Азярбайжан милли елмляр академийасы


II FƏSİL İLYAS ƏFƏNDİYEVİN DRAMLARINDA SÖZÜN



Yüklə 1,58 Mb.
səhifə27/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
Flora-Namazova-Dissertasiya

II FƏSİL

İLYAS ƏFƏNDİYEVİN DRAMLARINDA SÖZÜN

LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
2.1. Dram dilində sözün işlənmə sferaları
Ümumişlək sözlər. Söz – dilin lüğət tərkibinin, eləcə də leksik və qrammatik sisteminin əsas vahididir. Hərçənd dil ünsiyyəti, adətən, bir neçə sözdən (ən azı bir söz) ibarət olan cümlələr vasitəsilə mümkündür, lakin bu ünsiyyəti təmin edən, insanların yadda saxladıqları bilik və təcrübəni əks etdirən dil vahidi məhz leksik vahid – sözdür. Heç də təsadüfi deyil ki, söz dilin bütün mexanizmində mərkəzi bir vahid kimi dərk edilir (F.de Sösür). Söz özünün struktur fonomorfoloji cəhətdən forma­laşması, semantik idiomatikliyi, əsas nominativ funksiyası ilə səciyyələnir [64, s.419].

Bədii ədəbiyyatda söz real həyatı ümumiləşdirir və əks etdirir. Ona görə də bədii ədəbiyyatda adlandırma və səciyyələndirmə funksiyalarında çıxış edən sözdən geniş istifadə olunur. Onların bədii əsərlərdə semasioloji səpkidə, işlənmə tezliyi və fəallığı, ümumişlək və terminoloji xarakteri və s. söz sənətkarlarının diqqət mərkəzində dayanır.

İlyas Əfəndiyevin digər əsərlərində olduğu kimi, pyeslərində də sözün işləklik dairəsi genişdir. Ümumiy­yətlə, sözlər ümumxalq səciyyəsi, lokal cəhəti ilə seçilir. Dram əsərlərində ədəbi obraz və personajların söz ehtiyatı eyni deyil və eyni də ola bilməz. Ümumi söz ehtiyatı bir obrazda çox, digərlərində az ola bilir. Bunları nəzərə alsaq, İlyas Əfəndiyev dramlarındakı sözləri işlədilmə, istifadə edilmə dairəsinə görə ümumişlək sözlər, lokal dairədə müəyyən kollektiv və ya ictimai qruplar tərəfindən istifadə edilən sözlər və xüsusi leksik vahidlər olmaqla 3 qrupda təhlil etmək məqsədəuyğundur.

Söz, ümumiyyətlə, dilin formalaşması və inkişafının aynasıdır. “Sözlərin toplusu dilin lüğət tərkibində heç də izolə edilmiş formada mövcud deyil. Bu leksik vahidlər bir sıra qruplarda birləşir” [89, s.9].

Leksikanın əhatə və işlənmə dairəsi genişdir. Onun işləndiyi sahələrdən biri də dram əsərləridir. Daha doğrusu, dramda işirak edən personajların nitqidir. Bu dialoji nitqin daşıyıcıları həyatlarında, dünyagörüşlərində baş vermiş dəyişiklikləri, yeni­likləri özünəməxsus leksik vahidlərlə ifadə edə bilirlər. Biz bunu İlyas Əfəndiyevin dram əsərlərində də müşahidə etdik.

Sözlər və ifadələr bədii dildə yazıçının fikrini, əsərin mövzu və ideyasını, personajların danışıq tərzini, onların ictimai-siyasi, daxili və zahiri xarakteristikasını vermək üçündür. M.Arifin fikrincə, “bədii əsərdə dil yalnız öz məntiqi ifadə vasitəsilə deyil, eyni zamanda, öz şəkli, zahiri təsiri, ahəngdarlığı və musiqisi ilə də yazıçının fikri ifadəsinə yardım edir “ [22, s.254].

Ümumişlək sözlər dilin leksik tərkibinin əsas hissəsini təşkil edir və ən zəruri anlayışları əks etdirir. Bu sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olur. Ümumişlək sözlər dram əsərlərinin də əsasını təşkil edir, obraz və personajların nitqindəki fikrin bütün dərinliyi ilə sadə və təbii alınmasına şərait yaradır. Bədii əsərlərin dilini, üslubunu təhlil edərkən əsas diqqəti ümumişlək sözlərə, həmin sözləri işlədən yazıçının əlavə etdiyi mənaya, üslubi rəngə xüsusi əhəmiyyət, diqqət vermək lazımdır.

Dilin digər vahidləri kimi söz də İlyas Əfəndiyevin dramlarında kontekstual baxımdan öyrənilir, yəni öyrəni­lən linqvistik hadisələr mətndən təcrid edilmir. İlyas Əfəndiyev dram əsərlərindəki hər bir obraz və personajları ümumişlək sözlər vasitəsilə fərdiləşdirmiş, onların ictimai mövqeyini, mənəvi aləmini, mədəni səviyyələrini nəzərə almışdır.

Dramaturgiya dilində personajların nitqində daha çevik leksik vahid olan ümumişlək sözlər fikri bütün incəliyi və dərinliyi ilə, sadə və təbii şəkildə diqqətə çatdırır. Ümumişlək sözləri, demək olar ki, ədibin pyeslərində iştirak edən bütün surət və tiplər işlədir. Üslubi neytrallıq kəsb edən belə sözlər pyeslərin qəhrəmanlarının niyyət və arzularının, həmçinin də fəaliyyət istiqamətlərinin hər bir sahəsinə aid olur.

H.Həsənov yazır ki, ümümişlək sözlərlə bədii əsərlərdə ən sadə, təbii və zəruri hadisələr haqqında ətraflı məlumat verilir və onlar təsvir olunur. Bədii əsərlərdə hadisələrin, obrazların, mənzərələrin bədii və obrazlı təsvirini sadə, aydın, anlaşıqlı sözlərlə ifadə etmək mümkündür. Bunlar eyni zamanda xüsusi üslubi rəngarəngliyə malik sözlər və ifadələrin meydana çıxmasında mühüm rol oynayır. Əsas vasitə kimi özünü göstərir [77, s.168-169].

İ.Əfəndiyevin dram dilində ümumişlək sözlər vasitəsilə aydın, yaddaqalan obrazlar yaradılmışdır. Belə sözlərlə dərin fikirlər, milli hiss və duyğular, əsərin məzmunu tez mənimsənilə bilir. Məs.: “Büllur sarayda” dramında Aynurun həyəcanlı nitqinə diqqət yetirək: “Mən sənə demək istəyirdim ki, yaşaya bilmirəm sənsiz! Sən bir dəqiqə mənim yadımdan çıxmırsan! Ərə getdiyim adam hər dəfə mənə yaxınlaşanda sən gəlib dururdun gözümün qabağında. Mənə elə gəlirdi ki, əsl ərim, əsl sahibim sənsən, sənə xəyanət edirəm. Özüm özümə nifrət edirdim…”[46, s.107]. Bu mətn parçasındakı sözlərin hamısı, demək olar ki, ümumişlək leksik vahidlərdir. Burda əvəzlik, isim, sifət, feil – hər biri başa düşüləndir, mətləblərin anlaşılmasına sadəliyi və təbiiliyi ilə yardım edir.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə