Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 TÜrksoy kitabxanası seriyası: 20



Yüklə 0,93 Mb.
səhifə1/6
tarix04.11.2017
ölçüsü0,93 Mb.
#8346
  1   2   3   4   5   6


Bəkir ÇOBANZADƏ


SEÇİLMİŞ

ŞEİRLƏRİ


BAKI-2011


TÜRKSOY kitabxanası seriyası: 20
Тərtib edən,

Kırım-tatar türkcəsindən

uyğunlaşdıran

və ön sözün müəllifi:



Prof. Dr. Ramiz ƏSKƏR
Redaktoru:

AMEA-nın müxbir üzvü,

Prof. Dr. Tofiq HACIYEV

Bəkir Çobanzadə. Seçilmiş şeirləri. Bakı, 2011, 160 s.
Kitabda böyük dilçi alim, eyni zanamda incə ruhlu şair, ümum­­türk və Kırım-tatar ədəbiyyatının görkəmli nü­mayəndəsi Bəkir Ço­banzadənin (1893-1937) şeirləri toplanmışdır. Kitab 14-16 sentyabr 2011-ci ildə Yalova­­da TÜRKSOY tərəfindən təşkil olu­nan «Türk Ləh­cələri Ara­sında Uyğunlaş­dırma Çalışmalarının Bugünkü Du­ru­mu və Qarşı­la­şı­lan Problemlər» möv­zu­sunda Beynəlxalq sim­po­ziu­mun tövsiyə­lərinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilir.

İSBN: 978-9952-29-041-xxx
Ó Bəkir Çobanzadə

Ó Ramiz Əskər



BÖYÜK ALİM VƏ ƏDİB

BƏKİR ÇOBANZADƏ
Bəkir Çobanzadə 15 may 1893-cü ildə Kırımın Qa­rasuba­zar şəhərinin Arğın kəndində anadan olmuşdur. Göbək adı Əbu­bəkrdir. İslam ənənəsinə görə buna Sidqi adı da əlavə edi­lə­rək Bəkir Sidqi şəklində rəsmiləşdirilmişdir. İlk qə­ləm təcrü­bələrini Bəkir Sidqi Bavbek imzası ilə çap etdirən Bə­kir daha sonra ancaq Bəkir Sidqi Çobanzadə imzasından istifa­də etmiş, kitablarında və məqalələrində öz adını “Bəkir Çoban­za­də”, “B. Ço­banzadə” şəklində göstərmişdir.

Bəkir Çobanzadənin atasının adı Əbdülvahabdır. Xalq ara­­sında ona Qurd Vahab, Əbdülvahab Bavbek, yaxud sadə­cə olaraq Bavbek akay (ağa) deyilmişdir. Anasının adı Zaidə və ya Zaydabaydır. Böyük ehtimala görə, bu, Səidə, yaxud Zahidə adının təhrifə uğramış şəklidir. Bəkirin Züleyxa adlı bir bacısı olmuş­dur. O, bolşeviklər tərəfindən millətçi-burjua ziyalısı ki­mi gül­lələnən bir müəllimlə ailə həyatı qurmuş, iki oğlunun biri sovet-alman cəbhəsində həlak olmuş, digərini almanlar Kı­rım­da öldürmüşlər.

Bəkir ilk təhsilini Qarasubazarda xeyriyyə cə­miy­yə­tinin açdığı rüştiyyə məktəbində al­mış, 1904-1908 və ya 1905-1909-cu illərdə burada oxumuşdur. Mək­təbi əla qiymət­lər­lə başa vur­duğuna görə təhsilini davam etdir­mək üçün xeyriy­yə cəmiyyəti tərəfindən İstanbula göndərilmiş, ­1909-1914-cü il­lərdə İstanbul sultanisində (litsey) oxumuşdur. Təhsil dövrün­də internatda qal­­mış, xeyriyyə cəmiyyətindən təqaüd almışdır.

Bəkir Çobanzadə 1915-ci ildə İstanbul Darülfünununun (universitet) ədəbiyyat fakültəsinə daxil olmuş, macar mənşəli müəllimi Lipot Mosonyinin təşviqi ilə Macarıstana getmişdir. Bir müddət macarca öyrəndikdən sonra 1916-cı ildə Buda­peşt- dəki Peter Pazmani Universitetinin fəlsəfə fakültəsinə da­xil ol­muşdur. Burada məşhur şərqşünaslardan İq­­nas Qoldziher və Qyula Nemetin dərslərini dinləmişdir. Universiteti bitirdikdən son­ra Bəkir Çobanzadə Şərqşünaslıq Akademiyasında işə qəbul edil­miş, burada akademik İ.Kunoşun rəhbərliyi altında “Qıp­çaq­ların Codex Cumanicus yazılı abidələri və türk dillərin­də tə­ləf­füzün təməl problemləri” mövzusunda dissertasiya yazmış, onu 1919-cu ildə Peter Pazmani Universitetində türk filolo­gi­ya­­sı, ərəb və macar ədəbiyatları tarixi indeksi üzrə müdafiə et­mişdir.

Bundan sonra bir müddət universitetdə müəllim işləyən B. Çobanzadə Lozan Universitetinə işə dəvət edilmişdir. Lo­zan­da dörd ay qaldıqdan sonra 1920-ci ildə əvvəlcə İstanbu­la, ora­dan Ağməscidə gəlmiş, burada müəllim məktəbində tatar di­li və ədəbiyyatı müəllimi olmuşdur. Daha sonra Ağməsciddə açı­­lan universitetdə türk dillərinin qrammatikası fənnindən dərs de­mişdir. 15 mart 1922-ci ildə Tavriya Universitetində profes­sor olan Bəkir Çobanzadə 1924-cü ildə Kırım Universitetinin rektoru təyin edilmişdir.

Kırımda muxtar respublika qurulduqdan sonra B.Ço­ban­zadə maarif şöbəsinin müdiri, texnikumun müəllimi vəzifələ­rin­də işləmiş, nəhayət, 1924-cü ilin sonunda Bakıya işə dəvət edilmiş, 1937-ci ilə qədər Azərbaycan Dövlət Universitetində türkologiya pro­fessoru vəzifəsini tutmuşdur. 1925-ci ildə şərq fakültəsinin dekanı olmuşdur.

Bəkir Çobanzadə yaradıcılığının Bakı dövrü böyük zəka­nın olğunlaşma, yəni püxtələşmə, bütün potensialını ger­çək­ləş­dirmə, özünüifadə dövrüdür. O, Bakıda fəaliyyət göstərdiyi 14 il ər­zində türk dillərinin eyni bir ana dildən nəşət etdiyini, bəzi fərqlərə baxmayaraq bu dillərin hələ də bir-birinə çox ya­xın ol­duğunu, onları vahid əlifba, vahid orfoqrafiya və orfoepiya qay­­daları altında birləş­dirməyin, unifikasiya etməyin mümkün­lüyünü elmi dəlil­lərlə sü­but etməyə çalışmışdır. Azərbaycanda, Orta Asiyada, Bolqa boyunda, Kırımda, Moskvada, Leninqrad­da bu ideyasını usan­madan təbliğ və müdafiə etmişdir.

B.Çobanzadə dahi Mahmud Kaşğaridən və böyük Mir­zə Kazımbəydən sonra türk filologiyası sahəsində ən ünlü alim­lərdən biri­­dir. Onun 1915-ci ildən başlayaraq həyatı­nın so­nuna qədər dil tarixi, müqayisəli dilçilik, qrammatika, dia­lek­to­lo­giya, ədə­biy­yatşünaslıq, pe­daqogika, metodika, əlifba, im­la və digər sahələrdə qə­­lə­mə aldığı ki­tab­ları və məqa­lə­lə­ri bugün də öz ak­tuallığını və əhə­miyyəti­ni itir­mə­miş­dir. Bunlar indi də mü­­tə­xəs­sislərin tez-tez mü­­raciət etdiyi mö­tə­bər mənbələr ola­raq qa­lır. Alimin coş­ğun elmi və pedaqoji fəaliyyəti hələ sağ­lı­ğında ona bö­yük şöh­rət qazandırmışdır.

Bəkir Çobanzadənin çoxsahəli zəngin elmi yaradıcılığına xas olan əsas xü­susiy­yətlər bunlardır: 1) O son dərəcə istedadlı və zəkalı insan idi, ulu tanrı ona böyük yetənək bəxş etmiş­di. 2) Onun el­mi maraq dairəsinə bütün türk dünyası daxil idi. 3) O, Av­ropa standartında yetişmiş ilk dilçimiz idi. 4) O, Şər­qin və Qərbin əsas dillərini bilir və onlardan bacarıqla is­ti­fadə edir­di. 5) Ali­min yaşadığı ağır və mürəkkəb dövr onun ya­radıcı­lı­ğının çi­çəklənməsinə, par­laq istedadının üzə çıxma­sı­na münbit şərait yaratmışdı.

Bəkir Çobanzadənin faciəli həyatı və zəngin elmi yaradı­cı­­­lığı son on­illiklərdə ki­fayət qədər araşdırılmış, bəzi əsərləri la­­­­tın əlif­ba­sı ilə təkrar çap edil­miş, seçilmiş əsərlərinin çox­cild­liyi nəşr olunmuşdur. Bu sahədə görülən işlər indi də davam et­di­rilir, alimin dilçilik görüşləri haqqında dissertasiyalar, elmi əsərlər yazılır, elmi irsi tədqiq olunur. Alimin elmi əsərlərinin ümumi sayı tam olmayan məlunata görə 300-dən çoxdur. Bun­la­rın arasında “Türk-tatar lisaniyyatına mədxəl”, “Kırım tatar dilinin elmi sərfi”, “Türk dili və ədəbiyyatını okutuv (tədris) üsulu” (I-II cildlər), “Kumıq dili və ədəbiyyatı haqqında ilkin qeydlər”, “Türk-tatar dialektologiyası”, “Dini islahat və mədəni inqilab”, “Türk dili” (I kurs üçün), “Son dövr Kırım tatar ədə­biy­yatı”, “Kırım tatar ədəbiyyatında qurultayçılıq və milliyyət­çilik”, “Türk qrameri”, “Dil və imla metodikası məsələləri”, “Türk dilinin metodikası”, “Müxtəsər üslubiyyat”, “Türk dili və ədəbiyyatı” kitabları, habelə əlyazma halında qalan “Kitabi-Dədəm Qorqud”un ədəbi-linqvistik təhlili”, “İbn Mühənnanın türk qrammatikası” kitabları, Kırımda, Azərbaycanda, Özbə­kis­tanda və başqa respublikalarda çıxan qəzet və jurnallarda dərc olu­n­muş onlarca məqaləsi, çıxışı, müsahibəsi, polemikası, ali məktəblərdə və universitetlərdə oxuduğu mühazirələr və kurs­lar onun necə bö­yük bir alim olduğunu göstərir. Xüsusilə latın əlifbası­nın qəbulu, türk dillərində ortaq orfoqrafiya, lek­si­ko­lo­gi­ya və ter­minologiya ilə bağlı məsələlərdə Bəkir Çoban­za­də­nin möv­qeyi axıradək dəyişmədi. Bakıda 1926-cı ildə çağ­rı­lan ümumittifaq türkoloji konfransda unifikasiya problemi ali­min ən çox müdafiə elədiyi, uğrunda mübarizə apardığı mə­sələ idi. O, konfransdan sonra da öz prinsiplərinə sadiq qaldı. Təbii ki, bolşeviklər də bunu görür, Bəkir Çobanzadənin məqsə­dini ba­şa düşürdülər. Onlar mədəni inqilab adı altında türk xalqla­rı­nı bir-birindən uzaqlaşdırmaq, par­çalamaq, hər ləhcəni ayrı ədəbi dil halına gə­tirmək, türk xalq­larının həmrəyliyinə, bir-birini başa düşməsinə mane ol­maq üçün dəridən-qabıqdan çıxırdılar. Nəti­cə­də onlar qalib gəl­dilər. Təkcə Bəkir Çobanzadəni deyil, bü­tün türk ellə­rindəki zi­yalıları, milli düşüncəli adamları 1937-ci ildə zəmi ki­mi biçdi­lər. Bunun üçün xüsusi şablonlar, trafaret­lər də hazır­lanmışdı.

Çobanzadəyə qarşı hücumlar 1929-cu ildən etibarən baş­la­mışdı. Şanlı bolşeviklərdən K.Ələkbərli və H.Zeynallı siyasi şantaja əl ataraq onu pantürkizmdə, hətta müsavatçılıqda gü­nah­landırırdılar. Halbuki Çobanzadə Bakıya gələndə burada si­yasi müsavatçılıq yox idi. 1930-cu ildə tatarların Rumı­niyada çıxardıqları “Əməl” jurnalında bir neçə şeirinin çap edilməsi B. Çobanzadəyə qarşı kampaniyanı daha da qızışdırdı. 28 yanvar 1937-ci ildə o, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat institutundan çıxarıldı. Həmin ilin yayında isti­rahət üçün getdiyi Kislovodsk şəhərinin “Qornyak” sanatoriya­sında həbs edildi. Ona qarşı irəli sürülən iddialar bunlar idi:

-SSRİ-ni parçalamaq, türk respublikalarını vahid bir döv­lət halında birləşdirmək istəyi;

-əksinqilabçı pantürkist təşkilatın üzvü kimi sovet dövlə­ti­nə və kommunist partiyasına qarşı mübarizə aparmaq;

-Azərbaycanda, Özbəkistanda, Dağıstanda və Kırımda si­lahlı üsyan, sabotaj və terrorçuluq fəaliyyəti içində olmaq;

-beynəlxalq imperializmin agenti olmaq, Türkiyə və Ru­mıniya lehinə casusluq etmək və s.

Bundan sonrası artıq sırf texniki məsələ idi. 1937-ci ilin 12 sen­tyabrında troykanın cəmisi 20 dəqiqə davam edən məh­kə­məsi onu edama məhkum etdi və böyük ehtimalla ertəsi gün hökm yerinə yetirildi. Ancaq 1938-ci ilin dekabrında Çobanza­dəni və bir qrup azərbaycanlı ziyalını Sibirdə görənlər olmuş­dur. Bəkir Çobanzadənin həmin il Sibirdə sürgündə öldüyü və ya öldürüldüyü, yaxud 1939-cu ildə Xaçmazda güllələndiyi ba­rədə versiyalar da var. 1957-ci ildə dünyadakı ən “obyektiv və hu­­manist ədalət məhkəməsi” olan sovet məhkəməsi ölümündən 20 il sonra Bəkir Ço­banzadəyə bəraət verdi.

***
Bəkir Çobanzadə böyük bir alim olmaqla yanaşı həm də is­tedadlı ədib, şair və yazıçı, publisist idi. Onun şeirləri və he­ka­yələri, ədəbi düşüncələri Azərbaycanda çox da bilinmir. Ona görə də Çobanzadə şəxsiyyətinin bu yönündən ayrıca bəhs et­mək lazımdır.

Bəkir Çobanzadənin “Anan harada?” adlı ilk şeiri 1913-cü ildə İstanbulda nəşr olunan “Yaş tatar yazıları” məcmuə­sin­də çap olunmuşdur. O, Budapeştdə 1919-20-ci il­lər­də qə­­lə­mə al­dığı şeirlərini xüsusi bir dəftərə yazmış və onu “Qaval səs­lə­ri” adlandırmışdır. Bəzi şeirlərini İstanbulda ya­şayan ya­xın qo­humu Həmdi Atamana göndərmiş, çox az bir qis­mini isə müx­təlif jur­nallarda, o cümlədən “Göy ki­tab”­da və “Kırım şe­irləri” antologiyasında dərc etdirmişdir.

Bəkir Çobanzadənin sağlığında “Bo­ran” adlı kiçik bir şeir ki­ta­bı çap olunmuşdur (Ağməscid, 1928, 55 s.). O, buradakı şe­ir­­­lə­rini “Şair” və “Həyat” adlı iki hissə ha­lında vermişdir. Bun­dan sonra uzun müddət heç bir şe­ir ki­ta­bı çıxmamışdır. 1955-ci ildə Abdulla Battal Taymas tərəfindən hazırlanan “Kırımlı Bə­kir Çobanzadənin şeirləri” adlı kitabda şairin bəzi şeirləri veril­mişdir.

1971-ci ildə Daş­kənddə Qafur Qu­lam adına ədə­biyyat və sənət nəşriy­ya­tının buraxdığı bir kitabda iki şairin şeirləri top­lanmışdır. Əş­rəf Şə­mi­zadənin tərtib etdiyi “Bəkir Çoban­zadə” qismində B. Ço­ban­zadənin 14 şeiri, Şa­­mil Ələd­di­nin tərtib et­diyi “Abdul­la Lə­tif­zadə” qismində isə A.Lətif­za­dənin 11 şeiri ve­rilmişdir. Bu ki­­çik kitab adı və əsər­lə­ri üzün müd­dət qadağan edilmiş iki ta­tar şairinin üzə çıxarıl­ması baxı­mından çox əla­mətdardır. Son dövrdə onun Kırımda da bir çox şeiri çap edil­miş­dir.

Şairin ən yaxşı, ən əhatəli kitabı İsmayıl Otar tərə­findən tərtib edilən “Kı­rımlı türk şair və bilgini Bəkir Sidqi Ço­ban­za­də” kitabıdır. 1999-cu ildə İstan­bulda çapdan çıxan bu kitabda onun ge­­niş bioqrafiya­sı, ha­zırda əldə olan bütün şeirləri və he­kayə­lə­ri həm tatarca, həm də türkcə tər­cü­mələri ilə birlikdə ve­ril­miş­dir. Kitaba Çobanza­dənin əsər­lərinin biblioqrafiyası, haq­qın­da ya­zılan məqa­lə­lərin adları əla­və edilmiş, axırda isə kiçik bir lü­ğətçə, şeirlə­rin ərəb əlifbası ilə orijinallarının surətləri ve­ril­miş­dir.

Hazırda Bəkir Çobanzadənin elm aləminə cəmisi 84 şeiri mə­lum­dur. Əslində, onların sayı bundan dəfələrlə ar­tıq olma­lı­dır. Şübhə yox ki, şairin müxtəlif arxivlərdə gizli qalan başqa əsərləri ilə bir­likdə şeirləri də üzə çıxarılacaqdır. Biz bu şeirlər­dən 73-nü ana di­li­mizə uyğunlaşdırdıq və onları çevirdiyimiz ardıcıllıqla düzdük. (Əvvəlcə dili sadə və rahat anlaşılan şeirlə­ri, sonra isə daha çətin şeirləri uyğunlaşdırmışdıq).

Bəkir Çobanzadənin şeirlərini tematik cəhətdən təsnif et­mək çətindir, hətta mümkün deyildir. Şeirlərin demək olar ki, ha­mısında Kırıma, yurda duyulan sonsuz sevgi və niskil, tatar­ların acınacaqlı durumu öz əksini tapır. Burada ayrıca məhəb­bət və təbiət şeirləri olsa da, bunlar hamısı Kırım, tatar, yurd mo­tivləri ilə iç-içədir. Biz maraq üçün bu 73 şeirdəki Kırım, tatar və yurd sözlərini kompüter vasitəsilə saydıq. Məlum ol­du ki, B.Çobanzadə 73 şe­irində tatar sözünü 99 dəfə, yurd sö­zünü 56 dəfə, Kırım sözü­nü 11 dəfə işlətmişdir.

Şair bu şeirlərində çox pessimistdir. Tatar xalqının əsarət altında inləməsi, milli zülm və istismar onu son dərəcə üzür. O, “Yox millətimin xətti bu imzalar içində” deyən azərbaycanlı həmkarı Məhəmməd Ha­di kimi ah-vay edir:

Millətlər yarışı başlandı çoxdan,

Hər xalqın var orda ayğırı, atı,

Zavallı tatarın duyulmur səsi,

Zavallı tatarın yox orda adı.

Bu pessimizm bəzən şairin bütün varlığını sarsır, onu də­rin ruhi böhrana sürükləyir:

İl uzun, son günü soyuq bir məzar,

Yeni il yox bizə, çünki biz tatar.

Tatar xalqının mənəvi deqradasiyası, çağdaş mədəniyyət­dən uzaq qalması, süstlüyü və ətaləti Bəkir Çobanzadəni bəd­binliyə sürükləyir:

Tataram, sapsarı xalqımın bəti,

Qanı lap su olmuş, çürümüş əti.


Dinc tatar çölünə ətalət yağır,

qan gərəkdir, qan!

Burda hamı qoyun, dovşan, ya sığır,

hanı bir aslan?

Daşaraq sədləri yıxan Dunay çayına həsr etdiyi bir şei­rin­də Bəkir Çobanzadə Dunay kimi kükrəmək, tatarların qarşısın­da­­kı bütün sədləri yıxmaq arzusunu dilə gətirir:

İstərəm sənin tək mən də köpürəm,

Tatarın səddini yıxıb götürəm.

Şair ara-sıra tatarların, eləcə də türklərin şanlı keçmişinə, tarixin dərinliklərində qalan əzəmətini, ehtişamını xatırlayaraq o günlərin həsrəti ilə yaşayır:

On dəfə tatarın üstünə vardı,

Qanıyla hər dəfə yeri suvardı.

Tatar ustasıdır savaşın, cəngin,

Tatar nəvəsidir Çingizin, Ləngin.

Şairin “Zavallı türk” şeirinə də eyni duyğular hakimdir:

Sən ey zavallı türk, ey bəxtsiz millət,

Gün gələr, ulduzun parlayar, əlbət.
Keçmişi deməyim, gözlərim dolar,

Tarixi açmayım, qəlbim qovrular.


Yadların əlinə düşdü sarayın,

Qaraldı, silindi ulduzun, ayın.

Şair tez-tez xəyala dalır, Çingizi, Batu xanı, Teymuru ar­zulayır, uzaqdan nazlı tatar qız­la­rı ilə or­du halında nizamla gə­lən atlıları görür, ancaq bu atlı­lar gəlib çıx­­maq bilmir ki, bilmir. O zaman “gəlsələr, qoy qəb­ri­­min ətrafına dolansınlar” deyir:

Siz o zaman igidlərə söyləyin,

Məzarımı dolansınlar, baxaram!

O qızları mən gözlədim, mən sevdim,

Dolansınlar, bəlkə birdən qalxaram.

Şairin “Gələrlər” adlı şeirində bu hisslər sonsuz bir hə­yə­canla təsvir edilir. Adam şeiri oxuyanda atların ayaq səsini, kiş­nərtisini, igidlərini nərəsini eşidən kimi olur:

Tarixə, kölgəyə kişnəyir atlar,

Nalından qığılcım çiləyir atlar.


Bu gün gələcəklər, yoxsa ki yarın,

Yolda işləri var bəlkə onların?

Onlar gələnədək atın belində,

Mən ölüb gedərəm dovşan ilində.


Onları izlədim gün batanadək,

Onları gözlədim dan atanadək.


Dostlar, məni gömün yolun altına,

Harda ki, su verir igid atına.


Qoy qəbrim üstündə dursunlar bir az,

Dövrəmdə atları yorsunlar bir az.


Gəlirlər, marşları qulağa dəyir,

Qələm bunu yazır, qəlbim gözləyir.

Onun şeirlərində türk-tatar xalqlarının, çərkəslərin timsa­lında mil­li taleyi bizimlə bir olan Qafqazın müsəlman xalqları­nın birliyi vurğulanır. (O, ərəblərə, farslara rəğbət bəs­lə­mir və bu­nu giz­lətmir). Çobanzadə bu birlik uğrunda ölməyə ha­zırdır:

Bu sözlərim çox açıq,

Anlar onu balacıq,

Yaxınıyam hər kəsin,

Türkün, tatar, çərkəsin.

Türkün, tatar, çərkəsin.


Kədərli xalq, böyük xalq!

Ciyərləri körük xalq!

Sizdən doğdum, sizdənəm,

Tarlanızda bir dənəm.

Tarlanızda bir dənəm!
Qayğı, sevinc toyumda,

Yalançı yox soyumda,

Buyursanız ölərəm,

Bir igidcə ölümlə,

Bir igidcə ölümlə!...

Bəkir Çobanzadə türk-Altay dünyasına tək bir yurd ki­mi ba­xır. Bir çox şeirində Kırımla bərabər Kaşğar, Ma­­­çin, Divin və Budin (Macarıstanda şəhər və düz adı) sözləri də ke­çir:

Bir mən qaldım yolsuz, həsrət içində,

Mən Budində, qardaşlarım Maçində.


Hislərimi Kaşğarlara saçaram,

Ürəyimi hər insana açaram...


Əski Tokay meyi, tatarın şeiri,

Divindən Kaşğara keçməli əmri!


Qoyun mən bağırım, sonra kiriyim,

Kırımda, həm Kaşğarda

“Yurdum” deyib yürüyüm.

Bəkir Çobanzadənin poeziyasında diqqəti çəkən digət bir mo­tiv ölümdür. Bu sözə onun 73 şeirində 36 dəfə rast gəlirik. Tatarla­rın məşhur “Qaytarma” oyun havasına həsr etdiyi şeirin­də şair ölümü bu hava ilə özdəşləşdirir:

Ölüm, atam-anam, qardaşım, sorma,

Bel-belə güləşər, oynar qaytarma...


Çal, ölüm, öp, ölüm, oyna, heç durma,

Mənə sən gərəksən, bir də qaytarma...


Ölümlə rəqs edim, üstünü vurma,

Göstərim tatara gerçək qaytarma...


Məhşərdə siz məni heç qaldırmayın,

Yanımda surları heç çaldırmayın.


Ölümü taparam, narahat olma,

Mənə ölüm gərək, bir də qaytarma.

Bəkir Çobanzadə ölümləri də təsnif edir, onun nəzərində elə-belə ölüm deyil, məhz “yaxşı ölüm” məqbuldur:

Haqq qatında yurda şəfa diləyin,

Özünüzə yaxşı ölüm istəyin!

(“Əzan səsi).

Çox olub dünyaya gələn və gedən,

Çoxu Əzrayıldan qorxmamış, əlbət.

Bir yaxşı ölümdür əri ər edən,

Bir aclıq, bir ölüm, bir də məhəbbət.

(“Student”).

Şairin bəzi şeirləri satirik səciyyəlidir. “Əyyaş”, “Kölgə­də yatana”, “Su anası”, “Papaq ziyafəti”, Şəhər uşağı”, “Məzad-I”, “Məzad-II” şeirlərində ta­tarların bir sıra çatışmayan cəhətlərini həcv yolu ilə tənqid edi­r. Onun “Tə­sadüf” şeirində isə incə yu­mor hissi özünü gös­tə­rir. Burada öz gələcək faciəli taleyini də sezmiş kimidir:

Qorxuram bir sabah düyünə getsəm,

Durub ziyafətdə lotuluq etsəm,

Bir güllə mıxlaya ənsəyə gavur,

Təsadüf, tullaya xəndəyə gavur.

Bəkir Çobanzadənin şeirlərində “türkü” və “mahnı” moti­vi də xeyli qabarıqdır. Bu söz­lər (tatarca hər ikisi “cır/yır”) şai­rin şeirlərində 41 dəfə işlənmişdir. Türkü/mahnı tatarın yol və ömür yol­daşıdır. Onun sevinci də, qəmi də onlardadır.

B.Çobanzadənin “Tandu” adlı yeganə poemasını da bu ki­­taba daxil etmişik. Folklor motivləri əsasında yazılan bu poe­mada tatarların igidliklərindən bəhs edilir.

Yekun olaraq onu demək olar ki, Bəkir Çobanzadənin po­eziyasında həsrət, sevgi, ümid, bəxt, tale və s. motivlər də özü­nü göstərir. Onların hamısından bəhs etmək mümkün deyildir. Dəyərli oxucular bunları və bəhs etmədiyimiz bir çox mövzu­la­rı özləri görəcəklər. Biz indilik bu kiçik kitabı Azərbaycan oxu­cusuna təqdim etməklə böyük bir elm adamının həm də zərif və incə duyğulu bir şair olduğunu göstərmək istədik. Gələcəkdə Bəkir Çobanzadənin hekayələrinin tərcüməsi və nəşri də həyata keçsə, onun böyük şəxsiyyətinin daha bir cəhəti xalqımıza açıl­mış olardı. Ümid edirəm ki, bu arzu da bir gün gürçəkləşəcək və Bəkir Çobanzadə qarşımızda bütün əzəməti ilə dayanacaq.

Qeyd: dilimizdə Krım şəklində işlənən sözü orijinalına uy­­­ğun şəkildə Kırım deyə verdik. Bizcə, bu daha doğrudur.

Biz öz ənənəmizə sadiq qalaraq, bu kitabı da TÜRKSOY ki­tab­xa­nası silsi­ləsin­dən nəşr edirik. Bununla da türk dün­ya­sı­nın UNESCO-su sayılan TÜRKSOY-un türk xalqla­rı­nın bir-bi­­ri­nə ya­xınlaşması, ümu­mi in­kişafı və qar­şı­lıqlı zən­gin­ləş­mə­si uğ­runda apardığı coşğun və nəcib fəaliy­yətə kiçik bir töhfə verdiyi­mizə inanırıq.

Burada bir cəhəti xüsusi olaraq vurğulamaq istə­yi­rik: bu, TÜRKSOY kitab­xa­nası seriyasından 20-ci, bir növ, yubiley ki­tabımızdır. Onun türk dünyasının böyük alimi və ədibi Bəkir Çobanzadəyə həsr olunması xoş bir təsadüfdür. Bu layihə bü­­­tün­lüklə kö­nüllülük əsasında həyata ke­çi­ril­ir. La­yihə­də iştirak edən hər kəs, o cüm­lədən bu ki­ta­bı tər­tib edən­, oriji­nalından ana di­­limizə uyğunlaşdıran və ön sö­zün mü­əl­lifi bən­dəniz Ra­miz Əs­kər, redak­toru hörmətli Prof. Dr. Tofiq Ha­cı­yev bu işi türk­­lüyə bir xid­mət ol­sun deyə heç bir mə­­va­cib və ho­norar al­madan tə­mən­nasız ye­ri­nə ye­tir­mişlər.

Əməyi keçən hər kəsə sonsuz sevgilərimlə,

Ramiz ƏSKƏR.



Bakı, 21 dekabr 2011-ci il.

ƏZAN SƏSİ


Axşam üstü əzan göyü süsləyə,

Möminləri haqq qatına səsləyə.


Əzan səsi minarədən yayıla,

Göyə çıxa, dərdli, yorğun bayıla.


Çay yanında ağ saqqallı bir dədə,

Titrək qolu sərin suyun içində.


Dərinlərdən “Allah!” səsi xoş gələ,

Ağ alınlar yerə dəyə, yüksələ...


Mən qəribəm, məscidim yox gedəcək,

Mehrabına dərdli üzüm sürəcək.


Əzan səsi buralara gəlməyir,

Şirin səsi qulağımı dəlməyir...


Ağ saqqallı o müəzzin yaşarmı?

“Allah!” deyə sözə gəlib coşarmı?


“Allah!” desə eşidənlər olarmı?

“Tanrım, qurtar!” deyə cami dolarmı?


Yoxsa yenə tatar xalqı ağlaşır,

Bir-birini yaxmaq üçün uğraşır?


Özün qoyub özgə elə sarılır,

Varmı “yurdum!” deyib səsi darılır?


“Haqq!” deyəndə nə duyursuz yurd üçün?

Yurd gəmirən üç-beş məlun qurd üçün?

Əzan səsi buralara gəlməyir,

Şirin səsi qulağımı dəlməyir...


O camilər qapanmadan bir gecə,

O müəzzin hələ sağkən, gizlicə


Siz toplaşın əzan səsi qaçmadan,

Günahınız Salğır kimi daşmadan,


Əl açaraq saf ürəklə göylərə,

Başınızı qoyun o sərt yerlərə,


Haqq qatında yurda şəfa diləyin,

Özünüzə yaxşı ölüm istəyin!


Əzan səsi buralara gəlməyir,

Şirin səsi ürəyimi dəlməyir...


Budapeşt, 16 may 1918.

ANAM
Yavaş-yavaş gün batır, göy qaralır,

Qızıl, qara buludlar ötüb varır.

Pəncərəmdən dağları seyr edirəm,

Dağlar aşıb öz yurduma gedirəm.


İndi orda çoxdan olubdur axşam,

Namaz qılıb zikr edir qərib anam.


Səcdə edir, öpüb, oxuyur Quran,

Əl açaraq, ağlayaraq durmadan:


-Ah, Bəkirim, aslanım, canım, gözüm,

Haralarda gəzirsən, məsum quzum?


Qəlbsiz biri yoxsa səni öldürdü,

Gənc ömrünü acı yellər söndürdü?


Mənim ömrüm-günüm, ağlım-fikrim,

Hamısı səndədir, Seyid Bəkirim.


Gün görmədim, bəxtim yox, ulu mövlam,

Bir xəzinəm, incim var: qərib balam.


Öpüb, sevib laylalarla uyutdum,

Kəm gözlərdən qoruyaraq böyütdüm.


Ana qəlbi necə nazik, kövrəkdir,

Vacib olan bu gerçəyi bilməkdir.


Yuxu görüb gecə qəfil oyanar,

Saatlarla elə durub dayanar,

Səhər tezdən çağıraraq qonşunu,

Fal açdırar, yozdurar o yuxunu.


Yavaş-yavaş gün batır, göy qaralır,

Dərd əlindən sınıq könlüm saralır.


Zülmətdə gedirəm yurda, vətənə,

Anam qucaqlayıb sarılır mənə,


Düşüb dizlərinə, əfv et deyirəm,

Mən çörək yerinə kədər yeyirəm.


O özü yuxuma gəlir çox zaman,

Məni hey oxşayır, öpür durmadan,


Öz qara bəxtinə yağdırır lənət,

Yuxu tanrısına eləyir hörmət.



ATAMA
Əsgər olduq, vurulduq,

Yad ellərdə qırıldıq.

Əsma qızı boşlayın,

Oxutmağa başlayın,

Gəlib sorsun halımı,

Sarsın qırıq qolumu,

Sarsın sınıq qolumu.
Yad qızları həsr edər

Öz yurduna nəğmələr.

Əsma qızı boşlayın,

Oxutmağa başlayın,

Qoy tatarca ünləsin,

Dost, düşmənlər dinləsin,

Eşidənlər dinləsin.
Savaşırıq yağıyla,

Üzümüzün ağıyla.

Əsma qızı boşlayın,

Oxutmağa başlayın,

Qoy köməyə yetişsin,

Bəxti ilə çəkişsin,

Bəxti ilə çəkişsin.
Bəxt qəvidir, yenilmir,

Yalvarırıq, əyilmir.

Əsma qızı boşlayın,

Oxutmağa başlayın,

Kafir bəxti tutalım,

Bir çuxura atalım,

Bir çuxura atalım.
Əbabil quş, qardaş quş,

Bizim eldə yumşaq qış,

Bunu atama yetir,

Cavabını al, gətir,

Cavabını al, gətir...
Budapeşt, 28 yanvar 1920.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə