Азярбайжан Республикасы Мцдафия Назирлийи



Yüklə 112,71 Kb.
tarix05.02.2018
ölçüsü112,71 Kb.
#24481
növüMühazirə
Bakı Dövlət Universitetinin tələbələri ilə
Mülki Müdafiə fənnindən mühazirə keçmək üçün
PLAN-KONSPEKT

Mövzu-6: Mülki müdafiə sisteminin idarə edilməsi. MM siqnalları və əhalinin davranış qaydaları.
Tədrisin məqsədi: Tələbələrə idarəetmənin mahiyyətini, vəzifələrini, idarəetmə məntəqələrini, onların təyinatını, avadanlığını və s. öyrətmək.

Məşğələnin keçirildiyi yer: BDU-nun tədris sinfi.

Vaxt: 2 saat.

Tədris sualları və təxmini vaxt bölgüsü:

Tələbələrin davamiyyətinin və məşğələyə hazırlığının yoxlanması - 10 dəq.



1-ci tədris sualı: İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri-40 dəq.

2-ci tədris sualı: Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili - 35 dəq.

Məşğələyə yekun vurulması - 5 dəq.



Ədəbiyyat: 1.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı.

5. Mülki Müdafiə üzrə normativ sənədlər.



Əyani vəsait: Videoproyektor, prezentasiyalar, plakatlar.
1-ci tədris sualı: İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri.
Fövqəladə hadisələr dövrlərində mülki müdafiə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti – MM rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz rəhbərlik etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına vaxtında yönəltməkdən ibarətdir.

Mülki Müdafiə – MM rəhbərinin qərarına əsasən idarə edilir. Qərar qəbul etmək mürəkkəb və məsuliyyətli işdir, həmçinin MM rəhbərinin əsas vəzifəsidir. MM rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin əsas məqsədini, mahiyyətini və icra üsullarını müəyyən edən ana xətt rolunu oynayır.



İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır:

- İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, sərəncam vermə funksiyasını yerinə yetirərkən MM rəhbərinə verilən təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, onu rəhbər təsdiq edib icra üçün sərəncam verənədək müzakirə oluna bilər. Əmr və ya sərəncam imzalandıqdan sonra dəqiq və vaxtında həyata keçirilməlidir. İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların və planların icrasına ciddi nəzarəti, tabelikdəki heyətə yüksək tələbkarlıq göstərilməsini, icraçının boyun qaçırmaq üçün subyektiv, yaxud obyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur.

- İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin operativ surətdə nəzərə alınması deməkdir. MM rəhbəri şəraitin dəyişməsi ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə, icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. Buna nail olmaq üçün başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və müvafiq qərar qəbul etməyi bacarmaqdır.

- İdarəetmə fasiləsiz dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail olmaq mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, adətən uğursuzluqla nəticələnir.

- İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik rejim və qaydaları mütləq gözlənilməlidir.

İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, MM qüvvələrinin hazırlıq dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə MM qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir. 1995-ci ilin yanvarında Yaponiyadakı zəlzələnin nəticələrini təhlil edən mütəxəssislər belə bir rəyə gəldilər ki, fəlakət regionunda bir çox rəhbər işçinin dərhal öz idarələrinə gəlib fəaliyyəti vaxtında təşkil etmədiyindən xilasetmə tədbirləri xeyli gecikmişdi. Buna görə də yapon hökuməti qərara gəldi ki, fövqəladə hadisə baş verərkən bütün məsul işçilərin yaşayış yerlərindən işə gətirilib çatdırılması hərbi vertolyotlar vasitəsilə dərhal yerinə yetirilsin. Bu idarəedici heyətin hazırlıq dərəcəsinin əhəmiyyətini aydın göstərən bir misaldır. Mülki Müdafiənin idarə olunmasını vaxtında təmin etmək üçün onun idarəetmə sistemi daim təkmilləşdirilməlidir.

Mülki Müdafiənin idarəetmə sistemi – idarəetmə orqanlarından, idarəetmə məntəqələrindən, rabitə və xəbərdarlıq vasitələrindən ibarətdir.

MM idarəetmə orqanlarına müvafiq MM qərargahları, xidmətləri və köçürmə orqanları aiddir.

İdarəetmə orqanının əsas vəzifəsi – hər cür şəraitdə idarəetmə işini, yəni MM rəhbərinin qərar və göstərişlərinin həyata keçirilməsini fasiləsiz və qətiyyətlə təşkil etməkdir.

İdarəetmə prosesində rabitə və xəbərdarlıq sisteminin əhəmiyyəti olduqca böyükdür.

Mülki Müdafiə rəhbəri özünə tabe olan qüvvələri adətən idarəetmə məntəqəsindən idarə edir.



İdarəetmə məntəqəsi (İM) – mülki müdafiəni hərbi vəziyyətə keçirərkən və ya fövqəladə hadisələr dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün nəzərdə tutulmuş, xüsusi avadanlıqla, texniki rabitə və xəbərdarlıq vasitələrilə təchiz edilmiş otaqlardan (stasionar İM ) , yaxud nəqliyyat vasitələrindən (səyyar İM ) ibarətdir.

Təyinatına görə İM-nin əsas, ehtiyatyardımçı növləri ola bilər. İdarəetmə məntəqələrinin yerləri və sayı hökumətin qərarı ilə müəyyən edilir, müvafiq nazirliklərin, yaxud icra hakimiyyəti orqanlarının vəsaiti hesabına tikilir, avadanlaşdırılır və qorunub saxlanılır.

İdarəetmə məntəqələri orada yerləşən heyətin fövqəladə hallarda fasiləsiz işini, normal həyat fəaliyyətini (qidalanma, növbə ilə dincəlmə və s.) və etibarlı müdafiəsini təmin etməlidir. İM adətən aşağıdakı otaqlardan ibarət olur:


    • MM rəhbərinin iş otağı;

    • operatorlar yerləşən operativ iş otağı;

    • xidmət rəislərinin (mütəxəssislərin) iş otağı;

    • rabitəçilər qrupu yerləşən rabitə qovşağı;

    • növbələrlə dincəlmə yeri (otağı);

    • İM heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq və su ehtiyatları saxlanılan yer;

    • sanitariya qovşağı.

Əsas idarəetmə məntəqəsində Mülki Müdafiə rəisi, onun müavinləri, xidmət rəisləri (baş mütəxəssislər), MM qərargahının əsas heyəti (qərargah rəisi, şöbə, bölmə rəhbərləri) yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət (rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri və s.) verilir.

Ehtiyat idarəetmə məntəqəsində Mülki Müdafiə rəisinin müavini, MM qərargahı rəisinin müavini, xidmət rəislərinin köməkçiləri və s. yerləşirlər. Məntəqənin normal işini təmin etmək üçün oraya xidmətçi heyət: rabitəçilər, mühafizə qrupu, nəqliyyat vasitələri də verilə bilər.

Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsas idarəetmə məntəqəsindən rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Belə yardımçı idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri tərəfindən təyin edilir.

Səyyar idarəetmə məntəqəsi rabitə vasitələri ilə təchiz olunmuş nəqliyyat vasitələrində düzəldilir. Səyyar idarəetmə məntəqəsi stasionar idarəetmə məntəqəsi olmayan zədələnmə ocaqlarında və MM qüvvələrinin yürüş marşrutlarında bilavasitə hərəkət zamanı operativ idarəetmə üçün təşkil edilir. Səyyar İM-nə Mülki Müdafiə rəhbəri və ya onun müavini başçılıq edir. Bu zaman MM qərargahının rəisi stasionar idarəetmə məntəqəsində qalaraq digər tədbirlərin icrasını təşkil edir.

Ölkəyə düşmən basqını təhlükəsi yaranan dövrdə idarəetmə məntəqələrində vəzifəli şəxslərin fasiləsiz növbətçiliyi təşkil edilir. Oradakı rabitə-xəbərdarlıq vasitələri iş vəziyyətinə gətirilir, məntəqə kəşfiyyat nəzarət cihazları və digər avadanlıqlarla təchiz olunur, onun qorunması təşkil edilir, yaxınlığında radiasiya və kimya müşahidə postu qoyulur, işçi və xidmətçi heyətlərin vəzifələri dəqiqləşdirilir.

Mülki Müdafiə tədbirlərinin təşkili və yerinə yetirilməsi üzrə MM rəhbəri və qərargahının fəaliyyət qaydası, əsasən, yaranmış şəraitdən, qarşıya qoyulan konkret vəzifələrdən və icra üçün verilən müddətdən asılı olur.

MM rəhbərliyinin idarəetmə üzrə iş prosesi aşağıdakı mərhələlərdən ibarətdir:

A) Alınmış tapşırığın aydınlaşdırılması.

5)MM rəhbəri yuxarı rəisdən tapşırığı alarkən, aşağıdakı məsələləri özü üçün tam aydınlaşdırmalıdır:



    • qarşıda duran işlərin məqsədini və yuxarı rəisin niyyətini;

    • bu işlərin icrasında tabeliyindəki qüvvələrin yeri və rolunu;

    • icra ediləcək işlərin həcmini.

MM rəisi tapşırığı aydınlaşdırıb, dəstələri fəaliyyətə hazırlamaq məqsədilə dərhal görülməli tədbirləri müəyyənləşdirməli, tabelikdəkilərə bu barədə ilkin sərəncam verməli və qərar qəbul etmək üçün lazımi məlumatları toplamağı qərargaha və xidmət rəislərinə (mütəxəssislərə) tapşırmalıdır.

B) Vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi.

MM rəhbəri yaranmış vəziyyəti qiymətləndirərkən bu məsələləri araşdırıb dəqiq öyrənməlidir:



    • tapşırılmış işləri hansı şəraitdə (radiasiya və kimyəvi şərait, hava şəraiti, ilin fəsli, gecə və ya gündüz və s.) yerinə yetirmək lazım gələcəkdir və bu şərait işlərin gedişatına necə təsir göstərə bilər?

    • tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti və s.) necədir?

    • hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən ibarətdir?

Beləliklə, MM rəhbəri alınan tapşırığı aydınlaşdırdıqdan və vəziyyəti qiymətləndirdikdən sonra müəyyən bir qərara gəlir.

C) Qərarın qəbul edilməsi. MM rəhbəri tapşırığın icrasını təşkil etmək üçün qərar qəbul edərkən aşağıdakıları müəyyənləşdirir:

    • tabeliyindəki qüvvələrin fəaliyyətinin əsas mahiyyətini (görüləcək işlərin həcmi və ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı məsələyə xüsusi diqqət yetirilməlidir və s.);

    • hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri;

    • digər qüvvələrlə (qonşularla) qarşılıqlı fəaliyyət qaydası;

    • işlərin təchizatı və təminatı üzrə görüləsi tədbirlər;

    • iş prosesində idarəetmə necə təşkil ediləcək.

Qərar qəbul etmək idarəetmə prosesinin ən çətin və məsuliyyətli mərhələsidir. Obyekt rəhbərinin vəzifə üzrə bilikləri, iş təcrübəsi, təşkilatçılıq bacarığı və liderlik qabiliyyəti təzahürünü məhz bu mərhələdə tapır.

Rəhbər qərar qəbul edəndən sonra icraçıları əməli işə cəlb etmək üçün öz qərarını onlara sərəncam (əmr) formasında elan edir.



D) Tabelikdəkilərə tapşırıqların verilməsi (çatdırılması). Vəziyyətdən asılı olaraq tabelikdəkilərə iş tapşırığı əmr və ya sərəncam formasında yazılı, yaxud, şifahi olaraq, şəxsən ya da qərargah vasitəsilə çatdırılır. MM rəhbərinin verdiyi bütün şifahi əmr, sərəncam yaxud göstərişlər MM qərargahında yazılı surətdə rəsmiləşdirilib qeydə alınır.

Əmr qısa və aydın olsun deyə müəyyən edilmiş ardıcıllıqla yazılır:

1-ci bənddə – baş vermiş fövqəladə hadisənin növü, yeri, miqyası və nəticələri;

2-ci bənddə – fəlakətin nəticələrini aradan qaldırmaq və əhaliyə yardım göstərmək üçün cəlb olunan qüvvələrin tərkibi, sayı və xilasetmə işlərinin başlanması müddəti;

3-cü bənddə – «Əmr edirəm» ifadəsindən sonra, MM qərargahına, hər bir MM xidmətinə, qüvvəsinə tapşırıq verilir və icra müddətləri göstərilir;

4-cü bənddə – işlər aparılan dövrdə MM rəhbərlərinin harada yerləşəcəyi İM-in yeri və icra barədə məlumat təqdim etmək qaydası;

5-ci bənddə – icra dövründə MM rəhbərinin müavinləri kimlərin təyin edildiyi göstərilir və əmr imzalanır.

Əmr icraçılara çatdırılandan sonra MM rəhbəri və qərargahının ən vacib vəzifələri – tabelikdəkilərin işlərini hərtərəfli təmin etmək, müxtəlif dəstələrin qarşılıqlı fəaliyyətini təşkil etmək, eləcə də tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etməkdir.

Qarşılıqlı fəaliyyət dedikdə, müxtəlif təyinatlı dəstələrin eyni yerdə və eyni vaxtda birgə işləyərək eyni məqsədə nail olmaq üçün bir-birinə yardım göstərməsi nəzərdə tutulur. Bu hər bir qüvvənin fəaliyyətinin daha da səmərəli etmək üçündür. Qarşılıqlı fəaliyyət adətən, ən əsas vəzifəni (məsələn, insanların xilas edilməsi işlərini) yerinə yetirən bölmələrin dəstəklənməsinə yönəldilir. Qarşılıqlı fəaliyyəti MM rəhbəri təşkil etməli və bunun üçün qüvvələrin fəaliyyəti qaydalarını, onlar arasında rabitə, məlumat mübadiləsi üsullarını, ümumi siqnalları və s. bütün qüvvə komandirlərinə izah etməlidir.

İcraya nəzarət zamanı ilk növbədə elə tədbirlərin həyata keçirilməsinə diqqət yetirmək lazımdır ki, bütün tapşırığın yerinə yetirilməsi daha çox həmin məqamdan asılı olsun. Nəzarət, həmçinin qabaqlama xarakteri daşımalıdır ki, sərəncam və göstərişlərin yanlış icrasının qarşısı vaxtında alınsın və icraçılara kömək göstərilsin.

MM rəhbəri icraya şəxsən və MM qərargahının vasitəsilə nəzarət edir. Bütün hallarda MM qərargahının vəzifəsi – tabelikdəki şəxslərin sərəncam, göstəriş və siqnalların vaxtında aldığına, düzgün başa düşdüklərinə, tədbirlərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə, icraçıların qərar və fəaliyyətinin verilən tapşırıqlara uyğun gəlməsinə nəzarət etməkdir.

Mülki Müdafiə sistemində rabitənin və xəbərdarlığın təşkili

Rabitə – idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil.



MM-nin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio və məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.

Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.

Rabitə sistemi, daim hazır vəziyyətdə saxlanmalı, məlumatların etibarlı, fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.

Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.

Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də MM qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Onların təşkilati strukturu, şəxsi heyətinin sayı və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən edilir.

Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir. (danışığın əlverişli qaydada aparılmasını, informasiyanın tez və dəqiq verilməsini və s.) Naqilli rabitədən – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir.

Səhra şəraitində P-193M səhra telefon kommutatorundan, TA-57 telefon aparatından və P-274 (P-275) markalı səhra kabelindən istifadə etməklə məftilli rabitədən istifadə olunur.



Radiorabitədənobyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.

Radiorabitə istənilən mürəkkəb şəraitdə idarəetməni təmin edir. Radiorabitə vasitələri qısa müddət ərzində böyük məsafədə rabitə təşkil etməyə, eyni vaxtda bir neçə abonentə eyni vaxtda informasiya verməyə imkan verir. Bunlardan ultraqısadalğalı R-105M, R-108M, R-109M və başqa radiostansiyaları göstərmək olar.


Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda isə əsas rabitə növü kimi istifadə edilir.

Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bəzi hallarda isə hətta piyada çaparlardan da istifadə edilə bilər.



Səyyar rabitə vasitələri – böyük miqdarda lazımi sənədlərin ünvana çatdırılmasına imkan verir, əlbəttə bu halda məlumatın kodlaşdırılmasına vaxt itirilmir, ancaq elə etmək lazımdır ki, məlumat rəqib əlinə keçməsin. Burda istifadə edilən nəqliyyat vasitələrində onun hərəkətinə üstünlük verən xüsusi tanınma nişanları olmalıdır. Bu məqsəd üçün avtomobillərdən, motosikllərdən və ayrı nəqliyyat vasitələrindən istifadə olunur.
Siqnallı rabitə vasitələri –həm xəbərdarlıq üçün, həm də MM-nin sərəncam və komandalarını çatdırmaq həm də göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnallı rabitə vasitələri sirenalardan, siqnal raketlərindən, işıq və səs siqnalı verən vasitələrdən və bayraqcıqlardan ibarətdir.

Siqnal vasitələri.

Siqnal vasitələri – qısa komandaların, məlumatların, xəbərdarlıq siqnallarının verilməsi üçün istifadə olunur. Siqnal vasitələri kimi-görünən (müşahidə olunan) siqnal raketlərindən; tüstü verən şaşkalardan; fanarlardan; bayraqlardan və səsli (eşidilən) – sirendən; fitdən; zəngdən istifadə olmaqla həyata keçirilir.

İstehsalat və sosial təyinatlı obyktlərdə istifadə olunan xəbərdarlıq aşağıdakılardır:

  • mərkəzi çağırış dayağı (MÇD-30/50);

Təbii fəlakət və ya qəza baş verərkən, yaxud, düşmən basqını barədə əhalini xəbərdar etməyin əsas üsulu radio və televiziya vasitəsilə xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı, bundan sonra isə müvafiq «Hava həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», «Kimya həyəcanı qurtardı», «Radiasiya təhlükəsi» və «Radiasiya təhlükəsi qurtardı» siqnalı elan edilməlidir.

«Hamının diqqətinə!» siqnalı verildikdə dərhal radio və ya televizorlar işə salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini gözləyirlər. «Hava həyəcanı» siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində, müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenaları vasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə (evdə və ya işdə) elektrik xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa getməlidir.

«Hava həyəcanı qurtardı» siqnalı (radiotranslyasiya şəbəkəsi ilə sözlərlə verilir) verildikdə əhali sığınacaqları tərk edir və hər kəs öz vəzifələrini yerinə yetirirlər. «Kimya həyəcanı» siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş (siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər.

«Radiasiya təhlükəsi» siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş (siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar.

Daim təhlükə potensiallı obyektlərdə isə, lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsəd – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.


Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi




Yüklə 112,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə