Азярбайжан милли елмляр академийасы


Termin səciyyəsi daşıyan sözlərdən istifadə



Yüklə 1,58 Mb.
səhifə29/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
Flora-Namazova-Dissertasiya

Termin səciyyəsi daşıyan sözlərdən istifadə. Bədii əsərlərdə işlənmiş terminlərin üslubi-semantik və funksional xüsusiy­yətlərini tədqiq edib öyrənmək Azərbaycan terminologiyası qarşısında duran vəzifələrdən biridir.

Bədii dilin leksikasını öyrənərkən əsərin yarandığı mühiti, ictimai şəraiti nəzərə alaraq, yazıçının əcnəbi sözlərə, terminoloji vahidlərə münasibətini müəy­yən­ləşdirmək, ədəbi-ictimai mühitin qohum və qonşu dillərlə təmasının dərəcə və istiqamətini aydınlaşdırmaq lazım gəlir” [91, s.59].

Bədii əsərlərin dilində müxtəlif peşələrə, texnikaya aid termin səciyyəsi daşıyan sözlər də işlədilir ki, burada iki cəhət nəzərə alınmalıdır. Əvvəla, ümumxalq dilində olan bir çox sözlər müxtəlif peşə, sənətlə əlaqədar termin kimi işlədilir. Digər qisim terminlər isə ya yeni yaradılır, ya da başqa dillərdən alınır. Belə söz və terminlər, əsasən, personajların, qismən də yazıçının öz dilində olur. Məsələn, İ.Əfəndiyevin “Bahar suları” və s. dramlarında işlədilmiş traktor, kultivator, kətmən, çiyid, arat, dırmıq, qaysaq, vağam, dondurma şumu, hektarın tamlığı, tarla düşərgəsi, xaşalıq, sağım, suçu, qırxım, ferma və s. söz və termin səciyyəsi daşıyan sözlər sırf kənd təsərrüfatı ilə bağlıdır.

Əslində, terminlər elmi üslubun əsas informativ vahididir və həmin üslubun yaranması və inkişafında mühüm rola malikdir. Ümumən termin təbiəti etibarilə ikili xüsusiyyətlidir; bir tərəfdən, ümumi ədəbi dilə aid anlayışlar sistemini, o biri yandan isə xüsusi kommunikasiya sahəsinə aidliyini mühafizə edərək saxlayır.

Termin səciyyəsi daşıyan sözlərin bədii əsərlərə yol tapması bir qədər qəribə görünür. Amma etiraf edək ki, bəzi hallarda sənətkarlar bədii əsərlərdə haqqında danışdıqları məsələlərlə bağlı sahələrə dair terminoloji vahidlərdən də istifadə etməli olurlar.

Dramların surət və personajları müxtəlif elm sahələri haqqında da söhbət edirlər ki, bu zaman onların nitqində elmlərin, ictimai-siyasi həyatın rəngarəng sferalarına məxsus anlayışları dəqiq ifadə edən xüsusi funksiyalı sözlər – terminlər işlənir.

Dram replikaları ünsiyyəti ardıcıl təmin edir. Ona görə də ünsiyyət prosesində terminologiyanın rolu da artır. “Terminlər bu və ya digər elmi anlayışın düzgün anlaşıl­masına, fikrin düzgün dərk edilməsinə, nitqin aydınlığına və dəqiqliyinə xidmət edir. Müvafiq anlayışlara uyğun terminlərin seçilməsi, onların yerli-yerində işlədilməsi” dram dilində müxtəlif anlayışların düzgün başa düşülməsini asanlaşdırır” [77, s.178].

İlyas Əfəndiyevin zəngin dramaturgiyasında işlənmiş termin və termin səciyyəli sözlərin üslubi-semantik-funksional məqamları maraq doğurur.

R.Əhmədov “Dram əsərlərinin təhlilində terminlərin rolu” adlı məqaləsində yazır: “Dram əsərləri bədii yaradı­cılığın ən mürəkkəb və ən maraqlı sahəsi olduğu üçün onun təhlili xüsusi terminoloji elmi-nəzəri hazırlıq tələb edir. Bu janr səhnə sənəti ilə sıx bağlı olduğundan hər iki səhnənin anlayışlarını ifadə edən istilahlarla zəngindir. …tədqiqatçı mövzu, məzmun, ideya, surət, tip, personaj, qəhrəman, prototip, xarakter, konflikt, süjet, fabula, kompozisiya, intriqa, kolliziya, situasiya və s. kimi ümumi ədəbiyyatşünaslıq terminləri ilə yanaşı, janra və onun ümumi səhnə təcəssümünə aid remarka, dialoq, monoloq, replika, münaqişə, diksiya, faciə, komediya, pyes, fars, vodevil, melo­drama, katastrofa, pauza, pafos, jest, mimika, antrakt, pərdə, şəkil və s. terminlərin köməyinə arxalanmalıdır. Bu prosesdə terminlərin aşağıdakı bəzi cəhətləri diqqət mərkəzinə çəkilməlidir: 1. Mövzu-prob­lemlə bağlılıq; 2. Eyni anlayışı ifadə edən müxtəlifdilli terminlər; 3. Sinonim kimi işlədilənlər və s.” [63, s.116-117].

Ədəbiyyatşünaslıq terminləri (məsə­lən, pyes, dram, şəkil, pro­loq, epiloq, səhnə, pauza və s.), ilk növbədə, hər hansı bir dram əsərinin dilində işlənir və dramın möv­zu-ideyasını başa düşmək üçün bu sözlərin mənasını bilmək tələb olunur. Dramaturq elmi üslubun materialını obraz və tiplərin dilində işlədir və belə sözlər dramaturgiya dilinə, perso­naj­ların nitqinə əsla ağırlıq gətirmir. “Quru söz” sayılan terminoloji vahidlərdən dramaturq dialoq şəraitində sənətkarlıqla istifadə edir, elmi üslubun “xammalı” bədii dilin “xammalı”na çevrilir.

Bəzən bədii əsərlərdə işlənən terminlərlə rusizmlər qarı­şıq salınır. Rusizmləri bir çox hallarda termin hesab edən­lərin fikrincə, “həmin terminlərin əksəriyyəti üçün dilimizdə müvafiq qarşılıq yaradılmışdır. Bu cür terminlər hətta obrazların nitqini fərdiləşdirmək məqsədilə işlədil­sə belə, müəllifə haqq qazandırmaq olmaz” [28, s.11].

Bizim müəllifə etirazımız bundan ibarətdir ki, rusizmlər bədii əsərlərdə obrazın nitqini fərdiləşdirmək məqsədilə işlədilə bilər, burada müəllifi günahlandırmaq olmaz.

İ.Əfəndiyev nasir və dramaturq kimi bəzən dildə olan termin səciyyəli sözün qarşılığını, yeni formasını söz birləşməsi şəklində işlədir, bir növ, neologizm yaradır. Məsələn, Azərbaycan dilindəki “bölünməz fond” termini əvəzinə “toxunulmaz fond” terminoloji birləşməsini işlədir: “Soltan. Bilirsiniz? Biz toxunulmaz fond düzəltmək istəyirik, ağlınız nə kəsir? – Necə yəni toxunulmaz fond? – Yəni ovdan gələn pulu yığıb saxlayaq. Elə ki, on beş-iyirmi min oldu, ondan sonra nəyə sərf eləmək lazım olduğu barədə fikirləşərik…” [46, s.237].

İ.Əfəndiyevin dramlarında işlənmiş terminlərin bəziləri alınmadır. Dramaturqun alınma terminlərə müraciəti bəzən üslubi tələblərlə bağlı olsa da, çox zaman əsərin mövzusuna, mündəricəsinə uyğun şəkildə işlədilir.

Dialoqarda iştirak edən obraz və tiplərin təhsilini, dünyabaxışını, eləcə də onların yumorunu ifadə etmək üçün terminlərə müraciət olunur.

Xalq yazıçısının dram əsərlərinin dili, həmçinin sahə terminləri ilə də zəngindir. Sahə terminləri onun həmin anlayışları maksimum mənimsəməsi və təyini prosesində yaranmağa başlayır və sahənin sonrakı inkişafı ilə artıb çoxalır. Həyatın müxtəlif sahələri ilə bağlı terminlərin bəziləri dramaturqun təsvir etdiyi dövrün və mühitin ictimai-siyasi ab-havasını əks etdirir.

İ.Əfəndiyevin peşə-sənət terminlərindən bol-bol istifadəsi dövrün bu fəaliyyət sahələrinin vacib olduğunu göstərir. Belə terminlər professional fəaliyyətdə qəbul olunmuş, xüsusi şəraitdə istifadə edilən və müəyyən məqsəd daşıyan söz və söz birləşmələrindən ibarətdir. Belə sözlərdən obrazların peşəsi, işi, sənəti, istehsalat fəaliyyəti, ixtisası ilə bağlı istifadə olunur.

İctimai-siyasi terminlərə daha çox ictimai-siyasi məz­munlu dramlarda rast gəlirik. “Şeyx Xiyabani” dramının dilində bu cür terminlər dramın təsvir edildiyi dövrün məfkurəvi və mədəni anlayışlarını, inqilabi mübarizə formalarını və s. əhatə edir. Məs.: şahlıq üsul-idarəsi, milli ordu, məşrutəçi, əks-inqilabçı, konsulxana, vali, sərdar, zabit və s.

“Xurşidbanu Natəvan” dramında şairənin yaşayıb yaratdığı dövrün xüsusiy­yət­lərini əks etdirən termin səciyyəli sözlər: canişin, knyaz, madmazel, çinovnik, imperator, izdivac, yavər, freylina, tuzem, provakasiya, incinar, nəçəlnik və s.

Dramaturq “Büllur sarayda” pyesində xeyli zərgərlik termini işlət­mişdir: daş-qaş, brilyant, mirvari və s. sözlər büllur sarayların iç üzünü açıb göstərir.

İçki adları: konyak, şampanski, kofe, tünd içki və s.

Məişət əşyalarının adları: piano, qədəh, telefon aparatı və s.

Terminlərin bir çoxu sosialist həyatı, məişəti ilə bağlıdır. Həyatın müxtəlif sahələrinə aid terminlər tip və per­sonajların dünyabaxışını xarakterizə edir. Müəyyən qisim alınma terminlər personajların nitqində demək olar ki, adət halını almış, vərdişə çevrilmişdir. Həmin söz və terminlər dilimizin qayda-qanunlarına uyğunlaş­dırılmışdır.

İ.Əfəndiyev dram əsərlərinin dilində terminlərdən iki cür istifadə etmişdir: 1) rus sözlərindən ibarət terminləri dilimizdəki qarşılığı ola-ola işlətmişdir və bu, sırf üslubi məqsədə xid­mət edir. Ona görə ki, dildə milli qarşılığı olan sözün yerinə mənbə dildəki sözün iş­lə­dilməsi bir çox hallarda üslubi effekt yaradır. Sabirdə, Mirzə Cəlildə, ümumiyyətlə, Mol­lanəsrəd­dinçilərdə bu formanın üslub yaratdığı məlumdur; 2) əsl elmi – sahə terminlərindən istifadə etmişdir. Bu üsulun məq­səd­ini T.Əfəndiyeva aşağıdakı kimi göstərir: “Termin bədii ədə­biy­yat­da – dram dilində üslubi effekt yaratmağa xidmət edir. Mono­semantik təbiətə ma­lik, sinonim münasibətə giriş­məyən, hər cür ekspressiv-emosional çalarlar və ob­raz­lılıq­dan azad olan termin ədəbi dilin elmi üslubunun əsas nitq vahidi hesab edilir, onun səciyyəvi elementi kimi çıxış edir. Termin bədii üsluba da yol tapır. Bu üslubda terminin istifadəsi konkret məqamlarla bağlıdır”. Fikrini davam etdirən T.Əfəndiyeva göstərir ki, bədii üslubda termin­lər­dən ehtiyatla istifadə olunmalıdır. Bədii üslubda termindən lüzumsuz və artıq dərəcədə istifadə əsərin dilini qəlizləş­dirər, quru edər, bədiiliyi poza bilər. Bədii ədəbiyyatda termin birinci növbədə əsərin tematikası ilə əlaqədar işlənir. Müasir həyat, müasir insanların təsvirinə həsr olunmuş bədii ədəbiyyat, yeri gəldikcə, üslubi tələbatla əlaqədar terminlərə müraciət etməli olur. Neytral üslubi rəngə malik terminlər bədii üslubda da, əsasən, nominativ funksiyada çıxış edir. Burada onlar obrazın xarakteri və psixoloji aləminin açılışına xidmət etmir, yalnız əlavə vasitə kimi istifadə olunur. Nominativ funksiyanı yerinə yetirən termin bədii dildə aşağıdakı üslubi məqsədlərlə bağlı işlənir: 1) personajın əmək fəaliyyəti ilə əlaqədar; 2) personajın sənəti, vəzifəsi və rütbəsini bildirmək üçün; 3) personajın danışıq tərzini xarakterizə etmək məqsədilə; 4) bədii ədəbiyyatda elm və texnikanın nailiyyətlərini tərənnüm edəndə; 5) termin bədii əsərdə komik situasiyaların yaradılmasında, satiranın qüv­vət­ləndirilməsində də iştirak edir [41, s.296-297].

Dram əsərlərində hər hansı mövzu daxilində siyasi motivlər istər-istəməz müəyyən yer tutur. Ona görə də siyasi terminlərə geniş yer ayrılır. Belə terminlər zəmanədən, dövrdən narazılıq məqamında işlədilir. Məs.: Nərmin – Mən o tək oğlumu bu riyakarlıq xaosunun içindən necə sağ-salamat çıxarıb ləyaqətli insan edəcəyəm? Necə? [46, s.167].

İ.Əfəndiyev yaradıcılığa başladığı illərdən mətbuata çox yaxın olmuşdur. İlk hekayəsini (“Kənddən məktublar”) qəzetdə çap etdirmişdir. O, qəzetlərdə məsul işçi olmuş və mətbuat leksikasını tam mənimsəmişdir. Bu mənimsəmə onun əsərlərində mətbuatla bağlı söz və terminlərin işlək­liyini artırmışdır. Məs.: Nərmin – Mən bilirdim ki, atam mənə aldığı şeyləri, ziynətləri öz maaşı ilə – kitablardan gələn qanorarlarla alır [46, s.179]. Nərmin – Kiçik zarisovkalar yazardı [46, s.43].

İ.Əfəndiyevin dramlarında sosialist kəndi və təsərrüfatı əsas təsvir obyektidir. Dramaturq əsərlərində təsərrüfat terminlərinə müraciət etmişdir. Məsələn, pambıqçılıq təsərrüfatı ilə bağlı “qibrazit” sözü. Bu söz pambığa səpilən zəhərli bir dər­manın adıdır. İnsan səhhətinə həddən artıq ziyandır: Ataxan – Əşi vicdan başına nə daş salsın? Bəyəm katib bilmir ki, dünyasında bir hektardan altmış sentner pambıq götürmək olmaz? Özü də bizim şəraitdə. Katib pambıq tarlalarında vertalyotla qibrazit səpdirəndə görmür ki, kəndçinin yeməyinə, nəfəsinə, xörəyinə dolur… [46, s.191].

Dialoq içində monoloqun yaradılması dramaturqun ustalığıdır. Bu zaman İ.Əfəndiyev bir sıra ədəbiyyatşünaslıq terminlərindən istifadə edə bilmişdir. Buna misal olaraq “monoloq”, “dramatik”, “pafos” və s. terminləri qeyd etmək olar. Rəhmanzadə – İcazə ver Şekspirdən kiçik bir monoloq deyim. Kamran – Buyurun. Rəhmanzadə (dramatik bir pafosla Şekspirin məşhur monoloqunu deyir). “Olum, ya ölüm” – Deyirlər 37-ci ildə əsil-nəcabəti bilinməyən satqın bir ziyalı Abbas Mirzə Şərifzadəni bir xalq düşməni kimi qələmə verib tutdurmuşdu. Həbsxanadan onu güllələməyə aparanda dustaq yoldaşlarına bu monoloqu oxuyub getmişdir [46, s.181].

İ.Əfəndiyev milli termin kimi “yaylaq” coğrafi sözünü çox işlədir: Cavahir – Baş açmıram bu nə deməkdi. Bəs pulu nədən ötəri qazanırlar? Bəyəm xalq özünə yaylaq tikməyəcək? Fariz- Xalq özünə yarım milyona yaylaq tikdirmir [46, s.101].

Qohumluq anlayışı bildirən sözlərdən dramların dilində daha çoxdur. Bunlar daha çox surətlərin bir-birinə münasibəti fonunda meydana çıxır. Məs.: ana, ata, yeznə, kürəkən, bacı, qardaş və s.

İ.Əfəndiyevin bir sıra dramlarında əliəyrilər, dələduzlar, sosialist mülkiyyətinə ha­ram gözlə baxanlar, rüşvətxorlar və s. vəzifəli adamlar ifşa olunurlar. Bu kon­teks­t­də istər-istəməz hüquqla bağlı terminlərdən istifadəyə lüzum yaranır. Məs.: Kamran – Yoldaş Mahmudov! Xətm elədi­yiniz o işləri təcili göndərin mənə [46, s.180]; Kamran – Qızım, doktor Rəhmanzadənin işini aparmış olan müstən­tiqlərin, prokurorun, məhkəmə sədrinin sənədlərini sah­mana sal. Onların cinayət məsuliyyətinə cəlb edilmələri ba­rə­də sərəncam verəcəyəm [46, s.182]; Qədim – Qoy onu istintaq tapsın, başa düşdün? [46, s.100], Fariz – Sən o saat özünü atma ortalığa! Qədimin advokatı deyilsən [46, s.79].

Dram dilində termin səciyyəsi daşıyan sözlərin iki mühüm əlaməti – spesifikliyi və ümumişlək xarakteri nəzərdən qaçmır. Spesifik səciyyəli terminlər dramda bəhs olunan sahənin informasiya mübadiləsi ilə bağlı işlədilir. Məsələn, söhbət tibb sahəsindən gedirsə, tibbi terminlər: Kamran – Göstə­rəcəyiniz tibbi yardımı pula satmazsınız! Rəhmanzadə – Onlar immunitetə öyrənən mikroblar kimi yeni formaya, yeni həyat tərzinə keçib, yenə də bildiklərini edəcəklər! Kamran – Doğrudur, ona görə də yaşamaq və yaşatmaq lazımdır, doktor! [46, s.182]; Nərmin – Nə yaman həyəcanlanıram…Ürəyim elə döyünür ki… Bir az volokardin içim! [46, s.211]; Nərgiz – Ürəyi üstündə dayanmır. Axı onun ürəyində şiddətli nevroz var [46, s.201]. Söhbət teatrdan gedirsə, teatr terminləri işlədir. “Bizim qəribə taleyimiz…” dramının proloqunda: Səhnə işıqlananda yağışın şırıltısı eşidilir. Kamran əlində çətir arxadan yavaş-yavaş gəlir avansenaya və özünü tamaşaçılara təqdim edir [46, s.165]; söhbət musiqidən gedirsə, musiqi terminləri ortaya gəlir. Məs.: sonata, caz, duet və s. Nərgiz – Neyliyək, mənim kavalerimin səsi yoxdur duet oxuyaq [46, s.170]; Həbib – Axı sən atanın sənə bağışladığı təzə “Volqa”da, yapon maqnitofonunda çalınan caz musiqisinin altında fəhlə Qönçə bacının oğlu ilə bayağı eşq dəqiqələri keçirəndə dünyanın ən xoşbəxt qızı olduğunu söyləyirdin! [46, s.107].

“İşıqlı yollar” dramında texniki terminlər çoxluq təşkil edir. Dramdakı hadisələr Bakıda neft mədənlərindəki iş prosesi ilə bağlıdır. Kənddən bir qrup gənc şəhərə - neft mədənlərində işləməyə gəliblər.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə