Bayatilar


Başına mən dolanım, Mən dönüm, mən dolanım. Tanrı səni saxlasın, Kölgəndə mən dolanım. ***



Yüklə 1,73 Mb.
səhifə4/13
tarix01.07.2018
ölçüsü1,73 Mb.
#52603
1   2   3   4   5   6   7   8   9   ...   13

311. Başına mən dolanım,

Mən dönüm, mən dolanım.

Tanrı səni saxlasın,

Kölgəndə mən dolanım.



***

312. Barmağım beşdir mənim,

Yaşım on beşdir mənim.

Cəfa çəkdim, yar sevdim,

Axırım heçdir mənim.



***

313. Bayquş mənəm, bayquş mən,

Hamı quşdan say quş mən.

Nə bəlalı quş oldum,

Sızıldaram yay, qış mən.



***

314. Bu dağlar meşə dağlar,

Gülü bənövşə dağlar.

İstərsən bir ah çəkim,

Dönəsən daşa, dağlar.



***

315. Biz hara, bura hara,

Bizi saldılar tora.

Bizi tora salanı,

Getsin imansız gora.



***

***

316. Bazardan aldım bıçaq,

Dərdimdən oldum naçaq.

Mən elə yar sevmişəm,

Bir qədər boyu alçaq.



***

317. Bu dərə uzun dərə,

Yazılıbdır dəftərə.

Burda işim düzəlmir,

Mən gedirəm səfərə.



***

318. Bir cüt quş var gül üstə,

Bir cüt göz var yol üstə.

Allah, məni öldürmə,

Toyum vardır il üstə.



***

319. Bu dağdan aşmaq olmaz,

Narıncı başmaq olmaz.

Küsülü yar ötürdüm,

Daha barışmaq olmaz.



***

320. Boyun var çinar kimi,

Yanarsan fənər kimi.

Qız oğlana yaraşır,

Xəncərə kəmər kimi.



***

321. Bağda bağbanın ollam,

Saxla, bağbanın ollam.

Əyər könlün istəsə,

Gəlib qurbanın ollam.



***

322. Bu yolu yürüyürəm,

Qar kimi əriyirəm.

Dostum, sənin dərdindən,

Ölmərəm, çürüyürəm.



***

323. Bağa su düşdü neylim,

Tənək su içdi neylim?

Allah pay paylayanda,

Mənə bu düşdü neylim?



***

324. Boz atın boylamasın,

Çək başın oynamasın.

Gəlirsən səhərdən gəl,

Ürəyim oynamasın.



***

325. Bu fayton bizim olsun,

Təkəri qızıl olsun.

İlqara düz gözəlin,

Ömürü uzun olsun.



***

326. Bostanda yemiş olur,

Yeməmiş dəymiş olur.

Oğlanı dərdə salan

Qız deyən ölmüş olur.



***
***

327. Bu yoldan xanım gedər,

Ardınca canım gedər.

Bir yerdən yaralansam,

Min yerdən qanım gedər.



***

328. Buğdalar köklü nədir?

Yar sevdim, bir danədir.

Olmuşam yar dəlisi,

Deyirlər divanədir.



***

329. Bu yoldan yol ayrılır,

Zülfündən tel ayrılır.

Namərdlə yoldaş olan,

Mərddən də tez ayrılır.



***

330. Boz at mindim, boz oldu,

Yorğa sürdüm, toz oldu.

Qız, yaylığın düşəndə,

Mən götürdüm, söz oldu.



***

331. Buxarı his olarmış,

Yandıqca his olarmış.

Özgə dərdlərə şükür,

Yar dərdi pis olarmış.



***

332. Bağban olan gül əllər,

Sona çeşmim, gül əllər.

Aşiq deyir: qanmaza

Hər bir yerdə güləllər.



***

333. Bir Məcnunam üzüm yox,

Başqasında gözüm yox.

Vəfalıya can qurban,

Vəfasıza sözüm yox.



***

334. Bu gələn Qəmbər ola,

Müşk ilə ənbər ola.

Səni mənə yetirən

Bəlkə Peyğəmbər ola.



***

335. Bostan əkili qaldı,

Çəpər çəkili qaldı.

Çox diləklər dilədim,

O da tökülü qaldı.



***

336. Burdan bir ağa getdi,

Dolandı, bağa getdi.

Qaşından, qabağından,

Qar yağa-yağa getdi.



***

337. Bir quş gəldi narından,

Xəbər verdi yarımdan.

Qanadı göy boyanmış,

Mənim ahu-zarımdan.



***
***

338. Bu quş gəlir haradan?

Qanadı zil qaradan.

Səni mənə yetirsin,

Yeri, göyü yaradan.



***

339. Bir quş gəlib Ağdaşdan,

Xəbər verir qardaşdan.

Qardaş bacıdan doysa,

Bacı doymaz qardaşdan.



***

340. Baxtım qaradır başdan,

Qəlbim qayımdır daşdan.

Bir alagöz yar üçün,

Keçmək olmaz qardaşdan.



***

341. Bağa girdim əzəldən,

Dəstə tutdum xəzəldən.

Bilsəydim bivəfasan,

Dost olmazdım əzəldən.



***

342. Bir dağım var kömürdən,

Keçən günlər ömürdən.

Fələyin bir quşu var,

Caynağı da dəmirdən.



***

343. Bir Tərtər, bir İncə var,

Cam çapar, birincə var.

Aşiqin gizli dərdi,

Dağların birincə var.



***

344. Bu dağdan maral gələr,

Ənişin ənər gələr.

Namərdlə dost olanın,

Başına nələr gələr.



***

345. Bu dağlar qanlı dağlar,

Laləli, qanlı dağlar.

Öləndə qəbrim üstə,

El ağlar, qanlı ağlar.



***

346. Bu bağda bar olunca,

Heyvalar nar olunca.

Dil açar dəli könlüm,

Sən mənə yar olunca.



***

347. Bostan əkdim xiyarsız,

Günüm keçdi biyarsız.

Yuxuda səni gördüm,

Ayıldım ixtiyarsız.



***

348. Bağımda gilas dəydi,

Gül açdı gilas dəydi.

Yar əlindən ox çıxdı,

Sinəm üstə ras dəydi.



***

***

349. Bu bağ əmimgilindi,

Gəl tərini sil indi.

Cəfa çəkdin, yar sevdin,

Yarın qədrin bil indi.



***

350. Bülbüllər qoşa getdi,

Hay saldı çaşa getdi.

Tor qurdum tərlan tutum,

Zəhmətim boşa getdi.



***

351. Bu il nə ildi, getdi,

Bir şirin dildi, getdi.

Mən yara neylədim ki,

Vəfasız bildi, getdi.



***

352. Bu yerlər qala yeri,

Bürc yeri, qala yeri.

Qorxuram, bağa gəlsəm,

İz salam, qala yeri.



***

353. Bağçamızın gülü şək,

Bülbülü şək, gülü şək.

Ayrı düşdük, ağladıq,

Gəl indi də gülüşək.



***

354. Bağçanızda gül ollam,

Oxuram bülbül ollam.

Bivəfa yar əlindən,

Oda yanıb kül ollam.



***

355. Boyda bir qarış mənəm,

Hər işə qarışmanam.

Çəkil, dindirmə məni,

Küsmüşəm, barışmaram.



***

356. Bağa girmişcən varam,

Gülün dərmişcən varam.

Yarı yuxuda görsəm,

Özün görmüşcən varam.



***

357. Bir kəsim yox, naçaram,

Hər qapıya açaram.

Atan, anan verməsə,

Allam səni, qaçaram.



***

358. Bu gecə sizə gəlləm,

Pəncərənizə gəlləm.

Üzərliyi götür gəl,

Yoxsa, mən gözə gəlləm.



***

359. Bağçalarda gül mənəm,

Bülbül mənəm, gül mənəm.

Sübhədək yalvarmasan,

Danışmanam, gülmənəm.



***

***

360. Bulağın başı mənəm,

Üstünün daşı mənəm.

Bulaq üstə qızların,

Ürək sirdaşı mənəm.



***

361. Bülbüləm, bağ gəzərəm,

Ölmərəm, sağ gəzərəm.

Leylini itirmişəm,

Məcnunam, dağ gəzərəm.



***

362. Bülbüləm, bağ gəzərəm,

Ceyranam, dağ gəzərəm.

Yüz yerdən yaram olsa,

Yar görsəm sağ gəzərəm.



***

363. Bağa su düşdü, neylim,

Ağaclar içdi, neylim.

Müjgan oxunu atdın,

Qəlbimdən keçdi, neylim.



***

364. Bağça mənim, bar mənim,

Heyva mənim, nar mənim.

Küsmüşdüm, küsdürmüşdü,

Könlüm aldı yar mənim.



***

365. Bu dağda qalan oldum,

Dillərdə talan oldum.

Hər bir dərdini çəkdim,

Axır mən yalan oldum.



***

366. Bağ gəzdim bar ucundan,

Heyva yox, nar ucundan.

Batıbdır yasa könlüm,

Sənintək yar ucundan.



***

367. Bazarda var qul alan,

Kül başına, dul alan.

Hamıdan bəxtəvərdir,

Qız əlindən gül alan.



***

368. Bağa girsən bar məndən,

Heyva məndən, nar məndən.

Bilmədim, nə dedim ki,

İnciyibdir yar məndən.



***

369. Bağında gülün olsun,

Üstə bülbülün olsun.

Yar könlünü almağa,

Barı, bir dilin olsun.



***

370. Bağımda ağ üzüm var,

Getmə, dayan, sözüm var.

Gözlərindən qorxuram,

Qaşlarında gözüm var.



***

***

371. Bir quşam qanadım var,

El-obada adım var.

Əlini üzmə məndən,

Qohumdan çox yadım var.



***

372. Başımda külahım var,

Sənintək pənahım var.

Göz görür, könül sevir,

Mənim nə günahım var?



***

373. Başım ağrır, vay salar,

Üstə dərman qoysalar...

Mən səndən əl üzmərəm,

Təpə-dırnaq soysalar.



***

374. Biçinçi bafa bağlar,

Biçdikcə bafa bağlar.

Bir yar bivəfa çıxsa,

Ona kim vəfa bağlar?



***

375. Bu yoldan gedən ağlar,

O nazik bədən ağlar.

Mən ki, yarı sevirəm,

Bəs yarım nədən ağlar?



***

376. Bağça barın arzular,

Şirin narın arzular.

Yad eldə gəzən aşiq

Bircə yarın arzular.



***

377. Bu dağda çıraq yanar,

Baxdıqca iraq yanar.

Sevgili sevgilidən

Ayrılsa, ürək yanar.



***

378. Bizdə olan gözəllər,

Bağ-bağçanı bəzərlər.

Nişan günü məclisə,

Şirin şərbət düzərlər.



***

379. Bu gələn üskülüdür,

Əlində yas gülüdür.

Neçə yerdən yaram var,

O da yar nisgilidir.



***

380. Bu kədər nə kədərdir?

Dərd-qəm çəkmə, hədərdir.

Hər bir kəsin öz yarı,

Özgə gəldi gedərdir.



***

381. Bağban, mənə bar gətir,

Əsirgəmə, var gətir.

Əkilməmiş ağacdan,

Dərilməmiş nar gətir.



***

***

382. Bülbül bu bağda gəzir,

Qonur budaqda gəzir.

Ceyranım öz yanımda,

Maralım dağda gəzir.



***

383. Bağça barın istəyir,

Heyva, narın istəyir.

Oğlan üzə durubdur,

Getmir, yarın istəyir.



***

384. Bu dağ, bu dəşt haradır,

Könlüm para-paradır.

Mən ki, səni sevirəm,

Qanın niyə qaradır?



***

385. Bu dağ şəfa dağıdır,

Seyri-səfa dağıdır.

Əlini çək başıma,

Əlin cafa dağıdır.



***

386. Bu gələn haralıdır?

Dağların maralıdır.

Əyil üzündən öpüm,

Ürəyim yaralıdır.



***

387. Bağlar başı tel oldu,

Yel əsdi tel-tel oldu.

Bivəfa yar ucundan,

Gözüm yaşı sel oldu.



***

388. Burdan bir ağa döndü,

Sallandı, bağa döndü.

Yarım qürbətdən gəldi,

Ürəyim dağa döndü.



***

389. Bağçada gülüm yandı,

Süsən, sünbülüm yandı.

Xumar gözlüm, su gətir,

Ağzımda dilim yandı.



***

390. Bəylər, xanlar nişanı,

Quba balının şanı.

Gözəl ona deyərlər,

Çəkmir ənlik-kirşanı.



***

391. Bu dərənin uzunu,

Sürün gəlsin quzunu.

Mən qonşusun istədim,

Verdi mənə qızını.



***

392. Boynumda var mirvarı,

Göz yaşını sil, barı.

Gəl oturaq diz-dizə,

Bir az danış, gül, barı.



***
***

393. Bağında yarpaq sarı,

Gül sarı, yarpaq sarı.

Yar, əlindən yaram var,

Gəl yarama ağ sarı!



***

394. Bu yurdun tacı bağlar,

Meyvəsi acı bağlar.

Ağrısa qardaş başı,

Yenə də bacı ağlar.



***

395. Bağban bağdan bar istər,

Bağda hər nə var istər.

Sonsuz baş yerə qoysa,

Yığılarlar varislər.



***

396. Bürüyübdür qar daşı,

Get, dağlardan qar daşı.

Bayramı o gün eylər,

Bacı görsə qardaşı.



***

397. Bülbül uçar bağ üstə,

Şamama durar tağ üstə.

Nə qaydadır fələkdə,

Dağı çəkər dağ üstə?



***

398. Bağında gilas dəydi,

Yetişdi gilas, dəydi.

Əlin qurusun, ovçu,

Atdığın nə rast dəydi.



***

399. Bişirim, aşım, səni,

Töküm, qan yaşım, səni.

Götürüm hara gedim,

Bəlalı başım, səni?



***

400. Bülbül ötənə, dərdim,

Yetdi bu tənə, dərdim.

Qoy çıxım yol üstünə,

Deyim yetənə dərdim.



***

401. Bir atdım mah tutdum,

Gah ələndim, gah tutdum.

Eldə bir dərdli gördüm,

Öz dərdimi unutdum.



***

402. Bağında vardır üzüm,

Dərdim nimçəyə düzüm.

Dərd-qəm məni saraldıb,

Yenə gülür bəd üzüm.



***

403. Bağlar tükəndi bardan,

Yağı kam aldı yardan.

Nola bir xoş gün gələ,

Qurtaraq biz də dardan.



***
***

404. Bağçada mərzimiz var,

Gəlmişik, ərzimiz var.

Bizə də macal verin,

Ürəkdə dərdimiz var.



***

405. Bağçasız, barsız dağlar,

Dumansız, qarsız dağlar.

Mən sizə arxalandım,

Siz olduz karsız, dağlar.



***

406. Bostan ağlar, lək ağlar,

Qərib dərdin tək ağlar.

Elə dərdə düşmüşəm,

Ayaq altda xak ağlar.



***

407. Bu düz yol el yoludur,

Gərdənin tel yoludur.

Başım bulud oylağı,

Gözlərim sel yoludur.



***

408. Bir quş gəlir aladır,

Yeri-yurdu taladır.

Kasıblıq pis olsa da,

Dövlət başa bəladır.



***

409. Bu dağlar daşım oldu,

Sirrim-sirdaşım oldu.

Mənə təsəlli verən

Yenə göz yaşım oldu.



***

410. Bülbül, taxtın olaydı,

Güldən taxtın olaydı.

Bir qızıl taxt yerinə

Qızıl baxtın olaydı.



***

411. Bu el sənin tayandı,

Halım sənə ayandı.

Ah çəkdim, duman qalxdı,

Göydə quşlar dayandı.



***

412. Bağban bəslər gül alı,

Yarpaq yaşıl, gül alı.

Fələyin qaydasıdır,

Açılmamış gül alı.



***

413. Bağman düzər hasarı,

Bağa qoymaz yasarı.

Qəmdən bir ev tikmişəm,

Hicrandandır hasarı.



***

414. Bir vəcsiz daşdı dünya,

Çürük ağacdı dünya.

Kimə deyim dərdimi,

Tamam qan-yaşdı dünya.



***

***

415. Bu yol yola tən deyil,

Yar burdan ötən deyil.

Qürbətdə xoş gün görsəm,

Yenə də vətən deyil.



***

416. Burda yolum oldu tən,

Varmı bu yoldan ötən?

Bu dünyada şirin şey,

Bir anadır, bir vətən.



***

417. Bu dağlar, qəlbi dağlar,

Boy atıb, qəlbi dağlar.

Günü xoş keçməyəndə,

Ah çəkər, qəlbi dağlar.



***

418. Başı ağ qarlı dağlar,

Yazlı, baharlı dağlar.

Yarla çıxım sinənə,

Əhdə ilqarlı, dağlar.



***

419. Bu dağlar yastı dağlar,

Qar üstün basdı, dağlar.

Üç ay toylu, bayramlı,

Doqquz ay yaslı dağlar.



***

420. Bu yerlərdə sar olmaz,

Duman getsə, qar olmaz.

Vədə verdin gəlmədin,

Səndən mənə yar olmaz.



***

421. Bu elin adı nədi?

Dostu nə, yadı nədi?

Qürbət eldə bilmədim,

Ağzımın dadı nədi?



***

422. Bu dağ yolu kəsmədi,

Sözün dedin, kəsmə, de.

Yar məndən əlin üzdü,

Ümidini kəsmədi.



***

423. Bu əllər yad əlidi,

Köməyim dad əlidi.

Gedirsən, tez qayıt gəl,

Ürəyim zədəlidi.



***

424. Bu çaydan gəmi gəldi,

Şeh düşdü, nəmi gəldi.

Gəl gözlərindən öpüm,

Ayrılıq dəmi gəldi.



***

425. Bu dağlar kömürdəndi,

Keçən gün ömürdəndi.

Vədə verdin gəlmədin,

Ürəyin dəmirdəndi?



***

***

426. Burda bir naşı ağlar,

Sinəmin başı ağlar.

Eldə bir qərib ölüb,

Ocağın daşı ağlar.



***

427. Burda bir göyçək ağlar,

Gələr ağbirçək ağlar.

Yad ağlar, yalan ağlar,

Öz anam gerçək ağlar.



***

428. Bu bağlar olmasaydı,

Saralıb solmasaydı.

Mənə yas nə yaraşır,

Yar qəfil ölməsəydi.



***

429. Bülbül uçar bu dala,

Qonar o dal, bu dala.

Dost sözün açıq deyər,

Düşmən deyər bu dala.



***

430.Bir at gəlir enişdən,

Dırnaqları gümüşdən.

Bizə də qismət olsun,

Xurcundakı yemişdən.



***

431. Bu gedən hay da verməz,

Çağırram, hay da verməz.

Bir dost bivəfa olsa,

Dostuna fayda verməz.



***

432. Bu dağın qaşı sənsən,

Dibinin daşı sənsən.

Dünyaca dostum olsa,

Hamının başı sənsən.



***

433. Bülbül dolubdur bağa,

Bir ün salıbdır bağa.

Sayanın qulu ol sən,

Saymayana ol ağa.



***

434. Boylanır ağca pəri,

Adlanır dağ çəpəri.

İnsan paxıl olmasa,

Neyləyər bağ çəpəri.



***

435. Bir gül aldım o xandan,

Alıb asdım yaxamdan.

Bir lal axan sudan qaç,

Bir də yerə baxandan.



***

436. Bülbül güldən həzz alar,

Gül saralar, tez solar.

Tikə ilə dost olan,

İlcə küsülü qalar.



***

***

437. Bulud gələr yan verər,

Dağları nişan verər.

Kələklə dövran sürən,

Möhnət ilən can verər.



***

438. Bulud gəlir, çən gedir,

Bir-biriylə tən gedir.

Gəlib keçən bu günlər,

Bir-bir ömürdən gedir.



***

439. Bu dağda səda çoxdur,

Dərd-qəm çox, qada çoxdur.

Dost min də olsa, azdır,

Yad bir olsa da çoxdur.



***

440. Bağçamızda gül bitdi,

Lalə bitdi, gül bitdi.

Vətəndə bir bağ saldıq,

Hər nə əkdik, gül bitdi.



***

441. Bağımda güllər gözəl,

Oxur bülbüllər gözəl.

İki sevən qovuşsa,

Ömürlər, günlər gözəl.



***

442. Bu dağlar Aza dağlar,

Qul olan aza dağlar.

Qorxudan yatmıram ki,

Maralım aza, dağlar.



***

443. Bayatını çağıraq,

Eldən-elə ötürək.

Bayatı çağıranı,

Toy evinə yetirək.



***

444. Bəllidir kəndimiz Aza,

Boyunuz bənzər Şahbaza.

Qiyamət onda qopar,

Gözündən gözüm aza.



***

445. Bulaq başı buz bağlar,

Dörd yanı yarpız bağlar.

Sonsuza qonaq gəlsə,

Tutar atını qız bağlar.



***

446. Bayatının axırı,

Şüşə saxlar çaxırı.

Darıxma, dəli könül,

Yar sənindir axırı.



***

447. Bu yerlərdən aş, gəl,

Çay kimi daş, gəl.

Sən yağış ol, mən bulud,

Çaylardan daş gəl.



***

***

448. Bu gecə ilmə gecə,

Dərdimi bilmə gecə.

Mən burda məyus oldum,

Sən orda gülmə gecə.



***

D
449. Dağların aşdım gəldim,

Daşların düzdüm gəldim,

Yarı bivəfa görüb,

Əlimi üzdüm gəldim.



***

450. Durma qapı dalında,

Gözüm qaldı xalında.

Get anandan izin al,

Gəlim, qalım yanında.



***

451. Dağ başında qar ola,

Bir istəkli yar ola.

Bir-birinə hörməti

Dünya qədər var ola.



***

452. Dumanla doldu dağlar,

Saraldı, soldu dağlar.

Qardaşın pis gününə,

Yanıb bacılar ağlar.



***

453. Dədəm öyü, yas öyü,

Dədəm tikdi yas öyü.

Qardaş-qardaş deməkdən

Oldum ocaq kösöyü.



***

454. Dərd məndə üz görübdü,

Meydanı düz görübdü.

Gedir, gedir qayıdır,

Məni yalqız görübdür.



***

455. Dərələr buz bağladı,

Ovçular iz bağladı.

Məni bir gəlin vurdu,

Yaramı qız bağladı. (v)



***

456. Dağlar marala qaldı,

Otu sarala qaldı.

Soyuq sular, göy çəmən,-

O da marala qaldı.



***

457. Dağı aşıb gələni,

Tanı qoşa gələni.

Xeyri olsun o kəsin,

Halallaşıb ölənin.



***

458. Dağ başında lalasan,

Solmayasan, qalasan.

Məni naümid qoydun,

Sən naümid qalasan.



***

459. Dəryada balıq tutdum,

Tutdum günə, qurutdum.

Təzə bir dərdə düşdüm,

Köhnə dərdi unutdum.



***

***

460. Dağların qarı mənəm,

Gün yoxdu, ərimənəm.

Qəbrimi dayaz qazın,

Cavanam, çürümənəm.



***

461. Dağlara dolu düşdü,

Şeh düşdü, dolu düşdü,

Qəbrimi yol üstə qaz,

Bəlkə yar yolu düşdü.



***

462. Dağlar çiskin olurmu?

Duman, çiskin olurmu?

Fürsət yox, kağız yazam,

Bundan pis gün olurmu?



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə