Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh



Yüklə 0,66 Mb.
səhifə3/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

Həzrət Babın təlimi
Həzrət Bab təntənəli şəkildə Özünü Allah Vəhyinin müstəqil daşıyıcısı və Ondan sonra gələcək daha böyük Allah Elçisinin müjdəçisi elan edir. Həzrət Bab İslamın namaz, oruc, kəbin, boşanma və vərəsəlik ilə bağlı qanun və mərasimlərinin şəklini dəyişir. Həzrət Babın yazıları olduqca cox idi. Onlardan bəziləri Quran ayələrinə şərh və təfsirlərdən, ictimai və etik baxışlar toplusundan, bəziləri isə dualardan, lövhlərdən ibarət idi. Lakin əksər yazılarında yeganə mövzu Allahın tezliklə Aşkarlayacağı Kəsin - İlahi Zühurun tərifi və təsviri təşkil edirdi. O bildirirdi ki, Onun Missiyası Ondan sonra gələcək daha böyük Allah Elçisinin gəlişini əvvəlcədən xəbər verməkdir. Bu Böyük Allah Elçisini O, “Allahın Aşkarlayacağı Kəs” adlandırır­dı. Həzrət Bab deyirdi ki, bu gələcək Allah Elçisi bütün xalqları birləşdirəcək, yerdə ədalətli və əbədi sülhü bərqərar edəcəkdir. Həzrət Bab Ondan sonra gələcək Zühur haqda yazırdı:

Mən ancaq bu Qüdrətli Kitabın hərfiyəm və bu hüdudsuz Dəryanın damlasıyam. O zühur edəndə mənim əsl təbiətim, mənim sirlərim, müəmmalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır... Əgər hər hansı bir şəxs Ondan bir ayə eşidərsə və onu təkrar edərsə, bu “Bəyanı” (Babın əsas Vəhy Kitabı) min dəfə oxumaqdan yaxşıdır”.

Həzrət Bab söyləyirdi ki, növbəti Peyğəmbər Onun ölü­mün­dən sonra çox tezliklə gələcəkdir. Lakin Həzrət Babın vəzi­fəsi təkcə Həzrət Bəhaullah təliminin (Bəhai dininin) müjdəçisi olmaqdan ibarət deyildi. Bəhai təliminə görə Həzrət Bab və Həzrət Bəhaullah, hər ikisi Bəhai dininin baniləridir. Həzrət Bəhaullahın aşağıdakı sözləri bu həqiqəti təsdiqləyir:

Bu ali və fövqəladə Vəhyi Mənim əvvəlki Vəhyimdən ayıran qısa zaman məsafəsi bir sirrdir; belə ki, onu heç bir insan açıqlaya bilməz; o elə gizlidir ki, heç bir ağıl onu dərk edə bilməz. Onun müddəti qabaqcadan müəyyənləşdirilmişdi heç kim onun səbəbini dərk edə bilməz, ancaq Mənim Gizli Kitabımın məzmununu anladıqdan sonra onu başa düşə bilər”.

Həzrət Babın təliminin bir hissəsini Dirilmə, Qiyamət Günü, Cənnət və Cəhənnəm məsələlərinin şərhi təşkil edirdi. O söyləyirdi ki, Dirilmə anlayışı Həqiqət Günəşinin (İlahinin) yeni Zühurudur. Ölülərin Dirilməsi – nadanlıq, etinasızlıq və cəhalət məzarlarında yatanların ruhani oyanması deməkdir. Qiyamət Günü – Yeni Zühur günüdür, Cənnət – Allahı Onun Peyğəmbəri vasitəsilə dərk etmək və sevmək səadətidir. Bununla da Cənnət insanın öz həyatı ərzində əldə etdiyi ən böyük kamillikdir, ölümündən sonra isə İlahi Səltənətə daxil olma və əbədi həyat hüququdur. Cəhənnəm – Allahı bu cür dərk etməkdən məhrum olmaqdır ki, bunun da nəticəsində kamilliyə nail olmaq qeyri-mümkün olur və Əbədi Mərhəmət itirilir. Həzrət Bab qətiyyətlə bildirirdi ki, bu anlayışların başqa mənası yoxdur və insanın fiziki dirilməsi, Maddi Səma və Cəhənnəm haqqında mülahizələr insan təxəyyülünün uydurmasıdır.

Həzrət Babın Yazılarında öyüd-nəsihətlər də xüsusi yer tuturdu. O, öz ardıcıllarına buyururdu ki, onlar bir-birlərinə bəs­lədikləri qardaş məhəbbəti və nəzakətli davranışla fərqlən­mə­lidirlər. Onlar faydalı sənətə və peşələrə yiyələnməli, təhsil almalıdırlar. Onun təliminə görə qadınlara daha geniş azadlıq verilməli, yoxsullar ümumi xəzinədən yardım almalıdır. Lakin O dilənçiliyi, narkotik maddələrlən və spitli içkilərdən istifadəni qəti qadağan edirdi. Həzrət Bab “Bəyan” əsərində yazırdı:

Allaha ibadət et, hətta əgər ibadətinin mükafatı atəş də olsa, sənin ibadətində heç bir dəyişiklik olmamalıdır. Əgər sən qorxudan Allaha ibadət edirsənsə, onda bu Allahın Dərgahına layiq deyil; əgər sən nəzərlərini Cənnətə dikib yalnız ora düşmək ümidi ilə ibadət edirsənsə, bu zaman sən Allahın yaratdığını Ona şərik qoşursan”.
Həzrət Babın edamı
Həzrət Bab Təbriz şəhərinə gətirilir. Onu şəhərin küçələri ilə gəzdirərkən bir gənc irəli atılaraq, Onun ayaqlarına sarılır və ona Həzrət Bab ilə birgə ölməyə icazə verilməsini yalvara-yalvara xahiş edir. Bu gənc də tutulub ölümə məhkum edilir.

Həzrət Bab bu həyatdakı sonuncu gecəsini xoş əhval-ruhiyyə və sevinc içində keçirir. O bilirdi ki, bütün çətinliklərə baxmayaraq, Onun Missiyası yerinə yetmişdir.

Edam günü Həzrət Bab həbsxanada şagirdinə son sözlərini yazdırarkən onu kobudcasına tələsdirirlər. O, üzünü zabitə tutub deyir: “Mən bu adama bildiklərimi deyib qurtarmayınca dün­yanın heç bir qüvvəsi mənə mane ola bilməz...”. Qəzəblənmiş za­bit isə : “yalnız məndən başqa...” deyib, Həzrət Babı bayıra itələyir.

Həzrət Bab Onun ölüm hökmünə imza atmış üç tanınmış din xadiminin evinə aparılır. Onların heç biri Həzrət Bab ilə gö­rüşə çıxmır. Lazımi sənədlərə qol çəkilir və möhürlə təs­diq­lə­nir. Həzrət Bab və Onun bir ardıcılını Təbrizin küçələrində gəz­dirib meydana gətirirlər. Seyid olduğu ücün müsəlman əsgər­lə­rinin Həzrət Baba güllə atmayacağından ehtiyat edən hökümət mey­dana erməni polkunu gətirdir. Həzrət Bab və şagirdini divara bağlayırlar və erməni polkunun 750 əsgəri atəş açır. Bu zaman bütün dünyanı heyrətə gətirən qəribə hadisə baş verir. Ətrafı bürümüş barıt tüstüsü dağılanda edama toplaşmış insan dənizindən bağırtı qopur; Həzrət Bab qeyb olmuşdu. Ardıcılı isə sağ-salamat idi. Həzrət Babı həbsxanada, əvvəlki yerində, yarımçıq qalmış sözlərini şagirdinə çatdıran vəziyyətdə tapırlar. Həzrət Bab Onu aparmağa gəlmiş adamlara deyir:

Mən sözümü qurtardım, indi niyyətinizi həyata keçirə bilərsiniz...”

Bu hadisədən heyrətlənmiş erməni əsgərləri edamı davam etdirməkdən imtina edirlər. Meydana başqa polkun əsgərləri gətirilir. Bu dəfə Həzrət Bab və şagirdinin bədənini güllələr parça-parça edir. Həzrət Babın edamı 9 iyul 1850-ci ildə baş verir. Həmin gün Təbrizdə güclü qasırğa qalxır, şiddətli külək əsir, toz-duman bütün günü səmanı örtür. Cəsədlər şəhər divar­la­rının bayırına atılır. Lakin babilər həmin gecə cəsədləri gö­tü­rüb etibarlı yerdə gizlədirlər. Cəsədlər 40 il İranın müxtəlif yer­lə­rində gizli saxlandıqdan sonra, məxfi yollarla Fələstinə gə­ti­ri­lərək, Karmil dağının ətəyində dəfn olunur. Zərdüşt Pey­ğəmbərin “Dəsatir-Əzmani” kitabında (təqribən 2500 il əvvəl yazılıb) bu hadisələri xatırladan çox qəribə yazılar vardır. Orada deyilir:

İran ölkəsindəki insanlar şər işlər törədən zaman, ərəblər içindən bir nəfər qiyam edəcək. Və Onun vasitəsilə onlar taxt-tacı, torpaqlarını və dinlərini itirəcəklər və məhv ediləcəklər... Ərəblərin dininin 1000 ilinin tamamında, onun ardıcılları öz dinlərini təriqətlərə parçalamaqla məhv edəcəklər və onu bu şəkildə Yaradana təqdim edəcəklər. O, bunu onlardan qəbul etməyəcək. İranlılar Müdrik insana qulaq asmayacaqlar. O, tək qalacaq və həqiqəti deyəcək. Onlar xəstələnəcək və ağılla düşünmək əvəzinə, əllərində silah Ona qarşı çıxacaqlar. İranlıların törətdiyi ən şər əməl isə Mələklər Rəbbi olan Kəsi öldürməki olacaqdır”.

Həzrət Babın edamı babilər hərəkatını nəinki zəiflətmir, əksinə, ona yeni qüvvə ilə təkan verir. İran Azərbaycanında bu hərəkata Həzrət Babın ən yaxın ardıcılı, Azərbaycanın görkəmli şairə qadını, əslən Qəzvin şəhərindən olan Qürrətül-Eyn başçı­lıq edirdi. O, Həzrət Baba iman gətirmiş ilk 18 nəfərdən biri idi. Qürrətül-Eyn xanım Həzrət Babın gətirdiyi yeni İlahi təlimin qaydalarına uyğun olaraq, İslam şərqində çadrasını atmış ilk müsəlman qadın idi. Bu hadisə 1848-ci ildə 81 nəfərin iştirak etdiyi babilərin Bədəşt Konfransında baş verir. Elə buradaca Həzrət Bəhaullah Qürrətül-Eyni Tahirə (mənası “Pak” demək­dir) adlandırır. Konfransda Tahirə xanım dostları qarşısında çad­ra­sını ataraq üzü açıq halda dindaşlarına bəyan edir ki, Yeni dövrün gəlişi ilə köhnə qanunlar ləğv edilmişdir. Lakin hamı belə bir dəyişikliyə hazır deyildi, buna görə də bəziləri bu hərəkəti hiddət ilə qarşılayır. Həzrət Bəhaullahın işə qarışması nəticəsində tərəflər arasında sülh əldə edilir. Sonralar mö­minlərin bir qismi Həzrət Baba müraciət edərək Tahirə xanımın bu hərəkətinə öz narazılıqlarını bildirmişdilər. Həzrət Bab demişdi: “Mən onun haqqında nə deyə bilərəm, onu Qüdrətin və Nurun Dili Tahirə adlandırmışdır.” Hərəkat yatırılarkən Ta­hirə xanım xüsusi qəddarlıqla qətlə yetirilmişdi.

Zəncanda 1850-ci il üsyanı zamanı üsyançılar arasında Zey­nəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Tarix elm­ləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haq­qında yazmışdır: “Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza “Şahnamə”nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi”. Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: “Şah qoşunları dəfələrlə hücüm edib Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstər­miş­dilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdü”.

İllər keçəcək və təqribən 70 il sonra sovet hakimiyyəti dövründə çadranı atmaq və qadın azadlığı Azərbaycanda kütləvi hərəkata çevriləcək. Sonralar bu hərəkat İslam Şərqinin bir sıra ölkələrinə yayılacaqdır. Bakı meydanlarının birində ucaldılmış çadrasını atan “Azad qadın” heykəli Azərbaycan bəhailəri üçün Tahirə və Zeynəbin daşa həkk olunmuş arzuları idi.

Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Həzrət Bab öz Missiyasını elan etdiyi vaxt Onun ardıcıllarından biri Molla Sadiq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər Onun tərəfdarı yaranır. Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq hakimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.

Həzrət Babın edamından iki il sonra ümidsizlik və kədərdən düşüncələri tutqunlaşmış ardıcılları olan iki gənc şaha sui-qəsd edirlər. Onların istifadə etdiyi silah primitiv olduğu üçün şah yalnız yüngülcə yaralanır. Bu sui-qəsd babilərə qarşı növbəti təqib dalğasına təkan verir. Hakim dairələr sadə xalqı ölkəni babilərdən təmizləməyə yönəlmiş qisasçılıq hərəkətləri­nə təhrik edirlər. Dəhşətli və amansız kütləvi talanlar zamanı min­lərlə kişi, qadın və uşaq qətlə yetirilir. Həmin günlər kü­çə­lərdə qanlı səhnələrin, qətl və vəhşiliklərin təsadüfi şahidi olma­maqdan ötrü İranda bir çoxları, o cümlədən xaricilər evdən ba­yıra çıxmamağı üstün tuturdular. O zaman ən görkəmli babilərdən biri, sonralar Bəhaullah adı ilə tanınmış şəxs də zin­dana atılır.




Bəhaullah – Allahın Nuru
“Bəhaullah” ərəb dilində “ Allahın Nuru, Cəlalı” mənasını bildirir. Bəhaullah adını qəbul etmiş bu şəxsin əsl adı Mirzə Hüseyn Əli idi. O, 1817-ci il noyabrın 12-də Tehranın ən adlı-sanlı, varlı ailələrinin birində dünyaya göz açmışdı. Onun atası şah sarayının baş vəziri idi. Uşaqlıqda Hüseyn Əli var-dövlət, rahatçılıq, sərvət içində böyüyürdü. Atasının ölkənin müxtəlif yerlərində zəngin mülkləri var idi. O dövrün zadəgan ailələ­rindən olan başqa iranlı gənclər kimi Həzrət Bəhaullah İslamın əsaslarını, İran ədəbiyyatını və poeziyasını, həmçinin xəttatlığı dərindən mənimsəmişdi. Həzrət Bab kimi, Həzrət Bəhaullah da müəllimlərindən öyrənmədiyi və kitablardan oxumadığı qeyri-adi biliyə sahib idi. Onun biliyinin dərinliyi və genişliyi, güclü məntiqi adamları heyran edirdi. Bir dəfə yeddi yaşında ikən sarayda mülkiyyət mübahisələrində atasını əvəz etmiş və işi ud­muş­du.

Qeyri-adi qabliyyəti Onda hədsiz qürur yaratmırdı. Əksinə, O sadə, şən, xeyirxah və mehriban uşaq kimi böyüyürdü. Onun tələbləri çox sadə idi. O, təbiəti, quşları, ağacları, çiçəkləri, hey­vanları sevir, sarayda deyil, şəhərdən kənarda, təbiətin qoy­nun­da yaşamağa üstünlük verirdi. Valideynlərinin Ona verdiyi pul­ları əyləncələrə deyil, yoxsullara və ehtiyacı olanlara xərc­lə­yir­di. Dövrünün adət-ənənəsinə uyğun olaraq Hüseyn Əli çox er­kən evlənmişdi. Onun ömür yoldaşı da çox varlı ailədən olma­sına baxmayaraq, sadə tələblərə malik idi. Onlar bir yerdə ömür sü­rür və ağır həyat şəraitinə sahib insanların vəziyyətini yax­şı­laş­dırmaq naminə birgə çalışırdılar. Onların evlərini qapısı hə­mişə yeməyə, sığınacağa və köməyə ehtiyacı olanların üzünə açıq idi. Onları “yoxsulların valideyni” adlandırırdılar. Atası vəfat edəndə Həzrət Bəhaullaha sarayda onun vəzifəsini tutmaq təklif edilir, lakin O bundan imtina edir.

Həzrət Bab Öz Missiyasını bəyan edəndən 3 ay sonra, yəni 1844-cü ilin yayında Molla Hüseyn Tehrana Həzrət Babın müra­ciə­tindən ibarət yazı gətirir və nəzarət edir ki, bu bağlama Həzrət Bəhaullahın əlinə keçsin. Həzrət Bəhaullah müraciəti oxuyub Həzrət Baba iman gətirir və Onun ən fəal ardıcılı olur. O vaxt Onun iyirmi yeddi yaşı vardı. Həzrət Bəhaullah Həzrət Bab ilə heç vaxt şəxsən görüşməmişdi, lakin Onunla daim məktubla əlaqə saxlayır, təlimini bütün qəlbi ilə müdafiə edir və onu yaymağa çalışırdı. Nəticədə O, maraqları mənsub olduğu zümrənin maraqlarına zidd gələn və hələ az tanınmış hərəkatın sıralarına qoşulur.

Həzrət Bab həbsxanada olarkən Həzrət Bəhaullah Onun təqib olunan tərəfdarlarına hər cür köməklik göstərirdi. O Özü iki dəfə həbs edilir, hətta bir dəfə həmfikirlərini zərbə altından çıxarmaqdan ötrü fanatik kütlənin qəzəbini Öz üzərinə yönəldir. Dəfələrlə döyülməsinə və daşlanmasına baxmayaq, Həzrət Bəhaullah qorxmadan, yorulmadan babiləri müdafiə edir, yeri gələndə onlara yardım göstərir və dəyərli məsləhətlər verirdi. Həzrət Bab vaxtının bitdiyini hiss edən kimi Öz möhürünü, Yazılarını və qələmini Həzrət Bəhaullaha göndərir. Məhz Həzrət Bəhaullahın göstərişi ilə Həzrət Babın cəsədinin qalıqları Təbrizdən Tehrana gətirilir və etibarlı yerdə gizlədilir.

Şaha sui-qəsd edilən vaxt Həzrət Bəhaullah böyük vəzirin qonağı idi. Ona baş çəkməyə gələn dostları həyəcan yatana kimi gizlənməyi məsləhət görürlər. Lakin Həzrət Bəhaullah bu təklifdən imtina edir. Bunun əvəzinə Onu tutub zindana salmaq əmrini almış hərbi hissənin yerləşdiyi yerə gedir. Hərbi hissədə Onun üst paltarını soyundurub, əllərinə və ayaqlarına qandal vururlar. Sonra ayaqyalın, başıaçıq, günortanın qızmar günəşi altında Onu Tehran həbsxanasına aparırlar. Küçə boyu toplanmış adamlar Onu təhqir edir, üstünə daş atırdılar. Nümayişə çatıb, Ona daş atmaq istəyən qoca qarıya imkan yaratmaq üçün Həzrət Bəhaullah keşikçi dəstəsindən addımları zəiflətməyi xahiş edir: “Bu qoca qadını məyus etməyin. Ona savab saydığı işi görmək­də mane olmayın.”

Həzrət Bəhaullahın salındığı Siyah-Çal həbsxanası əvvəl­cə şəhərin ictimai hamamlarından birinin su anbarı kimi inşa edil­­mişdi. Onu qatı qaranlıq dəhliz ilə aparıb nərdivanla dəlik­dən quyuya salırlar. Düşdüyü yer qaranlıq, nəm və hər cür həşə­rat və gəmircilərlə dolu idi. Yüz əlli adam, tamamilə çılpaq halda, yataqsız, nəm yerdə sıxlaşıb oturmuşdular. Bunların böyük əksəriyyəti qatillər, oğru və quldurlar idi. İçərisində Həzrət Bəhaullah olmaqla babilərdən ibarət dəstənin üzvləri isə divara zəncirlənmişdilər. Həzrət Bəhaullahın ayaqlarına kündə keçirilmiş, çiyinlərindən ağır zəncir asılmışdı; O, nə ayağa qalxa, nə də uzana bilirdi. Bu zəncirlər Onu dəhşətli şəkildə əzdiyi üçün izləri ömrünün sonununa qədər bədənində qalmışdı. Məhbuslara üç gün nə yemək, nə də su verirlər. Nəhayət dördüncü gün yemək verilir, lakin onun zəhərli olduğu aşkar olur. Həzrət Bəhaullahın ali zümrə içərisində böyük hörməti və nüfuzu olduğu üçün hakim dairələr Onu edam etməyə cəsarət etmirlər. Keşikçilər hər gün babilərdən kimisə ya işgəncəyə, ya da edama aparırdılar. Hər dəfə növbəti adam edama aparılanda o, Həzrət Bəhaullaha müraciət edib Ondan xeyir-dua alır, sonra böyük şadyanalıq və fərəhlə ölümün görüşünə tələsirdi. Həzrət Bəhaullah bacardığı qədər məhbusları sakitləşdirər və onlara təskinlik verərdi.

Siyah-Çal həbsxanasında Həzrət Bəhaullah Onun gəlişini Həzrət Babın öncədən xəbər verdiyi “Allahın Aşkarlayacağı Kəs” olduğunu izah edən möcüzəli hadisənin şahidi olur. İlk dəfə məhz burada Həzrət Bəhaullah Vəhy hadisəsi ilə üzləşir. Sonralar Həzrət Bəhaullah bu hadisəni belə xatırlayırdı:

Ta” torpağında (Tehranda) həbsxanada olduğumuz za­man daimi əziyyətlər və dəhşətli qoxulardan çox az yatırdıq. Ara­bir yuxuya gedəndə hiss edirdik ki, başımızın üstündən sinə­mizə nəsə axır. Sanki uca bir dağın zirvəsindən böyük bir şəlalə yerə tökülürdü. Bu səbəbdən elə bil bütün əzalarım od tutub yanırdı. O anlarda dilimizdə elə sözlər səslənirdi ki, heç kəsin onları eşitməyə qüdrəti çatmazdı”1.

Bu epizod haqqında Həzrət Bəhaullah həyatının son dövrlərinə aid edilən şaha ünvanlanmış məktubunda yazmışdır:

Ey şah! Mən bəndələrdən biri idim və Öz yatağımda yatmışdım. Birdən Sübhanın nəsimləri Mənim üzərimə əsdi və Mənə bütün şeylərin elmini öyrətdi. Bu, Mənim tərəfimdən deyil, yox, Qüdrətli və hər şeyi Bilən Kəs tərəfindəndir. O, Mənə yerlə göy arasında Öz nidamı ucaltmağı əmr etdi. Bunun nəticəsində Mənim başıma elə işlər gəldi ki, ariflər onları görüb göz yaşı tökdülər.”2

Həzrət Bəhaullahı həbsxanaya salmış şəxslər onun şaha sui-qəsddə əli olduğunu sübut edən dəlillər tapa bilmirlər. Şah sarayındakı rus səfiri də öz nüfuzundan istifadə edərək Həzrət Bəhaullahın azad edilməsinə çalışır və ona Rusiyada yaşamaq üçün sığınacaq təklif edir. Bir müddət tərəddüd etdikdən sonra şah Həzrət Bəhaullahın həbsdən azad edilməsinə razı olur. Beləliklə, 1852-ci ilin dekabrında Həzrət Bəhaullahın dəhşətli Siyah-Çal qalasındakı məhbusluğu sona yetir. Lakin məhz bu yeraltı “zülmətə bürünmüş, üfunət verən, soyuqdan və rütubətdən donmuş” məhbəsdə Ona Allahdan Vəhy gəlmişdir.

Həzrət Bəhaullah bütün var-dövlətindən məhrum edilir və bir ay ərzində ailəsi ilə birlikdə İranı tərk etmək əmrini alır. Şəxsi əşyaları əlindən alınmış və uzaq səfərə hazırlıq görməyə imkan tapmamış Həzrət Bəhaullah yola çıxmaq məcburiy­yə­tində qalır. Həmin il qış qarlı və şaxtalı keçirdi. Səfərə çıxanda Həzrət Bəhaullahın ömür yoldaşı Nəvvab xanım hamiləliyin yeddinci ayında idi. Siyah-Çal həbsxanasından sonra Həzrət Bəhaullah Özü də xəstələnmiş və zəif düşmüşdü. Bağdada səfər üç ay çəkir. Səfər qarlı-boranlı dağlardan keçirdi. Dağların qoynuna dolanan yollar dar, sürüşkən və təhlükəli idi. Ailə gecəni dar sığınacaqlarda keçirir, bütün vaxtı ərzaq çatışmaz­lı­ğından və yuxusuzluqdan əziyyət çəkirdi. Uşaqlara yemək almaqdan ötrü Nəvvab xanım paltarlarının gümüş düymələrini satmağa məcbur olur.



İraqda sürgündə
Həzrət Bəhaullah 1853-cü il aprelin 8-də əldən düşmüş və xəstə halda Bağdada çatır. Bir çoxları Onun yolun ağırlığına tab gəti­rəcəyinə və ya mənzil başına gəlib çatdıqdan sonra sağ qalacağına ümid etmirdilər. Lakin bir müddət sonra O Özünə gəlir.

Həzrət Bəhaullah İraqda on il yaşayır. Tezliklə, Onun nüfuzu İraqda başsız qalmış, ümidini itirmiş və düşgün düşmüş babi icmasında hiss olunmağa başlayır. Bununla belə, Onun artan təsirinin doğma qardaşında yaratdığı qısqanclığın babilər arasında fikir ayrılığına və münaqişəyə səbəb olacağından ehtiyat edən Həzrət Bəhaullah Bağdadı tərk etmək məcburiy­yə­tin­də qalır. Bağdada gəlişindən bir il sonra O bir gecə şəhərdən gedir.

Sonrakı iki ili O, Kürdüstan dağlarında zahid kimi yaşayır. Məğrur və döyüşkən xalq kimi tanınan kürdlər iranlılara qarşı xüsusi düşmənlikləri ilə seçilirdilər. Tərki-dünyalığına baxma­ya­raq, Həzrət Bəhaullah çox az vaxtda Özünün xeyirxahlığı və hikməti ilə onların arasında şöhrət qazanır. Diyarın alim adam­ları Onunla görüşməyə can atır; O, təkcə tanınmış şəxslərin de­yil, sadə insanların da sevimlisi olur. Tezliklə, Kürdüstan dağla­rında yaşayan müdrik və müqəddəs şəxsin şöhrəti haqqındakı söhbətlər uzaq Bağdada çatır. Həzrət Bəhaullahın ailəsi qeyri-adi zahid haqqında eşidən kimi Onun kim olduğunu başa düşürlər və onun arxasınca qayıtmaq xahişi ilə çapar göndə­rirlər. Həzrət Bəhaullah xahişi qəbul edir və səfərinin ikinci ilinin (19 mart 1856-ci il) tamamında Bağdada qayıdır.

Həzrət Bəhaullahın olmadığı dövr ərzində babi icmasında vəziyyət pisliyə doğru dəyişmişdi. Növbəti yeddi ili O, babilərin tər­biyəsinə və onlara təliminin əsaslarını öyrətməyə sərf edir. Öyüd-nəsihətləri və öz şəxsi nümunəsi vasitəsi ilə O, babi icmasında dəyişikliklərə nail olur. Bununla da O, hərəkatın möhkəmliyini və onun təmizliyini təmin etmək qabiliyyəti olan yeganə adam olduğunu sübut edir.

Bağdad şəhəri o zaman babiləri möhkəm xarakterli, həqiqi həyat motivlərinə malik insanlar kimi yadda saxlamışdır. Həzrət Bəhaullah və Onun ardıcılları sadə və asketik həyat sürürdü. Onların maddi imkanları məhdud, lakin həyatları sevinclə dolu idi. Həzrət Bəhaullaha dağlarda baş çəkən kürd mistikləri və din xadimləri indi də Bağdadda Onun yanına gəlməyə başlamışdılar. Bəzi yerli din xadimləri də maraqlanaraq Onunla görüşməyə can atır, mistiklər, şairlər, hökumət məmurları, şahzadələr Onunla tanış olmağa cəhd edirdilər. Onlardan bir çoxları Onun ardı­cıllarına çevrilirlər.

Xəstələr və əzabkeşlər Onun yanına gəlir, ədalət axtaranlar qapısı qarşısında toplaşırdılar. Onlar arasında müsəlmanlarla yanaşı xristian və yəhudilər də var idi. Bağdad şəhərində Allah ayələri Həzrət Bəhaullahın qələmindən axıb süzülürdü. Onun əsas ilahiyyət əsəri olan “Kitabi-İqan” iki gün və iki gecə ərzin­də yazılmışdı. Bağdadda O, həcmcə kicik, lakin çox cəlbedici ruhani dərslik olan “Kəliməti-Məknunə” ni, həmçinin sufi mistik­lərinə cavab kimi düşünülmüş “Yeddi vadi və dörd vadi” mistik əsərini yazmışdır.

Həzrət Bəhaullahın artmaqda olan təsirinə qısqanan Bağ­dad müsəlmanlarının bir qrup lideri İran şahının razılığı ilə Onu gözdən salmağa çalışırlar. Onlar ondan hamının təsdiq edəcəyi möcüzəni göstərməyi tələb edirlər. Həzrət Bəhaullah onların arzuladığı istənilən möcüzəni göstərməyə hazır olduğunu bil­dirir. Lakin üləmalar öz aralarında razılığa gələ bilmədikləri üçün Həzrət Bəhaullahın çağırışı cavabsız qalır.

Həzrət Bəhaullahın artan nüfuzundan qorxuya düşən İranın Bağdaddakı konsulu Onun şəhərdən uzaqlaşdırılması üçün cəhd­lər göstərməyə başlayır. O, öz məqsədinə çatır. Həzrət Bəhaul­laha heyran olmuş və Onun sürgün edilməsi göstərişinə məhəl qoymayan Bağdadın qubernatoru, altıncı dəfə tərəddüd­dən sonra göstərişə tabe olraq Həzrət Bəhaullaha Osmanlı imperatorunun Onun İstanbula köçürülməsi əmrini elan edir.

Həzrət Bəhaullahın köçürülməsi xəbəri Bağdadda əhalinin hiddətinə səbəb olur. Onun yola düşməsi xəbərindən kədərlənib ağlayan yüzlərcə insan evinin ətrafına toplaşırlar. Nəhayət bura o qədər insan yığılır ki, Həzrət Bəhaullah çayın o biri sahilindəki bağa köçməyə məcbur olur. Öz ardıcıllarını ruhlan­dıraraq və onlara ilham verərək O, orada on iki gün qalır. Həzrət Bəhaullah Öz Missiyası haqqında heç vaxt heç kimə heç nə deməsə də, Onun məhz Həzrət Babın öncədən xəbər verdiyi Kəs olduğunu bəziləri əvvəllər də intuitiv olaraq hiss etmişdilər. Yalnız burada, Rizvan bağında O, Öz ardıcılları qarşısında rəsmi şəkildə bəyan edir ki, məhz O, “Allahın aşkarlayacağı Kəs”, İlahi Zühur, Allahın bəşəriyyətə göndərdiyi Peyğəmbərdir. Bu xəbər onların böyük kədərini sevincə çevirir. Həzrət Bəhaul­la­hın bü­tün Dinlərin Vəd etdiyi Kəs olması, Onun gətirdiyi Dinin bü­tün Bəşəriyyət üçün qabaqcadan təyin edilməsi və Yeni Gü­nün tarix üfüqündə ucalacağının elan edilməsi on iki gün ər­zin­də, yəni 1863-cü il aprelin 21-dən mayın 2-ə kimi davam edir.

Bu günlər tarixə hər il bəhailərin ən müqəddəs və əhəmiy­yətli bayram kimi qeyd etdikləri Rizvan bayramı adı ilə daxil olmuşdur. Bəhailər bu bayramın birinci, üçüncü və doqquzuncu günlərini qeyd edirlər.

Quran-İ-Kərimdə Həzrət Bəhaullahın İlahi Zühuruna dair çoxlu sayda müjdə ayələr vardır. Lakin aşağıdakı ayə daha çox heyranedicidir.

Yer öz Rəbbinin Nuru ilə işıqlanacaq, kitab qoyulacaq, onlar arasında ədalətlə hökm olunacaq...” (Əz-Zumər, 69).



İstanbula sürgün
Həzrət Bəhaullahın İstanbula səfəri təntənəli yürüşə bən­zəyirdi. Onun keçdiyi şəhər və kəndlərin hakimiyyət nüma­yəndələri Onu ehtiramla qarşılayırdılar.

İstanbuldakı İran səfiri öz hökümətindən əhalini Həzrət Bəhaullaha qarşı qaldırmaq göstərişini alır. Səfir Həzrət Bəhaullahı İslam qanunlarına hörmət qoymayan və Osmanlı imperiyasını məhv etməyə çalışan şəxs kimi qələmə verməyə çalışır.

Həzrət Bəhaullah artıq dörd ay idi ki İstanbulda yaşayırdı. Bu zaman İran və Osmanlı hökmdarları Onun növbəti sürgünü haq­­qında razılığa gəlirlər. O, dərhal Ədirnəyə köçmək əmrini alır.

Dekabr ayı idi. Qış hətta yaşlı adamların yadına gəlmədiyi şaxtalı şəraitdə keçirdi. Həzrət Bəhaullah və yol yoldaşları kifayət qədər azuqə ehtiyatı götürmədən səfərə çıxmaq məc­buriyyətində qalırlar. Onlar yağışın və küləyin altında yeldöyən açıq yerlərdən keçərək gedirdilər. Səfər on iki gün çəkir, onlar bəzən gecələr də yol gedərək tamamilə əldən düşmüş halda Ədirnəyə çatırlar. Ədirnədə Həzrət Bəhaullah beş il yaşayır. Ona qarşı heç bir ittihamnamə irəli sürülmədiyi halda, O, bu dəfə Osmanlı sultanının məhbusu vəziyyətində idi.

Ədirnədə Bəhai dini Həzrət Bəhaullahın qardaşı Mirzə Yəhya və Seyid Məhəmməd adlı bir nəfərin təqsiri üzündən ciddi daxili böhran keşirir. Mirzə Yəhya hələ Bağdad və İstanbulda ikən Həzrət Bəhaullahı gözü götürmürdü. Paxıllıq hissi onu içindən elə yandırırdı ki, o, Həzrət Bəhaullahın yeməyinə zəhər qatmaqla Onu öldürmək qərarına gəlir. Zəhər Həzrət Bəhaullaha güclü iztirablar gətirir. Bu sui-qəsdin təsirini O, həyatının son günlərinə kimi hiss edir.

Ədirnədə olarkən Həzrət Bəhaullah hökmdarlara, bütün dünya hökumətlərinin başçılarına və din rəhbərlərinə Öz Missiyasının formal izahını verməklə müraciət edir. Ədirnədə və sonralar Əkkada O, Avropa hökmdarlarına məktub yazaraq, onları Yeni Dini tanımağa çağırmışdır. O, onlara həmçinin aralarındakı çəkişmələrə son qoymağı, tərki-silah olmağı və öz xalqlarının qayğısına qalmağı məsləhət bilmişdir.

Həzrət Bəhaullah ingilis kraliçası Viktoriyaya ünvanlanmış məktubunda yazırdı:

Allah bütün dünyanı sağaltmaqdan ötrü ali vasitə və güclü alət hazırlamışdır, bu bütün xalqların bir ümümdünya Əmrində İttifaqı, bir ümumi Dindir. Bacarıqlı, Qüdrətli və İlhamverici Loğmanın vasitəçiliyi olmadan ona çatmaq mümkün deyildir”3.

Deyilənə görə kraliça Viktoriya müraciəti oxuduqdan sonra bu sözləri demişdir: “Əgər bu doğrudan da Allahdandırsa, yaşayacaqdır. Yox, əgər Allahdan deyilsə, ondan elə bir ziyan dəyməz”.

Həzrət Bəhaullaha Tehran həbsxanası Siyah-Çalda əyan olmuş, lakin haqqında 10 il heç kimə deyilmədiyi Missiyasının məqsədi 1863-cü ildə Bağdad yaxınlığındakı Rizvan bağında açıq şəkildə elan edilmişdir. İndi, yəni 1868-ci ildə bu dünya hökmdarlarının hamısına və hər birinə ayrılıqda çatdırılırdı. Həzrət Bəhaullahın məktubunu III Napaleon, rus çarı II Aleksandr, Prusiya hökmdarı İ Vilhelm, Avstriya Hökmdarı Frans-İosif, Papa IX Piy, Türkiyə sultanı və İran şahı alırlar.

Məhz Ədirnə dövründə Bəhai Dininin ardıcılları arasında “Allahu-Əbha” (Allah nurlulardan Nurludur) salamlama adəti yaranır və Həzrət Bəhaullaha inam gətirənlər özlərini “bəhai” adlandırmağa başlayırlar. Dinin bu mərhələsində İran və İraqdakı bəhailərin təqiblərə məruz qalmasına və kütləvi şəkildə məhv edilməsinə baxmayaraq, hərəkat genişlənməkdə davam edirdi. Bəzi bəhailər Həzrət Bəhaullahı görmək ümüdi ilə İran və İraqdan Ədirnəyə səfərlər edirdilər.

Osmanlı dövlətinin Ədirnədəki nümayəndəsinin Həzrət Bəhaullaha ehtiramla yanaşması bu şəhərdəki İran konsulunu qıcıqlandırırdı. Konsul, həmçinin Mirzə Yəhya və Seyid Məhəmməd Həzrət Bəhaullahın növbəti sürgününə çalışırdılar. Onlar İstanbula yalan məlumatlar göndərir, Həzrət Bəhaullahın Osmanlı imperiyasını məhv etmək istəyində olduğunu iddia edirdilər.

Həzrət Bəhaullaha böyük hörmətlə yanaşan Ədirnə qubernatoru bir neçə dəfə yazılı şəkildə bu ittihamları rədd edir. Lakin mərkəzi hökumət son nəticədə Onun sürgün edilməsi haqqında göstəriş verir.

Bir səhər Həzrət Bəhaullahın evini əsgərlər mühasirəyə alırlar. Şəhər sakinləri, müsəlmanlar və xristianlar göstərişi eşitməkdən ötrü küçələrə çıxırlar. Bir neçə ölkənin konsulu öz havadarlığını təklif edirlər, lakin Həzrət Bəhaullah onların köməyini qəbul etmir.



Əkkaya sürgün
Əsgərlərin müşayəti ilə sürgün edilənlər Ədirnədən Qallipola (Türkiyə) gətirilirlər. Onlar nə aparıldıqları yer, nə də özlərinin gələcək taleləri haqqında heç nə bilmirdilər. Qallipolda Həzrət Bəhaullah və ardıcıllarının çox hissəsi, o cümlədən Mirzə Yəhyanın bir neçə ardıcılı Əkka şəhərində məhbəsə, Mirzə Yəhyanın isə Həzrət Bəhaullahın dörd ardıcılı ilə Kipr adasına sürgünə göndərildiyi elan edilir.

Qallipoldan yola düşmək ərəfəsində Həzrət Bəhaullah dostlarına qarşıdakı yolun çox çətin, hətta əvvəlkilərdən də qat-qat ağır olacağını xəbərdarlıq edir. O, həmçinin deyir ki, bu yolu qət etmək üçün kim özündə kifayət qədər güc hiss etmirsə, qoy Onu indidən tərk etsin, çünki sonra geriyə çəkilmək gec olacaqdır. Lakin heç kim Onu tərk etmir.

Əkka şəhəri Osmanlı imperiyasının ucqarında məhbəs kimi istifadə olunan yer idi. Bura ölkənin hər yerindən ən qəddar caniləri sürgün edirdilər. Əkkanın suyu və havası çirkli, ərazisi isə yoluxucu xəstəliklər və zərərli həşaratlarla dolu idi. Əkka haqqında deyirdilər ki, bu şəhərin havası o qədər üfunətlidir ki, quş üstündən uçanda yerə ölü düşür.

Əkkaya dəniz yolu məhrumiyyətlərlə dolu idi. Əkkaya 31 avqust 1868-ci ildə çatan məhbuslar bəhailərin dinsiz və qədar cinayətkar olması xəbərini eşidib qəzəblənmiş yerli əhali ilə üzləşirlər. Küçələrə çıxmış insanlar onları daşa basaraq, nalayiq sözlərlə təhqir edir və üstlərinə tüpürürdülər.

Şəhər məscidinin qarşısında Həzrət Bəhaullah və Onun yoldaşlarının ömürlük sürgünə məhkum edilməsi haqqında sultanın əmri oxunur. Əmrdə yerli əhaliyə onlarla hər hansı bir formada əlaqə saxlamaq qadağan edilirdi. Əkkada məhbəs rejimi çox ağır idi. Bəhailərə öz aralarında və xarici aləmlə ünsiyyət saxlamağa icazə verilmirdi. Həzrət Bəhaullah çirkli, yağış və küləyin içəri dolduğu pəncərəsiz kamerada yerləşdirilir, qalan­la­rını isə qonşu kameralara salırlar. Birinci gecə onlara nə yemək, nə də su verilir. İki nəfərdən başqa məhbusların hamısı mal­ya­ri­ya və dizenteriyaya tutulur, üç nəfər isə xəstəlikdən ölür.

İran və başqa ölkələrin bəhailəri Həzrət Bəhaullahın təzə sürgün yerindən, Onun, ümumiyyətlə, sağ qalmasından və ya həlak olmasından xəbərsiz idilər. Həzrət Bəhaullah haqqında xəbərlər onlara çatanda bir çoxları Əkkaya yollanırlar. İlk vaxtlar onlar şəhərə girə bilmirdilər və Həzrət Bəhaullahı həbs­xana pəncərəsində bir an da olsa görmək ümidi ilə saatlarla qala divarlarının bayırında dururdular. Bəziləri özləri ilə dibçəklərdə bitki gətirirdilər. Səhradan keçərkən özlərinə suyu qıymayıb bitkiləri suvarırdılar. Əkka şəhərinin ətrafında bu bitkilərdən ibarət bağlar salınırdı.

Əkka həbsxanasında Həzrət Bəhaullahın ikinci oğlu Mirzə Mehdi həlak olur. O, həbsxananın damından yıxılaraq, zədədən ölür. Son nəfəsində Atasından xahişi o olur ki, onun ölümü Həzrət Bəhaullahı görmək həsrətində olanların əziyyətinin əvəzi kimi qəbul edilsin.

Bir neçə aydan sonra həbsxananın kameraları türk hərbi hissələrinin yerləşdirilməsi üçün lazım olur. Məhbuslar oradan çıxarılıb şəhər evlərinin birində yerləşdirilirlər. Onlar burada da darısqal şəraitdə yaşamağa məcbur olurlar. Öncə Bağdad, İstanbul, Ədirnədə baş verənlər tədricən Əkkada da baş verir; həbsxananın rəisi, şəhərin hakim dairələri, sadə şəhərlilər və digər sürgünə məhkum olunmuşlar Həzrət Bəhaullahın təqsir­siz­liyini və Onun müstəsna şəxsiyyət olmasını dərk edirlər. Ailə­nin təsərrüfat qayğılarını Öz üzərinə götürmüş Həzrət Bəhaul­lahıın böyük oğlu həzrət Əbdül-Bəha şəhərlilərin ehtiram və məhəbbətini qazanır. Həbsxananın rəisi öz oğlunu Həzrət Bəhaullahın yanına göndərir və düşünür ki, bu onun təlim-tərbiyəsi üçün faydalı olar. Həzrət Bəhaullahı görməyə gəlmiş qubernator Ona hansısa xidməti göstərmək arzusunda olduğunu söyləyir. Cavabında Həzrət Bəhaullah şəhərin su kəmərini bərpa etməyi ondan xahiş edir. Həzrət Bəhaullahın Əkkada məh­busluğunun doqquzuncu ili sultanın sürgün rejimi haqqında gös­tərişi əslində həbsxana və şəhər rəhbərliyi tərəfindən tama­milə unudulur.

Həzrət Əbdül-Bəha atası üçün şəhər kənarında böyük olmayan, lakin rahat bir evi kirayə edir. On il ərzində nə bir ağac, nə bir ot görməyən təbiət aşiqi olan Həzrət Bəhaullah oraya köçür. İki il sonra həzrət Əbdül-Bəha Bəhcidə ev alır və Həzrət Bəhaullahın yerdəki həyatının son on üç ili burada keçir.

Həzrət Əbdül-Bəha bütün cari işləri öz üzərinə götürdüyü üçün Həzrət Bəhaullah büsbütün Öz yazılarına qapılır. O, nadir hallarda şəxsən kiminləsə görüşürdü, lakin Onun təsiri hər yerdə hiss olunurdu. Əyalətin hakim dairələri Onun hakimiyyətinə və nüfuzuna qibtə ilə yanaşırdılar

Kembric universitetinin tanınmış şərqşünas alimi professor E.Q.Braun Bəhcidə beş gün olmuş və Həzrət Bəhaullah ilə görüşü haqqında aşağıdakı xatirələrini yazmışdır:

“Küncdə, divara yaxın qoyulmuş divanda qəribə ahıl adam oturmuşdu. Mənim gözlərim qarşısında dayanmış O Kəsin üzü­nü mən heç zaman unuda bilmərəm, hərçənd ki, Onu təsvir etmək gücünə də qadir deyiləm. Bu bəsirətli gözlər sanki insanın qəlbini oxuyurdu; Onun hündür alnı qüvvət və hakimiyyət nuru saçırdı. Kimin qarşısında olduğumu soruşmağa artıq ehtiyac yox idi. Kralların qibtə etdikləri, imperatorların nahaq yerə içlərini çəkdikləri, belə məhəbbət və ehtiram mərkəzinə çevrilmiş Kəs qarşısında mən baş əydim. Mülayim, ləyaqətlə ifa edilmiş səs məni oturmağa dəvət edərək, bunun ardınca dedi: “Allaha şükr olsun ki, sən gəldin! Sən məhbusu və sürgün olunmuşu görməyə gəldin... Dünyaya firavanlıq və xalqlara xoşbəxtlikdən başqa Biz heç nə arzulamırıq; bununla belə Bizi ədavət qızışdırıcıları və ağılları qarışdıranlar sayıb, qandala və sürgünə layiq görürlər... Əgər bütün millətlər bir din ətrafında birləşərsə və bəşər oğulları bir-birinə qardaş olarsa, insanlar arasında bir-birinə bağlılıq və birlik yolları möhkəmlənərsə, dini və irqi ayrı-seçkilik ləğv edilərsə, burada zərərli nə var ki?... Onsuz da bu baş verəcəkdir: mənasız çəkişmələr və viranedici müharibələr keçmişdə qalacaqdır və böyük Sülh bərqərar olacaqdır... Avropada sizə lazım olan bu deyilmi? İsa Məsih məgər bunu demirdimi?... Axı Biz görürük, sizin hökmdarlar bəşəriyyətə xoşbəxtlik gətirə biləcək sərvətlərini insan nəslini məhv edəcək vasitələrin yaradılmasına səxavətlə sərf edirlər... Bu çəkişmələr və qırğınlar, bu ixtilaflar kəsiləcəkdir və bütün insanlar bir böyük ailə olacaqlar... İnsanlar təkcə öz vətənlərini sevməklə deyil, bütün dünyanı sevməklə fəxr etməlidirlər ”

Həyatının son illərində Həzrət Bəhaullah dörd dəfə Hayfa şəhərində olmuş və Kərmil dağının ətəklərində Öz çadırını qurmuşdur. O, həzrət Əbdül-Bəhaya Həzrət Babın məzarını yerləşdirməkdən ötrü qayalı yamacda yer göstərmişdir. Bu gün həmin yamacda ağaclar çiçək açır, yaşıl otlar boy atır, kiparislərin kölgəli sırası Həzrət Bab və Onun gənc dostunun dəfn olunduğu ağ mərmərdən tikilmiş binanı əhatə edir.

Həzrət Bəhaullah 40 il məhbəs və sürgün həyatını yaşa­dıq­dan sonra 29 mart 1892-ci ildə Öz dünyasını dəyişir. İyirmi dörd il əvvəl məhbusların gəlişini xəbərdarlıq edən Əkkanın kilsə zəngləri indi Onun getdiyini car çəkirdi. Çoxlu insan Həzrət Bəhaullahın Bəhcidəki evinə gələrək acı-acı ağlayırdı. Yeddi gün ərzində şəhərin tanınmış adamları və başçıları təşrif buyuraraq, öz son ehtiramlarını verirdilər. Sultana aşağıdakı məzmunda teleqram göndərilir: “Bəhanın günəşi qürub etdi!”

Sonralar Əmrin Mühafizi Şövqi Əfəndi yeni dünya dininin birinci yüzilliyinə həsr etdiyi xülasəsində bu cür yazmışdır: “Həzrət Bəhaullahın süud etməsi ilə dünyanın din tarixində bir çox cəhətlərinə görə analoqu olmayan dövr başa çatır. Nə özünün yüksəkliyinə, nə səmərəliyinə, nə də müddətinə görə dünyanın əvvəlki dinləri arasında bərabəri olmayan dövr qurtardı”.

Həzrət Əbdül-Bəha
Həzrət Bəhaullahın böyük oğlu həzrət Əbdül-Bəha (əsl adı Abbas Əfəndi) 1844-cü il mayın 23-də, Həzrət Babın Molla Hüseynə Öz Missiyasını açıqladığı həmin gecə anadan olmuş­dur. Həzrət Bəhaullah Siyah-Çal həbsxanasına salınanda həzrət Əbdül-Bəhanın səkkiz yaşı vardı. Həmin gecə qaragüruh onla­rın yaşadığı evi mühasirə etdiyi üçün başqa yerdə gizlən­məyə məcbur olurlar. Həzrət Əbdül-Bəha valideynlərini sürgündə də müşayət edirdi və Həzrət Bəhaullahın Rizvan bağındakı bəyana­tın­dan doqquz il əvvəl atasının Missiyası Ona məlum idi. Bu zaman Onun cəmi doqquz yaşı vardı

Həzrət Bəhaullahın Bağdadı tərk edib, Kürdistan dağlarına yollanması həzrət Əbdül-Bəhanın böyük kədərinə səbəb olur. Onun olmadığı iki il ərzində həzrət Əbdül-Bəha Həzrət Babın Yazılarındakı mətnləri köçürmək və öyrənməklə məşğul olur. Atasının geriyə qayıtması Ona böyük sevinc gətirir və o zamandan etibarən həzrət Əbdül-Bəha Onun ən yaxın dostu və köməkçisi olur. Həzrət Əbdül-Bəhanın rəsmi təhsili yox idi. Bütün bildiklərini O, Həzrət Bəhaullahdan öyrənmişdi. O da atası kimi təbiəti, kənd həyatını və at sürməyi çox sevirdi.

İstanbula səfər zamanı həzrət Əbdül-Bəha sürgünə göndərilənlərin ərzaq və yataqla təmin edilməsi məsələləri ilə məşğul olur, gecələr isə atasının çadırını qoruyurdu. Ədirnədə O, Həzrət Bəhaullahın bütün cari işlərini tədricən Öz əlinə alır. Hamı Onu “Ağa” deyə çağırırdı. Bu titulu Ona Həzrət Bəhaullah vermişdi. Atasının süudundan sonra O, özünü sadəcə olaraq “Əbdül-Bəha”, yəni “Bəhanın qulu” deyə adlandırırdı. O, atasının qonaqlarını qəbul edir, lakin bəsirətli daxili baxışı ilə onların arasında gerçəkdən həqiqət axtaran kəsləri tanıyırdı. Hamı onu sevir, hətta pisliyini istəyənlər də Ona hörmətlə yanaşırdılar. O, çox nəzakətli, mülayim, mərhəmətli, səxavətli və həmişə xeyirxah idi.

Əkkada həzrət Əbdül-Bəha Həzrət Babın köhnə ardıcılla­rından birinin qızı Minirə xanımla evlənir. Onların ailə həyatı xoşbəxt idi, bununla belə dünyaya gəlmiş doqquz övladından beşi müxtəlif vaxtlarda ölür.

Əkka məhbuslarının sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər zəifləyən kimi həzrət Əbdül-Bəha səsli-küylü şəhər küçələrində tez-tez görünməyə başlayır. O, dərisinin rəngindən, dinindən, ictimai vəziyyətindən asılı olmayaraq gücü çatdığı qədər hamıya köməklik edirdi. O, yoxsulların evinə gedir, onları qayğı ilə əhatə edir, xəstələrə təskinlik verirdi. Onun şəxsi tələbləri çox sadə idi. O, sadə yaşayır, ucuz paltar geyinir, lakin bununla belə həmişə səliqəli görünürdü O, günçıxandan günbatana kimi işləsə də, gecənin çox hissəsini namaz və ibadət içində keçirirdi. Həzrət Əbdül-Bəha uşaqları çox sevir, onun ən çox xoşladığı isə insanlara hədiyyə vermək və onları xoşbəxt görmək idi. O deyirdi: “Mənim evim – şənlik və gülüş evidir.”

Həzrət Bəhaullah öz dünyasını dəyişdikdən sonra ailəsinə Onun ruhani vəsiyyəti oxunur. Vəsiyyətnamədə həzrət Əbdül-Bəha Bəhai dininin başçısı və Həzrət Bəhaullah təliminin yeganə səlahiyyətli şərhçisi təyin edilirdi. Həzrət Bəhaullah öz ardıcıllarına həzrət Əbdül-Bəhaya müraciət etməyi və ona qulaq asmağı buyururdu. Lakin bilavasitə göstərişinə baxmayaraq, Həzrət Bəhaullahın ailə üzvlərindən bəziləri qısqanclıq və paxıllıq hissinin təsiri altında Onun iradəsinə uyğun hərəkət etməkdən imtina etdilər. Onlar bütün vasitələrlə həzrət Əbdül-Bəhanın nüfuzunu qırmağa çalışırdılar. Nəticədə həzrət Əbdül-Bəha 1901-1908-ci illər ərzində yenə Əkkada məhbus vəziy­yətinə salınır. Osmanlı dövlətinin hakim dairələri 1904 və 1907-ci illərdə Ona qarşı olan ittihamları yoxlamaq məqsədi ilə xüsusi komissiya təyin edirlər.

Hər iki komissiyaya pulla ələ alınmış şəxslərin yalançı şahidliyi təqdim edilir və iş o yerə gəlib çatır ki, 1907-ci ildə sultana həzrət Əbdül-Bəhanı edam və ya sürgün etmək təklif olunur. Lakin gənc türklər inqilabı keçmiş Osmanlı imperiya­sının bütün siyasi dustaqlarını və vicdan məhbuslarını həbs­xa­nalardan azad edir.

O çətinlik və bəla illərində də həzrət Əbdül-Bəha çalış­maq­dan əl çəkmirdi. O, Əkkada acların və xəstələrin qayğısına qalır, müxtəlif ölkələrdəki bəhailərlə geniş yazışma aparırdı. Qohumları tərəfindən kəsilmək bilməyən həmlələrə baxma­ya­raq, Həzrət Bəhaullahın Ona göstərdiyi yerdə, Kərmil dağının ətəyində kiçik məqbərə tikdirir. Bu məqbərədə Həzrət Babın cənazəsi dəfn edilir.

Həbsdən azad edildikdən sonra həzrət Əbdül-Bəha Avro­pa və Amerikaya səfərlər planlaşdırmağa başlayır. Səhhətinin pisləşməsi ilə əlaqədar səfərini 1911-ci ilin avqustuna kimi təxirə salır və həmin il həzrət Əbdül-Bəha Qərbə yola düşür. O zaman Onun yetmişə yaxın yaşı var idi. Bu müddətin altmış ilini sürgündə və bir neçə ilini həbsdə keçirmiş, daim repressiya və yeni məşəqqətlərin təkrarlanması təhlükəsi altında olmuşdur.

Həzrət Əbdül-Bəha 1911-ci ilin setyabrında Böyük Britaniyaya gəlir və Londonun Siti Templ kilsəsində Onun ilk çıxışı olur. Sonrakı iki ili O, Avropa və Amerikaya səfər edərək, böyük hikmət və tam sədaqətlə Bəhai təlimini yayır. O, vaxtının çox hissəsini açıq çıxışlara və qonaqların qəbuluna sərf edirdi. Onun səyahəti sadə olub təmtaraq və lüzumsuz xərclərdən azad idi. ABŞ-da O, ölkənin bir sahilindən digərinə hərəkət edərək, bu ölkədə və qonşu Kanadada yüzdən çox mühazirə oxuyur.

Həzrət Əbdül-Bəha 1913-cü ildə Hayfaya qayıdır. Birinci dünya müharibəsi başlayanda türk hökuməti Onu yenə həbsxanaya salır. Həyatının daha dörd ili təcriddə və təhlükə içində keçir. Bununla belə, O, Fələstin əhalisini ərzaqla təmin etmək məqsədilə Keneret gölünün sahilində buğda yetişdiril­məsini təşkil edir. O, tam itaət, ibadət və mərhəmət içində keçən həyatını yaşamaqda davam edir. Türklər həzrət Əbdül-Bəhanı Kərmil dağında çarmıxa çəkməklə hədələyirlər. Bu təhlükə haqqında xəbər Londona çatanda general Ellenbiyə həzrət Əbdül-Bəhaya hər cür köməklik göstərmək əmri verilir. General Hayfanı bir neçə gün tez ələ keçirərək Londona bu məzmunda teleqram göndərir: “Bu gün Fələstin azad edilmişdir. Dünyaya xəbər edin: cənab Əbdül-Bəha təhlükədən sovuşmuş­dur”.

Birinci dünya müharibəsi qurtardıqdan sonra Britaniya hökuməti Yaxın Şərqdə sülh və tərəqqinin müdafiəsində xüsusi xidmətlərinə görə həzrət Əbdül-Bəhanı cəngavər rütbəsi ilə təltif edir. O mükafatı qəbul etsə də, bu zadəgan titulundan heç vaxt istifadə etmir.

Həzrət Əbdül-Bəha 1921-ci il noyabrın 28-də Hayfada dün­yasını dəyişir. Lakin ömrünün son gününə kimi O, çalış­maqda davam edirdi. Müsəlmanlar, yəhudi və xristianlar dəfn prosesinə gələrək, Ona son ehtiramlarını verir və bəhailərlə birlikdə bu böyük itkidən kədərləndiklərini bildirirdilər.
Həzrət Əbdül-Bəhanın nadir məqamı
Həzrət Əbdül-Bəha bəhai dininin tarixində müstəsna yer tutur. Əslində O, adi insan olsa da, eyni zamanda bəhai təliminin kamil nümunəsi kimi fövqəlinsani biliklərə malik idi. Həzrət Bəhaullahdan sonra Bəhai dininin lideri olaraq O, insanlar üçün İlahi Vəhy işığını əks etdirən qüsursuz güzgüyə bənzəyirdi. Onun yorulmaz və etibarlı rəhbərliyi altında bəhailərin birliyi qorunmuş və Həzrət Bəhaullahın prinsiplərinə uyğun olaraq inzibati strukturların yaradılmasına başlanmışdır. Bir sıra məktub və lövhlərində, əvvəllər Həzrət Bəhaullah etdiyi kimi, O da bu prinsipləri təfsilatı ilə izah edir və onların həyata keçirilməsi yollarını göstərirdi. Onun adi gündəlik həyatı sübut edir ki, insan hətta ən çətin şəraitdə Allaha tam sədaqətlə yaşamaq və bəşəriyyətə xidmət etmək qabiliyyətindədir.
Üç əsas şəxsin həyatı dövründə

Bəhai dininin inkişafı
Həzrət Babın vaizçiliyi dövründə (1844-1850) Onun təlimi yalnız İran və İraqda yayılır, lakin 1853-1892-ci illər ərzində Həzrət Bəhaullahın dövründə Bəhai dininin ardıcılları artıq on üç ölkədə var idi. Həzrət Bab və Həzrət Bəhaullah bu yeni dinin birgə yaradanları olsalar da, “Əhdin Mərkəzi” kimi həzrət Əbdül-Bəhanın məxsusi mövqeyi sayəsində Onun Yazıları da Bəhai Dininin Müqəddəs kitablarının bir hisssəsini təşkil edir. Həzrət Bəhaullahın süudundan (1892) həzrət Əbdül-Bəhanın süuduna qədər (1921) olan vaxt ərzində Allahın Əmri daha 22 ölkəyə yayılır və 1921-ci ildə onun ardıcılları artıq 37 ölkədə var idi. Bəhai Dini dünya dininə çevriləndə Onun təsir dairəsinə artıq Çin, Birma, Avstraliya, Rusiya, səkkiz Avropa və üç Afrika ölkəsi, Braziliya, Kanada və ABŞ daxil idilər. Eyni zamanda İranda bəhailərin təqib olunması davam edirdi. Edamlar və işgəncələr vaxtaşırı kütləvi hal alırdı. Hökumət nümayən­də­lərinin səhlənkarlığı, əksər hallarda isə köməyi ilə ruhanilər tərəfindən qızışdırılan fanatiklərin azğınlaşmış dəstələri bəhai­lərə hücum edir, onların əmlakını talayır və yandırır, əzabla öldürülənlərin üzülmüş cəsədəri üzərində iyrənc işlərdən belə çəkinməyərək, kişiləri, qadınları və hətta azyaşlı uşaqları vəhşi işgəncələrə və əzablı ölüm cəzalarına düçar edirdilər.


Şövqi Əfəndi Əmrin Mühafizi kimi
Həzrət Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrə­man­lıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin “Allah yanaşı addımlayır” kitabında “Allahın məst etdiyi qəhrə­manlar Qalaktikası” adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək “öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan” vermişdilər.

Həzrət Əbdül-Bəhanın Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dinin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının Onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu həzrət Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə həzrət Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.

Əmrin Mühafizi Şövqi Əfəndinin istedadı və fədakarlığı sayəsində Bəhai dünyasındakı uğurlar, o cümlədən İnzibati Quruluşun inkişafı və Müqəddəs Torpaqda Bəhai Dininin dünya Mərkəzinin genişləndirilməsi və bəzədilməsi mümkün olmuş­dur. Dünyasını erkən dəyişmiş Şövqi Əfəndinin həyatı və uğurları haqqında çox danışılmışdır. Şövqi Əfəndinin dünya tari­xinə verdiyi töhfələrin hərtərəfli qiymətləndirilməsinin za­manı hələ çatmamışdır və bəhai dünyasından kənarda O, hələ kifayət qədər tanınmamışdır.

Onun ədəbi irsinə həcmi 181 min sözdən ibarət Bəhai Erasının birinci yüzilliyinin tarixi daxildir, nəşr olunmuş mək­tub­­la­rı – bu daha 300 min sözdən ibarət mətndir. Bundan başqa, ayrı – ayrı şəxslərə, qruplara, komitələrə, Yerli və Milli Məh­fillərə yazdığı minlərlə məktub da bura daxil edilə bilər.

Onun Yazılarının böyük hissəsi fars və ərəb dillərindədir; bu dillərdə yazılmış on beş min məktubu toplanmış, mikrofilm­lə­rə salınmış və öyrənilmişdir. Onun fars və ərəb dillərindən ən zərif və ifadəli ingilis dilinə olan tərcümələri daha 750 min sözdən ibarətdir. Məhz bu tərcümə işləri Onun şərhçi kimi keyfiyyətlərini daha qabarıq şəkildə üzə çıxarmışdır; şərq dilləri üzrə mütəxəssislər etiraf edirdilər ki, yalnız Şövqi Əfəndinin tərcümələrini oxuduqdan sonra orijinalların mənasını daha yaxşı dərk etməyə başlamışlar.

Şövqi Əfəndinin istedadı ədəbi fəaliyyətlə məhdudlaşmır­dı; O, Milli Ruhani Məhfillərə Əmri yaymaq planlarını hazırla­maq­da, Kərmil dağında Həzrət Babın məbədinin və Əkka yaxınlığındakı Bəhci ətrafındakı bağların layihələşdirilməsində və salınmasında yaxından iştirak edirdi. İnsan təbiətinin böyük bilicisi kimi O, bütün qruplardan və dinlərdən olan insanlara dəyərli və ruhlandırıcı məsləhətlər verirdi. Bütün bunlar və ya­şa­dığı sadə şəxsi həyatı ilə birlikdə Bəhai Dininin birinci və ye­ganə Mühafizi Şövqi Əfəndinin nadir şəxsiyyətini təşkil edirdi.

Şövqi Əfəndi 1957-ci ilin noyabrında ömür yoldaşı Ru­hiyyə xanımla Londonda səfərdə olarkən Asiya qripinə tutularaq dünyasını dəyişir. O, Londonun Yeni Sautgeyt qəbirstanlığında dəfn olunmuşdur. Onun həyatı və əməyi hesabına Mühafizlik Həz­rət Bəhaullahın dünya Nizamının təməl daşlarından biri ki­mi qalmaqdadır.
Yeni dövr və Azərbaycan
XIX əsrin ikinci yarısında Bəhai icmaları Şimali Azərbay­ca­nın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki, Naxçıvan və digər yerlərində fəaliyyət göstərirdi. Qeyd edək ki, Bakı və Balaxanı icmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai icmalarından hesab olunurlar. 1860-70-ci illərdə Bakı icmasının yaradıl­masında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir İsmayılzadə böyük rol oynamışdır. Artıq XIX əsrin 80-ci illərinin əvvəllərində bu icmalarda yüzlərlə insan var idi. Bakı icmasının arxivində həmin icmanın adına 1887-ci ildə alınmış Çadrovı küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.

Bəhai icmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhümat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər arası dialoq və əməkdaşlığa can atmışlar. Respubli­ka­mız­da çox az adam bilir ki, ilk dəfə azərbaycanlı qızların məktəbə qoyulması bəhailər tərəfindən edilmişdir. Bu cür fəaliyyətlər fanatik ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda Bəhai dinini qarşı cox ciddi təz­yiq­lər olmuşdur. Tanınmış din xadimi axund İbrahimxəlil bi­lən­də ki, yeganə oğlu Molla Sadiq bəhailiyi qəbul edib və onun ən fəal mübəlliği olub, qəzəblənib, onun ölümünə fitva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna atıb qətlə yetirirlər. Fitvanın qurbanı olduğu üçün müsəlman qəbirstan­lığında dəfn olunmağa icazə verilmir və dostları Molla Sadiqi bağ sahələrinin birində torpağa tapşırırlar. Yalnız cox uzun illər sonra Onun məzarı Mərdəkan qəbirstanlığına köçürülür.

Bəhai dini təliminin fərdlərə, cəmiyyətə və bütövlükdə bəşəriyyətə təklif etdiyi tərəqqi və maarifçilik yolu Azərbay­ca­nın tərəqqipərvər və azad fikirli şəxslərinin diqqətini özünə cəlb etmiş, onların hörmət və rəğbətini qazanmışdır. Azərbaycanın maarifçi şairi Seyid Əzim Şirvani (1835-1888) bəzi şerlərində Bəhai dini təliminə öz rəğbətini bildirmişdir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov və maarifçi, demokrat şair Məhəmməd Hadi (1879-1920) də öz yazılarında Bəhai təlimini dəfələrlə xatırlamışlar. Digər görkəmli maarifçi şair Mirzə Ələkbər Sabir (1862-1911) Balaxanı icması ilə sıx əlaqədə olmuş, bir müddət icmanın maddi və mənəvi dəstəyini almışdır. Şair icmanın üzvü, Kəblə İbrahimlə daha yaxın dostluq münasi­bət­ləri saxlamış, bir müddət onun evində yaşamışdır. Kəblə İbra­himin yaxın qohumu 70 yaşlı Mərziyyə Rzayevanın (hazırda Bakı şəhərinin sakini, təqaüdçü) dediklərinə görə M.Ə.Sabir Bala­xanıda yaşadığı dövrlərdə icmanın bəzi tədbirlərində qonaq kimi iştirak etmişdir (bu məlumatı o, öz anasının dilindən eşidib).

Azərbaycan xalqının maariflənməsində, mədəniyyətinin inkişafında mesenat kimi xidmətlər göstərmiş milyonçu Musa Nağıyev (1849-1919) və xalq şairi Əliağa Vahidin müəllimi, qafqaz türkləri arasında “ustad şair” kimi tanınmış Mirzə Əbdülxaliq Yüsif də Bakı icmasının üzvləri olmuşlar. Musa Nağıyev uzun illər Bakı Ruhani Məhfilinin üzvi kimi də fəaliyyət göstərmişdir. Milyonçunun şəxsi nüfuzu bəhailərə qarşı açıq təzyiqlərin qarşısının alınmasında xüsusi rol oyna­mış­dır.

Bəhai dini bu dövrdə dahi rus mütəfəkkiri L.N.Tolstoyun da diqqətini özünə cəlb edir. Bu təlimlə O, ilk dəfə 1884-cü ildə tanış olur. Yazıçının məktublarında və gündəliyində 1910-cu ilə kimi babi (sonralar bəhai) təlimi haqqında qeydlər vardır. O, “Bab” pyesinin müəllifi İ.A.Qrinevskayaya yazdığı məktubunu aşağıdakı sözlərlə bitirmişdir: “Babi təlimi qardaşlıq, bərabərlik və məhəbbət kimi fundamental ideyalara söykəndiyi üçün böyük gələcəyi vardır”4.

Lev Tolstoy bu yeni din haqqında Firuddin Xan Bədəl­bə­yova yazdığı cavab məktubunda öz fikrini belə ifadə edir: “İs­lam Dinindən törəmiş, bəhailiyə keçən babilərin təlimi ən böyük və təmiz dini təlimlərdən biridir...”

Lakin daim ruhani axtarışlarda olan, Universal Din yarat­maq arzusu ilə yaşayan yazıçının həyatının müxtəlif dövrlərində Bəhai dininə münasibəti birmənalı olmamışdır, bəzən onu göy­lərə qaldırmış, hərdən də ona tənqidi yanaş­mışdır. Bu təbii idi, çünki L.N.Tolstoyun Bəhai təlimi haqqında tam və obyektiv məlumat almaq imkanı olmamışdı.

Həzrət Əbdül-Bəha L.N.Tolstoyun Bəhai dini ilə maraq­lan­ma­­­sı xəbərini eşidən kimi, Bakı icmasının üzvi Əli-Əkbər Naxçivaniyə yazıçı ilə əlaqə saxlayıb, onu bu təlim ilə bağlı tam və obyektiv məlumat ilə təmin etmək göstərişini verir. Bir müddət sonra Ə.Naxçivaniyə5 cavab məktubunda L.Tolstoy babi və bəhai təlimləri haqqında kitab yazmaq istəyində olduğunu bildirir.

1902-ci ilin sentyabrında İran bəhaisi Əzizulla Yasnı Pol­ya­nada L.Tolstoy ilə görüşüb, həzrət Əbdül-Bəhanın mək­tu­bunu ona çatdırır. Həzrət Əbdül-Bəha məktubda yazırdı:

Elə hərəkət edin ki, sizin adınız iman dünyasında xoş xatirə qoysun. Bu dünyaya çox filosoflar gəlib və hər biri, belə deyək, beş metr hündürlüyündə bayraq qaldırıb. Siz isə bayrağı on metrə qaldırmısınız, Birlik dəryasına baş vurun və Allahın Əbədi köməyini əldə edin”.

Əzizulla bu görüşdə yazıçının Həzrət Bəhaullah və Onun təliminə münasibəti ilə maraqlanır. L.Tolstoy cavabında deyir:

Mən Onu necə inkar edə bilərəm... Mən əminəm ki, Onun dini bütün dünyanı fəth edəcəkdir”.

XIX əsrin sonları və XX əsrin əvvəllərində Bəhai dini Azərbaycanla yanaşı, Rusiya imperiyasının başqa ərazilərində də öz ardıcıllarını tapırdı. 1882-ci ildə Türküstanda İran mühacirlərindən ibarət ilk Bəhai icması yaranır. Artıq 1890-cı ildə mühacirlərin sayı min nəfərə çatır.

XX əsrin 20-ci illərində Bəhai icmaları Qafqaz və Türküs-tanla yanaşı, Rusiyanın mərkəzi ərazilərində, o cümlədən Mos­k­va, Sankt-Peterburq şəhərlərində də var idi. Ən iri icma isə Aş­qa­bad icması hesab olunurdu. 1918-ci ildə Aşqabad əhalisinin 10 faizdən çoxunu bəhailər təşkil edirdi. Şəhərdə icmaya məxsus xəstəxana, qəbirstanlıq, kitabxana və oxu zalı, iki məktəb və iki uşaq bağçası var idi. Qeyd edək ki, bəhai məktəbləri dini mənsubiyyətindən asılı olmayaraq bütün uşaqların, həm qızların, həm də oğlanların üzünə açıq idi. O zaman Türküstan əhalisinin 90 faizdən çoxu savadsız olduğu halda, bəhailər arasında sa­vad­lılar 95 faiz təşkil edirdi. İcma həmçinin “Şərqin Günəşi” jur­nalını buraxır, müxtəlif xeyriyyə-çilik işləri ilə məşğul olurdu.

Bəhailərin ətraf cəmiyyətə nümayiş etdirdiyi dini dözüm­lülük və İslam adət-ənələrinə hörmətlə yanaşmaları, onların maarif­çilik ideyaları insanlar tərəfindən böyük rəğbətlə qar­şılanırdı. Bu həm Azərbaycan, həm də Tiürkistan ziyalıları ara­sında Bəhai dininə marağın artmasına səbəb olurdu.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, bir sıra tarixi və fəlsəfi mahiyyətli əsərlərin müəllifi Hüseyn Cavid (1884-1941) bəzi məlumatlara görə, Almaniyada olan zaman Bəhai dinini qəbul etmiş, bu təlimin ideyalarını öz əsərlərində əks etdirmişdir. Tədqiqatçı alim Rəfael Hüseynov Hüseyn Cavi­din həyatına həsr etdiyi tədqiqat əsərində qeyd edir ki, H.Cavid öz həyat yoldaşını bəhailərə məxsus tərzdə, “Allahu-Əbha” de­yə salamlayırmış. Hüseyn Cavidin oğlu Ərtoğrul Bəhai gəncləri ilə, xüsusən də Ətaullah Qasımovla (1938-ci ildə represiya qur­banı olmuş Fərəc Qasımovun oğlu) yaxın dostluq əlaqələri sax­lamışdır.

Oktyabr çevrilişi nəticəsində Rusiyada bolşeviklərin haki­miy­yətə gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanğıcı oldu. Xüsusi dekretlə dini nigahların ləğv edilməsini və icma mül­kiyyətində olan torpaq sahələrinin dövlətin mülkiyyətinə keçməsini nəzərə almasaq, ilk illər sovet dövləti bəhai icmasının daxili işlərinə qarışmırdı.

1922-ci ildən başlayaraq mətbuatda bəhai təlimini antibol­şevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqib­lər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycan və Orta Asiya respublikalarından İrana deportasiyası ilə bəhailərə qarşı təqib kampaniyası baş­la­yır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qada­ğan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının protokolları müsa­dirə edilir. Aşqabadda nəşr edilən “Şərqin Günəşi” jurnalı bağ­lanır, arxivi məhv edilir, avadanlığı isə müsadirə olunur. Bir müd­dət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçi­ril­məsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.

1928-ci ildə bütün SSRİ ərazisində bəhailərə qarşı kütləvi təqib kampaniyası yeni qüvvə ilə alovlanır. Bakıda Ruhani Məhfilin iki üzvü həbs edilir. 1929-cu ilin iyulunda təkrar həbs­lər zamanı Bakı, Bərdə, Daşkənd, Aşqabadda daha 24 nəfər həbs­xanaya atılır. Altı ay sonra onlardan 16 nəfəri azadlığa bu­ra­xılır, qalanları Sibirə sürgün edilir. İcmaların dövlət qeydiyyatı və Nizamnamələri ləğv edilir, komitələr buraxılır, bəhai mək­təb­ləri bağlanılır, müəllimlər işdən çıxarılır. Dövlətin xüsusi fərmanı ilə dini icmaların mülkiyyətində olan daşınmaz əmlak, o cümlədən Çadrovı kuçəsi 216-da yerləşən Bakı Bəhai dini ic­masına məxsus bina dövlətin mülkiyyətinə keçir. İcma qar­şısında ya binanı boşaltmaq, ya da onu yüksək haqla dövlətdən icarəyə götürmək kimi şərt qoyulur. Dövlət orqanları ilə danışıqlardan sonra icarə haqda razılaşma əldə edilir.

30-cu illərin əvvəllərində sovet hakimiyyəti mövcud rejimi bir qədər də kəskinləşdirərək, icmalardan Məhfillərin buraxıl­ma­sını və bütün fəaliyyətlərin dayandırılmasını tələb edir. Bə­hailər dövlətin tələblərini yerinə yetirərək kollektiv fəaliy­yətlərini dayandırırlar.

Bu vəziyyət 1934-cü ilə kimi davam edir. 1934-cü ilin əvvəllərində dövlətin siyasəti gözlənilmədən dəyişir; müsadirə olunmuş əmlak yenidən icmalara qaytarılır, yenidən bir yerə toplanmağa, məclislər keçirməyə icazə verilir. Həmin ilin aprelində SSRİ-nin 14 şəhərində Yerli Məhfillərə seçkilər keçirilir, daha 20 yaşayış məntəqəsində icmalar yenidən bərpa olu­nur. Bakı, Gəncə, Bərdə, Balaxanı və Səlyanda icmalar öz fəaliyyətlərini tamamilə bərpa edirlər.

Lakin 1937-ci ildə vəziyyət gözlənilmədən yenidən də­yişir. Həmin ilin Oktyabrından 1938-ci ilin fevralına kimi bütün SSRİ ərazisində bəhai icmalarına qarşı təqib kompaniyası başlayır. Hər yeri həbslər və deportasiya dalğası bürüyür. Yüz­lərlə insan həbs olunur. Təkcə Aşqabad şəhərində bir gecədə 500 nəfər bəhai həbs edilir. Azərbaycanda həbslər Bakı, Balaxanı, Bərdə, Gəncə, Səlyan, Xilli (indiki Neftçala), Nax­çıvan icmalarında aparılır. Həbs olunanlardan 38 nəfəri güllə­lənir və ya cəza yerində naməlum səbəbdən həlak olur. Yüz­lərlə ailə İrana deportasiya və Qazaxstana sürgün olunur. Qay­ta­rılmış mülkiyyət yenidən müsadirə edilir. Bəzi icmalar böyük itki verdiyindən onları bir daha bərpa etmək mümkün olmur. Təqiblər 1949-cu ilə kimi davam edir.

1956-cı ildən sonra ölkədə siyasi abı-havanın yumşalması­na baxmayaraq, bəhai icmalarının açıq fəaliyyəti qeyri-mümkün şəraitdə idi. İcma üzvləri müxtəlif mənzillərdə on-on iki nəfər­lik qruplar şəklində görüşmək məcburiyyətində idilər. Yerli Ru­hani Məhfil seçki yolu ilə deyil, möminlərin təklifləri əsasında formalaşırdı. Məhfil üzvlərinin sayı 9 nəfər deyil, 5-6 nəfər ilə məhdudlaşırdı. Xaricdəki dindaşlarla əlaqə yalnız 60-cı illərin ortalarında mümkün oldu. Bu əlaqələr şəxsi səviyyədə olub, təsadüfi xarakter daşıyırdı. Bayramlar, süud və mövlud günləri çox konsperativ şəkildə, “ad günləri”, “yubileylər” adı altında keçirilirdi.

Andropovun qısa hakimiyyəti dövründə, 1982-ci ilin noyab­rında DTK-nın xüsusi qrupu Bakı şəhərində əməliyyat keçirərək, icmanın üç nəfər üzvünü həbs edib, onları 7 saat ərzində psixoloji təzyiq altında dindirirlər. Bu əhvalatdan sonra icma üzvlərinə bir yerə toplanmaq, hansısa tədbirlər həyata keçirmək qadağan edilir. Bu qadağalar 1987-ci ilə kimi davam edir. 1988-ci ildən etibarən Bəhai dini icmasının açıq fəaliyyəti üçün əlverişli şərait yaranır. 1989-cu ildə icmanın dövlətlə münasibətləri bərpa olunur. 1990-cı ildə Bakı Ruhani Məhfilinə, 1992-ci ildə isə Milli Ruhani Məhfilinə açıq seçkilər keçirilir.

1990-cı ildə Gəncə, Balaxanı, sonrakı illər Sumqayıt, Naxçıvan, Səlyan icmaları bərpa olunur. Onların bəzilərində Yerli Məhfillərə seçkilər keçirilir. 1993-cü ildə Bakı icması, 2001-ci ildə Sumqayıt icması, 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili dövlət qeydiyyatına alınır. Bununla da Azərbaycan Bəhai dini icması dövlətlə münasibətlərində yeni mərhələyə qədəm qoyur.

II FƏSİL


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə