələr öz yerini qapalı sərhədləri olmayan və buna görə də insanı təbiətlə sivilizasiyanın yazıyaqədərki qədim mərhələlərində olduğu kimi təbii şəkildə yaxınlaşdıran akustik məkanda elektron rabitəsi sistemlərinə verir.

VİZUAL PUBLİSİSTİKA (visual publicism) – Bax: T e l e v i z i y a p u b l i s i s t i k a s ı.

VİZUAL SİTUASİYA (visual situation) – Ekranda kadrın məzmununun, montaj, kompozisiya və təsvirin dinamikasının yaratdığı situasiya; görüntünün yaratdığı gözlənilməz, qeyri-adi situasiya.

VOKAL (vocal music) – İfaçının oxuması üçün yazılmış musiqi; oxu sənəti.

VOKALİZ (vocalise) – Vokal musiqidə etüd növü, mətnsiz pyes; hər hansı bir saitdə (adətən, «a» saitində) oxunaraq səsin təsirliliyini və müğənninin texnikasını inkişaf etdirmək məqsədi daşıyır.

VOKAL SƏNƏTİ (vocal art) – Müğənninin oxuma ustalığına əsaslanan ifaçılıq növü. Vokal əsərlər solo, ansambl və xorla ifa edilir. V.s.-ndə xalq musiqisinin intonasiya, məqam və ritmik xüsusiyyətləri əksini tapmışdır. Milli V.s.-nin formalaşmasına dilin fonetik xüsusiyyətləri də bilavasitə təsir göstərir.

VOLYUMETR (volumeter) – Peşəkar mikşer pultlarında siqnalın səviyyəsini xüsusi indikatorla ölçən cihaz. V.-in mövcudluğu həm fərdi giriş siqnallarının səviyyəsini, həm də girişdə ümumi şiddət səviyyəsini ölçməyə imkan verir. Bax: S ə s m i k ş e r i.

VOLYUMETR(LƏR) (volumeter(s)) – Studiyadankənar səsyazma prosesində səs keyfiyyətinə nəzarət zamanı orta siqnal göstəricisi səviyyəsini ölçən cihazlar. Səs şiddəti ilə bağlı problemləri çəkilişdən sonra düzəltmək son dərəcə çətin olduğundan, səsin çəkiliş prosesinin özündəcə səsin yararlı və sabit səviyyədə yazılmasına diqqət yetirmək lazımdır. Əgər yazılmış ayrı-ayrı fraqmentlərdə siqnal səviyyəsi xeyli dəyişirsə, bərabər səviyyə almaq üçün montajçı həmişə səs səviyyəsini tənzimləməyə məcbur olacaq. Səs siqnalı səviyyəsi elə yazılış zamanındaca düzgün müəyyənləşdirilərsə, istehsal sonrakı mərhələdə montajçının səs səviyyələrini tarazlaşdırmasına ehtiyac qalmayacaq.

VUAL (NİQAB) (fog/foggant) – Kinolentin bütün səthini, yaxud təsvirin bir hissəsini dartan boz və ya bərabərölçülü rəngli təbəqə.

VURĞU (stress/accent) – Sözlərdəki hecalardan və cümlələrdəki sözlərdən birinin daha güclü və daha ucadan tələffüz edilməsi; TV və radioda mətn oxunuşu zamanı mənanı qüvvətləndirmək və fikri (informasiyanı) daha dəqiq çatdırmaq üçün istifadə olunan fonetik vasitə.

Y

YADDAŞ (memory) – 1) Elektron montaj prosesində istənilən təsviri müəyyən effekt almaq (yaxud işləmək) məqsədi ilə özündə saxlayan qurğu; 2) İşlənən informasiyaları, verilənləri və icra olunan proqramı kompüterdə yerləşdirən qurğu. Bu materiallar Y.-a daxiletmə qurğuları (DQ) vasitəsilə verilir. Y.-ın tutumu isə baytlarla (kilobayt, meqabayt, qiqabayt, terabayt) ölçülür. Mürəkkəb quruluşa malik olan kompüterin Y.-ı iyerarxik prinsiplə qurulur və müxtəlif tipli yaddaş qurğularından (YQ) ibarət olur. Funksional baxımdan yaddaş iki hissəyə bölünür: daxili xarici. İşləmə sürəti çox, lakin tutumu az olan daxili Y. özü də iki hissədən – əməli yaddaş (ƏY) və daxili yaddaşdan (DY) ibarətdir. Daha böyük həcmdə informasiya saxlayan xarici Y.-ın (XY) əsas xüsusiyyəti budur ki, o, enerjidən asılı olmayan daşıyıcılarda (maqnit diskində, lentdə, kartda, optik diskdə və s.) qurulur. Xarici Y. işləmə prinsipinə görə iki cür olur: birbaşa müraciətli ardıcıl müraciətli. Xarici Y.-ın işləmə sürəti aşağı olsa da, informasiya tutumu, demək olar ki, qeyri-məhduddur.

YADDAŞ DİSKLƏRİ (disk drive) ­– Proqramları və verilənləri yadda saxlamaq, həmçinin informasiyanı bir kompüterdən digərinə köçürmək üçün istifadə olunan maqnit vasitə. Y.d.-ni şərti olaraq: çevik disklərdə yaddaşa (floppy disk), sərt disklərdə yaddaşa (winchester) maqnitooptik, optik-kompakt və s. bölünür.

YADDAŞIN SIFIR SƏVİYYƏSİ (zero mem) – Yaddaşın səviyyə göstəricilərindən biri. Lent üzərində əvvəlcədən müəyyənləşmiş bir nöqtəni tapmaq Y.s.s. düyməsi ilə gerçəkləşir. Playback sırasında daha sonra tapmaq istədiyimiz nöqtəni reset ilə müəyyənləşdiririk. Bu vəziyyətdə göstərici sıfırlanır. Playback qurtardıqda Y.s.s. düyməsinə basılır. Video avtomatik olaraq irəli, ya da geri gedərək sıfır nöqtəsini tapır.

YADDAŞ QURĞULARI (memory condenser) – Bir sıra rəqəmli qurğuların əsas tərkib hissələrdən biri. Y.q. bir sətirlik, bir neçə sətirlik informasiya həcmində olur. Təsvirlərin rəqəmli şəkildə yadda saxlanması müxtəlif videoeffektlər yaratmağa imkan verir. Ardıcıl verilən təsvir elementlərinin yazılışı yaddaşın özəyində müəyyən ünvanlar üzrə aparılır.

YADDAŞ TUTUMU (memorys volume) – Kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarının göstəricisi. Bax: Y a d d a ş.

YAXA MİKROFONU (clip on microphone/breast microphone) – Səsi rahat, əlverişli vəziyyətdə yazmaq üçün yaxaya taxılan və ilk baxışda diqqəti cəlb etməyən kiçik mikrofon. Çox vaxt «ilgək» və ya «qalstuk» mikrofonları adlandırılan lavalyer tipli bu mikrofonlar (buna «sancaq» tipli mikrofon da deyilir) danışanın paltarına bərkidilir. Ən son modellərin xırda sıxacları var və mikrofon həmin sıxacla paltara bərkidilir. Belə mikrofonların əksəriyyəti elektret kondensatorlu, ya da elektrodinamik mikrofonlardır. Elektret kondensatorlu mikrofonlar həcmcə kiçik olur və studiyadankənar (həm də studiyada) istehsalda daha çox istifadə edilir. Elektrodinamik mikrofonlar azca iri olsa da çox davamlıdır.

YAXIN ZONA (source zone) – Şüalandırılan dalğanın uzunluğundan kiçik radiusa malik olan mənbəətrafı zona.

YAN DALĞA (side wave) – Profildən keçən şaquli müstəvinin hər iki tərəfində yerləşmiş obyektlərdən gələn əks olunmuş, sınmış, difraksiya edilmiş və başqa dalğaların yaratdığı elastik dalğa.

YARADICILIQ (creativity) – Əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni nə isə meydana gətirən fəaliyyət. Y. insan fəaliyyətinin hər hansı bir sahəsində (elmi, texniki-istehsalat, bədii, siyasi və s.) mümkündür. Fəlsəfi və psixoloji baxımdan Y. fərdin subyektiv aktı kimi öyrənilir, onun psixoloji «mexanizmi» tədqiq edilir.

YARADICILIQ FƏRDİLİYİ (creative individuality) – EE əsərlərində ifadə olunan yaradıcılıq fəaliyyətinin təkrarolunmaz özünəməxsusluğu. Sənətkar yaradıcılıq prosesində gerçəklik hadisələrini öz dünyagörüşünün, öz daxili aləminin süzgəcindən keçirir, onları öz yaradıcılıq təxəyyülünün kürəsində əridir.

YARADICILIQ PSİXOLOGİYASI (creative psychology) – İnsan fəaliyyətinin yeni, orijinal nəticə verməsinin qanunauyğunluqlarını, yaradıcılıq prosesini və onun psixologiyasını öyrənən elm sahəsi.

YARDIMÇI KADRLAR (auxiliary frames) – Montaj vaxtı epizodun bütövləşdirilməsi üçün istifadə olunan köməkçi, ara planlar.

YAVAŞIDILMIŞ KİNOÇƏKİLİŞ (slow shot) – Göstərilmə tezliyi aşağı olan, yaxud adi kinoçəkiliş tezliyi ilə (16, 18, 24 kadr/saniyə) müqayisədə azaldılmış tezlikli kinoçəkiliş. Y.k. kinematoqrafik yolla alınan proseslərin davamiyyəti, vaxtının dəyişdirilməsi qaydalarından biridir. Vaxt miqyasının böyüklüyü kinoçəkiliş tezliyi ilə kinoproyeksiya tezliyi arasındakı nisbətdən asılı olur. Bu qaydanın xüsusi üstünlüyü ondadır ki, Y.k. vaxt miqyasını çox böyük, demək olar ki, hüdudsuz dərəcədə dəyişməyə imkan verir. Məs., 1 saat intervalla kadr-kadr çəkiliş qaydası ilə lentə köçürülmüş 16 kadr/saniyə tezlikli filmin ekranda göstərilməsi zamanı hərəkətin ekranda sürətləndirilməsi 57600 dəfə olur.

YAYIM (broadcast) – Müxtəlif məzmunda yayım verilişlərinin təşkili, hazırlanması və elektrik rabitəsi vasitələrinin köməyi ilə geniş DT auditoriyasına çatdırılması.

YAYIM CƏDVƏLİ (broadcasting list) – Yayımçının konkret dövr üçün efir siyasətinin əsas istiqamətlərini göstərən və proqramların efir vaxtının tənzimlənməsini əks etdirən şəbəkəvari cədvəl. Y.c.-ndə TV və radio verilişlərinin siyahısı, ardıcıllığı, həftələr və günlər üzrə efir vaxtı, həcmi və s. əks etdirilir. Y.c. yayım şirkətləri üçün daxili sənəd də sayıla bilər.

YAYIMÇI (broadcaster) – Xüsusi razılıq (lisenziya) əsasında TV və ya radio yayımını gerçəkləşdirən, habelə qanunla müəyyən edilmiş qaydada teleradio proqramları (verilişləri) hazırlamaq və yayımlamaq səlahiyyəti olan, yaxud yayımın üçüncü şəxs vasitəsilə həyata keçirilməsini təmin edən hüquqi şəxs.

YAYIMDAN İSTİFADƏ ÜÇÜN ÖDƏNİŞ (Broadcast right fee) – Teleproqramların, yaxud filmin efirdə göstərilməsi hüququna görə ödəniş.

YAYIM HAQQI (copyright) – Radioda və ya TV-də bir musiqi nömrəsinin səsləndirilməsi üçün musiqinin müəllifinə vaxtaşırı ödənilən qonorar (müəllif haqqı).

YAYIMIN FƏRDİ QƏBULU (direct-to home reception) – Retranslyasiya hüququ olmadan ötürücü qurğulardan TV və ya radio proqramlarının, TV və ya radio verilişlərinin əhali tərəfindən məişət qəbuledici qurğular vasitəsilə birbaşa qəbulu.

YAYIM KANALI (broadcast channel) – Verilişləri yaymaq üçün TV və radio ötürücüsünün istifadə etdiyi tezlik zolağı.

YAYIM KEYFİYYƏTİ (broadcast quality) – TV yayımlarının müəyyən edilmiş standart tələblərinə cavab verən keyfiyyətli təsvir.

YAYIM LİSENZİYASI (broadcast license) – Lisenziyalaşdıran orqanın yayımçı qarşısında qoyduğu tələb və şərtlərə məcburi əməl olunmaqla TV və radio yayımlarına, yaxud əlavə informasiya yayımına, qanuna əsasən verilən xüsusi razılıq.

YAYIM PROQRAMI (broadcast program) – Konkret zaman daxilində ardıcıl ifa edilən və bunun üçün müəyyənləşdirilmiş yayım kanallarına paylaşdırılan yayım verilişləri kompleksi.

YAYIM SAHƏSİNDƏ TƏDQİQAT ŞURASI (broadcast research council) – XX əsrin 60-cı illərində ABŞ konqresinin teleproqramların kütləvilik indeksini tədqiq etdikdən sonra yaradılmış peşəkar mütəxəssislər təşkilatı. Y.s.t.ş. tamaşaçı auditoriyasının öyrənilməsi ilə məşğuldur.

YAYIM SİQNALI (broadcast signal) – Teleradio proqramlarını və əlavə informasiyanı ötürərkən və qəbul edərkən səciyyəsini dəyişən elektromaqnit dalğası.

YAYIM STANSİYASI (broadcasting station) – Bu və ya digər məkanın auditoriyasının informasiya tələbatını təmin edən və onların spesifik yerli maraqlarını nəzərə alan kommunikasiya vasitələri kompleksi. Lakin stansiyaların əksəriyyəti maliyyə-iqtisadi səbəblərə görə teleşəbəkələrə qoşularaq özlərinə sərfəli şərtlərlə onlardan retranslyasiya üçün material alır və öz efir vaxtına nəzarət hüququnu saxlayır.

YAYIM ŞƏBƏKƏSİ (broadcast net) – Yayım proqramlarının müəyyən ərazilərə verilməsi və paylaşdırılması üçün istifadə edilən texniki vasitələrdən ibarət şəbəkə. Yayım sistemini məhz şəbəkənin texniki vasitələri müəyyənləşdirir.

YAYIM TEZLİKLƏRİ DİAPOZONU (broadcast frequency band) – Elektromaqnit diapazonunda mövcud olan və ayrı-ayrı stansiyalar arasında bölünən yayım tezliklərinin cəmi.

YAYIM TƏŞKİLATI (Vroadcasting organisation) – TV və radio verilişlərinin yayımı ilə məşğul olan teleradio şirkəti.

YAYIM ZONASI (broadcast area) – Fərdi qəbul şəraitinin dövlət texniki standartları və normalarının tələblərinə cavab verdiyi ərazi hüdudları.

YAZI (recording) – 1) Səs və təsvirin audio, videolentə yazılışı; informasiya siqnallarının fiziki xarakteristikalarının məkan dəyişmələrinə çevrilməsi prosesi; 2) Siqnaloqram. Yazılmış informasiya siqnallarından ibarət yazı daşıyıcısı; 3) Nitqi müəyyən dövrdə təsbit edən və onu xətti (qrafik) ünsürlərin köməyi ilə müxtəlif məsafələrə çatdırmağa imkan verən işarə sistemi. Y. sistemi hər bir işarənin bütünlüklə sözü, səs ardıcıllığını və ya ayrıca bir danışıq səsini bildirən sabit səs tərkibi ilə səciyyələnir. Y. tiplərinin təsnifatında işarələrin (rəsmli təsviri, şərti-həndəsi və s.) forması deyil, nitq ünsürlərinin işarələrlə ifadə edilməsinin xarakteri başlıca rol oynayır.

YAZI QURĞUSU (recording device) – Yazı, yaxud informasiyanın silinməsi və yazılması üçün nəzərdə tutulan qurğu. Qurğunun xarakterik əlamətlərini göstərməklə görüntü anlayışları yaradılır. Məs., "videofonoqramların göstərilməsinin kaset qurğusu" və s.

YAZI DAŞIYICISI (recording medium) – Teleradionun istehsal prosesində və yayımda işlədilən fiziki cisim – maqnitofon, lent, disk. Y.d. siqnalların saxlanması üçün istifadə edilir.

YAZI GENERATORU (built-in character generator) – Videokameralarda çəkilən təsvir üzərinə zəruri yazıların verilməsini təmin edən sistem.

YAZI KANALI (recording channel) – Yazma zamanı informasiyanın yazı daşıyıcısına verilməsini təmin edən qurğu, yaxud qurğular məcmusu. Bu zaman çıxış siqnalı yazı daşıyıcısına həkk edilmiş siqnal olur.

YAZILARIN KİNOÇƏKİLİŞİ (titling generation) – Həm səssiz, həm də səsli filmlər üçün zəruri olan yazıların çəkilişi. Yazı çox vaxt müəllif izahından ibarət olur, bəzən isə nitqi əvəz edir, xüsusilə də səssiz kinoda. Səsli kinoda yazı, əsasən filmin adını, müəlliflərin və iştirak edənlərin soyadlarını bildirir. Nitqi əvəz edən yazılar yığcam, 10-12 sözdən ibarət olmalıdır. Yazı, dramaturji element kimi montaja da kömək edə bilər: yəni yazı vasitəsilə hərəkəti kəsmək, gücləndirmək, izah etmək, ayrı-ayrı parçaları birləşdirmək mümkündür.

YAZILIŞ FORMATI (recording format) – Maqnit lentinin əsas səthinə yazılmış TV və digər siqnallar barədə informasiyanı saxlayan sətirlər və cığırlar seriyasının yerləşdirilməsi sistemi. Y.f. yazılışın texnologiyasını və informasiyanın hesablanmasını müəyyənləşdirir.

YAZININ FORMATI (letterbox) – Yazı elementlərinin məlumat daşıyıcısında unifikasiya edilmiş və ya standartlaşdırılmış şəkildə yerləşdirilməsi.

YAZI SƏVİYYƏSİ (recorded level) – Yazılmış informasiyanı əks etdirən yazı daşıyıcısının dəyişmə vəziyyətinin göstəricisi. Yazma səviyyəsi Y.s.-ndən asılı olur. Maqnit yazısı zamanı Y.s., adətən, qısa qapanma axını ilə müəyyənləşir.

YEDDİNCİ SƏNƏT (seventh art) – Kino sənətinə verilən məcazi adlardan biri. Y.s. terminini ilk dəfə kino nəzəriyyəsinin banilərindən biri, italiyalı şair Riçotta Kanudo işlətmişdir.

YENİDƏN YAZILIŞ (re-recording) – Mürəkkəb fonoqramın alınması qaydası. Bu zaman musiqinin, səsin, nitqin, effektlərin ayrı-ayrılıqda yazıldığı ilkin maqnit fonoqramları eyni zamanda və sinxron şəkildə çıxışları hər bir kanalda ayrıca səs yüksəkliyi tənzimləyicisi olan mikşer pultuna qoşulan maqnitofonlarda səsləndirilir.

YENİ TV SERİAL (bubble) – Artıq mövcud olan filmlərin (adətən, sabun operaların) əsasında yaradılan və əvvəlki serialların bəzi personajlarını yenidən ekrana gətirən film-silsilə.

YERİNİ DƏYİŞƏN (TREVELLİNQ) ÇƏKİLİŞ (travel shooting) – Kameranın elə bir yerdəyişməsidir ki, çəkiliş zamanı obyektivin optik oxu ilə əşyanın müstəvisi arasındakı bucaq dəyişməz qalır. Bu cür çəkilişlərə kameranın küçə boyu (üfüqi trevellinq) və ya yerdən evin damınadək (şaquli trevellinq) hərəkət etməsi, kameranın hərəkət edən avtomobillə yanaşı getməsi aiddir.

YERÜSTÜ YAYIM (terristical broadcasting) – Kabel və peyk yayımından fərqli olaraq yerüstü yayımı ayrı-ayrı stansiyalar aparır. Bəzi kommunikoloqlar belə hesab edirlər ki, lokal-milli kommunikasiyaların marağı naminə yerüstü yayımı rəqəmli kodlara keçirməyə ehtiyac yoxdur.

YOXLAMA FİLMİ (projection film) – Ekranda təsvirin keyfiyyətinin yoxlanılması üçün nəzərdə tutulan film. Proyeksiya filmi adlanan həmin nüsxə kinoproyeksiyanın keyfiyyətinin əsas əlamətlərini subyektiv və obyektiv üsullarla qiymətləndirməyə imkan verən bir sıra sınaq təsvirlərindən ibarət olur. Hazırda buraxılan yoxlama proyeksiya filmlərində 16 və 35 mm-lik kinoproyektorların yoxlanışı üçün test-obyektlər (yoxlama təsvirləri) eynidir və bir kadrda cəmlənir, bunların ekrana göstərilməsi zamanı obyektivin keyfiyyəti yoxlanılır, filmin film kanalındakı davamlılıq səviyyəsi və obtyuratorun çəkmə qabiliyyəti müəyyənləşdirilir.

YÖNƏLDİCİ ÇƏRÇİVƏ (tape entrance) – Kinolentin toxunduğu film kanalının bir hissəsi.

YÖNƏLDİCİ VƏ SEYRƏLDİCİ İŞIQ CİHAZLARI (primary light arrengement) – Bax: Ə s a s i ş ı q c i h a z l a r ı.

YÖNƏLDİLMƏYƏN MİKROFONLAR (nondirectional sensitive microphones) – Konkret bir səmtə yönəldilmədən bütün istiqamətlərdən gələn səslərə həssaslıq göstərən mikrofonlar. Bax: M i k r o f o n u n y ö n ə l m ə d i a q r a m ı.

YÖNƏLDİLMİŞ İŞIQ (directional lighting) – Hər hansı cismə, səthə nisbi parlaqlıq, estetik duyum və tutum gətirən, yan üzvlərini sezdirməklə onu dolğun göstərməyə qadir olan işıq. Y.i.-ın yaratdığı işıq-kölgə rəsmi işığın sərtliyindən (yəni hansı dərəcədə bir nöqtədən çıxma təsəvvürü doğurmasından), eləcə də çəkiliş obyekti, işıq qaynağı və kameranın bir-birinə nisbətdə necə yerləşdirilməsindən asılıdır. Bax: İ s t i q a m ə t l ə n m i ş i ş ı q.

YUXARI İŞIQ (suspended light) – Bax: A s m a i ş ı q q u r ğ u l a r ı.

YUMATİK (U-matic) – Videomaqnitofonların ikinci nəslinə aid olan və yarımpeşəkar iş üçün nəzərdə tutulan ilk videoyazı formatlarından biri. 1970-ci ildə hazırlanıb. Yazının yüksək sürəti, geniş videocığır və bu cığırlar arasında məsafənin böyük olması sayəsində yüksək keyfiyyətli videoyazı ilə fərqlənir.

YUMOR (humour) – 1) Hadisə, nöqsan və çatışmazlıqların gülməli, əyləncəli şəkildə təsvir edilməsi; 2) Ədəbi, yaxud incəsənət əsərində bir şeyi gülməli, məzəli şəkildə təsvir etmək əsasında qurulmuş bədii yaradıcılıq üsulu, habelə bu üsuldan istifadə edən ədəbi, yaxud incəsənət əsəri.

YUMORESKA (humoresque) – Yumor mahiyyətində olan əsər (kiçik hekayə, musiqi əsəri).

YUMŞAQ İŞIQ CİHAZLARI (soft light arrangement) – Yayğın kölgəli və nisbətən yumşaq işıq yayan cihazlar. Y.i.c.-nın halogenli volfram lampalı güzgüləyiciləri elə formaya malikdir ki, işıq yalnız mərkəz nöqtədən deyil, güzgüləyicinin bütün səthindən yayılır. Bu cihazlar kameranın imkanlarını aşan dərəcədə kontrast diapazonu yaradan çox qatı kölgələri işıqlatmaq məqsədi ilə işlədilir. İndi telequruluşçunun ixtiyarında son dərəcə rahat, yumşaq, seyrəldici işıq cihazları var. Həmin cihazlar açılıb-yığılan (qatlanan) reflektorla təchiz edilib. Alüminiumlu, yaxud yüksək əksetdirmə qabiliyyətli digər maddə ilə örtülmüş parça reflektor çətir şəkilli çərçivəyə geydirilir. Yumşaq işıq cihazları kimi tanınan belə qurğular linzasız seyrəldici işıq cihazlarına nisbətən daha az miqdarda kölgə salan parlaq işıq şüası buraxır.

YÜKSƏK AYDINLIQLI TELEVİZİYA (advanced definition television) – Mövcud standartlar çərçivəsində təmin edilən TV təsvirlərinin mümkün qədər yaxşılaşdırılması. Bu cür sistemlərə, məsələn, MAS (müvafiq komponentlərin sıxlaşdırılması) qrupundan olan sistemlər aiddir.

YÜKSƏK DƏQİQLİKLİ ÇOXSƏTİRLİ TELEVİZİYA (high-definition television) – Adi TV-dən fərqli olaraq bir sıra üstünlüklərə malik (təsvirin böyük kəskinliyi və əhatəliliyi, səsin dərinliyi) olan TV. Bu TV-nin kütləvi bazara çıxarılmasının çətinliyinə baxmayaraq mütəxəssislər yaxın gələcəkdə daha da inkişaf edərək geniş yayılacağını bildirirlər.

YÜKSƏK DƏRƏCƏDƏ SƏLİS TELEVİZİYA (high smooth TV) – Hərəkət edən təsvirlərin cilalanmış, mükəmməl verilişi qaydası. Bunun sayəsində üç ekran hündürlüyü məsafəsindən təsviri müşahidə etmək və detalları əks etdirmək mümkündür. Həmin detalları başlanğıc optik təsvirdə orta mümkün görmə qabiliyyətli müşahidəçi mənimsəyə bilərdi. Y.d.s.t.-da kadrın böyüdülmüş formatından istifadə etdikdə mümkün qabiliyyətin üfüqi və şaquli istiqamətlərdə təxmini mütənasib artımı təmin edilir.

YÜKSƏK HƏSSASLIQLI TELEVİZİYA (High Definition TV) – Təsvirin daha aydın, duru olması üçün ekranlarında çoxaldılmış sayda sətirlərdən istifadə edilən TV.

YÜKSƏK PARLAQLIQ DÖVRƏSİ (high quality circiutry) – Ən kiçik detalları ortaya çıxaran sistem. Bu sistemdən həm videocihazlarda, həm də videokameralarda istifadə edilir.

Z

ZAMANA GÖRƏ MONTAJ (time editing) – Bax: M o n t a j r i t m i.

ZAMAN AYARLAMASI (time edit) – Kompakt diskdə vaxt nizamlayıcı montaj. Seçilən mahnıların vaxtlarına nəzarət edir və kasetin həcminə görə nizamlama aparır.

ZAMAN KODU (time-code) – 1) Montajı asanlaşdırmaq üçün videolentə yazılan səs siqnalı. Montaj vaxtı Z.k.-ndan istifadə edərkən montaj sisteminin Z.k.-nu necə tutuşdurub-yoxladığını mütləq bilmək vacibdir. Bəzi montaj sistemləri yalnız iki səs kanalından birini yoxlaya bilir. Deməli, Z.k.-nu montaj zamanı yoxlanması mümkün olan kanala yazmaq lazımdır. Əgər montaj 1-ci kanalın Z.k.-nu yoxlaya bilirsə, proqramın bütün səsləri 2-ci kanala yazılmalıdır. Və təbii ki, montaj sistemi təkcə 2-ci kanalın Z.k.-nu yoxlaya bilirsə, bütün səslər 1-ci kanala yazılmalıdır. Montaj avadanlığının Z.k. yazmaq tələblərini studiyadankənar çəkilişlərə başlamazdan öncə aydınlaşdırmaq məqsədəuyğundur. Çünki səhvə yol verilən halda, səs və Z.k.-nu digər kanala yazmaq məcburiyyəti ortaya çıxır. Bu isə həm əlavə əziyyət, həm də çox baha başa gələn prosesdir; 2) Çəkilən videomateriala baxış vaxtı, yaxud montaj və ya efir zamanı kadrların vaxt ölçüsünə görə qeyd edilməsi. Bu, istənilən kadrı asanlıqla tapmağa imkan verir.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə