Bakı Appelyasiya məhkəməsi Hilal Məmmədovun işgəncə ilə bağlı şikayətini rədd etmişdir



Yüklə 19,31 Kb.
tarix24.02.2018
ölçüsü19,31 Kb.
#27743

Bakı Appelyasiya məhkəməsi Hilal Məmmədovun işgəncə ilə bağlı şikayətini rədd etmişdir
19 noyabr 2012-ci il tarixdə hakim Əflatun Qasımovun sədrliyilə, hakimlər Mirzəli Abbasov, Əmir Bayramovla, baş prokrorun köməkçisi, kiçik ədliyyə müşaviri Səmədov Vəli Əhəd oğlu və vəkil Məmmədov Ramiz Cəlal oğlunun iştirakı ilə Hilal Məmmədova işgəncə verilməsiylə bağlı cinayət işinin başlanmasın rədd edilməsi haqqında Səbail Rayon Məhkəməsinin 08.11.2012-ci il tarixli qərarından verilən şikayətinə baxaraq əvvəlki qərarı qüvvədə saxlamışdır. Məhkəmədən hazırlanan reportajı oxucuların nəzərinə çatdırırıq.

Məhkəmə iclasını açan sədr Ə.Qasımov H.Məmmədovun şikayət ərizəsinin əsas məğzini şərh edib vaxtlarının xeyli məhdud olduğunu nəzərə alaraq vəkilin qısa şəkildə fikirlərini izah etməsini xahiş etdi.


Vəkil R.Məmmədov bildirdi:
- Möhtərəm Məhkəmə, mən bir-iki cümlə ilə fikrimi ifadə etmək istəyirəm. Tutaq ki, tibbi ekspertiza belə qərara gəlib ki, H.Məmmədovun sağ budunda və sol baldırında bu günə qədər dərin iz buraxmış sıyrıqlar onu maşına otuzdurarkən, “avtomobilin qabarıq tinli hissələri ilə müayinə olunan aşağı ətraflarının ön müvafiq nahiyələrinin təmas sahələrində sürtünməsi nəticəsində törənmişdir”. Bəs buna hüquqi qiymət verən məhkəməyə aşkar deyil ki, bu günəcən yəni artıq altıncı aya qədər sol baldırında bir neçə millimetr dərinlikdə sıyrıq belə toxunmadan yarana bilməz. Baxın bu şəkilə (əli ilə göstərir) görün ilkin xəsarət nə qədər ağır olmuş və hətta həmin yerdən dəri sallanır. Heç sürtünmədən belə sıyrıq yarana bilərmi? Nə üçün H.Məmmədova işgəncə verən polis işçilərinin bu əməlinə hüquqi qiymət verilmir? Nə üçün bu işgəncə faktoru açıq-aşkar şəkildə gizlədilir? Nədir prokrorluğun və məhkəmə sisteminin bu qanun pozuntusunu ört-bastır etməkdə məqsədi? Odur ki bir daha sizdən xahiş edirik ki, əvvəlki məhkəmə instansiyasının bu barədə qərarı ləvğ edilsin və H.Məmmədova işgəncə verilməsinə hüquqi qiymət verilsin.
Hakim sözü H.Məmmədova verdi və xahiş etdi ki, o da fikrini qisa şəkildə ifadə etsin.
H.Məmmədov bildirdi:
- Möhtərəm məhkəmə, bilirəm ki vaxtımız doğurdan da xeyli məhduddur, belə ki hələ neçə növbəti işə baxmalısınız. Vaxtınız dəyərli və bəlkədə hər dəqiqəniz qızıldı. Odur ki, sizə böyük məsrəfçilik zərbəsi vurmadan mən də qısa formada fikrimi bildirəcəyəm. Başa düşürük ki, hər hansı digər sifarişli işə münasibətdə olduğu kimi bu işimizdə də heç bir yenilik olmayacaq. Səbayel rayon məhkəməsinin məlum qərarini qüvvədə saxlayacaqsınız. Amma vicdani borcum hesab edərək bəzi vacib məqamları nəzərinizə çatdırmalıyam. Əvvala, məni siyasi məhbus kimi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə kifayət qədər hüquq müdafiə təşkilatları və beynəlxalq təşkilatlar rəsmən tanıyıb. Təbii ki, başımıza gətirilən bu işgəncə faktorunun ictimailəşdirilməsində əsas məqsədimiz – ölkəmizdə bu bəlaya - insanın şərəf və ləyaqətini alçaldan ən dəhşətli hala qarşı qətiyyətli mübarizə aparılmağın vacibliyini nümayiş etdirməkdir. Əminəm ki, heç biriniz övladlarınızın, ya yaxınlarınızın işgəncəyə məruz qalmasından heç cürə xoşhal ola bilməzsiniz. Elə isə özünüzə rəva bilmədiyinizi digərlərinə də rəva bilməməliyik. İşgəncəyə qarşı birgə mübarizə aparmalıyıq. Sanıram, məhkəmə, ya prokurorluq tibbi ekspertizanın rəyinə də ədalətli hüquqi qiymət verməyi bacarmalı, qərarlar və rəylər bir-biri ilə ziddiyyət təşkil etməməlidir. İndi vəkilin dediyini qoyaq bir yana. Səbayil rayon məhkəməsinin qərarından iki bir-birini təkzib edən fikri oxuyacam: “H.Məmmədovun şikayətinin məzmununa əsasən o, 21 iyun 2012-ci il tarixdə 6-7 nəfər mülki geyimli şəxslərin hücumuna məruz qalmışdır. Həmin şəxslər özlərini təqdim etmədən, kimliklərini bildirmədən onun qollarını tutmuş, dizlərinin aşağı nahiyəsinə vuraraq ona çoxsaylı sıyrıq və qamçılarla müşaiyət olunan xəsarətlər yetirmiş, sağ qabirğaaltı nahiyəsinə vuraraq onu halsız bir vəziyyətə gətirmiş, sağ yan cibinə girərək (sonra narkotik vasitə olduğu bəlli olmuş) nəsə qoymuş, onu söyərək zorla maşına oturtmuş, qollarına qandal vurmuş, bundan sonra da fiziki təhqirləri davam etdirərək başına, sifətinə, sinəsinə qapaz, yumruq və şillə vurmuşlar...”

Möhtərəm məhkəmə, göründüyü kimi, qeyd edilən xəsarətlərin maşına otuzdurularkən baş verdiyini bildirmişik. Maşında isə baş, sifət və sinəmə zərbələr vurulmuşdur.

İndi isə gəlin görək, 213/MEŞ N-li 23 avqust 2012-ci il tarixli məhkəmə-tibbi ekspertizanın rəyinədə nə bildirilir: “H.Məmmədovun sol baldırın orta üçdə birinin ön səthində 2 ədəd və sağ budun orta üçdə birinin ön səthində 1 ədəd sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) tərəfindən əmələ gəlmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 iyun 2012-ci il tarixi inkar etmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. H.Məmmədovun sol baldırında və sağ budun ön səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyalarına və minik avtomobilinin məhz bu forma və xarakterlərdə sıyrıq xəsarətlərinin digər şəxs və ya şəxslər tərəfindən yetirilməsi üçün tələb olunan şəraitlə ziddiyyət yaratdiğı üçün həmin xəsarətlərin müayinə olunan H.Məmmədovun izahatinda göstərdiyi şəraitdə yetirilməsi inkar olunur. Beləliklə yuxarıda qeyd olunanlar əsas verir ki, H.Məmmədovun sol baldırının və sağ budunun ön səthində aşkar edilmiş xəsarətlər onu avtomobilə mindirərkən, avtomobilin qabarıq tinli hissələri ilə müayinə olunan aşağı ətraflarının ön müvafiq nahiyələrinin təmas sahələrində sürtünməsi nəticəsində törənmişdirlər. H.Məmmədovun izahat və ifadələrində qeyd etdiyi şəraitdə, yəni avtomobilin salonunda onun başına, kürəyinə, sinəsinə zərbələr vurulması nəticəsində yaranmağa uyğun 22 iyun 2012-ci il tarixdə ilkin, həm də 23 avqust 2012-ci il tarixdə təkrar məhkəmə-tibbi müayinələri zamanı hər-hansı bir xəsarət və xəsarət izləri aşkar edilməmişdir”.

Möhtərəm məhkəmə, göründüyü kimi əsil ziddiyyəti məhz tibbi-ekspertizanın elə öz rəyi yaratmışdır: yəni, mən izahatımda bu ayaq sıyrıqlarının məhz maşından kənarda, yəni, maşın salonunda olmayanda almışam. O ki qaldı maşında başıma, sinəmə dəyən zərbələrə, əvvəla, nə başım, nə də bədənim rentgendən keçirilməmişdir, sanıram, lap sonralar keçirilsə də (bu işə aidiyyəti olmadan) bir xəsarətin qeydə alınmaması heç də o demək deyildir ki, mən o zarbələrə məruz qalmamışam. Keçən dəfə, Səbail məhkəməsində bu zalda oturan gənc prokuror köməkçisi bildirdi ki, əgər başda, bədəndə xəsarət izləri olsaydı, rentgen aşkar etməliydi. Mən isə ona demişdim ki, bəlkəm, başımı, qabırğalarımı sındırmalıydılar ki, rentgen aşkar edəydi?! Ya mən bu gün havalanmalı danışmalı idim ki, Siz inanasınız?! Hərçənd ki, heç bu hallarda da zəmanət yox idi ki, içgəncə faktoru qəbul ediləcək... Güman ki, bu gənc prokuror hesab edir ki, başa-sinəmə dəyən zərbələr yalnız ağır fəsadlar törətdikləri (yəni, qabırğa sindiqda, ya baş yarıya bölündükdə və i.a hallarda) işgəncə yox, yəgin “sığal” hesab edilməlidir...

Möhtərəm hakimlər, Səbail məhkəməsində bu prokurora sual verdim ki, “heç sürtünmədən adamın ayağında indi də izi itməmiş 2-3 mm dərinlikdə sıyrıq qala bilərmi?!” Cavab verdi ki, “mümkündü, o da maşına oturanda pencəyi qapı ağzında qalıb və 1 düyməsini itirib”. Doğrudur mən onu “bəs ayağında necə, bir sıyrıq zad əmələ gəlməyibki?!” - deyəndə, cavab verməmişdi.

Möhtərəm məhkəmə! Bağışlayın ki, qızıl vaxtınızdan bir qədər aldım. Amma vallahi bunu elə sizin, ölkəmizin imicini qorumaq məqsədilə edirəm. Axı sabah Avropada da bu ziddiyyətli qərarlarınızı oxuyub təəccüblənəcəklər.Yəni Azərbaycan məhkəməsi o günə düşüb ki, heç saxtakarlığı da əməlli-başlı düzüb-qoşa bilmirlər?



Vallahi, xəcalət çəkirəm, möhtərəm məhkəmə, mən alim, müəlliməm. Belə bisavad tələbəmə də yəqin ki, müsbət qiymət yazmazdım. Axı siz məhkəmə işçiləri bir sənədi tərtib edəndə heç olmasa, ən elementar hüquqi qanun, məntiq və qaydalara riayət etməlisiniz. İndi Avropada bu qərarlarınız ölkəyə növbəti utanc gətirməyəcəkmi? Bu qədər... Bir daha dəyərli-qızıl vaxtınıza məsrəfçilik gətirdiyimə görə “günahımdan” keçin...
Hakimlər az qala gülüşlərini belə gizlətmədən H.Məmmədovun nitqini dinləyəndən sonra sözü prokurora verdilər. Prokuror demək olar ki, yeni bir şey demədən məhkəmədən bir daha xahiş etdi ki, “H.Məmmədovun cinayət işini həyata keçirən Baş prokurorun 1-ci müavini 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqinda” 27 avqust 2012-ci il tarixli qərarindan məhkəmə nəzarət qaydasinda şikayəti əsassiz olduqundan təmin edilməsin”.

Məhkəmənin məşvərəti heç 1-2 dəqiqə də çəkmədi. Elə formal olaraq qapı arxasnda gülüşüb (yəqin lətifə danışırmışlar) zala daxil olaraq şikayətin təmin olunmaması barədə əvvəlcədən hazırlanmış mətnin son abzasını oxudular...
Yüklə 19,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə