Бакы дювлят университети



Yüklə 3,12 Mb.
səhifə4/6
tarix08.07.2018
ölçüsü3,12 Mb.
#53830
1   2   3   4   5   6

YETDİN
Bir gün atan eşq etdi,

Sülbündan cuşə yetdin.

Əvvəl sudun, qan oldun,

Qandan son leşə yetdin.


Hökm eylədi ol xuday,

Doqquz saat, doqquz ay,

Yeddi əndam caybacay,

Sünnə ulaşa yetdin.


Guş verdi, dəhan verdi,

Dəhana zəban verdi,

Ağıl verdi, can verdi,

Göz verdi, qaşa yetdin.


Yaşdın, ələ ulaşdın,

Yürüb, yola ulaşdın,

Sözlə dilə ulaşdın,

Nan yedin, aşa yetdin.


Yeddində məktəb gördün,

Oxudun, yolun bildin,

Qız ilə bazı qurdun,

Ta on dörd yaşa yetdin.


Haq verdi, yeyib-içdin,

Hər yola bir baş qoşdun,

Məhbub ilə sevişdin,

Elə çolaşa yetdin.


İyrmi dörd yaşa gəldin,

İgid olub, sən yeldin,

At mindin, qılınc aldın,

Cəngə-savaşa yetdin.


Otuzunda yerindən,

Duman getməz sərindən,

İgidliyin zorundan,

Gəzdin tamaşa yetdin.


Sürdün, dünyanı sürdün,

Axır vəfasın gördün,

Qırxına qədəm vurdun,

Kamilsən, huşa yetdin,


Var almadın bağından,

Xəzan vurdu tağından,

Əlli, saqqal ağından,

Utan, bir yaşa yetdin.


Altmışa yaş yetirdin,

Başın qəmə batırdın,

Xoş günlərin ötürdün,

Yazın yox, qışa yetdin.


Yetmişdə aşdan qaldın,

Qüvvətin yox, yıxıldın,

Qocaldın, işdən qaldın,

Söylə, nə pişə yetdin.


Səksənə yetişsə sal,

Necə keçər böylə hal,

Ötdü ol coşğun mahal,

Oraqsız xoşa yetdin.


Doxsanda yanılar söz,

Qara rəngi görər boz,

Tamam nurdan düşər göz,

Yüz min əndişə yetdin.

Məxdumqulu oturdun,

Ömrün qafil ötürdün,

Haqçün nə iş bitirdin,

Əgər yüz yaşa yetdin.


MƏNA BİLMƏZ YAŞINDA
Ey yaranlar, adəmzad

Məna bilməz yaşında

Biqəm olar dünyada,

Dördündə, ya beşində.


Beşində bəydir, bilməz,

Dünyanı gözə almaz,

Zərrə qayğısı olmaz,

Gəzər oyun daşında.


Əgər ki on yaş gələr,

Cavanlıqdan huş gələr,

Yemək-içmək xoş gələr,

Küy çox olar başında.


On beşə yetsə salı,

Uçar könül xəyalı,

Əsər cavanlıq yeli,

Cüvan görər düşündə.


Cüvanlıq odu yanar,

Cavanlıqdan nırx dönər,

Hər gün bir eşqə minər,

Ol iyirmi yaşında.


Gözü sataşsa mala,

Uğrarsa xam xəyala,

Gücü gələr kamala,

Otuza ulaşanda.


Cahil olan kəm olar,

Nə ona mərhəm olar,

Qırxda ağıl cəm olar,

Adamzadın başında.


Yaş əlliyə gedəndə,

Olar qoca adında,

Ölüm olar yadında,

Diqqət edər işində.


Düşmüşəm sevdaya der,

Sevdalı qovğaya der,

Keçdi ömrüm zaya der,

Ah edər altmışında.


Yetmişində «ah»lanar,

Can cəsəddə saxlanar,

Qayği-həsrət çoxlanar,

Asta olar işində.


Qüvvəti yox tutanda,

Dincələmməz yatanda,

Yaş səksənə çatanda,

Tanımaz uğraşanda.


Çıxmaz içərdən dışa,

Baxmaz qohum-qardaşa,

Ölü derlər ol kişə,

Yaş doxsandan aşanda.


Məxdumqulu hümməti,

Qalmaz qədir-qiyməti,

Peyğəmbərin ümməti,

Heç olar yüz yaşında.


GƏRƏK
Nə bəlasan, adəmzad,

Çılpaq doğdun, don gərək,

Ağ süd əmdin, böyüdün,

Ağlayırsan, nan gərək.


Atan xoşnud olmağa,

Anan mehrin salmağa,

Yeddində din bilməyə,

Oxuya Quran gərək.


Əgər seçsən dilbəndin,

Bərkiyər belin, bəndin,

On beşdə arzuməndin,

Qız gərək, cüvan gərək.


Cüvan tapdın qucmağa,

Eyşi-işrət açmağa,

Sonra yeyib-içməyə,

Bir tükənməz nan gərək.


Könlün incidib xəlqin,

Xoşnud etsən öz xülqün,

Rum, Firəng olsa mülkün,

Hənüz «azdır», kan gərək.


Yatsan döşəkdə bimar,

İsti etməz malu kar,

Zər töksən xalvar-xalvar,

Gözə gəlməz, can gərək.


Dua ilə ər göyər,

Yağmir ilə yer göyər,

Ər oldur – alqış alar,

Yerlərə varan gərək.


Əcəl gələr rəydə yox,

Görmək ildə, ayda yox,

Heç bir zaddan fayda yox,

Bir nuri-iman gərək.


Məxdumqulu, sözləyən,

Neçə məxfı gizləyən,

Bir məna fəhm eyləyən,

Ağıllı yaran gərək.


GƏLDİN
Bu nağıldır, adəmzad, sən bu məkana gəldin,

Əvvəl atan belindən sızıb nihana gəldin,

Ondan anaya varıb, bir qətrə qana gəldin,

Anada surət olub, bu şirin cana gəldin,

Doqquz ayı ötürüb, enib cahana gəldin,

Əmib ana südünü, böyüyüb, dona gəldin.


Yaradan qüdrətindən diş ilə dəhan verdi,

Sözləməyə söz ilə dəhanda zəban verdi,

Könlün gedib hər yana, durdu, ayağın yürdü,

Bildin yaxın-yadını, gözün dünyanı gördü,

Yeddi-səkkiz yaşında atan mollaya verdi,

Oxub Quran kitabı, yetişib ona gəldin.


On beş yaşa varanda cavanlığa boylandın,

Qız-gəlinə meyl edib, könül verib küyləndin,

Guya varıb ağ öyün dörd daşına dolandın,

Haqqın fərmanı ilə axır bir gün öyləndin,

İyirmi yaşa vardın, əsbabını şaylandın,

Bədəv minib, səyridib, sürüb meydana gəldin.


Otuz yaşa varınca, sanki bir alğır şirsən,

Dünya qəmi başında, guya yürüb, yelirsən,

Dünyaya doymaq yoxdur, olunca olsun dersən,

Əhli-müsəlman olsan, ölüncə halal yersən,

Qırxında tövbə edib, bir mürşidə əl versən,

Könlünü birə bağlar, əziz sübhana gəldin.


Əlli yaşa varanda, doğruluqda olarsan,

Kobudluqdan ayrıldın, incəliyi bilərsən,

Hər necə cəfa çəksən, axır bir gün ölərsən,

Beş vəxt dua oxuyub haqqa şükür qılarsan,

Altmış yaşa varanda, qocalığı bilərsən,

Əkən əkinin biçıb, oraq-ormana gəldin.


Yetmiş yaşa varanda, qanın qaçar üzündən,

Ağ dişlərin tökülər, şölə gedər gözündən,

Qüvvət səndən ayrılar, gücün qaçar dizindən,

Heç kişi hədər etməz, söylədiyin sözündən,

Səksən yaşa varanda, könlün keçər özündən,

Gedər olub dünyadan, yaxasız dona gəldin.


Məxdumqulu, möhnətdir hər kim doxsana yetsə,

Kəm-kəm gələr cahana əgər yüz yaşa yetsə,

Heç kimdən haray olmaz əcəl yaxanı tutsa,

İmanını qazansan, yolunu rəvan etsə,

Axır olacağın budur – tənin yer ilə yatsa,

İşığı, tünlüyü yox, qaranlıq xana gəldin.



QURBANƏLİ MƏĞRUBİ

(1735 – 1810)
Şairin əsl adı Qurbanəli, təxəllüsü Məğrubidir. O, türk­mən­lə­rin yəm­rə­­­­li boyunun məğ­rub tayfasından olduğu üçün bu adı özünə təxəllüs kimi qə­­­bul etmişdir. Əldə olan məlumatlara görə, şair 1735-ci ildə Göytəpə ya­xın­­lı­ğında anadan olmuş, 1810-cu ildə Man­qışlaq bölgəsində fani dünya­dan köçmüşdür. Gəncli­yin­də Axal vilayətində, yaşlılıq ça­ğında isə Daşoğuz və Ür­gənc ətrafında ya­şa­dığı bilinir. Məğ­rubi öz dövrünün savadlı adamlarından biri ol­muş­dur. Bunu şai­rin poetik irsi və yaratdığı dastanlar aydın şəkil­də gös­tərir. Onun qələmin­dən çı­xan bütün şeirlər xalq mahnısına çev­ril­mişdir.

Məğrubi türkmən ədəbiyyatında Nurməhəmməd Əndə­lib­dən bəri da­vam edən ənənəyə sadiq qalaraq bir neçə xalq das­tanını ye­nidən işləmiş və mükəmməl bir hala gətir­mişdir. Bun­lardan «Yusif –Əhməd», «Dövlətyar», «Alıbəy–Balıbəy» adlı das­tanlar qəhrə­man­­lıq, «Seyfülməlik–Mədhül­camal» isə mə­həb­bət dasta­nı­dır. Bu əsərlər türkmən aşıqlarının repertuarında mü­hüm yer tutur. Şairin iş­lədiyi dastanlardakı qəhrəmanların bir əlində saz, di­gər əlində dütar vardır.

Qurbanəli Məğrubinin poeziyasında vətən sevgisi, qəh­rə­man­lıq, igid­lik mo­­tivləri çox güclüdür. Bu da həmin dövrdə İranın türk­mən torpaqlarına aramsız hücumları ilə bağlıdır. Şa­irin bu mövzuda bir çox şeirləri, o cümlə­dən «Vətənim qaldı» rədifli iki qoşması var. Məğrubinin bütün dastanları və şeirləri nəşr olunmuş, haqqında dis­ser­tasiyalar yazılmış, çoxlu elmi-tədqiqat işləri aparılmışdır. Əsər­lərinin əlyaz­ma nüs­xələri Milli Əlyazmalar İnstitu­tun­dakı yet­miş­dən artıq qovluqda sax­lanır.

TUTULDU – BİTİLDİ

(deyişmə)
Məğrubi:
Bizdən salam olsun, molla Qayibi,

Dünyanın binası haçan tutuldu?

Küntü-kənzil-məhfiyəndən xəbər ver,

Kəlmeyi-şəhadət harda bitildi?


Qayibi:
Bizdən salam olsun molla Məğruba,

Haq «kün» dedi, ol gün bina edildi,

Tuba ağacının yarpaqlarında

Kəlmeyi-şəhadət sonda bitildi.


Məğrubi:
Haq əvvəl naməni kimə oxutdu,

Ol kim idi, oxub özün unutdu,

Adəmdən irəli neçə qövm ötdü,

Dərgahda hansının sözü tutuldu ?


Qayibi:
Haq əvvəl naməni Adəmə oxutdu,

Oxudu, Əzrayıl özün unutdu,

Adəmdən irəli Bənican ötdü,

Dərgahda rəsulun sözü tutuldu.


Məğrubi:
Hansı gündə bina etdi o quşu,

Necədir qanadı, quyruğı, başı,


Yediyi nəmədir, neçədir yaşı,

Neçə min ildən son başı ütüldü?


Qayibi:
Çərşənbədə bina etdi o quşu,

Dörd olar qanadı, quyruğı, başı,

Yeməyi darıdır, əlli min yaşı,

Əlli min ildən son başı ütüldü.


Məğrubi:
Sudakı balığın puştu1 neçədir,

Üstündəki əti, quştu2 neçədir,

Ol ərşi-əzəmin hıştı neçədir3,

Neçə mələk hesabında bitildi?


Qayibi:
Sudakı balığın uludur puştu,

Yeddi min yeddi yüz batmandır quştu,

Qüdrətlə salındı əzəmin hıştı,

Dört məlaik hesabında bitildi.


Məğrubi:
Bilirsənmi xali nədir, boş nədir,

Cəsəd nədir, mənzil nədir, quş nədir,

Ol nə bazar, qiymətbaha daş nədir,

Kimin daşı kəmbahaya satıldı?




Qayibi:
Əgər bilsəm xali budur, boş budur,

Cəsəd mənzil, ordan uçan quş budur,

Ol imandır, qiymətbaha daş budur,

Şeytan daşı kəmbahaya satıldı.


Məğrubi:
Məğrubi der, qismətdə nə yazıldı,

Nə zəncirdir, bir-birinə düzüldü,

Neçə ildə vaxtı yetib üzüldü,

Ay ilə gün hansı vaxtda tutuldu?


Qayibi:
Qayibi der, qürbət ilə yazıldı.

Gecə-gündiz bir-birinə düzüldü,

Sansız ildə vaxtı yetib üzüldü,

Ay ilə gün ərəsatda tutuldu.



MOLLA NƏFƏS

(1810 – 1862)
Molla Nəfəsin həyatı haqqında məlumat olduqca azdır. Şairin 1810-cu ildə Marıda (Mərv) təkə türkmənlərinin yazı, başqa bir mə­lu­ma­ta gö­rə, tox­tamış tayfasına mənsub Qədirverdi adlı bir sərracın ailəsində dün­yaya gəldi­yi təxmin edi­lir. Molla Nəfəs ilk təhsilini ev­də atasından, sonra Mərvin məş­­hur pe­da­qoq­larından olan Molla Məm­mədsalihdən almışdır. Daha sonra Bu­xarada və Xivədə mədrə­sə­də oxumuş, çağatay, ərəb və fars dil­­ləri ilə yanaşı hə­­min dövrdə təd­ris olu­­nan elmləri, o cümlədən ila­hiyyat (Qu­ran, fiqh, təf­sir), ri­yaziy­yat, hesab, həndəsə, nü­cum, kimya, dil, ədədbiy­yat, tarix, coğ­ra­­fi­­ya sa­­hə­sində dərin bilik əldə etmişdir. Şair Şərq po­e­ziyasının Xo­ca Əhməd Yə­səvi, Füzuli, Nəsimi, Nəvai, Yunus İmrə, Nizami, Sədi, Ha­­­fiz, Cami kimi nümayəndə­lə­ri­nin əsərlə­ri­ni, türkmən şa­irlərindən Əndə­libin, Azadinin və Məxdum­qulunun şeirlə­ri­ni, ­ha­belə şi­fahi xalq ədə­biy­yatını, das­tan və nağıl­ları diq­qətlə öyrən­miş, ədə­­biy­yat nə­­zəriy­yəsini, bə­dii ifa­də va­­si­tələ­ri­ni, ədə­bi canrların növ­lərini, bir sözlə, Şərq po­etik sis­temini mü­kəm­məl şəkildə mə­nim­səmiş, ilk əsər­lərini də elə bu­rada yazmağa baş­la­mış­dır.

Təhsilini başa vuran Molla Nəfəs oz doğma yurduna qayıtmış, bu­ra­da ailə qurmuşdur. Onun Molla Rəsul və Molla Rəhim adlı iki oğlu olmuşdur. Mol­la Nəfəsin nəsli­nin davamını kişi xət­tilə 1940-cı il­lərin sonuna qədər iz­lə­mək mümkün olsa da, ikinci dünya müha­ribəsi döv­ründə baş ve­rən aclıq və qıtlıq, həmin illərdə bölgədə tüğ­yan edən qa­rın ya­ta­lağı epi­demiyası nə­­ticəsində tükən­diyi təxmin edilir.

Maraqlıdır ki, Molla Nəfəslə onun dahi sələfi Məxdum­qu­lu Fə­raqi­nin ədəbi ta­leyi arasında böyük bənzərlik vardır. Onların hər ikisi əvvəlcə ev­də öz ata­la­­rından dərs almış, sonra mollaxanada, da­ha son­ra isə Buxara və Xi­və­ məd­rəsələrində oxumuşlar. Zaman eti­barilə ara­­larındakı yetmiş il­lik fər­qə bax­mayaraq təxminən eyni pro­qram üz­rə təhsil almış, eyni el­mi və ədəbi məktəblərdə, eyni mə­nə­vi iq­limdə və mühitdə nəşvi-nüma tap­­mışlar. Bu ox­şarlıq onların yara­dı­­cılığında da özünü biruzə verir. Xü­susilə üç möv­zu hər iki sə­nət­kara çox doğma və əziz­dir: türkmən birliyi, dini-ruhani şeirlər və li­rika. Onu da vurğu­la­maq lazımdır ki, Molla Nəfəs məhz Məx­dum­qulu­nun davam­çı­sıdır. Mövzu və canr baxımından Mə­x­dum­qulu da­ha geniş və əha­təli olduğu halda, Molla Nəfəsin yaradıcılı­ğın­­da liri­ka üstün­lük təşkil edir. Onun məhəbbət şeir­ləri saf və göz yaşı kimi dumduru bir çeşməni an­dırır. Bu əsərlər sadə, incə, hə­zin və səmi­mi­dir, mayasını və qidasını xalq yaradı­cılığından, doğma türkmən folk­lo­rundan alır. Şairin gəraylı, qoşma, qə­zəl, müxəm­məs, müsəd­dəs canrla­rında qə­ləmə aldığı əsərlər, xüsusilə türk­mən qızının fiziki və mənəvi gö­zəl­liyini, saf eşqi, məhəbbəti vəsf edən «Dəl­bəra», «Nazənin», «Göz­lə­rin», «Ay­rıldım», «Ola, ya olmaya», «İs­tə­yib gö­zəl yarı», «Gözəl», «Kiç­ginə», «Tapıl­maz», «Dilbər», «Qız», «De­dim-dedi» və digər şeirləri öz ül­viliyi ilə seçilir.

Molla Nəfəsin «Bu məkana gəlmişəm» ad­lı po­eması isə öz ori­­ji­nallı­ğı­na görə dünya poeziyasında misli-bəra­bəri ol­ma­yan bir şedevr­dir. Bu əsərdə eşq ən yüksək poetik səviyyədə ülvi­ləş­di­rilmiş, hətta ila­hiləş­di­rilmişdir. Şairin lirikasının zir­vəsi olan bu əsər mü­səd­dəs can­rında aaaaba, ccccda, ssssta sxemi üzrə yazılan poema altı misralıq 34 bənddən iba­rətdir. Sər­bəst olan hər beşinci mis­ra iki yerə bölü­nə­rək öz ara­sında qa­fiyə­lənir ki, bu da gözəl bir şeiriyyət yaradır. Mə­həbbət himni ad­lan­dı­rı­lan bu poema­nın aşa­ğıdakı xüsu­siy­yət­lərini qeyd et­mək mümkündür:

1. Poema qəhrəmanlarının böyük əksəriyyəti dini ob­razlardır. On­­la­rın arasında Allahı (əsərdə başqa adları ilə – Mövlam, Rəh­man, Mür­tə­za pirim adları ilə də yad edilir), mələkləri (Cəbrayıl və Əzrayıl), pey­ğəm­bər­ləri (İb­ra­him, Xıdır, İlyas, Davud, İsa, Yəqub, Əy­yub, Loğman, Yu­sif, Sü­ley­man, sahib-axır-əz-zaman Mehdi), fə­riştələri (adbaad gös­tə­rilməsə də) görürük;

2. Poemanın bəzi personajları islam dininə mənsub tarixi şəx­siyyət­lər­dir. Burada Məhəmməd peyğəmbəri (əsərdə Əmin adı ilə veri­lir), onun dörd əshabəsindən üçü (Ömər, Osman, Əli) və ardıcılı Veysəl Qərani, bö­yük mü­tə­səvvif şair Xoca Əhməd Yəsəvi iştirak edirlər;

3. Bunlardan başqa, poemada bəzi mifik, əfsanəvi və ta­rixi şəx­­siy­yət­lərin, o cümlədən dində böyük yeri olan 360 ərənin, Sü­ley­­manın ar­va­dı Bil­qeysin, Yusifin sev­gilisi Züley­xanın, Məcnunun və Fərhadın, Ha­runun və Hatəm Tainin adları çəkilir.

Molla Nəfəsin vətəndaşlıq, vətənpərvərlik şeirləri də öz milli ru­hu­na görə diqqəti cəlb edir. Həmin dövrdə Türkmə­nis­tanı, eləcə də bü­tün Tür­küs­tanı is­ti­la etməyə çalışan çar Rusi­yasına, ara-sıra baş ve­rən İran hü­cumla­rına qarşı mübarizədə öz sazı-sö­zü, hətta si­lahıyla iş­tirak edən Molla Nə­fəsin be­lə vuruş­maların birində yara­lanaraq şə­hid olduğu barə­də rə­vayət­lər də var­dır. O, ana vətəni, yur­du igid­liklə qo­ru­yan türkmən sər­kərdələ­ri­­nin, xan­ları­nın, bəylə­ri­nin rə­­şadətini tə­rən­nüm etmiş, döyüş­çü­­lə­ri qə­lə­bəyə ruhlan­dır­mışdır. Bun­­ların arasında «Yetiş­sin», «Sər­­darı», «Bərqərar olsun», «Qara­oğ­lan», «Gə­­lən Qaraoğlan», «Gəldi», «Bəy­lər», «Deyim», «Sult­na­nıdır» şe­ir­ləri öz mübariz ruhu ilə fərq­lə­nir.

Molla Nəfəs tanınmış sənətkar kimi Orta Asiyanın və Qaf­­qa­zın bir çox şəhərlərində olmuş, yerli şairlərlə, aşıqlarla, sənət adam­ları ilə görüşmüş, toy­lar və məclislər keçirmişdir. Onun əsərlərində Çər­­cov, Sə­raxs, Mur­qala, Mürqab, Marı-Şahi-cahan, Ür­gənc, Sə­mər­­­qənd, Bu­xa­ra, Ən­di­can, Xa­rə­zm, Qən­­də­har, Ka­bil, Herat, Asta­ra­bad, Hə­mədan, İs­fa­­han, Xo­ra­­san, Teh­ran, Qəz­vin, Şam, Bağdad şə­­hərləri­nin, hətta Mi­sir, İraq, Rum, Fi­rəng ölkələ­ri­nin adı çəkilir. Təbii ki, bu coğrafi mə­kan­ların bir qis­minin adı poetik eh­tiyaca gö­rə zikr edilmiş­dir. Lakin onun Azər­bay­canda olduğu heç bir şüb­hə doğurmur. Şair bir şeirində ya­zır:

Təvriz diyarında olmuşam səyyad,

Həzirbaycan şəhrin gəzdim adbaad.

Şairin ictimai-siyasi məzmunlu şeirləri sayca o qədər çox olma­sa da, məz­munca dərin və dəyərlidir. Bu əsərlərdə haqsızlığa, ədalət­siz­liyə qarşı eti­­raz, dünyanın gərdişindən şikayət motivləri güc­lüdür. Onun «Nər kimi gəz», «Gəlmi­şəm», «Xə­bər ver», «Ay­rıldım», «Var ikən», «Olar», «Baş olar», «Vəq­tidir» adlı şeir­lə­rində so­sial mo­tivlər güclüdür.

Molla Nəfəsin yaradıcılığında dini şeirlər də mühüm yer tutur. Şa­irin Allaha, Məhəmməd peyğəmbərə həsr olunmuş «Edən cəlil», «Gör­düm», «Məhəmməd», «Fəda eylədi» kimi şeirləri diqqəti cəlb edir.

Sovet döv­ründə Molla Nəfəsin yaradıcılığı öz həqiqi qiymə­tini al­ma­mışdır. Onun ilk şeirlər kitabı yalnız 1940-cı ildə (cəmisi 27 şeir) nəşr edil­mişdir. 1947-ci ildə çapdan çıxan kita­bında 75 şeir, 1955-ci il­­də bu­ra­xılan kita­binda isə vur-tut 70 şeir ve­ril­­mişdir. 1961, 1962, 1963 və 1973-cü illərdə də nəşr olu­nan kitabla­ra şai­rin ədəbi irsinin so­vet ide­o­logiyası ilə «səs­ləşən» kiçik bir qismi d­a­xil edilmişdir.

Molla Nəfəsin zəngin irsində «Zöhrə-Ta­hir» das­tanı xü­susi yer tu­tur. Bu əsər Mol­la Nəfəs tərəfindən ta­mamilə ye­nidən işlə­nə­rək orijinal bir hala gəti­ril­miş, türkmən həyatının, ruhunun, mədə­niy­­­yətinin və etnoqrafiyasının en­siklo­pediyası səviyyəsinə çatdırıl­mışdır. Molla Nə­­fəs dastanı tam bir zər­gər də­­qiqliyi ilə cilalamış, onun süjetini, qəh­­rə­manlarının xarak­terini tək­mil­­ləşdirmiş, şeirlə­ri­ni yenidən yaz­mışdır. Buna görə də Molla Nəfəs de­dik­də ilk növbədə «Zöhrə-Ta­hir» das­­tanı, «Zöhrə-Ta­hir» das­tanı dedikdə isə Molla Nə­­fəs yada dü­şür.

Türkmən xalqı 2010-cu ildə öz Molla Nəfəsin 200 illik yubi­le­yini bö­yük təntənə ilə qeyd etdi. Bu münasibətilə bir-birin­dən ma­raqlı tədbir­lər təş­kil edildi. Türkmə­nistan Elm­lər Aka­demiyası Marı vila­yətinin icra ha­ki­miy­yəti ilə bir­likdə 7-10 aprel 2010-cu ildə Ma­rıda «Molla Nəfəs və XIX əsr­də tük­mənlərin hə­yatı» möv­zusunda beynəlxalq elmi kon­frans ke­çirdi.

Molla Nəfəsin anadan olmasının 200 illiyi münasibətilə bu sə­tirlərin müəllifi şairin iki kitabını («Bu mə­­kana gəlmişəm». Bakı, 2010, 160 s. və «Seçilmiş əsərləri. Bakı, 2010, 240 s.) Azərbaycan di­lində nəşr etdirdi. Onu da qeyd et­­mək lazımdır ki, əvvəllər ölkə­miz­­­də şairin bəzi şeirləri çap edilsə də, bu, Molla Nəfəsin Azər­bay­canda nəşr olunan ilk ki­ta­blarıdır.
SƏRAXSLI ŞAİR – MOLLA NƏFƏS
Səraxslı Şair:
Molla, sən vergil xəbər, sözlə süxənvər hansıdır?

Başı asmana yetən ol şahi-ərər hansıdır?

Özünün bənzəri yox, pakizə gövhər hansıdır?

Bəhri-rəhmətdə açılan müşki-ənbər hansıdır?


Molla Nəfəs:
Əvvəla, sözlə süxənvər bir xudanın özüdür,

Başı asmanda – şəriət rahnəmanın özüdür,

Özünün bənzəri yox, nuri-imanın özüdür,

Bəhri-rəhmətdə Mühəmməd Mustafanın özüdür.


Səraxslı Şair:
Yenə bir quş görmüşəm türfə, əcaib pərlidir,

Bətinində cəm olan altın mürəssə zərlidir,

Yazılı yeri tutan qanadları ləngərlidir,

Quşların sərkərdəsi balayi-şahpər hansıdır?


Molla Nəfəs:
Ol əcaib pərli Cəbrayıl-əminulla olar,

Bətinində cəm olan Quran-kəlimulla olar,

Yazılı yeri tutan «xalisan lillə» olar,

Quşların sərkərdəsi elə onun özüdir.


Səraxslı Şair:
Əvvəla, həqqin kəlamın barısın bilən nədir?

Çox təkəbbürlük edib, özün ulu qılan nədir?

Neçələrin azdırıb, öz yanına alan nədir?

Gərdanına yüklənən əlayi-harvar hansıdır?


Molla Nəfəs:
Həqq kəlamın barısın bilən ləin şeytan olar,

Çox təkəbbürlük – ulu qılan ləin şeytan olar,

Neçələrin azdırıb, alan ləin şeytan olar,

Gərdanına yüklənən harvar günahın özüdür.



HANSIDIR
Ey Murad, bu şəhr içində daxili-dış hansıdır?

Dövrəsi altın tamam, zərrin münəqqəş hansıdır?

Pənci-divari-zəhəb, əlayi-sərkəş hansıdır?

Babı yetmiş, bağlı həmmə, birisi boş hansıdır?

Nagəhandan vasil oldum, gördüyüm düş hansıdır?
Görmüşəm bu şəhr içində bir quşu dustaq olar,

Bars ilı bimar olub, ilxı ilində sağ olar,

Cüma gün qəmgin olub, şənbə günündə çağ olar,

Yüz otuz batman dəmir, boynunda zincir bağ olar,

Mərkəbi-atəş onun, əsbabi-dilkəş hansıdır?
Yenə bir quş görmüşəm mən, gəzər ol quş qəsdində,

Yeddi yüz dev məskən etmiş ol ki quşun üstündə,

Qış günü dağa çıxıb, yaz gün gəzər yer pəstində,

Çün qədəm qoysa qıya bitməz ayağı altında,

Kim anı görsə udar bir dəmdə, ol quş hansıdır?
Gözləri adam sifətdir, misli kirpi tək bədən,

Payları rəcül, əsəd tək, bir dəhanda beş zəban,

Yüz otuz gəzdir arası firqəti-kəmi-zədən,

Çünki avaz babında hər sözü tuti-süxən,

Biməcazət tərbiyət danayı-dilkəş hansıdır?
Bu sözün itmamına hərblər gərəkdir, «sad» gərək,

Loğmanın bişməyinə alət gərəkdir, ot gərək,

Gəminin getməyinə yelkən gərəkdir, bad gərək,

Bunu bilən arifə, elmi-lədün ustad gərək,

Çünki sən miskin Nəfəs fəhm et, ağıl-huş hansıdır?
QIZLA GƏLİNİN DEYİŞMƏSİ
Bir qız ilə bəhs eyləyir bir gəlin,

Gəlin deyir: «Hüsnüm İrəm bağıdır.

Neçə aşiq həsrətində tər gülün,

Aşiq olan bir-birinə yağıdır».


Qız da deyir: «Üzüm xurşidi-xavər,

Hüsnümə möhtacdır mahi-münəvvər,

Uzundur qamətim sərvi-sənubər,

Yaşım on dörd, xub məstanə çağıdır».


Gəlin deyir: «Mənim söhbətim, bacı,

Neçə igidlərnin başının tacı,

Əgər qıya baxsam, gözümün ucu

Görən aşiqlərın ağlın dağıdır».


Qız da deyir: «Aləm yaxar nazlarım,

Bir cüt nərgiz təki mənim gözlərim,

İndi gər açılsa bahar-yazlarım,

Bağın sünbülünü zülfüm dağıdır».


Gəlin der: «Bəzənsəm min dürlü əlvan,

Görməyə acizdir xurşidi-taban,

Aşiq sinəsində yaradır, müdam,

Nərgiz gözlərimin qoyan dağıdır».


Qız da deyir: «Gəlin mənə tay deyil,

Qoynum bir cənnətdən özgə şey deyil,

Tər görünən təzə doğan ay deyil,

Yaxamdan görünən köksüm ağıdır».


Gəlin deyir: «Bəhs eləmə boşuna,

Mən gəlirəm cahılların xoşuna,

Bu sözümü sırğa elə guşuna,

Ləblərim açılan gül yarpağıdır».


Qız da deyir: «Hüsnüm aləm peyvəndi,

Alınmış gəlinin qalası, kəndi,

Abaddır şəhrimin hasarı-bəndi,

Sinəm çox arzulu şah otağıdır».


Gəlin deyir: «İndi heyran olub mən,

Sənin bu sözünə təslim qılıb mən,

Yüz tumən alaram, özüm satıb mən,

Qoç igidin seyran edən çağıdır».


Nəfəs bölər sizə bərabər varı,

Sərdən çıxmaz qız-gəlinin xumarı,

İkiniz də təzə bağın gülzarı,

Bağların açılan qol-budağıdır.




CAHANA GƏLDİ
Əzəl gündə bütün canı yaratdı,

Ruhu fayda olub, cahana gəldi.

Qüdrətin bildirdi, yoxdan var etdi,

Tanrısın rast salıb, sübhana gəldi.


Pakizə gövhərsən, çox xiridarın,

Müdama xalq arzu qılar didarın,

Yenə sordu «Kimdir pərvərdigarın»

«Yaradan sən» deyib, imana gəldi.


Tərifin, dastanın eşidin məndən,

Haq dövlətin ziyad etsin gün-gündən,

Atası sülbündən, ana nəslindən,

Qaraoğlan Onbəyi cahana gəldi.


Onun şan-şöhrəti aləmə düşdü,

Bütün müsəlmana qüvvət yetişdi,

İki yaş üstündən səlamət keçdi,

Üç yaşda danışıb zəbana gəldi.


Dörd yaşında oldu cavanar başı,

Sevindi, güvəndi qohum-qardaşı,

Böyük oğlan olub keçirdi beşi,

Altıda at minib, meydana gəldi.


On yaşında dağ sərinə sər çəkib,

Qəsd edib, yağıdan qırmız qan döküb,

Çolləri yandırıb, dağları yıxıb,

Dünya at tozundan dumana gəldi.


On beşində əsdi igidlik badı,

Təzə məhbub quçub, könlünün şadı,

İyirimi yaşında Qaraoğlan adı,

Yayıldı, şöhrəti asmana gəldi.


İyirmi beşdə dörd yana çarx vurub,

Qoçaqlara Əli təlimin verib,

Mehman gəlsə, qarşı çıxıb, rast durub,

Ol günü məst olub, ehsana gəldi.


Otuz yaşda olub el kəndxudası,

Elin sərəncamı – sərdə qovğası,

Otuz beşdə yetib bəylik binası,

Qırx yaşında hökmi-rəvana gəldi.


Yavuz günlər elin başına düşdü,

Sağlar burda qaldı, sayrılar qaçdı,

Əli kimi yalnız özü yetişdi,

Ellər işrət ilə dövrana gəldi.


Dostməmməd, Qaraoğlan iki bəradər,

Bəradərə ərzə yazdı sərasər,

Xarəzm şəhrindən səksən min ləşkər,

Məmmədəmin xandan nişana gəldi.


Xuda, hər kişinin çırağın yandır,

Bir söz şərbətinə min təşnə qandır,

Kim ona «tüf» desə, dişlərin sındır,

Xəsmlərin işi ziyana gəldi.


Çağırdılar pəhləvanı, pirləri,

Yetişdi Ürgəncin vəli şirləri,

Axaldan, Ürgənçdən ərin ərləri,

Şükrülillah, bizim məkana gəldi.


Türkmənin tacıdır Onbəy övladı,

Ata-baba bəydir, bəllidir adı,


Baharın yağışı, səhərin badı,

Harda olsa əcəb zamana gəldi.


Ağır uruqludur, çox bülənd elli,

Meydanda qılınçlı, divanda dilli,

Səd həzar ləşkərdə avazı bəlli,

Kafir, Əli deyib, gümana gəldi.


Kafirə din üçün Zülfüqar çalıb,

Namus üçün elin arxasın alıb,

Düşməni dörd yana dərbədər salıb,

Qılıncından aləm lərzana gəldi.


Nəfəs der: içmişəm əzəl gün camı,

Zehnimə qüvvət ver, haqqın kəlamı,

Qənimətdir xan həzrətin əyyamı,

Dostlar şad, düşmənlər amana gəldi.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə