Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


BƏHAİ DİNİNİN TARİXİ OÇERKLƏRİ



Yüklə 0,66 Mb.
səhifə2/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

BƏHAİ DİNİNİN TARİXİ OÇERKLƏRİ




1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı bir gənc Özünü İmam Mehdi Sahib-əz-zaman elan edərək “Bab” (ərəbcə “qapı” deməkdir) adlandırır. Bil­di­rir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitabların vəd et­diyi Allahın tezliklə zühur etdirəcəyi Kəsi qəbul etməyə ha­zır­­lamaqdır. Bununla belə, Babın ruhani dirçəlişə, xurafat­dan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadın­la­rı əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. Hərəkat sək­kiz il sonra çətinliklə yatırılır. Bab edam edilir. On minlərlə insan öldürülür. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli – Bəhaul­lah (ərəbcə “Allahın Nuru” deməkdir) həbsxa­naya sal­ınır. Sonra həbsxana İraqa sürgün ilə əvəz olunur. 1863-cü ilin baharında (aprelin 21-dən mayın 2-ə kimi) Bəhaullah Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Bəşəriyyətə Allahdan Yeni İlahi təlimin nazil olduğunu bildirir. Bəhaullah Babın ilahi məqamını – Babi və Bəhai dinlərinin Peyğəmbəri və Yeni İlahi Vəhyin (Bəhaullah Əhdinin) Müjdəçisi olduğu­nu təsdiq edir. Bab Bəhai dininin Yerdə qurmaq istədiyi İlahi Sivilizasiyaya açılan Qapı idi.

İran İlahi Zühur həsrətində
İran ölkəsi hər tərəfdən yüksək dağlarla əhatə olunmuş geniş yayladan ibarətdir. Ölkənin mərkəzində Böyük duzlu səhra, şimalda Xəzər dənizi və Turan səhrası, cənubda Fars körfəzi və Hind okeanı yerləşir.

Bəhai dinin yarandığı şəraiti qiymətləndirərkən nəzərə almaq lazımdır ki, XIX əsrin başlanğıcında bütün Orta Şərq siyasi, iqtisadi və ictimai tənəzzülə qərq olmuşdu. Uzun illər qonşu ölkələrlə üzücü müharibələr aparmış İran dövləti də XVIII əsrin sonları və XIX əsrin əvvəllərində çox dərin böhran içində idi. Qədimlərdə böyük imperiyalar yaratmış İran xalqı XIX əsrin astanasında zəifləmiş və dünyadan təcrid olunmuşdu. Bir ovuc adam zənginlik içində üzdüyü halda, əhalinin böyük əksəriyyəti yoxsulluqdan əziyyət çəkirdi. Bəzi şəxslərin islahat cəhdlərinə geniş yayılmış korrupsiya və hakimiyyətdən sui-istifadə mane olurdu. İranın hakim dairələri pozğunlaşmış və çıxılmaz maliyyə çətinlikləri qarşısında qalmışdı. Əhalisinin bö­yük əksəriyyəti kəndlilərdən, sənətkarlardan, tacirlərdən və kö­çə­rilərdən ibarət olan bu ölkədə mövcud ictimai işlər də ümidsiz halda idi. Yoxsulluqdan, zülm və haqsızlıqdan təngə gəlmiş in­san­lar ölkəni tərk edib, qonşu məmləkətlərə üz tuturdu. Ölkə daxilində istehsalın azalması və dövlətin zəifləməsi səbəbindən yolların səfərlər üçün bərbad və qorxulu olması ticarəti iflic vəziyyətinə salırdı. Yollarda quldurluq və talan adi işə çevril­mişdi. Ölkənin şəhər və kəndləri çirkli və üfunətli idi. Tez-tez baş verən yoluxucu xəstəliklər ölkə əhalisi üçün əsl bəlaya çev­rilmişdi.

Bununla bərabər ölkədə dünyəvi elmlərin tədrisinə etina­sızlıq göstərilir, Qərb elmləri və mədəniyyəti murdar və dinə zidd sayılırdı. Ağlasığmaz ədalətsizliyi ilə ad qazanmış şəriət məhkəmələri məzhəkəni xatırladırdı. Bir-birini tez-tez əvəz edən Qacar nəslinin şahlarının bəziləri zəif, bəziləri isə son dərəcə qəddar idi. İranın din xadimləri – ruhanilər özlərinin riyakarlığı və dözümsüzlüyü ilə Şərqdə ad qazanmışdılar. Xalq savadsız, avam və mövhumatçı idi. Məzlum insanların zülm və haqsızlıqlara qarşı çıxışları xüsusi amansızlıqla yatırılırdı; kəsilmiş başlar nizəyə taxılıb şəhər meydanlarında düzülür, şaqqalanmış bədənlər qala divarlarından asılır, çıxardılmış gözlərdən təpəciklər düzəldilirdi.

İran əhalisinin böyük əksəriyyəti İslamın şiə məzhəbinə mənsub idi. Lakin ölkədə xeyli sayda sünnilər, zərdüştilər, yəhudilər və müxtəlif xristian təriqətləri də (aysorlar, ermənilər və s.) vardı. Onların hamısı özlərini tək olan Allahın ümməti hesab etsələr də, bir-birlərindən kənar gəzir, nifrət edir və alçaq nəzərlərlə baxırdılar. Hər bir təriqət digərini murdar və kafir sayırdı. Yəhudi və zərdüşti üçün yağışlı gündə küçədə gəzmək qorxulu idi, onlardan hər hansı birinin islanmış paltarı müsəl­ma­na toxunsaydı, onu murdarlaya bilərdi və o bu təhqiri öz həyati bahasına ödəməliydi. Əgər müsəlman yəhudidən və ya xristian­dan pul almış olsaydı, onu cibinə qoymazdan əvvəl yuyub pak etmə­liydi.

Bununla belə, İran həm İslam, həm də Xristianlıq üçün böyük əhəmiyyət kəsb edirdi. Çünki bu ölkə hər iki dinin Mü­qəd­dəs Yazılarında xatırlanmışdı. XIX əsrin əvvəllərində Töv­rət yazılarını tədqiq etmiş keşiş X.Bonar Assuriya və İranla bağlı pey­ğəmbərlikləri qəbul etsə də, özünün etiraf etdiyi kimi, bu yer­lərin “Axır zamanda” hansı səbəbdən bəxtiyar olacağı ona aydın deyildi.

Bu zamanlarda İranın şiə əhli dünyada nə isə fövqəladə bir hadisənin baş verəcəyini həyəcan və qorxu içində gözləyirdi. Çünki hicri-qəməri təqvimi ilə On ikinci İmam Mehdi Sahib-əz-zamanın müəmmalı şəkildə qeybə çəkilməsinin min ilinin tamamı yaxınlaşırdı. Onlar inanırdılar ki, o hələ sağdır və özü­nün əvvəlki görkəmində zühur edəcəkdir. Onun padşahlığına, Onun şöhrətinə, qələbələrinə və “əlamətlərinə” dair peyğəm­bər­likləri maddi baxımdan izah etməyə çalışırdılar. Onlar gözləyirdilər ki, Mehdi saysız-hesabsız qoşunu ilə gələcək və özünü ali hökmdar elan edəcək, Yerdə ədaləti bərpa edəcək, zalımları, günahkarları cəhənnəmə vasil edəcək, yoxsulluğun, səfalətin, bəlaların kökünü kəsəcəkdir. Hökmdarlıq taxtında əyləşən Mehdinin Yerdə quracağı Ədalət cəmiyyəti min il davam edəcəkdir.

Həmin illərin hadisələrinin canlı şahidi və salnaməçisi Nəbil Zərəndi öz kitabında İlahi Zühurun nə üçün 1260-cı (1844) ildə baş verəcəyini belə izah edirdi:

Vəd olunmuş Şəxsin 60-cı illərdə zühur edəcəyi Həzrət Peyğəmbərdən (Məhəmməd peyğəmbər nəzərdə tutulur) və pak imamlardan nəql olunan hədislərdə qeyd edilmişdir. Həzrət Imam Cəfər Sadiq Qaimin nə zaman zühur edəcəyi barədə ona verilmiş sualın cavabında buyurmuşdur: “60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq.”



Mirzə Məhəmməd Əxbari bir sıra şerlərində Qaimin zühur edəcəyi ildən bəhs etmişdir və onların məzmunu belədir ki, “ağac” ilində (1260-ci il) yer üzü Qaimin nuru ilə işıqlanacaq, “ağac” ilində dünyanı Onun əzəməti bürüyəcək, əgər “ağac” ilinə qədər sağ qalsan, xalqların, hökmdarların, insanların və dinin yeniləşməsini öz gözünlə görəcəksən.

Möminlərin əmiri Həzrət Əli ibn Əbu Talibin dilindən nəql olunan hədisdə buyurulur ki, “ağac” ilində İlahinin doğru yol göstərən ağacı dünyada əkiləcəkdir”.

Həmin günlər imam Mehdi Sahibəzzamanın tezliklə zühur etməsinə inam şeyxilər təriqətində daha güclü idi. Lakin şeyxilər sözü gedən peyğəmbərlikləri məcazi mənada şərh edir­dilər. Təriqətin başçısı Şeyx Əhməd Əhsai hesab edirdi ki, zühur edəcək şəxsin hakimiyyəti mistik olacaqdır. Onun şöhrəti dün­yəvi deyil, ruhani xarakter daşıyacaqdır. Onun qələbələri insan qəlb­lərinin qalalarını fəth etməkdən ibarət olacaqdır. Şeyx Əh­məd inanırdı ki, gəlişi hələ çox qədimlərdən xəbərdarlıq edilmiş Allahın bu Elçisi bütün xalqların gözlədiyi bəşəriyyətin böyük Müəl­limidir. Şeyx Əhmədin əqidəsinə görə, Onun dünyada görün­məsi bəşəriyyət üçün Yeni Eranın, Əbədi Sülhün yaran­masının və bütün dinlərin birləşməsinin başlanğıcı olacaqdır.

Şeyx Əhməd əvvəlcə İraqa – Nəcəf şəhərinə, sonra isə müsəlmanların müqəddəs şəhəri Kərbəlaya yola düşür. Məhz burada, Kərbəlada Şeyx Əhməd özünün vaizçilik fəaliyyətinə başlayır və yalnız bundan sonra İrana dönür. Orada o, Seyid Kazım adlı cavanla görüşür. Şeyx Əhmədin təlimi haqqında eşi­dən Seyid Kazım Rəşti onunla görüşməkdən ötrü məxsusi olaraq ölkənin bir tərəfindən digərinə gəlmişdi. Şeyx Əhməd onu se­vinc­lə qarşılayır. O, anlayır ki, Seyid Kazımın simasında bilik­lərini və ürəyindəki niyyəti bölüşdürə biləcək adamı tap­mış­dır. Onlar birlikdə səyyahət etməyə və başqa insanları öyrət­məyə başlayırlar.

Şeyx Əhməd Əhsai 1826-cı ildə Seyid Kazım Rəştini öz varisi təyin edib dünyasını dəyişir. Müəlliminin vəfatından son­ra Seyid Kazım Kərbəlada məskən salıb, İlahi Zühur haqda Şeyx Əhmədin vaizçiliyini davam etdirir. Onun yanına oxumağa gələnlərdən biri Molla Hüseyn adlı şəxs idi. Molla Hüseyn gözəl dini təhsilə malik idi. Seyid Kazım ümidini Molla Hüseynə bağlayaraq, onu xüsusi göstərişlə İrana göndərir. Zühurun baş verəcəyi vəd olunmuş vaxt yaxınlaşdıqca qocalıb taqətdən düşmüş Şeyx Kazımın həyəcanı çoxalırdı. O, bir gün şagidlərini yanına çağıraraq, onlara İranın şəhər və kəndlərinə səpələnib Onu axtarmağı, bundan ötrü rahatlıqlarından, mallarından, lazım gələrsə, canlarından keçməyi göstəriş verir. Onlara zühur edəcək Kəsin əlamətlərini deyir:

O, alicənab nəsildəndir, Peyğəmbərin nəslindən. O, yaşca cavandır, lakin fitri biliklərə malikdir. Onun təlimi Şeyx Əhmədin vəzinə əsaslanmır, Ona Allahdan gəlir. Onun sonsuz bilikləri yanında mənim biliyim damcıdır; mənim bacardığım Onun Qüdrətinin möcüzəli üzü qarşısında yalnız toz zərrəciyidir. O, orta boyludur, qeyri-adi möminliyi ilə seçilir”.

Seyid Kazım Rəştinin vəfatından sonra, Onun sevimli şagirdi Molla Hüseyn başda olmaqla ardıcılları İranın şəhər və kəndlərinə səpələnib, Zühur edəcək Kəsin axtarışına başlayırlar.

Bu zaman İran məmləkətindən min kilometrlərlə uzaqda, Amerika, Avropa və xristian dünyasının digər yerlərində insanlar həyəcan içində idi. Asiyada Volf, İngiltərədə Edvard İrvinq, Şotlandiyada Meyson, Cənubi Korolinada Deyvis, Pensilvaniyada Uilyam Miller, Almaniyada Leonard Kelber bir-birlərindən xəbərsiz Tövrət və İncil Yazılarının tədqiqi əsasında nəticə çıxarırlar ki, zamanın sonu çatıbdır və 30-50-ci illər arasında Həzrət İsa Məsihin ikinci zühuru baş verəcəkdir. ABŞ Konqresinin nümayəndələr palatasında bu haqda məruzələr dinlənilir. 1844-cü ildə ”Gəlişin” həyəcanı özünün ən yüksək nöqtəsinə çatır. Fələstin, Türkiyə, Əfqanıstan və bəzi ölkələrdə Qiyamət Gününün yaxınlaşması təbliğ olunurdu. Uilyam Mille­rin təbliğatı Amerikada “Adventistlər kilsəsi”nin yaranmasına səbəb olur.

U.A.Spayser “Müasirlik peyğəmbərliklər işığında” kitabın­da qeyd edir: “Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rə­yə gəliblər ki, Daniyel Peyğəmbərin Bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və 1844-cü il “Qiyamət Günü” olacaqdır”.

İran əhli kimi xristianlar da bu zühuru fövqəladə hadisələrin baş verməsi kimi anlayırdılar; İsa Məsih buludlar üstündə mələklərin əhatəsində yerə enməli, Yerdə qurduğu İlahi Səltənətin hökmdarı olmalı idi.

Həzrət Babın Bəyanı
İlahi Zühuru tapmaq eşqi ilə İranın şəhər və kəndlərini dolaşan Molla Hüseyn və Seyd Kazımın üç ardıcılı Şiraz şəhərinə çatır. Molla Hüseyn dostlarını şəhərə göndərir, özü isə şəhər divarının bayırında dayanır. Bu zaman yaşıl çalmalı (bu onun seyid olduğunu göstərirdi) bir cavan ona yaxınlaşır və Molla Hüseyni öz evinə dəvət edir. Naməlum cavanın nəzakəti, dostcasına danışığı və səliqəli geyimi Molla Hüseynə çox yaxşı təsir bağışlayır və onun təklifini qəbul edir.

Şirazın şəhər divarlarının bayırında Molla Hüseyni qarşılayan cavanın adı Seyid Əli Məhəmməd idi. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən idi. O, 20 oktyabr 1819-cu ildə Şirazda anadan olmuşdu. Valideynlərini erkən yaşlarında itirmiş Seyid Əli Məhəmməd dayılarının himayəsi altında böyümüşdü. Dayısı Seyid Əlini birinci dəfə məktəbə göndərəndə müəllim onu geriyə qaytarır. Müəllimin dediyinə görə, onun öyrətmək istədiyi bütün məsələlərin hamı­sını uşaq artıq bilirdi. Əli Məhəmməd kitablardan oxumadığı və kimsədən öyrənmədiyi qeyri-adi fitri biliyə malik idi. Bu biliklər ona ən çətin, hətta müəllimlərin bilmədiyi suallara cavab verməkdə köməklik edirdi. Yeniyetmə ikən Əli Məhəm­məd dayısının ticarət kontorunda çalışaraq Şiraz və Buşir limanında onun işləri ilə məşğul olurdu. Seyid Əli Məhəmməd Molla Hüseyn ilə görüşən vaxt artıq on ilə yaxin idi ki, ticarət ilə məşğul idi. O, anasının xalası qızı ilə evli olub, həmin nigahdan Əhməd adlı oğlu olmuş və o hələ uşaq ikən vəfat etmişdi. Molla Hüseyni qarşılayıb, onu Şirazın kənarında yer­ləşmiş evinə dəvət edən naməlum gəncin şəxsiyyəti belə idi...

Axşam namazının vaxtı çatır. Hər iki gənc namaza durur­lar. Namaz zamanı Molla Hüseyn Allahdan Vəd edilmiş Zühuru tap­maqda ona yardımçı olmasını diləyir. Onlar ibadətlərini qurtarıb söhbətlərini davam etdirirlər. Ev sahibinin səmimiy­yətindən və nəzakətindən təsirlənmiş Molla Hüseyn ürəyinin ən böyük arzusunu ona açır, səfərinin və axtarışının məqsədini danışır. Onu diqqətlə dinləyən Əli Məhəmməd Seyid Kazımın göstərdiyi əlamətlərlə maraqlanır. Cavabında Molla Hüseyn müəllimindən eşitdiyini təkrar edir: “O, alicənab nəsildən­dir...fitri biliyə malikdir...cismani qüsurları yoxdur...”

Molla Hüseyn söhbətini bitirir və bir-neçə dəqiqə otaqda sükut hökm sürür. Sonra Seyid Əli Məhəmməd təmkinli, lakin hökmlü və güclü səsi ilə deyir: “Görürsənmi, bütün bu əlamətlər məndə vardır”. Molla Hüseyn heyrətlənir və etiraz etməyə başlayır. O deyir ki, Vəd Edilmiş qeyri-adi müqəddəs şəxs olmalıdır. Onun bəyan edəcəyi Əmr isə ən Qüdrətli Əmr olacaqdır. Sonra O, öz etirazını kəsərək, bir-neçə il əvvəl yaz­dığı vərəqi çıxarır. Yazıda Şeyx Əhməd və Seyid Kazım təli­minin ən mürəkkəb yerlərinin şərhinə cəhd edilmişdi. O, ev sahibindən bu yazıya baxmağı xahiş edir. Seyid Əli Məhəmməd bu yazını sürətlə oxuyur və Molla Hüseynin rast olduğu bütün çətin yerlərin sadə və aydın izahını verir. Sonra Seyid Əli Məhəmməd deyir:

İndi isə Yusif surəsinin mənasının açıqlanması vaxtı çatdı.”

Təəccüb və böyük sevinc hissi Molla Hüseyni çuğlayır. Yusif surəsi Quran-i-Kərimin onuncu surəsi idi. Bir dəfə Molla Hüseyn Seyid Kazımdan onun üçün bu surəyə şərh yazmağı xahiş edir. “Bu mənim imkanım xaricindədir,” deyə Seyid Kazım cavab verir, “Məndən sonra gələcək O Qüdrətli Kəs sənin xahişin olmadan onu sənə izah edəcəkdir”.

Müəlliminin Molla Hüseynə öncədən söylədiyi kimi, ev sahibi qələmini götürərək yazmağa başlayır. Sözləri yaza-yaza, O, onları məlahətli bir səslə zümzümə edirdi. Sonralar ”Hökmdarlıq surəsi” adlanan bütöv bir fəsli yazıb qurtarmayınca O, qələmini yerə qoymur. Onun səsinin və dediyi sözlərin gücündən məftun olmuş Molla Hüseyn isə yerdə oturub Onu dinləyirdi.

Beləliklə, həmin gecə Seyid Əli Məhəmməd öz Missiyasını Molla Hüseynə elan edir və Bab adını götürür. Bu hadisə 1844-cü il may ayının 22-də gün batandan 2 saat 11 dəqiqə sonra baş verir. Bu tarix və vaxt Bəhai dinin ardıcılları tərəfindən Bəşəriyyətin tarixində Yeni Eranın başlanğıcı kimi qeyd edilir.

Ey Mənə birinci iman gətirmiş! – məhz bu sözlərlə O, Molla Hüseynə müraciət edir – Mən, həqiqətən deyirəm, Mən Babam, Mən Allahın qapısıyam!”

“Bab” sözü ərəbcə “qapı” mənasını bildirir. Bununla da Həzrət Bab Özünü Sülh və Ümümdünya qardaşlığının Yeni Erasının qapısı kimi təqdim edirdi.

Molla Hüseyn onu axtaran dostlarını və vaxtı unudaraq bütün gecəni oturub, Həzrət Babın söhbətinin davamına qulaq asır. Bu zaman şəhər şirin yuxuya qərq olmuşdu. Həzrət Bab Molla Hüseynə xəbərdarlıq edir ki, O, bir müddət gördükləri və eşitdikləri haqda heç kimə, hətta səfər dostlarına belə danışmamalıdır. Həzrət Bab deyir: “Məni əvvəlcə on səkkiz adam, bir-birindən xəbərsiz, öz ürəklərinin səsi ilə tanımalı­dır­lar. Çağırışsız və dəvətsiz, bir-birlərindən asılı olmadan, onların hamısı mənə olan yollarını tapacaqlar”.

Şiraz məscidlərində səhər azanı veriləndə Molla Hüseyn Həzrət Babın evini tərk edir. Bu zaman onun ürəyi sevinc, fərəh, ilham və ehtiram hissi ilə çırpınırdı. Sonralar Molla Hüseyn etiraf edirdi: “O gecə qəflətən mənə əyan olmuş ilahi Əmrin həqiqəti ildırım kimi bir müddət mənim vücudumu sarsıtdı. Gözlərim Onun işığından qamaşırdı, Onun fövqəladə gücü bütün varlığıma hakim kəsilmişdi. Həyəcan və sevinc, qorxu və heyrət qəlbimi bürümüşdü. Eyni zamanda özümdə təsvirə gəlməyən bir yüngüllük və qüvvə hiss edirdim. İlahi Əmri dərk etməzdən öncə o qədər zəif və gücsüz idim ki, deyiləsi deyil. Bir şey yaza bilmirdim, yol yeriyə bilmirdim, əlim-ayağım həmişə əsir və titrəyirdi. Amma İlahi Əmrin Məzhərini tanıdıqdan sonra mənim vücudumda cahilliyin yerini ilahi bilik, zəifliyin yerini qəribə bir güc və qüvvət tutdu. Mənə elə gəlirdi ki, fövqəladə bir gücə malikəm, əgər bütün dünya, bütün insanlar mənə qarşı çıxsa, təkbaşına hamıya qələbə çala bilərəm. Dünyadakı bütün şeylər mənim gözümdə bir ovuc torpağa dönmüşdü”.

Bu görüşdən qırx gün keçməmiş Həzrət Babın digər ardıcılları da onu tanıdılar. Bir-birinin ardınca, hər birinə ayrılıqda, qeyri-ixtiyari, kimə namaz vaxtı, kimə yuxuda ikən Şiraz tacirinin yeri ayan olur. Onların hamısı əvvəllər Seyid Kazımın şagirdləri olmuşdular. Vaxtilə Molla Hüseyni Şiraza gətirmiş həmin qüvvə, indi də onları İranın cənubundakı bu şəhərə cəzb edirdi. Sonuncu olaraq Quddus adlı gənc yorğun və toza bulaşmış halda Şiraza çatır. O, Molla Hüseyni küçədə görərək, təşviş içində İlahi Zühurun axtarışı ilə bağlı sorğu-suala tutur. Molla Hüseyn çox çalışsa da onu sakitləşdirə bilmir. Bu zaman Quddus küçədə Həzrət Babı görür. “Sən nə üçün Onu məndən gizlətmək istəyirsən?” – deyə Quddus üzünü heyrə­tindən özünü itirmiş Molla Hüseynə çevrir. – “Axı mən Onu hətta yerişindən belə tanıyacaqdım! Əminliklə şəhadət verirəm ki, nə Şərqdə, nə də Qərbdə Ondan başqa heç kim haqq olmasına iddia edə bilməz. Heç kim Onun müqəddəs şəxsiyyəti tək Əzəmət və Cəlal saça bilməz”.

Beləliklə, Həzrət Babın 18 şagirdi Onu tanıyaraq, Ona iman gətirirlər. Quran-i-Kərimdə buyrulur:

Biz onu Səqərə atacağıq! Sən nə bilirsən ki, nədir Sə­qərə! O qoymaz və buraxmaz! O, insanı yandırıb yaxar! Onun ü­stün­də on doqquz nəfər vardır”(Əl-Muddəssir, 26-30)

Bu ayədə Allah İlahi Zühuru inkar edənləri, Ona qarşı təkəbbür göstərənləri və Onun sözlərini saya salmayanları cəhənnəm alovuna atacağına söz verir. Sonra Allahın insanları cəhənnəm alovundan, müharibə, nifrət, dağıntı və əzabdan qurtaracaq “On doqquz nəfəri” göndərmək istəyindən söhbət açılır. Həzrət Bab Öz Missiyasını elan edərkən, Ona ilk iman gətirən 18 nurlanmış qəlb olmuşdur. Bab onları “Canlının Hərfləri” adlandırmışdı. On səkkiz nəfər Canlının Hərfləri və on doqquzuncu Həzrət Babın Özü həmin “On doqquz nəfərdir” ki, Quran-i-Kərimdə buyrulduğu kimi, xalqları məhv olmaqdan xilas etməlidirlər.

Həzrət Bab Şiraza toplanmış şagidlərini çağıraraq, onlara İranın hər yerinə səpələnib, Onun təlimini yaymaq və insanların ürə­yini Allahın Aşkarlayacağı kəsin gəlişinə hazırlamaq gös­tə­rişini verir, onlara bu işin böyük məsuliyyətindən danışır, ehtiyatlı və mötədil olmağa çağırır, göstərdikləri səylərə görə on­ları işgəncə və ölüm gözlədiyini xəbərdalıq edir.

Ey mənim əziz dostlarım, indi siz İlahi Kəlamın daşıyıc­ılarısınız. Allah öz sirlər xəzinəsini sizə etibar edib ki, siz ilahi Əmri hər yana yayasınız, öz danışıq və rəftarınızın düzgünlüyü ilə ilahi Nurun gücünü nümayiş etdirəsiniz. Sizin bədəninizin bütün əzaları məqamınızın ucalığına dəlalət etməli, həyatınızın təmizliyindən və məqsədinizin böyüklüyündən söz açmalıdır. Çünki bu, həmin Gündir ki, Ulu Allah onun barəsində Quranda buyurub:Bu gün Biz onların ağızlarını möhürləyirik, onların tutduğu əməllər barədə bizə onların əlləri danışar, ayaqları isə şahidlik edər”(Yasin surəsi, 65-ci ayə)....



Ey hürufi-həyy, ey mənə iman gətirənlər! Bilin ki, bu günün əzəməti ötən günlərə nisbətən qat-qat artıqdır, onlar heç cür müqayisəyə gəlməz. Siz o kəslərsiniz ki, zühur səhərinin işığını gördünüz, Əmrin sirlərindən agah oldunuz. Hümmət kəmərinizi möhkəm bağlayın və o Quran ayəsini xatırlayın ki, bu gün barəsində buyurur: “Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı gün” (Fəcr surəsi, 22-ci ayə). “Ürəklərinizi dünyəvi arzu və istəklərdən təmizləyin, özünüzü ilahi əxlaqla bəzəyin! Yaxşı əməllərinizlə Allah kəlamının doğruluğunu sübuta yetirin və daim Quranın bu ayəsini nəzərə alın ki, “əgər Ondan üz döndərsəniz, sizi sizlər kimi olmayan başqa bir tayfa ilə əvəz edər” (Məhəmməd surəsi, 38-ci ayə). “Elə etməyin ki, başqaları gəlib İlahi Səltənəti sizdən alsınlar, siz isə binəsib qalasınız. Yorğunluq və əzginlik gətirən ibadətlərin kifayət etdiyi dövr çatıb. Bu gün elə bir gündür ki, hər bir kəs pak qəlbi, gözəl əməlləri və həqiqi möminliyi sayəsində ilahi Ərşə ucala bilər, Allah dərgahına yaxınlaşıb, Onun tərəfindən qəbul oluna bilər. Yaxşı söz Ona tərəf yüksələr və yaxşı sözü də saleh əməl ucaldar” (Fatir surəsi, 10-cu ayə).

Siz həmin yoxsul və əzilən insanlarsınız ki, Quranda sizin haqqınızda buyurulub: “Biz yer üzündə yoxsul və əzilən kəslərə mərhəmət göstərmək, onları başçı və varis etmək istədik” (Qəsəs surəsi, 5-ci ayə). Allah sizi bu ali məqama dəvət edir və siz yalnız o təqdirdə bu ali məqama yüksələ bilərsiniz ki, bütün dünyəvi istək və məqsədlərin üzərindən adlayıb, Qurandakı bu ayənin təsdiqinə çevriləsiniz:“Şərəfli bəndələri Ondan qabaq söz danışmaz və yalnız Onun əmri ilə iş görərlər” (Ənbiyə surəsi, 26-27-ci ayələr). Siz İlkin Nöqtədən (Həzrət Babın ləqəblərindən biri) ayrılmış ilk hərflərsiniz. Siz ilahi zühur çeş­məsindən axan dirilik suyunun bulaqlarısınız. Allahdan diləyin ki, sizi qorusun, dünyəvi istək və nemətlərin sizin paklıq və gözü­toxluğunuza xələl gətirməsinə, sizin şirinliyinizi acıya çevi­r­məsinə imkan verməsin. Mən sizi yaxınlaşan Allah günü üçün tərbiyələndirib hazırlamışam, istəyirəm ki, sizin əməllə­riniz Qüdrətli Hökmdar tərəfindən qəbul edilsin. Gələcək Allah gününün sirləri bu gün bəlli deyil. O günün yenicə doğulmuş körpəsinin məqamı bu günün yaşlılarından möhtərəm olacaq, o Zühurun dövründəki cahilin mərtəbəsi bu günün alimindən daha yüksək olacaq.

İndi isə dünyanın dörd bir tərəfinə səpələnin, sabit qədəm və təmiz qəlblə yolları Allah gününün gəlişi üçün hamarlayın. Öz zəiflik və gücsüzlüyünüzə baxmayın, öz qüdrətli Allahınızın qüvvət və əzəmətini nəzərdə tutun. Məgər Allahın köməkliyi ilə Həzrət İbrahim Nəmruda üstün gəlmədimi?! Məgər Allahın yardımı ilə Həzrət Musa Firona və onun adamlarına qalib gəlmədimi?! Baxmayaraq ki, Həzrət Musanın öz əsasından başqa bir silahı yox idi. Məgər Allah Həzrət Məsihin yəhudilər üzərində qələbə çalmasına şərait yaratmadımı?! Hərçənd Həzrət Məsih əleyhissəlam zahirən kimsəsiz və aciz idi. Məgər Allah ərəb qəbilələrini Həzrət Rəsula (s) tabe etmədimi?! Həmin vəhşi qəbilələr o Həzrətin müqəddəs təlimi sayəsində tərbiyələnib dəyişdilər və saflaşdılar. Odur ki, işinizə Allahın adı ilə başlayın, Allaha təvəkkül edin, Ona üz tutun və yəqin bilin ki, son nəticədə qələbə və zəfər sizinlə olacaq!”

İranda babilər hərəkatı

Babın ardıcılları onun təlimini yaymaq sevinci ilə ölkənin müxtəlif yerlərinə yola düşürlər. Onların insanlara çatdırdıqları Müjdə İranda qeyri-adi həyəcana səbəb olur. Müjdəni dinləmək üçün hər yerdə insanlar dəstə-dəstə toplaşır, Həzrət Babın şöhrəti isə gündən günə artırdı; dövlətli və kasıb, savadlı və savadsız, şəhərli və kəndli, hamı eyni dərəcədə imkan daxilində Onun haqqında çox eşitmək və çox bilmək istəyirdi. Bir neçə nüfuzlu din xadimi də Həzrət Babın ardıcılına çevrilir. Tezliklə bu Gəncin söhbəti ildırım sürətilə bütün ölkəyə yayılır və İranda kütləviliyinə görə tarixdə görünməmiş babilər hərəkatını törədir. On minlərlə insan bu hərəkata qoşulur.

Lakin Həzrət Bab özünü Mehdi elan etməklə kifayətlən­mir. O, “Birinci Nöqtə” müqəddəs adını qəbul edir. Bu titulla Məhəmməd Peyğəmbərin ardıcılları Ona müraciət edirdilər. Hətta imamlar öz məqamlarına görə “Birinci Nöqtə” dən aşağıda dayanırdılar. O, yeni təqvim tətbiq edərək, Günəş ilini bərpa edir və Yeni Eranın başlanğıcını Özünün Zühur etdiyi ildən (1844) qoyur.

Həzrət Babın belə bəyanatları hakim dairələri təşvişə salır və bu, hərəkatı məhv etməkdən ötrü göstərilən cəhdlərin getdikcə daha amansız xarakter almasına gətirib çıxarır. Höku­mət və ruhanilər hərəkata qarşı ciddi tədbirlər görməyə başla­yırlar. Fanatiklər Şirazda Quddusu və Babın ardıcıllarından olan bir nəfər yaşlı şəxsi ələ keçirirlər; onların saqqalını yandırırlar, burun dəliklə­rin­də deşik açaraq ip keçirirlər və bu vəziyyətdə Şirazın küçə­lə­rin­də gəzdirirlər. Sonra vəhşicəsinə döyüb, təkrar Şiraza qayıt­dıqda çarmıxa çəkəcəkləri ilə hədələyib şəhərdən qovurlar.

İranın hər yerində babilərə qarşı qızğın təqib dalğası baş qaldırır. Babın özü isə tutularaq ev dustağı edilir. İğtişaşların səbəbini təhqiq etmək məqsədi ilə İran şahı şəxsən etibar etdiyi Vahid adlı kifayət qədər yüksək təhsilə malik, hörmətli və nüfuzlu din xadimini ölkənin cənubuna göndərir. Həzrət Bab ilə olan üç görüşdən sonra Vahid Onun ən sədaqətli ardıcılına çevrilir və Onun təlimini yaymağa başlayır.

Hadisələrin gedişində bu cür dönüş Şahın baş vəzirini çox qorxudur və o Şahın Həzrət Bab ilə gözlənilən görüşünün hökm­dara arzuedilməz təsirindən ehtiyatlanmağa başlayır. Baş vəzir Həzrət Babın ölkənin şimal sərhəddi yaxınlığındakı Maku həbsxanasına salınmasına nail olur.

Maku həbsxanasının ətrafında sadə kəndlilər yaşayırdı, onlar kəndlərindən kənarda baş verən hadisələrlə maraqlanmır, gəlmələri düşməncəsinə qarşılayırdılar. İlk vaxtlar həbsxana rəisi də Həzrət Baba düşmən münasibəti bəsləyirdi. Lakin o, tezliklə bu Məhbusun qeyri-adi adam olduğunu anlayır, Ona ehtiramla yanaşmağa və məhəbbət göstərməyə çalışır. Həzrət Babın təsirini ətraf kəndlərin sakinləri də öz üzərlərində hiss edirlər və Onun avazla oxuduğu duaları eşitmək ümidi ilə həbsxana divarlarının ətrafına toplaşırlar. Kəndlilər Həzrət Babdan onların ağır zəhmətləri üçün Öz xeyir-duasını verməsini xahiş edirlər. Tezliklə Həzrət Babın adı ilə and içmək kəndlilərin sadə məişət həyatında vərdişə çevrilir.

Bir müddət sonra ölkənin hər yerindən Həzrət Babın yanına ziyarətçilər gəlməyə başlayırlar. Həbsxana rəisi onları Həzrət Babın yanına buraxır və özü də tədricən Onun sadiq tərəfdarına çevrilir. Bu xəbərlər yenə baş vəzirin narahatçılığına səbəb olur və o, Həzrət Babı şahın qaynının rəis olduğu uzaq Çehriq qalasına göndərir.

Çehriq qalasının rəisi özünün qəddarlığı ilə ad qazanmışdı. İlk vaxtlar o da Həzrət Baba pis münasibət bəsləyirdi. Lakin sonra o da başqaları kimi, Həzrət Babın təsiri altına düşür. Burada da Həzrət Bab yerli sakinlərin hörmət və məhəbbətini qazanır. Makuda olduğu kimi, Çehriqdə də ölkənin hər yerindən zəvvarlar Həzrət Babın görüşünə gəlirdilər. Onlardan biri hətta dərviş paltarında Hindistandan gəlmişdi. Öz ölkəsində o şahzadə idi. O, yuxuda Həzrət Babı görərək, Onunla yalnız bir dəfə görüşmək arzusu ilə var-dövlətindən və titulundan imtina etmiş, uzaq İrana yollanmışdı. Həzrət Bab şahzadəni qəbul edib, təlimini yaymaq üçün onu geriyə, Hindistana göndərir.

İranda Həzrət Babın təlimi yayıldıqca Ona qarşı təqiblər də güclənirdi. Həzrət Babın ilk şagidləri və təliminin yüzlərcə tərəfdarı amansız işgəncələrə məruz qalmış və öldürülmüşdü. Tehran, Azərbaycan, Fars, Mazandaran əyalətlərində hərəkat iştirakçılarına divan tutulması xüsusi qəddarlıqlarla müşahidə olunurdu; başlar kəsilir, adamlar topların ağzına qoyulub atılır, yandırılır və ya tikə-tıkə doğranılırdı. Həzrət Babı saxlayıb böyütmüş və Onun Missiyasına inam gətirmiş dayısı da qətlə yetirilir. Şagirdlərinin və tərəfdarlarının kütləvi şəkildə öldürül­məsi Həzrət Baba qəm-qüssə gətirirdi. Bununla belə O, Çehriq həbsxanasında Öz Vəhyinin çox hissəsini qələmə alır. O dərk edir ki, tezliklə Onun da növbəsi çatacaqdır. Babi hərəkatının yayılmasının qarşısını almaq iqtidarında olmayan İranın hakim dairələri bu bidətin kökünü birdəfəlik kəsmək məqsədi ilə Həzrət Babı edam etmək qərarına gəlirlər.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə