Azяrbaycan miLLİ elmlяr akademiyasы


III FƏSİL AŞIQ NƏSİBİN ŞEİRLƏRİNİN POETİK XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə6/7
tarix20.09.2017
ölçüsü0,86 Mb.
#1149
1   2   3   4   5   6   7

III FƏSİL

AŞIQ NƏSİBİN ŞEİRLƏRİNİN POETİK XÜSUSİYYƏTLƏRİ
Aşıqlıq ənənəsi türk mədəniyyət tarixində əhəmiyyətli yer tutur. Aşıqlıq əsrlərlə davam edən təcrübələrdən keçərək ci­­lalanmış, özünəməxsus ifa tərzi, ənənələrə söykənən for­ması və qayda-qanunları olan bir yaradıcılıq sahəsi halına gəl­miş­dir. AMEA-nın müxbir üzvü T.Bünyadov yazmışdır: “Azər­­baycan aşıq sənətinin tarixini, hər şeydən əvvəl, bu əra­zi­də məskən sa­lan yerli-köçəri tayfaların məişətində axtarmaq da­ha düzgün olar. Bu sənətin rişələri çox qədim dövrlərə ge­dib çıxır. Et­noq­ra­­fik müşahidələrdən belə məlum olur ki, aşıq sə­nətinin ya­radıcıları maldar tayfalar olmuşdur. Azərbaycanın ya­rısı kö­çəri həyat fərzi keçirən və əsasən qoyunçuluqla məş­ğul olan tay­faların tarixi 4 min il bizdən əvvələ aparıb çı­xa­rır...” (25, 199).

Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyov aşıq musi­qi­si­nin əhəmiyyətini və rolunu yüksək qiymətləndirmişdir. O, aşıq havalarını formasına görə iki kateqoriyaya bölmüşdür: epik və lirik. Epik kateqoriyaya Kərəmi, Koroğlunu və digər aşıq­ları aid edən bəstəkar, eyni zamanda bildirmişdir ki, bu adlar həm də dastanlardakı qəhrəmanların adlarıdır. “Lirik mu­­siqi formalarınn adları şeir adlarından götürülmüşdur, mə­sə­lən, dübeyt, müxəmməs, qafiyə, qəsidə və s.” (37, 206).

Aşıqları el havalarının mahir ifaçısı hesab edən istedadlı müğənnı Bülbül isə yazmışdır: “Əsl Azərbaycan vokal sənəti aşıq yaradıcılığından başlanır. Biz milli musiqi mədəniyyə­ti­nin hər bir sahəsində aşıq yaradıcılığı təsirinin silinməz izlə­ri­ni görürük. Aşıq yaradıcılığının diapazonu son dərəcə böyük­dür. Aşıq poeziyası, sözün əsl mənasında, hər şeyi əhatə edir” (24, 138-140).

Mütəxəssislər ayrı-ayrı ədəbi janrların etimologiyası haqqın­da maraqlı mülahizələr irəli sürmüşlər. Məsələn, A.Nə­bi­­­yevin fikrincə, gəraylı janrının yaradıcısı gəray tayfası ol­muş­­dur (78, 265). M.Seyidov da bəzi ədəbi janrların etimo­lo­giyasına toxunaraq yazmışdır: “Bəzi Azərbaycan qə­bi­­lələrinin adı ilə bu gün də bir çox melodiyalar, şeir forma­ları möv­cud­dur. Misal üçün, ovşarı havasının ilk müəllifləri əfşarlar, ba­ya­­tı, gəraylı, qaytağı havalarının ilk müəllifi isə bayat, gəray, qaytaq qəbilələridir” (86, 180).

Bu fikirlərin hamısı özlüyündə məntiqidir. Həqiqətən də, bir çox saz havaları onları yaradan tayfa və ya boyların adı ilə əla­qədardır. Aşıq yaradıcılığına həm söz, həm də sənət və ifa­­çılıq baxımından yanaşan bəzi müəlliflərin fikrincə, saz ha­va­larının sayı ilə aşıq şeiri janrlarının miqdarı arasında müəy­yən bir əlaqə və uyğunluq vardır. Məsələn, M.H.Təh­ma­sib on­ların təxminən eyni sayda, miqdarda olduğunu yaz­mış­dır (90, 6). Xalq şairi O.Sarıvəlli bununla razılaşma­yaraq göstər­miş­dir ki, Aşıq Ələsgərin dövrünə qədər cəmi 13-14 şeir şəkli möv­cud ol­muşdur (85). M.Həkimov isə M.H.Təhmasibin fi­kir­­lərini məq­bul hesab etsə də, bu sahədə axtarışların hələ tü­kən­mədiyini vur­ğulamışdır (40, 374-377). Bizcə, saz havaları ilə aşıq şeiri janrları arasında kəmiyyət baxımından mü­təna­sib­lik yoxdur. Tək­cə Çıldır-Ağbaba aşıq mühitində tam olma­yan rəqəmlərə görə, yüzə yaxın aşıq ha­vası vardır. Halbuki hə­min mühitdə is­ti­fadə olunan şeir şəkil­lərinin sayı bundan təx­minən on dəfə azdır.

Professor P.Əfəndiyev aşıq poeziyasının janr və şəkil rən­­­garəngliyini qeyd edərək yazmışdır: “Aşıq poeziyasının növləri olduqca çoxdur. Bütün bunlar dilimizin qayda-qanun­la­rına daha çox uyğun olan heca vəznində yaradılmışdır. Mə­sə­lən, qoşma, gə­raylı, təcnis, cığalı təcnis, deyişmə, bağlama, us­tadnamə, qıfılbənd, dodaqdəyməz, diltərpənməz, divani, müxəm­məs, cı­ğa­lı müxəmməs, bayatı, hərbə-zorba və s.” (23, 167).



3.1. Şeirlərin janrları
Konkret olaraq Aşıq Nəsibin yaradıcılığında aşıq rə­va­yət­­­ləri də daxil olmaqla vur-tut yeddi janr müşahidə edilir. Biz­cə, bunun iki mühüm səbəbi var: əvvəla, aşığın poetik irsi vax­­tında toplanmadığı üçün böyük əksəriyyəti itib-batmış, onun “Nəsiblə Bahar” adlı dastanı bizə gəlib çatmamışdır. İkin­­cisi, Ağbaba-Çıldır aşıq mühiti söz qoşma və ifaçılıq ənə­nə­­­ləri baxımından Anadolu aşıq məktəbinə daha yaxın olduğu üçün janr əlvanlığı sahəsində, məsələn, Göyçə aşıq mühi­tin­dən fərq­­lənir. Lakin Ağbaba-Çıldır aşıq mühitində aşıq şeiri­nin bü­tün əsas janrları mövcuddur. Burada bayatı, qoşma, gə­ray­lı, təc­­nis, müxəmməs, divani, ustadnamə, dastan, rəvayət ki­mi janr­­lardan ge­niş şəkildə istifadə edilmiş, sadəcə olaraq, müs­tə­zad, cığalı və qoşayarpaq təcnis, dodaqdəyməz, dil­dön­məz ki­mi daha mürəkkəb bəzi şeir növləri çox da işlək olma­mış­dır.

Hazırda əlimizdə Aşıq Nəsibin altı bayatısı var. Mə­lum­dur ki, bayatı xalq şeirinin ən yığcam janrıdır. 4 misralı, 7 he­ca­­lı bayatının qafiyə sistemi a a b a ardıcıllığı üzrə qurulur. “Ba­yatı” sözünün mənşəyi ilə bağlı mülahizələri ümu­miləş­dirən professor M.Həkimov bu qənaətə gəlmişdir ki, bu söz:

1) Yer adı; 2) Qəbilə ad-titulu; 3) Ərəbcə “bayat” (köh­nə); 4) Azərbaycanca köhnə, qalmış ərzaq mənasında “boyat” (köhnəlmiş, qalmış xörək, çörək, su); 5) Allahın adlarından biri olan “bayat”; 6) Körpənin böyüməsi, inkişafı ilə əlaqədar anaların söylədiyi layla, oxşama, nəvaziş bildirən “boy at” sözləri ilə bağlıdır (44, 12).

Bayat sözünə Mahmud Kaşğarinin “Divanü-lüğat-it-Türk” kitabında da rast gəlirik. Burada 22 oğuz boyu və on­la­rın damğaları haqqında məlumat verilərkən bayat boyunun da adı çəkilir (62, 128). “Kitabi-Dədə Qorqud”da Qorqud Atanın bayat boyundan olması məşhur faktdır.

Aşıq Nəsibin bayatıları arasında “əzizim”/”əziziyəm”, ya­xud “mən aşiq” xitabları ilə başlayan bayatılar yoxdur. Bun­lardan ikisi şura hökumətinin zülmü, ikisi Baharın eşqi, biri Ağbabanın təbiəti, biri isə öz taleyi ilə əlaqədar söylən­miş­dir. Aşığın iki bayatısı cinas, qalanları adi qafiyə ilə qoşul­muşdur:

Yarı gül,

Ay əğyarın yarı, gül.

Bəyənmədin Nəsibi,

İndi xarla yarı, gül.
Yaradı,

Sinə-başım yaradı.

Bahar düşər yadıma

Çəkiləndə yar adı (13, 14).

Göründüyü kimi, burada “yarı, gül” və “yaradı” sözləri müx­təlif mənalarda cinas kimi işlədilmişdir. Bunları “bayatı-ci­nas” adlandırmaq olar.

Digər bayatılar da forma və məzmunca çox bitkin və ori­jinaldır. Məsələn:

Xərin artdı samanı,

Gəldi şura zamanı.

Tanrı, bir sənə gəlir

Müsəlmanın gümanı.


Dərd məni oydu, deşdi,

Qəmin birisi beşdi.

Yarımadım dünyada,

Mənimki belə düşdü (13, 14).

“Xalq şerinin ən geniş yayılan şəkillərindən biri qoşma­dır. Qədim şeir şəkillərindən biri olan qoşma, eyni zamanda Azər­baycan yazılı poeziyasında da özünə möhkəm yer tut­muş­dur. Hələ M.P.Vaqifdən əvvəllər də klassik Azərbay­can şair­ləri qələmlərini qoşma formasında sınamış və bədii cə­hət­dən sanballı əsərlər yaratmışdır” (94, 180).

Professor V.Vəliyevin qeyd etdiyi kimi, “Azərbaycan aşıq yaradıcılığı tarixində qoşma janrında şeir yaratmayan şair-aşığa təsadüf etmirik. Eyni zamanda, xalq poeziyası ilə üz­vi surətdə bağlanan, doğma ana dilində yazıb-yaradan gör­kəmli Azər­baycan şairlərinin əksəriyyəti xalq şeiri janr­ların­da, o cüm­lədən də qoşma və gəraylı şəklində əsər yazmışlar” (95, 79).

Qoşma 3-5-7 bənddən, hər misrası isə 11 hecadan ibarət olur. Burada qafiyələrin düzümü belədir: a b c b, d d d b, e e e b və i.a. Aşıqlar qoşmaların möhürbənd və ya tapşırma ad­la­nan son bəndində öz təxəllüslərini də göstərirlər (23, 167).

Bu janrın mənşəyi haqqında ədəbiyyatşünaslıq elmində konkret fikir yoxdur. Adından da göründüyü kimi, “qoşma” düzüb-qoşmaq, söz qoşmaq kimi xalis türk mənşəli bir ter­min­dir. Qədim türk yazılı abidələrində, o cümlədən Mahmud Kaşğarinin “Divanü-lüğat-it-Türk” əsərində (62, 377) və Yu­sif Balasağunlunun “Qutadğu bilig” poemasında (36, 36) iş­lə­nən “koşuğ” sözü ilə “qoşma” arasında semantik baxımdan ya­xınlıq vardır, ancaq “koşuğ” sözü birbaşa qoşmanı deyil, ümu­mən şeiri, qəsidəni ifadə edir.

Aşığın qoşmaları, əsasən, 3-5, nadir hallarda isə 7 bənd­dən ibarətdir. Qurbani, Xəstə Qasım, Abbas Tufarqanlı, Ələs­gər kimi aşıqların yaradıcılığında da bəndlərin sayı müxtə­lif­dir, yəni deyiləcək fikrin tutumu ilə bağlı olaraq artıb azalır.

Aşıq Nəsibin qoşmalarının sayı 150-yə yaxındır. Bu qoş­­­malarda doğma təbiətin tərənnümü, gözəllərin tərifi, xal­qın dərdləri, vətənin parçalanması, yerli əhaliyə qarşı haqsız­lıq­lar, erməni zülmü əsas yer tutur. Bunların bir qismi aşığın bioq­rafiyası, taleyi, nakam eşqi, korluğu ilə bağlıdır. Onun “Aşıq Nəsib” adlı qoşması bu baxımdan çox səciyyəvidir:

Ellər dolandırdın elədən-belə,

İndi qocalıbsan, gəl, Aşıq Nəsib.

O qədər haqsızlıq tutub dünyanı,

Tökülər gözündən sel, Aşıq Nəsib.


Daha keçmir sözün, titrəyir əlin,

Deyəsən, unudub səni qız-gəlin.

Olmaya huş gedib, korşalıb zehin,

Bükülüb yay kimi bel, Aşıq Nəsib?


Qolunda qüvvət yox, dizlərində gir,

Demədimmi dərdin altına az gir.

Qırışla örtülən sifətə bax bir,

İndi hünərin var, gül, Aşıq Nəsib.


Diş tökülüb gedib, gözlər çuxurda,

Yeməyə nə var ki kaxır-kuxurda.

Nə oldu qazancın, söylə, axırda,

Qəmini elinlə böl, Aşıq Nəsib.


Niyə unudubsan türkün yolunu,

Kim yoldan çıxardı Tanrı qulunu?

Bəsdir, azmı çəkdin sənə olanı?

Barı üzüsulu öl, Aşıq Nəsib (13, 28).

Aşığın qoşmaları lirik və axıcı olduğu qədər də məz­mun­lu, “yüklüdür”:

Qərq olmuşuq, qəm içində üzürük,

İçimizdə ölə-ölə dözürük.

Cır-cındıra bürünmüşük, gəzirik,

İpəyim yox, tirməm yoxdu, şalım yox (13, 31).

Dörd fəsildə həmişə qış yaşayan aşıq:

Fəslim birdi: yazım, yayım, güzüm yox,

Ömrü boyu qarlı qışa düşərəm (13, 29) –

de­yərək “müxənnət fələyə”, “qara bəxtə”, “kor taleyə” nifrin yağ­dırır.

Sovet hökuməti ilə ulduzu barışmayan Nəsibin qoşmala­rının bir qismi şura quruluşunun şəxsində dövrandan, za­man­dan şikayət motivləri ilə doludur. Aşağıdakı qoşma bu baxım­dan çox səciyyəvidir:

Darıxma, darılma, a yaxşı kişi,

Bu gələn bəd zaman, bəd ildi belə.

Çirkaba bulanmış, kirə bulanmış,

Mərdləri aparan bir seldi belə.


Gədənin dövrüdü, gicin zamanı,

Sən deyən kişilər yox oldu, hanı?

Yaxşı aç gözünü, düşməni tanı,

Şura qəfil əsən bir yeldi belə.


Nəsib yaxşı bilir, nə gəlir başa,

Yolumuz pis yerdə dirəndi daşa.

Var-yox əldən getdi, həsrətik aşa,

Şura kök qazıyan bir beldi belə (13, 94-95).

Nəsibin qoşmaları arasında yalnız bir müstəzad var. Bu, Aşıq Ələsgərlə deyişmə zamanı söylənmişdir. Həmin qoş­ma­dan bir bənd nümunə:

Sədamı eşidən yeddi ağacdan

Xof edər, qayıdar, buraya gəlməz.

Meydanıma gələn keçər cəngimə,

Nə eyni açılmaz, nə üzü gülməz,

Gözlərin silməz (13, 114).

Aşığın yaradıcılığında gəraylı janrı da mühüm yer tutur. Pro­fessor V.Vəliyevin yazdığı kimi, “Azərbaycan xalq şeirin­də qoşma ilə yanaşı, ən çox işlənən şeir şəkli gərayılıdır. Bə­zən buna səkkizlik də deyilir. Qoşma ilə gəraylı arasında o qədər də ciddi fərq yoxdur. Onları fərqləndirən şəkli xüsu­siyyət qoşma­nın on bir, gəraylının isə səkkiz hecalı olmasıdır. Gəraylı şeir şəklindən istifadə etməyən şair-aşıq, demək olar ki, yoxdur. Aşıqlar, el şairləri bütün mövzularda oynaq saz ha­va­larına mü­raciət edərkən gəraylıdan istifadə etmişlər” (95, 86). Professor M. Həkimov da bu fikrə şərik çıxaraq gös­tər­miş­dir ki, “gəraylı həm yazılı, həm də aşıq ədəbiyyatında ən oy­naq, ən məhsuldar və ən zəngin lirik şeir şəkillərindəndir” (44, 105).

Nəsibin gəraylıları da mövzudan asılı olaraq şux, oynaq, həzin və axıcıdır. Məsələn, nakam eşqinə dair yazdığı bir gə­raylı nə qədər qəmlidirsə, bir o qədər də lirik və qəlbəyatan­dır:

“Baharı” qaldı Bahardan,

Ürəyimdə bir sim oldu.

Caduladı dərdim məni,

Bir qırılmaz tilsim oldu.


Ağlatdı məni doyunca,

Bütün bir ömür boyunca.

Fələk dərimi soyunca,

Dada yetən, de, kim oldu?


Nəsib qaldı yana-yana,

Çıxa bilmədi bir yana.

Saz ilə şenləndi xanam,

Söz könlümə hakim oldu (13, 16).

Eyni səmimiyyət və iztirab onun sufiyanə şeirlərində də müşahidə edilir:

Mən gəzirəm bu yaşımda

Bu dünyanın qarasında.

İş gətdi ki, irast oldux,

Qağızmanın yörəsində.
Sinəm başı düyün, yara,

Taleyim kəm, bəxtim qara.

Qovuşmadım nazlı yara,

Durdum dərdin bərəsində.

Tanrı hər işdən halıdı,

Sözüm ellərin malıdı.

Nəsib qırxların quludu,

Əhli-hallar arasında (13, 17-18).

Hətta zarafatla qoşduğu yumoristik gəraylı da eyni də­rə­cə­də xoş və axıcıdır, oxucuya və dinləyiciyə dərin bir həzz aşı­la­yır:

Xəbərin yoxdu xəbərdən,

Qayğanaq hazır tavada.

Ları xoruz boğazlanıb,

Daha uçammaz havada.
Hər nə desən, var bu evdə,

Bircə qəlbin dar bu evdə.

Var sənin tək xar bu evdə,

“Tanınmış” eldə-obada.


Nəsib deyər: ha alış-yan,

Töhmətin altında dayan.

Nə durmusan piyan-piyan,

Su calanmış bu yuvada (13, 150).

Aşıq Nəsibin toplanmış şeirləri arasında cəmi iki mü­xəm­­məs vardır. Alimlərin yekdil fikrincə, müxəmməs aşıq yara­dıcı­lığına yazılı ədəbiyyatdan keçmişdir. Professor M.Hə­ki­movun yazdığına görə, həm klassik, həm də müasir aşıq­la­rın ən çox istifadə etdikləri müxəmməs formaları aşa­ğıdakı­lar­dır: müxəmməs, orta müxəmməs, qoşayarpaq müxəmməs, müxəm­məs-təxmis, cığalı müxəmməs və ya duvaqqapma, müxəmməs-ustadnamə, müxəmməs-tarixi mənzumə və s. (44, 363-365).

Müxəmməsin qafiyə sistemi belədir: birinci bəndin bü­tün misraları həmqafiyədir. Sonrakı bəndlərdə dörd misra bir-bi­ri ilə, sonuncu misra isə birinci bənddə işlənən baş qafi­yə ilə qafiyələnir.

Aşıq Nəsibin müxəmməslərindən biri şəyirdi İskəndər Ağ­babalıya, digəri isə erməni aşığı Tacir Söyünə ünvanlan­mış­dır. Sonuncu müxəmməs bizim üçün xüsusi maraq kəsb edir, çünki bu, aşığın bizə gəlib çatan yeganə cığalı müxəm­mə­­sidir. Bu şeir öz mükəmməlliyi, fikir tutumu və ifadə va­si­tə­lərinin zənginliyi ilə diqqəti cəlb edir. Üstəlik, müxəm­məs­də­ki cığa həm məzmun, həm də sənətkarlıq baxımından ol­duq­ca gözəldir. Nümunəyə baxaq:

Türkə düşmən atan-anan, nə gəzirsən burda sən,

Demirsənmi rast olarsan aslana sən, qurda sən.

Yaxınlaşma, qəlbi xain, saf ürəkli mərdə sən,

Səninki fitnə-fəsaddı, bir havanı iylə sən.

Kökün-soyun, yerin yox,

Təmiz qızın, ərin yox,

Qanadın yox, pərin yox,

Özündən xəbərin yox?!

Pis nəfəsli,

Xınzır əsli,

Bayquş səsli,

Haydı, itil,

Yerini bil.

Ad “qazandın” hər bir yerdə yersiz hayla-küylə sən.

Digər bəndlərdəki cığalara diqqət yetirdikdə, onların da poe­tik cəhətdən çox bitkin, cilalı olduğu görünür. Məsələn, bi­rinci bənddəki cığa belədir:

Ay başı küllü kafir,

Ay yağı dilli kafir,

Ay ağzı yelli kafir,

Ay murdar elli kafir,

Tut köçünü,

Çək içini,

Qır qıçını,

Durma, get,

Sorma, get.

Sonuncu bəndin cığası isə bu şəkildədir:

Tülkü-çaqqal balası,

Sarı urus tulası,

Köpəhlərin alası,

Qırx qazana çalası,

Aşıx Nəsif

Əhdin kəsif.

Ay binəsif,

Hürü, durma,

Dabanqırma

İt-pişiyin yığ başına, gördüyünü söylə sən

(13, 90-92).

Aşıq Nəsibdən bizə yalnız bir təcnis qalmışdır. “Aşıq şeirində təcnis adətən üç bənddən ibarət olur... Təcnislərdə qa­fiyələr cinas sözlər üzərində qurulur. Təcnisin mənası “ci­nas­lar yaratmaq” deməkdir. Qafiyələrinin düzülüş qaydası: a b s b; d d d b; c c c b. Lirik janrın qəzəl və qoşma formaları ki­mi, təcnislərdə də əsas mövzu məhəbbət və gözəllikdən iba­rət­dir... Təcnisin dodaqdəyməz təcnis, cığalı təcnis, baş təc­nis, gedər-gəlməz təcnis kimi 30-a yaxın növü məlumdur” (66, 209). V.Vəliyev isə təcnisin 29 növü olduğunu bildirir ki, bun­lardan bəzilərinə (nöqtəsiz, kölgəsiz, dilsiz, yazılmaz və s.) dair, ümumiyyətlə, nümunə yoxdur (95, 116-117).

Akad. F.Qasımzadə təcnisi qoşmanın bir şəkli hesab edir: “Təcnis, ümumiyyətlə, qafiyələri cinaslardan qurulan qoş­madır. Şeirin qafiyələrində ayrı-ayrı fikri gizlətmək və oxu­cularını düşündürmək üçün aşıq cinaslardan istifadə edir, ey­ni kəlməni müxtəlif mənalarda işlədir. Təcnisdə cinaslar si­no­nim kəlmələrdən və yaxud onların parçalanıb ayrı bir şəklə düş­məsindən əmələ gəlir” (59, 26). Tanınmış mütəxəs­sis­lər­dən Ə.Eldarova (28, 53) və E.Məmmədli (63, 33) də təx­mi­nən eyni fikirdədirlər. Prof. A.Nəbiyev məsələyə bir qədər fərq­li yanaşır: “Təcnis oxşar səs və söz kompleks­lərindən qu­ru­lan poetik sistemdir. O həm Azərbaycan dilinin zənguləli səs sisteminə əsaslanan böyük poetik imkanlardan, həm də ci­nas sözlərin zəngin məna çalarlarından xəbər verir. Təcnisin gö­zəlliyi təkcə onun cinas qafiyələrində deyil, eyni zamanda misra daxilində uzun və qısa pauzalarında, təkrir və rədif­lə­rind­­ə, oxşar səs və söz komplekslərində, həqiqətlərlə zid­di­yyət­lərin, müəyyənliklə qeyri-müəyyənliklərin qarşılaş­dırıl­ma­sın­dadır” (78, 266-267).

Nəsibin“Gözələ” rədifli təcnisi aşığın söz oyunundan, ci­nas­lardan necə ustalıqla istifadə etdiyini göstərir:

Mən yazığı ağlar qoydun beləcə,

Həsrət qaldım sənin kimi gözələ.

Dedim: bulaq, çeşmə elə təbimi,

Demədim ki, gölməçələ, gözələ.


Yanaqda gül, başında da qıdanı,

Fələk vursun şad günümü qıdanı.

Xoş günümü, ruha verən qıdanı

Qəlbim umur, odur, baxır göz ələ.


Mən Nəsibin sinəm başı yaradı,

Ürəyimdə xoş olubdu yar adı.

Bahar məni bay elədi, yaradı,

Sınan qəlbi barı sözlə gözələ (13, 39).

Şeirdəki “gözələ” sözü birinci bəndin ikinci misrasında yön­lük halda işlənərək gözəl qızı ifadə edir, dördüncü mis­ra­da həmin sözlə bulağın ətrafında sızan sısqa “gözə”yə çev­ril­mək, ikinci bəndin son misrasında gözün ələ baxması, dör­dün­cü bənddə isə tikmək, yamamaq, gözəmək nəzərdə tutu­lur.

İkinci bənddəki ilk misrada “qıdanı” sözü Ağbabada kəlağa­yının bir növünün adıdır, ikinci misrada “qıdmaq”, yəni kəs­mək felindən yaranan “qıdan”, yəni kəsən mənası, üçüncü mis­rada “qida” sözünün yerli ləhcədə işlənən “qıda” variantı ifa­də edilmişdir.

Üçüncü bəndin ilk iki misrasındakı cinaslar rahat an­la­şı­lır. Üçüncü misrada işlənmiş “yaradı” sözü yaramaq, yarımaq, xoşbəxt olmaq mənasındadır. Aşıq burada kinayə işlətmişdir, yə­ni Bahar məni yamanca bay elədi, özü də yamanca yarıdı demək istəyir.

Aşıq Nəsib öz şeirlərində bəzən cinas qafiyələrdən də istifadə etmişdir.

Müsəlman olanlar batıbdı yasa,

Dəyişdi, pozuldu əvvəlki yasa (13, 27) ­

– beytinin ilk misrasında yas, matəm, ikinci misrasında isə qay­da, qanun, adət və ənənə nəzərdə tutulur. Yaxud aşağıdakı bən­də nəzər yetirək:

Düşsün beləsinin kotan kökünə,

Əsli qıt, zatı qıt, itdi, kökü nə?

Adam heç baxmaya arıq-kökünə,

Soxa düz gözünə şişi keşişin (13, 24).

Bu bəndin birinci misrasındakı “kök” sözü dib, kök-kö­məc mənasında, ikinci misrasındakı “kök” sözü zat, əsil, nə­ca­­bət, üçüncü misrasında isə “arıq” sözünün antonimi olan kök, şişman mənasında işlənmişdir. Belə misalların sayını is­tə­­nilən qədər artırmaq olar.

Divani şeir şəkli klassik Azərbaycan aşıq yaradıcılı­ğın­da çox geniş yayılmışdır. Ə.Mirəhmədov bu şəkli belə təqdim edir: “Ən çox şifahi xalq yaradıcılığında, bəzən də yazılı ədə­biy­­yatda işlənən dörd misralıq şeir forması. Musiqinin mü­şayiəti ilə oxunur. Hər misrasında 15 heca olur. Musiqiyə uyar­lıq tələbi ilə bəzən misralar iki yerə bölünür və bu bö­lün­mə şeirin ahəngdarlıq və oynaqlığını artırır. Adətən coşqun, tən­tənəli və döyüşkən ruhda olur” (29, 53).

Aşıq Nəsibin kitabında “Divanilər” bölməsində beş di­va­ni verilmiş, dörd divani isə yanlışlıqla “Müxəmməslər” böl­mə­sinə yerləşdirilmişdir. Aşıq rəvayətləri qismində daha on bir divaniyə rast gəlirik ki, bunlardan dördü xəsislərə, dördü Us­ta Tatosa, üçü ağbabalı çobana, ikisi erməni aşığı Tacir Sö­yü­nə, biri çıldırlı Aşıq Veysiyə, biri dostu Aşıq Sultanəliyə, bi­ri də adı çəkilməyən bir gözələ deyilmişdir. Aşıq bir di­va­ni­si­ni sevgilisi Bahara həsr etmiş, “Erməni” rədifli başqa bir diva­ni­sində bədnam qonşuların bədii portretini yaratmışdır. “Və­tən” rədifli şeir ermənilərə qarşı mübarizədə ağbabalı qəh­­rəmanların igidliyinə, “Necə” rədifli divani isə “da­va­riş­lə­rin” ifşasına həsr olunmuşdur. Tədqiqatın müvafiq böl­mə­lə­rin­­də bu şeirlər haqqında danışılmışdır. Aşıq Sultanəliyə, Ba­ha­ra və gözəl qıza ünvanlanan divaniləri çıxmaqla, yerdə qa­lan bütün divanilər çox döyüşkən ruhdadır. Divani nəsihət, hə­qiqət və ədalət, döyüş, çağırış və mübarizə ifadə edir. Ona gö­rə də Nəsib lovğa və təkəbbürlü erməni aşıqlarına, həddini aşan Aşıq Veysiyə, onu cin atına mindirən çobana, malyeməz xə­sislərə qəzəbini divani ilə bildirmiş, sözün əsl mənasında, on­lara divan tutmuşdur.

“Allah”, “Gərək”, “Olmadı”, “Dünya”, “Canbaz yayla­sı” rə­difli divanilərdə isə zəmanə və dövr, dərd və kədər, çə­tin­lik­lər və sıxıntılar, bəzi ictimai motivlər dilə gətirilir:

Qəm əlindən gəl, ey Nəsib,

Dağlara de dərdini sən.

Dərd görənə, qəm yeyənə,

Ağlara de dərdini sən.

Arpa kimi, Qaraxantək

Çaylara de dərdini sən.

Dağ-daş, sular kömək olsun,

Dəyişsin əhvalım, Allah (13, 42).

Və yaxud:

Aşıq Nəsib həsrət qalıb

Ürəkdən gülməyə belə.

Çox sevinər qəfildəncə

Yıxılıb ölməyə belə.

Fələk taqət qoymayıbdı

Göz yaşım silməyə belə.

Gecə kimi gündüzü də

Gözümdə bir qara dünya (13, 161).


3.2. Şeirlərin bədii ifadə və təsvir vasitələri
Aşıq Nəsibin sənətkarlıq xüsusiyyətlərindən danışarkən onun işlətdiyi poetik fiqurlara da ayrıca nəzər yetirmək la­zım­dır. Bəri başdan deyək ki, aşığın yaradıcılığında bədii məcaz­lar, yəni söz və ya ifadənin başqa, qeyri-müstəqim mənada iş­lən­məsi yolu ilə yaradılan bədii ifadə vasitələri çox zəngindir. Mə­lum olduğu kimi, məcazlar “hər hansı əlamətinə görə bir-bi­rinə bənzəyən iki hadisənin (adamın, əşyanın və s.) qarşı-qar­şıya qoyulması üsulu ilə yaradılır. Bir hadisə haqqında ay­dın, parlaq təsəvvür vermək üçün yazıçı onu başqa bir ha­di­sə­yə məxsus əlamətlərlə səciyyələndirir. Məcazlardan istifadə et­məklə yazıçı yeni-yeni ifadələr yaradır, sözlərə yeni mə­na­lar verməyə çalışır, bədii dilin zənginləşməsinə kömək edir, təs­vir obyektinə öz nəzərində tutduğu qiyməti daha asan verə bi­lir… Bunlardan biri sadə məcazlardır ki, buraya təşbeh və epi­tet daxildir, ikincisi isə mürəkkəb məcazlardır ki, buraya is­tiarə, kinayə, mübaliğə və s. daxildir” (29, 111).

Təşbeh – bənzətmə bir predmetin müəyyən cəhətdən ona bənzəyən başqa bir predmetə qarşı qoyulmaq yolu ilə təs­vir edilməsidir. Bu zaman kimi, sanki, təki, elə bil sözləri va­si­təsilə iki predmet arasında müəyyən bir bənzəyiş, oxşarlıq ol­duğu diqqətə çatdırılır. Aşıq Nəsibin yaradıcılığın-da təş­beh­lər həddən artıqdır. Məsələn, “Vətən” şeirində Mahmud ağa­nın igidliyini tərifləyən aşıq onu aslana, erməniləri isə sər­çə­yə bənzədir:



Aslan kimi nərə çəkdi:

“Olmaz para-para vətən!” (13, 48)…


Ermənilər pərən oldu,

Dağıldılar sərçə kimi (13, 48).

Aşıq Andranikin və daşnakların döyüş meydanından tül­kü kimi əkilməsini göstərir:

Andranik kişiləndi,

Axırda “qəhrəman” oldu.

Əkildi tülkülər kimi,

Daşnak qanına bələndi (13, 46).

Nəsib öz atını yerişdə tısbağaya oxşadır, xasiyyətdə ca­mı­şa bənzədir:

Addımı atırsan tısbağa kimi,

Tökülsün başına kül, ay Alaşa.

Su görsən yatırsan qara camıştək,

Qoy aparsın səni sel, ay Alaşa (13, 32).

Gözəlləmələrdə təşbehlər daha çox işlənir, çünki aşıq el qız­larını vəsf edərkən onları ahuya, marala, ceyrana, kəkliyə bən­zədir:

Aşıq Nəsib çox bəyənir,



Ahu kimi duruşunu,

Ağlını, saf ürəyini,



Kəklik kimi yerişini (13, 144).

Aşıq yaradıcılığında səma cisimlərindən (ay, günəş, ul­duz və s.), ilin fəsillərindən (yaz-bahar, yay, payız-güz, qış), tə­­biətin nemətlərindən (gül, çiçək, çəmən, bənövşə, nar və s.), gö­zəllik rəmzi sayılan canlılardan (maral, ceyran, bülbül, kək­lik, durna və s.), qiymətli daşlardan (almaz, qızıl, gümüş, ya­qut, mərcan və s.) təşbeh və bənzətmə kimi istifadə olun­muş­dur. Aşıq Nəsibin bir bənd şeirində işlətdiyi bənzətmələrə nə­zər salaq:

Sinəm üstə o vurduğun

Dağla düyün hələ durur.

Nəsib – bülbül, bağrıyanıq,

Bahar olan güldür, Bahar (13, 47).

Burada Aşıq Nəsib bülbül və gül bənzətməsindən isti­fa­də edərək özünü bağrıyanıq bülbülə, sevdiyi qızı gülə bən­zət­miş­­dir. Sevgilisinin adını isə gülün baharda açması ilə mü­qa­yisə etmişdir. Aşıq başqa seirlərində də Bahar adını məharətlə işlətmiş, qüvvətli təşbehlər yaratmışdır. Məsələn:

Bahar getdi, qışa düşdüm,

Mən bir olmaz işə düşdüm.

Axır dilə-dişə düşdüm,

Sinəmi didərəm mən də (13, 19).

Yaxud:


Çıldıra yar ötürəndən,

Çiynimə dərd götürəndən,

Mən Baharı itirəndən

Mənə bahar-yaz olmadı (13, 50).

Və yaxud:

Hər il bahar gələr, güllər açılar,

Baharsız qalmışam, ay Bahar, Bahar.

Quruyub bostanın, tökülüb tağın,

Eylədin özünü zay, Bahar, Bahar (13, 51).

Sonuncu bənddə Aşıq Nəsib “bahar” sözünün hər iki mə­nasını elə ustalıqla işlətmişdir ki, onları bir-birindən ayırd et­mək, həqiqətən də, çətindir. Birinci misrada bahar fəsli nə­zərdə tutulur, ikinci misradakı “bahar” hər iki mənada anlaşıla bilər, aşıq burada üzünü sevgilisi Bahara tutaraq həm onsuz qaldığını, həm də ömrünün baharsız-yazsız keçdiyini bidirir. Dördünçü misranı oxuyarkən onun yenə sevgilisini nəzərdə tut­duğunu görürük. Burada o, Baharı payızla müqa­yisə etmiş və son dərəcə gözəl bir bənzətmə yaratmışdır.

Təbiət ünsürlərinə bənzətmə aşığın başqa şeirlərində də mü­şahidə edilir. O, Alaşanı tərif edərkən onu ceyrana bən­zə­dir, qızıldan baha olduğunu söyləyir:

Yaxşı qaçmağı var lap ceyran kimi,

Qızıldan qiymətli bir at satıram (13, 105).

Yaxud “Oğulları dağ vüqarlı, şir kimi” (13, 171) misra­sın­da vətən övladlarını şirlə müqayisə edən aşığın əsərləri mə­na­lı təşbehlərlə doludur.

Nəsibin şeirlərində məcazın növlərindən biri olan epi­tet­lər də çoxdur. Epitetə verilən tərif belədir: “ədəbi əsərdə baş­qa bir sözü qüvvətləndirmək və mənaca zənginləşdirmək üçün ona əlavə edilən sifət, hadisələrin, şəxsin, əşyanın hər hansı bir key­fiyyətini aydınlaşdıran, təyin edən söz. Epitet vasitəsilə ya­zı­çı təsvir etdiyi hadisənin elə cəhətini xüsusi nəzərə çatdırır ki, bunu bilmək oxucu üçün vacibdir, əhəmiyyətlidir” (29, 63).

Növlərinə görə epitetlər üç yerə ayrılır: sifət şəklində olan­lar (məsələn, qarlı dağlar, şirin sözlü), isim şəklində olan­lar (məsələn, kaman qaşlı). Bunlardan başqa, əsrlər boyu iş­lə­nə­rək bir əsərdən digərinə, bir şairdən başqa şairə keçən epi­tet­lər də vardır ki, bunlara müqəyyəd epitetlər deyilir. Mü­qəy­yəd epitetlərə gül üzlü, al yanaqlı, şeyda bülbül kimi epitetlər mi­sal ola bilər. Aşıq Nəsibin şeirlərində çox maraqlı epitetlər iş­lənmişdir. Onlar bədii cəhətdən mükəmməl, təsvir nöqteyi-nə­­zərindən qüvvətli, məzmun baxımından bütövdür. Məsələn: Kor taleyə, qara bəxtə nə deyim (13, 102); Naxış adamların za­manı gəldi (13, 27); Alma yanaq, boyu bəstə (13, 15); Dəli kö­nül, Al-Osmana gedəlim (13, 25); Sovetdə qırmızı yalana bir bax (13, 25).

İstiarələrdə – metaforalarda məfhumların müqayisəli və bən­zər cəhətləri qabarıq şəkildə verilir, ancaq müqayisə ob­yekt­lərindən birinin adı doğrudan-doğruya çəkilmir, yalnız ona xas olan xüsusiyyət göstərilir: “Qaxdağanlar yolda-izdə qay­naşır” (13, 102) misrasında qarışqa sözü işlənməsə də, onu asan­lıqla bərpa etmək mümkündür. “Səni qoşam harabıya Qa­ğız­mannan duz gətirəm” (13, 136) misrasında isə öküz sözü buraxılmışdır. Nəsibin şeirlərində bu tipli istiarələr az deyil.

Metonimiyada isə məcaz birbaşa deyil, dolayı olaraq gös­tərilir. Məsələn:

Çoxdu qıryatı, təsivi,

Gədələr qanmaz Nəsivi.

Səvərəm yoxsul-kasıvı,

Üzə günəş doğar bir gün (13, 141) –

bən­dində iki metonimiya müşahidə olunur. “Gədələr qanmaz Nə­sivi” misrası gədələr Nəsibin xasiyyətini, xarakterini, mərd­liyini bilməz, başa düşməzlər mənasında, “Üzə günəş do­ğar bir gün” misrası isə bir gün dövranın yaxşılaşacağı, hər şe­yin dəyişəcəyi mənasında işlənmişdir. “Ürəyimdən qanlar axır” (13, 41) misrası da metonimiyadır, aşığın əhvali-ru­hiyyəsinin son dərəcə pis olduğunu ifadə edir.

Nəsibin şeirlərində anaforaya, yəni misraların başında ey­ni söz və ya ifadədələrin təkrarı ilə yaranan fiqura da rast gəlirik:

Bu nə bəla, bu nə səsdi,

Bu nə işdi, agah elə (13, 161).


Dünyada dördəlli tutma sən pulu,

Dünyada dünyanın malı qalacaq (13, 35).

Şeirdə ən mühüm bədii vasitələrdən biri olan mübaliğə, yə­ni hiperbola Aşıq Nəsibin yaradıcılığı üçün də xarakterik­dir. Bundan məqsəd müəyyən hadisə və ya faktı daha təsirli şə­kildə təqdim etmək, onu qeyri-adi dərəcədə şişirtməkdir. Mü­baliğə həm artan, həm də azalan istiqamətdə verilir. Aza­lan istiqamətə litota deyilir. Məsələn, Aşıq Nəsib bir çox duz­lu-məzəli şeirlər həsr etdiyi tənbəl, astagəl Alaşası haqqında “Yel­qanad misallı Qırat satıram” (13, 33) deməklə hiperbola, onun yerişini tısbağanın hərəkəti ilə müqayisə edərək “Addı­mı atırsan tısbağa kimi” (13, 32) deməklə litota yaratmışdır.

Bədii vasitələr arasında təzad və ya antiteza adlanan fi­qu­ru da Aşıq Nəsibin şeirlərində tez-tez müşahidə edirik. Bu­ra­da mənaca bir-birinə zidd olan sözlər, yəni antonimlər əsas yer tutur. Aşıq öz şeirlərində işlətdiyi bədii təzadlarla vermək is­tədiyi fikri daha da qüvvətləndirir:

En aşağı, səfeh gədə,

Sərçə qartal olur daha?


Kərtənkələ şahmar olub

Onu-bunu çalır daha? (13, 133)


İndi bizim yerdə bahar da qışdı (13, 103).
Tərlanlar oylağı sara qalıbdı (13, 166).

Nəsibin poeziyasında alliterasiya, yəni eyni cinsli sa­mit­lə­rin ardıcıl şəkildə düzülməsi sayəsində meydana gələn səs uyumu da müşahidə olunur. Məsələn, “Aşıq Nəsib, bas sinənə sa­zını” (13, 158) misrasında “s” səsinin alliterasiyası qulaq ox­­şayır, xoş bir ahəng yaradır. Yaxud ilk misrasında “g“ sə­si­nin, ikinci misrasında isə “y” samitinin alliterasiyası ilə ya­ra­nan aşağıdakı şeir parçasına diqqət yetirək:

Nə murdar günləri gördü bu gözüm,

Əyri yeri məlum, yoxdu düz yeri (13, 34).

Başqa bir şeirdə isə “r” səsinin alliterasiyası misraya xü­su­si ritm verir:

Görürsən ki, Nəsib ötmür ötəri (13, 23).

Aşığın şeirlərində alliterasiya ilə yanaşı, assonans da xey­li güclüdür. Assonans misralarda incə (e, ə, i, ö, ü) və ya qa­lın (a, ı, o, u) saitlərin ardıcıllığı, bir-birini izləməsi nə­ti­cə­sin­də meydana çıxan bir təzahürdür. Bu zaman şeir daha lirik, da­ha ahəngdar və daha axıcı olur. Məsələn, yuxarıda “r” sə­si­nin alliterasiyasına nümunə kimi göstərilən “Görürsən ki, Nə­sib ötmür ötəri” misrası həm də assonansdır, yəni burada incə sait­lərdən olan “ö” və “ü” bir-birini izləyərək takt yaradır. Ya­xud aşağıdakı bəndə nəzər yetirək:

Bər-bəzəkli gəlin kimi,

Zalım qızı, can alırsan.

Eşqə mübtəla olandan

Cavanlara yan alırsan (13, 148).

Bu bəndin ilk misrasında ancaq incə saitlər, yəni “ə” və “i”, ikinci və dördüncü misralarında ancaq qalın saitlər, yəni “a” və “ı” işlənmişdir. Üçüncü bənd isə qarışıq tipli saitlərdən iba­rət olduğu üçün assonans sayılmır.

“Kədərdən özümü üzərəm indi” (13, 27) misrasında di­li­miz­dəki beş incə saitdən dördü (ə, i, ö, ü), “Qurtarmağa cığır-ca­da yolum yox” (13, 41) misrasında isə dörd qalın saitin ha­mısı (a, ı, o, u) iştirak edir. Aşığın yaradıcılığında bu cür mis­ra­lar çoxdur.

Bədii ifadə vasitələrindən biri olan kinayə də Aşıq Nə­si­bin şeirlərində az deyil. Onun bəzi əsərləri, xüsusilə er­mə­ni­lər­­dən, Alaşadan və xəsislərdən bəhs edən şeirləri arasında ki­na­yə tərzində deyilmiş xeyli fikir var. Məsələn, bunlardan biri Zo­ru bəyin, birini isə Andranikin “tərifində” dilə gətiril­miş­dir:

Qaxdağan ajdarı tökülüf gəlif,

İndi bəy olubsan, ədə, Zoru bəy?

Böyründə mauzer, çiynində tüfəh,

Yaman yekəlifsən, gədə, Zoru bəy (13, 67).


...Andranik kişiləndi,

Axırda “qəhrəman” oldu (13, 46).

Xəsis bir hacıya söz qoşan Aşıq Nəsib ona qarşı sar­kazm işlətmişdir:

Hacı verdi qara pulu,

Kasıbdı, cırıqdı çulu?

Seldi-sudu sağı-solu,

Buna bir “tərif” söyləyim (13, 81).

Aşıq öz tənbəl, zəif Alaşası haqqında kinayə ilə belə demişdir:

Yüz qatır, min eşşək tay olmaz buna,

Yelqanad misallı “Qırat” satıram (13, 105).

Aşıq Nəsib öz şeirlərində arxaizmlərdən də istifadə et­miş, hazırda ədəbi dilimizin işlək lüğət fondundan çıxmış bəzi söz­ləri onların sinonimləri ilə birlikdə işlətmişdir. Bunlar Ağ­ba­ba bölgəsində canlı danışıq dilində işlənən və hamı tə­rə­fin­dən rahatlıqla anlaşılan sözlərdir. Əslində, heç bir təhsil al­ma­mış Aşıq Nəsibin arxaik sözlər haqqında hər hansı məlumat sa­hibi olduğunu fikirləşmək də mümkün deyil. Məsələn, aşıq bir misrasında “düşmən” və “yağı” sözlərini birlikdə, yan-ya­na işlətmişdir:

Türkə ağa qoydun yağı düşməni (13, 71).

Aşıq başqa bir şeirində “qılavuz”, yəni bələdçi və “saq­qat”, yəni şikəst sözlərindən istifadə etmişdir:

Kafirlərin qılavuzun

Qəfil izləyən qılavuz…

Yağı olan saqqat getdi,

Axır tapdı çarə vətən (13, 48).

Aşıq Nəsib digər bir şeirində “xon” sözünü məclis sözü ilə birlikdə vermiş və yığnaq mənasında işlətmişdir. Xon2 sö­zü­nün kiçiltmə variantı olan “xonça” sözü müasir ədəbi di­li­miz­də mövcuddur:

Özü gözəl xanım-xatın,

Yaraşır məclisə, xona,

Elə bil yaşılbaş sona

Çıxıbdır göldən, maşallah (13, 144).

Klassik dilimizdə oğurlamaq mənasında işlənən “çal­maq” sözünə aşığın bir şeirində rast gəlirik:

Qönçə gülü əğyar çalıb,

Qisasım alınmır mənim (13, 86).

Aşıq Nəsibin dilində dialektizmlər, yəni yerli ləhcədə iş­lə­­nən sözlər də xeyli çoxdur. Bunlardan bir qismi yerli məişətlə bağlı yemək və geyim adlarıdır. Məsələn, dingə Ağ­ba­ba qa­dın­la­rının başlarına qoyduqları qızıl pərəkli, zərbaftalı tac, qöcük bə­dənə geydikləri nimtənənin bir növü, qıdanı isə kəlağayının üstündən alınlarına bağladıqları kiçik yaylıqdır:

Dingəsi var bər-bəzəkli,

Örpəyi tüldən, maşallah…

Qöcüyü göy, don qırmızı,

Naxışı var dürlü-dürlü (13, 144).


Yanaqda gül, başında da qıdanı (13, 39).

Ağbabanın bəzi yemək adları, məsələn, xaşıl, cad, hört­də­mə, dizdəmə, şilə aşı və s. aşığın şeirlərində və onunla bağlı rə­va­yətlərdə öz əksini tapmışdır. Nəsib bəzi şeirlərində Ağ­ba­ba yeməklərinin adını çəkir:

Biz yemişik iç-diş, ağa, sən buyur,

Öfgə, qarın, bağırsaq ye, bağır ye (13, 154).


Qarın-qarta ləzzətlidi,

Kəndin şilə aşı, aşıq? (13, 173)

Buradakı iç-diş sözü ədəbi dilimizdəki içalat, öfgə ağ-ci­yər, bağır isə qaraciyər sözlərinin qarşılığıdır. Bağırsaqla, qa­rın və ya qarın-qarta ilə bişirilən içalat Ağbaba bölgəsinin ən ləziz yeməklərindən biridir.

Məhəlli sözlər və ya dialektizmlər sırasında qancalmaq yəni möhkəm arıqlamaq, ləlöyün, yəni ləliyən, daima ağlayıb-sız­layan, lidim/licim, yəni cır-cındır qiyafəli, pis geyimli, ur­ğan, yəni yoğun kəndir, künkün, yəni qozbel, bey-bec, yəni xa­rab, çolpa kimi sözlər işlədən Aşıq Nəsib yerli koloriti çox gö­zəl şəkildə əks etdirmiş, xalq həyatından parlaq bədii löv­hə­lər vermişdir. Onun erməni aşığı Usta Tatosa müraciətlə de­diyi “Ol­san-olsan, bəlkə damnançıxmasan” (13, 123) mis­ra­sındakı “damnançıxma” sözü Ağbabada cöngə mənasında iş­lə­dilmişdir.

Yaşadığı dövr və mühitlə əlaqədar olaraq Aşıq Nəsibin şeir­lərində xeyli vulqarizmə, yəni ədəbi dildə az istifadə olu­nan kobud, ədəbsiz sözlərə rast gəlmək mümkündür. O, kəs­kin şəkildə tənqid etdiyi xəsis Hasoy ağaya qəzəbini bu söz­lər­lə bildirmişdir:

Sən ağa olsan da, gədəsən, gədə,

Surfasız, hörmətsiz, xonsuz itoğlit (13, 62).

Aşıq Nəsibin şeirlərində erməni və rus dillərindən alın­mış varvarizmlər də az deyil. Bunlar əsasən onun siyasi şeir­lə­rində işlənmişdir. Aşıq bəzən ermənilərə onların öz sözləri ilə müraciət etmiş, “dığa” (ermənicə: oğlan), “hay” (er­mə­ni­lə­rin özlərinə verdikləri ad), “ara” (ermənicə: ey, ay, ədə), “qax­dağan” (gəlmə ermənilərə verilən ləqəb) adlandırmışdır. Bunlar Azərbaycan xalqına az-çox məlum olan sözlərdir. La­kin aşığın işlətdiyi bəzi sözlərin tərcüməyə və izaha ehtiyacı var. Məsələn, Aşıq Nəsib Usta Tatosla deyişməsində:

Anan “boz”du, dürzü sənin dədəndi,

Arsızlıqda yoxdu sizə tay, hanı? (13, 122)


“Mart” deyilsən, ay erməni harsını,

Eş olacaq türkə axı hay hanı? (13, 123)

– demişdir. Buradakı “boz” sözü ermənicə əxlaqsız qadın de­mək­­dir. “dürzü” sözü isə ermənicə olmasa da, yerli ləhcədə er­mə­­nilərə qarşı işlədilən bir söyüşdür. “Mart” sözü erməni di­lində “kişi”, “harsın” (əslində: hars) gəlin deməkdir. Nəsib er­məni aşığı Tatosa qəzəbini bu iki sözü təzad kimi işlətməklə bil­dirmişdir. O, ermənicə “asvas” (əslində: astvas, yəni Allah) və “şanvort” (it balası, küçük) sözlərini də işlətmişdir. Onun şeir­­­lərində keçən rusca “davariş”, “patrax”, “bırat” sözləri haqqında tədqiqatın müvafiq bölməsində məlumat veril­miş­dir.

Nəsibin şeirlərindəki frazeoloji vahidlər, yəni xalq di­lin­dən alınan ifadələr aşığın nə qədər milli, nə qədər xəlqi sə­nət­kar olduğunu göstərir. Bu tipli deyimlər onun şeirlərinə əlavə bir rəng və çalar qatır. Bəzi misallara baxaq:

Deyəsən, üz verdim, kəkliyin azdı (13, 22).
Durnam uçub, yaş gedibdi, dərd qalıb (13, 23).
Çörəyin dizinin üstündə olub (13, 68).
Alması tutmayan mənəm (13, 129).

Bunlar xalqın bağrından qopan, xalq dilində xalq üçün ya­zan, taleyi qara, bəxti kəm, gözü kor, alması tutmayan, yəni eş­qi daşa dəyən, durnası uçan, yəni artıq qocalan bir aşığın çö­rəyi dizinin üstündə olan nankorlara, üz aldığı üçün “kək­liyi azan”, həddini aşan adamlara poetik münasibətidir.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə