Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh



Yüklə 0,66 Mb.
səhifə7/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8

İki sütun

Beləliklə, Həzrət Bəhaullahın Ümümdünya İnzibati Qay­da­­sında iki tərəf və ya iki qol mövcuddur. Birinci qol “təyin edilən” tərəf olub, ora daxildir: Həzrət Əbdül-Bəhanın Vəsiy­yəti ilə təyin edilən Əmrin Mühafizi; Əmrin Mühafizinin təyin etdiyi Allah Əmrinin Əlləri; Uca Ədalət Evinin təyin etdiyi Müşavirlər; Müşavirlərin təyin etdiyi Köməkçi Heyət Üzvləri; Köməkçi Heyət Üzvlərinin təyin etdiyi köməkçilər.

İkinci “seçilən” qola və ya tərəfə daxildir: sıravi bəhailərin seçdiyi Yerli Ruhani Məhfillər; sıravi bəhailər arasında seçilmiş nümayəndələrin Qurultayda seçdiyi Milli Ruhani Məhfillər və nəhayət, Milli Ruhani Məhfillərin hər beş ildən bir seçdikləri Uca Ədalət Evi.

Əmrin Mühafizi sonralar “Bəhaullah Əhdi” adı altında nəşr edilmiş 1934-cü il 8 fevral tarixli məktubunda iki təsisatı – Mühafizlik və Uca Ədalət Evini “qüdrətli inzibati binanı sax­layan” “iki sütun” adlandırmışdır. Bu məktubun paraqraf­la­rının birində Əmrin Mühafizi yazır:

Həzrət Bəhaullahın inzibati qaydasının bu iki bir-birini tamamlayan idarəsinə, fəaliyyətlərində əsaslı, öz məqsəd və vəzifələrində bir-birini qarşılıqlı tamamlayan İlahi mənşəyi olan qurumlar kimi baxılmalıdır. Onların ümumi təməli məqsədi – bizim Dinin Qaynağından axan Allahın verdiyi hakimiyyətin fasiləsizliyini təmin etmək, Onun ardıcıllarının birliyini qorumaq və onun təliminin vəhdətini və çevikliyini saxlamaqdır. Bu iki təsisat Əmrin işlərini birgə idarə edir, bütün fəaliyyətləri əlaqələndirir, Onun maraqlarını qoruyur, Onun qanunlarına əməl edir, Onun köməkçi təsisatlarına yardım edir. Beləliklə, bu təsisatlardan hər biri dəqiq müəyyənləşdirilmiş sahədə fəaliyyət göstərir: onların hər birinə konkret məsələ və səlahiyyətləri səmərəli yerinə yetirməkdən ötrü yanaşı fəaliyyət göstərən orqan – alət verilmişdir”63.

“Yeni Dünya Nizamı” adlanan bu nadir sistemə bir daha nəzər salsaq, “Allahın Peyğəmbərlərinin arzuladığı və qədim dövr­lərdən şair və yazıçıların təsəvvürlərini şövqləndirən idealların” təcrübədə necə həyata keçdiyini görərik. Bu sözlər Şövqi Əfəndinin qərbdəki bəhailərə 1930-cu ildə yazdığı və tarixə “Dünya Nizamı” adı altında daxil olmuş mək­tu­bundan götürülmüşdür. Bu məktubunda O, Bəhai dini ilə başqa dinlərin inzibati sistemlərini müqayisə etmişdir. Şövqi Əfəndi yazır:

Həzrət Bəhaullah bəşəriyyəti təkcə yeni və canlandırıcı Ruh ilə doldurmamışdır... O və Ondan sonra həzrət Əbdül-Bəha bir sıra qanunları aydın və dəqiq təyin etmiş, müəyyən təsisatların əsasını qoymuş və İlahi qüvvənin mövcudluğunu göstərmişlər. Bütün bunların hamısı gələcək cəmiyyətin modeli, dünyanı birləşdirməyin yeganə vasitəsi, Yerdə Ədalət səltənəti­nin Bəyannaməsi olmalıdır”64.
Bəhai fondları
Bəhai dininin dünyada sürətlə yayılması və bütün qitələrdə füsünkar İbadət Evlərinin tikilməsi, Bəhai dininin bir çox yerli və milli mərkəzləri üçün evlərin alınması, yüzlərcə yerli və milli fondların, həmçinin bəhai məktəblərinin, təhsil və başqa müəs­sisələrin yaradılması ilə bağlı çox vaxt təbii sual ortaya çıxır: Bu vəsaitlər necə əldə edilir?

Bəhai fondlarında yalnız bəhailər iştirak edə bilərlər. Əgər maliyyə mötəbər və tanınmış mənbədən deyilsə, bu vasitə ilə təlimin yayılması ilə bağlı hansısa tədbir görmək, icma üçün mülkiyyət əldə etmək, ümumiyyətlə, hər hansı bir işlə məşğul olmaq yolverilməzdir. Fonda yardım hər bir bəhainin müqəddəs borcudur. İanənin miqdarı, verilmə vaxtı, forması, təyinatı (ümu­mi istifadə və ya konkret məqsədlər üçün) – bütün bunlar hər möminin öz ixtiyarındadır. İanələr Yerli, Milli, Qitə və Bey­nəl­xalq fondlara, ətrafdakılara bildirilmədən, hətta əksər hallarda gizli şəkildə verilir.

Əgər qeyri–bəhai Bəhai fondlarına ianə vermək istəyirsə, ona anladılır ki, bu cür mənbədən olan vəsaitlər Bəhai dininin məqsədlərindən ötrü istifadə edilə bilməz. Bəhai fondları ilə bağlı Şövqi Əfəndi yazır:

Mən sizə bir əsas müddəanı xatırlatmaq məcburiyyəti duyuram: Fonda edilən bütün ianələr son dərəcə könüllü olma­lıdır. Hər bir kəsi aydın şəkildə başa salmaq lazımdır ki, hər hansı bir şəkildə olan məcburiyyət, hətta zəif və dolayısı ilə olsa da belə, başlanğıcdan Fondun yaradılmasının əsasını qoyan prinsipə ziddir”65...

Mən təkidlə onlara məsləhət görmüşəm ki, daim və qəlbən əsas və həyati təsisatlar olan Milli Fonda və Milli Ruhani Məhfilə yardım göstərsinlər. Onların hamısına aydın başa salınmalıdır ki, bu təsisatlara müntəzəm olaraq ianə verilməsi gələcək nailiyyətlərin təməl daşı və bütün gələcək xeyir-duaların axacağı bir mənbədir”66.

Bəhai İbadət Evləri
Gələcəkdə Bəhai İbadət Evləri hər şəhərdə və hər kənddə tikiləcəkdir. Lakin bu gün onlar “hər qitəyə və ya adalar qrupuna bir məbəd” prinsipi ilə ucaldılır. Hazırda dünyanın müxtəlif yerlərində gələcək tikintilər üçün xeyli torpaq sahələri alınmışdır. Bəhailərin azlıq təşkil etdiyi ölkələrdə vəsaitin dinin yayılmasına və inkişaf etməkdə olan ölkələrdə isə az savadlı və yoxsul möminlərə yardım üçün sərf edilməsi daha çox məqsədəuyğun hesab olunur. Ona görə də füsünkar məbədlərin tikintisi Bəhai Dininin on milyonlarla insanı əhatə edəcəyi yaxın gələcəyə saxlanmışdır. Artıq tikilmiş İbadət Evləri isə Allaha etiqadın yeni prinsiplərini nümayiş etdirir.

Bəhai İbadət Evi doqquz qapısı və bir günbəzi olan mərkəzi binadan ibarətdir. Onun qapıları dinindən, irqindən və millətindən asılı olmayaraq hamının üzünə açıqdır. İbadət Evinin daxilində dualar, musiqisiz, yalnız səslə ifa edilir. Burada müxtəlif Dinlərin Yazılarından parçalar da oxuna bilər, lakin inzibati fəaliyyət binadan kənarda aparılır.

Vaxt ötdükcə İbadət Evlərinin ətrafında əlavə binalar, məsələn, bəhai məktəbləri, xəstəxana, uşaq evləri tikilir. Başqa sözlə, İbadət Evi bəhailərin fikrincə, icmanın təkcə ruhani deyil, sosial ehtiyaclarına, təhsil-tərbiyə və humanitar tələblərinə xidmət edir. Bəhai İbadət Evlərinin adı ərəb dilində “Məşriq-ül-Əzkar” kimi səslənir, mənası “Allah mədhinin işıqlandığı yer” deməkdir.

Hazırda Bəhai İbadət Evləri dünyanın yeddi ölkəsində ucaldılmışdır: Uilmett (ABŞ), Kampala (Uqanda), Frankfurt- na-Mayne (AFR), Sidney (Avstraliya), Panama-Siti (Panama), Yeni Dehli (Hindistan) və Apia (Qərbi Samoa).

Uilmett İbadət Evi bir köməkçi müəssisəyə - ahıllar evinə malikdir; Uilmett, Kampala və Frankfurtda, həmin ölkələrin Milli Ruhani Məhfilləri yerləşmişdir.


V FƏSİL
BƏHAİLƏR NƏYƏ İNANIRLAR
Allahın mahiyyəti

Bəhai təlimlnə görə, insanın məhdud şüuru Allahı heç zaman dərk edə bilməz. Həzrət Bəhaullah öyrədir ki, məhdud qeyri-məhdudu anlaya bilməz. Sonlunun sonsuzu anlaması o deməkdir ki, yəni biz masadan onu düzəltmiş dülgər haqqında anlayışlı olmasını gözləyirik. Həzrət Əbdül-Bəha yazır:

İnsan İlahi Mahiyyəti dərk edə bilməz, lakin özünün müha­kimə və müşahidə qabiliyyətinin, Dinin ona verdiyi intuisiya və duyma qüvvəsinin köməkliyi ilə Allaha inana və Onun mərhəmət bəxşişlərini aşkarlaya bilər”67.

İnsanlar Allahın mahiyyətini dərk edə bilməsələr də, onlar İlahi Reallığın mövcudluğuna inana bilərlər. Həzrət Bəhaullah yazır:

Bil ki, Həqiqi Vahid Allah bütün xəlqedilmiş varlıqlardan ayrılan və onlar üzərində ölçüyəgəlməz dərəcədə yüksələn O Kəsdir. Bütün Kainat Onun şöhrətinin əksidir. O, Öz yarat­dıq­larından asılı deyildir və onlardan üstündür. İlahi Birliyin həqiqi mənası bundadır... Bütün mövcud olanlar Ondan asılıdır və aləmdəki hər şeyin mövcudluq mənbəyi Ondan törəyir”68.

Allah kainatın qurucusudur, lakin bununla belə O, hər bir adamın, vaxtilə yaşamış, yaşayan və ya nə vaxtsa yaşayacaq hər kəsin ayrılıqda qayğıkeş Atasıdır. Allahda bu iki cəhətin birləşməsi insanın dərketmə qabliyyəti çərçivəsindən kənara çıxır. Bunu bütün dünya dinləri də təsdiq edir. Bütün dünya dinlərində Allahın Böyüklüyü təriflənir, eyni zamanda Allahın insanlara olan böyük məhəbbəti və Onun hər bir fərdin varlığının məqsədini müəyyən etməsi təsdiq edilir.



Yaradılış
Bəhai təliminə görə maddi dünya (materiya) məkanca son­suz, zaman etibarilə əbədidir. Onun nə vaxtsa “yoxluqda yara­dılması” və ya nə vaxtsa zamanın sonunda “yox edilməsi” anla­yışı tamamilə yalnış təsəvvürdür. Allah Əbədi və Əzəli olduğu kimi, Onun xilqəti də əbədi və əzəlidir. Həzrət Bəhaullah yazır:

Xilqət haqqında sualın barədə. Bil ki, xilqət əzəldən olub və həmişə də olacaq. Onun əvvəlinin başlanğıcı və axırının sonu yoxdur. Maddi aləmin sonu barəsində sualına gəldikdə isə bu məsələnin anlaşılması müşahidəçilərin baxışından asılıdır. Bir mənada o, sonludur, başqa bir mənada isə bundan üstündür. Allah əzəldən olub və həmişə də olacaq. Xilqət də həmçinin...



Aləmlər barədə sual vermişdin. Bil ki, həqiqətən, Allahın tükənməz aləmləri vardır və onların sonu yoxdur. Onları Hərşeyi Bilən və Hikmət Sahibi olan Allahın Özündən başqa heç kəs əhatə edə bilməz. Hər bir sabit ulduzun öz planetləri və hər bir planetin öz məxluqatı var, hesablayanlar onları saymaqda acizdir”69...

Həzrət Əbdül-Bəha materiyanın əbədi və əzəli olmasına aşağıdakı açıqlamanı vermişdir:

Bil ki, ruhani həqiqətlərin başa düşülməsi üçün ən çətin amillərdən biri varlıq aləminin, yəni bu sonsuz Kainatın başlanğıcının olmaması haqqında həqiqətdir. Bilin ki, xilqətsiz Xaliq qeyri-mümkündür və qəyyumluq altında olan olmasa, Qəyyum da olmaz, çünki Allahın bütün adları və atributları varlıqların olmasını tələb edir. Əgər heç bir məxluqatın mövcud olmadığı bir zamanı təsəvvür etmək mümkün olsaydı, onda belə təsəvvür Allahın Özünü inkar etmək olardı. Əgər nə vaxtsa mütləq yoxluq hökmranlıq etmiş olsaydı, bu zaman varlıq da mövcüd ola bilməzdi. Buradan belə nəticəyə gəlmək olur ki, Tək olan Allahın Mahiyyəti, yaxud, başqa sözlə desək, Xaliqin mövcudluğu əbədi və əzəlidir, yəni Onun nə əvvəli, nə də sonu vardır, deməli, varlıq aləminin də nə əvvəli, nə sonu var”70...

Kainatın hansısa bir hissəsində “İlkin partlayışı”, xaoc və yaradılışı və yaxud əksinə dağılma, parçalanma və məhvolmanı xatırladan proseslər müşahidə edilə bilər. Bu hal sonu olmayan Kainata bütövlükdə şamil deyildir. Həzrət Əbdül-Bəha bu haqda da yazır:

Mümkündür ki, Kainatın müəyyən bir hissəsi olan dünyalardan biri dağılsın, lakin digər dünyalar öz mövcud­luğunu davam etdirəcəklər. Bir halda ki, dünyalardan hər birinin öz başlanğıcı var, deməli, onun sonu da vardır; belə ki, hər bir birləşmənin həm bütün məcmusunun, həm də ayrı-ayrı hissələrinin dağılması labüddür. Fərq yalnız ondadır ki, biri tez, digəri isə tədricən dağılır; lakin birləşmə yolu ilə yaranmış şeyin heç zaman parçalanmaya məruz qalmaması mümkün deyildir ”71.
İnsanın yaranması
Bəhai təlimində Allahın insanı xəlq etməsi anlayışı da məlum dinlərdən fərqlənir. Təbiətdəki digər canlılar kimi insan növü də Allahın İradəsi ilə milyon-milyon illər ərzində çox bəsit formadan inkişaf edərək mürəkkəbləşmiş və müasir insan formasına düşmüşdür. İnsan embrionu ana bətnində, özünün ilkin inkişaf mərhələlərində balıq və ya sürünən canlının əlamətlərini daşısa da, o, balıq və ya sürünən deyil, insan olduğu kimi, insan növü də miyon-milyon illər ərzində inkişafının müxtəlif dövrlərində zahirən başqa canlılara bənzəsə də, Allahın İradəsi ilə anlaşılmaz gizli qüvvəyə malik xüsusi növ idi. Bəhai təlimindəki bu müddəa Darvinin insanın təbii seçmə yolu ilə meymundan yaranması nəzəriyyəsindən əsaslı şəkildə fərqlənir. Bu məsələyə açıqlıq gətirən həzrət Əbdül-Bəha yazır:

Tamamilə aydındır ki, bizim Yer kürəmiz indiki vəziyyətinə bir dəfəyə düşməyib, o, hal-hazırki kamilliyinə gəlib çatanadək tədricən müxtəlif mərhələlərdən keçmişdir. Insan öz mənşəyinin başlanğıcında Yer bətnində, ana bətnindəki embrion kimi yavaş-yavaş böyümüş və inkişaf etmiş, bir formadan başqa formaya keçərək, indiki gözəlliyinə və kamilliyinə, indiki quruluşuna və qüdrətinə gəlib çatmışdır. Ehtimal ki, əvvəllər o, belə gözəl, qamətli və zərif olmamış və yalnız tədricən bu surətə, bu formaya, bu gözəlliyə və bu qamətə yiyələnmişdir. İnsanın Yer üzündə mövcud olduğu ən ilkin vaxtlardan onun müasir vəziyyətinə, quruluşuna və formasına çatana qədər, şübhəsiz ki, uzun müddət lazım olmuşdur. Lakin öz mənşəyinin lap başlanğıcında da insan xüsusi növ olmuşdur.



Əgər yox olmuş orqanların izlərinin, həqiqətən, insan bədənində hələ də mövcud olduğunu hətta etiraf etsək belə, bu heç də insan növünün dəyişkənliyini və bənzərsiz olmamasını sübut etmir, əksinə, yalnız insan orqanlarının, onun forma və xarici görünüşünün dəyişkənliyini və kamilləşməsini bildirir, o özü isə həmişə xüsusi növ, yəni heyvan deyil, insan olmuşdur”72.

İnsanın yaradılışı ilə bağlı İbrahimi dinlərin teoloji bazisində xüsusi yeri olan Adəm bə Həvva hekayətinə həzrət Əbdül-Bəha aşağıdakı açıqlamanı vermişdir:

Əgər biz bu hekayəni camaatın anladığı hərfi mənada qəbul etsək, onda bu son dərəcə qeyri-adi hekayədir. Ağıl onu nə anlaya, nə təsdiq edə, nə də təsəvvür edə bilər, çünki məsələnin belə qoyuluşu, bu cür təfərrüat, belə davranış və məzəmmət düşüncəli adama, xüsusilə də bu sonsuz Kainatı belə mükəmməl formada və bu ucsuz-bucaqsız dünyanı belə mütləq qanunauyğunluqda, belə ciddi nizamla və mükəmməlliklə yara­dan Allah-taalaya xas deyildir. Buna görə də qadağan olmuş ağacın meyvəsini yeyib Cənnətdən qovulan Adəm və Həvva haqqında hekayəni rəmzi mənada qəbul etmək lazımdır. İlahi sirləri özündə saxlayan bu hekayənin böyük mənası var və o, heyrətamiz şərhlərə malik ola bilər”73.
İnsanın təbiəti
İnsan – mineral, bitki və heyvanatla müqayisədə həyatın daha yüksək formasıdır. Allah insana şüur, düşüncə vermişdir. O, ona həmçinin Allahı tanımaq və sevmək qabliyyəti olan ruh da bəxşiş etmişdir.

Həzrət Bəhaullah buyurur:



Ey insan oğlu! Sənin yaradılışını sevdim, odur ki, səni yaratdım! İndi məni sev ki, səni xatırlayım və sənin qəlbini həyat ruhu ilə doldurum”74.

Dünyanı, onda yaşayan və hərəkət edən bütün varlıqları xəlq etdikdən sonra, O, Özünün Muxtar adının işığı ilə məxluqat içərisindən Onu tanımaq və Onu sevmək üçün insanı seçdi ki, bu da Kainatın yaradılmasının səbəbi və son məqsədi idi... Allah xəlq etdiklərinin hər birinin batini həqiqətinə öz adlarından birinin nurunu səpmiş və Onu Öz sifətlərindən birinin Əzəmətini əks etdirən etmişdir. Lakin insanın mahiyyətində O, Özünün bütün adlarının və sifətlərinin şöləsini cəmləşdirmiş və onu Özünün güzgüsü etmişdir. Bütün xəlq edilmişlərdən yalnız insan belə böyük fəzl, belə əzəli mərhəmət üçün seçilmişdir”75.

İlahi Zühurlara müraciət etməklə insan Allahın məhəbbət, həqiqət, mərhəmət, ədalət kimi keyfiyyət və xüsusiyyətlərini mənimsəyə bilər.

Allahın təliminə müraciət etməkdə hər kəs sərbəstdir. Onun gözündə hamı bərabərdir. Bununla belə, hər bir ruh nadir qabliyyət və xassələrlə təmin olunmuş fərdi yaranmadır. Bütöv­lük­də insan çatacağı potensialı öz şəxsi cəhdlərinin köməkliyi ilə əldə edir.

Hər bir insana yüksək ruhani təbiət xasdır. İnsan onu inki­şaf etdirməlidir ki, Allahı dərk edə bilsin və Onu sevsin. Lakin hər bir insan fiziki, yəni heyvani təbiətə də sahibdir. Həzrət Bəhaullah öyrədir ki, insanın bədəni ruhunun sadiq nökəri olmalıdır. İnsanın ən böyük xoşbəxtliyi fiziki tələblərinin öy­rənil­məsində deyil, ruhaniyyətdədir.
İnsanın ruhu, həyat və ölüm
Ruh fiziki deyil, ruhani mahiyyət olub, onun mənbəyi Allahın ruhani aləmlərindədir. İnsan bədənin ölməs ilə ruh məhv olmur. İnsanın Yerdəki həyatı dövründə ruhun bədənə bağlılığı güzgüdə əks olunan işığın güzgüyə bağlılığını xatır­ladır. Güzgü parçalansa da, işıq parlamaqda davam edir.

Ruhun bədənlə birləşməsi ana bətnində, mayalanma anında baş verir. Yerdəki fiziki mövcudluq – hər bir ruh üçün vacib təcrübədir. Bu mərhələdə insan özünün düzlük, mərhə­mət, məhəbbət, səxavətlilik kimi ruhani qabiliyyətlərinin inki­şafı üçün imkan əldə edir. Bu keyfiyyətlər insana fiziki möv­cudluğu sona yetdikdən sonra da lazımdır. Ana bətnində uşağın gözü, burnu, əli və ayağı inkişaf etdiyi kimi, bu ruhani keyfiy­yətlər də insanın Yerdəki həyatı zamanı inkişaf edir. Ana bət­nin­də uşağa bu orqanlar lazım deyildir. Lakin həyatda insan onlarsız çox ağır vəziyyətə düşə bilər.

İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatın­dan fərqləndiyi kimi, ruhun ölümdən sonrakı həyatı da bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir. Bizim o biri dünyadakı inkişafımız bizim indi ruhani yüksəliş üçün sərf etdiyimiz cəhd­lər­dən asılı olacaqdır.

“Cənnət” və “cəhənnəm” yer, məkan deyil, haldır. “Cən­nət” Allaha yaxınlıq, “cəhənnəm” isə Ondan uzaqlıqdır. Bu hal indi­ki və ondan sonra gələn o biri həyatda da mövcuddur. Eynilə haq­qında Müqəddəs Yazılarda danışılan “həyat” və “ölüm” anla­yışları da insanın ruhani həyatının olub olmaması mənasında səslənir.

Ölüm insanı qorxutmamalıdır, əksinə ona yeni, daha dolğun həyatın başlanğıcı kimi baxılmalıdır. Həzrət Bəhaullah buyurur:

Ey uca məqam oğlu! Ölümü sənin üçün bir şadlıq müj­dəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?”76.

Bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksələr ki, qərinələr, əsrlər, dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilməz. Və Allahın səltə­nəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri, Allahın inayəti və lütf­ləri təzahür edər. Qələmin, bu məqamı, onun ülviyyət və ucalığını təsvir etməyə qüdrəti çatmır. Fəzlin əli onu elə bir məqama daxil edər ki, bunu heç bir sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun halına ki, insanların şübhələrindən pak bir halda bədəndən ayrılar. Belə bir ruh öz Rəbbinin İradəsi ilə hərəkət edib uca cənnətə daxil olar, yüksək behiştin huriləri onun ətrafına toplaşar, o, Allahın peyğəmbərləri və övliyaları ilə ünsiyyətdə olub onlarla söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar...”77.
Xeyir və Şər
Həzrət Bəhaullah izah edir ki, bütün Kainatda yalnız bir qüvvə, məhz, məhəbbət və mərhəməti tükənməz olan Qüdrətli Allahın xeyir-dua qüvvəsi mövcuddur. Buradan belə görünür ki, Şər, özünün bütün təzahürlərində pozitiv mahiyyət deyil, Xeyirin olmaması və ya onun azlığıdır. İşığın olmaması necə zülmətdirsə, Xeyirin də olmaması Şərdir.

Əgər insan pis hərəkət edirsə, bu o deməkdir ki, onun alçaq, heyvani təbiəti yüksək ruhani təbiəti ilə müqayisədə daha çox inkişaf etmişdir. Belə insan onu əhatə edənlərin köməkliyi ilə özünün yüksək olan cəhətini inkişaf etdirməlidir.

Bütün insanlar üçün istəyin olması təbiidir. İstək hətta uşaqlarda da vardır. İstək əgər həmin şəxs və ya bəşəriyyət üçün bütövlükdə yaxşılığa istiqamətlənibsə, təqdirəlayiqdir. Çünki istək Allah tərəfindən insana verilmiş, daha çox əldə etmək cəhdi və ya impuls olub, insana daha çox bilik əldə et­mək, xasiyyətini düzəltmək və Allaha yaxınlaşmaq imkanı verir.

Xeyir – Allahın göstərişlərinə əməl etmək, Şər isə bu göstərişlərdən xəbərdar olub, bilə-bilə ondan üz çevirməkdir. Həzrət Bəhaullah insana qüvvə, cəsarət və həyat məqsədləri verir, O, Allahın rəhmdilliyini qeyd etməklə yanaşı, həmçinin aydın şəkildə göstərir ki, insan öz qüvvəsindən və qabiliyyət­lərindən istifadəyə və ya sui-istifadəyə görə fərdi məsuliyyət­dən də canını qurtara bilməz.


Zamanın sonu”, “Qiyamət” və “Dirilmə”
Başqa dinlərin teoloji bazisində Zamanın Sonu, Qiyamət və Dirilmə ilə bağlı təsəvvürlərin xüsusi yeri vardır. Həmin dinlərin Müqəddəs Kitablarında axır-zamanda fövqəladə hadisələrin baş verəcəyi haqqında geniş məlumat verilmişdir:

Ulduzlar sönəcəyi; Göy yarılacağı; dağlar parça-parça olub dağılacağı (Əl-Mursəlat,8-10)... Günəş sarınıb büküləcəyi zaman; ulduzlar səpələnəcəyi zaman; vəhşi heyvanlar bir yerə toplanacağı zaman; ruhlar qovuşacağı zaman; göy qopar­dılacağı zaman (Ət-Təkvir, 1-3,5,7,11)... Yer özünəməxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; Yer öz yükünü çıxardıb atacağı zaman; Məhz o gün yer öz hekayətini söyləyəcəkdir – Allahın ona etdiyi Vəhy ilə! (Əz-Zilzal, 1-5)... Göyün buludla parçalanacağı gün (Əl-Furqan,25)... Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə (Əd-Duxan,10)” ...

Oxşar ayələri İncildə də oxuyuruq. İsa Məsih buyurur:

Fəqət o günlərin məşəqqətindən dərhal sonra Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylərin qüdrəti sarsılacaqlar. O zaman insan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri şivən qaldıracaqlar və İnsan Oğlunun göyün buludları üzərində qüdrət və əzəmətlə gəldiyini görəcəklər” (Matta, 24:29-30).

Həzrət Bəhaullah “İqan” kitabında izah edir ki, “Günəş”, “Ay”, “ulduzlar”, göydə və yerdə baş verən digər əlamətlər haq­qında söylənmiş bu xəbərlər rəmzi məna daşıyırlar və hərfi mənada başa düşülməməlidir. Peyğəmbərlər ilk növbədə bunları fiziki deyil, ruhani anlamlara aid etmişlər. Onlar Qiyamət Günü ilə əlaqədər olaraq Günəş barəsində danışarkən Həqiqət Günə­şini, yəni Peyğəmbəri nəzərdə tuturlar. Günəş ən böyük işıq mənbəyidir. Həzrət Musa yəhudilər üçün, Həzrət İsa xristianlar üçün və Həzrət Məhəmməd müsəlmanlar üçün belə Günəş olmuşdur. Beləliklə, Allahın hər bir Zühurunun gəlişi Qiyamət Günüdür. Müqəddəs kitabların bu və ya digər yerlərində işlənmiş “Dünyanın Sonu” ifadəsi Qiyamət Günü gələn kimi dünyanın gözlənilmədən dağılması demək deyildir. Bu ifadənin düzgün tərcüməsi “Əsrin başa çatması və ya Dövrün sonu” deməkdir. Bəhai təliminə görə Həzrət Bəhaullahın gəlişi bizim yaşadığımız bütün dünya üçün ən böyük Qiyamət Günüdür.

Peyğəmbərlər deyəndə ki, Günəş qaralacaq, bu, o deməkdir ki, bu Mənəvi Günəşlərin saf təlimləri yalançı təsəvvürlərlə, yalnış anlayışlarla və xurafatlarla bulandırılacaq və millətlər zülmət içində çaşıb qalacaqlar. Dini rəhbərlər və ruhanilər kiçik işıq mənbəyi olan Ay və ulduzlar kimi adamları ruhlandırmalı və onlara düzgün yol göstərməlidirlər. Deyəndə ki, Ay işığını itirəcək və qana dönəcək və ulduzlar göydən yerə töküləcəklər, bu, o deməkdir ki, ruhanilər – mollalar, kilsə başçıları hörmətdən düşəcək, dini və siyasi çəkişmə və müna­qişələrə qoşulacaq, ruhani niyyətlərdən uzaqlaşaraq, dünyəvi qayğılarla məşğul olcaqlar.

Peyğəmbərcəsinə söylənmiş bu xəbərlərin mənası, heç də bir izahla məhdudlaşmır və onların bu rəmzlərlə şərh edilə bilən digər mənaları da mövcuddur. Həzrət Bəhaullah buyurur ki, “Ay”, “ Günəş” və “ulduzlar” anlayışı başqa mənada hər bir dinin müəyyən etdiyi qanunlara və qaydalara tətbiq edilir. Belə ki, sonrakı hər bir Vəhydə əvvəlki dinin bütün mərasimləri, formaları, adətləri və göstərişləri dövrün tələblərinə uyğun olaraq dəyişdirilir və bu baxımdan “Günəş” və “Ay” dəyişilir və “ulduzlar” yerə tökülür.

Qiyamət Günü, həm də Dirilmə Günüdür – ölülərin diri­ləcəyi gündür. Bəhai təliminə görə, “dirilmənin” kobud fiziki bədənlə heç bir əlaqəsi yoxdur. Əgər bədən ölmüşsə, deməli, artıq onun işi bitmişdir. O, çürüyür və onun hissələri həmin bədə­ni yaratmaq üçün heç zaman birləşmirlər.

Dirilmə – Peyğəmbərlər vasitəsilə nazil olmuş İlahi Kəlam sayəsində insanın mənəvi həyata doğulmasıdır. Onun dirilib ayağa qalxdığı qəbir – nadanlıq və Allaha etinasızlıq, cəhalət qəbridir. Dirilmə Günü iyirmi dörd saatdan ibarət olan gün deyil, o, Həzrət Bəhaullahın gəlişi ilə başlamış və hal-hazırkı dünya dövrünün bitəcəyi vaxtadək davam edən bütöv bir Eradır. O, indiki sivilizasiyanın bütün izlərinin Yer üzündən silinməsinə və İlahi Sivilizasiyanın qurulmasına qədər davam edəcəkdir. Quran-İ-Kərimdə buyrulur:

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz. O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız”(Əl-Bəqərə,28)

Bu ayədə Allah Quran əhlinə müraciət edərək onlara xəbərdarlıq edir ki, heç vəchlə yeni Allah Elçisini inkar etməsinlər. Belə ki, onlar ruhən ölü olduqları vaxt Allah onlara Peyğəmbər (Məhəmməd ə.s.) və müqəddəs Quran vasitəsilə yeni həyat bəxş etmişdir. Allah habelə öncədən xəbər verir ki, vaxt gələcəkdir ki, müsəlmanlar öz dinlərində davamsız, hərəkətlərində zəif olduqlarına və ayrıldıqlarına (təriqətlərə parçalandıqlarına) görə yenə də öləcəklər. Beləliklə, Allah-taala əmin edir ki, bu ölüm sonuncu olmayacaqdır. Həzrət Bəhaullahın vasitəsilə Allah müsəlmanlara və digər ümmətlərə yeni həyat bəxş edir. Həzrət Bəhaullaha beyət etməklə onlar yeni xalqa çevriləcəklər.

Bu ayədə iki ölümün və yeni həyatın adı çəkilir. Onlardan heç biri fiziki deyildir. Bu mənəvi “həyat” və mənəvi “ölümdür”.


VI FƏSİL
BƏHAİLƏRİN HƏYAT-TƏRZİ
Davranış
Bəhailər sözləri ilə deyil, əməlləri ilə seçilməlidirlər. Həzrət Bəhaullahın buyurduğu keyfiyyətlər bütün əsas dinlərdə də göstərilmişdir: insan vicdanlı, mehriban, qəlbiaçıq, qonaq­pərvər, nəzakətli və səxavətli olmalı, öz valideynlərinə ehtiram göstərməlidir. O, böyük sevinc və ürəklə Allah iradəsini qəbul etməlidir.

Həzrət Bəhaullah tərki-dünyalığı bəyənmir və insana Alla­hın verdiyi bütün həyat nemətlərindən bəhrələnməyi bu­yurur.

Allaha gedən yol həm maddi sıxıntılar, həm də əksinə var-dövlət, bolluq içindən keçə bilər. Həzrət Bəhaullah öz ardıcıl­la­rına yoxsulluqdan qəmgin olmamağı və var-dövlətə bel bağ­la­mamağı məsləhət görür. İnsan üçün ən böyük nemət – sakit ürək­dir. Buna isə Allahın qoyduğu qaydalara əməl etməklə çat­maq mümkündür.

Müalicə üçün müstəsna zəruri halları çıxmaqla, Həzrət Bəhaullah spirtli içkilərin və narkotik maddələrin istənilən növündən istifadəni qadağan etmişdir. Narkotik maddələr və spirtli içkilər insanın fiziki və ruhani sağlamlığına ziyan vurur. Bunlara əlavə olaraq Həzrət Bəhaullah aşağıdakı qadağaları qoymuşdur: qumar oynamaq, nigahdan kənar cinsi əlaqədə ol­maq, oğurluq, homoseksualizm, heyvanlarla qəddar davran­maq, qeybət, kiməsə günahları tövbə etmək, iftira, kremasiya, qəsdən yanğın törətmək, dilənçilik, peşəkar nigahsızlıq, qul alveri, qətl və əl öpmək (Şərqdə ehtiram kimi istifadə olunan adət – A.C.). Bu­nunla da O, Özü ilə təkcə Yeni Eranın qanun­larını gətir­mə­miş, həmçinin başqa dinlərin Bəşəriyyətin Birli­yinə və Sivi­liza­siyanın inkişafına mane olan qayda-qanun­larını ləğv etmişdir.


İbadət
Namaz və dua. İbadətsiz insanın ruhani inkişafı mümkün deyildir. Qida bədənin inkişafı üçün nə qədər vacibdirsə, ibadət də ruhun inkişafı üçün bir o qədər zəruridir. Həzrət Bəhaullah bütün hallar üçün dualar nazil etmişdir. Namazlar bu dualar arasında xüsusi yer tutur. Həzrət Bəhaullah namazı bəhailər üçün vacib etmişdir. Həzrət Əbdül-Bəha buyurur:

Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruş­muşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir”78.

Şövqi Əfəndi yazır:

Gündəlik namazın sayı üçdür. Ən qısası bir ayədən iba­rətdir və iyirmi dörd saatda bir dəfə, günorta vaxtı qılınmalıdır. Orta namaz gündə üç dəfə, səhər, günorta və axşam qılın­malıdır. Böyük namaz üç namazdan ən müfəssəlidir və iyirmi dörd saatda bir dəfə qılınmalıdır. Hər kəs meyli çəkdiyi vaxt onu qıla bilər.



Mömin bu üç namazdan istənilən birini seçməkdə tama­milə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və onları müşayiət edən hər hansı səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

Həzrət Bəhaullah bu namazlara, Şəfa duası, Əhməd Lövhü kimi bir neçə başqa dualara xüsusi güc və əhəmiyyət inayət etmişdir. Ona görə də onları belə qəbul etmək lazımdır. Mömin­lər onları şübhəsiz inamla oxumalıdırlar ki, onların vasitəsi ilə Allah­la daha yaxın ünsiyyətə girə bilsinlər və özləri­ni Onun qanun və hökmlərinə daha tam uyğunlaşdırsınlar”79.

Bu namazlar təklikdə Allahla ünsiyyətdə qılınır. Başqa dualar həm təklikdə, həm də başqa insanlarla bir yerdə olanda oxuna bilər. On beş yaşına çatmış hər bir bəhai üç vacib namaz­dan (böyük, orta, kiçik) birini seçməkdə sərbəstdir. Camaat namazı, yəni birinin bir ayə oxuması və digərlərinin cavab verməsi Bəhai dinində yoxdur.



Müqəddəs Yazıların səhər və axşam oxunması. Həzrət Bəhaullah bəhailərə hər günün başlanğıcında və sonunda Müqədəs Yazıları oxuyub onlar üzərində düşünməkdən ötrü bir qədər vaxt ayırmağı məsləhət görmüşdür. Bu məşğələlərdə məqsəd – zehnimizi yormadan onu təzələməkdir. Həzrət Bəhaullah buyurur ki, Müqəddəs Yazıları uzun-uzadı başdan- sovdu oxumaqdansa, kiçik parçanı sevinc və həvəslə oxumaq daha faydalıdır.

Oruc. Hər il mart ayının 2-dən 20-dək, on doqquz gün ərzində, günçıxandan günbatana qədər olan müddət ərzində bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. On beş yaşına qədər olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlılar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə olanlar və ağır fiziki əməklə məşğul olan şəxslər oruc tutmaq­dan azaddırlar.

Oruc – insanın ruhani yeniləşməsinə köməkdir. Bu müddət ərzində bəhailər il ərzində topladıqları ziyanlı vərdişlərdən azad olmaqdan ötrü ən ciddi cəhdlər göstərirlər. Oruc tutmaqda məqsəd insanı Allaha yaxınlaşdırmaqdır. Həzrət Bəhaullah buyurur:

Namaz və Orucdan bərk yapışın. Həqiqətən, Allahın dini səmaya bənzər; oruc onun Günəşi, namaz isə onun ayıdır. Əslində, onlar dinin sütunlarıdır ki, onların sayəsində möminlər Allahın qanunlarını pozanlardan ayrılmışdır”80...

Bəşəriyyətə xidmət
Bəhailərdə məxsusi geyim forması yoxdur. Onlar xüsusi irqi və ya milli qrupdan da deyillər. Ona görə də onları ilk baxışda başqa adamlardan ayırmaq çətindir. Bir fərd kimi onlar özlərinə arxayın və təmkinlidirlər, çünki onlar ətrafda baş verənləri dərindən dərk edir və həyatda öz vəzifələrini yaxşı bilirlər. Allahın onlardan bu və ya digər situasiyada hansı əməli hərəkət istədiyini hiss edirlər.

Onlar təkcə milyonlarla yoxsulun, acın, evsizin, xəstənin, əzilənin, təqib olunanın halına acımaqla kifayətlənmirlər. Bəhailər Allahın vəziyyəti yaxşılaşdırmaqdan ötrü onlara göstərdiyi yol və vasitələrdən ibarət biliklərlə xoşbəxtdirlər. Onlar hiss edirlər ki, bu prosesə pozitiv kömək göstərə bilərlər.

Əgər biz Allahı seviriksə və Onun təliminin arxasınca getmək istəyiriksə, gərək başqa insanlara xidmət edək. Həzrət Bəhaullah bu cür xidmətə böyük əhəmiyyət verir. Əgər bizim niyyətimiz saf, qərəzsiz və Allaha olan məhəbbətə əsaslanırsa, bəşəriyyətə xidmət üçün etdiyimiz hərəkətlər ibadətə, Allaha etiqad və Onunla birliyə çevriləcəkdir.

Həzrət Bəhaullah öyrədir ki, insanlar öz gündəlik əmək­lərinə də Allaha xidmət kimi baxmalıdırlar. İnsan əmək üçün yaranmamışdır, əksinə əmək onun üçün yaranmışdır. Fəaliyyət insanı ucaltmaqdan, nəcibləşdirməkdən ötrüdür, onu alçaltmaq­dan ötrü deyildir. Bütün insanlar əsaslı əmək hüququna malik­dirlər. Hər kəs öz əllərinin və beyninin köməkliyi ilə özünə çö­rək pulu qazanmalıdır. İş ağır mükəlləfiyyətə və ya ağır borca çevrilməməlidir, bəşəriyyətə xidmət ruhunda görülmüş istənilən iş – Allaha ibadətdir.



Əmrin insanlara çatdırılması
Bəhai dinində peşəkar ruhanilər yoxdur. Hər bəhai – öz dini­nin müəllimidir. Hər bir bəhai təlimi yaymağı özünə borc və ona verilmiş imtiyaz hesab etməlidir. Bəhai Dininin müəllimi Allaha inamında möhkəm olmalı, dinin qoyduğu qaydalara uy­ğun şəkildə yaşamağa cəhd etməlidir. Həzrət Bəhaullah buyurur ki, Dinin təqdim edilməsinin ən yaxşı yolu – Bəhai təlimi əsa­sında şəxsi həyat qurmaq və başqa insanlara nümunə olmaqdır. Əgər söz söyləmək lazımdırsa, kəlmələr çox böyük hikmətlə seçilməlidir. Əmri bütün insanlara çatdırmaq bəhailə­rin müqəd­dəs borcudur. Əgər kimsə qulaq asmaq istəmirsə, ruhdan düş­mə­məli, o kəs üçün dua etməli və onu Allahın ixtiyarına burax­malıdır.

Bəşəriyyət bütövlükdə Allah Kəlamını ona kömək edəcək bir qüvvə kimi rədd etmişdir və bu səbəbdən insanlar öz yaxın­ları ilə harmoniyada yaşamaq qabiliyyətlərini itirmişlər. Ona gö­rə də bizlərdən hər birimiz edə biləcəyi ən şərəfli iş – Allah Kə­lamını insanların şüuruna yenidən çatdırmaqdır. Beləliklə, bə­hai­lərin həyatda vəzifəsi çox sadədir: Həzrət Bəhaullahın gös­tə­riş­lərini insanlara çatdırmaq. Bütün insanlar müstəqil müha­kiməetmə qabliyyətinə malik olduğu üçün bu Əmrin vacibliyini qiymətləndirmək onlara çətin olmayacaqdır. Bəhai dini hamı üçündür, o azaddır və məhdudiyyətlərə bağlı deyildir. Onun haqqında öyrənmək imkanından heç kim məhrum olmamalıdır.

Bəhai Dini haqqında eşitmiş konkret fərdin necə hərəkət edəcəyi Onun özündən asılıdır; bu məsələdə azacıq da olsa təz­yiq və məcburiyyət yolverilməzdir. Lakin təbii sual ortaya çıxır: Əgər Allah Kəlamının insanlara çatdırılması son dərəcə vacib işdirsə və Bəhai dinində bundan ötrü peşəkar ruhanilər yox­dur­sa, əgər heç kimə dini təbliğatdan ötrü pul ödənilmirsə, onda bu din planlaşdırmaya və təşkilata söykənmədən dünyanın ən ucqar guşələrinə necə yayılır? Bu belə deyildir: Bəhai Dininin Yazı­la­rın­da dinin yayılmasının dünya üzrə proqramının layihəsi, həm­çinin inkişaf etdikcə yerdə İlahi Səltənətin özülünün yaran­ma­sını təmin edəcək inzibati sistemin planı vardır. Bütün bəhailərin işti­rak etdiyi məhz bu inzibati quruluşda, yerli, milli, beynəlxalq səviy­yələrdə həyata keçiriləcək bu idarəetmə sistemində onların həya­tının ən vacib cəhəti reallaşır. Bu inzibati sistem Bəşə­riyyətin din tarixində nadir hadisə olduğu üçün hazırki kitabda ona bir qədər çox diqqət verilmişdir. Qeyd etmək vacibdir ki, icma­ların idarəedilməsi və inzibati formalar çox vaxt ruha­ni­yətdən uzaq siyasi anlayışlar hesab olunurlar. Bəhai dinində onlar dinin və müqəddəs Yazıların vacib tərkib hissəsi olub, daha qabarıq ruhani elementlərdən- namaz, oruc, həyatın dini nor­malarından və s. ayrılmazdır. Əslində sadalanan cəhətlər bila­vasitə inzibati fəaliyyətə aiddir. Bəhai inzibati orqanlarının birində iştirak isə möminə dərin ruhani məmnunluq gətirən ruhani təcrübə verir.
Ailə
Xoşbəxt və möhkəm ailələr – harmonik və sabit cəmiy­yətin təməl daşıdır. Bəhai dinində rahib nigahsızlığı qadağandır, ailə qurmaq məcburi olmasa da, tədqirəlayiq hesab olunur. Bəhai dinində nigah yüksək mənəvi mövqedə durur və ona Allah göstərişinin icrası kimi baxılır. Həzrət Bəhaullah buyurur:

Hər dəfə O, insanlara firavanlıq və mərhəmət göstərmək istəyəndə, O, onlara qanunlar açdı; onlar arasında O, nigah qanununu müəyyənləşdirdi. Onu xoşbəxtlik və nicat qalası etdi”81.

Nigah kişi və qadının ruhani və fiziki mövcudluğu üçün ən əlverişli şəraitdir. Yalnız nigah münasibətlərində onlar öz insani potensiallarını optimal şəkildə inkişaf etdirə bilir, ruhən böyüyür və başqalarından ötrü özünü qurban etmək imkanı əldə edirlər.

Nigahda ilkin məqsəd uşaqların tərbiyəsidir:

İzdivac edin, ey insanlar, ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun”82.

Valideyn borcu – kişi və qadının birinci və əsas borcudur. Ona görə də nigahın məhz bu cəhəti Allahın insan üçün təyin etdiyinin icrası ilə daha sıx bağlıdır. Allah göstərişlərinin uşaq­lara öyrətməyin ən yaxşı yolu – şəxsi nümunədir və bu məqsəd valideyn olan bəhailərə yaxşı bəllidir. Allahın məhəbbətinin insanlar arasında məhəbbətin həqiqi mənbəyi olduğunu dərk edən nigahda olan tərəflər bir-birlərinə qarşı sevgini Allaha olan sevgidə axtarırlar. Nigahdakı xoşbəxtlik bundan asılıdır. Həzrət Əbdül-Bəha yazır:

Öz üzünü Allaha tərəf çevirmədən və Onun gözəlliyinə cəlb olunmadan həqiqi məhəbbət mümkün deyildir”83.

Ruhu Allaha bağlayan əsas keyfiyyətlər – sədaqət və vəfa ailədə məhəbbət tellərinin özülü olmalıdır. Bu keyfiyyətlərin ən dəyərli ifadəsi – ismətlilikdır. Şövqi Əfəndi yazır:

Cinslər arasında münasibətlər problemi məsələsində Bə­hai konsepsiyası ondan ibarətdir ki, həm kişilər, həm də qa­dın­lar tərəfindən ismətlilik ciddi şəkildə gözlənilməlidir, bununla belə bu təkcə onun yüksək əxlaqi səbəbindən deyil, həm də ona görədir ki, bu nigahda xoşbəxt və zəngin həyatın yeganə yoludur. Ona görə də Bəhai Dinində nigahdan kənar cinslərin istənilən qarşılıqlı münasibətlərinə icazə verilmir; bu qaydanı pozan kəs Allah qarşısında nəinki məsuliyyət daşıyır, həm də cəmiyyət tərəfindən ədalətli cəzaya layiqdir.

Bəhai Dini seksual impulsun əhəmiyyətini qəbul edir, lakin onun qeyri-qanuni və yersiz təzahürləri olan azad məhəbbət, qrup nigahı və buna oxşar formaları pisləyir, belə ki, onların hamısı insan və onun yaşadığı cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Cinsi instinktdən düzgün istifadə – hər bir insanın təbii hüququdur və məhz bu məqsəddən ötrü nigah təsisatı müəyyən edilmişdir. Bəhailər cinsi instinktin susdurulmasına inanmırlar, lakin onun tənzimlənməsinə və istiqamətlən-diril­məsinə inanırlar” 84.

Nigah – xeyirxah ailənin əsasıdır; öz növbəsində yaxşı ailələr – sabit sivilizasiyanın əsasıdır. Həzrət Əbdül-Bəha yazır:

Bil ki, nigahın olması tələbi əbədidir. O, heç vaxt ləğv edilməyəcək, dəyişdirilməyəcəkdir. O – İlahi yaradılışdır... bu İlahi yaradılışın kiçicik də olsa dəyişdirilməsinə və ya düzəlişinə imkan yoxdur”85.

Nigahda düzlük və sədaqətin olması çox əhəmiyyətlidir. Çünki nigahdan kənar hər cür cinsi əlaqə qadağandır və bəhai­lərə gənc ikən nigaha girmək təklif edilir. Bəhailərdə boşanma mümkün olsa da kəskin şəkildə pislənilir. Yalnız bütün barışıq cəhdləri uğursus olduğu zaman boşanmaya yol verilir.

Valideynlərə öz övladlarına nigah təşkil etmək qadağandır. Bəhai ömür yoldaşını özü tapmalıdır. Lakin özünün tapdığı halda belə valideynlərinin razılığının olması vacibdir. Hər iki tərəfdən ata və ananın (əgər onlar sağdırsa) razılığı olmasa nigah baş tuta bilməz. Əgər hər iki ailə gələcək nigahla bağlı yekdil razılığa gəliblərsə, bu onun uğurlu olması üçün böyük imkanlar yaradır.

Bəhai ömür yoldaşını istənilən dini, milli və ya irqi mühitdən seçə bilər. Madam ki, bütün bəşəriyyət bir xalq hesab olunur, milli və mədəni mənsubiyyətlərinə görə çox fərqlənən insanlar arasında qarışıq nigahların olması son dərəcə adi hal olmalıdır. Bu cür nigahlar ailəni cəmiyətin daha geniş dairələri ilə birləşdirir və bununla da bəşəriyyətin birliyinə kömək etmiş olur.

Bəhailərdə çoxarvadlılıq qadağandır. Əgər şəxs poliqam nigahda ikən (çoxarvadlı) Bəhai Dinini qəbul edirsə, o, bütün arvadlarına eyni dərəcədə qayğı göstərməkdə davam etməlidir. Lakin növbəti nigah ona icasə verilmir. Nigahın bağlanma qaydaları çox sadədir. Kişi və qadın şahidlərin qarşısında aşa­ğı­dakı sözləri təkrar edirlər: “Biz hamımız Allah xatirinə razıyıq”. Evlənənlərin arzusu ilə nigahın bağlanma prosesinə musiqi, dualar və bədii proqram da əlavə edilə bilər.

Əgər ölkə qanunları Bəhai nigahlarını tanımırsa, evlənən­lər həmin gün vətəndaş nigahı da bağlamalıdırlar. Əgər nigah­dakı tərəflərdən yalnız biri bəhaidirsə və onun iştirakı başqa dinin formal qəbuluna gətirib çıxarmırsa, o, digər tərəfin dini nigah mərasimində iştirak edə bilər. Bəzi ölkələrdə Bəhai icmalarında bağlanmış nigahlar dövlət tərəfindən rəsmən qəbul edilir (məsələn, 1978-ci ildən Şotlandiyada olduğu kimi).

Bəhai ailəsində bütün ailə üzvlərinin hüquqlarına hörmətlə yanaşılmalı və onun birliyi bütövlükdə qorunmalıdır. Uşaqlar valideyn, valideynlər isə uşaqlar qarşısında müəyyən öhdəlik­lərə malikdirlər. Məsələn, valideynin əsas vəzifəsi – uşaqlara Allahı və başqa insanları sevməyi öyrətməkdir. Həzrət Bəhaul­lah öyrədir ki, uşaqların təhsil alması məsuliyyəti də valideyn­lərin üzərinə düşür. Əgər bu qayğını dövlət öz üzərinə götür­mürsə və valideynlərin isə buna imkanı yoxdursa, belə ailəyə dostlar və icma birlikdə kömək etməlidirlər.


Bəhai məşvərəti
Həzrət Bəhaullahın məsləhətləşmə və məşvərət prinsip­ləri haqqında təlimi bu tanış anlayışlara yeni məna verir. Bəhai məşvərəti – eyni vaxtda həm onun iştirakçılarının ruhani yüksəlişi prosesi, həm də insanın birgə fəaliyyət etmək qabliy­yətinə uyğunlaşdırılmış qərar qəbulunun praktiki meto­dudur. Məşvərət prinsiplərinin və bəhai məsləhətləşməsinin aparıl­ması vərdişlərinin köməyi ilə həqiqəti aşkarlamaq, çətin məsə­lələrin lazımi həllini tapmaq və yeni ideyaları irəli sürmək imkanı əldə edilir. Bəhailər bu prosesi həyatlarının bütün sahələrində həyata keçirməyə, ailə və şəxsi problemlərinin həllində, işlərində və öz icmalarının fəaliyyətində tətbiq etməyə çalışırlar. Həzrət Bəhaullah yazır:

Məşvərət – yol göstərən rəhbərlik çırağıdır və qarşılıqlı anlam bəxş edəndir”86.

Məşvərət – həm ayrı-ayrı adamların, həm də insan qruplarının firavanlığının açarıdır. Yalnız son illər bəşəriyyət bu prinsipi dərk etmək üçün kifayət qədər yetişmişdir.

Məşvərət zamanı bəhailər öz ruhani və intellektual qabiliy­yətlərini inkişaf etdirir və başqaları ilə harmonik əməkdaşlıq etməyi öyrənirlər. Bu sənəti öyrənmək asan deyildir, çünki o, hər bir iştirakçıdan ruhani cəhətlər tələb edir. Həzrət Əbdül-Bəha yazır:

Həqiqi məşvərət mülahizələrin məhəbbət atmosferində ruhani mübadiləsidir”87.

Bəhai dinində partiya, qrup, fraksiya yoxdur. Heç kim öz ideyalarını başqalarından mühafizə edə bilməz və ya başqaları­nın köməyi ilə onun müdafiəsini təşkil edə bilməz. Müqəddəs Yazılardakı ruhani prinsiplərə daim müraciət etməklə, bəhailər məşvərətdən qabaq faktlara qərəzsiz yanaşmaya böyük diqqət yetirirlər. Məşvərətdə iştirak edən bütün tərəflər öz ideyalarını, mühakimə və fikirlərini ortaya gətirir, onlar ümumiyə çevril­dikdə ideyanın sahibi olan şəxs ondan asanlıqla ayrılır. Belə­liklə, bu zaman öz “eqo”sundan uzaqlaşma halı baş verir. Adam­ların özgələrinin ideyaları ilə mübarizə apardığı və bu zaman başqalarının köməyini əldə etməyə çalışdığı vəziyyət ilə müqayi­sədə bu cür yanaşma zamanı daha böyük obyektivliyə nail olmaq mümkündür.

Formal məqamlara, yəni sahiblərinin təhsil səviyyəsinə və ya maddi vəziyyətinə baxmayaraq, bütün təkliflərə diqqətlə yanaşılmalıdır. Etiraf edilir ki, bəhai məşvərəti prosesində ideyaların toqquşması zəruridir. Həzrət Əbdül-Bəha bunu belə izah edir:

Həqiqət qığılcımının şöləsi yalnız müxtəlif nöqteyi-nəzərlərin toqquşması zamanı yaranacaqdır”88...

Bəhai məşvərəti elə vasitədir ki, onun köməkliyi ilə ideya­ların bu cür toqquşması məhsuldar və səmərəli nəticələr verir. Bu zaman məşvərətdə iştirak edənlər arasında harmoniya hətta güclənir.

Vicdanın səsi ilə öz baxışlarını söyləmək azadlığı bəhai məşvərətinin vacib cəhəti olub, bu vasitədən mülayimliklə, nəza­kətlə və heç kimin nəzərini alçaltmadan istifadə edilmə­lidir. Dualar, fərdi ruhani cəhtlər və ürəkləri “İlahi Səltənətə” çevirmək vasitəsilə yaradılmış əlverişli atmosferdə yeni yaradıcı enerji azad olur. Çox vaxt son qərar ayrı-ayrı adamların irəli sürdükləri təkliflərə uyğun gəlmir. Belə ki, məşvərət nəticəsin­də tamamilə yeni ideya yaranır.

Bəhai icmasında belə bir təcrübə də mövcuddur ki, müzakirələrdə hər bir kəs iştirak edə bilər, həm də belə iştirak tədqirəlayiq hesab edilir. Bəzən məsləhətləşmələr hansısa vəziyyəti yaxşı dərk etmək və ya hamının fikrini eşitmək məqsədi ilə bir qrup bəhai tərəfindən də təşkil edilə bilər. Lakin, əgər söhbət Ruhani Məhfil tərəfindən qərar qəbulunun vacibliyindən gedirsə, başqa prinsip qüvvəyə minir. Ruhani Məhfilin qəbul etdiyi qərar qüvvəyə mindiyi andan hamı onu bütün qəlbi ilə müdafiə etməli və qəbul edilmiş qərara uyğun hərəkət etməlidir. Hətta ona qarşı çıxmış və onun qəbulu əleyhinə səs vermiş şəxslər də bu cür hərəkət etməlidirlər. Ruhani Məhfildə yekdilliklə qəbul olunmuş qərarlara üstünlük verilsə də, bu vacib tələb hesab edilmir, bəzən səsvermədən də istifadə olunur. Bütün Ruhani Məhfillər səs çoxluğu ilə qəbul olunmuş qərarların könüllü qəbulu prinsipini rəhbər tuturlar. Həztər Əbdül-Bəha yazır:

Onlar hər bir məsələdə həqiqəti aşkara çıxarmağa çalışmalı və öz fikirləri üzərində israr etməməlidirlər, çünki bir kəsin öz baxışlarında inadkarlıq və təkid göstərməsi sonda münaqişəyə və nifaqa aparacaq və həqiqət gizli qalacaqdır”89.

Məşvərətə öyrənmək asan deyildir, lakin o bəhailərin Dünya Nizamında əhəmiyyətli elementdir. Həzrət Əbdül-Bəha yazır:

Məşvətər prinsipi İlahi binanın təməl elementlərindən biridir”90.

Şövqi Əfəndi isə yazır: “Səmimi və buxovsuz məşvərət bu misilsiz nizamın əsasıdır”91.

Yeni vətənpərvərlik

Bəhailər – dünya vətəndaşlarıdır. Vətənpərvərlik –insanın öz vətəninə təbii bağlılığıdır. Sağlam və şüurlu vətənpərvərlik müsbət cəhət olsa da, XXI əsrdə bu tam kifayət deyildir. Tə­rəqqi edən dünya insanlardan planetə bütövlükdə loyal münasibət göstərməyi tələb edir. Buna isə bəşəriyyətin birlik və vəhdətini ruhani dərketmə yolu ilə çatmaq mümkündür. Həzrət Bəhaullah yazır:

İnsanlar təkcə öz vətənlərini deyil, bütün dünyanı sevməklə fəxr etməlidirlər. Dünya bir vətəndir, bütün insanlar onun vətəndaşlarıdır!”92.
Siyasətə qarışmamaq və dövlətə itaət
Siyasətə qarışmağın törədəcəyi təhlükə. Uca Ədalət Evi buyurur: “Əmrin insanların qəlblərini fəth edərək Allahın iradəsi ilə irəliləyən ordusu məğlubedilməzdir, lakin onun ardıcıllarının düşünülməmiş və məsuliyyətsiz hərəkətləri onun irəliləyişini ləngidə bilər... bu və ya digər bəhainin hər hansı ölkədə – öz vətənində və ya başqa yerdə – düşünmədən etdiyi hərəkət və ya verdiyi bəyanat Əmrə ciddi ziyan vura bilər və hətta din qardaşlarının ölümünə səbəb ola bilər”93.

Siyasətə münasibət. Şövqi Əfəndi buyurur: “Bizim heç birimiz – nə ağlımız, nə ürəyimiz, nə sözümüz, nə də əməlimizlə dövlət və hökumətlərin siyasət və mübahisələrində iştirak etməməliyik. Biz bu haqda hətta fikirləşməməliyik... Qoy onlar öz dövlətlərinin siyasi səylərindən, hökumətlərinin siyasətindən, partiya və qrupların plan və proqramlarından kənar olsunlar, onları nə sözlə, nə də əməllə müdafiə etsinlər”94.

Bəhailərin siyasi qarşıdurmaya münasibəti. Şövqi Əfəndi buyurur: “Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdırlar, çünki bütün bunlar bəhailərin yaratmalı və möhkələndirməli olduqları Ümumdünya Qardaş­lığının ali maraqlarına ziddir”95.

Bəhailər siyasətdə nə üçün iştirak etməməlidirlər? Şövqi Əfəndi buyurur: “Biz, bəhailər, bütün dünyada birik; biz mahiyyət etibarilə İlahi olan yeni Dünya nəzmi qurmağa can atırıq. Əgər bəhailər, məqsədləri bir-birnə birbaşa zidd olan siyasi partiyalara qoşularsa, biz bunu necə həyata keçirə bilərik? Bəs onda bizim birliyimiz necə olar? Siyasət bizi fəlakətli şəkildə parçalayardı ki, bu da kökündən bizim məqsədlərə ziddir. Aydındır ki, əgər Avstriyada hər hansı bəhai hətta ən alicənab məqsədləri olan, istənilən siyasi partiyaya qoşulmaqda azaddırsa, onda Yaponiyada, Amerikada və Hindistanda başqa bir bəhai, eyni hüquqlardan istifadə edərək, tamamilə əks prinsipləri təbliğ edən partiyaya qoşula bilər. O halda Dinin birliyi necə olar? Siyasi partiyanın üzvi olduğuna görə iki din qardaşı bir-birinə qarşı fəaliyyət göstərəcək (necə ki, bu çoxsaylı qardaş qırğınlarına cəlb olunan Avropa xristianları ilə baş vermişdi)”96.

Bu haqda Uca Ədalət Evi qeyd edir:

İstənilən siyasi partiyaya üzv olmaq mütləq Həzrət Bəhaullahın bəyan etdiyi ayrı-ayrı və ya bütün sülhsevərlik və birlik prinsirlərindən imtina etməklə nəticələnir. Necə ki, həzrət Əbdül-Bəha buyurmuşdur: “Bizim partiyamız – Allahın partiyasıdır; biz başqa heç bir partiyaya mənsub deyilik”...

Əgər Dinimizin təsisatları, Allah eləməsin, siyasətə cəlb olunsaydılar, bəhailər görərdilər ki, onlar məhəbbət oyatmaq əvəzinə, düşmənçilik toxumu əkirlər. Əgər onlar hansısa ölkədə kiminsə tərəfini tutsaydılar, bu, mütləq başqa ölkələrdə yaşayan insanların Dinin məqsəd və vəzifələri barədə təsəvvürünə təsir göstərərdi. Əgər bəhailər özlərinin siyasi mübahisələrə cəlb olunmalarına imkan versəydilər, onda bəşəriyyəti dirçəltmək və ona kömək etmək əvəzinə, onlar özləri tam müvəffəqiyyətsizliyə uğrayardılar”97.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə