Baki 2015 Elmi redaktoru və tərtib edəni: Fil.ü. f d. Nail Qurbanov



Yüklə 0,73 Mb.
səhifə6/8
tarix09.03.2018
ölçüsü0,73 Mb.
#31013
1   2   3   4   5   6   7   8

ƏDƏBİYYAT


  1. Araslı, H. (1962). Kitabi - Dədə Qorqud. Bakı: Azər­bay­can Dövlət Nəşriyyatı.

  2. Araslı, H. (1978). Kitabi - Dədə Qorqud. Bakı: Gənclik.

  3. Bartold V. V. (1962). Книга моего Деда Кор­кута. Перевод акад. В.В. Бартольда, М. - Л.: Изд. - во АН СССР.

  4. Başgöz, İ (1986). Dede Korkutta Yanlış Okunan Bazı Kelimeler, Folklor Yazıları, İstanbul.

  5. Böhtlingk, O. (1989).О языке якутов. Новосибирск

  6. Будагов, Л.З. Сравнительный словарь турецко - татарских наречий, I, Санкт-Петербург, 1869; II, 1871.

  7. Cəmşidov, Ş. (1999). А. Kitabi-Dədəm Qorqud. Bakı: Elm.

  8. Clauson, Gerard (1972). An Etymological Dictionary of Pre - Thirteenth - Century Turkich. Oxford: Oxford At The Clarendon Press

  9. DS (1977)-Türkiye’de Halk Ağzından Derleme Sözlüğü. X. Ankara: Türk Tarih Kurumu Basımevi.

  10. DTS (1969). Древнетюркский словарь. Ленинград: Наука.

  11. Ergin, Muharrem (1958). Dede Korkut Kitabı, I, Giriş - Metin - Faksimile, Ankara: Türk Tarih Kurumu Basımevi.

  12. Ergin, Muharrem (1963). Dede Korkut Kitabı.II. İndeks - Gramer. Ankara: Türk Tarih Kurumu Basımevi

  13. Ergin, Muharrem (1995). Dede Korkut Kitabı. 14. Baskı. İstanbul: Boğaziçi Yayınları.

  14. ESTY (1974)-Этимологический словарь тюркских языков, I, Moсква:Наука.

  15. ESTY (1978)-Этимологический словарь тюркских языков, II, Moсква: Издательство Наука.

  16. ESTY (1997)-Этимологический словарь тюркских языков, V, Moсква: Издательство РАН.

  17. Ət-töhfə (1945) - Ettuhfet - üz - Zekiyye Fil - Luğat - it - Türkiyye. Çeviren: B. Atalay. İstanbul.

  18. Gökyay, Orhan Şaik (1995). Dede Korkut Hikayeleri. 4. Baskı. İstanbul: Dergah Yayınları

  19. Gökyay, Orhan Şaik (2000). Dedem Korkudun Kitabı. İstanbul: Milli Eğitim Basımevi.

  20. MK (1998) - Kaşgarlı, Mahmud. Divanü Lugat-it-Türk. Çeviren: B. Atalay , 4. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları.

  21. KRS (1985)- Киргизско - русский словарь, I - II, Москва: Советская Энциклопедия.

  22. TS (1996)-XIII Yüzyıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitaplardan Toplanan Tanıklarıyla Tarama Sözlüğü. 2. Baskı. Ankara: Türk Dil Kurumu Yayınları.

  23. Радлов, В. В.(1893-1905). Опыт словаря тюркских языков. С. Петербург.

  24. Schmiede, Ahmed H. (2000) “Kitab - ı Dedem Kor­kut” Destanlarının Dresden Nüshası. Ankara: Türkiye Diyanet Vakfı Yayınları.

  25. SƏ (1366) - Sihah əl-Əcəm (Lüğəti - Nemətullah), Kazan nüsxəsi. Nəşrə hazırlayan: Q. Bəgdili. Tehran.

  26. Щербак, А.М. (1962). Грамматика староузбекского языка. Москва-Ленинград: Изд-во АН СССР.

  27. Щербак, А.М. (1977). Очерки по сравнительной морфологии тюркских языков . (имя). Ленинград: Наука

  28. Щербак, А.М. (1987). Очерки по сравнительной морфологии тюркских языков (наречие, служебные части речи, изобразителъные слова). Ленинград: Наука.

  29. Tezcan, Semih (2001). Dede Korkut Oğuznameleri Üzerine Notlar. 1. Baskı, İstanbul: Yapı Kredi Yayınları.

  30. Tezcan, Semih - Boeschoten, Hendrik (2001). Dede Korkut Oğuznameleri. 1. Baskı, İstanbul: Yapı Kredi Yayınları.

  31. TRS (1968)-Туркменско - русский словарь . Москва: “Советская Энциклопедия”.

  32. URS (1959) - Узбекско-русский словарь. Москва: Изд-во иностранных и национальных словарей

  33. Zeynalov, F. R., Əlizadə, S. Q.(1988). Kitabi - Dədə Qorqud. Bakı: Gənclik.

  34. Zulfikar, Hamza (1995). Türkçede Ses Yansımalı Kelimeler. Ankara: Türk Dil Kurumu Yayınları.

Asif HACIYEV (ŞİRVANELLİ)

Pedaqogika üzrə fəlsəfə doktoru
QORQUDŞÜNASLIQDA MÜBAHİSƏ DOĞURAN

BƏZİ SÖZLƏR HAQQINDA
“Dədə Qorqud kitabı” bir neçə tarixi mərhələni özündə əks etdirən boylar toplu­sudur. Bu boylar ilk dəfə Oğuz elinin böyük bilicisi Dədə Qorqud tərəfindən özünə­qədərki və öz dövrünün tarixi olayları əsasında düzülüb qoşulsa da, sonrakı nəsil ozan­larının dili ilə dolğun­laş­dırıl­mış və bizə məlum ol­mayan hansısa bir xanın məclisində söylənilərkən yazıya alın­mışdır. Artıq 200 illiyini qeyd etməkdə olduğumuz qor­qud­­şünas­lığın gəldiyi nəticələrdən biri də budur ki, abidənin bizə gəlib çatmış Drezden və Vatikan nüsxələri daha qədim nüsxə və ya nüsxələrdən üzü köçürülmüş variantlardır. Odur ki, epo­sun yarandığı V-VI əsrlərlə sonuncu dəfə üzü köçürüldüyü XV-XVI əsrlər arasındakı min illik bir zaman müddəti xüsu­silə onun dilində müəyyən izlər buraxmışdır. Geniş tətqiqatlar aparılmasına baxmayaraq, bəzi sözlərin hələ də mübahisəli oxunuşu və mənalandırılması məhz bu amillə bağlıdır ki, fikir müxtəlifliyi konteksində şərh olunan həmin sözlərdən bir neçəsi üzərində dayanmaq istərdik.

  1. (D-3,10)

“Qazağuca qıymayınca yol alınmaz” deyi­minin ilk iki sözü Vatikan nüsxə­sində “qara qoça binməyincə” şəklində oxunan varintda yazılmışdır (V-3, 3). O.F.Sertka­ya­nın üzərin­də ətraflı da­yan­dığı bu deyimin təhli­lin­dən (33, 63-71) aydın olur ki, “qara qoç” və “qazağuc” sözlərinin ifadə etdiyi məna­lar tədqiqat­çı alimlər tə­rə­findən fərqli yanaşmalarda izah olun­muşdur. Azərbaycan nəşrlərini əla­və et­mək şərtilə möv­cud yanaş­maların mahiy­yəti­ni açıq­lamaq üçün onları bir daha nə­zər­dən keçirməyi məqsə­də­uyğun bilirik.

O.Ş.Gökyay deyimi “Karagoça kıymayın­ca yol alın­maz” kimi oxumuş (16, 20) və tərtib etdiyi sözlükdə “at, yüg­rük at, at sürüsü” və sual işarəsi ilə verdiyi “tavla” mənala­rın­da izah etmişdir (16, 337). Ma­raq­lı­dır ki, böyük qorqudşünas “kara­koç” sözünü də eyni anlamlarda açıq­lamışdır (16, 337). M.Ergin deyimi “Kızağu­ça kaymayınca yol alınmaz” varian­tında trans­krip­siya etməklə (12, Ic, 74) ilk sözü -ça şəkilçisi qəbul etmiş “kızak” mənalı “kızağu” (12, IIc, 185), ikinci sö­zü isə “kay-” feilinin -mayınca şəkilçisi ilə işlənmiş feli bağ­lama forması kimi (12, IIc, 175) anlasa da, yekunda deyimi “Kara koç ata kıymayınca yol alınmaz” şəklində çevirmişdir (13, 16). O.Ş.Gökyay və M.Ergin oxunuşlarını müqayisəli təhlilə cəlb edən T.Tekin “kıymayınca” əvəzinə, Vatikan nüs­xə­sində “binməyincə” sözünün yazılmasına və mətn boyu “ka­ra koça binmək” ifadəsinin daha çok işlənməsinə rəğmən deyimin “kara koça binməyincə” birləşməsi ilə verilməsini doğru hesab edir (37, 142-143). H.Araslı deyimi “Qaraqoca qıymayınca yol alınmaz” varian­tında oxumuş və ilk sözü “at” mənasında qavra­mış­dır (22, 15). F.Zeynalov-S.Əlizadə nəş­rində deyim “Qara­ğuca qıymayınca yol alınmaz” kimi veril­miş (23, 31) və ilk sözün oxunuşu belə bir şərhlə əsaslandırıl­mış­dır: “Biz­cə, “Qarağuc” sözü “qaracıq”ın me­ta­teza nəticə­sində dəyişmiş variantıdır. Bütövlükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 1) At adı (xüsusi isim). 2) Qara ca­maa­tın, hamının mindiyi və minə biləcəyi at. 3) Yer adı (to­po­nim). Bu­ra­da ikin­ci mənada işlənib” (23, 225-226). Gorünür, elə buna görə də mətnin müasir çevirmə­sində həmin söz “Qaracıq” kimi verilərək “atın adı; qara camaatın mindiyi adi at” şəklində məna­lan­dı­rılmışdır (23, 129). Düzü, mətn boyu rəngarəng epitet­lərlə məth olu­nan, ağır hərbi yürüşlərdə Oğuz igid­lərinə həmişə dayaq, arxa durub onları hətta ölümdən xi­las edən, buna görə də böyük sevgi ilə “yoldaşım, qardaşım” deyə müraciət edilən atların bu yo­zum­da şərhi inandırıcı görün­mür. Ş.Cəmşidov isə yalnız nüsxə yazılışını “Qıza­qucə” şəklində qeyd et­mək­lə “Qara qoça qıymayınca yol alınmaz” varıantını se­çim etmişdir (7, 101, 279). V.V Bartoldun “Не сгубив коня, дороги не пройти” (27, 14) tərcü­mə­sindən an­laşılır ki, böyük şərqşünas ilk sözü “at” mənasında anlamış­, ikinci sözü isə “kıymayınca” şəkilində oxuyaraq məna­lan­dır­mış­dır. S.Tezcan-H.Boeschoten nəşrində bu hikmətli ifadə “Ka­­za­ğuca binmeyince yol alın­maz” (39, 30) kimi ve­ril­miş­dir. S.Tezcan tərə­findən açıqlanan bu oxunuşda “kıy­ma­yınca” sözü, katibin yol verdiyi xətalardan biri olaraq, Vatikan nüs­xə­sində getmiş “binme­yin­ce” sözünün yerində işləndiyi gös­təri­lirsə, “kazağuc” “at” məna­sını daşıyan və kökü dəqiq müəy­yənləşdirilə bilməyən söz kimi dəyər­lən­­diril­miş­dir. Araş­­dırıcı bu sözün “kara koç” biçimində oxun­ması ilə qəti ra­zılaş­ma­yaraq yazır: “Ben, DKK'­daki sözcü­gün aslında kaza­ğuç olduğunu, çekim­leyen­le­rin bunu anla­madıkları için kara koç biçimine sokmuş olduklarını sanı­yorum” (40, 40-41). M.Tezcan yozumuna tənqidi yanaşan M.Tulum abidənin dilində işlənmiş çoxsaylı faktlara istinad edərək “kıymayınca” sözü ilə müqayisədə “binməyince” sözünün daha məntiqi olduğunu göstərməklə bərabər, başlanğıc sö­zün “Divani-lüğət it-türk” əsərində “kaz­mak, at haşarılanarak ve çamışlanarak aya­­ğıyla yeri kazmak” anla­mını daşıyan kaz- feil kökünə -a feil və -ğuç isim dü­zəldən şəkilçi­lərinin artırıl­ması ilə yaran­mış “kaza­ğuç” olduğunu təsdiqləyir (27, 525). Alimə görə, bu deyim belə açıqlan­malıdır: “Yerinde durmayan, üstüne kim­se­yi bindirme­yen, hırçın, huysuz, gem vurulmaz, ram olmaz bir ata binme­yin­ce (yani: üstüne çıkabilib sırtında dura­bilecek güce sahib olmadıkca) yol alınmaz” (41, 526).

M.Tulumun etimoloji açımının doğru olduğuna qatılan O.F.Sertkaya məna­lan­dırması ilə bağlı şərhi imkan­sız sayaraq: “Bu kelime olsa olsa cinsi bildiren bir kelime olan “at” kelimesinin önüne gelen bir sıfat olmalıdır” (33, 65) fikrini irəli sürməklə abidənin mətninə istinadən “ka­zağuça” kəlməsini “kazağuç a” bir­ləş­məsinin dü­şümə uğramış şəkli kimi bərpa edir və deyimi “kazağuç a min­me­yince yol alınmaz” variantında oxuyur (33, 70).

Beləliklə, qorudşünaslıqda müxtəlif oxunuş və şərh­lərin irəli sürüldüyü üzə çıxır. Fikrimizcə, bu deyimdə sü­rət­li yazıya alınma və ya üzündən köçürülmə pro­se­­sinin nə­ti­cəsi olaraq iki xətaya yol verilmişdir ki, bunlardan açıq-aydın duyu­lanı sonrakı sətirdə getmiş “Ər malına qıyma­yın­ca adı çıqmaz” (D-3, 11) atalar sözü­nün tərkibindəki “qıyma­yınca” feili bağlamasının mexaniki surətdə bu sə­tirdə yazıl­ma­sı­dır. İkinci yanlışlıq isə bütün əsər boyu re hərfinin üzərinə bir nöqtə işarəsi qoyulmaqla ze kimi oxun­masından, eləcə də qafğeyn hərflərinin oxşar konfi­qu­rasi­yaya malik olmasından irəli gəlir. Vatikan nüsxəsində “qara qoça” kimi oxunan ilk sözün Drezden nüsxəsində şəklində yazılaraq “qazağuça” kimi oxun­masını (-a yönlük hal şəkilçisidir) həm də abidəni yazıya alan və yaxud üzünü köçürən şəxsin “qara qoç” və “qazağuc” sözlərini semantik baxımdan fərq­lən­dirə bilməməsi ilə izah etmək mümkündür.

Araşdırma göstərir ki, “qoç” sözü ilk mərhələdə “ayğır”, “buğur” söz­lə­ri kimi keyik, maral, dağ keçisi, qoyun kimi heyvanların erkəyinə verilmiş ümu­mi ad olmuşdur (15, 16-17). Sonra­dan məna daralması yolu ilə “ayğır” sözü atın, “buğur” sözü dəvənin, “qoç” sözü isə qoyunun erkəyini ad­lan­dırmağa xidmət etmişdir. “Qara eşək”, “qara buğur” bir­ləş­mələrində olduğu kimi, “qara” sözü “qara qoç” bir­ləş­məsində “güclü” anlamını ifadə edən təyinedici sözdür. Bu bir­ləş­mə­nin abi­də­nin dilində “güclü erkək at” anlamında şəklində dəfələrlə işləndiyi müşahidə olunur. Məsələn:

Qara qoç atları kişnəşdirən ... (D-45, 13).

Mən qara qoç atıma binmədin il binmax gərək! (D-81, 2).

Qara qoçın oynaddı, Uruz kafiriñ sağına at dəpdi. (D-133,132-133).

Qara qoç ata binənlər vardı gəldi, Bədəvi atlu bir oğula, ya Rəb, noldu? (D-137, 10-11) və s.

Bu və digər işlənmə məqamlarını ayrıca qeyd etmək­lə “qara qoç at”, qara qoç ayğır” əvəzinə “kazağuç at”, “kazağuç ayğır” ifadəsinin verilməsini irəli sürən O.F.Sertkaya mülahi­zəsi (33, 69-70) özünü doğrultmur. Onun bütün məqamlarda -ım, -ın, -lar qrammatik şəkilçiləri qəbul etmiş “qara qoç” birləşmə­sini “kazağuç ” birləş­məsinin düşümə uğramış şəkli sayması inandırıcı görün­mür ki, bu da görkəmli alimin onu M.Tulum və S.Tezcan kimi, sadə bir ata deyil, “yerinde duramayan, sürekli olarak ayaklarıyla yeri eşeleyip duran, haşarı, huysuz, harın yanına kimseyi yaklaştırmayan, üzerine semer vurulup binilmesi güç, vahşi, ram olmayan” ata verilən təyinedici söz, yəni sifət (33, 65) hesab etməsi ilə əlaqə­lidir.

Fikrimizcə, müasir naşirlər və tədqiqatçılar kimi, katib də arxaik “qazağuç” sö­zü­­nün mənasını dəqiq bilmə­diyi üçün işlədilməsi tələb olunan məqamlarda onu ey­ni­lə “qara qoç” birləşməsinin yazılışı kimi vermişdir. Lakin kontekstə əsasən bu söz­ləri fərqləndirmək olur ki, həmin məqamları nəzərə çarpdırmaq istər­dik.

1. “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da Burla xatunun Qazan xana soylama­la­rın­dan birində:

Qaytabanda qızıl dəvə bundan keçdi.

Torumları bundan bozlayıb bilə keçdi.

Torumcığım aldırmışam, bozlayayınmı?



Qazağucda Qazılıq at bundan keçdi.

Quluncığı kişnəyüb bilə keçdi.

Quluncığım aldırmışam, kişnəyəyinmi?

Ağayılda ağca qoyun bundan keçdi.

Quzucığı məñrişib bilə keçdi.

Quzucığım aldırmışam, məñriyəyinmi? (D-139, 6-11)

2. “Qañlı qoca oğlı Qan Turalı boyu”nda selcan xatunun Qan Turalıya soyla­ma­­sında:

Hey, yigidim. Bəg yigidim!

Qaytabanlar torumundan dönərmi olur?

Qazağucda Qazılıq atlar quluncığın dəpərmi olur?

Ağayılda ağca qoyun quzıcığın süsərmi olur? (D-196, 11 – 197, 1).

3. “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügü boy”da:

Qaytabanda dəvələrim bozlatmadın,



Qazağuçda Qazılıq atım kişnətmədin... (D-299, 2-3).

Bu məqamlarda yerlik hal şəkilçisi qəbul etmiş “qaza­ğuç” arxaizmi­nin eyni­lə “qara qoç” birləşməsi kimi bəzən , bəzən isə şəklində ya­zıl­­masına baxma­yaraq, tamamilə fərqli məna daşıdığı şüb­hə­­siz­dir. Göstərilən nü­mu­nələrdə dəvələrin qaytabanda, qoyunların ağayılda, atların isə qazağucda saxlanıl­dığı üzə çıxır. Digər tərəfdən, aydın olur ki, dəvə sürü­sü qaytaban, qoyun sürüsü ağayıl, at sürüsü isə qazağuc adlan­dırıl­mış­dır. Artıq bu misra­larda ata şamil edilən “qüvvətli erkək” mənalı “qara qoç” birləş­məsinin işlədilməsi özü­nü doğrultmur. Sonuncu boyun aşa­ğıdakı cüm­lələrində də həmin sözün “atların saxlanıldığı yer” anlamında işlədil­məsini görü­rük:



Qazağuçda Qazılıq atlarım kişnətdilər. (D-293, 2-3).

Qazağuçda Qazılıq atın çoq yilmişəm. (D-296, 9).

Qazağuçda Qazılıq atıma binərdim. (D-297, 1-2).

Araşdırma göstərir ki, “qazağuc” sözü qədim türk dilin­də işlədilən nadir arxaizmlərdəndir. Bu sözə, S.Tez­canın qeyd etdiyi kimi, cəmi iki mənbədə: “Kitab əl-idrak li-lisan əl-id­rak” lüğətində və cağatayca “Səngülah” sözlüyündə eynilə üzə­rində dayandı­ğı­mız sətirdə yazıldığı variantda rast gəlinir (40, 41-42). Həmçinin arxaik “kaza­ğuç” sözü V.V.Radlov lüğətində “at” anlamında qeydə alınmışdır (31 IIc,1h, 367). XIII əsrin ikinçi yarısı – XIV əsrin əvvəlllərində yaşamış dilçi alim Əbu Həyyanın tərtib etdiyi lüğətdə oxuyuruq: “qazdı atını – ərəbcədəndir. Atının durmasını tələb etdi”. Görünür, alim “qaz-” feilindən törəndiyini ehtimal edərək “at saxlayan” anlamını ifadə edən “kazağuç” sözünü də bu şərhə əlavə etmişdir (14, 44). S.Tezcan şərhindən məlum olur ki, Ə.Cə­fəroğlu və G.Clau­son kimi tanınmış dil­çi­lər belə bu sözün həmin anlamda işlənilməsini şübhə altına almışlar (40, 41). İki əski sözlükdə və “Dədə Qorqud kitab”nda işlənilməsinə isti­na­dən o, belə bir sözün mövcud olduğu qənaətinə gəlir və həmin dilçilərin şüb­hə­lərini yersiz sayır (40, 42). Məşhur türkoloq V.V. Radlov isə mənbə olaraq cümlə nümunələri ilə əsaslan­dır­dığı xalq danışıq dilini deyil, cağatay kitab dilini və 1870-ci ildə Parisdə nəşr edilmiş bir kitabı götürmüşdür (31, IIc, 1h, 367). Ona görə də həmin sözün ilkin mənasının müəyyənləşdirilməsində bu yozum yetərli sayıla bilməz.

M.Kaşğari lüğətində “heyvanlar üçün ağacdan düzəl­dilmiş ağıl” mənasında “kası” sözü işlədilmişdir (20, IIIc. 212). Türk dillərində s~z səz müvaziliyini nəzərə alaraq bu sözün Əbu Həyyan lüğətində “durdurmaq” mənasında işlən­miş “qaz-” feilindən düzəldiyini güman edirik. Maraqlıdır ki, orta əsrlərə aid türk yazılı mənbə­ləri əsasında hazırlanmış “Tarama sözlüyü”ndə “kazmak” feili məhz atla bağlı şərh edilir: “Kazık çakıp (atı) bağlamak” (36, IVc, 2393). Burada atı bağlamaq üçün isti­fadə olunan arxaik “kazık” sözü “qazıx” fonetik variantında “yerə basdırılan di­rək, paya, mıxça” mənasında indi də dialektlərimizdə işlədilməkdədir (3, 289). Əgər belədirsə, “qa­za­ğuc” sözü də qaz-(//kaz-) feilinə -ağ (-aq) ad düzəldən və -uç (//-ıç) kiçiltmə və əzizləmə mənalı şəkil­çi­lər­in artırılması yolu ilə yaranmış olmalıdır. Bir qədər də dərinə getdikdə bu sö­zün d-z səs keçidi ilə atın nəyəsə möhkəm bağlan­masını bildirən qada-(//kada-) feilindən yarandığını irəli sürmək müm­kün­dür (44, 180). Qaytabanağayıl sözlərinin etimoloji açımı da bu mülahizələrin döğruluğuna zəmanət verən faktor kimi götürülə bilər. Araşdırma göstə­rir ki, “dəvə sürüsü” mənasını ifadə edən qaytaban sözü 1 yaşdan 7 yaşa qədər müxtəlif cinsli dəvələrə verilən kayalık, kayalak, kaylak, kaymal sözlərinin tərkibində daşlaşmış şəkildə qalmaqda olan arxaik “qay//kay” kökü ilə (44, 197), görünür, “sürü”, “ilxı” mənasını bildirən “taban” (müasir rus dilində “tabun” forma­sında yaşamaqdadır) sözlərinin bir­ləş­məsindən yaranmışdır. “Qoyun sürüsü” və “qoyunların saxlanıldığı yer” anla­mı­nı ifadə edən ağayıl sözü isə “çəpərləmək”, “hasarlamaq” mənalı arxaik “ağ-” feilinə -ağ//-ay və -ıl şəkil­çilərinin artıtrılması yolu ilə düzəl­mişdir (34, 83-84). Bu arxa­iz­min qədim türk ya­zılı abidələrində və müasir dilimizdə “mal-qara və qoyun sax­lamaq üçün üstü­açıq yer” mənasında “ağıl” fonetik tər­ki­bində daha geniş işləndiyi (4, Ic, 45; 11, 18; 35, 303) müşahidə olunur ki, abidənin mətnində də öz əksini tap­mışdır:

Qıyan güci, Dəmir güci – bu iki qardaşı yanına aldı, ağılıñ qapusını bərkitdi. (D-39, 11-12).

Arqasını evürüb bərk ağılıñ ardın sökən! (D-46,1-2).

Dəlı Qarçarı yalıncaq eylədi, ağıla qoydı. (D-88, 3).

Qeyd edilən sözlər arasındakı bu məna yaxınlığına baxmayaraq, abidənin mətnində getmiş məqamların təhlilinə əsasən demək olar ki, “ağayıl” arxaizmi məhz “qoyun sürüsü” anlamında işlənilmişdir.

Beləliklə, hansı üsulla yaranmasından asılı olma­yaraq, “qazağuç//kazağuç” sözünün “at saxlanılan yer” və “at ilxısı” mənalarında işlənildiyini söyləmək mümkündür. Üzərində dayanılan deyimə gəlincə, onun “Güçlü erkək ata minməyincə yol başa vurul­maz” fikrini ifadə etdiyi fikrindəyik.



2. Dirsə xan yerindən uru turdı, aydır: “Qalqubanı, yigitlərim, yerüñüzdən uru turuñ, bu qara – ayıb baña ya bəndəndür, ya xatundandır,” – dedi. (D-12, 4-6)

Bu cümlədə “qara – ayıb” variantında transkripsiya etdiyimiz sözlər qor­qud­şünas­lıq­da fərqli variantlarda oxun­muş və mənalandırılmışdır. O.Ş.Gökyay onu “kara ayıb” söz birləşməsi şəklində oxuyaraq (16, 26) “kara ləkə, büyük utanç, yaman eksiklik” anlamlarında izah etmişdir (16, 334). H.Araslı və F.Zeynalov-S.Əlizadə nəşrlərində “qara eyib” kimi ve­ril­mişdir (22, 20; 23, 34). S.Əlizadə seçimlərinə belə bir şərh yazır: “Kon­tekst­də “böyük eyib” mənasını verən həmin ifadənin HA və OŞ-da olan varian­tını doğru sayırıq” (23, 229). M.Ergin ərəb mənşəli “qəraib” sözünün “kara­yıb” deyiliş variantı kimi düşündüyü bu sözü “ga­riblik, acayiplik, tufahlık” mənasında açıqlamışdır (12, I c, 79; II c, 169). Ş.Cəmşidov da bu sözü ərəb mənşəli hesab edərək “qərayib” şək­lində verir (7, 107-108, 284). S.Tez­can-H.Boeschoten nəş­rin­də M.Ergin oxu­nuşu saxla­nıl­mışdır (39, 36). V.V.Bartold isə həmin sözü rus dilinə “го­ре” kimi çevirmişdir (27, 17).

Abidənin mətni üzərində müşahidələr göstərir ki, söylə­yici ozan (və ya nüsxə katibi) dövrü üçün arxaikləşən bir çox qədim sözlərin mənasını dinləyicisinə (oxucu­su­na) an­laşıqlı çatdırmaq üçün onların qarşısında müasir qar­şılığını verməyi seçim etmişdir. Əlavəli sözlər kimi getmiş bu nümu­nələr boyların dilində diqqəti çəkən üslubi çalar­lardandır ki, belə aydınlaşdırıcı əlavələrin bəzisi türk, bəzisi isə alınma – fars və ya ərəb mənşəli sözlərdən ibarətdir. Göstərilən mə­qamda “qara” sözü “ləkə, ayıb” mənasında işlənmiş daha qə­dim leksik vahid olub, eyni anlamlı ərəb mənşəli sözlə açıq­lanmışdır. “Qara(//kara)” sözünün “ayıb” mənasında işlənil­məsi faktına bəzi ədəbi mənbələrdə rast kəlinir. Məsələn, XIV əsrdə yaşamış Q.Bürhanəddin qəzəllərinin birində belə bir beyt var:

Qanqı könüldə ki odun olmaya,

Ol könüli bən bilürəm, qarə yox (6, 130).

Göründüyü kimi, bu beytdəki “qara” sözü “ləkə” mə­nasında işlənil­mişdir. XVI əsr şairi Bakinin aşağıdakı bey­tində isə “qara //kara” sözü­nün məhz “ayıb” mənasında işlə­nildiyi “Tarama sözlüyü”ndə qeydə alın­mışdır:

Dağ-ı siyah-ı sinemiz örtüle mevc-i eşkile

Bir gün ola ki Bakıya görmeye kimse karamız

(36, IV c, 2252).

Marqlıdır ki, bu məna “qara yaxmaq” frazeminin tər­ki­bində günü­mü­zə qədər gəlib çatmışdır. Fikrimizcə, tarixən bir çox mənalarda işlə­nən “qara//kara” sözü ilkin ola­raq məlum rəng çalarını ifadə etmiş və çox­mənalılıq yolu ilə “ləkə, ayıb” anlamını qazanmışdır. “Dədə Qorqud kitabı”nda göstərilən mə­qam­da sözün kontekstlə tam səsləşən bu mənası özündən sonra “ayıb” sözü əlavə kimi işlədilməklə dəqiqləş­diril­mişdir. Ümumiyyətlə, belə bir ya­naşma abidənin dilini səciyyələn­dirən cəhətlər­dəndir. Məsələn:

Sağlığla sakıncın – dövlətüñ Haq artursın! (D-35, 1)

Ol obada bir yaxşı – xub yigit sayru düşmiş idi. (D-155, 9-10)

Göründüyü kimi, “dövlət” və “xub” sözləri sözü eyni anlamlı türk mənşəli “sakınc” və “yaxşı” sözlərinin əlavəsi kimi işlədilmişdir. Odur ki, “qara” sözünün məhz “ayıb, ləkə” mənasında açıqlanması özünü doğruldur.

3. Qara qıyma gözləriñ uyxu almış, açğıl axı!

On ikicə süñücügüñ urun olmış, yıqşır axı!

Tañrı verən tatlu canıñ seyranda imiş, andıd axı!

Üz-gözündə canıñ varsa, oğul, ver xəbər maña!

Qara başım qurban olsun, oğul, saña! (D-27, 4-7)

Mövcud nəşrlərdə “uzun” (7, 292; 23, 39), “özün” (16, 33), “ören” (12, Ic, 88), “örən” (22, 26), “üzen” (39, 43) varintlarında oxunub, həm müasir anlamda “uzun” (22, 137), həm mənsubiyyət və hal şəkilçiləri qəbul etmiş “öz” əvəzliyi (16, 388), həm də “viran, xarab” (12, IIc. 246) mənalarında şərh olunan “urun” sözü “Dirsə xan oğlu Buğac boyu”nda atası tərəfindən oxla kürə­yindən vurulan­dan sonra huşunu itirən Buğacın başı üzərində anasının dilindən deyilmiş soylamanın tərki­bin­də getmişdir.

İşlənmə məqamından çıxış edərək vaxtilə “dağılmış” mənasını ifadə edən “örən” formasında oxuduğumuz (ətraf­lı bax: 15, 7-11) bu arxaizmin qabırğaların – “on ikicə süñücü­güñ” şişib qalxmasına işarə olaraq “urun” kimi ve­ril­məsini daha məqsədəuyğun hesab edirik. Belə bir nəti­cəyə gəlmə­yimiz 2 amillə bağlıdır:

Birinci, “Kitab”ın mətnində mütəmadi olaraq – r samitinin bir nöqtə qoyuluşu ilə – z kimi yazılma faktıdır ki, abidənin əlyazma katibinin sürətli yazı prosesində sis­temli şəkildə təkrarladığı xəta kimi onlarca sözün fərqli şə­kil­də oxunmasına şərait yaratmışdır. Odur ki, “uzun” şək­lində oxuna bilən sözün “urun” şəklində oxunması təəccüb­lü qarşı­lanmamalı, əksinə, əski əlifbanın mahiyyə­tindən irəli gələn hal kimi dəyərləndirilməlidir.

İkinci, “urun” arxaizminin ifadə etdiyi mənadır ki, ol­duqca məhdud mənbə­lər vasitəsilə açıqlana bilir.

İlk amilin üzdə olduğunu nəzərə alaraq ikinci ilə bağlı araşdırmalara keçək. M.Kaşğari lüğətində “dikilmək, dikəl­mək, qalxmaq” mənalarında “urun-” feili qeydə alınmışdır (20, Ic, 247). Etimoloji baxımdan qayıdış mənalı bu feil “qalx­maq” anlamını bildirən “ur-” (// ör-) felinə -un qayıdış növ şəkil­çisinin əlavəsi ilə düzəlmiş olmalıdır. Abidənin di­lin­də işlənən “uru turmaq” (qalxıb durmaq) tərkibi feilində “uru” sözü də həmin feil əsasında yaranmış­dır ki, buradakı -u feili bağlama şəkilçisidir. Türk naşirləri bu tərkibi feili “örü turmaq” kimi oxusalar da, eyni anlamda şərh edirlər. Qədim türk dilindəki feil-ad sinkretiz­minə uyğun olaraq “ur” sözü həm də “şiş”, “fır”, “çıxıntı” məna­sını ifadə etməklə müasir türk dillərinin əksərində hələ də işlədilməkdədir (2, 233; 24, 306; 20, III, 3055-3056; 31, Ic, 2h, 1647; 34, 598). Fik­ri­miz­cə, “uzun”, “yoğun”, “qalın” sifətlərində baş verdiyi kimi, “urun” arxaizmi həmin “ur” sözünə sifət düzəldən -un şəkil­çisinin ar­tırılması yolu ilə “şiş”, “çıxıntı” mənasını bidirmiş­dir. Eposun mətnində cəmi bir dəfə işlədilən “urun” sözü müa­sir türk xalq danışıq dilində “yüce qat” (uca, yüksək tərəf) mənasını hələ də saxla­maqdadır (10, 4042). Bu qə­dim söz qır­ğız dilində “çıxıntı” mənasında işlənən “urun­çuk” (-çuk ki­çilt­mə şəkil­çi­sidir) və “dağ və ya qaya çıxın­tısı” mənasında konkretləşən “urunt (-t alt, üst söz­lərində olduğu kimi məkan anlamı yaradan qədim şəkilçidir) sözlərinin tərkibində daşlaş­mış şəkildə hələ də yaşa­maq­­dadır (21, 2с, 309). Maraqlıdır ki, -çuk şəkilçisi həm də “ur” kökünə artırılaraq qırğız dilində “dağın sivri çıxıntısı” anlamını bildirən “urçuk” sözünün (21, 2с, 309) yaran­masında da iştirak etmişdir. Həmçinin bu söz “urcık” fone­tik varian­tında, demək olar ki, eyni mənada, yəni “dağın bir yanından dışarıya doğru fırlamış kaya parçası” mə­nasında (10, 4040) Türkiyə türkcəsində canlı xalq dilində iş­lə­dil­məkdədir ki, bu da “urun” sözünün abidənin dilinə təsa­düfi düşmədiyini göstər­mək­dədir. Beləliklə, Dir­sə xanın xatu­nu kürəyindən oxla vurul­muş oğlunun on iki sümüyünün şiş­di­yini görüb, əmr şəklində işlətdiyi “yıqşır” feilinin sonu­na “axı” tə­kid ədatını əlavə etməklə yaranmış şişin çəkilməsini, yığış­dır­ma­sını xahiş edir ki, bu da kontekstin məzmunu ilə tam səsləşir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə