51.1.2. bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir;
51.1.3. bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir;
51.1.4. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir.
51.2. Bank bu Qanunun 47-ci, 48-ci və 49.1.2-ci maddələrinə uyğun olaraq, müəyyən edilmiş
tələbləri yerinə yetirmədikdə, maliyyə bazarlarına nəzarət orqanı həmin banka müvəqqəti
inzibatçı təyin etmək hüququna malikdir.
Maddə 52. Müvəqqəti inzibatçının təyin edilməsi
52.1. Müvəqqəti inzibatçı maliyyə bazarlarına nəzarət orqanın işçiləri sırasından və ya kənar
şəxslərdən (fiziki və/və ya hüquqi) 12 aydan çox olmayan müddətə təyin edilir. Təyinat müddəti
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər.
52.2. Müvəqqəti inzibatçının əmək haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına,
çatışmayan hissədə isə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödənilir.
52.3. Banklara aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər, habelə bankın
kreditorları və borcluları (maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) bankın müvəqqəti
inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.
52.4. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyinat müddətinin uzadılması haqqında
qərarda müvafiq əsaslar, müvəqqəti inzibatçı haqqında məlumat və onun səlahiyyət müddəti
göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı qərar qəbul edildikdən sonra onun dərhal bankın
Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.
52.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları,
maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktlarını, habelə göstəriş və
tövsiyələrini rəhbər tutur.
52.6. Maliyyə bazarlarına nəzarət orqanın müvəqqəti inzibatçının təyin edilməsi haqqında
qərarının təsdiq edilmiş surəti banka təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində
bankın Müşahıdə Şurası banka təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona
razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini maliyyə bazarlarına
nəzarət orqanına təqdim etməlidir. Bank
maliyyə bazarlarına nəzarət orqanın müraciətinə
münasibətini bildirmədikdə, bank müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş
hesab olunur.
52.7. Maliyyə bazarlarına nəzarət orqanı təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz
aldıqda 5 təqvim günü müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya
seçimini əsaslandıraraq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etməlidir. Maliyyə
bazarlarına nəzarət orqanın digər müvəqqəti inzibatçının təyin edilməsi və ya əvvəlki
təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal müvafiq banka təqdim olunmalıdır.
52.8. Bu qanunun 52.6-cı və 52.7-ci maddələrində nəzərdə tutulmuş hallardan asılı
olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı
maliyyə bazarlarına nəzarət orqanın onun təyin olunması barədə qərarı çıxarıldıqdan sonra
dərhal öz vəzifələrinin icrasına başlamalıdır. Müvəqqəti inzibatçının təyinatı dəyişdirildikdə,
müvəqqəti inzibatçı dərhal bankın aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və
yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlidir.
52.9. Bank müvəqqəti inzibatçının təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət
orqanın qərarı, habelə maliyyə bazarlarına nəzarət orqanın müvəqqəti inzibatçının təyinatını
təsdiq edən qərarı ilə razı olmadıqda, həmin qərarlardan sonuncu qərar təqdim edildikdən sonra
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada
məhkəməyə şikayət edə bilər.
Maddə 53. Müvəqqəti inzibatçının səlahiyyətləri
53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:
53.1.1. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır;
53.1.2. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti
inzibatçıya keçir. Bankın müvəqqəti inzibatçısı bankın satılması, yenidən təşkili və ləğvi
haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin
qərarı əsasında həyata keçirilə bilər;
53.1.3. bankın mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində
hesabat hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabata bankın ləğvi
zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Hesabatın tərtib edilməsinə
müstəqil auditor da cəlb oluna bilər. Auditorun xidmətləri bankın hesabına ödənilir. Maliyyə
bazarlarına nəzarət orqanı ona təqdim olunan hesabata dair müvafiq qərar qəbul edir;
53.1.4. bankın adından və bankın hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə
həyata keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır.
53.2. Müvəqqəti inzibatçı bankın idarəetmə orqanlarının səlahiyyətlərindən başqa
aşağıdakıları həyata keçirir:
53.2.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;
53.2.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını
müəyyən edir;
53.2.3. bank qarşısında olan borcların qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görür;
53.2.4. bankın adından müqavilələr və sənədlər imzalıyır;
53.2.5. zərurət olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada bankın investisiya
qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələri ləğv edir və ya onlara dəyişikliklər və əlavələr
edir, habelə bankın bağladığı müqavilələrdə komisyon haqlarının, faizlərin və onların
müddətlərini dəyişdirir;
53.2.6. bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir;
53.2.7. işdən azad edilmə, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma,
bankın işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir;
53.2.8. bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq, bankın maliyyə sağlamlaşdırılmasına
dair tədbirləri həyata keçirir.
53.3. Maliyyə bazarlarına nəzarət orqanın razılığı ilə müvəqqəti inzibatçı bankın idarə
edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər.
53.4. Fəaliyyətə başladığı gündən etibarən bankın inzibatçıları və əməkdaşları bankın
möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakı və digər qiymətliləri
müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim
etməlidirlər.
53.5. Müvəqqəti inzibatçının müraciəti ilə hüquq-mühafizə orqanları müvəqqəti inzibatçının
bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və yazılarını
idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.
Maddə 54. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının
fəaliyyəti üzərində nəzarət
54.1. Maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün
müddəti ərzində nəzarəti həyata keçirir.
54.2. Maliyyə bazarlarına nəzarət orqanı:
54.2.1. bankın idarə edilməsi və bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq, maliyyə
sağlamlaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçıya müvafiq tədbirlərin həyata keçirilməsinin
əsas istiqamətləri üzrə tövsiyələr verməyə;
54.2.2. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;
54.2.3. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb
etməyə;
54.2.4. müvəqqəti inzibatçıdan hesabat almağa;
54.2.5. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 52.1-ci maddəsinə müvafiq
olaraq uzadılmasına səlahiyyətlidir.
54.3. Müvəqqəti inzibatçı öz səlahiyyətlərinin həyata keçirilməsi haqqında yalnız maliyyə
bazarlarına nəzarət orqanı qarşısında hesabat verir.