Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası



Yüklə 97,44 Kb.
tarix25.06.2018
ölçüsü97,44 Kb.
#51671


 57

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

 

 

BEŞİNCİ KİTAB. FRİDRİX NİTSŞE VƏ NİTSŞEÇİLİK 

 

S.M.ƏLİYEVA  

Azərbaycan Universiteti 

azzizon@mail.ru 

 

Ya rəbbim, görəsən mənim hədər  



getmək üçün nə qədər ömrüm qalmışdır? 

V

.Q.Belinski 

 

Məqalədə Fridrix Nitsşenin həyat və yaradıcılığının əsas cəhətləri öz əksini tapmışdır. 



Məqalədə müəllif Fridrix Nitsşenin həyat və yaradıcılığının  ən mühüm hadisələrini onun 

yaşadığı dövrün tarixi və siyasi hadisələri ilə əlaqələndirmişdir. Yeni kapitalizm cəmiyyətinin 

köhnə Prussiya qaydalarına sığa bilməyən  ənənələri və bu iki fərqli istiqamətin ziddiyyət-

lərinin doğurduğu düşüncələrin ədəbi və fəlsəfi yaradıcılıqda əks olunmasını müəllif ifadə edir 

və göstərir ki, Zərdüştü məhz həmin mühit yetişdirmişdir. O, həmçinin əsərin müsbət və mənfi 

cəhətlərini izah edir, bu əsəri  İsa peyğəmbərin dörd həvarisi tərəfindən qələmə alınmış 

İncildən köklü surətdə  fərqini göstərir. Müəllif məqalədə  həm də  ədəbi və  fəlsəfi dillə bağlı 

olan problemlərə  də münasibətini bildirmişdir. O, Azərbaycan fəlsəfi dili ilə bağlı öz 

mülahizələrini irəli sürmüşdür. 

 

İnsan öz mühitinin məhsuludur, onun mövcudluğu yalnız zaman və  məkanın 



çevrəsində mümkündür, demək dahilər haqqında danışmaq üçün də, əvvəlcə onların 

mühitindən başlamaq, yaşadığı dövrü analiz etmək lazımdır. Digər tərəfdən, istənilən 

elmi tədqiqat üçün kontent - analiz tələb olunur və təkcə ona görə yox ki, insanı mühit 

yetişdirir və təkcə ona görə yox ki, sosium öz mühitindən heç vaxt tam təcrid oluna 

bilmir, yox, əsla yox, hər şeydən əvvəl ona görə ki, mühit dahiləri yetişdirdiyi kimi, 

bəzən də dahilər özləri öz mühitini yaradırlar...  

Fridrix Nitsşe (1844 – 1900) ilə ilk tanışlıqdan başlayaraq həssas oxucu üçün 

diqqəti çəkən birinci məsələ, onun ideala pərəstişlə bağlı şəxsi həyatı və bu həyatdan 

dolayı  əzablı bir ömür yoludur. Ömrünün hansı  məqamındasa, sənətə  pərəstiş duy-

ğusu onun düşüncələrinə hakim kəsilir və Fridrix Nitsşe yerdə qalan həyatını, kimin 

üçün isə idealın qara-boz kölgəsində, kimin üçün isə ülvi bir düşüncənin işığında 

görür. Fridrix Nitsşenin həyatından və yaradıcılığından heç vaxt ona dərs deməyən, 

lakin bütün varlığı və qəlbi ilə onun mənəvi müəllimi olmuş böyük alman bəstəkarı, 

məşhur filosof Rixard Vaqnerə (1813-1883) pərəstiş duyğusu sezilir, daha doğrusu, 

ülvi bir sənət idealı onun ömründən qırmızı xətt kimi keçir və özündən sonra dərin bir 

iz buraxır, Fridrix Nitsşenin əsərlərindən hələ indi də böyük sənət qarşısında əriyən 

bir qəlbin çırpıntıları duyulmaqdadır... 

Fridrix Nitsşeni yalnız oxumaqla onu tanımaq mümkün deyil, yalnız təkrarla, 

zikrlə onu dərk etmək olmaz, yaxud yalnız ona vurulmaqla da iş bitmir. Almaniya 



 58

mühitində nə vaxtsa partlayacaq yeni bir “esse homo” – yəni dinamit yaradan Fridrix 

Nitsşeni duymaq və tanımaq üçün ciddi və rasional bir düşüncə qədər, elə o dərəcədə 

də, həssas qəlb tələb olunur. İ.Qarin yazırdı: “Nitsşenin fəlsəfəsi – Nitsşenin daxili 

aləminin fəlsəfəsidir” (15,79). 1897-ci ildə Vladimir Solovyov (1853 - 1900) “Söz-

çülük və  həqiqət” adlı  məqaləsini yazdığı zaman Fridrix Nitsşeni “adi bir filoloq, 

onun yaratdığı “fövqəl – insan”ı isə “fövqəl – filoloq” kimi xarakterizə etmişdi (26, 

187). Vladimir Solovyov, hətta istehza ilə Fridrix Nitsşenin öz əsəri üçün “Zərdüşt” 

adını seçməsini, onun tərcümə zamanı qadın adları ilə dəyişik düşə biləcəyi qorxusu 

ilə izah edirdi. Amma onun düşüncələrinin tam əksinə olaraq, Fridrix Nitsşe J.P.Sartr-

dan, Karl Yaspersdən (“Nitsşe və xristianlıq”), Stefan Sveyqdən (“Fridrix Nitsşe”), 

Şopenhauer, Şiller, Bayron və Helderlinə qədər, bütün böyük yaradıcıların diqqətini 

çəkdi. İ.İ.Qarin (“Nitsşe”), A.E.Smolyaninov (“Mənim Nitsşem”) nitsşeçilik fəlsəfə-

sini müasir dövrün kontekstində izah etdilər, hətta bir sıra din xadimləri də bu 

mövzuya qayıtdılar. Müqəddəs  İustin “Fəlsəfi uçurumlar” adlı  əsərində nitsşeçiliyi 

belə ümumiləşdirmişdi: “İnsanın ağlı  və düşüncəsindəki mövcud çatlar və  təbəddü-

latlar əvvəlcə onun qəlbində yaranır” (25,15). Müqəddəs İohann isə “Simfoniya” adlı 

əsərində nitsşeçiliyi tamamilə orijinal bir şəkildə çözdü. Və bu gün də Nitsşenin 

tədqiqatları davam edir, hətta Rusiyada onun virtual seminarları keçirilir, demək, 

Nitsşe yaradıcılığının resepsiyası XXI əsrdə yenidən dünyanın diqqət mərkəzindədir. 

Daimi, ünvansız axtarışlar, yalana patoloji nifrət və yaradıcılıq “evrika”sından yerə - 

göyə sığmamaq, - bunlar onun qeyri – adi cəhətləri idi. Fridrix Nitsşe ömrünün so-

nuna kimi özündən “daha yaxşı deyə bilənlərin” qarşısında sarsılırdı, bütün həyatı 

boyu sənətə pərəstiş duyğusu onu tərk etmirdi, o, heç vaxt sənət və həqiqət qarşısında 

əyilməyə utanmırdı. Gənc Henrix Şteynin “Materializmin idealı. Lirik fəlsəfə” adlı 

əsəri onun qəlbini fəth etmişdi, ruhuna qanad vermişdi. Fridrix Nitsşe bunu etiraf 

etməkdən çəkinmirdi. O, bəzən sözlərə, sənətə canlı bir insan kimi vurulurdu... 

Fridrix Nitsşenin yaradıcılığında “Zərdüşt belə demişdir”  əsəri xüsusi bir yer tutur, 

çünki bu əsərlə o dünyaya öz ilk və son sözünü deyə bilmişdir. Zərdüştü o, bir 

peyğəmbər kimi təqdim edir və buna görə  də  Zərdüştün dedikləri, bəzən  İsanın 

pritçalarını, bəzən də  Məhəmmədə göndərilən vəhyləri xatırladır. Fridrix Nitsşenin 

Zərdüştü peyğəmbər kimi pritçalar söyləsə də, əslində o həyat bilicisidir, filosofdur. 

O, bir qədər Empedokldan, Heroklitdən, Spinozadan və  nəhayət, Hötedən öyrənən, 

“İnsanın əldə edəcəyi ən yüksək şey, - onun öz şəxsi qənaətlərini və fikirlərini dərk 

etmək, yəqinləşdirmək, özünü tanımaqdır, bunlar onu ruhunun mahiyyətini anlamağa 

və başqalarının fikirlərini qavramağa yönəldir” (18, 307)qənaəti ilə yaşayan, həyatın 

əbədi mövcudluğunda ən sadə qanunların mürəkkəb vəhdətini görməyə can atan bir 

filosofdur. Böyük sənət  əsəri həmişə böyük yanaşma tələb edir. Fridrix Nitsşenin 

sənətinin böyüklüyü, fəlsəfəsinin gücü isə onun əsərlərində başqalarına xas olmayan 

düşüncə azadlığı  və yaratdığı  qəhrəmanın iddiasızlığıdır. Zərdüşt dünyadan heç nə 

istəmir, günəş öz işıq və hərarətini əvəzsiz payladığı kimi, o da dünyaya təmənnasız 

boylanır. Hələ çox gənc yaşlarından Fridrix Nitsşenin həyat haqqındakı mülahizələri 

belə idi: “Hələ ki, mən yaşayıram, mən düşünürəm, mən hələ yaşamalıyam, çünki 

mən hələ düşünməliyəm... (Sum, erqo codito, codito, erqo sum) Mən bütün həyat 

hadisələrində vacib olanları, gözəllik əlamətlərini görməyi öyrənmək istəyirəm... Mən 

pisliklə mübarizə aparmayacağam, mən ittihamçı olmaq istəmirəm. Bir sözlə, mən 

həyatın bütün hallarında yalnız təsdiq etmək, yalnız inandırmaq istəyirəm” (16,202). 

O, bu fikirlərini qələmə aldığı zaman hələ çox gənc idi və  həyatın yalnız görünən 




 59

tərəflərini tanıyırdı, həyat isə romanlara sığacaq qədər sadə  və konkret deyildi... 

Fridrix Nitsşeyə - 24 yaşlı filologiya doktoruna çox sonralar bəlli oldu ki; 

“filologiyanın tədqiq etdiyi sahə tükənə bilər,  əbədi olmaya bilər, yalnız xronotop 

yanaşma tükənmir” (4,9). Tezliklə o anladı ki, ədəbiyyat cari həyat kolliziyalarından 

bəhs edərkən, məişət hadisələri çərçivəsindən kənara çıxa bilmir, bütün düşüncələr 

ifadə olunmur, bütün sözlər lüğətə yerləşmir və ədəbiyyatda düşüncə ilişib qalırkən, 

fəlsəfə insana intəhasızlıq, hüdudsuzluq vəd edir. Fəlsəfə onu cəlb etdikcə, aydın oldu 

ki, adi insan həyatı və insanın gündəlik qayğıları getdikcə onun üçün öz mahiyyətini 

itirir. Ona qeyri-adi bir hadisə, partlayış, şan – şöhrət lazım idi. Hələ yaradıcılığının 

ilk dövrlərində Demokritin “Hər  şey axır, hər  şey dəyişir” düşüncəsi onun “əbədi 

qayıdış” kredosunun yaranmasına səbəb olmuşdu və bu onu bütün həyatı boyu o 

əbədiyyətin sirrini axtarmağa sövq edirdi... 

Sent– Ekzüperinin yaratdığı Balaca Şahzadə isə deyirdi: “Bir dəfə  mən ... 

günəşin qürubunu gördüm!... Bilirsənmi... nə zaman ki, insan üçün hər  şeyə  və  hər 

yerə  kədər çökür, bu zaman o günəşin qürubuna baxmalıdır. Günəş öz qürubunda 

əbədiyyətdən danışır” (13,384). C.X. Cübran isə  əbədiyyəti belə  təsəvvür edirdi: 

“...qızılgülün ləçəkləri ilə tikanları arasındakı  həqiqət  əbədiyyət yuxusu ilə yatır” 

(2,166). İnsanlar tarix boyu əbədiyyətin sirrini gah sonsuzluqda, gah uyğunluqda, gah 

çərçivədə, gah azadlıqda axtarmışlar. Məsələn, O. Şpenqler deyirdi ki, yunanların 

idealı sonsuzluq deyil, uyğunluqdur, yunanlar ona görə uyğunluq axtarırdılar ki, bir – 

birinə uyğun olanların  əlaqəsindən gözəllik kultu yaratsınlar... Gözəllik isə daimi 

olmadığı üçün o özündə əbədiyyətin sirrini saxlaya bilməzdi. Əbədiyyətin sirri əbədi 

yolçuluqda olan sonsuzluqdur, bu, əslində “Səvvan yoxuşu”nun yolçuluğudur (6, 

270), insanlar ölüb gedir, münasibətlər, düşüncələr yaşayır və üst-üstə toplanır. Bizə 

elə  gəlir ki, əbədiyyətin sirri hərəkətin deyil, duyğuların, düşüncənin sonsuzlu-

ğundadır. Eyni mahiyyətdə  hər dəfə  fərqli keyfiyyət tapmaq, hər dəfə yeni bir 

məzmun əldə etmək və Səməd Vurğun demişkən, bunun “sənələrcə” davam etməsi... 

kumulyativlikdə  fərqli bir cəm... (yaxud fərqli lövhələrdə tamamilə  fərqli  şəkildə 

toplanan cəm) və  əslində insanı  cəlb edən, daim dəyişən bu axının  əbədi dayanıq-

lığıdır. Gedəndə qalanın yəqinliyi Qurani–Kərimdə “kulli jəvmin huva fa şənin” 

məntiqi ilə izah edilir. Yəni insan həyatının hər bir günü sanki böyük bir ssenarinin 

gündəlik yazılan bütöv və  təkrarsız məzmununun qısa xülasəsidir... Biz öz fikirləri-

mizdə Fridrix Nitsşenin dünyada ən gözəl tədqiqatçılarından biri hesab edilən fransız 

alimi və filosofu Daniel Qaleviyə istinad etmək qərarına gəldik, çünki onun 

yazılarından təkcə yazıçı, tənqidçi, filosof yox, diqqətli və  ağıllı bir tədqiqatçı, həm 

də  həssas və incə  qəlbli bir oxucu boylanır. Bundan başqa, Daniel Qalevi, həm də 

irsən Fridrix Nitsşenin yaradıcılığı və mənəvi dünyası ilə bağlı idi. Onun atası Lüdviq 

Qalevi vaxtilə böyük fransız bəstəkarı Corc Bizenin məşhur “Karmen” operasının 

librettosunu yazmışdı, o əsər ki, Fridrix Nitsşenin yaradıcılığında xüsusi yer tuturdu. 

Günlərin birində, təsadüfən, Corc Bizenin “Karmen” operasını dinləyən Fridrix 

Nitsşe, əsərdən çox mütəəssir olur və deyir: “Eşq olsun, eşq olsun! Bu opera adama 

Merimenin novellaları kimi təsir bağışlayır, ... o, fərasətlidir, o, güclüdür və  bəzən 

dərin həyəcan yarada bilir... əsil fransız istedadıdır, hələ Vaqnerin təsiri altına 

düşməmişdir, həqiqi Berliozun davamçısıdır (16,201). Çox sonralar isə o, “Karmen” 

operası haqqında yeni bir qənaətə  gəlir: “Bu əsər məni azad edir”. Daniel Qalevi 

Fridrix Nitsşenin həyatının bütün incə  məqamlarını aça-aça, əslində onun yaradıcı-

lığının elmi, ədəbi, fəlsəfi mahiyyətini meydana qoyur. Bəlkə də A. Paysda ona görə 




 60

Albert Eynşteynin böyük kəşfləri belə sadə və ətraflı şəkildə öz əksini tapmışdır ki, 

müəllif: “Mən heç vaxt ondan azad adama rast gəlməmişəm” düşüncəsi ilə yaşamış, 

böyük alimin bütün şəxsi keyfiyyətlərini, psixoloji – mənəvi yaşantılarını duymuş, 

“evrika” momentlərini, düşüncənin işıqlanma anlarını oxucuya təqdim edə bilmişdir 

(24,9). Fridrix Nitsşenin qəlbində çox gənc yaşlarından poeziya, proza, təhdid və 

fəlsəfədən ibarət olan bir “İsgəndər kələfi” yaranmışdı. O, bu kələfi açmaq üçün 

bəzən öz fəlsəfi doktrinasının poetik sistemini yaratmaq, bəzən də öz bədii düşün-

cələrinin fəlsəfi həllini tapmağa can atırdı. Bu zaman bütün qədim Prussiya Zərdüştün 

“Zənd Avesta”sındakı  fərziyyələrin təsiri altında idi. Təbiət-insan, insan-insan 

münasibətləri haqqındakı “Avesta” təlimindən təsirlənən Fridrix Nitsşe, deyəsən, 

mənəvi intəhasızlığın yolunu tapmışdı: “Mən çox səbirsizliklə oturmuşdum, amma 

heç nə gözləmirdim, mən nə xeyir, nə  də  şər haqqında düşünmürdün, amma 

sevinirdim...” (16,118). Daniel Qalevi Fridrix Nitsşenin psixologiyasına kölgə salan 

nifrətin, hüzn və  kədərin kökünü məharətli bir tədqiqatçı kimi axtarmış  və onu 

əsaslandıra bilmişdir. Fridrix Nitsşe bəzən həyatın xaotik məzmunundan yorulurdu, 

ona elə  gəlirdi ki, həyatda qara rənglər daha çoxdur. Amma onun bu asketik 

düşüncələri rus yazıçısı M.Zoşenkonun “Etiraf” əsərindəki “dahilərin ruhi sarsıntı-

larını, mənəvi və psixoloji böhranlarını ictimai mühitdə axtaran” tədqiqata (20,94), və 

ya Ziqmund Freydin kəşf etdiyi insan həyatının “ilkin sarsıntı” sindromuna 

bənzəmirdi. Buna baxmayaraq, nədənsə, Fridrix Nitsşenin ən çox oxuduğu və sevdiyi 

müəllifin - Mopassanın adı  da  M.  Zoşenkonun “qara siyahısında” var idi... Fridrix 

Nitsşenin həyatını bütün incəliklərinə  qədər çözməyə çalışan Daniel Qalevi göstərir 

ki, onun can atdığı əbədiyyət qanunlarının axtarışlarında belə, Rixard Vaqnerin təsiri 

duyulur. O, həyatda öz “idealını olduğundan kiçik” (3, 59) görsə də, ondan heç vaxt 

tam təcrid oluna bilmir və bu mənəvi asılılıq bəzən bir xəstəlik olaraq onu izləyirdi, 

bəzən isə o, bu müqəddəs yaşantıları olduğu kimi ifadə edə bilirdi; ”...mən onun 

qarşısında özümü Allahın hüzurunda olduğu kimi hiss edirəm”, - deyirdi... Yeri 

gəlmişkən, qeyd etmək lazımdır ki, bu pərəstiş duyğusu xristian apologetçiliyinə və 

ya bizə yaxşı tanış olan müsəlman məddahlığına qətiyyən bənzəmirdi. Bu hiss, 

həyatda çox az sayda insanlar üçün ayrılmış böyük sənət qarşısındakı  mənəvi 

təslimçilik, bəlkə  də insanın öz qəlbi üçün yaratdığı qandalların ağırlığından doğan 

mənəvi - ruhi bir sıxıntı, keçilməz bir çərçivə idi... 

Zənnimizcə, belə böyük duyğuların adi ürəklər və sadə düşüncələr üçün 

mövcud olmadığını qeyd etmək, yersizdir. Zatən, elə əvvəlcədən də biz, mənəvi - ruhi 

varisliyin xətti quruluşunu qəbul etmirdik, amma Fridrix Nitsşedə  Şərqə  pərəstiş 

duyğusunu belə açıq-aydın görmək bizi heyrətləndirdi və bizdən sənətə  və 

yaradıcılığa fərqli bir yanaşma tələb etdi. Fridrix Nitsşe hələ çox gənc ikən müəllifinə 

pərəstiş etdiyi “Ziqfred”, “Tanrıların ölümü”, “Tristan və İzolda” (22,91) əsərlərinin 

təsiri altına düşür və bu əsərlər öz mifik məzmunu və lirik təntənəsi ilə onun düşün-

cələrini  şumlayır və xeyli dərin çevrilən bu mənəvi sahədən daha ifratçı bir filosof 

təxəyyülü cücərdi... Rixard Vaqnerin dövlətçilik modeli təkcə Fridrix Nitsşenin yox, 

bütün Avropanın taleyində dönüş nöqtəsinə çevrildi və  gələcək alman nasional-

sosializminin yaranmasında ilk və möhtəşəm bir addım oldu. Digər tərəfdən, Rixard 

Vaqnerin ideyaları  Şərqdən Avropaya gəlmiş mistik düşüncənin təsiri ilə yaranan 

maarifçi modernizmi cəmiyyət üçün mənəvi dekadansa çevirməsi ilə  səciyyəvidir. 

Yeni dövrün ən parlaq və eyni zamanda ən faciəvi düşüncə sahibləri getdikcə Fridrix 

Nitsşenin  əsərlərini oxuyur və onun pərəstişkarlarına çevrilirdilər. Bernard Şou, 




 61

Maksim Qorki, Tomas Mann, Andrey Belıy, Jül Renar, Alber Kamyu kimi mütəfək-

kirlər daim onu mütaliə edirdilər və onun nəyə görə “mədəniyyəti - hissələrə bölün-

müş xaosun üzərindəki nazik bir alma qabığına bənzəyən pərdə” hesab etməsinin 

səbəbini anlamağa çalışırdılar (23,121). Fikirlər, mühakimələr isə həmişə olduğu kimi 

çox fərqli idi. L. N. Tolstoy Fridrix Nitsşeni Monassanla müqayisə edirdi. Jül Renar 

isə onun haqqında yazmışdı: “Nitsşe? Onun barəsində  nə fikirləşirəm? Fikirləşirəm 

ki, familiyasında samit səslər çoxdur” (10,60). Jül Renardan fərqli olaraq, XX əsrin 

əvvəllərində yazıçı German Gess isə Fridrix Nitsşedən doktor Faustla eyni səviyyədə 

duran “müqəddəs bir məbəd” kimi söz açmışdı... Rixard Vaqnerin “Parsifal” əsə-

rindən dərhal sonra Fridrix Nitsşe yazırdı: “biz dost idik və indi bir-birimizə yad 

olmuşuq. Biz ayrı-ayrı yollarla və müxtəlif istiqamətlərə üzən iki gəmiyik... Əgər bizə 

yerdə düşmən olmaq nəsibdirsə, biz kainatın idarə etdiyi əlaqəyə inanmalıyıq” 

(16,204). Daniyel Qalevi yazırdı: “Rixard Vaqner gah ona çox yaxın, gah da çox uzaq 

olurdu” (16,203). Fridrix Nitsşe üçün nə  qədər ağır olsa da, o etiraf etməli olur ki, 

Rixard Vaqner müasir alman cəmiyyətində özünü doğrultmayan xristian ənənələrinə 

güzəştə getmişdir. Və yaş ötdükcə, Rixard Vaqner xristianlığa qayıtmaq üçün vaxtilə 

böyük anşlaqla keçən məşhur operalarında öldürdüyü Tanrıları indi yenidən diriltmək 

məcburiyyətində qalmışdır. Həyat reallığı ilə barışan Rixard Vaqnerin xəstəliyi ilə 

əlaqədar olaraq Venetsiyaya getdiyini eşidən Fridrix Nitsşe deyir: “ “Parsifal”ı yazan 

adam, bu cinayətdən sonra öz qalan ömrünü Venetsiyada yox, islah evində keçirmə-

lidir” (16,223). Buna baxmayaraq, Fridrix Nitsşe Vaqnerin ölümündən sonra daha bir 

cümlə də yaza bilmədi...  

Fridrix Nitsşe 1889-cu ildə yazdığı “Antixrist” əsərində İsanın təbliğ etdiyi kölə 

düşüncəsinə, xristian kilsəsinin insanların fiziki varlığına müdaxilə etməsinə böyük 

istehza ilə yanaşır, kilsənin raskolçu və asketik ənənələrinə qarşı çıxır, tərki-dünyalığa 

dözə bilmirdi, düşünürdü ki, əgər hər hansı bir din, insana yarımçıq azadlıq vəd 

edirsə, onun ardınca getməyə dəyməz. Hətta o, islam dinini bu mənada xristianlıqla 

müqayisə edirdi və islam dininin insana verdiyi fiziki və mənəvi azadlığa görə onun 

üstünlüyünü qəbul edirdi. Fridrix Nitsşe öz fövqəl insanını axtara-axtara geriyə gedib 

Budda təliminə  çıxdı. “Antixrist”də buddizmi göylərə qaldıran, onun başı açıq, 

ayaqyalın azadlığında rahatlıq tapan Fridrix Nitsşe, belə hesab edirdi ki, buddizmdəki 

tənhalıq, özünə qapanma hissi şüuru işıqlandırır və insan düşüncəsinin yeni 

imkanlarını üzə  çıxarır. Nirvana ilə  işıqlanmış, nurlanmış Budda həyatı belə xarak-

terizə edirdi: “Həyat düqhə - yəni iztirabdır. Həyat burxulmuş oynaq kimidir, kiçik 

hərəkətlərdən belə  ağrıyır”. Buddanın Fridrix Nitsşenin qəlbini fəth edən başqa bir 

nəsihəti isə belə idi: “Şayiələrə inanmayın,  ənənələrə etibar etməyin, kitablardan 

oxuduğunuzu və müəllimlərdən eşitdiyinizi, özgələrinin fikirlərini qəbul etməyin, öz 

yolunuza özünüz işıq salın” (12,76). Amma nədənsə, Fridrix Nitsşe düşünə bilmirdi 

ki, “taha”nı – yəni xudbincəsinə istəməyi və arzuları inkar edən buddizmdəki bu bəsit 

və ibtidai azadlıq nə  qədər cəlbedici və parıltılı görünsə belə, o, insanların ruhi və 

mənəvi əlaqələrini büsbütün qıra bilmir, zatən insan yox, insanlıq əbədidir...  

Maraqlıdır ki, son zamanlar elə bizdə də “insan dünyaya tək gəlir, tək yaşayır və 

tək gedir” - fəlsəfəsi dəbdədir, amma bu düşüncə  nə  qədər güclü məntiqə söykənsə 

də, A.N.Uaytxedin (1861-1947) “mövcudluq yalnız subyekt üçün mümkündür” 

(28,36) düşüncəsinin məsuliyyətini kim öz üzərindən ata bilər? (görəsən dünya, təkcə 

özü üçün mövcud olanlara, öz maraqları üçün yaşayanlara bizim bilmədiyimiz qeyri – 

adi nəyi vəd etmişdir?).  




 62

Ən vacib bir məqam da ondan ibarətdir ki, Fridrix Nitsşenin bütün cəhdlərinə bax-

mayaraq, “Zərdüşt belə demişdir”  əsəri yazılarkən o, artıq nə siyasətçi, nə  ədəbiy-

yatçı, nə də tənqidçi idi, o filosof idi. Bu zaman o, sosial mühiti dəyişmək haqqında 

düşünmürdü, o cəmiyyəti görmürdü, onun üçün dünya şəxsi münasibətlərinin onsuz 

da hədsiz dərəcədə kiçik olan çevrəsindən çıxıb yaratdığı fövqəl - insanın fəlsəfi 

baxışlarına yönəldi. Fridrix Nitsşe bu əsərdə həyatın bütün sahələrinə boylanırsa da, 

heç nə onu təəccübləndirə bilmir, heç bir şey onu tutub saxlamır, o daim yuxarıya, 

düşüncənin, mənəviyyatın hüdudsuz ənginliyinə doğru can atır, dünya onu 

təəccübləndirmək, özünə bağlamaq üçün bir də geriyə qaytarmalı, bu dəfə yeni bir 

adla çağırmalı idi. Ölüm isə onun üçün bu əbədi qayıdışın başlanğıcı, keçid nöqtəsi 

olduğu üçün cəlbedicidir.  Əsərdə  həyatın bütün tezalarına qarşı  Zərdüştün daha 

mükəmməl bir antitezasının mövcud olması, fəlsəfi ümumiləşdirmələr göstərir ki, 

müəllif abstrakt təfəkkürü həyatın bədii həllindən daha üstün hesab edir. Fridrix 

Nitsşe bu əsərdə özünü axtarmır, o artıq özünü tapmışdır, bu əsər yekundur, axta-

rışların nəticəsidir, mənəvi böhranların, ruhi çırpıntıların sonudur, məcrasına düşmüş 

düşüncələrin axınıdır. İdeala pərəstişdən doğan bir düşüncənin məhsulu hesab edilən 

və bəzən isə xəstə bir təxəyyüllə yazılması güman olunan bu əsərin nə üçün bu günə 

qədər dünyanın diqqətində qalması maraq doğurmaya bilməz. Nə üçün Fridrix Nitsşe 

yaddaşlardan silinib getmir? Daniel Qalevi bu sualın cavabını onun əsərlərindəki 

azadlığın təntənəsi ilə bağlayır. Amma bəzən insan qəlbi azad olduqda da o, insanı 

büsbütün azad edə bilmir. Bu dəfə insan, öz təfəkkürünün, ağlının əsarətinə ilişib qalır 

və  qəlbinə  xəyanət edir... Fridrix Nitsşenin azadlığında qəlbin və  ağlın təntənəsi 

bütövlükdə görünməsə də, ondan başqa kim deyə bilərdi ki: “Həqiqətən də, insan – 

çirkli axındır. Dəniz olmaq lazımdır ki, bu çirkabı özündə çökdürəsən və  təmiz 

qalasan”, (23,6). və ya kim deyə bilərdi ki: “Dağlarda  ən qısa yol zirvədən –zirvə-

yədir, amma bunun üçün uzun ayaqlara malik olmaq lazımdır”, və ya “Mən eləsini 

sevirəm ki, onun başı ürəyinin məzarıdır”? (23, 29).  

Mənəviyyat ilk öncə Şərqin tədqiqat sahəsi olmuşdur. Konfutsi, Fridrix Nitsşedən 

fərqli olaraq insanı  cəmiyyətlə daha sıx bağlayırdı  və düşünürdü ki, hər bir insan 

əslində öz həyatında olan incə duyğuların, xırda detalların, kiçik hissələrin,  əhə-

miyyətsiz görünən hadisələrin cəmidir. Konfutsi asketizmi rədd edir, sosial sistemləri 

cəmiyyətin mənəvi bağı sayır, rituallarda həyatın harmoniyasını axtarırdı  və  tələ-

bələrinə deyirdi: “Rituala yad olanlara baxma, rituala yad olanlarla oturub – durma, 

rituala yad olan sözlər danışma, ritualdan kənara çıxan işlər görmə” (21,74)... Fridrix 

Nitsşe isə  Şərqin yalnız mənəviyyata köklənən, özünü axtaran, insanı ilahiləşdirən 

düşüncələrinə söykənirdi. “Zərdüşt belə demişdir” əsərində Zərdüştün təbiətlə müna-

sibətinə diqqət yetirsək, Fridrix Nitsşenin düşüncələri bizə daha çox aydın olacaqdır. 

Zərdüşt onu sancan ilana deyir: “... öz zəhərini geri götür, sən kifayət qədər varlı 

deyilsən ki, mənə nə isə bağışlayasan ” (23,48). İnsan iradəsinin böyüklüyü, ağıl və 

zəkasının hər şeyə qadir olması müəllifin qəlbini coşdurur və onun ictimai deyil, fərdi 

şüuruna əsaslandığını sübut edir. Cəmiyyətdən yayınan Fridrix Nitsşenin böyüklüyü 

nədədir? Nə üçün onu hələ  də oxuyurlar, Zərdüşt bizə  nə verir? Bu suala ilk əvvəl 

müəllifin özü cavab vermişdi, o adilikdən qaçmağa çalışır, mənəviyyatı ideallaşdırır-

dı: “...insan mənim üçün o qədər təkmil deyil ki, mən onu sevə bilim, insana mə-

həbbət məni öldürərdi” (23, 6). Bəli, adi insan onu özünə cəlb edə bilməzdi, o fövqəl, 

ilahi bir varlıq axtarırdı, elə bir varlıq ki, onu öz düşüncələrinin sehrinə sala bilsin. 

Onun üçün həyatın heç bir əziz neməti mövcud olmasın, o, dar mənada işlənən hər 




 63

cür məna və mahiyyətdən azad olsun. Dünyadan, insanlardan azad olmaq mümkün ol-

duğu kimi, özündən azad olmaq da ona nəsib olsun. İnsan həyatının mənası  bəzən 

Fridrix Nitsşenin özü üçün də bu düşüncələrin, tərəddüdlərin içərisində itib gedirdi: 

“həyat uçurum üzərindən çəkilmiş kanat kimidir, getmək qorxuludur, qalmaq qorxu-

ludur, yolda olmaq qorxuludur ”- deyə etiraf edirdi. Fridrix Nitsşe insan qəlbinin in-

cəliklərinə, mənəviyyatın dərinliklərinə daha çox endikcə, özündən uzaqlaşırdı (23,5). 

Fridrix Nitsşe “Zərdüşt belə demişdir”  əsərini “Beşinci Yevangeliya” (İncil) 

adlandırırdı. Bu əsər onun mənəvi – ruhi axtarışlarının həcminə görə  nə  qədər mü-

kəmməl olsa da, onu İsanın dörd apostolu - həvarisi- Matfey, Mark, Luka və İohanın 

qələmə aldığı müqəddəs  İncilə  əlavə saymaq düzgün deyildi. İsanı  qəbul etmədən 

onun kölgəsinə sığınmaq, ona bu qədər yaxınlaşmaq, nəhayət, onunla yanaşı durmaq 

iddiası  nə  dərəcədə doğru idi? Bu iddiada olan Fridrix Nitsşe nədənsə,  İncildə  ən 

vacib bir məqamı, insana sevgini diqqətdən qaçırmışdı. Müqəddəs  İncildə deyilirdi: 

“Əgər peyğəmbərlik ənamım varsa və bütün sirləri bilirəmsə, hər cür biliyə və dağları 

yerindən tərpədəcək dərəcədə imana malikəmsə, amma məhəbbətim yoxsa, mən 

heçəm” (9; 13, 8.). Zərdüşt, insanlara İsanın öyrətdiyi bu vacib şeyi verə bilmirdi, o 

insanlara elə bir şeyi gətirməmişdi ki, yer üzündə qurtuluşun yeganə yolu, məhz onda 

idi.  İsaya qədər gələnlər də insanlara çox şey öyrətmişdilər. Bir anlıq,  İsanın gələ-

cəyini böyük həsrətlə gözləyən və insanları tövbə üçün İordan çayında vəftiz edən 

müqəddəs Yəhyanın sözlərini xatırlayaq: “Mən sizi tövbə üçün su ilə vəftiz edirəm; 

fəqət məndən sonra Gələn, məndən daha qüdrətlidir... O, sizi Müqəddəs Ruh və atəşlə 

vəftiz edəcəkdir” (9; 3,11.). İsa insanlara onların hələ bilmədikləri müqəddəs bir 

hissdən, ruhani bir sevgidən xəbər gətirdi, çünki İsanın imtina düşüncəsində sevgi 

böyüdülmüşdü, İsa ruhaniliyi yenidən kəşf etmişdi... Fiziki varlığı önə çəkən instinkt 

heç vaxt azadlıq verə bilməz, insan öz ağlının qüdrəti və  qəlbinin hökmü ilə bö-

yükdür. Şərq sufizmindən fərqli olaraq, Fridrix Nitsşe Allaha daha primitiv yanaşaraq 

onu kiçiltdi və fiziki cəhətdən öldürürdü. Allahı öldürmək üçün onu insanlaşdırmaq, 

fiziki varlığını hasilə  gətirmək lazım idi ki, bunu əzabkeşlər və sufilər artıq Fridrix 

Nitsşe üçün tarixi baxımdan hazırlamışdılar. Nəzəri cəhətdən bu təlimlər biri digərini 

doğurmuşdu, çünki hər ikisində Allaha maddi məzmun verilmişdi... Zərdüşt öz fəlsəfi 

axtarışlarında fəlsəfə daşını tapır, amma onu nə edəcəyini bilmir, çünki bu zaman o, 

polyak aforisti S.Letsin (1909-1966) bu məntiqdən hələ  xəbərsiz idi: ”Filosoflar! 

Fəlsəfə daşını gəzməyin! Onun sizin boğazınıza bağlanacağı ehtimalı vardır” (27, 34). 

Fridrix Nitsşenin yaradıcılığı  bəzən Hüseyn Cavidlə müqayisə edilir. Hüseyn 

Cavid Fridrix Nitsşedən fərqli olaraq əxlaq qanunlarını danmır,  əksinə  hətta onun 

iblisə münasibətində də tərbiyə üçün yer vardır. Bəlkə də hər iki müəllifi “Peyğəm-

bər” mövzusuna müraciət etdiyinə görə müqayisə etmək olar. O zaman bu siyahıya 

C.X.Cübranın “Peyğəmbər”ini,  İ.Hötenin “Məhəmmədin nəğməsi”, bəlkə M. Nüay-

mənin “Mirdadın kitabı”nı da əlavə etmək olar (6, 266). Əgər biz “gəzən süjetlər” 

axtarırıqsa, müqayisə caizdir. Yox, əgər müqayisə dini məzmundadırsa, o zaman 

atəşpərəstlik, buddizm, yəhudilik, xristianlıq və islam dini paralel şəkildə  tədqiqat 

obyektinə çevrilə bilər...  

Böyük fransız filosofu Eduard Şüre (1841-1929) Rixard Vaqnerlə şəxsən tanış idi 

və onun dinə qayıtmasına bəraət qazandırmaq üçün yazmışdı: “Nə zaman ki, insanın 

qəlbi kütləşir, o zaman din bütpərəstliyə çevrilir” (30,323). Əslində bu fikirlər Fridrix 

Nitsşeyə də eyni dərəcədə aid idi, çünki yalnız dini hiss qəlbi olduğu kimi əks etdirə 

bilir... 




 64

Bəzi nitsşeçilər düşünürlər ki, Nitsşenin zəngin fəlsəfi dili Alman fəlsəfi təfək-

kürünün formalaşmasına səbəb olmuşdur, guya fəlsəfə tamamilə dilin zənginliyindən 

asılıdır. Əslində fəlsəfə filoloji düşüncənin məhsulu deyildir və yalnız dil, təkcə dil nə 

qədər zəngin olsa belə, fəlsəfə yarada bilməzdi. Əgər fəlsəfə dili yaratmırsa, demək 

dil də  fəlsəfənin radikal şəkildə yaradıcısı ola bilməz. Məsələn, “Peyğəmbər” möv-

zusu nə qədər geniş yayılsa və nə qədər cəlbedici olsa da, Cavidin, Cübranın yaradıcı 

düşüncəsinin həddini keçə bilməzdi, necə ki, iblislər, Mefistofellər adi insan 

düşüncəsində yerləşən  şeytan təsəvvüründən uzağa getmir. Təbii ki, İnsan dildə 

kiçildilmişdir. O heç vaxt yaşadığı hissi olduğu kimi çatdıra bilmir. O, həmişə nə isə 

deyir, bu danışıq ya evfemik, ya da disfemik ola bilər, bu əsas deyil, əsas odur ki, 

kobud və ya incəliyindən asılı olmayaraq, burada həmişə müəyyən bir fikri axtarıb 

tapmaq mümkündür. Şüur hansı  səviyyədədirsə, dil də o ölçüdədir, təfəkkür də elə 

həmin əhatə dairəsindədir. Fridrix Nitsşe Rodeyə yazmışdı. ”...mən bir homo literatus 

kimi etiraf etmək istəyirəm, mənə elə gəlir ki, mən yüksək dərəcədə öz Zərdüştümlə 

alman dilini yaxşılaşdırmışam. Lüter və Hötedən sonra üçüncü bir addım qalmışdı; 

fikir ver, gör... nə vaxtsa, bizim dildə belə bir gücün birləşməsi, çeviklik və səslərin 

gözəlliyi olubmu... Mənim stilim rəqsə bənzəyir; mən azad bir şəkildə mümkün bütün 

simmetriyalarla oynayıram, mən onlarla hətta sait səsləri seçəndə də oynayıram” (16, 

241). Həqiqətən də, o, bir bəstəkar, bir şair olaraq səsləri, sözləri, musiqini çox gözəl 

bir şəkildə ayırd edir, seçə bilirdi. O, bəzən düşünürdü ki, italyan dili və musiqisi çox 

şirindir, alman dili və musiqisi isə insanı çox yükləyir. Fridrix Nitsşeni həmişə lirik, 

canlı, ciddi, incə, ritmik, məzəli və eyni zamanda ehtiraslı dillə yazılmış bir əsər 

özünə cəlb edirdi... Dil söz yığınından ibarət deyil, dil fəal nöqtələrin kontaktlarından 

yaranan xüsusi bir fəzadır. Dil “...fikrin rahatca axıb töküldüyü hazır forma deyil...” 

(5, 212). “... dil iki amorf kütlənin qarşılıqlı əlaqəsindən formalaşaraq öz vahidlərini 

hazırlayır... suyun səthi ilə... dalğalar meydana çıxır. Məhz bu dalğalar fikirlə  səs 

materiyasının  əlaqəsi, necə deyərlər, “cütləşməsi barədə  təsəvvür yaradır” (5, 213). 

Əslində bu prosesi ən sadə  şəkildə biz təbiətdə balıqların yaranma faizinin kürü 

dənəciklərinin müvəffəqiyyətli toqquşmasından asılı olması ehtimalına bənzədə bi-

lərik, nə qədər kontakt zonası işğal edilirsə, o qədər məhsul əmələ gəlir... Dil sərhədi 

təfəkkürü zamanca genişləndirir. Biz deyə bilmiriksə, demək düşünə bilmirik. Hər bir 

yeni dil konfiqurasiyası olan cümlə maddiləşmiş fikirdir, fikir maddiləşən kimi 

yüklənir və materiyaya çevrilir. Həyat obrazın obrazıdır, modeldən yaranan modelin, 

iki dəfə üzü köçürülən və təhrif dolu nüsxənin qarşısında fəlsəfi təfəkkür və ya dil çox 

zəif arqumentlə çıxış edir. Dil fəlsəfədə sıxlaşdığı qədər, fəlsəfə dildə genişlənir, yəni 

hər bir xalqın düşüncəsi, təfəkkürü həcmində onun dili inkişaf edir və ya əksinə. 

Alman klassik fəlsəfəsi alman dilinin, alman düşüncəsinin həcmi qədər böyümüşdü, 

təbiidir ki, fəlsəfədə milli şüur, milli təfəkkür böyük rol oynayır, dar düşüncələr 

fəlsəfə üçün yararlı ola bilməz. Dil milli xüsusiyyət daşıyır, nitq dildən daha dar bir 

anlayışdır, nitq həmişə oyundur və  səhnə  tələb edir. “Dil ona görə lazımdır ki, nitq 

anlaşıqlı olsun, nitq isə ona görə lazımdır ki, dil təşəkkül tapsın. Dil bütövlükdə möv-

cuddur... lüğət kimi, nitq... fərdi və anidir” (5,80). Əgər hər hansı bir dildə aforizmlər, 

atalar sözləri yarana bilirsə, əgər hər hansı bir xalq, böyüdə, oxşada, kiçildə, əzizləyə 

bilirsə, demək onun dili kasıb deyildir. Əgər metafora, anafora və s. kimi dilə digər 

müxtəlif “foralar” verilə bilirsə, dilin bütün bərbəzəyi yerindədirsə, deməli dil 

imkanlıdır. Qalır həmin dildə  Zərdüştü yaratmaq...Və  nəhayət, öz tədqiqatlarında 

Fridrix Nitsşenin bu fikirlərinə əsaslanan Daniyel Qalevi Fridrix Nitsşenin qeyri - adi 




 65

axtarışlarını  və qeyri - adi tapıntılarını belə ümumiləşdirir: “Onun ideyalarının  əsil 

mənası nə idi? Bunlar simvolik xarakter daşıyırdımı və ya real həyat həqiqəti idimi, 

bunlar illüziya və ya ümid idimi? Bu suallara cavab vermək çətindir... Bizə elə gəlir 

ki, fövqəl – insan, şair-lirikin illüziyası, xəyali yalanıdır” (16,221). Daniel Qalevidən 

fərqli olaraq, biz düşünürük ki, bu əsərdə Fridrix Nitsşe şair deyil, tənqidçi deyil, o, 

filosofdur və onun fəlsəfi düşüncələrinin mahiyyəti Zərdüştün “qayıdış doktri-

nası”ndan qaynaqlanır. Zərdüştün dünyadan uzaqlaşması dünyanı daha yaxşı görmək 

üçün idi, bunu, ekses – yəni təkan üçün geriyə  çəkilmək manerası kimi də başa 

düşmək olar. Amma dünyada kəsişməyən əbədi həqiqətlər mövcud olsa da, insan öz 

gündəlik həyatında kəsişən həqiqətlərlə yaşamalı olur. 

 Görmək, tanımaq öz qəhrəmanını axtarıb tapmaq və sevmək, Fridrix Nitsşenin 

bütün yaradıcılıq idealı budur. Halbuki, “Bu dünyanın izolyasiyası zəifdir. O, həmişə 

yarımçıq sistemdir” (7,172).  

 

ƏDƏBİYYAT 

1. Bünyadov Z. Məmmədəliyev V. Qurani-Kərim. Bakı: Azərnəşr, 1991, 715 s.  

2. Cübran X.C. Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən seçilmiş tərcümələr. Bakı: 

Şərq-Qərb, 2009, 244s. 

3. Əfəndiyev A. Mütləqə inam, Bakı: Təbib, 1999, 298 s.  

4. Əsədova A. Avropa ədəbiyyatşünaslığı və Azərbaycan ədəbi-nəzəri fikri, Bakı: Elm, 2006, 274 s. 

5. Ferdinand de Sössür “Ümumi dilcilik kursu”. Bakı: BDU, 2003, 408 s. 

6. Xəlilov S. Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə. 

Bakı: Şərq-Qərb, 2009, 380 s. 

7. Xəlilov S. Fəlsəfə və sosial siyasi elmlər, elmi-nəzəri jurnal, Bakı: AU, 2008-№ 4, s. 159-185 . 

8. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı: AU, 2007, 520 s. 

9. İncil (Əhdi Çədid). Bakı: Bibliya tərcümə İnstitutu, 1991, 621 s. 

10. Renar Jül. Gündəlik. Bakı: Gənclik. 1974, 72 s.  

11. Səməd Vurğun. Böyük sənət uğrunda B.: Gənclik, 1970, 191 s. 

12. Staneki-Kozvoski Mayra, Heyns V., Usami D. Mənim dünyam və mən. Birləşməyə doğru 

yol kitabında. Bakı: Gənclik, 1997, 292 s. 

13. Антуан Сент – Экзюпери де, Перевод с Фр. М.: Худ. Лит. 1983, 447 с.  

14. Библия M.: Российское Библейское Общество, 2007, 1326 с.  

15. Гарин И. Ницше, М.: Терра, 2000, 846 с. 

16. Галеви Д. Жизнь Фридриха Ницше, Издание М. О. Вольфа, 1911, 318 с. 

17.  Гете  И.В.  Собрание  сочинений,  в 10-ти  т., III т.  Из  моей  жизни.  Поэзия  и  правда. 

пер. с немец. Н. Манн. М.: Худ. лит., 1376, 718 с. 

18. Гёте И.В. Собрание сочинений в 10-ти т., X т. Об искусстве и литературе. М.: Худ. 

лит. 1980, 510 с. 

19. Закон Божий (для семьи и школы). Составитель С.Слободский. 1987, 723 с. 

20. Зощенко М. Исповедь. М.: Советская Россия, 1987, 464 с. 

21. Конфуций Уроки мудрости, М.:Эксмо-пресс, Харьков: Фолио, 1999, 958с. 

22.Музыкальный энциклопедический словарь. М.: Советская энциклопедия, 1990, 672с. 

23.Ницше Ф. Так говорил Заратустра. В 2-х т., II Т. М.: Мысль, 1990, 802 с. 

24.  Пайс А. Научная  деятельность  и  жизнь  Альберта  Эйнштейна  пер.  с  анг. (Под ред. 

акад. А.А. Логунова). М.: Наука, 1989, 568 с. 

25.  Преподобный  Иустин  (Попович)  Философские  пропасти.  М.:  Издательский  Совет 

Русской Православной Церкви, 2004, 288 с. 

26. Соловьев В.С. Оправдание добра. Нравственная философия. В 2-х т., I т. М.: Респуб-

лика, 1996, 479 с. 

27.Стани́слав Е́жи Лец Непричесанные мысли. Изд.: Вахазар, Рипол Классик, 2007, 384 с. 




 66

28. Уайтхед А. Н. Избранные работы по философии. M.: Прогресс, 1990, 720с. 

29. Фрейд Зигмунд Психоанализ и культура. Леонардо да Винчи, СПб.: Алетейя, 2000, 296 с.  

30.  Шюре  Э.  Великие  посвящённые.  Очерк  эзотеризма  религий.  СП  «Книга – Принт-

шоп» пер. с фр. Е.Писаревой. / СПб., 1914, 420 с. 

 

ПЯТАЯ КНИГА. ФРИДРИХ НИЦШЕ И НИЦШЕАНСТВО 



 

С.М.АЛИЕВА 

 

РЕЗЮМЕ 

  

В статье полностью отражается жизнь и творчество Фридриха Ницше. Здесь ав-



тор связывает самые важные исторические события того времени с творчеством Фрид-

риха  Ницше.  Автор  объясняет  сходные  и  отличительные  особенности  произведений 

"Так сказал Заратустра" и Евангелия. Анализирует все особенности Заратустры и объ-

ясняет,  почему  до  сих  пор  это  произведение  читается  с  большим  интересом.  В  статье 

указываются положительные и отрицательные особенности Фридриха Ницше и ницше-

анство. В статье внимание направлено в сторону отделяющихся друг от друга особен-

ностей  законов  природы  и общества. Здесь  автор  также  исследовал проблемы  возник-

новения литературного и философского языка. 

 

 

THE FIFTH BOOK. FREDRIK NIETZSCHE AND NIETZSCHEISM 

 

S.M.ALIYEVA 

 

SUMMARY 

 

The article deals with the life and the creative works of Fredrik Nietzsche. The author 



connects the most important historical events of those times with the creative works by 

Fredrik Nietzsche. Similar and distinctive features between the works "So Zarathustra told" 

and “the Gospel” are studied. The author analyzes Zarathustra’s all characteristics, and 

explains why this work is still read with great interest. In the article, positive and negative 

features of Fredrik Nietzsche and Nietzscheism are noted. The attention is directed to the 

features of the distinctive rules of nature and society. The author researches the problems of 

formation of the literary and philosophical languages in the article. 

 

 



Yüklə 97,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə