Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə6/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   2   3   4   5   6   7   8   9   ...   42

BÜLLETEN(bulletin) – 1) Rəsmi akt, sərəncam və s. sənədlər məcmusu; 2) Yığcam xəbər buraxılışı; qısa rəsmi məlumat (hərbi məlumat, görkəmli dövlət xadimlərinin səhhəti haqqında B. və s.); 3) Tematik məsələlərə həsr olunmuş xəbər buraxılışı.


C

CANLI PROQRAM (live programme) – Hazırlanması ilə efirə verilməsi arasında zaman fərqi olmayan proqram. Studiyada canlı söhbətdən, müsahibə və sorğulardan, canlı telefon bağlantılarından ibarət olan və həmin anda yayımlanan proqram.

CANLI YAYIM (live broadcasting) – Teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi. Hər hansı bir TV proqramının və ya önəmli bir mövzunun müzakirəsinin TV studiyasından, yaxud özəl səyyar yayım vasitəsilə birbaşa yayımı; teleradio verilişlərinin əvvəlcədən lentə yazılıb montaj edilmədən birbaşa yayımlanması; danışığın və təsvirin eyni vaxtda tamaşaçıya təqdim edilməsi.

CƏDVƏL PROSESSORLARI (spreads heets) – Kompüterdə elektron cədvəllərinin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri. Bu paketlərdən ən çox yayılıb istifadə olunanı Quatro-Pro, SuperCalcMicrosoft Excell-dir.

CƏRƏYAN GÜCLƏNDİRİCİSİ (electric amplifier) – TV, radio və rabitə texnikasında və s. aparatlarda elektrik rəqslərini gücləndirmək üçün qurğu. Gücləndirmə nəticəsində sabit cərəyan mənbəyinin nisbətən böyük enerjisi dəyişən cərəyan enerjisinə çevrilir.

CİHAZ (control box) – TV və radioda istehsala və texnoloji proseslərə nəzarət edən və onları tənzimləyən nəzarət-ölçü avadanlığı.

CİNQL (jingle) – Reklam anonslarını müşayiət edən və qısaca təkrarlanan musiqi çağırtısı. C.-in efirdə peyda olması populyar reklam imicləri ilə əlaqədardır. C.-dən istifadə reklamçılara satılan məhsullar barədə informasiyanı auditoriyaya daha yaddaqalan yığcam – işarə formasında çatdırmağa imkan verir və analitiklərin rəyinə görə, reklam işinin ilkin mərhələləri üçün səciyyəvidir. Radiostansiyaların çağırışlarını da C. adlandırırlar.


Ç

ÇAĞIRIŞ SİQNALI (Call-in) – Radio stansiyasının (RS) fərqləndirici əlaməti olub, qəbul zamanı onun tanınması üçün şərti işarələr toplusu (hərf, rəqəm, kodlar), yaxud səs siqnalından (söz, musiqi, səs effektləri) ibarət tanınma işarəsi. Ç.s. adətən, hər iş seansının başlanğıcında verilir.

ÇAĞIRIŞ SİQNALI (call-in) – Aparıcıların radiodinləyicilərdən və teletamaşaçılardan sualları qəbul edib, cavabları efirə verdikləri "Zəng vurun, cavab verək" tipli interaktiv yayım proqramları da belə adlandırılır. Auditoriya ilə KİV arasında bu növ dialoq formaları kommunikasiya fəaliyyətinin demokratik nüansı kimi dəstəklənir.

ÇEVRİLMİŞ PİRAMİDA (inverted pyramid) – Amerika TVR jurnalistikası üçün xəbərin əvvəlində qısa, sonunda isə daha müfəssəl informasiyadan ibarət xəbərlərin strukturunun, yaxud "formulunun" ənənəvi ifadəsi. Ç.p. obrazı nəhəng zirvəli və nöqtəli dəyanətsiz, bünövrəli müvazinətsiz monoliti xatırlatdığına görə bu termin uğurlu sayılmır.

ÇƏKİLİŞ ÖLÇÜSÜ (shooting size) – Adamların və əşyaların görüntü çərçivəsinə görə böyüklük nisbətindən yaranan ölçülər.

ÇƏKİLİŞ TAXTASI (camerawork board/shooting board) – Hər hansı çəkilişin əvvəlində kadrları bir-birindən asanlıqla ayırmağı təmin etmək üçün üstündə nömrələr yazılmış xüsusi taxta lövhə.

ÇƏPİK (clapticks) – Kino və TV-də işlənən vizual işarə; sinxron çəkiliş (səslə təsvirin eyni vaxtda yazılması) zamanı başlanğıc nöqtəni tapmaq və danışanın artikulyasiyasını dəqiq müəyyənləşdirmək üçün kadrda istifadə olunan işarə növü. Sinxron montaj prosesi məhz Ç. səsi tapıldıqdan sonra başlanır. Səsli işarə kimi Ç.-dən epizodlar arasında keçid kimi də istifadə olunur.

ÇƏRÇİVƏ VİDEOSU (live video in a window) – Videosüjetləri, yaxud ilkin materialları operativ nəzərdən keçirmək üçün mövcud siqnallara mərkəzi prosecsorun iştirakı olmadan videosiqnallar əlavə edilməsi. Bu halda overley kartı qrafik kartı "slave" (aparıcı) rejiminə keçirir və videonu çıxış siqnalı ilə tezliyə görə sinxronlaşdırır.

ÇIXIŞ SƏSAYIRICISI (AUDİOSELEKTORU) (audio out selector) – Seçilən səs kanallarından (mənbələrindən) birinin çıxışa verilməsinə imkan yaradan ayırıcı (selektor).

ÇOXKANALLI AMPLİTUD ANALİZATORU (multichannel amplitude analyser) – Analoq-rəqəm çeviricisi, ünvan və hesab qurğusu, yaddaş bloku və idarətemə qurğusu olan impulsları amplituda görə analiz etmək üçün qurğu.

ÇOXKAMERALI ÇOXNÖQTƏLİ PAYLAŞDIRICI SİSTEM (Multichannel Multipoint Distribution SystemMMDS) – Efir-kabel TV sistemi növü. İlk dəfə 1983-cü ildə ABŞ-da yaradılan proqramların paylaşdırılması sistemi. Buraya mərkəzi stansiya və qəbuledici stansiyalar şəbəkəsi daxildir. Bütün şəbəkə üçün proqram məhsulu mərkəzi stansiyada formalaşdırılır.

ÇOXKAMERALI VİDEOÇƏKİLİŞ (multicamera production) – Çəkiliş məkanından asılı olmayaraq bir neçə kamera ilə gerçəkləşdirilən videoistehsalat.

ÇOXPLANLI FONLARIN ÇƏKİLİŞ MASASI (multiplan backgraound shot desk) –Multiplikasiyaların, titrlərin, fotomontajların çəkilişi üçün istifadə olunan qurğu. Aşağıda qurulan gündüz lampalarının üstündə müəyyən məsafədən süd kimi ağımtıl, yaxud tutqun şüşə və iki şəffaf şüşə təbəqəsi yerləşdirilir.

ÇOXSİQNALLI VİDİKON (multisignal vidicon) – Fotoelektrik dəyişdirici. Cihazın bilavasitə işığahəssas səthində işıq axınının məkana görə bölünməsini təsbit edən qurğu. Bu cür dəyişdiricilərin işləmə prinsipi təsvirin optik-elektron kodlaşdırılmasından istifadəyə əsaslanır. Bu zaman təsvir səthindəki işıq axınının spektral xassələri formalaşmaqda olan təsvir siqnalının spektral xarakteristikaları ilə zaman (yaxud tezlik) parametrləri arasında funksional əlaqəyə uyğun olaraq potensial relyefin məkanca paylaşdırılmasında əks olunur. Ç.v.-dan rəngli TV-nin tətbiqi sistemlərində, videojurnalistika sistemlərində, məişət videotexnikasında istifadə edilir.

ÇÖKÜK LİNZA (concave lens) – Ox qalınlığı nisbətən az olan linza. Ç.l.-ya: ikili çökük, yastı-çökükqabarıq-çökük linza növləri aiddir.


D

DAB (Digital Audio Broadcasting) – Rəqəmli səsli radio yayımı. Ən yeni informasiya texnologiyalarından biri. DAB-ın mahiyyəti səsli proqramlarda müvafiq çıxış siqnallarını rəqəmli formaya keçirməsindədir.

DAĞILMA TRAYEKTORİYASI (dispersion trajectory) – Təsvir elementlərinin ardıcıllıqla birləşdirilib əlaqələndirilməsi (kommutasiyası). D.t. özünü müxtəlif formalarda göstərir. TV-də ən çox yayılan D.t. dağıdıcı elementin üfüqi və şaquli istiqamətlərdə sürətli sətri hərəkətidir.

DAXİLİ NİTQ (interior monologue) – Ekrandakı obrazın bəlli bir nəsnə, olay və s. barədə düşüncələrinin kadr arxasından səslənişi.

DAİMİLİK (stability) – Dəyişməzlik, sabitlik, ardıcıllıq. EE məhsulunun dövriliyinə aid xüsusiyyətlərdən biri.

DALĞA (wave) – Fiziki mühitdə titrəyişli hərəkət. D.-nın müxtəlif növləri vardır: səs dalğaları, radio dalğaları, işıq dalğaları.

DALĞA İTKİLƏRİ (wave distortion) – Dəyişmə siqnallarının yuxarı və aşağı tezlikləri sahəsindəki təhriflər. Dalğa itkiləri lentin maqnit və fiziki-mexaniki xüsusiyyətlərindən, videobaşlıqların konstruktiv və elektrik parametrlərindən, eləcə də yazma-canlandırma üsulundan asılıdır.

DALĞA SƏTHİ (wave surface) – Sahənin qonşu nöqtələrini (məs., sıxlaşma, yaxud boşalma nöqtələri) eyni titrəyiş fazası ilə birləşdirən səth. Daha çox sferik (dairəvi) və yastı səthli səs dalğalarına təsadüf edilir. Sferik dalğanın səthi dairəvidir və əgər ölçüləri şüalanan dalğanın uzunluğu ilə müqayisədə kiçikdirsə, səs mənbəyinin yaxınlığında əmələ gəlir. Yastı dalğanın səthi isə səs dalğasının (səs şüasının) yayılma istiqamətinə perpendikulyar olur.

"DANIŞAN BAŞLAR" (talking head) – TV ilə çıxış edən jurnalistlərə, yaxud daha çox danışığa üstünlük verən proqramların ünvanına zarafatyana deyilən ifadə.

DANIŞIQ DİLİ (spoken language) – TV və radionun nitq üslublarından biri. D.d. bir sıra cəhətlərinə görə rəsmi ədəbi dildən fərqlənir: a) danışıq aktı hazırlıqsız baş verir; b) danışıq aktı qeyri-rəsmi şəkildə baş verir; v) danışanlar söhbətdə bilavasitə iştirak edirlər və s. Bütövlükdə D.d. özündə intellektual və emosional nitqi birləşdirir və adətən, dialoq formasında təzahür edir.

DANIŞIQ RADİOSU (talking radio) – Birbaşa efirdə bu və ya digər tematik proqramı aparan jurnalistlərlə studiyada iştirak edən, yaxud dialoqa telefonla qoşulan auditoriya arasındakı söhbətə əsaslanan radio proqramının adı. D.r.-nda rabitənin kompüter xətlərindən istifadə olunması da mümkündür. Mütəxəssislərin fikrincə, belə rabitə xətləri inkişaf etdikcə D.r. qəzetlər və ənənəvi formalı digər KİV üçün rəqibə çevrilə bilər.

DANIŞIQ RİTMİ (talking rhythm) – Danışıq prosesində vurğulu və vurğusuz, uzun və qısa hecaların bir-birini əvəz etməsi. D.r. şifahi nitqin ahəngdar, söylənilən fikrin aydın olmasına və asan başa düşülməsinə xidmət edən fonetik amillərdəndir. Şer dili, həmçinin bəzi nəsr əsərlərinin dili ritmik olur.

DANIŞIQ SÜRƏTİ (talking speed) – Danışıq prosesində bir saniyədə tələffüz edilən hecaların sayının göstəricisi. Müxtəlif dillər, eyni dilin dialektləri, həmçinin bir dil və ya dialekt öz tarixi inkişaf mərhələlərində müxtəlif D.s. ilə xarakterizə olunur. Gərgin və ucadan danışıqda azalan D.s. danışanın fərdi keyfiyyət və əhvali-ruhiyyəsindən asılı olur. D.s., həm də ifadənin bu və ya digər parçasının məna əhəmiyyətindən asılı olaraq dəyişir. D.s. tələffüz üslubunun əsas əlamətlərindəndir.

DANIŞIQ ŞOUSU (talk show) – Radio, yaxud TV-də "günün qəhrəmanları" – siyasət, elm, mədəniyyət, estrada, idman aləminin məşhur nümayəndələri ilə sərbəst dialoq formasında qurulan söhbət. Bu forma İSM-də videokonfranslara yaxınlaşaraq tədricən əsl mahiyyətini dəyişir. Bax: T o k – ş o u.

DANIŞIQ TAKTI (talking bar/syntagm) – İki müxtəlif nitq vahidini bildirmək üçün işlədilən termin. Vurğulu heca ətrafında birləşən heca qrupu; məna və qrammatik baxımdan bağlı bir, yaxud bir neçə sözdən ibarət olan və pauza ilə ayrılan nitq parçası (sintaqm).

DARTICI ÇARX (stretcher) – Yayaltı lingdə qurulan və lentdartma yolundan keçərkən kinolentin dartılmasını nizamlayan qurğu.

DAYCEST (digest) – 1) Oxşar məzmunda audio və video materialların, məlumatların qısa məzmununun toplusundan ibarət süjet, yaxud veriliş; başqa nəşrlərdən götürülüb çap edilən aktual əsərlər toplusu; 2) Başqa telekanallarda verilən əyləncə xarakterli ən maraqlı videosüjetlərin, eləcə də mətbuatda çap olunan və böyük məna kəsb edən materialların qısa formada yenidən efirdə göstərilməsi. D. üçün xarakterik cəhət tamaşaçıları heyrətləndirə biləcək materialların verilməsidir. Kliplər yayan və kütlələri yayım proqramları materiallarının əsas məzmunu ilə tanış edən dövri vasitələr də D. adlanır.

DEBÜT (debut)Hərfi mənada: başlanğıc. Hər hansı sahədə ilk dəfə çıxış etmək, fəaliyyətin başlanğıcı. Məs., aktyorun səhnədə ilk çıxışı, aparıcının ekrana ilk çıxışı və s.

DEBÜTANT (debutant(e)) – Filmdə ilk dəfə çəkilən, səhnədə ilk dəfə çıxış edən, teleradioda ilk dəfə veriliş aparan şəxs.

DEDUKSİYA (deduction) – 1) Mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni müddəa çıxarmaq (induksiya ilə qırılmaz surətdə bağlıdır). Daha dəqiq desək, D. məntiqi qanunlar əsasında bir və ya bir neçə fikirdən (müqəddimələrdən) nəticə hasil edilməsidir; 2) Bədii ədəbiyyatda, kinoda, radio və TV-də işlənən yaradıcılıq metodu.

DEDUKTİV METOD (deductive method) – Elmi nəzəriyyələr qurmaq üsulu; spesifik xüsusiyyətini deduktiv nəticə çıxarmaq texnikasının tətbiqi təşkil edir. Bəzən D.m.-u digər metodlardan (məs., induktiv metoddan) ayırmaq, deduktiv mühakiməni təcrübədənkənar mühakimə kimi şərh etmək və elmdə deduksiyanın rolunu həddindən artıq şişirtmək cəhdləri olub. Həqiqətdə isə deduksiya və induksiya bir-biri ilə sıx bağlıdır və deduktiv mühakimənin gedişi insanın çoxəsrlik təcrübi-idrak fəaliyyətindən asılıdır.

DEFEKT (defect/blemish) – Verilişdə (lentdə, səsdə, təsvirdə, işıqda və s.) nəzərə çarpan texniki qüsur.

DEFORMASİYA (deformation) – Pozulma; xarici təsirin və ya temperaturun dəyişməsi nəticəsində cismin ölçü və formasının dəyişməsi. Məs: lentin deformasiyası.

DEKADA (decade) Ongünlük. Kinonun təbliği, yaxud reklam tədbirlərinin təşkili üçün geniş istifadə olunan (reklam dekadası) formalardan biri.

DEKADE (decade) – TV pultunda 9 rəqəmindən sonrakı kanallara keçmək üçün istifadə edilən onluq rəqəmlər düyməsi.

DEKLAMASİYA (recitation/declamation) – 1) Şer və nəsri həyəcanlı səs və hərəkətlə söyləmə; bədii oxu məharəti; 2) Təmtəraqlı, qeyri-təbii danışıq tərzi, süni pafos.

DEKLAMATOR (reciter) Bədii əsərləri məharətlə oxuyan adam; deklamasiya ilə çıxış edən artist.

DEKLARASİYA (declaration) Mühüm bir məsələ haqqında rəsmi bəyanat; hər hansı prinsiplərin, müddəaların hökumət və partiya adından təntənəli surətdə elanı və onların yazılmış olduğu sənəd; bəyannamə. Hökumət deklarasiyası.

DEKODER (decoder) – Kod çözücüsü; kodlaşdırılmış analoji TV siqnallarının ilkin vəziyyətə qaytarılması üçün qurğu. Bəzi peyk yayımları kodlanır və kod çözücüsü olmadan baxıla bilməz. Yalnız abunəçilərə verilən bu kod çözücüləri siqnalları təsvirə çevirir. D.-lər teleaparata müxtəlif formalarda qoşulurlar. Koderlərlə birlikdə D. vasitələri müasir digital rəqəmli bazanın genişlənməsi şəraitində böyük əhəmiyyətə malikdir.

DEKOR (decor/scenery) – Bəzək, bədii tərtibat; dekorativ elementlərin bəzək vəhdəti.

DEKORASİYA (decoration/scenery) – 1) Hadisələrin cərəyan etdiyi yerin və şəraitin teatr səhnəsində (TV tamaşasında) rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri; 2) Səhnə tərtibatı, studiyanın, konkret bir verilişin bədii tərtibatı.

DEKORATİV (decorative) – 1) Bəzək üçün düzəldilmiş, bəzək üçün olan; 2) Effektli, mənzərəli.

DEKORATİV SƏNƏT (decorative art) – Ən geniş yayılmış plastik sənət sahəsi. Memarlıq və dizayn kimi D.s. də insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir, ona estetik və ideya-bədii keyfiyyətlər aşılayır. Monumental D.s. (fasad və interyerləri bəzəyən memarlıq dekorları, divar naxışları, relyef, vitraj, mozaika və eləcə də park heykəltəraşlığının yaradılması), dekorativ-tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şənliklərinin, muzey və sərgi ekspozisiyalarının, vitrin və s. bədii tərtibatı) sahələrinə bölünür. Meydan, küçə, park kompozisiyasının, həmçinin interyer, kostyum və s. elementi kimi yaradılan D.s. əsəri TV çəkilişlərində də göstərilən təsvirin ahəngdarlığında mühüm rol oynayır.

DELTA-MODULYASİYA (delta modulation) – Rabitə kanalı ilə yalnız yanlışlıq (səhv) işarəsi barədə informasiya verən kodlaşdırma üsullarından biri.

DEMOQRAFİK GÖSTƏRİCİLƏR (demographic indices) – TV kontekstində hər hansı proqrama harada, kimlərin baxmasının, onların sosial tərkibinin və yaşının müəyyənləşdirilməsi.

DEMONTAJ (dismantling) – Maşının, aparatın, qurğunun hissələrinin sökülməsi; TV və kinoda – hazır montaj olunmuş materialın parçalara, bölmələrə ayrılması, çəkiliş təsvirlərinin ilkin vəziyyətə qaytarılması.

DENSİTOMETR (densitometer/opacity meter) – Optik sıxlığı ölçmək üçün cihaz.

DEPARTAMENT (department) – Bəzi beynəlxalq təşkilatların, TV şirkətlərinin inzibati strukturunda istehsalat vahidi.

DETAL (detail) – Ən xırda təfərrüat; kinematoqrafik plan. Bəzən kadrda iri göstərilən əsas süjetin (yaxud məkanın, əşyanın) bir hissəsi. Kadrdakı bütün tam parçadan bütöv haqqında daha dolğun informasiya verir.

DETEKTİV FİLMİ (detective) – Casusların gizli sərgüzəştlərini təsvir edən ekran əsəri.

DETEKTOFON (detectaphone) – Danışıqları dinləmək üçün gizli mikrofonlu aparat.

DETEKTOR (detector) – Yüksək tezlikli titrəyişləri qulaqla qavranıla bilən alçaq tezlikli titrəyişlərə çevirən cihaz.

DETONASİYA (detanotion) – Tonun normal yüksəkliyindən yayınma, səs təhrifi. Vokal ifa zamanı D. daha çox ton yüksəkliyinin azalmasını bildirir. Fonoqramların səsləndirilməsi zamanı D. səsləndirən maqnit başlığında hərəkət sürətinin qeyri-sabitliyi nəticəsində yaranır. Sürət dəyişmələri birinci və ikinci növ D.-lara bölünən səs təhriflərinə gətirib çıxarır.

DEVİZ (motto) – 1) Əsas bir fikrin, məsləkin, əqidənin, habelə hər hansı verilişin, süjetin ideyasının, məğzinin qısa ifadəsi; 2) Müsabiqənin adı.

DEYİLİŞ (prononciation) Deyilmə tərzi, tələffüz tərzi; tələffüz. Sözün deyilişi.

DEZİNFORMASİYA (misinformation) – Qəsdən yalan məlumat vermə, ictimaiyyəti yalan informasiya ilə çaşdırma. D. hər hansı hadisənin mahiyyətini ört-basdır etmək, ictimai fikri azdırmaq məqsədi ilə verilir.

DƏQİQLİK, QISALIQ, AYDINLIQ (accurancy, shortness, clearness) – Xəbər proqramlarına və ayrılıqda hər bir xəbərə verilən əsas tələblər; jurnalistikanın əsas prinsipləri.

DƏRƏCƏ TƏHRİFLƏRİ (brightness distortions) – Təsvirin axıcılığını azaldan və rəngin keyfiyyətinə xələl gətirən parlaqlıq dəyişiklikləri. Bir qayda olaraq, kineskopun texniki imkanları verilən təsvirin səlisliyindən xeyli aşağı olduğuna görə D.t. tez-tez və qabarıq nəzərə çarpmır.

DİAFİLM (diafilm) – Pozitiv təsvirlərdən ibarət qısametrajlı film. D., adətən, dönər (reversiv) rəngsiz və ya rəngli kinoplyonka, həmçinin neqativ və pozitiv emal proseslərindən ayrılıqda keçirilən kinoplyonka üzərində alınır. D.-in başqa növü mikrofilmdir (Bax: M i k r o f i l m l ə m ə). D.-ə filmoskop vasitəsilə (fərdi istifadədə), yaxud diaproyektorla baxırlar. D.-in səsli olması üçün onu diktor mətni və ya musiqi yazılmış fonoqram müşayiəti ilə nümayiş etdirirlər. D.-dən tədris, mühazirə və təbliğat işlərində köməkçi vəsait kimi istifadə edilir.

DİAFRAQMA (iris/diaphragm) – Kamerada, eləcə də başqa cihaz, maşın, mexanizm və qurğularda, adətən, lövhə, yaxud arakəsmə şəklində olan hissə (gözlüklü və ya bütöv hissə). Ö l ç ü D.-sı, adətən, gözlüyü olan diskdir. Bəzi cihazlarda analoji detala membran deyilir. D. vasitəsilə işığa həssaslığı müəyyən etmək olur.

DİAFRAQMA SÜZGƏCİ (diafragm/light filter) – Videokamera və fotoaparatın obyektivinin içində yer alan işıq səviyyəsinə nəzarət edən kiçik qurğu. D.s. öndən düşən işığın lent üzərinə istənilən səviyyədə yazılmasını təmin edən sistemin tərkib hissəsidir.

DİAQRAM (diagram/graph) – Müxtəlif kəmiyyətlər arasında nisbəti göstərən qrafik təsvir; verilişlərdə əyaniliyi təmin edən cədvəl (vasitə).

DİALEKT (dialect) – Müəyyən bir dilin sıx ərazi birliyinə malik, daima və bilavasitə ünsiyyətdə olan məhdud sayda adamların işlətdiyi variantı; yerli şivə, ləhcə.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə