Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə26/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   22   23   24   25   26   27   28   29   ...   78
Flora-Namazova-Dissertasiya

Şahnaz (qəzəbli). Siz, sadəcə olaraq, qorxursunuz, qardaş. Ona görə də rəiyyəti özünüzə yaxın buraxmırsınız.

Böyük bəy. Doğrudur, qorxuruq. Lakin bu qorxu sən düşündüyün kimi sadə bir hiss deyil. Məsələnin kökü dərindədir... Zorla yaranan bərabərlik heç kəsi xoşbəxt eləməz, bacı! [54, s.78-79].

Əsərdə bacı və qardaşa məxsus danışıq tərzi, söz ehtiyatları yerli-yerindədir. “Özünəməxsus nitq cildi” surəti müəyyən bir ictimai qrupun nümayəndəsi kimi onların işlətdiyi sözləri, terminləri, ifadələri; xarakterlərini, sinfi münasibətlərini bəlli edən danışıq quruluşunu, nitq ədasını; fərdi sifətini, temperamentini əks etdirən subyektiv-hissi “nəfəsini” özündə birləşdirir” [1, s.23].

Ümumiyyətlə, obraz və personajların nitqini replika­larda xarakterə uyğun qurmaq bacarığı İlyas Əfəndiyevin dram dili üçün səciyyəvi haldır. Məsələn, “İşıqlı yollar” dramında Usta Faizin hər danışığında “qədəşim” (qardaşım) fonetik dialektizmi özünü göstərir: Usta Faiz. Dinib nə deyəcəyəm, qədəşim, nə cür götürsələr, mən düpbədüz 100 faiz yerinə yetirəcəyəm [55, c.2, s.58]; Qədəşim, bərk oldu, boş oldu, neftini 100 faiz çıxar, vəssalam [55, c.2, s.60]; Mənə nə var, kefim kök, damağım çağ. Planımı yüz faiz ödəmişəm, indi də papağımı əyri qoyub özüm üçün gəzirəm; Biabır niyə oluruq, qədəşim? Yüzdən ki, yuxarı rəqəm yoxdur... Hər ay yarım faiz artıq verirəm, bu da yarışın payı [55, c.2, s.69] və s.

Diqqət edilsə, Usta Faizin hər bir cümləsində “qədəşim” sözü ilə yanaşı, “faiz” sözü də işlədilir. Dramaturq bu üsulla komik effekt də yaratmışdır.

Sovet dövründəki dram əsərlərində həyati konfliktlər, canlı xarakterlər formalaşdı. Bu cəhətlər lirik-psixoloji üslubun intişarı ilə həyatiləşdi. Tənqidçi B.Nəbiyevin təbiri ilə desək, ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox İ.Əfəndiyevin şərəfli adı və əsərləri ilə bağlıdır. XX əsrin əllinci-altmışıncı illərindən etibarən ictimai həyatda baş verən dəyişiklikləri ilkin duyan, yeni insanı, onun mürəkkəb daxili aləmini sevən və qayğılarını, kədər və faciələrini sənətində dilin orijinal vasitələri ilə əks etdirən yazıçılar arasında İlyas Əfəndiyevin xüsusi mövqeyi vardır. Onun əsərləri ilə dramaturgiyamıza əsl həyati konfliktlər əsasında yaradılmış qəhrəmanların, təmiz ürəkli, prinsipial və mərd adamların yeni surətləri gəldi [129, s.6].

Azərbaycan teatrının repertuarındakı əsərlərinin sayına görə İ.Əfəndiyev dramaturgiyamız tarixində birinci yeri tutur. Bu əsərlərdə həmin illəri öz əməlləri ilə canlı təmsil edən insanlar təcəssüm etdirir. Filoloji aləmdə özünəməxsus bir iz qoyan “Bahar suları”, “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Mahnı dağlarda qaldı”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” və s. bu kimi əsərlər olmadan müasir Azərbaycan dramaturgiyasının və teatrının tarixi xeyli natamam görünərdi. Bu əsərlər teatrlarımızın üslub və janr cəhətdən təkmilləşməsinə, zənginləş­məsinə müsbət təsir göstərməklə yanaşı, orada müasirlik mövqeyinin möhkəm­lənməsində, estetik prinsipin dərinləşməsində, rejissor işində və aktyor ifasında sənətkarlığın inkişaf etməsində böyük əhəmiyyətə malikdir.

Qeyd olunduğu kimi, müasir Azərbaycan dramaturgiyasında lirik-psixoloji üslubun inkişafında İ.Əfəndiyevin xidmətləri böyükdür. İ.Əfəndiyevin dramlarının yüksək bədii-intellekt səviyyəsi, fəlsəfi dərinliyi, tarixi hadisələrə analitik münasibəti onun dil və üslubu ilə də yaxından bağlıdır. Fikir və düşüncələrdə olan yeniliklərin, zamanın zəruriləşdirdiyi suallara cavab axtarışları İ.Əfəndiyevin qurduğu dialoqlarda mühüm yer tutur. Dramlarında müasirliyin estetik prinsipləri bədii dilin gözəlliyinə əsaslanmışdır. “Tənha iydə ağıçı”, “Hökmdar və qızı” dramlarında mənəvi böhranlar, zaman konfliktləri dilin antonim vasitələri ilə gerçəkləşir. Tarixi mövzuların dramlarda təqdimində ana dilinin tarixizmlərinə müraciəti, şübhəsiz, bu mövzunun xüsusiyyətlərini dərindən açıb göstərir. Dramaturq siyasi mühitin ideoloji, siyasi-əxlaqi prinsip­lərinin müəyyənləşdirilməsində siyasi terminologiyaya müraciət edir. “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani” kimi tarixi dramlarında tarixi şəxsiyyətlərin baxışları, nitq xarakte­rologiyası və s. dialoqların tutarlı replikalarında açılır. Bu, müasir dövrün fikir axtarışları ilə əlaqələnir. Tarixi obrazların danışıq nitqi digərlərindən baxışlar prizmasına görə seçilir. Mövzu və janr baxımından müxtəlif olan dramların spesifik bədii-estetik, ictimai-fəlsəfi keyfiyyətləri onun ecazkar dilinin gücü ilə də göstərilir. Cazibədar bir üslubda, şirin bir dildə replikaları quran İ.Əfəndiyev ilk təsvirlərdən, ilk dialoq­lardan oxucu və tamaşacı rəğbətini qazanmışdır. Dil keyfiyyətləri bir drama­turq, bir nasir kimi onun fərdi üslubunu müəyyənləşdirən amillərdəndir. Dilimizin məna dərinliyi, ifadə gözəlliyi və ahəngdarlığı bu dramlara hopmuşdur. Doğma dilimiz böyük ictimai və estetik gerçəklikləri onun dram əsərləri vasitəsilə əks etdirmək qüdrətinə malikdir. Onun yaratdığı tip və obrazların düşüncə tərzi, dialoq­lararası münasibətlər və s. bir tərəfdən də dilin mənalı vahidlərinin gücü ilə ortaya çıxır. Replikalarda “çevik” surət və qəhrəmanların nitqi bir-birindən seçilməklə yanaşı, onların dünyabaxışının məhdudluğunu və zənginliyini də üzə çıxarır.

İ.Əfəndiyev, hər şeydən əvvəl, böyük dialoq ustasıdır. Onun qurduğu dialoqların forma və məzmunu bütövdür, vəhdət təşkil edir. Həmin dialoqlarda iki tip, obraz qarşı-qarşıya gəlir. Konfliktlər üzərində qurulan dialoqlarda sual-cavab strukturu əsas yer tutur. Bu struktur replikalardan ibarətdir. Bir replika digərindən doğur. Əsasən, sual-cavab quruluşu üzrə inkişaf edən ayrı-ayrı dialoqlar kommu­nikativ vəzifəni yerinə yetirir. Neytral suallar cavabları meydana gətirir, həmsöh­bətlərin arzu və niyyətləri ifadə olunur.

İ.Əfəndiyevin dram əsərlərindəki dialoqların quruluşu müxtəlif çeşidlidir. Bunlardan biri – fərqləndirici cəhəti təkrarlardır. Təkrar dialoji nitqdə əsas dil hadisələrindəndir. Dialoqun replikalarındakı müxtəlif növ təkrarlar haqqında dilçilik ədəbiy­yatında bir-birindən fərqli fikirlər mövcuddur. Məsələn, təkrarı dil hadisəsi, nitqin zəncirvarı funksiyası sayırlar [165, s.9; 191, s.127-128]. N.Şvedovanın fikrincə, “təkrar – dialoqun konstruktiv elementidir. İkinci, üçüncü təkrar replikalar birinci replikadakı təkrar əsasında meydana çıxır, bir-birini əvəz edir” [219, s.69].

Dramların dilində təkrar sorğuya daha geniş yer ayrılmışdır. Məs.: Cahangirin nitqində: Əgər siz Sadıqovu bir ər kimi sevmirsinizsə, niyə onun minnətini edirsiniz? Cahangir Lətafətə yenidən deyir: Mən sizin xahişinizin mənasını bilməliyəm. Elə deyilmi? Ona görə də təkrar soruşuram. Əgər siz ərinizi sev­mirsinizsə, nə üçün onun işini öz taleyinizlə əlaqədar hesab edirsiniz? [55, c.2, s.49].

Dialoqda personajların gərgin şəraitində əmr cümləsi təkrar edilir. Məs.: Mehrican (səsi gəlir). Ora baxın, ora baxın! Özünü atmaq istəyir! [55, c.2, s.60].

Xalq danışıq dilinə uyğun söz təkrarları İ.Əfəndiyevin dram dilində çoxdur. Məsələn, “var” sözü modal sözün arasında təkrarlanır: Mehrican. Evinizdə nə çatmır ki? Mədəni bir ailə üçün nə lazımdısa, hamısı varınızdır. Dilşad. Var, əlbəttə, var. Ancaq... [55, c.2, s.9].

Dramlarda sevinc, şadlanmaq məqamında cümlə təkrarları da intensivləşir: Reyhan. İldırım əmim gəlir!…İldırım əmim gəlir!… [55, c.2, s.13].

Replikalardakı təkrarlar mühüm bir xəbərin verilməsi ilə əlaqədar yaranır. Məs.: Şahsuvarov. Sabah axşam düz yeddinin yarısında təzə parkda olarsan. Sənə çox mühüm bir şey xəbər verəcəyəm. Sadıqov. Ola bilməz ki, indi deyəsən? Şahsuvarov. Sabah axşam düz yeddinin yarısında! [55, c.2, s.43]. İkinci təkrarda bəzi cümlə üzvləri buraxılmışdır.

Məlumdur ki, dram əsərlərində müxtəlif baxışlı əqidələr toqquşur, münasi­bətlərin iç üzü açılır. Ailələr, ailə üzvləri arasındakı dərin ziddiyyətlər, uçurumlar meydana çıxır. Dramaturqun “Atayevlər ailəsi” pyesində ziddiy­yətlərin aşkar olunmasında dialoqa məxsus bütün vasitələr köməyə gəlir. İldırım və Xosrov Atayev qardaşlarının dialoqunda olduğu kimi:

İldırım Atayev (qəzeti stolun üstünə qoyur). Uşaqlıqdan bizim bir-birimizdən gizli sözümüz olmayıb, Xosrov, açığını deyim ki, sənin ailə həyatın məni kədərləndirir. Xosrov Atayev. Niyə axı? Səbəbi nədir? İldırım Atayev. Bizim hər ikimiz xalq uğrunda, onun böyük arzuları uğrunda çarpışırıq, elə deyilmi? Xosrov Atayev. Əlbəttə, elədir! Başqa cür ola bilər ki? İldırım Atayev. Və mən bilirəm ki, sənin üçün xaqlın mənafeyindən yüksək, müqəddəs heç nə yoxdur! Xosrov Atayev. Şübhəsiz! İldırım Atayev. Lakin mənə elə gəlir ki, sənin əqidənlə, işinlə ailə həyatın arasında çox dərin bir ziddiyyət əmələ gəlmişdir. Xosrov Atayev. Sən bunu nəyə əsasən deyirsən? İldırım Atayev. Görüb-eşitdiklərimə əsasən! [55, c.2, s.25].

Hər şeydən əvvəl, bu replikaların məzmununda bir qardaşın digərinin ailə həyatından narahatlığı ifadə olunub. Bu narahatlıq notları dilin leksik və sintaktik vasitələri (“əlbəttə”, “şübhəsiz” modal sözləri, sual cümləsi, yarımçıq cümlə, budaq cümlə və s.) ilə reallaşır. Qardaşların nitqində 3 budaq cümlə (ikisi tamamlıq, biri tərzi-hərəkət budaq cümlələri), 3 yarımçıq cümlə, 5 sual cümləsi işlənmişdir. Ziddiyyət­lərin kəskin hala düşməsində dramaturq xalq ifadələrindən bəhrələnir. Bu ifadələr el arasında tez-tez işlədilir: “Daşın haradan atıldığı”, “Ögey ana ilə övladın ulduzu çətin barışır” [55, c.2, s.25].

Dramaturq komik situasiyalarda dialoqlararası söz oyunundan istifadə edir. İstər-istəməz replikalarda gülüş yaranır. Məs.: Xuduş. Dünən yenə də mən yazıq Şahsuvarovun cibinə düz üçcə dənə ötürdüm. Ağasəlim. Üç yüz? Xuduş. Başına at təpib nədir? Şahsuvarov uşaq-zaddır? Üç min [55, c.2, s.28]. Bu replika ilə dramaturq sosial təbəqələr arasında rüşvətxorluğun baş alıb getdiyini, əliəyri işlərin, cinayətlərin bu yolla ört-basdır və həll edildiyini göstərir.

İ.Əfəndiyev dram əsərlərində hər bir personajı öz nitqində danışdıra bilir. Ümumiyyətlə, nitq, danışıq tərzi onun yaratdığı obrazları fərdi şəkildə səciyyə­ləndirir. Məs.: “Atayevlər ailəsi” pyesində Xuduş “amanın bir günüdür”, “bir dəli şeytan deyir”, “kişinin qulağını yaman doldurub­lar” cümlələrini tez-tez işlədir: “Bıy!…Bıy!. Nə danışırsan! İstəyirsən üçümüzü də tutub bassın dama? Amanın bir günüdür, bu sözü burada dedin, bir də heç yerdə demə!” [55, c.2, s.28].

Bu replikada cinayət törətmiş şəxslərin daxili səksəkələri, qorxuları öz ifadəsini tapmışdır. Xuduş Dilşad xanımla söhbətində də həmin ifadəni işlədir: “Amanın bir günüdür, Dilşad xanım. Belə fürsət ələ düşməz. İldırım Atayev istəsə, o işi bir dəqiqədə ləğv etdirər” [55, c.2, s.28].

Bəzən qorxu yalvarışa çevrilir və həmin ifadə yenə də işlədilir: Xuduş. Amanın bir günüdür, Dilşad xanım, ölmüşük, bizi yerdən götürün [55, c.2, s.28]. Bu ifadə Xuduşun alçaq­lığını, yaltaqlığını, çətinə düşəndə yalvarışlarını, haqsız işlərini, xalq malına xor baxmağını əks etdirir.

Dramaturq obraz və personajların fikir və düşüncə­lərinin aydın şəkildə çat­dı­rıl­ma­sında xalq zərbi-məsəllərindən çox istifadə edir, bu da nitqi mənalandırmaqla ya­na­şı, ifadəliliyi, obrazlılığı artırır. Bu məsəllər müəyyən mətləblərin açıl­masına xidmət edir. Məsələn, Dilşadın nitqində: “... dəvədən böyük fil var” [55, s.31]; Sadıqovun nitqində: “Axı, məndə nə təqsir var, Liliçka? Evimizdə bişməyib, qonşudan gəlməyib” [55, s.34], Şahsuvarovun dilində: “Ot kökü üstə bitər. Bülbül ol, amma qəfəsdə olma!” [55, s.38].

Məsəllər əsərdə təsvir olunan hadisələrlə uzlaşır. Məs.: Şahsuvarov. Di tərpən. Unutma ki, boran nə qədər tez gəlsə, canavarın işi o qədər asan olar [55, s.49].

El arasında maraqlı bir məsəl var: “Əl əli yuyar, əl də qayıdıb üzü”. Yazıçı bu məsəldən “Atayevlər ailəsi” pyesində hadisələrin gedişi ilə əlaqədar olaraq yerində istifadə etmişdir. Brilyant üzüyün Xosrov Atayevin arvadı Dilşada verilməsi onunla bağlı idi ki, Atayev məlum cinayətin üstünü ört-bastır etsin, Ağasəlim və Xuduş tutulmasın. Ağasəlim həbs olunandan sonra üzük sahibinə qayıtmalıdır. Zabitə. Biz dedik ki, əl əli yuyar, əl də qayıdıb üzü [55, s.62]. Replikanın digər bir yerində Zabitə həmin məsəli bir də işlədir. Nəhayət, bu məsəli eşidən Xosrov Atayev (öz-özünə). Əl əli yuyar, əl də üzü… Ağasəlimin xalq malı ilə alınmış üzüyü mənim evimdən çıxır. Şahsuvarov, Sadıqov kimi cinayətkarlar mənim evimdə həbsə alınırlar…Bu dəhşətdir! [55, s.63].

Nəhayət, İlyas Əfən­diyevin pyeslərinin məzmun və sənətkarlıq xüsusiyyətləri, dili və üslubunun cəzb­ediciliyi, ifadəliliyi, replikaların dolğunluğu, dialoqlarda istifadə olunan dil və üs­lub vasitələrinin zənginliyi və s. deməyə əsas verir ki, yazıçı ədəbiyyatımızda lirik-psi­xoloji dramın özünəməxsus ustası olmaqla dərin məzmunlu bir dramaturji irs qoyub getmişdir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə