Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010



Yüklə 296 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü296 Kb.
#52809


 

 36


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

MÜASİR POEZİYADA DAĞ MOTİVİ:  

MİFOLOJİ KÖKLƏRİ VƏ SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

(Qasım Qasımzadənin yaradıcılığı əsasında) 

 

R.T.CAVADOVA 

Bakı Dövlət Universiteti 

cavadovarena@yahoo.com

 

Məqalədə müasir Azərbaycan poeziyasında dağ motivi araşdırılır. Eyni zamanda bu 

motivin mifoloji kökləri və semantik xüsusiyyətləri təhlil edilir. Təhlil nəticəsində müəy-

yənləşdirilir ki, dağ anlayışı, ilk növbədə fiziki məna daşıyır, ondan sonra insan xarakterinin 

əlamətlərini bildirir, nəhayət, mənəvi və sakral semantik xüsusiyyət nümayiş etdirir. Bunlar-

dan birinicisi ədəbiyyatda insan xarakterinin və  təbiət gözəlliklərinin təsviri zamanı istifadə 

olunan peyzaj motividir. Bu motivin köklərinin mifoloji təsəvvürlərə  və  təbiət kultlarına 

bağlılığı müşahidə olunur. 

 

Ədəbiyyatda intensiv olaraq işlənən və müxtəlif semantik xüsusiyyətlərə 



malik olan motivlərdən biri də dağ motividir. Müasir elmi yanaşmada dağ  təbii bir 

varlıqdır, coğrafi anlayışdır. Qədim təsəvvürlərə görə, dağ müqəddəs sayılır və ilkin 

inanc sistemində yer tutur. Xalq yaradıcılığında dağ obrazı özündə ibtidai dövrün 

təsəvvürlər sistemindəki kult semantikasını bu və ya başqa  şəkildə  təzahür etdirir. 

Ona görə  də, xalq yaradıcılığında dağ geniş bir şəkildə motivlənir və  zəngin para-

diqma cərgəsi yaradır. Burada dağın animist və antropomorfist təsəvvürlərlə əlaqəsi 

özünü aydın  şəkildə göstərir. Buradakı ibtidai təbiət kultu tanrıçılığa qədər inkişaf 

edir və özündə müqədəslik mənasını mühafizə edə bilir. 

Müasir ədəbiyyatda dağa müraciəti şərtləndirən əsas səbəblərdən biri də dağın 

təsəvvürdəki müqəddəslik mövqeyidir. Əlbəttə, bu keyfiyyət öz sakral mövqeyindən 

profanlaşmaya, adiləşməyə doğru hərəkət edir. Çünki dağ xalq inancında yer tutur. 

Müasir tarixi və dini dünyagörüş isə bu təsəvvürləri sıxışdırır. Amma folklor, ədə-

biyyat və sənət dağın sakral mövqeyini qoruyur, onu bədii düşüncənin imkanları ilə 

yenidən mənalandırır. 

XX  əsr Azərbaycan poeziyasında dağ bir obraz olaraq geniş  şəkildə  işlən-

mişdir. Burada dağ daha çox böyüklük, ucalıq, əzəmətlilik, vüqarlılıq, etibarlılıq və s. 

kimi mənəvi keyfiyyətləri ifadə edir. Digər tərəfdən də dağ bir təbiət hadisəsi olaraq 

peyzaj motivlərində istifadə olunmuşdur. Yəni müasir poeziyada dağ iki şəkildə 

müşahidə olunur: 

1) Obrazlı motivlənmiş şəkildə; 

2) Obrazlı motivlənməmiş şəkildə. 

Birincidə dağ sadəcə  təbiət təsviridir, təbiət lövhələrinin bir elementidir. 

İkincidə isə dağ sakral və ya mənəvi məna qazanmış bir motivdir. Folklorda dağ 



 

 37


motivi daha çox sakral semantikası ilə seçilir, amma müasir ədəbiyytada bu keyfiy-

yətlər mənəvi sferaya aid əlamətlər, insana aid xarakterik xüsusiyyətlər kimi səciy-

yələnir. 

XX  əsr Azərbaycan  ədəbiyatının görkəmli nümayəndələrindən biri olan 

Qasım Qasımzadənin yaradıcılığında da dağ obrazı geniş şəkildə işlənmiş, rəngarəng 

bədii boyalarla təqdim olunmuşdur.  Şairin  şeirlərində dağ  həm təbiət lövhələrində, 

həm mənəvi keyfiyyətlərin ifadəsi zamanı metafora kimi, həm də ayrıca mövzu kimi 

işlənmişdir.  Şair bütün yaradıcılığı boyu “dağlara” sadiq qalmış, ona təkrar-təkrar 

müraciət etmişdir. Yaradıcılığının ilk dövründə yazdığı  şeirlərindən biri “Qəzəbli 

dağlar” adlanır. Bu şeir İranda kürdlərin inqilabi hərəkatından bəhs edir. Burada adı 

keçən dağ “Bəsri” dağıdır. Kitabdakı qeydə görə bu dağ  Məhabad yaxınlığındadır 

(1,52). Şeirdə bu belə verilmişdir: 

Rəis unutmuşdu, bütün Məhabad 

Daim vüqarlıdır Bəsri dağıtək (1,52). 

Yenə  həmin  şeirdə bir qocanın dilindən vəsiyyət kimi səsləndirilən parçada 

deyilir: 

Mənə dağ başında bir kümbəz qursun- 

Kürdün məzarı da ucada dursun! (1,53). 

Aşağıdakı nümunədə isə “qayalar başı” yüksəklik və ucalıq mənalarında çıxış 

edir: 


Kürdəm, nərə çəkən səsim var mənim

Qayalar başında qəsrim var mənim. 

Osmanlı paşası, İran şahının 

Qəlbinə dağ çəkən nəslim var mənim (1,53). 

Bu şeirdə İran kürdlərini inqilaba səsləmək, azadlıq mübarizəsinə çağırmaq, 

intiqam hisslərini coşdurmaq əsas ideya kimi özünü göstərir. Şeirin adının “Qəzəbli 

dağlar” olması azadlıq mübarizəsi ideyasının böyüklüyünü və inadkarlığını ifadə 

etmək üçün düşünülmüşdür. Burada dağ insaniləşdirilmişdir. Yəni insana aid olan 

qəzəbin psixoloji keyfiyyəti dağa aid edilmişdir. Bu həm metaforadır, həm də dağın 

obrazlı motivlənməsidir. Yəni dağ metafora olmaqla yanaşı, eyni zamanda şeirin əsas 

ideyasını ifadə edən semantik vahiddir.  

Şairin “Bizim dağlar” kitabında da dağ motivləndirilir və ona bədii ideya 

qazandırılır. Bu baxımdan “Laçın qayası” şeiri diqqəti çəkir: 

Qabarıq sinəli Laçın qayası 

Nə qorxunc, uçurum görünüşün var, 

Əlçatmaz qoynunda kəklik yuvası, 

Üstündə qıy vuran şahinlər uçar (2,13). 

Burada dağın qayası  təbiət lövhəsi olaraq təsvir edilir. Bu ərazinin geniş 

təsviri isə aşağıdakı bənddə verilir: 

Arxan Ala qaya, Məndilin dağı, 

Yanında Ağbaba dayanıb qoşa. 

Buluddan çalmalı Murov yaylağı 

Qarşında Kəpəzlə verib baş-başa (2,13). 

Təbitət təsviri davam etdirilir və tədricən təbiətdən insana keçilir: 

Palıd ağacından qopan səs, hənir... 

Laçınlı, buludlu, qalalı dağlar... 




 

 38


Bu möhtəşəm lövhə bilsən nə deyir: 

“Burda babaların ocaq yeri var” 

İgid nəslimizin əzəmətidir 

Məğrur görünüşü bu gözəl dağın. 

Yenilməz vüqarı şan şöhrətidir 

Dünənki, bugünkü qəhrəmanlığın (2,15). 

Şair “Bizim dağlar” poemasında da “Kürdüstan dağları”ndan bəhs edir: 

Dostum daim yaşamışdır, boy atmışdır şəhərlərdə 

Olmamışdır başqa yerdə. 

Kinolarda görmüş yalnız Kürdüstanın dağlarını, 

Qarabağın bağlarını. 

O, görməmiş qartal yuva salan uçrum qayaları, 

Yayda dağa yağan qarı (2,39). 

Şair dağları müqayisə edir: 

Düzənləri düzümüz tək. 

Dağı bizim dağlar kimi (2,40). 

Dağlar kövrək duyğularla xatırlanır: 

Mən orada düşünəndə yurdumdakı dağ-daşları, 

Nə gizlədim, çox axmışdır ürəyimdə göz yaşları (2,41). 

Buradakı kövrəklik və emosional ovqat ilk öncə yurd duyğusu və  vətən 

həsrəti ilə bağlıdır. Dağlar burada doğma vətəni simvolizə edir. Bu mənada ona 

“bizim dağlar” deyə müraciət olunur. 

Dağı xalq dili ilə tərənnüm etmək üçün şair Aşıq Ələsgərə müraciət edir: 

Ağ xələt bürünər, zərnişan geyməz 

Heç kəsi dindirib keyfinə dəyməz

Sərdara, ağaya, şaha baş əyməz, 

Qüdrətdən səngərli, qalalı dağlar (2,41). 

Poemanın digər bir parçasında  şair insan və dağ münasibətlərini canlandırır 

və onların arasında emosional əlaqə yaradır: 

“Mina” deyib ney çalmaqdan dağlar, daşlar da yanır (2,44).  

Poemada Mina qadın qəhrəmanın adıdır. Amma o da istisna deyil ki, “Bizim 

dağlar” poemasının qadın qəhrəmanına müqəddəs Mina dağının adı verilmişdir. Bu 

çox dərin qatlarda “Yer-Ana” kultunun müasir təsəvvürlərdəki qalıqları ilə bağlıdır. 

Yəni əski inanclar insanların düşüncəsindən tamamilə silinmir və müəyyən bir şəkildə 

öz təzahürünü tapmış olur. Burada şair yaratdığı obraza müqədəslik qazandırmaq 

məqsədi izləmişdir. Bu da öz növbəsində  əsərin  əsas ideyasının müqəddəs məqsədə 

xidmət etməsini möhkəmləndirmək üçün istifadə olunan vasitələrdən biri kimi 

səciyyələndirilə bilər. 

Şair hər yerdə dağları duyur, hiss edir və onu həyatının bir parçası bilir: 

De, şəhərdə-hər məclisdə, hər evdə 

Duymuruqmu biz dağların ətrini (2,74). 

Şair poemanı yüksək vətəndaşlıq notları ilə tamamlayır: 

Sənin eşqin-bu vətəndaş ilqarı 

Dağlar kimi ucaldacaq onları! (2,74). 

Şairin dağa münasibətini “Azərbaycan” şeirində daha aydın görə bilirik: 

Vətən quru dağ-daş deyil... 




 

 39


Onu hər zaman 

Seyr etdikcə biz görürük 

Canlı insanı (3,32). 

Yuxarıda qeyd etdiyimiz kimi, şairin şeirlərində dağlar geniş təbiət mənzərəsi 

yaratmaqla bərabər insana aid mənəvi dəyərlərin ifadəsi kimi çıxış edir.  

Şeirlərdə konkret dağ adlarından Kəpəz, Murov, Ağbaba, Məndil və s. 

işlənmişdir. 

Məlumdur ki, coğrafi anlayışların semantik sahəsi çox genişdir. Belə ki, bu 

anlayışlarda sakral-mifoloji semantika aydın şəkildə görünür. “Kitabi-Dədə Qorqud”-

da Qazlıq dağı, Gökçə dağ, Ala dağ, Qara dağ, Qaracuk dağı kimi dağlara yönəlmiş 

inamları müşahidə edə bilirik.  

“Kitabi-Dədə Qorqud”da Oğuzların dağları köklü duyğulara qabil varlıqlar 

zənn etməsi də dağın ruh daşımasına olan inamla bağlıdır. Oğuzların dağları, daşları, 

qayaları deyiləni başa düşən, səs-səda verən, xoş niyyətlə keçid verən, xəbər çatdıran, 

sığınaq verən, uğur arzulayan, bəd dualardan qoruyan (4,35) bilmələri də dağ ruhuna 

yönəlmiş etiqaddan qaynaqlanır. Dastanın ilk boyundan bəlli olur ki, oğuzların əsas 

umma, tapınaq, istəkdiləmə, etiraz və qarğış yeri kimi Qazlıq Dağı sakral sferaya 

daxildir. Qazlıq Dağı həm də oğuzların xilaskarı kimi müqəddəsdir. Buğacın yaralan-

dığı zaman Boz atlı Xızırın peyda olmasını göstərə bilirik. Dağın ruhu Boz atlı Xızıra 

transformasiya edilir və onun vasitəsilə ölümdən xilas olmanın əlacı tapılır.  

Y.Meletinskinin təbirincə desək, gerçəkdə baş vermiş hər hansı tarixi hadisə ne-

cəliyindən asılı olmayaraq mifoloji strukturların hazır qəliblərinə sığdırılır (12,177). 

Qeyd edək ki, dağın baş Tanrı ilə  əlaqəsi ciddi inam kimi əski türk təfəkkü-

ründə yer almışdır. L.P.Potapov türk inanc sistemindəki dağı göydən, baş Tanrı 

tərəfindən göndərilmə inamı ilə əlaqələndirir (14,149). 

 “Oğuz Kağan” dastanında dağın ilkin başlanğıc kimi bilinməsi Gün, Ay, Ul-

duz, Göy, Dəniz kimi kosmoqonik yaradılış elementləri ilə birlikdə  çıxış etməsində 

özünü göstərir.  

S.Neklyudovun yazdığı kimi, mifoloji prototip folklor janrlarının dərin seman-

tikasına hopur. Qədim obraz başqa estetik dəyərlər axarına düşsə  də, qalıq  şəklində 

ilkin surətini qoruyub saxlayır (13,182-183). Bunun izləri həm xalq yaradıcılığında, 

həm də ədəbiyyatda bu və ya başqa şəkildə müşahidə olunur. 

 “Dədə Qorqud”dakı Qazlıq Dağının “uca dağ” kimi dəyər qazanması  və Ala 

Dağın “ər quru dağ” kimi təqdim edilməsi eposun mifik elementlərinin hamilik funk-

siyası ilə əlaqəli olduğunu göstərir. Bu sferaya “qarımış”, “qarşı yatan Qara Dağı” da 

aid edə bilirik. Həm də Qara Dağın adı təkcə “Dədə Qorqud” eposunda işlənmir.  

 Altaylıların “Maaday Qara” eposunda da bu adda dağdan bəhs edilməsi və 

sakral sayılması diqqəti çəkir. Altay eposunda Maaday Qara sağ ovcunda doqquzbu-

caqlı qara daş, sol ovcunda yeddibucaqlı ağ daş (10,84) olan yeni doğulmuş tək oğlu-

nu düşmən əlinə keçməsin deyə gətirib məhz Qara Dağın başında dörd qayın ağacının 

altında qoyur və deyir: “Qara Dağ sənin atan, dörd qayın ağacı anan olsun (10,87).  

“Dədə Qorqud” eposundakı Qara Dağın otsuz-ağacsız olması Altayın meşə 

örtüklü dağlarına deyil, bilavasitə “Maaday Qara”dakı Qara Dağın çılpaqlığına 

adekvatdır. Müqəddəs sayılan Qara Dağ türk olmayan xalqlarda da öz təzahürünü 

tapmışdır. Slavyan xalqları Qara Dağın, əsasən Qara Tanrı Dağının şərəfinə qurbanlar 

vermişlər (8,230-231).  




 

 40


Koroğlu Qoşabulağın suyundan uca dağ zirvəsində içir. Koroğlu içdiyi suyu 

dağdan alır, bu suyu, su ilə bərabər qabiliyyətləri ona dağ verir. Əlbəttə, burada su və 

dağ stixiyaları birgədir və bunun belə olması əski türk əfsanələrindəki Yer-Sub obrazı 

ilə əlaqəlidir. 

 Qeyd  edək ki, dağın Yer-Sub kultuna bağlılığı digər tədqiqatçıların da fərqli 

qənaətlərini ortaya qoymuşdur. S.E.Malov “Yer-Sub”u “müqəddəs vətən” adlandır-

mış (11,68), yuxarıda qeyd etdiyimiz kimi, A.V.Anoxin isə dağ ruhunun bu kultla 

əlaqəsini sübuta yetirən faktları göstərmişdir (7,15).  

Beləliklə, dağ motivi üzərində müşahidədən aydın olur ki, bu motiv təkcə forma 

baxımından, ritmik ifadə olunma imkanlarına görə deyil, eyni zamanda məzmununda 

daşıdığı mifoloji köklərinə görə də zəngin semantik xüsusiyyətlərə malikdir. Bunların 

içərisində kult semantikası vardır ki, xalq düşüncəsində, inanc sistemində  də yer 

tutmuş, adi, hərfi, nominal mənalarından başqa sakral məna da qazanmışdır. Müasir 

poeziyada belə anlayışların daşıdıqları  mənanın təhlili mifoloji aspektdən başqa 

filoloji baxımdan da əhəmiyyətlidir. Bu mənalar həm dil və poetik düşüncəmizin 

tərkib hissəsi, həm də milli-mənəvi dəyərlərimizin kodlaşmış məlumat ehtiyatıdır. 



 

ƏDƏBİYYAT 

1. Qasımzadə Q. Bizim kənd. Bakı: Uşaqgəncnəşr, 1951, 56 s. 

2. Qasımzadə Q. Bizim dağlar. Bakı: Uşaqgəncnəşr, 1956, 75 s. 

3. Qasımzadə Q. Bənövşə yarpağı. Bakı: Azərnəşr, 1964, 286 s. 

4. Hacıyev T. Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı: Elm, 1999, 216 s. 

5. Kitabi - Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 267 s. 

6. Təhmasib M. H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972, 400 s. 

7. Анохин А. В. Материалы по шаманству у алтайцев, собр. во вр. путеш. по Алтаю / 

СМАЭ АН СССР, т. 4, вып. 2, Л.: 1924 

8. Афанасьев А. Н. Древо жизни. М.: Современник, 1983, 464 с. 

9.  Афанасьева  В.  К.  Гильгамес  и  Энкиду.  Эпические  образы  в  искусстве.  М.:  Наука, 

1979, 194 с. 

10. Маадай-Кара. М.: Наука, 1973, 792 с. 

11. Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л.: Наука, 1951, 218 с. 

12. Мелетинский Е.М. Поэтика мифа. М.: Наука, 1976, 406 с. 

13. Неклюдов С.Ю. Статические и динамические начала в пространственно-временной 

организации  повествовательного  фольклора / Типологические  исследования  по 

фольклору: Сб. статей памяти В.Я.Проппа. М.: Наука, 1975, с.182-190. 

14. Потапов Л. П. Культ гор на Алтае // Советская этнография, 1946, №2, с. 145-160.  

15.  Ревуненкова  Е.В.  Миф-обряд-религия. Некоторые аспекты  проблемы  на материале 

народов Индонезии. М.: Наука, 1992, 216 c. 

 

МОТИВ ГОРЫ В СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ: 

МИФОЛОГИЧЕСКИЕ КОРНИ И СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ  

(На основе творчества Касума Касумзаде) 

 

Р.Т.ДЖАВАДОВА 

 

РЕЗЮМЕ 

 

В статье исследуется мотив горы в современной азербайджанской поэзии. Так же 

анализируется  мифологические  корни  и  семантические  особенности  этого  мотива.  В 



 

 41


результате анализа определяется, что понятие горы имеет физическое значение в, пер-

вой очереди, а второе, черты человеческого характера, а потом духовное и сакральное 

значения. Первое из них есть мотив пейзажа, который часто используется в литературе 

при описании красоты природы и человеческого характера. А корни этого мотива имеет 

мифологическое начало культовых верований.  

 

THE MOUNTAIN MOTIVE IN THE MODERN AZERBAIJAN POETRY: 



MYTHOLOGICAL ROOTS АND SEMANTIC FEATURES 

(On the basis of Gasim Gasimzade’s creativity) 

 

R.T.JAVADOVA 

 

SUMMARY 

 

  



The  article  researches  the mountain motive in the modern Azerbaijan poetry. The 

mythological roots and semantic features of this motive are analyzed as well. As a result of the 

analysis it is defined that the concept of mountain initially has a physical value secondly, the 

lines of human character, and finally, spiritual and sacral values. The first is the motive of a 

landscape which is often occurred in the literature for the description of the beauty of the 

nature and human character. The roots of this motive have the mythological beginning of cult 



beliefs.  

 

Yüklə 296 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə