Бакы дювлят университети



Yüklə 3,12 Mb.
səhifə2/6
tarix08.07.2018
ölçüsü3,12 Mb.
#53830
1   2   3   4   5   6

TAHİRLƏ İGİDİN DEYİŞMƏSİ
Tahir:

Bəy oğlu, xəbər ver bizə:

Zöhrə qız hardadır, harda?

Məcnun olub çıxdım düzə,

Zöhrə qız hardadır, harda?
İgid:

Xəbər alsan, vəzir oğlu,

Zöhrəcan bağdadır, bağda.

Pəri sifət, huri görklü,

Zöhrə qız bağdadır, bağda.
Tahir:

Firqətindən cəfa çəkib,

Gözümdən qanlı yaş yöküb,

Görə bilməm, hər yan baxıb,

Zöhrəcan hardadır, harda?
İgid:

Seyr etməyə bağa girdi,

Qırx kənizlə belə yürdü,

Ürəkdə dərdi Tahirdi,

Zöhrə qız bağdadır, bağda.
Tahir:

Molla məlun əvvəl günü,

Çox xəbərdar etdi məni,

Qaraçomaq almış onu,

Zöhrəcan hardadır, harda?
İgid:

Bağçası gündə talandır,

Bülbül fəğanda qalandır,
Ağlama, bu söz yalandır,

Zöhrə qız bağdadır, bağda.


Tahir:

Gözümü giryan eyləyən,

Ağlımı heyran eyləyən,

Qara bağrım qan eyləyən

Zöhrəcan hardadır, harda?
İgid:

Tahir deyib, yanar canı,

Bu şəhrin əziz mehmanı,

Qırx kənizin bir sultanı

Zöhrə qız bağdadır, bağda.
Tahir:

Tərk etdim dünyanın varın,

Dünyaya verməm bir tarın,

Yandım, görmürəm didarın,

Zöhrəcan hardadır, harda?
İgid:

Yar deyib ağlın çaşdırıb,

Dərdini başdan aşdırıb,

Ağlar, qəlbinə daş vurub,

Zöhrə qız bağdadır, bağda.
Tahir:

Başqa oda mən yanmaram,

Ölsəm yolundan dönmərəm,

Doğru söylə, inanmaram,

Zöhrəcan hardadır, harda?

İgid:

Seyr edir səhər çağında,

Qızıl güllər qucağında,

Ağlar ayrılıq dağında,

Zöhrə qız bağdadır, bağda.
Tahir:

Doqquz aylıq yoldan gəldim,

Xızır ilə həmrah oldum,

Tahir deyər, görməz qaldım,

Zöhrəcan hardadır, harda?
İgid:

Bəy oğlu söylər həmişə -

Düzünü deməyim nişə?

Sən qılma qayğı-əndişə,

Zöhrəcan bağdadır, bağda.


TAHİRLƏ ZÖHRƏNİN DEYİŞMƏSİ
Tahir:

Doqquz aylıq yoldan durub gəlmişəm,

Oyanmadın bu əfğana, Zöhrəcan!

Gündə yüz yol dirilmişəm, ölmüşəm,

Gəlməyəydim bu cahana, Zöhrəcan!
Zöhrə:

Neçə günlər gəzdim, yarım gələr deb,

Yolun baxıb, ağlım heyran eylədim.

Bağlarıma bülbül-zarım qonar deb,

Bu gün güllərimə seyran eylədim.
Tahir:

Oyanmadın bunca bülənd saz ilə,

Göllər oyanmazmı quba qaz ilə?

Ya qəflətdə qaldın, ya da naz ilə,

Odlar saldın şirin cana, Zöhrəcan!
Zöhrə:

Sən mənə demə gəl belə sözünü,

Töhmət edib başa tutma özünü,

Dediyin düz olsa, görməm üzünü,

Söylə, kimlə əhdi-peyman eylədim?
Tahir:

Xarabadan çıxdı ağsaqqal özü,

Qaradır əsbabı, siyahdır üzü,

Şeyxi-Ləna xəbər verdi bu sözü,

Getdi könlüm bədgümana, Zöhrəcan!
Zöhrə:

Şeyxi-Ləna derlər, şeytandır adı,

Haqqın məlunudur əhli-övladı,
Yalan deyib, sənə salandır odu,

Haqq edibdir – yerin zindan eylədim.


Tahir:

Sevdiyim, rəhm eylə bağrı paraya,

Məlhəm eylə rəqib qoyan yaraya,

Səni deyib, qılınc qoydum araya,

Gözləmədim Mahım qızı, Zöhrəcan!
Zöhrə:

Yeddi il olubdur gedəli varı,

Bu köşk içrə yalnız çəkdim azarı.

Canımın rahatı, tənim müdarı,

Surətin qəlbimdə mehman eylədim.
Tahir:

Qurban olam yarın Zöhrə adından,

Mən qəribi çıxarmamış yadından,

Ayrılıq dərdindən, eşqin odundan

Kül olmuşam yana-yana, Zöhrəcan!
Zöhrə:

Şum rəqib tənindən gülə bilmədim,

Ata qəzəbindən ölə bilmədim,

Zöhrə der, Tahirim, bilə bilmədim,

Qaraçomaq deyib güman eylədim.
Tahir:

Tahir deyər, uzaq yoldan gəlmişəm,

Özümü eşq bazarına salmışam,

Dediyim bu sözə tövbə qılmışam,

Dolanalım o dövrana, Zöhrəcan!

YUSİFLƏ ZÜLEYXANIN DEYİŞMƏSİ
Yusif:

Xoş qal, Züleyxacan, fani dünyadan

Daha dayanmayıb köçməli oldum.

Kim gələrsə, yenə gedər bu yerdən,

Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:

Yusifcan, vurma sən hicran dağını,

Dayan, bir neçə gün sirdaş olalım.

Seyr eyləyək fani dünya bağını,

Sonra sonsuz yola yoldaş olalım.
Yusif:

Bugün bizə haqdan fərman yetibdir,

Bağıma, bağçama xəzan yetibdir,

Ömrümə, günümə tufan gedibdir,

Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:

Sən olmasan əziz canı nedərəm,

Mən də axirətin yolun tutaram,

Səbr eləsən sənin ilə gedərəm,

Dayan, sonsuz yola yoldaş olalım.
Yusif:

Bu dərdə yetişməz heç kimin dadı,

Gedibdir, qalmayıb könlümün şadı,

Bizə bugün dəyməş əcəlin badı,

Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:

Özü kömək etsin, yaradan cabbar,

Mənim səndən özgə qeyri kimim var?
Gen dünya başıma sənsiz olar dar,

Dayan, sonsuz yola yoldaş olalım.


Yusif:

Yusif haqq əmrinə belin bağladı,

Züleyxacan Yusif üçün ağladı,

Ölüm bütün adamları dağladə

Xoş, aman ol, canım, getməli oldum.
Züleyxa:

Züleyxa der: yaxşı-yaman görmüşəm,

Dünyada amansız dövran sürmüşəm,

Gedər olsan, mən izində yürmüşəm,

Dayan, sonsuz yola yoldaş olalım.

ABDULLA ŞAHBƏNDƏ

(1720 – 1800)
Görkəmli türkmən şairi Abdulla Şahbəndə 1720-ci ildə Vas şə­hərində anadan olmuşdur. Türkmən­lə­rin yomut bo­yu­nun qoçaq tayfasındandır. Ömrü Vasda və Köhnə Ür­gəncdə, Qafqazda və İran­da (Ətrək, Gürgan və İs­fahanda) keçmiş­dir. Atasının adı Mə­mi, ana­sının adı Döv­lət­bikə, sevgilisinin (ar­va­­dı­nın) adı Mənli­dir. Özünün əsl adı­nın Əb­dünə­zər olduğu söylənir. Şairin Seyid­nəzər, Dövlətnə­zər, Məmməd­nə­zər və An­namənli adlı dörd oğlu olmuşdur. Şah­bən­dənin nəslindən olanlar hazır­da Türk­mə­­­nis­ta­nın Daşoğuz vilatətinin Köh­nə Ür­gənc və Taxta mahalında ya­şa­yır­lar. Şair 1800-cü ildə və­fat etmiş və Daşoğuzda Aşiq Aydı­nın künbəzi yanında dəfn olun­muş­dur.

Əldə olan məlumata görə, Şahbəndə yaxşı təhsil almış, Xi­və­dəki məş­hur Şirqazi mədrəsəsində oxumuş, dövrünün ən bilgə, ən sa­vadlı adam­­larından biri ol­muşdur. Şeir­lə­ri, xüsusilə müəm­ma­ları onun Şərq ədəbiyyatı, ilahiyyat, mi­fo­logiya, tarix, coğ­ra­fiya, astro­no­mi­ya, təbabət sahələrində dərin bilik sahibi oldu­ğunu göstərir.

Şahbəndənin gerçək həyatı başdan-başa əfsanə du­ma­nı­na bü­rün­müş­dür. Onun adı haqqında da xüsusi rəvayət var. De­yilənə gö­rə, ən yaxın dostu savaşda əsir düşür və Şahbəndə onu axtarmağa çı­xır. Gəlib görür ki, dostu bir şahın əlində əsir­­dir. Öz-özünə belə de­yir: «Dostumla mənim aramda heç bir fərq yoxdur. Əslində, mən də şahın bir bəndəsi və əsiri­yəm». Bundan son­ra onun adı Şah­bən­də olaraq söylənir.

Abdulla Şahbəndə Məmmədvəli Kəminə və Murad Ta­libi ilə (rəvayətə görə həm də Məxdumqulu Fəraqi ilə) yaxın dost olmuş­dur. Xalq arasında on­ların dostluğu haqqında mar­aqlı rəvayət­lər do­la­şır.

Şahbəndənin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun mövzu­larının ək­­səriyyəti real həyat hadisələrindən götürül­müş­dür. Bəzi şeirləri avtobio­qra­fik səciyyə daşıyır. Şeirlə­rin­də didaktik motivlər güclüdür. O, insanları da­im yaxşılıq et­mə­yə, xeyirxahlığa səsləmiş, xü­susilə gənclərə mərdlik, şü­ca­ət, əda­­lət duyğuları aşılamağa ça­lışmışdır. Şairin dini möv­zuda yazdığı şe­­ir­lərdə həzrəti peyğəm­bə­rin həyatı və islam di­ninin gözəllikləri ustalıqla və səmimiyyətlə vəsf edilmişdir.

Abdulla Şahbəndənin poetik irsinin böyük hissəsi itib-batmış, çox az bir qismi gəlib bizə çat­mış­dır. Onun bəzi şeir­ləri başqa şa­ir­lərin adına çıxıl­mış, dini məzmunlu şeirləri isə sovet dövründə ümi­miyyətlə ortaya çıxarıl­mamışdır. Bununla birlikdə şa­irin yaradı­cılığı türkmən ədəbiyyatında çox mühüm bir mərhələ təşkil edir. O, sə­ləfləri Nurməhəmməd Əndəlib­dən və Dövlət Məmməd Azadidən tə­sirləndiyi kimi, özündən sonra gələn xələfləri­nə, o cümlədən Məx­dumquluya, Zəliliyə, Molla Nəfəsə, Katibiyə, Aşiqiyə və başqa şair­lərə qüv­vətli tə­sir göstərmiş, onlara nümunə olmuşdur.

Şahbəndə bir neçə dastan müəllifidir. Onun «Şah Bəh­ram», «Gül-Bül­bül», «Xocamverdixan» adlı üç dastanı var. Bu dastann­lar­dan «Şah Bəhram» hind mifologiyasının savaş, ov­çuluq və zəfər tan­rısı Varaxra, yaxud Viret-rana ilə bağlı­dır. Bu surət sonralar İran mifo­lo­giyasına keçərək Bəhram ki­mi sabit­ləş­mişdir. Mifik obraz ola­raq Bəhram Mars və Mərrix kimi savaşı simvolizə edir. Sasani­lərin on dördüncü şahı olan ədəbiyyatda qulan (gur, çöl eşşəyi) ov­layan Bəhram Gur ki­mi məşhurlaşmışdır. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində, Əmir Xos­rov Dəh­ləvi isə «Həşt behişt» poemasın­da onun su­rətini yarat­mış­lar. Şah­bəndə də on­ların təsiri altında bu möv­zuya müraciət etmiş­dir. Lakin «Şah Bəhram» das­tanının süjeti xeyli fərqli və orijinaldir. Şeirləri isə müs­təs­na dərəcədə gö­zəl­dir.

Şahbəndənin «Gül-Bülbül» adlı dastanı da çox maraq­lı­dır. Bu möv­zu­da on­dan əvvəl də əsərlər yazılmışdır. 1456-cı il­də Bədiəd­din Mənuçöhr ət-Təbrizi, daha sonra özbək şair­lə­rindən Səlahi «Gül-Bülbül», Lütfi isə «Gül və Novruz» adlı əsər yazmışlar. Şahbəndə isə öz dastanına başqa bir ruh vermiş, onun sujetini öz istəyinə və po­e­tik məramına görə dəyiş­dir­miş­dir. Şahbəndə das­ta­nın sonunda onun yazılma tarixi barədə (hic­ri təqvimlə 1214-cü il, miladi təq­vimlə 1799/1800-cü il) məlumat verərək bu sətirləri qələmə al­mış­dır:


Min iki yüz on dörd oldu tarixdə,

Bicin (meymun) ili yazdım qissəni, bəylər.


Şairin «Xocamverdixan» dastanı da orijinal və maraqlı əsər­dir.

Bunlardan başqa, mənbələrdə verilən məlumata görə, Şahbən­dənin gə­zib-gördüyü yürlərdən bəhs etdiyi «Səyahət­namə» adlı bir əsəri də olmuşdur, lakin bu əsər indiyədək aş­kar edilməmişdir.

Abdulla Şahbəndənin şeirləri və dastanlarının yüzdən artıq əlyazması hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əl­yazmalar İnstitutun­da saxlanır. Şairin əsərləri dəfələ­rlə nəşr edilmiş, haqqında elmi tədqiqat iş­ləri yazılmışdır.

Şahbəndənin əsərləri Azərbaycanda çox da bilinmir. Öl­kə­mizdə əvvəl­lər onun cəmi bir neçə şeiri çap olunmuşdur. Ya­radıcılı­ğı Bakı Dövlət Uni­versitetinin tükr xalqları ədə­biy­yatı kafedrasında və bəzi ali məktəblərin fi­lologiya fakültələ­rin­də tədris olunur.



QIRX
Xəbər vergil, Bəkir xocam,

O nə anddır, vallahı qırx,

Doqquz oğlan bir beşikdə,

Anası dörd, Allahı qırx?


Önü yürür, izi yetməz,

Yerdə-göydə məskən tutmaz,

O nə quşdur ölməz-itməz,

Ayağı dörd, kəlləsi qırx?


Nə mizan olar, nə yerdə,

Nə şəfadır yüz min dərdə,

Yeddi kiriş, yetmiş pərdə,

Sazı birdir, zilləsi1 qırx?


Nə dəryadır, girdabı dörd,

O nə bağdır, ərbabı dörd,

Atı doxsan, əsbabı dörd,

Donu doxsan, hülləsi2 qırx?


Nə ölkədir, eli beşdir,

Yağar yağmur, seli beşdir,

Nə tüfəngdir, nili3 beşdir,

Çaxmağı bir, mərmisi qırx?


Nə ölüdür, yaşı doqquz,

Nə mizandır, başı doqquz,

Nə tirəndaz, daşı doqquz,

Nə əjdaha, kəlləsi qırx?

Nə qaladır, bürcü doxsan,

Nə bəzirgan, borcu doxsan,

Nə qumaşdır, xərci doxsan,

Dağı on dörd, qallası1 qırx.


O nə oddur, tütünü yüz,

O nə sözdür, ütünü2 yüz,

Nə məsciddir, sütunu yüz,

Oğlanı üç, mollası qırx?


Sınsa çoxdur, daşsa azdır,

O nə söhbət, o nə sazdır,

O nə novruz, o nə yazdır,

Qışı doxsan, çilləsi qırx?


Aşma, xocam, bu bir pillə,

Bu sözümdə yoxdur hiylə,

Tapa bilməz neçə molla,

Məğər olsa silləsi3 qırx.


Şahbəndə söylər hər sözdən,

Tut hesabın yüzdən, yüzdən,

Dörd çeşmə axar bir gözdən,

Bəndi beş yüz, damlası qırx.




BEŞ
Xəbər vergil, Haşım xocam,

Nə çölistandır, dağı beş?

Ağzında qırx min qırx dişi,

Nə ilandır, ayağı beş?


Sinəmdə eşqin dağı var,

Dilsiz-ağızsız yağı var,

Üç yüz altmış ayağı var,

Hər ayağın barmağı beş.


Nə qumaşdır, xərci səksən,

Nə tüccardır, borcu səksən,

Nə qaladır, bürcü səksən,

Bağbanı yetmiş, bağı beş?


Qaranlıq dünyada aləm,

İyirmi beş at bir öydə cəm,

Hər atda iyirmi beş adam,

Hər birinin yarağı beş?


Şahbəndə deyər, nə filan,

Nə gün yazılmış, nə divan,

Səhər vaxtı doğan keyvan,

Qarası qırx min, ağı beş.



NƏDİR
Xəbər vergil, nə məxluqdur, üç dilli,

Hər dilin şərh eylə, bəyanı nədir?

İkisi mənalı, biri bikamal,

Birinə bənd olmuş, zamanı nədir?


Bir dilində yüzdə birdə hesab var,

Bir dilində yüzdə səksən cavab var,

İki yüzdə səkkiz dənə hicab var,

Doqquz xəbər, üç and, zəbanı nədir?


Birini üçə böl, üç-dörd baş olar,

Birin iki bölsən, neçə baş olar?

Üçdə üç, dörddə dörd, beşdə beş olar,

Üç yerdə salınan dükanı nədir?


Nə məxluqdur, dildə çoxdur qovğası,

İki ayaqlıdır, yetmiş kəlləsi,

Dişi iyirmi doqquz, yüz on pilləsi,

Fəhm eylə, qurulmuş mizanı nədir?


Fəhmin olsa, tut sən gündüz gecədən,

Neçə yumurta çıxar tək bir cücədən,

Sən bilməzsən, soruş Bəkir xocadan,

Ölkəsi, məskəni, məkanı nədir?


Bunların şanında otuz bir yağı,

Yetmiş baş, qırx bir tən, otuz ayağı,

Başın tutub, taxıb qıçına bağı,

Dörd qılıncla salan nişanı nədir?


O nə quşdur, onda nə tən var, nə can,

Çərx vurar, çevrilər misali-asiman,

Yumurtlayar toyuq kimi hər zaman,

Xoruz tək banlayar, fəğanı nədir?


Ayağı məğribdə, başı məşriqdə,

Çəpər tək tikilmiş, nə sirdir haqda,

Məşq edibdir hansı kitab-varaqda,

Fəhm eylə, katibi, yazanı nədir?


Məna sor, məna al, can ilə təndən,

Doğru söz çıxarmı əyri bədəndən?

Utanma, şairim, soruşum səndən,

Bildinmi başında qovğanı, nədir?


Nə ümmandır, daşdı, coşdu, səngidi,

Bu yolda bağlamış Şahbəndə bəndi,

Əkdi, biçdi, çəkdi, durma sən indi,

Gəlibsən dərməyə, başağı nədir?



BİLİNMƏZ
Arif olsan, səndən xəbər alım mən,

Nə millətdir, hardalığı bilinməz?

Xəbər ver, soruşum, gənci-xəzinə,

Fəqirdəmi, baydalığı1 bilinməz.


Nə kirişdir, bənd olubdur kamana,

Hansı gün qopacaq axır-zamana?

Nə səbəbdən qərq olubdur ümmana,

Kənardamı, saydalığı2 bilinməz.


Nə gövhər, nə yerdə yatar kəmbaha,

Necə isbat etmiş sureyi-Taha,

Qarkı3, çoban, quzu, bülbül, əjdəha,

Beşinin bir öydəliyi bilinməz.


O nə quşdur, qonduğu yer gümüşlü,

Altı min qanadlı, əlli min başlı,

Atası qırxında, oğlu yüz yaşlı,

Yasdalığı, toydalığı bilinməz.


O nədir ki, dörd yanında üzü var,

O nədir ki, sinəsində gözü var,

Nə kəlamdır, üç yüz altmış sözü var,

Yerdə, göydə, aydalığı bilinməz.


O nədir ki, önü var da, ardı yox,

O nədir ki, qonar-köçər, yurdu yox,

Hesab edib görsəm, yenə dördü yox,

Nə məkanda, caydalığı bilinməz.

Şahbəndə der: üç min üç yüzü dursun,

Dörd min dörd yüz qırx dörd səfasın sürsün,

Hər kim ustad isə, cavabın versin,

Dörd dalın bir zedəliyi4 bilinməz.



HANSIDIR – BUDUR
Ver xəbər, arif olsan, sirri-pünhan hansıdır?

On iki darvazalı ol şəhri-əbdan2 hansıdır?

Tut hesab həftadi-həft, bürci-gərdan hansıdır?

Üç yüz altmış cuyi-abı2, iki ruhdan hansıdır?

Ver xəbər, ustad isən, ol şəhrə sultan hansıdır?
Feyzi-haqdır, söhbət içrə ol sirri-pünhan olur,

On iki darvazalı şəhri-bədən insan olur,

Bürcü yetmiş yeddi peydir, şəhər bəndi an olur,

Üç yüz altmış damar həblül-vəridə3 qan olur,

İşbu şəhər içrə bilin kim, könül sultan olur.
İki yüz ol qırx səkkiz həm köyi-büzürg4 qıl bəyan,

Pənc sədü bistü həşt5 xana, beş yüz iyirmi beş dükan,

İki vəzir çox qulama buyurur kari-gəran6,

Mənası çoxdur, hesab et, tez dolandırgil zəban,

Qazısı nədir, hökmü nə, adil fərman hansıdır?
İki yüz ol qırx səkkizdir üstüxan7, etsəm bəyan,

Beş yüz iyirmi səkkiz öy bu əsli ərmiş məkan,

Ol bədən peyvəndidir beş yüz iyirmi beş dükan,

..............................................................................

..............................................................................
Ol nə quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

İki türfə qanadı – biri qaradır, biri ağ,

Ol nə səyyad qəsd edib, kim yolunda qurmuş duzaq,
Fəhm edib, ustad isən, əbcəd hesabı birlə bax,

Ver xəbər indi görüm, ol quşa aşyan hansıdır?


Ömür – quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

Gecə-gündüz qanadı – biri qaradır, biri ağ,

Bu əcəl səyyad olur, kim yolunda qurmuş duzaq,

Çün ömür üç hərf, əbcəddən etsəm iftiraq,

Bizi ustad bilsən, indi bu cəsəd aşyan olur.
Arif olsan, ver xəbər, xar nədir, xunxar nədir?

Qafil ol kim könlü xəstə, dərdi-biazar nədir?

Bilmənəm ağıl neyçin, dəhr içrə ol bidar nədir?

Sirri-pünhanına dolmuş, aləmə aşkar nədir?

Ol nə başdır, həm yenə baş içrə pünhan hansıdır?
Aşiqi-məşuq durur kim, xar budur, xunxar budur,

Qafil adam, könlü xəstə, dərdi-biazar budur,

Dünyadan ağıl qaçar, eşqli könül bidar budur,

Ol xuda pünhan gözünə, aləmə aşkar budur,

Ol cahan dostu riza, xəşmi-qədər pünhan olur.
Dəhr ara Şahbəndeyi-biçarə eyləyər sual,

Ol nə zülmətdir ki, rövşənliyə dönmək müxal1,

Müfti-biəməl nədir, qəm dəştində fasid xəyal,

Dürri-gövhər kanı kimdir, binəva, biintiqal,

Ol nə gənc, xərc etsən artar, etməsən nöqsan olur?
Dəşt ara verdi cavab şol yerdə ol miskin həlal,

Qocalıq bir zülmətdir, rövşənliyə dönmək müxal,

Müfti-biəməl riyadır, ücb2 olar fasid3 xəyal,

Binəva ələmlər imiş, binəva, biintiqal,

Elm – gənc, xərc etsən artar, etməsən nöqsan olur.

PƏRİ İLƏ ŞAH BƏHRAMIN DEYİŞMƏSİ
Pəri:

Qaçıb çıxdım qollarından,

Sənin yarın mən deyiləm.

Yürü, qalma yollarından,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Əylən, qara gözlü pərim,

Sənin yarın mənəm, mənəm.

Şəhdi-şəkər sözlü pərim,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Qafil idim, saldın ala,

Aşiq oldun bu camala,

Yeri, düşmə xam xəyala,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Gül qalmadı bağça-barda,

Əlim yetməz, zülfün darda,

Qoyma bizi ahu zarda,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Nə qəzirsən ançalarda,

Bağ içində bağçalarda,

Tər açılan qönçələrdə,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Bəndivanam sözlərində,

Qara xallı üzlərində,

Səfil qaldım izlərində,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Pəri adamzada yetməz,

Yetən yerdə məskən tutmaz,

Pərizadam, əlin yetməz,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Gah doluyam, gah xalıyam,

Sənin eşqində dəliyəm,

Gül üzünün abdalıyam,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Libaslarım aldın mənim,

Nə sözün var, nə mətləbin?

Vardır məndə nə məqsədin?

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Düşdüm sənin xəyalına,

Aşiq oldum camalına,

İntizaram vüsalına,

Sənin yarın məməm, mənəm.
Pəri:

Gəl ey adamzadım mənim,

Kimə yetər dadım mənim,

Balahüsn adım mənim,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Şah Bəhram der, həvəsiyəm,

Qönçə gülün nəvasıyam,

Fars elinin paşasıyam,

Sənin yarın mənəm, mənəm.
BALAHÜSN İLƏ ŞAH BƏHRAMIN DEYİŞMƏSİ
Balahüsn:

Mən qorxuram şum ayrılıq

Üstümüzə düşə bir gün.

Bu rəhmsiz qəhbə fələk

Ağı qata aşa bir gün.
Şah Bəhram:

Qaçmaq olmaz, qəhbə fələk

Tor qurubdur dışımıza,

Sığınarıq yaradana,

Hər nə gəlsə başımıza.
Balahüsn:

Ər gərəkdir ölüşməyə,

Yoxsa nə var döyüşməyə?

Bizi qoymaz sevişməyə,

Dev Səfid yetişsə bir gün.
Şah Bəhram:

Bir allahı yada salsam,

Əli zülfüqarın çalsam,

Sənin yolunda mən ölsəm,

Yiyə olgil leşimizə.
Balahüsn:

Boyun-boyun qol salışsaq,

Sirr veribən sirr alışsaq,

.­ Dönər, sevib ayrılışsaq

Yaz günümüz qışa bir gün.
Şah Bəhram:

Gözəllikdə yoxdur tayın,

Şöləsisən günün, ayın,

Tutiyadır xaki-payın,

Gözümüzə, qaşımıza.
Balahüsn:

Balahüsn fəhmsizdir,

Yaradandan vəhmsizdir,

Qəhbə fələk rəhmsizdir,

Ağı qatar aşa bir gün.
Şah Bəhram:

Şah Bəhram der yana-yana,

Od düşübdür şirin cana,

Sığınarıq yaradana,

Qayğı gəlməz huşumuza.

MƏXDUMQULU FƏRAQİ
Məxdumqulu Fəraqi tarix boyu gəlib keçmiş ən böyük türk­mən şa­i­ri­dir. Onun türkmən ədəbiyyatı tari­xindəki yerini ve möv­qe­yini bir cüm­lə ilə belə sə­ciy­yə­ləndirmək olar: Bay­­ron ingilis, Dante ital­yan, Puşkin rus ədə­biy­yatı üçün nə­dirsə, Məxdum­qulu da türk­mən ədəbiy­yatı üçün odur. Böyük türko­loq Barthol­d yazmış­dır ki, tarixdə hələ heç bir türk şa­iri öz xal­qı ara­sında Məxdumqulu qə­dər po­pulyar olmamış, onun qədər sevilmə­miş, oxun­mamış və əz­bərlən­mə­miş­dir.

Məxdumqulu Fəraqi 1733-cü ildə Türkmənis­ta­nın Ətrək vila­yə­tin­də Kümbəzhovuzun şərqindəki Ha­cı­qovşan adlı yerdə, başqa bir mə­lu­mata gö­rə, Qızılba­yır (indiki Şarlavuk) obasında türkmən ədəbiy­ya­tının klassiki Dövlətməmməd Azadinin ailə­sin­də dün­yaya gəlmişdir. O, əvvəl­cə qonşu kən­d­dəki İdris Baba məktəbində, daha sonra Buxa­ra­dakı məş­hur Göyəltaş və Xivədəki Şirqazi mədrəsə­lə­rində oxumuş, baş­da Quran ol­maqla ilahiy­yat elmini, hən­də­sə, he­sab, nücum, tarix, coğrafiya və di­gər fənləri dərindən öy­rənmiş, ədə­­­biyyata və dilə xüsu­si maraq gös­tə­rə­rək Şərq ədə­biy­yatı klas­sik­lərini ciddi mütaliə et­miş, Xoca Əhməd Yə­səvi, Fü­zuli, Nəvai, Nə­simi, Hacı Bəktaş Vəli, Yunus İm­rə, Nizami, Ha­fiz, Xəyyam, Cami, Dəhlə­vi kimi şairlərin yaradıcılığını mənim­sə­miş, Şərqin bö­yük alim­­lərindən Fərabinin, Biruninin, ibn Sina­nın, əl-Xarəz­mi­nin, Mən­sur Həllacın, Qəzalinin, Zəməx­şərinin, Nəi­minin, Bəya­zid Bis­taminin və başqalarının elmi-fəlsəfi irsi ilə tanış olmuş, cağatay, ərəb və fars dil­lərinə mükəmməl şəkildə yiyələn­miş­­dir. Məxdum­qu­lu Buxa­ra­da nəqşibəndi ordeninə ciddi maraq gös­tər­miş, bu or­de­­nin şeyxi Bəha­əd­din Nəqşibəndinin yarat­dığı sufi mək­təbinin güclü tə­si­rinə məruz qal­mış, şeyxin «Dilin yar ilən, əlin kar ilən olsun» şüarı­nı öz hə­yatının və sə­nə­ti­nin əsas kre­dosu, ma­ya­sı və mənası ki­mi qə­bul etmişdir.

Məxdumqulunun şəxsi həyatı faciələrlə keçmişdir. Abdulla ad­­lı qar­­­daşı hansı səbəbdənsə ata yurdunu tərk etmiş, 1754-cü ildə üç ailə üz­vü – ba­­cısı Xanmənli, kiçik qardaşı Canəsən və onun ar­vadı Bay­­ram ey­ni gün­də dünyadan köçmüş, bu dərd Məxdum­qu­lunu, atası Aza­dini və ana­sı­nı dərin kədərə qərq etmişdir. Üs­tə­lik, şairin iki uşağının ikisi də kiçik yaşlarında ölmüş, çırağını yan­dı­racaq başqa övladı olma­dı­ğından Məx­dumqulu bir ata və insan ki­mi bunu böyük ürək ağrısı ilə qarşılamışdır.

Məxdumqulu gənc yaşlarından etibarən səyahətə çıxa­raq bü­tün Türk­mənistanı, Orta Asiyanı, İranı və Hin­distanı gəzib do­laş­­mış, böyük ehtimala görə, Azərbaycanda və Ana­do­luda da olmuş­dur.

Statistik hesablamalarına görə, şairin yaradıcılığında iş­lə­dil­miş re­­al coğrafi, dini-mövhumi məntəqələrin, tarixi və əfsanəvi şəxs ad­la­rının sa­yı 258-dir. Məxdumqulu bir sözün dəfə­lər­lə işlən­diyini nəzərə alınmaqla ümu­mən 101 min kəl­mədən isti­fadə etmişdir.

Məxdumqulunun sonraki həyatı barədə dəqiq məlu­mat­lar yox­­­dur. Onun vəfat tarixi də mübahisəlidir. Bəzi araş­dır­maçılar şai­rin 1783-cü il­də, bəziləri isə 1793-cü, hətta 1798-ci ildə vəfat et­di­yini yazırlar.

***

Məxdumqulu hər şeydən əvvəl böyük şair və istedadlı aşıqdır. Ar­tıq XVII əsrdən etibarən türk ədəbiyyatında divan ədəbiy­yatı ilə klassik aşıq ya­radıcılığı qovuşaraq yeni bir mərhələyə qədəm qo­ymuş, yazılı ədə­biy­yatla şifahi ədəbiy­yatın sintezi nəticəsin­də şa­ir-aşıq sənətkarlar ye­tışmış­dir. Türkmənistanda Məxdumqulu, Azər­bay­canda Vaqif, Türki­yə­də isə Nədim bunların ən parlaq nümayən­dəsi sayılır. Saz çalıb-çalma­masından, məclis­lər­də çıxış edib-etmə­mə­­sin­dən asılı olmayaraq onların yaradıcılığı şifahi xalq ədəbiyyatı ənənə­ləri üzə­rində yüksəlmiş, folklor­dan bəhrə­lə­nərək nəşv-nüma tap­­mış, aşıq şe­i­ri canrları aparıcı mövqedə olmuş, eyni zamanda di­van ədə­biyyatı da öz qüvvətli təsirini qorumuşdur. Bu tipli sənət­kar­ların ya­radıcılığın­da qoşma, gəraylı, təcnis can­rında ya­zılmış əsər­lər­­lə bəra­bər qəzəl, qə­sidə və məs­nə­vilərə də rast gəlirik.



Məxdumqulu söz sənətinə aşıq kimi qədəm qoymuş, türkmən və ümum­­türk folklorunu dərindən mənimsəyən və inkişaf etdirən bir haqq aşığı səviyyəsinə yüksəlmişdir. O, digər haqq aşıqları kimi ba­də içmişdir. Üstəlik, Məxdumqulu yeganə aşıqdır ki, onun həya­tın­da badə içmə doq­quz dəfə baş vermiş­dir. Müqəddəslər əlindən badə içməsi (türkməncə buna «haqdan iç­mə» deyilir), bunun mə­kanı və zamanı, kimlərin iştirakı ilə və nə şə­kildə baş ver­mə­si şairin öz şeirlərində təsvir edilmişdir.

Məxdumqulunun yaradıcılığının əsasını və mayasını, heç şüb­hə­siz, məhəbbət lirikası təşkil edir. Vətəndaş qeyrətli şairin türkmən birliyinə səs­ləyən şeirləri də az deyil. Öz dövrünə görə mükəmməl ru­­­­hani təh­sili alan, yetkin ərən və irfan sahibi olan Məxdumqulunun dini məz­munlu şe­irləri də olduqca çoxdur. Böyük şairin ədəbi ir­sin­də ictimai-siyasi məz­mun­lu şeirlər, fəlsəfi-didaktik əsərlər də əhə­miy­yət­li yer tutur. Bunlardan başqa, Məxdum­qulunun müxtəlif və­si­lələr­lə yazdığı şeirlər də (məsələn, vücud­namələr, ata­sına, qar­daşı Abdul­­laya həsr etdiyi şeirlər, şəxsən özü­nün başına gələn faci­ə­lər haqqında şeirlər) vardır. Doğma xalqına minbir qırılmaz tellə bağ­lı olan bu bö­­tük sənətkar bü­tün hallarda xalq ruhunun tərcü­manı ki­mi onun ar­zu və istəklərini, həyatını və taleyini qələmə almış, bu­nu ge­niş poetik vü­sət və son­suz il­hamla, əlvan və parlaq boyalarla ye­ri­nə yetir­miş­dir. Məxdumqu­lu­nun üç əsrdən bəri türkmən ədəbiy­ya­tına hakim ol­ması, yön ver­mə­si və sevilməsinin sirri də məhz bun­dadır.

Məxdumqulunun yaradıcılığı bütün türk dünyasında olduğu ki­mi, Azərbaycanda da həmişə sevilmişdir. Müx­­təlif dövrlərdə mət­buatda onun şeirlərindən nümunələr çap olun­muş, haqqında yazılar qələmə alın­mış, ya­ra­dıcılı­ğı haqqında dissertasiya yazılmışdır.

Vaxtilə nəşr olunmuş «Klassik türkmən şeiri» kitabında (Bakı, 1983, 239 s.) və Fəxrəddin Əliyevin tərtib və tər­cümə et­diyi «Türk­­mən nəğ­mə­ləri» (Bakı, 1989, 180 s.) kitabında Məxdum­qu­lunun bir sıra şe­i­rləri veril­miş­dir. 1984-cü ildə isə şairin 250 illiyi müna­si­­bətilə «Qəm seli» ad­lı şeirlər kitabı buraxılmışdır. İsmayıl Vəliye­vin tərtib və tərcümə etdiyi bu kiçik­həcmli ki­tabda böyük sənətkarın 102 şeiri öz əksini tap­mış­­dır. Firuzə Ağa­yevanın tər­tib etdiyi «Şe­irlər» kitabında (Bakı, 2006, 160 s.) isə Məx­dum­qulunun 156 şeiri toplan­mışdır. Sovet dövründə nəşr olunan bu ki­tablarda Məx­dum­qu­lu­nun dini məz­munlu şeir­lərindən heç bir nümunə veril­mə­mişdir. Sovet döv­ründə Türk­mənistanda da şairin dini-ruhani şe­ir­lə­rini çap etmək müm­­kün ol­ma­mış, onların üstündən sükutla ke­çil­­mişdir. Ona görə də müs­tə­qillik döv­­ründə Məxdum­qulunun ki­tabla­rından birini «Ba­ğışla bizi» adıyla çap edən naşirlər (bu, şairin ən məşhur dini şe­irlərindən biri­nin adı­dır) hə­min çatış­maz­lığı da aradan qal­dırmış, ulu sənət­kardan bir növ üzr istəmişlər.

2010-cu ildə bu sətirlərin müəllifi tərəfindən Məxdum­qulunun «Se­çil­miş əsərləri» (448 s.) türkməncə orijinalından tərcümə olun­muş və Ankara­da TürkSOY xəttilə nəşr edilmişdir. Hə­min kitabda şairin 400-ə yaxın şeiri ve­rilmişdir. Bu nəşr də həcm məhdudluğu üzündən Məxdum­qu­lunun ya­ra­dı­cılığını tam şə­kildə əhatə etmir. Bu­rada onun şeir­ləri­nin təxminən ya­rısı top­lanmışdır.

Türkmən şairlərindən biri Məxdumqulu haqqında obrazlı şə­kil­də be­­lə demişdir: «Xalqın sönməz çırağı Ulu ustad Fəraqi». Bu, ol­duq­ca isa­bətli bənzətmədir. Məxdumqulu türkmənlər üçün o qə­dər böyük əhəmiy­yət kəsb edir ki, onlar bir şeyi daha dolğun şəkildə ifa­də və izah etmək üçün Fəraqi­dən bir şeir parçasını misal gəti­rir­lər. Bu mənada Türkmə­nistan Dövlət Uni­versitetinə, Elmlər Aka­de­miya­sının Dil və Ədəbiyyat İnstituna, bir sıra mü­əs­­sisə və mərkəzə dahi şairin adını verilməsi heç də əbəs deyil. Türk­mə­nis­tan Respub­likası­nın beynəlxalq miqyasda verilən ən yüksək dövlət mükafat­larından biri isə «Xalqara Məxdumqulu Bayrağı» ad­lanır.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə