Baki 2015 Elmi redaktoru və tərtib edəni: Fil.ü. f d. Nail Qurbanov



Yüklə 0,73 Mb.
səhifə1/8
tarix09.03.2018
ölçüsü0,73 Mb.
#31013
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

____________________________________________

DƏDƏ QORQUD GÜNÜ

XV Elmi Sessiyanın materialları
9 oktyabr 2015-ci il

BAKI - 2015
Elmi redaktoru

və tərtib edəni: Fil.ü.f.d. Nail Qurbanov

Dədə Qorqud günü, XV Elmi Sessiyanın materialları, Bakı, Elm və təhsil, 2015, 156 səh.

folklorinstitutu.com
D 4603000000 Qrifli nəşr

N-098-2015


© Folklor İnstitutu, 2015



ÖN SÖZ
Hər il AMEA Folklor İnstitutunda “Res­pub­lika Dədə Qor­qud günü” Elmi Sessiyası keçi­ri­lir. Sözü­ge­dən tədbir Ulu Öndərimiz Heydər Əliyevin “Kita­bi-Dədə Qor­­qud” dasta­nının 1300 illik yubileyinin keçi­ril­­mə­si haqqın­da 20 aprel 1997-ci il tarixli Fərmanından son­ra 2000-ci ildə ölkəmizdə keçirilən yubiley tədbirinin davamı olaraq ənə­nəvi qaydada, artıq 15 ildir ki, qeyd olun­ur. Sessi­yada “Də­­də Qor­qud kita­bı”­nın poetika, mətn­şünaslıq, ide­ya-məz­mun prob­lem­lərinə dair müxtəlif elmi məruzələr və das­tandan örnəklər söy­lənilir. Bu tədbirə respub­li­­ka­mızdan, elə­cə də müx­təlif öl­kə­­lər­­dən gələn qonaq­lar qatı­lır.

Bu il də 9 oktyabr tarixində AMEA Folklor İnsti­tu­tunda “Respublika Dədə Qor­­qud günü” elmi sessi­yası ke­çirildi. Ses­siyada fil.ü.e.d., prof. Kamran Əliyev, fil.ü.e.d., prof. Tər­lan Quliyev, fil.ü.e.d., prof. Əzizxan Tanrıverdi, fil.ü.f.d., dos. Vahid Adil Zahidoğlu, ped.ü.f.d. Asif Hacıyev “Kita­bi-Dədə Qor­­­qud”un müxtəlif problem­ləri ilə bağlı maraqlı mə­ruzələr söylədilər.

Oxu­­cuların ixtiyarına təqdim olunan bu kitabda “Res­pub­lika Dədə Qorqud günü” XV Elmi Sessi­yasının mate­rial­ları dərc olun­muşdur.
İnstitutdan

Kamran ƏLİYEV

Əməkdar elm xadimi,

filologiya elmləri doktoru,

professor
DƏLİ DOMRUL
Dəli Domrul” un tənhalığı
“Dədə Qorqud kitabı” süjet və kompozisiyası, struktur əlamətləri, bədii dil xüsusiyyətləri və nəhayət, ideya siqləti ilə bitkin bir mədəniyyət abidəsidir. Eposdakı boyların dü­zülüş ar­­dı­cıllığı, bir-biri ilə əlaqə imkanları, eposun tam­lığını və bü­töv­lüyünü sübut edən ehtiyatları, eyni zamanda, şübhə do­ğuran məqamları xeyli mülahizə və fərziyyələr yaratmışdır. Abi­­­dədəki boyların içdən və məzmundan gələn daxili səs­ləş­mə­si, surətlərin və poetik vahidlərin qeyri-adi sim­met­riyası bə­­­­­­zi tədqiqatçıların uyğunsuzluqlarla bağlı mü­­şahi­də­ləri ilə mü­­­­­­qayisədə ölçüyə gəlməz dərəcədə yük­sək və pozul­mazdır. Uyğunsuzluqların nisbi olduğunu, tam sübut edilmə­di­yini və nə vaxtsa həmin mülahizə müəl­lif­lərinin öz fikir­lərin­dən geri çəkilib-çəkil­məyə­cək­lərini bax­mayaraq, abidə­nin yüz dəfə öl­çü­lüb bir dəfə biçilməsinə şübhə yeri qalmaz.

Boyları bir-birinə yaxınlaşdıran, bu yaxınlıqları zərgər us­­talığı ilə tənzimləyən əlamətlər eposda kifayət qədərdir. Də­də Qorqudun boylarda ardıcıl və sistemli şəkildə iştirakı, Oğuz dövlətçilik ənənələrinin nümayişi, xalq qayda-qa­nun­­­larının nişanələri, epik təsvirlə poetik düşüncənin növ­bələş­mə­si, Oğuz cəmiyyətinin gələcək taleyinin bir an belə unudul­maması, qəhrəmanların igidlik və şücaətinin kom­pleks forma­da və bütün davranış normaları ilə ehtiva olun­ması həmin fik­ri təsdiq edən keyfiyyətlərdəndir. Amma bu kontekstdə “Dəli Domrul” boyunun digər boylarla və bü­töv­lükdə eposun özü ilə əlaqə və təmasının zahirən zəif gö­rünməsi təbii olaraq bir çox mübahisə və ehtimalların da əsasına çevrilmişdir.

“Dəli Domrul” boyunun eposun strukturundakı möv­qe­yinin zahirən dayanıqlı görünməməsi boya bir növ qəribə­lik gətirir. Başqa sözlə, “Dəli Domrul” boyu digər boyların sı­ra­sında son dərəcə tək-tənhadır. Onda belə bir sual meydana çı­xır: “Dəli Domrul” boyunun tənhalığı nədən törəyir?

Ümumiyyətlə, “Dəli Domrul” boyu “Dədə Qorqud” epo­­­­su­nun boyları içərisində ən çox mübahisə törədən boy­lar­dan biri, bəlkə də, birincisidir. Ola bilsin, bu müba­hisənin nə­ti­cə­sidir ki, qorqudşünaslıq tarixində eposun baş­qa qəhrə­man­ları ilə müqayisədə Dəli Domrulun aparıcı bir qəhrəman kimi öyrənilməsinə az diqqət yetirilmişdir. Hətta qəribə də olsa, bu boyu eposun strukturuna yad bir boy elan etmişlər. Məsələn, qorqudşünaslığın inkişafında böyük xidməti olan Xalıq Ko­roğ­lu “Dəli Domrul” boyunu nəzərdə tutaraq açıqca yazır: “Bo­­yun bir çox motivinin Oğuz eposu üçün səciyyəvi olma­sı­na baxmayaraq, hər halda beşinci oğuznamə nə tipi, nə də möv­zusuna görə “Dədə Qorqud kitabı”nın ümumi kom­pozi­si­yasına uyuşmur və başqa oğuznamələr arasında da yad gö­rü­nür. Boyu oğuzlarla nə etnik, nə tarixi elementlər, nə də qəh­­­­rəman­ların tərkibi (bu­rada “Qorqud kitabı”ndakı çoxsaylı oğuz bəylərindən heç biri yoxdur) bağlayır” (8, s.126).

Orxan Şaiq Gökyay da Jirmunskinin “Dəli Domrul” bo­yunun “kitabın içində təcrid edilmiş bir halda qalması” fikrini deməklə (3, s.358) əslində həmin boyun fərqliliyini nəzərə çarpdırır.

Bir çox qorqudşünaslar isə “Dəli Domrul” boyunun ən qədim boy olması faktını irəli sürəndə əslində son dərə­cə ehti­yatla və bir az da gizli formada boyun eposla struktur əlaqə­lə­rə malik olmadığını işarələyirlər.

Yeri gəlmişkən qeyd edək ki, A.Acalov “Dəli Dom­rul” bo­yu­nun kökləri və mifoloji simvolikasından geniş bəhs edə­rək bu boyun etnik mənşəyi barədə kifayət qədər elmi nəticə­lər irəli sürmüşdür (Bax: 2.). Lakin boyun epos strukturu ilə uyuşub-uyuşumaması məsələsi qorqud­şü­nas­lıq­da hələ də açıq qalmaqdadır.

Dəli Domrul”u təkləyən amillər


Əslində, qəribliyə salmasaq, qorqudşünasların “Dəli Dom­rul” boyunun tənhaliğina dair fərziyyələr irəli sür­mə­sinə əsas verən faktlar və dəlillər vardır:

  1. Əksər boyların başlanğıcında – lap elə ilk cüm­lə­sin­­də xanlar xanı Bayındır xan, yaxud bəylər bəyi Qazan xan, ya­xud da hər ikisi eyni vaxtda görünür. Onlar Oğuz elinin sa­yılıb, seçilən bəyləri ilə ya məsləhət-məşvərət elə­yir, ya da şən­lə­nirlər. Bu toplantıların divanda istər müəy­yən söhbətlər və müzakirələr, istərsə də hər hansı qonaqlıq və şənlik naminə olmasına baxmayaraq, Bayındır xanın və Qazan xanın şəxsiy­yəti Oğuz elinin arxasında dayanan bö­yük və qüdrətli bir döv­lətin mövcudluğunu aşkara çıxarır və həmin boylardakı hadi­sələrin də məhz bu dövlətin-gü­cün nəzarəti altında olması qə­na­ətini ortaya qoyur. Lakin “Dəli Domrul” boyunda nə Ba­yın­dır xan, nə Qazan xan, nə də dövlət və güc görünür. Bura­da Dəli Domrul özündən güclü heç kəsi, hətta dövləti belə ta­nı­mır və bununla da boy­dakı hadisələr Oğuz elindən kənar hadisələr təsiri bağış­layır.

  2. Eposun boylarında önə çıxan qəhrəmanın-aparıcı ob­­­ra­­zın yanında ən azı 40 igid görünür. Hətta təhlikəli mə­qam gəldikdə adbaad tanıdılan Oğuz ərləri bir çox boylarda təsvir edilən hadisələrin içində şəxsən iştirak edir və şücaət gös­tə­rir­lər. Qıyan Səlcüq oğlu Dəli Domrul, Qaragünə oğlu Qara­bu­daq, Qəflət Qoca oğlu Şir Şəmsəddin, İlek Qoca oğlu Alp Ərən və Dülək Uran qardaşları... çətinliyə düşən igidin kömə­yinə gə­lirlər və onu dardan qurtarırlar. Lakin bu mən­zərəni “Dəli Dom­rul” boyunda görmək mümkün deyil. Boyun heç bir ye­rin­də heç bir igid Dəli Domrulun müba­ri­zəsində iş­ti­rak etmir, yaxud iştirak elə bilmir və Dəli Domrul tək-tənha görü­nür

  3. Eposun bəzi boylarında igidlərin ata-anasının öz oğlu üçün narahatlığı, hətta bu yolda döyüşə hazır olmaları mübahisəsiz faktlardır. İgid atasının birbaşa döyüşə atıl­ması oğlu Uruzu xilas etməyə yollanan Salur Qazanın si­ma­sında öz ge­niş səciyyəsini tapmışdır. Uruzun anası Burla xatunun, Bu­ğacın anasının və Səgrəyin ata-anasının keçir­diyi iztirablar, nü­­mayiş etdirdikləri fəallıq, övladları yolun­da ölməyə belə hazır olmaları epos mətninin həqiqətləridir. Lakin “Dəli Dom­rul” boyunda bunların tam əksinə olaraq, Dəli Domrulun ata və anası öz canlarını övladları üçün qur­ban verməkdən açıq-açı­ğına imtina edirlər və epos mət­ni­nin valideyn-övlad mü­nasibətləri strukturu da açıq- açığına pozulur.

  4. Eposun boylarında igidlərin vuruşduğu düşmən ob­raz­­larla Dəli Domrulun qarşılaşdığı Əzrayil arasında yer-göy qədər (Dəli Domrul-Yer, Əzrayil isə Göy obrazıdır!) fərq var­dır. Qazan xan, Beyrək, Səgrək, konkret adı və yeri bəlli olan kafirlərlə üz-üzə gəlirlər. Hətta onların bu döyüş­lərinin müəy­yən bir ənənəsi və təcrübəsi vardır. Lakin Dəli Domru­lun qar­şı­laşdığı Əzrayıl Oğuz elinin qəhrəmanlıq ənənəsi və təc­rü­bəsində rast gəlinməyən bir hadisədir. Eyni zamanda, Əzra­yıl məliklərdən də, Trabzon təkurundan da, Arşın oğlu Di­rəkdən də, hətta Basatın gözünü dağlayıb, başını kəsdiyi Tə­pə­gözdən də güclü və qüvvətlidir.

  5. Hadisələrin baş vermə zamanına görə də “Dəli Dom­­rul” boyu digər boylarından kəskin şəkildə ayrılır. Boy­lardakı əhvalatlar günlər, aylar və illərlə davam edir və kon­kret göstə­ri­lən rəqəmlər bir yana qalsın, “At ayağı külüg, ozan dili çe­vik” kimi informasiyaları da nəzərə al­saq, aydın gö­rünür ki, bədii zaman genişliyi epos üçün daha çox sə­ciy­yə­vidir. Bu müd­­dəanın əksinə olaraq, “Dəli Dom­rul” bo­yun­dakı hadisələ­rin za­manı son dərəcə qısadır və yalnız bir-iki gün ər­zin­də baş verir.

  6. Məkan məsələsinə gəldikdə isə digər boylarla mü­qa­­yisədə “Dəli Domrul” boyunda “tarixi” məkan, demək olar ki, yox dərəcəsindədir. Bu boyda Ağcaqala, Dərbənd, Düz­mürd, Əlincə, Dərəşam, Trabzon, Rum eli, Tatyan qala­sı kimi mə­kan adlarına rast gəlmirik. Hətta lap çılpaq şəkildə desək, “Də­li Domrul” boyunda “Dədə Qorqud” eposunun “tarixi” coğ­­ra­fi­yasından əsər-əlamət belə yoxdur (Bax: 3, s.LXXX1V-CV1).

  7. “Dəli Domrul” boyu üslubuna görə də spesifik sə­ciy­­­yəyə malikdir. Bu baxımdan, professor Tofiq Hacı­ye­vin aşa­ğıdakı doğru və sərrast mülahizəsinə heç nə əlavə etməyə ehti­yac duyulmur: “Bu boy üslubuna görə bütün boylardan fərq­­lənir. Bunun başlanğıcı da, hadisələrin davamı da, bütöv­lükdə süjeti nağıl tipindədir. Bütün boy­larda bütün fanta­zi­ya­sı, bütün mübaliğəsi ilə yanaşı, hadi­sə­lər həyatda baş ve­rən, mümkün olan, insanın ağlı və fiziki gücü ilə həll edilə bilən bə­dii­likdən ibarətdir. Boyun əsas dinamik obrazlarından biri Əzrayıldır. Və təbii ki, Əzrayılla söhbət, onun vasitəsilə Alla­ha söz demək, söz eşitmək gerçək insan həyatının faktı deyil. Belə hadisələr nağıllarda tez-tez müşahidə olunan hal­lardır” (4, s.46).

“Dəli Domrul” boyu ilə bütövlükdə “Dədə Qorqud” eposu arasında olan bu ayrılıqlar elmi həqiqətdir. Başqa sözlə, yuxarıda irəli sürülmüş müddəaları boyun eposla fərqlilik gös­təriciləri kimi qəbul etməyə tam əsas vardır. Hətta “Dəli Domrul” boyunun əleyhinə olan və bu boyu “Dədə Qorqud” eposunun strukturundan çıxarıb atmağa, onu “oyundan kənar” duruma salmağa rəvac verən həmin müddəaların sayını artır­madan da yanlış qərar çıxarmaq, “Dəli Domrul” boyunu epo­sa “pərçimlənmiş“ bir boy elan etmək mümkündür. Lakin fəhmlə, qeyri-iradi olaraq “Dəli Domrul” boyunu eposdan, “Dədə Qorqud” eposunu isə “Dəli Domrul” boyundan kənar təsəvvür etmək, sadəcə, ağılasığmazdır. Bəs elədirsə, “Dəli Domrul” boyunun epos strukturunda zərurət olmasını sübut edən əsas dəlillər nədən ibarətdir? O halda “Dəli Domrul” boyunu eposa daxil etməyə Yazıçı Ozanı nə vadar etmişdir?

Dəli Domrul” və Oğuz elinin dinclik dövrü


Belə bir cəhət heç bir mübahisə doğurmur ki, “Dədə Qor­­qud” eposu Oğuz elinin qəhrəmanlıq tarixini, vuruş və dö­yüş ənənələrini əks etdirir. Yəni “Dədə Qorqud“ eposu qəh­rə­manlıq abidəsidir. Lakin eposda oğuzların keçmişinə dair bö­yük bir dövr öz ifadəsini tapdığına və oğuz həyat tərzinin real, həqiqətə uyğun mənzərəsi canlandırıldığına görə abidədə Oğuz cəmiyyətinin qəhrəmanlıq və döyüş salnaməsi ilə ya­naşı, Qalın Oğuz elinin sakit həyat tərzi, yəni dinclik mər­hələsi də müəyyən dərəcədə öz ifadəsini tapmalıydı. Təsadüfi deyildir ki, ayrı-ayrı boylarda bu barədə kifayət qədər dəlil və sübut vardır. Belə ki, “Buğac xan” boyu məhz Bayındır xanın “Toy edib, atdan-ayğırdan, dəvədən buğra, qo­yun­­dan qoç qırması” (6, s.34) faktı ilə başlayır. Hətta xan­lar xanının ağ otaq, qızıl otaq, qara otaq qurdurması, “oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurın. Oğlı-qızı olmı­ya­nı Allah-təala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün” – deməsi (6, s.34) dinclik dövrünün düşüncəsidir.

Yaxud “Salur Qazanın evinin yağmalandığı” boyda Qa­zan xanın yeyib-içmək məclisi düzəltməsi və bu məclisdə “ya­ta-yata yanımız ağrıdı. Tura-tura belimiz qurıdı“ deməsi (6, s.42) xeyli vaxt dincələrək rahatlıqdan “bezmiş“ qəhrə­ma­nın bir növ dilə gəlməsidir.

Yaxud “Bamsı Beyrək” boyunda Bayındır xanın söh­bə­tinə gəlmiş Baybörə bəyin bir oğul, Baybican bəyin isə bir qız istəməsi (6, s.52) uzun müddət akına çıxmayan bəylərin təfəkkür aləmindən xəbər verir.

Yaxud “Uruz bəyin tutsaq olduğu boy“da Uruzun atası Qazan xanın üzünə ağ olması və onu qarşı yönələn “Dəvəcə böyümişsən, köşəkcə əqlin yoq” kimi ağır ittihamı (6, s.69) hü­nər meydanının – döyüş və vuruşun kasad­lığından törəyir.

Yaxud “Beyrək“ boyunda Qazılıq Qocanın açıq-açığına Bayındır xandan akın diləməsi (6, s.94) dinclik dövrünə “etiraz” kimi səslənir.

Bütün bünlardan belə bir nəticə hasil olur ki, eposda nəs­­lin inkişaf qayğısına qalmaq, qonaqlıq verib yemək-içmək təş­kil etmək, döyüşsüz həyatdan bezikmək və açıq-açığına akın diləmək Oğuz elinin sakit, dinc dövrünün xüsusiyyətləri ki­mi meydana çıxır. Dəli Domrulun da Oğuz elinin gələcəyi na­minə “yaxşı igidin canını” qurtarmaq arzusu və “qırq yigid ilən yeyüb-içüb oturması” (6, s.79) faktları “Dəli Domrul” bo­yunun eposun digər boyları ilə əlaqəsini təmin edir, onu epos strukturunun zəruri bir vahidi səviyyəsinə qaldırır. Lakin bu, hələlik məsələnin bir tərəfidir.



İgidin atdan asılılığı
Məlumdur ki, Azərbaycan və ümumtürk dastan yara­dı­cı­­lığında At obrazının tutduğu yer son dərəcə əhə­miy­yət­lidir. Bu barədə, eyni zamanda, “Dədə Qorqud” eposundakı atlar haq­­qında kifayət qədər yazılmış və geniş təhlillər aparılmışdır (Bax: 1; 3). Bütün bu təhlillərdə at igidin dostu və sirdaşı, onun ən yaxın köməkçisi kimi təqdim edir. Atın igidin uğur­larında aparıcı mövqedə olma­sı, atın igiddən üstün tutulması “Dədə Qorqud” eposunda yeni xətt kimi ortaya çıxır. Belə ki, “Bəkil oğlu İmran boyu“ndan bir məqama diqqət verək: “Qazan bəg aydır: “Bu hünər atınmıdır, ərinmidir?” “Xanım, ərindir” dedilər. Xan aydır: “Yoq, at işləməsə, ər ögünməz. Hünər atındır” – dedi” (6, s.104-105).

Qazan bəyin sualı və şərhi atla igid arasındakı müna­si­bətlər sisteminə yeni çalar gətirir. Bu çalar atın və igidin möv­qe aydınlığına, hansının daha yüksəkdə durması müba­hisəsinə işıq salmaqla yanaşı, folklorşünaslıq tarixində At obrazına yardımçı qüvvə kimi yanaşmaq tendensiyasına təzə­dən bax­maq, mövcud və sabitləşmiş müddəalar üzərin­də təs­hih­lər apar­maq ehtiyacını da ortaya qoyur. Beləliklə, hünərin igidə deyil, ata verilməsi qəhrəmanlıq ənənəsinə zidd olduğuna gö­rə Bəkilin də etirazına səbəb olur və hətta o, Bayındır xanın di­­va­nını acıqla tərk edir. Amma boyda təsvir edilən sonrakı ha­disələr Bəkilin deyil, Qazan xanın lehinədir: “Av avlayu gəzərkən ögindən bir yaralu keyik çıqdı. Bəkil buna at saldı. Buğanın ardından irdi. Yay kiri­şin boynına atdı. Buğa acmış­dı. Kəndüyi bir yuca yerdən atdı. Bəkil at cilavısın yenimədi, bilə uçdı. Sağ oylığı qayaya toqındı, sındı” (6, s.105).

Nəhayət, Bəkilə də tam aydın olur ki, hünər atın imiş. Ona görə də boyun sonunda düşmən əlinə düşən Bəkil yuban­madan Bayındır xanın divanına xəbər yetirməyi qərara alır və oğlunu bu iş üçün divana yollayır.

Əslində hünərin atda olmasını Oğuz elinin düşmənləri də çox yaxşı bilirdilər. Çünki “Uruzun dustaq olduğu boy“­da deyilir: “Qoyulan kimsə oğlanın bədəvi atın oxlatdılar. At yıxıldı. Kafərlər Uruzun üzərinə çouxdı” (6, s.71). Yaxud “Qan­turalı” boyunda aydınca göstərilir ki, Selcan xatun “üzə­rinə gəldi gördü kim, Qanturalın atını oxla­mışlar, yüzini qan bürimiş” (6, s.91).

“Dədə Qorqud” eposunun strukturunda aydın bir xətt kimi keçən igidin atdan asılılığı prinsipi “Dələ Domrul” boyun­da da özünü doğruldur. Dəli Domrul “bir-iki gögər­çin öldürdi, döndi evinə gəli yürür Əzrayil atının gözinə göründi. At ürkdi. Dəli Domrulı götürdi yerə urdı. Qara başı bunaldı, bunlu qaldı. Ağ köksinin üzərinə Əzrayil ba­sub qondı” (6, s.80). Bəkil, Uruz, Qanturalı atdan yıxı­lan­da düşmən onların üstünü aldığı kimi, Dəli Domrul da atdan yerə düşəndə Əzrayıl onun sinəsinə qonur. Bu fakt “Dəli Domrul” boyunu eposdan kənar etmək təsəvvürlərini tama­milə alt-üst edir. Lakin bu da hələlik məsələnin bir tərəfidir.

Allah Dəli Domrulun yaşını niyə artırır
Yazıçı ozanın “Oğuznamə”ləri vahid xətt üzrə birləş­dir­mək məqsədindən doğan Dədə Qorqud obrazı və Dədə Qor­qudun ad vermək statusu qorqudşüsalıqda həmişə diq­qət mər­kə­zində olmuşdur. Dədə Qorqud Dirsə xanın oğluna Buğac adı­nı verəndən sonra “Adını bən verdim, yaşını Allah versün” – deyir (6, s.36). Baybörənin oğluna Beyrək adını verəndən sonra “Adını bən verdüm, yaşını Allah versin” – deyir (6, s.51). Aruzun oğluna Basat adını qoyan­dan sonra “Adını bən ver­düm, yaşını Allah versin” – deyir (6, s.98). Bunların müx­tə­­lif boylarda, müxtəlif zaman və məkanlarda baş verməsinə bax­mayaraq, eyni bir ənənənin təsdiqi kimi meydana çıxması da şübhəsizdir. Yəni Dədə Qorqud özünün ad vermə səlahiy­yə­tindən istifadə edərək hərəyə öz keyfiyyətinə uyğun ad ve­rir və təbii ki, adlar da bir-birindən seçilir, lakin seçilməyən də, tam şəkildə eyni olan başqa bir məqam var: Dədə Qorqud Allahın igidə yaş vermək işinə qarışmır!

Eposdakı bu ənənə “Dəli Domrul” boyunda özünün zir­və nöqtəsinə çatır. Doğrudur, həmin boyda Dədə Qorqud heç kəsə ad qoymur, ancaq gözlənilmədən Allah Dəli Dom­rula və onun halalına yaş verir: “Ol iki həlala yüz qırq yıl ömr verdim“ (6, s.83). Beləliklə, Dəli Domrul boyunda epos­dakı vacib bir xəttin inkişaf mərhələsi - ən yüksək pilləsi görünür və bu boy eposun strukturunda daha da möhkəmlənir. Lakin bu da hələlik məsələnin bir tərəfidir.



Dəli Domrul və dəlilər
“Dəli Domrul” boyunun “Dədə Qorqud” eposunun struk­­turunda təsadüf, yoxsa zərurət olması fikrinin aydın­laş­dırılması Domrulun məhz “Dəli” deyə çağırılması ilə daha çox bağlıdır. Həmçinin səciyyəvidir ki, eposda bu boy “Dəli” adı­nı öz sərlövhəsində yaşadan yeganə boydur. Bəl­kə, elə hə­min fakta görə də boyu tənha boy kimi səciy­yə­ləndirmək olar. Əslində Domrul adından ayrılmaz olan “Də­li” titulu “Dəli Domrul” boyunu “Dədə Qorqud” epo­sunun strukturundan həm təcrid edən, həm də onu eposa möhkəm və sıx tellərlə bağ­layan dayaq nöqtəsidir.

Bəri başdan qeyd edək ki, eposda Dəli Domrul obrazı Də­li kimi davranan və ətrafındakı adamlara öz dəlilik əhva­li-ruhiyyəsinin gözü ilə baxan yeganə obraz deyil. Eposda Dəli Dondaz, Dəli Budaq, Dəli Uran, Dəli Qarcar, Dəli Ozan, Dəli İgid obrazları da vardır (5, s.170-209).

Dəli Dondaz və Dəli Budaq surətlərinə ilk dəfə “Salur Qa­­zanın evinin yağmalandığı” boyda rast gəlirik: “Sağ tərəf­­də Qara Tükən Məlikə Qıyan Səlcük oğlı Dəli Tondaz qarşu gəldi. Sağ yanını qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq Mə­likə Qaragünə oğlı Dəli Budaq qarşu gəldi. Altı bərli güz ilə dəpəsinə qatı tuta urdı. Dünya-aləm gözinə qaranu oldı. At boynın qucaqladi, yerə düşdi” (6, s.50). Dəli Uran isə “Qa­zı­lıq qoca oğlı Yegnək boyu“nda yenə Dəli Dondazla birlikdə gö­rünür. Boyda Bayındır xan 24 sancaq bəyini çağırarkən onun haqqında deyir: “Əjdəhalar ağzından adam alan Dəlü Uran bilə varsun” (6, s.95).

Ümumiyyətlə, Dəli Dondaz, Dəli Budaq və Dəli Uran obrazlarına başqa boylarda da rast gəlmək olur. Lakin onlar həmin boylarda da, əsasən, bir cümlə ilə xatırlanır və onları əsl qəhrəman kimi tanıdan şücaətləri görünmür. Başqa söz­lə, bu igidlərin adına boy olmadığı kimi (ətraflı bax: 4), mövcud boy­larda da onlar bütün xüsusiyyətləri ilə təqdim olunmur, döyüş sahələrində böyük fəallıq göstərən qəhrə­mana çevril­mir­lər.

Dəli Qarcar, Dəli Ozan (Bamsı Beyrəyin həyatının bir mərhələsi!), Dəli İgid (kafər casusu, qardaşı Əgrək və Ozan Səgrəyi “dəli igid“ adlandırırlar! – 6, s. 110-113) eposun strukturunda kifayət qədər yer tutmaqla geniş fəaliyyət göstə­rir­lər, ideyanın daşıyıcısına çevrilirlər. Dəli Domrulun başçı­lıq etdiyi simvolik cərgədə özlərinə mövqe qazanırlar və bu sıra bir qəhrəman kimi Dəli Domrulun eposun strukturun­dan ayrılmazlığını sübut edən ciddi dəlil səviy­yəsinə yüksəlir. Də­li Domrul, Dəli Qarcar, Dəli Ozan və Dəli İgid haqqında epos­­da verilən, bir-birini tam izləyən mühüm bir informasiya təhlil üçün daha çox əhəmiy­yətlidir. “Dəli Domrul” boyu belə başlayır: “Məgər xanım, oğuzda Duxa Qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yapdırmışdı. Keçənindən otuz üç aqça alurdı, keçmiyənindən dögə-dögə qırx aqça alurdı. Bunı neçün böylə edərdi? Anun­çun ki, “Məndən dəli, məndən güclü ər varmıdır ki, çıqa mə­nümlə savaşa, – deyirdi” (6, s.79).

“Bamsı Beyrək” boyunun bir yerində deyilir: “Məgər, sultanım, Dəli Qarcar dəxi ağ ban evini, ağ otağını, qara yerin üzərinə qurdırmış idi. Yoldaşlar ilə buta atub, otu­rar­dı” (6, s.55). Yenə həmin boyda Dəli Ozan “kəndüyi dəlüligə buraq­dı, sürdi dügünə gəldi. Gördü dügündə göygü ox atar. Qara­gü­nə oğlı Budaq, Ozan bəg oğlı Uruz, Bəglər başı Yegnək, Qəf­lət Qoca oğlı Şir Şəmsəddin, qızın qardaşı Dəli Qarcar bi­lə ox atarlardı” (6, s.63).

“Uşun Qoca oğlı Səgrək boyu”nda da belə bir mə­lumat vardır: “Məgər xanım, Uşun Qocanın kiçik oğlı Səg­rək eyü, bə­ha­dır, alp, dəlü yigit qopdı. Bir gün yolı bir dərnəgə uğradı, qon­dılar. Yemək-içmək etdilər. Səgrək məst oldı. Tışra ayaq yo­luna çıqdı. Gördü kim, öksüz oğlan bir qızanı çəkişür. “Mə­rə, nol­dınız?” deyü bir şillə birinə, bir şillə birinə urdı (6, s.110-111).

Mövcud informasiyalar – Dəli Domrulun çay üzərin­də körpü salması, Dəli Qarcarın yoldaşları ilə buta atması, nişan qoyması, Budağın, Uruzun, Şir Şəmsəddinin, Yegnə­yin ox atmaları, bu yarışda Dəli Ozanın iştirakı və nişan üzüyünü də­qiq nişan alması, Səkrəyin bir-biri ilə çəkişən yetim oğlana və qıza şillə vurması ayrı-ayrı məkan və za­manlarda baş ve­rən, məz­mun baxımından bir-birindən fərq­lənən, daha çox müx­­təlifliyi ilə seçilib ayrılan hadisələr ol­sa da, onlar eposun struk­­turunda bir-birini izləyən, bir- biri­ni tamamlayan və va­hid bir məqsədə yönələn səciyyəvi hə­yat mənzərələridir. İndi qəti şəkildə qeyd etmək olar ki, na­rahatlıq və psixi gərginlik yaradan bu həyat mənzərələri na­rahatlıq və psixi gərginlikdən uzaq – onların tam əks qüt­bün­də dayanan Qalan Oğuz elinin dinc və sakit dövrü­nün inikasıdır.

Hətta maraqlıdır ki, “Koroğlu” dastanındakı Dəli Hə­sə­nin də həyat mövqeyi “Dədə Qorqud“ eposundakı oxşar möv­qe­lərlə tam səsləşir. Dəli Həsən Koroğluya mü­raciətlə deyir: “Qoç Koroğlu, düz yeddi ildir ki, mən bü yolların ağasıyam. İndiyə qədər hələ bir adam mənim qabağıma çöp sala bilmə­yib. Bu yeddi ilin ərzində bir tacir, bəzirgan mə­nə bac vermə­miş bu həndəvərdən keçə bil­məyib” (7, s.18). Aydın olur ki, düz yeddi il düşmənlə vu­ruşa çıx­ma­yan Dəli Həsən bac al­maq­la gününü keçirir, sanki o, çay üstündə körpü salıb kör­püdən keçənlərdən otuz üç axça, keç­mə­yənlərdən qırx axça alan Dəli Domrulun süd qarda­şıdır.

Dəli ozan: “atı verdim qopuz aldım”
Nəzərə almaq lazımdır ki, eposdakı dəlilər Oğuz igid­lə­rinə xas normaları və davranış qaydalarını kobud şəkildə və açıqaçı­ğına pozmaqdan usanmırlar. Onların bəzi hərə­kət­ləri baş kəsib qan tökən, igidliklə ad qazanan və qür­rə­lənən həmin qəhrəmanların həqiqi simasına yaraşmır. Tə­səv­vürə sığışmır ki, qəvi düşmənlə üz-üzə gəlib aşıb-daşan enerjisini sərf edə bil­­mədiyi üçün, nə qədər gözlə­nil­məz olsa da, Dəli Qarcar Oğuz elinin müqəddəs şəxsiyyəti Dədə Qorqudun üstünə ye­riyir, ona qılınc qaldırır, sanki vuruş­mağa adam axtarır. Ye­nə də oturaq həyatdan cana doymuş Dəli Qarcarın hirsi başına vu­rur və o, hirsini soyutmaq üçün Dədə Qorquddan (əslində Baybörədən!) maya görmə­miş min buğra, min qısır ayğır, qoç görməmiş min qoyunla yanaşı, “Bin də quyrıqsız-qulaqsız kö­pək gətürün. Bin dəxi bürə gətürün mana“, – söyləyir (6, s.56).

Ağlagəlməzdir ki, Dəli Ozan məclisdə yeyib “qarnın toyurduqdan sonra” (6,s.64) qazanları çevirib tökür, zurna­çı­ları və nağaraçıları qovur, ziyafətdə iştirak edənlərin bəzisini dö­yür, bəzisinin başını yarır. Hətta Dəli Ozanın də­lilik dərə­cəsi o səviyyədədir ki, sonradan bahasını verib ala­sı olsa da, milli epos tarixində atı qopuza dəyişən ilk və son qəhrə­man­dır.

Beləliklə, “Dədə Qorqud” eposundakı “Dəli Domrul bo­yu” vasitəsi ilə Azərbaycan və ümumtürk dastan mədə­niy­yəti ta­rixində, qəhrəmanlıq eposları şəcərəsində yalnız igid­lə­rin dö­yüş ənənələri deyil, türk xalqlarının həyat tərzinə uyğun olaraq, dinclik dövrünün də xüsusiyyətləri öz ifadəsini tap­mış­dır.
ƏDƏBİYYAT
1. Abdulla Bəhlul. “Kitabi-Dədə Qorqud“un poeti­kası. Bakı, “Elm“ nəşriyyatı, 1999, s.44-58

2. Acalov A. Dəli Domrul boyunun kökləri və mifo­loji se­mantikası. Azərbaycan filologiyası məsələləri. Bakı, «Elm», 1983, s.222-236.

3. Gökyay Orhan Şaiq. Dədəm Qorqud kitabı. İstan­bul, 2000

4. Hacıyev Tofiq. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Ba­kı, Elm”, 1999

5. Kazımoğlu Muxtar. Xalq gülüşünün poetikası. Bakı, “Elm” nəşriyyatı, 2006

6. Kitabi-Dədə Qorqud. (Tərtib edənlər: F.Zey­nalov, S.Əli­­zadə). Bakı, “Yazıçı”, 1988

7. “Koroğlu”. Bakı, Gənclik, 1982, s.18

8. Koroğlu Xaliq. Oğuz qəhrəmanlıq eposu. Bakı, “Yurd”, 1999



Tərlan QULİYEV

Filologiya elmləri doktoru,

professor
KİTABİ-DƏDƏM QORQUD”:

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə