Balalar-Az. Com Abdulla Şaiq. Hekayələr



Yüklə 123,45 Kb.
tarix02.01.2018
ölçüsü123,45 Kb.
#19434

Balalar-Az.Com

Abdulla Şaiq. Hekayələr.
Köç
Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.

Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: "Oğlum, qalx, yaylağa gedirik" deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq, bir də:

- Qalx, oğlum! Səndən başqa hamı hazırdır, arabamız da gəlib, - dedi.

Dərhal dimdik qalxdım. Paltarımı geydim. Əl-üzümü yudum. Bir fincan çay içər-içməz pilləkənləri gup-gup başıaşağı endim. Öküz arabası qapımızın ağzında durur, arabaçı Salman kişi də şeyləri üsulluca arabaya yerləşdirirdi. Artıq, hərəkət edəcəyik. Sevinirəm, ailəmizin hamısı aşağıda idi. Hətta "Mərmər" adlı bir pişiyim, sarı, iri tüklü toyuğumu cücələri ilə bərabər bir səbət içində götürmüşdük. Necə sevinməyim?! Hamımız arabaya doluşduq. Salman kişi də arabanın boynunda oturdu: "Həm... ho!" edib əlindəki uzun qırmancını havada bir neçə kərə şaqqıldatdı. Araba hərəkət etməyə başladı.

Atam da ata minib, yanımızca gəlirdi. Artıq şəhərin iri, geniş küçələri ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, böyük evlər, iri şüşəli mağazalar...

Araba şəhərdən çıxarkən günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rənglərə boyanırdı.

Şəhərin tozlu, gurultulu küçələrindən, isti havasından get-gedə uzaqlaşırdıq.
Arabamız iki tərəfi ağac, əkin və bostanla bəzənmiş bir yolla gedirdi.

Azərbaycan!.. Doğma vətənimin gözəl təbiəti vardır. Səhərlərə məxsus olan nəsimdən arabir yarpaqlar qımıldanır, tarlalara, təpələrə, çöllərə xalı kimi döşənmiş lətif, yumşaq otlar, çiçəklər dəniz kimi dalğalanır, yaşıl yarpaqlar arasına sığınmış quşcuğuzlar səs-səsə verib ötüşürdü. Göz işlədikcə açıqlıq, yaşıllıq, dərəlik, təpəlik, irəlilədikcə qarşımızda bir-birindən daha gözəl təbiət, daha canlı dövhələr açılır. Iri, kələ-kötür, ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasından yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. Insan ürək dolusu nəfəs alır.

Yumşaq otların, əlvan çiçəklərin, dağ nanələrinin gözəl qoxusundan insan bihuş olurdu.

Dağların ardı-arası kəsilmir, zəncir kimi bir-birinə hörülmüş, bir-birini qucaqlamış kimi durur. Qocaman bir dağın təpəsinə qalxdıq. Qarşımıza daha böyük bir dağ çıxdı. Bu dağı da aşdıq, çiçəklər səltənəti kimi bir açıqlığa çıxdıq. Bu yer qalın, sıx meşəlik, çılpaq qayalıq, uçurumlu dərələrlə qucaqlaşmışdı. Uzaqda bir təpə ətəyində beş-on alaçıqdan ibarət bir oba görünürdü. Artıq yetişmişdik. Sevincimdən atılıb-düşürdüm.


Yaxınlaşınca bizi ən əvvəl bir çoban köpəyi qarşıladı. It qara ağzını açıb hürür və üstümüzə atılırdı.
Oba
Obaya yaxınlaşınca uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı. Qoca hamısından əvvəl irəliləyib, salam verdi. Sallaq iri dodaqlarında, yanları cizgilərlə örtülmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir təbəssüm vardı. O, yumru başlı çomağına söykənərək:

- Sizi dünən gözləyirdik, xoş gəldiniz! - dedi.

Atam:

- Sağ ola, Kərim baba. Dünən olmasın, bu gün olsun, - deyə cavab verdi.



Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, anamla görüşdülər. Atam gülə-gülə:

- Ay Kərim baba, Ayrım qızı ilə necə keçinirsən? - deyə soruşdu.

Kərim baba iri, sallaq dodaqlarını geniş açaraq, gözlərini daha da qıydı.

- Ağzında "Ayrım qızı" deyirsən, necə keçinəcəyik, itlə pişik kimi.

Atam yaşlı adamlarla əylənməyi çox sevərdi.

Qırx beş-əlli yaşında, qısaboylu, sağlam və ağzı yaşmaqlı bir qadın yaxınlaşıb, atama salam verdi. Atam onunla rəsmi körüşdükdən sonra gülə-gülə dedi:

- Ayrım qızı! Bax, yetişər-yetişməz, Kərim baba səndən şikayət edir.

Ayrım qızı kiçik və yanları ətli gözləri ilə gülümsəyərək:

- Qoy istədiyi qədər şikayət etsin, nənəmiz Havva Adəmi cənnətdən çıxardığı üçün kişilər bizimlə heç bir zaman barışmayacaqlar, - dedi.
Alaçığımız
Arabamız bir alaçığın ağzında durdu. Yerə endik. Bizi keçədən qayrılmış bir alaçığa gətirdilər. Bir anda kənd qadınları və uşaqları ətrafımızı aldılar.

Qadınlar anamla öpüşür, danışır, gülüşürdülər. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini anladırdılar. Mən isə utancaq bir uşaq olduğumdan anamın yanında büzüşüb durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm. Atam da alaçığın böyründə Kərim baba ilə köhnə bir palazın üstündə oturub, söhbət edirdi. O gün hava çox isti idi.

Günəş yandırırdı. Bir tərəfdən, alaçıq içinə doluşmuş bu qədər adamın ağır nəfəsi, o biri tərəfdən, alaçıq keçələrini başçatladan havasından nəfəs almaq mümkün deyildi. Yaxşı ki, bu hal çox sürmədi. Bayırdan Kərim babanın "Qonaqları çox incitməyin, yoldan gəliblər, qoyun bir az rahat olsunlar!" deməsi ilə adamlar yavaş-yavaş çəkilməyə başladılar. Bir azdan sonra kasıb bir süfrə açıldı; yeyib qalxandan sonra atam Kərim babanı səslədi:

- Ay Kərim, bizim alaçıq üçün çubuq hazırlamısanmı?

Kərim baba soyuq bir halda:

- Bilmirəm bu oxumuşların səbri nə üçün az olur? Gəldiyiniz indidir, nə xəbər? - dedi.

Atam:

- Vaxt keçir, hər halda alaçıq hazır olmalıdır, - dedi.



Kərim baba:

- Nəyinə gərək, axşama qədər sən alaçığını məndən istə, mənim əlimlə o nə çətin işdir?! Hələ ağacları dünən qırıb hazırlamışam, - cavabını verdi.

Ayrım qızı:

- Çox öyünmə, dünən zor-güc ağacları mən kəsdirdim; sənə qalsa idi, kim bilir, indi də hazır olmayacaqdı.

O, bu sözləri elə bir tərzdə dedi ki, hamı güldü. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı gözəl bir yerdə quruldu. Bir saat sonra alaçığımıza köçdük.
Məşğələlərim
Yavaş-yavaş oba uşaqlarına alışdım, hər gün çayımı içər-içməz alaçıqdan çıxardım. Uşaqları tapıb çiyələk, göbələk toplamağa, ya dərədə balıq tutmağa gedərdik. Bu dərə başlan-başa su qaynağı idi. Hər ağacın, hər daşın dibindən su sızırdı. Daşların, ağacların dibini qazar, ətrafına çay daşları yığıb, bulaq qayırardıq. Hər birimiz tapdığımız bulağa öz adımızı verərdik. Elə gün olurdu ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdim. Gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. Arabir də meşədə quş yuvası axtarmağa gedərdik.

Mənim quş balasına olan məhəbbətimi oxuculara qələmlə anlada bilməyəcəyəm. Bu kiçik məsum heyvanları dəlicəsinə sevərdim. Bir quş balası tapdıqda o qədər sevinərdim ki, dünyalara sığmazdım. Anam, atam: "Oğul, bu heyvanları əsir etmə, burax, yazıqdılar" - deyə nə qədər israr edərdilərsə də ağlayıb, yalvarıb onları zor-güc razı edirdim. Bu quş balalarını fındıq çubuqlarından qayırdığım bir qəfəs içində bəsləyərdim. Şəhərdən gətirdiyim toyuğumun cücələri böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. Kiçik bacımla hər birimiz bir xoruz və bir fərə seçmişdik.

Çadırımızın dörd bir yanı açıqlıq, çalalıq olduğundan toyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və çalıların altında eşələnirdi.

Ovcumu dənlə doldurub "dü-dü-dü!" səslədiyim zaman hər yerdə olsalar, qanan çalıb, yanıma gələrdilər.

Mən onları aldadırmamışam kimi əlimi arxamda gizlədərdim. Hamısı boyunlarını bükərək, gözlərini aşağıdan yuxarıya üzümə dikib baxardı. Bilsəniz o məsum baxışlar qəlbimə nə qədər toxunardı! Biixtiyar, ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək, səpdiyim dəni dənlərdilər.

Alaçığımızın böyründə bunlara kiçik bir hin qayırmışdım: tülkü, çaqqal qorxusundan hinin ağzını gecələr böyük bir daşla örtürdüm. Günlərimin çoxunu bu heyvanlarla keçirərdim.


Səhərlərim, axşamlarım
Bu yerlərin səhərləri, axşamları mənə hər şeyi unutdururdu. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, səsdən qulaq tutulurdu. Xüsusən yavaş-yavaş nəfəs alan səhərlərin, axşamların qanadları ucundan yayılan sərinlik, dağ çiçəklərinin, cökə ağaclarının qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütubət qoxusu, bulaqların şırıltısı, quşların ötüşməsi, quzuların mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi. Bir saat əvvəl səssizlikdən ölgün kimi göründən təbiət görünürdü. Bundan böyük məşğələ nə ola bilərdi? Dəyənəyi əlimə alıb, obaya gedərdim. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. Mən ağıla atılıb o şux quzular, oğlaqlara doyunca oynar, onlarla bərabər atılıb-düşərdim.

Qoyunlar sağılıb qurtardıqdan sonra ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. Həsrətlərinə qovuşmuş heyvancığazlar ayaqlarını bükərək, quyruqlarını oynada-oynada analarını əmirdilər.

Obanı yenə də həzin bir sükut almış, yalnız ara-sıra çobanların səsi, itlərin hürüşməsi, uşaqların bağırtısı eşidilirdi. Bu kiçik heyvanları sevdiyim kimi, çobanlarını da sevər, çox vaxtımı da onlarla keçirərdim. Onların sadə və sərbəst sandığım məişəti xoşuma gələrdi; hətta o bəxtiyar bildiyim insanlara qibtə edərək, "bu açıq, geniş obalarda, bu gözəl təpələrdə, yaşıl yamaclarda çoban olmaq pisdirmi?" deyərdim. Mən də kiçik çomağımı alıb, çox zaman onlarla bərabər gedərdim. Qoyunları yamaca yayıb, bir təpədə oturardıq. Çobanlar tütək çalar, həzin mahnı oxuyar, keçmiş günlərdən və gələcəkdən söhbət edərdilər.

Oxunan mahnılarda həm ələm vardı, həm də nəşə. Lakin bu sirri anlamaq üçün mən hələ kiçik idim...

Oruc adlı bir çoban gözəl tütək çalardı. O, tütək çalırkən qoyunlar iştahla otlar, arabir qulaqlarını qırparaq, o səsi dinlərdi. Hətta "Dəmir" adlı qıllı, boz köpək də qulaqlarını sallayaraq iri, tüklü quyruğunu yerə çırpa-çırpa başını Orucun ayaqları üstünə qoyub, gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi. O çalğıdan, o gözəl səsdən bu heyvan da həzz aldığını bununla anladırdı. Gözəl səsin, gözəl çalğının heyvanlara nə qədər böyük təsiri olduğunu gözümlə gördüm; obanın şərq tərəfində Novçalı adlı bir bulaq var idi. Günortaçağı çobanlar sürünü ora aparırdılar. Bir gün sürünü o bulağa sürürkən Oruc təpə başından yoldaşı İlyasa:

- Ay İlyas! Ay İlyas! Bu tütəklə sürünü geri döndərimmi? - dedi.

İlyas cavab verdi:

- Döndərə bilməzsən!

Oruc tütəyi çalmağa başladı. Qoyunlara sanki gizli bir qüvvə "dur!" əmrini verdi. Hamısı bir şeydən hürkmüş kimi durdu. Qulaqlarını qırparaq, birdən-birə döndülər, quyruqlarını ata-ata, mələşə-mələşə təpəni başyuxarı dırmandılar. Oruc məğrur bir tövrlə: - Hə, döndərdimmi? - deyə təzədən sürünü dərəyə sürdü.
Kərim baba
Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. Kərim baba altmış yaşında, qısaboylu, köksü və kürəkləri enli bir qoca idi. Gözünün yanları idi cizgilərlə örtülmüş və kiçilmişdisə də, yenə parlaq idi. Söz söylədiyi zaman daima kiçik gözləri, qalın və iri dodaqları gülərdi. Onun keçirmiş olduğu uzun bir tarixi hər zaman gözlərində oxumaq olurdu. Yaşlı olduğu halda daima açıq, geniş çöllərdə yaşamış bu adamın üzü ətli, yanaqları qıpqırmızı, canı sapsağlam idi. Bu adamın hərəkətindən və simasından gəncliyində çox igid və qoçaq olduğu anlaşılırdı. Indi belə fikri-zikri daima ovda və şikarda idi.

Atasından qalma köhnə tüfəngi var idi. Bu tüfəngin lüləsi kiçik bir top lüləsi qədər idi. Onu hər zaman özü ilə gəzdirir və bir an yanından ayırmazdı.

Hər gün silər, təmizlər və arabir dərənin içinə enərək, bir yeri nişan alardı. Nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. Tüfəngin bir top qədər şiddətli səsindən xoşlanmayan Ayrım qızı arabir Kərim babaya isthza ilə: "Ayıbını yer örtsün, sən heç bildiyindən əl çəkmə! Yaxşı ki, dədən Qafar sənə bu qırıq tüfəngi qoyub gedibdir" - deyirkən, Kərim baba məğrur bir tövrlə "igid atadan igid oğula bir tüfəng, bir də at qalar" cavabını verərdi.

Kərim baba naxır saxladığı, otardığı üçün aldığı cüzi aylıqla keçinərdi. Özünün də inəyi, dörd-beş qoyunu var idi. Sürünü otarmaqda kiçik oğlu Vəli də ona kömək edərdi. Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən Kərim baba da sıradan salmazdı. O da onların içində olmalı idi. Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi; lakin o, bunlara heç əhəmiyyət verməyib nəşəsini pozmaz, tütək çalar, sümsü qayırar, hələ mahnısı ağzından düşməzdi.


Ayrım qızı
Ayrım qızı qısaboylu, kök bir qadın idi. Kiçik qumral gözləri, ay kimi yuvarlıq üzü var idi. Bu çalışqan, namuslu qadının üzündə kişilərə məxsus bir heybət vardı. Hələ gurlayan səsini hər kəs eşitsə idi onun bir kişi olduğuna inanardı. Gündüzləri bir yandan bizim evdə çalışar, çapalayar, bir yandan da öz evinin işlərini görərdi. Meşədən şələ-şələ odun daşıyar, sac asar, çörək bişirər özgələrinin inəklərini, qoyunlarını sağar, nehrə çalxayar və yorulmaq nə olduğunu bilməzdi. Bu vaxta qədər kimsə ondan "yoruldum" sözünü eşitməmişdi. Həyat onu belə öyrətmişdi. Onun əsl adı Fatı idi. Atası "ayrım" olduğundan hamı onu "Ayrım qızı" çağırardı. Bu idi adamın təbiəti bir-birinə əsla uymurdu. Onun üçün Ayrım qızı bir yandan Kərim babanın uşaqcasına işlərindən, qəribə hərəkətlərindən acıqlanar, o biri tərəfdən də naxır sahiblərininin töhmət və məzəmmətlərini izzəti-nəfsinə sığışdıra bilmədiyindən Kərim babanın arxasınca hər gün söylənərdi. Kərim baba heç bir şeyə əhəmiyyət vermədiyi kimi buna da əsla əhəmiyyət verməyib nəşəsindən, kefindən qalmazdı.

Bir gün qadınlarla uşaqlar moruq və çiyələk yığmağa getmişdi; Kərim baba sıradan heç qalarmı?! Ayrım qızı Kərim babanın da getdiyini, naxırın başsız qaldığını bilmiş, naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdilə yumru başlı, iri çomağı götürüb özünü naxıra yetirmişdi. Axşamçağı obaya doğru qayıdarkən hamı ona tamaşaya çıxdı.

Hətta Kərim baba da bu tamaşadan qalmadı, uzaqdan laqeyd baxışlarla arvadını seyr etdi. Ayrım qızı əsla tövrünü dəyişməyərək əlində çomaq o inəyi, bu öküzün arxasınca bağıra-bağıra qaçırdı.

Kəndlilərdən bir gülə-gülə Kərim babaya:

Ay Kərim, ay Kərim! Buna Ayrım qızı deyərlər, adamdan belə intiqam alarlar, bu pəhləvan arvad kişidən artıqdır, - dedi.

Bu sözün Kərim babaya bir milçək vızıltısı qədər təsiri olmadı, gurlayan səsi ilə:

- Mənim kimi kişinin elə də arvadı olar, - deyə cavab verdi.
İki pəhləvan
Sular qaralmağa, günəş yavaş-yavaş meşəli dağların arxasına çəkilməyə başlamışdı. Alaçığın bir tərəfində palaz döşəyib, çay içirdik. Kərim baba da palazın bir ucunda Ayrım qızı ilə yan-yana oturmuşdu. Hər ikisi keçmiş igidliklərindən danışır, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı.

Ayrım qızı Kərim babanı qızışdırmaq fikrilə əlini onun çiyninə vuraraq deyirdi:

- Bunu görürsüz, aylarca üzünü görməzdim. Işi nə idi? Boşboğazlıq, o qapı, bu qapıda veyl-veyl gəzməkdən başqa əlindən bir iş gəlməzdi, evə gələndə bizə qan qusdurardı. Bir qoçaqlığı olsaydı... Meşədən bir şələ demirəm, bir qucaq odun də gətirməzdi. Odun gətirməyə getsə, görərsən beş-on, çırpını arxasına alır: "Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?" - deyə bar-bar bağırardı, elə bil ki, mənə baş gətirib. Bu gün meşədən gətirdiyim bu dağ kimi şələni görürsüz ki? Belə şələ gətirsə, kişi deyərəm. Onun hünəri nədir?

Ayrım qızı Kərim babanı qızışdırmaq fikrilə əlini onun çiyninə vuraraq deyirdi:

- Bunu görürsüz, aylarca üzünü görməzdim. Işi nə idi? Boşboğazlıq, o qapı, bu qapıda veyl-veyl gəzməkdən başqa əlindən bir iş gəlməzdi, evə gələndə bizə qan qusdurardı. Bir qoçaqlığı olsaydı... Meşədən bir şələ demirəm, bir qucaq odun də gətirməzdi. Odun gətirməyə getsə, görərsən beş-on, çırpını arxasına alır: "Ayrım qızı, Ayrım qızı! Bunu hara töküm?" - deyə bar-bar bağırardı, elə bil ki, mənə baş gətirib. Bu gün meşədən gətirdiyim bu dağ kimi şələni görürsüz ki? Belə şələ gətirsə, kişi deyərəm. Onun hünəri nədir?

Ayrım qızı söylədiyi sözlərdən məğrur bir vəziyyət aldı. Gurlayan səsi ilə Kərim babaya:

- Rəhim ağanın qapısında nehrə çalxaladığımız yadındadır? - dedi.

Kərim baba sükutla başını tərpətdi. Ayrım qızı üstün gəldiyini hess edərək, özünü doğrultdu, şən və açıq bir sifətlə sözə başladı:

- İkimiz də cavan idik, Rəhim ağanın qapısında qulluq edirdik, bu çoban idi, mən də ağanın inəklərini sağır, yağ-pendirini tuturdum. Qapıda bizdən başqa dörd-beş çoban da vardı. Hamısı bığıburma oğlanlar idi. Bir gün nehrə çalxalayırdım. Zəhra xanım da alaçığın ağzında durub baxırdı. Canınız üçün, çobanların hamısını yordum. Bax, bunun özünü elə yordum ki, düşdüyü yerdə qaldı. Zəhra xanım əllərini bir-birinə vurub qaqqıldadı:

- Ay Kərim, çox öyünmə, Ayrım qızı dörd-beş kişiyə dov gəldi, - dedi.

Ayrım qızı bu sözləri söylərkən Kərim baba yetim uşaq kimi başını köksünə dikərək, həzin-həzin dinləyirdi. Ayrım qızının belə öyünməsi, Kərim babanın sükutla büzülüb durması birdən-birə bayaqdan Ayrım qızına qulaq asanların qəhqəhəsinə səbəb oldu. Bu qəhqəhədən Kərim baba özünü bir qədər doğrultdu.

- Eh! Adam qocalanda belə sözləri çox eşidər, mən əgər yazı-pozu bilsəydim, göstərdiyim igidlikləri bir-bir yazar, böyük kitab bağlardım. Insan özünü öyməkdən nə çıxar. Arvad nədir ki, onun igidliyi nə olsun? Hay-hay! Beş-on qoyun sağıb, nehrə çalxayıb, yağ-pendir tutub, dili ağzına sığmır! Indi mən deyim, sən qulaq as!


Pələng ovu
 Kərim baba söhbətinə belə başladı:

- Bizim Borçalı meşələrində pələng olmadığını bilirsiniz; ancaq qabaq zamanlarda varmış. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında bir pələng görünmüşdü. Onun qorxusundan meşəyə heç kəs getmirdi. Bir gün eşitdim ki, kəndin yaxınlığında pələng üç inək parçalayıbdır; ağlım başımdan çıxdı. Tüfəngimi götürüb getdim. Kəndlə pələngin arası bir ağac olardı. Dərəni aşdım. Aşağı uzanan daşlı-qayalı bir dağ ətəyi ilə meşənin içərisinə gedirdim. Günün bu zamanı idi: günəş saralmağa, sular qaralmağa başlamışdı. Pələngi gözdən qaçırmamaq üçün yan-yörəmə baxırdım. Bir nə gördüm?! Uzaqda iki göz məşəl kimi yanır. Baxdım, pələng idi; o da məni görmüşdü, pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, cırmaqlayırdı.

Bir azda da getmişdim ki, birdən-birə pələng yerindən atılıb, bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib, tüfəngimi ona tərəf yönəltdim. Pələngin bir nəcib xasiyyəti var; hücuma başladığı yerdən üç dəfə ovun üstünə atılar. Bu üç dəfənin heç birində ovlaya bilməsə, küsüb gedər. Qalxdığı yerdən iki dəfə üstümə atıldı, üçüncü dəfə az qaldı üstümə düşsün. Tüfəngimi dikəltdim, havada üstümə gələrkən qolları arasından nişan aldım. Pələngdən elə bir bağırtı qoptu ki, səsindən dağ-daş titrədi. Gözlərim qaraldı, tüklərim ürpərdi. Elə bil ağaclar, daşlar bir pələng sürüsü olub, üstümə gəlirdi. O, iki-üç addım məndən aralı bir qaratikan kolu yanında yıxılıb nərildəyirdi. Iki dəqiqədən sonra canını təslim etdi. Yaxınlaşdım. O igid heyvanı öldürdüyümə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, qabağında diz çökdüm. Başını qollarım arasına alıb, üzündən-gözündən öpdüm.

Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. Dedim ki, Borçalı torpağında bir igid var idi, o da bu gündən yaşamır. Bundan sonra Borçalı torpağı igid üzü görməyəcək.

Bir saat əvvəl sakit və dalğın halda bir yerdə büzüşüb duran bu qoca artıq nəzərimizdə böyümüşdü. Hamımız başdan-ayağa hekayəyə qulaq asaraq, onu dinləyirdik.
Kərim babanın atası
 Kərim baba söhbətdən doymur, hadisəni hadisəyə, xatirəni xatirəyə calayırdı.

- Mənim atam da gözəl ovçu idi. Nağıl edərdi ki, bir gün maral ovuna çıxmışdım. Dərədə kök bir buğa ovladım. Çeşmə başında kabab bişirib yedikdən sonra uzanıb yatmışdım. Bir də gözlərimi açanda nə gördüm?! Dörd bir yanımı duman elə bürüyüb ki, bir addım da qabaq görünmür. O gün evə qayıtmaqdan ümidimi üzdüm. Axşam olduğunu havadan bilmişdim. Kim bilir nə qədər yatmışam: nə edəcəyimi bilmirdim. Düşündüm-düşündüm, axırda gecəni bir qaya altında keçirmək üçün yavaş-yavaş dağa dırmaşdım. Elə uçurum, sıldırım, qayalıq yerlərdən keçirdim ki, ayağımın altından bir daş uçsa idi, birbaş dərəyə yuvarlanıb, parça-parça olacaqdım.

Həm də qaranlıq, göz-gözü görmürdü. Qabağıma bir mağara çıxdı. Durdum, mağaranın ağzından içəri baxdım. Bir şey görmədim, çarəsiz mağaraya girdim, bir də ağır xorultudan gözlərimi açdım. - Bu nədir? Məndən başqa burada adam var? - dedim. Dimdik oturub yan-yörəmi yoxlarkən, əlimə bir heyvan quyruğu toxundu: bu bir pələng quyruğu idi. Mən mağaraya sığındığım zaman o oyaq imiş. Bu igid heyvanın məni bir qonaq kimi mağarasına qəbul etdiyinə şübhəm qalmadı. Özümü itirdim. Ancaq qorxmurdum; çünki bu heyvanın comərdliyinə əmin idim. Gecəni pələnglə bir yerdə keçirtdim. Səhər dan yeri ağaranda mağaradan çıxıb, dünən maral ovladığım yerə gəldim. Maralın bir budunu mağaranın ağzına gətirib, yavaşca içəri itələdim. O gün yenə ovladığım maralın ətindən kabab bişirib yedim. Günortadan sonra idi, kəndə tərəf döndüm. Mağaranın aşağı yanından keçirdim. Gördüyüm bir hadisə ayaqlarımı mismar kimi yerə mıxladı: dərənin içində bir pələng uzanmış, bir qurd da onun ətrafında tülkü kimi quyruq bulayırdı. Məni heyrət aldı, bir yerdə oturub baxırdım. Qurd quyruğunu sallayıb dərənin bir o başına gedir, bir də dönüb gəlir, quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. Pələng isə əsla vüqarını pozmayıb, yalnız onu iti baxışları ilə süzürdü. Qurd bir az sonra pələngin çənəsini, boğazını yalamağa başladı. Bu xain riyakarlığa pələngi tələf edəcəyini hiss etmişdim. Bir ara qurdu nişan alıb, vurmaq istədim. Nədənsə fikrimdən vaz keçdim. Qurd bir də dərəni dolanıb, pələngə yaxınlaşanda onun boğazından yapışdı. Yazıq heyvan elə bağırdı ki, səsində dağ-daş titrədi. Elə bildim ki, qayalar üstümə töküləcək. Beş-on dəqiqə o gözəl heyvan atılıb-düşəndən sonra hərəkətsiz qaldı. Təəccüblü burasıdır ki, qurd yenə pələngin boğazını buraxmaq istəmirdi. Özü isə heç tərpənmirdi.

Pələngin öldüyünü yəqin etdim, ancaq qurdun da tərpəməməsindən heyrətdə idim. Tüfəngimi alıb dərəyə endim. Pələng ölmüşdü. Tüfəngin qundağı ilə qurdu nə qədər vurdumsa, tərpənmədi. Bu da murdar olmuşdu. Mən ancaq indi anladım ki, pələng dərədə uzanırkən, bu xain qurd onunla üz-üzə gəlmiş, onun pəncəsindən qurtarmaq mümkün olmadığından bu riyakarlıqla ondan can qurtarmaq istəmiş, axırda da qorxudan bağrı yarılıb ölmüşdü. Çox əlləşdim, pələngin boğazını qurdun ağzından qurtara bilmədim, dişləri kilidlənmişdi. Carəsiz qəməmi çıxarıb, qurdun dişlərini çapdım. Elə igid bir heyvanın qurd kimi qorxaq, tamahkar bir heyvan əlində ölməsinə çox acıdım.

Bu hadisədən xatirə olmaq üçün pələngin dərisini soyub evə gətirdim.

Atasının nağıl etdiklərini bititdiktən sonra Kərim baba özünəməxsus ağırlıq və təmkinlə əlavə etdi:

- İndi haman pələng dərisi məndədir. Atamdan yadigar olduğu üçün saxlayıram.

Atam onu təsdiqləyərək:

- Əlbəttə, həm bunu, həm də vurduğun pələngin dərisini saxlamalısan, - dedi, - çünki dərilərin hər biri iki igidin tarixini bildirən qiymətli xatirədir.
Qızıl it

 

Kərim babanın "Qızıl" adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Uzaqdan kölgəmi görüncə sürü ilə üstümə tökülüb hürərdilər. Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdirdimsə, yenə də alaçıqdan çıxıb, bir yana getdiyimi görüncə kəsik qulaqlarını oynadaraq, qalın, boğuq səsilə hürər, nəşəmi pozardı. Ona görə Qızılı da sevmirdim. Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb, hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdisə də, xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. Bu gün iti vura-vura qapıdan qovarkən Kərim baba gördü. Yaxınlaşaraq:



- Vurma, oğlum! - dedi. - Bu mənim çörək ağacımdır. Bunun bir qardaş qədər mənə yaxşılığı keçibdir. Sən bunun indiliyini görürsən. Bir vaxt bunun qorxusundan evimizin yanından quş quşluğu ilə keçə bilməzdi. Bu itə beş yüz manat verən olub, verməmişəm. Hər küçüyünü otuz-əlli manata satmışam. Bunun nə qədər ağıllı, igid heyvan olduğunu bilsən, heç vurmazsan. - Kərim baba bu sözləri deyib, itin başını əlləri ilə oxşadı. Sonra yenə üzünü mənə tutaraq dedi:

- Qışlıqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yamaca yayıb, bir daş üstündə uzanmışdım. Nə vaxt yatdığımı heç bilməmişəm. Oyandığım vaxt hava qaralmış, dövrəmi də qalın duman almışdı. Elə qaranlıq düşmüşdü ki, göz-gözü görmürdü. Çomağı götürüb yerimdən qalxdım. Sürüdən xəbər yox idi, Qızılı çağırdım. Cavab vermədi. Dəli kimi o gecəni səhər etdim. Ancaq mənə ümid verən bu it idi; bilirdim Qızıl sürüdən ayrılmaz. Dan yeri ağarar-ağarmaz uca bir təpə başına dırmaşdım. Aşağıya baxdım. Dumandan hər şey qara görünürdü. Yenə "Qızıl! Qızıl!" deyə bağırarkən dərədən boğuq bir səs eşitdim, ildırım sürətilə dərəyə atıldım. O, sürünü iki təpə arasına yığmış, özü də yol ağzında durub hürür, məni səsləyirdi. Özümü Qızıla yetirdim. Məni görən kimi sevindiyindən quyruğunu sallayıb, qulaqlarını dikləyərək, məni yalamağa başladı. Sürüyə qurd girdiyini o saat bildim. Sürünün içinə girəndə üç qurd ölüsü gördüm. Işin nə yerdə olduğunu anladım. Sürüyə qurd daraşanda, Qızıl onlarla boğuşa-boğuşa sürünü bu iki təpənin arasına sıxışdırmış, burada qurdlara hücum edib, bir-bir onları boğub öldürmüşdü. Qızılın boynuna necə sarılmışam... Üzündən-gözündən necə öpmüşəm... Sonra kök bir qoçun quyruğunu kəsib qabağına atmışam.

İftixar hissilə söhbətini tamamlamağa çalışan Kərim baba Qızılı oxşayaraq:

- İndi bunun nə cür it olduğunu bildinmi? Bu, it deyil, aslandır, əjdahadır, - dedi.

Kərim babanın bu tərifindən sonra Qızılla barışmış, səmimi bir dost olmuşduq.
Sümsü
Kərim baba ilə armud ağacı altında oturmuşduq. Mən dərədən topladığım daşlarla oynayırdım. Kərim baba fit çala-çala bir yaş çubuğu yonurdu. Kərim babanın yeni bir şey qayırmaq istədiyini anladım, yanına gedərkən o, qalın, boz bığları altından gülümsəyərək:

- Sənə sümsü qayırıram, - dedi.

- Sümsü nədir, - deyə soruşdum.

- Sümsü quş kimi oxuyur, bununla qızılquş balası tutarlar, - dedi.

Kərim babaya daha da yaxınlaşaraq, gözlərimi əllərindən ayırmadım.

Çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü.

- Bax, sümsü budur! - dedi və uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb, çalmağa başladı.

Mən səbirsiz halda sümsünü dartıb əlindən alırkən o, bürüşük gözlərində, qalın, iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq:

- Qızılquş balasını bu səslə çağırır, - dedi.

Sümsünü indi mən şalır, o isə öyrədirdi və biliciliyi ilə öyünüb, məğrur baxışlarla mənə baxıb gülürdü.

- Bununla qızılquş balasını necə tutarlar? - deyə mən soruşduqda, Kərim baba mənə bu məlumatı verdi:

- Qızılquş yuvasını çox vaxt su kənarında, uca ağacların başında tikər. Balaları yumurtadan çıxan kimi ovladığı quşları öldürüb qanını içər, sonra da o qanı qusub balalarına yedirər. Balaları bir qədər böyüdüktən sonra, ovladığı quşu su kənarına aparar, tüklərini yolar, cəmdəyini suda təmiz yuduqdan sonra parçalayıb, balalarının qabağına atar. Balaları qanadlanıb uçmağa başladığı vaxt tutduğu ovu gətirib yuvasının ağzına birdən-birə buraxar, quş ölüm pəncəsindən qurtardığını görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edər, dərhal onu tutub yeyərlər. Anası balalarına bu cür ovçuluq öyrədər. Balalarının bu zamanı anaları üçün də qorxuludur, yaxın gələrsə o saat hücum edib, onu da parçalarlar. Ona görə də ovladığı quşla yuvasına yaxın bir ağaca qonar və özünəməxsus bir səslə balalarını səslər. Onların uçub gəldiyini görüncə, ovu buraxıb qaçar. Qızılquş balalarını ovçular bu vaxtlar tutarlar. Yuvalarına yaxın bir yerdə tor qurub, içinə toyuq, kəklik buraxarlar. Çır-çırpıdan, otlardan qayırdıqları kiçik daxmalarda gizlənib bir əllə torun ipini tutar, o biri əllə də sümsünü çalarlar. Qızılquş balaları analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi tez çəkər, tor bağlanar, qızılquş balaları da torun içində qalarlar.

Qızılquş balaları bu zaman çox acıqlı olarlar. Özlərini insan əlində əsir görəndə ürəkləri partlar, insana heç alışmazlar. Ona görə də ovçular qızılquş balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikərlər. Iki-üç gün ac saxlar və yavaş-yavaş ət verib, özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açarlar. Quşcuğazların acığı bu cür sönər, sahiblərinə alışarlar. Ovçular qızılquş, tula götürüb, ova çıxarlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik, qırqovul, turacı qaldırınca qızılquş hücum eyləyib ovlar.
Can qorxusu
Sentyabrın isti günü idi. Günəş yandırırdı. Itlər, çobanlar meşələrə, sərin kölgəliklər altına çəkilmişdilər. Biz də alaçığın içində hər birimiz bir yanda uzanmışdıq. Sarı toyuğum da balalarını başına toplayaraq, armud ağacı altında eşələnir, dənləyirdi. Toyuq birdən-birə acıqlı səslə qaqqıldadı. Balaları dərhal uçaraq, kolların arasına soxuldular.

Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb, yükün altına soxuldu. Qüvvətli qanad çalınmasına bənzər bir səs hələ də alaçığımızın üstündə eşidilirdi. Bir-birinin arxasınca baş verən bu hadisələrdən özümüzü itirmiş halda alaçıqdan kənara çıxdıq. Alaçıqdan on-on beş arşın ucada böyük bir quş iri qanadlarını açmış, odlu və acıqlı baxışlarla bizi süzürdü. Anam:

- Qızılquşdur, - dedi, sonra cücələri tutmaması üçün əlinə böyük bir ağac alıb "kiş-kiş" edərək, qızılquşu qovlamağa başladı. Biz alaçığa girən quşun arxasınca getdik. Bizdən əvvəl qardaşım yük altında bir bucağa sığınmış quşu qaldırıb, sevinə-sevinə:

- Tutdum, kəklikdir, - dedi.

Qardaşımın ətrafında sevincimdən atılıb-düşərək:

- Ver mən də baxım, - deyə bağırdım.

Bu zaman anam içəri girdi. Kəkliyi əlimizdə görüncə:

- Canının qorxusundan yazıq özünü alaçığa salıb, - dedi.

Qızılquş pəncəsindən qurtarıb özünü insan əlində əsir görən kəklik, qurtarmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi.

Qardaşım:

- Qanadlarını bağlayım, qaçmasın, - dedi.

- Yox, oğlum! Bu heyvan bizim evimizə sığınmışdır, onu azad edin, buraxın! Qorxusundan yazığın ürəyi ağzına gəlir, - deyə anam cavab verdi.

Bu sözləri anam elə söylədi ki, qəlbimizdə riqqət doğdu. Artıq hamımız onun azad edilməsi tərəfdarı idik. Hamımız alaçıqdan çıxdıq. Qızılquş uçub getmişdi. Kəklik də o kiçik gözlərini göyə dikərək baxır, düşmənin getmiş olduğunu bilmək istəyirdi. Qardaşım quşu birdən-birə havaya ataraq:

- Uç, get! - dedi.

Kəklik onun əlindən ox kimi çıxdı və bir anda meşənin ağacları arasında yox oldu.

Hamımız bağırışaraq, kəkliyin arxasınca xeyli baxdıq.


Biçin
Səhər-səhər alaçığın ağzında oynayırdıq. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə enirdilər.

Qardaşım onların dalınca:

- Namaz! Namaz! Haraya gedirsiniz? - deyə çağırdı.

Namaz arxaya dönərək yarımağız:

- Qoruğa gedirik, qoruğa, çiyələk dərməyə! - dedi.

Biz də arxalarınca qaçıb yetişdik, dərəni keçdik; kiçik bi cığırla meşəyə doğru qalxdıq. Bir qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi. Sevincimizdən sıçradıq. Bir az sonra artıq talada idik. Biçinçilər sıra ilə durmuş, göbəyə qədər qalxmış yaş otu biçir, qadınlar, uşaqlar isə otların arasından çiyələk yığır və qurumuş otlardan taya vururdular. Biz yetişən kimi qoruğa atıldıq. Çiyələkdən doyunca yedik. Sonra yumşaq otların, dərzlərin üstündə atılıb-düşməyə, bağırışmağa başladıq. Biçinçilərdən biri orağını böyük bir qanqalın kökündən endirirkən quş balaları "cik-cik" edib, kiçik qanadlarını çırparaq, qalın otlar arasına soxuldular. Hamımız oraya qaçdıq. Biçinçi əyilib, ovcunda tutduğu bir quş balasını mənə uzadaraq:

- Al, - dedi.

Sevincək əlimi açdım. Quşu ovcuma qoydu. Ovcumu açarkən əllərim al-qan içində idi. Tüklərim ürpərmiş bir halda "Ay, bu nədir?!" deyə quşu yerə atdım. Oraq onun hər iki ayağını biçmiş, kiçik heyvan ayaqsız qalmışdı: bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən o kiçik heyvana baxdım.


Qəlbimdə acı bir hiss doğdu. "Topal heyvan, səni artıq kim bəsləyəcək?" - dedim. Hamı biçilmiş qoruğun tikan kimi duran otları üstündə inildəyə-inildəyə sürünən quşcuğaza baxırdı. O biri quşları tutmuş olan uşaqlar topal quşu ovucları içinə alıb tamaşa etdikdən sonra, yenə otlar arasına buraxdılar. O günkü nəşəmə zəhər qatılmış olduğundan çox dalğın idim. Bir saat sonra obaya döndük.

Bu əhvalatdan uzun illər keçmişdir. Ancaq bu gün də o qanlı vaqiəni unutmamışam.


Yoldaşım Rza
Cümə axşamları mənim ən çox sevdiyim gün idi: çünki hər həftənin bu günü atam şəhərdən gələrdi. Bir təpə başında oturub, səbirsizliklə atamın yolunu gözlərdim.

Axşamüstü idi. Obada gəzinirdim. O gün südçülərdən biri şəhərdən çox tez qayıtmışdı. Onu uzaqdan görüncə yanına qaçıb, atamı soruşdum. Südçü çubuğunu qalın dodaqlarının bir tərəfinə qısaraq, o biri tərəfindən tüstünü buraxdığı halda gülümsəyərək:

- Atan bu gün gəlməyəcək, işi var, - dedi.

Bu söz ildırım kimi məni sarsatdı. Məyus və dalğın halda geri döndüm.

O isə arxamdan çağırıb:

- Ey, bura bax! Gələcək, səni aldatdım, mən bu gün tezdən çıxmışam, - dedi.

Cavab vermədən yoluma davam etdim. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə, yüksək dağlar arxasına çəkilməyə, uca ağacların kölgələri şərqə doğru uzanmağa başlamışdı; sürülər, naxırlar mələşə-mələşə obaya doğru qaçırdı. Mən də bir təpədə oturub o gurultunu dinləyir, o canlı lövhəni seyr edirdim. Çadırımızın ağzında at kişnəməsi eşitdim. Dönüb baxınca nə gördüm? Atam! Sevincimdən ayaqlarım bir-birinə dolaşa-dolaşa yüyürüb boynuna sarıldım. Atam yoldaşım Rzanı da özü ilə gətirdiyindən sevincim bir qat daha artmışdı. Nə üçün də sevinməyim? Cücələrimi, çeşmələrimi, göyəm ağaclarımı göstərmək üçün yeni adam tapmışdım. Bir fincan çay içən kimi qalxdıq. Toyuqlarımdan başlayaraq göyəm ağaclarımı, dərədəki çeşmələrimi bir-bir göstərdim. Sonra obaya gəldik. Sürülərin içinə soxulduq. Quzularla, oğlaqlarla oynadıq. Onlarla bərabər atılıb-düşdük. Artıq qaranlıq düşür, seyrək duman uca dağlar başından dərələrə, meşələrə enirdi. Göy üzü təmiz olduğundan şimal tərəfdəki bir-iki bulud dəniz içində kiçik təpəciklər kimi görünürdü. Hər ikimiz əl-ələ verib yüyürə-yüyürə evə gəldik.
Yağış
Atam çadırımızın yanındakı armud ağacı altında oturub, Kərim baba ilə söhbət edirdi. Kərim baba birdən-birə gözlərini şimala dikərək qorxunc bir səslə: "Allah, sən saxla!" dedi. Bu sözləri elə söylədi ki, hamımızda bir həyəcan doğdu.

Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək:


- O ilan quyruğu kimi qara buludu görürsüz? Çox ziyankar buluddur, - dedi. - Bu, ziyansız keçməyəcək.

Atam etinasız cavab Verdi:

- O bulud buradan çox uzaqdır, bizə ziyanı dəyməz.

Kərim baba iripapaqlı başını, uzun, çal saqqalını oynadaraq, bir daha diqqətlə buludu süzdükdən sonar:

- Buna oynaq bulud deyərlər, - deyə sözünə davam etdi. - Bu hər yeri gəzər, amma çox durmaz. Bir saat yağsa aləmi tufana verər. Bu buluddan gözüm su içmir, ehtiyatı əldən vermək olmaz. Alaçığın xəndəyini təmizləmək lazımdır.

Kərim baba durub getdi. Biz də atamla alaçığa dönüb, yorğun oduğumuzdan tez yatdıq. Sonar nələr olduğunu bilmirəm, bu qədər xatırlayıram ki, atam məni qolları arasında yük üstünə uzadırkən, qulaqlarımın dibində gurlayan bir səsdən gözlərimi açdım. Ətrafıma baxdım. Atam, anam hər ikisi alaçığın içində dimdik durmuşdu.

Atam kiçik qardaşım Əsədullanın beşiyini yuxarı qaldırmış, anam da kiçik bacımı qucağına almışdı. Sel gurultu ilə alaçığın içindən axıb gedirdi. Yağış damcıları başımızın üstündə alaçığın keçələrini gum-gum qamçılayırdı. O gecəki tufandan yalnız bu qədər görə bildim.

Sonar yenə yatmışam. Səhər gözlərimi açdığım zaman günəş doğmuş, şəfəqlərdən hörülmüş saçlarını otlu-çiçəkli dağların, yamyaşıl duran meşənin üstünə dağıtmışdı. Tez alaçıqdan çıxdım. Hava o qədər saf, o qədər gözəl idi ki, hər şey insanın üzünə gülürdü… Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəq-ətrafına incə telli nurlar saçırdı. Kiçik quşlar yaşıl budaqlarda qanadlarını günəşə doğru açaraq həm qurudur, həm də gözəlliklərə baxır, o lətafətə bürünmüş təbiəti dadlı nəğmələri ilə alqışlayırdılar.

Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara:

- Allah kəssin belə yaylağı, elə bil başımıza yer qəhətdi! Bu nə dirlikdir; islanmamış şey qalmayıb. Hələ gecə gözlərimi bir tikə də yummamışam, - deyə söylənirdi.

Atam da:

- Ay dəli, çölçülükdür, ürəyini sıxma! Bunun da bir ləzzəti var, - deyə anama təsəlli verirdi.

- Belə ləzzəti allah kəssin. Sizin üçün nə var ki, özünüz çöllü, gördüyünüz də elə bu, - deyə anam hirsli-hirsli cavab    Verdi.

Bu aralıq birdən-birə cücələri, toyuğumu xatırlayıb, cəld hinə tərəf yüyürdüm. Hinin ağzındakı daşı götürəndə gördüm ki, hinin içi göl bağlayıbdır. Bu faciəli mənzərəni görməyimlə "Vay, cücələrim boğulublar" - deyə qışqırmağım bir oldu. Dərhal ailə üzvləri ətrafımı bürüdülər. atam:

- Yazıq cücələr, heç yadımıza da düşməyibdir, - deyə təəssüfünü bildirdi; sonar başımı oxşayaraq, öz hərəkətilə mənə sanki təsəlli vermək istədi.

Anam:
 - Mənim fikrimə gəlmişdi, amma nə edək, öz başımızın hayına qalmışdıq, - dedi.

Əlimi hinə soxub, boğulmuş cücələri suyun içindən bir-bir çıxartdım.
Anam:
- Yaman gözə ox batsın, - dedi, - hər görən: "Bunlara nə veribsən ki, dərilərinə sığmırlar" deyərdi. Bunlara hansı bədnəzərinsə gözü dəydi. Fakir etmə, oğlum, qada-balamızı aparıblar.

Artıq nə edəcəkdim? Olan olmuş, keçən keçmişdi.



İgid uşaq
Obamızın şimal tərəfi qərbdən şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlik idi. Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər "ayı var" deyə bizi qorxutmuşdular. Bu qorxu ucundan dərəni qərb tərəfinə getməzdik.

İkinci çağı idi. Obada "Dursunu ayı basıb" deyə səs qopdu. Kəndlilər dəyənək, tüfəng, it götürüb getdilər. Bütün oba axdı. Mən də camaata qoşulub getdim. Nədən qorxacaqdım?! Kərim baba orada idi. Köməyə gedirmişəm kimi, hətta əlimdə yekə bir dəyənəyim də vardı. Hamımız nizamlı qoşun kimi, sanki bir qala almağa gedirdik. Dərəni aşdıq. Ayı dərəsinin dağlıq tərəfindən dırmanırdıq. Yuxarıda qat-qarışıq bir səs eşidildi. Itlər quyruqlarını, qulaqlarını şəkləyərək, birdən-birə hürməyə, üstümüzə yüyürməyə başladılar. Hamıda bir rəşadət və şücaət doğdu. Təpəni dırmandıq. Dursun əlində tüfəng məğrur bir halda bizi qarşılayaraq:

- Vurdum. Qoltuğunun arasından vurmuşam. Az qala kafir məni boğmuşdu, - deyə camaata qarışdı.

İndi hər kəs Dursundan məlumat almağa can atırdı. Nəhayət bəlli oldu ki, bu qorxmaz uşaq tüfənglə o tərəflərdə gəzdiyi zaman öz yuvası ağzında iki balası ilə oynayan yekə bir ayı ilə üz-üzə gəlir. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur; nəhayət Dursun başıaşağı qaçmağın çətin olduğunu görəndə özünü toplayıb, geri dönür və ayını nişanlayıb, iki qolları arasından vurur. Ayı aldığı yaradan qüvvətini itirib, yerə yıxılır. Dursun kəndə dönüb, bu vaqiəni xəbər verir. Bir neçə kişi ilə ayı vurulan yerə gəlirlər.

Biz ayı vurulan yerə yetişər-yetişməz itlərdən biri ayını yaxaladı. Yaralı heyvan bağıra-bağıra onu qolları arasına alıb elə sıxdı ki, köpək qara ağzını açıb var gücü ilə zingildədi. Kəndlilər ağac, qəmə gücü ilə iti ayının pəncəsindən qurtarınca it qulaqlarını sallayaraq, quyruğunu böyrünə qısıb, birbaş obaya qaçdı.

Bu yolla ayı itlərin hamısını bir-bir qaçırtdı. Ancaq özü də candan, taqətdən düşmüşdü. Nəhayət, kəndlilərdən biri ayını tüfənglə vurub öldürən kimi, hamı ayının yuvasına doğru axdı. Ayı yuvası dərənin ətəyində kiçik, təbii bir mağara idi. Mağara o qədər kiçik idi ki, içindəki iki ayı potası1 apacıq görünürdü. Hər ikisi bir-birinə sığınıb, qorxaq baxışlarla mağara ağzındakı adamlara baxırdı. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. Görünür anaları çalışmış, zəhmətə qatlaşmış, qırdığı ağacların ən yumşaq qabıqları ilə mağaranın içini bir xalı kimi döşəmişdi. Axırda onların uğrunda canını da fəda etməkdən çəkinməmişdi. Xülasə, o kiçik yetimləri çomaqların başı ilə vura-vura mağaradan çıxardılar. Boyunlarına kəndir bağlayıb, kəndə gətirdilər. Bir az əvvəl əzrail pəncəsindən qurtarmış kimi quyruqlarını yanlarına qısıb bağıra-bağıra qaçan itlər indi bu heyvancığazlara qarşı aslan kəsilərək, dörd yandan hücum etmək istəyirlər. Kəndlilər zor-güc bu heyvanları itlərin pəncəsindən qurtara bildilər.



Kənd həyatında təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! Uşaqlıqdan qəlbimin dərinliklərində iz salmış o rəngarəng, o qiymətli və silinməz xatirələr!..
_______________

1Pota - ayı balası.



Balalar-Az.Com

Yüklə 123,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə