Бакы дювлят университети



Yüklə 3,12 Mb.
səhifə3/6
tarix08.07.2018
ölçüsü3,12 Mb.
#53830
1   2   3   4   5   6

OTURMUŞ

Qövs ərə bərabər bir kimsə yoxdur,

Tərki-dünya olub, çıxıb oturmuş.

Ağtab bir mənzildir, mənzəri haqdır,

Ol fərşi-əlaya çöküb oturmuş.
Sağ-solda iki ər, imameyn derlər,

Sağındakı – göyə eylər tədbirlər.

Solundakı – yerə sərəncam verər,

Yer əncamı ilə baxıb oturmuş.


Anladığım işi eyləyim izhar,

Babi-həqdən kəşf olmuşdır bu əsrar,

Orda Övtad derlər daha dördü var,

Dünyanın dörd küncün çəkib oturmuş.


Bunca arı, bunca pakdır zatları,

Cahan içrə onlar yaxar odları.

Yeddi ər var, Budaladır adları,

Olacaq şər işə baxıb oturmuş.


Həqiqət yolundan xəbərli ərlər,

Bu sözüm eşitcək, qulaq verərlər,

On iki ər vardır, Rüqabə derlər,

Hər işi boynuna taxıb oturmuş.


Bunlar cahana can, cahan sanki tən,

Söyləyim bəyanın, qulaq vergil sən,

Adları Nücəba, özləri çiltən,

Ərbəində müdam oxub oturmuş.


Yeddinci güruhu Nüqəba, bilin,

Üç yüz ərdir, sözə bir qulaq verin,

Üç yüz altmış altı ərən hər ilin

Hər gününə biri çıxıb oturmuş.


Bunlar kimə baxsa, o gələr coşa,

Salar dünya məstin həqiqət eşqə,

Əfradi-mənna var bunlardan başga,

Xəlqi məlamətə yaxıb oturmuş.


Məxdumqulu deyər, dostlar, mən gümrah,

Heyran qaldım, bir mənzildə tapmam rah,

Üç yüz gəlib etdi özünə həmrah,

Yanıq bağrım yaşın töküb oturmuş.



YAŞIL ZÜMÜRRÜD
İlk asiman tutmuş əxtərdən zinət,

Adı Rəfa, əsli yaşıl zümürrüd,

Fəriştəsi vardır sığır surətli,

Böyükləri vardır İsmayıl adlı.


İkinci qat göyü desəm bu başdan,

Adı Əzlaundur, əsli gümüşdən,

Fəriştəsi vardır qartal surətli,

Böyükləri vardır Qəbayıl adlı.


Üçüncü göy rəngi seçilməz oddan,

Adı Kaydum, əsli qızıl yaqutdan,

Fəriştəsi vardır börü sifətli,

Böyükləri vardır Göybayıl adlı.


Dördüncü qat göyü sorsan nədəndir,

Adı Məun, əsli ağ incidəndir,

Fəriştəsi vardır ağ at sifətli,

Böyükləri vardır Nunyayıl adlı.


Deyim göyün qoy beşinci qatından,

Adı Rətqə, əsli qızıl-altından,

Fəriştəsi vardır hüri sifətli,

Böyükləri vardır Səftayıl adlı.


Altıncı qat asman çıxmasın yaddan,

Adı Dəfnə, əsli sarı yaqutdan,

Fəriştəsi vardır vildan1 surətli,

Böyükləri vardır Əbayıl adlı.


Soran yeddinci qat göydəki sirdən,

Adı Əcibədir, asmanı nurdan,


Fəriştəsi vardır adam surətli,

Böyükləri vardır Nurbayıl adlı.


Yerdə, asimanda olan səriştə,

Nizam verənləri bu dörd fəriştə:

Mikayıl, İsrafil, Əzrayıl adlı,

Dördüncüsü vardır Cəbrayıl adlı.


Məxdumqulu, faş eyləsən sirrin həm,

Yiyəsi var dəryanın həm, yerin həm,

Yerin bəyi olsun Sərsayıl adlı,

Dəryalar böyüyü Qərqayıl adlı.



ONDA VAR
Birinci qat yerin adı Rəmkadır,

Akım adlı yavuz yellər onda var,

Yetmiş min fəriştə onda saxlanır,

Min qaim əzəli bağlar onda var.


İkinci qat yerin adı Hüldadır,

Quyruğu nizə tək xərçəng ondadır,

Asi adam üçün gözü yoldadır,

Nər-buğra biləkli bövlər onda var.


Altı yüz altmışdır onurğa daşı,

Hər birin altı yüz altmışdır başı,

Hər başda altı yüz altmışdır dişi,

Dağlar dözməz bəd ağılar onda var.


Üçüncü yer adı Arxayi-Afaq,

Odunu dəmirdən, dözməyir torpaq,

Duzəx ənquru var dağdan uluğraq,

Gerçəkdən imansız qullar onda var.


Dördüncü qat yerin adıdır Hürpa,

İlanlarnın dişi dərəxti-xurma,

İstisı yandırar, öldürər sərma,

Tən-can dözməz, dinməz vaylar onda var.


Beşinci yer adı Səlman zəmindir,

Almaz daş vurarlar hər kim bidindir,

Altıncı qat yerin adı Siccindir,

Tamuluq olacaq canlar onda var.


Yeddinci yer adı Qəribə dildə,

Duzəxdən qorxub gəz, xudanı bil də,

Şeytan ordan enib-çıxar hər ildə,

Fəraqi der, yaman günlər onda var.


vardır
Qonar, burdan başqa yerə köçərlər,

Kirişsiz qurulan yayları vardır.

Yaxasız, ətəksiz bir don biçərlər,

Qapısız, bacasız öyləri vardır.


Axirət öyünə rahat qoyarlar,

«Haq rəhmət eyləsin» – dua qılarlar,

«Mən rəbbük?» söyləyən qullar gələrlər,

Kim cavab verməsə, vayları vardır.


Əməlin pis olsa, yer səni sıxar,

Sümüyün şaqqıldar, qəlbin tıncıxar,

Sağından-solundan od-alov çıxar,

Binamazın belə köyləri vardır.


«Əsfələs-səfilin» ona dərkardır,

Şeytan onun üçün çox mədədkardır,

Cəhənnəm deyilən bir duzəx vardır,

Qeybətkeşin onda cayları vardır.


Haramidir, neçə gündür izləyir,

Tapa bilsə, pünhan yerdə gizləyir,

Oğru gəldi, mal yiyəsi sözləyir,

Siccin, Veyl adlı cayları vardır.


Görə bilməz qardaşını, elini,

Kecə bilməz onda sirat yolunu,

Tamsına-tamsına çeynər dilini,

Burda neçə-neçə ayları vardır.


Bismillah de, oxu Qurani-yasin,

Könlündən çıxarma haqqın sənasın,

Məxdumqulu, haq keçirsin günasın,

Cənnətül-məva tək cayları vardır.


GÖRDÜM
Həqiqət dəftərin açdım,

Bir yazılan tumar gördüm.

Bu yurddan ol yurda köçdüm,

Yurdunu ixtiyar gördüm.


Bir evdə var on iki can,

Xoş gəlibsiz, əziz mehman,

Bir süfrədə dörd isti nan,

Üstündə yeddi nar gördüm.


Mustafaya indi varaq,

Münkir olan – dindən iraq,

Bir evdə var on iki çıraq,

Dörd məşəl, bir yanar gördüm.


Bu dünyanın qırağında,

Ağaclar bitmiş bağında

Beş alma var budağında,

Asılmış, bərqərar gördüm.


Məxdumqulu, nə fikrin var,

Ömürdən keçdi ruzigar,

Yetmiş iki sürü davar,

Çobanı bir baxar gördüm.



NƏSƏN SƏN?
Əsla səni görməmişəm, dildarım,

Qumrumusan, bülbülmüsən, nəsən sən?

Qəmgin könlüm xəyalında aldaram,

Bağ içində gülgülmüsən, nəsən sən?


Qaraçımı, ya seyidmi, xocamı,

Ya saqimi, ya şərabmı, ya cammı,

Ya ilmisən, ya gündüzmü, gecəmi,

Ya aymısan, ya günmüsən, nəsən sən?


Ya müşkmüsən, ya ətirmi, ənbərmi,

Yoxsa, bilməm, çərxi-fələk, çənbərmi,

Ya dəryamı, ya dalğami, ləngərmi,

Girdabmısan,burğunmusan, nəsən sən?


Altınmısan, gümüşmüsən, zərmisən,

Ya ərşmisən, ya kürşmüsən, yermisən,

Ya yaqutmu, ya mərcanmı, dürmüsən,

Çıraqmısan, rövşənmisən, nəsən sən?


Məxdumqulu, keç namusdan, arından,

Əl götürgil bu vəfasız karından,

Cahan dolu, sən qafilsən yarından,

Mey-məstmisən, şeydamısan, nəsən sən?


NEÇƏ YAŞINDADIR
Yer götürən sarı sığır,

Bilməm, neçə yaşındadır,

Dörd min dörd yüz ayağı var,

Hamısı da döşündədir.


Burnunu fərmanlı tutar,

Quyruğu fələkdən ötər,

Məkkəni beldə götürər,

Mədinənin tuşundadır.


Yer üzündə vardır xətti,

Dünyanı tutar heybəti,

Yer teyində yatan Mehdi

Ol öküzün qaşındadır.


Quyruğu zəminin yarı,

Gövdəsi dünyanın varı,

Məğribdən məşriqə sarı,

İki şahı başındadır.


Məxdumqulu, dünya fani,

Bu cahana gələn hanı,

Bir cütə kim qoşa onu,

Tamaşa onun işindədir.



DURDU ŞAİR MƏXDUMQULU
Durdu Şair:
− Bizdən salam Məxdumqulu ustada,

Atamız Adəmin donun kim biçdi?

Dumanlı sərinə qurban olalım,

Bilmədik, məlaik meyin kim içdi?


Məxdumqulu:
− Bizdən cavab olsun Durdu şairə,

Cəbrayıl gətirdi, rizvanlar biçdi.

Qüdrət ilən şol şeytanın şərbətin

Adəm ata ilə Həvv ana içdi.


Durdu Şair:
− Aləm dairəsi nə rəngli dağdır?

Ol nə quşdur, daim onda dustaqdır?

Aşiqlər sevdiyi o nə bulaqdır?

Həftayıl əbvabın varıb kim açdı?


Məxdumqulu:
− Qaf dağı zəbərcət rəngbərəng dağdır,

Kaknus bir quş, daim onda dustaqdır,

Mükəsat deyərlər əcəb bulaqdır,

Həftayıl əbvabın aşiqlər açdı.


Durdu Şair:
− Təlamun dağında kimdir gəzənlər?

Mömin burda, kimdir orda yazanlar?

Şəmaətdə farağatı düzənlər

Neçə ildə yerdən göyə yetişdi?


Məxdumqulu:
− Təlamun dağında zahid gəzdilər ―

Mömin burda, bərat orda yazdılar,

Şəmaətdə farağatı düzdülər,

Hər qırx ildən Zöhrə göyə yetişdi.


Durdu Şair:
− Tanrının cahanda, bil, dağı neçə,

Behiştdə tubunun budağı neçə,

Üzünün məşqinin varağı neçə,

Behiştin kılidi kimə qovuşdu?


Məxdumqulu:
− Yeddi iqlim vardır, yeddidir dağı,

Yetmiş mindir ol tubunun budağı,

«La ilahə» olar məşqin varağı,

Behişt qıldı, rəsulüllah qovuşdu.


Durdu Şair:
− De harda yaratdı səkkiz cənnəti,

Neçə binası var, neçə kümbəti,

Neçə arxı vardır, nəmədir adı,

Teyrin əbabillər kimə qovuşdu?


Məxdumqulu:
− Asmanda yaratdı səkkiz cənnəti,

Altı min binadır, birdir kümbəti,

İçində dörd arx var, Müsəvvər adı,

Əbabil əshabil-filə qovuşdu.



Durdu Şair:
− De harda yaratdı sağar duzəxi?

Neçə quyusu var, neçə bulağı?

İçində bir ilan, nədir sorağı?

Qüdrət ilə ol mar kimə dolaşdı?


Məxdumqulu:
− Yeddi qat yerdədir sağar duzəxi,

Veyldir quyusu, Siccin bulağı,

Harış ilan, qeybətkeşdir sorağı,

Yalançı, zinaxar, oğra dolaşdı.


Durdu Şair:
− Durdu Şair deyər, yollar uzaqdır,

Mən bilmənəm, fani kimə duzaqdır?

Özünü bilməsən, yerin duzəxdir,

Doxsan doqquz min ər harda qovuşdu?


Məxdumqulu:
− Məxdumqulu, eşq meydanı uzaqdır,

Fani dünya möminlərə duzaqdır,

Allah bilər, kimin yeri duzəxdir,

Doxsan doqquz min ər surda qovuşdu.



MƏXDUMQULU − DURDU ŞAİR1
Məxdumqulu:

– Ol nədir ki, yaşıl-qızıl bürünər?

Ol nədir ki, ayağı yox, sürünər?

Ol nədir ki, yeddi dərya görünər?

Şair olsan, bundan bizə xəbər ver.
Durdu Şair:

– Ol əkindir, yaşıl-qızıl bürünən,

Ol ilandır, ayağı yox sürünən,

Ol balıqdır, yeddi dərya görünən,

Bizdən salam olsun, cavab böylədir.
– Ol nədir ki, yaxası var, yanı yox?

Ol nədir ki, qanadı var, qanı yox?

Ol nədir ki, adam udar, canı yox?

Şair olsan, bundan bizə xəbər ver.


– Ol kəfəndir, yaxası var, yanı yox,

Kəpənəkdir, qanadı var, qanı yox,

Qara yerdir, adam udar, canı yox,

Bizdən salam olsun, cavab böylədir.


– Ol nədir ki, darvazasız qaladır?

Ol nədir ki, pəncərəsiz binadır?

Ol nədir ki, bir-birindən aladır?

Şair olsan, bundan bizə xəbər ver.


– Ol könüldür, davazasız qaladır,

Ol qəbirdir, pəncərəsiz binadır,

Ol ay-gündür, bir-birindən aladır,

Bizdən salam olsun, cavab böylədir.

– Ol nədir ki, yemədilər, doydular?

Ol nədir ki, qiyamətə qoydular?

Ol kim idi, dabanından soydular?

Şair olsan, bundan bizə xəbər ver.


– Ol didardır, yemədilər, doydular,

Ol namazdır, qiyamətə qoydular,

Nəsimini dabanından soydular,

Bizdən salam olsun, cavab böylədir.


– Ol nədir ki, yeddi ölkəni gəzən?

O nədir ki, belini bir zad əzən?

O nədir ki, adam misalı sızan?

Şair olsan, bundan bizə xəbər ver.


– Ol çobandır, yeddi ölkəni gəzən,

Ol qoyuundur, dayaq belini əzən,

Bədəv atlar adam misalı sızan,

Bizdən salam olsun, cavab böylədir.


– Ol nədir ki, torpaq üstə sürünməz?

Ol nədir ki, adamlara görünməz?

Ol nədir ki, heç bir dona bürünməz?

Şair olsan, bundan bizə xəbər ver.


– Ərənlərdir, zəlil olub sürünməz,

Ol bəladır, gəlsə, gözə görünməz,

Yalan söhbət heç bir dona bürünməz,

Bizdən salam olsun, cavab böylədir.




MƏXDUMQULU − ORAZ XAN1
Məxdumqulu:

– Bizdən salam olsun, ol Oraz xana!

Taxt ustündə kimdir rəvac oturmuş?

Qırx kasa mey quyub qızıldan cama,

Ol kimsədir varın başa götürmüş?!
Oraz xan:

– Bizdən salam olsun ustad Firağa,

Süleyman ərk-taxta rəvac oturmuş!

Bilqeys qoyub, qırx kasa mey ol cama,

Ərənlər yığılıb başa götürmüş
– Nə aşiqdır, ağlar, gözdə yaşı yox,

Nə gövdədir çiyni üstdə başı yox,

Ol nə gözdür, kirpiyi yox, qaşı yox,

Gözlülərdən yaxşı nərsələr görmiş?!


– Məşrəb ağlar, gözlərində yaşı yox,

Ol zəmindir, gövdəsi var, başı yox,

Afitabdır kirpiyi yox, qaşı yox,

Cahana dolanar, çox nərsə görmüş.


– Ol nə quşdur, qanadsız da uçadır,

Ol nə saldır, ümmanlardan keçədir,

Ol nə kişi, yeddi dərya içədir,

Səkkizi gözləyib, məstana varmış?!


– Cansız quşlar qanadsız da uçarmış,

Dəniz üzüb, ümmanlardan keçərmiş,

Yürüməz, canı yox, gör, su içərmiş,

Birin alsa, səkkiz məstana varmış.



AZADİ – MƏXDUMQULU
Azadi:

− Şeytanın hansı oğludur

Adəm ata ilən düşdü?!

Haqqın rəsulu peyğəmbər

Xeybərdə necə vuruşdı?!
Məxdumqulu:

− Şeytanın Hənnas oğludur,

Adəm ata ilən düşdü.

Xeybər dağında peyğəmbər

Düz yeddicə ay uruşdı.
− Hazır yiyəsi Düldülün

Bilirsənmi kimdir, bilin!

Hansı gün Qabil Habilin

Öldürüb qanını içdi?!


− Hazır yiyəsi Düldülün

Mələk-fəriştədir bilin!

Şənbə gün Qabil Habilin

Öldürüb qanını içdi.


− Nədir, qalxıb, hava uçdu,

Nəsindən zəminə düşdü?

Neçə gündə Nuhun kişti

Cunidin dağına düşdü?


− Dərya qalxıb, hava uçdı,

Köpüyündən yerə düşdü.

Yetmiş gündə Nuhun kişti

Cunidin dağına düşdü.


− Rum şəhrinin sərdarı

Harda saldırmış gülzarı?

Hansı qalanın divarı

Məhəmmədlə merac aşdı?!
− Şəddad ol Rumun sərdarı

Şamda saldırmış gülzarı,

Müqəddəs şəhrin divarı

Məhəmmədlə merac aşdı.


− Azadi söyləyər yetmiş,

Nədir bu dünyanı tutmuş,

Hansı peyğəmbərdir itmiş,

Harda qardaşa uğraşdı?


− Məxdumqulu deyər: yetmiş,

İqlimdir, dünyanı tutmuş,

Yusif peyğəmbərdir itmiş,

Misirdə elə uğraşdı.



KİMDƏDİR?
Bizdən salam Orazmənli şairə,

İslamla kafirın fərqi kimdədir?

Ol nə quşdur qonar adam sərinə,

Onun qonar-qonmaz ərki kimdədir?


Nə bəndədir, qulluq edər, zad almaz,

Nə aşnadır, min il gedər, yad olmaz,

Olar kimdir - ağlar gəzər, şad olmaz,

Harda söhbət edər, rizqi kimdədir?


İdris orda harda edər söhbəti,

De kimdədir yerin-göyün qüvvəti,

Ol nə quşdur, altı mindir qanadı,

Ay-günün, ulduzun görkü kimdədir?


Başüstə asdılar hansı ağacı,

Haq hansı dostuna verdi meracı,

Bizim peyğəmbərə verilən tacı,

Xəbər ver, bunun tək börkü kimdədir?


Bəylər, Məxdumqulu, lisan xoş gəldi,

Söylə, İsa göydə nə şəhrə endi,

Peyğəmbər kimsəyə vəsiyyət qıldı,

Əsası, xirqəsi, kürkü kimdədir?



gedİbdİr
Getmə, dayan, səndən bir xəbər alım,

Ol nədir kim, övcdən övcə gedibdir?

Neçəsi peyğəmbər, neçəsi Cəmşid,

Neçə seyid, neçə xoca gedibdir?


Haqq özü yaratdı bir yetim qızı,

Gecə taətində, gündüz namazı,

Hər dəm, hər dəm edib sirri-niyazı,

Xəbər vergil, hansı gecə gedibdir?


Ol kimdir ki, varıb dünyanı çapdı?

Ol kimdir ki, islam dinini tapdı?

İbrahim hansı il Məkkə düzəltdi?

Dağlardan hansı dağ həccə gedibdir?


Məxdumqulu haqqa qul, rəsula ümmət,

Möminlər şükr edib, Yezidə lənət,

Peyğəmbər sərvəri rəsul Məhəmməd,

Məhəmməd haçan meraca gedibdir?



NƏDƏNDİR?
Durdu şair, səndən xəbər alım mən,

Ötən peyğəmbərin yaşı nədəndir?

Hökmi-Süleymanın yaşıl tütünü,

Meracın qapısı, qaşı nədəndir?


Ol kimdir ki, yurddan köçdü, yeridi,

Ol kimdir ki, dostun yeldən qorudu,

Ol kimdir ki, eşqi-səhra yürüdü,

Səmərdən əsası, peşi nədəndir?


Ol kimdir baqidə mübtəla qalan,

Ol kimdir elinə talanlar salan,

Qırx il hicran çəkib, saralıb-solan,

Özünə gürz vuran kişi nədəndir?


Ol nə qardır, müdam yağar, əriməz,

Ol nə dərya, müdam coşar yürüməz,

Ol nə adam, su içində çürüməz,

Axar gözlərinin yaşı nədəndir?


Ol nə ağac, altmış iki budağı,

Qırx səkkiz gəz oxun on iki sadağı,

Ol nə xandır, səkkiz imiş otağı,

Otağın içinin aşı nədəndir?


Ol kimdir, baqidə bir rövşən göz var,

Önündə mənası dörd min dörd yüz var,

Atası əridir, aşiq bir qız var,

Qoşulmaz hüriyə, daşı nədəndir?


Məxdumqulu deyər, yad elə bizi,

Yeddidir qarası, ağdır səkkizi,

Bir surətdə nədir, oldur doqquzu,

Sərindəki əqli-huşu nədəndir.


NƏDİR?
Bizdən salam olsun, Durdu şairə,

Nə mehrabdan sözlə çıxan od nədir?

Kimdir ölüb, bir il sonra bilindi,

Doqquz yüzdən qardaş nim züryət nədir?


Sən gözlü atasan, biz gərkəz eli,

Çöl yerdə gəzərsən, yad edib heyli,

Bilərsən tamunun cəkilən mili,

Xəbər ver əslini, qıl-sirat nədir?


Əslinə yetişgil yalanda, çində,

Söz qısadır, məna çoxdur içində,

Bilərsənmi hansı dərya içində,

Adəmzad ciyərli yatan hut nədir?


Nə ağır süfrədır hansı övcdə,

Aləm xarab olar neçə tovuşda,

Qüdrət ilə dörd yüz nədir bir başda,

Çırpınanda ondan çıxan od nədir?


Nə sinə, nə candır sözlə bu sirdən,

Belindən aşağı olmuş həcərdən,

Aşiq, bəyan eylə, hansı şəcərdən,

Həm canlı, həm cansız qardaş zat nədir?


Ol kimdir ki, göz yaşını daşdırdı,

Neçə ildə əcəbadın düşdürdü,

Ol kimdir ki, zəlalətin coşdurdu,

Murad əldə ikən, namurad nədir?


Məxdumqulu deyər, aşiq, bu sirdə,

Yayınma gəl, doğru söylə bu yerdə,

Bunu bilərsənmi hansı şəhərdə,

Türkə qulluq edən iki tat nədir?


ÜÇÜ ÖVLADDAN
Nə on beş əyaldır, artmaz fərzəndi,

Ol on beş əyalın üçü övladdan?

Üçü ekiz, on dörd olar peyvəndi,

Ol nə cima eylər, nə çıxar yaddan?


Ol nə xəlqdir gəh fələyə qonarlar,

Gəhi enib, yer üzündə dinərlər?

Ol nə adəmzaddır, bir at minərlər, -

Üzəngisi sudan, cilovu baddan?


Müdam seyrə gəzər ol dörd tayi-tuş ,

Olar ondan cümlə aləm üzü xoş,

Ol dördün biri var, müdam səbzəpuş,

Kəlləsi buzdandır, ayağı oddan?


Ol kimdir, yalavac, qərib oturmuş,

Avazsız aləmə sözün yetirmiş,

Ağzın açıb, özün yasa batırmış,

Soruram, xəbər ver mənə bu zatdan?


Məxdumqulu, salma ölkə avaza,

Bular görnüb duran zatdır bu gözə,

Aqil ərin fəhmi yetər bu sözə,

Hacət deyil xəbər almaq ustaddan.


KƏFARƏT ETDİ
Fəhm eylə sözümü, aşiqlər başı,

Kim xudaya oğlun kəfarət etdi?

Xəlilülla − haqqın Kəbətəraşı,

Kim sonra Kəbəni imarət etdi?


Azıq götürülməz ulaqsız köç nə,

Altı nə, yeddi nə, dörd nədir, beş nə,

Ağdan qara dönən şərəfli daş nə,

Adı nədir, hər kim ziyarət etdi?


Bilirsənmi neçə yoldur salındı,

Hansı yoldur möhtac oldu, alındı,

Şəmi şölə vurdu, yandı, bilindi,

Ol şəmi haqq kimə kəramət etdi?


Kimdir Hatəm onu görüb Tövratda,

Yoluxubdur daş ayaqlar bəratda,

Bilirsənmi, həyat axar zülmətdə,

Xıdır ilə kimdir təharət etdi?


Surətpərəst nədir, duası heçdir,

Xəbər vergil, Nuhun qaynı nə işdir,

Azana, tozana dəstgir nə quşdur,

Kimin türbətinə ziyarət etdi?


Ol nə dörddür, enib gəldi sultandan,

Xalqlar şöhrət tapdı, de neçə candan,

Hansı mələk enib düşdü asmandan,

Nə adəm oğluna inayət etdi?


Məxdumqulu, kimdir, bir yerə düşdü,

Ol kimdir, bir gecə dev alıb qaçdı,

Neçə ildən sonra gəldi, qovuşdı,

Tanrı pənahında səlamət etdi?


DURUBDUR
Bir çürük qoz ilə cahan cövhərin

Ol nə qumarbazdır ütüb durubdur.

Çürük saman etmiş məta bazarın,

Gövhərə bərabər satıb durubdur.


Nə döşəkdir, ona basan yarımaz,

Nə gəmidir, suya batmış, yürüməz,

Nə anadır, ölməz, itməz, qarımaz,

Öz balasın özü udub durubdur.


Nə çıraqdır, gözsüzlərin yarıdır,

Nə güzgüdür, bu aynadan arıdır,

Nə saqidir, piyaləsin yürüdür,

Bir əli boğazdan tutub durubdur.


Nə məxluqdur, nə erkəkdir, nə dişi,

Bir gözü dümağdır, bir gözü çaşı,

Rəngi qara, ala, on iki başı,

Yeri-göyü birdən tutub durubdur.


Başı varıb çıxmış ərşin üstünə,

Ayağı enmişdir yerin altına,

Canlı, cansız, hər nə gəlsə dəstinə,

Durmadan ağzına atıb durubdur.


Dostum, həvəs etmə qəhbə əyalı,

Aldadar, çox-çoxdur onun xəyalı,

Bu dünya bir kor siçanın misalı,

Kökləri birbəbir kərtib durubdur.


Dostlar, bir misaldır dilimə gələn,

Zehni olsa, bilər ağılı olan:

Cahan üzün tutmuş bir qüdrət ilan,

Quyruğu başından ötüb durubdur.


Məxdumqulu, məğrur olma bu sözə,

Heç böylə canavar dəyməmiş gözə,

Yenə bir qüdrət var, yeddi kəlpəzə,

Ol böyük ilanı udub durubdur.



DEDİM – DEDİ
Dedim: «Üzün tabana». Dedi: «Bənzər!» Mənli xan,

Dedim: «Qoydun ərmana». Dedi: «Könüldür viran»,

Dedim: «Ölürəm indi». Dedi: «Qalarsan aman»,

Dedim: «Ox kirpiklərin». Dedi: «Qaşlarım kaman»,

Dedim ki: «Puşeş geymiş». Dedi: «Doni-zərəfşan».
Dedim: «Üzdə xallar var». Dedi: «Ruyda güllər, hey»,

Dedim: «Qumru zəbandır». Dedi: «Şəhdi-dillər, hey»,

Dedim: «Gəl, sən xəbərləş». Dedi: «Bilər ellər, hey»,

Dedim: «Ol nə sərvdir?» Dedi: «İncə bellər, hey»,

Dedim: «Tavus bəs hardan?» Dedi: «Cayi-Hindistan».
Dedim: «Gecən qaranlıq». Dedi: «Uyğuda ayım»,

Dedim: «Kimlər yasavul?» Dedi: «Kirpiyim − yayım»,

Dedim: «Harda məskənin?» Dedi: «Laməkan cayım»,

Dedim: «Zərəfşan olar». Dedi: «Kövsərdir çayım»,

Dedim: «Ondan ver mənə!» Dedi: «İstərmiş bican».
Dedim: «Bu nə tütündür?» Dedi ki: «Qara marlar»,

Dedim: «Qorxaram ondan». Dedi: «El-oba zarlar»,

Dedim: «Sözün əslini». Dedi: «Sorar, duyarlar»,

Dedim: «Sirri faş etdin». Dedi: «Demiş əğyarlar»,

Dedim: «Ölüm var sənə». Dedi: «Sənə həm fərman».
Dedim: «Ey Məxdumqulu!» Dedi: «Gözlər yaş olar!»

Dedim: «Ol nə oğlandır?» Dedi: «Sizə baş olar»,

Dedim: «Yaxındır Kəbə». Dedi: «Köhnə daş olar»,

Dedim: «Yaxşı zamandır». Dedi: «Bu həm düş olar»,

Dedim: «İndi gedərəm». Dedi: «Getsən, var aman!»

BİR NEÇƏ MİSAL
Uğradım İlyasa, düşdüm Xıdıra,

Könlüm içrə gəldi bir neçə misal.


Əl götürdüm, durdum niyaza, nəzrə,

Dedim: «Rüxsət olsa, sorayın sual».


Dedim: «Nədir bu dünyanın dirliyi?»,

Dedi: «Yatsan düşdür, duranda − xəyal».


Dedim: «Ya rəb, dünya nəyə bənzərdir?»

Dedi: «Qoca qarı, üzündə yüz xal».


Dedim: «Nədir mülki-cahan sevgisi?»

Dedi: «Dərdəsərdir, ya boyna vəbal».


Dedim: «Dünya üçün nədir bəhsi-cəng?»

«Bihudə boğaz yırtmaq, yersiz qalmaqal».


Dedim: «Əhli-zaman nəyə bənd olmuş?»

«Oğul, qız sevgisi, cəm etməyə mal».


Dedim: «Bu sevgidən, maldan nə hasil?»

«Yığmağı qayğıdır, getməyi məlal».


Dedim: «Əhli-zalim nə tayfa dürur?»

Dedi: «Qurddur, itdir, pişikdir, çaqqal».


Dedim: «Andan nəfsim necə ram olur?»

Dedi ki: «Pir olan ilə guşmal».


Dedim: «Bəndə cəhdi başa vararmı?»

Dedi: «Varmaz, istəməsə zülcəlal».


Dedim: «Ya rəb, kətxudalıq necədir?»

Dedi: «Həp də işrət, qayğı − qalan sal».
Məxdumqulu, sözü dürdür bilənə,

Başda huşun olsa, sözə qulaq sal.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə