Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


Kollektiv təhlükəsizlik nədir?



Yüklə 0,66 Mb.
səhifə6/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

Kollektiv təhlükəsizlik nədir? Həzrət Bəhaullah buyurur:

Labüd məsələ budur ki, yer üzündə böyük bir məclis qurulsun, hökmdarlar və sultanlar həmin məclisdə Böyük Sülh barədə müzakirələr aparsınlar. Onun da yolu budur ki, böyük dövlətlər dünyanın rahatlığı üçün möhkəm sülhə can atsınlar və əgər bir hökmdar başqa bir hökmdarın üstünə qalxsa, hamılıqla birləşib onun qarşısını alsınlar”38.

Həzrət Əbdül-Bəha “İlahi Sivilizasiyanın Sirləri” kitabın­da yazır:

Onlar (hökmdarlar) məcburi müqavilə imzamalı və Əhd bağlamalıdırlar. Əhdin şərtləri sağlam, sarsılmaz və qəti olmalıdır. Onlar bunu bütün dünyaya elan etməli və bunun üçün bütün insan nəslinin dəstəyini almalıdırlar. Bu ali və yüksək öhdəlik – sülhün və bütün dünyanın rifahının real mənbəyi – yer üzərində yaşayan hər bir kəs üçün müqəddəs olmalıdır... Hər şeyi əhatə edən bu Paktda hər bir millətin hüdud və sərhədləri aydın göstərilməli, bir hökumətin digərinə münasibətini müəy­yən edən prinsiplər dəqiq, aydın təsdiq olunmalı, bütün beynəl­xalq razılaşma və öhdəliklər aydınlaşdırılmalıdır. Bu şəkildə hər bir hökumətin silahı ciddi surətdə məhdudlaşdırıl­malıdır, çünki hər hansı bir millətin müharibəyə hazırlığına və hərbi qüvvə­lərinin artırılmasına icazə verilsə, bu başqalarının şübhəsini artıracaqdır. Bu mühüm Pakta dayaq olan funda­mental prinsip elə göstərilməlidir ki, əgər hər hansı bir hökümət sonra bu Paktın bu və ya digər şərtini pozarsa, Yer üzünün bütün dövlətləri qalxıb, onu tam tabe etməlidirlər, əks tədqirdə bütün insan irqi bir tam kimi öz sərəncamlarında olan qüvvələrlə qəti qərara gəlib, bu hökuməti məhv etməlidir”



Bəhai orduda xidmətdən boyun qaçıra bilərmi? Bəhai təlimi tələb edir ki, bəhailər yaşadıqları ölkənin hökümətinin qanunlarına itaət etsinlər. Əgər qanun tələb edirsə, bəhailər orduda xidmət etməli və mümkün olduğu halda qeyri-döyüşçü statusu almağı xahiş etməlidirlər.

IV FƏSİL
BƏHAULLAH ƏHDİ VƏ BƏHAİ İNZİBATİ

QAYDALARİ
Bəhaullah Əhdi
Uca Ədalət Evinin bir bəhaiyə yazdığı məktubda deyilir: “ Əhd ­– Allahla insan arasında razılaşma olub, mahiyyəti odur ki, Allah, Onun qoyduğu davranış qaydalarına əməl edən insana Öz xeyr-duasını verir, əvəzində ondan özünü aparmaq haqqında öhdəlik alır. Eləcə də hər İlahi Zühur Öz ardıcılları ilə Əhd bağlayaraq, axır-zamanda Yeni İlahi Zühurun Yerə göndəriləcə­yini onlara vəd edir və onlardan Onu tanıyacaqları haqda öhdəlik alır. Həmçinin Kiçik Əhd də mövcuddur. Bu Əhdə görə isə ardıcılları İlahi Zühurun varisini qəbul etməlidirlər. Əgər möminlər Kiçik Əhdə əməl edirlərsə, Din öz birliyini və təmiz­liyini saxlayacaqdır. Əks halda, onu parçalanma və tənəz­zül gözləyir. Həzrət Bəhaullah öz ardıcıllarına həzrət Əbdül-Bəha­-ya münasibətdə məhz belə bir Əhdi müəyyən etmişdir. Həzrət Əbdül-Bəha isə Onu İnzibati Qaydada əbədiləşdirmişdir”.

Bəhai təliminə görə, Allah Öz Peyğəmbərlərini bir-birinin ardınca yerə göndərərək, Onların vasitəçiliyi ilə insanlarla Əhd (“İbrahim Əhdi”, “Musa Əhdi”, “İsa Əhdi”, “Məhəmməd Əhdi”, “Bəhaullah Əhdi” və s.) bağlayaraq, bəşəriyyəti sonu görün­məyən gələcəyə doğru aparır. Əhd haqqında Tövrət, İncil və Qurani-Kərim Yazılarında da məlumat verilmişdir. Quran-İ-Kərimdə deyilir:

Xatırla ki, Biz bir zaman Peyğəmbərlərdən Əhd almış­dıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Mər­yəm oğlu İsadan da. Biz Onlardan möhkəm bir Əhd almış­dıq”(Əl-Əhzab,7)

Allahın Tövrətdə Nuh, İbrahim, Musa və başqa peyğəm­bərlər, İncildə isə İsa Məsih ilə bağladığı Əhddən danışılır. Nuh Əhdində bütün canlıları məhv etmiş daşqın qurtardıqdan sonra Allah Nuha və Onun oğullarına xeyir-dua verib deyir:

Mən sizinlə və sizdən sonra gələn nəslinizlə sabit bir Əhd kəsirəm; bir daha tufanla bütün canlılar məhv edilməyəcək, yer üzünü viran qoyan tufan olmayacaqdır. Mən göy qurşağımı bulud­ların arasına qoyuram və o, Mənimlə yer arasındakı Əhdin bir rəmzi olacaqdır. Mən ona baxıb, yer üzündə yaşayan bütün canlılarla kəsdiyin əbədi Əhdi xatırlayacağam. Budur, mənim yer üzündəki bütün canlılarla kəsdiyim Əhdin rəmzi” (Yaradılış, 8:18-22).

İbrahim Əhdində Allah İbrahim peyğəmbərə çoxlu sayda xalqların atası olacağını vəd edir. Tövrətdə oxuyuruq:

Durduğun yerdən şimala və cənuba, şərqə və qərbə bax. Gördüyün bütün torpaqları əbədi olaraq sənə və sənin nəslinə verəcəyəm. Səndən xalqlar və şahlar törədəcəyəm. Özümlə sənin və səndən sonra sənin nəslin və onların nəsli arasında Əhd qoyuram...” (Yaradılış, 13:14-16, 15:1-69, 17:15-16).

Hazırda məlumdur ki, qeyd edilən Əhd təkcə yəhudilərə və xristianlara (yəni İbrahim Peyğəmbərin birinci arvadı Sa­radan olan oğlu İshaqın nəslindən) deyil, İbrahim Peyğəm­bərin Həcər və Hetturadan olan övladlarının nəslinə də aiddir. Belə ki, Həzrət Məhəmməd Həzrət İbrahimin Həcərdən olan oğlu İsmailin nəslindən olduğu üçün müsəlmanlar özlərini İbrahim Əhdinin həmvarisi hesab edirlər. Eynilə Həzrət Bəhaullah da İbrahim Peyğəmbərin üçüncü arvadı Hetturanın övladının nəs­lindən olduğu üçün bəhailər də özlərini bu Əhdə bağlı görürlər. Beləliklə, bəhailər güman edirlər ki, İbrahim Əhdi Allahın beş nəhəng Elçisinin zühur etməsinə təkan vermişdir: Həzrət Musa, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab (Seyid Əli Məhəmməd Həzrət Məhəmmədin nəslindəndir) və Həzrət Bəhaullah. Quran-İ-Kərimdə deyilir:

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat üzərində seçilmiş etdi” (Ali-İmran, 33).

Allah Elçilərinin gətirdikləri Əhdlər yaşadıqları dövrün xüsusiyyətlərindən, insanların ruhani səviyyəsindən asılı olma­ya­raq, dörd əsas tərkib hissədən və ya vəzifədən ibarətdir:

İ. Yeni İlahi Əhdin məqsədlərini insanlara bəyan etmək və öncə göndərilmiş Peyğəmbərlərin və Müqəddəs Kitabların həqiqiliyini təsdiq etmək;

II. Unudulmuş Allah həqiqətlərini və ruhani prinsipləri bərpa etmək, insanları yeni İlahi biliklərlə zənginləşdirmək və Dinin dövrün tələblərinə cavab verməyən sosial qanunlarını yeniləri ilə əvəzləmək;

III. Gələcək Peyğəmbərin müjdəsini insanlara çatdırmaq;

IV. Kiçik Əhdi bağlamaq;

İstənilən Əhdin bu tərkibdə insanlara çatdırılması bütün dövrlərdə olmuş və gələcəkdə də belə olacaqdır. Əhdin ən əhəmiyyətli tərkib hissəsi və ya İlahi Zühura tapşırılmış ən məsul vəzifə – gələcək Zühur haqda müjdənin insanlara çat­dı­rıl­ma­sıdır. Həzrət Bab yazır:

Aləmlərin Rəbbi olan Allah bütün insanlarla qabaqcadan Əhd bağlamadan, onları növbəti Vəhyi və növbəti Kitabı qəbul etməyə çağırmadan öz tərəfindən Peyğəmbər göndərməmiş və Kitab açmamışdır”39.

Həzrət Babın sitatından məlum olur ki, İlahi Zühurların özlərindən sonrakı Zühurların gəlişini müjdələməsi Əhdin ən əsas şərtidir. Həzrət Əbdül-Bəha bu haqda yazır:

Həzrət İbrahim Həzrət Musa haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini gətirdi. Həzrət Musa Vəd olunmuş Həzrət İsa Məsih haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş xəbərini dünyaya çatdırdı. Həzrət İsa Məsih Həzrət Məhəmməd ə.s. haqqında Əhdi təyin etdi və Onun Zühu­runu xəbər etdi. Həzrət Məhəmməd ə.s. Həzrət Bab haqqında Əhdi təyin etdiyi üçün Həzrət Bab Həzrət Məhəmmədin Vəd etdiyi Kəsdir, çünki Həzrət Məhəmməd ə.s. Onun haqqında xəbər gətirmişdi. Həzrət Bab Camali- Mübarək, Həzrət Bəha­ullah haqqında Əhdi təyin etdi və Onun Zühurunun xoş müjdəsini verdi, çünki Camali-Mübarək Həzrət Babın Vəd etdiyidir. Həzrət Bəhaullah min və ya çox min illər sonra Zühur edəcək Kəs haqqında xəbəri çatdırdı. Bu Zühur Həzrət Bəhaullahın Vəd etdiyi Kəs olacaq və O, min və ya çox min illər sonra gələcək...” 40.

İlahi Təliminlərini axır-zaman Peyğəmbərinin (Yəhudi­likdə – Həzrət Musa, Xristianlıqda –Həzrət İsa Məsih, İslamda ­– Həzrət Məhəmməd ə.s.) gəlişi ilə kamilləşmiş və Onun gətirdiyi Müqəddəs Kitabı isə sonuncu səmavi Kitab hesab edən İbrahimi dinlərdən fərqli olaraq, Bəhai təlimi Vəhy və Peyğəm­bərlərin gəlişinin sonsuzluğu mövqeyindən çıxış edir. “Bəhaul­lah Əhdi” də Onun Öz sözlərinə görə Bəşəriyyətin ru­ha­ni təkamül prosesində yekunlaşdırıcı və yaxud sonuncu mər­hələ deyildir. Həzrət Bəhaullah bildirir ki, Allah Elçilərinin ardıcıl sırası dünya durduqca davam edəcəkdir:

Allah öz Müjdəçilərini Musa və İsanın ardınca getməyə göndərmişdir və bu Onun tərəfindən sonu olmayanın sonunadək davam edəcəkdir...”.

İlahi Əhdlər ardıcıldır və onları təmsil edən İlahi Zühurlar Allah tərəfindən müəyyənləşdirilmiş dövrlərdə zühur etmiş və bu gələcəkdə də baş verəcəkdir. Böyük Əhd konsepsiyasına görə Allah Kainatı Nəhəng Vəhy Tsiklləri vasitəsilə idarə edir. Artıq bir tsikl (“Adəm” tsikli) başa çatmış, ikinci tsikl (“Bəha” tsiklı) Həzrət Bəhaullahın zühuru ilə Öz tarixi missiyasına başlamışdır.

“Adəm” tsikli Adəm Peyğəmbərin zühuru ilə başlamış, bir neçə min il (dəqiq başlanma tarixi məlum deyildir) davam etmiş və Həzrət Məhəmməd ə.s. ilə sona yetmişdir. Bu dövr ərzində Yerə çoxlu sayda Peyğəmbərlər (nəbilər və rəsullar) göndəril­miş, Müqəddəs Kitablar (Bhaqavat-Qita, Tövrət, İncil, Avesta, Quran-İ-Kərim və s.) nazil olmuşdur. Bu tsikl dövründə Bəşə­riyyət bir-birilə rəqabət aparan dinlərə, millətlərə, dövlətlərə parçalanmışdır. Müqəddəs Yazılarda Allahın bilərək­dən buna yol verdiyi göstərilmişdir:

Budur, onlar bir xalqdır və dilləri də eynidir... onların dilini elə qarışdıraq ki, bir-birinin danışığını başa düşməsinlər” (Bibliya, 11:1-9).

Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik, əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin Allahın verdikləri sizi imtahan etməsi üçündür” (Qurani-Kərim, 5:48).

Həzrət Bəhaullah bildirir ki, bu tsikllərin nə əvvəli, nə də sonu vardır. Peyğəmbərlərin gəlişi əzəldən olmuş və əbədiyyətə kimi davam edəcəkdir. O, yazır:

Bir də sual vermişdiniz ki, nə üçün tarix kitablarında bəşə­rin Atası Adəmdən əvvəlki peyğəmbərlər və o zamanın sultanları barədə bir şey yazılmayıb. Belə bir yazının yoxluğu onların mövcud olmamasına dəlalət etməmişdir və etmir. Uzun müddət keçdiyinə və yerdə baş verən dəyişikliklərə görə bu barədə məlumatlar qalmamışdır. Bundan əlavə, Bəşərin Atası Adəmdən əvvəl indi insanlar arasında yayılmış yazı qaydaları və şəkilləri mövcud deyildi. O vaxtlar yazı ümumuyyətlə yox idi və başqa üsullardan istifadə olunurdu...”41.

“Bəha” tsikli Həzrət Babın zühuru ilə başlamışdır. “Bab” ərəbcə qapı deməkdir. Bu mistik adın çoxlu sayda izahı var. Bir izah da o ola bilər ki, Bab “Adəm” Vəhy tsiklindən “Bəha” Vəhy tsiklinə açılan qapı və yaxud bir Eradan başqa Eraya atılmış körpü idi. Bu tsikldə də 500 min il ərzində çoxlu sayda Peyğəmbərlərin gəlişi gözlənilir. Həzrət Bəhaullah Ondan sonrakı növbəti Zühurun 1000 ildən tez olmayaraq gələcəyini müjdələmişdir. O, yazırdı:

Düz min il tamam olmamışdan qabaq bir Əmr iddiasında olan kəs yalançı və iftiraçıdır...”42.

“Adəm” tsiklində Allah bəşəriyyəti sınaqlar və bəlalar silsiləsindən keçirməklə kamilliyə qaldırırdısa, “Bəha” tsiklində Yerdə İlahi Sivilizasiyanın qurulması üçün dərin ictimai, siyasi, iqtisadi, mədəni və psixoloji zəminin yaradılması qarşıya məq­səd qoyulmuşdur.

Həzrət Bəhaullah bildirir ki, Onun Əhdinin təsiri altında hərəkətə gətirilmiş qüvvələr köhnə Sivilizasiyanı dağıtmağa və yerində Ədalət və Sülh cəmiyyəti olan İlahi Sivilizasiyanı yaratmağa başlamışdır. Bu haqda Müqəddəs Yazılarda həm rəmzi, həm də açıq şəkildə işarələr və əlamətlər vardır:

Ədalət Onun qurşağı, sədaqət də onun belini sarıyan kəmər olacaq. Onda qurd quzu ilə birgə yaşayacaq, bəbir çəpişlə yan-yana uzanacaq, buzov da, gənc aslan da, kökəl­dilmiş öküz də bir yerdə olacaqlar və balaca uşaq onlara yol göstərəcək. İnək ayı ilə otlayacaq, balaları bir yerdə uzanacaqlar; aslan da öküz kimi saman yeyəcək. Südəmər körpə kobra yuvasının ağzında oynayacaq, süddən kəsilən bala da əlini gürzə yuvasına uzadacaq. Mənim müqəddəs dağımın heç bir yerində zərər verməyəcək, təxribat etməyəcəklər. Çünki sular dənizi qapladığı kimi, Yer üzü də Rəbbin biliyi ilə dolacaqdır” (Yeşaya,11:4-9).

Burada yəqin aydın olur ki, “qurd”, “quzu”, “bəbir”, “yuva” və s. rəmzi anlayışlardır. Mətndə söhbət bir-birindən fərqli, bir-birinə qarşı rəqabət və düşmənçilikdə olan insan qrup­larının, xalqların, dinlərin öz aralarında birlik əldə etmə­sindən, əmin-amanlıq tapmasından gedir. Başqa bir Yazıda biz bu əlamətləri daha aşkar şəkildə görürük:

Millətlər arasında Rəbb mühakimə edəcək, bir çox xalqların davalarını həll edəcək, onlar qılınclarını çəkiclə döyüb gavahına, nizələrini bağban bıçağına dəyişəcəklər; millət-millətə qılınc qaldırmayacaq və bir də müharibə etməyi öyrən­məyəcəklər” (Yeşaya 2:2-4).

Pərvərdigara! Olacağına şübhə edilməyən Bir Gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran, 9).

Həzrət Bəhaullah bu İlahi dövr haqqında yazır:

Bu həmin Gündür ki, Allahın ən gözəl nemətləri insan­lara bəxş edilmişdir. Allahın Özünün bütün qüdrət nemətlərini yaratdıqlarına verdiyi Gündür. Bu Gündən başla­yaraq, yer üzünün bütün insanları öz aralarındakı çəkişmələrə son qoyma­lıdırlar, Onun məhəbbəti və qayğı Ağacı kölgəsində hamılıqla birlikdə, sülh şəraitində yaşamalıdırlar. Tezliklə, indiki, mövcud köhnə qaydalar ləğv ediləcək və onun əvəzində yeni qaydalar bərqərar olacaqdır. Həqiqətən, Allah düzünü söyləyir, gözə görün­məyən hər şey Ona məlumdur43.

Həzrət Bəhaullahın açıqlamalarından və Müqəddəs Yazı­la­rın mətnlərindən göründüyü kimi, İlahi Sivilizasiyanın Yerdə qurulması Bəhaullah Əhdinin bağlanması ilə başlamışdır. Bu Əhdin müjdəsi 6 min ildən çoxdur ki, Peyğəmbərlər vasitəsi ilə insanlara çatdırılır. Həzrət Bəhaullah bu Günün məqamı haq­qında yazır:

Bütün yaradılışın səbəbi bu Ali, bu Müqəddəs Günün Vəhyi­dir. Onun bütün Kitablarında və lövhlərində Allah Günü ad­lanan və seyrini Onun bütün peyğəmbələrinin, Onun seçil­miş­lərinin və Onun müqəddəslərinin arzuladıqları gündür”44.

Müqəddəs Yazılardakı “Cəngavərlər Rəbbinin gəlişi” (Töv­rət), “İsanın ikinci Zühuru” (İncil), “Mehdinin gəlişi və Yer­də Ədalət Cəmiyyətinin qurulması” (İslam) anlayışları da Bəhaul­lah Əhdinin Yeni Dünya Qaydaları əsasında Yerdə qura­cağı İlahi Sivilizasiya haqqındadır. Həzrət Əbdül-Bəha yazır:

Bu Əzəmətli Adın zühuruna gəldikdə isə O, həmin Kəsdir ki, Allah Özünün bütün Müqəddəs Yazılarında və Kitablarında- Tövrət, İncil və Quranda Onun barəsində qabaqcadan xəbər vermişdi”45.

Müqəddəs Yazılarda əlamət və dəlillərin açıq-aşkar veril­mə­sinə baxmayaraq, Həzrət Bəhaullah gəldiyi zaman din xadimləri əvvəlki Peyğəmbərlər kimi Onu da qəbul etməmiş, Onu və ardıcıllarını ağlasığmaz zülmlərə məruz qoymuşlar. Həz­rət Bəhaullah yazır:

De: Ey yəhudilər, əgər siz ikinci dəfə Ruhu çarmıxa çəkmək istəyirsinizsə, Allaha and olsun, bu həmin ruhdur ki, sizin aranızda zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, öz canını Allahın yolunda qurban demişdir və əgər göylərdə və yerdə olanların hamısı ona qarşı birləşsələr də, O, heç kəsdən qorxan deyil. Buna əmin olun!



De: Ey İncil əhli, əgər siz Allahın rəsulu Məhəmmədi qətlə yetirmək istəyirsinizsə, Allaha and olsun, bu, Onun özüdür ki, haqqla zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, şərəf səltənətində Məhbubunun görüşünə müştaqdır. Allahın əmri belədir, bunu bilin.

De: Ey Quran əhli, əgər siz Bəyanı nazil edən Əlinin vücudunu asmaq istəyirsinizsə, Allaha and olsun, bu, Onun Məhbubudur ki, başqa adla zühur etmiş və mənaların kölgə­sində mütləq hökmranlıqla gəlmişdir. O, Haqdır, qeybin sirlərini biləndir və sizdən əvvəlki zühurda etdiyiniz hərəkətləri gözləyir. Bütün şeylər buna şəhadət verir, bunu eşidin.

Ey Bəyan əhli, əgər siz Əlinin dili ilə, ondan əvvəl Məhəmmədin dili ilə, ondan qabaq isə Ruhun (İsanın) dili ilə müjdəsi verilmiş Şəxsin qanını tökmək istəyirsinizsə, budur, O, sizin aranızdadır və Onun yanında sizin istədiklərinizə mane olacaq bir köməkçi yoxdur. Bunu bilin!”46.


Kiçik Əhd
Hər bir Əhddə ən əhəmiyyətli tərkib hissə İlahi Zühurun – Peyğəmbərin Öz ardıcılları ilə bağladığı Kiçik Əhddir. Kiçik Əhdin şərtinə görə, Peyğəmbər dünyanı tərk etməmişdən öncə öz varisini (canişini) ardıcıllarına təqdim edir, onlardan Onu qeyri-şərtsiz qəbul edəcəkləri barədə Əhd alır. Bu qanun da universal xarakter daşıyır, çünki əvvəlki dinlərdə də Kiçik Əhdlə bağlı göstərişlər vardır; Müqəddəs yazılardan göründüyü kimi Musa Peyğəmbər İsa Navini, Həzrət İsa Məsih həvvari Pyotru, Həzrət Məhəmməd ə.s. İmam Əlini (Qədir-Xumda) Öz varisi elan etmişdir. Əhdin şərtlərinə əməl edildikdə din öz saflı­ğını və birliyini qoruyub saxlayır, şərt pozulduqda isə dini təlim çirklənir, o özü isə saysız-hesabsız məzhəb və təriqətlərə parça­lanır. Kiçik Əhddə varisin (canişinin) vəzifələri aşağıdakılardan ibarətdir:

1. Dinin birliyini qoruyub saxlamaq;

2. Zühurun nazil etdiyi Müqəddəs Yazılarda metafor və rəmzlərdən ibarət mətnlərin şərhini vermək, bəzi qanun və qaydaları izah etmək;

3. Dinin ruhani prinsiplərinə toxunmadan zaman keç­dikcə öz əhəmiyyətini və vacibliyini itirmiş bəzi sosial qay­daları dəyişdirmək;

4. Öz davranışı, həyat-tərzi və əxlaqı ilə ardıcıllar üçün Ən Böyük Nümunə olmaq;

5. Bu funksiyaları yerinə yetirə biləcək Özündən sonrakı növbəti varisi (canişini) təyin etmək.

Bəhaullah Əhdi öz başlanğıcını Bəhaullah Vəhyindən götürən və daim inkişafda və kamilləşməkdə olan orqanizmə bənzəyir. Həzrət Bəhaullahın “Kitab-İ-Əhd”İ 1892-ci ildə oxunduqdan və onun məzmunu aydın olduqdan sonra Əhd qüvvəyə minmişdir. Zaman-zaman Bəhaullah Əhdində Kiçik Əhdlə bağlı onun aşağıdakı formaları aşkarlanmışdır:


  1. Həzrət Əbdül-Bəhanı öz varisi təyin etməsinə dair Bəhaullah Əhdi – Kiçik Əhdin hissəsi;

  2. Şövqi Əfəndi və Uca Ədalət Evinə dair Əbdül-Bəha Əhdi- Kiçik Əhdin hissəsi;

Həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi və təliminin səhvsiz və qüsursuz şərhçisi təyin etməsi onu göstərir ki, Dinin əsas Şəxsiyyəti sağ ikən Əhd embrion şəklində tədricən inkişaf etmişdir. Öz əli ilə yazdığı “Kitab-İ-Əhd”də Həzrət Bəhaullah möminlərə müraciət edərək bildirir ki, əgər onlar Allahın bəşəriyyətə göndərdiyi bəxşişləri almaq istəyirlərsə, yalnız həzrət Əbdül-Bəhaya müraciət etmə­lidirlər. Həzrət Bəhaullah yazır:

Mənim varlığımın dəryası sahillərdən geri çəkilməyə başlayanda və Mənim Vəhy Kitabım yazılıb qurtaranda nəzər­lərinizi Ona, Allahın seçdiyi Kəsə, bu Qədim Kökün Budağı olan Kəsə çevirin”47.

Həzrət Əbdül-Bəha möminlərə “Əhdin Mərkəzi”nin məqa­mını belə izah etmişdir:

Bu gün ən mühümü – Əhddə möhkəmlikdir, çünki Əhddə möhkəmlik fikir ayrılığının qarşısını alır.



Bəhaullah Əhdi təkcə “Mən Vəd olunmuş Kəsəm” kəlməsindən ibarət deyildir, onun mahiyyəti Əbdül-Bəhanın Yazıların şərhçisi və Onun Əhdinin Mərkəzi olmasından və Həzrət Bəhaullahın Vəd etdiyi Kəsin min ildən və ya çox-çox min illər sonra zühur etməsindən ibarətdir. Həzrət Bəhaullah bizə məhz belə Əhd qoymuşdur. Ondan geri çəkilən Həzrət Bəhaullahın qapısının astanasına belə ayaq basmağa layiq deyildir. Mübahisəli məsələlərdə yalnız Əbdül-Bəhanın məsləhətinə qulaq asmaq lazımdır. Hamı Onun istədiyinin ətrafına toplanmalıdır. Əbdül-Bəhadan sonra Uca Ədalət Evi möminləri fikir ayrılığından və parçalanmadan çəkindirəcəkdir”48.

İnsanlar artırmağa, azaltmağa və ya öz düşündüklərini əlavə etməyə meyilli olduğu üçün Həzrət Bəhaullah heç kimə Onun Yazılarını şərh etmək səlahiyyətini verməmişdir. Yalnız həzrət Əbdül-Bəha Kiçik Əhdin şərtinə uyğun olaraq Allah Kəlamını şərh etmək səlahiyyətini almışdı.

Həzrət Əbdül-Bəha Peyğəmbər deyildi, Bəhaullah Əhdinin keşikçisi kimi Ona Peyğəmbərlərə məxsus hüquq və səlahiyyətlər verilmişdi. Həzrət Əbdül-Bəha yazırdı:

Keçmiş dinlərdə çoxlu sayda məzhəb və təriqətlər yaranırdı, çünki başında ideyası olan hər bir kəs Allah Kəlamını istədiyi kimi şərh etməyə cəhd edirdi; ona görə də Həzrət Bəhaullah möminlər – bəhailər arasında fikir ayrılığına səbəb olacaq hər cür səbəbi aradan götürmək qərarını vermişdi. Bundan ötrü O, öz dəsti-xətti ilə Öz Əhdini yazdı. Orada O, Öz yaxınlarına, həmçinin dünyanın bütün xalqlarına bu sözlərlə müraciət etdi: “Həqiqətən, bu Vəsiyyətnamədə Mən Əhdimin Mərkəzi olacaq Kəsi təyin edirəm. Hamı ona tabe olmalıdır; hamı Onun sözlərinə diqqətlə qulaq asmalıdır; O, Mənim Kitabımın şərhçisidir və Mənim məqsədim yalnız Ona məlumdur. Hamı Ona tabe olmalı və Onu dinləməlidir. Onun sözləri həqiqətdir, çünki Mənim Kitabımda deyilənlər Ona aşkardır. Mənim Yazılarımın həqiqi mənası Ondan başqa heç kimə aşkar deyildir”. Bu sözlər bəhailəri ixtilaf və fikir ayrılığından qorumalıdır ki, onlar həmişəlik razılıq və birlik içində olsunlar... Ona görə də Həzrət Bəhaullahın təyin etdiyi Əhdin Mərkəzinə tabe olan kəs Həzrət Bəhaullahın İradəsini yerinə yetirir, tabe olmayan isə Həzrət Bəhaullahın İradəsinə qarşı çıxır...”49.

Həzrət Əbdül-Bəhanın canişinliyi dövründə (1892-1921) məsuliyyətsiz şəxslər dəfələrlə Əhdin Mərkəzinə qarşı çıxmış, təlimə öz şəxsi ideyalarını qatıb, beləliklə onu daxildən parçalamağa cəhd etmişdilər. Lakin Bəhaullah Əhdi möhkəm özül üzərində qurulduğundan Onu uçurmaq mümkün olma­mışdır. Minlərlə möminin Əhdin Mərkəzi ətrafında sıxlaşması nəticəsində Allah Kəlamının saflığı və Bəhai Dinin birliyi qorunmuşdur.

1921-ci ildə həzrət Əbdül-Bəhanın dünyanı tərk etməsi ilə Bəhai dinində Quruculuq Əsri başlayır. Həzrət Əbdül-Bəha Kiçik Əhdin Ona aid hissəsinə uyğun olaraq Şövqi Əfəndini Öz Vəsiyyətnaməsində Allah Əmrinin Mühafizi təyin edir. Bununla da Allah Kəlamının saf şəkildə möminlərə çatdırılmasının növbəti mərhələsi təmin edilmiş oldu.

Həzrət Bəhaullah və həzrət Əbdül-Bəha Öz Yazılarında vaxtı çatanda Dinin yerli, milli və beynəlxalq səviyyələrdə fəaliyyət göstərəcək İnzibati Quruluşundan danışmışdılar. Mühafizlik xidmətinin elə ilk illərində Şövqi Əfəndi bütün diqqətini bu İnzibati Quruluşun yaradılmasına yönəldir. Məhz Onun canişinliyi dövründə Bəhaullah Əhdinin İnzibati Quruluşunun yerli və milli təsisatları yaradıldı. Şövqi Əfəndinin Mühafizliyi vasitəsilə Bəhaullah Vəhyinin İlahi Gücü Dinin Mərkəzindən Milli Məhfillərə, onlardan isə Yerli Məhfillərə axıb gedirdi.

Şövqi Əfəndi dünyanı tərk etdikdən sonra Bəhaullah Əhdinin İnzibati Quruluşunda sonuncu qüllə – Uca Ədalət Evi quruldu.

Həzrət Bəhaullah, bu gün Allah Kəlamını nazil etmiş Kəs, Hakimiyyətin Mənbəyi, Ədalətin Ölçüsü, Yeni Dünya Qaydası­nın Yaradıcısı, Böyük Sülhün əsasını qoyan, Dünya Sivilizasi­ya­sı­nın İlhamvericisi, bütün Bəşəriyyətin Hakimi, Qanunverəni, Birləşdirən və günahlarını Bağışlayan – İlahi Səltənətin Yerə endiyini bəyan etmiş, onun hökmlərini və qanunlarını müəyyən etmiş, onun prinsiplərini əsaslandırmış və təsisatlarının təməlini qoymuşdur. Onun Vəhyinin hərəkətə gətirdiyi qüvvələri istiqamətləndirməkdən ötrü O, Öz Əhdini müəyyən etmiş və bu Əhdin gücü həzrət Əbdül-Bəha və Şövqi Əfəndinin canişinliyi dövründə Onun dininin vahidliyinin zamini, möhkəmliyinin rəhni və bütün dünyada yayılmasına təsir göstərən əsas amil olmuşdur. Həzrət Bəhaullahın həyat­verici Əhdi indi Uca Ədalət Evinin vasitəçiliyi ilə öz işini görməkdədir...” (UƏE–nin Kostitu­siyasından).

Həzrət Əbdül-Bəha yazır:

Əgər Əhdin müdafiə gücü Allahın sarsılmaz Dinini müha­fizə etməsə idi, günlərin bir günü bəhailər arasında 1000 müxtəlif təriqət yaranardı, necə ki, əvvəlki əsrlərdə belə olmuşdu.”50
Uca Ədalət Evi
Uca Ədalət Evinin seçilməsi ilə Bəhai Dininin tarixində yeni era başlamışdır. Allahın İlahi rəhbərliyi Bəhai icmasına 113 il ərzində, əvvəlcə İlahi Zühurun – Həzrət Bəhaullahın şəxsiy­yəti vasitəsilə, sonra Əhdin Mərkəzi (həzrət Əbdül-Bəha) və Əmrin Mühafizi (Şövqi Əfəndi) vasitəsilə iltifat edilmişdir. Lakin Şövqi Əfəndinin həyatdan getməsi və Uca Ədalət Evinin təntənəli şəkildə elan edilməsi ilə rəhbərliyin bu vasitəsi Allah ilə üzvi şəkildə bağlı olan şəxsiyyətin tək əlaqəsindən seçkili orqana verilmişdir. Bu orqanın ayrı-ayrı üzvləri səhvsiz olmasalar da, onların kollektiv qərarı Allah tərəfindən istiqamət­ləndirildiyi üçün qüsursuzdur. Bununla da Uca Ədalət Evinin səlahiyyət­lərinə aid edilən məsələlər üzərində Allahın fasiləsiz rəhbərliyi təmin edilmişdir. Uca Ədalət Evinin səlahiyyətləri dəqiq müəyyənləşdirildiyi üçün Bəhai Yazılarındakı qanun və başqa göstərişlərdə dəyişiklərin edilməsinin qarşısı alınmışdır. Bu dinlərin tarixində görünməmiş hadisə idi. Heç vaxt əvvəllər Allahın Peyğəmbərləri ümumi seçkilər vasitəsi ilə seçilmiş Şuraya qanunlar vermək və Onun dinini idarə etmək hüququnu verməmiş və bu işlərin Allah tərəfindən istiqamətləndiriləcəyini vəd etməmişdi. Bəhaullah Əhdi bəşəriyyəti Uca Ədalət Evi vasitəsilə Müqəddəs Yazılarda öz əksini tapmayan və izahı aydın olmayan bütün məsələlərlə bağlı fasiləsiz İlahi göstəriş­lərlə təchiz etmişdir.

Uca Ədalət Evinin seçilməsi üçün şərait yalnız 1963 – cü il aprelin 21 – də mümkün oldu. O vaxt dünyada mövcud olan 56 Milli Ruhani Məhfilin üzvləri bir araya gələrək ilahi mühitdə, ruhaniyyətlə dolu bir şəraitdə və dərin sədaqət içində dünya bəhailəri sırasından bu Ali Ruhani Orqana 9 üzv seçdilər. Bəha­ilər elə hesab edirlər ki, bu Şövqi Əfəndinin Mühafiz kimi təyinindən sonra Din tarixində ən əlamətdar hadisə idi. İndi Uca Ədalət Evinə seçkilər həmin ruhda, həmin ruhani atmosferdə hər 5 ildən bir keçirilir. Uca Ədalət Evi 1972-ci ildə Öz Kons­titusiyasını nəşr etdirir. Kostitusiyada Uca Ədalət Evinin yaradılması ilə bağlı Yazılardakı göstərişlər, həmçinin məqsəd və səlahiyyətləri öz əksini tapmışdır. Konstitusiyaya olan əlavələrdə Uca Ədalət Evinin üzvlərini seçmək üçün hər beş ildən bir keçirilən Beynəlxalq Qurultayların keçirilmə qaydaları da təfərrüatı ilə verilmişdir.

Bəhai seçkiləri (istər Uca Ədalət Evinə, istərsə də Milli və Yerli Məhfillərə olsun) dünyanın müxtəlif yerlərində tətbiq edilən seçkilərin heç birinə bənzəmir. Bəhailər üçün bu tədbir Ali Ruhani Orqana üzvlər seçmək vasitəsi ilə Allaha öz sədaqətinin ifadəsidir. Seçkilərdə namizədlər irəli sürülmür, təbliğ və hər hansı formada seçki qabağı kampaniya qadağandır. Seçkilər ibadət və meditasiya ruhunda keçirilir. Seçicilərin müqəddəs borcu isə “özündə sonsuz sədaqət, təmənnasız xid­mət, yüksək müdriklik və həyat təcrübəsini” birləşdirən kəslərə səs vermək­dir. Bəhai seçkilərində səsvermə aktı azad və gizlidir. Hətta ən yaxın qohumların və ya dostların seçkilərlə bağlı məsləhət­ləşməsi qadağandır. Belə bir hərəkət Allahın Əmrinə qarşı xəyanət hesab olunur.

Hər bir dinin ruhani və əxlaqi cəhətləri vardır. Həzrət İsa Məsihin Dağdakı Vəzi, Həzrət Məhəmməd ə.s. müraciətləri ruhani və əxlaqi təlimlər olub, tərəfdarlarına güclü təsir etmiş­dir. Başqa dinlər də oxşar ruhani təlimlərə malikdir. Zamanın dəyişkənliyi hər din tərəfdarının bu təlimlərə olan ehtiramını dəyişməmişdir. Məsələn, müsəlmanlar gündəlik namazla bağlı qanunları vicdanla yerinə yetirirlər. Ondan bir qarış kənara çıxmanı günah hesab edirlər.

Həzrət Bəhaullaha qədər İlahi Zühurlar inzibati prinsipləri öz ruhani təlimlərinə daxil etmirdilər. Həzrət Bəhaullah ruhani və inzibati qanunların hüquqlarını bərabərləşdirərək öz təliminə daxil etmişdir. Ona görə də inzibati prinsipin pozulması, məsələn, seçkiqabağı kampaniya ruhani qanun pozuntusu kimi Həzrət Bəhaullahın Əhdinə xəyanət hesab olunur. Bunun köməkliyi ilə seçkili orqanların (Uca Ədalət Evi, Milli və Yerli Məhfillərin) paklığı, birliyi və korrupsiyadan kənar olması təmin edilir. Bu orqanların özləri isə qanunsuz hərəkətlərdən mühafizə edilmiş olurlar. Həzrət Bəhaullah Uca Ədalət Evinə İlahi rəhbərliyin kanalı olmaq göstərişini vermişdir və ona görə də Uca Ədalət Evinə Dinin adi beynəlxalq orqanı kimi baxıl­mamalıdır. Uca Ədalət Evi Allahın ona bəxş etdiyi qüsursuzluq və səhvsizlik xassəsinə malikdir. Əvvəlki bölmələrdə İlahi Zühurların qüsursuzluğu məsələsi haqqında danışıldı; Həzrət Bab və Həzrət Bəhaullah – Allahın İlahi Zühurları kimi yalnız onlara məxsus Ali qüsursuzluq xassəsinə malikdirlər. Onlar öz işıq və istiliyini yaradan, yəni başqa enerji mənbələrindən asılı olmayan günəşə bənzəyirlər. Lakin həzrət Əbdül-Bəha, Şövqi Əfəndi və Uca Ədalət Evi Allahın mühafizəsi altında olduqları üçün O, onlara qüsursuzluq xassəsi vermişdir. Onlar günəş şüa­la­rını əks etdirən aya bənzəyirlər. Bu qüsursuzluq Həzrət Bəhaul­lahın Yazıları ilə təsdiq edilmişdir. Həzrət Əbdül-Bəha yazır:

Mütləq qüsursuzluq yalnız və yalnız İlahi Zühurlara (Peyğəm­bərlərə) məxsusdur. Qazanılmış qüsursuzluq isə hər bir müqəddəs ruha bəxş edilə bilər. Məsələn, Uca Ədalət Evi, əgər zəruri şərtlər daxilində, bütün xalqlardan və millətlərdən seçilmiş üzvlərin iştirakı ilə qurularsa, O, Allahın rəhbərliyi və himayəsi altında olacaqdır. Əgər həmin Ədalət Evi, yekdilliklə və ya səs çoxluğu ilə qərar çıxaracaqsa, həmin qərar səhvdən qorunacaqdır. Ədalət Evinin üzvlərinə qüsursuzluq xas deyil, amma bu bütöv təsisat Allahın doğru rəhbərlik və himayəsi altındadır; bu bəxş olunmuş qüsursuzluqdur.”51

Uca Ədalət Evi hakimiyyəti və qüsursuzluğu Allahdan alır. “Bişarat” lövhündə Həzrət Bəhaullah Uca Ədalət Evinə hakimiyyətin idarəsini bəxş edir və rəhbərliyində qüsursuz olacağını vəd edir:

Allahın Ədalət Evinin üzvləri insanların işlərinə görə məsuliyyət daşıyırlar. Onlar, həqiqətən, Allahın bəndələri arasında Onun qəyyumlarıdır və Onun ölkələrində hakimiyyətin dan ulduzlarıdır.



Ey Allahın bəndələri! Bu dünyanı idarə edən Ədalətdir. Zira onu iki sütun saxlayır: təltif və cəza. Bu iki sütun dünya üçün həyat mənbəyidir. Hər günün bir yeni müşkülü və hər bir müşkülün uyğun həlli olduğu üçün bu işlərdə Uca Ədalət Evinə müraciət edilməlidir ki, onlar zamanın tələbinə və ehtiyacına uyğun olaraq hərəkət edə bilsinlər. Allah yolunda Onun Əmrinə xidmət edən kəslər gözəgörünməz səltənətdən İlahi ilham alanlardır. Onlara itaət etmək hər bir kəsin borcudur. Bütün dövlət işlərində Uca Ədalət Evinə istinad edilməlidir...”

Həzrət Bəhaullah “Kəlimət-İ-Firdovsiyə” lövhündə yazır:

Ədalət Evinin qəyyumlarının üzərinə Kitabda açılmamış məsələlərlə bağlı biri-biriləri ilə məşvərət etmək və razılığa gəldiklərini həyata keçirmək vəzifəsi qoyulmuşdur. Həqiqətən, Allah onların arzularına ilham verir. O, həqiqətən İlhamverən və Hərşeyi biləndir”.

Həzrət Əbdül-Bəha da Öz Yazılarında Uca Ədalət Evinin hakimiyyətini və qüsursuzluğunu təsdiq etmişdir:

Müqəddəs və gənc budaq – Allah Əmrinin Mühafizi, həmçinin dünya səviyyəsində seçilməli olan Uca Ədalət Evi – hər ikisi Əbha gözəlliyinin qayğı və himayəsi, Əbədi Camalın və Ən Uca olanın (qoy mənim canım onlara fəda olsun) mühafizəsi və doğru rəhbərliyi altındadır. Onların bütün qərarları Allahdandır. Kim ona və onlara itaət etmirsə, Allaha itaət etmir, kim onlara qarşı qiyam edirsə, Allaha qarşı qiyam etmiş olur, ona qarşı çıxan Allaha qarşı çıxır, kim onunla münaqişə edirsə, Allah ilə münaqişə edir, onu inkar edən kəs Allahı inkar etmiş olur, kim ona inamını itirirsə, Allaha inamını itirmiş olur. Kim ondan uzaqlaşırsa və özünü ondan ayırırsa və kənara çəkilirsə, əslində öz Allahından uzaqlaşmış, ayrılmış olur, Qoy Allahın qəzəbi, ən sərt hiddəti və qisası onların nəsibi olsun!..

Bu Bəha əhlinin inamının əsasıdır (mənim həyatım onlara fəda olsun): Həzrət Bab Allahın Birlik və Təklik Məzhəri və Əbədi Camalın Müjdəçisidir. Əbha Gözəlliyi – Həzrət Bəhaul­lah (mənim həyatım Onun sadiq dostlarına fəda olsun) Allahın Ali Zühuru və Onun İlahi Mahiyyətinin Dan Ulduzudur. Bütün hamı Onun bəndələridir və Onun Əmrinə əməl edənlərdir! Hər bir kəs üzünü Müqəddəs Kitaba çevirməlidir və orada ifadə olunmayan hər bir şeyə görə Uca Ədalət Evinə müraciət edilməlidir. Həmin orqanın ya yekdilliklə, ya da səs çoxluğu ilə qəbul etdiyi qərarlar əsl həqiqətdir və Allahın məramıdır. Əgər kimsə ondan uzaqlaşarsa, həqiqətən, nifaqı sevən kəslərdəndir. O ədavət göstərmiş və Kitab-İ-Əhdin Sahibindən üz çevirmişdir”52.

Sonra həzrət Əbdül-Bəha lövhdə buyurur:

Qoy elə təsəvvür yaranmasın ki, Uca Ədalət Evi bütün qərarları özünün baxış və konsepsiyalarına uyğun olaraq qəbul edəcək. Allah qorusun! Uca Ədalət Evi qərarların qəbulu və qanunların yaradılmasını Müqəddəs Ruhun ilhamı və təsdiqləri ilə həyata keçirəcəkdir, çünki o, Əbədi Gözəlliyin himayə və mühafizəsi altındadır və onun qərarlarına itaət əsas vəzifə və borcdur və heç kim ondan yayına bilməz.

Ey mənim bəndələrim! Deyin ki, həqiqətən, Uca Ədalət Evi Rəhman və Rəhim olan Allahın qanadları altındadır, yəni Onun mühafizəsi, qayğısı və himayəsi altındadır, zira o əmr etmişdir ki, dindar möminlər səlahiyyəti ilahidən müəyyənləş­dirilmiş və qanunlarına ilham verilmiş və ruhani olan bu müqəddəs təsisata itaət göstərsinlər”.

Yazılardan aydın olur ki, Uca Ədalət Evinin nüfuzuna və qüsursuzluğuna inam Bəhai dininin ehkamıdır. Dini qəbul edən fərd Həzrət Bəhaullahın bu əsr üçün İlahi Zühur olmasını qəbul etməlidir. Lakin bu bəhai olmaq prosesinin yalnız başlanğıcıdır. Həzrət Bəhaullahı qəbul edən mömin həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi, Şövqi Əfəndini Dinin Mühafizi kimi tanımalı, onların kəlamlarını və onların Müqəddəs Mətnlərə olan şərhlə­rini ilahidən istiqamətləndirildiyinə və qüsursuz olduğuna inan­malıdır. Həmçinin bəhai inanmalıdır ki, Uca Ədalət Evi indi dinin başçısı və onun Ali Orqanıdır. Onun müraciətlərinin, qanun­larının və ümumi təlimatlarının hamısı Allahın qüsursuz rəh­bərliyi ilə alınmış və həzrət Əbdül-Bəhanın sözləri ilə desək, “Bu orqanın yekdilliklə və ya səs çoxluğu ilə qəbul etdiyi, şübhəsiz, həqiqətdir və Allahın Özünun məqsədidir”.

Bəhai olmayan şəxs üçün Uca Ədalət Evini “bütün ən yaxşı olanların mənbəyi və bütün qüsurlardan azad” kimi təsəvvür etmək və o çümlədən, bunu elmi cəhətdən sübuta yetirmək bir qədər çətindir. Uca Ədalət Evinin nüfuzuna və qüsursuzluğuna əmin olmaqdan ötrü fərd Həzrət Bəhaullahı bu əsr üçün Allahın göndərdiyi Elçisi kimi tanımalı, Onun bu baxımdan dediklərini qəbul etməli və Onun sözlərindəki mənaların müqəddəsliyinə əmin olmalıdır. Mömin öz inamında böyüdükcə və onun Həzrət Bəhaullah təlimini dərk etməsi dərinləşdikcə, o, tədricən yəqin edir ki, Allah “Onu (Uca Ədalət Evini) səhvlərdən qoruyur və onu qüsursuzluq qanadları altında hifs edir”.

Hətta 1963-cü ildən bəri Uca Ədalət Evinin işinə salınmış ötəri nəzər belə hər bir möminə anladır ki, bu Orqan tərəfindən verilmiş istənilən göstəriş İlahidən ilhamlandırılmışdır və onun istənilən planına və hərəkətinə xeyr-dua verilmişdir. İstər Dinin mərkəzində, istərsə Dünya miqyasında onun uğurları və qələ­bələri, istərsə də vəsaitinin azlığına baxmayaraq, son qırx ildə et­diyi tərəqqi möcüzəyə bənzəyir. Böhranlı anlarda da, qələbələrdə də Uca Ədalət Evi Bəhai icmasını Allahın qoyduğu yolla aparmışdır. Bütün bu nailiyyətlər onu həmişə müşayiət edən və bütün vaxtı hər addımına rəhbərlik edən Allahın kö­məyi və yardımı sayəsində mümkün olmuşdur.

Normal haldır ki, Uca Ədalət Evinin üzvləri Allah kömə­yinin mövcudluğunu həmişə dərk edirlər. Onlar yaxşı bilirlər ki, Uca Ədalət Evinin qərarları Allah tərəfindən istiqamətləndirilir. Onlar öz seçicilərinə aşkar şəkildə bildirirlər ki, bu Ali Orqanda xidmət etməyə layiq deyillər. Lakin bununla belə, bu cür ağır məsuliyyətin yükünü böyük əminliklə öz çiyinlərinə götürürlər. Çünki onlara yaxşı məlumdur ki, məsələlərin müzakirəsi zamanı Allahın rəhbərliyi və köməyi onlara çatacaqdır.

Seçkilərdən sonra Uca Ədalət Evinin qəbul etdiyi ən vacib qərarlardan biri, Mühafizlik haqqında qərar idi. Belə ki, Şövqi Əfəndi Öz varisini təyin etmədiyi üçün bu vacib məsələ ilə bağlı Uca Ədalət Evi qərar qəbul etməli idi. Şövqi Əfəndinin varisi kimi Allah Əmrinin Mühafizinin təyin olunması ilə əlaqədar Müqəddəs Mətnləri dərindən öyrəndikdən və uzun sürən müzakirələrdən sonra Uca Ədalət Evi belə bir nəticəyə gəlir ki, Şövqi Əfəndiyə varis olacaq ikinci Mühafizin təyin olunması və ya bu təyinatın mümkünlüyünü qanuniləşdirmək üçün heç bir yol yoxdur.

Dinin daimi başçısı, Mühafizin olmadığı şəraitdə Uca Ədalət Evi rəsmi şəxslərə malik deyildir. Onun bütün üzvləri məsləhət və başqa funksiyaların yerinə yetirilməsi məsələsində bərabər hüquqlara malikdirlər. Bu onun ən çox diqqəti cəlb edən keyfiyyətlərindən biridir.

Uca Ədalət Evinin üzvü olmaq yalnız kişilərə icazə veril­mişdir. Həzrət Bəhaullah Uca Ədalət Evini yaradarkən nəzərdə tutulurdu ki, ona üzv kimi kişilər daha əlverişlidir. Bu müdriklik bu gün hələ aydın deyildir. Həzrət Əbdül-Bəha söz vermişdir ki, bu əmrin müdrikliyi yaxın gələcəkdə aydınlaşacaqdır. Lakin Allah Qanununun aydın mətnindən göründüyü kimi, Uca Ədalət Evi kişilər üçündür. Günəş çıxanda üfüqdə aydın göründüyü kimi, bu müdriklik də aşkar olunacaqdır.

Həzrət Bəhaullah və həzrət Əbdül-Bəha Yazılarında Uca Ədalət Evinə bəşəriyyətin maraqlarına uyğun olaraq işləməyi və dünya işlərinin yaxşılaşmasına təsir etməyi məsləhət görürdülər. Həzrət Bəhaullah “Kəlimət-İ Firdosiyə” lövhündə Uca Ədalət Evinin üzvlərinə aşağıdakı sözlərlə müraciət edir:

Biz Ədalət Evinin üzvlərini müdafiə edirik və onlara əmr edirik ki, qadınların, kişilərin və uşaqların mühafizəsini və təhlükəsizliyini təmin etsinlər. Onların borcudur ki, hər zaman və hər bir şəraitdə insanların maraqlarına böyük diqqət yetirsinlər.

“İşraqat” lövhündə isə O buyurur:

Dünyanın tərəqqisi, millətlərin rifahı, xalqların əmin-amanlığı və yer üzərində yaşayan bütün insanların asayişi Allahın fərmanları və prinsiplərinə daxildir. Din insanlara hədiyyələrdən ən gözəlini bəxş edir, rifah badəsini təklif edir və əbədi həyat verir və bəşəriyyətə həmişəyaşar nemətlər yağdırır. Dünyadakı başçı və hökmdarların və xüsusən, Allahın Ədalət Evinin qəyyumlarının borcudur ki, bütün qüvvələrini Onun mövqeyinin qorunmasına, maraqlarının həyata keçirilməsinə və dünyanın gözlərində onun durumunun ucaldılmasına cəlb etsinlər”.

Həzrət Əbdül-Bəha “İradə və Əhd” kitabında aşağıdakıları buyurur:

Uca Ədalət Evi üzvlərinin vəzifəsidir ki, müəyyən bir yerdə toplaşsınlar və fikir ayrılığı yaradan problemləri, qaranlıq qalan sualları və Kitabda aydın ifadə olunmamış məsələləri müzakirə etsinlər. Onların qəbul edəcəkəri qərarlar Kitabın özü ilə eyni qüvvəyə malikdir. Uca Ədalət Evi Kitabda aydın ifadə olunmamış qanunları qəbul etmək və gündəlik işlərdə həyata keçirmək hüququna malik olduğu kimi, həmçinin də həmin qanunları ləğv etmək hüququna malikdir. Belə ki, misal üçün bu gün Ədalət Evi müəyyən qanunu qəbul edir və həyata keçirir, yüz ildən, şəraitlər dəyişdikdən sonra isə başqa bir Ədalət Evi zamanın tələblərinə uyğun olaraq həmin qanunu dəyişdirməli olacaq. O, bunu edə bilər, çünki bu qanun İlahi mətnin hər hansı bir hissəsini təşkil etmir. Ədalət Evi qanunları həm qəbul edə, həm də ləğv edə bilər.



Hamı rəhbərliyə müraciət etməli, Əmrin Mərkəzinə və Ədalət Evinə üz tutmalıdir. Başqa hər hansı bir yerə üz tutan adam, həqiqətən, ciddi bir xəta içərisindədir”

Həzrət Əbdül-Bəha Uca Ədalət Evinə seçkilərin prinsipləri haqqında da yazmışdır:

Allahın... hər şeyin mənbəyi kimi yaratdığı və hər cür xətadan qoruduğu Ədalət Evi – bu təsisat beynəlxalq səsvermə yolu ilə, yəni möminlər tərəfindən seçilməlidir. Onun üzvləri Allah qorxusunun bəyanediciləri, bilik və anlamın sübh şəfəqləri olmalıdırlar. Allaha etiqatda möhkəm olmalı və bütün bəşəriyyətin xeyirxahları olmalıdırlar. Haqqında danışılan ev Uca Ədalət Evidir ki, onun yaradılması üçün öncə hər bir ölkədə Yerli Ədalət Evləri təsis edilməlidir və həmin yardımçı Ədalət Evləri Uca Ədalət Evinin üzvlərini seçməlidirlər. Bütün məsələlərdə bu təsisata istinad edilməlidir...”

Həzrət Bəhaullah və həzrət Əbdül-Bəhanın yuxarıda dediklərindən aydın olur ki, Uca Ədalət Evi Bəhaullah Əhdinin mühafizidir və elə bir kanaldır ki, onun vasitəsilə Vəhyin gücü insanlara axır və bu Ali Orqanın vasitəsilə Bəhai icmasının bir­liyi və dinin bütövlüyü qorunacaqdır. Əvvəlki dinlərdə birli­yin olmaması onunla izah edilir ki, dinin liderləri və onun əsas­larını öyrənənlər dini təlimlərə müxtəlif şərhlər verirdi. Bununla da onların ixtilaf törədən nöqteyi-nəzərləri dini parçalayırdı. Lakin Bəhai Dinində bu mümkün deyildir, çünki Müqəddəs yazıların şərhi həzrət Əbdül-Bəha və Şövqi Əfən­di­nin səlahiy­yətlə­rindədir. Bu şərhlər əsli olub, qüsursuzdur. Digər tərəfdən Dinin müxtəlif cəhətlərinə toxunan şərhlər, izahlar və fikirlər Uca Ədalət Evi tərəfindən təsdiq edilməyincə, həqiqi hesab olun­mayacaqdır. Həzrət Əbdül-Bəhanın qələmi ilə yazılmış mətndə deyilir:

Qısası, cəmiyyət qanunlarının Ədalət Evində müzakirəyə verilməsi müdriklikdir. Eynilə İslam dinində də heç də bütün qanunlar təfsilatı ilə açıqlanmamışdı. Quranda onların demək olar ki, onda birinin onda biri açıqlanmışdı, baxmayaraq ki, bir çox əhəmiyyətli məsələlər orada yaxşı izah edilmişdi, bununla belə şərh olunmamış minlərlə qanunlar vardı. Həmin qanunlar sonrakı əsrlərdə ilahiyyatçılar tərəfindən İslamın şəriət qanun­larına uyğun şəkildə yaradılmışdır. Və ayrı-ayrı ilahiyyatçılar İlkin Mənbə ilə ziddiyyət təşkil edən nəticələr əldə etmişlər. Bütün bunlar həyata keçirilmişdir. Bu gün qərar qəbul etmək Ədalət Evinə məxsusdur və əgər Ədalət Evi təsdiq etməsə, ayrı-ayrı alimlərin nəticə və çıxarışları heç bir nüfuza malik olma­yacaqdır...”

Yuxarıdakı müddəa oxucuda belə bir fikir yaratmamalıdır ki, Bəhai alimlərinin əlləri bağlıdır və onlar dinlə bağlı öz şəxsi tədqiqatlarını aparmamalı və öz nəticələrini çıxarmamalıdırlar. Əksinə, hər bir mömin yazıları oxumaqda və öz şəxsi şərhini ver­məkdə sərbəstdir, bir şərtlə ki, onun nöqteyi-nəzəri şəxsi olub, əsli hesab olunmamalıdır. Uca Ədalət Evi bu məsələni belə izah edir:

Bizim dində etibarlı təfsir ilə hər bir fərdin dinin təlim­lərini öyrənmə prosesində əldə etdiyi anlam və ya şərh arasında dəqiq hədd qoyulmuşdur, belə ki, birinci ancaq Mühafizə məxsusdur, ikincisi isə Mühafizin özü tərəfindən bizə verilmişdir və ondan heç bir vəchlə sui-istifadə etmək olmaz. Əslində belə bir şərh insan şüurunun məhsulu hesab olunur və təlimləri daha yaxşı başa düşməyə kömək edir, bir şərtlə ki, dostlar arasında heç bir mübahisə və münaqişəyə səbəb olmur və hər kəs başa düşür ki, bunlar onun subyektiv baxışlarıdır. Hər kəs təlimləri daha yaxşı başa düşdükcə fərdi şərhlər də ardıcıl olaraq dəyişir. Şövqi Əfəndi yazmışdır: “Etiqadı dərinləşdirmək o deməkdir ki, Həzrət Bəhaullahın və Ağanın Yazı­larını o qədər dərindən öyrənmək lazımdır ki, onları olduq­ları kimi saf şəkildə təqdim etmək mümkün olsun... Biz yazıları nə qədər çox oxusaq, bir o qədər çox həqiqət taparıq, bir o qədər çox inanarıq ki, bizim əvvəlki anlayışlarımız xətadan xali olmamışdır. Beləliklə, fərdi intuisiyalar tərbiyəvi və yardımçı olmaqla yanaşı, yalnış yola da çəkə bilər. Buna görə də dostlar qorxmadan və inamlarının sarsılmasına yol vermədən başqalarının fikirlərinə qulaq asmağı və öz fikiklərini bəhai dostlarına zor ilə qəbul etdirmədən ifadə etməyi öyrənməlidirlər”

Əvvəlki dinlərdə də onların çərçivəsi daxilində izah edilən təlim və göstərişlər yaradılırdı. Bu təlim və göstərişlər Allah tərəfindən verilmişdi ki, onları qəbul etmiş adamları tərəqqiyə doğru aparsın. Bu təlim və göstərişlər insanların yaşadığı şəraitə uyğunlaşdırılmışdı və onların imkanları daxilində idi. Təlimlərin həyatda tətbiqi nəticəsində dini icmaların üzvləri artır, onların dərketmə səviyyəsi yüksəlirdi. İnkişaf nəticəsində onlar nəhayət elə bir səviyyəyə çatırdılar ki, əldə etdikləri biliklər onların ruhani və əqli tələblərini təmin etmirdi. Dinin təlim və qanunları köhnəldikcə və onların yeni şəraitdə tətbiqi mümkün olmadıqca, insanlar bu təlimləri yeni dövrün tələblərinə uyğun olaraq dəyişdirmək və ya ləğv etmək hüququnu öz üzərlərinə götürür və müəyyən addımlar atırdılar. Nəticədə ardıcıllar ara­sına ixtilaf düşür, din çoxsaylı təriqətlərə parçalanır, insanların dindən uzaqlaşması və ya əksinə, Zühur dövrünün qanunlarına qayıtmaq çağırışları artır. Lakin insan Allah Zühurlarının gətir­diyi təlimlərə qarışmaq, onları dəyişmək hüququna malik deyil­dir. Yalnız Allahın Yeni Zühurları əvvəlki Peyğəmbərlərin qa­nun­larını ləğv etmək və yeni era üçün yeni qanunlar gətirmək hü­ququna malikdir. Əks halda insanın müdaxiləsi dini təlimləri kor­laya bilər.

Həzrət Bəhaullah bunları görürdü və Ona gün kimi aydın idi ki, Onun Dinində də inkişafın hər bir mərhələsində insanlar yeni qanunlara ehtiyac duyan ağlagəlməz sürətlə inkişaf edə­cəkdir. Ona görə də O, Uca Ədalət Evinə ikinci dərəcəli qanunlar vermək səlahiyyəti vermişdir. Bu qanunlar dövrün şəraitinə uyğun gəlməli, lakin sonralar şərait dəyişdikdə onlar da dəyişdirilməlidir. Qeyd etmək lazımdır ki, Həzrət Bəhaullah tərəfindən şəxsən verilmiş Qanunlar, təlim və göstərişlər Allahın yeni Zühuruna qədər dəyişməzdir. Onları yalnız 1000 il sonra gələcək Zühur dəyişdirə bilər. Həzrət Əbdül-Bəha yazır:

Allah Qanununun əsasını təşkil edən ən zəruri məsələlər Kitabda aydın ifadə olunmuşdur, amma yardımçı qanunları Ədalət Evi qəbul etməlidir. Bunun müdrikliyi ondadır ki, dövrlər dəyişir, çünki dəyişmə bu dünyanin, zamanın və məkanın zəruri keyfiyyəti və əsas xüsusiyyətidir. Ədalət Evi buna uyğun olaraq hərəkət edəcəkdir”53.

Şövqi Əfəndinin Mühafizliyi zamanında, Quru­culuq Əs­rinin birinci iki dövrü dini təsisatların təməlinin əvvəlcə Şimali Amerikada, sonra isə on illik ruhani yürüş nəticəsində dünyanın hər yerində qurulması ilə əlamətdar idi. Uca Ədalət Evinin təsis edilməsi ilə Bəhai Dini Quruculuq əsrinin üçücü dövrünə qədəm qoyur. Diqqəti cəlb edən digər əhəmiyyətli fakt üçüncü dövr ərzində dinin yerli və milli təsisatlarının güclənməsi və İnzibati Quruluşun inkişafının növ­bəti mərhələ­sin­də Müşavirlərin Qitə Kollegiyasının (təyin edilən orqan) Uca Ədalət Evi tərəfindən təyin edilməsi idi. Bu qurumun üzvləri gələcəkdə Bəhai dininin müdafiəsi və dünyada yayılması ilə bağlı məsələlərə baxmalı idilər. Dinin açılışında yeni mərhələ 1986-cı ildə Uca Ədalət Evi Quruculuq əsrin dördüncü mərhələyə qədəm qoymasını elan etməsi ilə başlamışdır. Hazırda bu dövrün müddəti məlum deyildir. Lakin bəhailər inanırlar ki, Uca Ədalət Evinin bila­va­sitə rəhbərliyi altında Bəhai dini hər yerdə tanınana və Həzrət Bəhaullahın Yeni Dünya Quruluşu bütün dünyada möhkəm­lə­nənə kimi fəal inkişaf edəcəkdir.

İran bəhailərinə yazdığı məktubunda Şövqi Əfəndi gələcək qələbələri təsvir edərək, qeyd etmişdir ki, Uca Ədalət Evinin rəhbərliyi altında Allahın Əmri yüksələcək və dünyanın bütün insanlarına çatacaqdır. Məktubda deyilir:

Bütün ölkələrdə Milli Ruhani Məhfillər sütunlar kimi Yerli Məhfillərin güclü və möhkəm təməli üzərində tədricən və səbatla qurulacaqdır. Bu sütunlar üzərində özünün möhtəşəm quruluşunu mövcudiyyət dünyasından yüksəkliyə qaldıran əzəmətli struktur, Uca Ədalət Evi yaradılacaqdır. Beləliklə, Həzrət Bəhaullahın ardıcıllarının birliyi yer üzünün hər tərə­fində həyata keçiriləcək və əbədi həyatın dirilik suyu Allahın Dünya Quruluşunun ilkin mənbəyindən dünyanın bütün savaşan millətlərinin və xalqlarının üzərinə səpiləcək, bu fani dünyanın şər və ədalətsizliyini yuyub aparacaq və insanlığın əsrlər boyu mövcud olmuş xəstəlik və nasazlıqlarını sağaldacaqdır. O zaman Həzrət Bəhaullahın Ali hakimiyyət taxtı vəd olunmuş torpaqda qurulacaq və ədalətin tərəzisi yüksəklərə qaldırılacaqdır. O zaman etiqadın azadlıq bayrağı dalğalanacaq, Onun Ali Qanunu açıqlanacaq və bu qar kimi bəyaz yerdən qanun və fərman çayları əvvəlki əsrlərdə oxşarı olmayan bir fəthedici qüvvə və pərəstiş olunacaq əzəmətlə axacaqdır. Onda Cəlal Dilinin söyləmiş olduğu həqiqət gələcək:

Ey Kərmil, Sionu çağır və bu sevinç dolu xoş müjdəni söylə! Ölümü gözlərdən gizlədən Kəs gəlir!.. Onun fəthedici hakimiyyəti bəyan edilir! Onun hər tərəfi bürüyən şöhrəti açıqlanır! Ey Kərmil, xoşbəxt o kəslərdir ki, sənin ətrafina toplaşırlar, sənin şöhrətini bəyan edirlər və hamıya söyləyirlər ki, Allahının, Rəbbinin səxavəti sənə bəxş edilmişdir. Tezliklə, Allah Gəmisini sənə tərəf sürəcək. Adlar kitabında adları qeyd olunmuş Bəha möminlərini bəyan edəcəkdir. Bununla dinin sütunları Yer üzərində möhkəmcəsinə qurulacaq və Onun gizli qüvvəsi açıqlanacaq, nişanələri parlayacaq, bayraqları dalğa­lanacaq və Onun işığı insanlar üzərinə yayılacaqdır”.

Allah Əmrinin Əlləri
Bəhai dininin Yazılarında son dərəcə vacib işlərdən ötrü seçilmiş xüsusi şəxslərdən ibarət qrupun adı çəkilir. Həzrət Əbdül-Bəha Öz vəsiyyətnaməsində bu şəxslərə həvalə edilmiş işlərin mahiyyətini və onların seçilmə qaydasını izah etmişdir:

Allah Əmrinin Əlləri Allah Əmrinin Mühafizi tərəfindən müəyyən edilir və təyin edilir. Onların hamısı Onun kölgəsi olmalı və Onun tələblərinə itaət etməlidirlər...



Allah Əmri Əlinin vəzifəsi – İlahi Əmri yaymaq, insanların ruhunu düz yola çağırmaq, təhsilin, insan xarakterinin yaxşılaş­masına kömək etmək və hər cür şəraitdə bütün dünya işlərindən çəkinməklə müqəddəsliyi qorumaqdır. Davranışları, ədaları, əməl­ləri, sözləri ilə onlar Allah qarşısında öz qorxularını ifadə etməlidirlər. Allah Əmrinin Əlləri Allah Əmrinin Mühafizinin rəhbərliyi altındadırlar...”54.

Şövqi Əfəndi 1951-1957-ci illər ərzində sayı 32 nəfərdən ibarət olan Allah Əmrinin Əllərini təyin edir. Şövqi Əfəndinin 1957-ci ildə qəfil vəfatından sonra məhz onlar rəhbərlik yükünü çiyinlərinə alaraq 1963-cü ilə, yəni Uca Ədalət Evinin ilk tərkibi seçilənə kimi bu funksiyanı yerinə yetirmişlər.



Müşavirlərin Qitə Kollegiyası
Həzrət Əbdül-Bəhanın ruhani Vəsiyyətinə uyğun olaraq Əm­rin Mühafizi Özünün nəslindən kimisə Öz xələfi təyin etməli idi. Lakin Şövqi Əfəndinin övladları yox idi. Digər tərəfdən isə Vəsiyyətnamədə göstərilən yüksək tələblərə cavab verən adamı tapmaq mümkün olmadı. Hamıya yaxşı bəlli idi ki, yalnız Dinin Mühafizi Allah Əmrinin Əllərini təyin edə bilərdi. Uca Ədalət Evi 1963-cü ildə seçiləndə Onun qarşısında duran birinci dərəcəli vəzifə Yeni Mühafizin seçilməsinin mümkün­lüyü ilə bağlı hər hansı bir göstərişin aşkar edilməsi məqsədi ilə Müqəddəs Yazıların diqqətlə öyrənilməsi idi. Axı Mühafizsiz Allah Əmrinin Əllərini kim təyin edə bilərdi? Nəhayət, 1963-cü il oktyabrın 6-da Uca Ədalət Evi növbəti müraciətini elan edir:

Allah Əmrinin Mühafizi vəzifəsində Şövqi Əfəndinin xələfi ilə bağlı sualın cavabını tapmaq məqsədi ilə duaların mü­şayəti ilə Müqəddəs Yazıları tədqiq etdikdən, həmçinin uzun müd­dətli məsləhətləşmələrdən, o cümlədən o zaman Müqəddəs Tor­paqda olan Allah Əmrinin Əllərinin rəyini öyrəndikdən sonra Uca Ədalət Evi belə qərara gəlir ki, Allah Əmrinin növbəti Mühafizinin təyin edilməsinin az da olsa qanuni yolu yoxdur”55.

Uca Ədalət Evi 1964-cü ilin noyabrında elan edir ki, problemi və Müqəddəs Yazıları hər tərəfli tədqiq etdikdən və Allah Əmrinin Əllərinin rəyini dinlədikdən sonra qəti qərara gəlir: Allah Əmrinin Əllərinin təyin edilməsinin heç bir imkanı yoxdur və olmayacaqdır.

Əmrin Mühafizi tərəfindən Allah Əmrinin Əllərinə aid əvvəllər baxılan ümumi xarakterli işlərin həlli indi hamının müraciət etdiyi, Əmrin Ali və Mərkəzi orqanı Uca Ədalət Evinin səlahiyyətlərinə aid edilirdi.

Uca Ədalət Evi 1968-ci ildə on bir nəfərdən ibarət “Müşavirlərin Qitə Kollegiyasını” yaratdığını elan edir. Onların üçü Afrika, altısı Şimali və Cənubi Amerika, biri Avropa, biri də Avstraliya üçün idi. Qeyd edilirdi ki, “onların vəzifəsi uyğun regionlarda Köməkçi Heyət Üzvlərinin işini istiqamətlən­dir­məkdən, Milli Ruhani Məhfillərlə məsləhətləşməkdən və əmək­daş­lıq etmək­dən, həmçinin Allah Əmrinin Əllərinə və Uca Ədalət Evinə bu regionlardakı işlərin vəziyyəti haqqında məlum­mat verməkdən ibarətdir”.

Bu qərar Əmrin Əllərini Köməkçi Heyətdəki inzibati vəzifələrdən azad edirdi. Bu məsələni Uca Ədalət Evinin müraciəti bir qədər də aydınlaşdırdı:

Allah Əmrinin Əlləri – bəhai dünyasının malik olduğu ən böyük cəvahirlərdən biridir. Köməkçi Heyətdəki inzibati işlərdən azad olmaqla, Onlar öz səylərini Dinin ümumi müda­fiəsi, Onun yayılması ilə bağlı fundamental məsələlərdə, Bəhai Birliyinin ruhani sağlamlığının və Bəhai Dininin Dünya üzrə həyat qabiliyyətinin saxlanmasında cəmləşdirə bilərlər”
Köməkçi Heyət Üzvləri
Əmrin Mühafizi 1954-cü ilin aprelində həmin il təyin etdiyi Allah Əmrinin Əllərinə göstəriş verir ki, onlar hər Qitə­dən bəhailər arasından özlərinə köməkçilər seçsinlər. “Köməkçi Heyət Üzvləri “ adı ilə tanınan bu şəxslərin vəzifələri “Allah Əm­rinin Əllərinin müavinləri, köməkçiləri və məsləhət­çiləri” olmaq idi. Bu Köməkçi Heyət üzvləri Allah Əmrinin Əllərinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərirdilər. Onlar Bəhai İnzibati Qaydalarının ümumi tələblərinə tabe olsalar da, onun orqanlarının tərkibinə daxil deyillər.

Beynəlxalq Təbliğ Mərkəzi
Uca Ədalət Evi 1973-cü ilin iyununda daha bir təsisatın yaradıldığını elan edir. Haqqında Bəhai Yazılarında öncədən yazılmış bu orqan Allah Əmrinin Əllərindən, üç Müşavirdən ibarət olmalı və başqa işlərlə yanaşı aşağıdakı səlahiyətləri də daşımalı idi:

Müşavirlərin Qitə Kollegiyasının fəaliyyətini əlaqələndir­mək, şövqləndirmək və istiqamətləndirmək, onlarla Uca Ədalət Evi arasında birləşdirici həlqə kimi fəaliyyət göstərmək;



Bütün qitələrdəki işlərdən tam xəbərdar olmaq və bu informasiya əsasında Uca Ədalət Evi üçün hesabatlar tərtib etmək və həmçinin Müşavirlərin Qitə Kollegiyasına məsləhətlər vermək;

Dini təlimlə bağlı işləri yeni ərazilərə, onu qəbul etməyə və ya ona ehtiyacı olanlara, həm bəhai, həm də qeyri-bəhailər arasında yaymaq üçün daim hazır vəziyyətində olmaq”56.

Yerli Ruhani Məhfillər
Həzrət Bəhaullah Öz Yazılarında tez-tez “Yerli Ədalət Ev­ləri”nin adını çəkir. O, Qanunlar kitabında yazır:

Allah tələb edir ki, hər bir şəhərdə Ədalət Evləri qurulsun ki, ora Bəha rəqəminin (9) sayı qədər məşvərətçilər yığıla bilsinlər. Onlar gərək Mərhəmətli Allahın insanlar arasında müvəkkilləri ola və özlərinə Allah tərəfindən bütün yerdə yaşayanların rifahı üçün təyin edilmiş mühafizlər kimi baxalar.”

Həzrət Əbdül-Bəha bu orqanları “Ruhani Məhfillər” adlandırmış və onlar haqqında belə yazmışdır:

Bu Ruhani Məhfillər – işıqsaçan çıraqlar və müqəddəslik ətrini bütün diyarlara yayan, bilik işıqlarını isə bütün varlıqlar üzərinə saçan səma bağlarıdır. Həyat ruhu onlardan bütün istiqamətlərdə axır. Onlar, həqiqətən, bütün vaxtlarda və istənilən şəraitlərdə insan tərəqqisinin mənbələridir”57.

Beləliklə, Yerli Ədalət Evlərinin yaradılması harada olma­sından asılı olmayaraq, istənilən bəhai qrupunun məqsə­didir. Uca Ədalət Evi 1974-cü ildə Yerli Ruhani Məhfillərin səla­hiy­yətlərini artırmışdır:

Allahın verdiyi Yerli Ruhani Məhfil təsisatı insan cəmiy­yətinin birinci səviyyəsində fəaliyyət göstərir və Həzrət Bəhaul­lahın Yeni Nəzminin əsas inzibati vahididir.



Bu təsisat ailələrə və ayrı-ayrı şəxslərə arxalanır. O, onları daim Həzrət Bəhaullah Vəhyinin qanunları, hökmləri və prinsipləri ilə canlanan və qorunan dürüst ifadə olunmuş bəhai birliyində birləşməyə qaldırmalıdır. Bu təsisat Allahın Əmrini qoruyur; O dostlarla quzularını sevən çoban kimi rəftar edir.

Yerli Ruhani Məhfillərin gücləndirilməsi və onların rolunun inkişaf etdirilməsi – həyatı əhəmiyyətli məqsəddir... Getdikcə daha çox düşünən insanı dinə cəlb etməklə, iflasa uğramış və ölməkdə olan hazrkı qaydaların rəhbərliyini və ümidini itirmiş milyonlarla qurbana sığınacaq verməklə, onlar həmrəyliyi və Bəhai icmasının artan üstünlüklərini nümayiş etdi­rirlər.

Dostlar Yerli Ruhani Məhfillərə ilk əvvəl üzvlərini seçmək üçün səsvermədə iştirak etməklə, sonra Ruhani Məhfillərin plan və proqramlarını səylə həyata keçirməklə, təhlükəli və çətin dəqiqələrdə onlara müraciət etməklə, onların işi üçün dua oxuyub, uğurlarına sevinməklə onlara sidq-ürəklə kömək etməlidirlər. Yerli Ruhani Məhfil - əsas mükafat, İlahi bəxşişdir. Hər bir icma onu böyütməli, sevməlidir. Ona kömək etməli, ona itaət göstərməli, ondan ötrü dua oxumalıdır...”58.

Xüsusi hallardan başqa, Yerli Ruhani Məhfillər Rizvan bayramının birinci günü (yəni aprelin 20-də günbatandan aprelin 21-də günbatana kimi) seçilirlər. Məhfilin üzvləri gizli səsvermə yolu ilə, əvvəlcədən kiminsə namizədliyi ürəli sürulmədən və seçki kampaniyası aparılmadan Yerli Ruhani Məhfilin mənsub olduğu həmin şəhər, rayon, kənd və ya başqa ərazi vahidində yaşayan bütün bəhailər (21 yaşından yuxarı), qadınlar və kişilər arasından seçilirlər. Bu ərazilər müxtəlif ölkələrdə müxtəlifdir, lakin bunlar həmişə həmin ölkənin qəbul olunmuş ən kiçik inzibati vahididir.

Şövqi Əfəndi 1923-cü ilin martında Yerli Ruhani Məhfillərin bəzi vəzifələrini aşağıdakı kimi formalaşdırmışdır:

Əmrin yayılması, onun istiqaməti, yolları və vasitələri, miqyası, dərinliyi öz özlüyündə vacib olsalar da, bu Məhfillərin bütün diqqətinin cəmləşdiyi yeganə cəhət deyildir. Yerli Ruhani Məhfillər öz üzvləri arasında razılığın və dostluğun inkişafına kömək etməli, inamsızlığı, soyuqluğu və ürəklərdəki kənarlaş­manı aradan qaldırmalı, bunun əvəzində Əmrə xidmətin maraq­larına uyğun olaraq fəallığı və səmimi əməkdaşlığı ürəklərə salmalıdır. Məhfil istənilən vaxt yoxsula, məzluma, xəstəyə, yetimə, dula, dərisinin rəngindən, ictimai vəziyyətindən və dinin­dən asılı olmayaraq hamıya kömək əlini uzatmağı bacar­malıdır. Onlar gənclərin həm maddi, həm də ruhani təhsilinə, uşaqların təlim – tərbiyəsinə hərtərəfli köməklik gös­tər­məli, mümkün olan yerlərdə bəhailərin təhsil müəssisə­lərini açmalı, onların işini təşkil etməli, üzərlərində nəzarəti həyata keçirməli, onların inkişafı və fəaliyyəti üçün əlverişli şərait yaratma­lıdırlar...”59.


Milli Ruhani Məhfillər
Həzrət Əbdül-Bəha Özünün Ruhani Vəsiyyətnaməsində Uca Ədalət Evinə seçkiləri təsvir edərkən “ikinci Ruhani Məhfillərin” adını çəkmişdir. Əmrin mühafizi 1923-cü ildə bir sıra ölkələri özlərində Milli Ruhani Məhfillər təşkil etməyə çağırmışdır. Onun məktubunda deyilir:

Milli Məhfillərin bilavasitə məqsədi – dostların və Yerli Məhfillərin çoxtərəfli fəaliyyətini daim xüsusi müzakirələr vasitəsi ilə şövqləndirmək, birləşdirmək və əlaqələndirməkdir; bundan başqa, Müqəddəs Torpaqla sıx və daim əlaqəyə girmək vasitəsilə həmin ölkədə Əmrin işlərinə ümumi rəhbərliyi həyata keçirməkdir.



Milli Məhfil birincidən az əhəmiyyətli olmayan başqa məqsədə də xidmət edir. Belə ki, vaxtı gələndə o Milli Ədalət Evinə çevrilməlidir… Vəsiyyətnamənin aşkar mətninə uyğun ola­raq o, başqa ölkələrin Milli Ruhani Məhfillərilə birgə Uca Ədalət Evinin, hərəkatın işlərinə rəhbərlik edəcək, onları bütün dünyada təşkil edəcək və birləşdirəcək o Ali Toplantının üzvlə­rini müstəqil seçkilər vasitəsilə seçkisini həyata keçirəcəkdir”60.

Sonrakı illər dünyada çoxlu Milli Ruhani Məhfillər yara­nır. Mühafizin rəhbərliyi altında onların funksiyası aydınlaş­maqda, fəaliyyətləri isə güc və nüfuz toplamaqda idi. Hazırda planetimizdə 183 Milli Ruhani Məhfil fəaliyyət göstərir.

Milli Ruhani Məhfillər Rizvan Bayramı vaxtı (aprelin 21-dən mayın 2-ə kimi) Milli Qurultaya toplanmış nümayəndələr tərəfindən seçilirlər. Qurultayın üç əsas vəzifəsi vardır: keçən ilki Milli Ruhani Məhfilin hesabatını qəbul etmək; Milli Məhfilin yeni tərkibini seçmək; nəhayət, yeni seçilmiş üzvlərin iştirakı ilə müzakirələr aparmaq.

Milli və Yerli Məhfillər elə ilk toplantılarında doqquz nə­fər­­dən ibarət olan üzvləri arasından səs çoxluğu ilə sədr, sədr müa­vini, katib və xəzinədar seçirlər. Bu və ya digər vəzifəyə seçilmiş Məhfil üzvi Milli Ruhani Məhfilin ona verdiyi səlahiyyətlərdən başqa səlahiyyətlərə malik deyildir.


Köməkçi Heyət Üzvlərinin köməkçiləri
Allah Əmrinin Əlləri və Müşavirlər Heyəti bilavasitə Milli Ruhani Məhfillərlə, Köməkçi Heyət Üzvləri isə Yerli Ruhani Məhfillər və fərdi bəhailərlə işləyirlər. Əllər və Müşavirlər Dinin Mühafizi (Şövqi Əfəndi) və Uca Ədalət Evi tərəfindən təyin edilirlər. Onlar İnzibati Qaydanın “seçkili qoluna” mənsub deyillər və Milli Ruhani Məhfillərə seçilə bilməzlər.

Köməkçi Heyət Üzvləri bununla belə ayrı-ayrı məsələlərin həlli məqsədi ilə özlərinə “köməkçilər” təyin edirlər və bu kömək­çilər istənilən seçkili inzibati vəzifədə qala bilər və ya istər yerli, istərsə də milli səviyyədə istənilən komitənin üzvü təyin edilə bilərlər.

Uca Ədalət Evi 1969-cu il oktyabrın 1-də seçkili və təyi­natlı vəzifələrin səlahiyyətəri ilə bağlı əlavə izahat vermişdir:

Ruhani Məhfillərin səlahiyyətinə Təlimin yayılması ilə bağlı işlərin təşkili və istiqamətləndirilməsi daxildir. Bu vəzifələr çərçivəsində onlar bütün icma üzvlərini şövqləndirmək və həvəsləndirmək üçün bütün mümkün olan işləri görməli­dirlər. Bununla belə, inzibati işlər və təlimin yayılması, həm­çinin Bəhai icmasının başqa işləri ilə yüklənmiş Ruhani Məh­fillərin təbii ki, möminləri ruhlandırmaq üçün vaxtı çatma­ya­caq­dır.



Qərarların qəbul edilməsi səlahiyyəti Ruhani Məhfillərə Məxsusdur, onlar eyni zamanda bu qərarları realizə edən ilkin qüvvəni özündə birləşdirən möminləri istiqamətləndirirlər. Kö­mək­çi Heyət Üzvlərinin əsas vəzifəsi – bu qüvvəni üzə çıxar­maqda kömək etmək və onu təşkil etməkdir. Fəaliyyətin bu növü həyati əhəmiyyətə malikdir, ona görə də, əgər Köməkçi Heyətin Üzvləri bu işləri səmərəli yerinə yetirmək iqtidarın­da­dırlarsa, onlar imkan daxilində inzibati işlərdə iştirakdan çəkin­məlidirlər”61.

Beləliklə, köməkçilərin işi Köməkçi Heyətə “təşəbbüsləri üzə çıxarmaqda və uyğun məsələləri yerinə yetirməyə yönəlmiş fəaliyyəti istiqamətləndirməkdə” kömək etmək, həmçinin bəhai­ləri Köməkçi Heyətə və Ruhani Məhfillərə rəhbərlik və kö­mək üçün müraciətlərə həvəsləndirməkdir.


Yerli və Milli Komitələr
Yerli və Milli Məhfillərin üzvləri şəxsi keyfiyyətlərinə –Əmrə şəksiz sədaqətinə, fədakar doğruluğuna, ağlına və digər müsbət cəhətlərinə görə seçilirlər. Onlar nadir hallarda ictimai fəaliyyətin bütün sahələrində mütəxəssis ola bilərlər. Bu səbəbdən Ruhani Məhfillər tərkibi mütəxəssislərdən ibarət olan komitələri təyin edirlər. Komitələr, yalnız onları seçmiş Ruhani Məhfillər qarşısında cavabdehdirlər. Onlar görüşlər keçirir, komitələrin vəzifəli şəxslərini seçir, öz fəaliyyətləri ətrafında məsləhətləşir, öz səlahiyyətləri çərçivəsində görəcəkləri işləri müəyyən edir, onları təyin etmiş orqanlara (Yerli və Milli Ruhani Məhfillərə) hesabat verirlər. Bununla da bəhai icmasında məsuliyyət ayrı-ayrı şəxslərin deyil, seçkili orqanların üzərinə qoyulmuşdur. Öz növbəsində bu orqanlar icma üzvlərinin təcrü­bəsindən, təşəbbüs və qabiliyyətindən istifadə etməklə, onların hər hansı bir sahədə öz maraqlarına uyğun iştirakı üçün şərait yaradır. Beləliklə, şəxsi iştirak və məsuliyyət bəhai icmalarının həyatında daha bir fərqli cəhətdir.
Yüksək inzibati standart
İstənilən bəhai orqanına seçilmiş üzvlərin çatmağa çalış­dıqları bir nümunə mövcuddur. Bəzən elə gəlir ki, ona çatmaq mümkün deyildir, lakin üzvlərinin kimliyindən, London, Nyu-York, Tokio, Tehran, Buenos-Ayresin ziyalılarından və ya Mər­kəzi Afrika piqmeylərindən, fin laplandlarından və ya Avstraliya aborigenlərindən asılı olmayaraq, o hər bir Ruhani Məhfilin məqsədidir. Bu standartın bəzi elementləri Şövqi Əfəndini aşağıdakı sitatında verilmişdir:

Gəlin yadda saxlayaq ki, Əmrin əsasında fərdin, şübhəsiz ki, özünüifadə, öz əqidə və baxışlarını azad bildirmək hüququ prinsipi durur...



Gəlin həmçinin yadda saxlayaq ki, Allah Əmrinin əsas məqsədi diktatorcasına hakimiyyətdə deyil, əksinə xeyirxah yoldaşlıqdadır, özbaşına hakimiyyətdə deyil, səmimi ruhda və sevgi dolu məşvərətdədir...

Dostların şüurlu surətdə və sərbəst olaraq öz nüma­yəndələri kimi seçdikləri şəxslərin vəzifələri, onları seçənlərin borclarından heç də az həyati mahiyyət daşımır. Onların vəzifələri əmr vermək deyil, məsləhət etməkdir və nəinki ancaq öz aralarında və həmçinin, mümkün qədər təmsil etdikləri çoxsaylı dostlarla da məsləhətləşməkdir. Məhfil üzvləri özlərini yalnız Allah Əmrinin daha səmərəli və daha layiqli surətdə təqdim olunması üçün seçilmiş vasitələr kimi təsəvvür etməlidirlər... Onlar tədricən şəxsi müstəsnalıq ruhundan, məxfilik mühitindən kənar olmalı, özlərini ədabazlıq mövqe­yindən azad etməli, öz mülahizələrindəki təəssübkeşliyin və xurafatın bütün formalarını aradan qaldırmalıdırlar. Onlar öz işlərini müdriklik hüdudları çərçivəsində dostlara etibar etməli, onları öz planları ilə tanış etməli, öz narahatlıqlarını və prob­lemlərini onlarla bölüşməli və onların tövsiyyə və məsləhət­lərinə qulaq asmalıdırlar. Ehtirassız, diqqətli və iltifatlı məslə­hət­ləşmədən sonra onlara hansısa bir qərara gəlmək lazım olarsa, onlar dualarla Allaha müraciət etməli, düzgün və qərəzsiz seçim etməli və əksəriyyətin səsinə qulaq asmalıdırlar, hansı ki, Ağanın dediyi kimi, həqiqətin səsi olub, etiraz edi­l­məməli, lakin bütün qəlbi ilə həyata keçirilməlidir. Dostlar bu səsi hamılıqla müdafiə etməli və onu Əmrin müdafiəsinin və inkişafının yeganə vasitəsi hesab etməlidirlər” 62...
On Doqquz Gün Ziyafətləri
Bəhai təqvimi ilə bir ildə 19 ay vardır. Hər ayın əvvəlində bəhai icmaları öz üzvlərinin iştirakı ilə yığıncaqlar keçirirlər. Bu tədbir inzibati səciyyə daşıyır. Həmin yığıncaqda Yerli Ruhani Məhfil icma üzvləri ilə məsləhətləşir, onları öz planları ilə tanış edir və ümumi maraq kəsb edən məsələlər ətrafında onlardan təkliflər alır. Bu cür görüşlər – On Doqquz Gün Ziyafətləri adlanır. On Doqquz Gün Ziyafətləri üç hissədən ibarət olub, elə təşkil edilir ki, bu görüşlərdə icmanın ruhani birliyi və ruhani yüksəlişi qabarıq şəkildə təzahür edir. On Doqquz Gün Ziyafətlərində yalnız icma üzvləri, yəni bəhailər və başqa bəhai icmalarından olan qonaqlar iştirak edə bilərlər. Ziyafətin ruhani, birinci hissəsi xüsusi təntənə ilə keçirilir. Bu hissədə Bəhai Yazılarından seçmələr oxunur. Sonra ikinci, inzibati hissə başlayır ki, bu hissədə Yerli Ruhani Məhfil üzvlərinin iştirakı ilə məsləhətləşmələr aparılır. Ruhani Məhfilin və yerli komitələrin müxtəlif fəaliyyətlərinin hesabatı verilir, yerli fondun vəziyyəti haqqında xəzinədarın hesabatı dinlənilir. Bu hissə sona çatdıqdan sonra, görüşün sosial hissəsi başlayır ki, burada icmanın maddi vəziyyətindən asılı olaraq dostlara adi su və yaxud zəngin şam yeməyi təklif edilə bilər.

On Doqquz Gün Ziyafətləri ilə bağlı onu da qeyd etmək lazımdır ki, 15 yaşına çatmamış bəhai uşaqları bu məclislərdə sərbəst iştirak edə bilərlər. Lakin 15 yaşına çatmış hər bir şəxs müstəqil şəkildə, valideynlərinin təzyiqi olmadan, Bəhai dininə mənsub olduğunu təntənəli şəkildə elan etməlidir. Bununla belə, o 21 yaşına kimi bəhai seçkilərində iştirak edə bilməz. Bəhai dininə mənsub olduğunu elan etməyən on beş yaşından yuxarı gənc oğlan və qız valideynləri bəhai olsa belə, On Doqquz Gün Ziyafətlərində iştirak edə bilməz.

Əgər Bəhai icması On Doqquz Gün Ziyafətlərini şən, fəal və səmə­rəli keçirirsə, bu icmanın birliyini, onun yüksəlişdə olduğunu göstərir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə