Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə13/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   9   10   11   12   13   14   15   16   ...   78
Flora-Namazova-Dissertasiya

Dramatik əsərlərdə nitq dialoq parçalarının bütöv bir bədii strukturda kompozisyon birləşdirilməsi sistemi kimi təsvir edilir. Buna görə də dram dilinin tədqiqi, hər şeydən əvvəl, dialoq formasında ifadə olunan bədii ənənələrin təhlilinə yönəlməlidir” [177, s.160]. Obraz və personajın xarakterik cəhətləri də məhz bu şəraitdə (dialoji gedişdə) açıla bilir.


Dram əsərlərinin əsas xüsusiyyətlərindən biri budur ki, belə əsərlərdə müəllifin təsvir nitqi olmur. Müəllif müdaxilə edə bilmədiyi üçün buradakı hadisələrin inkişafı, surətlərin daxili aləmi, hərəkət və əməlləri, əhvali-ruhiyyəsi, kimliyi, vəziyyəti, bacarığı onların öz nitqi ilə ifadə olunur.

Dram əsərlərində surətlərin nitqinə daha çox fikir və əhəmiyyət verilir. Əlvan, canlı nitq yaratmaq və onu fərdiləşdirmək, tipikləşdirmək məqsədilə müxtəlif dil vasitələrindən istifadə edilir.

Azərbaycanda dram dilinin tədqiqi ilə 1940-cı illərdən məşğul olmağa baş­lamışlar. 40-cı illərdə Ə.Dəmirçizadə “M.F.Axundov dil haqqında və M.F.Axun­dovun dili” (1941) kitabçasını yazmış, bu əsərdə dramaturgiya dilindən bəhs etmişdir. Müəllif M.F.Axundovun “Hacı Qara”, “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”, “Müsyo Jordan və Dərviş Məstəli şah” pyeslərinin dili haqqında maraqlı elmi məlu­matlar vermişdir. Ə.Dəmirçizadə M.F.Axundovun pyeslərindəki komizm texnikasını və komizm dilini də bir sıra vasitələrin – tip, situasiya, xarakter, özünü bəyənmək- xud­pəsəndlik, axmaq tip və axmaq hərəkət; yumor və ironiya, dil, replika, hazır­cavablıq, atalar sözü, idiomlar; eybəcər ifadələr, qarğış və söyüşlər; eyni ifadə və ya sözləri təkrar etmək və ya uzun-uzadı danışma kimi vasitələrə istinadən yığcam şəkildə təklil etmişdir [36, s.34-40].

Dram əsərləri xalq dilinin zənginliyini, qanunauyğunluqlarını öz ecazkar forma və kateqori­yalarında vermək, çatdırmaq gücünə malikdir. Azərbaycanda dram janrı və dram dilinin inkişafı tarixi heç də qədim deyil. Məlumdur ki, Azərbaycan dramaturgiya dili müxtəlif mərhələlərdən keçib. Böyük mütəfəkkir M.F.Axundov Azər­baycan realist dramaturgiyanın təməlini qoydu. Onun arxasınca realist-romantik dram dilinin təşəkkülündə N.B.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov böyük işlər gör­dülər. Sonra romantik-sentimental, romantik-fəlsəfi səpkili dram dili A.Şaiq, H.Cavidin simasında püxtələşdi. Daha sonra satirik dram dili yarandı, inkişaf etməyə başladı. C.Məmmədquluzadə bu spesifik dram dilinin ifadə vasitələrini yeniləşdirdi, zənginləşdirdi, onun yaratdığı tip və obrazların nitqi fərdiləşdi. Dramaturgiya dili XX əsrin 20-30-cu illərində daha sürətlə inkişaf edir (xüsusilə C.Cabbarlı yaradıcılığında). Müasir dramaturgiya dilinin inkişafında C.Cabbarlı pilləsi xüsusi olaraq diqqəti çəkir. Təsirli, emosional dram dili formalaşır. Dialoji dilin, mükalimələrin təbiiliyi, gərginliyi novatorluq təzahürləri kimi ortaya çıxır. Lakin XX əsrin 40-50-ci illərində dramaturgiya dilində, demək olar ki, irəliləyiş olmur.

XX əsrin 60-80-ci illərində Ə.Məmmədxanlı, İ.Əfəndiyev, B.Vahab­zadə, N.Xəzri, N.Həsənzadə, Anar və başqa drama­turqların dilində müəyyən axtarışların olduğu görünür, bütövlükdə isə dramaturgiya dilinin imkanları həm şeir, həm də nəsr dilinin imkanlarından azdır.

Bədii əsərlərin dilinin öyrənilməsi həm ədəbiyyat tarixi, həm də dilçiliyin daim diqqət mərkəzində olmuşdur. Bu, bir tərəfdən, bədii əsərin ideya-məzmununun öyrənilməsinə kömək edir, digər tərəfdən, ayrı-ayrı dil hadisələrini təhlil etmək üçün zəngin informasiya verir.

Dram dili haqqında kifayət qədər yüksək fikirlər söylənmişdir. Rus dilçilərindən V.V.Vinoqradovun, R.A.Bu­daqovun, A.İ Yefimovun, N.M. Şanskinin, Azər­baycan dilçilərindən Ə.Dəmirçizadənin, A.Axundovun, T.Hacı­yevin, N.Abbasovanın, M. Adilovun, Q.Kazı­mo­vun, M.Məmmədovun və başqalarının bu sahədəki fikir və mülahizələri təqdir olunasıdır.

İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub, nəsr və dramaturgiya sahəsində tanınmış istedadlı sənətkarlardandır. Onun çoxsaylı hekayə, povest və romanları, tarixi və müasir mövzudakı dramları milli ədəbiyyatımızın sevilən, maraqla mütaliə olunan əsərlərdəndir. İlyas Əfəndiyevin bütövlükdə yaradıcılığı haqqında xeyli monoqrafiyalar, dissertasiyalar, məqalələr yazılmışdır [38; 143; 62; 61; 43; 44; 42; 72; 71; 87; 97; 107; 108; 128; 133; 141; 142; 144; 146; 163; 175; 203]. Ədəbiyyatşünaslardan M.Arif, K.Talıbzadə, M.Hüseyn, B.Nəbiyev, M.Məm­mədov, A.Səfiyev, S.Əsədullayev, Q.Xəlilov, İ.Rəhimli öz əsərlərində, məqalələrində İ.Əfən­di­yevin yaradıcılığını müxtəlif aspektlərdən tədqiq edib öyrənmişlər.

Qeyd edək ki, İlyas Əfəndiyevin dramaturgiya dili xüsusi tədqiqat mövzusu olmamışdır. Yalnız İ.B.Salmanov öz namizədlik dissertasiyasında ədibin dramlarındakı frazeoloji materialları təhlil etmişdir [208]. A.Salahova isə “İlyas Əfəndiyevin yaradıcılıq poetikası” adlı monoqrafiyasında onun nəsr əsərlərinin dil və sənətkarlıq xüsusiyyətlərindən bəhs etmişdir [138]. Dramaturqun bədii dilinin özünəməxsusluğu və üslub fərdiliyi barədə məqalələr yazılmışdır [151].

İlyas Əfəndiyev sosrealizm mərhələsinin dramatur­qudur. Artıq təsdiq olun­muşdur ki, Azərbaycan teatrının repertuarını bu mərhələdə yalnız ədibin zəngin dramaturgiyası təşkil edirdi. Bu, böyük yazıçının dramaturji fəaliyyətini, onun dil və üslub xüsusiyyətlərini də kompleks şəkildə tədqiq etmək zərurətini ortaya çıxarmışdır.

İlyas Əfəndiyevin yaradıcılığı sözün geniş mənasında ideoloji təsirə həmişə müqavimət göstərmişdir. İlk nəsr əsərləri və dramlarında bu müqavimət birbaşa hiss olun­masa da, mövzu seçimində, xarakterlərin düşüncələrinin dərin qatlarında bu cəhəti müşahidə etmək mümkündür. Əsərdən əsərə yaradıcılıq təcrübəsi artdıqca yazıçının ictimai problem çərçivəsində qapanıb qalmamağa çalışması, obrazların daxili aləmlərinə nüfuz meyli və bədii mənalandırmanın əhatə dairəsinin geniş­lənməsi bu mənada maraq doğuran cəhətlərdir. “İ.Əfəndi­yevin şəxsiyyət – İnsan konsepsiyasının əsasında, ilk növbədə, insanı təbii varlıq kimi dərk və izah etmək tendensiyası dayanır. İnsanın təbii varlıq kimi özünüdərki onun şəxsiyyət kimi mövcudluğunun birinci şərti hesab olunur. İ.Əfəndiyevin dramaturgiyasında, xüsusən onun lirik-psixoloji dramlarında süjetin hərəkət trayektoriyası, əsasən, məhəbbət motivi üzərində qurulur” [104, s.6].

M.Əlizadə yazır ki, “lirik-psixoloji dram” termini Azər­baycan ədəbi tənqidinin leksikasında ilk dəfə İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi ilə bağlı meydana çıxdı. Bu zamana qədər “lirik nəsr”, “lirik dramkomediya” anlayış-terminlərindən istifadə olunurdu [163, s.8].

Lirik-psixoloji təsvir üsuluna keçid İ.Əfəndiyev drama­tur­giyasında insan amilinin ön plana keçməsinin ən əsas estetik keyfiyyətidir. Onun dramlarının ideya-məzmunu üç istiqamədə olmuşdur: 1) mənəvi-əxlaqi dəyərlərin bədii təq­dimi; 2) sosioloji problemlərin bədii təqdimi; 3) tarixiliyin bədii təqdimi. Dramaturqun fikrincə, “dram əsərlərində obraz insanların əhatəsində yaşayır, ictimai mühitdə fəaliyyət göstərir. Buna görə də iştirakçıların dili onların təfəkkürünü, fərdi əlamətini tamamlayır, onun ətraf mühitə, cəmiyyətə münasibətini inikas etdirir” [87, s.43].

Müəllif yaradıcılığının erkən çağlarında sosioloji prob­lemlərə, daha sonra isə mənəvi-əxlaqi dəyərlərə üstünlük vermişdir. Bu problemə yanaşmanı üç qrupa ayırmaq olar:

1) İlyas Əfən­diyevin dramaturgiyasında Azərbaycan cəmiyyətinin sosial həyatı;

2) İlyas Əfəndiyev dramaturgiyasında mənəvi-əxlaqi problemlər;

3) İlyas Əfəndiyev dramaturgiyasında tarixi şəxsiyyətlər və hadisələr.

İlyas Əfəndiyev dram yaradıcılığına 1943-cü ildə xalq yazıçısı Mehdi Hüseynlə birlikdə yazdığı “İntizar” əsəri ilə başlamışdır. Bu əsərdə dövr üçün xarakterik olan dil və nitq vasitələrindən istifadə edilmişdir. Burada müharibə mövzusu ilə bağlı terminologiya üstünlük təşkil edir. Əsərdə arxa cəbhə, müharibə dövrü insanlarının düşüncə və münasibətini, o dövrün sosial və mənəvi-etik norma­larını əks etdirən leksika və frazeologiya mövcuddur: Məs.: “saçımı müharibələrdə ağartmışam”, “vuruş meydan­larından döşümdə beş-altı ordenlə qayıtmışam”, “ən böyük təsəlli, ürəyimə çəkilən dağın hayıfı yerdə qalmayacaq”, “düşməni mən də əzmişəm, oğlum da əzib, nəvələrim də əzəcəklər” (Alxas bəyin oğluna və gənclərə müraciətindən) ifadələrində müharibələrə nifrət güclü səslənir, müasirliyi ilə seçilir, bugünkü gəncliyi erməni faşizminə qarşı mübarizəyə səsləyir.

Dramaturqun “İşıqlı yollar” pyesində neftçilərimizin həyat və mübarizəsi öz əksini tapmışdır. Pyesin obraz­larının – buruq ustası Baba dayının, gənc mühəndis Gülarənin, şəhərə işləməyə gəlmiş oğlanın – Səfərqulunun, Elmarın, Səlimin, Lalənin və başqalarının danışıqları, dialoqları gərgin situasiyalarla xarakterizə olunur.

Kənd həyatı İlyas Əfəndiyevin dramlarının da başlıca mövzusunu təşkil edir. Dramatik hadisələr kənd yerlərində cərəyan edir. Kənd həyatı İlyas Əfəndiyevin “Bahar suları”nda geniş dramatik səhnələrlə təsvir olunur. Alxanla Uğur arasındakı müna­sibət müxtəlif dil-nitq vasitələri ilə üzə çıxır. Alxanın nitqindəki xalqdan gələn örnəyə diqqət edək: “Ey qardaşoğlu...deyir, qartallar bir gün cəm olub, qoca qartalı özlərinə ağsaqqal seçdilər. Qoca qartal da onlar üçün nə ki lazımdır etdi. Körpələrinə isti ceyran qanı içirtdi. Dəlilərinə yol göstərdi. Günlərin birində uzaqları seyr edib qayıdan cavan bir qartal qoca qartala dedi: “Niyə sən bizi bu dar qayalığa sıxışdırıb durmusan? Heç bilirsənmi dünyada necə geniş yerlər, əzəmətli qayalar var?! O zaman qoca qartal “ah” çəkib quşları çağırıb dedi: “Əzizlərim, mən daha qocal­mışam. Gözlərim yaxşı görmür. Özünüzə bir başçı seçin”. Quşlar səs-səsə verib, “biz sənsiz dolana bilmərik” dedilər. Dünyagörmüş qoca qartal dedi: “Yox, səhv edirsiniz, bax, bu cavan qartalı özünüzə baş­bilən seçin. İndi onun qanadları mənimkindən qüvvətlidir. Onun gözləri daha uzaqları görür”. Quşlar fikirləşdilər, sonra “ah” çəkib qoca qartalın sözünü təsdiq etdilər” [49, с.2, s.110-111]. Bu motiv dramaturqun xalq hikmətindən ustalıqla istifadə etdiyini, əsərin məzmunu ilə tam səsləşdiyini açıb göstərir.

Dram janrının adından bəllidir ki, onun süjetinin əsasında duran hər hansı bir hadisə mütləq hərəkətdə olmalıdır, həm də adi hərəkətdə yox, müxtəlif qütblərdə duran insanların arasında olan konfliktlər, toqquşmalarla müşayiət olunan hərəkətdə. Konfliktsizlik nəzəriyyəsinin dramaturqları necə acınacaqlı bir vəziyyətə saldığını təsəvvür etmək çətin deyil. Belə bir dövrdə İlyas Əfəndiyev “Bahar suları” əsəri ilə sübut etdi ki, müasir həyatdan yaxşı dram əsəri yazmaq olar.

“Atayevlər ailəsi” dramı ciddi sosial-etik problemlərə həsr edilmişdir. Bu pyeslə ciddi bir dramaturq səviyyəsinə yüksələn İ.Əfəndiyev zəngin dil vasitələrindən istifadə etmişdir. Hər bir obraz və personajın – Xosrov Atayevin, İldırım Atayevin, Dilşadın, Reyhanın, Mehricanın, Cahangirin, Sadıq Sadıqovun, Lətafətin, Şah­suvarovun, Xudu­şun, Ağasəlimin və başqalarının danışıqları fərdi keyfiyyətləri ilə fərqlənir.

Müəllif pyesdə gərgin və mənalı dialoqlar yaratmışdır. “Şübhəsiz ki, müəllif yaratmış olduğu dialoqlarda öz qəhrəmanının mənfi əxlaqi keyfiyyətlərini də üzə çıxara bilmişdir. Dilşad xanım pyesdə eyni zamanda digər obrazların daxili-mənəvi dünyasının aşkarlanmasında mühüm rol oynayır. Sanki dramaturq Atayevlər ailəsinin həqiqi simasını, əxlaqi keyfiy­yətlərini, cəmiyyətdə gedən sosial hadisələrə baxış­larını ortaya qoymaq, aşkara çıxarmaq üçün bu obrazdan istifadə etmişdir” [4, s.41].

Dramın “insan cəmiyyət qarşısında məsuliyyət daşıyır”, “vətəndaş borcu xalqı müdafiə eləməkdir”, “insan nə üçün yaşadığını bilməlidir”, “ailə əxlaqı cəmiyyətin əxlaqının açarıdır” ideyası əsərin dili ilə vəhdət təşkil edir.

“Qəribə oğlan” dramı lirik-psixoloji dilin ən parlaq nümu­nəsidir. Komediyadır. Dramaturq, ilk dəfə olaraq komik-bədii vasitələrdən çox böyük ustalıqla istifadə etmişdir. “Komizm vasitələri əslində aydındır – kiçikdən böyüyə dilin mənalı vahidlərindən: sözlərdən, ifadələrdən, birləşmələrdən, cümlə və mətnlərdən ibarətdir. Bunların hər birinin komizmə xidmət imkanı sonsuz və hüdudsuzdur. Məsələn, komizm vasitələrindən biri kimi, ümumiləşmiş şəkildə “söz” adlandırılan dil vahidini qeyd etdik. Sözün komik sənətdə rolu təsəvvür etdiyimizdən qat-qat geniş və zəngindir” [92, s.34].

Komediyanın ideyası meşşanlıqla saf sevgi arasında olan təzaddır. Hadisələr Kislovodskda baş verir. Sevgi yollarında əsil məhəbbət yox, var-dövlət dayanır. Valeh Dadaş Rəhimo­viçin qızını sevsə də onunla – Kəmalə ilə qovuşa bilmir. Bu komediyada kasıb qızın gözlənilmədən varlanması kimi yadda qalan “Zoluşka” (Küllücə) modelinin əks təsvirinin element­lərindən istifadə olunur.

Ailə dramları ailə-məişət müstəvisində verilir. Ailə dramları mövzusunu əks etdirən əsərlərin dramaturji modeli real həyatı göstərməklə yanaşı, ideyanın maddiləşmə forması kimi müəllifin üslubunu da nümayiş etdirir. Dramaturji strukturda iştirak edən personajların münasibətlər sistemi isə dövrün reallığının müəllif yozumunu yaradır. Bu mənada İlyas Əfəndiyevin “Ağıllılar və dəlilər” pyesi cəmiyyətdə gedən mənəvi deformasiya problemini ailə dramı mövzusunda, komediya janrında əks etdirir. Dramda ruşvətin, qohumbazlığın sosial həyata vurduğu təsirlər, mənfiliklər göstərilir.

Ədibin “Bağlardan gələn səs” dramında isə kənd təsərrüfatında çalışan insanların üzləşdiyi sosial problemlər öz əksini tapmışdır.

İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” dramı mənəvi-əxlaqi problemlərin bədii dərkidir. Lirik-psixoloji ovqat bu pyesin əsasında dayanır. Yaşlı bir kişi ilə gənc bir qızın başa çatmayan məhəbbəti bu dramın ideya-məzmununu təşkil edir. Dramın digər bir adı da “Boy çiçəyi”dir. “Boy çiçəyi” adı haradan doğmuşdur və bunun əsərdəki hadisələrlə hansı bağlılığı vardır? Müəllif 1964-cü ildə pyesin tamaşasından sonra onun müzakirəsi zamanı öz çıxışında bu məsələyə aydınlıq gətirərək qeyd etmişdir: “Neçə il bundan qabaq mən Qarabağ dağlarında qəribə ətri olan bir çiçək gördüm. Onu qoxlayanda adama elə gəlirdi ki, üfüqlər nəhayətsiz dərəcədə genişlənir. Mavi səma ucu-bucağı olmayan əsrarəngiz bir ümmana çevrilir. Xəyal isə onun dərinliklərində hey qanad çalaraq, sözlə ifadəsi mümkün olmayan bir gözəllik kəsb edir. Qəlbində nəcib hisslər, xeyirxah arzular baş qaldırır. Bununla belə, o gülün ətrində zərif bir sərtlik var idi. Mən yanımdakı kəndlidən çiçəyin adını soruşdum. Cavab verdi ki, buna bəzi yerlərdə “boy çiçəyi”, bəzi yerlərdə isə “boxça gülü” deyirlər. Boy çiçəyini gəlinlər dərib, toy paltarlarının arasına qoyurlar. İllər keçir, çiçək qupquru quruyur. Amma yenə də öz ətrini itirmir. Elə bir indicə dərmisən” [57, c.7, s.260].

Pyesdə təklik, tənhalıq motivləri güclüdür. “Burda tək qalmaq – boy çiçəyinə sadiq qalmaqdır. Bu təklik – əslində ən böyük mənəvi birlik deməkdir” [97, s.34]. Yaşar Qarayevin fikrincə, “bu əsər ədəbi həyatımızda yeni söz, uğurlu bir hadisə olub lirik, perspektivli drama­turgiya, müasir psixoloji teatr yaratmaq yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir” [98, s.117-118]. “Boy çiçəyi” sadəcə dramın əxlaqi mənasının, estetik ideyasının simvoludur. Quruyub xəzəl olanda da ətri həmişəlik qalır, elə bil indicə dərilib…İnsanlığı yaşadan və irəli aparan elə hisslər var ki, onlar da “Boy çiçəyi” kimidir. Heç vaxt öz ətirlərini, cazibədarlığını itirmir.

Əsər lirik-psixoloji dramın ilk nümunəsi idi. Həsənzadə ilə Nargilənin dialoqlarında, həqiqətən, “sözlər üçün darısqallıq, fikirlər üçün genişlik” yaratmışdır. Burada hər bir replika, sual-cavab surətlərin əxlaqi qənaətindən, inamın­dan, ya şübhəsindən xəbər verir.

“Mənim günahım” dramında mühüm mənəvi-əxlaqi problemlər qaldırılır, bu problem­lərin həlli yolları bədiiləşdirilir. Pyesin dili obrazlılığın yüksəkliyi ilə seçilir. O, dramaturqun ciddi ictimai problem­lərə marağının gücləndiyi, müəllifin lirik-psixoloji, intellek­tual dram yaratmaq axtarışlarının davam etdiyini göstərən bir əsər, həyat və şəxsiyyətin cəmiyyət qarşısında borca münasibəti haqqında düşüncələridir.

İlyas Əfəndiyevin “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Büllur sarayda” (1982), “Bizim qəribə taleyimiz” (1988) dramlarında da cəmiyyətin mənəvi-əxlaqi normaları ön plana çəkilir. “Büllur sarayda”, eyni zamanda, lirik-psixoloji üslubun ən gözəl nümunəsidir.

“Tənha iydə ağacı” əsərində (1990) ictimai və əxlaqi borc məsələləri yüksək bədii bir dildə təqdim olunur. Dramaturq burada rəmzdən istifadə etmişdir. “...pyesdə iydə ağacı obrazı rəmzi məna daşıyır, vətən həsrətini ifadə edir. Vaxtilə Kərim bəyin ata yurdunda əkdiyi iydə ağacı tənha qalmışdır. Yazıçı göstərir ki, bolşevik rejimi təkcə adamlara deyil, ağaclara da, bağlara da divan tutub. Tənhalıq isə təkcə insanlar üçün deyil, ağaclar üçün də faciədir” [44, s.222]. Dram mühacirət həyatına, qürbətdə vətən həsrəti ilə ömür sürən azərbaycanlıların taleyinə və bu həyatı doğuran ictimai-siyasi məsələlərə həsr edilmişdir. Bu dramlar bağlı olduğu dövrün ədəbi dilini yaşadır.

Müəyyən natamamlığa baxmayaraq, “İşıqlı yollar” dramındakı Elmar və Baba dayı surətləri inandırırdı ki, İlyas Əfəndiyev yığcam dil vasitələri ilə ifadəli, tipik xarak­terlər yarada bilər.

Psixologizm ədibin yaradıcılığının, istedadının xüsu­siy­yəti, onun müəy­yənedici keyfiyyətidir. “Bahar suları” ictimai-psixoloji dramdır. Yazıçı bu əsərdə Qalmaqal Mədəd, Narıngül, Sədəf, Turac, Ballı arvad, Xanmurad kimi yaddaqalan surətlər yarada bilmiş, onların hər birini fərdiləşdirmək üçün mənalı təfərrüatlar tapmışdır. Xalq danışıq tərzini yaxşı mənimsəmiş müəllif Qalmaqal Mədəd və Narıngül surətlərinin dil xarakteristikasında orijinal vasitələrə arxalanaraq, daxili aləmlərini yığcam şəkildə açmağa nail olmuşdur.

Dramaturq dramaturgiya dilində insan psixogiyasında yaranan dəyişiklikləri izləməyi üstün tutur. Çünki psixo­lo­giya xarakterə nisbətən daha sürətlə dəyişir, psixologiyadakı yeniliyin xarakterə keçməsi üçün müəyyən müddət tələb olunur. “Psixologizmdən xüsusi bədii keyfiyyət kimi yalnız o zaman danışmaq mümkün olur ki, psixi proseslərin birbaşa ifadəsi forması özünü göstərir, ədəbiyyat “zahiri” və “ümumi işarə” ilə inikası mümkün olmayan daxili təkamül, yaxud düşüncələr aləmini daha dərin və sərrast səciyyələndirmək xüsusiyyəti qazanır” [186, s.19-20].

“Məhv olmuş gündəliklər” xarakterlər dramıdır. Həyati, müəyyən ictimai-əxlaqi meyillərin təmsilçisi olan adamların şəxsində ideyalar, dünyabaxışları toqquşur.

İlyas Əfəndiyevin dramlarının bir çoxu tarixi mövzu­dadır. Tarixi mövzuda olsa da, bu əsərlərdə də müasir həyatımızın, cəmiyyətimizin problemləri qaldırılır. Onun tarixi dramlarının ideya-məzmunu kimi, dil və üslubu da gözəldir. Belə dramlardan biri “Mahnı dağlarda qaldı” (1971) pyesidir. Bu dramın ideya-bədii keyfiyyətləri bir yana, dil cəhəti haqqında tədqiqatçılar belə bir epizodu xatırladırlar: “Xatırlayıram ki, 70-ci illərin ikinci yarısında Bakı metrosunun sərnişinləri – rus dilini biləni də, bilməyəni də vaqona daxil olar-olmaz “Pravda”, “Komsomolskaya Pravda”, “İzvestiya” qəzetlərinə nümayişkaranə göz gəz­dirər­dilər. Sanki bununla “mən mədəniyəm, aristokratam, savadlıyam” deyərdilər. Bir dəfə bu səhnəni təkrar seyr edərkən tələbə dostlarıma üz tutdum: “İmkanım olsaydı, bu vaqondakıları birbaşa Azdramaya – İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasına aparar və sonra soruşardım: “Hansı dil yaxşıdır? Bəli, bu, keçmişimizin qəribə bir epizodudur, lakin ibrətamiz tarixidir. İlyas Əfəndiyev əsərləri ilə bütöv bir sistemin ilk baxışda görünməyən və dilimizə qarşı yönəlmiş mənfur niyyətləri ilə mübarizə aparırdı” (198).


İlyas Əfəndiyev xalqımızın elə sənətkarıdır ki, o, sovet rejiminə kor-koranə boyun əyməmiş, təlqin olunan ədəbi stereotiplərə, çərçivə və qəliblərə sığmamış, əksinə, sözün, sənətin bütün imkanlarından bəhrələnərək həqiqəti söyləməyə, yaşadığı mühitin eybəcərliklərini açıb göstər­məyə çalışmışdır. Dramaturqun istər tarixi, istərsə də müasir mövzularda yazmış olduğu əsərlərdə bu cəhət özünü qabarıq şəkildə göstərməkdədir [4, s.8].


“Sevgililərin cəhənnəmdə vüsalı” (1989) pyesi İ.Əfəndiyevin ilk faciə əsəridir. Əsərdə repressiya dövrünün bəlaları günahsız insanların timsalında verilir.

“Xurşidbanu Natəvan” tarixi dramında şairə X.Natə­vanın dövrü, həyatı və mübarizəsi təsvir olunur.

“Şeyx Xiyabani” (1986) əsəri isə tarixi xronika janrının maraqlı nümunə­lərindəndir. Bu dramda ana dilinin keşiyində dayanan obrazlar var. Məsələn, “Şeyx Xiyabani” dramında Hacı Fərhad həm inqilaba maddi yardım edir, həm də Azərbaycan dilində açılmış məktəbin fəaliyyətini tənzimləyir. O deyir: “…sayanın qu­lu­yam, saymayanın ağası. Mən özüm şah ərbablarını heç vaxt it yerinə qoyma­mı­şam, hamısı biqeyrət köpək uşağıdı! (gətirdiyi çantaya işarə ilə). Bu çantadakı pulları sizin inqilabınıza kömək üçün gətirmişəm. Möhkəm dayanın, dalınızda dağ kimi dur­mu­şam. Özünüzü bərkidənəcən nə qədər pul lazım olsa, verəcəm. Dünən bizim kü­çədə Azərbaycan dilində açdığınız məktəbə də gedib baxdım, müəllimlərə dedim, qorx­mayın, nə qədər xərciniz olsa, özüm çəkəcəm. Hərçənd Sarı Mərdan məni kapi­talist adlandırır. Kapitalistəm, hər nəyəm bilmirəm, ancaq xalqımın quluyam… [46, s.116].

Milli azadlıq ideyasına xidmət edən tarixi dram əsərləri arasında drama­turgi­yanın peşəkarı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi xüsusi yer tutur. Burada zamanın dramatizmi, gerçəkliyi əhatə etmiş zid­diy­yətli toqquşmalar, mürəkkəb kolliziyalar özünün bədii əksini tapmışdır.


Bütünlükdə, İlyas Əfəndiyevin dramaturgiyasında həm mövzuları seçmək, həm onları işləmək əsasında, həm də yazıçının özünə daha yaxın və zəruri görünən motivlərə, obrazlara, surətlərə tez-tez müraciət etməkdə yalnız onun özünəməxsus yaradıcılıq dönüşləri vardır. Buna görədir ki, bəzən onun bir pyesində başlanan münaqişə, irəli sürülən fikirlər silsiləsi o biri pyeslərində sanki davam edir, tamamlanır və beləliklə də, yazıçının əsərləri arasında ideya-məzmun və üslub cəhətdən bir tamlıq və əlaqə yaranır” [26, s.515].

Bədii yaradıcılığın ən təsirli və ən çətin növlərindən biri dram janrıdır. Bu janrla zaman arasında qarşılıqlı münasibət oyadan, onun məna və məntiqini müəyyən səmtə yönəldən, bitkin və obrazlı modellərini yaradan hərəkətdir. Deməli, hərəkət, dinamika dram janrının canıdır. Belə bir hərəkətin zaman və məkan anlayışı, xarakter və məna çalarları müxtəlifdir. Dramda bizi bitkin və dramatik bir kompozisiya daxilində birləşdirilmiş hadisələrin, sözün və fikrin hərəkəti, bu hərəkət növlərinin vəhdəti və inkişafı məsələsi düşündürür. İ.Əfəndiyev dramlarında bədii, obrazlı fikir, düşüncə məntiqi dinamik hərəkət vasitəsilə məna kəsb edir. Dramatizm İ.Əfəndiyevin obraz və personajlarının arzu və istəklərinin, xeyirlə şərin mövqeyi, ideal uğrunda gedən mübarizə prosesidir. Başqa sözlə, İlyas Əfəndiyev dram­larında inkişaf müəyyən məqsədin və niyyətin, sosial münasibətlərin, müxtəlif dünyabaxışların, ictimai-siyasi görüşlərin son məqsədə doğru irəliləyişi və çarpışmasıdır. Bu mübarizə prosesi həm hadisələrin mahiyyətində, həm də obraz və personajların psixologiyasında, düşüncə­lərində öz ifadəsini tapır. Bu isə dramatik, lirik və fəlsəfi münasibətlər içərisində qurulur, hiylə və riyakarlığı, ülviyyəti və huma­nizmi əhatə edir, hadisələri gözəlliyin təsdiqinə, eybəcərliyin inkarına tabe edir. Hadisələrin hər bir mərhələsi müəyyən zaman daxilində baş verir. İlyas Əfəndiyev dramlarında inkişaf sadədən mürəkkəb hadisə və xarakterə doğru irəliləyir, əməli həyat prosesini və mənəvi fəaliyyəti əhatə edir, dramatik və mübarizə yolu keçərək bizi gerçəkliyə yaxın­laşdırır.


İlyas Əfəndiyev lirik-psixoloji üslubu öz yaradıcılığı üçün əsas fərdi üslub kimi təsbit etmişdir. Onun Azərbaycan dramaturgiyasına gətir­diyi yeni mövzu və süjetlər bu janrda lirik-psixoloji dram qolunun yaranmasına səbəb olmuşdur. Dramaturqun “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmi­rəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və s. pyesləri ədəbiyyat tariximizə lirik-psixoloji dram örnəkləri kimi daxil olmuşdur. O, dram əsərlərində Azərbaycan xalqı­nın həyatını, məişətini, ağrı-acılarını təsvir etməklə kifayət­lənməmiş, eyni zamanda, mənsub olduğu xalqın zəngin dilinin incəliklərindən bəhrələnmiş, danışıq dilini dramlarının dilinə tətbiq etmişdir.

Əlbəttə, bədii əsərin dili, üslubu, ifadə tərzi, heç şübhəsiz ki, onun mövzusu, məzmunu, ideyası ilə bağlı olur və əsərin dilinin təhlilində bu cəhətlər nəzərdə tutulur. Amma dil daha çox sənətkarlıq məsələləri ilə bağlıdır və burada zahiri-formal cəhətlər ön plana çəkilir. İ.Əfəndi­yevlə bağlı tədqiqatımızın məqsədi isə onun dramlarının dil-üslub problemlərini araşdırmaqdır.

İlyas Əfəndiyev dramlarında bitkin, müəyyən həcmli, ölçülü hərəkət nağıl etmək yolu ilə yox, hərəkət və fəaliyyətin əvvəl­dən axıra doğru dinamikasını göstərməklə inkişafda verilir. Bu zaman xarakter və fabula nə zəifləyir, nə də inkar edilir. Hərəkət dramatik prosesə qida verən mənbədir və o, konkret məqsədli fikir və istəyi, ideal və əqidəni spesifik ali məqsəd naminə mübarizə şəraiti formalaşdırır. Yazıçı hadisələri dramatik hərəkət və onun tələblərinə tabe edərək bir qütbdən digərinə, nədən və haraya prosesini ardıcıl şəkildə davam etdirirdi: o, insanı işdə, əməkdə, fəaliyyətdə göstərir. Bu onun düşüncə tərzini, nəyə can atdığını ifadə edir, yaradıcı xarakter mübarizədə bərkiyir, böyüyür, böyüdükcə məhəbbət və ya nifrətə layiq olur. İlyas Əfəndiyev dramaturgiyasında hərəkət zamanı xarakterin açılmasında hər bir söz, ifadə və cümlə konstruksiyaları rəmzi rol oynayır. Çünki söz özü də hərəkətdir, bunun formalarından biridir.

İlyas Əfəndiyev dramları ilə səhnəmizə sadə, aydın və eyni zamanda böyük lirik-psixoloji və emosional gücə malik bir zənginlik gətirmişdir. Bu, dramlarının dil qaynaq­ları ilə birbaşa bağlıdır. İ.Əfəndiyevin dramaturgiya dilinin formalaşmasında iki mənbə əsas götürülür: folklor və böyük dramaturq C.Cabbarlının sənəti. Birinci qaynağı dramların dilindəki zəngin etnoqrafik leksika və geniş məna tutumuna malik olan frazeoloji lay təsdiqləyir. İkinci isə C.Cabbarlının dramaturgiya dilindəki sintaksisin İ.Əfəndiyev yaradıcılığına əsaslı təsiridir. “İ.Əfəndi­yev öz dilini nağıllaşdırmır; ana dilini sənət dilinə çevirər­kən də, folklordan öyrəndiklərini yazıda maddiləşdirərkən də C.Cabbarlının sintaksis üzərindəki iş təcrübəsini öz yaradıcılıq üslubunun təbiətinə doğma bilir. Bu qaynaq­larda məktəb keçən böyük sənətkar Azərbaycan ədəbiy­yatında özünün kamil sənət dilini yaratdı. İ.Əfəndiyevin dram və nəsr dilinin bədiiliyindən az əhəmiyyəti olmayan böyük bir məziyyəti də onun nadir ədəbiliyindədir – onun bədii sənət dili həm də mükəmməl normativ ədəbi dildir” (194). İ.Əfəndiyevə görə, dram janrı lirik və epik janrlardan həm forma-məzmun, həm də dil cəhətdən fərqlənir. Dramaturgiya səhnə ilə, birbaşa tamaşaçı ilə əlaqədar olduğundan sənətkar əsərin dilini daha diqqətlə cilalayır. Çünki dram dili nə qədər obrazlı, emosional olmalıdırsa, bir o qədər də sadəliyi, lakonikliyi ilə fərqlənməlidir.

İ.Əfəndiyev digər əsərlərində olduğu kimi, dram yara­dıcılığında da üç qaynaqdan qidalanıb: təxəyyül, müşa­hidə və təcrübə. Bu üç qaynaq yazıçı sənətkarlığı ilə, bədii detal və təfərrüatla birbaşa bağlıdır. Çünki “bədii detal tapıntısı, təfərrüatın sadəliyi, aydınlığı sənətkarlıq səviy­yəsini müəyyənləşdirmək üçün əsas meyarlardan biridir”. Bu fikrin müəllifi Kamil Vəliyev sözünü davam etdirərək yazır ki, yazıçı bu üç qaynaqdan birini, dülgər ölçüyə uyğun gələn taxtanı seçdiyi kimi seçir. Əlbəttə, hər yazıçı, hər şeydən əvvəl, özü haqqında yazır, sonra yazıçı böyüyür, çox işləyir və təxəyyül əzələ kimi işdə inkişaf edir, yaş ilə bağlı olaraq yazıçı daha kəskin müşahidəçi olur... [155, s.247].

Bu baxımdan İlyas Əfəndiyevin dramlarındakı bədii detallar sərhədsizdir, təbiidir, həyatidir, birbaşa dərin dramaturq müşahidələrinin məhsuludur.

İ.Əfəndiyevin dramaturgiya dilində diqqəti cəlb edən ədəbi hadisələrdən biri proloq və epiloqlardan məqsədyönlü şəkildə istifadə olunmasıdır. Proloq və epiloqlar drama­turqun dram dilində təkrarlanır. “Büllur sarayda” dramın­da olduğu kimi. Məs.:

Aynur (həyəcanla). Həbib, sarıköynək... Həbib. Bakıya sarıköynək gəlib. Aynur. Qızımız olanda adını Sarıköynək qoyacağam. Axı, bizim ilk görüşümüzü bu bağda qarşılayan sarıköynək olub. Həbib. Bəs, oğlumuz olsa, adını nə qoyacaqsan? Aynur. Oğlumuz da olsa, adını qoyacağam Həbib. Həbib. Həbib nə üçün? Aynur. Çünki Həbibdən başqa bütün adlara oğlumu qısqanaram. Həbib. Görəsən, beş ildən sonra biz bu parka oğlumuzla gələcəyik, yoxsa qızımızla? [54, c.2, s.295].

“Şeyx Xiyabani” dramının isə proloqu var, epiloqu yoxdur. Proloqda oxuyuruq:



Araz çayının sahili. Şeyx Xiyabani və qoca. Şeyx Xiyabani. Savalan dağının zirvəsinə yığılan buludları görürsənmi, qoca? Qoca. Görürəm, oğul!.. Şeyx Xiyabani. Araz sahilindən gələn həsrət səsini eşidirsənmi? Xanəndə (uzaqdan səsi eşidilir). ... Qoca. O tayla bu tayın ayrılığına baxıram, hey baxıram... Xanəndə (uzaqdan səsi eşidilir). ... Şeyx Xiyabani. Babalardan yadigar qalan o Xudafərin körpüsü, vaxt gələcək, yenə də insanların xoş məramına xidmət edəcək [54, c.2, s.343].

Müəllif dialoqların ikinci replikasının istiqamət­ləndirilməsi yolu ilə leksik mənanın frazeologizmə və ya onun komponentlərinə qaytarılması üsulundan da məha­rətlə istifadə edir, beləliklə, sərbəst mənanı forma­laşdırır.

Beləliklə, İlyas Əfəndiyevin dramaturgiya dilinin xarakterik xüsusiyyətlərini adseçmə prinsipləri də aydınlaşdırır. Burada adların üslubi ənənələri də gözlənilib. Fra­zeolo­gizmlərin keçid prosesləri dramaturqun orijinal ifadə tərzinin sübutudur. Proloq və epiloqları məqsədyönlü şəkildə təkrarlamaq bacarığında da bir üslubi qayə var. Bu cəhətlərin hər biri dramların ekspressiyasını gücləndirmək, deyim tərzinə yeni bir məzmun-forma verməkdir. Bu da öz rişələrini folklordan və C.Cabbarlı realizmindən alır, İ.Əfəndiyevin dram dilini gözəlləşdirir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə