BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi elmlər seriyası
2009
BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ İQTİSADİYYATIN İDARƏ
OLUNMASINDA DÖVLƏT MALİYYƏSİNİN ROLU
H.H.ASLANOV
Bakı Dövlət Universiteti
Məqalədə bazar münasibətləri şəraitində iqtisadiyyatın idarə olunmasında dövlət
maliyyəsinin yeri və rolu müəyyən edilmiş və vergi sisteminin vasitəsilə onun prinsipləri,
metodları, cəhətləri əsaslandırılmışdır.
İşdə dövlət gəlirlərinin formalaşmasında əsas maliyyə planı, həmçinin makroiqtisadi
sabitliyin təmin edilməsində vergilərin rolu və optimallığı məsələləri öyrənilmişdir.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası milli iqtisadiy-
yatının bazar prinsipləri əsasında inkişaf etdirilməsini strateji kurs kimi sezmişdir.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir dövlətin inkişaf səviyyəsi, onun
beynəlxalq aləmdə nüfuzu müəyyən mənada həmin ölkənin iqtisadiyyatının inkişaf
dərəcəsi ilə qiymətləndirilir. Bu, baxımdan dövlət bir sıra mühüm funksiyaları öz
üzərinə götürməklə bazar iqtisadiyyatı mexanizminin tam və səmərəli fəaliyyətini
təmin etməlidir. Bu prosesin mühüm tərəfi çevik və səmərəli maliyyə-büdcə
sisteminin formalaşdırılmasıdır.
Dövlət maliyyə-büdcə siyasətinin prioritetlərini dəyişməklə yalnız iqtisadiy-
yatdakı konyuktur tərəddüdlərin yumşaldılmasına deyil, həm də milli təsərrüfatın
sabitləşdirilməsinə və tədricən inkişafına təsir göstərir.
Beynəlxalq təcrübədə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sisteminin
müxtəlif metodları tətbiq edilir. Respublikamızın iqtisadiyyatının inkişafı üçün hər
hansı metodun tətbiqi mövcud şəraitdə ölkəmizdə baş verən iqtisadi proseslərin daha
dərindən öyrənilməsini, maliyyə tənzimləyicilərindən istifadə edərək iqtisadi inkişafın
mümkün istiqamətlərinin araşdırılmasını, geniş təkrar istehsal prosesinin fasiləsiz-
liyinin təmin edilməsində dövlət maliyyəsinin rolunun tədqiq edilməsini zəruri amilə
çevirir.
Dövlət maliyyəsi vasitəsilə tənzimləmə – bu, konkret şəraitdə dövlətin məq-
sədəuyğun şəkildə və ardıcıl surətdə maliyyə üsullarından istifadə etməklə təsərrüfat
subyektlərinə təsir etməsi, iqtisadiyyatda makroiqtisadi tarazlığa və mütərəqqi
inkişafa nail olunması prosesidir [1, 87].
Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində dövlətin maliyyə-büdcə mexanizmi
vasitəsilə istehsal prosesinə təsirinin əsas istiqamətlərini aşağıdakı kimi sistem-
ləşdirmək olar:
-
büdcə subsidiyaları, pərakəndə satış qiymətlərinin saxlanması;
-
iqtisadiyyata dövlət tərəfindən investisiya qoyulması;
-
müəssisələrin birbaşa subsidiyalaşdırılması və onların kreditləşdirilməsi.
Dövlət kreditinin alınması təsərrüfat subyektlərinin xüsusi vəsaitlərini riskdən azad
125
edir və onların sərbəstləşdirilməsinə şərait yaradır;
-
zəruri hallarda pul-kredit məhdudiyyətlərinin qoyulması; Bunlara qiymət-
lərin tənzimlənməsi, istehlak krediti şərtləri, kredit məhdudiyyəti, valyuta nəzarəti
aiddir;
-
ehtiyac yarandıqda bəzi (nadir) malların lisenziyalaşdırılması:
-
xüsusi ticarət üzrə qanunvericilik aktlarının tətbiq edilməsi (məhsulun
standartlaşdırılması, dövlət arbitrajı və s.);
-
elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin maliyyələşdirilməsi;
-
vergi siyasəti.
Bununla yanaşı, təkrar istehsalın böhranlı vəziyyətində dövlət məhdudlaşdırıcı
siyasət də həyata keçirə bilər. Burada əsas məqsəd müəyyən növ məhsulların buraxı-
lışına məhdudiyyətlər qoymaqdan ibarətdir. Eyni zamanda dövlət ictimai tədbirlərin
təşkilini öz üzərinə götürməklə, subsidiyalar və aşağı faizlə kredit verilməsini təmin
etməklə təsərrüfat vahidlərinin iqtisadi davranışını stimullaşdırır.
Hazırda respublikamızın iqtisadiyyatının müasir inkişaf mərhələsində vergilər,
səhmlər, büdcə kəsiri və inflyasiyanın ictimai istehsalın artım tempinə, yığım və is-
tehlak fondlarının yaranmasına, elmi-texniki tərəqqinin inkişafının stimullaşdırılması-
na və dünya bazarlarında rəqabət qabiliyyətinin artırılmasına təsiri istiqamətləri geniş
tədqiq edilir [2, 36]. Bu baxımdan real iqtisadi proseslər daha dərindən təhlil edilir,
iqtisadiyyatda struktur dəyişikliklər aparılması istiqamətində beynəlxalq təsərrüfat
əlaqələri diqqət mərkəzində olmaqla, iqtisadiyyatın uzunmüddətli inkişafına və bu in-
kişaf tempinin artırılmasına əsaslanan konkret təkliflər və tədbirlər işlənib hazırlanır.
Əlbəttə ki, bu proqramların hazırlanması üçün geniş təkrar istehsal prosesinə
pul, kredit, fiskal siyasətin təsiri və bu sahədəki təcrübələr hərtərəfli öyrənilməlidir.
Dövlət maliyyəsi nəzəriyyəsinin müasir inkişafı bir-birinə zidd olan iki əsas cərəyanın
– Keyns və neoklassik məktəbin yaranması ilə səciyyələnir.
Dövlət maliyyəsi vasitəsilə iqtisadiyyatın tənzimlənməsi və idarə edilməsinin
nəzəri və təcrübi əsası ingilis iqtisadçısı C.M.Keyns tərəfindən işlənilmişdir. D.Keyns
«Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» əsərində iqtisadiyyata dövlət
müdaxiləsinin zəruriliyini əsaslandırmış və onun metodlarını göstərmişdir. O, ilk dəfə
makroiqtisadi tənzimlənmənin əsaslarını yaratmışdır. Onun nəzəriyyələri 1940-70-ci
illəri əhatə edən bir dövrdə demək olar ki, bütün ölkələrdə maliyyə nəzəriyyələrinin
yaranmasında və fiskal siyasətin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Belə ki, XX əsrin 40-cı illərinin sonunda və 50-ci illərin əvvəllərində Qərb maliyyə
elmində «sabitləşdirici büdcə» nəzəriyyəsi yaranmışdır. Bu nəzəriyyənin tərəfdarları
o müddəaya əsaslanırdılar ki, inkişaf etmiş aparıcı sənaye ölkələrində ümumi daxili
məhsulun 15%-dən 35%-ə qədəri büdcə vasitəsilə yenidən bölüşdürülür və onun
başlıca funksiyasını iqtisadi tsiklin bütün mərhələlərini tənzimləməkdə görürdülər.
Onlar büdcəyə iqtisadiyyatda sabitliyə, təsərrüfatda tarazlığa nail olmağın vasitəsi
kimi baxırdılar. Eyni zamanda onların fikrincə, dövlət büdcəsi sabitləşdirici ünsürləri
– ilk növbədə iqtisadi tsiklə birbaşa təsir göstərən vergiləri və dövlət xərclərini
özündə birləşdirir. Amerika alimi A.Hansenin fikrincə məhz daxilolmaların və
xərclərin nisbətinin dəyişməsi «sabitləşdirici büdcə» mexanizmini təşkil edir.
«Sabitləşdirici büdcə» nəzəriyyəsi mövcud olduğu dövr ərzində müəyyən
dəyişikliklərə məruz qalmışdır. Onun inkişafının ilk mərhələsində bir çox qərb
iqtisadçıları o fikri dəstəkləyirdilər ki, dövlət büdcəsi özünü tənzimləyən sistemdir və
dövlətin müdaxiləsi olmadan iqtisadiyyata təsir göstərə bilən bir sıra «avtomatik
126
sabitləşdirici» ünsürlərə malikdir. Belə ki, Amerika iqtisadçıları hesab edirdilər ki,
vergilər, borclar, dövlət xərcləri, işsizliyə görə ödənilən yardımlar, sosial sığorta
ayırmaları və s. iqtisadi durumun istənilən dəyişikliyinə «avtomatik» reaksiya verir və
bu da tərəddüdün miqyasını, tənəzzülün kəskinliyini yumşalda bilər. Canlanma döv-
ründə dövlət büdcəsi məhdudlaşdırıcı, tənəzzül dövründə isə stimullaşdırıcı fəaliyyətə
malik olmalıdır. Deməli, E.Hansen sübut edirdi ki, bu mexanizmin köməyi ilə iqtisadi
tənəzzül amortizasiya olunur və canlanma məhdudlaşdırılır.
50-ci illərin axırları 60-cı illərin əvvəllərində iqtisadiyyatın inkişafı nəticəsində
«sabitləşdirici büdcə» nəzəriyyəsinin həmin dövrün tələblərinə tamamilə uyğun
gəlməməsi onu əhəmiyyətli dəyişikliklərə məruz qoymuşdur. Yeniləşmiş nəzəriyyə
«daxili», «avtomatik fəaliyyət göstərən qüvvənin» düşünülmüş qaydada işlənib
hazırlanmış «xarici» diskresion büdcə tədbirləri sistemi ilə tamamlanmasını nəzərdə
tuturdu. Bütün bu mexanizm «sabitləşdirici büdcə və qabaqcadan düşünülmüş fəa-
liyyətin kombinasiyası» adlanırdı. Amerika iqtisadçıları V.Şuls və S.Harris «vergi
dərəcəsinin çevik düsturunu» işləyib hazırladılar və bu nəzəriyyəyə görə onların
quruluşu istehsalın, qiymətin və məşğulluğun dəyişməsinə əsaslanmalıdır. Q.Kauf-
man və D.Smitin tədqiqatları göstərdi ki, iqtisadiyyatı sabitləşdirən mexanizm kimi
büdcədən səmərəli istifadə olunmasına yalnız pul və fiskal siyasətin dəqiq uzlaşdı-
rılması əsasında nail olmaq olar.
Bu cür düzəlişlər qanunauyğun olaraq keynszilər qarşısında dövlətin ardıcıl fə-
al maliyyə siyasətinin nəticələri üzrə problemlər yaradırdı. Elmi təhlilin məntiqi aktiv
və passiv kəsirli dövlət büdcəsinin müəyyən edilməsi zəruriliyinə səbəb olmuşdur.
U.Hallerin fikrincə, passiv kəsir iqtisadi böhranın təsiri altında yaranır. Belə ki,
istehsalın və məşğulluğun səviyyəsinin aşağı düşməsi büdcə gəlirlərinin azalmasına
gətirib çıxarır. Dövlət büdcəsinin aktiv kəsiri maliyyə siyasətinin həyata keçirilməsi
gedişində yaranır. «İnvestisiya və istehlaka meylliyin» həvəsləndirilməsinə istiqa-
mətlənən dövlət maliyyə tədbirləri bir tərəfdən vergi dərəcələrinin aşağı salınması və
vergi güzəştlərinin tətbiq edilməsi ilə, digər tərəfdən isə iqtisadiyyata müdaxilə üçün
dövlət xərclərinin artımı ilə bağlıdır. Deməli, passiv kəsir avtomatik dəyişmə, aktiv
isə diskresion nəticəsində yaranır.
Geniş təkrar istehsalın fəaliyyət şərtlərinin dəyişməsinin təsiri altında «Neo-
klassik sintez» konsepsiyası formalaşmışdır. «Neoklassik sintez» – tam məşğulluq
şəraitində pul amillərini nəzərə alan tarazlıq nəzəriyyəsidir. Keyns nəzəriyyəsinin bu
yeni variantı ingilis iqtisadçısı C.Hiks və Amerika iqtisadçısı P. Samuelsonun tədqi-
qatlarında öz inkişafını tapmışdır. «Neoklassik sintez» konsepsiyası maliyyə siyasəti
nəzəriyyəsində ciddi dəyişiklikliyə səbəb olmuşdur. Keynisziliyin fiskal ideyaları
iqtisadiyyatın pul-kredit siyasəti vasitəsilə tənzimlənməsini nəzərdə tutan neoklassik
konsepsiya ilə birləşdirilmişdir. Bu barədə P.Samuelson yazır ki, müvafiq pul-kredit
və fiskal siyasətin köməyi ilə qarışıq sahibkarlıq sistemi nəinki kəskin tənəzzüldən
xilas ola bilər, həm də sağlam iqtisadi artıma ümid edə bilər. Onun fikrincə tələbin
tənzimlənməsi yalnız dövlət xərclərinin və vergilərin dəyişdirilməsi əsasında deyil,
həm də faiz dərəcələrinin kəmiyyətinin manipulyasiya edilməsi, habelə açıq bazarda
müvafiq əməliyyatların həyata keçirilməsi yolu ilə baş verməlidir. P.Samuelsonun
konsepsiyası Keynsin maliyyə siyasəti nəzəriyyəsinin təməli olmuşdur. Demək olar
ki, sonrakı bütün tədqiqatlar onun maliyyə siyasəti ilə pul-kredit siyasətinin uzlaş-
dırılması ideyasını inkişaf etdirmişdir. Belə ki, A.Pikokun və Q.Şounun fikrincə
C.M.Keyns nəzəriyyəsi əsasında işlənib hazırlanmış fiskal siyasət modelinə pul
127
siyasətinin bəzi prinsiplərini daxil etmək, habelə ölkənin tədiyyə balansının nəticə-
lərini nəzərə almaq zəruridir.
C.M.Keyns nəzəriyyəsi bir sıra ziddiyyətlərə malikdir. Birincisi, dövlət xərclə-
rini artırmaq yolu ilə «səmərəli tələbatı» stimullaşdırmaq yalnız müvəqqəti nəticə
verə bilər. Mahiyyət etibarilə dövlət yeni tələb yaratmır, yalnız onun bir formasını
digəri ilə əvəz edir. Dövlət tələbi və istehlakı xüsusi sektorun investisiya və istehlak
tələbinin azaldılması hesabına yaradır. Digər bərabər şərtlərlə dövlət xərclərinin artı-
mı tələbin yerini xüsusi sektordan dövlətə dəyişir. Belə ki, dövlət mal və xidmətlərin
satın alınmasını yalnız vergilər və yaxud borclar hesabına maliyyələşdirə bilər. Belə-
liklə, əgər dövlət öz tələbini genişləndirərsə, onda bu və ya digər dərəcədə əhalinin
alıcılıq qabiliyyəti aşağı düşər və bu da ümumi məhsulun satışı problemini gərginləş-
dirər.
İkincisi, investisiyanın vergilər və borclar hesabına maliyyələşdirilən artımı
istehsal fəaliyyətinin genişlənməsinə, milli gəlirin artmasına şərait yaradır. Lakin
dövlət investisiyası eyni zamanda kapitalın quruluşunu artırır ki, bu da məşğulluğun
artım tempinin ləngiməsinə səbəb olur. Dövlət müdaxiləsinə baxmayaraq nəticədə
nəinki işsizlik səviyyəsi aradan qalxır, hətta artır.
Üçüncüsü, yalnız borclar hesabına dövlət xərclərinin maliyyələşdirilməsi milli
gəlirin yenidən bölgüsünün miqyasının genişlənməsi ilə nəticələnir. Ona görə ki,
borclar və onlara görə ödənilən faizlər vergilər hesabına həyata keçirilir. Ağırlığını
geniş istehlakçı kütləsinin daşıdığı vergilər, son nəticədə istehsalın ictimai xarakteri
ilə onun nəticələrinin fərdi formada mənimsənilməsi arasındakı ziddiyyətləri kəskin-
ləşdirir. Dövlət borclarının bir hissəsinin emissiya və kommersiya banklarında yerləş-
dirilməsi inflyasiya prosesini sürətləndirir.
Beləliklə, iqtisadiyyatın dövlət tənzimlənməsi konsepsiyası çərçivəsində
C.M.Keyns prinsip etibarilə yeni maliyyə nəzəriyyəsi işləyib hazırlamışdır. İstehsal
münasibətlərinin istehsalın, kapitalın və əməyin sürətli ictimailəşmə prosesinə uyğun-
laşdırılmasının obyektiv zəruriliyi təkrar istehsal prosesinə dövlətin müdaxiləsi üzrə
baxışlar müasir maliyyə elminin formalaşmasına və inkişafına güclü təsir göstərmiş-
dir. Keynsçiliyin maliyyə nəzəriyyəsi, inkişaf etmiş bir çox dünya ölkələrinin dövlət
maliyyə siyasətində həyata keçirilmişdir. 40-cı illərdən başlayaraq 70-cİ illərə qədər
bu siyasət müəyyən müsbət nəticələr vermiş və iqtisadi inkişafın ekstensiv tipinə
uyğun olmuşdur. Lakin elmi-texniki tərəqqinin sürətli inkişafı, təsərrüfat həyatının
mürəkkəbləşməsi dövlət maliyyəsi və maliyyə siyasətinin Keyns modelinin bir sıra
ilkin fəaliyyət prinsiplərinin qənaətbəxş olmadığını göstərdi.
Sovet iqtisadçıları Keynszilik əsasında iqtisadiyyatın tənzimlənməsi sistemini
sarsıdan dörd başlıca amili qeyd etmişlər. Birincisi, ekoloji problemlərin və təkrar is-
tehsal prosesinin kəskin surətdə pisləşməsi, əsas xammal və yanacaq resurslarının
qiymətlərində baş verən artım istehsal sferasındakı çatışmazlıqları aşkar etdi, re-
sursların təklifi problemini gərginləşdirdi. İqtisadi inkişafın ləngiməsinin əsas səbəbi
artıq D.Keynsin iddia etdiyi kimi tələbin çatışmazlığı deyil, ciddi istehsal problemlə-
rini təşkil edirdi. Tələbin tənzimlənməsinə istiqamətləndirilmiş nəzəriyyənin təklif nə-
zəriyyəsi ilə əvəz edilməsi zəruriliyi bu məqsədlə yaranmışdır. İkincisi, beynəlxalq
əmək bölgüsünün dərinləşməsi, dünya bazarlarının və transmilli inhisar fəaliyyətinin
geniş miqyas alması ölkələrin iqtisadi "aşkarlığını" artırdı ki, bu da tələbin ödənilmə-
sində dövlətin rolunun kifayət qədər qiymətləndirilməsinə səbəb oldu. Aparılan
dövlət siyasəti istər milli, istərsə də xarici təşkilatların tələbinin genişləndirilməsi ilə
128
nəticələndi. Bundan əlavə beynəlxalq kapitalın hərəkəti ilə daxili tənzimləyici
tədbirlər öz qüvvəsini tədricən itirmiş oldu. Üçüncüsü, inflyasiyanın dərinləşməsi
istehsalın və tələbin genişlənməsi yolu ilə məşğulluğun tənzimlənməsi imkanlarını
kəskin dərəcədə pisləşdirdi. Beləliklə də, antiinflyasiya siyasəti ilə tələbin ödənilməsi
siyasəti arasında ziddiyyət yarandı. Hökumətin tələbatı qiymət artımına şərait yaratdı
ki, bu da eyni zamanda inflyasiyanın qarşısının alınması, istehsal və məşğulluq
səviyyəsinə öz mənfi təsirini göstərdi. Dördüncüsü, dövlətin iqtisadiyyatın idarə
edilməsi prosesinə müdaxilə səviyyəsinin yüksəlməsi, idarəetmə aparatının genişlən-
məsinə və onun saxlanmasına çəkilən xərclərin artımına səbəb oldu. Eyni zamanda,
dövlət xərclərinin və ardıcıl olaraq vergilərin artımı mühüm iqtisadi və sosial prob-
lemləri kəskinləşdirdi, büdcədə yaranan kəsir və dövlət borclarının artması isə
inflyasiya prosesini gücləndirdi.
Yaranmış belə bir mürəkkəb şəraitdə dövlət tənzimlənməsi və dövlət maliyyə-
sinə yeni yanaşma metodları tələb edilirdi ki, bu metod iqtisadi inkişafda baş verən
bütün dəyişiklikləri nəzərə ala bilsin. Beləliklə, 50-ci illərin ortalarından etibarən qərb
iqtisadi ədəbiyyatlarında ortodoksal məktəb adlandırılan neoklassik nəzəriyyə
nümayəndələrinin elmi fəaliyyəti gücləndi. Neoklassiklər iddia edirdilər ki, iqtisadi
inkişaf istiqamətlərinin tədqiq edilməsində yalnız ekstensiv deyil, həm də intensiv
artım amillərini də aşkar etmək lazımdır. Keynszi nəzəriyyələrdə əsas diqqət iqtisadi
inkişafın kəmiyyət göstəricilərinə yönəldilirdisə, neoklassik nəzəriyyələrdə keyfiyyət
amilləri – elmi-tədqiqat işlərinin genişləndirilməsi, idarəetmənin elmi əsaslarla
tətbiqi, işçi qüvvəsinin ixtisaslaşdırılması və s. diqqət mərkəzində idi.
Neoklassik məktəbin mühüm istiqamətlərindən biri neokonservatizm nəzəriy-
yəsi idi. Neokonservatorlar təklif edirdilər ki, idarəetmədə dövlət tərəfindən müdaxi-
ləyə məhdudiyyətlər qoyulmalı və tənzimləmə metodları dəyişdirilməlidir. Neokon-
servatorlar neoklassik nəzəriyyənin əsas müddəalarından çıxış edirdilər. Lakin onlar
bu nəzəriyyəyə müəyyən yenilik gətirdilər ki, bunun da əsasını təklif nəzəriyyəsi
təşkil edirdi.
Neokonservatorların fikrincə, dövlət tərəfindən yığılan vergilər milli gəlirin bir
hissəsinin qeyri-səmərəli israfçılığına gətirib çıxarır. İqtisadiyyatın tənzimlənməsinin
Keyns modelinə uyğun olaraq vergilər iqtisadi və maliyyə sabitliyinin, antiklassik
siyasətin həyata keçirilməsinin mühüm vasitəsidir. Neokonservativ istiqamət bazar
mexanizmini fəallaşdırmaq, əmanət və investisiyanın yüksək normasını saxlamaq
üçün vergilərin ümumi səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı salınması
zəruriliyindən çıxış edir.
Neokonservatizmin nümayəndələri sübut edir ki, vergi siyasəti uzunmüddətli
planda iqtisadi artımın stimullaşdırılmasına istiqamətlənməlidir. Bu məqsədlə onlar
vergi dərəcələrini azaltmağı, vergi sisteminin quruluşunu dəyişməyi, gəlir vergisi üzrə
proqressiv şkalanı proporsional şkala ilə əvəz etməyi təklif edirlər. Burada əsas
məqsəd bazar ünsürlərinin inkişafına şərait yaradan «neytral» vergi sistemi yaradıl-
masından ibarətdir. Amerika tədqiqatçısı D.Coyns iqtisadi model əsasında kapital
qoyuluşundan əldə edilən gəlirlərin vergiyə cəlb edilməsinin onun yığılması şəraitini,
pisləşdirdiyini sübut etməyə çalışırdı.
Amerika iqtisadçısı A.Lafferin vergi konsepsiyası isə böyük şührət qazanmış-
dır. O, vergi dərəcəsi, büdcə gəlirləri və vergi bazasının artımı arasındakı asılılığı
əsaslandırmışdı. Bu asılılığın modeli A.Laffer tərəfindən qrafiklə göstərilir və iqtisadi
ədəbiyyatda «Laffer əyrisi» adlandırılır. Bu modelin əsas mahiyyəti ondan ibarətdir
129
ki, məhsul və xidmət istehsalçılarına vergi təzyiqinin gücləndirilməsi büdcəyə vergi
daxilolmalarının artması ilə nəticələnsə də, müəyyən kritik andan sonra «Vergiqoyma
şkalasının qadağan edilmiş hədd zonası» başlanır. «Qadağan edilmiş hədd zonasına»
aid olan vergi dərəcələrinin tətbiqi dövlət gəlirlərinin əhəmiyyətli dərəcədə azalması-
na gətirib çıxarır. Yüksək vergilər şəxsi təşəbbüskarlığı boğur, yeni investisiya cəhd-
lərini sarsıdır, nəticədə məhsul buraxılışı və müvafiq olaraq vergi bazası daralır. Bunu
daha aydın başa düşmək üçün vergi dərəcəsinin son həddinin 100 faizə bərabər olma-
sı halını qəbul edək. Bu həddə vergi daxilolmaları sıfıra qədər azalır. Çünki 100 faizli
vergi dərəcəsi müsadirə xarakteri daşıyır. Əlbəttə ki, belə bir şəraitdə istehsalın,
habelə iqtisadiyyatın inkişafı qeyri-mümkündür.
Vergi dərəcələrinin azaldılması ilə sahibkarların əldə etdikləri gəlirlərin həcmi
artmış olur, investisiyaların mənfəətlik göstəricisi yüksəlir, həm də sahibkarların risk
etmək imkanları artır. Beləliklə də, istehsalın inkişafı gəlirlərin artması və vergi
bazasının genişlənməsi ilə nəticələnir [3, 235].
Neokonservatorlar «defisitliyin maliyyələşdirilməsi» Keyns konsepsiyasını cid-
di tənqid edərək «sağlam maliyyə», yəni büdcə gəlirləri ilə xərcləri arasındakı məcbu-
ri, tarazlıq prinsipini irəli sürürlər. Onlar dövlət büdcəsinin kəsirliliyinə iqtisadiyyatın
sabit inkişafı yolunda ciddi maneə, dövlət borcunun və inflyasiyanın artım amili kimi
baxırlar. Neokonservatorlar qeyd edirdilər ki, büdcədəki qeyri-tarazlıq əmanətin
(xüsusi sahibkarların maliyyələşdirdiyi investisiya) azalmasına səbəb olur. Pul
kapitalına tələbin yüksəlməsi borc faizinin, kreditin dəyərinin artımı ilə nəticələnir.
İqtisadiyyata dövlət müdaxiləsinin müasir neoklassik ideyası pul siyasətinin
prioritetliyindən çıxış edir. Ona diqqətin artırılmasına səbəb yığım və mənfəətin
formalaşmasını təhlükə altına alan inflyasiyanın inkişafı olmuşdur.
Müasir monetarizmin ən görkəmli nümayəndəsi Amerika iqtisadçısı M.Frid-
mendir. Bu nəzəriyyəyə görə pul sferasında dövlət müdaxiləsi məhdud olmalıdır.
Monetar siyasətin vəzifəsi iqtisadi fəallıq üçün əlverişli şərait yaratmaqdır. M.Frid-
men hesab edir ki, Keynsin fiskal siyasəti iqtisadiyyatın, xüsusilə pul tədavülünün
vəziyyətinin pisləşməsinə gətirib çıxarmışdır. Onun fikrincə ABŞ-da pul tədavülünün
artımı üç səbəbdən baş vermişdir: 1) tam məşğulluq siyasətinin həyata keçirilməsi; 2)
dövlət xərclərinin sürətli artımı; 3) federal ehtiyat sisteminin fəaliyyətindəki səhv
hesablamalar. İnflyasiyanın dərinləşməsinin əsas səbəbi tələbin stimullaşdırılmasının
Keyns siyasətidir. M.Fridmenə görə pul siyasəti pula olan tələblə onun təklifi
arasındakı uyğunluğa nail olunmasına istiqamətlənməlidir. Bu məqsədlə milli gəlirin,
məşğulluğun, qiymətin və tədiyyə balansı saldosunun orta artımına uyğun tədavüldə
pulun artım faizinin müəyyən edilməsi lazımdır.
Postkeynszilər onların adlandırdığı kimi «gəlirlər siyasəti» konsepsiyasını ya-
ratdılar. «Gəlirlər siyasətinin» əsas məqsədi sosial ehtiyaclara dövlətin ayırmalarının
artırılması və əmək gəlirlərinə daha geniş vergi güzəştlərini tətbiq etməkdən ibarətdir.
Onların fikrincə, milli gəlirdə əmək haqqı, mənfəət və dövlət gəlirlərinin proporsiya-
ları həmkarlar təşkilatları, inhisarlar və hökumət arasında razılaşdırılmalıdır. Post-
keynsziliyin nümayəndələri gəlirlərin vergiyə cəlb edilməsində səmərəliliklə ədalətli-
liyin uzlaşdırılmasının zəruriliyinə diqqət yetirirlər. Onlar qeyd edirlər ki, səmərəlilik
məqsədinin reallaşdırılması cəmiyyətin müxtəlif sosial təbəqələri arasında vergilərin
ədalətli bölgüsü ideyasına əsaslanmalıdır. Məsələnin bu cür qoyuluşu dövlətin vergi
sisteminin təkmilləşdirilməsi, səmərəli və eyni zamanda sosial ədalətli vergi
siyasətinin aparılması üçün olduqca əlverişlidir.
130
Postkeynszilər kapitalizmdə maliyyənin qeyri-sabitliyi nəzəriyyəsini inkişaf
etdirirlər. Amerika iqtisadçısı X.Minski sübut edir ki, bu cəhət daxilən kapitalizmə
xasdır, bilavasitə maliyyə bazarının qeyri-sabitliyində birbaşa təzahür edir. Maliyyə-
kredit institutları vasitəsilə iqtisadiyyatda pul sferasına, onun dəyişməsi ilə valyuta
məzənnəsinə, qiymətli kağızlara, inflyasiyaya, deflyasiyaya təsir göstərilir. Buradan
X.Minski maliyyə qeyri-sabitliyini aradan qaldırmaq üçün dövlətin fəaliyyətinin ge-
nişləndirilməsi zəruriliyi haqqında nəticəyə gəlir. Qeyd etmək zəruridir ki, maliyyə
bazarındakı qeyri-sabitlik istehsal sferasında ziddiyyətlər yaradır. Lakin optimal
maliyyə və pul-kredit siyasəti iqtisadi inkişafın stabilləşməsinə müsbət təsir göstərə
bilər və göstərir.
Beləliklə, müasir Qərb maliyyə mülahizələrinin inkişafı neoklassik və
keynszilik ideyalarının bir-birinə sıx nüfuz etdiyini göstərir ki, bunun da nəticəsində
yeni nəzəri istiqamətdə onların inteqrasiya cəhdləri güclənir.
Yuxarıda şərh edilmiş makroiqtisadi tənzimləmə nəzəriyyələrini təhlil etməklə
belə bir nəticəyə gəlmək olar ki, bu nəzəriyyələrin hər biri özündə müsbət ünsürləri
birləşdirir ki, bunlar da makroiqtisadi tarazlığın təmin edilməsinə və iqtisadi inkişafın
daha çox zəruri parametrlərinin (məcmu tələb və təklif, əmtəə kütləsi və onun pul
ekvivalentinin uyğunluğu, istehlak və yığım, əmanət və investisiyalar, işsizlik və infl-
yasiyanın mümkün həddi, maliyyə vəsaitlərinin həcmi və cəmiyyətin sosial-iqtisadi
tələbatı; dövlət büdcəsinin gəlir və xərclərinin nisbəti, tədiyyə balansının aktiv və
passivi, ictimai istehsal iştirakçılarının maraqlarının ödənilməsi) sabitləşdirilməsinə
təsir etmək qabiliyyətinə malikdirlər.
Hazırda iqtisadiyyatın dövlət tənzimlənməsinin daha çox inkişaf etmiş mexa-
nizmi əsasən Fransada, Hollandiyada, Almaniyada, Avstraliyada, İspaniyada, Yaponi-
yada, Asiyanın və Latın Amerikasının bir çox inkişaf etməkdə olan ölkələrində təşək-
kül tapmışdır.
Fikrimizcə, respublikamızın hazırkı iqtisadi durumunda neokeyns nəzəriyyələ-
rinə daha çox üstünlük vermək və əlbəttə zəruri hallarda digər nəzəriyyələrə də
müraciət etmək olar.
Müasir dövrdə respublikamızın mövcud iqtisadi şəraitinə uyğun yaranan prob-
lemlərini həll etmək üçün dövlət maliyyəsi və onun inkişafı böyük əhəmiyyət kəsb
edir. Əlbəttə ki, bu təsadüf deyil. Çünki hazırkı durumda dövlət maliyyəsi dövlətlə
cəmiyyəti bir-birinə sıx bağlayan iqtisadi amilə çevrilmişdir [4, 16]. Bütövlükdə
dövlət quruculuğu, onun əsas funksiyalarının xalqın mənafeyinə uyğun yerinə yetiril-
məsi – son nəticədə iqtisadi artımın əsas mənbəyi olan dövlət maliyyəsinin mahiy-
yətini daha qabarıq əks etdirir və onun inkişafını tələb edir. Dövlət maliyyəsinin
rolunu aşağıdakı müddəalarla əsaslandırmaq olar:
Birincisi, dövlət maliyyəsi vasitəsilə ölkənin ödəmə qabiliyyəti təmin
olunmalıdır. Ödəmə qabiliyyəti olmayan dövlət beynəlxalq aləmdə öz nüfuzunu itirir,
müvafiq olaraq özəl müəssisə və kompaniyalar bundan ziyan çəkir. Ölkənin maliyyə
bazarındakı iştirakı məhdudlaşır.
Hazırda dövlətimiz ölkədə istehsal prosesinin, biznesin və sahibkarlıq
fəaliyyətinin inkişaf etdirilməsinə normal şərait yaratmaq məqsədilə beynəlxalq
idarəetmədə olan pul vəsaitlərinin bir qismini ölkəyə gətirir ki, bu da respublikanın
ödəmə qabiliyyətinin yüksəldilməsinə və uyğun olaraq sahibkarlıq fəaliyyətinin
inkişafına xidmət edir.
İkincisi, dövlətin əsas funksiyaları təkmilləşdirilməlidir. Bu baxımdan qeyd et-
131
mək lazımdır ki, dövlət hər bir sahənin və eləcə də, hər bir kəsin maliyyələşdirilməsi-
ni öz üzərinə götürə bilməz. Yalnız o sahələr maliyyələşdirilməlidir ki, bu xüsusi sek-
torun və sahibkarlığın gələcək inkişafına stimul yaratsın.
Qeyd etmək lazımdır ki, dövlət tərəfindən inhisarçılığın himayə edilməsinin də
müəyyən optimal səviyyəsi vardır. Əks halda o, ölkənin sosial-iqtisadi inkişafına
özünün mənfi təsirini göstərə bilər [5, 214].
Bununla yanaşı dövlət ölkədə azad rəqabətin inkişafına mane olan inhisar-
çılığın fəaliyyətini qanunla tənzimləməlidir. Praktiki olaraq dünyanın bir çox
ölkələrində inhisarçılıq əleyhinə qanunlar fəaliyyət göstərir. Məsələn, Almaniyanın
bu sahədə qəbul etdiyi qanunlar rəqabət qaydalarını müəyyən edir və azad rəqabətin
inkişafına əlverişli şərait yaradır.
Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda həyata keçirilən
genişmiqyaslı sosial-iqtisadi dəyişikliklər yeni bazar strukturlarının yaranmasına
gətirib çıxarmışdır. Buna baxmayaraq iqtisadi həyatda inhisarçılığın bu və ya digər
formasının fəaliyyət göstərməsi də qaçılmazdır. Deməli, inhisarçılığın dövlət tərə-
findən tənzimlənməsi azad rəqabətin inkişaf etdirilməsinin mühüm amilidir [6, 12].
Bazar münasibətləri iqtisadi, o cümlədən vergi formaları və metodları ilə dolayı
tənzimləmə sisteminin tətbiq edilməsini tələb edir [7, 128]. Qeyd edilənlərdən görü-
nür ki, dünya təcrübəsi bu cür tənzimlənmə sistemlərindən geniş istifadə edir. Bu
şəraitdə ən mühüm problemlər vergi tənzimlənməsi proseslərinin nəzəri əsaslandırıl-
ması, iqtisadiyyatın tənzimlənmə sistemində onun yeri və rolu ilə bağlıdır.
Beləliklə, araşdırma göstərir ki, dövlət yalnız fiskal funksiyanın yerinə yetiril-
məsində deyil, həm də dayanıqlı iqtisadi artımın təmin olunması məqsədilə işgüzar
fəallığın artırılmasında da maraqlı olmalıdır. Bütövlükdə götürdükdə dövlət
tənzimlənməsi sistemi iqtisadi və sosial siyasətin prioritetlərinin dəyişməsinə uyğun
olaraq daim təkmilləşməlidir [8, 244].
ƏDƏBİYYAT
1.
Əhmədzadə M.İ. Dövlət maliyyəsi. Bakı: Nasir, 2000, 124 s.
2.
Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiyyatında
maliyyə-kredit sisteminin problemləri. Bakı: Turan, 2003, 332 s.
3.
Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. “Büdcə sistemi”: dərslik. Bakı: “Əbilov,
Zeynalov və oğulları” istehsalat kampaniyası, 2003, 417 s.
4.
“Büdcə sistemi haqqında”. Azərbaycan Respublikasının qanunu. Bakı: 2002, 24 s.
5.
Əliyev A., Şəkərəliyev A. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı:
2002, 346 s.
6.
Мельников В.Д. Государственное финансовое регулирование экономики
Казахстана. Автореф. дисс. д-ра. эконом. наук. Алма-Аты: 1995, с. 47.
7.
Məmmədov F., Musayev A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı: Ozan,
2001, 478 s.
8.
Финансы, денежное обращение, кредит / Под. ред. Поляка Г.П. М.: ЮНИТИ-ДАНА,
2001, с. 368.
132
РОЛЬ УПРАВЛЕНИЯ ЭКОНОМИКИ ФИНАНСОВ ГОСУДАРСТВА
В УСЛОВИЯХ РЫНОЧНЫХ ОТНОШЕНИЙ
Г.Г.АСЛАНОВ
РЕЗЮМЕ
В статье определена роль и место финансов государства в регулировании
экономики, в условиях рыночной экономике обоснованы методологические основы и
принципы при помощи управления налоговой системы.
В изучении вопроса рассматривается основной финансовый план в
формировании дохода бюджета государства, обеспечение оптимального налога и
повышение роли макроэкономической стабильности.
THE ROLE OF THE STATE FINANCE IN THE ORGANIZATION OF ECONOMY
H.H.ASLANOV
SUMMARY
The article defines the role and place of state finance in the regulation of economy in
the market economy and analyzes methodological grounds and principles with the help of tax
system.
The author investigates the basic financial plan in the formation of the state budget,
provision of optimum taxes and the increase of the role of macroeconomical stability.
133
Dostları ilə paylaş: |