Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası



Yüklə 108,14 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü108,14 Kb.
#38907


 

100


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3 

 

 

        Sosial-siyasi elmlər seriyası 

  2009 

 

 



 

 

İNSAN HÜQUQLARININ BEYNƏLXALQ-HÜQUQİ  MÜDAFİƏSİNİN 



SAHƏVİ  PRİNSİPLƏRİ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏTDAXİLİ QANUNVERİCİLİYİ 

 

Ə.İ.ƏLİYEV 

Bakı Dövlət Universiteti 

al.amir.ib@mail.ru

 

 

Məqalədə insan hüquqlarının beynəlxalq-hüquqi  müdafiəsinin sahəvi  prinsipləri və 



Azərbaycan Respublikasının dövlətdaxili qanunvericiliyi hüquq ədəbiyyatında mövcud fikir 

müxtəlifliyi, beynəlxalq praktika və dövlətdaxili qanunvericilik əsasında geniş  təhlil edilir. 

İnsan hüquqları sahəsində sahəvi prinsiplərin  əsas xüsusiyyətlərinin və dövlətdaxili 

qanunvericiliyin qarşılıqlı  təhlili nəticəsində belə  qənaətə  gəlinir ki, beynəlxalq hüququn, o 

cümlədən beynəlxalq insan hüquqları standartlarının dövlətdaxili implementasiyası üçün 

adekvat hüquqi əsas müəyyən edən Azərbaycan Respublikası Konstitusiyası  və Azərbaycan 

Respublikası tərəfindən insan huquqları sahəsində qəbul edilmiş digər normativ-hüquqi aktlar 

beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurulmuşdur. Bu isə insan hüquqları 

sahəsində ümumtanınmış prinsiplərin (normaların) dövlətdaxili qanunvericiliyə implementa-

siyasında mühüm  amildir. 

 

2000-ci ildə qəbul edilmiş BMT Minilliyin Bəyannaməsində beynəlxalq məsə-



lələrdə olduğu kimi, milli işlərdə  də insan hüquqlarına hörmət edilməsi prinsipinin 

möhkəmlənməsi barədə dövlətlərin razılığı ifadə olunmuşdur (6, 255). Hər bir dövlətin 

insan hüquqlarına hörmət və  əməl etmək öhdəliyi bilavasitə müasir beynəlxalq 

hüququn  əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək prinsipindən 

irəli gəlir. İnsan hüquqlarına hörmət prinsipinin məzmunu isə, ilk növbədə, dövlətlərin 

onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətdə hər hansı ayrı-

seçkilik olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyi təşkil edir. Bununla da, 

insan hüquqları sahəsində dövlətlərin üzərinə mühüm öhdəliklər qoyulur və bu 

öhdəliklərin yerinə yetirilməsinə  nəzarət edilir. Bundan başqa, müasir beynəlxalq 

hüququn inkişafı  həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit 

edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prinsipi 

əsasında həyata keçirilməlidir (14, 383). 

BMT Nizamnaməsinin 1-ci maddəsində  Təşkilatın məqsədlərindən biri kimi 

heç bir fərq qoyulmadan insan hüquq və  əsas azadlıqlarına hörmətin inkişafı  və 

onların təşviqi məqsədilə  əməkdaşlığın həyata keçirilməsi göstərilmişdir. Nizamna-

mənin 55-ci maddəsi də insan hüquqlarına hörmət prinsipinin digər aspektlərini 

müəyyən edir. Həmin maddədə göstərilir ki, millətlər arasında xalqların hüquq 

bərabərliyi və öz müqəddəratını  təyin etməsi prinsipinə hörmət  əsasında sülh və 

dostluq münasibətləri üçün zəruri olan sabitlik və  əmin-amanlıq  şəraitini yaratmaq 

məqsədilə BMT aşağıdakılara dəstək verir: həyat səviyyəsinin yüksəldilməsinə, 

əhalinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqinin inkişaf etdirilməsinə; iqtisadi

sosial, səhiyyə  və buna müvafiq sahələrdə beynəlxalq problemlərin həllinə, 




 

101


mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa; irqinə, cinsinə, dilinə və ya 

dini mənsubiyyətinə  fərq qoyulmadan bütün insanların  əsas hüquq və azadlıqlarına 

hamılıqla hörmət edilməsi və riayət olunmasına. 

Ümumiyyətlə, beynəlxalq hüquqda insan hüquqlarına hörmət edilməsi prinsipi-

nin məzmunu aşağıdakı qaydada ifadə edilir: hər bir dövlətin öz ərazisində yerləşən 

bütün şəxslərin əsas hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi daşıması; dövlətlə-

rin cinsi, irqi, dil və dini əlamətlərə görə ayrı-seçkiliyə yol verməmək vəzifəsini təsbit 

etməsi; dövlətlərin insan hüquq və  əsas azadlıqlarına ümumi hörmət edilməsi və bu 

məqsədlərə nail olunması sahəsində bir-birilə  əməkdaşlıq etməyə yardım etmək 

öhdəliyini özlərində daşıması. 

Beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindən biri olan əsas insan hüquq 

və azadlıqlarına hörmət prinsipinin insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin 

sahəvi prinsiplərinə  təsirini nəzərə alaraq, bu istiqamətdə müvafiq  prinsiplərin (rəhbər 

başlanğıcların) təhlilini məqsədəmüvafiq hesab etmək olar. İnsan hüquqları  nəzəriy-

yəsində  aşağıdakı  əsas prinsiplər fərqləndirilir: humanizm prinsipi; azadlıq prinsipi; 

bərabərlik və bərabərhüquqluluq prinsipi, şəxsiyyətin ləyaqəti prinsipi (13, 19-21). 

Humanizm prinsipinin formalaşmasında əsas qismində humanizm ideyaları çı-

xış edir. Başqa sözlə desək, humanizmin əsas mənbələri kimi insan həyatı  və  şəx-

siyyətinin mənəvi dəyərləri haqqında mütəfəkkirlərin ideyaları  çıxış etmişdir. Keçən 

əsrlərin humanist filosoflarının əsərlərində (B.Spinoza, T.Hobbs, C.Lokk, C.C.Russo) 

insanın  şəxsiyyət kimi formalaşması, onun hüquq və azadlıqları, toxunulmazlığının 

tanınması haqqında humanizm ideyaları  təsbit olunmuşdur. Dövlət öz hakimiyyətini 

yalnız cəmiyyət üzvlərinin maraqlarına yönəltməlidir. Dövlətçiliyin  əsas meyarları 

kimi mənəvi tələblər – ümumi rifah və hüquqi başlanğıclar özünü biruzə verir. 

Humanizm prinsipi AR qanunvericiliyinin, xüsusilə cinayət qanunun tərkib 

hissəsini təşkil edir. Belə ki, AR CM-nin 9-cu maddəsində  əks olunan humanizm 

prinsipi aşağıdakı elementləri özündə birləşdirir: müvafiq normativ-hüquqi aktın 

insanların təhlükəsizliyini təmin etməsi; cinayət törətmiş  şəxsə  tətbiq edilən cəza və 

digər cinayət-hüquqi xarakterli tədbirlərin cismani əzab vermək və ya insan ləyaqətini 

alçaltmaq məqsədi daşımaması. 

İnsan üçün əsas dəyərlərdən biri də azadlıqdır. Yalnız azadlıq  şəraitində insan 

öz  maraqlarını realizə edə bilər. Bütün bunların həyata keçirilməsinin əsas vasitələri 

azadlıq hüququnun təmin edilməsi ilə üzvi surətdə bağlıdır.  İnsan hüquqlarının bey-

nəlxalq-hüquqi müdafiəsinin prinsipi qismində azadlıq hüququ aşağıdakıları  məqsəd 

qismində özündə birləşdirir: ayrı-seçkilikdən azadlıq; yoxsulluqdan azadlıq; inkişaf və 

fərdin öz insan potensialının realizəsinin azadlığı; qorxudan – şəxsi təhlükəsizlik 

təhdidi, işgəncələr, özbaşına həbslər və zorakılıqdan azadlıq;  ədalətsizlik və qanun-

çuluğun pozulmasından azadlıq; fikir, söz, qərarların qəbul edilməsi prosesində 

iştirak; ləyaqətlə çalışmaq azadlığı. 

Ümumiyyətlə, azadlıq hüququ özündə  şəxsi (yaşayış yeri seçmək azadlığı, 

hərəkət etmək azadlığı, fəaliyyət azadlığı və s.), siyasi (fikir azadlığı, söz azadlığı və 

s.) və peşə  (əmək azadlığı, yaradıcılıq azadlığı  və s.) fəaliyyətində  həyata keçirilən 

konkret imkanlar toplusunu birləşdirir. 

Hüquq elmində isə «azadlıq» terminini aşağıdakı bir neçə mənada işlətmək olar: 

dar mənada – tutulma və  həbslə  məhdudlaşdırılan fiziki azadlıq (1950-ci il Avropa 

Konvensiyasının 5-ci maddəsi kontekstində); daha geniş  mənada – bütün mülki hü-

quqlar sistemini özündə ifadə edən fərdi azadlıq; ən geniş mənada – insan hüquqları-

nın bütün sistemində ifadə olunan azadlıq (2, 116). 1948-ci il Ümumdünya İnsan hü-




 

102


quqları Bəyannaməsinin 3-cü maddəsində  hər bir insanın azadlıq hüququ təsbit edil-

mişdir. Bundan əlavə, kimsənin özbaşına həbs olunmaya, tutulub saxlanılmaya, sür-

gün edilməyə məruz qalmasının yolverilməzliyi də 9-cu maddənin tərkib hissəsini təş-

kil edir. Bununla yanaşı, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq 

Paktın 9-cu maddəsində təsbit edilən azadlıq hüququ da şəxsin qanunsuz şəkildə azad-

lıqdan məhrum edilməsinin yolverilməzliyini özündə birləşdirir. Həmçinin həbs olun-

muş  şəxsin həbsi barədə  məlumatlandırılması, məhkəmə baxışı hüququnun təmin 

olunması, qanunsuz həbs edilmiş  və ya tutulmuş  hər bir kəsin kompensasiya almaq 

hüququ azadlıq hüququnun  tərkib hissəsini təşkil edir.  

Əsas hüquqlar haqqında 2000-ci il Aİ Xartiyasının 6-cı maddəsi də azadlıq 

hüququ və şəxsi toxunulmazlıq hüququ ilə bağlı münasibətləri tənzimləyir.  

AR Konstitusiyasının 28-ci maddəsində əks olunmuş azadlıq hüququ isə özündə 

aşağıdakı elementləri birləşdirir: vətəndaşlığından asılı olmayaraq, hər bir insanın 

azadlıq hüququna malik olması; müvafiq hüququn yalnız qanunda nəzərdə tutulmuş 

qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə  məhdudlaşdırıl-

ması; AR ərazisində olan hər bir kəsin sərbəst hərəkət edə bilməsi, özünə yaşayış yeri 

seçə bilmək imkanına malik olması, AR ərazisindən azad şəkildə kənara gedə bilməsi; 

AR vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququnun mövcudluğu. 

İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsiplərindən biri 

də şəxsiyyətin ləyaqəti prinsipidir. Bu, insan hüquqlarının xüsusi prinsipi kimi nəzər-

dən keçirilir. Ləyaqətsiz insan şəxsiyyətinin dəyəri olmur. Onun olmaması isə bütöv-

lükdə cəmiyyət üçün daha ciddi təhlükələrin yaranmasına səbəb olmaqla, digər insan-

lara münasibətdə etinasızlığa, cəmiyyətin dəyərlərinə hörmətsiz yanaşılmasına gətirib 

çıxarır. Bunun nəticəsi isə insanın digər  şəxslərin ləyaqətinə qarşı dözümsüzlüyünə 

səbəb olur, bu isə öz növbəsində cəmiyyətdə münaqişə və mübahisə mənbəyi ola bilər. 

Ləyaqət, o cümlədən insan ləyaqəti ilə bağlı müddəalar bir sıra beynəlxalq-

hüquqi aktlarda öz əksini tapmışdır. Məsələn, Əsas hüquqlar haqqında 2000-ci il Aİ 

Xartiyasının I bölməsi «Ləyaqət» adlanmaqla, aşağıdakılarla bağlı müddəaları  təsbit 

edir: insan ləyaqəti; yaşamaq hüququ; işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan 

rəftar və  cəzalar; köləliyin və  məcburi  əməyin qadağan edilməsi. Xartiyanın 1-ci 

maddəsində isə insan ləyaqətinin toxunulmaz olduğu, onun yalnız hörmət və müdafiə 

ilə təmin edilməsi kimi müddəa təsbit olunmuşdur (15, 67-68). V.A.Çetvernin hesab 

edir ki, şəxsi və qeyri-şəxsi hüquq və azadlıqlar sferasında əsas prinsip kimi ləyaqətə 

hörmət prinsipindən danışmaq məqsədəmüvafiq olardı (5, 145). AR Konstitusiyasının 

46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 

Dövlət tərəfindən qorunan şəxsiyyətin ləyaqətinin alçaldılmasına heç bir halda yol 

verilə bilməz. 

Beynəlxalq sənədlər, onların tətbiqi təcrübəsi, müxtəlif beynəlxalq təşkilat, 

orqan və konfransların qərarları, həmçinin hüquq ədəbiyyatında mövcud fikir müxtə-

lifliyinin təhlili  əsasında insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin bir sıra 

digər spesifik prinsipləri - fərdə daha əlverişlilik prinsipi, mülki, siyasi, sosial, iqtisadi, 

mədəni insan hüquq və azadlıqlarının bölünməzliyi prinsipi, insan hüquqlarının 

ayrılmazlığı prinsipi, bərabərlik, bərabərhüquqluluq və ayrı-seçkiliyin qadağan 

edilməsi prinsipi, şəxsiyyətin təhlükəsizliyi prinsipi fərqləndirilir. 

Fərdə daha əlverişlilik prinsipi beynəlxalq hüququn müvafiq sahəsinin inkişafı 

və  təşəkkülündə özünəməxsus rol oynamışdır. Belə ki, insan hüquq və  əsas azadlıq-

larının müdafiəsi, hörmət edilməsi və yerinə yetirilməsi üzrə normaların mövcud-

luğunu fərdin maraqlarının digər ictimai münasibətlərin subyektlərinin maraqlarından 




 

103


üstün tanınması anlamını verən dərin humanist ənənə olmadan təsəvvür etmək 

mümkün olmazdı. Burada söhbət insan həyatı, sağlamlığı, azadlığının mühafizəsi və 

dəstəklənməsi olan fundamental maraqlardan gedir. 

Təbii ki, bu maraqlardan hər hansı biri heç vaxt mütləq xarakterə malik olma-

mışdır. Qeyd etmək lazımdır ki, 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsi 

və 1966-cı il Beynəlxalq Paktları fərdə daha əlverişlilik ideyası üzərində qurulmuşdur. 

İlk öncə, 1948-ci il Bəyannaməsində və 1966-cı il Beynəlxalq Paktlarında qeyd olunur 

ki, azadlıq, ədalət və ümumdünyəvi sülhün əsasını bəşər cəmiyyətinin bütün üzvlərinə 

məxsus olan ləyaqətin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması  təşkil 

edir. Artıq Bəyannamə  və Paktların müvafiq məzmunundan aydın olur ki, insan 

şəxsiyyətinin ləyaqəti bütün hüquq və azadlıqların kompleksi vasitəsilə açılır, lakin 

bunun özünü də heç bir halda tam hesab etmək olmaz. 

Bu gün insan hüquq və əsas azadlıqlarının müdafiəsi üzrə çoxsaylı beynəlxalq 

hüquqi sənədlər mövcuddur. Dövlət eyni məsələni tənzim edən bir neçə sazişin 

iştirakçısı ola bilər. Bununla əlaqədar sual yarana bilər ki, bu halda hansı saziş tətbiq 

olunmalıdır?  İnsan hüquq və  əsas azadlıqlarının müdafiəsinin tənzimlənməsinin 

məqsəd və  vəzifələrinin ümumi anlayışından çıxış edərək, belə bir əsaslı fikir irəli 

sürmək olar ki, bu halda fərdə daha geniş və səmərəli müdafiəni təmin edən normaya 

üstünlük verilməlidir. Müvafiq qənaətə 1966-cı il Paktlarının 6-cı maddəsinin 2-ci 

bəndinin təhlili  əsasında gəlmək olar. Bu isə onu deməyə  əsas verir ki, hər hansı 

ölkədə qanun, konvensiya, qayda və adətdən irəli gələn insan hüquqlarının müvafiq 

sənədlərdə həmin hüquqların tanınması və ya daha az tanınmasını bəhanə gətirərək, bu 

və ya digər dərəcədə  məhdudlaşdırılması  və azaldılması qadağandır. Yuxarıdakı 

müddəaları  əldə  rəhbər tutaraq, formalaşmış norma isə öz ərazilərində yaşayan 

insanlar üçün səmərəli və hüquqi çərçivədə daha geniş azadlığı  təmin etmək istəyən 

dövlətlər üçün regional, subregional və digər səviyyədə insan hüquqlarının müdafiəsi 

üçün daha geniş imkanlar açır. Beynəlxalq hüquqi sənədlərə  nəzər yetirsək, bu 

prinsipə həmin sənədlərdə də rast gəlmək olar. Qaçqınların statusu haqqında 1951-ci il 

Konvensiyasının 5-ci maddəsində xüsusi olaraq qeyd olunur ki, müvafiq sənədin heç 

bir müddəası mövcud Konvensiyadan asılı olmayaraq, hər hansı  iştirakçı-dövlət 

tərəfindən qaçqınlara təqdim olunan heç bir hüquq və imtiyazlara xələl gətirmir. 

Vətəndaşsızlıq hallarının ixtisarı haqqında 1961-ci il Konvensiyasının 13-cü maddə-

sinə  əsasən həmin akt vətəndaşsızlığın azaldılmasına kömək edən və üzv-dövlətlərin 

qüvvədə olan və ya qüvvəyə minəcək qanunu və ya iki və ya daha artıq Razılığa gələn 

Dövlətlər arasında qüvvəyə minmiş konvensiya, müqavilə  və ya sazişlərdə  nəzərdə 

tutulan müddəalara zidd kimi şərh oluna bilməz. 

Bundan başqa, insan hüquqlarına aid keçirilmiş bir çox konfranslarda fərdə 

daha  əlverişlilik prinsipi beynəlxalq hüququn mərkəzi prinsiplərindən biri kimi 

tanınmışdır. Məsələn, 1980-ci ildə keçirilmiş  «İnsan hüquqları  və sülhün qarşılıqlı 

əlaqəsi problemləri üzrə» Hammer Konfransının IV illiyində  təklif edilmiş  «İnsan 

hüquqları  və  əsas azadlıqları haqqında normaların təfsiri və  tətbiqinin prinsipləri 

Layihəsi»ndə  fərdə daha əlverişlilik prinsipi insan hüquqlarında mərkəzi yerlərdən 

birini tutan müddəa kimi nəzərdən keçirilmişdir.   

Fərdə daha əlverişlilik prinsipinin mühüm cəhəti odur ki, o hər bir konkret halda 

təfsir və  tətbiq zamanı ümümbəşəri dəyərlərə önəm verərək, humanizm nöqteyi-

nəzərindən insan hüquqlarının müdafiəsi tələbinə cavab verən  ən yaxşı variantı 

tapmaq imkanı yaradır. Fərdə daha əlverişlilik prinsipi daha bir mühüm aspektə 

malikdir: o, beynəlxalq-hüquqi sazişlərdə nail olunmuş minimumu saxlamaq zərurəti 




 

104


və onun aşağı salınmamasını nəzərdə tutur. 

Ümumdünya  İnsan hüquqları  Bəyannaməsi mülki, siyasi, iqtisadi, sosial və 

mədəni insan hüquqlarının vahidliyi və bölünməzliyi mövqeyindən çıxış edir. Bu halın 

mövcudluğu isə mülki, siyasi, sosial, iqtisadi və mədəni insan hüquq və azadlıqlarının 

bölünməzliyi prinsipinin normativ təsbiti və müxtəlif istiqamətlərdə  tətbiqi 

baxımından insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin spesifik prinsipi kimi 

mühüm əhəmiyyətə malik olduğunu təsdiq edir.  

Qeyd  etmək lazımdır ki, BMT Baş Məclisi öz qətnamələrində (16 dekabr 1977-

ci il 32/130 saylı  Qətnamə  və 4 dekabr 1986-cı il 41/117 saylı  Qətnamə) dəfələrlə 

beynəlxalq ictimaiyyət tərəfindən insan hüquq və əsas azadlıqlarının bölünməzliyi və 

qarşılıqlı asılılığı, bir sıra kateqoriya hüquqların müdafiəsi və  təşviqinin dövlətləri 

digər hüquqların müdafiəsi və  həvəsləndirilməsi öhdəliyindən azad etməməsi barədə 

fikrini təsdiq etmişdir. 1966-cı il Paktlarının preambulasında nəzərdə tutulur ki, qorxu 

və ehtiyacdan azad insan şəxsiyyəti idealı yalnız hər kəsin öz iqtisadi, sosial və 

mədəni, həmçinin, mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait 

yaradıldığı  təqdirdə  həyata keçirilə bilər. BMT Baş  Məclisinin 9 dekabr 1970-ci il 

tarixli 2675 saylı Qətnaməsinə müvafiq olaraq, əsas insan hüquq və azadlıqlarına hətta 

hərbi münaqişələr zamanı da riayət olunmalı və təmin edilməlidir.  

Bir sıra elmi ədəbiyyatlarda və keçirilən tədbirlərdə iqtisadi, sosial və  mədəni 

hüquqlarla bağlı müəyyən fikirlər söylənilməkdədir. Bu, xüsusilə 1966-cı il İqtisadi, sosial 

və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın təhlili ilə bağlı məsələlərdə özünü daha 

aydın şəkildə biruzə verir. Ədəbiyyatda qeyd edilir ki, Pakt yalnız dövlətlərin cəhd etməli 

olduqları məqsədə çatmağa dair standartları müəyyən edir (20, 34). D.Trubek isə iqtisadi-

sosial hüquqların həyata keçirilməsini fəaliyyət proqramlarının uzun müddət ərzində qəbul 

edilməsi yolu ilə reallaşmasını  məqsədəmüvafiq sayır (19, 205-271). Hollandiyanın 

Limburq Universitetində 1986-cı ildə keçirilən toplantıda müxtəlif dövlətlərdən iştirak 

edən aparıcı ekspertlər müvafiq Paktın iştirakçı-dövlətlərinin öz üzərlərinə götürdük-

ləri hüquqi öhdəliklərin təbiəti və dərəcəsi barədə bir sıra müddəaları müzakirə edərək 

aşağıdakı əsas nəticələrə gəldilər: iqtisadi və sosial hüquqlar da daxil olmaqla, bütün 

insan hüquq və azadlıqları bölünməz, qarşılıqlı  əlaqədədir, o cümlədən beynəlxalq 

hüququn ayrılmaz tərkib hissəsidir; Pakt iştirakçı-dövlətlərin üzərinə beynəlxalq 

müqavilədə  təsbit edilmiş hüquqların həyata keçirilməsi üçün qanunvericilik və 

inzibati tədbirlər də daxil olmaqla, bütün zəruri tədbirləri təxirəsalınmadan həyata 

keçirmək öhdəliyi qoyur; iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, Paktın 

iştirakçı-dövlətləri  ən azı minimal səviyyədə iqtisadi, sosial və  mədəni hüquqları 

təmin etmək öhdəliyinə malikdirlər (18, 122-135). 

 İnsan hüquqlarının ayrılmazlığı prinsipi də mövcud münasibətlərin tənzimlən-

məsində məhz bu aspektdən çıxış edir. İnsan hüquq və əsas azadlıqlarının ayrılmazlığı 

fərdlərin hüquqlarının öz təbiətindən irəli gəlir. V.A.Kartaşkin qeyd edir ki, şəxsin 

əsas hüquq və azadlıqları ayrılmazdır və onlar özgəninkiləşdirilə bilməzlər. Onlar təbii 

olmaq etibarilə, dövlətlər tərəfindən verilmir (4, 138). Ümumdünya İnsan hüquqları 

Bəyannaməsi və 1966-cı il Beynəlxalq Paktlarının mətninin təhlilindən çıxış edərək 

hüquq və azadlıqların ayrılmazlığı prinsipinin mahiyyətinin hər hansı  şəxsin həm 

milli, həm də beynəlxalq-hüquqi sənədlərdə tanınmış hüquq və azadlıqlarının 

məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərin qadağan edilməsi barədə qənaətə gəlmək 

olar. Belə qadağa Ümumdünya İnsan hüquqları  Bəyannaməsinin 30-cu maddəsi, 

Paktların isə 5-ci maddəsindən irəli gəlir. Belə ki, qeyd edilir ki, müvafiq sənədlərdə 

heç nə  hər hansı dövlətə,  şəxslər qrupuna və ya ayrı-ayrı  şəxslərə  həmin Paktlarda 




 

105


nəzərdə tutulmuş  hər hansı hüquq və azadlığın məhvinə  və yaxud onun Paktlarda 

nəzərdə tutulduğundan artıq dərəcədə  məhdudlaşdırılmasına yönəlmiş  hər hansı 

fəaliyyətlə  məşğul olmaq və ya hər hansı  hərəkət törətmək hüququ verilməsi kimi 

təfsir oluna bilməz. Bundan əlavə, göstərilir ki, hər hansı bir ölkədə qanun, 

konvensiya, qayda və yaxud adət qüvvəsində mövcud olan əsas hüquqların heç biri 

1966-cı il Paktlarında həmin hüquqların nəzərə alınmaması və ya daha kiçik  həcmdə 

nəzərə alınması bəhanəsi ilə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.   

Ümumiyyətlə, insanın ayrılmaz hüquqları dedikdə, hüququn məzmununun 

daşıyıcıdan - subyektdən ayrılmasının qeyri-mümkünlüyü başa düşülməlidir. Mövcud 

rəhbər başlanğıc dövlətdaxili qanunvericilik aktlarının da tərkib hissəsini təşkil edir. Belə 

ki, AR Konstitusiyasının 24-cü maddəsinin təhlili nəticəsində belə bir nəticəyə  gəlmək 

olar ki, insan və vətəndaş hüquqlarının əsas prinsiplərindən biri də ayrılmazlıq prinsipidir. 

Bərabərlik, bərabərhüquqluluq və ayrı-seçkiliyin qadağan edilməsi prinsipi in-

san hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb etməklə, humanitar 

məsələlərdə beynəlxalq  əməkdaşlığın inkişafının  əsasını  təşkil edir. İnsan ləyaqəti an-

layışını bu prinsip olmadan təsəvvür etmək qeyri-mümkündür. 1948-ci il tarixli Ümum-

dünya  İnsan hüquqları  Bəyannaməsi də  məhz bu nöqteyi-nəzərdən çıxış etmişdir. 

Bəyannamənin Preambulasının 1-ci bəndinə  əsasən bəşər ailəsinin bütün üzvlərinin 

hüquq bərabərliyinin tanınması azadlıq, ədalət və dünyəvi sülhün əsasını təşkil edir.  

1966-cı il Beynəlxalq Paktlarının müddəalarında bərabərlik və ayrı-seçkiliyə 

yol verilməməsi prinsipi daha ətraflı  şəkildə öz əksini tapmışdır. Mülki və siyasi 

hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktının 2-3 və 26-cı maddələri qarşılıqlı 

əlaqədə olan aşağıdakı beş prinsipi müəyyən etmişdir: hüquqlardan bərabər istifadə 

edilməsi prinsipi; kişi və qadının bərabərliyi prinsipindən irəli gələn ümumi bərabərlik 

prinsipi; hüquq norması və məhkəmə qarşısında bərabərlik prinsipi; qanun tərəfindən 

bərabər müdafiə prinsipi; ayrı-seçkiliyə yol verilməməsi prinsipi. 

1966-cı il tarixli Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 26-cı 

maddəsində insanların qanun qarşısında bərabərliyi göstərilir. V.A.Kartaşkin isə hesab 

edir ki, qanun qarşısında bərabərlik təkcə ölkə vətəndaşlarına deyil, həm də istənilən 

dövlət və qeyri-dövlət orqanlarına münasibətdə tətbiq edilir (4, 140). 26-cı maddə ilə 

bağlı qeyd edilir ki, mövcud müddəa hüququn bərabər müdafiəsini deyil, yalnız 

hüququn tətbiqi prosesində  bərabər müdafiəni nəzərdə tutur. Mövcud fikir onunla 

əsaslandırılır ki, «hüququn bərabər müdafiəsi» anlayışı ona münasibətdə müxtəlif 

mənada ifadə edilən təfsirin meydana çıxmasına, həmçinin Paktı tərtib edən şəxslərin 

məqsədlərinin açıq şəkildə təzahür etməməsinə gətirib çıxarır (13, 78). 

AR Konstitusiyasının 25-ci maddəsi dövlətin hər bir kəsin bərabərlik hüququnu 

təmin etməsi ilə bağlı müddəanı özündə  əks etdirməklə, aşağıdakı  məsələləri təsbit 

edir: hamının qanun və məhkəmə qarşısında bərabərliyi; kişi ilə qadının eyni hüquq və 

azadlıqlara malik olması. 

İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsiplərindən 

danışarkən,  şəxsiyyətin təhlükəsizliyi prinsipini də qeyd etmək yerinə düşərdi. Qeyd 

etmək lazımdır ki, mövcud rəhbər başlanğıc eyniadlı konsepsiyaya əsaslanmaqla, 

müxtəlif alimlərin tədqiqat, normativ sistemin isə tənzimetmə obyekti olmuşdur. Belə 

ki, S.V.Çerniçenko şəxsiyyətin müdafiəsi ilə  bəşəriyyətin müdafiəsinin başlanmasını 

qeyd edir. Onun fikrincə,  şəxsiyyətin təhlükəsizliyinin təmin olunmadığı yerdə bey-

nəlxalq və qlobal təhlükəsizliyin mövcudluğu qeyri-mümkündür (14, 361-362). Hesab 

edilir ki, müvafiq konsepsiyanın təzahürünün  əsas səbəbi bütün dünyada insanların 

artan müdafiəsizliyidir. Bundan əlavə, müəllif şəxsiyyətin təhlükəsizliyinin çoxtərəfli 




 

106


yanaşma tələb etməsi və  nəticədə onun iştirakçıları qismində təkcə dövlətlərin deyil, 

həm də qeyri-dövlət müəssisələri, beynəlxalq hökumətlərarası təşkilatlar, milli dövlət 

orqanları, müstəqil ekspertlərin çıxış etməsi fikrini xüsusilə vurğulayır. Lakin ümumi 

əlaqələndirmə mühüm universal beynəlxalq təşkilat sayılan BMT tərəfindən həyata 

keçirilir (17, 56).  

İnsan hüquqlarına hörmət  şəxsiyyətin təhlükəsizliyi  əsasında formalaşmışdır. 

Mövcud konsepsiya qlobal miqyasda cəmiyyətin demokratikləşməsinə yönəlmiş 

siyasəti dəstəkləyir. O, öz-özlüyündə üç mühüm elementdən – təhlükəsizlik, insan 

hüquqları və insan potensialının inkişafından ibarətdir. Təhlükəsizlik prinsipi həm də 

dövlətdaxili qanunvericiliyin tərkib hissəsini təşkil edir. Məsələn, AR Konstitusiyası-

nın 31-ci maddəsində hər bir kəsin təhlükəsiz yaşamaq hüququ göstərilmişdir. Bundan 

əlavə, həmin maddədə qeyd edilir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, 

şəxsin həyatına, fiziki və  mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə  qəsd etmək, 

ona qarşı zor işlətmək qadağandır. Bu isə Konstitusiyanın digər müddəaları – 27-ci 

maddəsi (yaşamaq hüququ), 29-cu maddəsi (mülkiyyət hüququ), 30-cu maddə  (əqli 

mülkiyyət hüququ), 32-ci maddəsi (şəxsi toxunulmazlıq hüququ), 33-cü maddəsi 

(mənzil toxunulmazlığı) kimi normalarla tam qarşılıqlı əlaqəni təsbit edir. 

İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsiplərindən danı-

şarkən, son dövrün inkişaf xüsusiyyətləri ilə bağlı olaraq meydana gələn inkişaf prinsi-

pi xüsusi qeyd edilməlidir. Həmin prinsip öz normativ təsdiqini bir sıra beynəlxalq sə-

nədlərdə tapmışdır. Belə ki, 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 

29-cu maddəsinin 1-ci bəndində göstərilir ki, hər bir insan şəxsiyyətinin azad və tam 

şəkildə inkişaf etməsi imkanının olduğu cəmiyyət qarşısında öhdəliklərə malikdir. 

İnkişaf prinsipinin formalaşmasında mühüm istiqamətlərdən biri də 1986-cı il 

tarixli BMT Baş  Məclisi tərəfindən qəbul edilmiş İnkişafa olan hüquq haqqında Bə-

yannamə sayılır. Belə ki, Bəyannamənin preambulasında inkişafın bütün əhalinin və 

bütün şəxslərin inkişafda və onun gedişində yaradılan nemətlərin ədalətli bölgüsündə 

fəal, azad və konstruktiv iştirakı əsasında onların rifahının durmadan yüksəldilməsinə 

yönəldilmiş  hərtərəfli iqtisadi, sosial, mədəni və siyasi proses olduğu göstərilir. 

Göstərilənlərlə yanaşı, adıçəkilən sənədin 1-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, 

inkişaf hüququ insanın ayrılmaz hüququdur. Buna görə  də, hər bir insan və xalqlar 

bütün insan hüquqlarının və  əsas azadlıqlarının tam həyata keçirilə biləcəyi iqtisadi, 

sosial, mədəni və siyasi inkişafda iştirak etmək, həmçinin ona yardım göstərmək və 

onun nemətlərindən istifadə etmək hüququna malikdir. Bəyannamənin 2-ci maddə-

sinin 1-ci hissəsinin tələbinə  əsasən, insan inkişaf prosesinin əsas subyektidir və 

inkişaf hüququnun fəal iştirakçısı, benefisiantı olmalıdır. Bundan əlavə, Ümumdünya 

İnsan Hüquqları Konfransı  tərəfindən 1993-cü ilin iyun ayının 25-də  qəbul edilmiş 

Vyana Bəyannaməsi və  Fəaliyyət Proqramında göstərilir ki, Konfrans İnkişafa olan 

hüquq haqqında Bəyannamədə müəyyənləşdirilmiş inkişaf hüququnu universal şəkildə 

və əsas insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi təsdiqləyir. 

Bütövlükdə, Azərbaycan Respublikasında (AR) insan hüquq və azadlıqlarının 

təmin edilməsinin əsas xüsusiyyəti qismində bu sahədə mühüm fəaliyyətin həyata ke-

çirilməsi zəruriliyi aşağıdakı üç əsas istiqamətdə  həyata keçirilir: bu sahədə bey-

nəlxalq müqavilələrə qoşulmaq; müvafiq sferada dövlətdaxili normativ-hüquqi aktlar 

qəbul etmək; qəbul edilmiş normativ-hüquqi aktları beynəlxalq hüquq normalarının 

tələblərinə uyğun təkmilləşdirmək. 

Beynəlxalq hüququn, o cümlədən beynəlxalq insan hüquqları standartlarının 

dövlətdaxili implementasiyası üçün adekvat hüquqi əsas müəyyən edən 12 noyabr 1995-




 

107


ci il tarixli ümumxalq referendumu yolu ilə  qəbul edilmiş AR Konstitusiyası  və AR 

tərəfindən insan huquqları sahəsində  qəbul edilmiş digər normativ-hüquqi aktlar 

beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurulmuşdur. Konstitusiyada 

insan və vətəndaş hüquq və azadlıqlarının qorunması qanunvericilik, icra və məhkəmə 

hakimiyyəti orqanlarının üzərinə mühüm bir vəzifə kimi qoyulmuşdur. Eyni zamanda, 

Konstitusiya ilə insan və  vətəndaş hüquqlarının üstünlüyü və ölkə  ərazisində birbaşa 

qüvvəsi elan edilir, onların təmin olunması AR-in ali məqsədi olduğu bəyan edilir.  

Beynəlxalq və dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsi bilavasitə AR 

Konstitusiyasında əks olunmuşdur. Belə ki, AR Konstitusiyasının 151-ci maddəsində 

göstərilir ki, AR qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlarla (AR 

Konstitusiyası  və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR-in tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq  

müqavilələr tətbiq edilir. 

İnsan hüquqları sahəsində beynəlxalq müqavilə müddəalarının əksəriyyəti özü-

icraolunan deyildir. Buna görə  də insan hüquqlarının  müdafiəsinin daha real təmi-

ninin ən yaxşı  vasitəsi onların milli qanunvericiliyə transformasiyası olardı. Belə ki, 

AR Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsində deyilir ki, AR-in tərəfdar 

çıxdığı beynəlxalq müqavilələr AR qanunvericilik sisteminin ayrılmaz tərkib hissə-

sidir. Doğrudan da, göstərilən müddəa beynəlxalq və dövlətdaxili hüquq normalarının 

qarşılıqlı  əlaqəsinin müəyyən edilməsində xüsusi yer tutur. Bu müddəa AR-in daxili 

həyatı üçün də böyük əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq müqavilələr AR hüquq 

sisteminin tərkib hissəsi olmaqla, AR ərazisində icra və tətbiq edilməlidir. Bu isə, öz 

növbəsində, dövlətin bütün orqanlarının fəaliyyətinə, xüsusilə  də hüquqtətbiqedici 

orqanların fəaliyyətinə bilavasitə təsir göstərir. 

İnsan hüquqlarının təminatı sahəsində AR-in tutduğu mövqe özündə beynəlxalq 

hüquq normalarına tam hörmət prinsipini əks etdirir. Belə ki, AR Konstitusiyasının 

12-ci maddəsinin 2-ci hissəsində deyilir ki, bu Konstitusiyada sadalanan insan və 

vətəndaş hüquqları  və azadlıqları AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 

uyğun tətbiq edilir. Bu isə AR-də insan hüquq və azadlıqlarının beynəlxalq hüquq 

normalarına tam uyğunlaşdırılması istiqamətində atılan müsbət addım kimi 

qiymətləndirilməlidir. Başqa sözlə, 12-ci maddənin 2-ci hissəsində «bu Konstitusiyada 

sadalanan insan və vətəndaş hüquqları və azadlıqları AR-in tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə uyğun tətbiq edilir» ifadəsi dövlətin insan hüquqları probleminə daha 

üstün mövqedən yanaşmasını sübut edir. 12-ci maddənin 1-ci hissəsində isə göstərilir 

ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, AR vətəndaşlarının layiqli həyat 

səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.  

İnsan hüquqları ilə  əlaqədar digər bir məsələ isə AR Konstitusiyasının 71-ci 

maddəsinin 5-ci bəndində qeyd edilmişdir. Belə ki, göstərilir ki, bu Konstitusiyanın 

heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş 

müddəa kimi təfsir edilə bilməz. Həmin maddənin 6-cı bəndində isə göstərilir ki, AR 

ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.  

Nəhayət, 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumla AR Konstitusiyasına 

edilən dəyişikliklər insan hüquqlarının təminatı istiqamətində kifayət qədər yüksək 

qiymətləndirilməlidir. Belə ki, 12-ci maddəyə edilən dəyşikliklə dövlətin öz vətəndaşları 

qarşısında məsuliyyəti daha da artdı. Belə ki, bundan sonra AR vətəndaşlarının layiqli 

həyat səviyyəsinin təmin edilməsi də dövlətin ali məqsədi kimi müəyyən edildi. Bu da 

dövlətimizin Beynəlxalq Əmək Təşkilatı standartlarına və bir sıra mühüm Konvensiyalara, 

o cümlədən Avropa Sosial Xartiyasına daha diqqətli yanaşılması və onların müddəalarının 




 

108


implementasiyası üçün mühüm addımdır. Məsələn, 15 yaşına çatmamış  uşaqların işə 

götürülməməsi barədə müddanın Konstitusion müddəa  şəklində Konstitusiyada əks 

olunması dövlətimizin Beynəlxalq  Əmək Təşkilatı standartlarına və  uşaq hüquqları 

sahəsində  qəbul edilmiş mühüm beynəlxalq normalara daha ətraflı yanaşılmasını sübut 

edir. Ümumiyyətlə, AR Konstitusiyasına edilən son dəyişikliklər bilavasitə insan 

hüquqlarının daha real təminatı istiqamətində çox yüksək qiymətləndirilməlidir. 

İnsan hüquqlarının müdafiəsində mühüm beynəlxalq normalarla yanaşı, bu sa-

hədə beynəlxalq nəzarət mexanizmləri praktikasının, xüsusən də Avropa İnsan Hüquq-

ları Məhkəməsi presedent hüququnun tətbiqi xüsusi yer tutur. AR Prezidentinin 2006-cı 

il 19 yanvar tarixli «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdi-

rilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 

əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ba-

rədə» Fərmanının 6-cı  bəndində AR Ali Məhkəməsi və AR Apelyasiya Məhkə-

mələrinə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent 

hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə  təcrübəsində  nəzərə 

alsınlar. Daha sonra, «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə 

Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» AR Prezidentinin 28 dekabr 2006-

cı il tarixli Sərəncamının 5-ci bəndində AR Konstitusiya Məhkəməsinə  və AR Ali 

Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqlarının müdafiəsini tənzimləyən 

beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər.  

Beləliklə, bütövlükdə insan hüquqları sahəsində mühüm beynəlxalq normalara 

və Avropa İnsan Hüquqları  Məhkəməsinin presedent hüququna istinad edilməsi AR 

qanunvericiliyinin insan hüquqları müdafiəsi sferasında beynəlxalq hüquqi standartla-

ra, Avropa İnsan Hüquqları Məhkəməsinin ideologiyasına uyğunluğuna dəlalət etməsi 

kimi qiymətləndirilməlidir. Bu isə son nəticədə, insan hüquqları sahəsində ümumta-

nınmış prinsiplərin (normaların) dövlətdaxili qanunvericiliyə tam implementasiyasına 

gətirib çıxaracaqdır. 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 60 s. 

2.

 



Головистикова А.Н., Грудцына Л.Ю. Права человека. Учебник. М.: Эксмо, 2006, 448 с. 

3.

 



Гусейнов  Л.Г.  Международные  обязательства  государств  в  области  прав  человека. 

Баку: Hüquq ədəbiyyatı, 1998, 188 с. 

4.

 

Карташкин  В.А.  Правовые  последствия  ратификации  Россией  Европейской 



Конвенции  о  защите  прав  человека  и  основных  свобод.  Российской  ежегодник 

международного права, 1995. СПб., «Россия-Нева», 1996, с. 139-146.  

5.

 

Конституция  Российской  Федерации.  Проблемный  комментарий.  Отв.  ред.  В.А. 



Четвернин. М.:  Московский общественный научный фонд, 1997, 702 с. 

6.

 



Лукашук И.И. Международное право. Общая часть. М.: Волтерс Клувер, 2005, 432 с. 

7.

 



Лукашук И.И. Глобализация, государство, право, ХХI век. М.: Спарк, 2000, 279 с. 

8.

 



Международное  публичное  право.  Учебник. 3-е  изд.,  перераб.  и  доп.  Отв.  ред. 

К.А.Бекяшев. М.: ТК Велби. Проспект, 2004, 928 с. 

9.

 

Международное  публичное  право.  Сборник  документов.  В 2 ч.  Ч. I . Сост.  К.А. 



Бекяшева, Д.К. Бекяшев. М.: ТК Велби. Проспект, 2006, 1408 с.; Ч. II . М.: ТК Велби, 

Проспект, 2006, 2844 с.  

10.

 

Права человека. Учебник. Отв. ред. Е.А.Лукашева. М.: НОРМА, 2003, 573 с. 



11.

 

Права  человека  в  международном  и  внутригосударственном  праве.  Учебник  для 



вузов.  Отв.  ред.  Р.М.Валеев.  Казань:  Казанский  Государственный  Университет 

имени В.И.Ульянова-Ленина, 2004, 300 с.  

12.

 

Права человека и процессы глобализации современного мира. Отв. ред. Е.А.ЛукА-



шева. М.: Норма, 2005, 464 с. 


 

109


13.

 

Саидов А.Х. Общепризнанные права человека. Учебное пособие. М.: МЗ ПРЕСС, 2004, 273 с. 



14.

 

Черниченко  С.В.  Теория  международного  права.  В 2-х  томах.  Том 2: Старые  и 



новые теоретические проблемы. М.: НИМП, 1999, 531 с. 

15.


 

Хартия Европейского Союза об основных правах. Комментарий. Под ред. С.Ю.Каш-

кина. М.: Юриспруденция, 2001, 208 с.   

16.


 

Manfred Novak. Introduction to the International Human Rights Regime. Leiden/Boston, 

2002, 365 p. 

17.


 

Human Rights in the World. Manchester, Manchester University Press, 1972, 371 p. 

18.

 

The Limburg Principles on the Implementation of the International Covenant on Economic, 



Social and Cultural Rights. Human Rights Quarterly, 1987, Vol. 9, No 2, pp. 122-135. 

19.


 

Trubek D. Economic, Social and Cultural Rights in the Third World: Human Rights and 

Human Needs Programs. Human Rights in International Law: Legal and Policy Issues. 

Oxford, Clarendon Press, 1984, Vol. 1, p. 205-271. 

20.

 

Vasak K. A 30-year Struggle: The Sustained Efforts to Give Force of Law to the Universal 



Declaration of Human Rights. UNESCO Courier. November 1997, рp. 25-34.  

 

ОТРАСЛЕВЫЕ ПРИНЦИПЫ МЕЖДУНАРОДНО-ПРАВОВОЙ ЗАЩИТЫ ПРАВ 

ЧЕЛОВЕКА И ВНУТРИГОСУДАРСТВЕННОЕ ЗАКОНОДАТЕЛЬСТВО  

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

 

А.И.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье,  с  учетом  существующего  разногласия  в  юридической  литературе,  на 



основе международной практики и внутригосударственного законодательства, подробно 

анализируются отраслевые принципы международно-правовой защиты прав человека и 

внутригосударственное  законодательство  Азербайджанской  Республики.  В  результате 

сравнительного  анализа  основных  особенностей  отраслевых  принципов  и  внутригосу-

дарственного  законодательства  в  сфере  прав  человека  делается  вывод  о  том,  что 

Конституция Азербайджанской Республики, закрепившая адекватную правовую основу 

для  внутригосударственной  имплементации  стандартов  международного  права,  в  том 

числе  международных  стандартов  по  правам  человека,  а  также  другие  нормативно-

правовые  акты,  принятые  Азербайджанской  Республикой  в  сфере  прав  человека, 

построены на принципе уважения норм международного права. А это, в свою очередь, 

является  важным  фактором  в  имплементации  общепризнанных  принципов  (норм)  в 

сфере прав человека во внутригосударственное законодательство. 



 

 

THE BRANCH PRINCIPLES OF INTERNATIONAL LEGAL PROTECTION  

OF HUMAN RIGHTS AND THE INTERNAL LEGISLATION  

OF THE AZERBAIJAN REPUBLIC 

 

A.I.ALIYEV 

 

SUMMARY 

 

The article analyzes the branch principles of international legal protection of human 

rights and the internal legislation of the Azerbaican Republic on the basis of existing various 

opinions in the literature, the international practice and the internal legislation. As a result of 

the comparative analysis of the basic features of branch principles in the field of human rights 

and the internal law it is necessary to conclude that the Constitution of the Azerbaican 

Republic, defining an adequate legal basis for interstate implementation of standards of 



 

110


international law, as well as the international standards of human rights and other regulatory 

legal acts accepted by the Azerbaican Republic in the sphere of human rights are established on 

the basis of a principle of respect of human rights, that in the interstate legislation is the major 

factor in the implementation of conventional principles (norms). 



 

 

Yüklə 108,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə