Baki 2015 Elmi redaktoru və tərtib edəni: Fil.ü. f d. Nail Qurbanov



Yüklə 0,73 Mb.
səhifə7/8
tarix09.03.2018
ölçüsü0,73 Mb.
#31013
1   2   3   4   5   6   7   8

4. Kafirin casusı casusladı, vardı kafirlər arğunı Şökli Məlikə xəbər verdi (D-38, 1-2).

“Salur Qazanıň evi yağmalandığı boy”dan götürül­müş bu cümlədə “arğun” arxaizminin oxunuşu və məna açımı mübahisəli məqamlardan biri kimi diqqəti çə­kir. Türk naşir­lərindən O.Ş.Gökyay və M.Ergin həmin sözü “azğun” fonetik variantında oxuyaraq (12, Ic, 96; 16, 40) müasir anlamda da qavramışlar (12, IIc, 31; 16, 223). S.Tezcan-H.Boeschoten birgə nəşrində də bu oxunuş sax­lanılmışdır ki, əlavə şərh verilməməsindən onun eyni mə­nada başa düşüldü­yünü güman etmək olar (39, 51).

V.V.Bartold tərcüməsində arxaizmin daxil olduğu bir­ləş­mənin “злейщему из гяуров” variantında (26, 22) veril­məsindən belə məlum olur ki, böyük araşdırıcı onu “azğun” kimi oxumuşdur.

Azərbaycan naşirlərindən akad. H.Araslı həmin bir­ləş­məni “kafirlər urğunu” kimi (22, 32) oxusa da, hansı mənanı ifadə etdiyini açıqlamamışdır. Drezden nüsxəsin­dəki yazılışa əsasən “kafirlər ərqunu” variantını qeyd edən Ş.Cəmşidov (7, 127) dürüstləşdirilmiş elmi mətn kimi verdiyi variantda “ka­firlər azğunı” oxunuşunu daha məntiqi saymışdır (7, 298). F.Zeynalov-S.Əlizadə birgə nəşrində bu arxaik söz “arğun” variantında oxunsa da, daxil olduğu cümlə ikiyə bölünərək “Kafəriň casusu casusladı. Vardı kafərlər arğunı Şökli Məlikə xəbər verdi” şəklində (23, 42) verilmiş və “Kafirlərin casusu bunu gördü; çuğul gedib, Şöklü Məliyə xəbər verdi” varian­tında (23, 140) muasirləş­dir­mişdir. S.Əlizadə bu oxunuş və çevirməni belə əsas­landırır: “D-də aydın yazılmışdır və ancaq “arğun” kimi oxuna bilər. Burada həmin söz “çuğul, xəbərçi” mənasında işlənmişdir. Azərbaycan dilində “yorğun-arğın” qoşa sözü “yol” məfhumu ilə bağlıdır. Müq. et: Arquçı – iki adam arasında “araçı” olan (M.Kaşğari)” (23, 232). Bu şərhdə göstərilən arxaizmin Drezden nüsxə variantındakı yazılışa əsasən (Vatikan nüsxəsində buraxılmışdır) “arğun” kimi oxu­nu­şu gerçəkliyi əks etdirirsə də, “çuğul, xəbərçi” anlamında verilməsi şübhə doğurur.

Təhlil göstərir ki, cəmi bir dəfə verilməsinə baxma­yaraq, həmin sözü abidənin dilində 8 dəfə işlənərək “ze” ilə yazılan “azğun” sözündən fərqləndirmək lazımdır. Faktları nəzərdən keçirək:

1. Qara tonlu, azğun dinlü kafirlərə bir oğul aldurduňsa, degil maňa (D-25, 4-5).

2. Azğun dinlü kafirə mən varayım (D-25, 6-7).

3. İtümlə bir yalaqdan yundım içən azğun kafir (D-40, 13).

4. On altı biň ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafir çıqa gəldi (D-127, 10-12).

5. Azğun dinlü yağı kafirdir, oğul, -dedi (D-128, 7-8).

6. Amma azğun dinlü kafirdir, xub yerdə tuş oldu (D-128, 13-129, 1).

7. Azğun dinlü kafirdir, başların kəsəyin (D-130, 10-11).

8. Azğun dinlü kafirlərə

Bir oğul tutdurduňsa, degil maňa... (D-138, 10-11).

Yalnız 8-ci məqamda “ze”-nin nöqtəsi sürətli üzdən­köçürmə prosesinin nəti­cə­si kimi sürüşdürülərək “ğeyn” hərfinin üzərinə qoyulmuşdur ki, bu da başa düşü­lən­dir. Odur ki, “arğun” sözünü “azğun” sözünün nöqtəsiz yazılış variantı kimi götür­mək yalnış yanaşmadır. Digər baxımdan, hər iki sözün dinayrı kafirləri səciyyələndir­məsinə baxma­ya­raq, tamamilə fərqli mənaları ifadə etməsi fikrindəyik. Nümunə­lər­dən göründüyü kimi, “azğun” sözü əsasən “dinlü” sözü ilə birləşmə yaradaraq, “yolundan sapmış”, “haqq yolunu azmış” anlamlarını daşımaqdadır. Təkcə 3-cü nümu­nədə “azğun” sözü “kafir” sözünü təyin etmişdir ki, bu da bəzi naşirlərin formal olaraq “kafirlər arğunı” birləş­məsini “kafirlər azğunı” kimi oxuyub-mənalandır­masına zəmin yaratmışdır. Lakin həm yazılış, həm də mətndaxili işlənmə məqamı bu variantı qəbul edilməsinə imkan vermir.

S.Əlizadənin düzgün oxuduğu bu arxaizmi “çuğul, xə­bər­çi” mənasında şərh etməsi onu “casus” sözünün sinonimi kimi anlaması ilə bağlıdır. Məhz buna görə də qorqudşünas alim M.Kaşğari lüğətində verilmiş “arquçı” (“iki adamın ara­sında “araçı” olan”) arxaizminə və müasir dilimizdəki “yor­ğun-arğın” mürəkkəb sözündə daşlaşmış şəkildə yaşayan “ar­ğın” sözünə istinad etməli olmuşdur. Öncə, onu qeyd etmək istərdik ki, “yorğun-arğın” mürək­kəb sözünün tərkibində yaşamaqda olan “arğın” sözü yazılı abidələrimizin dilində tamamilə başqa mənada – “yorul­maq, taqətdən düşmək” mə­na­sında işlənən “ar-” feilindən törənmişdir (1, 88) və göstə­rilən sözlə heç bir məna yaxınlığı yoxdur. İkincisi, cümlədəki söz sırasının düzülüşü “kafirlər arğunı” birləşməsinin kafirin casusunu deyil, onun başçısı sayılan Şöklü Məliyi xarakterizə etdiyini ortaya qoyur. Odur ki, “arğun” arxaizmini “çuğul, xəbərçi” kimi anlamağa da əsas qalmır. Elə isə o hansı mə­nada anla­şılmalıdır?

Bizcə, “arğun” arxaizmi M.Kaşğarinin lüğətində ve­ril­miş “siçan cinsindən yarım arşın uzunluğunda bir hey­van” anlamında (20, Ic, 179) işlənmişdir. Bu möhtə­şəm qəhraman­lıq dastanında oğuz igidlərinin aslanla, qaplanla, qurdla müqayisəsi görümündə yağının alçaldılaraq siçanki­milər dəstəsindən olan heyvana bənzədilməsi təbiidir və abidənin bədii üslubuna, məcazlar sisteminə tam uyğundur. M.Kaşğari həmin heyvan haqqında yığcam da olsa, maraqlı məlumat verir: “Divar yarıqlarından sərçələri ovlayır. Əgər qoyunun üstünə atılsa, qoyunun əti saralar, yatan adamın üstünə atılsa, sidik tutuqluğuna uğrayar” (20, Ic, 179-182). “Kitab”da işlən­mə məqamı ilə əlaqələndirdikdə Şöklü Məliyin “arğun” adlanan heyvana oxşadılması öz məntiqi təsdiqini tapmış olur. Belə ki, Şöklü Məlik də məhz gecə yarısı yuxuda olan Oğuz elinin üzərinə hücuma keçir, var-dövlətini talayır, qızını, gəlinini əsir götürür.

5. Gördi kim, uçarda quzğun , tazı tolaşmış yörəndə qalmış. (D-44, 3-4)

Cümlənin tabe hissəsi “Bamsı Beyrək boyu”nda “uçarda quzğun qalmış, tazı tolaşmış yörəndə qalmış” (D-91, 2-3) şəklində yazıldığından “quzğun” sözündən sonra buraxılan “qal­mış” sözünün bərpasına ehtiyac duyulur. Vatikan nüsxə­sində də “qalmış” sözü yazılmış (V-57, 8) və buna görə də O.Ş.Gökyay (16, 43), M.Ergin (12, I c, 100), H.Araslı (22, 35), S.Tezcan-H.Boeschoten (39, 54) nəşrlə­rində cümləyə əlavə edilmişdir. S.Əlizadə cümlənin məz­mu­nunu dəyişmədi­yindən bu əlavəyə ehti­yac olmadığını söyləyir (23, 233). Bizcə, fikrin qrammatik cəhətdən düz­gün ifadə olunması və məntiqi səslənməsi üçün həmin sözün işlənil­məsi vacibdir. Ş.Cəmşidov işarələnən cümlə­nin yazılışında bir neçə yerdə təhrifə yol verildiyini və bunun nəticəsi olaraq “Uçarda quz­ğun dolaşmış, yürürdə tazı qalmış” cümləsinin səhvən göstə­rilən şəkildə yazıl­dığını irəli sürür (7, 138-139).

Əslində, bu cümlədə araşdırma mətndə buraxıldığı ay­dın görünən “qalmış” sözü üzərində deyil, birinci işlən­mə məqamında (D-44, 4), ikinci işlənmə məqamında isə (D-91, 3) şəkində yazılmış sözün oxunuşu üzə­rində aparılmalı idi ki, diqqəti bu istiqamətə yönəltmək is­tər­dik. Tədqiqat göstərir ki, S.Tezcan-H.Boeschoten nəş­ri­ni çıxmaq şərtilə bütün naşirlər bu sözü “yurtda” şəklində transkripsiya etmişlər. Yalnız həmin nəşrdə birinci işlənmə məqamında “dal” (د) hərfinin buraxıldığı zənn edi­lərək söz “yur[d]ında” variantında (39, 54) verilmişdir. Bu da onunla bağlıdır ki, müəlliflər sözün “te” (ﺗ) ilə yazılmadığını gör­müşlər.

Ümumiyyətlə, abidənin mətnində, göstərilən mə­qam­­ları çıxmaqla, “yurd” sözü müxtəlif qrammatik şəkil­çilər qəbul edərək 12 dəfə “dal” hərfi ilə şəklində (ət­raf­lı bax: 12, II c, 341-342), cəmi bir dəfə isə -mı sual ədatı qəbul edərək “te” hərfi ilə şəklində (D-192-12) yazıl­mışdır. Üzərində dayandığımız məqamlarda isə iki nöqtəli “te” hərfinin deyil, bir nöqtəli “nun” hərfinin yazıldığı aydın oxunur. Ona görə də ikinci məqamda “re” üzərinə mətnin orfoqrafiyasında dəfə­lərlə müşahidə olunan mexa­ni­ki nöqtə qoyuluşunu qeyd et­məklə, sözü “yö­rəndə” va­rian­tın­da oxu­ma­ğı seçim edirik.

Faktlar bu sözü eyni anlamlı “yörə” və ya “yörən” ki­mi düşünməyə imkan yara­dır. Əksər türk dillərində “et­raf, erazi, çevre” mənasında işlənən “yörə” kökü (4, II c, 562; 36, VI c, 4693; 43, 293) M.Kaşğari lüğətində oğuz sözü kimi qeydə alınmışdır (19, III c, 29). Əbu Həyyan lüğətində isə “yürə” variantında belə şərh edilmişdir: “bir şeyin ətrafı. Deyilir: yürən düru yattı çəri − əsgər yan-yörəsini bürüyüb yatdı” (14, 53). Ona görə də “yörəndə” sözünü mənsubiyyət və yerlik hal şəkilçili “yörə” sözü kimi və ya dilimizdə işləklikdən düşmüş “yörən” sözü kimi düşünmək mümkündür. XIV-XVI əsr türk yazılı abidə­lərinin dilində “ətrafını dolaşmaq”, “bir şeyin ətrafında gə­zib dolaşmaq” mənalarında “yörən-” feili ilə yanaşı, “yö­rən­lə-” (-lə addan feil düzəldən şəkilçidir) feili­nin kökündə yaşayan ad korrelyatına rast gəlinir (36, VI c, 4698-4701). Fikrimizcə, Əbu Həyyan sözlüyündəki “bir şeyin ucu, sonu” anlamlı “yorun” sözü də həmin sözün fonetik variantı olmalıdır. Bundan əlavə, nümunədəki “tolaşmış” sözünün Vatikan nüs­xəsində -ub şəkilçisi ilə yazılması (V-57, 9) onun tərz bildirən feili bağlama forması olduğunu göstərir ki, bu da cümləni “Gördü ki, uçarda quzğun qal­mış, tazı dolaşıb (obanın) ətrafında qalmış” kimi anlamağa imkan verir.

6. Qarma bükəc semüzin alub tutan! (D-46, 2-3).

Bu cümlədəki “qarma bükəc” sözləri O.Ş.Gökyay nəş­rin­də “karmayugec” şək­lin­də oxuna­raq (16, 44), “kar­ma-” fei­linin feili bağlama forması kimi düşünülmüş və “karmayınca, pencesini atınca, yakalayınca” məna­larında açıqlan­mışdır (16, 340). M.Erkin “karma ögeç” formasında iki söz kimi oxumuş (12, Ic, 102), “karma” sözü­nü “karma, karışık”, “ögeç” sözünü isə “iki yaşına girmiş koyun” kimi açıqlamışdır (12, II c, 172, 241). S.Tezcan-H.Boeschoten nəşrində səhv yazıldığı ehtimal edilərək “karma[la]yu [ö]gec)” şəklində transkripsiya edilmişdir (39, 55). S.Tez­canın verdiyi şərhdən belə çıxır ki, müəlliflər ilk sözü “karmala-” feili, ikinci sözü isə “qoyun” mənalı isim kimi anla­mışlar (40, 126). Görünür, H.Araslı da eyni fikirdə olduğu üçün “qarma” sözünü “qarmayub”, “bükəc” sözün isə “ögəc” variantında oxumuşdur (22, 36). F.Zeynalov-S.Əlizadə və Ş.Cəmşidov nəşrlərində “qarma-bükəc” şək­lində eyni varinatda trankripsiya edilmiş­dirsə də (7, 302; 23, 45), Ş.Cəmşidov mövcud oxunuşları sadalamaqla kifayətlənmiş (7, 139-140), S.Əlizadə isə irəli sürdükləri oxunuşa belə bir açıqlama yazmışdır: “D-də yazılışı aydın oxunur. Bizcə, burada sino­nim sözlər qoşalaşmışdır. Həmin qoşa sözü “axtalanmış davar (qoç, təkə)” məna­sın­da başa düşmək lazım gəlir” (23, 233).

Göründüyü kimi, ilkin yazılış sözlərin “qarma bü­kəc” şəklində oxun­masına tam əsas verir. Təhlil göstərir ki, “bü­kəc” sözünü “ögəç” və ya “ögeç” variantında oxu­yanlar onu özündən sonrakı “semüzin” sözü ilə leksik-qrammatik bağlı­lığına isti­nad etmişlər. Fikrimizcə, hər iki söz qurdun qoyun­ları tutma prosesinin təsvirini əks etdirdiyi üçün “semüzin” sözünə deyil, “alub tutan” feili birləşməsinə aiddir. Canlı xalq danışıq üslubuna uyğun olaraq söz sırasının bu cür yerdə­yişməsi boyların sintaksisi üçün səciyyəvi hadisədir və burada bir qədər öncə deyilmiş soylamadan götürülmüş bir nümunə vasitəsi ilə fikrimizə aydınlıq gətirmək istərdik:

“Çığnam-çığnam qayalardan çıqan su!” (D-45, 3)

Aydındır ki, “çığnam-çığnam” tərz bildirən zərfi “qaya­lardan” sözünü deyil, “çıqan” feilini izah etməyə xidmət edir. Üzərində dayandığımız misrada da “qarma bükəc” sözləri eyni sintaktik funksiyada çıxış edir.

“Qarma” sözü müasir türk dillərinin bir çoxunda “qarış­dırmaq” məna­sında işlə­nən qədim “qar-” feilindən (44, 285) -ma şəkil­çisi ilə düzəlmiş əlamət, tərz bildirən leksik vahiddir. Bu qədim söz müasir dilimizdə sifət və zərf kimi işlənməkdə olan “qarma-qarışıq” mürək­kəb sözünün tərkibində hələ də yaşamaqdadır (4, I c, 442). Yaxın mənalı sözlərin birləşməsi yolu əmələ gələn həmin sözün semantik açı­mın­dan görün­dü­yü kimi, “qarma” sözü “qarışıq” məna­sını ifadə edir. Bu ba­xımdan M.Erginin həmin sözə verdiyi şərh özünü tam doğ­ruldur. Sonrakı “bükəc” sözünə gəlincə, abidənin dilində iş­lən­miş nadir arxaizm­lərdən biri hesab etdiyimiz bu söz M.Kaşğari lüğətində “toplamaq, yığmaq” anlamlarında qeydə alınmış “bük-” feilinə (19, II c, 46-47) -əc şəkilçisinin artı­rılması ilə düzəlmişdir. Deməli, göstə­rilən misrada qurdun qoyunları bir yerə qarışıq yığıb-topladıqdan sonra yalnız “semizini”, yəni kökünü tutması fikri ifadə olunmuşdur.



7. Dünlügi altun ban evimiñ qabızası oğul! (D-52, 7-8).

Boyların məzmunu göstərir ki, oğuz düşüncəsində oğul müstəsna yer tutur. O, nəslin davamçısı olmaqla yanaşı, eli, obanı azğın düşmənin hücumlarından qoruyan yenilməz qüv­vədir. Əslində, boyların əksəriyyəti ata-oğul münasibətləri üzə­rində qurulmaqla Qalın Oğuz dövlətinin gələcək taleyi, uğuru ulu əcdadların qəhərmanlıq ənənə­si­nin davam etdiril­məsi ilə əlaqələndirilir. Ona görə də yeni nəs­li təmsil edən oğullar eposda ən ülvi hislərlə, qeyri-adi epitetlərlə mədh edilir:

Bərü gelgil, qulunum oğul! (D-124, 12).

Qarşu yatan Qara tağım yüksəgi oğul! (D-137, 1-2).

Qaza bəñzər qızumuñ, gəlincigimiñ çiçəgi oğul!

Görər gözüm aydını oğul!

Tutar belüm qüvvəti oğul! (D-119, 2-4).

Abidənin mətnində göstərilən məqamdan başqa, daha iki yerdə “Dünlügi altun ban evimiñ qabzası oğul!” (D-119, 1-2, D-163, 5-6) cümləsində işlənmiş “ban evimiñ qabzası” ifadəsi də belə məcazlardan biridir. Təbii ki, buradakı “qabza” sözünü “qılıncın dəstəyi” mənasında indi də işlədilən “qabza” sözü ilə eyniləşdirmək mümkün deyil. “Kitab”da göstə­rilən məqamda (-sı mənsubiyyət şəkil­çi­sidir), digər məqam­larda isə formasında yazılması onu katib tərəfindən yol verilən nöqsanlar sıra­sına daxil etməyə imkan verir. Müqayisə göstərir ki, “Zülfüqarıñ qı­nıyla qabzası ağac!” (D-55, 11-12) və “qabza­sın­dan yayı iki para oldu” (D-108, 9-10) cümlələrində “qılıncın və yayın el tutulan dəstək his­səsi” mənasında işlədilmiş “qabza” sözü “ban evimiñ qabza­sı” ifadəsindəki “qabza” sözü ilə eyni anlamda anlaşıla bilməz.

“Kitab”ın arxaik leksikası ilə bağlı araşdırmaları ilə tanınan qorqud­şünas alim V.Zahidoğlu bu məsələyə ətraflı toxunmuş və birinci məqamdakı yazılışa əsasən, onu “qan bürə” söz birləşməsi kimi oxuya­raq, “gön çadır örtüyü” kimi izah etmişdir. Dilçi alimə görə, “qan bürə” ifadəsi “qabza” sözünün yerində işlənmiş dil vahididir və abi­dədəki “qanad” sözü ilə birlikdə eyni mənanı – “çadır örtü­yünün hissəsi; çadır örtüyü” anlamını bildirir (42, 8-11).

Sözün mənalandırılması düzgün olsa da, transkrip­siyası şübhə do­ğurur. “Kitab”ın orfoqrafik xüsusiyyətləri göstərir ki, mətndəki yazılı­şın söz birləşməsi kimi oxun­masına yalnız ehtimal variant kimi baxıla bilər. Digər tərəfdən, “bürü-/bürə- feili ilə bağlanılan “bürə” sözünün ayrılıqda ad bildirərək “örtük” mənasında işlənilməsi də tam əsaslandırılmamışdır.

Daha öncə Ş.Cəmşidov göstərilən məqamda sözü “qün­bərə” kimi oxumuş və “böyük bina və çadırın qülləsi – üstü” kimi (7, 141) şərh etmişdir ki, bu da maraqlı yozum olaraq diqqəti çəkir.

Göründüyü kimi, yazılışın istər “qan bürə”, istəsə də “qünbərə” variantında oxunması onun qaf (ﻗ), nun (ﻧ), be (ﺑ), re (ر) və ha (ه) hərflərindən ibarət tərkibdə düşü­nülməsindən irəli gəlir. Odur ki sözün hansı mənanı ifadə etməsini müəyyən­ləşdirmək üçün, ilk növbədə, hərf tərkibi dəqiqləşdirilməli və nəyə görə birinci məqam­da , digər məqamlarda isə şəklində yazılma səbəbləri açıqlan­ma­lıdır. Fikri­mizcə, bu söz əski əlifba ilə qaf, be, ze və ha hərflərinin ardıcıl düzülüşü şəklində yazılmışdır. Sadəcə, be və ze hərflərinin nöqtələri sürətli yazı prosesində sürüş­dürülərək yerində qoyulmamışdır. Diqqətlə nəzərdən keçir­dikdə aydın olur ki, bu söz ilkin olaraq ze (ز), sonradan isə zad (ﺿ) hərfi ilə verilib. Görünür, boyları söyləyici ozanın dilindən qələmə alan şəxs, yaxud da əvvəlki nüsxədən üzünü köçürən katib onu ərəb mənşəli “qabza” sözü kimi qavrayaraq yazılışında düzəliş etmiş və beləliklə, mübahisəli oxunuşlar üçün zəmin yaratmışdır.

Eposun dilində rast gəlinən nadir arxaizmlərdən biri kimi bu söz ozanın dilində “qabıza” şəklində deyilmiş və onun “qılıncın, yayın dəs­təyi” mənasını bidirən “qabza” sözü ilə oxşar səslənmə­si variantında yazılmasını şərt­lən­dirmişdir. Ehtimal etdi­yi­miz “qabıza” sözü isə “Abuşqa lüğəti”ndə “kabık” (17, 378), V.V.Radlov lüğətində isə həm də “örtük” mə­nasında qeydə alınmış “qabızağ” (31, IIc, 1h, 458) sözünün səs düşü­münə uğramış variantı olmalıdır. L.Budaqovın tərtib etdiyi lüğətdən belə məlum olur ki, türk dilindəki “qabıq” sözüünün qarşılığı kimi çıxış edən “qabızaq” sözü H.Vamberi tərəfindən “sarğı, üzlük, örtük” mənalarında açıqlanmışdır (5, IIc, 4). Fikrimizcə, etimoloji baxımdan “tutmak, bağ­lamak, örtmək” mənalı “qap-//qab-” kökündən (“qapı”, “qabıq” sözləri də buradan yaranıb), feildən feil düzəldən -ız (müqayisə et: ud-uz(maq), qorx-uz(maq), qalx-ız(maq) və s.) və söz sonunda samitini itirmiş -a (<-ağ//-aq) şəkilçilərindən ibarət olan bu arxaizm söz ortasında -ı- samitinin qısa tə­ləffüzünün nəticəsi olaraq “qabızaqabza” formasına düşmüşdür. Boy­ların məz­mu­­nundan aydın olur ki, çadırlardan ibarət oğuz evləri ya­ğışdan, qardan, soyuq küləkdən, yandırıcı günəş şüalarından qorunmaq üçün, adə­tən, dəvə dərisi ilə örtülür. Deməli, “qabıza” adlandırılan dəri örtük, yəni çadırın qabı­ğı, qutusu [buna “qaburcuq” (14, 42) da deyilir] qoruyucu funksiya daşıyır ki, məhz bu xüsusiyyətinə görə oğul altun başlı ban evin qabızasına bənzədilir. Birinci boyda Buğac, Təpəgözlə bağlı boyda Busat məhz elin, ailənin, evin qoruyucusu, mühafizəçisi kimi çıxış etdik­lə­rin­­dən adlarına Dədə Qorqud tərəfindən boy boylanır, oğuz­namə düzülüb qoşu­lur. Şərh olu­nan boyda da Uruzun evin qoruyucusu rolunda çıxış etməsi Qazan xanla dayısı Aruzun söhbətindən aydın görünür:

“Anlar eylə digəc at ağızlu Aruz qoca iki dizinüñ üs­tünə çökdi, aydır: “Ağam Qazan, sası dinlü Gürcüstan ağ­zında oturursun, orduñ üs­tünə kimi qorsun?” Qazan aydır: “Üç yüz yigidləñ oğlım Uruz mənim evim üstünə tursun!” – dedi”. (D-37, 2-6).

Beləliklə, qədim əcdadlarımız, təbii olaraq, oğula evin qoruyucusu kimi yanaşırlar ki, bu da göstərilən de­yim­də aydın ifadəsini tapmışdır.

8. Bunuñ ardınca, görəlim, xanım, kimlər yetdi: Altmış erkəc dərisindən kürk eyləsə, topuqlarını örtməyən, altı ögəc dərisindən külah etsə, qulaqlarını örtməyən, qolı, budı xıranca, uzun baldırları incə, Qazan bəgüñ ta­yısı at ağızlu Aruz oca çapar yetdi, “Çal qılıcıñ, bəgüm Qazan, yetdim!” – dedi. (D-61, 11 – 62, 3).

Əksər naşirlər tərəfindən “xıranca//ḫıranca” kimi oxunan bu söz (22, 43; 23, 50; 16, 55) fərqli mənalarda ve­rilmişdir. Belə ki, O.Ş.Gökyay onu “zaif, sıska, cılız, çe­limsiz” (16, 314), S.Əlizadə isə “uzunca” (23, 148) mə­nasında anlamışlar. M.Er­gin “ḫaranca” variantında oxu­ya­raq (12, I c, 113), məna açı­mına tam əmin olmadığı üçün qarşısında sual işarəsi qoymaqla “böyük, iri” anlamında izah etmişdir (12, II c, 137). S.Tezcan H.Boeschotenlə bir­gə nəşrində “ḫızanca” şəklində transkrip­si­ya etdikləri bu söz üzərində bir qədər ətraflı dayanaraq, onu erməni dilindən alnma söz hesab etməklə “kalın ağac gövdesi”, “kalın direk”, “evlerde damın üzerinə koyulan tir” məna­sında qavramışdır (40, 143-144). Ş, Cəmşidov isə onu fars mənşəli “geran” (ağır) sözünün katib tərəfindən təhrifə uğ­ra­­dılmış ya­zı­lış variantı kimi qəbul edir (7, 149-150). Diqqətlə nəzərdən keçirdikdə hər iki mülahizənin çanlı xalq dilində evin üstünə qoyulan tirə verilmiş “kərən” sözü ilə əlaqəli olduğu görünür. Fikrimizcə, mətndə Ş.Cəmşi­dovun düzgün müşahidə etdiyi kimi, “zəif, sısqa” və dil faktları ilə sübuta yetirilməyən “uzun­ca” mənası yerinə düşməyib. Bu­nunla yanaşı, “xıran” (-ca bən­zətmə qoşmasıdır) sözü­nün göstərilən dillərlə də heç bir bağ­lılığı yoxdur. Abidənin dilində işlənmiş bir çox sözlərin tarixi inkişaf prosesində fonetik dəyişikliyə uğradığı məlum faktdır. Əgər nəzərə alsaq ki, eposun yaranması, formalaşması və ya­zıya alınması böyük bir zaman axarını əhatə edir, onda bir sö­zün müxtəlif fonetik variantlarda işlənilməsi anlaşılandır. Bu mənada eyni sözün həm “q”, həm də “x” səsi ilə deyilməsi məlum səsdəyişməsinin tarixi nəticəsi olaraq özünü göstərir. Prof. Ə.Dəmirçizadə eyni sözün ortası və sonunda bəzən “q” (ق), bəzən isə “x” (خ) sa­mitlərinin işlənilməsi faktını qeyd edir (9, 31). H.Mirzəzadənin eyni sözün XV və bir az sonrakı əsrlərdə yerinə görə q ilə deyil, x ilə yazıldığını söyləməsi də (28, 20) bu səsdəyiş­məsindən irəli gəlir.

Abidənin mətnində “təpə” mənasında işlənilmiş “qır”, “qıran” söz­lərinə az da olsa dəfə rast gəlinir:

“Arqıc qırda yayqanır...” (D-278, 13).

“Arqıc qırda döndürdigim, mərə kafir, səniñ babañ...” (D-279, 11).

“Aq qayanıñ qaplanınuñ erkəginde bir köküm var

Ortac qırda sizüñ keyiklerinüz turğurmaya” (D-280, 8-10).

“Canavarlar serveri qağan aslan

Qıran ala köpek ənüginə kəndüzin taladurmı?” (D-184, 4-5).

“Qır” sözünün “basıq dağ, yastı dağ” anlamında Kaş­ğari sözlü­yündə (19, I c, 339), “dağ yumrusu”, “yüksək qaya” mənasında V.V.Rad­lov lüğətində (31, II c, 1h, 733), “dağlıq yer”, “təpə” mənasında L.Bu­daqov sözlüyündə (5, II c, 42), eləcə də “kırañ//kıran” sözünün Ana­dolu ağız­larında eynilə “dağ sırtı, tepe” mənasında (10, VIII c, 1993) qeydə alınması sonuncunun təkhecalılıqdan çoxheca­lılığa keçid dövrü­nün nəticəsi olaraq yarandığının göstə­ricisidir.

Fikrimizcə, “təpə” mənasında işlənən “qıran//kıran” sözü (qır-an: -an mor­femi topluluq anlayışı yaradan şəkil­çi­dir) q(k)~x səsdəyişməsi yolu ilə “xıran” şəklini almışdır ki, bu­nunla da möhkəm, şişman əzələli Alp Aruzun qol-budunun yumru təpəyə bənzədildiyini görürük.

9. Qarşum ala, yigit, məni nə mañlarsın?

Keçmiş mənim günümi nə añdurarsın?

Qalqubanı yerindən turan Qazan!

Qaragöz atıñ belinə binən Qazan!

İlğayuban qara tağım yıqan Qazan!

Kölgəsicə qaba ağacım kəsən Qazan!

Bıçaq alub qanadlarım qıran Qazan!

Yalñuzca oğlım Uruza qıyan Qazan!

At üstündə əglənməyüb yortan Qazan!

Səniñ beliñ ulmış ,

Üzəngüyə dirməyən diziñ ulmış .

Xan qızı halalıñı tanımayan gözüñ ulmış ?

Buñalmışsan, saña nolmış?

Çal qılıcıñ, yetdim, Qazan! – dedi” (D-149,2-10).

Eposun “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da belə bir məqam var: oğlunun əsir götürüldüyünü bilən Qazan xan onun ardınca getməli olur. Kafir qüv­vələri ilə qeyri-bərabər döyüşdə atı vurulur, özü isə göz qapağından yaralanır. Bu məqamda Boyu uzun Burla xatun qırx incə belli qızla döyüşdə təklənmiş Qazana yaxınlaşır. Öz xanımını tanımayan Qazan xan ondan altındakı ayğır atını və polat qılıncını istəyir. Qazan xanın bu halını görən Burla xatun ona yuxarıdakı soylama ilə cavab verir.

Araşdırma göstərir ki, verilən soylamada “ulmış” ki­mi transkripsiya etdiyimiz söz qorqudşünaslıqda fərqli şəkildə oxunmuş və mənalandırılmışdır. O.Ş.Gök­­yay və M.Ergin bu sözü “ölmüş” (12, Ic, 173; 16, 107) variantında oxumuşlarsa da, işlənmə kontekstindən çıxış edərək nisbə­tən fərqli yozumda açıq­lamışlar. Belə ki, M.Ergin onu yalnız müasir anlamında (12, IIc, 342), O.Ş.Gökyay isə bu məna ilə yanaşı, “bitmek, gücünü kaybetmek” anlamlarında da açıqlamışdır (16, 386). H.Araslı, F.Zeynalov-S.Əlizadə, Ş.Cəmşidov nəşrlərində verilmiş “olmuş” oxunuş varian­tına (7, 352; 22, 84; 23, 77) əlavə şərh yazılma­dığından anlaşılır ki, görünür, elə müasir anlamda da qavranılmışdır. V.V. Bartoldun sözün işləndiyi misraları “твой стон осла­бел, твое колено, не доходя до стремени, ослабело; твой глаз, не узнающий твоей жены, ханской дочери, ослабел” (27, 62) şəklində tərcüməsindən aydın olur ki, olmuş, yoxsa ulmuş variantında oxuma­sın­dan asılı olma­yaraq, görkəmli qorqudşünas onu düzgün mənalandır­mış­dır. H.Boes­chotenlə birgə hazırladığı nəşrdə bu arxaizmi “ulmış” variantında (39, 111) oxuyan S.Tezcan seçimlərinə geniş şərh yazmışdır. Öncə belə bir faktı nəzərə çatdırmaq istərdik ki, araşdırıcı “beliñ ulmış” ifadəsindəki ilk sözü “bilüñ” şəklində oxunmasına üstünlük verərək “idrak, düşüncə” anlamını bildirməsini daha güclü saymışdır (40, 230). Ancaq döyüş meydanında igidin hünərini qabarıq şəkildə canlandırmaqda bir vasitə rolunda çıxış edən “diz” və “göz” kimi bədən üzvlərinin adının sadalanması göstərir ki, bu parçada söhbət idrak və düşüncədən deyil, “at üstün­də əglənməyüb yortan Qazan”ın belindən gedir. Odur ki, “belün” sözünün “idrak və “düşüncə” mənası verən “bilüñ” sözü kimi açıqlanması uğurlu alınma­mışdır.

Müəllif “ölmüş” sözü ilə müqayisədə “çürümüş, ilevini yerine getiremez duruma gelmiş” yozumunu verən “ulmuş” sözünü kontekstdə daha uyğun saymışdır. Bu sözü Derleme sözlüyündəki “1. çürümek, ezilmek, kokmak; 2. incelip kırılmak, eskiyip üzülmek, parçalanmak” mənalı ul-(ulu-), “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə verilmiş “vaxtı keçmək, qalıb xarab olmaq” mənalı ula- feilləri ilə semantik yaxınlıqda (40, 231) şərh edən tədqiqatçı işləndiyi misraları aşağıdakı kimi çevirmişdir:

“Senin aklın çürümüş,

Üzengiye sağlamca basmayan dizin çürümüş,

Han kızı eşini tanımayan gözün çürümüş” (40, 232).

Təəssüf ki, gəldiyi nəticənin tutarlı faktlarla əsaslandı­rıla bilinməməsinə istinad edən alim öz yozumuna şübhə ilə ya­naş­mış, “ulmış” sözünün ozan tələffüzündə “nolmuş” (ne ol­muş?”) variantında işləndiyi, yazıya köçü­rülərkən isə təhri­fə uğ­rayaraq “olmuş” kimi verilməsi qəna­ə­tinə gəlmişdir (40, 232).

Bizə görə, istər dil faktları, istərsə də mətn konteksti bu sözün “zəifləmək, üzülmək, gücdən düşmək” mənalı arxaik “ul- (-mış zaman şəkilçisidir) feili olduğunu söy­ləməyə əsas verir. Belə ki, ulu dilçi M.Kaşğari sözlüyündə tamam bişib didim-didim dağılan ətlə bağlı “əprimək, ifrə­mək” və köhnəl­miş paltarla bağlı “süzülmək, yırtılmaq” mənalı “ul-” feilləri qeydə alınmışdır (20, I, 220). Müstəqil sözlər kimi ayrıca baş­lıqlar şəklində verilməsinə baxma­yaraq, fikrimizcə, bu məna­lar eyni sözün, yəni arxaik “ul-” feilinin məna çalarlarıdır. Məlumdur ki. çoxmənalılıq sözün qədim­li­yini büruzə verən başlıca göstəricilərdəndir. Bundan əlavə, faktlar göstərir ki, dili­mi­zin qədim qat­larında işlək olan “ul-” sözü söz yaradı­cılığında da fəal olub “ərpitmək”, “yıpranmaq” mənalarını daşıyan “ultur-” feilinin (-tur feildən feil düzəl­dən şəkilçidir) yaranmasında da iştirak etmişdir. Bu məna çalarlarından biri ətlə, digər isə köhnə paltarla bağlı olsa da, ilkin “gücdən düş­mək, üzülmək” mənasını saxlamaqdadır. Türk alimi A.Bat­talın İbn Mühənna lüğətində də “pışip ensaci kalmamış et” mə­nasında getmiş bu sözün məhz “ulmuş” variantında oxun­masını təkid etməsi (18, 80) bir daha göstərir ki, üzərində da­yandığımız variant olduqca qədimdir. Ən maraqlı fakt­lardan biri də budur ki, bu qədim feil “ərimək, zəifləmək, üzülmək” mənasını müasir yakut dilində (30, IIIc, 2991) və S.Tezcanın qeyd etdiyi kimi, Azərbaycan dili dialektlərində -a feil düzəl­dən şəkilçisinin artırılması ilə yaran­mış “çü­rümək” mənalı “ulamax” feilində və “çürük, çürümüş” mə­nalı “ulamış” feili sifətində (3, 517) müəyyən məna dəyiş­məsi yolu ilə hələ də yaşamaqdadır.

Gətirilən soylamanı diqqətlə izlədikdə aydın şəkildə müəyyən­ləş­dirmək olur ki, burada Burla xatun düşmən tərə­fin­dən təklənib zəiflədilmiş, gücdən salınmış can sirda­şı­nın düşdüyü vəziyyəti gerçəkliyi ilə dəyərləndirmək istə­mişdir. Daha dəqiq de­sək, ərənlər əvrəni Qazanın at üstün­də əyilmə­yən belinin, üzəngiyə sığmayan dizi­nin, xan qızını tanımayan gözünün gücdən düşdüyünə (üzüldüyünü, zəif­lədiyini) inan­ma­yaraq, bu çətin məqamda ona dəstək durmaq, əsir götü­rülmüş oğlu Uruzu xilas etmək üçün “çal qılıcıñ” deyə aman­sız düşmənlə döyüşə ruhlan­dırmaq istə­miş­dir.

Bütün bu faktlar bir daha onu göstərir ki, “Dədə Qor­qud” eposu türk dilinin keçdiyi inkişaf prosesi ilə qarşı­lıqlı əlaqədə araşdırıldıqda mübahisəli oxunuş və məna açımlarına bir aydınlıq gətirmək mümkündür.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə