BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2014
RƏYLƏR
ERMƏNİ SAXTAKARLIĞININ İFŞASI
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Nailə Vəlixanlının Rusiya EA Şərqşünaslıq İnstitutunun
“
Vostok” jurnalında dərc edilmiş rəyi haqqında
Azərbaycan tarixçisinin yerli mətbuatda, elmi jurnallarda sanballı
məqalələrlə çıxış etməsi, müxtəlif problemlər haqqında qonşu respublikanın
tədqiqatçıları ilə elmi po-lemikaya girməsi, yalan və saxta mülahizələri tənqid,
bir sıra hallarda isə təkzib etməsi son onilliklərdə tez-tez qarşılaşdığımız
mənzərədir. Milli maraqların qorunması üçün vətəndaş mövqeyinin aydın ifadə
edilməsi, tarixi keçmişimizə sahib çıxılması, bədxah niyyətlərini ifşa olunması
sahəsində atılan addımları təbii qəbul etməyimiz də bununla bağlıdır.
Eyni zamanda, öz haqlı mövqeyimizi daha geniş auditoriyaya, dünya
ictimaiyyətinə çatdırmaq, Vətən tarixinin müxtəlif məsələləri haqqında gerçək-
likləri, obyektiv həqiqətləri təhrif edilmədən xarici mətbuat səhifələrinə çı-
xarmaq, beynəlxalq miqyasda nüfuzlu sayılan elmi jurnallarında dərc etdirmək
hələ də çox mühüm bir vəzifə kimi qarşımızda durmadadır. Həm də bu zaman
müxtəlif maneələri dəf etmək, çoxsaylı erməni havadarlarının müqavimətini
qırmaq, ikili standartlarla düşünməyə adət etmiş jurnal sahiblərini insaflı
hərəkət etməyə inandırmaq kimi bir çox çətinliklərə sinə gərmək lazım gəlir ki,
bu da böyük hünər, az-az rastlaşdığımız qürurverici bir haldır.
Bu baxımdan, akademik Nailə Vəlixanlının Rusiya Elmlər Akademiyası
Şərq-şünaslıq İnstitutunun “Vostok” adlı elmi jurnalının 2013-cü ildə 6-cı
sayında çap olunmuş “A.K. Şaqinyanın “Naxçıvan Ərəb xilafəti tərkibində”
məqaləsi haqqında düşüncələr” adlı böyük həcmli rəyi (səh. 205-215) diqqətə-
layiq
hadisədir. Rəydə öncə jurnalın oxucularına erməni müəllifinin daha əv-
vəlki “əsərlərində” istifadə etdiyi metod – ayrı-ayrı müəlliflərin (onların içində
erməni, rus və azərbaycanlı tədqiqatçılar vardır) müxtəlif zamanlarda çap
etdirdikləri əsərlərdən götürüb, azacıq dəyişikliklərlə özününkü kimi təqdim
etdiyi plagiat faktlar haqqında bilgi verilmişdir. Ziya Bünyadov, A.Novoselt-
sev, Y.Manandyan, A.Ter-
Gevondyan kimi tanınmış tədqiqatçıların monoqra-
fiyalarından köçürdüyü faktları vicdan rahatlığı ilə öz qələminin məhsulu kimi
198
çap etdirən A.Şaqinyanın bu cür tanıdılmasından sonra, Nailə xanım onun
Naxçıvanın Ərəb Xilafəti dövründə hansı inzibati bölgənin tərkibində olması
haqqında mülahizələrinə aydınlıq gətirmişdir.
Orta yüzilliklərdə yaşamış ərəb müəlliflərinin Azərbaycan, ümumiy-
yətlə Qafqaz haqqında yazdıqları əsərləri 50 ildən artıq müddət ərzində
dərindən araşdırmış tədqiqatçı kimi postsovet məkanında yetərincə tanınan
Nailə xanım erməni müəllifinin məqaləsində istinad etdiyi bütün mənbələri,
əsaslandığı hər bir faktı səriştə ilə, yüksək peşəkarlıqla təhlil etmişdir. Həm də
bütün məqamlarda son dərəcə korrekt davranmış, elmi etikanı gözləməklə
A.Şaqinyanın Naxçıvanı Ermənistan şəhəri kimi təqdim etməsinin tarixi
gerçəkliyi əks etdirmədiyini, əsaslandığı mənbələrdəki ziddiyyətli məqamlar-
dan yararlanmasının doğru olmadığını sübut etmişdir.
Məqalədə erməni müəllifinin Ərəb xilafəti dövründə Naxçıvanı
Albaniya-
Arran şəhəri deyil, Azərbaycan (indiki Cənubi Azərbaycan – Q.Ə.)
şəhəri kimi təqdim etməsi və onu Urmiya gölündən qərbdə yerləşdirməsi, Araz
çayından şimaldakı Naxçıvan şəhərinin isə Ermənistana aid olması iddiası
mötəbər mənbələrdəki konkret faktlarla təkzib edilmişdir. XIII əsrdə yaşamış
ərəb müəllifi Yaqut əl-Həməvinin Nəşavə-Nakcuvan-Naxçıvan şəhəri haqqında
bəhs edərkən: “Naxçıvan Azərbaycanda böyük şəhərdir. Bəziləri isə deyirlər
ki, Arrandadır. O, Ərməniyyə ilə sərhəddədir” – fikrinə aydınlıq gətirilmişdir.
Nailə xanım ərəb müəllifi İbn əl-Fəqihin Azərbaycan vilayətinin Bərdədən
Zəncana qədər ərazini əhatə etməsi, Əl-Yaqubinin Bərdəni Yuxarı Azərbay-
canın son məntəqəsi kimi təqdim etməsi, İbn Hövqəlin öz xəritəsində Xəzər
dənizi sahili boyunca Dərbənddən Gilana qədər ərazini Azərbaycan adlandır-
ması, digər xəritəsində isə Ərməniyyə vilayətini Hilat (Van) gölü ilə Araz
çayının yuxarı axarı boyunda yerləşdirməsi faktlarına diqqəti yönəltmişdir.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, görkəmli Azərbaycan
tarixçisi, akademik Ziya Bünyadov da Arazüstü Naxçıvanın ərəb ağalığı döv-
ründə Ermənistana aid olmadığını çox dəqiq ifadə etmişdir. O, VII əsrin
sonunda erməni knyazlarının üsyanını yatırmaq üçün gələn ərəb sərkərdəsinin
onları Naxçıvana gətirib kilsədə yandırması haqqında fakta münasibətini
bildirərkən, söhbətin hansı Naxçıvandan getdiyini aydınlaşdırmışdır. Görkəmli
alim bu məsələdə 1912-1913-cü illərdə akademik İ.Orbelinin Qars vilayətinin
Kağızman mahalının bir neçə yaşayış məntəqəsində, o cümlədən Naxçıvanda
apardığı tədqiqatlara, aşkar etdiyi epiqrafik yazılara istinad edərək buradakı
qədim və divar daşları yanmış kilsənin olması, kilsənin VII əsrdə inşa edilməsi
faktlarına diqqəti yönəltmişdir. Eyni zamanda Arazüstü Naxçıvanda aparılan
arxeoloji qazıntılarda heç bir kilsə və digər xristian tikilisinin aşkar edilmə-
diyini də xüsusi qeyd etmişdir.
Nailə Vəlixanlı Ərəb xilafətinin zəiflədiyi, Cənibi Qafqazda müstəqil
dövlətlərin yarandığı zamanda da Naxçıvanın Azərbaycan dövlətləri tərkibində
inzibati bölgə mərkəzi, Eldənizlər sülaləsinin hakimiyyəti dövründə isə
dövlətin paytaxtı olması, eləcə də daha öncə – Sasani ağalığı dövründə bütün
199
Cənubi Qafqazı əhatə edən Adurbadaqan (Azərbaycan) kustunun tərkibində
olması haqqında da müxtəlif xarakterli mənbələrdən əxz etdiyi dəlil-sübutları
oxucuların nəzərinə çatdırmışdır.
Bir nümunə ilə fikrimizi yekunlaşdırmaq istəyirik. A.Şaqinyan XIII
əsrdə yaşamış erməni müəllifi Stepannos Orbelyana istinad edib I-II əsrlərdə
Naxçıvanın Sünik vilayətinin mərkəzi olması haqqında mülahizəsinə cavab
olaraq, Nailə xanım erkən orta yüzilliklər dövrü Cənubi Qafqaz tarixinə xüsusi
monoqrafiya həsr etmiş və ermənipərəst mövqeyini hər fürsətdə nəzərə
çarpdıran Rusiya EA müxbir üzvü A. Novoseltsevin belə bir önəmli fikrini
diqqətə çatdırmışdır ki, erməni etnosunun Sünik vilayətinə və Albaniyanın
digər bölgələrinə nüfuz etməsi yalnız VI əsrdən etibarən başlanmışdır.
Rəylə tanışlıq göstərir ki, Nailə xanım məqsədinə tam nail olmuş,
tariximizlə bağlı növbəti erməni saxtakarlığını ifşa etmişdir. Və inanırıq ki,
Naxçıvanın bütün dövrlərdə Azərbaycan ərazisi olduğuna “Vostok” jurnalının
obyektiv bilgi almaq istəyən oxucularını da inandıra bilmişdir.
Qabil Əliyev
Tarix üzrə elmlər doktoru, professor
200