Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə22/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
Flora-Namazova-Dissertasiya

5) obraz və personajların emosional vəziy­yəti müəyyənləşdirilərək səciyyəvi cəhətlər təyin olunur: Nəcəf. Balam, niyə ağzınıza su alıb durmusunuz? Bu boyda məsələ həll olunur. Xanmurad, niyə susursan, niyə danışmırsan? Qulu, niyə dinmirsən? Narıngül. Heyf Quludan! Tay o ki danışmadı, dünyalar qara geyəcək! Bədəl. A canım, halva-halva deməklə ağız şirin olmaz [53, c.2, s.269].


Yaqub İsmayılova görə, “zamanın ən vacib, ağılları düşündürən, qəlbləri həyəcanlandıran ictimai problemlərinə diqqət, sürətlə inkişaf edən cəmiy­yətimizdə baş verən dəyişiklikləri görmək və göstərmək bacarığı, adamların psixo­logiya və dünyabaxışlarında yeniliyin müxtəlif təzahürlərinə həssaslıq, novatorluq İlyas Əfən­diyev istedadının əsas xüsusiyyəti olub, bədii axtarışlarının məzmun və istiqamətini müəyyənləşdirmişdir” [87]. İ.Əfəndiyevin dram dili özünün ifadə formalarına görə novatordur. Yenilik obraz və personajları yeni ab-havaya uyğun danışdırmaqda, yeni həyatı başa düşməkdə, anlamaqda və fikirlərini bu istiqamətdə qurmaqda göstərə bilir. “Ən əsas tərkib hissələrinə görə öz sələflərindən fərqlənən bu yeni dil sovet dövrü dramatur­giyamızın dili idi – yeni dövrün, yeni həyatın, məişətin, mübarizənin, yeni dünya adamlarının səsi idi. Bu yeni dram dilini zaman özü tələb etmişdi” [16, s.32].

İlyas Əfəndiyevin dram dili ənənəvi dram dilindən cümlələrin strukturuna görə seçilir; ənənəvi və yeni dram dilləri arasındakı intonasiya ayrılığı seçilmiş sözlərin səciyyəsi ilə bağlıdır. Yeni dram dilində alınma və arxaik sözlərə az rast gəlmək olur. Bu dil öz sələflərindən bədii dildə tipikləşdirmə probleminin uğurlu həlli, güclü milli koloriti, estetik prinsipləri ilə də seçilir. Yeni dram dilində özünəməxsus nitq və danışıq xüsusiyyətləri diqqəti cəlb edir. İ.Əfəndiyevin pyeslərindəki hər bir tipin hansı sinfə, hansı ictimai zümrəyə mənsub olduğunu müəyyənləşdirmək üçün onun nitq sistemi, ayrı-ayrı leksik vahidləri, tipik ifadələri və nəhayət, cümlə konstruksiyaları ən yaxşı və etibarlı vasitədir. Bu vasitələrdən İlyas Əfəndiyev də məharətlə istifadə etmişdir. Hər bir obraz və personajın vəzifəsinə, işinə, əməlinə uyğun söz və ifadələr seçmişdir. İ.Əfəndiyevin novatorluğu xalq dilinin zənginliyini dram dilinə gətirməsi ilə xarakterizə oluna bilər. Bu, bir tərəfdən də frazeoloji və trop novatorluqdur. Dram dili üçün sadəlik, aydınlıq daha vacibdir. Dramaturq bunu adi, ümumi sözlərin vasitəsilə əldə edir. Onun dramlarının dilindəki aydınlıq, hikmətlilik, fəlsəfilik əlamətləri novatorluğun yaranma nöqtələri kimi çıxış edir. Estetikanın qəbul və tələb etdiyi təbii, ağıllı novatorluq axtarışlarına İ.Əfəndiyev həmişə tərəfdar çıxmış və ədəbi fəaliyyətində ona daim can atmışdır. Özünü müxtəlif forma və məzmunda göstərən yalançı novatorluğa qarşı isə ardıcıl mübarizə mövqeyi tutmuşdur.



İlyas Əfəndiyev dram əsərlərini dəyərləndirərkən bir sıra meyarlar müəy­yənləşdirmişdir: Onun dram sənətindəki gördüyü və duyduğu nöqsanları aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. kəskin dramatik vəziyyətlər, dərin konfliktlər yaratmaqdan çəkinmək. Bəzən elə olur ki, dramaturq pyesin əsasına qoyduğu konflikti ikinci, üçüncü şəkildə həll edib qurtararaq, qalan dörd-beş şəkildə kənar əhvalatlar quraşdırır, götürdüyü əsas məsələləri yaxşı öyrənmədiyi üçün hər şeydən danışmağa məcbur olur [60]. “Hər şeydən danışmaq” xəstəliyi, konflikt süniliyi, konflikt səthiliyi və təkrarı dramaturgiyaya ciddi ziyan gətirirdi. İlyas Əfəndiyevin fikrincə, pyesdə konflikt nə qədər kəskin olsa, onun təsir qüvvəsi də bir o qədər güclü olacaq (əlbəttə, sənətkarlıqla yazılmış pyesdə). Konfliktsiz zərbə endirmək mümkün deyil. Dünya ədəbiyyatının bütün yaxşı dram əsərləri kəskin konflikt əsasında yaranmışdır” [47].

  2. süni, yalançı bəzək-düzəyə uymaq. Müəllif bu haq­da yazırdı: “Dramaturq­larımız həyatın çox dayaz yerlərində üzürlər. Dərinlərə, burulğanlı yerlərə baş vurmurlar. Konfliktlər, ziddiyyətlər isə adətən üzdə deyil, dərinlərdə olur. Onları bütün ağırlığı ilə zahirə çıxarmaq dramaturqdan cəsarətlə bərabər, güc və qüdrət tələb edir “ [45, s.159].

  3. digər nöqsanlar, hər şeydən öncə, ondan irəli gəlir ki, çox zaman insanların yalnız ideyaları ifadə olunur, onların bir insan olaraq fərdi xüsusiyyətləri, dərin psixoloji əlamətləri duyulmur. Unutmaq olmaz ki, insanın dünyagörüşü, fikir və qənaəti, əxlaq tərzi onun fərdi xüsusiyyətləri ilə, vərdiş və adətləri ilə əlaqədardır.

  4. dramlarda həyatdakı nöqsanların mübaliğəli veril­məsi, müsbət cəhətlərin isə kölgədə qalması, mənfi cəhət­lərin qabardılması. Əlbəttə, İ.Əfəndiyevin dramaturji baxışlarında müsbət və mənfi obraz “eyni dərəcədə güclü” olmalıdır [Bax: 150].

  5. müsbət qəhrəmanın yarımçıq və zəif təsviri. “Biz müsbət qəhrəmanı mənasız yerə idealizə etmək deyil, duyaraq, hiss edərək göstərməliyik. Onun duyğu və düşüncələri zəngin, canlı, təbii və cazibədar olmalıdır” [58, s.216].

  6. dramın əsasına aydın və konkret məsələ qoya bilməmək. Bu da onu göstərir ki, həmin müəlliflər dram əsərinin vəzifəsini, qayda-qanunlarını yaxşı öyrənə bilmirlər.

  7. həyatı adiləşdirərək qələmə almaq təşəbbüsü. Dram əsərlərindəki obrazları fikrən, ruhən yoxsul göstərmək, onları səthi və quru mühakimələrlə, dialoqlarla danışdırmaq olmaz.

  8. çətin və mürəkkəb məsələlərin asan yolla həllinə cəhd göstərilməsi, koloritin zəif verilməsi. İ.Əfəndiyev koloriti vermək bacarığını, ümumiyyətlə, həqiqi yazıçı istedadını təyin edən ən başlıca şərtlərdən sayır. Koloriti verə bilməmək həmin dramın dil və üslubca zəif təsirə malik olduğunu göstərir.

  9. xırda məişətçiliyə uyma meyli. Bu səpkidə olan dram əsərlərində personajların düşüncə tərzi, dil vasitələrindən istifadə bacarığı zəif olur [58, s.140].

Güclü müasirlik duyğusu, yaradıcılıqda müasir bədii təsvir və ifadə vasitələri, ədəbi prosesə sabahın gözü ilə baxmaq İlyas Əfəndiyevi bir yazıçı kimi çoxlarından fərqləndirən cəhətlərdəndir. İ.Əfəndiyev dramlarında E.Heminquey kimi fikrinin yalnız müəyyən hissəsini açıq ifadə edir, qalan böyük hissəsini duyub-dərk etməyi oxucunun öhdəsinə buraxır. Əlbəttə, böyük və dərin fikir sahibi olan sənətkarlar da həmişə belə olmuşdur.

İlyas Əfəndiyevin dramları və digər əsərlərinin ideya-bədii və dil-üslub sənətkarlığı haqqında çox fikirlər söylənilib. Bunları səciyyələndirmək, həmin fikirləri saf-çürük etmək İ.Əfəndiyev sənətətinə verilən dəyəri müəyyənləşdirmək baxımından, həmçinin də onun əsərlərinin həyatiliyini göstərmək baxımından çox əhəmiyyətlidir.

İ.Əfəndiyevin dramları və onların sənətkarlıq xüsusiy­yətləri haqqında yazıçılar, dilçilər, ədəbiyyatşünaslar – Mehdi Hüseyn, Məmməd Arif, Elçin, Hüseyn Abbas­zadə, Ə.Cəfərzadə, B.Vahabzadə, A.Axundov, T.Hacıyev, Q.Kazımov, K.Hüseynov, Əziz Mirəhmədov, Y.Qarayev, K.Vəliyev, Mövlud Süleymanlı, Vaqif Bayatlı və başqaları dəyərli fikirlər söyləmişlər.

Bu fikirlərin bəziləri “Yaddaşın boy çiçəyi” [156] kitabında toplanmışdır. İlyas Əfəndiyevin 90 illik yubileyinə həsr olunan bu kitabda böyük sənətkarın əsərlərinin dil-üslub, sənətkarlıq xüsusiy­yətləri barədə müxtəlif fikirlər vardır. Əsərdə qeyd edilir ki, dramda canlı surətlərin nitqinin fərdiləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, “İşıqlı yollar”da yazıçı bütün surətlərin dilini fərdiləşdirməyə nail ola bilməmişdi. Lakin burada da iti yazıçı müşahidəsinin, dili duymağın və ona bələdçiliyin məhsulu olan epizodlar vardı.

Müasirlik duyğusu bədii dilin vasitələri ilə birgə əks olunanda sənət əsərinin uzunömürlülüyü və əhəmiyyəti meydana çıxır. Yaradıcılıq aləminə müasir mövzu ilə gəlmiş dramaturqun dili xəlqidir, həyatidir. O, daim yeni forma və dilin ifadə vasitələrini axtarmışdır.

İlyas Əfəndiyevin əsərlərinin dili xüsusi tədqiq edilməsə də, ədəbi tənqid və oxucular onun dilinin lirizmini və ifadəliliyini, şairanəliyini və axıcılığını, milli koloritini qeyd etmişlər.

Müasirliyin bədii-emosional key­fiyyəti onun yaratdığı obrazların nitqində üzə çıxır. Burada dramaturqun emosional-ekspressiv ifadə imkanları genişlənir. Onun dramlarının poetikası poetik-ekspressiv sintaksisin konstruksiyaları ilə, hadisələri ilə müəyyənləşir. Obrazların danışığı dolğundur, həyatidir; tamaşaçının düşüncə və təfəkkürünə təsir göstərir, hiss və duyğularını hərəkətə gətirir. Onun qurduğu dialoqlarda mövcud zamanın suallarına tarixi müstəvidə cavab axtarılır.

“Mahnı dağlarda qaldı” dramında “inqilab” və mənəvi dəyərlər, “inqilab” və fərd qarşı-qarşıya dayanmışdır. Nicat – Şahnaz inkişaf xətti təzadlar təşkil edir. Müasir problemlər, müasir əxlaq kodeksinin daxili mahiyyəti Nicatla Şahnazın dialoqlarında daha dərindən açılır.

Tarixi dramlarında müasirliyin öyrənilməsində dilin özünəməxsus ifadə vasitələri köməyə gəlir. Onun tarixi dramlarının ictimai-estetik dəyəri bədii dilin leksik-frazeoloji vahidlərinin köməyi ilə açılır. Milli dramatur­giyamızda tarixi dram­lar özünün bədii-estetik keyfiyyətləri ilə seçilir, həyatı əks etdirmək, xalqın tarixi keçmişini yaşatmaq, milli koloritini vermək baxımından dəyərli sənət nümunələri kimi diqqəti cəlb edir.

Bədii mövqeyin ucalığı, intellek­tuallıq, fəlsəfi dərinlik və vətən­daşlıq qayəsi “Xurşidbanu Natəvan” [1981] tarixi dramının ideya-estetik xüsusiyyət­lərin­dəndir. Natəvanın ictimai baxışları, fikir və düşüncəsi onun qarşılaşdığı personajlarla dialoqunda aydın görünür. Dramaturq çox böyük ustalıqla onun fərdi nitq keyfiy­yətlərini fərqləndirməyə çalış­mışdır. XX əsrin sonlarına doğru müstəmləkə şəraitinin davam etdiyi bir zamanda xalqın əsarətdən xilas olacağı günü bütün varlığı ilə arzulaması, mübarizələr meydanına atılmaq istəməsi artıq tarixi Natəvanın deyil, müasir dövrün – XX əsr Natəvanının mübarizə ideallarıdır. Müəllifin böyük cəsarəti budur ki, siyasi sistemin elə qatı dövründə xalqımızın dövlətçilik, milli özünütəsdiq kimi fikir və ideyalarını olduqca poetik və bədii dildə ifadə etmişdir. Dramaturqun ən böyük nailiyyəti bu idi ki, o, 80-ci illərdə cəmiyyət daxilində yüksək fikirli ziyalılar arasında mövcud olan ictimai görüşləri, mənəvi-əxlaqi durumu əks etdirmişdir.



İ.Əfəndiyev tarixi dramlar qarşısında qoyulan tələblərə cavab verə bilən əsərlər yazmış, tarixi keçmişin sərvəti kimi qəbul etməyərək, onu müasir dövrün mahiyyətini, dialektik istiqamətini səhvsiz anlamağın xeyrinə səfərbər etmişdir. Müasiri olduğu ictimai-siyasi mühitdə baş verən dəyişik­liklərə, cəmiyyət daxilində yeniləşməyə vaxtında cavab verməyə çalışmışdır.

İlyas Əfəndiyev dram dilində replikaların müxtəlif növlərindən bacarıqla isti­fadə etmişdir. Bu replikalar xarakteri etibarilə yarımçıq, əsas və yardımçı replikalar, təkrar replikalar olmaqla qruplaşa bilir. Bu növ replikalarda müxtəlif modal müna­sibətlər (şübhə, güman, obyektiv, subyektiv hisslər və s.) öz əksini tapır. İ.Əfəndiyev yardımçı replikalar vasitəsilə fikrin bir daha qüvvətlənməsinə şərait yaradır. Məsələn:

1) yarımçıq replikalar: Vəli. Dülgərlik işi də bizim boynumuza! [53, c.2, s.269]. Vəlinin nitqindəki bu replika ona görə yarımçıqdır ki, burada xəbər buraxılmışdır.

2) əsas və yardımçı replikalar: Alı kişi. Yoldaş sədr, Alxandı, mənəm, Bədəldi, biz köhnə bənnalarıq. Sarayın nə qədər hörgü işləri var, bizim boynumuza! Sədəf. Bizim manqa hər gün işdən sonra tikintiyə kömək edəcək. Turac. Bizimki də! Gülzar. Hamımız kömək edəcəyik! Uğur. Demək, mədəniyyət sarayını tikirik? Səslər. Tikirik! [53, c.2, s.269].

3) təkrar replikalar: Alxan. Bircə mənə de görüm, biz nə vaxt demişdik ki, “Bunu kim tikəcək?” Hə? Biz həmişə tikmişik? Yenə də tikəcəyik. Səslər. Tikəcəyik! [53, c.2, s.269].

İ.Əfəndiyevin dram sənətkarlığında, dialoqlarda nitq seçimləri maraq doğurur. Bu baxımdan dialoqdaxili monoloqlar mühüm yer tutur. Bu monoloqlar öz forma və ifadə tərzinə görə dialoqlardan seçilir. Həmin monoloqlar son dərəcə yüksək sənətkarlıqla yaradılmışdır. Obrazların söylədiyi monoloq nitqində tələffüz, vurğu xüsusilə seçilir, bu parçalarda dil faktlarını, hadisələrini özündə əks etdirən maraqlı leksik, frazeoloji və qrammatik vasitələrlə qarşılaş­maq olur. Onların monoloqda işlənmə üsulları rənga­rəngdir, yazıçının özünə məxsusdur.

İ.Əfəndiyevin dramlarında monoloqlar səciyyələndirici mahiyyət daşıyır. Monoloqlarda qoyulan məsələlər cəmiy­yətin həyatı ilə bağlıdır, mühüm bir məsələ monoloqun daxilində üzə çıxır. “Monoloq xarakteri başa salmaq, hadisələrin gedişini xəbər vermək, ziddiyyətlərin açılmasına yönəlmək və s. vəzifələrdən başqa hikmətamiz kəlamlar, fəlsəfi fikirlərlə dolğun bədii dil parçasıdır...Monoloqlarda bədii təsvir vasitələrinə, poetik sözlərə, məcazlara, təzadlara, bənzətmələrə, təkrirlərə və başqa ritorik ifadə vasitələrinə geniş yer verilir” [1, s.47].

Dramaturqun “Atayevlər ailəsi” pyesində İldırımın monoloqu bu baxımdan səciyyəvi sayıla bilər: “Deyir əlli il idi ki, qoca bağban gözəl ağaclar becərirdi. Əlli il idi ki, adamlar onun yetişdirdiyi meyvələrdən yeyib mənfəət­bərdar olurdular. Axır bir gün qoca hiss elədi ki, daha bu dünyadan köçmək üzrədir. Adamlar tökülüb gəldilər. Kimi qocaya soyuq şərbət hazırladı, kimi dərman verdi, kimi yastığını düzəltdi. Qoca bağban isə uzaqlara baxıb ah çəkdi. O vaxt bir cavan oğlan soruşdu ki, nəyin qüssəsini eləyirsən, ay baba? Gününü görüb, dövranını keçirmisən; camaat başına and içir. Bağban dedi: heç nəyin fikrini çəkmirəm, hamınızdan da çox razıyam. Ancaq kaş rəhmətlik qarım indi yanımda olaydı...” [53, c.2, s.329]. Bu monoloq parçasında yuxarıda göstərilmiş dil norma­larından maksimum istifadə edilmişdir.


Emosionallıq əlaməti İ.Əfəndiyevin dramaturgiya axtarışlarında yeni aspektləri ilə seçilir. Elə emosional vasitələr seçilir ki, bunlarla personajın xarakterik cəhətləri müəyyənləşir. Xarakterlərin fərdiliyi bədii əsərin müvəffəqiyyətini, oxucu qəlbinə yol tapmasını təmin edən başlıca şərtlərdən biridir. Tipik xarakterin şəxsində ifadə olunan ümumi həqiqətlər də məhz fərdi təzahür sayəsində emosional bir amilə çevrilir.

İ.Əfəndiyevin dram dilindəki axtarışlar sırasında təkrar-leytmotivlər də mühüm yer tutur. Onun əsərlərində söz mərkəzləşdirilir, ideyanı, niyyəti özündə birləşdirir. Söz bədii ideya ilə uyuşur. Sözün semantikası və bədii fikir arasında əlaqə formalaşır.

İ.Əfəndiyevin dram qəhrəmanlarının nitqi metaforik­ləşmə hadisəsinə məruz qalmış ifadələrlə zəngindir. Bu hadisə çoxmənalılıq prinsipi əsasında yaranır və onun nəticəsi kimi meydana çıxır. Həmin keyfiyyətə malik olmaq isə sözdən ifadəli və təsirli vasitə kimi istifadə etməyə imkan yaradır.

Məcazlar sistemi İ.Əfəndiyevin dram əsərlərində yeni formaları ilə fərqlənir. Epitetlər əsərdə iki qrupda diqqəti cəlb edir: a) təzadlı epitetlər; b) oksimoron epitetlər. Həmin növ epitetlər işlənmə məqamlarına, orijinallığına görə dramların dilində xüsusi maraq doğurur. Müəllif axtarışı, müəllif tapıntıları təsvir olunan obyekt və subyektin yeni xüsusiyyətlərini göstərir, özünün hiss və duyğularına əsasən onlara rənglər, mənalar verir. Burada hər şey müəllifin təxəyyülündən, dünya­görüşündən, fantaziyasından, təsvir edəcəyi obyektə baxışından və gəldiyi qənaətdən asılıdır [101, s.37].


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə