Azяrbaycan miLLİ elmlяr akademiyasы



Yüklə 0,86 Mb.
səhifə4/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
1   2   3   4   5   6   7

2.2. Məhəbbət lirikası
Aşığın ilham mənbəyi müxtəlif, yaradıcılığı yığcam, la­ko­nik­dir. Fikri lirik şəkildə vermək, hər hansı konkret ha­di­səyə və yaxud gözəlliyə öz mövqeyini bildirərək onu qələmə almaq aşıq yaradıcılığının əsas xüsusiyyətidir. Həm təbiət, həm insan gö­zəlliyi aşığın ilham qaynağıdır. Əgər ozan ya­ra­dı­cı­­lığının əsas məqsədi qəhramanlıq dastanları yaratmaq idisə, aşıq yara­dı­cılığının əsas məğzi, sözsüz ki, lirikadır.

Aşıq lirikasının üstün cəhəti odur ki, o, musiqi ilə həmahəngdir, dinləyicinin hisslərinə, duyğularına səslən­mək­lə fikri daha da təsirli ifadə edir. Bu lirika insanın mənəvi-psi­xo­­loji aləminə, dünyagörüşünə həmişə dərin təsir göstərmiş, onun ideya-estetik tərbiyəsində böyük rol oynamışdır. Bu­nun­la belə, aşıq lirikası nə qədər romantik olsa da, eyni zamanda realist səciyyə daşıyır.

Aşıq lirikası xalq yaradıcılığından bəhrələnmiş, baya­tı­lar­dan, nəğmələrdən, laylalardan, hikmətli sözlərdən və s. qi­da­­lanmışdır. Elə buna görədir ki, bu əsərlər xalqın ruhunu təm­­sil və tərənnüm edir, xalqa sıx bağlıdır.

Aşıq poeziyasında məhəbbət lirikasının xüsusiyyətlərini araşdıran professor M.Həkimov yazmışdır: “Qadın gözəlliyi, vətən təbiətinin füsunkarlığı aşıqların telli sazına söz in­cilərindən bəzək vermişdir. Klassik aşıqlar öz şeirlərində tə­miz, ləkəsiz, boyasız, müqəddəs duyğuları tərənnüm etmişlər. Onlar lirik şeirlərində aşiqin məhəbbət yolundakı cə­fakeşli­yi­ni, sabit qədəm olmasını, aşiq ilə məşuqun iztirab və sevinc­lə­rini təsirli boyalarla vermişlər” (42, 9; 40, 228).

Professor V.Vəliyev isə aşıq şeirində gözəlliyin tərənnü­münü bu şəkildə açıqlamışdır: “Ümumiyyətlə, şifahi və yazılı ədəbiyya­tımızın seçilib sevilən nümayəndələrinin yaradı­cılı­ğında bəşəri məhəbbətin tərənnümü mühüm yer tutur. Onlar bu mövzuya tez-tez müraciət edərək bir-birini təkrar etməyən lirik, həzin, zərif duyğuların tərənnümü olan sənət nümunələri − bədii lövhələr yaratmışlar. Bu lövhələrdə gözəllərin qeyri-adi xüsusiyyətləri, gözəllik idealı dolğun, məzmunlu mis­ralar­la çox təbii verilmişdir” (64, 25).

Aşıq poeziyasında gözəllik mücərrəd şəkildə deyil, tə­biət və insanla birlikdə vəsf edilir, yəni “xalq poeziyasını yara­dan və yaşadan sənətkarlar, hər şeydən əvvəl, öz bədii ya­ra­dıcılıqlarında mənsub olduqları xalqın məişətini, bu gündən do­ğan gələcəyini, təbiət və cəmiyyət haqqında düşüncələrinin bədii mənzərəsini əks etdirmişdir” (95, 4).

“Məhəbbətin tərənnümü yolu ilə böyük həqiqətlərin şərh edil­məsi nadir və təəccüblü bir hadisə deyildir. Biz bu bədii üsula bütün xalqların ədəbiyyatında rast gəlirik. Ancaq yük­sək ide­yaların aşiqin dili ilə şərhi, ümumiyyətlə, Şərq və xüsusilə Azərbaycan üçün daha çox səciyyəvi bir hal ol­muş­dur” (95, 26).

Azərbaycan aşıq poeziyasının bel sütununu təşkil edən mə­­­həbbət lirikası geniş xalq kütlələrinin ruhuna tərcüman ol­muş, azad məhəbbət, sevmək və sevilmək uğrunda müba­rizə apar­­mışdır. Aydın məsələdir ki, sinifli cəmiyyət, ictimai bə­ra­bər­­sizlik azad məhəbbətin də qarşısında əngələ çevrilmiş, bu mə­­nada, xalqın bədii təfəkküründə qarşılıqlı məhəbbət əsa­sın­da qurulan ailəyə mane olan qüvvələr tənqid hədəfinə çev­ril­mişdir. Belə əsərlərdə sevən iki gəncin hüquqları mü­dafiə olu­nur, çünki xalqın bədii təfəkkürü məğlubedilməzlik mo­de­li­ni cə­miyyətin qayda-qanunlarından kənarda forma­laş­dırır, ha­disələri fövqəl­təbii qüvvələrin iradəsi ilə idarə edirdi. Ümu­miy­yətlə, Azər­bay­can folklorunda xalqın arzu və istəklərini hə­yata keçirən qəhrə­manlar şər qüvvələrlə çarpışırlar. Bu mü­ba­rizədə qəh­­rəmana ve­rilən buta əslində poetik ilham mən­bə­yi­nə çev­ri­lir. Lakin mür­təce qüvvələr səadət uğrunda mü­ba­ri­zə aparan gənc­­lərə hər addımda mane olurlar. Məhəbbət das­tan­larının kon­­flikti də xoş­bəxtlik uğrunda gənclərin mü­ba­ri­zə­si­nə həsr olu­nur.

Aşıq Nəsibin “Nəsiblə Bahar” adlı dastanı olsa da, tə­əs­süf ki, bu dastan günümüzə qədər gəlib çıxmamışdır. Bu əsər, sözsüz ki, iki sevən gəncin həsrət və arzularının ifa­dəsin­dən yaranmışdır. Aşıq Nəsib heç vaxt ilk məhəbbətini unutmamış, bu yaranı həyatının sonuna qədər sinəsində gəzdirmişdir.

Aşıq Nəsibin şeirləri arasında Bahara həsr etdiyi lirik nümunələr olduqca çoxdur. Onun “Bahar”, “Könül”, “Oldu”, “Alma bağı”, “Gözələ” kimi şeirlərini oxuyarkən, həqiqətən də, əhdinə vəfalı nakam aşiqin səmimi hisslərini görürük. Nəsib-Bahar münasibətlərində ictimai bərabərsizliyin ağrıları hiss edilir. Gənc aşığın fiziki qüsuru – kor olması bu eşqin uğursuzluqla başa çatmasına səbəb olur. Nəticədə onun ilk məhəbbəti daşa dəyir, Baharı başqasına ərə verirlər:

Mən sevdim, bir özgə yarı apardı,

Neyləsin bu yerdə fağır, ay könül?

Toxdaya bilmirəm, gözdən yaş gedir,

Dərdim artıb olub ağır, ay könül.


Həyat çox şirindi, olarmı doymaq,

Mənə ayran düşdü, düşmənə qaymaq.

Dolansam neçə el, oba, həm oylaq,

Qəm yenə başıma yağır, ay könül.


Üstümdə duranım bir Yaradandı,

Onadı imanım, onadı andım.

Nəsibəm, oduma alışdım, yandım,

Dardayam, Allahı çağır, ay könül (13, 26).

Nəsib sevgilisi ilə bərabər olduğu məkanları, xüsusilə rö­yada buta aldığı alma bağını tez-tez xatırlayır, bağın artıq qu­ruduğunu söyləyir. Əslində, burada könül bağının qu­ru­ma­sın­dan, eşqsiz bir qəlbin viran olmasından bəhs edir:

Haradadır o dildarım,

Bir yada sal, alma bağı.
O gedəndən ağlayıram,

Ürəkdə xal, alma bağı.


Almaların tökülübdü,

Dərddən belim bükülübdü.

Gözəlliyin çəkilibdi,

Quruyub dal, alma bağı.


Aldım sazı ələ, neynim,

Tale döydü belə, neynim?

Nəsib gəldi dilə, neynim,

Viranə qal, alma bağı (13, 17).

Aşığın vaxtilə Baharla birlikdə olduğu digər bir məkan şeir­də adını çəkmədiyi bir dağdır. İlk bənddəki “bildir” (ke­çən il) sözündən anlaşıldığına görə, Nəsib bu şeiri ya­ra­dı­cı­lı­ğı­nın birinci mərhələsində, çox gənc yaşlarında, Bahar baş­qa­sına veriləndən bir il sonra qoşmuşdur:

Çevrəsində biz bu dağın

Dərdsiz-qəmsiz yaşayardıq.

Can deyib, can eşidərdik,

Xoşbəxt idik bildir, Bahar.

İndilər tənha qalmışam,

Soruşan yoxdu halımı.

Axır gözümün yaşları,

Göz yaşımı sildir, Bahar.
Bu dünyada yoxdur gözüm

Sən köçəndən başqa yerə.

Bundan sonra nəyə gərək

Ömr eləmək mən tək ərə.

Nola, görüşəydik bir də

Biz bu bağda bircə kərə.

Hardasan, gəl, kəs başımı,

Dərddən yandım, öldür, Bahar (13, 47).

Dərdli Nəsib yarı heç vaxt unutmamış, hər dəfə Bahar adı gələndə qəlbi şana-şana olmuş, bağrı yanmış, gözlərindən “qızıl qan” axmışdır:

Bahar adını eşitdim,

Bağ­rım yandı, Allah, Allah!

Gözlərimdən axan yaş da

Qızıl qandı, Allah, Allah!
Bir yanda mən, bir yanda yar,

Bir zaman olduq bəxtiyar.

O günlərdən xatirə var; –

Könül andı, Allah, Allah!


Nəsib yazıq qaldı belə,

Sazını götürdü ələ,

Dərdini gətirib dilə,

Yarımcandı, Allah, Allah! (13, 146)

Nəsibin yar dərdi ömrü boyu davam etmiş, dilindən “Ba­­har” kəlməsi, gözlərindən yaş, qəlbindən yanğı, ürəyindən və­rəm, sazından nisgil pərdəsi əskik olmamışdır. Biz bunu aşağıdakı şeirdə də aydın şəkildə görürük:

Didələrim qan ağlayır,

Nazlı yarı itirəndən.

Qəhərlənib tez doluram,

Ürək vərəm gətirəndən.
Bəlliyəm oba-elimdə,

Baharın adı dilimdə.

Ah çəkirəm saz əlimdə,

Yarı yada ötürəndən.


Şuxluq heç vaxt gülə qalmaz,

Solar, aya, ilə qalmaz.

Nəsib yanar, belə qalmaz,

Eşq sevdasın bitirəndən (13, 18).

Aşıq Nəsibin Bahara xitabən yazılmış, sitəm, şikayət və dərd dolu şeirlərini məhəbbət lirikasının ən gözəl nümu­nə­lə­rin­dən hesab etmək mümkündür:

İntizar qalanlar dərd çəkməlidi,

Yarsız keçən günlər bel bükməlidi.

Gözlərin yaş deyil, daş tökməlidi,

Gör kimə olubsan tay, Bahar, Bahar!

…Əlinlə sönübdür şamım, çırağım,

Yandırdın cismimi, vay, Bahar, Bahar! (13, 51)

Sənətkar aşığın digər məhəbbət şeirlərinə də eyni motiv­lər və duyğular hakimdir:

Göz yaşımdan dağda duman qalxdı, qız,

Ağlar qoydun məntək qarabaxtı, qız.

Baxışların qəlbə dəyən oxdu, qız,

Məhəbbətin odla yazar, dağlayar.

Yana-yana od almışam odundan,

Ah çəkirəm, irast olsa, adından.

O vəfasız Bahar çıxmaz yadından,

Aşıq Nəsib zülüm-zülüm ağlayar (13, 51).


Yaxud:

Düzəlmir əhvalım, açılmır yazım,

Sızlayır hər zaman Baharsız könül.

Quru səhra kimi dodağı çat-cat,

Sel-susuz, yağmursuz, yağarsız könül.
Yaş keçib, ötəni unuda bilməm,

Baharsız qalandan bir daha gülməm.

Ha axsın göz yaşım, mən onu silməm,

Olubdu haraysız-havarsız könül.


Fələk daşlarını təpəmə tökür,

Nəsibin qəddini əyib qəm yükü.

Dərdi daşıyıram qara nər təki,

Olubdu axarsız-baxarsız könül (13, 128-129).


Və yaxud:

Boğuldum hicran gölündə,

Haray çəkdim saz əlimdə.

Baharın adı dilimdə

Oda döndü, söz olmadı,
Əlmi çatar keçən günə,

Səni gördüm, gəldim dinə.

Yazıq Nəsib gülməz yenə,

Yarla görüş tez olmadı (13, 50).

Aşığın “Mən də” rədifli şeirində özünü gülə həsrət qalan bül­bülə bənzədərək eşq atəşi ilə yanıqlı-yanıqlı ötdüyünü, öm­rünün bu minvalla keçdiyini, şəvə kimi qara saçlarnın qar ki­mi ağardığını, gülün isə solaraq xara çevrildiyini, bundan sonra həyatın heç bir mənasının qalmadığını həzin, kövrək və poetik bir dillə təsvir etmişdir:

Gülə həsrət bir bülbüləm,

Yanıqlı ötərəm mən də.

Himə bəndəm qəhərlənəm,

Uşaqdan betərəm mən də.
…Saç ağarıb qara dönüb,

Gül dəyişib xara dönüb.

Nəsib, üzün hara dönüb,

Dünyadan gedərəm mən də.

Sevgisi yolunda dərdi könüllü seçən aşıq öz dərdini özü­nə dərman etməyi bacarır. Əslində, dərd aşiqin atributuna cev­rilir, onun həyat və duygular aləmi haqqında düşün­cələri­nin özəyini təşkil edir. Aşıq Nəsibin məhəbbət lirikasındakı bu təsəvvüf fəlsəfəsi onun Yaradana bağlılığı yolunda öz qəl­bini dünyaya qarşı qoyan aşiqin təsəllisidir:

Saf qəlbimə düşdü talan,

Məhəbbətim oldu yalan.

Bu dərdimdi mənə qalan,

Özümə kədərəm mən də (13, 19).

Aşıq Nəsib bu şeirində sanki dahi Füzulinin “Ya rəbb, bə­layi-eşq ilə qıl aşina məni” və ya “Var bir dərdim ki, çox dər­­mandan yeydir mana” misralarından təsirlənmişdir. O, eş­qin bərəsində duraraq qəm ovladığını, şikarının qəm olduğunu vurğulamışdır:

Sinəm başı düyün-yara,

Taleyim kəm, bəxtim qara.

Qovuşmadım nazlı yara,

Durdum dərdin bərəsində (13, 17).

Aşıq Nəsibin məhəbbət lirikasının bir qismi isə el-oba­nın gözəl qızlarının tərifinə həsr olunmuşdur. O da digər aşıq­lar kimi məhəbbət şeirləri qoşarkən “Gözəllik ondur, doqquzu don­dur” hikmətinə əməl etmiş, incəlik, gözəllik, saflıq kimi duy­­ğuların tərənnümü ilə yanaşı, gözəlin xarici görkəmini, geyimini, bər-bəzəyini də xüsusi bir zövqlə təsvir etmişdir. Mə­sələn, “Məni” gözəlləməsinə baxaq:

Bu gəlinin gözlərinin

Yağışı öldürdü məni.

Baxışından çiçək yağır,

Baxışı öldürdü məni.
Bir naxışlı çorab gətdi,

Özü bir mərd qızı mərddi.

Gözəlliyi əlamətdi,

Alqışı öldürdü məni.


Nəsib tez durdu ayağa,

Gördü məclisdə bəy, ağa,

Corabı geydi ayağa,

Naxışı öldürdü məni (13, 152-153).

Aşıq Nəsibin “Maşallah” şeirində vəsf etdiyi Salatının ge­yimi milli kolorit və etnoqrafiya ünsürləri ilə zəngindir. Burada dingə, tül, örpək, qolbağ, qolaltı, qöcük (kofta), kəmər və başqa bəzək ünsürlərinin adı çəkilir:

Dingəsi var, bər-bəzəkli,

Örpəyi tüldən, maşallah.

İlahi, necə göyçəkdi,

Görəsən, tayı var bunun?

İncə-mincə qamətlidi,

Seçilir güldən, maşallah.

Nə tökübdü gözü üstə

O qara teldən, maşallah.

Aşıq Nəsibdə təsvirlər real və canlıdır. Bu şeiri oxu­duq­da adamda belə bir təəssürat yaranır ki, aşıq heç vaxt kor olma­mışdır:

Qolbağları tamam altun,

Qolaltısı gümüş, zərli.

Qocüyü göy, don qırmızı,

Naxışı var dürlü-dürlü.

Baxışından işıq yağır,

Gülüşü var sirli-sirli.

Sinəsi meydan kimidi,

İncədi beldən, maşallah (13, 143).

Ağbabanın Çivinli kəndindən olan 81 yaşlı Alpaşa ba­ba­nın verdiyi məlumata görə, Aşıq Nəsibin “Anaxanım” və “Zərnişan” adlı iki qoşması olmuşdur. Bunlardan birincisi xo­zulu Anaxanıma, ikincisi çivinlili Zərnişana ithaf olun­muş­dur. Aşığın başqa gözəllərə həsr etdiyi şeirləri də vardı, lakin onlar vaxtında yazıya alınmadığı üçün itib-batmışdır (70).

Nəsibin “Keçdi” gəraylısı isə öz dərin lirizmi, oynaqlığı, şuxluğu ilə seçilir:

O Soskerdin bulağından

Bir cüt gözəl gəldi keçdi.


Qızıl tənə qulağında

Bu dərdimi bildi, keçdi.


Biri eşq əlindən xəstə,

Almayanaq, boyu bəstə.

“Hər nə desən, gözüm üstə”,

Belə dedim, güldü keçdi.


Mən Nəsibə zülüm oldu,

Gözlərim yaş ilə doldu.

Ağ dünyaya həsrət qaldım,

Qara günlər gəldi keçdi (13, 15).

Ümumiyyətlə, Azərbaycan aşıq poeziyasında məhəbbət mövzusuna həsr olunan şeirlərində real insanların tərənnümü xüsusi yer tutur. Yazılı ədəbiyyatımızda realizm ünsürlərinin meydana gəlməsində aşıq poeziyası mühüm rol oynamışdır.

Bununla bağlı olaraq xalq yazıçısı Mirzə İbrahimov ya­zır: “...Realizm aşıq poeziyasının həm mündəricəsinin həya­ti­li­yində, xalqın mübarizəsini, gündəlik həyatını, arzularını əks etdirməsində, həm də lirik qəhrəmanın real psixoloji cizgilərlə təs­virində, poetik formasının xalqa yaxın olmasında özünü göstərmişdir” (46, 6).

Aşıq poeziyasında real məhəbbət xüsusi boyalarla tə­rən­nüm edilir. Bu gözəllər bütöv xarakter olaraq xarici və daxili aləm­ləri ilə birlikdə təqdim edilir, bu təqdimatın təbii və inan­dırıcı olması poeziyamıza və gözəllik haqqında anlayışımıza xas olan yüksək estetik duygulardan xəbər verir.

Aşıq Nəsibin məhəbbət poeziyasında da bir estetik me­yar olaraq qəbul edilən bal dodaq, gül yanaq, ağ üzdə qara xal, bunlara bərabər gözəl geyim və gözəl əxlaq ümumən gö­zəllik haqqında bitkin təsəvvür yaradır:

Gözləri iri piyalə,

Dodaqları baldı bunun.

Buxağı qara oxşayır,

Yanaqları aldı bunun.

Sağ üzündə şölə verən

Bir cüt qara xaldı bunun.

Gəlişi Modatəpədən,

Bir ağır eldən, maşallah.


Gözəllikdə tayı yoxdur,

Şöhrəti düşüb hər yana.

Yayılıbdı Ağbabaya,

Bütün Qarsa, Qağızmana.

Özü gözəl, xanım-xatın,

Yaraşır məclisə-xona.

Elə bil yaşılbaş sona

Çıxıbdı göldən, maşallah.

Aşıq Nəsibin nişan verdiyi bu gözəl axılkələkli bir gə­lin­dir. O, ahu duruşlu, kəklik yerişli, ağıllı və xoş ülfətli bir türk gözəlidir:

Aşıq Nəsib çox bəyənir

Ahu kimi duruşunu

Ağlını, saf ürəyini,

Kəklik kimi yerişini.

Bilirəm, çox yaxşı görür,

Zövq ilə hər bir işini.

Dili şirin, söhbəti xoş,

İtidi əldən, maşallah (13, 144).

Aşıq Nəsib məhəbbət mövzusunda olan şeirlərini müx­təlif formalarda dilə gətirmiş, qoşma, gəraylı və bayatılardan ye­rinə görə məharətlə istifadə etmişdir. İncə hisslər və dərin duy­ğularla dolu olan bayatılar yığcam fikri özündə ehtiva edən janrlardan biridir. Aşıq Nəsib də ilk məhəbbətinin əzab­la­rını cinaslı qafiyələrlə və orijinal bənzətmələrlə bayatıya köçürmüşdür:

Yarı gül,

Ağ əğyarın yarı gül.

Bəyənmədin Nəsibi,

İndi xarla yarı, gül (13, 14).

Və yaxud:

Yaradı,


Sinə-başım yaradı.

Bahar düşər yadıma,

Çəkiləndə yar adı (13, 14).

Vergili adlandırılan haqq aşıqlarının yaradıcılığına nə­zər yetirsək, burada poeziya qanunlarına əməl etməkdən da­ha çox, eşqin təlatümə saldığı gəncin sarsıntılarını hiss edə­rik. Bu hal ozan-aşıq ənənəsinin tərkib hissəsi olmuş, bütün ver­gili aşıq­larda – Aşıq Qurbanidən, Tufarqanlı Abbasdan, Xəstə Qa­sım­dan başlayaraq Ələsgərə, Şenliyə qədər ağrılı keç­miş­dir.

Bu mənada, Aşıq Nəsibin həyatı da istisna olmamışdır. O, öz şeirlərində nakam məhəbbətinə yas saxlamış, mə­həb­bə­tin ucalığı, insanın insan, dünyanın dünya olmasındakı əhə­miy­yəti ilə bərabər eşqin iztirablı tərəflərini, könül ağrılarını dilə gətirmişdir.

Yekun vuraraq demək olar ki, Aşıq Nəsib insan (qadın) gözəl­liyini zahiri və mənəvi gözəllik olaraq vəhdət halında gö­türmüş və ikisini birlikdə realist şəkildə tərənnüm etmişdir. Mənəvi və zahiri gözəlliyin bir-birinə nisbəti haqqında tədqi­qatçı O.Əfəndiyev yazır: “Aşıq poeziyasında sövq-təbii ola­raq dünyəvi gözəllik, insanın, təbiətin göz-könül oxşayan ahəng­­dar varlığı, fiziki kamilliyi uydurma, xəyali gözəlliklərə qar­şı qo­yulur. Aşıq sevgilisinin gözəllik təcəssümü olan göz­lə­rində, al yanağında, büllur buxağında, inci kimi dişlə­rində, na­zəndə ye­ri­şində, həmahəng qamətində, incə gülüşün­də, ağıl­lı danışığın­da bu gerçək dünyanın gözəlliklərinin zir­və­­si­ni, tacını görür. Ancaq fiziki baxımdan insan və təbiət gö­zəl­liyi aşığın zövqünü nə qədər oxşasa da, bu gözəllik kö­nül dün­­yasının ucalığından, zənginliyindən kənarda təsəvvür edil­mir. Aşıq təbiəti düşü­nən­də belə, onun fikri insan var­lı­ğı­na bağ­lıdır. Eyni zamanda insa­nın, xüsusən də öz sevgilisinin bü­­tün xarici gözəlliyini yük­səkliyə qaldıranda belə, o heç vaxt xa­rici gözəllik əsiri olaraq qalmır. Əslində, xarici gözəlliyin tə­rənnümü gerçək aləmin gözəl­liyini təsdiq elədiyi kimi, in­san varlığının mənəvi aləmini düşünməyə, onun ucalığını an­la­mağa sövq edir” (32, 51).

Bu sözlər məhəbbət lirikasının böyük əksəriyyətini öz nakam məhəbbətinə, qovuşmadığı sevgilisi Bahara, eləcə də el gözəllərinə həsr edən Aşıq Nəsibin gözəllik haqqında tə­səv­vürlərinin nə qədər realist və doğru olduğunu, onun sə­nə­tinin doğma xalqın arzu, istək və düşüncələrinə nə qədər uy­ğun olduğunu göstərir.

2.3. Təbiət lirikası
Təbiətin gözəlliyi, saflığı insan üçün həmişə ülvi bir se­vinc qaynağı olmuşdur. Tədqiqatçı O.Əfəndiyev sənətkar və tə­biət münasibətləri haqqında yazmışdır: “Azərbaycan şifahi xalq ədəbiyyatının, o cümlədən aşıq sənətinin inkişa­fında tə­biəti, onun hadisələrini ideallaşdırmaq mühüm yer tut­ur. Bu isə təbiidir. Xalqın bədii düşüncəsi özünün ilk qayna­ğını tə­biətlə insanın təmasından götürmüşdür. Hələ mifoloji mə­nəvi in­kişaf mərhələsində ulduzlar aləminin sirli-sehrli var­lığı, təbiətin ecazkar gözəllikləri ideallaşdırılırdı. Getdikcə təbiət xal­qın estetik idealının əsas məhvərindən birinə çevrilir. Tə­biət bir tərəfdən maddi nemətlər ocağı kimi tərən­nüm edi­lir, digər tərəfdən isə təbiət estetik duyğuların tərbiyəçisi, göz­əllik ocağı kimi vəsf edilir. Bu baxımdan, xalq yaradıcılığının digər növləri ilə aşıq sənəti arasındakı yaxınlıq özünü daha aydın göstərir. El aşıqları təbiət gözəlliyinin insana ecazkar təsirinin müxtəlif variantlarda öz dinləyicilə­rinə çatdırırlar. Əsasən gözəlləmələrdə vəsf olunan gözəlin təbiət gözəlliyi ilə müqayisəsinə fikir verilir. Aşıq insan varlığının uca olduğunu yaxşı anlayır, insanın həm fiziki, həm mənəvi gözəlliyini ülviləşdirir. Bununla belə, insanı təbiətdən ayırmır” (32, 58).

Ağbaba-Çıldır bölgəsinin təbii gözəllikləri də sənət adam­­larının ilham mənbəyi olmuş, onlara ruhi və mənəvi qi­da vermişdir. XVIII əsrin sonu − XIX əsrin əvvəllərində Ağ­ba­bada yaşayan, bayatı, qoşma və gəraylı janrlarında gözəl nü­munələr yaradan Şirəkli Həsən də bu yerlərin təkrar­olunmaz gözəlliklərini öz şeirlərində dilə gətirmişdir:

Ağbabanın dağın aşdım,

Dolaylarda yolu çaşdım.

Süsən-sünbülə dolaşdım,

Qaldım bu yerdə, bu yerdə (81, 77).

Aşıq Nəsibin şəyirdi və layiqli davamçısı, necə-necə şeir­lərin müəllifi Aşıq İskəndər Ağbabalı da doğma yurdun ecaz­kar təbiətinə biganə qalmamış, onun buz bulaqlarına, sə­falı, sərin yaylaqlarına söz qoşmuşdur:

Uca dağ başında buzlu bulaqlar,

Hər yandan görünür gözəl yaylaqlar.

Yaz olanda gəlir əziz qonaqlar,

Nə gözəl ellisən, gözəl Ağbaba (81, 96).

Aşıq Nəsibin şeirlərinin mühüm bir hissəsini təbiət liri­ka­sı təşkil edir. Bölgənin füsunkar təbiəti onu da valeh etmiş, təs­vir obyektinə çevrilmışdır. “Gözəl”, “Dağlar”, “Görüm”, “İndi”, “Qalıbdı” və digər şeirlərində sənətkarın kövrək və hə­zin duyğularının poetik inikasını görürük:

Yazı bu yerlərin ayrı büsatdı,

Ağbaba elinin yörəsi gözəl.

Ağ sürü yayılıb yamaca, yana,

Qoyunun kürəsi, kərəsi gözəl.

Sanki bir rəssam kimi təbiət lövhəsi çəkmiş Aşıq Nə­si­bin bu misraları öz vətəninin gözəlliklərinə sevgi və mə­həb­bət­dən yoğrulmuşdur. Çoşqun vətənpərvərlik, təbiətə, doğma tor­pağa məhəbbət hissləri ilə aşılanmış bu qoşmada həm də in­sanların yaşayış tərzi göstərilir.

Bu misraların müəllifinin gözdən şikəst olduğuna inan­maq çox çətindir:

Çoban asta-asta keçir tütəyə,

Arılar daşıyır şirə pətəyə.

Xalı sərilibdi çölə-təpəyə,

Bulaq ayağının tərəsi gözəl.


Bu yan Ağbabadı, o yan Çıldır-Qars,

Nəsib, sözlərinə yaxşı qulaq as.

Gözlərim ağlardı, ürəyimdə yas,

Sərhədin dağları, dərəsi gözəl (13, 35).

Kövrək bir ruhla qələmə aldığı bu qoşmanın son bən­dində Aşıq Nəsib onu rahat buraxmayan vətən həsrətini dilə gə­tirmişdir. O, bütöv bir mahal olan Ağbaba ilə Çıldırı bir-bi­rin­dən ayırmağa qıymamış, ağlar gözlərlə, yaslı ürəklə sər­hə­din o tayında qalan Çıldırın, Qarsın da təbiətini vəsf etmişdir.

Aşıq Nəsibin “Dağlar” gəraylısı aşıq yaradıcılığının klas­­­sik mövzularından biridir. Məlum olduğu kimi, dağlar aşıq poeziyasında ən çox tərənnüm olunan təbiət ob­raz­ların­dan biri­dir. Bu, ilk növbədə, qədim türk mifik təfəkküründə da­ğın əcdad kultu sayılması ilə bağlıdır. Bu qədim ənənə po­etik düşüncə­mizdə də öz əksini tapmışdır. Ağbabada da dağa mü­qəddəs mə­kan kimi baxılmış, onun ye­nil­məzliyindən, əzə­mətindən zövq alın­mış, dağdan ruzi-bərəkət diləmişlər.

Dağlar mövzusuna Koroğludan, Miskin Abdaldan, Qa­ra­­ca­oğlandan bəri çox aşıqlar müraciət etsə də, hər aşığın li­ri­ka­sında dağlar mövzusu öz gözəlliyi və orijinallığı ilə fərq­lə­nir. Dağlara müraciət aşığın ruh halına və şəraitə görə dəyişir. Mə­sələn, Koroğluya məxsus bu misralarda dağların təsviri ilə ya­naşı, onun igidliyi də əks olunmuşdur:

Taladım şahları, hələ az dedim,

Türfə gözəllərə işvə, naz dedim.

Neçə tacir-tüccar səndə gizlədim,

Açmadın sirrimi sirdaşa, dağlar (19, 313).

Aşıq Alının “Dağlar” qoşmasında neçə-neçə şahlar, xot­kar­lar yola salan dağların yenilməzliyi, əzəli və əbədi olması göstərilir:

Sərin səfalıdır, sərin sevdalı,

Aləmi-imkanda sədalı dağlar.

Tufana yenilməz, şaha baş əyməz,

Vüqarlı, cüssəli, ədalı dağlar (54, 367).

Aşıq Ələsgərin “Dağlar” qoşmasındakı dağlar məğ­lub­edil­­məz, vüqarlı olduğu qədər həm də mehriban və tə­mən­na­sız­dır, bütün insanlara − şaha, gədaya, ərbaba, yoxsula fərq qoy­madan hamıya eyni gözlə baxır:

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı

Tutmaz bir-birindən aralı dağlar (17, 13).

Aşıq Nəsib üzünü dağlara tutaraq dərdini, qəmini dağ­lar­la bölüşür. Onun “Dağlar” şeirində dərin bir nisgil və kədər hiss olunur. Yaşlanmış aşıq ölümün yaxında olduğunu hiss edərək dağlarla vidalaşır, özünün ömrü boyu el xidmətində bir dağ kimi dayandığını, el üçün yaşadığını, elə baş əyməyi qoca dağlardan öyrəndiyini dilə gətirir:

Ölüm haqlayıb məni də,

Salamat qal, ulu dağlar.

Mən də elə baş əyənəm,

Elin nökər, qulu, dağlar (13, 16).

Aşıq Nəsib dağları dünyada ən çox sevdiyi adamlarla ey­niləşdirir, onu öz ata-anası sayır:

Nə Çorlu var, nə ustam,

Dərd əlində daha matam.

Sənsən anam, sənsən atam,

Seçməm sağı, solu, dağlar (13, 16).

Şeirdə insanın əhval-ruhiyyəsi ilə dağların vəziyyəti mü­qa­yisə edilmişdir. Dumana bürünən, gözlərindən çiskin tö­kən dağ­lar ilə həsrətdən, zülm və haqsızlıq əlindən şikayət edən in­san arasında real bir oxşarlıq vardır:

Nəsibəm, qəmə dalmışam,

Tay-tuş gedibdir, qalmışam.

Qara bulud tək dolmuşam,

Sinəm sözlə dolu, dağlar (13, 16).

Aşıq Nəsib eyni rədifli başqa bir şeirində də zəmanədən, döv­randan şikayət edir, lakin bütün bəlalara baxmayaraq, ya­şayıb-yaradacağını, saz-söz dünyasında “ününün kəsilməyə­cə­yini” bildirir:

Nə pis zəmanədi, baş olub ayaq,

İtirdik imanı, dini, a dağlar.

Dolub içimizə urus, erməni,

Allah kəssin belə günü, a dağlar.
Kafirlər kef çəkir, türklər töhməti,

Gör necə tapmırıq qədir-qiyməti.

Gəzər ağızlarda sözü, söhbəti,

Kəsilməz Nəsibin ünü, a dağlar (13, 103).

Görkəmli sənətkar sosial-siyasi məzmunlu bəzi şeir­lə­rin­də dağdan ağır dərdini təbiətlə, dağlarla, çaylarla bölüşür, dağ­dan-daşdan, sudan kömək istəyir. Zənnimizcə, onun “Al­lah” şeirin­dən götürülmüş aşağıdakı parça bu mənada çox əla­mət­dardır:

Qəm əlindən gəl, ey Nəsib,

Dağlara de dərdini sən.

Dərd görənə, qəm yeyənə,

Ağlara de dərdini sən.

Arpa kimi, Qaraxantək

Çaylara de dərdini sən.
Dağ-daş, sular kömək olsun,

Dəyişsin əhvalım, Allah (13, 42).

Aşıq Nəsibin təbiət mövzusunda yazdığı “Canbaz yay­la­sı” şeirinə də eyni nisgil, eyni həsrət, eyni nostalgiya ha­kim­dir. Sərhədin o tayında, Çıldır tərəfdə, uca dağlar qoynunda yer­ləşən bu sərin və səfalı yaylaq, bəlkə də, bir vaxtlar aşığın, elə­cə də Ağbaba ellərinin oylağı olmuşdur. Sərhədlər bağ­lan­dıq­dan sonra Qars, Çıldır kimi Canbaz da Aşıq Nəsib üçün əl­çat­maz, ünyet­məz bir məkan olmuş, uzaq və kövrək xatirəyə çev­rilmişdir:

Düşmüsən yadıma necə,

Canım, Canbaz yaylası.

İnsafdımı fərağında

Yanım, Canbaz yaylası?

Gözlərimdən yaş tökülür,

Keçənləri andıqca.

Dərd içində səni necə

Anım, Canbaz yaylası? (13, 43)

Bu şeirdə Aşıq Nəsib öz dərdinin böyüklüyündən və ağır­lığından, fələyin, əslində isə bolşeviklərin zülmündən şi­ka­yət edir, şan-şöhrətinin əldən getdiyini, bu tərəfdə kö­pək­lə­rin yağ-bal içində bəsləndiyini, xanların, ağaların, bəylərin məhv edildiyini yana-yana təsvir etmişdir:

Nəsib mənəm, türk sözünə

Həsrət qalıb qulağım.

Qan ağlayan kor gözlərim

Mənim bir cüt bulağım.

Yağla, balla dopdoludu

Köpəklərin yalağı.

Yox olubdur bəyim, ağam,

Xanım, Canbaz yaylası (13, 44).

Ağbaba ellərinin Qarsa köçü zamanı Aşıq Nəsib öz həm­karları Çorlu Məhəmməd və Şair Yunusl­a birlikdə köç­kün­­ləri yola salarkən “Ağbaba zinharısı” üstündə “Dayan, bə­yim, dayan, ağam, dayan, dur, Bu dağlara, dərələrə baxıb get” mis­­raları ilə başlayan qoşmasını oxuyaraq, hamını hönkür-hön­­kür ağlatmışdır. Ayrılıq və vidalaşma zamanı burada səs­lə­nən şeirlər içində “Bu dağ, bu daş düşməyəcək yadına?”, “Bu­­laqlar bulandı, gəldi bulanıq” kimi misralarda vətən həs­rə­ti, yurd sevgisi vurğulanmış, gedənlər də, qalanlar da Ağ­ba­ba təbiətinə, Ağbaba dağlarına baxaraq acı göz yaşları axıt­mış­dır (13, 177-178).

Aşıq Nəsib də digər tanınmış saz-söz ustaları kimi həm təbiət gözəlliklərinə, həm də insan gözəlliklərinə laqeyid qala bil­məmiş, al-əlvan boyalarla söz çələngi quraraq unudulmaz və yaddaqalan obrazlar yaratmışdır. O, insanla təbiəti təcrid olun­muş halda yox, bir vədhət halında görmüş, duymuş və tə­rənnüm etmiş, təbiət gözəlliklərinin insan xarakterində tə­cəssüm etdiyini göstərmişdir. Çünki insan təbiətin qoynu­nda yaşayır, onun bir parçasıdır. Təbiətin gözəlliyini, hava­sını, su­yu­nu, saflığını, insana zövq verməsini, onu bəsləmə­sini, yedirib-içirməsini Aşıq Nəsib ilahinin bəxşişi kimi qəbul edir.

Aşıq təbiətə, eyni zamanda estetik meyar kimi dəyər verir. O, “Görüm” qoşmasında hər açılan günlə, gələn baharla birlikdə ruhun da təzələndiyini, təravətləndiyini bildirir:

Yenə bahar gəldi, sellər çağladı,

Açıl, dəli könül, məzələn, görüm.

Sirrimi faş elə, dərd ilməsin sök,

Aç söz kələfini, çözələn, görüm.
Köç gedir arandan dağa baş alıb,

Hərə öz yanına bir sirdaş alıb.

Sən də biri ilə dost-qardaş olub,

Bu gələn yaz ilə təzələn, görüm (13, 33).

Aşıq Nəsibin yaradıcılığında sayca az, mənaca dərin yer tu­tan bayatılarından biri doğma Ağbabanın füsunkar təbiə­tinə həsr olunmuşdur:

Ağbabatək yurd hanı,

Dağ-arandı hər yanı.

Yazı, yayı çox gözəl,

Betər qışı, boranı (13, 14).


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə